Xəbərlər

Qutsal “Ailə Günü” Törəni

Ocaq Günsırası ilə 6 Köçəri Ayı, 44-cü ildə (fevral, 2023) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Ailə Günü” Törənini keçirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Sabahlı, Bağban, Amaltay bizimlədir.

Bu il Ocaq tədbirlərimizin 25-ci il ildönümüdür, yəni Atadan sonra onları 25 il həyata keçirmişik. 19-cu ildən üzü 44-cü ilə kimi. Bu, 25 illiyini keçirdiyimiz sonuncu Ocaq mərasimidir. Məsələ bunun 25, ya 28 olmasında deyil. Bir qayda oluşub dünyada, yuvarlaq rəqəmlər özəl olaraq vurğulanır. Bu da nəyə görə belədir?! İnsanlar nəyisə ifadə eləmək üçün, nəyinsə hesabatını vermək üçün yuvarlaq rəqəmləri əsas götürürlər. İstər ömrün hesabatını ver, istər əqidə hesabatını ver, nəyinsə hesabatını verirsənsə ver, belə bir səbəb tapırlar, ona görə adamların da yaşının 60, 70 illik olmasını vurğu edirlər. Yuvarlaq rəqəmli illərdə, dediyimiz kimi, nəyinsə hesabatını verib bilgi yaradırsan. Baxışları bura yönəldirsən. Mən yazsam Asif Atanın 78 illiyidir, o qədər önəm verən yoxdur. 80 yazan kimi baxışları çəkir, bu, artıq qurallaşıb. Belə, 25 ildir Asif Atasız Ocaq mərasimləri keçiririk. Öz-özlüyündə bu olduqca ciddi bir göstəricidir. Bu ciddi göstəricinin ayrı-ayrı mərasimlərimizdə niyəsini, nədənini vurğu eləmişəm. İndi də bir neçə cümlə ilə qabartmaq istəyirəm. Asif Atanın çalışması, zəhməti boşuna getmədi. Bilirsiniz, Asif Ata “Mütləqə İnam”ı hansı ortamda yaradıb. Sovetlər dönəmində hər şey yasaq olundu, milli-ideoloj məsələlərin gündəliyə gətirilməsi biranlamlı şəkildə yasaq olunurdu. Asif Ata belə bir ortamda çalışmalara başlayıb. Özü də necə çalışmalar?! – Bu, partiya yaratmaq deyil, fəlsəfi bir ideyanın elanı deyil, bu, birbaşa dünyaya meydan oxumaqdır: Quruluşa meydan oxumaqdır; Sivilizasiyalara meydan oxumaqdır; Kapitalizmə, sosializmə meydan oxumaqdır; Dinə, ateizmə meydan oxumaqdır. Baxın, bu, elə-belə məsələ deyil. Meydan oxuduğu ideyaları ilə dünyanın düzənini dəyişmək olar.
Asif Atanın sağlığında da Ocaqçıların sayı az olub, ölümündən sonra da. Bizdən qıraqda Ocağa iddia edənləri Ocaqçı saymırıq. Əgər Ocağı başqa olaylarla eyniləşdirib oyun oynayacaqsansa, ondan Ocaq olmaz. Ocaqla oyun oynamaqla ən böyük düşmənçiliyi özün özünə eləmiş olacaqsan. İnsan özünün ömrünü dəyişməyəndə, həm də siyasi oyunlara qoşulub bundan əl çəkə bilməyəndə, istər-istəməz Ocağı öz oyunlarına bulamağa çalışır. İstər-istəməz görüntülərlə baş qatır…
Ocaq tərbiyəlilər ünvanı deyil, kamillər ünvanıdır. Bizi qıraqdan çox insanlar tərbiyəli insanlar kimi qəbul edir, Atanın sağlığından üzü bu yana. Neçə adamlar olub, Atanın çevrəsində olan adamlara “bunlar saf adamlardır” deyə inanıblar. Ancaq oyunların içindən çıxa bilməyənlər getdikcə Ocağa da kuşku yaradarlar, təkcə özlərinə deyil. Ona görə bizim işimiz tərbiyə məsələsi deyil. Tərbiyə ilə dünyanı dəyişmək olmaz. Dünyanı kamilliklə dəyişmək olar. Ocağın mərasimləri, Ailə Günləri tərbiyələndirən məktəb deyil, kamilləşdirən məktəbdir. Əgər Ocaq Evladları Asif Atanın tələblərinə olduğu kimi yiyələnərlərsə, yüksələrlərsə, onda onların şəxsiyyəti qarşısında gerçəkdən də dünya dəyişilə bilər. Hələ ki, biz o tələblərə az yetmişik. İdeyaya yiyələnməyimiz, düşüncələri dəyişməyimiz aktiv aşamaya keçməlidir. Az işlər görmürük, ancaq çox işlər görməliyik. Dediyimiz kimi, Ocaq Quruculuq ünvanıdır, kamillik ünvanıdır. Ona görə bu yolu gedə bilən adam həmişə barmaq sayda olacaq. Bizdən öncəki hərəkatlarda da belə olub. Hürufilərin sayı minlərcə idi. Minlərin içərisində 7-8 kamil hürufi vardı. Onlardan çox az adamın adı bu günümüzə gəlib çıxıb. Hürufiliyi təhlil etmək istəmirəm. Bir dəfə söhbətimizdə onları da vurğu eləmək olar. Dediyim odur ki, hərəkatı yaradan, yaşadan, dəyişikliyi ortaya gətirən minlərcə insan olmur, birlərcə insan olur. Bu həqiqəti artıq biz dərk eləmişik. Ona görə Asif Atanın yaratdığı qurumu, ideyanı yaşatmaq olduqca böyük ərdəmlikdir. Qeyrət məsələsidir. Mən “25 ilik” məsələsini ona görə vurğu elədim. 25 ildir, Ocaq bu düzeydə var. Mənliyimizin, ruhumuzun gücünə görə var. Atanın ölümündən sonra Ocağa xeyli sayda adam qəbul eləmişik. Onların çoxu qalmadı. Bəzilərini özümüz uzaqlaşdırdıq, bizə düşmən kimi ayrılanlar oldu, rəğbətlə yanaşanlar da var, i.a…

İndi qayıdıram bir az da işin başqa yönünə. Ağır bir xəstəyə, deyək ki, oğlunun cəbhə bölgəsində ölümü, dirimi olmasından sorağı olmayan xəstəyə oğlu haqqında soraq verirsən, oğlun sağdır, gəlir. Onda hansı ruh yüksəkliyi yaranır. Ölümlə üz-üzə durub, ancaq onda necə ruh yüksəkliyi yaranır. Necə böyük sevinc yaranır. Onun sanki dünyası dəyişir. Onun hər şeyə baxışı dəyişir. Ölümə də baxışı dəyişir. Niyə dəyişir?! İnam məsələsi var. Bunların hamısı ya primitiv inamdır, ya yetkin inamdır, müdrik inamdır, fərq etməz, uşaqda primitiv inamdır, aldanır. Ancaq o halı yaradanın adı İnamdır. Asif Ata bizə deyir, bəşəriyyət sizin yaşadığınız, yaşatdığınız ideala gəlib çıxacaq. Onu qəbul edəcək, o idealla yaşayacaq. Biz buna inanmışıq, onun Ocağına gəlmişik ki, biz sənin bu dediyinin uğrunda mübarizə aparmaq istəyirik. Bizdən qıraqda da insana vəd verirlər, inandırırlar, ancaq məsələ ondadır ki, mən yalana da inana bilərəm. Yalana inanmaqla da məndə ruh yüksəkliyi yarana bilər. Ola da bilər, heç inandığımın yalan olduğunu ömrümün axırına qədər bilmərəm. Ona görə Asif Ata deyir, ruhunuzu kamil bir səviyyəyə çatdırın. İnamınızı, İdrakınızı, Mənəviyyatınızı, İradənizi Mütləqləşdirin. Bu nə deməkdir?! Mən sizə deyirəm mənim Amalım bəşəriyyəti xilas edəcək. İdeyanı ciddi öyrənin görün xilas edəcəkmi?! Xilas edəcəyinə əmin olun ki, inamınız İnama bənzəsin. Mütləq olsun. İnamınız müdrik olsun. Əgər inamınız müdrik inam olacaqsa, siz onu anlayıb dərk edəcəksinizsə, boşuna inanmayacaqsınızsa, ömrünüzü dəyişəcəksiniz. Mənəviyyatınızı quracaqsınız. Kamilləşəcəksiniz. Özünüzü dünyanın pis gedişinə qarşı qoyacaqsınız. İradənizi kamilləşdirəcəksiniz, iradənizi mütləqləşdirəcəksiniz. Asif Ata bizə bunları deyir.
Dinlər də deyir, məni qəbul eləsəniz, sizi bəşəriyyətin qurtuluşuna qovuşduracam. Buna inanırlar da. Bunlar da başdan-binadan insanları aldatmaq istəyində olmayıblar. Onlar da nəyəsə dayanıblar. Nəyəsə güvəniblər. Boşuna da dayanmayıblar, boşuna da güvənməyiblər. Öyrənmək məsələsi var ortada. Dərk elə, İdeyanı tanı, bil. Əgər ideyanı öyrənməzsən, sənin inamın gələcəyə bağlanmaz. Gələcəyə bağlanmaq üçün ortada bir həqiqət olmalıdır, bu həqiqətin bir yanı sənə bağlıdır, bir yanı gələcəyə. Deməli, səninlə gələcəyin ortasında bir bağ var. Bu bağ inandırır, bu bağ əmin edir, bunu dərk eləyəndən sonra bilərsən, sənin inamın kamil inamdır, yetkin inamdır. Sənin inamın iş görər. Ancaq gözüyumulu “hə” deyərsən, bilməzsən səni gələcəyə götürür, ya götürmür. Yenə vurğu eləmək istəyirəm, 50 ildən, 100 ildən sonra bəşəriyyətin durumu necə olacaq, bilmirəm. Mən fiziki baxımdan olmayacam. Ancaq məni ora götürən ideyanı araşdırıb öyrənirəm, sanki mən artıq o çağın özündə yaşayıram. Mən artıq o çağı görürəm. Ata deyir, sabahı bu gündə yaşamaq gərəkdir. Yəni sabah hansı həqiqət olacaqsa, bəşəriyyət hansı düzəydə yaşayacaqsa, onu öz ömründə bu gün yaşa, yaşat. Biz Asif Atanın həqiqətlərini araşdırıb öyrənirik, görürük, doğrudan da, bizi gələcəyə götürür. Mən həmişə dini öyrənəndə bu açıdan öyrənmişəm. Öyrənməyə çalışıram, məni gələcəyə aparır, ya aparmır. Din deyir, aparıram. Ancaq öyrənəndə görürəm, aparmır. Ona görə dindən imtina edirəm. Atanın dediklərinə üz tuturam, İnsana, insanlığa onu verirəm. Ocağın tədbirləri belə bir məktəbdir. Gələcəyə inanan, gələcəyə bağlanan, gələcəyi bu gündə yaşayan, ömrü bu günündən yüksək olan insanlar bu mübarizənin nə demək olduğunu bilir. Dünya hamının gözündən düşdüyü halda, bu mübarizə ilə, azların gözündə dünya cənnətə dönür. Müqəddəsləşir. Dünya azların gözündə müqəddəsləşdiyi üçün yaşayır. Dünyanı azlar gözəlliyə qovuşdurur. Dünyanı azlar müqəddəsliyə qovuşdurur. Dünyanın anlamını azlar dünyanın özünə qaytarır. Belə olanda bu mübarizə ölçü olur. Bu ölçünü yaşatmalı olan, qorumalı olan yeni soylar yaranır, estafet ötürülür səndən sonrakına. Ancaq bütün dediyimiz kriteriyalara yiyələnərək, anlayaraq, qanaraq, bilərək, ömrünə gətirərək.
Biz deyə bilmərik, dünyada milyardlarla insan bizim arzularımıza, niyyətlərimizə tam cavab verəcək, dünya gözəl olacaq. Dünyanın gözəlliyini azlar yaradır. Bütün dövrlərdə, bizdən qabaq, bizdən sonra dünyanın gözəlliyini, ləyaqətini azlar yaradıb, azlar yaradacaq. Çoxluq azların ölçüsündə yaşamalı olacaq. Ancaq bu gün insanlar hər şeyi başqasından gözləyir. Başqasından gözlədiyi üçün də, nəyinsə olacağına inanmırlar. Özündən başlamaq gərəkdir… Bizim üçün Özündən başlamağın ilk koşulu dəqiqlikdir, intizamdır. Dəqiqlik, intizam o deməkdir, sən özünə inanırsan, sən özünü hədəflədiyin Amala, ölçüyə, yönə çağırırsan. Özünü çağıra bilməyən adam başqasını heç vaxt çağıra bilməz. Öncə özün, “öz” məsələsi. Özünü  çağıra bilirsənsə, yavaş-yavaş sənin səsinin ahəngi daha uzaqlara işləyəcək. Başqalarını da çağıracaqsan.
Ayrı-ayrı dönəmlərdə biz, Atanın ölümündən sonra, orda görüş, burda görüş, səfərlər elədik, qəzetlərdə yazılarla çıxış elədik, sonra oturduq evdə. Biz evdə oturanda bizdən qıraqdakılar iş görürdülər. Orda-burda soraq verilir, söhbət gedir. Orda qəzet oxunur, burda kitab oxunur, görürsən dalğa-dalğa iş gedir. Böyük insanlar haqqında deyirlər, filankəsin ölümü də iş görür. Öləndən sonra da böyük şəxsiyyətlərin varlığı insanların ağlında, şüurunda, düşüncəsində, müzakirəsində, sözündə, söhbətində davam edir. Bunun belə davam eləməsi ona gətirib çıxarır ki, bəlli bir xətt yaranır, yön yaranır. Ona görə insanın özünü yaratması, özünü çağırması, dəqiqliyi, intizamı, özünü aldatmaması, sonucda insanlığa inam ölçüsü verir.

Asif Atanın Ocağı var olsun. Ocağının ailəsi var olsun. Ocağın Ailəsinin 25 illiyi qutlu olsun.
Atamız Var olsun.

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Bu ilimizdə də əməllərimiz zəngin olmuşdur. Hər bir Ocaqçı getdiyi yerlərdə, mühitdə Ocaq sorağı vermiş, ədəbiyyatlar bağışlamışdır. Atagün Elinə iki dəfə səfər olunmuş, Soylu Atalı, İnamlı, Günev Atalılar səfərdə olmuş, söhbətlər etmiş, Ocaq ədəbiyyatı vermişlər.
Bilənin təşkilatçılığı ilə Soylu Atalı Göyçaya səfər etmiş, söhbətlər etmiş, ədəbiyyat bağışlamışdır.
Soylu Atalı Kanal 13 və MgTV-də müsahibə vermiş, soruları cavablamışdır.
Nurtəkin Atalının Quba, Şabran, Xaçmaz bölgəsinə səfəri olmuş, Kitab Evlərinə, Mədəniyyət Evlərinə ədəbiyyat bağışlamış, söhbətlər etmişdir.
Soylu Atalının “Sözün Doğrusu”, “Düşünməyin İnam Ölçüsü” kitabları çapdan çıxmışdır.
Hər bir Ocaqçının xalqlaşma əməlləri olmuşdur.
Soylu Atalının internet qəzetlərdə ardıcıl yazıları çıxıb, getdiyi yerlərdə, iş yerində xalqlaşması olub.
Günev, İnamlı Atalılar getdiyi yerlərdə, yas yerlərində xalqlaşıblar.
Bilən Atalı ardıcıl iş yerində söhbətlər edir. Səfərlər planlaşdırıb, gerçəkləşdirib.
Göytəkin Atalı yazıları ilə internet qəzetdə çıxıb, tədbirləri kitablaşdırıb, Soylu Atalının, Ocaqçıların yazılarını çap üçün hazırlayıb. İmkanı olduqca ətrafındakı xanımlarla söhbətlər edib.
Ocağa Evlad gəlişi ilimizin uğurlarındandır. Ömürtayın Ocaqda özünü yaradacağına inanırıq.
Ailə Günlərimiz, Bayramlarımız, Mərasimlərimiz ardıcıl keçirilib.
“Ata Sonevini Ziyarət Günü” mərasimi də səfər olub. Orda bölgədən bir neçə adamın qatqısıyla  Mərasimi keçirdik, sonra Aydın bəyin təşkilatçılığı ilə Ağstafa şair-yazarları ilə görüş keçirildi.
Hər bir Ocaq tədbiri həqiqətən də məni kökləyib. Hər bir tədbirimiz şəxsən mənim özüm üçün bir məktəb olub. Mən halımda Ocaqdan ayrılmamışam, ancaq onu ifadədə özümü tam doğrultmamışam. Qarşıda böyük işlər var.

 Atamız Var olsun.

Soylu Atalı: Mən bayaq, Ocaqda işin tərbiyəyə deyil, varlığa bağlı olduğunu vurğu eləmişdim. Bir şeyi yenidən bir neçə cümlə ilə qabartmaq istəyirəm. Ocaqda elə işlər olub, elə əməllər, hünərlər olub, onları sıradan tərbiyəli adam edə bilməzdi. Eləcə də başqa dünyabaxış daşıyıcılarının çağdaş insanları edə bilməzdi. Vaxtilə Babək haqqında yazı yazmışdım, – qəhrəmanlıq idrak olayıdır. Babək qəhrəmanlığı qola-qıça əsaslanmırdı, təfəkkürə dayanan bir qəhrəmanlıq idi. Burada Ocaqçılarımızın təvazökarlığı dəyərlidir, hünərləri təvazökarlıqdan daha hünərlidir. Bu hünərlərdən biri də Günevin hünəridir. Onun hünəri deyəndə bəlkə də hamınızın gözünün qabağına ilk baxışda məbəd gəlir. Ancaq mən bölgədə Günevin döyüşünü, dirənişini dönməz bir olay sayıram. Dünyanın bir nöqtəsində, bir bölgəsində yaranır böyük olaylar. Peyğəmbər bir bölgədən çıxır. Onun etkisi, işi, səsi-sorağı uzaq bölgələrə yayılıb etki göstərir. Ona görə dedim döyüş, dirəniş məsələsini. Gərək nə qədər özünə inanasan, yoluna, Amalına inanasan, o dirənişi, duruşu göstərə biləsən. İllərlə Günevin üstünə gəliblər. Geri durmayıb. Bütün tərsliklər bir inadın qarşısında əyilib, onlar addımı dala qoyublar. İndi o bölgədə, o işlərin sonucunda, Günev onların gözündə qutsal bir şəxs kimi tanınıb, bilinib. Öyrətmən kimi, bir yolun, bir işin qurucusu kimi bilinib. Onun hünərləri sırasında Nurtəkinin, Göylünün adını çəkə bilərəm. Bugünkü Göyçaylı Ocaqçılarımızın adlarını çəkə bilərəm. Ayrı-ayrı elementlərlə, ayrı-ayrı faktlarla, ancaq bütöv bir dirəniş faktı, bütöv bir döyüş faktı kimi Ocağın tarixində az olan olaylardan biri olacaq. Bunu deyəndə Ocağın ləyaqəti mənim gözümün qabağına gəlir. Bu ləyaqət indiyə qədər dediyim sözlərin hamısına inandırır, ortada fakt var. Biz sözü nəzəriyyə kimi demirik. Nəzəriyyədən daha dərində fakt var, əməl var. Bizim Atanın ölümündən sonra keçirdiyimiz görüşlər, səfərlər, döyüşlər elə-belə məsələ deyil. Çağaşırı dövlət orqanları evlərimizə gəlirdilər, sorğular aparırdılar, ailələrimizi rahatsız edirdilər. Ancaq bu Ocaqçılar sarsılmadılar, usanmadılar, inadla öz işlərini gördülər. 15-16-cı yüzildə yaşamış hürufiləri misal çəkirəm. O vaxtlar dövlət səviyyəsində hürufilər təqib olunurdu, onların işi araşdırılırdı, dövlət səviyyəsində görürdülər ki, onlar qurucudurlar. Ancaq öldürürdülər. İndi həmin dönəmi biz yaşayırıq. Bizim üstümüzə gəldilər, araşdırdılar, gördülər biz qurucuyuq, bizim yaxamızdan əl çəkdilər. Görürlər Ocaqçılar dağıdıcı deyil, qurucudurlar. Bunu dövlətin özünə anlatmaq, ideyanı tanıtmaq, əməlini tanıtmaq Ocağın tarixində ayrıca səhifədir. Sən üç-beş qonşuna, tanışına tanıtmırsan, dövlətə tanıdırsan ki, mən dünyanın yiyəsiyəm, qurucusuyam. Gör hansı biçimdə sənin səsin-sorağın genişlənir.
Ocaq həyatı düşünüləsi məsələdir. Ona görə mən deyirəm, Ocağın işini, gedişini Ocağın içindəki saya hesablamaq olmaz. Onu yaxşı araşdırıb, yaxşı təhlil eləmək, yaxşı qiymətləndirmək gərəkdir ki, sən atdığın addımlara daha çox inanasan.

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Nəinki Ailə Günləri, bütün mərasimlər Ocağın yaşaması üçün əsas verən, stimul verən olaylardır. Mərasimlərdə toplumda, həyatda rast gəlmədiyimiz, eşitmədiyimiz hallarla, sözlərlə, münasibətlə, ünsiyyətlə bir oluruq. Başlıcası da insan özü ilə bir olur. İnsan özünü mərasimdə daha çox təsdiq edir. Mən hər hansı bir toplantıda bir az da yanlış danışaram, heç kəs bilməz. Heç kim mənə irad tutan deyil. Ancaq mərasimdə səni kimlər dinləyir, Homerin sözü ilə desək, Allahsifətlilər. Ata bu sözü deyib deyə vurğulayıram. Deyir, zaman gələcək, bizi öyrənəcəklər, deyəcəklər bunlar doğrudan da, Allah imişlər. Ona görə mən Ocaqçıların hər birinə elə ucalıqda baxıram.
Toplum insanı öz etkisində saxlamağa çalışır. Bəlli mənada da etki göstərir. Elə qayğılar var, bizi bəzən yaradıcılıqdan qoyur. Mənim yaradıcılığım – görüşlər, ünsiyyət, ideyaları yayıcılığım, Ocağa olan inamımda, halımda yeriməyim, bu kimi işlərimdi. Mən yazıçılar, şairlər kimi natiq danışa bilmərəm axı. Ancaq onlar halı verə bilmirlər, Günev, ya Göylü kimi. Çünkü o hal ürəkdən, ağıldan, zəkadan, ruhdan, birbaşa gözlərdən çıxır. Onun qarşısında dayanmaq çətindir. Ocaq təhsilimi mən heç də az hesab eləmirəm. Mən orta məktəb bitirmişəm, ali təhsilim olmayıb. Ocağa çöldən gəlmişəm. Fəhləlikdən gəlmişəm. Ruhaniyyat məsələsində ali məktəbin verdiyindən daha yüksək mövqe qazanmışam. Ocağa gələn fədakarlığa gəlir, Ocağa gələn dünya qarşısında sorumluluğa gəlir, mən sorumluyam…

Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Ocaq mənim üçün elə bir ruhani məktəbdir, burada insanı, milləti dəyişmək imkanları qazanırsan. Ona görə Asif Atanın yaratdığı Ocağı yaşatmaq böyük ləyaqətdir. Ümid verən, insana daxili inam gücü verən bir ləyaqətdir. Deyirlər sağlam bədəndə sağlam ruh olar. Tərsinə, Soylunun dediyi kimi, sağlam ruh bədənin də sağlamlığını şərtləndirir. Ocaqda nələr öyrənirik. Hər kim öz millətini sevirsə, vətənini sevirsə, bunları azad görmək istəyirsə, bu insanlar bir-birini axtarıb tapmalıdırlar. Soylu qardaşımızın yazıları məni sistem kimi etkiləyir. İnam Evi Günü tədbirindəki çıxışı təkrar-təkrar oxudum, heyrət etdim, çox dərinlikləri açıb göstərir. Mənə görə bu yazılar Amalın konsepsiyasıdır. Hər yöndən yanaşmalar, öyrətmələr var. Qardaşımızın bir cümləsini oxumuşdum, çox etkili bir mənzərə yaradır. Deyir, Mütləqin varlığını maddi olaraq kim sübut edə bilər – insanda sevinc duyğusunun, ya da kədər duyğusunun yerini hansı cərrahi əməliyyatla göstərmək olar?! Asif Ata deyir, Görünən yoxdur əslində. Olmalı olan var.
Qədimdən üzü bəri bəşəriyyət inam axtarışında olub. İnam maddi-fiziki həyatın nizamını yaradıb. Gözlə görünməyən həqiqətlərə söykənilib, bu həqiqətlərə ağıl girə bilmədiyinə görə absurd sayılmayıb. Bu işdə də Asif Ata yeni bir aşama başladı. Yeni bir nizam oluşdurmağa çalışır. Biz də onun bu işinin arxasında dururuq. Ataya qədər olan dini ölçüləri nisbi sayırıq, insana gərək saymırıq. Bu haqda çox demişik. Doğrudur, onların da bəşər həyatında etkiləri olub. Lap elə götürək toplumu. Toplumun də üstün  tərəfləri olub. Ancaq bugünkü toplumumuza baxırıq, onların üstün tərəfləri artıq kölgədə qalıb, görünməz olub. Bioloji varlığıyla bağlı olan keyfiyyətlər önə çıxıb. Cəmiyyət bu gün elə bir durumdadır, insana qarşı yaşayır… Ocağa gəlməmişdən də bu cür duyğular insanın qəlbində yaşayırdı. Sözsüz, Amalımız olmasaydı, bu məsələlər həyatımızda dərinləşməzdi. Bu yola düşə bilməzdim. Alayarımçıq yaşamaq şərli yaşamaq kimi bir şeydir. Mübarizə üçün, dəyişmək üçün Ocaq gərək idi. O da yaranıb. İndi gərək gücümüzü Ocağa verək. Atamız Var olsun!

Soylu Atalı: Atanın işi insanı, dünyanı dəyişən inamdır. Qardaşımız yaxşı bir söz deyir, dinin  iki əsas məsələsi insanın əlini, qolunu bağlayan məsələdir. Həm insanın tamahlandırılıb aldadılması, həm qorxudulub aldadılması. Bir var insanı inandırmaq, bir də var, insanı aldatmaq. Cənnət-cəhənnəm insanı aldatmaqdır. Yalana inandırmaqdır. Nə eləyirsən elə, başqasının ayda-ildə bir kisə kartofuna göz dikirsən, bir kisə kartof verilsə, mən dolanacam, bir də var özün dizini yerə qoyub əkirsən, onu istehsal edirsən. Bu artıq özgüvəndir. Qurtuluşu özün yaradırsan, bu sənin həmişəlik qurtuluşundur. Özünə inanırsan, öz gücünlə yaradırsan. Bir də var gözünü dikmisən kimsə qıraqdan mənə nəsə verəcək. Ata deyir, marksizm insan üzərində istehsalat allahı yaratdı. İstehsalat da Allahdır. Zərdüştdə Hörmüzdlə Əhrimən var, məgər Zərdüştdə iki Allah var?! İki Allah yoxdur. Şər süni Allahdır əslində, çünkü əgər sənin varlığını yaradan, qoruyan, yaşadan xeyir deyilsə, deməli, o Allahı əvəz edən, sənin üçün Allah rolu alan başqa bir şey var. O nədir – şər. Şər özlüyündə Allah deyil. Sənin üzərində hakimdirsə, sənin içində, varlığında Allah rolunu, funksiyasını öz üzərinə götürürsə, sənin üçün Allah odur. Oğru üçün Allah nədir – oğurluq. Hökm edir, onu yönləndirir filan. Asif Ata üçün ölçü insanın dəyişməsidir. Ruhaniyyatın dəyişməsidir, ruhaniyyatın yaranmasıdır. Avropada Hüquqdan Allah düzəldiblər. İnsan üçün hər şeyi dövlət edir, hüququ edir, insan özü eləməlidir ki, onun özülü olsun. Bütün o hüquq-filan kapitalizm quruluşunun içindədirlər. Quruluş kapitalizmdirsə, orda sən heç vaxt ədalət axtara bilməzsən. Ədalət pozulacaq. Sadəcə olaraq, Azərbaycanla, Ermənistanla, Rusiyayla tutuşdurulur, Avropada sıradan adamların haqqı-filan bərpa olunur, burada yox. Belə şeylər Ocaq üçün, Asif Ata üçün ölçü deyil. Bu gün toplumun Ocağı yoxdur. Ona görə onun ölçüsü, idealı nədir, İsveçrə. Mənim Ocağım var, mənim üçün İsveçrə ölçü ola bilməz. Mən bilirəm Ocaq mənə hansı ölçünü verir. 

Ömürtay Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.):  Ocağa gəliş səbəbim bir neçə yol demişəm. Nə ilə bağlıdır bilmirəm, kimlik böhranı keçirdirdim. İndi də dərin sorğu-suallar gedir içimdə. Çünkü həyatda insanın düşüncələriylə, gözləntiləriylə reallıq arasında dərin bir uçurum yarananda insan özünü hər cəhətdən rahatsız hiss edir. Mən də həyatda yaşayanda özümə bir ölçü axtarırdım, necə olsun, axıra kimi tarazlığımı saxlaya bilim, ondan çox etkisi olmasın, Atanın bir sözü var – Ocaqçı özünü hər gün kökləməlidir. Ola bilər mühit pis olar, ola bilər toplum pis olar, ancaq İnsanlıq safdır, yoluna çatmağa çalış. Həqiqətən də birdən hər şeyi qırağa qoyub öz ruhumla, özümlə baş-başa qalanda görürəm safdır, təmizdir, ona heç nə qarışmayıb. O mənə güc verir, görürəm ətrafdakı şeylər əslində öz-özlüyündə insana təsir eləməyə bilən şeylərdir. Bizim öz münasibətimiz sorun yaradır bizdə. Atanın sözləri çox mənalıdır. Ən böyük etkiləyən sözü odur ki, bütün fəlakətlərin başlanğıcı insanın özünə inamsızlığından yaranıb. Mən oxuduğum kitablardan, Atanın özünün də sözlərindən ən güclü təsir edəni odur. Həmin sözü mən öz həyatımda, işimdə həmişə öndə tuturam. Həmişə mənim qabağıma gəlir. Hər bir hallarda sanki bir mayak kimi o söz həqiqətən böyük təsir edir. İnanın, bəlkə başqa sözlər heç olmasaydı belə, bir o sözdən tutub çətinliklərin içindən çıxa bilərdim. Onu dərk edirəm. Ocağa gəlirəm, sizi də dinləyirəm, çox faydalanıram. Ruh yüksəkliyi yaranır. Əminəm hər şey daha yaxşı olasıdır. Hər birinizə təşəkkür edirəm. Sağ olun.

Atamız Var olsun!

Soylu Atalı: Yaxşı bir sonuca gəldi Ömürtay. Atanın çağırışına önəm veribdir. İnsan həyatındakı hər bir çatışmazlığı yaradan insanın özünə güvənsizliyidir. Deməli, biz dünyanı öyrənirik, araşdırırıq, özümüzü öyrənirik, araşdırırıq, çevrəmizi öyrənirik, araşdırırıq, həyatın gedişini i.a. Qarşımıza o qədər sorunlar çıxır, deyirsən bu boyda sorunların, fəlakətlərin qarşısında hər hansı pozitiv bir şey tab gətirməz. Sanki elə yaranır. Sizə bir misal deyim, Aristotelin hərəkətin qaynağını axtarması var, hərəkət necə yaranır, nə ilə başlayır, axtarır, ancaq sonuca vara bilmir. Deyir, hardasa dayanmaq gərəkdir. Bizim də qarşımıza elə şeylər çıxır, axtara-axtara, araşdıra-araşdıra şübhə ilə gedirik, görürük qurtarmır. Bir sorun tapırıq, bu problemi ağlımızda çözürük. Çözürük, qarşımızda başqa bir problem çıxır, tükənmir. Əgər insan özünə inanmayacaqsa, o cür problemlər saqqız kimi uzana-uzana gedəcək. Heç nə həll olmayacaq. Bəzən deyirlər sən özünə inanmaqla deyil, filan məsələ belədir. Sən orda müsbət bir şey uydurmaqla deyil ki. Biz yalandan nəyisə uydurmağı önərmirik. Atanın dediyi kimi deyirik, Mütləq olan var. Kainatda, dünyada, insanda. Mənim dərdim hərəkətin qaynağını tapmaq deyil. Mənim dərdim, insan niyə bu günə düşüb, onu tapmaqdır. Səbəb axtarıram, araşdıram, məsələ gəlib mənim özümə dayanır. Mən də o sorunda dayanıb qalmıram. Özümü o problemə bərabər tutmuram. Deyirəm, bu problem mənim filan keyfiyyətlərimin çatışmazlığına görə var. Mən içimdə Mütləq gəzdirirəm. Mən niyə daim çevrəmdə eybəcərliklər axtarmalıyam, dünyanın axırına çıxan budur. Yaxşı bir şey yaradıb deyim ki, dünyanı bu qurtaracaq. Atanın məktəbi sorunları sayıb insanın beynini kütləşdirmir, insana qurtuluşun yolunu öyrədir. Yalnız qurtuluşa genel əngəl olan sorunları mənə öyrədir. Bunların çözümü üçün kamilləşmək gərəkdir deyir. Frans Kafkanın “Çevrilmə” əsəri var. Mən onu oxuyanda quyunun dibinə düşdüm. İstedadlı adamdır Kafka. İnsanı həşərata çevirir, onu divarlara dırmaşdırır, ancaq həşəratlaşmış insanı insan edə bilmir. İnanmır o insan ola bilər, nə vaxtsa öz mənasına qovuşa bilər, kamil ola bilər. İnanmır. İnanmadığı üçün aparır cəhənnəmə bağlayır. Mən görürəm ki, bu insanı həşərata çevirir, həşəratdan da qaytarıb özü edə bilmir. Mən necə ümid bəsləyim, necə ölçü götürüm ondan. Onunla bir yerdə ruhum ölür, çökürəm. Bədii ədəbiyyatın rolu az deyil, ancaq belə pessimizm yaratmaq ölçü ola bilməz.

İnamlı Atalı: Neçə ilərdir Ocaqdayam. İnamımda şübhə qalmayıb, idrakımda özüm üçün əsaslandıra bilirəm ki, İnamımı təsdiq edirəm. Mənəviyyat, İradə mənim üçün problemə çevrilir. Mütləqə İnamı böyük fasilələrlə oxumuşam. Bağbanlığı necə edək içimizdə. Cəmiyyətin, təbiətin insana etkisi var. Bu etki insanın quruluşunun özünün imkanlarında var hardasa. Beyində altşüur 5 yaşına qədər tamamlanır. 12 yaşına qədər insan formalaşır. Bu nə deməkdir? 20-30 yaşında biz Amalla rastlaşdıq. Beyin artıq doludur. Bunlardan necə qurtulaq? Bilirik, qurtarmaq lazımdır, inamımız var, idrakımız var, insan bundan qurtulmasa, necə xilas ola bilər, milləti üçün nə düşünə bilər, ömrü də hədər gedər. Bu ömür sənə bir dəfə verilib. İnsan axı axtarışsız da yaşaya bilmir. İçindəki Mütləq daim onu rahatsız edir. Bu öz yerində. Mən onu ancaq bu cür düşündüm ki, beyindəki qara-qura düşüncələri başqa cür çıxartmaq olmaz. O duyğu ilə necə döyüşürəm. O duyğu içəridə var da, yaşayır. Altşüura çöküb. Ancaq Amallaşmaqla, daim döyəcləməklə Amalın ideyaları ilə, daim onun yerini daraltmaqla mən belə bir yol fikirləşirəm özüm üçün. Bir an insan özünü boş buraxanda gedir hərcayiliyə. Bura mənim üçün xüsusilə böyük bir məktəbdir. Nə qədər burda köklənirəm. 2-3 gün burdakı səviyyə ilə yaşayıram, sonra qayğılar bir az adamı sıxışdırır. İnsanlaşma məsələsi necədir, – primitiv şəkildə, adi qaydada insan özüylə necə döyüşməlidir?! Deməli, boş buraxmamaq, daim onu döyəcləmək, onun yerini bu ideyalar vasitəsilə daraltmaq, bu ideyalarla doldurmaq, sözündə, danışığında, ailəçilikdə də elə, onda mənə elə gəlir ki, hardasa özüylədöyüş alınar.

Soylu Atalı: Ata deyir, insan özünə toplumdan, istehsalatdan, siyasətdən, dövlətdən, tarixdən, şəraitdən, zamandan Allah düzəldir. Yəni onları özündən üstün görür. Onların özünə hər yöndən etki göstərəcəyini düşünür. Biz Məhəmmədi suçlayırıq ki, insanın üzərində qıraqda bir qüvvə yaradır. Fərqi nədir. Biz də ağlımızda, şüurumuzda istehsalat adında, şərait adında, zaman adında, dövlət adında Allah yaradırıq. Özümüzü onun altına, etkisinə buraxırıq. Onların gücünü daim öz üzərimizdə hiss edirik. Belə olanda heç bir vaxt mən kamilləşə bilmərəm. Belə olanda heç bir vaxt mən qurtara bilmərəm… Susuzluqdan yanırsan. Özün də bilirsən, səndən 100 m aralıda bulaq var. Mümkündürmü, sən susuzluqdan öləsən, bilə-bilə ki 100 m aralıda bulaq var, gedib o bulağın suyundan içməyəsən?! Mümkün deyil. Əgər mənim inamım Mütləqdirsə, İdrakım da Mütləqdirsə, mümkün deyil ki, Mənəviyyatım çolaq olsun. Mümkün deyil mən Mənəviyyat adlı o bulaqdan su içməyəm. İradə adlı o bulaqdan su içməyəm. Deməli, ümumi ruhun özündə sorun var. Nədir o sorun? – Qıraq basqıları üzərimizdən qırağa dışlamamışıq, ata bilməmişik. Şüurumuzdan qırağa çıxara bilməmişik. Əsas budur. Biz bilirik, eləmiriksə, heç vaxt nəyəsə nail olmayacağıq. Bilirik, eləyirik. Onda dəyişəcək. Mən bilirəm, bu həyətdə 50 kərpic var. Yanında sement var, qum var. Mən bilirəm sementlə qumu qarışdırıb o kərpicləri üst-üstə yığsan tikili yaranacaq. Bilirəm bunu, ancaq eləmirəm. Nə qədər eləmirəm, kərpic-qum yığnağı orda elə də qalır. Elə ki eləyirəm, artıq yaradıram. Yaradıcıyam, ortaya bir şey çıxardıram. Bilmək, dalınca eləmək. Biz bilirik, eləmirik. Nədir bizə əngəl olan. Sosial həyatımız. Toplumsal həyatımız. Nələri nələrə qurban vermək. Biz qurbanlar veririk. Nəyi nəyə qurban veririk?! Biz nə edə bilərik, – qurban vermədən yaşamağı öyrənmək. Daha doğrusu, yaxşı şeyləri pis şeylərə qurban vermədən yaşamağı öyrənmək. Söz yox, çətindir. Ancaq Kamillik də odur. Ona görə Ocaqda barmaq sayda adamlar var. Ona görə kamillik milyardları qapsamır, təkcələrə özgün olur…

Evladlıq Nişanələrini Ocaq Yükümlüsü Yol sözü ilə Evladlara sundu.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Törən sona yetdi.

Köçəri Ayı, 44-cü il. Atakənd.

(fevral, 2023. Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir