Xəbərlər

Qutsal “Ailə Günü” Mərasimi

Ocaq Günsırası ilə 6 Köçəri Ayı, 42-ci ildə (fevral, 2020) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Ailə Günü” Mərasimini həyata keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Qutsal Ailə Günü mərasimini keçiririk. Mərasimdə söz deməzdən öncə Ataya səcdə qılıram, Bayrağımızı öpürəm.
Ölənlərimizin adını anırıq, onları daim yanımızda, Ocağımızda qəbul eləyirik: Sabahlı, Bağban, Amaltay bizimlədir.


Ocaq mərasimi dünyada, həyatda ən böyük olaydır, faktdır. İnsanlıq üçün ən böyük olaydır. Eləcə də ümumbəşər anlamında ən böyük bir olaydır. Niyə ən böyükdür? Varlığın yaşaması, yəni böyük ideyaların, böyük mədəniyyətlərin yaşaması insan mənəviyyatına, insan düşüncəsinə bağlıdır. Bu düşüncə ailədə yaşayır, qorunur. Ailə araçılığıyla gələcəyə ötürülür. Ailə araçılığıyla gələcəyə işıq salır. Ailəni ailəlikdən çıxartdılar. Dinlər ailə yarada bilmədi. Məscid ailə evinə çevrilə bilmədi. Məscid Allahın evinə çevrildi. Allahın vecinə olmadı ailə. Məsciddə Allah ailədən özünə kölə düzəltdi. Ailəçilər ailəni endirən, ailəni söndürən Allahı hər şey saydılar. Ona görə ailə heç şey oldu. Siyasət ailə yarada bilmir, bilmədi, bilməyəcək də. Siyasət ailənin ləyaqətini heçə çevirir. Çünkü insanlığı heçə çevirir. Siyasət insanlığı yıxıb yönətir toplumu. İnsanlığın üzərinə yönətmir. Başqa sözlə, insanlığa dayanıb yönətmir. İnsani qanunları ayaqlayıb yönətir. Ona görə ailə qurulmur, dağılır. Heç bir parlament, heç bir idarə aparatı, heç bir qurum ailə ləyaqətinə doğma deyil, doğru deyil. Ailə ləyaqəti heç bir quruma, heç bir idarə kabinetinə sığmaz, sığışdırılmaz. Ailə adına ən böyük addımı Asif Ata atdı. Asif Atadan öncə də bizim böyüklərimiz, böyük dəyərlərimiz ailə faktını yüksək qiymətləndiriblər, ancaq qoruya bilməyiblər. Niyə qoruya bilməyiblər? Çünkü insanın mənliyinə dinin ayaq açmasının qarşısını ala bilməyiblər. Siyasətin insan mənliyinə yürüşünə qarşı dirənə bilməyiblər, dirəndirə bilməyiblər. Ona görə də ailəni yüksək dəyərləndirsələr də, ailənin zədə götürməsinə əngəl ola bilməyiblər. İdeya ailə məsələlərini əsaslı şəkildə yoluna qoymağa yetər. Asif Atada ailə məsələsi ideya olaraq biryolluq çözümünü tapır. Ona görə də o dinin yarada bilmədiyi, siyasətin yarada bilmədiyi ailəni öz Ocağında yaratdı. Fiziki ailə – mənəvi, ruhani ailənin ideyasında, işığında özünü qoruyub yaşada bilər. Əgər bu olmasa fiziki ailə yaşaya bilməz. Qoruna bilməz. Necə ki, qoruna bilmir. Ruhani Ailə ölçüdür. İnsanlığın yaşadıldığı ünvandır. Milliliyin yaşadıldığı ünvandır. Dəyərlərin qorunduğu ünvandır. Fiziki ailələr xalqın böyük dəyərlərini özündə yaşatmaq üçün, sabaha ötürmək üçün, balalarına vermək üçün, ölçüyə çevirmək üçün mütləq ruhani dəyərlərə, ruhani ailəyə qayıtmalıdır. Ocaq ruhani Ailə yaratdı. Ocaq özü ailədir. Ocaqda ailələr var. Ailələr olacaq, artacaq. Azalmayacaq. Azalsa, yenidən artacaq. Ona görə Ocaq ailəsi qutsaldır. Ocağın ünvanlarında ailə həm qurulur, həm də ideyaya çevrilir. Biz Ocaq ailəsi olaraq, Ocaq olaraq, dünyaya ailə nizamı, ailə ölçüsü veririk. Bizim bu gün mərasim keçirməyimizin əsasında bu durur. Dünya, dünyanın gedişi insana qarşı olduğu dərəcədə ailəyə qarşıdır. Ailənin qorunması üçün bugünkü dünyada, çağdaş gedişdə heç bir ölçü yoxdur. Heç bir dəyər yoxdur. Ona görə də ailələr dağılır. Mənəviyyat nizamı vermir heç kim. Dinə bu qədər tapınırlar, bu qədər bürünürlər. Qızlar, qadınlar bürünür. Ərləri də saqqala bürünür. Ancaq ailə yaşamır, qorunmur. Niyə yaşanmır, qorunmur?

Çünkü insanlığın ləyaqətini yaşadan, öyrənən, dərk eləyən yoxdur. Biz onu veririk. Baxın, dünyaya ağalıq eləmək yürüşü var. İmperiyalar dünyanı bölməyə çalışırlar özlərinin malı, mülkü kimi. Bölmək üçün, ələ keçirtmək üçün zərbəni insanlığa vururlar. İnsanlıq ayaqda durarsa, bəşəriyyəti bölmək, kölə səviyyəsinə salmaq, ayaqlar altına salmaq mümkün olmaz. Ona görə diqqət eləyirsinizmi nə eləyirlərsə, nə zərbə vururlarsa, ailəyə vururlar. Bütövlükdə bəşər tarixində ailəyə ən böyük dəyər verən türk milləti olub. İndi türk millətini içindən dağıtmaq, çökdürmək üçün, onu asanlıqla idarə eləmək üçün onun içində ailəçilik janrını heçə endirməyə çalışırlar, öldürməyə çalışırlar. Nə ilə öldürürlər? Geyim, düşüncə, telefon, internet. Bunların hamısı evlərə doldurulan pozuculuqlardır. Ailə başçıları arasında şübhə yaratmaq çox asandır. Çünkü ailə başçılarının heç birinin mənəvi dəyərlərdən sorağı yoxdur. Hamısı üzdə, saxta bir həyat yaşayır. Hər biri oyuncaq bir həyat yaşayır. Ona görə də onların bir-biri üçün qiyməti də yoxdur. Qiyməti olması üçün bizi bir-birimizə bağlayan böyük dəyərlər gərəkdir. O dəyərlər yoxdur. Yaşanmır, yaşadılmır. Gərək sənin də, mənim də sevgimizin yönü olsun, anladığı bir şey olsun. Gözümüzün baxarı müqəddəsliyə doğru olsun gərək, müqəddəsliyə tapınsın. Bunlar yoxdur. Zaman-zaman mən deyəndə ki, bizim sevgimizi, siyasi mənada Avropaya bağlayırlar, ruhani mənada da Ərəbistana. Sevgisi, qibləsi Avropada olan, ya Ərəbistanda olan, öz yurdunda olmayan necə ailə olacaq? Ailə onun üçün oyuncağa çevrilir. Hərcayilik baş alıb gedir. Avropadan hər cür hərcayiliklər yurdumuza axıb gəlir. Ailənin içinə soxulur həyasızlar. Körpə uşağı atasından, anasından qoruyur. Körpə uşağın tərbiyəsini pozur. Atasına, anasına qarşı qoyur. O ailənin nə yönü-yöntəmi olacaq?! Uşağın yiyəsi uşağı böyüdə bilmir, tərbiyə verə bilmir. Ailələrin planlaşdırılması nə deməkdir?! Ailə iki insan qəlbinin sevdasına bağlıdır. Sevgini, inamı nə ilə əvəz eləyirsən axı sən?! Bunlar bir-birinə inanmalıdır. Bunlara dəyər vermək gərəkdir ki, bir-birinə inansın. Sevdikləri, inandıqları ortaq dəyərləri olsun ki, bunları bir-birinə bağlasın. Hamısını pozurlar, canlı insanları mexanizmə çevirirlər. Düşünməyi, sevməyi, inanmağı bacarmayan mexanizmə. Ona görə millət milliliyini itirir. İnsan insanlığını itirir, bəşər bəşəriliyini itirir. Asif Atanın Ruhani Ailə anlamı bütün bunlara qarşıdır. Ailəni bərpa eləmək, Millətçiliyi bərpa eləmək, xalqı özünə qaytarmaq – bunu biz öyrənməliyik, xalqa öyrətməliyik. İnsanlara öyrətməliyik ki, millət özünə bənzəsin. Bəşəriyyət özünə bənzəsin. Avropada söz azadlığı var deyə təbliğat aparırlar. Sözü tanımayanın nə sözü var, nə söz azadlığı olar?! Sözü buna tanıt, mənalandır, öyrət. Sözü bildiyi dərəcədə, yaşatdığı dərəcədə onun söz azadlığı var. Sözə biganə olan, sözü tanımayanın nə söz azadlığı?! Hüquq azadlığı nə deməkdir?! – Tülkünü buraxarsan, şiferin altından girər nə qədər toyuq var, hamısını boğar. Tülkü üçün nə deməkdir azadlıq? İnsanı heyvana çevirirsən. Ona hüquq uydurursan, bunlar nə deməkdir? Hamısı oyundur. Asif Ata bəşəriyyəti uçuruma aparan böyük bir oyuna qarşı dirəniş yaradıb. Asif Ata bizə dirənmək öyrədib. Ona görə biz deyirik, Ocaq qurtuluşdur. Doğrunu deyirik. Kim başqa cür düşünürsə, bizə anlatsın. Görək nə deyir, nə cür düşünür. Mən hər zaman vurğu eləyirəm, deyirəm hər yerdə, mənim ailəmdə əgər bu millətin dəyəri yaşamırsa, öyrədilmirsə, sevilmirsə, tanınmırsa, mənim evimdə böyüyən uşağın qurduğu ailə heç nə olacaq. Mənim evimə gələn gəlinin, ya da mənim evimdən gedən qızımın ailəsi heç nə olacaq. Doğduğuna nə öyrədəcək o? Hansı tərbiyəni verəcək? Özünün tərbiyəsi yoxdur, onun yaratdığı ailədə böyüyən uşaq kim olacaq? Hansı tərbiyəni verəcək? Bilinmir. Ona görə öncə ailə quranların özünün tərbiyəsini qurmaq gərəkdir. Ailə quranların özünü tərbiyə eləmək gərəkdir.

Belə-belə milləti vurub sıradan çıxardırlar. İnsanlığa qarşı azğın bir yürüş eləyirlər. Nə ilə yürüş eləyirlər? Kapitalizmlə (pulçuluqla), dinçiliklə, cəhalətlə, səfalətlə, aclıqla, talançılıqla. Hüquq oyunlarıyla, azadlıq oyunlarıyla, demokratiya oyunlarıyla. Hər şey başdan-ayağa oyundur. Bu oyuna qarşı bəşəriyyətdə bir dənə sağlam ünvan var – Asif Atanın Ocağı. Ondan möhkəm yapışmaq gərəkdir, onu ciddi yaymaq gərəkdir. Buna ciddi tapınmaq gərəkdir. Onda bizim rahatsızlıqlarımız ortadan qalxa bilər. Heç kimdən biz imdad istəmirik, ummuruq. Biz özümüz qurtuluş ola-ola heç kimdən qurtuluş gözləmirik. Qurtuluş insan qəlbində yaşayan ideallardır, ideyalardır, düşüncələrdir. Ona yiyələnməklə qurtuluşa çevirilirsən. Ona yiyələnmədən qurtuluşun peşində olmaq anlamını itirir. Ona görə yaşasın Ata! Yaşasın Ocaq!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Atamızın Bayrağını öpürəm. Bu bayraq başımızın üzərində nə qədər var, bu qurtuluş deməkdir. İnsanlığın Bayrağını başının üstündə nə qədər saxlaya bilirsənsə, sevə-sevə, çəkinmədən bu Bayrağın altında oturursan, sən bütün dünyada ən güclüsən. Güc ideyadadır, təfəkkürə yiyələnməkdədir. Kimin danışmaq gücü varsa, buyurun.

Güntay Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Mən qısaca danışacam, sadəcə dedim, Ataya səcdə borcumu yerinə yetirim. Soylu bəy, düz vurğulayırsınız, bütün dünyada gördüyümüz gedişlər insana qarşı olduğuna görə, fərd insanlaşa bilmədiyi üçün, ailə yaranmadığı üçün millət yaranmır. Bunun hamısının təməlində Asif Atanın dünyaya sunduğu ideyanın mənimsənilməsi durur. Yəni qurtuluş olaraq Asif Atanın ideyası durur. Ona görə insana qarşı yönələn bütün proseslər alıb başını gedir. Onların heç birinin yayılmaqda, təbliğatda çətinliyi yoxdur. Arxasında pul durur. Arxasında onu qəbul edə biləcək cahil, ruhsuz kütlə durur. Asif Ata o ruhsuz kütlələri özünə qaytarmaq, mənasına qaytarmaq üçün onlara bir Ocaq qaladı. Bu Ocaq Azərbaycanda qalandı. Bu Ocağın işığı ilbəil, günbəgün gurlaşsın ki, dünyaya işıq sala bilsin. İnsanlar mənəviyyatın ölçüsünü görə bilsinlər. İnsanların içi işıqlansın. Bu sarıdan Asif Atanın yükü bəşər tarixində ən ağır yüklərdəndir. Kütləni aldatmağa elə bir fərasət lazım deyil. Asif Ata əsil insana layiq olan, əsil dahiyə layiq olan bir addım atdı. Asif Atanın yaratdığı sistem həqiqətən təqdirə layiq, yaşadılmalı bir sistemdir. Ona görə mən də yaşasın Ata deyirəm. Atanın Bayrağı daim başımızın üstündə olsun. Atanın bayrağında birləşənlərin, sevgisini bəlli eləyənlərin sayının çox olması diləyi ilə Ataya bir daha səcdə eləyirəm. Sizlərə də Var olun deyirəm. Atamız Var olsun!

Soylu Atalı: Hər zaman dediyim məsələdir. Yazmışam da ki, min ildir Ocağımızı söndürüblər. Asif Ata min ildir söndürülmüş Ocağımızı yenidən qalayır. Nəinki yurdumuzun, bütövlükdə bəşəriyyətin Ocağını söndürdülər. Asif Ata o Ocağı yenidən qaladı. O açıdan bəşər gec ya tez Asif Atanın Ocağına ürək açacaq. Bizdən asılı çox şey var. Biz aktivliyimizi, fəallığımızı artırmalıyıq. Öyrətmənliyimizi yeni aşamalara keçirməliyik. Asif Atanı öyrənməyi yeni aşamalara keçirməliyik. Dərindən əsaslı öyrənməyi bacarmalıyıq. O açıdan çox məmnunluq duyğusuyla sizə bildirirəm ki, Bilənin axtarışları, darıxması, rahatsızlıqları əsil mənada millət fərdi deməkdir. Böyük bir sevgiylə vurğu eləyir ki, “İnsanlığa İnam Yolu” kitabı doğrudan da, mənim İnam Yolum oldu. O orda özünü tapa bilir. Çox ciddi bir məsələdir. Gec-gec olsa belə millətin içində bu cür insanlar millət yolunda özünü tapa bilir, qura bilir. Mən onun ağlından daha böyük işıqlar gözləyirəm. Öz çevrəsinə, ailəsinə zamanı gəldikcə etki göstərməsi aşkarlanacaq. Sağlam bir iç formalaşır mənim görümümdə əgər axıra qədər arxasında durarsa. Həm də bir sorumluluq görürəm özü qarşısında, ailəsi qarşısında milli ideyaların sıradan çıxarılması yönündə dinin insana, insanlığa vurduğu zərbə açısından sorumluluq görürəm. Bu cür sürəclər yurdumuzda genişlənərsə, mən sizi əmin eləyirəm, xalqın dönüş nöqtəsi çox uzaqda deyil. Xalqın içində ayrı-ayrı axtarışlar toparlanıb düşüncə sisteminə çevriləcək. Mən bu düşüncədəyəm. Hər zaman da amaldaşlarımı belə bir açıdan daim yenilənməyə çağırıram. Hər birinizin axtarışlarınız öz yerində, ancaq amaldaşlarımız yeni aşamalara yol açmalıdır. Daim yenilənməli – içində, düşüncəsində, axtarışında. Yol budur, doğru olan da budur, yaşamaq da budur. Həqiqəti tapmaqdan böyük, həqiqətlə yaşamaqdan böyük xoşbəxtlik yoxdur.

Bilən Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Soylu bəyi tanımamışdan qabaq həmişə düşünürdüm, görəsən bu xalqı fikirləşən insanlar varmı? Həmişə axtarışdaydım. Ancaq tapa bilmirdim. Soylu bəyi tapandan sonra düşündüm, bizi düşünən, bizə yol göstərən şəxsiyyətlər var imiş. Bu da Asif Ata ideyasına bağlı bir yoldur.

Ailə dəyərlərindən danışdınız. Məni ən çox rahatsız edən ailə dəyərləridir. Fikirləşirəm, ailə dəyərlərini necə qorumaq gərəkir. İnsanları basqı altında saxlamaq, kapitalizmin ən çirkin oyunlarını gətirmək. Bunları həmişə fikirləşirəm. Sadəcə olaraq, psixoloji duruma düşdüyümə görə üzrlü sayın. Bu psixoloji zərbələrdən çıxmaq üçün əmin olmuşam, ən düzgün yolu seçmişəm. Çalışacam, həmişə özümü doğruldam.

Soylu Atalı: Həm öyrənəsən, həm öyrədəsən. Bizdən başqa bu xalqı kim öyrədəcək? Görürük, ona müəllimlik eləyənlər onun evini yıxır. Ən doğru yönü biz öyrədə bilərik. Ona görə biz də hər yerdə insanlığa sevgiylə öyrətməliyik. Ağlına, düşüncəsinə doğru olanları yazmalıyıq. Bu bizim həm də borcumuzdur. İnsan, millət olduğumuz üçün borcumuzdur. Ata da deyir, öyrəndikcə öyrədin insanları, həqiqəti tanıya bilsinlər.

Güntay Atalı: Onlara həqiqəti tapan adam öyrətməlidir, sənin bildiyin həqiqət deyil. Həqiqət tamam başqa anlamdır, tamam başqa ölçülərə dayanır. Soylu bəy onu vurğulayır, bəşəriyyətin öyrətməni olmaqdır Ocaqçının görəvi. Belə durum var, Asif Ata da meydana çıxdı. Əgər o durum olmasaydı, hər şey öz nizamında olsaydı, Asif Ata da gedərdi öz işinə, gücünə. O da normal dolanışığı olan biri olardı. O məşəqqətli həyatı ona görə seçdi ki, nizam pozulubdur. Bu nizamın yaranması üçün dedi, zərər yoxdur mən özümü qurban verim. Qurban vermək təkcə fiziki olaraq gedib başını kötüyün üstünə qoymaq deyil. Asif Atanın yaşadığı hər bir an qurban idi. Asif Ata böyük xoşbəxtlikdir ki, bizim yurdumuzda belə bir dəyər yaratdı. Gör nə boyda ləyaqət istəyir insanlardan ki, arxasında durasan. Ona görə də ləyaqətimiz Atanın ləyaqətinə tən olsun.

Soylu Atalı: Bizə pis şeylər öyrətməyə çalışırlar. Ona görə balalarımız tərbiyəsiz olur, ailələrimiz yetim olur. Ailəsizlik baş alıb gedir. İndi gərəkdir, doğru olanı biz öyrədək.

Güntay Atalı: Hər şey insandan başlayır. İnsan dəyişsə, hər şey dəyişəcək. Elementar siyasi quruluşlar belə nisbi olur. Məsələn, İstanbulun elə yerləri var, orda insan alverinin qurbanı olmuş qızlar var, zirzəmilərdə balaca pəncərədən çölə baxır ulayır. Kömək istəyir. Orda naryad keçirən polis addımlayır keçir, guya o ulaşmanı eşitmir. Dövlət onu gözardı eləyibdir. Yüzlərlə insanın taleyi orda məhv olubdur. Bu, adamlığın qurduğu, yaratdığı sistemdir. Bayaq Soylu bəy hüquq məsələsinə toxundu. Keçən dəfə evdə söhbət düşdü, hüquq və haqla bağlı. Mən elementar misal çəkdim. Dedim hüquqla haqq eyni anlayış deyil. Mənim atam deyir ki, eyni anlayışdır. Hüququnu bilsən, hər şey yaxşı olar. Deyirəm, bizi yönətən hakimiyyətin bizə sunduğu anayasa belə hüquq verir ki, istənilən kişinin həyat yoldaşı gecə saat 3-də evə gələ bilər. Sənin hüququn çatmaz ki, sən evə niyə bu vaxtı gəlirsən deyəsən? Ancaq o bir azərbaycanlı qadın olduğu üçün onun haqqı çatmır. Onlar elə bilirlər siyasi quruluşların yaratdığı ölçülər yetərlidir.

Bilən Atalı: Soylu bəyi tanımamışdan qabaq həmişə Azərbaycan saatı verilişinə qulaq asırdım. O artıq beynimi robotlaşdırmışdı. İnsan çıxış yolunu onlarda görür.

Güntay Atalı: Onun özü çox məhduddur. İnsanlığın xilası üçün sonsuz üfüqləri Asif Ata açdı. Mən bu gün Asif Atanın davamçısı olduğum üçün demirəm ha. Ancaq bu insanın içində yaranıbdır xilasın yollarını insanlara təqdim eləmək. Ona görə də üfüqü Asif Ata açır. Talançılığa qarşı olan, məmur özbaşınalığına qarşı deyilən sözləri, verlişləri gözardı eləmirik. Ancaq bunlar məhduddur. Söhbət insanın xilasından gedir. İnsan xilas olmasa, dediyimiz şeylər başqa formada təzahür eləyib yenə ortaya çıxacaq. Bu gün kimlərsə, tox bir adamdan hansısa mövqeyi almaq üçün eləyir. Ancaq özü ilə məşğul olmayıb. O da doyandan sonra bunun elədiklərini eləyəcək. Min ildir o proses dayanmır. Hakimiyyətlər dəyişir. Hakimiyyətə gələni xalq otuzdurmur. O xalqın sorumluluğunu dərk eləmir. Kimliyindən asılı olmayaraq belədir. Texnologiyanın hakim olduğu indiki dövrdə onun etkisindən qaçacaq barmaq sayda adam taparsan. Yəni Asif Atanın Ocağından xəbərsiz bula bilməzsən o adamı. Bu bir həqiqətdir.

Bilən Atalı: Asif Atanı dövlət orqanlarına çağıranda deyirlər nəyə görə düşübsən bu millətin dalınca? İndi o sözü bu kütlə deyir.

Güntay Atalı: Onlara demək gərək: sən özün nə veribsən millətə?!

Soylu Atalı: Nurtəkin, bir yerə qeyd elə. Mərasimlərdə Atadan bir neçə dəqiqəlik görüntülər hazırlamağa çalışın ki, yayımlansın. Bizdə görüntü pleyeri var. Disklərdən qoyub mərasimlərdə Atanın çıxışına bir neçə dəqiqə qulaq asmaq gərəkdir. Ondan sonra biz davam eləyək. İkinci “Haraylar”ı bərpa eləyin. Qarşıdan Yeni il mərasimi gəlir. Yeni il mərasimi üçün yüz ədəd günsıra hazırlamaq gərəkdir. Buraxılışları Ocaqçılar arasında bölün, yayın. Söz deyə bilmədyiniz yerdə ədəbiyyat verin. Bilənə verin, qoy aparsın bölgələrdə uyğun bildiyi adamlara versin. Eləcə də günsıranı. Atanın 85 illiyinə indidən hazırlaşın. Orada muğam, ya saz olmalıdır. 85 illiklə bağlı 300-500 tiraj qəzet hazırlansın. Yeni buraxılışın qonuları hazır olsun. Əgər imkan tapsaq, Atanın kitablarından birini basmaq gərəkdir. Heç olmasa 200 tiraj olsa da onu həyata keçirmək gərəkdir. 85 illikdə çalışmaq gərəkdir bilgi verilsin. Ocağın həm anlamıyla bağlı, həm də əməlləriylə bağlı bilgi verilsin. 85 illikdə Atanın qarşısında Ocağın yetkin bir hesabatı olsun. Bir də ki, nişanəni dəyişin.

Ocağa davamçınız gəlsin. Hər kəs öz davamçısını hazırlasın özündən sonra. Onu Ocaqçı şəklində, ya rəğbətçi şəklində hazırlamaq olar. Bunu da həyata keçirmək gərəkdir. bunları düşünmək, əməl eləmək gərəkdir, söz kimi qalmasın.

Göylü Atalı: Bu il nə ili olacaq?

Soylu Atalı: Yaxşı dedin. Gəlin bu ilimizi də Ruhsal Quruculuq ili elan eləyək. Bunları həyata keçirmək üçün hər kəs hər ay boğazından kəsib 20 manat versin. Bu dediklərimizin hamısını həyata keçirmək üçün bizə bəlli vəsait gərəkdir. Heç kim bizə onu verəsi deyil. Yaxşı düşünün, bilin ki, Ocaq bizim məişətimizdən önəmlidir. Ocaq bizim üçün hətta ailə qayğılarımızdan öndədir. Çünkü Ocaq bizim ailəmizin, böyük mənada millətimizin var olması üçün sistemidir. Ona görə hər birimiz bu yöndə fədakarlıq eləməyi böyük şərəf, ləyaqət saymalıyıq. İçdən yanaşmalıyıq buna. Ocağı öyrənməyi, Atanı oxumağı davam eləyin. Arada çalışın Ailə Günlərini iki hissədən ibarət eləyəsiniz. Həm günün öz qonuları, həm də Qutsal Öyrənim Gününün ona birləşdirilməsi.

Güntay Atalı: Olarmı ki, “Ata Harayları”nı necəsə telefona yazım. Bizdə işdəki Turala dinlədim. O studiyada olduğu kimi işləsin onu.

Soylu Atalı: Niyə olmasın?! Günü bu gün, gecikdirmədən. Təşəbbüslərinizin arxasında durun, həyata keçirin. O sizin içinizə dəyişiklik gətirəcək. Həm də yeni aşama açacaq. Onda fərdin özünün də gücü artır, qurumun da gücü artır. İşləmək gərəkdir bunları…

Başqa sözünüz yoxdursa, mərasimimizi bitirmək üçün bir neçə söz deyim. Ocaq yarandığı gündən gəlişməkdədir. İdeyadan doğan prinsiplər gəlişir. İdeya daşıyıcıları olan evladlar gəlişir. İdeya daşıyıcısı olan evladlarının təşəbbüsləri yenilənir. Bu, Ocaqçının daha geniş səviyyədə özünü ifadəsi üçün, həm də başqalarına ruhani etki göstərməsi üçün önəmli bir nizamdır. Bu gediş, bu nizam hər kəsin müstəqil olaraq düşüncəsində, ağlında olmalıdır ki, onun əsasında yeni düşüncələr, təşəbbüslər ortaya gəlsin. Heç kim arxayın olmasın. Bir daha mən sizdən xahiş eləyirəm, özəl olaraq vurğulayıram, Ocağın varlığını, bir az da sərt deyim, Soylunun ölümünə hesablayın. Hesab eləyin bu gün o yoxdur. Yəni mənə arxayın olmayın. Siz daha geniş səviyyədə ruhsal müəllimlik gücünüzü formalaşdırın. Ən az vaxt tapanda belə, o vaxtdan doğru, səmərəli yararlanın. Öz üzərində işləmək, öz natiqliyini genişləndirmək. Var bu dediyim şeylər sizdə. Ancaq daim gəlişdirmək, yeniləmək. Çünkü ideya torpaq altındakı sərvət kimidir, əgər o ifadə olunmursa. Onu ifadə eləyə biləcək cəsarət, beyin, ürək gərəkdir. Heç kimlə heç bir qovğa aparmadan öz sözünü demək. İnsanlığın sözünü demək. İnsanlığın mənasını açmaqdan çəkinmək olmaz. Onda həm bizim sevincimiz böyüyəcək, həm də etkimiz böyüyəcək. Ocağın qaydalarına, rituallarına əməl eləmək gərəkdir. Mən çox sonralar peşman oldum. Arxayın idim. Mən öz üzərimdə gec işlədim. Ataya arxayın oldum. Atanın varlığı elə bir mənə “əngəl” olurdu. Ata aramızdan gedəndən sonra elə bil sorumluluğum birdən-birə artdı. İstəmirəm bu, təkrar olunsun, bu yenidən yaşansın. Mən sizin saflığınızı sizin özünüzdən daha gözəl görürəm. Sizin ağlınızın olanaqlarını da yaxşı görürəm. Siz də görün, qiymətləndirin, həyata keçirin. Onu demək istəyirəm. İmkanlarınız var. Həyat olanaq verməyəcək ki, sən özünü bir mərtəbəyə qaldırasan. Ayağından çəkməyə çalışır hər addımda. Həyata əmək sərf eləmək gərəkdir, ancaq diqqət ayırmaq yox. Diqqəti onun üzərində kökləyərsən səni çəkib yeyər. Həyat bizdən əmək istəyir. Ancaq diqqətimizi onun üzərində kökləməli deyilik. Mərasimimizin sonu olaraq bunu demək istəyirəm. Bununla da mərasimimiz başa çatır. Atamızın adıyla Nişanələrimizi qəbul eləyək.

Ocaq Yükümlüsü Soylu Atalı Yol sözü ilə Evladlıq Nişanələrini Evladlara sundu.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Mərasim sona yetdi.

 

Yazıldı: Çiçək Ayı, 42-ci il.

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir