Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Nurtəkin Atalının evinə “Qutsal Bitiqlərin
Götürülməsi Törəni”
Ocaq Günsırası ilə 24 Günəş Ayı, 39-cu ildə (mart, 2017) Nurtəkin Atalının evinə “Qutsal Bitiqlərin Götürülməsi Törəni” keçirildi. Törən – “İnsan soluğlu, Bəşər Yönümlü Ata Ruhuna tapınırıq!” çağırışı ilə başlandı. Qurallar edildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Gələnəyimizin anlamı ilə bağlı bir neçə kəlmə söz demək istəyirəm. Biz qədim xalqıq. Bəşəriyyətin insani mahiyyətini özündə daha çox ifadə edən bir xalq olmuşuq, bu gün bu azalsa da. Yəni uca keyfiyyətlər insana xasdır, bəşərdən gəlir, o, bizim xalqımızda çox qabarıq şəkildə yaşayıb – birüzlülük, mərdlik, qeyrətlilik, ailəsevərlik, insansevərlik, bəşərsevrəlik. Xəyanət tanımayıb babalarımız. Hər bir xalqın içində əyri-üyrü olanlar var. Bəzən bu, çoxluq təşkil edir. Ancaq əsas bir xətt olur. Bütövlükdə toplumun yönü o xəttə bağlı olur. Ona görə əyri də, doğru da o xəttə tabe olur. Biz xalq haqqında danışanda onun içində doğru olan o xətti gözə alırıq. Yoxsa toplumda, xalqda o qədər əyri-üyrülər var. O qədər sarsaq, xəyanətkar var. Ancaq dediyim kimi, xalqın içində bir xətt olur, o xətt xalqı ifadə edir. O xətt nədir – bu xalqın mayasında xəyanət yoxdur. Siz də, mən də az-çox oxumuşuq, bilirik, bizim babalarımızda döyüşkənlik ruhu olub. Bu döyüşkənlikdə mərdliklə olub hər şey. Arxadan vurma, aldatma, hiyləgərlik kimi murdarlıqlar olmayıb. Biz o xalqıq. O, bizim üçün ölçü olub. Onu əsas götürmüşük. Əməl edə bilmişiksə, olmuşuq o ölçüyə tabe. Əməl edə bilməyənlərimiz də olub, deyək, əyri-üyrülərimiz.
Mən niyə bunları deyirəm?! Biz belə bir xalq olmuşuq. Sonra bizim bu keyfiyyətlərimiz sıradan çıxarılıb zaman-zaman. Qoruyub saxlaya biməmişik. Nədən o keyfiyyətləri qoruyub saxlaya bilməmişik? Çünkü özümüzün mədəniyyət yönümüzü, ruhsal yönümüzü, ruhsal gələnəklərimizi qoruyub saxlaya bilməmişik. Ruhsal gələnəyi qoruyub saxlaya bilmirsənsə, zaman-zaman milli keyfiyətlərini də, bireysəl keyfiyyətlərini də (bunlar hardasa bir şey olsa da) itirəcəksən. Bireysəl keyfiyyət üçün ölçü ruhaniyyatdır. O ruhaniyyatı qoruyursansa, yaşadırsansa, onda bireysəl keyfiyyətlər ona tapınacaq. Onun əsasında qurulacaq. Biz ruhaniyyat sistemimizi qoruya bilməmişik. Sistemimizi qoruya bilmədiyimiz üçün həmin keyfiyyətlər bireylərin ömründən silinib gedir. Məsələnin əsas canı budur, gərək ruhaniyyat dediyimiz o sistemi qoruya bilək. Əgər qoruyarıqsa, onda xalq olarıq. Bireysəl keyfiyyətlər itdikcə, xalqın içi tamamilə sıradan çıxır. Xalq xalq olmaq gücünü itirir. Biz Ruhaniyyat Ocağıyıq. Biz bunu görürük, sorun – qıraqdan bizə gətirilən ruhaniyyat məsələsindədir. Bu da konkret olaraq, Azərbaycan toplumuna gətirilən, İslamdır. Başqa türk boylarına başqa dünyabaxışlar gətirildi. Ancaq bizə İslam gətirilib. Biz hesab edirik, istər xalqın, istər dövlətin, istər şəxsiyyətin sorunu ruhaniyyat məsələsindədir. Tərbiyəni insana ruhaniyyat verir.
Bu günlərdə Türk Dünyasını gəzən bir adamla görüşdüm. Onlar hər yerdə türkləşməni – qədimliyimizi tanımaq, tariximizi bildirmək səviyyəsində aparırlar. Bunun da kontekstində ortaq türk abesi yaratmaq, ortaq dil-filan, belə-belə gedişlər axtarışındadırlar. Olsun! O mənə deyir, (bilmədim) Tuva türküdür, ya Saxa türküdür, bir qadın ciddi axtarışlar edir. Konkret olaraq, ölügötürmə məsələsi ilə bağlı söz düşdü. Mən dedim, o, ölügötürmə ilə bağlı heç nə edə bilməyəcək. Eləsə də o, yeriməyəcək. Niyə? Çünkü ölügötürmə quralı birbaşa ruhaniyyat məsələsinə özgündür. Yeni dünyabaxış sistemi olmalıdır bundan ötrü. Ümumən əgər sən özümləşmək istəyirsənsə İslamı içindən çıxarmalısan. İslamı içindən çıxartmaq istəyirsənsə, bundan ötrü yeni dünyabaxış sistemin olmalıdır. Dediyin xanım sıradan bir adamdır. Dünyabaxış yaradıcısı deyil. Böyük mədəniyyətlər elə-belə həvəslə olmur. “Gəlin filan şeyi belə edək” deməklə yaranmaz. Elə şeylər var, onun arxasında bir ölçü, sistem olmalıdır. Şəxslərin həvəsiylə, ən yaxşı halda, dövlətə himn yaza bilərsən. Ancaq xalqın yaşamında sən ölügötürmə quralı yarada bilməzsən. Ya da xalqın həyatında ailə prinsiplərini bəlli edə bilməzsən. Bu, birbaşa ruhaniyyat sisteminə bağlıdır. Ruhaniyyat sistemini də Asif Ata yaradıb. Dağa-daşa düşüb papağı günə yandırmaq nə üçündür? İçinizdən biriniz nəsə yaradıb ortaya çıxartmaq istəyirsiniz? Asif Ata yaradıb da. Niyə götürmürsünüz? Azərbaycanda belə bir şey yaradılıb, işlənir. Abe deyirsən ortaya qoymuşuq, ölügötürmə quralı istəyirsən, ortaya qoymuşuq. Sən nə yaradacaqsan? Ölünü ortadan götürmək üçün ayə gərəkdir. Ayin gərəkdir. O ayini də Asif Ata yaradıb. (Ruhaniyyat yaradır onu).
Biz az sayda adamlar niyə çabalar göstəririk? Bu çabaları ona görə göstəririk, xalqın içində qiblə yaradaq. Xaqlın öz içində qibləsi olmasa, onun gözü ayda-çayda qalacaq. Gözü ayda-çayda qalan xalq gələcəyə getmir. Gələcəyə canı-cəmdəyi gedir. Mənliyi, kimliyi gələcəyə getmir. Onun-bunun basqısında, kölgəsində qalır. Ona görə bizim bu çabalarımızın hamısının əsası var. Asif Atanı insanlara verməyə çalışırıq. Asif Atanı sunanda – Qasım müəllimin oğlu olan bir alimi, aydını sırımaq anlamına gəlmir bu. Xalqın gələnəyini veririk. Asif Ata gələnəkdir. “Mən Asif Ataya səcdə qılıram” nə deməkdir, bilirsənmi? Yəni mənim qibləm öz içimdədir. Ziyarətim, ziyarətgahım içimdədir. Ərəbistanda deyil, Məkkədə deyil. Balaca ağıllılıq eləmək, cırtdanlıq eləmək vaxtı deyil. Hərə ağzına gələni deyir – “siz şəxsiyyətə pərəstiş edirsiniz”. Mən yaxşı bilirəm, “şəxsiyyətə pərəstiş” nə deməkdir. Mən şəxsiyyətə pərəstiş eləmirəm, şəxsiyyət yaradıram. O şəxsiyyət sənin əlindən tutub min illər qabağa aparacaq. Ruhaniyyat odur. Onun-bunun qoltuğunda sürünməyəcəksən, kölgələnməyəcəksən. İndi hərənin ağzı bir yana baxır. Çünkü içində tapındığın özgəliyə sayğı yoxdur. Üzərində yad ruhaniyyat etkisi var, ancaq ona sayğın yoxdur. Sayğın ona görə yoxdur, o ruhaniyyat (ərəb ruhaniyyatı) səni ifadə eləmir. Ancaq sənin özününkü olsa, ona sayğın olar. Balan kimi, anan kimi bəsləyərsən, sevərsən, tapınarsan. Ciddi məsələdir bu. Partiya məsələsi deyil. Partiya da nədəsə gərək ola bilər. Ancaq balaca məsələdir. Çıxırsan meydanlara, mitinq edirsən. Bu hakimiyyəti yıxaq, biz gələk. Bu, ayrı şeydir. Bu, balaca söhbətdir. Sən də gələcəksən, heç bir şey edə bilməyəcəksən. Çünkü bu xalqın ruhaniyyatı yoxdur. Bu xalqın Tanrısal sistemi əyilib, pozulub. Mənliyini, Kimliyini tapmır. Kimliyini tapmağa ölçü yoxdur. Partiya ilə sən ölçü yarada bilməzsən axı. Xalq yaratmaq ayrı şeydir. On illərin, yüz illərin məsələsidir xalq yaratmaq.
Bunları deməkdə hədəfim nədir? Mən bir millət olaraq, bir milətin övladı olaraq, evimə qutsal kitab deyə Quran gətirirəm. Onu öpüb gözümün üstünə qoyuram, gözüm işıqlanmır, qaranlıqlaşır. Aydınlaşmır ruhum. İçini açıb oxuyursan, ruhunu qaranlığa qərq edir. Kimliyini məhv edir. Göstərin mənə min neçə yüz ildə xalqı qurtaracaq bir şəxsiyyət yaratsın din. Yoxdur. Ancaq mən Asif Atanın yazdığı kitabı götürdüm, öpüb gözümün üstünə qoydum, Soylu oldum. Mən bunu qürurla deyirəm sizə. Mən Soylu oldum. Özümü tanıdım, insanı tanıdım, ulusumu, vətənimi tanıdım, bəşəri tanıdım. Ancaq mən “Quran”la onu edə bilmədim. “Quran”la mən Soylu ola bilmirəm. “Quran”la mən insanı tanımıram, Allahı tanımıram. “Quran”da Allah da əyridir, insan da əyridir, millət də əyridir. Əyri ümmət var, oğru insan var. Pozulmuş, sınırsız bəşər var.
Bizim bu gün çalışdığımız odur, xalqımızın içindən ayrı-ayrı oğulları, qızları bir arya gətirək, onların ağlına bu sözü deyək, əlimdən tutsun, yardımçı olsun, qeyrət göstərsin. Evinə “Quran”ı deyil, Asif Atanın kitabını qoysun. Açsın, öpsün, gözünün üstünə qoysun, oxusun, onunla xalqının böyük şəxsiyyətinə çevrilsin. Oğluna, qızına çevrilsin. Onun ləyaqətini yaratsın, qorusun.
Bu gələnəyi biz Asif Atanın ölümündən sonra elədik. Asif Atanın bütün kitabları çap olunacaq. Onun yarısı çap olunub, ayrı-ayrı tirajlarla. O kitablar hər kəsin evində ola bilər. Hər kəsin evində müəllif kitabı kimi ola bilər. Ancaq Asif Atanın kitabı müəllif kitabı deyil. Asif Atanın kitabı ruhaniyyat yaradanın kitabıdır, peyğəmbərin kitabıdır. Asif Ata Atalıq sistemi yaradıb. Min illərdən gələn bir məsələdir. Bundan ötrü deyirik, Ocaqçılar, evlərinizi Qutsal Bitiq ünvanına çevirin. Asif Atanın Bitiqlərini (arxasında da bəlgələr yazmışıq) çap edirik printerdə, üzləyirik, köynəklərə qoyuruq, onu beləcə törənlə sunuruq. Asif Atanın çap olunmuş Bitiqlərinin olduğu ev Qutsal Bitiq ünvanı olmayacaq. Ancaq bu cür törənləşən ünvanlar Qutsal Bitiq ünvanı olacaq. Bu, xalqın içində Qutsal Bitiqlərin ünvanlarının yaranması anlamına gəlir. Xalq öz içində güvənc tapır. Xalq öz içində inam, ümid tapır. Bu neçə ünvan olacaq, mən bilmirəm. Hara qədər olacaq, onu da bilmirəm. Hələ biz edirik bunu.
Bu Bitiqlər ancaq qəbul olunan evdə olur, evdən qırağa çıxarılmır. Oxumaq gərəkəndə evdə oxunur. Ona özəl münasibət sərgilənir. Uca yerdə saxlayırsan. Qutsal deyə baxırsan ona. Mən bəlgə yazmışam – Qutsal Bitiqlərin olduğu odada artıq-əskik danışmaq olmaz. Səsini qaldırmaq, kobudluq eləmək olmaz. Bilməlisən sənin evində Qutsal Bitiq var, o Qutsal Bitiq sənin mənliyini, ruhunu yaradan Atanın Bitiyidir. O, ölçüdür sənin yaşamında. Öz içində sayğı duy. Özünü tərbiyə elə onunla. Yadında saxla, mənliyində saxla. Özünü dəyiş, insanlaş. Böyük ölçüdür bu. Kiməsə sıradan bir şey kimi görünə bilər, mənə elə görünmür. Mənə min illər yol gedəcək bir sistem kimi görünür. Kim nə deyir desin, hara istəyirsən get. Hansı ateistin kitabını oxuyursan oxu, hansı elmi zirvələr fəth edirsən et. Ancaq nə elm, nə ateizm xalq yaratmır. Xalqı ruhaniyyat yaradır. Ruhaniyyatını da yalandan-palandan arındır, içinə yalan qatma, əyri qatma, onunla özünü, xalqını qur. Bax, xalq olmağın yolu budur. Bu, işin bir yanıdır. Söz yox, Asif Atanın işi təkcə əyri ruhaniyyatla döyüş deyil, kürəsəlləşmə (qloballaşma) deyilən bir eybəcərlik də var. Bu da siyasi anlamda xalqı özgələşdirən bir prosesdir. İdeoloji özgələşdirən. Asif Ata ona da dirəniş göstərir, buna da. Bu gün konkret olaraq Bitiqlərlə bağlı olduğuna görə qonudan qırağa çıxmıram. O qonuya girmirəm. İstəyirəm əsasən bu qonunun içində düşüncələrimizi bəlli edək.
İndi isə bir neçə kəlmə evinə Bitiq qəbul olunan amaldaşımız haqqında söz demək istəyirəm. Bu, olduqca gərəkli məsələdir. Konkret Nurtəkinlə bağlı. Xalqın içi dağılıb gedir. Özgələşib gedir. Günlərin bir günü onun içindən bir ər qopub çıxır, Asif Ata adında. Bütün əzabları, zəhmətləri yükləyir öz üzərinə. Deyir ruhaniyyat yaradıram. Ruhaniyyat yaradanda ona qarşı hər yandan addımlar gəlir. Hər yandan basqılar gəlir. Öz çağdaşları eləyir bunu. O qədər əyri ürəklər var, qısqanc ürəklər var. Elə ürəklərdə xalq haqqında düşüncə yetişmir. Onun nəyinə gərəkdir xalq. Elələri var, lağlağıdan o yana getmir. Ancaq Asif Ata inadla öz işini sürür. Onun Ocağının içinə xalqın içindən insanlar seçilib gəlir. Bu insanlar Asif Atanın Ocağının içində asanlıqla insanlaşmır, asanlıqla qurulmur. Toplumda nə görürsənsə, Asif Atanın Ocağında da olub. Dedi-qodu, qeybət-filan. Hər kəs öz evindən, toplumdan hansı tərbiyəni görübsə, onunla gəlir Ocağa. Ancaq Asif Ata deyir, gəl Ocağın içində özünü dəyiş, şəxsiyyətə çevril, yük götürənə çevril. Yük olma Ocağa. Sorun olma, yük götür. Yiyə çıx. Bu da bəzən illərlə başa gəlir. Bir gündə yaranmır hər şey. Ancaq zaman-zaman Ocağın içində bir ölçü yarandı. O ölçüyə tapınan şəxslər yarandı. Ortam formalaşdı. Bu ortama gələn də oldu, gedən də. Bu ortamda balaca da olur, uca da. Dedi-qoduçusu da olur, mənəvi yetgini də. Ancaq balaca əhvallar ortamın qurucularına girmir. Onların şüuruna, mənliyinə girmir. Ondan qıraqda olur. Ocağın içi, obrazlı desək, oddur, alovdur. Ocağın içinə girən yanmalıdır, çərənləməli deyil. Odun içində yüklə necə dedi-qodu yarada bilərsən. Belələri içiylə, mənliyiylə Ocağın oduna çevrilmir, Ocağın odunun içinə girmir, yükünü götürmür.
Ortama gələn ya ömrünü dəyişib ortama girir, ya da elə özünün dedi-qodusuyla çıxıb gedir. Ortamda yenə 3-5 adam qalır. Sağlam bir mühit olaraq qalır. Asif Atanın Ocağında biz bunu yaratmışıq. Bu ortamın yaranmasında Nurtəkinin, bənzərsiz olaraq, rolu var. Qıraqdan baxan elə düşünər, Ocağın tədbirini yönətən, aparan, quran Soyludur, o birilər elə-belədir. Ancaq mən sizə əminliklə deyirəm, Asif Atanın Ocağının qurulmasında, yaşadılmasında Nurtəkinin özünəxas hünəri, qeyrəti oldu.
Atanın ölümündən sonra ayrı-ayrı çağlar olub. Ata 20 ildir ölüb. 20 ildir biz Ocağı yaşadırıq. Ayrı-ayrı çağlarda mən gərgin yaşamışam, çətin yaşamışam. Çünkü təcrübə yox idi, gələnək yox idi. Asif Atanın ruhaniyyat yükünü götürmək asan deyil. Bütünlüklə mənliyinə çevirməlisən. Hətta mən ayrı-ayrı məqamlarda özümlə bağlı (indi bunu demək, əlbəttə, doğru olmaz) öncələr çaşa bilirdim. Özümə güvəncim azalanda belə, Nurtəkinə güvəncim azalmayıb. Ona görə Asif Atanın Ocağı ləyaqətini qoruyub yaşayıb. Bundan sonra da yaşayacaq. Mən bunu bir neçə Ocaqçılar haqqında da deyə bilərəm. Məqsəd bu deyil. Burda söhbət Qutsal Bitiqlərin ünvanlaşmasından, onu ünvanlaşdıran Nurtəkindən gedir.
Mən ruhaniyyat tarixini öyrənən adamam. Çünkü bu mənim birbaşa həm borcum olub, həm sorumluluğum olub. Bunu öyrənməli olmuşam. Bunu öyrənməliydim də. Çünkü bizim yaşatdığımız, yaratdığımız yön ruhaniyyat məsələsidir. Mən ruhaniyyat tarixində çox az rast gəlmişəm bu dərəcədə güvənc olsun.
Bilirsiniz, Asif Atanın Ocağı parçalandı, başqa təşkilatlar kimi. O gün toplantıda idim. Bir gənc oğlan (Akademiyadan alimlik diplomu alan biri) sevincək deyir, bunlar da parçalandı. Cılızdırlar. Nəyə sevinirsən? Azərbaycanın düşdüyü fəlakətdir da bu. İki insanı bir bayrağın altına yığa bilmirsən. Ocaq bundan çıxmaq üçün var. Xalqın içindən onun balaları gəlib Ocaqda parçalanma gələnəyinə son qoysun. Məgər xalqın, toplumun içindən Asif Atanın yanına gələnlər kamil adamlardır? Özüylə gətirir qüsurları da. Birdən-birə alınır hər şey? Gəl yaradaq bir yerdə. Gəl bir-birimizə çiyindaş olaq, söykənək. Sevək bir-birimizi, öyək bir-birimizi. Yoxsa sən gözləyirsən mən Allah olacam sənin üçün. Heç Allah olsam da, deməyəcəksən bu Allahdır. Çünkü ürəyin balacadır.
Mən üzümü sizə tuturam. Ocaqçıların hamısı burda yoxdur. (Təbiidir, bütün tədbirlərdə hamını bura yığa bilmərik). Mənim dediyim məsələlərlə bağlı oturun ciddi düşünün. Görün bu ağrı nədir içimdə yaşayır?! Araşdırın, öyrənin. Asif Atanın Ocağı dədəm Qaranın məsələsi deyil. Nə də sizin dədəniz filankəsin məsələsi deyil. Bu, xalqın məsələsidir. Xalqın məsələsinə ciddi yanaşın. Ağına-bozuna baxmadan, məndən hünər umma, özün durub hünərin içinə gir. Girə bilirsən gir, girmirsən ağzını Allah yoluna qoyma.
Tədbirlərimizə gələnlər bizə yol göstəriblər:- Kadr gərəkdir, filan şey gərəkdir. Filan şey belə olmalıdır. Adam özü bir çöpü qaldırıb burdan ora qoymur. Eləcə gərəkdir, gərəkdir deyir. Məgər biz bilmirik nə gərəkdir, nə gərək deyil?!- Əlimizdən gələni edirik. Sən də iş görmək yerinə ağıl verirsən. Ona görə deyirəm, bu məsələni ciddi düşünün. Ortaya hünər, qeyrət qoymaq çağıdır. Mənim şəxsi işim deyil bu iş. Xalqın işidir. Hər kəsin burda ləyaqəti görünməlidir. Kimin nə qədər ləyaqəti çatır, görünsün. Biz heç kimə əngəl olmuruq. Bizim işimizi siyasi təşkilata bənzədərsiniz, əngəl olarıq. Partiyaya bənzədərsiniz əngəl olarıq. Ancaq ruhaniyyatı sevənlərdən, onun uğrunda addım atanlardansınızsa, çiynimizi verərik ayağınızın altına. Ocaqçı olan, ya Ocaqçı olmayan hər kəsin.
Mənim deyəcəyim söz bu qədər. İndi isə istəyərdim Bitiqləri sunaq. Bitiqlərimizi sunmaq üçün gələnəyimizə görə Nurtəkinlə Göylü Bitiqləri gətirsin bura.
Nurtəkinlə Göylü Bitiqləri odaya gətirir.
Soylu Atalı: Bu, bizim haqqında danışdığımız Qutsal Bitiqlərin həmin variantıdır. Latın qrafikalı abe ilə, eləcə də, Ocaq-türk abesi (Orxun-Yenisey əsasında yaradılmış) ilə yazılmış variantlardır. Məncə, gələcəkdə Bitiqlərin yalnız türk abesindəki variantı olacaq. Türk abesi qəbul olunacaqsa, “latın”a gərək qalmayacaq. Bu iki variant ona görədir, oxumaq istəyən latın qrafikası ilə yazılan Bitiqləri oxuya bilsin. Türk abemizi hamı bilmir, latın qrafikasını bilirlər.
Gördüyünüz Bitiq Ocaq-türk abesində yazılmış birinci Bitiqdir. Asif Atanın “Mütləqə İnam” bitiyidir. Asif Atanın dünyagörüşünün adı Mütləqə İnamdır, ruhaniyyat sisteminin adı Mütləqə İnamdır, Ruhsal Dirçəliş (Ruhani İntibah) sisteminin birinci ideyasının adı Mütləqə İnamdır. Asif Ata dünyabaxışının qutsal baş kitabının adı Mütləqə İnamdır. Bu, onun baş ktabıdır. O birilər yardımçıdır. 10 əsas, 3 yan bitiq var. Yan bitiqlər ayrı-ayrı bəlgələrdir, Atanın ömrü, həyatı ilə bağlı yazılardır.
İndi Bitiqlərin adını deməklə, bir-bir Nurtəkinə sunuram.
(Soylu Atalı Bitiqlərin bir-bir adını deyərək Nurtəkinə verir. Nurtəkin kitabı öpüb gözünün üstünə qoyur.
Sonra qutlama sözü deyilir).
Nurtəkin Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Mən 21 ildir Ocaqdayam. Əslində mənim evimə Qutsal Bitiqlərin götürülməsi çoxdan olmalıydı. Ancaq hər zaman başqalarını daha çox düşündüyümdən bu olay bu gün baş verir. Buna olduqca sevinirəm. Atanın kitablarının ünvanlaşması böyük sorumluluqdur. Bu, mənim, insan kimi, Ocaqda, millətdə yerimi bəlirləyir. Soylu Atalı dedi, bu kitablar üzərində hansı zəhmətlər çəkilib. Bu kitablar ya əlyazma idi, ya makina yazısı idi. Ata öldükdən sonra Soylunun diqqəti, ciddi əməyi ilə bu şəkildə toplandı. Bu kitabların hamısını bilgisayarda Göylü yazıb. Mənsə düzəlişlərini eləmişəm. Bir neçə aylıq böyük zəhmətdən sonra başa gətirdik. Bunun özü də böyük fərəhdir. Bu kitabların bu şəkildə üzlənməsini, hazırlanmasını əməyimizin sonucu hesab edirəm. Bu işdə əməyimin olması üçün də fərəhliyəm.
Bu fərəhi sizlərlə bölüşürəm. Eyni zamanda mənim üçün yeni bir aşamadır. Düşünürəm, ömrümdə yeni ruhsal aşama başlayacaq.
Atamız Var olsun!
Göylü Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Bacımı bu törənlə bağlı qutlayıram. Onun ömrü qutsaldır, bu gündən başlayaraq evi də qutsallaşır. Bura qədər də Ocaq tədbirlərinin olduğu hər bir ünvan özündə qutsallıq daşıyır. Bu gün, Bitiqlərin evinə gəlişi ilə, Nurtəkinin Amallaşmasının, Özüylə döyüşünün yeni bir aşaması başlayır. Əminəm, Nurtəkin bu Bitiqlərin hər bir kəlməsini ömrünə hopduracaq, özüylə döyüşünə çevirəcək, xalqlaşmaya çevirəcək. Bacımı qutlayıram. Atamız Var olsun!
Soylu Atalı: Bir artırma edim. Onu deyim, Nurtəkinin özüylə döyüşü başlamır, çoxdan başlayıb. Özüylə döyüşündə böyük yol keçib. Əslində bir neçə Ocaqçılar var, onların özüylə döyüşü bu gün başlamır. Nurtəkin də eləcə. Nurtəkinin mənəviyyatında kallıq yoxdur, yetkinsizlik yoxdur. Mənəviyyatı yetkin adamdır. Nurtəkinin özüylə döyüşü, ən yaxşı halda, bundan sonrakı ömründə nizamlama apara bilər.
Ocaqda “özüylədöyüş” məsələsi çox böyük olaydır. Asif Atanın çağlarında Ocaqçılar vardı, onlar keçmişə çevrildilər. Çoxu yoxdur demək olar. Ocaqda bir fərd qabağa gedirdi, onu görmək istəmirdilər. Dediyim kimi, min illərdir bizi, millət olaraq, elə duruma gətiriblər, bizim içimiz əyilib. Öz içindəki şəxsiyyəti görmək problemimiz var. Onlar elə indi də deyirlər hamımız kalıq, balacayıq, kamil adam yoxdur. Kal-zad deyilik. Neçə ildir yol gəlirik. Haçağ yetişəcəyik bəs?! Özüylə döyüş ömrün axırına qədər var, ancaq özüylə döyüşün mənəviyat quruculuğu əbədi proses deyil. Ona görə mən bunu inamla deyirəm: Nurtəkinin mənəviyyatı yetkin mənəviyyatdır.
Üstün Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Bu gün qutsal bir gündür. Ata Bitiqlərinin qəbul törəni, bu gün olsa da, Atanı tanıyan gündən bu bitiqlər Nurtəkinin ömründəydi. Nurtəkinin üzü fərəh saçır, çünkü törənin mahiyyətini, anlamını yaxşı anlayır. İnanıram, bu yanğıyla, bu eşqlə Nurtəkin davam edəcək əməllərinə. Bu onun fərəhinə fərəh qatacaq. Atamız Var olsun!
Ulusəs Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Bu bitiqlərin bu şəkildə əmələ gəlməsində Soylu Atalının əvəzsiz əziyyəti, əməyi olub. Eləcə də Nurtəkinlə Göylünün. Mənim də duyğularım, ümidlərim, arzularım hər dəfə kitab basılanda yenilənir, ruhlanıram. Doğrudan da, mənim üçün bu kitablar çox şeydir. Bitiqlərin burada ünvanlaşması, bu ünvanı qutsallaşdırması mənə sevinc gətirir. Nurtəkinin fərəhinə qoşuluram, onu qutlayıram. Yeni bir ünvan əmələ gəldi. Atamız Var olsun!
Soylu Atalı: Haşiyə çıxım. Bizim bir Ocaqçı üçün qutsal ünvan yaratmağımız bir dəfə olur. Bizdən asılı olmayan səbəblər var. Nurtəkin də evini dəyişə bilər sabah. Ev dəyişər, ancaq yenidən Qutsal Bitiq Törəni gərək deyil. Bitiq hara gedirsə, o ünvan Qutsal Bitiq ünvanı sayılır.
Güntay Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Ocağın çeşid-çeşid tədbirləri var. Hər bir tədbirin özünəxas anlamı, gedişi var. Bu törən fərqli bir tədbirdir. Bu tədbirə qatılanlar, Azərbaycanda yaşanan tarixi prosesin iştirakçılarıdırlar. Soylu bəy bayaq dedi, biz ruhaniyyatı dağılmış, sıradan çıxarılmış bir xalqıq. Tarixin hansı aşamalarında olub, onları deməyi heç gərək saymıram. Bununla hər şeyi itirmişik. Bütün həyat sistemimizdə əyriliklər, dolaşıqlıqlar bizi həmişə izləməyə başlayıb. Biz buna bir yerdə “dur” deməsək, bu, bizimlə sabaha gedir. Sabahımız da bu günümüzdən fərqli olmayacaq.
Bu yaxınlarda televiziyada Yəhudi xalqından söhbət gedirdi. Yəhudilərin peyğəmbəri Musa yəhudilər üçün böyük iş görüb, böyük ideya qoyubdur. Bu gün yəhudilər hansı münasibəti bəşəriyyətə sərgiləyir, ondan asılı olmayaraq. 5-3 adam Musanın ilk ayələrini, daş lövhələrin üstündə, Misirlilərin hücumundan istilasından, eyni zamanda ərəblərin istilasından qorumaq üçün on illərlə haralardan haralara aparıblar. Gəzdiriblər, qoruyublar. Həmin 5-3 adam gəzdirdiyi çağda da, onların dövründə yaşayan insanlar kamil insanlar deyildi. Onlara lağ edənlər də vardı. Onlara mənasız bir işin peşində olanlar kimi baxanlar da vardı. Ancaq o 5-3 adam bunu qorumaqla, sabaha yeridilər.
Bu gün Nurtəkinin evinə götürülən bitiqlər Nurtəkinin evini Qutsal Bitiq ünvanına çevirir. Nurtəkin, doğrudan, xoşbəxt bir insandır. O, Qutsal Bitiq ünvanı olan bir ünvanda yaşayır artıq. Bu bitiqlər bizi sabaha aparandır. Buna alternativ başqa heç nə yoxdur. Bu, bəşər xalqlarına dediyimiz sözdür. Əslində bəşər xalqlarına verdiyimiz yöndür. Böyüklüyümüzü çatdıran kitablardır. Bu səbəbdən bacıma deyirəm, sənin evin qutlu olsun. Sən ləyaqətli bir ömür yaşamısan, bu gün bunlar sənin həyatında baş verir. O, ləyaqətinin göstəricisidir. Mən səni qutlayıram, sənə var ol deyirəm.
Atamız Var olsun!
Soylu Atalı: İllər öncə də Nurtəkinin yaşadığı ömür görünüb, görünməkdədir. Gözü olan həmişə görüb. Hər zaman Ayaz mənimlə söhbət edəndə Nurtəkinlə bağlı öz mövqeyini sərgiləyib. Nurtəkinin yetkin bir insan olduğunu, duyğularının arı-duru, səmimi olduğunu hər zaman vurğu edib.
Ayaz Şıxalıoğlu: Asif Ata irsi bəşəriyyətin simasıdır. Bu anlamda bəşəriyyət əsil simasına çatmalıdır, ona layiq olmalıdır. Buna xeyirlə şərin mübarizəsi kimi baxmaq gərəkdir. Ata nə qədər xeyiri yaşatmaq üçün özü əzab çəkibsə, onun kitablarının ərsəyə gəlməsində, bilirəm, siz də necə əzab çəkmisiniz. Çünkü kitabı araya gətirmək çox ağır işdir. Bu əzabları çəkdikcə, siz bunu anlamısınız, bu əzablar nə üçündür. Necə Asif Ata bu müqəddəs əzabsız yaşaya bilməyib. Sizin də çəkdiyiniz əzab, gördüyünüz iş bütün bəşər uğrunda görülən bir işdir. Ona görə mən sizə çox sağ ol deyirəm. Sizin bu işinizi, əməyinizi yüksək qiymətləndirirəm.
Elçin bəy: Mən də bir neçə ildir burdayam. Burda hər kəsə, əqidəsinə görə, vicdanına görə, ləyaqətinə görə sayğı duyuram. Bu dediklərmin hamısını Nurtəkin xanımda görmüşəm. Onu tanımağıma görə fəxr edirəm. Bugünkü gündə, qatmaqarışıq zamanda insanlığı görmək yaxşı bir şeydir. Ümid edirəm, bu törən gələcək üçün böyük örnək olacaq. Fəxr edirəm bu tarixi günə mən də qatılıram. Bu gün çətinliklər olsa da, inanıram, Asif Atanın bizə ərməğan elədiyi ideyaları gələcək soylar daha gözəl anlayacaqlar.
Sizə həmişə bacı kimi baxmışam. Bir bacı kimi sizi qutlayır, Uğur arzulayıram. Böyük şərəfdir.
Yasin Türksoy: Qutsal Bitiqlərin Götürlməsi Törəni. Bunu gələnəyə çevirməyə, törənə çevirməyə nə ehtiyac var? Üzdən belə yanaşmaq olar. Ancaq yeni bir dünyabaxışın, inam sisteminin, fəlsəfənin, ruhaniyyatın sunulmasıdır. Bu yolun davamçısı olanlara Ocağın hədiyyəsidir. Bu, həm də onun ömür yolunu bəlirləndirir. Ölkəmizin içərisində yer tapan yad baxışlara dirənişdir. Milli kimliyin özünü təqdim etməsidir. Biz bu formada yaşamaq istəyirik. Sıradan bir yanaşma olmamalıdır. Ocağın yeni uğurları qutlu olsun. Nurtəkinin evinə Qutsal Bitiqlərin götürülməsini qutlayıram. Yeni Ocaqçıların da evlərinə Qutsal Bitiqlərin Götürülməsi törəni diləyirəm. Atamız Var olsun!
Ulunur Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Mən də səni qutlayıram. Bu gün fərəhli gündür, sənin üçün özəllikcə. Qutsal Bitiqlər sənin evinə götürülür. Bayaq Ocaq Yükümlüsü dediyi kimi, “Quran”ı öpüb alnımıza qoyuruq, ancaq başa düşmürük. Bizi bizə yetirən, içimizə fərəh verən Atanın kitablarıdır. Atamız Var olsun!
Famil bəy: Nurtəkin xanımı qutlayıram. Mən özümü heç bir dində tapmadım. Tarixdən aldığım bilgilərə əsaslanaraq deyə bilərəm, Məhəmmədin dini hansı tarixi ocaqlardan ona qorxu gəlibsə, oranı məhv etməyə çalışıb. Babəki, Hürufiliyi, Türkçülüyü – insançılığın yerlərini dağıtmağı ərəblər məqsədlərinə çevirib. Asif Atanın sayəsində özümüzə inamı yenidən qaytaran Bitiqlərin içindəyik. Bu yolda davam eləmək istəyim də var. Mən doğru yol bilirəm. Sizi bir daha qutlayıram.
Soylu Atalı Qutsal Bitiqlərin sonunda yazılan Ruhsal Bəlgəni oxudu:
Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim
Asif Ataya (İnam Ataya) Ali Səcdəylə!
MÜTLƏQƏ İNAM RUHANİYYATI
(Qutsal Bəlgə)
Türkün (ilk) Ruhaniyyat Ocağı – Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı 30-ildə (Miladın 2008-2009-ili) Asif Ata İrsi’ndən özünün, ən uca ümumbəşəri ruhani dəyər kimi, tapındığı hissəni “On Qutsal Bitiq və üç Yan Bitiq (qısaca Onluq)” adı altında nəşrə hazırladı. “Onluq” Atamızın 45 Müqəddəs Kitabını və 7 Müqəddəs Kəlamını özündə birləşdirir.
Bitiqlərin təsnifatı və sistemləşdirilməsi içlərindəki Kitabların Mütləqə İnam baxışında yerinə görə aparılmışdır; hər Bitiq Ata Təlimindəki məna ifadəsinə əsasən adlandırılmış, Ata Mətnlərinin bütövlüyü, ilkinliyi, məzmunu, dili, üslubu, cümlə quruluşu olduğu kimi saxlanılmışdır. Asif Ata İrsinə yönəlik bu prinsip həmişə və hər yerdə gözlənilməlidir. Bitiqlərin indi təqdim olunan quruluşu, biçimi, adları, sayı da toxunulmazdır.
Onluq (On Qutsal Bitiq) – hazırkı Mütləqə İnam Ocağı tərəfindən Mütləqə İnam Ruhaniyyatı – Ata Müqəddəsatı sayılır; Yan Bitiqlər (Əlavə Cildlər) – “Qutsal (Müqəddəs) İrs”ə daxil edilir, məzmunlarına görə Onluğa daxil edilmirlər, çünki Onluq Mütləqə İnam Dünyabaxışının Cövhərini və Meyarını birbaşa, Yan Bitiqlər isə onun ayrı-ayrı məqamlarını və dolayısı ilə ifadə edirlər. Bütövlükdə Ata Dilindən, Ata Qələmindən nə çıxıbsa, Mütləqə İnam Dünyabaxışının Kutsal İrsi sayılır, ancaq Onluğa daxil edilmir.
İrsin yiyəsi, qoruyucusu, sorumlusu Asif Atanın Mütləqə İnam Ocağıdır. İrslə bağlı bütün hüquqlar bu Ocağa məxsusdur.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
8 Köçəri Ayı, 30-il. Atakənd.
Soylu Atalı: Bir də ayrıca Bitiqlərə münasibət haqqında Ruhsal bəlgə yazmışıq. O da Ocaqçının Atanın kitablarına yanaşmasını sağlayır. Ona yanaşma olduqca qeyrətli, ləyaqətli olmalıdır. Bitiqlər xalqyaratma işinə qulluq edir, ona yanaşmanı Ocaqçı uca tutmalıdır. İstər Ocaqçı olsun, istər xalqın Ocağı qəbul edən başqa övladı.
Bununla da Nurtəkinin evinə Qutsal Bitiqlərin Götürülməsi Törəni başa çatır. Ləyaqətli, fədakar, gələcəkli bir addımdır Qutsal Bitiqlərin Götürülmə törəni. Var olun. Həmişə xalqın ləyaqətini sevənlərdən, ləyaqət qurucularından, qoruyucularından olasınız. Asif Atanın xalqı olaraq, sevginiz ötə, başınız uca olsun!
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Törən sona yetdi.
Çiçək Ayı, 39-cu il. Atakənd.
(aprel, 2017. Bakı).