Xəbərlər

Oxulun qutsallığını bərpa etmək gərəkdir (Soylu Atalı ilə müsahibə)

 

Soylu Atali və ÜstünYurdumuz Azərbaycanın toplumsal nizamı getdikcə pozulmaqdadır. Bunun başlıca nədənlərindən biri təhsil sisteminin bütünlüklə pozuntuya uğramasına görədir. Xalqın da gələcəyi gəncliyin necə qurulmasından, ulusal tərbiyəsindən, dövlətə, millətə, vətənə necə yanaşmasından çox asılıdır. Bu rahatsızlığımızdan dolayı ünlü fikir-qələm adamı, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının düşüncələrini soruşduq. İndi bu söhbəti oxucuların diqqətinə sunuruq.
Üstün Atalı: Təhsil xalqın  milli, mədəni əsaslarını qoruyan başlıca yönlərdən biridir. Ancaq  dövlətin təhsilə yanaşması ürəkaçan deyil. Ona görə öyrətmənlərin təhsilə yanaşması da yolavermək səviyyəsindədir. Niyə belədir?
Toplumun bəlli bir hissəsi Sovet təhsil sisteminə, bir hissəsi indiki təhsil sisteminə üstünlük verir. Bunlardan hansı yaxşıdır?
Soylu Atalı: Mən təhsil üzrə mütəxəssis olmadığım üçün onun elmi qurluşuna toxuna bilməyəcəm. Yəni təhsili konkret mütəxəssislərin qiymətləndirməsi bir ayrı, mənim qiymətləndirməm bir ayrıdır. Mən milli dəyərlərin yayıcılığı ilə uğraşan bir aydın olaraq fikrimi sərgiləyə bilərəm. Yəni onun milli-mənəvi açıdan dəyərləndirilməsini səsləndirə bilərəm. Elə bizə əslində bu söhbət üçün gərək olan da budur. Bizə gərək olan ekspertlərin necə görmək istədikləri deyil, o bir ayrı qonudur. Tutuşdurmağa gəlincə, onların hərəsinin özünə xas üstünlükləri və qüsurları var. Bununla bağlı qısaca danışa bilərəm.

Sovet təhsil sistemi bir sıra cəhətləri ilə üstünlük təşkil edir. Mən Sovet təhsil sistemi görmüş bir adamam.  Eyni halda bugünkü təhsilin yönü, yöntəmi ilə, təbii ki, tanışam. Birinci, Sovet təhsil sistemində  üstünlük onda idi ki, tələb, ciddiyyət bu günkündən yüksək səviyyədə idi. İndiki təhsil sistemində biliklər test üsulu ilə yoxlanılır. Mənə elə gəlir ki, bu zəif üsuldur. Ona görə ki, arxayınçılıq formalaşır, əzbərçilik yaranır. Dərindən ağıl işləmir. Düzdür, deyirlər ki, test üsulu olmayanda, köhnə üsulla olanda xırda bir səbəbdən yüksək səviyyəli, yüksək bilikli öyrəncilər təhsildən qıraqda qalırdı. Belə istisnalar var idi, təbii ki. Tutaq ki, hansısa bir öyrənci yüksək hazırlıq keçib, təsadüfən, tutaq ki, çəkdiyi bileti zəif bilib, ya nəsə. Onu cavablandıranda zəif cavablandırır, yuxarı bal toplaya bilmir, qıraqda qalır. Testdə isə belədir ki, bəndlər verilir, ona baxanda o an yadına düşür. Ancaq bu da, yeri gələndə kütləviliyə gətirib çıxarır. Burda da təsadüflər az deyil. Hansısa zəif hazırlıqlı birinin təsadüfən qeyd elədiyi cavab doğru çıxır, qəbul olunur, ancaq sonra baxırsan ki, bu heç düz-əməlli təhsil ala bilmir, nə olsun ki, diplom alır. Onun da, bunun da belə təsadüfləri var. Ona görə heç birinə deyə bilməzsən ki, bu üsul bütöv bir ölçüdür.

Soylu Atali və Üstün

 Təhsil sistemində başlıca çatışmazlıq milli məsələlərin sıradan çıxarılmasıdır. Bu sovet təhsilində də vardı, indikində də. Ola bilsin Sovetdə bir az da aşırı idi. Orada öyrəncilik eləmək standartlar səviyyəsində idi, hər şey bəlli ideologiyanın tələblərinə uyğunlaşdırılırdı. Milli ideologiyanın qabardılması yasaq idi. Bu cəhətdən, əlbəttə, sovet təhsil sistemi daha qüsurlu sistem idi. İstər-istəməz imperiya maraqları var idi. İndiki təhsil sistemində isə, konkret mən bunu Azərbaycanın üzərində izah eləmək istəyirəm, çünkü ola bilər bu təhsil sisteminin başqa ölkələrdə üstünlükləri var. Konkret bu üstünlüklər bizim ölkəmizdə nə həyata keçir, nə də planda görükür. Bizim ölkəmizdə təhsil bünövrədən yanlışlar üzərində qurulub. İndiki çağda da təhsil sisemimizdə milli şüurun gəlişməsi həyata keçirilmir. Milli dəyərlərin öyrənilməsi həyata keçirilmir. Yenə də sxem var, yenə də qəlib var, pis anlamda standartlar var, hətta bu standartlar olduqca zərərli bir şəkildə formalaşır. Buna görə mən deməzdim ki, sovet təhsil sistemi, ya da indiki kapitalist təhsil sistemi ölçüdür. Nə qədər ki, təhsil sistemi bu və başqa biçimdə quruluşun ideoloji tələblərinə bağlanır, o təhsildən mən hansısa bir üstünlük, gələcək ummuram, gözləmirəm. Başqa sözlə, quruluşa bağlı təhsil sistemlərində milli kadrların yetişməsini, milli düşünərlərin yetişməsini mən gözləmirəm. Əgər milli düşüncə formalaşacaqsa, o, mütləq bu təhsil sistemlərindən qıraqda formalaşacaq. Ona görə gə o təhsilin bu təhsildən üstünlüyü, əskikliyi sırf nisbi xarakter daşıyır və ölçü ola bilməz.

Üstün Atalı: Təhsil verənlərin səviyyəsi necə olmalıdır və bu gün o hansı səviyyədədir? Öyrənci böyüyüncə ən çox öyrətməni görür, ona yön verən, stimul verən öyrətməndir. Necə olmalıdır ki, təhsil aydınlığa aparsın?

Soylu Atalı: Bundan öncəki cavabda bunun konturları vardı. Bir sistemdə ki bütün diqqət yalnız özünün maddi təminatını ödəməyə yönəlir, orda heç bir vaxt normal öyrətmənlikdən söhbət gedə bilməz. Bu gün öyrətmən, konkret desək, yalnız özünün maddi təminatını düşünür. Onu da əldə edə bilmir. Bu baxımdan onun təhsilə yanaşması uğurlu yanaşma ola bilməz. O, işini yola verir. Tək-tək vicdanlı öyrətmənlər bu deyiləndən qırağa çıxar. Bu çox az olur. Özünün təminatını düşünən öyrətmənlər, təbii ki, ciddi öyrətməyə meyilli deyillər. Bir də ki, çağdaş öyrətmənin özü hansı səviyyədə peşəkarlığa yetibdir? Hansı səviyyədə mənəvi yetginliyi vardır? O öyrətmənin özünü hansı təhsil sistemi tərbiyə edib? Bugünkü öyrətmən dünənki öyrəncidir. Dünənki öyrənci bugünkü öyrəncinin keçdiyi yolu keçib. Bu baxımdan onun özünün sağlam öyrətmənliyi sual altına düşür. Onun özü hansı toplumsal tərbiyəni alıb? Bundan çox şey asılıdır. Buna görə nə qədər ki, təhsildə milli konsepsiya işlənilmir, yəni təhsildə milli özünüdərk, milli kimliyi dərk, milli şüuru gəlişdirmək başlıca hədəfə çevrilmir, biz öyrətmənlərin xalqın balalarını uğurla öyrətməsi haqqında düşünə bilmərik. Bu, olduqca ciddi məsələdir.

Təhsildə rüşvətxorluq çox ciddi oturub. Öyrənci birinci sinfə qədəm qoyduğu andan rüşvət verir. Məktəb öyrəncidən pul yığır. Sovet təhsil sistemində belə şey yox idi və biz o dövrdə öyrətmənə Allah kimi baxırdıq. Öyrətmənin (müəllimin) yanında artıq-əskik hərəkət eləmirdik. Nəsə təsadüfən hansısa qonaqlıqda müəllimin yanında biz çörək yemirdik. Öyrətməni görən kimi papağı başımızdan çıxarırdıq. Belə bir yanaşma var idi. Bu təhsil sisteminin, tərbiyə cəhətdən, necə qurulmasından irəli gəlir. Yenə deyirəm, Sovet təhsil sistemi ölçü deyil, ancaq bu bir avantaj idi.

Rüşvət məsələsi bütünlüklə hər şeyi alt-üst eləyir. Təhsilə dövlət qayğısının olmaması hər şeyi bəri başdan korlayır. Oxul (məktəb) qutsal ünvandır. Ancaq bu gün oxul ən pis ünvana çevrilib. Sayğısızlıq var oxula qarşı, halbuki oxul xalqın balalarının başlıca öyrədicisidir, qurucusudur. Oxulda öyrədilməlidir millətin tarixi, oxulda öyrədilməlidir dəyərlərimiz, oxulda öyrədilməlidir insana yanaşma, oxulda öyrədilməlidir bəşərə yanaşma. Bunların hamısı insanın formalaşmasında başlıca rol oynayır. Rol oynamalıdır. Mən demirəm ki, oxul insanın qurulmasında hər şeydir. Hər şey deyil, ancaq az şey də deyil. Ona görə oxula yanaşma kökündən dəyişilməlidir. Oxulun qutsallığını bərpa eləmək gərəkdir. Bunu dövlət yaratmalıdır. Buna öyrətmənlər əməl etməlidirlər.

Nə qədər ki, öyrənci oxulla ailənin arasında pis durumda qalacaq, ondan sağlam gələcək gözləmə. Öyrənci bilmir ki, öyrətməninə nə desin, bilmir ki, ailəsini necə başa salsın. Evdə yoxsul ailəsini necə başa salsın ki, oxul məndən filan qədər pul istəyir. Ailə də onun üstünə səsini qaldırıb çığırır ki, yoxdur. Bunu gedib oxulda öyrətməninə necə başa salsın. Qalır onunla bunun arasında və nifrət edir həyata da, insana da, oxula da. O nifrətin əsasını dərk eləmədiyi üçün öyrəncinin tərbiyəsi korlanır. Davranışını idarə edə bilmir. Necə gəldi, çox pis yanaşma sərgiləyir. Tərbiyəsi pozulanın, təbii ki, yanaşması da pozulmuş olacaq. Ona görə də öyrəncilərin içindən hər şey çıxır, sağlam milli kadrdan başqa. Çoxluq baxımından, oğru çıxır, əyri çıxır, narkoman çıxır,  qatil çıxır, pozulma hər şeyə stimul verir. Sən də durub gileylənirsən ki, indiki gənclik tərbiyəsizdir. Dövlət özü bunu düşünməlidir. İndiki gəncliyi yönəldə bilmirsən, qoruya bilmirsən. Gənclik ağ kağızdır. Nə yazarsan odur. Ən böyük sorumluluğu dövlət daşıyır, yəni hakimiyyət. Onun təhsil konsepsiyası düzgün işlənməlidir və ona düzgün əməl olunmalıdır. Öyrətmənə iki zənbili doldura biləcək əmək haqqı verir, öyrətmən də bütün paraları bəri başdan öyrəncidən yığır. Həm rəhbəri ondan bunu tələb edir, həm özü buna gedir. Bölürlər aralarında. Belə şey yolverilməzdir. Bu, xalqın gələcəyinə balta vurmaqdır.

Soylu Atalı və Üstün

Üstün Atalı: Əslində sonrakı sualıma da cavab aldım.

 Dövlətin yaxın gələcəkdə təhsil konsepsiyasında bir dəyişiklik etməsi görsənmir, durum da getdikcə pisləşir. Yanaşmalar da pisləşir. Çıxış yolu nədədir?

Soylu Atalı: Mən hesab edirəm ki, oxulda çox fədakar, mənəviyyatlı, ləyaqətli öyrətmənlər bir araya gəlməlidir. Bunlar ciddi düşünməlidir, nə qədər çətin olsa da. Öyrətmən öyrənciləri məcbur etməməlidir ki, get mənim ad günümə bu qədər pul gətir. Tələb eləməli deyil ki, get mənə 8 mart bayramında bu qədər pul gətir. Get mənə filan bayramla bağlı pul gətir. Öyrətmən dilənçilikdən əl çəkməlidir. Öz öyrəncisinin qarşısında gözü kölgəli olmamalıdır. Hər şeyə belə asanlıqla arxa çevirmək olmaz. Demək olmaz ki, nə olur olsun, təki mən evə birtəhər artıq pul aparım dolanışığıma. Sən nəzərə almalısan ki, sənin elədiyin hərəkətlər təkcə xalqın balalarını pis duruma salmır, sənin öz evinin içində də tərbiyəni pozur. O balalardan sənin evinin içində də var. Bunu nəzərə almaq gərəkdir. Ona görə ləyaqətli olmaq gərəkdir. Millətin yaşamasını təmin edən dəyərləri öyrənmək və öyrətmək gərəkdir. Bir az insanlıq dərsi keçmək gərəkdir özünə və öyrəncisinə. Hər şeyi deyirlər insanlaşmadan başqa. Ona görə də vətənini, millətini, az da olsa, sevən öyrətmənlər varsa, belə bir çətin addımı atmalıdır, düşünməlidirlər bunu. Elə hal yaratmalıdırlar ki, onların sağlam əməlləri getdikcə bir sistemə çevrilsin. Qoy başqa əyri yollar öyrənən öyrətmənlər onlardan çəkinsinlər. İfşa olunacaqlarından qorxsunlar. Beləliklə, öz əməlləri ilə yuxarıda duran əyriləri də ifşa eləmiş olsunlar. Hələlik bunu eləmək mümkündür. Elə şeylər var ki, onlardan asılı deyil. Dövlətin başında duranlar talançılardır. Onlar nə dövlətin qədrini bilirlər, nə millətin. Onların bir işi var talamaq. Onlar başqa şey haqqında fikirləşmirlər.

Üstdən aşağı hər şey pozula-pozula gəlir. İndi bəs nə edək, hansısa nöqtədə dayanmaq gərəkdir. Kimlərsə bunu dayandırmaq istəməlidir. Çalışmalıdır buna. Ləyaqət göstərməlidir, “əşi mənim nə borcuma” deməli deyil. Yoxsul yaşa, ancaq öyrənci ilə arandakı yanaşmanı öldürmə. Öyrətmənlik şərəfini ayaqlar altına atma. Öyrətmənlik adının qutsallığını qorumağa çalış. Onu göz bəbəyin hesab elə. Ona zədə dəyəndə gözünə zədə dəymiş kimi say. Ona zədə dəyəndə evinin uçması kimi qəbul elə. Ailənin dağılması kimi qəbul elə. Elə yanaşmaq gərək. Onda bu yanaşma getdikcə xalqın içində bir yön yarada bilər. Bu birlik əsasında xalqın etirazları da doğrula bilər. Bu etirazlar dövlətin başında dayananları məcbur edə bilər ki, düzgün addım götürün.  Təhsilə düzgün yanaşma bəsləyin.

Bu gün üçün mən belə görürəm, gələcək ayrı şeydir. Gələcək böyük aşamadır. Bizim başladığımız Ruhsal Dirçəliş Hərəkatı qələbə çalmalıdır. Bu ayrı qonudur, ona görə də bununla bağlı burda danışmaq istəmirəm. Kimlərin ehtiyacı olarsa, biz onlarla ciddi söhbət apara bilərik.

Üstün Atalı: Dəyərli fikirlərə görə təşəkkür edirəm.

Soylu Atalı: Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Köçəri Ayı, 37- ci il.

(fevral, 2016.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir