Xəbərlər

Qutsal “Ailə Günü” Törəni

Ocaq Günsırası ilə 6 Köçəri Ayı, 42-ci ildə Mütləqə İnam Ocağı Qutsal “Ailə Günü” Törəni keçirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Bu gün Asif Atanın Mütləqə İnam Ocağının Qutsal “Ailə Günü” törənini keçiririk. Ocaq Günsıramızla 42-ci ilimizin sonuncu mərasimidir. Qabaqdan 43-cü ilimiz başlayır. Günəş Ayının biri “Yeni il” mərasimimiz olacaq. Yeni il mərasiminə canlı qatılmaq haqqında düşünməliyik. Bölgələrimizdə olan Ocaqçılarımız da düşünsünlər.

Pandemiya olandan sonra tədbirlərimizi internet üzərindən keçirdik, bir sıra gələnəkləri gerçəkləşdirmədik. İndi Atanın “Harayları” başlamalı idi, dinləməli idik. Ocaq quralları yerinə yetirilməli idi. Bunları internet üzərindən etmək alınmır. Bunları mən deyirəm, bu da tarixdir, yazılsın, qalsın. Ancaq məzmun yerindədir, bununla bağlı heç bir dəyişiklik baş vermir. İndi mən Ruhani gələnəklərimizdən birini – təqdiretmə əməlini yerinə yetirmək istəyirəm. Atamızın adından Ocaq işlərini amaldaşlarımıza sunmaq istəyirəm:

Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali səcdə ilə!

Ocağımızın yaşamasında, həm də işlərinin yönləndirilməsində davamlı qatqısı olan Nurtəkinin əməyini təqdir edirəm. Ocaq işlərini diqqətdə saxlayır, saytlarımızı işlədir, gediş yazılarını, tədbirləri, onların vaxtını, keçirilməsini ayaqda tutmaq fədakarlıqdır, Ocaq üçün quruculuq əməlidir. Ataya daim layiq ol.

Nurtəkin Atalı: Ata Ruhu Ürəyimdədir!

Soylu Atalı: Bilənin əməlini təqdir edirəm. Bilən böyük addımlar atıb, böyük işlər görür. Bu işlərin sonucu olaraq, biz Göyçayda yayılmışıq. Göyçayın Ocaqdan geniş sorağı var. Bilənin belə bir Ruhani təşkilatçılığı, davamlı görüşlər hazırlaması, Yardımlıda da söhbətlər təşkil eləməsi Ocaq işimizin yayılmasında uğurlu addımlar oldu. Bu işlər sübut elədi ki, pandemiya deyilən əngəl də Ocağın işini dayandıra bilmədi, Ocaq öz işini görməkdədir. Ona görə Bilənin əməlini təqdir edirəm. Atanın qarşısında üzü ağ olsun, arxayınlaşmasın, əməllərinə daha ciddi şəkildə davam eləsin.

Bilən Atalı: Ata Ruhu Ürəyimdədir!

Soylu Atalı: Göytəkinin əməlini təqdir edirəm. Göytəkin Ocağa gəldiyi gündən hünərli, yaradıcı gəldi. Həm Ocaq tədbirlərini səsdən sözə çevirir, həm Ocaq tədbirlərinin, yazılarının işlənilməsini nəzarətdə saxlayır, həm öz üzərində işləyir, həm başqaları ilə ünsiyyət qurur, həm də ciddi mütaliə edir, ədəbiyyatlar oxuyur. Bir sözlə, öz evinin içində ciddi Ocaqlaşma yolu tutub. Düşünürəm, bu cür gediş onun Ocaqçılıq ləyaqətini bütöv təsdiq edəcək. Arxayınlaşmasın, Ata qarşısında üzü ağ olsun, Ata qarşısında özünü qursun.

Göytəkin Atalı: Ata Ruhu Ürəyimdədir!

Soylu Atalı: İnamlı qardaşımızın çalışmaları var. Cəlilabadda onun atdığı addımlar var. Bizim Cəlilabada səfərimiz üçün görüş təşkil elədi, Ocağın sorağı yayıldı, Ocağın ədəbiyyatları yayıldı. Sonradan Ocağın Ölügötürmə quralına uyğun şəhid yasında söz dedik. O söz Ocaq sözü idi, çəkici idi, bəlli bir etkisi oldu. Ona görə qardaşımızın əməlini, əməyini təqdir edirəm. Ata qarşısında üzü ağ olsun.

Yurdtəkin Atalı: Ata Ruhu Ürəyimdədir!

Soylu Atalı: Eləcə də Günev qardaşımız, davamlı xalqlaşma işləri həyata keçirir, bölgədə Ocaq soraqları yayıb. Ağcabədidə, Beyləqanda, İmişlidə, onların kəndlərində Ocaq soraqları  yayılıb. Günev orda Ocağı təmsil edə bilir. Məbədi dişlə, dırnaqla, zəhmətlə başa gətirdi, bizim üçün Məbədin yaranması nədirsə, nə deməkdirsə, bu ayrıca qonudur, onu vurğulayarıq. Ona görə qardaşımızın hünərini təqdir edirəm. Ata qarşısında üzü ağ olsun.

İl içində başqa amaldaşlarımızın da ayrı-ayrı çabaları, qatqıları təqdir olunur. Bütünlükdə bu əməllərin hamısı üst-üstə gəlir, dalğaya çevrilir, bu dalğa addım-addım xalqın içində Ocaq var deyir.

İstəyirəm “Gün”ün mahiyyəti ilə bağlı da bir neçə söz deyəm. Bu mərasimin mahiyyətini bilirsiniz. Asif Ata ilk dəfə Ruhani Ailə yaranmasını mərasim kimi Ocağının tarixinə yazdı. Həm də gerçəkləşməsini qaydalaşdırdı. Yanılmıramsa, Ocağın səkkizinci ilindən üzü bu yana bu mərasim keçirilir. Söz yox, Ocaq da bir Yoldur, yaşam sistemidir, onun da yaşamında keşməkeşlər, qalxıb-enmələr olub. (Mənasında, məzmununda qalxıb-enmələr olmayıb). Bu da qaçılmazdır, təkcə Azərbaycanda deyil, bütövlükdə dünyada bu proses gedir, insanların ayaqda durmasını əngəlləyir. O ki qala insanlar böyük Yol seçələr, böyük bir Yolu yaşadalar. Buna görə gərginliklər yaşanır. Bütün bu çətinliklərə baxmayaraq, Ocaq tədbirlərinə qatılmaq bəxtiyarlıq­dır. Mən Asif Atanın evinə gedəndə, qaydalaşdırmışdım, içəridə adam oldu olmadı, Ata evdə eşitdi eşitmədi, deyərdim: “Ata evinə gəldim, Ruhani bəxtiyarlığa qovuşdum”.

Mən, doğrudan da, Ruhani bəxtiyarlığa qovuşurdum, mən, doğrudan, Ocaq tədbirlərində bəxti­yar­lığa qovuşuram. Bu günə kimi, yanılmıramsa, iki dəfə Ocaq tədbirlərinə qatılmamışam. Otuz ildir mən Ocaqdayam, vur-tut iki dəfə qatılmamışam. Onun biri ortancıl uşağın xəstələnməsi dönəminə düşmüşdü, Atanın özünün xəstə olduğu dönəmlər idi. Tamam halsızlaşmışdım, ayaqda qala bilmirdim. Ona görə mərasimə qatıla bilmədim. İkinci də yenə yanılmıramsa,  Atanın ölümündən sonra olub. Nə demək istəyirəm, mən sizə demişəm, bilirsiniz, burdan Borçalıya 600 km yoldur. Borçalıda mənim atam öldü, atamı bu gün torpağa qoyub  Bakıya qayıtmışam, səhər mərasim keçirmişəm. Mənim üçün Ocaq  bu deməkdir, mənim üçün əqidə bu deməkdir, mənim üçün yaşamaq bu deməkdir. Mənim üçün Ocağı yaşamaq, yaşatmaq bəxtiyarlıqdır.

Bizdən qıraqdakılar deyirlər, neyniyək, axı İnsanlaşmağa qoymurlar. İnsanlaşmağa qoymurlarsa, onda get heyvan kimi ol. Necə yəni İnsanlaşmağa qoymurlar?! Elə söz, elə ifadə işlətmək olmaz. İnsanlar – məni İsanlaşmağa qoymurlar deməyi özünə ayıb saymalıdır. Biz insan olaraq, nə vaxta qədər xalqı yamanlayıb qınayacağıq, adam olmur, düzəlmir deyə. Asif Ata Ocağı yaradıb ki, xalqda nəyi necə görmək istəyirsənsə, onu Ocaqda, öz yaşamında yarat. Öz xəlqi birliyini yarat. Xəlqi birliyi necə görmək istəyirsənsə, onu Ocaqda yarat. Yarat, xalq görsün. Xalqı Ocaqda İnsan yaratmağa inandır. Öz ömrünü qurmaqla, yaratmaqla xalqı inandır. Yoxsa xalqa nə qədər uca söz deyirsənsə de, bu qulağından girib o biri qulağından çıxacaq. Ona görə həmişə vurğu edirəm, özünü yaratmaqla sən, Ocaqda xalqa örnək vermiş olursan. Xalqı inandırmış olursan, İnsanlaşmaq mümkündür, birlik yaratmaq mümkündür, heyvan olmaqdan qurtarmaq mümkündür. Sübut edirsən bunu.

İndi biz Asif Atanın Ruhani hüzurundayıq. Mərasim o deməkdir. Asif  Atanın hüzurunda mən bir sorumluluq daşıyıram, hesabat verirəm, söz deyirəm. Hardan alıb deyim o sözü? Asif Ataya necə deyim, mən sənin Ocağını yaşadıram, yəni mən ortaya bir ləyaqət qoyuram, hünər qoyuram, düşüncə qoyuram, idrak qoyuram, mənəviyyat qoyuram. Asif Atanın qarşısına keçib deyirəm, mən xalqa örnək olacaq ömür yaradıram, örnək olacaq yaşam nizamı yaradıram. Bütün məsələ odur. Bir də görürsən, durub Azərbaycanı Fransa ilə  tutuşdururlar, orda demokratiya var bizdə yoxdur. Utanıb-ölmürlər. Azərbaycanı Ocaqla tutuşdur, Ocaqda ləyaqət var, Ocaqda bir qom olsa da, arı-duru, saf insanlar var. Hünər var Ocaqda. İllərlə hünər göstərir, sənin gözünün qabağında…

Baxın tədbirlərimiz indiyə qədər kitablaşdırılıb. İndi də Göytəkin kitablaşdırır. Ocaq tədbirlərinin kitablaşdırılması nə deməkdir, bilirsinizmi? Ocaq minillik bir yoldur, Ocağın yazdığı, yaratdığı hər bir söz, hər bir kitab sabah məbədlərdə öyrəniləcək, oxunacaq. Sabah ərəblərin cəfəng hədislərini məscidlərdə oxumayacaqlar, Asif Ata Ocağının Ailə kitabını, Bayramlar kitablarını oxuyacaqlar məbədlərdə. Onları öyrənəcəklər, onlardan öyrənəcəklər. Çünkü onların ləyaqəti bu kitablarda yazılıb. Bu kitabların yazılması, sabaha çatdırılması o deməkdir. Ona görə deyirəm, Azərbaycanı Ocaqla tutuşdurmaq gərəkdir. Ocaqda Babək ləya­qəti, Nəsimi, Nəimi ləyaqəti yaşayır, Zərdüşt ləyaqəti, Dədə Qorqud ləyaqəti yaşayır. Yaşadırıq onu. Hünərimizdə, əməlimizdə, ləyaqətimizdə, sözümüzdə, sevgimizdə, çalışmalarımızda yaşa­dı­rıq. Onlar bizim mayamızda, cövhərimizdə alovlanır, işıqlanır. Azərbaycan bu deməkdir, bununla tutuşdurmaq gərəkdir. Fransa ilə, Hollandiya ilə yox. Üzdəki Azərbaycanlılar balacabaşlardır, çünkü hamısını qarnı idarə edir, hamısı qarnının peşindədir. Biz qarına qarşı deyilik, ancaq bizim başımızın yerindəki də qarnımız deyil. Biz də insanıq, yeyirik, işləyirik, biz də çətinliklər çəkirik, biz də ağrılar, acılar görürük, biz də yoxsulluq ağrısı çəkirik. Nə etməli, səbəblərini deyin, niyə bu günə düşmüşük, niyə sürüləşdiriblər bizi, bu günə salıblar, sürü kimi də yönətirlər. Ortaya elə ləyaqət qoymaq gərəkdir, bu ləyaqət min il yol getsin, söz desin. Nə qədər mən Ocaqda Asif Atanın ləyaqətini göstərə bilməyəcəm, nə qədər mən ömrümlə örnək ola biləcək ləyaqət yarada bilməyəcəm, mənim sözüm iş görməyəcək. Partiyalar deyir, biz bu qədər söz deyirik, çağırırıq, bircə addım da siz atın, siz eşidin. Ancaq bu partiyaların içində xalqa rəğbət göstərən oldumu? Xalqa tərs örnək göstərdilər, xalq səni seçdi, tutdu, sən qaçdın. İndi xalq düşünür, yenə qaçacaqsan. Ona görə deyirəm, elə bir ömür, ləyaqət yarat, xalq səni görsün səndən öyrənsin. Azərbaycanda, neçə ildir, hər şeydən yüksəkdə duran Ocaqlaşma prosesi başlayıb. Hər şeydən yüksəkdə durur, dünyanın dediyini demir, toplumun dediyini demir. Din dünyanın dediyini deyir, toplumun dediyini deyir, ən pis səviyyədə deyir. Siyasət ən murdar səviyyədə elə toplumun dediyini deyir, artıq bir şey demir, deyə bilmir. Baxın, şairlərə, yazıçılara, mədəniyyət adamlarına nə örnək göstərirlər?! Yal axtarırlar, yala yüyürürlər, yala hürürlər, xalqı aldadırlar, döşlərinə medal taxırlar, böyük görünürlər. Bunlar yekələndikcə Azərbaycan kiçilir, xalqın ləyaqəti kiçilir. Ocaqda belə şey yoxdur, bundan sonra da olmayacaq. Ocaq elə bir ortamdır, bütün bunların hamısını süzgəcdən keçirir, öz ölçüsündən baxır. Doğrudan da, fəxr eləmək, qürur duymaq gərəkdir, Azərbaycanda belə bir qutsal olay var. Təkcə fəxr eləmək azdır, həm də onu ömrün təntənəsinə çevirmək gərəkdir. Ona görə deyirəm, Ocaq dünyanın dediyini demir, Ocaq qurtuluşun dediyini deyir. Bunu eşidəcəklər, sadəcə olaraq, adamların ağılları kaldır. Düşünürlər, bizim sayımız çox deyil, neyniyə bilərik?! Çox iş görə bilərik. Sən gözünü yaxşı aç, sənin içsəl gözünün yarandığı andan başlayır hər şey. Onda görəcəksən ləyaqət nə deməkdir, xalq, xəlqi birlik nə deməkdir. Günümüzün belə bir məzmunu var. Bundan daha zəngin, daha geniş məzmunu var. Bu məzmuna görə, Atanın hüzurunda olmağa görə, bir araya gələ bildiyinizə görə sizin hər birinizi qutlayıram. Hər birinizi bağrıma basıram. Çox böyük bir işin peşində olduğumuzu mən dönə-dönə özümə deyirəm, siz də yəqin özünüzə deyirsiniz. Belə bir gündə hər birinizin ləyaqətinizlə qürur duyuram. Ocağın sabahına bir soraq sayıram bunu. Daha doğrusu, xalqın gələcəyinə bir soraq sayıram. Biz bu gün nə ediriksə, gələcəyin baxışına sunuruq. Gələcək bizdən ləyaqət istəyəcək, gələcək bizdən hər şeydən yüksək duran, üstün duran əyilməzlik istəyəcək. Ocaq bunu yaradır. Ocaqdan qıraqda bunu yarada bilmirlər. Hər kəs gələcəyə əyri gedir. Ocaq gərək gələcəyə düz, ləyaqətli getsin. Günümüzün məzmunu budur. İndi də amaldaşlarımızı dinləyək.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! Atamz Var olsun!

Qaydamıza görə “Uluyol-Hünər” Ailəsinin yükümlüsünü dinləyək.

 

Nurtəkin Atalı (Ataya səcdə edir – G.A.): “Uluyol-Hünər” Ailəsinin Ailə yükümlüsü kimi hesabatımı deyim. Öncə özümdən başlayım. Uluyol-Hünər Ailəsinin Ailə Günləri bəzi zamanlarda keçirilməyib, ancaq çalışmışıq, Ailə günlərini keçirək. Öz işlərim, il içində saytlarımızı işlətmişəm, tədbir kitablarının başa gəlməsində qatqılarım olub. Atanın kitablarının düzəldilməsində əməyim olub. İl içində səfərim də olub, Soylu bəylə Göyçaya, Yardımlıya, Cəlilabada getmişik. Mənim üçün bu səfərlər ciddi bir yaşantı idi. Ara-sıra Ocaqyönlü söhbətlərim olub.

Göylü Atalı Günəş Ayında Ocağa Tədbirlər kitabını sunub. Atanın 85 illiyində onun təşkilatçılığı ilə Soylu Atalının Ata ilə bağlı radyoda söhbəti keçirilib. Göylünün özünün də imkan düşdükcə söhbətləri olub. Güntayın özünə xas əməlləri olub. Ara-sıra imkan olduqca Xalqlaşma söhbətləri olub. Düzdür, ötən illərə baxanda əməlimiz azdır. Bunun da səbəbi bəllidir – Pandemiya-karantin yasaqları. Ancaq Ailə kimi yaşayırıq. Düşünürəm, növbəti Evladlaşma ilimizdə Ocaqçıların yeni əməlləri olacaq. Nə qədər, Ailə yaşayır, Ocaq Ailəsi bizim üçün etiraf, döyüş, bir-birimizdən bəhrələnmə ünvanımızdır, yerimizdir. Nə qədər biz Ailədəyik, bir-birimizə bağlıyıq, eləcə də Ocağa bağlı oluruq. Ona görə də həm Ruhani əhvalımızı ciddi kökləmək, həm də əməllərimizi ciddi artırmaq vaxtıdır. Mənim sözüm bu qədər. Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edir – G.A.): “Atagün” Ailəsinin durumu bəllidir. Atagün Ailəsi çalışmalarını bəlli səbəblərdən gerçəkləşdirə bilmir. Ailədə Soylu Atal, mən, Elana vardıq. Elana, sağlıq durumu ilə bağlı, yükün daşıyıcısı ola bilmir, iki Ocaqçı da Ailə üçün azdı. Ona görə hələ ki Soylu da, mən də sərbəst çalışırıq. Olanaq yarandıqca Uluyol-Hünər Ailəsinin toplantılarına qatılıram. İşlə bağlı deyə bilərəm, Soylu bəllidir hər kəsə, bütün Ocaq bir yana, Soylu bir yanadır. Soylu bunu bacardı.

Mən də Amallaşma, Kamilləşmə, Xalqlaşma gedişimdən narazı deyiləm, tam razı da deyiləm. Mənim Amallaşma səviyyəm, Xalqlaşma səviyyəm bəlli bir xətt üzrə gedir. Çalışıram ondan yüksəyə qalxam, ancaq alınmır, qalxa bilmirəm. Bütün səmimiyyətimlə deyirəm. Ancaq enmirəm də. Ocaq əhvalımda İnamım bütövdür, Yolumuza zərrə qədər şübhəm yoxdur. Olsaydı, bu qədər yol keçib gəlmək alınmazdı. Addım atmaq olmazdı. Bu qədər vaxt içində Ocaqla qaynayıb-qarışmaq, Ocağın bütün sorunlarını, fərəhlərini özününkünə çevirmək, bəşərin dərdini öz dərdinə çevirmək, onu da Ata göstərdiyi kimi, Ata ideyalarına uyğun eləmək mümkün olmazdı. Soylunun dediyi kimi, mən o əhvalları özümdə yarada bilmirəmsə, çevrəmdə demək də özünü doğrultmaz. Nurtəkin də keçən dəfə bir söz dedi, nə vaxt haqq edirsən söz deməyi, nə vaxt haqq etmirsən. Onu da cavablandırdıq, sən o tələblərlə yaşamayanda, onu özündə yaşatmayanda, onu kiməsə izhar etməyin heç bir effekti, heç bir etkisi olmayacaq.

Yenə qonunu “Atagün” Ailəsinin üzərinə gətirim. “Atagün” Ailəsinə yeni bir Ocaqçı gətirsək, bütün işlərini olduğu kimi yaşadıb söz deyəcik. İndi də özümü Ailə yükümlüsü kimi hiss edirəm. Hansısa bir boşluğu öz çalışmalarımla doldurmağa çalışıram. Soylu da öz çalışmaları ilə doldurur. Özümü Ailəni davam eləməyə borclu sayıram. İşlə bağlı dayanmıram. Elana ilə birlikdə qonşu kəndə getmişik, söhbətlərimiz olub. Dünən kənd içində söhbətlərim olub. Ancaq yenə bütün bunları özüm üçün yetərli saymıram. Soylu Atal demiş, Ailə işi bütövləşdirir.

Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edir – G.A.): Elə bir sözüm yoxdur, Ailə günlərinə qatılmağın önəmini vurğulamaq istəyirəm. Düzdür, Ocağın bütün tədbirlərinə qatılmaq, bir arada olmaq, düşüncələrimizi bölüşmək, bütün bunlar da özəl önəm daşıyır. Ancaq Ailə Günlərinin mənim üçün önəmi daha böyükdür. Çünkü ay içində yaşantılarımızı bölüşməyə bir ehtiyac duyuram. Amaldaşlarımın hansı addımları atdığını dinləmək bir başqa fərəh verir, güc verir adama. Bir də qoyduğumuz qonuda – yeni Ruhani Ailələr yaratmaq qonusunda özüm də ciddi düşünürəm. Doğrudur, Bilənin toplumda söhbətlər aparması çox olur. Ancaq mən çox istəyərəm, bizim bölgədə Ruhani Ailəmiz olsun, vaxtaşırı bir araya gələk. İşlərimizi, fərəhimizi bir-birimizlə bölüşək. Bilənin atdığı hər addıma, söhbət etməsinə, ədəbiyyatlar verməsinə özəl bir sevinclə, ümidlə yanaşıram. Ancaq bu yöndən aktivliyimizin daha da artmasına çalışmalıyıq. Çünkü bizim işimiz, Yolumuz elədir, bir dəfə deməklə, kitablar verməklə kimsə bizə doğru gələsi deyil. Ona görə bu əməllərdə davamlı olmaq, daha ciddi çalışmaq gərəkdir. Bayaq da dediyim kimi, Ailəmizi yaratmağı çox istəyirəm. Deyəcəklərim bu qədər. Atamız Var olsun!

Soylu Atalı: Ruhani Ailənin yaranması olduqca önəmli bir məsələdir. Ata həmişə deyərdi, Ailədən Ailə doğmalıdır. Biz Ailə yaradırıq, bəzən görürsən hansısa səbəblərdən bəzi Ailələr işini dayandırır. Ancaq Ailəçilik var, Ailə öz sözünü deyir. Ən xoşbəxt Ailə “Uluyol-Hünər” Ailəsidir. Günəş Ayının onunda tam otuz yaşı olacaq. Onu mən başlamışam, hazırlaşıram. Nurtəkin, sən də  hazırlaş. Ailənin otuz yaşı olacaq. Günəş Ayında biz mərasim keçirməliyik –  Yeni il mərasimi. Bu mərasimdə həm “Uluyol-Hünər” Ailəsinin otuz yaşını, həm mənim Ocağa gəlişimin otuz yaşını, həm də Günevlə mənim dostluğumun otuz yaşını vurğu edəcəyik. Bunları mən gələcəyə bir ismarıc olaraq vermək istəyirəm. Bu, olduqca ciddi bir məsələdir, otuz illik ömür, otuz illik dostluq, otuz illik Ocaq Ailəsi.

İnamlı Atalı (Ataya səcdə edir – G.A.): Amallaşma, Kamilləşmə Xalqlaşma ilə bağlı. Daha çox Amallaşma ilə uğraşmışam. Xalqlaşma işim də yox deyil. Oturub-durduğum, rastlaşdığım adamlarla söhbətlərim olur.  Mən öz xalqımı sevirəm. Nə yaxşı bizim Zərdüştümüz, Dədə Qorqudumuz, Nəsimimiz, Nəimimiz, Füzulimiz var. Mənə elə gəlir, onlar sağdırlar, onlar elə Ocağa yığılıblar. Məndə elə bir hal yaranır, mənə elə gəlir, bütün dəyərlərimiz elə Ocağa yığılıb. Ocaqçıların bir-birinə olan sayğısında, bir-birinə olan ən gözəl, xeyirxah arzularında mən bunu görürəm. Mən belə düşünürəm, Ocaq həqiqətən Azərbaycanın haqqı olan yeganə yoldur. Çünkü Ocaq Azərbaycançılıqdan başlayan yoldur. Doğrudur, Ocaqçıların da məişət sorunları var, çətinlikləri var. Ancaq mən bir Ocaqçının bunları dilə gətirməsini eşitmədim. Hamısı ancaq fərəhlərini dilə gətirir. Hamısının dediyi sözlər xalqımızın qurtuluşuna bağlı bir şeylər olur. Mən, doğrudan da, çox istərdim, burada bir Ocaq Ailəsi yarada bilim. Çox gözəl bir hal olardı mənim üçün. Düzdür, çalışmalarım var. Söhbətlərim olur. Bir neçə gün bundan qabaq, Cəlilabadda bir yazar var, onunla söhbət etdim. Mənə deyir, neçə illərdir deyirsiniz, bəs niyə artmırsınız, niyə bu Cəlilabaddan beş nəfəri özünüzə qoşa bilmirsiniz? Dedim, qoşulmaq istəməyənlərdən biri sən. Əgər xalqı, doğrudan da, sevirsənsə, öz yazdıqlarına layiq olmağa çalışırsansa, Ocaqdan daha güclü həqiqəti ortaya gətirən ikinci bir Yol tanımıram. Sən özün niyə gəlmirsən, sən özün niyə qələmini buna yönəltmirsən? O, bir az çaşdı, ancaq bilirəm, halı bu günə köklənib, halı məişətə köklənib, şöhrətə köklənib. Ocağın tələblərini, sözsüz, ödəyə bilməz. Belə imkanı olan, şöhrətə meyilli adamları cəlb eləmək çətindir, sadə insanları cəlb eləmək mümkündür, onların da düşüncə dünyasını qıraq ideyalar işğal edib. Ərəbçilik, islam dini beyinləri kütləşdirib, insanı özündən ayırıb. Sonra da sosializm şəraitində yaşamışıq. Sovet xalqında azərbaycanlı, rus, ukraynalı, tatar bir yaşayıb, insanı millətçilikdən ayırmışdılar, ancaq şüurları, düşüncələri Moskvanı yedizdirməyə kökləmişdilər. Ocaqçı kimi mən də anlayıram, millətimə gərəyəm, yaxamı qırağa çəkməyə haqqım yoxdur. Var olun, bacılarım, qardaşlarım. Ocağı bu cür hünərlə, bu cür qeyrətlə qoruyursunuz, yaşadırsınız. Fərəhim sonsuzdur, sizin kimi bacı-qardaşlarımla Ocaqda yürüyürəm. Özüm keçən illərə baxanda görürəm, çox şey itirmişəm, üzülürəm. Bir yandan da sevinirəm, sizə qoşuldum. Bu yaşımda bu fərəhi yaşadım, inanın, elə bil yeni bir dünya yaşayıram. Var olun. Atamız Var olsun!

Soylu Atalı: Var ol, qardaş. Mən sənin bölgədə olan durumunla bağlı bir şey deyim. Bilirsən, biz bir neçə aydır, səninlə bağlaşdıq, heç bir il də deyil. Bir neçə ayın içində Cəlilabadda yenidən soraq genişləndi, yayıldı. Əslində bu qısa vaxtda atılan addımlar, yenə deyirəm, ordakı insanlarla bir araya gəlib söhbət aparmaq, yas yerində onlarla bir araya gəlmək, söz demək, hamısı yeni bir dalğadır, Ocaq dalğasıdır. Qarşısıalınmaz yeni bir dalğadır, gedəcək. Mən arada gələcəm Cəlilabada, orda yenə insanlarla doğmalaşarıq, görüşərik, uğurlu bir yol açarıq. Əsas odur, bu başlanıb. Uzun ara veriləndən sonra orda Ocaq yönündən yenidən addımlar atılmağa başlayıb. Harda Ocaq var, orda nikbinlik var. Ocağın sözü varsa, gedişi varsa, nikbinlikdən başqa əhval yoxdur. O nikbinliyi də biz getdikcə artırarıq.

Güntayın üzərinə ağır yük gəldi. Həm atası, həm ailə, ayrı-ayrı qayğılar onun üzərinə gəldi. Bunlar Güntayı bir az sıxdı. Mən istəmirəm, Güntay sıxıntılar içində tək qalsın, onun arxasında Ocaq var, birləşmək, bağlaşmaq gərəkdir. Başlıca olaraq, bir ilə yaxındır, Güntay atası ilə bağlı çətin, ağır hallar yaşadı, atasının xəstəliyi ağır oldu, üzücü oldu. Halbuki, Güntay Ocağa gələndə başladığı işlər çox bənzərsiz idi. O qədər gözəl işlər görüb, Atanın kitabının çapından tutmuş bir çox yönlərdəelə. Toparlanmaq gərəkdir, ağrıları, acıları ötmək gərəkdir. Çətinlikləri görürəm, bilirəm. Çətinliklərə baxmayaraq, özündə güc tapmaq gərəkdir. Həm öncədən olan, həm də onun üzərinə gətirdiyin bir ləyaqət var, bir ad var ortada, Güntay adı var. Onun ləyaqətini axıra qədər qorumaq gərəkdir. Həm də onun ləyaqətini Ocaq ləyaqətinə calamaq gərəkdir. Ocaq da arxandadır. Belə məqamlarda özünü tək hiss eləmə. Yük olaram demə. Gərəkən yerdə amaldaşlarına üz tut. Amaldaşların elə ondan ötrüdür, ən çətin anlarında sənin əlindən tutsunlar.

Bilən, sözün varmı?

Bilən Atalı: Soylu bəy, sözüm yoxdur.

Soylu Atalı: Bilənin sözü onun əməlləridir. Bilən çox ciddi işlər görür, fərəhverici işlər görür. Göyçayda dayanmadan işləyir, özünün də ağır iş rejimi var. Xalqlaşma işi aparır, bağlantı qurur, genişləndirir. İmkan düşəndə mən də gedirəm, orda görüşlər keçiririk. Bilənin təşkilatçılığı ilə yavaş-yavaş Göyçaydan qıraqdakı bölgələrə getməliyik. Mingəçevirə, Ucara, Gəncəyə gedəcəyik. Bilən Türkiyədə televiziya ilə bağlantı qurmağa çalışır. İşləyir, bu işlər Ocağa yeni hünərlər vəd edir. Hər kəs sözünü dedi.

Atanın yeni kitabını başa çatdırmışıq. Onun sorağını sizə vermişəm. Onun üz qabığını işləyib çapa göndərəcəyik. Mənim hədəfim odur, Asif Atanın 10+3 cildini ən azı 100 tirajla çap edib başa gətirək. Hər bir Ocaqçının, eyni zamanda Ocağa yaxın adamların əlində olsun. Göylüyə demişəm danışsın, Günsıra viziti hazırlayaq. Orda həm abe`miz var, həm ünvanlarımız var, həm də Asif Atanın yaratdığı yeni Günsıra var. Bunu paylayırıq, hər kəsin ilgisinə səbəb olur. Onları da görüşlərdə, səfərlərdə bağışlayırıq.

Heç kimin sözü yoxdursa, mərasimi başa çatdıraq. Hər bir amaldaşımıza, hər bir Ocaqçımıza yeni Ocaq uğurları diləyək. Atanın qarşısında həmişə hər kəs öz üzünü ağ görməyə çalışsın. Bu bizim Ocağımızın da gələcəyi üçün önəmlidir, xalqın Ocaqlaşması üçün də olduqca önəmlidir. Qutsal günümüz başa çatır. Atamızın adından mərasimi bitiririk.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Törən başa çatır.

Səsdən sözə çevirdi: Göytəkin Atalı.
Köçəri Ayı, 42-ci il. Göyçay.

 

 

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir