Xəbərlər

Qutsal “Ailə Günü” törənində deyilmiş fikirlər

Ailə Günü TörəniAsif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

Qutsal “Ailə Günü” törənində deyilmiş fikirlər

Ocaq Günsırası ilə 6 Köçəri Ayı, 37-ci ildə (fevral, 2015) İnam Evində “Ailə Günü” törəni keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözünə başladı: Qutsal günümüzə başlayırıq. Günə söz deməzdən öncə Atamızın Bayrağını öpüb ona səcdə qılıram. Qutsal günümüzdə – Ocağın “Ailə Günü” törənində ölənlərimizin adına ayağa dururuq (Hamı sayğı duruşunda ayağa durur – N.A.) – Sabahlı, Amaltay, Bağban bizimlədir. Biz hər mərasimdə, Ocaq əməlində, Ocaq tədbirində, Ocaq hünərində onların adıyla birik. Onlar bizimlədir. Onların mənəvi varlığı həmişəlik Ocaqdadır.

“Ailə Günü” mərasimimizin başlanğıc əməllərindən biri də Ocağımızda uğurlu addımların Ata adından qiymətləndirilməsidir. Bu cəhətdən Nurtəkinin davamlı Ocaqgüzarlığını, yəni daim saytları davamlı işlətməsi, bir sözlə, Ocaq Yükümlüsünün, yəni mənim buyuruqlarıma nizamlı əməl eləməsi ruhsal ərdəmlik deməkdir. O, bunu bir qayda olaraq eləyir, “yoruldum” demir, həvəssiz yanaşmır. Bu, onun ömründə Ocaqçılığın ciddi etkiyə çevrilməsinin göstəricisidir. Biz də bunu Atamızın adından təqdir edirik. (Nurtəkin Atalı Bayrağı öpüb Ataya səcdə edir – N.A.)

Ailə Günü Törəni

Bölgələrimzidə, mərasimlər arasındakı ötən zamanda Günevin Beyləqanda xalqlaşma əməli Ocaq ləyaqətini ifadə edib. Ocağın sorağı verilib, bir neçə dəfə. Bu, özü də Günevin davamlı Ocaqçılığı, hünərçiliyidir, usanmazlığıdır. Yaş Günevin üzərinə gəlmir. Adətən hərəkatda olan adamlar yaşın müəyyən dövrünə qədər həvəsli, enerjili addımlar atır, sonra elə bil ki, dayanır, yorulur. Onun üçün elə bil ki, arxada qalır çalışmalar. Ancaq Ocaq ayrı bir olaydır. Ocağın tələbi də ayrı bir səviyyədir. Ocağın verdiyi güc də ayrı bir səviyyədir. Ocağa bağlanan hal ayrı bir şeydir. Bu, Günevdə oturuşub və özünü doğruldub. Biz də bunu Atanın adından təqdir edirik. (Günev Atalı Bayrağı öpüb Ataya səcdə edir – N.A.)

Ailə Günü Törəni

Son vaxtlar Ocaq Yükümlüsünün tapşırıqlarına Türkel yaxşı əməl edir. Tədbirimizi davamlı yazmaq, son çağlar tədbirlərin vərəqlərdə elədiyim düzəlişlərini bilgisayarda yerinə yetirmək, eləcə də mənim Ocağa yönəlik yazılarımı bilgisayarda yazıb, hazırlamaq Türkelin sorumluluğunu artırır. Bu da Türkelin Ocaqda bu yöndən aktivləşməsi deməkdir. Bunu da biz Atamızın adından təqdir edirik. (Türkel Atalı Bayrağı öpüb Ataya səcdə edir – N.A.)

Ailə Günü Törəni

Bir haşiyə də çıxım. Yasinin son çağlar Ocağa sorumluluqla yanaşması, daha doğrusu, hər ay Ocağa Amal borcu verməsi, o da Ocaq işlərinin qabağa getməsinə kömək edir. Hər kəsin az və ya çox anlamda Ocağa, Ocaq işlərinə qatılması Ocağın yaşaması üçün ciddi məsələdir. Onlardan biri də Ocaqsevər İlahənin bir neçə dəfə maddi yardımıdır. Bu günlərdə Üstünün tanıdığı bir Türkiyəli aydının Ocağın ədəbiyyatlarını götürərkən Ocağa yardım sunması da bu cür əməllərdəndir. Bunların hamısını biz qiymətləndiririk, azından-çoxundan asılı olmayaraq. Çünkü Ocaq çətinliyin içində yaşayır, çətinliyin içində çalışır. Ona görə bunlar bizim üçün önəmlidir. Ancaq bunlar daha çox olmalıdır. Qoy eləsinlər. Qoy Ocağın işinə kimin nə gücü çatır kömək eləsin. Ocaq bizim inhisarımızda deyil. Ocaq bizim sevgimizdə, bizim çalışmalarımızın əsasındadır. Bu başqa məsələdir. Yəni bizdən qıraqda Ocaqla bağlı heç kim Ocağın adına adi davranmamalıdır. Ocaq toxunulmaz bir qurumdur. Onunla bağlı kim necə gəldi danışa bilməz, davrana bilməz. Elə olarsa, Ocaqdan gələcəyə heç bir nişan gedib çıxa bilməz. Ancaq Ocaqdan qıraqda hər kəsin Ocaq işinə kömək etməyə borcu və haqqı var. Ona biz heç vaxt yox demirik, deməyəcəyik də.

Ailə Günü Törəni

Bu bizim Ocağımızın yaşaması, yaşadılması üçün zəruri vurğulardır. Ancaq uğurlarıyla bir yerdə Ocaqçılara bir neçə kəlmə bəzi xatırlatmalar eləmək istəyirəm. Biz Ocağın yaşamasının əsas təməl qarantı kimi fərdin aşiqliyini hesab edirik. Fərdin aşiqliyi, özündənkeçməsi, hünəri, idrak qüdrəti buraya özgündür. Hələ ki, Ocaqda bu yöndə çabalar zəifdir. Mən bunu irad kimi deyil, xatırlatma kimi, düşünmək üçün sunmaq istəyirəm. Bunu həmişə demişəm, Ocaq yola veriləcək bir olay deyil. Ocağı aşiqanə yaşamaq gərəkdir. Çətinlikləri, desəniz də, deməsəniz də, bilirəm. Hər kəsin çətinliklərini görürəm, ancaq bu çətinliklər Ocaqçını məişət adamına çevirməməlidir. Mən açıq deyim, bəzən rahatsız oluram. Çünkü mən xatırlatmasam, tələb etməsəm, bağımsız şəkildə addım atılmır. Bu, çox düşündürücü məsələdir. Qıraq üçün də sənin varlığın ciddi bilinməlidir. Ruhsal gücün artmalıdır. O başqa məsələ ki, hər bir Ocaqçının içi cəmiyyətlə tutuşdurmada olduqca arıdır, olduqca məsumdur.

Yüzilin dörddə biri keçib ki, bağımsızlıq əldə olunub. Ancaq bu bağımsızlıqda korlanmayan qurum qalmadı, korlanmayan adam qalmadı. Ancaq Ocağın içindəkilərin ulusal mənliyi korlanmadı. Zəif oldular, ancaq heç vaxt əyilmədilər. Bu özü Ocağın bir qurum olaraq, ideya sistemi olaraq uğurudur. Nə olur olsun, Ocaq öz içindəkilərə yaxşı, ruhsal tərbiyə verib. Bu səviyyə ilə belə, Ocaq, doğrudan da, tarix üçün örnəkdir. Bugünkülər üçün demirəm. Çünkü bugünkülərin görməsi üçün daha böyük qırım, daha böyük hərəkət, eşq və enerji gərəkdir. Ancaq tarix üçün, gələcək üçün bu səviyyənin özü də bir örnəkdir. Çünkü bu ömürlərin arılığı, duruluğu, Ocağa, Ataya bağlılığı heç bir umacaq olmadan, heç bir qıraq etki olmadan yaşaya bilirsə, bunun özü gələcək üçün bir örnəkdir.

“Ailə Günü” çox böyük anlam daşıyan bir mərasimdir. Ata Ocaqda ruhsal Ailə biçimini yaratdı. Buna başqa ad qoymadı. Təbii ki, ruhaniyyatda ayrı ad qoymaq da olmazdı. Dayaq dəstəsi deyə bilməzdi, filan qurum deyə bilməzdi. Ailə böyük sözdür. Ruhsal Ailə məsələsini Asif Ata öz Ocağında statusa çevirdi ki, xalqın içindən Ocağına çağırdığı ayrı-ayrı fərdlər gəlib bir yerdə yaşamaq, bir yerdə düşünmək, bir yerdə yol getmək öyrənsinlər. Çünkü ruhaniyyatdan qıraqda insanlar bir arada normal yaşaya bilmirlər. Heç cismani ailə özü bir arada uğurla yaşaya bilmir. O ki qala hansısa başqa-başqa ataların oğlu, qızı yığışsın, bir arada yaşasın. Olduqca çətin məsələdir. Asif Ata Ailə biçimini yaratdı ki, Azərbaycanın ayrı-ayrı oğlu-qızı gəlib burada bir-birinə qardaş-bacı ola bilsin. Bir yerdə yaşamaq, bir yerdə çalışmaq, bir yerdə hünər göstərmək öyrənsin və onun əsasında gələcəkli bir yol yaransın. Gələcəkli bir ideya sistemi yaratsın. Xalqın yönünü, yolunu bəlirləsin. Onun əsasında xalqa ciddi örnəklər versin.

Ruhsal Ailənin yaranmasından keçən illər içində həmişə biz o anlama doğmalaşmışıq. O anlam bizim üçün ciddi etkiyə çevrilib. Bu gün də, baxmayaraq ki, Ocaq Ailəçiliyi öz anlamından aşağıdır, bunu boynumuza almağı bacarmalıyıq, Ailə ləyaqət göstərib Ocağı yaşadır. Ocaq Ailəçiliklə yaşayır. Bu ləyaqətli bir ideyadır. Bu ideyanı dərinləşdirmək, öz anlamına bərabər eləmək gərəkdir.

Ocaqda Ailənin yaranmasını Ata belə böyük anlamına görə mərasimləşdirib. Ruhsal Ailə o deməkdir ki, Asif Atanın ideyalarını, qurallarını Ailədə təmsil olunan Evladlar – qardaşlar, bacılar bir-birindən öyrənir. Öyrənir və öyrəndikcə nə etmək gərək olduğunu dərk edir. Ayrı-ayrı hərəkatlarda belə məsələlərin həlli üçün şura yaradırlar. Ailə şuradan yüksək bir anlamdır. Ailə bir yerdə Amalın tələblərinə cavab verir, bununla da ömrünün yönünü dəyişir, qurur, kamilləşir. Kamilləşdikcə onun olanaqları üzə çıxır. Hünəri artır, özündənkeçməsi, qeyrəti, çalışmaları artır və s.

 İkinci, Ailə öz Evladının ruhsal tərbiyəsini başa çatdırır. Onun qüsurlarını özünə göstərir güzgü kimi. Onun çatışanını, çatışmayanını bəlli edir. Onun qarşısında hesabat vermək tələbini qoyur. O hesabatda heç kimi aldatmağın yolverilməz olduğunu öyrədir. Başlıcası, özünü aldatma. Kim olduğunu dərk elə. Nə işlə məşğul olacağını dərk elə, bil.

Ailə Ocaqçının ləyaqətini o səviyyəyə qaldırır ki, o, xalqın ruhsal öyrətməninə çevrilir, yol göstərəninə çevrilir. Ailənin əsas hədəfi, məqsədi budur. Bu hədəfi əsas götürüb yaşamaq gərək və Ailələşmək gərəkdir. Mən heç kimin cismani ailəsinə yaramasına qarşı deyiləm. Ancaq mən Ocaqçının məişət adamına çevrilməsinə qarşıyam. Bir var xalqı qurtaranlar, qoruyanlar. Bir var xalqı artıranlar. Xalqı qurtaranlarla artıranlar bir şey deyil. Xaqlı ruhaniyyatçı qurtarır. Ancaq xalqı istənilən fərd, nəsil verməklə, artırır. Onu hər kəs edə bilir. Ancaq xalqı qurtarmağı hər kəs edə bilmir. Ocaqçı xalqı qurtarandır, təkcə xalqı artıran deyil. Ona görə Ocağın qapısını açmısansa, hara gəldiyini bilməlisən. Bilməlisən ki, sən xalqı qurtarmağa gəlmisən. Burdan geriyə yol yoxdur. Geriyə yol ruhən ölümdür. Burdan geriyə dönənlər öldüklərinin fərqinə varmadılar. Yoxa çevrilmisən. Nəyinlə varsan? Bu cür yola baş vurmaq, sonra qayıdıb sürüyə çevrilmək ölümdür. Ölümdən betərdir.

İndi isə Ailə yükümlüləri Ocağın qarşısında – Atanın hüzurunda hesabat versin. Mən həmişə demişım, Ocaq – Atanın hüzuru deməkdir.

Günev Atalı Ataya səcdə ilə sözünə başladı: Yükümlümüzün bütün dedikləri haqlı idi, qəbul edirəm. Mən o halları özlüyümdə yaşamışam da. Mən yerimdə saymadım, əhvalımda elə bil alışma, od tutma yaranır, bu mənim həyatımda çağaşırı baş verir. Ocağı düşünməyən bir anım olmayıb. Hətta yuxularımda da. Bu yükün çətinliyini, ciddiliyini, sorumluluğunu bütün varlığımla dərk edirəm. Bilirəm ki, Yükümlümüz demiş, hansı qapını açmışıq. Çiynimizi hansı yükün altına vermişik. Bu, bizdən nə tələb edir, necə aşiqlik, necə özündənkeçmə, imtina tələb edir. Məişətçiliyimə çoxdan son qoymuşam. Gördüyüm məişət işlərinin arxasında da Ocaq ideyalarının yayılması çabaları var.

Ocaq yönündən oxuduqlarım. Srağagün “Heyrətimin inciləri”ndən öyrənmişəm. Ulusəsin kitabını – “Sabahlı inamım”ı gecə saat 3-ə qədər həvəslə oxumuşam. Hər bir Ocaqçının uğuru Ocağın uğurudur, eyni zamanda hər birimizin uğurudur. O əhvallarla yaşayıram, fərəhlənirəm.

Bu elə “Atagün” Ailəsinin hesabat yönümlü fəaliyyətini sunmaqdır. Beyləqan, Ağcabədi, İmişli, Füzuli bölgələrində çağaşırı xalqlaşmalarım var. Ancaq yeri düşəndə başqa bölgələrə də gedirəm. Bu bölgələrdə əməlli-başlı Ocaq soraqları verirəm.

Qonumuz var ki, “Ailədə özünü təsiqim hansı səviyyədədir?” Özümə orta qiymət vermək gərək olsa, 4 verərəm. Özünü ifadədə təpərli, ürəkli addım atıram. Bir də ki Ocaq Yükümlüsünün “Atagün” Ailəsində olması Ailənin işinə özəl anlam verir. Bunu hər biriniz bilirisiniz.

Ailə Günü Törəni

 Ailənin iki Evladı haqqında qısaca dedim. Üçüncü Evladı (Elana) haqqında – Ailə onun bacardığı səviyyədən yararlanır, qane olmasaq da. Ocağı oxumaqla deyil, dinləmələrlə öyrənir. Saytlarda qoyulan bütün yazıları oxuyuram, o da dinləyir. Soylu Atalının yazılarını oxuyuram. Deyir ki, “yükün ağırlığına görə mən çoxdan Ocaqdan çıxardım. Ancaq Soylunun təpərinə qoşulmaq şərəfdir. Ona görə mən Ocaqdan çıxmağı ağlıma gətirmirəm”. Bu səviyyənin özü məni qane edir. Çabaları da var. Təpərlidir, söykənir Ocağa, Ocağın fikirlərinə. Yeri gələndə qarşıdakı əngəli yarır da, heç nədən çəkinmədən söz deyir, dayaq olur.

“Atagün” Ailəsinin bütün görüşlərini, fəaliyyətini, əməllərini ardıcıl yazıb ortaya qoymamışam. Bu da mənim qüsurumdur. Ancaq “Ruhani Səfər Günü” törənində hesabat vermişik, “Yeni İl” törənində verəcəyik. Ona görə bir az arxayın oldum.

Özümü çox fərəhli hesab edirəm. Atamız Var olsun!

Ailə Günü Törəni

Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: “Uluyol-Hünər” Ailəsinin keçən ildən bu yana gördüyü əməllərin hesabatını sunmaq istəyirəm. Qar Ayında İnamlı Atalının təşkilatçılığı ilə Ocaq Yükümlüsü Soylu Atalı amaldaşı Göylü Atalı və Ocaqsevər İlham Mustafa ilə Sabirabad rayonuna ruhsal səfər etmiş, beş ünvanda üst-üstə yüz qırx nəfərə qədər insanlarla görüş keçirmişdir.

Köçəri Ayında İnamlı Atalının təşkilatçılığı ilə Soylu Atalı Bakıda Gimnaziya öyrənciləri və öyrətmənləri ilə görüş keçirmişdir. Onlara çoxlu sayda Ocaq ədəbiyyatları da bağışlanmışdır.

Köçəri Ayında İnamlı Atalının təşkilatçılığı ilə Soylu Atalı Sabirabad rayonunda yenidən çoxsaylı gənclərlə görüş keçirmişdir.

Od Ayında mən Quba bölgəsinə səfər elədim, ordakı Mədəniyyət şöbəsinə, Kitab evinə, Quba Soyqırım Abidə kompleksinə, Qubanın yerli televiziyasına getdim, söhbətlər apardım, Ocaq ədəbiyyatları bağışladım.

Bundan başqa mənim Ocaq tədbirlərini kitablaşdırma, yoxlama əməllərim olub. Saytlarla işləmə əməlim olub.

36-cı ilin tədbirlər kitablarını hazırlama, üzünü artırma əməlim olub.

Ata Bitiqlərini basılmaq üçün hazırlama əməlim olub.

Günev və Ulusəs Atalıların bitiqlərinin basılmaq üçün hazırlanmasına qatqım olub.

“İnam Evi” dərgisinin basılmaq üçün hazırlanmasına qatqım olub.

Ocaq tədbirlərini disklərdə arxivləşdirmə əməlim olub.

 Ocaq Ailəsində özünü təsdiqim hansı səviyyədədir
Ailəçilik tələbləri – Ocaqçılıq tələbləridir. Ailə Günləri Ocaqçının sorumluluq hesabatıdır – həm özü, həm də Ocaq qarşısında. Mənim Ailədə özünü təsdiqim, təbii ki, özümü qane etmir. Atanı oxuyuram, Ailə günlərinə hazırlaşıram, Ocaq əməllərim olur, ancaq qüdrətli Ocaqçılığım hələ ki, alınmır. Bildiyini, yetdiyini başqasına vermək, bölüşmək ehtiyacımı ödəyə bilmirəm. Bu da halımda, fərəhimdə yarımçıqlıq yaradır.

Ocaq mənim ömrümün dəyərini yaradır. Ocaq əməli fərəhə yetirir məni. Ocaqsız, Ocaqçılarsız ömrümü təsəvvür etmirəm. Aşkarlanmağa, yetkinləşməyə, Amalı yaymağa ruhsal ehtiyacım var. Bu ehtiyacımı ödəməliyəm. Özüm qarşısında tələbim budur.

Atamız Var olsun!

Ailə Günü Törəni

Türkel Atalı: Cismani ailələrdə insana yanaşma əsasən gerçəkliyin tələblərinə uyğun nizamlandığı üçün ruhaniyyat ömürləri tərk edib. Ancaq bizim ailədə yaşamın, insana yanaşmanın ruhaniyyatın tələbinə uyğun nizamlanması Ocağa gəlişimi yetişdirdi. Yəni Ocağı tapmağım hansısa təsadüfə bağlı olmayıb.

Ocaq Yükümlüsünün belə bir fikrini oxudum: “Gələcək” bizim ömrümüzün nizamlılığını, davamlılığını öyrənəcək. Sonra, amaldaşım Nurtəkinin 34-cü ildə Ailə Günlərinin birində bununla bağlı bir fikrinə rast gəldim: “16 illik Ocaq yaşamım mənim üçün nizam və quruculuq mərhələsi oldu”. Mən də bu gün 16-cı ilə keçirəm Ocaqda. Ömrümə baxanda görürəm ki, mən hələ o mərhələyə yetməmişəm. Ayrı-ayrı vaxtlarda bədbin, gərgin fikirlərimlə fərəhli halım bir-birini əvəz edib. Gərgin hallarımın nəticəsi idi ki, 10 illik Ocaqçılıq yaşımda heç bir söz deyə bilməmişdim. İndi bilmirəm Nurtəkin Atalının 16 yaşda yetdiyini mən 20 yaşda, ya neçə yaşda deyəcəm. İndiyə kimi inamım Ocaqla bağlı olub, bu gün Amal düşüncələriylə dolub idrakımda artmaq mərhələsindəyəm. Ancaq hələ İradəm zəifdir. Ona görə əməlimdə, fərəhimdə nizamlılığı qorumaqda çətinliyim var. Söz yox, elə sistemsiz də yaşamıram. Ancaq ona tam yetmək üçün 15 ildə keçdiyim mərhələlər yetərsizdir.

Bu qədər müddətdə hərbi qulluqla bağlı 1 il Ocaq tədbirlərinə qatıla bilməmişəm. Tədbirlər mənim əhvalımın, düşüncəmin yaranmasında xüsusi yet tutub. Ay içində çıxa bilmədiyim gərgin düşüncələrdən həmişə tədbir anında azad olmuşam.

Ocaq Yükümlüsü yazır ki, biri özünə doğum günü keçirir. Çünkü adət halını alıb. İnsan özünə bayramı ona görə keçirir ki, ömründə anlam tapsın. Bunun üçün gərək ömrü ülviyyətə qovuşsun.

Özümlə bağlı gəldiyim qənaətlər odur ki, bu yaşa gəldiyimə baxmayaraq Ocağın istədiyi mərhələləri keçə bilməmişəm. Ancaq Ocağa tapındığım andan indiyə kimi İnama bağlılığım bir sıra cəhətdən özünü doğruldur.

Amaldaşım Günev Atalının belə bir sözü var: “Elə ömür qurmaq gərəkdir ki, dönüb geri baxanda uzun ömür deyil, əbədi ömür görəsən”. Bununla bağlı Ocaq Yükümlüsü başda olmaqla, bir neçə Ocaqçı düşüncəmdə canlandı, əbədi ömür yaratmışlar içərisində. Mən də bir fərd olaraq özümü yaratmaqla ciddi məşğul olub, elə bir idraki səviyyəyə yetməliyəm ki, Ocaq harayını çox-çox uzaqlarda çəkə bilim. Atamız Var olsun!

Ailə Günü Törəni

Üstün Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T.A.): Soylu Atalının tələbi içimi silkələdi. Ancaq mənim bugünkü əhvalım çox yüksəkdir. Bizi ayaqda saxlayan, cəmiyyətin eybəcərliklərindən qoruyan ruhsal Ailəmizdir. Mən burda özümü necə təsdiq eləyirəm, o başqa bir qonu. Ancaq Üstün olaraq fəaliyyətim, sözüm, əməllərim Ocaqla bağlıdır.

Özümün Ailəylə bağlı bir cəhətimi deyim ki, tədbirlərimizdən qıraqda Ocaqçılarla sıx bağlantı qurmuram. Səfərlərə gedirik, görüşlər keçiririk. Ancaq bir-birimizlə sıx bağlantı qurmuruq. Bunu özümdə ciddi qüsur sayıram.

 Dünəni qaytarmaq olmur. Ancaq dünəndən öyrənib sabaha boylanmaq gərəkdir. Özümü buna yönləndirirəm. Bir həftədir ayrı-ayrı çabalarım var. Yəni insanlarla münasibət qurmaq istəyirəm. Yaxşı gəlişmələr var içimdə. Elə bu gün gecikməyimin səbəbi də odur ki, insanlarla söhbət eləyib, ünsiyyət qururam. Birliyə çağırıram. Bu gün artıq onlar mənim dalımca məktəbə gəlmişdilər. İnsanların içində ümid görəndə məni yaxşı etkiləyir. Ona görə bu işi aparmaq, davam eləmək istəyirəm.

 Hamımızın Ailə Günü qutlu olsun. Ailəmizin daha böyük uğurlarını sərgiləyək, sevinək. Atamız Var olsun!

Soylu Atalı: Kimlərləsə bağlantı qurmaq xatirinə Ocağın mərasiminə gecikmək yaxşı hal deyil, sən isə onu sevinclə bəyan edirsən, Ocağın tədbirini heç bir uğurla dəyişmək olmaz.

Söz qurtardısa, mən Ocaqdan qıraqdakı gediş haqqında bir-iki fikir demək istəyirəm. Bizdən qıraqda İslamdan uzaqlaşma dalğası başlayıb. Bizdən qıraqda, ideya prinsipləri bəlli olmasa da, millətçilik dalğası başlayıb. Bunların hər birində Ocağın ciddi etkisi var, istər millətçiliyin formalaşması, istər dindən uzaqlaşma məsələsi olsun. Ancaq Ocaqla onların fərqi təkcə bizim daşıdığımız ideya ilə onların daşıdığı düşüncənin başqalığına görə deyil. Ocaq olaraq elə bir sistem içində çalışırıq ki, bu sistem quruculuğa bağlıdır. Bu sistem xalqı qurtarmağa bağlıdır. Xalqa doğru yön verməyə çağırırıq. Doğru yaşam qaydası verməyə çalışırıq. Bizdən qıraqdakılar üzünü boşluğa tutur. Məsələn, İslamdan ayrılanların bəlli bir kəsimi ateizmə gedir, əslində boşluğa gedirlər. Bəlli bir kəsimi Tanrıçılığa gedir. Hər ikisi boşluqdur. Niyə boşluqdur? Hardasa nə ateizm deyə qurucu bir sistem var, nə də Tanrıçılıq deyə qurucu bir sistem. Qurucu sistem Ocaqdır. Ona görə üzü Ocağa olmayanlar hamısı boşluğa gedir. Ocağın ayaqda qalması, aşiqanə çabaları ona görə gərəkdir ki, sabahkı boşluğun içindən həmin kəsimlərin diqqətini Ocaq özünə yönəldə bilsin. Elə bu gün də yönəldə bilsin.

Mən millətçilərə deyirəm ki, siz millətçi deyilsiniz. Biri israr edirdi ki, nə danışırsınız, millətçiyəm. Deyirəm, yox, millətçi deyilsən. Sən necə millətçisən ki, həm də ümmətçisən. Sən eyni vaxtda həm Müsavatın üzvü, həm kommunist partiyasının üzvü ola bilərsənmi? Ola bilməzsən axı. İndi necə olur həm millətçisən, həm də ümmətçi? Bu mümkün deyil. Millətçi mənəm.

 Ümmətçilik – beynəlmiləlçilikdir. Ümumiçilikdir. Komunizm ordan gəlir. Bu baxımdan nə doğru, sağlam millətçilik yoxdur, nə doğru sağlam inamçılıq yoxdur. Ruhaniyyatdan qaçmaq uçurum deməkdir. Ruhaniyyatdan qaçmaq olmaz. Ancaq ruhaniyyat adına ruhaniyyatsızlıqdan qaçmaq, başqa bir ruhaniyyatsızlığa düşmək özü bir uçurumdur. Ocaqdan qıraqda Ruhaniyyat yoxdur, millətçilik yoxdur, inamçılıq yoxdur. Ona görə Yurdumuzda Ocağın varlığı böyük avantajdır, qürurdur.

Mən tanrıçılara eqoistlər deyirəm. İstəmirsən İslamı? Asif Atanı istə. Niyə qaçırsan ondan? Bir var dinə qarşı söz deyə bilməyənlər, cəsarət eləmirlər, onları başa düşmək olar ki, Asif Atadan niyə ara saxlayırlar. Bir də var sən bu dini istəmirsən. Bəs nə istəyirsən? İnamsız yaşamaq olmaz. Boşboğazlıq səviyyəsində millətçilik olmur, inamçılıq olmur. Bu gün Tanrıçılıq inamçılıq deyil. Tanrıçılıq boşluq deməkdir. Mən yazı yazmışam bununla bağlı. Qədim tanrıçılar indiki tanrıçılardan qat-qat üstündür. Niyə? Çünkü Tanrıçılıq qədim tanrıçıların ömründə var idi. Onlar onun qurallarını yaşayırdılar, icra eləyirdilər. İndikilər yalnız söz güləşdirirlər. Heç birinin ömründə Tanrıçılığın quralları yoxdur.

Ailə Günü Törəni

Bir fikir də Ocaq məsələsi ilə bağlı deyim. Cəmiyyətdə elə görüntü yaranır ki, Ocaq da bir neçə yerdədir. Cəmiyyətdə hər şey qeyri-müəyyəndir axı. Bir neçə yerdə, filan Ocaq yoxdur. Göstərin, görüm harda var? Kimsə özünə “filankəs Atalı” deyəndə Ocaq olur? Ocaq olmur axı. Ocaq bəlli bir sistem deməkdir – Ailə deməkdir, nizam, səfər, tədbir, mərasim deməkdir. Hanı burdan qıraqda? Bunu da yeri gələndə demək gərəkdir. Yazmışam bu barədə. Tədbirdə də demişəm: Bir var Ocaqçılığı yaşamaq, bir var Ocaqçılığa vərdiş eləmək. Kimlərsə vərdiş eləyib. Atanın çağından qalma bir vərdişdir. Onlar üçün mərasim yoxdur, ruhsal Ailə, Ocaq qaydaları ilə yaşamaq nizamı yoxdur. Cəmiyyət o qədər pozulub, o qədər anarxiya yaranıb ki, bu anarxiyanın içərisində hər şey baş-ayaq görünür. Sən bu anarxiyanın içərisində olmasan da, başqası sənə bu anarxiyanın içərisindən baxır. Ancaq nə olur olsun, biz bilirik ki, elə deyil. Bizim vasitəmizlə tarix bilir ki, elə deyil. Biz gələcək üçün böyük bir sistem yaratmışıq. Böyük bir tarix yaratmışıq. Bu tarixdə hər şey öz yerindədir. Ocaqçı da öz yerindədir, Ocaqçı olmayan da. Tanrıçı da, ateist də öz yerindədir. Ocağın mayasına heç nə qarışmır, qarışmayacaq da. Sən Ocağı Ocağın tələblərinə uyğun yaşat, ora heç nə qarışmayacaq. Ocağın qapısını cəmiyyətin üzünə açıq qoysan, ora hər şey gələcək. Biz qoymuruq. Güzəşt yoxdur bizdə o cəhətdən. Bu da olar, o  da olar. Elə şey yoxdur.

Sonra, bizim Asif Ataya yanaşmamızı çox qısqanırlar. Niyə Asif Ataya səcdə, niyə Bayraqda Asif Ata? Biz ondan çəkinmirik, israrla veririk, deyirik. Bizim Asif Ataya səcdəmizi “xalqın özünüqoruma sistemi” kontekstində daha yaxşı dərk eləmək olar. Asif Ata “xalqın Ruhsal özünüqoruma sistemi”ni yaradıb. Xalqın “Ruhsal özünüqoruma sistemi” min ildir pozulub. İndi Asif Ataya səcdəmizə özünüqoruma sisteminin anlamından baxmaq gərəkdir. Onda yanaşmamızı daha yaxşı dərk eləmək olar. O, peyğəmbərdir. Peyğəmbər qurtarıcıdır. Qurtarıcıya yanaşma sıradan ola bilməz. Çünkü qurtarıcılıq böyük anlam daşıyır. Böyük anlam daşıyan qurtarıcılıq insanda heyrət doğurur. Heyrətin yanaşması yer anlamı daşımır, Göyel anlam daşıyır. Heyrət bir anda duyğuların, halın böyüməsi, yüksək həqiqətlə görüşməsidir. Yüksək həqiqətlə dolan ürək həqiqətverici obyektə vurulur. Həqiqətverici obyekt Asif Atadır. Bizi o qədər heyrətləndirir ki, həqiqətin qaynağına vuruluruq. Vurğunluq səcdə ilə ifadə olunur. Vurğunluq ayrı yanaşma ilə ifadə oluna bilməz axı. Vurğun yanaşmanı müti yanaşmayla eyniləşdirib özünü vurğunluqdan qoruyan adamın səcdə eləməyə ürəyinin gücü çatmaz. Mütilik ayrı şeydir. Allaha səcdə mütilikdir. İnsan özünün ağlında Allah uydurmasıyla yaşayır və özünü həmin uydurma ilə idarə eləyir. O uydurma ilə elə idarə eləyir ki, o kamilləşmir, mütiləşir. Çünkü o uydurma özü vahimədir. O uydurma işıq deyil ki, deyəsən onun ürəyini böyüdəcək. Mütilik gətirir onun ömrünə. Ona görə vurğun yanaşmanı müti yanaşmayla eyniləşdirib özünü vurğunluqdan qoruyan adamın səcdə eləməyə ürəyinin gücü çatmaz. (Bu bizim bəzi Ocaq yaxınlarımıza da özgündür). Səcdə – güclü ürəyin yanaşmasıdır, müti ürəyin yox. Səcdə səcdə edənin mənliyini böyüdür. “Şəxsiyyətə pərəstiş” sözünü çox işlədirlər. Bu sözü hər şeyə yönəldirlər, yanılırlar. Birinci, şəxsiyyətsevər yaxşı sözdür. Bunu pis mənalandırmaq naşılıqdır. Ağaya yanaşmayla, böyük hərflərlə şəxsiyyətə yanaşma eyni anlam daşımır. Ağaya boyun əyməklə şəxsiyyəti sevmək necə bir anlam daşıya bilər? Ağaya boyun əyməkdə qarşı tərəfin mənliyi alçalır, inkar olunur. Şəxsiyyətə sevgidə, səcdədə isə qarşı tərəfin mənliyi ucalır, təsdiq olunur. Əgər qarşı tərəfin mənliyi üzərinə qalxırsa, şəxs şəxsiyyət sayıla bilməz. Ağa sayıla bilər. Qarşı tərəfin mənliyinə atalıq eləyən şəxsiyyətə isə ancaq böyük münasibət bəslənməlidir. Yəni səcdəli münasibət bəslənməlidir. Asif Ata peyğəmbərdir. İndi soruşuram Peyğəmbərə münasibət necə olmalıdır?!

 Hər şey – din, gediş, quruluş, hətta Allah belə heyrətli, səcdəli ürəkdən aşağıda dayanır. Heyrətli, səcdəli ürək qurucu ürəkdir. Dünyanı, həyatı işıqlandıran ürəkdir.

Mən indi Hüqo kitabı ilə bağlı bir yazı yazmaq istəyirəm. Çox ciddi bir məsələylə üz-üzə gəldim. Hüqonun əsərində gerçək mühit şəxsdən oğru düzəldir Javerin timsalında. Din isə mühitin oğru elədiyindən qutsal düzəldir. Elə qutsal ki, o, neçə ömürlərə etki göstərir. Burada İnsanlığın hər şeydən yüksəkdə durmasının anlamını ortaya gəlir. Javer ancaq qanunsevərdir, insanlıq cəhətdən quru, mənəviyyatdan uzaq, sırf dövlətin qanununa tabe olan biri axırda içində tanrının etkisinə düşür, gedib özünü öldürür. Niyə? Ona elə gəlir ki, o, dövlətə xəyanət eləyir. Elə bilir qanuna xəyanət eləyir. Ancaq Hüqo sübut eləyir ki, qanun da, dövlət də insan mənəviyyatından aşağıda durur. Dövlət səfalət yaradır. Bu gün bizdə qanun-filan yoxdur. Ancaq o dövrdə onlarda qanun möhkəm idi. Ancaq gəlin görək, harda möhkəmdir qanun? Səfalət üzərində. Dövlət səfalət yaradır. Onun üzərində də qanun möhkəm işləyir. Axı adam acından öləndə gedib çörək oğurlayacaq. Başa düşmürsən ki, qanunun möhkəmliyi nə deməkdir? Görün Hüqo o dövrdə necə etiraz eləyib. Çox gözəl məsələdir. Asif Atanın yaxınıdır, ruhsal qohumudur. Ancaq İnam sistemi yoxdur. Asif Atanın var. O, Asif Atanın içinə gəlir. Asif Ata dünyabaxış olduğuna görə heç kimin içinə girmir, yüksək, gözəl nə varsa, hamısını öz içinə alır.

Acıqla bağlı burda bir yazı yazmışam. Yadıma düşdü. İstəyirəm onu da oxuyam. Bəlkə də nə vaxtsa sizə oxumuşam.

Bir var ağılını itiləyənlər, bir var acığını itiləyənlər. Ağlını itiləyənlər təfəkkür yiyələridir. Tərəqqiyə təkan verənlərdir. Acığını itiləyənlər küt düşünən nadanlardır. Acıq iti olmur. Acıq kəsmir, küt olur. Ona görə əzir. Acığın hökmüylə yaşayan adam mömin ola bilməz.

Nadan da acıqlanır, müdrik də. Nadan həqiqətə acıqlanır, müdrik antihəqiqətə. Nadan hisslərini həqiqətlə yanaşı qoyur. Həqiqəti dışlayır, hisslərinə toxunulanda. Hisslərini düşünən həqiqəti düşünməz.

Nadan hisslərinə toxunanda acıqlanır. Müdrik həqiqətə toxunanda.

Nadanın ruhu cılız, balaca hisslərə bağlı olur. Müdrikin ruhu həqiqətə.

Hisslərin əzilməsindənmi acıqlanırsan, həqiqətə toxunulmasındanmı? Bu suala hər kəs cavab verməlidir öz içində. Hisslər o vaxt əzilir ki, üzdə olur. Dərində olan hisslərə zərbənin ağrısı çatmaz. Həqiqətlə hisslərini qarışdırmamaq üçün həqiqəti tanımalısan. Hisslərin əzilməsini həqiqətin ağrısı kimi qələmə verəndə ürək böyüməz, yetkinləşməz. Öz hisslərinin əzilməsini həqiqətin ağrısı kimi qələmə vermə…

Bir neçə kəlmə də Türkellə bağlı deyim. Onun Ocağa gəlişinin 15 ili məsələsi. Ocağa gəlişin, Ocaqda ləyaqətlə yaşamın haqqında həmişə uca söz demişik. Çünkü uca məsələdir. Ocaqda olmaq şərəfdir. Ocaqlı yaşamaq xoşbəxtlikdir. Əgər kimsə bunu dərindən dərk eləməyə çalışmırsa, dərk eləməyə çalışsın. Mən Ocaqda olmağımla ancaq xoşbəxt duyğular yaşayıram. Ocaqda yaşamaq hər kəsdən üstün yaşamaq deməkdir. Arı, duru, şərəfli, qüsursuz yaşamaq deməkdir. Ona görə Ocaqçılıqla fəxr eləmək, qürur  hissi keçirmək gərəkdir. Türkelin 15 ili əsasən son çağlarda özünü doğrultmağa yön alıb. Bundan sonra çalışmaq gərəkdir ki, daha çox özünü təsdiq yönündə addım atmaq mümkün olsun. Təsdiq dövrü ayrı şeydir. Orda artıq əməl, hünər, fikir, söz, idrak və qüdrət var. Biz Türkelə belə bir aşamaya yetmək diləyirik. Gün o gün olsun ki, Ocaqçılığının 20 yaşında bizə daha böyük hesabat versin. Türkelə Ocaq boyda xoşbəxtlik diləyək və özünü təsdiq gözləyək (Türkel Atalı Bayrağı öpüb, Ataya səcdə edir – N.A.).

Əgər başqa sözünüz yoxdursa, onda mərasimi başa çatdıraq. Nişanələrimizi Atanın adıyla qəbul eləyək.

Ailə Günü Törəni Ailə Günü Törəni Ailə Günü Törəni Ailə Günü Törəni Ailə Günü Törəni

(Nişanələr Yol sözü ilə sunulur –N. A.)

Bununla da qutsal Günümüz başa çatır. Atanın qarşısında özümüzü doğrultduq. Yeni hünərlər, Ocaq əməlləri yetirək. Bu hər kəsin diqqətində olsun. Hər kəsin içinin tələbinə çevrilsin və “Yeni İl” Mərasimimizdə hər kəs bu yöndə addımını öz sevinciylə izhar eləsin.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!” “Atamız Var olsun!” səcdəsiylə törən sona yetdi.

Köçəri Ayı, 37-ci il.

(fevral, 2016.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir