Ocaq Günsırası ilə 6 Köçəri Ayı, 40-cı ildə Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Ailə Günü” Törənini keçirdi. Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal günümüzə başlayırıq. 40-cı ilimizin Qutsal “Ailə Günü” törənini həyata keçiririk. Törənə başlayarkən ölənlərimizi anırıq. Onları törənimizdə, yanımızda bizimlə birgə qəbul edirik – Sabahlını, Bağbanı, Amaltayı.
İlimizin son törənini gerçəkləşdiririk. Sonuncu törənlə bağlı düşündüm, nə qədər yol keçdik. Nə qədər çətin yol keçdik, heç bir işimiz asan başa gəlmədi. Ancaq bizim içimiz zənginləşdi, düşüncələrimiz genişləndi. Fərəhimiz böyüdü. Balaca fərəhlərlə yaşayırdıq. Balaca düşüncəmiz, balaca idrakımız olduğuna görə, balaca, lokal fərəhlərlə yaşayırdıq. Ocaqlaşdıqca, Ocağı düşündükcə, onu yaşatdıqca, onunla yaşadıqca fərəhimiz yaşa doldu, böyüdü, gözəlləşdi. Ata ona görə deyirdi “Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!” Yükümüz çox olanda fərəhimiz böyük olmaya bilər, əgər biz yükün anlamını anlamırıqsa. Əgər biz yükümüzün qiymətini verə bilmiriksə, onda bizim fərəhimiz zəngin olmaya bilər. Fərəh dərk prosesinə bağlıdır. Dərk edərək yaşam prosesinə bağlıdır. Sadəcə yükə qoşulmaq, çoxsaylı işlər icra eləmək məsələsinə bağlı deyil. Yük – iş icraçılığı məsələsi deyil. Yük işin anlamıyla birikmək, yaşamaqdır. İşi çox icra eləyə bilərsən. Ocaqda iş icra eləyənlər öncələr də olub. Ancaq hamısı çəkilib qırağa. Əgər biz desəydik, onların gördüyü iş qədər fərəhləri də böyükdür, onda biz özümüz öz fəlsəfəmizi danmış olardıq. Çünkü fərəhi böyük olan adam Ocaqdan qırağa dura bilməz. Fərəhdən əl çəkə bilməz. Bu İnsanlığın yaşam fəlsəfəsidir. Yaşam anlamıdır. İnsanlar Ocaqla bağlı az umudlanar, çox umudlanar. Umudlanmaya bilər. İnsanlarımız çox vaxt bəzəkli sözlərə aldanır. Baxın, hələ Ocaqla bağlantı quran adamlarda belə bu hallar olur. Mən deyirəm, Ərdoğan planlanmış, düşünülmüş adamdır. Bu deyir, əşi onsuz da, Ərdoğan olmur, o birisi olsun. Onsuz da məqsədlərini həyata keçirəndə yenə keçirirlər. Deyirəm, keçirəcəklər. Ancaq şüur məsələsi çökməməlidir. Hamı deyir, mənim nəyimə gərəkdir. Onsuz da neyləyəcəyik? Sənə demirəm, əlinə lapatka al, cum harasa. Sənə deyirəm şüurunu qoru. Ən azı vecsizliyi insanların diqqətinə, baxışına sunma, yeritmə. Min il bundan qabaq sənin möhtəşəm dövlətlərin var idi. Ancaq yıxmağa çalışanlar demirdi, onsuz da bunlar dünyaya ağalıq eləyir. Onlar plan tutur, iş görürdülər. Düşüncələri, şüurları dəyişirdilər. Deyirəm, sən burdan bura şüurun üstünə örtük çəkirsən…
Nə olursa olsun, şüurunu sönməkdən, vecsizləşməkdən qorumalısan. Oyaq olsun. Hiddətli, ehtiraslı olsun. Nifrətli olsun şərə qarşı. Qoyma bu keyfiyətlər şüurundan ayrılsın. Onda minlərlə mənliksiz sürüyə çevrilər. Məhv olub gedərsən. Bax, bu məsələ olduqca ciddi məsələdir. Asif Atanın Ocağı buna görə yarandı. Asif Ata heç kimə vəd vermədi Ocağını yaradanda, demədi mən 2019-cu ildə dünyanı dəyişəcəm. İndi toplumda düşünürlər. Bizim haqqımızda özünü elmli sayanlar bəlkə də düşünürlər, bunlar nəyi qoyub nəyin arxasındadırlar. 21-ci yüz ildə peyğəmbər olar? Məhəmmədən qurtara bilmədik, bunlar yenidən peyğəmbər yaradırlar… Məhəmməddən qurtara bilməyəcəksən, bunlar öz peyğəmbərini sənə verməsə. Bu gün televizorla, elektrotexnikayla adamların evinin içinə girirlər. Cibinə girirlər. Elə buna görə peyğəmbər gərəkdir. Sənin azadlığına, fərəhinə giriblər. Səni əşyaya çeviriblər. Səni gözüqorxulu sürü kimi saxlayırlar. Əzə-əzə, yeyə-yeyə aparırlar, talayırlar. Buna görə peyğəmbər gərəkdir. İnsanlar vecsizləşir, sürüləşir. Dövlət bu vecsizlərə atalıq eləyə bilməyəcək. Dövlətin başına gələn, ata olmağa gəlmir. Peyğəmbər gərəkdir, insanın yaxşsıını, yamanını gözdə saxlasın. Ruhaniyyat yoxdursa, bağımsızlıq da yoxdur. Fərəh də, ağgünlülük də, mənəviyyat da yoxdur. Çünkü bu saydıqlarım ruhaniyyatın üzvü xassələridir. Ruhaniyyat varsa, deməli, peyğəmbər var. Peyğəmbərsiz, atasız ruhaniyyat olmur. Hər kəs tısbağa kimi öz qınının içinə çəkilməyə çalışır, bu mənim ailəmdir. Öz başımı birtəhər qoruyum… Qoruya bilməyəcəksən. Sən düşünmədinmi, sənin tısbağa çanağını dağıdan kuvalt yaradıb bu insan. Evdən ata, ana çıxandan sonra ailəni dağıdırlar. Çünkü ailənin heç bir uşaqları bir-birindən asılı deyil. Heç biri bir-birini eşitmir. Ata, ana ailənin başına gələndən sonra nizam gəlir. Bax bu yırtıcılaşan, dağılan, vəhşiləşən, oğrulaşan, banditləşən, mafiyalaşan topluma atalıq eləyə bilmir. Çünkü dövlətin özünün içində formalaşır. Necə ki, evdə ata sərxoşluq, oğurluq eləyərsə, onun evi evə bənzəməz. Onu heç kim saymaz. Eləcə də dövlət, bəşəriyyət. Ona görə ruhaniyyat məsələsi udduğumuz hava, içdiyimiz sudan daha irəlidir. Ona görə daha irəlidədir ki, ruhaniyyat olmasa udduğumuz hava bizi sağlam eləmir. İçdiyimiz su bizi ayaqda saxlamır. Ondan irəli olanı biz yaşadırıq. Asif Ata bütün hər şeydən irəli olanı bizə ərk edib. Bizə sonərk (vəsiyyət) edib, tapşırıb. Bunu yaşayın, yaşadın. Özünüz üçün də, toplumumuz üçün də. Bax, biz 40-cı ilin son törəninə belə bir halla gəlib çıxmışıq. Belə bir qanacaqla, düşüncəylə gəlib çıxdıq. Qıraqda orda, burda nə baş verirsə versin, biz mənəviyyat dünyasından ayrıla bilmərik. Biz fərəhçilik dünyasından ayrıla bilmərik. Biz çiçək kimi solub məhv ola bilmərik. Biz özümüzü elə bir işə salmışıq, bizim ömrümüz çiçəyə bənzəyib, çiçək olub. Çiçəyə toxunarsan, o solar. Bizim ömrümüz elədir. Biz Ocaq olaraq, Ruhsal Ailəyə çevrildik. Ata Ocağının yaşaması üçün Ruhsal Ailələr yaratdı ki, ailələrdə onun toplumundan ayrılıb çalışmaq istəyənlər, yaşamaq istəyənlər özlərini kamilləşdirsinlər. Dünyaya, həyata baxışlarını kamilləşdirsinlər. Ailə insanın ruhsal-mənəvi varolmasının ünvanıdır. Ailə çox böyük məsələdir. Çox böyük nizamdır. Ata bizə belə bir nizam yaradıb verib, bu nizamla yaşayaq. Bu nizamla davam eləyək. Biz elə bir aşamaya gəlib çatmışıq, bizi qapsayan hər şey dağılır. Mənəviyyat dağılır. Belə bir vaxtda Ocağın fiziki gücü yeniləməyə doğrudur. Belə bir vaxtda biz daha dərindən düşünməliyik. Daha böyük sorumluluq daşımalıyıq. Gücümüzü daha çox toparlamalıyıq, Ocağımız yaşasın. Siz də var olun, Ailə olaq.
Mən belə bir məqama toxunum. Mənə elə gəlir, biz elə bir aşamaya gəlib çatmışıq, bu aşamada biz doğru olanı, doğru seçimi etməliyik. Doğru qərarlar verməliyik, Ocağımızı yaşadaq. Odur ki, Ocaqda düşünün. Ya bütün Ocaqçılar bir Ailə kimi Uluyol-Hünər Ailəsində yaşasın hələlik. Gücümüz dağılır. Ya da “Ulufərəh”lə “Atagün”ü birləşdirək. “Uluyol-Hünər” olsun, “Atagün” olsun. Bunu da düşünmək gərəkdir. Biz hər ay Ailə Günü keçirmirik. İldə 7-8 dəfə. Günevi düşünək. Arada o bura gəlsin, ya arada biz ora gedək. Bunu düşünməyinizi, qərara gəlməyinizi istəyirəm. Ailə biçimini necə qoruyaq, saxlayaq?! Mən istəyərdim Ailələri adının anlamıyla yaşadaq. Ancaq güc o deyil. Üstəlik bir məsələni də deyim. Sonra sizi dinləyim. 40 illiyə çox ciddi, içdən hazırlaşın. Əməli olaraq hazırlaşın. Böyük ehtimalla bu il İnsanilik Bayramını keçirməyəcəyik. Yükləməyək özümüzü. Əgər biz təkcə Ocağın törənini keçirmiş olsaydıq ayın 1-i, onda hər şey öz yerində qalardı. Ancaq bu daha çox güc, diqqət tələb elədiyinə görə bayramın keçirilməməsi sorun deyil. Yeni il törəni ayın 1-idir. 3-ü keçirəcəyik ki, çağırdıqlarımız macal tapıb gələ bilsinlər. Buraxılışımızı hazırlayırıq. Günsıra vizitkasını 100 ədəd. Bunu 40 illiyə sunaq, ciddi hesabat verək. Ocağın varlığını, etkisini topluma anladaq. Mənim sözüm bu qədər.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur.
Atamız Var olsun!
Günev Atalı (Ataya scdə edib Bayrağı öpür – T.A.): Bəlli bir çağda qıraqda olmuşam. Baxmayaraq, içimdə, ağlımda Ocaq. Ocağın bu səviyyədə olmağı özəllikcə məni çox fərəhləndirir. Mənim üçün iki hal var burda. Həm “Atagün” Ailəsinin çatışmaz cəhəti, həm üzə tutulan fərəhləri. Birinci, “Atagün” Ailəsinin Soylu kimi fərəhi var. Bu bəsdir deyəsən “Atagün” Ailəsi hansı zirvədədir. Sonra mən də daşı daş üstünə qoymaqla toplumla daim təmasdayam. Elə gün olmur ki, bir-iki adama ürəyimi boşaltmayam. Əgər ürəyimi boşaltmasam, özüm partlaya-partlaya qalıram. Çünkü çox pis etkiləyir fəalsızlıq. Təkcə daşı qaldırmaqla Ocaqçılığı qəbul eləyə bilmərəm. İndi oranın yollarını da düzəldiblər. Kəndlərdə çağırmadığım, demədiyim biri ağlımda olur ki, onunla danışmamışam. Ya da misalçün kimsə deyir, filankəs var. Millət-millət deyir. Mən artıq özümə borc bilirəm ora getməyi, söz deməyi. Bu, “Atagün” Ailəsinin yaxşı, gözəl cəhəti. Çatışmazlığı isə Ailədə Evlad çatışmazlığı. Heç kəsi aldada bilmərik. Biz Mütləqçiyik. Ona görə vaxtı-vaxtında Ailə toplantıları keçirə bilmirik. Burda bəlli səbəbləri nəzərə alsaq da, sözsüz, bunlar bəhanə deyil. Bunlar hardasa ona səhlənkar yanaşmaqdan irəli gəlmir. Həyatın məcbur elədiyi bir işdir. Atmaq, kəsmək olmaz hər hansı qayğını. Soylu qardaşım da vurğu elədi ki, o əməllə bir olmayandan sonra, onun fərəhini yaşamayandan sonra yorulma, dayanma olar. Səni əməldən əmələ çağıran, səsləyən həmin fərəhdir. Dünyanın dağılan nizamını görürsən. İnsan günü-gündən enişə uğrayır. Çox adamlara demişəm. Məsələn deyirdi, filankəs dünyanın dərdini çəkdi öldü. Yeri gələndə deyirəm ona inanın. O ona görə partladı öldü ki, o dərd üçün bir addım atmadı. Heç bir əməl göstərmədi. O gücü çatan hər hansı bir işi görsəydi ölməyəcəkdi.
“Uluyol-Hünər”, “Ulufərəh”, “Atagün”ü birləşdirmək məsələsi. Mənim xəstəni qoyub gəlməyim, maddi çətinlik, yaşlaşmışam. Gəlib, getmək çətindir. Bunu bəri başdan qızışıb söz vermək çox çətindir. Soylunun qərarı ilə uyğun yolunu bulmalıyıq.
Atamız Var olsun!
Soylu Atalı: Hesab eləyirəm, bu məsələni mənsiz çözsəniz yaxşıdır. Mənim qərarım həlledici olmamalıdır. Birincisi, neçə Ailə olsun. Bunu qərarlaşdırmaq gərəkdir. Ondan sonra ikinci Ailəni necə yaşatmağı düşünmək olar.
Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): “Uluyol-Hünər” Ailəsinin yükümlüsü kimi uğurlarından danışsaq, Ailənin elə bir ciddi xalqlaşma uğuru olmayıb. Ailəçilərin Ocaq içi tədbiri kitablaşdırmaq, sayt işləri, saytda yayımlamaq i.a. Neçə gündür hesabat hazırlayıram. Orda özümün də son illərdəki hesabatlarımı oxuyuram. Mən özümün çıxışlarıma baxanda görürəm necə fərəhli çıxış eləyirəm. Mənim cümlələrim də tamam başqa cür alınıb. Mən özümçün darıxdım. Özümün son çağlar Ocaq fəalsızlığımı görürəm, bilirəm, halıma yaxşı etki bağışlamır. Eyni zamanda o hesabatı hazırladıqca da başqa cür yaşamaq, danışmaq gərəkdir. Bunu da görürəm. Düşünürəm, köklənmək gərəkdir. Çünkü başqa yol yoxdur. Ocaq halı, Ocaq yaşamı mənim ömrümün mənasıdır. Ömrümün mənasından uzaqlaşsam ömrüm mənasızlaşacaq. Bu mənəvi ölüm olar. Ona görə köklənmək gərəkdir. Atamız Var olsun!
Türkel Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Ruhsal Ailənin tələblərini dərk eləmək, onun əsasında yaşamaq, cismani ailədə yetişmək, tərbiyələnmək. Cismani ailədəki yaşamda boşluqlar, qane eləməyən məsələlər, dünənin yetkinsizliyi, təcrübəsizliyi ilə bağlıdır. Mənim tipimdə olanlara çox rast gəlirəm. Daha doğrusu, yaşamdakı oxşarlıqları görürəm. Cismani ailə psixologiyasını, fikirlərini qəbul eləməmişəm heç vaxt. Təməldə sistemsizlik, boşluq olanda gələcək də düzgün yaşanmır. Bunları bir tərəfdən də anlaşıqlı qəbul eləyirəm. Ruhsal Ailə isə cismani ailələrə həm örnəkdir, həm də onları bu gündən çıxartmaq üçün zəmindir, işıqdır. Ocağa gəldiyimdən bəri “Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin hər ikisində oldum. Örnək götürələcək Ocaqçılar var ki, onların yaşamına baxıb həyatdan aldığım ağrıları Amala yönəlik düşüncələrlə sağaltmaq olar. Ruhunu gücləndirib həyata yenilməmək. Cismani ailədə keçmiş çatışmazlıqları, özünün dünənini Amal işığında başqa şəkildə görmək. Mənim Ocaqda olduğum 18 ildir. Ata deyir ki, Ocaqçı üçün 5 ömür də azdır. Biri var ömrü ağır, gərgin, sarsıntılı yaşayasan. Bunlar səni uca tələblərə qovuşdurar. Sənin axtarışların elə səviyyəyə çatsın ki, Atanın dediyinə uyğun 5 ömür də bəs eləməsin, axtarışlarını aşkarlamağa. Bir də var hər kəs kimi çətinliyi, ağır yaşamı cismani şeylərdə görəsən. Ata əsil gərginliyi, ağrını yaşayıb, özünü aşkarladı:
Dözəcək bəlaya, cəfaya könlüm,
Əzab dənizində çalxalansa da…
Ömrü bir xətt üzrə yaşayıb, xoşbəxtliyə yetmək.
Atamız Var olsun!
Soylu Atalı: 20 illiyini özəl keçirərik. İndi işlərin Ocaq tədbirlərini kitablaşdırmaq, özünü ifadə eləmək, söz demək, qıraqda ayrı-ayrı yoldaşlarla söhbət eləmək şəklində gedir.
Güntay Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Doğrudan da keşməkeşli dövr keçiririk. Həyat qayğıları ideyanın nizamı içində həllini tapa bilər. Bunları dərk eləyirəm. Ancaq öz-özümə fikirləşirəm, bu gün xüsusi şəkildə özü-özündən alındı. Hardasa 1 aydır olmurdu belə şeylər. Atanın kitablarından aparmışam iş yerimə oxumağa. Bu gün vaxtım oldu. “Fəlsəfənin Təməli” kitabından Soylu qardaşımın önsözünü oxudum 5 yoldaşa. Ön sözdə Soylu bəyin açıqlamaları əsasında fikirlərimi çatdırdım. Saat yarım yaxşı söhbət elədim. Öz-özümə düşünürəm. Bəlli qayğıları aşmaq gərəkdir. Yuxarkı otaqda Ocaqla bağlı mebellər düzəltdirmişəm. Ədəbiyyatlar, Atanın şəkli. Ağlımda enerjimi düzgün yerə yönəltmək barədə fikirləşirəm. Atamıza çox istəyirəm layiq olum. Atamız Var olsun!
Soylu Atalı: Həyatın gərginlik yükünü qoydun qırağa. Atanın bayrağından fərəh yükünü qoydun içinə. Bunu hər zaman eləmək gərək.
Hər kəs özünü, sözünü ifadə elədi uyğun bir şəkildə. Dediklərimizə uyğun da Ruhsal yaşamımızın sınırlarını bəlli eləmək gərəkdir. Ocaq polemikası ideyası yaxşı ideyadır. Ocaq kitablarını göz önündə saxlayıb ona üz tutmaq yaxşı ideyadır. İçini ayaqda tutmaq. Ailə Günü törənimizi bununla başa vururuq. Ruhsal hədiyyə hazırlamamışıq. Gücümüzü saxlayırıq 40 illik törənimizə. Ən azından hər biriniz hazırlaşın. Ən azından hesab eləyirəm ki, Günev, Nurtəkin daha ciddi hazırlaşmalıdır. Nurtəkin “Uluyol-Hünər”in yükümlüsü olduğu üçün. Günev Atanın sağlığından üzü bu yana görə-görə gəldiyi üçün. Yaşantılarını qısa, aydın verməyə çalışmaq gərəkdir. Bununla da törənimiz başa çatır. Törənimizi Atanın adıyla başa vuraq.
Nişanələrimizi qəbul eləyək.
Ocaq Yükümlüsü Evladlıq Nişanələrini Yol sözü ilə paylayır.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun” səcdəsiylə mərasim sona yetir.
Köçəri Ayı, 40-cı il.