Xəbərlər

Ömürtay Atalının “Ocağa Evlad Götürülməsi” Törəni

Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Bu gün Xəzan Ayının 13-ü, 44-cü il Günsıramızda Ocağa yeni Evlad götürmə törənini keçiririk. Törənə giriş üçün bir neçə söz demək istəyirəm. Qoy bu söz bilinsin, həm də tarixləşsin. Biz, Ömürtayla Asif Atanın Ocağının anlamı, xarakteri ilə bağlı yetərincə söhbət eləmişik. Bu gün də bir neçə söz əkləmək istəyirəm.
Bizim istəyimiz dünyaya yeni ölçü gətirməkdir – İnsanlıq ölçüsü. Bu çağa qədər bəşəriyyət çox yol keçib. Ancaq bu çağa qədər, nə yazıqlar, bəşəriyyət hələ İnsana, Asif Atanın dediyi kimi, həqiqi qiymətini verməyib. Ona görə dünya əyilib. İnsan həqiqi qiymətini tapmır. Bunun üçün insanın özüylə uğraşması gərəkdir. İnsan hər şeylə uğraşır, ancaq özüylə uğraşmır. Məişəti ilə uğraşır, dünyanı dağıtmaqla uğraşır, qırğın silahları yaratmaqla uğraşır, daha nələrlə uğraşır, ancaq insanla uğraşmır.

İnsana sevgi verə bilmirlər, insana inam verə bilmirlər. İnsanı həmişə küçümsəyirlər. İnsanın başının üzərində Allah qorxusu yaradıblar, insanın başının üzərində hakimiyyət qorxusu yaradıblar, insanın başının üzərində texnologiyalar qorxusu yaradıblar, silahlar qorxusu yaradıblar. Bu qorxular arasında insanı balaca saxlayıblar, insanın özünüdərk prosesinin qabağını alıblar. İnsan dünyaya niyə gəlir, niyə gedir, bunun fərqinə varmır. İnsan bir növ heyvani ömür yaşayır, bir növ həşərat ömrü yaşayır. Doğulur, işləyir, çalışır, çabalayır, zəhmət çəkir, axırda özünü bilmədən, dünyaya niyə gəlib niyə getdiyini anlamadan ölüb gedir. Doğrudur, biz bunu dəfələrlə vurğu eləmişik, insan hətta fiziki mənada belə bütöv itmir. Ata da deyir, Atadan öncəkilər də bunu vurğu edir, ölənin təbiətlə birgə oyanması var. Ruhani niyyətlərə qayıtması, qonması var. Ancaq insan bunu bilmir, dərk eləmir. Bunu dərk eləməlidir ki, ruhani niyyətlərə qayıtsın.

Ata deyir: “Ölən əzəlidə qalır, əbədidə qalır, gözlərdə qalır, üzlərdə qalır, kamildə qalır, sonsuzda qalır, Mənada qalır. Ölən gerçəklikdən gedir, ancaq Mənada qalır”. Bunu insan bilmirsə, dərk eləmirsə, onda insan insana gərək olan məsələlərə ömür ayırmır. İnsanlığa ömür ayırmır. Ömrünü tamamilə İnsanlıqdan uzaq şeylərə ayırır. Dediyimiz kimi, dəhşətli, sarsıdıcı, dağıdıcı işlərə ayırır.

Kapitalizm insan üzərində ağalıqdır. Bütün quruluşlar, sivilizasiyalar insan üzərində ağalıqdır. Heç bir quruluşda insan qiymət tapmır. Yalandan qanunda, sözdə insanla bağlı nəsə deyirlər. Din deyir, insan yerin, göyün əşrəfidir. Arxasında durmursan axı. Hardan əşrəfi oldu?! İnsana əşrəf dediyin harda, onu qul, bəndə saydığın harda, onu  kölə saydığın harda, onu qorxutduğun harda, onu tamahlandırdığın harda?! İnsana cənnət vəd edirlər, insanı cəhənnəmlə qorxudurlar. İnsana əzab verəcəkləri ilə qorxudurlar. Niyə?! – Yaxşı iş görsün deyə. Yaxşı iş gör, sənə ödül verəcəklər. Sən bir insansan. İnsan olaraq ya atasan, ya anasan, ya qardaşsan, ya bacısan, yoldaşsan, dostsan. Kimsənsə “O” ol. Dostsansa həqiqi dost ol. Qardaşsansa həqiqi qardaş ol. Atasansa həqiqi ata ol. İnsan öz Mənasına bərabər yaşamalıdır, atalığına bərabər yaşamalıdır, analığına, dostluğuna bərabər yaşamalıdır. Bunun üçün niyə ödül verilməlidir ona?! Niyə vəd edirsən?! – Bu, insanı aşağılamaqdır, küçümsəməkdir. İnsanı nəfsə, tamaha bərabər saxlamaqdır. İnsan o deyil. Ata deyir, insan daxilində Mütləq gəzdirir. Zamandan şəraitdən, mühitdən mahiyyətcə üstündür. Sığmır ona, Mütləqləşməyə qadirdir, Mütləqiliyə meyl edəndir. İmkan ver, qoy Mütləqiliyə meyl eləsin. İçində Mütləq daşıyır, İnsanlıq adında Məna daşıyır. O İnsanlığa yetməlidir. Biz dünyaya doğuluruq, bu bizdən asılı deyil. Ölməyimiz də bizdən asılı deyil. Bu Mənanın tələbidir. Fiziki varlıq bir gün görsənişə gəlir, təzahür edir, bir gün də başa çatır. Ancaq mahiyyətimiz, ləyaqətimiz, İnsanlığımız, dostluğumuz, kişiliyimiz başa çatmır. Bunlar hamısı qalır, Mənada qalır, xalqda qalır, soyda qalır. İnsan bunları yaratmalıdır ki, qalsın. Kişilik yerinə satqınlıq yaradır, qadınlıq yerinə hərcayilik yaradır, dostluq yerinə yağılıq yaradır, məhəbbət yerinə nifrət yaradır, dağıntılar yaradır. Bunlar qalmır. Onlar ölçü deyil axı qalsın. İnsanın özünü tapmasından, dərk eləməsindən sonra başlayır hər şey. Özünüdərk dünyanıdərk deməkdir. Dünya İnsandan başlayır. Dünya tısbağadan, qayadan, daşdan, odundan başlamır. Dünya İnsandan başlayır. Dünyanı mənalandıran insandır, dünyanı qiymətləndirən insandır. İnsan özünə bərabər olmalıdır. İnsanlıq adlı Mənanı ifadə üçün dünyaya gəlmişik. Biz Mənanı ifadə eləməliyik, ömrümüzü Məna üstə qurmalıyıq. Söz yox, bütünlüklə iş bu deyil. Məişət də var, mövcudolma məsələsi var. Sən fiziki varlıq olaraq, həm də, mövcud olmalısan. Ancaq mövcudluğu sürdürmək mənəvi əyilmə üçün bəhanə ola bilməz. Bunları birinə anladanda deyir, mən necə insan olum, mənə mane olurlar. Mane olan da insandır da. Axı niyə əngəl ola bilir?! Əngəlin nədəni sənin içindədir. Ona görə Ata deyir, “Özüylədöyüş”dən keçir yol. Mən bir başqası ilə döyüşəndə pislik aradan qalxmır. Pislik məndə də qalır, o birində də qalır, hər kəsdə qalır. Hər kəs içindən eybəcərliyi, antiinsaniliyi özü silməlidir. İçindən sildikcə, şəxsiyyət yarandıqca onun toplumsal etkiləri də yaranır, toplumsal şərlə mübarizə gedir. Toplumsal şərlə necə nübarizə aparırıq, xalqa sözümüzü deyirik, görüşlər keçiririk, həqiqəti başa salırıq. İnsanın, Dünyanın, Mənanın, Mütləqin nə olduğunu anladırıq. Eybəcərliklə görüşəndə onunla barışmırıq. Şər bizim içimizdə özünə ortam tapa bilmir. Bu cür mübarizə aparırıq. Biz inqilabçı deyilik, biz intibahçıyıq. İnsan deyir, mən bir tikə çörəyimi qazana bilmirəm. Sonucda inqilab edir. Kimə qarşı edir, insana qarşı edir. İnqlilab elədin, başını kəsdin. Sən də həmin prosesi aparırsan. Səndən sonra o biri edir. İnqilab, inqilab inqilab… Bununla sorun çözülmür. Ona görə Ata deyir, yarağımız İnamdır. Yadınıza Nəsimi filmindən bir epizodu salım, camaat ayağa durur, üsyan qaldırır.  Nəsimi deyir, qiyam şüurlarda getməlidir. Nəiminin hərəkatı ilə şüurlar oyanmalıdır. Şüurlar on beş günə oyanmır axı. Proses getməlidir, iş getməlidir. Yoxsa bunlar inqilab edir, üsyan edir, inqilabı, üsyanı da zor yatırdır. Zora qarşı zorla çıxırsan, köhnə zor yeni zordan güclü olur, yatırdır.

Gec ya tez hansısa döyüş qaçılmaz olacaqsa, o döyüşü aparan insanların ürəyi olmalıdır, haqqı olmalıdır, hazırlığı olmalıdır. O özünü bilməli, dərk eləməlidir. Nəyi ortadan qaldırır, nəyi təsdiq edir, onu  bilməlidir. Bu olmayanda, hər dönəmdə, üsyanlarla, inqilablarla, qırğınlarla sağlam insanları, düşünən insanları ortadan götürürlər. Yenə kütlə qalır, sürü qalır, onu da asan yönətirlər. Güney Azərbaycanda da belə oldu. Biz də deyirik, Güney Azərbaycanda proses başlamalıdır, getməlidir. Müxalifət yaranmalıdır, bunun üçün düşünən insanlar yaranmalıdır, təfəkkürlər işləməlidir. Yoxsa daim “20 Yanvar qırğını” yaşadacaqlar bizə. Ona görə Ata deyir, düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq. Dəfələrlə demişik, yenə də deyirik, biz heç bir siyasi hərəkatın formalaşmasına qarşı deyilik, biz bölünmüş, parçalanmış durumdayıq. Biz deyirik, sağlam, doğruçu siyasi proses getsin. O mübarizənin başında duran insanlar xalqı düşünsün, hakimiyyəti düşünməsin, özünü düşünməsin. Bu isə bizim işimiz deyil. Biz Ocağıq, ömrümüzün axırına qədər ruhani mübarizə aparacağıq, İnamımız təsdiq olunacaq. İnsan özü qurulmayınca, özünü yaratmayınca heç nəyə inanmır. İnsan hər şeyi özündən qıraqda axtarır, qıraqdakından gözləyir, ona görə özünə inanmır. Əslində başqasına da inanmır. Ona görə içdən başlamaq gərəkdir. Ona görə Ocaqlaşmaq gərəkdir…

Ömürtay Ricasını oxuyur:

Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali səcdə ilə!

Qutsal Rica

Mən, Qasımov Rafiq Vaqif oğlu 1986-cı ildə Şəki şəhərində anadan olmuşam. Uzun illər həyatımı boş və mənasız yaşamışam. 20 yaşdan sonra məndə mütaliəyə maraq yaranıb. Bu illər ərzində mən Həqiqəti axtarmışam. Ocağı tanıdıqdan sonra Həqiqətin Atanın ideyalarında olduğuna daxilən inam yaranıb. Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalıdan rica edirəm ki, məni  Ocağa qəbul etsin.

Ulu Atam qarşısında and içirəm ki:
Mütləqə İnam uğrunda,
Kamil İnsan uğrunda,
Ruhani Cəmiyyət uğrunda,
Müstəqil Vətən uğrunda,
Özümlü Şərq uğrunda,
Ləyaqətli Bəşər uğrunda
ömrümün sonuna qədər mübarizə aparacağam. Ocağımızın Odu sönməzdir!

Atamız Var olsun!

Soylu Atalı: İndi ayaq üstə adının mənasını dinlə. Sənə Ocağımızın adından ad veririk. Ocağımızda bu adla çağrılacaqsan. Səninçün bu ad ömrünün yönünün dəyişməsi olacaq. Ona görə də bu ad qutsal, ruhani bir addır. Sən toplumda Rafiq adıyla çağrılacaqsan. Ancaq Rafiq sənin mövcudolma yaşamını şərtləndirən addır. Ocaq adın isə sənin mənəviyyatını, ləyaqətini ifadə edən, ömrünün yönünü bəlirləyən bir addır.

Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali səcdə ilə!

Asif Ata Evladı Ömürtaya
Ruhsal Bəlgə

Bəlirsiz dünyada qutsal ömür yaratmaq gərəkdir.

Toplumun qaranlıq yaşamında işıqlı ömür yiyəsi olmaq gərəkdir.

İnsani ölçü yaratmaq üçün uca ömürlər gərəkdir. Ömür mənalananda ölçü olur.
Şöhrətə, hakimiyyətə, siyasətə, məişətə qurban verilən ömür mənasız ömürdür, həyata aldanmaqdır. Həyata aldanan var olmur. Var olmaq üçün Amallaşan, İnsanlaşan ömür yaşamaq gərəkdir.
Ömrünün ixtiyarını öz əlinə al. Onu zamandan yüksəyə qaldır. Zamanla ayaqlaşan ömür sabaha getmir.
Ocağa ömür qat, Ocaq yardımçın olacaq. Ömürlərə, böyüklüyə tay olmağını diləyirəm. Ömürtay adını sənə halal edirik.
 Adına layiq ol!
Ata ruhu sənə yar olsun.

Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

13 Xəzan Ayı, 44-cü il.

Səni qutlayıram. Bununla da “Ocağa Evlad Götürülməsi Törəni” başa çatır.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir