Xəbərlər

Qutsal “Ailə Günü” Törəni

Ocaq Günsırası ilə 6 Köçəri Ayı, 46-cı ildə Asif Atanın Mütləqə İnam Ocağı qutsal “Ailə Günü” Törənini keçirdi. Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Ölənlərimizi anırıq: Bağban, Sabahlı, Amaltay bizimlədir.
Bu törənimiz 46-cı ilimizin sonuncu tədbiridir. 46-cı ilimizdə necə olduq, necə yaşadıq, nələr edə bildiksə, onun geniş qapsamda hesabatını gələn ayın 1-də verəcəyik. Ancaq hər halda, indi də ümumi bir mənzərə çizmək pis olmaz. Bu ilimiz, izləmələrimə görə, ötən ilimizdən qabağa getdi: həm tədbirlərin keçirilməsi, görüşlərin keçirilməsi, eyni halda Nurtəkingilin bölgələrə səfərləri, ayrı-ayrı ünvanlarda xalqlaşma işlərinin görülməsi açısından. Bu ilin qabağa olması bizim üçün avantajdır. Ancaq daha yaxşı toparlanmağımız, eyni halda növbəti ilimizdə daha ciddi uğurlar əldə etməyimiz gərəkdir. Bu il bacara bilmədiyimiz iş – sənədli filmin başa gəlməməsi oldu. Növbəti 47-ci ildən başlayaraq, bu işi həyata keçirməyimiz gərəkdir.

“Ailə Günü”nün məzmunu ilə bağlı bir neçə söz deyək. Ötən illərdə demişik, indi də vurğu edək. “Ailə Günü” Ocaqda ilk dəfə “Ocaqkənd” adlı Ailənin yaranması ilə gerçəkləşdi. “Ailə Günü” Atanın planı, həm də uğuru idi. Mən dönə-dönə yazıram, vurğu edirəm, Asif Ata filan işləri görmək istədi, alınmadı, sonra dedi, “Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq”, –  Ocaqlaşma yolunun yönü, biçimi bəlli olmalıydı. O biçimlərdən biri Ailənin olmasıydı. Atadan qabaqkı ruhaniyyat yaradıcılarının da bu, ya buna bənzər planları, addımları olub, ancaq Ruhsal Ailə janrı ilk dəfədir. Mən ruhaniyyat tarixini az-çox araşdırmış adamam, bilirəm, Ruhsal Ailə ideyası ilk biçimdir, Atanın Ocağında yaranıb. Ruhsal Ailə Ocağın, demək olar, bütün işlərini bölgələrdə, ayrı-ayrı yerlərdə gerçəkləşdirən bir qurumdur. Bizim ən yüksək orqanımız Ocağın mərasimidir. Ancaq mərasimdə Ocaqçılar olur. Asif Ata mərasimlərdə Ocaqçılara söz deyir, Ocaqçıları kökləyir, böyüdür. Onların yönünü bəlirləyir. Ancaq Ailə Günlərində biz toplumun içindən insanlar çağırırıq, onlara Ocaq sözü deyirik, Ocaq ideyalarını anladırıq, biz sözlə, Ailə Günlərində biz həm də xalqlaşırıq. Ona görə yerlərdə, bölgələrdə (mərasimin dışında) Ocağın işlərini görmək, ideyalarını xalqa çatdırmaq funksiyası daşıyır Ailə Günü. Həm də ailəçilərin özlərinin uğurlarını formalaşdırır, ruhsal şəklə salır. Hər bir Ailəçi gördüyü işlərin hesabatını verir. Fərdi qaydada xalqlaşma işlərinin, özünüyaratma, öyrənmə əməllərinin hesabatını verir, bununla yanaşı toplumda iş aparır. Hər bir Ocaqçının qarşısında duran ruhsal bir öhdəlik var – özünün ruhsal yaşamının davamı kimi xalqın içinə çıxmalı, Ocaq ruhunda ayrı-ayrı insanların tərbiyələnməsi, köklənməsi, hazırlanması – Ocağa rəğbətçi edilməsi, ya da Ocağa gətirilməsi. Ocaqçı daim axtarışlardadır. Axtarışlarda olmalıdır. Əgər bu axtarış yoxdursa, onda Ocaqçının qarşısında duran öhdəlik ödənmir. Çətinliklər var, bilirəm, ancaq Atanın yaratdığı, ortaya gətirdiyi ideyalar, tələblər var. Biz onu bacarsaq da, bacarmasaq da, iş çətin olsa da, bunun məsələyə dəxli yoxdur. Bizim qarşımızda duran ruhani öhdəliklər var. Biz ildə bir adam Ocağa Evlad gətirə bilmirik. Ocaq gələcəksiz olmaz. Ocağın gələcəyi – Evladların gəlməsi şərtlərini özündə daşıyır. Ona görə 47-ci ilimizdən bu məsələləri hər bir Ocaqçı özündə daha ciddi düşünüb, daha ciddi təhlil edib dəyərləndirməlidir. Nə kimi addımlar ata bilirsə, onu da sınaqdan çıxarmalıdır. Toplumda Ocağa ciddi gərəklilik(ehtiyac) yaranır. Bu gərəklilik artacaq, azalmayacaq. Həmişə mərasimlərdə Ata deyirdi, biz artacıq, sonra azalacıq. Nə üçün deyirdi?! –Çünkü Ocaqlaşmanın çətin olduğunu hamıdan daha yaxşı Asif Ata bilirdi. Bilirdi ki, Ocağa həvəslənib gələnlər olacaq, ancaq Ocaqda bərkiyib qalanlar az olacaq. Eyni halda mərasimlərdə vurğu etdiyimiz məsələlər olub, toplum getdikcə daha ciddi qaranlığa girir. Toplumun həyatı getdikcə daha ciddi fəlakətlərə yön alır. Bu da artacaq, azalmayacaq. Bunun doğal bir gedişi var. Quruluş dəyişib. Hər bir quruluş dəyişəndə ən azı yarım yüzil (yarım əsr) qədər toplum üzü aşağı gedir. Toparlana bilmir, gücü çatmır.Yeni ideyaların yaranıb oturuşması zaman tələb edir. On illər tələb edir. Ona görə də üzü aşağı meyillənmə artır. Sonra hansısa bir dönəmdə, ən kritik anlarda, toplumun ən çox iflasa uğradığı, həyat tərzinin ən ağır bir duruma gəldiyi çağlarda geriyə dönüş başlayır. Onu Ocaqmı başlayacaq, yoxsa Ocaqdan qıraqda kimsəmi başlayacaq?! Başqası başlayarsa, Ocağın işini yubada bilər. Ancaq mən inanıram, Ocağın işi, tələbi heç vaxt gündəmdən çıxmayacaq. Heç kim bundan qaça bilməyəcək. Kimin nə deyib-deməməyindən asılı olmayaraq,Ocağın ideya, prinsip, hərəkətlilik baxımından tutduğu yol mütləq doğrudur. Tələsəyən tələsiyəcək, Ocaq tələsiyə bilməz. Ocaq bütün məsələlərə düşüncə ilə yanaşır. Onun tələsməyə haqqı yoxdur. Gedən doğal proses özü Ocağa yönləndirəcək. Yetər ki, Ocaq ayaqda dursun, çağırsın. Fəlakətlər baxışları Ocağa doğru yönləndirəcək. Nə yazıqlar ki, fəlakət getdikcə artır, toplum daha çox faciələrin içinə girir hər mənada. Ona görə kim nə deyir desin, nə edir etsin, tələsmək Ocağa heç nə verməz. Proseslərin doğal axarı var, biz onu sürətləndirə bilmərik. Sürətləndirə bilərik insani yolla yox. Tutalım, zora, gücə əl ata bilərik. İşi bu cür sürətləndirmək isə daha çox çöküşə aparır. Ocaq qol işi deyil. Onun sürəti bizim ürəyimizin döyüntüsü kimidir. Biz özümüzü qurmaqla uğraşmalıyıq ki, toplumu çağıra bilək. Ocaq Ailələrinin işi budur, Ailələrin uğuru da budur. Ailələrin Ocaq qarşısında öhdəlikləri də budur. Mənə elə gəlir, bu məsələləri “Ailə Günləri”ndə detal-detal sual kimi qoyub təhlil etmək gərəkdir. Onda hər bir Ocaqçının ağlı, düşüncəsi bərkiyir, yolu daha da aydınlaşır özü üçün. Həm də iş yön tapır. Biz özümüz üçün daha çox müəyyənləşdirməliyik ki, hansı addımları atmalıyıq, hansı işləri görməliyik.
Yeni İl törənində yeni iş, əməl planlarını bəlirləyək. Bəlkə fərdi qaydada öhdəliklər götürək. O öhdəliklərə doğru addımlar ataq. Məncə, bu yaxşı olar. Elə olsa, uğurlarımız artar. Sonra bu öhdəliklərin hesabatını verək. Bir az özümüzə qarşı tələbkar olaq.
Mən sizə bu yöndə uğurlar, başarılar diləyirəm. Hər birinizə can sağlığı diləyirəm. Ocaqda can sağlığı ilə yaşayan Evlad Ocağın işini daha da qabağa apara bilər.
Atamız Var olsun!

Günev Atalı (Ataya Səcdə edib, Bayrağı öpür – N.A.): Ruhani hərəkatlarda, qardaşımızın vurğuladığı kimi, ailə məsələsi olub, ancaq bu adla deyil. Asif Atanın ruhani ailə məsələsi fərqli olub. Hər bir Ailənin ayda bir yol toplanması ilə ailəçilər hesabat verir. Ailə Günlərində ən önəmli hesabat Amallaşma, Kamiləşmə, Xalqaşma hesabatıdır. Asif Atanın ideyalarını mənimsəyirik, ona yetməyin yollarını öyrənirik, kamil əhvalla xalqın içinə çıxıb Xalqaşma işi aparırıq. Bunları bilmədən, bu əhvala dolmadan xalqa yanaşmaq xalqın bu günkü vəziyyətində onun, necə deyərlər, tikanını çıxarırsan nəinki “sağol” deyir, basıb gözünü də deşir. Bunun məqamını seçirsən, yeri var ki, susursan, yeri var ki, orda alovlanırsan. Yeri gəlir ehtirasla deyirsən, bəzən sənin dediklərini anlamasa da heyranlıqla qulaq asır. Çünkü həqiqət sənin cilalanmış ürəyindən gəlir, ona heyrət etməmək mümkün deyil. Onda gərək o insan olmaya. Bu açıdan Ailə çox önəmli bir məsələdir. Həm də əhval məsələsi, köklənmək məsələsi. Bilmirəm nə dərəcədə uyğundur bunu mən məsəl çəkirəm. Hər hansı bir musiqi alətini gözəl çalırlar və asırlar.  Müəyyən zaman keçəndən sonra o kökdən düşür. Rüzgarın, nəmliyin təsirindən. İnsan da cəmiyyətdə o rüzgarın təsirini görür, münasibətləri görür. İstər-istəməz halına yansıyır. Nə qədər daş da, dəmir də olsa belə, yansıyacaq. Ancaq Ailəyə də gəlirsən, Ailə Günlərində elə əhvala dolursan ki, bəzən özün özünə gülürsən, mən hardasa sarsılırdım, səsimi udurdum. Ailə insanı daim yenilənmə əhvalına yüksəldir. Xalqın içinə də amalın yayılması yönündən ürəklə gedirsən.
Ailə Günündə çabalar məsələsi – bu gün mənim, demək olar, Ailə Günü ilə bağlı hər hansı bir çabam yoxdur. Ancaq vaxtilə olubdur, çox da tutarlı olub. Bu o vaxt idi ki, Ata Ailə yükümlüsü yükünü çiynimə qoyanda mən yollara dərviş kimi çıxmışdım. Mütləq bu olmalıdır, gedirdim, bəzən qovulurdum da. Onlar məni sarsıtmırdı, mən Atanın tələbi ilə gedirəm, amalın tələbi ilə gedirəm. Mənim qovulmağım burda əsas deyil. Mən peşman olmuram ki, niyə getdim. Mən həqiqətin, haqqın tələbi ilə gedirdim. Dəli çabalarım olub. İndi də xalqaşma yönündə çabalarım davam edir.
Atamız Var olsun!

İnamlı Atalı (Ataya Səcdə edib, Bayrağı öpür – N.A.): Ailə Gününün məzmunu biz Ocaqçılara yaxın bir anlamdır. Biz elə Ailələrdə toparlandıq, Ailələrdə öz mədəni səviyyəmizi artırdıq, öz dairəmizi artırdıq. Ocaqkənd Ailəsində vaxtilə bizim çox gözəl ənənələrimiz var idi. Hər dəfə Amallaşma, Kamiləşmə, Xalqlaşma tələblərini qoyardıq. Amallaşmada Atanın hansısa kitabından bəlli hissələri qoyardıq, oxuyub öyrənərdik, münasibətimizi bildirərdik. Özüylədöyüş məsələsi var Ailə Günündə. İnsan özü özünü necə yetirə bilər, içindəki bədxahlığı, naqisliyi, nisbiliyi necə öldürə bilər? İnsan özündə bunları başqalarına münasibətdə aşkarlayır və onlarla hansı döyüş yolunu qoya bilər, bundan qurtulmaq üçün hansı çabalarımız ola bilər – bu məsələləri biz Kamilləşmə bölümündə aydınlaşdırmağa çalışırdıq. Xalqlaşmada – Amalın xalqda yayılması. Bizim hardasa səhvlərimiz, yanlışlarımız olmuşdu ki, Ailə sonacan davam gətirmədi, Ailə dağıldı. Mərasim qonuları mənə çox geniş təsir bağışladı – Ailə Gününün tələbləri ilə yaşamaq. Ailə Gününün hansı tələbləri var? Biz onu az-çox Amallaşma, Kamilləşmə, Xalqlaşma tələbində görə bilirik və çevrədəkilərə etki göstərmək açısından. Bu, halımızda nə kimi dəyişikliklər yarada bilir? Bu məsələ, qardaşımızın ifadə elədiyi kimi, bütün xırdalıqları ilə gərək bizim hər birimizə aydın ola. Bizim izharlarımızın öz təsiri baxımından insanlara etkiləri olur, ancaq onların  bugünkü durumu ilə bağlı elə yol seçək ki, fikrimizi onlara çatdıra bilək. Mən tam əminəm ki, oturub iş görməmək insanı daha da tənəzzülə aparır. Ancaq istər-istəməz hər hansı bir addımı atmaq insanın qarşısına uğurlu hallar çıxara bilir.  Bu günlərdə yaxınlıqdakı bir orta məktəbə getdim, orda direktorla söhbət etdim. Asif Ata haqqında danışdım, məktəbdə görüş keçirilməsini istədim. Direktor görüş keçirilməsinə söz verdi. Mən gördüm ki, addım atanda alınır. Addım atmayanda bədbinlik, passivlik insanı bürüyür. İnsana elə gəlir ki, bu mümkün deyil, alınmır. İnsan özü-özünə sanki belə bir təsəlli verir. Bunu özümə özgün olaraq deyirəm. Sözsüz ki, qardaş və bacılarımın bu sahədə geniş fəaliyyətləri var, uğurları var. Onların bu uğurlarına həmişə sevinmişəm. Münasibət qurduğumuz insanları o çətinliklərin içindən biz çıxartmalıyıq, yol göstərməliyik. Eyni zamanda Ocaqçının qarşısında qoyulan tələblər bizim üçün aydın olmalıdır. Biz deyirik minimal tələbat. Bu minimal tələbata nələr daxil olmalıdır. Sözsüz, hər bir ailənin özünün evi olur, müəyyən dolanışıq səviyyəsi olur. Bunlar hamısı bir Ocaqçı kimi bizim üçün də aydın olmalıdır və həmin tələblərlə öz şəxsi həyatımızı yönləndirə bilərik.
Atamız Var olsun!

NurtəkinAtalı (Ataya Səcdə edib, Bayrağı öpür – N.A.): Ocağın bütün tədbirləri, mərasimləri önəmlidir, ancaq Ailə Günləri mənim üçün başqa bir sorumluluq daşıyır. Birincisi odur ki, tədbirləri mən yönəldirəm. İkincisi isə Ailə Günündə özünü daha çox ifadə etmək, daxili səfər hesabatı vermək, özümü necə gördüyümü, araşdırdığımı ifadə eləyə bilmək var. O baxımdan hər dəfə Ailə Günləri başqa cür sorumluluq qoyur qarşıma.
Mən də bu ilimi keçən ilmdən və ya öncəki illərimdən bir qat daha yuxarıda hesab edirəm. Çünkü həm özümlə üz-üzə durmaq imkanım oldu, həm səfərlərə getmək imkanım oldu. O ehtiyac ki, insanlarla söhbət etmək, qıraqdan özünü görə bilmək, yenidən xalqlaşma fərəhinə qayıtmaq – tamam başqa bir duyğular yaradır içimdə. Addım atdıqca addım atmaq, daha da irəli getmək, daha da özünü ifadə etmək istəyi vardı. Yükümlünün də dediyi kimi, artıq başqa bir səviyyə gərəkdir. Soylu bəy demişdi ki, canlı Ocaq tədbirləri keçirək növbəti ilimizdə. Doğmalaşma günü keçirmək olar canlı olaraq. Yeni ilimizdə yeni əməllər ortalığa qoymalıyam özümü daha da yaxşı ifadə etmək üçün.
Atamız Var olsun!

Bilən Atalı (Ataya Səcdə edib, Bayrağı öpür – N.A.):  Hər gün Ocaq ruhu ilə köklənirəm. Haqsızlıqlarla döyüşürəm əsasən. Maddi durum düzələn bir şey deyil. Həmişədə belə olacaq. Bundan sonra daha ağır olacaq. Sadəcə mən öz içimdə olan narahatçılıqlarla döyüşürəm, ona qalib gəlməyə çalışıram. Qalan Ocaq haqqında nə işlər varsa, onu görməyə hazıram, ona doğru da addımlayıram hər zaman.
Daxlimdə olanlarla bağlı narahatçılıqlar var, onlara qalib gəlməyə çalışıram. Ən çətini odur. Danışıqla əməllər həyatda düzgün olmalıdır. Daxilimdə olan ziddiyyətləri aradan götürməyə çalışıram. Əminəm ki, ona qalib gələcəm.
Atamız Var olsun!

Soylu Atalı: Ocağın hər bir işi Ocağı ayaqda tutan ciddi, əsaslı bir dayaqdır. Ona görə hər bir işə önəm vermək gərəkdir. Hər bir iş bir-birinə bağlı şəkildə həyata keçirilməlidir.
Bəzi məsələlərlə bağlı bir neçə söz demək istəyirəm ki, aydınlıq olsun. Həyatın maddi baxımdan nizamını anlamaq gərək. Minimal həyat, minimal güzəran məsələsi ilə bağlı baş sındırmağa gərək yoxdur. Biz zatən elə minimal güzəran üçün çalışırıq, əlavə qazanc dalınca qaçmırıq. Qazanıb da başqa yerlərə pul xərcləmirik. Biz elə dolanışığımızı təmin etmək üçün çabalar göstəririk. Bu deyilənlər İnsanlığı bilməyənlərə, daha çox nəfsinin qulu olanlara öyrədilməlidir, istər Ocaqda olsun, istər qıraqda. İnsan minimal güzəran haqqında düşünərsə, ömrünün qalan hissəsini insan kimi yaşayar.
İkinci bir məsələ deyək ki, Günev eyni ünvanlarda eyni adamlarla bir neçə dəfə söhbət edib. Onlar bilirlər ki, Günevin dövlətə, millətə, insana münasibəti necədir. Yeni bir mühitə düşəndə, yeni insanlarla üz-üzə gələndə isə bəzi məsələlərin adını çəkməyə bilərsən, belə ünvanlarda ancaq Ocağın gözəlliklərindən danışmaq olar. “Millətçilik” sözünü yeri gələr dilə almazsan. Sadəcə millətin gələcəyi ilə bağlı danışırsan. “Millətçilik” sözünü başa düşməyənlər var, bundan qıcıqlanırlar. Biz bilirik, “millətçilik” başqa toplumlara qarşı yönələn dağıdıcı baxış deyil, sağlam milli yönün yaranması üçün gərək olan ideyadır. Ona görə anlayışları anlamayanların yanında bu anlayışlara aydınlıq gətirmədən qıcıqlandırıcı danışmaq gərək deyil. Hərə bir cür qiymət verir. Bunun üçün öz üzərimizdə ciddi işləməyimiz gərəkdir.
Bir çağlar toplumda bir cür anarxiya var idi, indi başqa cür anarxiya var. Bir çağlar eyni baxışları hərə bir cür yozurdu, indi o qədər baxışlar var, toplum qruplaşmalara bölünür. Toplumun içinə gedə bilmirik, qapıları hər yerdən üzümüzə bağlayırlar.
Ona görə deyirəm, Ocaq işləri ilə bağlı hər birimiz konkret öhdəliklər götürsək, onda bir qədər hərəkətin yönünü bəlirləyəcəyik. Getdiyimiz yerlərdə sərbəst iş görmələrimiz də nizamlanacaq.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Törən sona yetir.

Səsdən sözə çevrildi: Köçəri Ayı, 46-cı il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir