Xəbərlər

Pərvizlə Göylü Atalının “Beşikbaşı” Törənində çıxışlar

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Pərvizlə Göylü Atalının “Beşikbaşı” Törənində çıxışlar

Ocaq Günsırası ilə 1 Od Ayı, 40-cı ildə (iyul, 2018) Asif Ata Ocağı, Ocaqsevərlərin qatqısı ilə, Pərvizlə Göylü Atalıya “Beşikbaşı” Törəni keçirdi. Ocaq Yükümlüsü Soylu Atalı sözə başladı: Ürəyinizdə Ata Günəşi olsun! Hər birinizin gəlişinizi sayğı ilə qutluyuram.

 

Öncə sizlərə bir arayış vermək istəyirəm, törənlə bağlı. Bizim, Ocaq Evladına Beşikbaşı törəni keçirmək istəyimiz başlanğıcdan sona qədər bir qaydada, milli ruhda gözə alınıb. Ancaq bizdən asılı olan, olmayan məsələlər də var. Toplumda indiyə qədər xeyli sayda (sayı yadımda qalmayıb), Asif Atanın qurallarına uyğun, milli ruhda Beşikbaşı törəni keçirmişik. Mənim ortalamama görə sayı 30-dan yuxarıdır. Biz törəni, başlıca olaraq, toplumun hazırda keçirdiyi toy gələnəyi ilə yanaşı (paralel) keçirmişik. Yalnız Nurtəkinin Beşikbaşı törənini öncədən axıra qədər özümüzün qurallarımızla keçirdik. Biz gözə alırıq, toplum, birdən-birə, bizim önərdiyimiz yeniliyə hazır deyil. Bu açıdan biz topluma basqı göstərə bilmərik. Qohumlarımıza, ya kiməsə, basqı göstərə bilmərik. Çünkü böyük hərəkatların, böyük prinsiplərin həyata keçməsi çox böyük zaman tələb edir. Ona görə biz də belə gözə aldıq. Göylünün atasının, bəyin ailəsinin öz diləkləri var. Kimlərinsə xeyir işlərinə gediblər, pul salıblar. Bu bizə özgün deyil – pul yığmaq. Biz düşündük, özümüzün haqqımız olduğu, Göylünün də haqqı olduğu Beşikbaşı törənini Ocaqçılarla, Ocaq dostları ilə birlikdə həyata keçirək. Evlənənlərə uğurlama verək. Ona görə sizləri də bu törənə çağırdıq. Yerimiz balacadır, sayı da gözə aldıq. Çağırdığımız dostlardan bəzilərinin sorunları çıxdı, onlar qatıla bilmədilər.

İndi sizin qatqınızla, sizin tanıklığınızla evlənənlərə uğurlama verəcəyik. Onlara Asif Atanın Ocağı adından Ruhsal bəlgə sunacağıq. Onlara Asif Atanın, İnsanlığın uzaq min illərə hesablanmış, birinci Bitiyini – “Mütləqə İnam”ı (iki abedə – Ocaq-türk, latın qrafikalı Azər­baycan abesində) bağışlayacağıq. Bu Bitiqlərin bizim üçün nə demək olduğunu zaman-zaman öz yazılarımızda, görüşlərimizdə, sözlərimizdə bildirmişik. Bu bitiqlərin hər bir gənc ailə quranların evində olması Azərbaycan-türk toplumu üçün bir özümləşmə faktıdır, özümləşmə sürəcidir. Bu Bitiqlərin hər bir evdə olması baş ucalığıdır. Milli ruhun nişanı olan, milli özümləşmənin açarı olan belə bir Qutsal Bitiqlərin evlərdə olması. Biz bu Bitiqləri, öz evlərimizə, bax beləcə köynəyin içində, Törən keçirməklə, qəbul edirik. “Qutsal Bitiqlərin Qəbul Törəni” adı altında. Onları arı-duru yerdə saxlayırıq. Bu Bitiqlər – olduğu evin, ünvanın özünün Bitiqləri sayılır. Özümləşdirmək, mənimsəmək üçün oxunur, öyrənilir. Bu bizim istəklərimizin yönüdür.

Deməli, birinci aşamada evlənənlərimizə uğurlama verəcik. Bitiqləri, Ruhsal Bəlgəni onlara sunacıq. Onlar evliliyə “Bağlılıq Andı” (Sədaqət Andı) içəcəklər. Onun davamında Amaldaşları, dostları ürək sözlərini bildirəcəklər. Qısa, yığcam şəkildə. Arada, söz yox, sazımıza yer verəcik. İkinci aşamada doğmalaşma yönündə milli süfrə açacıq. Çay süfrəsində milli-ideoloji yöndən söhbət edəcəyik. Millətin millətləşməsi üçün, formalaşması üçün əsas olaylardan biri toy, biri vaydır. Toyda, vayda millətin kimi, kimsəsi tanınmalıdır. Böyüyü, kiçiyi bilinməlidir. Dəyəri göstərilməli, dərk olunmalıdır. Belə söhbətlər belə ünvanlarda olur. Bu açıdan biz 3-cü aşamada, milli açıdan, düşüncələrimizi bölüşəcəyik. Bədii çalarlara (şeir söyləmələrə, lap oyun havalarına) da yer ayırmaq pis olmaz. İndi isə mən törəni açmaq istəyirəm.

(Ataya səcdə ilə sözünə başlayır – N.A.): Bu gün Ocaq Günsırasıyla 1 Od Ayı, 40-cı il (iyul, 2018) Asif Ata Evladı Göylü ilə nişanlısı Pərvizin Beşikbaşı törəninə uğurlama sözü demək istəyirəm. İsətyirəm törənimizi aşığımız “Urfan” havası ilə başlasın.

Aşıq Roman “Urfan” havası çalır.

Günümüzün anlamı Göylü-Pərviz olayı ilə bağlıdır. Göylü artıq 20 ildir Asif Ata Ocağının Evladıdır. 17 yaşından Asif Atanın Evladı olub. O çağdan üzü bu yana Ocaqda çox ciddi, çox yetkin əməyi olub. Atanın kitablarını, əlyazılarını, Ocağın başqa ədəbiyatını əliylə (qələmlə) yazıb. Onun əlindən minlərcə səhifə yazılar çıxıb. Asif Atanın irsinin itməməsində, qorunub saxlanmasında Göylünün, bəlkə də, Ocaqda birinci cərgədə qatqısı var, amaldaşı Nurtəkinlə birgə. Asif Atanın bitiqlərinin elektron variantlarının, əlyazılarının yazılıb araya gəlməsində Göylünün bənzərsiz bir əməyi var. Göylü, Ocaq Yükümlüsü ilə toplumun müxtəlif bölümlərinin çoxsaylı görüşlərini təşkil edibdir. Bizim xalqlaşma işimizdə, Ocağımızın sorağının yayılmasında önəmli bir zəhməti olub. Demək olar, Azərbaycanın 40-dan çox rayonlarında, amaldaşı Nurtəkinlə, mənimlə birgə, bəzən özü bireysəl olaraq, gedib görüşlər təşkil edib. Azərbaycanın rayonlarında, kəndlərində. Bu zaman üz tutduğu ünvanlarda, heç bir şöhrətli, toplumsal nüfuzu olan kimsə onun qarşısını kəsməyib, çəkindirməyib. Heç bir yüksək titullu adamın basqısı, heç bir görəvli insanın basqısı, hansısa elmi titulları olan, hansısa elmi olanaqları olan insanların basqısı onu bu işdən, bu gedişdən çəkindirməyib. O, inadla, inamla Atanın sorağını Azərbaycanda bölgə-bölgə yaymağa çalışıb. Türkiyədə də olub, Asif Atanın ədəbiyatını, Ocağının soraqlarını yayıb. Bu açıdan, Göyülünün 20 ildə dəyərli bir ömrü formalaşıb. Bu gün də o ömrü, bəlli bir biçimdə, yaşamaqda davam edir. Bu ömürlə, bu cür Ocaqlaşma ləyaqətiylə yeni bir aşamaya ayaq basır. Ailə qurma aşamasına başlayır. İndi Göylünün qarşısında yeni tələblər ortaya çıxır. Ailənin özünün qədir-qiymətini bilmək, özünün formalaşmasında inadlı, inamlı çalışmaq, eyni halda, dünyaya gətirəcəkləri övladlara milli ruh vermək. Bunun özü də, Göylünün indiyə qədər gördükləri işin önəminə təndir. Biz düşünürük, belə sorumlu bir işin altına girmək, indiyə qədərki sorumluluğun sonucudur, uzantılarıdır.

Onun sevgilisi Pərviz bəyi biz çox uzaq olmayan, yaxın çağdan tanıyırıq. Özü bizi aradı, tapdı, ilgiləndi. Bizə yaxşı etki bağışladı tərbiyəsi, davranışı ilə. Sonra amaldaşımız Göylüyə könül bağladı. O da ona könül bağladı. Belə bir günü yetirdilər.

Asif Atanın dəyərləri, ideyaları, Azərbaycanın mahiyyətindən doğan, uzaq qədimdən üzü bu yana aydınlaşa-aydınlaşa gəlir, aydınlaşa-aydınlaşa da gedir. Türkün bir etnos olaraq, bir millət olaraq, ən çox boy verdiyi – ailə dəyəridir. Siz özünüz də bilirsiniz, bu gün türkün, bir millət olaraq, sorunlar içərisinə girməsi üçün onun dəyərlərinə əl uzatmalar var. Başlıca olaraq, onun ailə məsələsinə əl uzadırlar. Türkü Ailə məsələsində sarsıtmaq, sındırmaq gedişləri var. Halbuki türk ailə məsləsində ayaqda durub, bəşəriyyətə ailə dəyəri ölçüsü olub. Bu açıdan ailə quran gənclər belə məsələləri olduqca ciddiyə almalı, onun fərqinə varmalıdırlar. Xalq ailədən başlayır. Birey həm xalqdan gəlir, həm də xalqda davam edir. Birey xalqda iki anlamda davam edir. Həm soy olaraq – dünyaya övlad gətirməklə, həm də xalqın dəyərlərini, gələnəklərini yaşatmaqla xalqı davam edir. Xalq özünün milli dəyərlərini öz övladlarına güvənliyə (əmniyyətə) verir əslində. Ona görə də evlənənlərin ailə qurması, gördüyünüz kimi, iki şəxsə özgün olmur. O, bütövlükdə millətə özgündür. Millətin bəlli bir toplusu bir araya gəlir, evlənənlərə uğurlama verir, ailə qurmalarına tanıqlıq (şahidlik) edir. Dediyim kimi, bu açıdan ailə məsələsində bireylər ciddi rol oynayırlar. Onlar xalqın dəyərlərini yaşatmalı olan, gələnəklərini gəlişdirməli olan bir sorumluluğun altına girirlər. Bizim toplumumuz 70-ci illərdən yeni bir aşamaya ayaq basıb. Bu aşamada bu toplumun yönü, yöntəmi bəlli deyil. Hara gedəcəyi bəlli deyil. Milli dəyərlərinin yiyəsi yox kimidir. Ona görə də Ailələrimiz bütöv olmur. Bunun nədəni xalqın özünəxas dəyərlərinin, gələnəklərinin övlad­larında yaşamaması, daşınmamasıdır. Biz də, Asif Atanın Ocağı olaraq, Asif Atanın sözünü onun xalqına, xalqının gənclərinə bu açıdan çatdırırıq, onlar xalqı yaşadacaq dəyərləri öz ailələrində qoruyub saxlamalıdırlar, övladlarına ötürməlidirlər. Xalqın dilini, mədəniyyətini, gələnəklərini, dəyərlərini öz balalarına öyrətməlidirlər. Onların şüuruna yeritməlidirlər. Ailə önəmli bir məsələdir. Ailəqurma olayı bütünlüklə ciddiyə alınmaldıır. Mən uzun-uzadı sizə sadalamayacam. Bugünkü evlənmə olayları, bilirsiniz, xalqın özümlüyünə, dəyərlərinə yad şəkildə həyata keçirilir. Restoran toylarında ailənin anlamı heç bilinmir, dərk olunmur. Yalnız hay-həşir, çal-çağır, özü də bilirsiniz, restoranda stollar bireysəlləşir. Hər stol özü üçün söz deyir, içirlər, sağlıq deyirlər. Toyun bütövlüyü olmur. Ona görə Asif Ata belə bir gələnək düşünüb: evlənənlər Ocağın uğurlamasını almalı, dostlar onların görüşünə gəlməli, onlara uğurlama verməlidirlər. Uğurlamanın anlamı da bundan oluşur: Ailə nədir, xalq nədir, xalqın dəyəri nədir. Niyə o, qorunmalıdır. Onu evlənənlər dərk eləsinlər, öz övladlarına bu gələnəyi ötürə bilsinlər.

Bizə deyirlər, Azərbaycan gəncləri böyük-kiçik saymır. Azərbaycan gənclərini böyütmüş ata, ana özləri pozulmuş toplumsal tərbiyənin yetirdiyidir. Əgər o özü pozulmuş bir tərbiyə görürsə, o özü xalqını tanımırsa, xalqının dəyərlərini yaşatmırsa, qorumursa, öz balalarına xalqın dəyərlərini verə bilməz, öyrədə bilməz. Ona görə evlənənlərin özləri, birinci bunu şüurlarına yazmalıdırlar. Biz də, evlənənlərə belə bir sorumluluq altında uğurlar diləyirik. Onların gələcək həyatını işıqlandıracaq bir hünərin özlərində olduğunu xatırlatmaq istəyirik. Onların taleyi, övladlarının taleyi, gələcəklərinin taleyi öz əllərindədir. Biz onları belə bir gələcəkli həqiqəti anlamaq yoluna yönəldirik. Belə bir gələcəkli yolla yürümək onların öz ləyaqətiylə baş verəcək, davam edəcək. Biz, Asif Atanın Ocağı olaraq, evlənənlərimizə daim diqqət, qayğı göstərəcəyik. Biz sizin yanınızdayıq.

İndi isə mən sizə Asif Atanın Evlənmə üstə yazdığı ruhsal bəlgəni oxumaq istəyirəm:

“Evlənməyin məqsədi Müqəddəsliyin Sabaha çatdırılmasıdır.

  1. Evlənənlər Atanın Xeyir-duasını alır, Ata qarşısında Ailə sədaqətinə and içirlər.
  2. Gəlinin Ər evinə gətirdiyi Varidat – Qeyrətdir. Cehiz ləyaqətsizliyinə son qoyulmalıdır. Ruhaniyyatı Maddiyyatla ölçmək qəbahəti lənətlənməlidir.
  • “Qız Sahibinə” Maddi Bəxşiş verilməsi – gəlinin əşyalaşması, əmtəələşməsidir. Həmin murdarlıq Evlənmə Mərasimindən silinməlidir.
  1. Keyf Məclisi Evlənmə Mərasiminin Ülvi ciddiyyətinə yaddır. Həmin bayağılıq Mərasimdən silinməlidir. Valideynlər, Qohumlar, Dostlar Evlənənlərin görüşünə gəlir, onlara ürək sözləri yetirir, Ailə Müqəddəsliyi diləyirlər.
  2. Ailə Ev kimi tikilir, Ağac kimi bitir. Ailənin Bənnası və Bağbanı – Evlənənlərdir”.

 

Asif Atanın Yazdığını olduğu kimi oxudum. İndi isə Atanın adından evlənənlərə yazdığım Ruhsal Bəlgəni baxışınıza çatdırıram:

Ruhsal bəlgə

Mütləqim, Müqəddəsim, peyğəmbərim
Asif Ataya – İnam Ataya səcdə ilə!

  Asif Ata Evladı Göylü ilə Pərvizin
Beşikbaşı törəninə uğurlama

 

Evlilik qutsaldır:
Vətənə, Millətə bağlı olduğu dərəcədə qutsaldır.
Amala bağlı olduğu dərəcədə qutsaldır.
Vətəni, milləti düşünməyən, qurmayan, qorumayan evlilik – bioloji yaşamdır.
Amala bağlı olmayan evliliyin gələcəyi uğurlu olmaz.
Vətəni, milləti düşünmək – onun dünyada yerini bilməkdir.
Vətəni, milləti qurmaq – onun dəyərlərini gələnəklərdə gəlişdirib yaşatmaqdır.
Vətəni, milləti qorumaq – onun dəyərlərini özgələşdirən gedişlərə dirəniş göstərməkdir.
Ocaq sizin evliliyinizdən belə bir ərdəmlik üstə yaşamaq umur. Bu umacağı doğruldacağınıza inanır, siz də özünüzə inanın. İnamınız yeridikcə evliliyiniz Qalıcı olacaq.

Ata Ruhu sizə yar olsun!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
Od Ayı, 40-cı il.

 Evlənənlər “Bağlılıq Andı” içdilər: Ocaq qarşısında and içirəm ki, Ailəmə bağlı (sadiq) olacağam.

  • Soylu Atalı iki abedə (Ocaq-Türk abesində, latın abesində) olan “Mütləqə İnam” Bitiqlərini Göylü ilə Pərviz bəyə sundu.

Günev Atalı (Ataya səcdə ilə sözünə başladı – N.A.): Bizim qarabağlılarda belə bir söz var, qardaş bacının toyunda ağır oturub batman gələr. Ancaq Asif Atanın öz ölçüsü var. Göylü mənim uzun illərdir amaldaşımdır. Yaş sınırımız olanaq verir deyəm, Göylünü balam kimi çox istəyirəm. Bu gün fərəhim özəl bir aşamadadır. Belə gözəl aydınlarla bu böyük olayı gerçəkləş­dirmək mənə özəl sevinc, əhval verir. Göylü haqqında nə deyim? – Deyirəm bəşərin gözü aydın olsun Göylüsü var. Dünyanın Göylü səmimiyyəti, ülviyyəti var. Dünyanın Göylü qayğıkeşliyi var, dünyada olmayan. Yorulmaz bir şəxsiyyətdir. Onun həmişə bir ayağı burda olub, bir ayağı Beyləqanda. Mən deyərdim, mənim var olmağımda, bir şəxsiyyət kimi Atanın davamçısı olmağımda Asif Atadan, Soyludan sonra (30 illik ömürdür bu) Nurtəkinin, Göylünün özəl əməyi var. Onlar mənim əlimdən tutub oxutmayıblar. Mənə heç nə deməyiblər. Ancaq mən onlardan bayaq sadaladıqlarımı öyrənmişəm. Ciddi bir məsələdir. Örnək olublar mənə. Baxmayaraq, övladım yaşdadırlar. Asif Atadan, Soyludan sonra mən Nurtəkindən, Göylüdən öyrənmişəm, öyrənməm bu gün də davam edir. Bu, böyüklükdür. Mən Pərviz bəyi tanımırdım, onu mən bu gün gördüm.

Bu gün, bura gələndə, Nizami metrosunda düşdüm, şəkilləri seyr etdim bir az. Bir rəsm baxışımı daha çox çəkdi. Belə götürəndə, Mikayıl Abdullayev o rəsmləri gözəl işləyibdir. Orda Məcnunla atasının rəsmi baxışımı çəkdi. Atası balası üçün fəryad qoparır. Atası əllərini acizlikdən göylərə açıb. Qurtarmaq istəyir balasını o dərddən. Ancaq Məcnun başqa əhvaldadır. Çünkü Məcnun aşiqdir. Aşiqin heç bir əngəli yoxdur. Toplumçuluq əngəli yoxdur aşiqin. Toplum etki göstərə bilməz, onu öz halımızda, Asifçilər olaraq, görmüşük. Əgər aşiqlik yoxdursa, toplum etki göstərir. Mən həyatımda o aşamaları keçmişəm. Ancaq aşiqlik halı gələndən sonra heç bir əngəl yoxdur. Məcnun öz aləmindədir, öz iç səsini eşidir. İçində öz iç melodiyasını yazır. Əgər belə olmasaydı, Məcnun Məcnun olmazdı. Atasının o halı etki göstərsəydi…

Pərvizin valideynlərinin burda olmaması həmin haldır. Dünya dəyişməyib. Çünkü nisbiliyə tapınıb. Asif Aa gəlib dedi, bu dünyanın ayağa durması üçün ona Mütləq İnam gərəkdir, Mütləq Dünyabaxış gərəkdir. Tam, bütöv, kamil. Pərviz bəyə elə bir həyat diləyirəm, tam, kamil, bütöv həyat. Toplumun etkisi ilə ata-ana balasını adi halda görmək istəyir.

İkar və Dedal əfsanəsi var. Usta Dedal oğlu İkara bildirir, sən orta ölçüdə hərəkət elə. Günəşə qovuşmaq gərək deyil. Ancaq İkar o halda qala bilmir. Çünkü İkar aşiq idi. Günəşin aşiqi idi…

Bəşər tarixində az da olsa, aşiqlik ölçüsü olub.

Dünyanın Göylüləri bəlli qədər olub. Göylü o Göylülərdən deyil. Rabiyyə əl-Ədəviyyə olubdur, Tomris olubdur, Məhsəti Gəncəvi olubdur. Söz deyən, düşüncə ortaya qoyan, şəxsi həyatını etiqadına qurban verən qadınlar olub. Ancaq Göylü səviyyəsi yeni aşamadır. Tarix az deyib, nə deyibsə. Az dediyinə görə düzəlməyib.

Uğurlar diləyirəm, inanıram sizin həyatınızın alınacağına. Çünkü Göylüyə bələdəm. Bu ailəni göylərə qaldıracaq. Pərviz bəy də Göylüylə düşüncəbir olubsa, Göylünü qiymətləndirəcək. Pərviz, sən bu ümidi doğrult, səni Beyləqana çağırıram. Sizin şənliyinizi də özüm keçirəcəm, böyük fərəhlə.

Atamız Var olsun!

Düzgün (Ataya səcdə ilə sözünə başladı – N.A.): Bu yaxınlarda dostlarla oturmuşduq. Deyirlər sizin toy adətləriniz ayrı bir şeydir. Biz nəsə təzə bir şey icad etmirik. Bunlar xalqın bağrından qopan adətlərdir. Məsələn, hamı deyir nədir o toyda min nəfər yığıblar orda, heç bilmirlər kimin toyudur. Heç bilmirlər bu gəlin kimdir, bəy kimdir.

Bizim bir adımız da sabahdır. Sabahı bu gündə yaşayan insanlarıq. Biz bunları bu gün yaradırıq, yaşadırıq, 20-30 ildən sonra yayılacaq. Ancaq biz bu gün yaşayanlarıq. Bizim toy adətimiz bağrımızdan çıxan, arzuladığımızdır. Ancaq o arzulananları, sabahda olacaqları bu gün həyata keçiririk. Bizim məclislərimiz cəmiyyət məclisinə oxşamır. Biz insançıyıq. İnsanda da cürbəcür gözəl xətlər var. Biri bu cür gözəl ola bilər, biri başqa cür gözəl ola bilər. Bu gün aydınlarımız da dəvət olunub ki, belə ola bilər. Evlənənlər and içir, bir-birlərinə söz verir, biz bir-birimizə sadiq olacağıq. Gözəl şeylərdir bunlar. Arzuladığımız şeylərdir. Burda qeyri-adi heç nə yoxdur. Ailə söz verir gözəl övladlar yetirəcəyik. Milətimizə gərək olacaqlar. Belə daha gözəl olar. Bu gün Avropa dəyərləriylə ərəb dəyərlərini sintez ediblər. Onlara qarşıyıq. Bu gələnəyimiz onlara qarşıdır.

Bacımız Göylüyə, bəyimizə nə arzulayardıq. Vətənimizə gözəl övladlar bəxş etsinlər. Sizin özünüzə layiq övladlar olsun. Xoşbəxtlik diləyirəm.

Soylu Atalı: Biz Asif Atanın Ocağı olaraq, fərqli dünyabaxış daşıyıcısıyıq. Bu bəllidir. Ancaq bizim sıralarımızda gələnəksəl dünyabaxış daşıyıcısı olanlar da var. O açıdan fərqli düşünən insanlarımızın heysiyyatını qorumağı sizdən rica edirəm. İnsanların heysiyyatına toxunacaq sözlər, replikalar Asif Atanın Ocağında yol verilmir. Bunu başlanğıcdan bir arayış kimi vermək istəyirdim. Kimin hansı dünyabaxış daşıyıcısı olmasından asılı olmayaraq, onların bizə, bizim onlara, milli baxışlardan yana sayğımız var. Bu sayğının əsasında biz bir araya gəlmişik.

İlqar Türkoğlu: Mən Göylü xanımla Pərviz bəyə, qutsal sayılan, ailə qurmalarında xoşbəxt­lik, uğurlar arzulayıram. Sadəcə olaraq, bu gün Azərbaycanda ailə dəyərlərinin deqradasiyası baş verib. Güney Azərbaycanla Quzey Azərbaycanı tutuşdursaq, qadınların bağımsızlığı orada daha çoxdur, nəinki Quzey Azərbaycanda. Orda qadınlara qarşı cəmiyyətin təpkisi var. Ailədə qadının hüquqları var. Quzey Azərabycanda tərsinə. Ümumiyyətlə, hər bir millətin ailəqurma gələnəkləri fərqlidir. Bizdə ailə qurmaq, ocaq qurmaq əbədi bir məsələdir. Başqa xalqlarda evlənmək anlayışı yoxdur. Ocaq qurmaq anlayışı yox, arvad almaq, evlənmək, ya da ərə getmək, ər qazanmaq kim anlayışlardır. Ev olmaq, Ailə qurmaq, Ocaq olmaq anlayışı Azərbaycanda çox qutsal bir olaydır. Bu açıdan mən bizim xanımımızı və bəyimizi təbrik edirəm. Xoşbəxtlik diləyirəm.

Abil bəy: Göylünün çox böyük haqqı var üzərimizdə. Göylünün çalışmalarından Soylu bəy danışdı. Uluyurda öndərlik edəndə Uluyurd hərəkatının işlərində fəal iştirak edənlərdən biri oldu Göylü. Çox zəhmətimizi çəkdi. Hərəkatın tanınması üçün, onun sənədlərinin çoxaldılması üçün əmək qoydu.

Türk mahiyyətcə ailəcanlıdır. Ailəyə bağlılıq qutsal bir məqamdır. Türksevər, millətsevər insanların ailə qurmasını mən həmişə arzulamışam. Gələcəkdə olacaq övladların millətsevər, vətənsevər olmasını diləmişəm. Çünkü o cür ailələrdə doğulan övladlar Türk Dünyasına gərəkli övladlar olacaqlar. Ailədə Birlik az hallarda olur. Çünkü Birliyin özü bir anlam daşıyır. Qadın və kişi ailə yükünü daşıyırlar. Onların ruhsal birliyi olanda qutsal bir ailə olur. Çox az hallarda ailələrdə bu hal olur. Ruhaniyyatla uğraşan insanlarda bu belədir. Bir yerdə ailənin qayğısını çəkirlər, övlad böyüdürlər, ruhsal birlik olur. Göylü insansevər biridir, türk ruhlu bir insandır. Onu tanıyan insanlar bilirlər. Göylüdə olan millətçilik, insansevərlik əvəzsizdir. Həm Pərviz bəyə, həm Göylü xanıma ailə sorumluluğu arzulayıram. Leyli Məcnun ola bilmədi. Leyli olaraq qaldı. Sizə Məcnunluq sevgisi diləyirəm. Sonda Afşar deyimi ilə bitirmək istəyirəm. Övlad­larınız olsun, vətənimizə, millətimizə gərək. Oğlunuz olsun. Oğlunuzla vətən qurasınız, bayra­ğımızı qorumaq üçün. Qızınızla da ev qurasınız. Xoşbəxtlik diləyirəm sizə.

Asif Ozan: Mənə dəyər verib dəvət etdiyiniz üçün təşəkkür edirəm. Mənim bütövlükdə Mütləqə İnam Ocağının fəaliyyətinə yanaşmağım fərqli olur. Belə düşünürəm, hər hansı bir millət özgələşməmək üçün özünü yaratmalıdır, özünü qurmalıdır. Əgər Azərbaycan türkləri tarix səhnəsində, fasiləsiz olaraq, özlərini qorumasaydılar, çoxdan özgələşmişdilər, artıq yabançı­laş­mış­dıq, ərimişdik, assimilyasiya olmuşduq. Bəlkə də milli varlığımızdan yalnız tarix dərsliklə­rində var olardı. Özümüzü qorumaq, özümüzü yaratmaq şüuru, psixologiyası, iradəsi bizim xalqın geninə xas bir xüsusiyyətdir. Sadəcə 20-ci yüzil kontekstində götürsək, görərik, 20-ci yüzildə Azərbaycan xalqı özünü fəlsəfi-ruhani müstəvidə yenidən qurdu, Asif Əfəndiyevin simasında. Bu gün o oxul davam edir. Bu millət nə qədər xoşbəxtdir, ictimai həyatın bütün sferalarında onu, bir millət olaraq, yenidən quran şəxsiyyətlər yetişib, öz fəaliyyətini oxula çevirib,  o oxul xalqı uzun illər boyu ayaqda saxlayır. Bu gün nə qədər xoşbəxtdir Azərbaycan türkləri, bütövlükdə Azərbaycan torpağı, daha geniş coğrafiyada götürsək, Güneyli-Quzeyli Azərbcyan, bir az da coğrafiyanı böyütsəm, Türk Dünyası nə qədər xobəxtdir, bu gün bizim  fiziki mənada, az sayda olsa da, Ocaqçı düşüncəsi daşıyan insanlarımız var. Ancaq mən inanmaq istəyirəm, içimdə o inam da var, milləti yenidən yaradan kəsim, Asif Atanın Ocaqçılıq dünyagörüşü dəyərlərini, yeni fəlsəfi-ruhani dünya modelini özündə daşıyan bu kəsim ən azından Azərbaycan Türk coğrafiyasında yeni kimliyin təməlini qurmaqla məşğuldur. Siz nə qədər xoşbəxt insansınız, həm də nə qədər əzabkeş insanlarsınız ki, siz hər gün yox, hər saat yox, hər dəqiqə döyüşdəsiniz. Bunu mən bilirəm. Soylu bəyin, Günev bəyin simasında, Göylü xanımın, Nurtəkin, Ulusəs xanımın, Güntay bəyin, mənim tanıdığım Ocaqçıların simasında bu kəsim hər gün döyüşdədir. Hər gün bu millətin milli kimlik şüuruna, düşüncəsinə bir damla fayda verir. Ona görə də bu gün sizin Beşikbaşı törəninizə mən həmin aspektdən yanaşıram. Siz milli simasını itirməkdə olan toylarımızın, milli elementlər itib getmək üzərində olan toylarımıza qarşı Asif Əfəndiyevin yaratdığı Beşikbaşı mərasimi əslində milliləşmə hərəkatıdır. Ona görə ki, gəlin, internetə girib baxaq. Azərbaycan toylarına, sonra həmin səhifənin böyründə fars toylarına baxaq. Həmin səhifənin böyründə ərəb toyuna baxaq. Erməni toyuna baxaq. Ancaq dil qoy­mayaq, sadəcə toyun elementlərini göstərək. Sual qoyaq ki, bu toy kimə məxsusdur. Mən 100 % əminəm, biz orda Azərbaycvan toyunu başqa millətlərin toyundan seçə bilməyəcəyik. Çünkü sovetlər dönəmində bizim toy mərasimlərimiz artıq öz milli simasını itirmək üzrə idi. Həmin model SSRİ dağılandan sonra xalq tərəfindən yaranmış ideoloji boşluqda mənimsənildi, mənasını daha da itirdi. Soylu bəy, bu açıdan, Beşikbaşı mərasimi həmin milli kimliyimizin, özümüzü yaratmaq əzmimizin bir aktıdır. Milli aktdır. Maraqlıdır Beşikbaşı mərasimi, beşik sözü daha çox qadın fenomeni ilə bağlıdır. Çünkü beşiyin başında qadın durar, kişi yox. Beşiyin başında qadın, ya ana, ailənin başında kişi, ər dayanır. Nə xoşbəxtdir o oğlan ki, Göylü kimi azərbaycanlı xanımla ailə qurur. Nə xoşbəxtdir o millət ki, onun Göylü xanım  kimi bir xanımı var. Bayaq burda verilən uğurlamada Soylu bəy oxudu. Gerçəkdən də bu gün xanımların apardığı cer-cehiz şüuru-düşüncəsi mənəvi cer-cehizi kölgədə qoyur. Hər kəs düşünür qızıma maddi cehiz verim. Maddi cehiz qısa zamanda köhnəlir,  fiziki cəhətdən aşınır, ya dəbdən düşür. Ancaq xanımın özüylə apardığı ən ali cehiz əxlaqıdır, mənəviyyatıdır. Onun içində daşıdığı milli ruhdur. O ruh o insan yaşadıqca dəyərini artırır. 20 ildən sonra həmin xanımın evinə get, əgər o xanımın cehizi aşınıbsa, heç kim fikir vertməyəcək. Ancaq o xanım o ocaqda, o ailədə elə bir dəyər qazanır ki, o ailə, o nəsil onun başına and içir. Bir sözlə, dediyim odur, mən istənilən xeyir işdə həmişə deyirəm, nə xoşbəxtsiniz, azərbaycanlı bir xanımı evinizə aparırsınız. Ancaq borcumuz onun özündə apardığı əxlaqi dəyəri saxlamaqdır. Üzümü Pərviz bəyə tuturam. Bu gözəl, qiymətli əmanət sizə tapşırılır. Su damlası əgər çiçəyin üzərinə düşürsə, mirvari kimi parıldayır. Gün çıxanda yoxa çıxır. Bir damcı suyu qaynar dəmir parçasının üstünə atsaq, ondan əsər-əlamət qalmır. O bir damcı balıqqulağının içinə düşəndə mirvariyə çevrilir, boyunlarda gəzir. Bir qadının özündə daşıdığı dəyərdən asılı olmayaraq, onun kimin əlinə düşməsidir. Ləçəyin üstə düşərsə, şeh damlası olar. Dəmirin üstə düşərsə, yoxa çıxar. Ancaq mirvari olarsa, bir dəyərə çevrilər. Sizin simanızda həmin dəyər qorunmalıdır. Biz tərəfdə xeyir-duaların içində deyim var, heç yerdə eşitməmişəm. Biz tərəfdə deyirlər, döllənin, döşənin. Bu, türk xeyir-duasıdır. Anam həmişə deyirdi, sonra aradşırdım, ailədə ən gözəl xeyir-dualardan biridir. Sizə bunu arzulayıram.

 

Soylu Atalı: Asif Atanın qoyduğu qurallar, xalqın min illərdən süzülüb gələn dəyərlərinin sintezidir, eyni halda yeniliyidir. Mən illərdir Asif bəydən Asif Atanın Ocağı haqqında yüksək sözlər eşidirəm. O, Ocaq haqqında yüksək düşüncədədir. Ancaq Asif bəyin bir sözünə düzəliş etmək istəyirəm. Beşikbaşı törənini Asif Əfəndiyev yox, Asif Ata yaradıb. Asif Əfəndiyevi biz arxivə qoymuşuq. İstəyərdim Asif bəy bu məsələni gözə alsın.

Beşikbaşı törəni haqqında. Törənin anlamı beşikdir. Ata deyir evlənməyin məqsədi dünyaya övlad gətirməkdir. Dünyaya övlad gətirmək üçün ən gözəl bağışlama (hədiyyə) beşikdir. Evlənənlərə bəri başdan diləyirsən, sənin də balan olsun. Soy artırasan, xalqına gərək olan övladlar böyüdəsən i.a. Bunun anlamı odur. Bu beşiyin başında gəlinin, bəyin durması o anlama gəlir, onlar bu beşikdə, dünyaya gələcək övladın böyükləri olaraq, onlarla birlikdə bir ailə təşkil edir, bir ocaq təşkil edir. Ailə, ata-ana-övlad birliyi deməkdir. Əgər övlad yoxdursa, ailə deyil hələ. Ata da yoxdur, ana da yoxdur. Əgər bunlardan biri yoxdursa, yenə ailə deyil. Ailə bu üçün birliyidir. Ata-ana-övlad. O beşiyin başında məna dəyərləndirilir, qiymətləndirilir. Burda başqa bir məsələ yoxdur.

Hər birinizə düşüncənizə görə təşəkkür edirəm. Öz düşüncələrinizi bölüşürsünüz. Bizim üçün bunun bir sakıncası yoxdur. İndi isə dəyərli Əkbər bəyin uğurlamasını dinləyək.

Əkbər Qoşalı: Pərviz bəyin adı “üstün, qalib” deməkdir. Həmişə qalib, üstün olasan. Biz gözəlliyi zahiri görkəmlə sınırlamırıq. İçinin gözəlliyi ilə, hamının etiraf etdiyi bir gözəlliyin yiyəsi olandan, bir həyat yoldaşı seçməklə də sən öz üstünlüyünü, qalibliyini göstərirsən. Bu bizim alqışımız olsun. Mən sizin xoşbəxt olacağınıza dilək formasında yanaşmıram, həm də inanıram. Bəyimizi yeni görmüşəm. Bəyimiz haqqında geniş danışmaq imkanım yoxdur. Gələcəkdə daha yaxından tanış olarıq. Ancaq Göylünü bilirəm. Pərviz bəy də Göylüyə könül veribsə, bu, Pərvizi də tanımağımıza yön verir. Göylü haqqında deyilənlərin, bu gün burda eşitdiklərimizin hamısının altından imzamı atmağa hazıram. Göylü elə “niyə”siz, “necə”siz Göylüdür. Beşikbaşı törəni haqqında elə bu biçimdə xeyir iş haqqında, toy haqqında nələrisə təkrar etmək istəmirəm. Çox təəssüflər, Azərbaycan toyu necə olmalıdır axtarsaq, bir çox şadlıq evlərində, hətta mağarlarda, kənd yerlərində, hətta ağac altında keçirilən toyların özündə də əsil axtardığımız ideal toyu tapa bilmirik. Toyda yanımızdakı adamla bir kəlmə kəsmək imkanımız olmur. Dünyanın ən gözəl binalarını tikirlər şadlıq evləri kimi. Ancaq orda dünyanın ən gözəl saatlarını keçirə bilmirik. Orda keçirilən söhbətlərdən, sözlərdən bu gənc ailəyə, demək olar, sıfır fayda var. Sözün həm maddi, həm mənəvi anlamında, həm də ruhsal anlamda. Ancaq mütəvazi şəkildə, səmimi şəkildə keçirilən tədbirlərin siqlətinə inananlardan biriyəm. Bunu da sizinlə paylaşmış oldum. Bir daha təbrik edirəm. Sizin uğurunuza, xoşbəxtliyinizə inanıram. Bu inamımız mübarək olsun. Vaxt gəlsin o beşikdən körpə səsi gəlsin.

Həmid (Ormanlı) bəy: Beşikbaşı törənləri, doğrudan da, çox gözəl olur. Mən ilk dəfədir iştirak edirəm. Burda deyilən bütün xoş sözlər Göylü xanıma yaraşır. Mən də bunları təsdiq edirəm. Mən də bu düşüncədəyəm. Burda ailənin  qutsallığı, yüksəkliyi haqqında deyilənləri Göylü xanım hamımızdan yaxşı bilir, onu doğruldacaq bir xanımdır. Mən burda, yalnız Göylünün xətrini istədiyim, ya da bir onun Ocaqçı olduğu üçün yox, bir millət olayı kimi  yanaşdığım üçün varam. Bu gün ona görə gəlmişəm. Çox fərəhliyəm. Bundan sonra mən inanıram, bu Ocağın qapısına elçiliyə düzüləcəklər. Belə söz var, kişi ailə qurdu, qadın onu dağıtdı. Ancaq qadın ailə qurdu, Allah da onu dağıda bilməz. Göylü elə xanımlardandır. Təbrik edirəm. Xoşbəxtlik diləyirəm. Beşikdən körpə səsi gəlsin.

İlham Axund: Bu gün mən çox şadam, bu törəndə iştirak edirəm. İkinci dəfədir mən belə törəndə iştirak edirəm. Birinci tədbirdə şəkil qoymuşdum, nə qədər sual verdilər bu nə məclisdir. Dedim, bu elə məclisdir, hər adama qismət olmur. Kaş siz də iştirak edəydiniz bu məclisdə. Mən dedim, əndazəsindən çıxartdığımız bir şeyin cövhərini ortaya qoymuşuq. Bizi millət olaraq o qədər aşındırıb özümüzdən çıxarıblar ki, o həddə gəlib torpaqlarımızı əlimizdən alıblar. Millət olaraq, özümüzə qayıdışa mən sevinirəm. Ailə quranda ailənin təməlində nə durur? İki insanın özü, bir də eşqi. Biz onun böyrünə o qədər yamaq vururuq ki. Axırda gəlir bir stolun üstünə 30 cür salat. Bunu yeyib qurtarmaq olmur. Nəyə gərəkdir? Bunlar israf olunan şeydir. Axırda nə qalır? İki şəxsin arasında qalan ülvi məhəbbət. O məhəbbətdən də övladlar qalacaq. Xoşbəxtlik diləyirəm.

Soylu Atalı: Burda deyilənlərdən evlənənlərin üzərinə böyük sorumluluq yüklənir. Burda daha çox Göylünü tanıyırlar. Göylünün üzərinə yüklənir. Bu qədər Göylü haqqında yüksək düşüncələr səslənir. İnam səslənir. Bu insanların inamını doğrultmaq sorumluluğu daşıyır Göylü. Onlara bu sorumluluğu doğrultmaq, sizə də təşəkkür edirəm.

Həsən bəy: Mənə də qismət odu bu gün burda iştirk etmək. Böyük bir təsadüfün sonucudur ki, bu gün burdayam. İlk keçən söhbətlərdə düşünürəm, nə yaxşı mənə qismət oldu belə tədbirdə iştirak etdim. Göylü xanımla Pərviz bəyi təbrik edirəm. Xoşbəxt olun. Ailə xoşbəxtliyi doğrudan da böyük dəyərdir. Təsadüfün də həmişə kökləri olur. Elə-belə yaranmır. Burda mən ancaq Soylu bəyi tanımışam. Söhbətlərdən də belə bəlli oldu ki, mən Asif Atanı daha öncədən tanıyıram. Mən 1973-78-ci illərdə Azərbaycan Dövlət Universitetində oxumuşam. O dövrlərdə Asif Ata Asif Əfəndiyev kimi Estektika klubu aparırdı, sonra onu dayandırdılar. Cavanlar sadəcə eşidiblər, ancaq mən iştirak eləmişəm. Universitetin akt zalı dağılırdı. Sovet dövründə görmədiyimiz bir şeyləri orda görürdük. Burda ədəbiyyatdan, fəlsəfədən, dünyagörüşlərdən söhbətlər olurdu. Əkrəm Cəfəri, Lətif Kərimovu, bizim tanımadığımız adamları dəvət edirdi. Daha çox fizika-riyaziyyat fakültəsinin uşaqları iştirak edirdi, nəinki fəlsəfə, ədəbiyyat fakültəsi. O dövrlərdən tanıdığım, bildiyim bir şəxsiyyət idi. Azərbaycan jurnalında onun fəlsəfi esseləri çıxırdı. Ancaq Ocaq kimi heç vaxt rastlaşmamışdıq, görüşməmişdik. Soylu bəylə görüşəndə bu barədə söhbətlərimiz oldu. Mənim baxışım elədir, ümumiyyətlə, insanlar həyata müxtəlif baxsalar yaxşıdır. Hər kəs həqiqəti özü bildiyi kimi anlasa yaxşıdır. Azərbaycanda kim Allaha inanır, Allaha inansın, kim inanır, Ocağa inansın, kim düşündüyü kimi həyatı qavraya bilsin, mən, açığı, çox ölkələrdə olmuşam. Uzun illər Moskvada yaşamışam, uzun illər Vaşinqtonda yaşamışam. Dünyanın çox ölkələrində olmuşam. Bayaq dedilər, Qərb bizə filan dəyərləri sırıyır, onu da qəbul eləmirəm. Orda bölmürlər, kişi ev işlərini görməsin. O da görür, qadın da görür. Beşiyin başında o da dayanır, bu da dayanır. Mən tamamilə bunun tərəfindəyəm. Bu düşüncə daha doğrudur. İnsanlar həyata öz baxışıyla baxmalıdır. Ümumi dəyərlər olmalıdır, şübhəsiz. Asif Atanın qoyduğu dəyərlərə də hörmətlə yanaşmaq gərəkdir. İslam dinində də götürüləsi, baxılası şeylər var. O biri dinlərdə də var. Yəni o açıdan bu dünyaya başqa cür baxışla bizim türklük tariximizi öyrənən, bilən bir insanın qoyduğu dəyərlərlə baxmağın özü çox yaxşıdır. Asif Ata böyük filosof idi. Bunu hamı qəbul eləmişdi. Elə ona görə dayandırdılar, qoymadılar davam eləməyə. Bilən adamın, həmin böyük filosofun qoyduğu dəyərlərə hörmətlə yanaşmaq gərəkdir. Sizə uğurlar arzulayıram. Bu, doğrudan da, ağır işin altına girməkdir. 5 adam yığışanda hərə bir cür fikir söyləyir. Ancaq təzə düşüncəni, təzə deyilən dəyərləri çatdırmaq, doğrudan, çətin şeydir. Sizə də uğurlar arzulayıram. 30-a yaxın, deyirsiniz, Beşikbaşı törəni olubdur. Mən arzulayıram bunların sayı çox olsun. Sizin getdiyiniz yolun davamı olsun. Arzulayıram, mənim övladlarımın, ya nəvələrimin yolu hardasa bu yolla kəsişsin. Təbii şəkildə gəlsin bu yola çıxsın. O yolun daha böyük olmasından ötəri Beşikbaşı mərasimləri nə qədər çox olsa, o qədər məqsədinizə çatmış olacaqsınız. Bir daha Göylü xanım, Pərviz bəy, sizə  xoşbəxtlik arzulayıram. Yaranan ailələrin daha çox artırılmasında siz əsas olan ailələrdən olasınız. Beşiyinizdən körpə səsi gəlsin.

Soylu Atalı: Bzim törənlərimizə Süleyman bəy də birinci dəfə qatılır. Onun da düşüncələrini dinləyək.

Süleyman bəy: Pərviz bəy,
Murada yetişsin istəyin, arzun.
Bəxtin parlaq olsun, ömrün də uzun.
7 oğlun olsun, bircə də qızın,
Ömrün ləzzətini görəsən, ay bəy,
Sən bu ömrü 100 il sürəsən ay bəy.

Göylü xanım, elin gəlini ol, millətin qızı,
Zülmətə nur çilə, ey dan ulduzu,
Tale ilahidən yazıdır, yazı,
Oğul-qız anası olasan, gəlin.

Asif Ata mənim çox sevdiyim filosoflardan biridir. Asif Ata deyir, Mütləqləşmək – Var olmaqdır. Nisbi var olan yox olur əslində. Yalnız Mütləqiliyə yetən var olur. Zaman ölçüsündə yaşamaq yox olmaqdır. Əgər özümlüyünə yetmək istəyirsənsə, İnsanilik ölçüsündə yaşamalısan… Dünyanı ələk-vələk eləsən, bundan gözəl söz, bundan gözəl İnsanlıq, bundan gözəl insana uğur diəmək varmı?

Bayaq burda ailənin mənasından söhbət elədiniz. Bizim millətin özündə olan gözəl insani gələnəkləri təbliğ edirsiniz. Bundan gözəl həyatda nə ola bilər. 2016-cı il statistikasına görə Azərbaycanda 10 minə yaxın ailə dağılıb. 2017-ci ildə 27 minə qədər ailə boşanıb. Bu, bizim faciəmizdir. Biz belə şeyləri qaldırmalıyıq. Bu gün ailə qurmağı oyuncağa döndəribər. Evlənmək ailə qurmaq deyil. Mən şəxsən ailəmi 5-10 ilə qurmuşam. Mən bilmirdim sizin tədbirlərdə belə gözəl gələnəkləri, düşüncələri təbliğ edirsiniz. Bu iki gənc bu söz-söhbətdən sonra öz üzərlərində sorumluluq qoyacaqlar ki, belə insanlar bizim ailə qurmağımıza sözlər dedi. Onlar böyük sorumluluq daşıyacaq.

Bu yaxınlarda bir toyda oldum. Gəlinlə bəy çox əcaib formada içəri girdilər. Bəylə gəlinin böyük bir şəkli, üzbəüz, əlində pistolet çəkilib vurulub divara. Bəyin dayısı dedi, ordan sazı gətir, bir hava çalaq. Bəy dedi, saz çalınsa, mən gəlini də götürüb burdan çıxacam…

Görün gənclərimiz hansı durumdadırlar. Nə yaxşı siz varsınız. Bayaq siz (Soylu Atalıya üzünü tutur – N.A.) dediniz, bu, yeni dövrün başlanğıcıdır. Yenə də bəyimizi, gəlinimizi ürəkdən təbrik edirəm. Can sağlığı, xoşbəxtlik arzulayıram.

Asif Atanın sözləriylə də çıxşımı qurtarıram.

“Təbiətdə, Mənəviyyatda Kainatda, Gözəllikdə, İdrakda, Ehtizazda, Vəcddə, Analıqda, Məhəbbətdə, Ruhun ülvi xilqətində, Ürəyin Ürəyə qovuşmaq arzusunda, Bəşərin özündən böyük mənasında, Dostluqda, Həyada, İsmətdə, Dünənlə Bu günün Təmasında, Özündən Keçmədə, Heyrətdə, Müqəddəsliyin Əfsunlu Cazibədarlğında Əbədi, Sonsuz Mütləq yaşayır. Mənim Allahım odur!” Asif Atanın ikicə kəlməsinə bu gün bütün dünyanın ehtiyacı var. Gec-tez həmin dünya bu iki sözün üstünə gələcək: “İnsanlaşın – İnsanlaşdırın!”

 

Nurtəkin Atalı (Ataya səcdə ilə sözünə başladı – N.A.): Göylü haqqında çox sözlər deyildi. Göylü Asif Atanın ölümündən sonra gəlib Ocağa. Atanın ölümündən sonra da, Ocağı yaşatmaq sorumluluğunun həm ağırlığı, həm fərəhi ilə yaşayıb. Bir yerdə yaşamışıq. Ocaq Yükümlüsü də vurğuladı. Ata kitabları, ya əlyazma, ya makina yazısında, bütöv Ata külliyyatının elektron vari­antının hazırlanmasında Göyünün böyük əməyi olub. Görüşlər keçirmişik Bakıda, Sumqayıt­da, rayonlarda. Göylü həm Soylu Atalıya görüşlər təşkil edirdi, həm özü görüşlər keçirirdi. Soylu Atalıyla qəzetdə ilk müsahibəni də Göylü təşkil etmişdi. Yəni Göylünün əməyi sonsuzdur, saysızdır. Ocaqda ən çox əməyi olan, ən az danışan Göylü olub. Göylüylə mən bir yaşamışam, bir nəfəs almışam. Bir yoldaş olmuşam o yollarda. Göylü haqqında çox sözlər deyildi, çox da uzun danışmaq istəmirəm. Əkbər Qoşalı demişkən, hamısının altından xətt çəkirəm. Çox sevinirəm. Burda iki insanın aqibəti haqqında danışırıq. Əslində onun varlığının fərəhini duymaq düşüncəsini bölüşürük. Belə bir insanı tanıyırıq, belə bir insanla bir dünyada yaşayırıq. Bir Ocaqda varıq, bir xalqda varıq. Bu çox önəmli bir şeydir. İnsan dünyaya gəlir. Onun həyatının önəmli yanı odur ki, insan həyatının məqsədi olmaldıır. Göylü o xoşbəxt kəslərdəndir ki, həyatının məqsədini tapıb. Ailə də bir aşamadır. Göylü bu aşamanı da uğurla keçəcək. Pərviz bəyin milliliyinə, həyasına bələdəm. Onların milli, ləyaqətli ailə olacağına inanıram. Uğurlar, xoşbəxtlik diləyirəm hər ikisinə. Burda Ata ideyaları, Ata yolu var. Bu çox önəmli bir olaydır. Mən öz ailəmdən görürəm. Mənim öz övladıma tərbiyəni də, yoldaşıma münasibətdə də Atanın yolu öz etkisini göstərir. O fərqlilik hiss olunur. İşdə də hiss olunur, övladıma münasibətdə də. Düzdür o, çox körpədir. Mən istəyirəm onu Ocaq yönündə, yolunda böyüdüm. Buna nail olacağıma inanıram. Başqa cür də ola bilmz. Göylüyə də o ortamı diləyirəm. Ocaq ideyalarına ömründən versin, ailə kimi qurulsun. Var ol, xoşbəxt ol.

Güntay Atalı (Ataya səcdə ilə sözünə başladı – N.A.):  Göylü, mən sənə xoşbəxtlik diləyirəm. Sən həqiqətən də bu xalqın dəyərli övladısan. Pərviz bəyə də həmçinin xoşbəxtlik diləyirəm. Nə mutlu sənə ki, Göylü kimi bir xanımın oldu. Göylü kimi bir xanımla həyat addımları atmağa başlayacaqsan. Pərviz bəyi də Göylü xanıma layiqli görüərm. Mən Ocağa 5 il bundan qabaq gəlmişəm. İl yarım öncədən Ocaq tədbirlərinə gəlirdim. Ocağın prinsiplərini öyrənirdim. Asif Ata kimi bir düşünür, filosof söz deyir, nə söz deyir. Mən öz ağlımda bəlli qədər o sözlərin mahiyyətinə vardım. Halıma daha yaxşı çatmışdı. Asif Ata dünyanı, xalqı kökündən dəyişəcək bir ideya qoydu ortaya. Bir dəfə Soylu bəyə dedim, Asif Atanın ideyasının yükünü çəkmək Soylu Atalının çiyinlərindədir, ancaq Soylu Atalıya bacardıqlarından da artıq dəstək olan iki xanım vardı. Bu boyda millətin ləyaqətinin ruhaniyyat xəttində yükünü çəkmək iki xanımın çiyninə düşməli idi. Fəaliyyətdə olan milli düşüncəli insanlar var. Onlarıda qiymətləndiririk.

Nurtəkinlə Göylünü tanıdığımdan bu yana onlara əsil anlamda qardaş olmağa çalışdım. Onların yanında olmaqdan da mutlu oldum. Özüm onlardan çox öyrəndim. Mən Göylüdən, Nurtəkindən ərdəmlik öyrəndim. Ərdəmli olmağı, qorxmamağı, irəli durmağı öyrəndim və irəli durdum. Bu gün sizin gününüzdür. Sizə xoşbəxtlik diləyirəm. Xoşbəxt günlər diləyirəm. Sizin ləyaqətinizə inanıram.

Ulusəs Atalı (Ataya səcdə ilə sözünə başladı – N.A.): Evlilik mərasimi, Ocaq dili ilə desək, Beşikbaşı mərasimi. Evlilik cürbəcür olur. Canlı aləm, heyvanat aləmindən başlamış insana qədər, nəsil davam etdirir. İnsanlar bir az sivil formada ailə yaradırlar. Bəzən bir millətdən olan gedib başqa millətdən olanı alır. Onların övladları hansı dəyərləri üstün tutacaq? Dünyaya hansı gözlə baxacaq? Demək çətindir. Mən burda iki insanın evliliyinə içimdən sevinirəm. Bu iki adamın evliliyi nə deməkdir? Həm bizim türk millətinin gələcəyi deməkdir. Dünyaya türk oğlu, türk qızı gələcək. Həm türk məsələsi var, həm Ocaq məsələsi var. Burda Ocaqlı olmaq hər şeydən vacibdir. Ocaqla doğulan övlad olacaq. Ocaq tərbiyəsi ilə böyüyən övlad olacaq. Ocağı davam etdirəcək. Ocaq sabahımızdır, gələcəyimizdir. Burda deyilənlər ürəyimə yatdı. Türk basılır, sonra dünyaya türk gəlir, türkü qaldırır. Məsələn, Atatürk. Dünyaya gəldi. Türk basılan anda türkü qaldırdı. Asif Ata kimi. Asif Ata türkün itmiş mənəviyyatını qaldırdı. Neçə yüzil bu davam edəcək. Göylüylə Pərvizin izdivacında bu davam edəcək. Mən ona sevinirəm. Mən inanıram. Təbii bu, sorumlu bir məsələdir. Heç bir şübhəm yoxdur, Pərviz bəylə Göylü bu sorumluluğu daşıyacaq. Yenə deyirəm, yenə xoşbəxtəm, dünyaya türk gələcək. Mütləqə İnam ruhunu daşıyacaq övladlar gələcək. Qutlayıram. Xoşbəxt olun.

Altay bəy: Mən Göylünü çoxdan tanıyıram, onunla yol yoldaşı olmuşuq. Burda onun haqqında deyilənləri təkrarlamağa ehtiyac yoxdur. Pərviz bəy də Göylü xanımı seçdiyinə görə özü haqqında müsbət düşüncə formalaşdırır. Göylü, inanıram ki, Ocaq qarşısında, xalq qarşısında əziyyətinin qarşılığını görəcək. O buna layiqdir. Xoşbəxtlik arzulayıram.

Yasin Türksoy: Mən də Göylünü, Pərviz bəyi təbrik edirəm. Göylünün izdivacı sıradan bir olay deyil. Ocaq yolu ilə, Ocaq qaydası ilə oldu. Çox təəssüf, məndə olmadı. Bəyimizə də Göylü xanımı seçdiyinə görə təşəkkür edirəm. Hansı bir addımı atdıqlarının, yəqin, fərqindədirlər. Sıradan bir seçim deyil, sıradan bir yol deyil. Əzablı yoldur, fərəhli yoldur. Asif Atanın ruhaniyyatı, Asif Atanın fəlsəfəsi Göylünün qurulacaq ailə təməlində özüldür. O, atdığı addımı, tutduğu yolu yaxşı bilir. Xoşbəxtlik arzulayıram.

Soylu Atalı: Çox sağ olun. Mən hər birinizin ürəyinizdən gələn sözləri dinləməyi özümüzə borc bilirəm. Sayımız burda iki bu qədər çox olsaydı da, deyəcəyiniz sözləri eşitməyə hazırdım. Bizim törənimiz elədir, bura qatılan insanların yığcam sayı olduğuna görə hər birinin içində söz olur. O sözlərin deyilməməsi doğru çıxmır. Bizim törənlərimizin sonunda çay süfrəsi açırıq, Törəndə deyə bilmədiyimizi, demədiyimizi bölüşürük. Qarşılıqlı sayğıyla, doğmalıqla, fərqli düşüncələrə sayğılı yanaşmalarla düşüncələrimizi bölüşürük. Çay süfrəsində düşüncələr olacaqsa, yenə də dinləyəcəyik. İndi isə istəyərdim aşığımız “Dübeyti” üstə bir ağız oxusun.

Aşıq Roman “Dübeyti” havası çalır.

 Çay süfrəsində doğmalaşma üstə söhbətlər davam edir.

Qürub Ayı, 40-cı il. Atakənd.

(avqust, 2018. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir