Ocaq Yükümlüsünün xalqlaşma görüşləri
Ay ərzində bir sıra ziyalılar ayrı-ayrı vaxtlarda Mütləqə İnam Ocağının qonağı olmuşlar. Qonaqlarla söhbətləri əsasən Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı aparmışdır. Bu görüşlər Ocağın Tədbirlər Odası’nda və Soylu Atalının evində keçirilmişdir. İnamın zəruriliyi və Azərbaycanda Milli İdeolojinin formalaşmasında Asif Ata Baxışından bəhrələnməyin önəmi söhbətlərin əsas xəttini təşkil edir: “Dünya siyasi bloklarla idarə olunur. Bu bloklar dindən siyasi bir vasitə kimi istifadə edərək, milli inkişafın qarşısını alırlar. İstər Azərbaycanda, istər Türkiyədə heç kim deyə bilməz ki, din kütlənin ibadət nizamıdır. Dində sağlam ibadət heç vaxt olmayıb. Özəllikcə bu gün kütlənin dini hissləri, ibadəti tam olaraq inhisara götürülür. Siyasi qüvvələrin inhisarında din kütləni avam saxlamaq və təslimçiliyə kökləmək funksiyası daşıyır. Türkiyədə əsasən Amerika İslamı var və Amerika Türkiyədə dinçiliyə R.T.Ərdoğan vasitəsilə yön verir. Azərbaycanda isə əsasən İran İslamı var. Bu gün Vəhhabiçilik xətti ilə ingilis İslamı da oturuşmağa doğrudur. Kim durub desə ki, əsil İslam ayrı şeydir, bu bizə cəfəng bir söz təsiri bağışlayacaq. Elə əsil İslam türkü həmişə milli inkişafdan dala qoyub və onu yadların əsarətinə bağlayıb. Asif Ata Türkün öz İnamını yaradıb. Bu İnam onun kimliyinə, yəni etnik Türklüyünə və mahiyyətinə, yəni İnsani, Bəşəri varlığına bağlıdır. Bu İnamla Türkün ruhu təmizlənər, təzələnər. Biz qəti əminik ki, Dünyanın siyasi paktlarında türk İslamla özünə yer əldə edə bilməyəcək. Ancaq Mütləqə İnam Türkə Bütövlük, Birlik gətirməklə dünya düzənində yerini və çəkisini müəyyən edər. Etnosun siyasi varlığını Ruhaniyyat müəyyən edir. Ancaq Ruhaniyyat siyasi qüvvələrin tabeliyinə keçəndə etnosun ruhani strukturu pozulur. Din Ruhaniyyatdan ayrılıb və o, başqalarının etnik mahiyyətinə müdaxilə edir. Buna görə də din türk üçün yaşamın heç bir yönünə qarant ola bilməz.
Ocaq Yükümlüsü qonaqların mənsub olduqları ictimai, siyasi, dini, ideoloji mövqelərinə yönəlik söhbətlər aparır, Asif Atanın həyatımızın bütün cəhətlərində önəmini vurğulayır. O, ədəbiyyat, sənət yönündən də Asif Atadan bəhrələnməyin yollarını izah və şərh edir. Ayrı-ayrı ziyalılar ayda bir dəfə “Fikir Evi” təşkil olunarsa, orada iştirak etmək istəklərini bildiriblər…
Bu arada Günev Atalı da aran Qarabağda ardıcıl görüşlər keçirir, Ocağın xalqlaşma işini qurur və ədəbiyyatlarını yayır. Bu işdə onun ən çox yardımçısı və güvənci Elana Atalıdır.
Atamız var olsun!
29 Xəzan Ayı, 33-il.
(oktyabr, 2011)