Xəbərlər

Ocağın xalqlaşma addımları

Bu günlərdə Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Güney Azərbaycandan olan ayrı-ayrı soydaşlarımızla görüşüb. Bu görüşlərdə əsasən Güney Azərbaycanın durumu mövzunun aparıcı xəttini təşkil edibdir. Ancaq maraqlı haldır ki, onlar özlərini təqdim etməyi məqsədəuyğun saymayıblar. Bildirdiklərinə görə mübarizəni müəyyən həddə çatdlrmaq istəyirlər. Rejim tərəfindən təqib olunub işlərinin yarımçıq qalmasını istəmirlər. Bəlkə onların yerində biz də olsaydıq, açıq meydanda görünməyə tələsməzdik. Bu gün adama elə gəlir ki, heç yerdə gizli mübarizə yoxdur. Elə bir zaman gəlib ki, hər kəs sözünü açıq deyə bilər. Ancaq hesab edirik ki, əsil sözü hələ də açıq deməyi hər kəs bacarmır, bacarana da imkan vermirlər. Güney Azərbaycanda da meydanlara çıxanlar var. Ancaq anlayırıq və qəbul edirik ki, ideoloji yetkinlərin tələm-tələsik həşirlərin içində  meydanlara çıxıb zindanlara atılmasına yol vermək olmaz. Bu şərtlə ki, həqiqi ideoloji baza olsun və bu baza əsasında qlobal hədəflərə yetmək üçün iş aparılsın. Təəssüf ki, Güney Azərbaycanda dərin, əsaslı ideoloji iş gözə dəymir. Ola bilər ki, düşünən, çaba göstərənlər var, biz bilmirik. Ancaq biz ideoloji iş deyəndə Azərbaycanın bütövlüyü istiqamətində həlledici çəkiyə malik olan Türkçülük işini nəzərdə tuturuq. Təbii ki, bizim üçün bunun da başında İnam işinin getməsi dayanır. Çünki Güney Azərbaycan İslamın yadlığını, ziyanını dərk eləməsə fars rejimindən xilas ola bilməyəcək. Bunun nədənini biz daim yazırıq, deyirik. Güneyli soydaşlarımızla söhbət də bu istiqamətdə inkişaf elədi. Ekspansiya ideyalar əsasında, Qərbin siyasi inqilabları vasitəsilə azadlıq, özgürlük əldə eləmək mümkün deyil. Bu həqiqəti dərk eləyən insanlar olmasa mübarizə dərinləşməyəcək.
Güneyli soydaşlarımız Soylu Atalının Güney Azərbaycanın azadlığı, Azərbaycanın bütövlüyü yönündən fikirlərini əks etdirən yazılarını fars dilinə çevirib sitələrində yayımlamağı qərara alıblar. Öz növbəsində Soylu Atalı Asif Atanın Dünyabaxışını ifadə edən ideyaların çevrilməsini və yayımlanmasını məsləhət görüb. Bunun üçün vaxtaşırı bizimlə əlaqə saxlamağın və elektron ünvanlarımızdan yararlanmağın gərəkliyini bildirib.

Atamız var olsun!

22  Qar Ayı, 33- il. Atakənd.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir