Xəbərlər

Qutsal “Ailə Günü” Törənindəki çıxışlar

Ocaq Günsırası ilə 6 Köçəri Ayı, 43-cü ildə (fevral, 2022) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Ailə Günü” Törənini keçirdi. Törən quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağının 43-cü ilsıramızda sonuncu Mərasimini – “Ailə Günü” Mərasimini keçiririk. Mərasimdə Sabahlı, Bağban, Amaltay anılır. Onlar bizimlədir, həmişəlik.
Günümüz hər mənada gözəl, qutsal gündür. Çünkü insanın dünyada özünün varlığını dərk eləməsi üçün, eləcə də, yaşadığı dünyanın anlamını bilməsi üçün, ona gərək olan, bir məzmun var ortada. Ona gərək olan bir qapı açılıbdır. O da Asif Atanın Mütləqə İnam Ocağıının varlığıdır.
Mən Amaldaşlarıma sevgimi sunuram, sevgimi izhar eləmək istəyirəm. Onu da sizə deyim, biz Asif Atanın ölümünün, başqa sözlə, Asif Atasız Ocağın varlığının 25 illiyi qarşısındayıq. Yeni il Mərasimimizdə bunu özəl olaraq vurğu edəcəm, Ocağın Asif Atadan sonrakı dönəmi – 25 ildə nə baş verdi?! 25 ildə Ocaq hara gəlib çıxdı?! Eyni halda, Asif Atanın aramızdan getməsinin 25 ilidir, biz bunu da “Asif Atanın Sonevini Ziyarət Törəni”ndə özəl olaraq vurğu edəcəyik. Ağstafaya gedəcəyik, hər kəs indidən hazırlaşar. Hər kəs orada olmalıdır. İki ildir, ölkədə, eləcə də, dünyada gedən pandemiya oyunları ilə bağlı Ata Sonevini ziyarət etmirik. 25 illik bir ayrılıq var ortada. 25 il – yüzilin dörddə biri deməkdir. Amaldaşlarımın Ocağa nə vaxt gəlməsindən asılı olmayaraq, onlar elə 25 ildir Ocağı yaşadırlar. Ocağı 25 il öncə kim yaşadıb, sonra kim qoşulubdur, bu məsələnin elə bir ayrıcalığı yoxdur. Əsas məsələ, bu gün hamımız bir yerdə Ocağın 25 illiyi qarşısındayıq. Əsas məsələ odur, yük daşınır, yük bizim üzərimizdədir, hər birimiz Ocağa bağlıyıq, Ocağı yaşadırıq, Ocağı yaşayırıq. Ocaqda yaşamağın özü gözəllikdir. Dünyanın gedişi elə bir düzəyə gəlib çıxıb, doğrudan da, Ocaqla yaşamaq, Ocaqlı yaşamaq həm böyük ləyaqətdir, həm böyük xoşbəxtlikdir. Dünyanın əyrilərinin içində çaşmırıq, bədbinləşmirik. Toplum kimi pessimist ovqatda yaşamırıq. Gələcəyə inamımız, ümidimiz var. Həm də Gələcəyin qurulmasına, oluşmasına qatqımız var. Özül prinsiplər səviyyəsində qatqımız var. Biz gələcəyin özülünü möhkəmlədənlərik. Az sayda insanlar planetin bu başından o başına bəşər övladının qayğılarıyla yaşayır, onların gələcəkli olmasını sağlamağa, təmin etməyə çalışır. Söz yox, bizdən qıraqda ayrı-ayrı insanların da çabaları var. Onlar da azdırlar. Bəşəriyyəti qoruyan insanlar olduqca azdır. Bu azlıq, özü bir-birini bilsə də, bilməsə də, görsə də, görməsə də, bir vəhdətdir, birlikdir. Bu birlik elə bəşəriyyətin anlamıdır. Bu birliyin özündə Asif Atanın Mütləqə İnam Ocağı var. Bu birliyin əsas daşıyıcısı Asif Atanın Mütləqə İnam Ocağıdır. Ona görə Ocaqda yaşamaq həm ləyaqətdir, həm xoşbaxtlıqdır.
Biz Asif Atanın Ocağını, onun özünün düşündüyü, ortaya gətirdiyi üsulla qoruduq, yaşatdıq. Bu üsul, Ruhani Ailə biçimidir. Ruhani Ailə bir də olsa, beş də, Ocağı təmsil edir. Ocağın yükünü daşıyır, tələblərini də gərəyincə yerinə yetirməyə çalışır. Ailədən Ailə doğar, böyüyə bilər. Əsas məsələ odur, Ocağın Ailəçilik hünəri var, ortada əməli var. Ocağın dirənişi var. Bu işdə hər birimizin qatqımız qutsaldır. Birliyin yaşamasına dayaq olursunuz. Sevginizlə, sevincinizlə, fərəhinizlə Ocağın yaşamasına qatılırsınız. Ayrı-ayrı Ocaqçıların sağlam əməllərini öz sevginizlə cilalayırsınız. Onun arxasında olduğunuzu göstərirsiniz. Bunların hamısı bir insan ömrü üçün böyük göstəricidir. Bu faktların hamısını bir yerə yığanda görürük, Ocaqçıların varlığı, doğrudan da, müqəddəsdir.
Ruhani Ailə biçimi olduqca önəmlidir. Ailə ona görə düşünülüb, ayrı-ayrı bölgədə olan insanlar çağaşırı bir araya gələ bilmir. Bakıda ayda bir yol, iki yol toplaşa bilməz, deməli, öz yaşadığı bölgədə elə Ocağın tələb elədiyi prinsiplərlə yaşamalıdır. Ocağın prinsiplərini yaşatmalıdır. Ailə Gününün tələbləri ilə Amallaşmalıdır, Kamilləşməlidir, Xalqlaşmalıdır. Bunun üçün, yaşadıqları bölgədə bir araya gəlməlidirlər, hesabat verməlidirlər, bir-birini dinləməlidirlər, bir-birinə dayaq olmalıdırlar. Ruhani Ailə bunun üçündür.
İkinci bir məsələni deyim, bayaq dedim, Ocağın, deyək, İnam Evi var. Ən başlıcası, Ocaqçıların özünün varlığı İnam Evidir. Bu gün oturduğumuz bu ünvan Nurtəkinin məişət evi olsa da, anlamca İnam Evidir. Nurtəkin İnam Evi olmaq, deyək, Od Qoruyan ləyaqətinə yüksəlib. Onun varlığı belə bir anlam daşıyır. Əgər Ocaqçının varlığı İnam Evi anlamı daşıyırsa, o, Ocağını, Amalını yaşatmaq üçün ünvan tapacaq. Vaxt vardı, Bakıda olan Ocaqçıların heç birinin evi yox idi. Mənim kirayə qaldığım evlərdə keçirilirdi mərasimlər. Mən kirayədə qalsam da, içim Ocağa bağlı olduğuna görə, Ocaq ünvan tapırdı sözünü deməyə, tədbirlərini keçirməyə. Ocaqçı özü ünvanlaşdığı üçün Ocaq  ünvan tapa bilirdi. Bu məsələ olduqca önəmlidir. Əgər Ocaqçının içi Ocaqlaşırsa, hər bir əngəli qırağa qoyacaq, deyəcək Ocağım yaşamalıdır. Mən inanıram, indi Ocaqda olanların hər birində bu hal var. Ocağın Ruhani Ailəçisi öz ailəsinin yaşadığı ünvanı ruhaniləşdirir. Daha doğrusu, ruhaniyyatın ixtiyarına verə bilir. Bu yəqinlik yaranıbdır. Ocaq yeni-yeni başlayanda belə şeylər olduqca çətin idi. Qohuma-qardaşa, yaxına-uzağa necə deyə bilərdin, Ocaq var, bu qutsal olaydır, qorxmayın, heç kimi öldürən deyil. Bunu başa salmaq çətin idi. İndi dünyanın hər yerinə yayılıb, Asif Atanın Ocağı var, Ocaq yeni bir yoldur. Biz yaşaya-yaşaya, döyüşə-döyüşə belə bir aşamaya gəlib çıxdıq.
Elə-belə demədim, Atanın aramızdan ayrılmasının 25 illiyidir. Bu 25 ildə çox böyük yol keçdik. Həm ömrümüzü Ocaqlaşdırdıq, həm evimizi (ünvanımızı) Ocaqlaşdırdıq, həm xalqın içində Ocağı tanıtdıq. İdeyalar, kitablar, ədəbiyyatlar yurdumuzda da, yurdumuzun sınırlarından qıraqda da yayılır. Böyük göstəricidir bunlar. Qısa zaman kəsiyində böyük uğurlar əldə eləmişik. Biz Ocağın siyahısına yazılmamışıq, Ocağın adını genel olaraq tutmuruq, ömrümüzə çeviririk. Özəl olaraq vurğu eləmək istəyirəm, Ocaqda bir insan Ocaqlaşıbsa, Ocaq yaşayacaq. Varlığımızdan, halımızdan, düşüncəmizdən, ruhani irs olaraq, xalqa ötürüləcəkdir.
Ona görə mən sizin hər birinizi bağrıma basıram, ürəyinizi öpürəm. Xalqın içində dirəniş göstərmək, dedi-qoduları qırağa ötürmək böyük ləyaqətdir.
Ata Ruhu sizə yar olsun.
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

Günev Atalı (Ataya səcdə edərək, bayrağı öpür – N.A.): Gediş Yazısında qoyulan qonularla bağlı söz deyim. Deyirlər, ailə janrı bəşəriyyətin ən böyük tapıntısıdır. Düz deyirlər, ailə o nizamı yaşadır. Burada məişət nizamı, əxlaq nizamı, ata-ana-evlad münasibətləri, eləcə də xalqın bənzərsizliyini qorumaq gələnəyi hardasa ödənir. Nə yazıqlar, bütün yönlər kimi ailə də, zaman-zaman aşınmalara uğrayaraq, öz mahiyyətindən xeyli uzaqlaşmışdır. Bu gün dünyanın bir sıra yerlərində ailə yoxa çıxmaqdadır. Ailə Günü mərasimimizdə bu bəlanın nədən qaynaqlandığını önə çəkib aydınlaşdırmağa çalışırıq. Başlıca nədəni insanın özünə yadlaşmasıdır. Atanın, ananın ailədə ağalıq, xanımlıq münasibəti sərgiləməsidir. Övladın gərəkən tərbiyədə böyüməməsidir. Biz, Asif Ata ideyalarını (İnsanlaşma ideyasını) xalqda yaymaqla xalqın özümləşməsi gedişinə çalışırıq. Bunun üçün Amallaşma, Kamilləşmə, Xalqlaşma yolu tutmuşuq. İnamı xalqa verməklə bu sorunların ortadan qalxmasını düşünürük. Ruhani Ailə bu prinsiplərə qulluq edir. Ümumiyyətlə, Mərasimlər, Ailə Günləri, Soylu qardaşımızın dediyi kimi, Ocağın ali orqanıdır. Ocağı yaşadan məsələlərdir. Biz burada yüksək hala doluruq, yüksək hal yaradırıq, yüksək halla ayrılırıq…
Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edərək Bayrağı öpür – N.A.): Soylu qardaşımın da, Günev qardaşımın da dedikləri kimi, Ocağın Ailələşməsi amalımızın mənəvi dəyərlərindən biridir. İstənilən qurumda təşkilatlanmaq deyə bir şey var, bizdə bu, Ailə biçimindədir. Asif Atanın məsələni Ailələşmək yoluyla ortaya qoyması böyük tapıntıdır. Ailə səviyyəsində doğmalaşmaq, bir-birinin qayğısını çəkmək, çiyin-çiyinə yol getmək uğur deməkdir.
“Gediş Yazısı2nda sual qoyulub: “Özünü görmə, özünü qurma uğurlarım”.
Ümumiyyətlə, mərasimlərdə, görürəm, suallar çox önəmli, mənim ürəyimdən gələn bir şəkildə qoyulur. Bu sual da, eynən həmin qaydadadır.
İnsan uşaqlıqdan necə formalaşır?! Nə zaman insan özünə “mən kiməm” sualını verməyi gərəkli bilir?! Nə vaxt millətin təəssübünü çəkməyi özünə borc sayır?! Nə vaxt insanın qüruruna toxunur aşağılanması, millətin öz kökündən, qədimliyindən aralanması?!  – Tarix boyu insanın axtarışı böyük düşüncə insanlarını həmişə düşündürüb. Ağsaqqallıq deyilən bir hikmət var, ən çox bizim millətimizə xas olan bir keyfiyyətdir. Ailə nizamında bu keyfiyyətin çox böyük rolu olub. Bu gələnəyin bərpa olunmasını Ocaq əsas məqsədlərindən sayır.
Standart yaradıblar, guya insan bəlli yaş həddinə qədər nə cür formalaşıbsa, sonra onun dəyişilməsi mümkün olmur. Bu doğru deyil, insan kamilləşməyə qadir olan varlıqdır. İnsanlığın pozulmasından xalq əzab çəkir. Ona görə Asif Atanın İnam Yolu xalq üçün böyük tapıntıdır, o buna yiyələnməlidir.
Atamız Var olsun!

 

Nurtəkin Atalı (Ataya səcdə edərək Bayrağı öpür – N.A.):  Ocağın hər tədbiri oxuldur, hər tədbirdə biz köklənirik, bir-birimizə münasibətimiz yenilənir. Duyğularımız yenilənir. Hər tədbirdə istədiyim kimi düşüncələrimi, duyğularımı deyə bilməsəm belə, törən ortamı məni olduğumdan yüksəyə qaldırır. Hər tədbirdə Ataya da, Ocaqçılara da münasibətim yenilənir. Doğmalığım artır, sevgim artır, heyrətim artır. Bu ortamı yaratdığı üçün Ataya hədsiz minnətdaram.
Tədbirlər daim Amal ucalığında yaşamaq olanağımızdır. Amal ucalığına çağırışdır. Tədbirlər bizim dinə, xurafata, yalançı ideologiyalara savaşımızı gücləndirən ortamdır.
Bir-birimizə doğmalığımızın, birliyimizin, sevgimizin, inamımızın artdığı ortamdır.
Gələcəyə inamımızın qurulduğu, qorunduğu, gücləndiyi ortamdır. Özüyləbarışmağa qoymayan, özüylədöyüşə çağıran, yönəldən ortamdır.  Özəllikcə Soylu Atalının bütün tədbirlərdə, məraisimlərdə çıxışları çağırışdır. Atanın sözü var, deyir, fələk nə çağırır çağırsın, sən öz çağırdığını çağır. Soylu Atalının da hər tədbirdə çağırışı əslində elə odur. Yəni biz öz çağırdığımızı çağırmalıyıq. Bizim dediyimizə gələcəklər. Ona görə hər tədbirdən sonra, doğrudan da, böyük bir ruh yüksəkliyi ilə ayrılıram.
Atamız Var olsun.

Soylu Atalı: Bir var söz vermək, bir var vəd vermək. Söz vermək odur, adam doğrudan da, Ocağın tələblərini dərindən mənimsəyir, həm də önəmsəyir. O yöndə içində bir ümidlənmə, canatma olur. O canatmanın tələbini dilə gətirir. Söz vermə odur. İçində yaranan hal var, tələb var. Olmaq istəyirsən, onu dilə gətirirsən.
Bir də var vədvermə. Vədvermədə pessimizm deyilən bir şey var. Ola bilmədim, eləyə bilmədim, bağışla, ancaq eləyəcəm. Elə bil qıraqdan yanaşmadır. Sözvermə içəridən olur, vədvermə qıraqdan olur sanki. Nurətkin, inanıram, söz verir.

 Ulusəs Atalı (Ataya səcdə edərək Bayrağı öpür – N.A.):  Mən Ocaqçılara bir olayı danışmaq istəyirəm. 2012-ci ildə Bakıda çovğun idi, qar yağmışdı. Nəinki qar, 3 gün idi bütün Bakı qaranlığa bürünmüşdü. İşıqlar da yanmırdı. Biz də Ailə Günü Mərasimini keçirməli idik. O da Günəşlidə olmalıydı. Oldu da. Mən indi yadıma salıram o məqamları. O gündə bütün Ocaqçılar gəlib çıxdılar Günəşliyə. Soylu öz evindən ayaqla gəlmişdi Günəşliyə. O günü xatırlayanda mənə həmişə yaxşı təsir edir. Ocaqçılarda Ocağa, getdiyi Yola inam var. O qarlı havada, o çovğunda, ev də soyuq idi, çünkü yanmırdı heç nə. O gün biz tədbir keçirdik.

Soylu Atalı: İndi də həmin ruh var. İndi də gedərik. Mən inanıram. Bu gün Günev, çəlik əlində, sürünə-sürünə mərasimə gəlib.

Ulusəs Atalı: O ruh var. O ruh, ola bilsin, daha da güclüdür. Deməyim odur, Ailə Günü çox önəmlidir.
Burda deyilənlərə qoşuluram. Mənim ürəyimcədir deyilənlər. Yenə bir şeyi xatırlatmaq istəyirəm, o Ailə Günü mərasimində Nişanələri təqdim etmək gərək idi. Soylu Atalı Ocaqçılara Nişanələri verəndən sonra, onun Nişanəsini də mən verməli oldum. Sorumlu bir iş idi. Mən bu halı özümdə yaratmalıydım. Ona hazırlaşırdım. Orada mənim dediklərim var. İstəyərdim burada yenidən deyim: Mən hesab edirəm, Ocaq Yükümlüsünə Nişanə təqdim etmək ruhani görəvdir, qutsal işdir. Ocağın yaşadıcısına layiqli söz demək sorumluluq bildirən məsələdir. Mənim qismətimə düşən bu şərəfli iş məni həqiqətlə üz-üzə qoyur, fərəhləndirir. İçimdən keçənləri uca sözlərlə ifadə edə bilməsəm də, Nişanəni təqdim edəcəyim şəxsə münasibətim ucadır. Əsas məsələ odur, şəxsin ucalığını qəbul eləyə biləsən. Ötən çağlarda kimlərsə bunu qəbul edə bilmədi. Mənim üçün uca şəxsə inamımın olması önəmlidir. Onun uca olduğunu anlamaq, görmək məqamına məncə yetmişəm. Mən inanıram, Soylu Atalı daşıdığı Ocaq yükünü ləyaqətlə aparır. Yükümlü adının mahiyyətini ifadə edir. Soylu Atalı Ocağın ən layiqli Evladıdır. Bu gün Soylu Atalı, Atanın sağlığında görəcəyi işi görür. Bu işin sorumluluğunu daşıyır. Atanın çəkdiyi yükü çəkir. Mən istəyirəm Soylu Atalı bu həqiqəti bilsin, Ocaq onunla var olur.
Atamız Var olsun!

(Göytəkin  Atalı genel danışdı – N.A.):

Bilən Atalı (Ataya səcdə edərək Bayrağı öpür – N.A.): Ümumiyyətlə, məni həmişə düşündürən Azərbaycan məsələsidir. Azərbaycanın bugünkü durumu, gələcəyi düşündürür. Asif Atanı dərk edəndən bəri görürəm, Azərbaycanın dövlət kimi qurulması ancaq Asif Atanın ideyasından keçir. Bütün adını çəkdiyimiz dəyərlər, ailə ideyası onun prinsipləri üzərində qurulacaq. Ailə dövlətin qurulmasından sonra baş verəcək. O da Asif Atanın ideyasıyla baş verəcək. Türk toplumu ərəblərin ruhani basqısından azad olacaq. Özümüzə qayıdacağıq millət olaraq. Bu səpkidə daha çox düşünürəm. Özümün də həmişə rahatsızlığım bununla bağlıdır – Azərbaycanın düzəlməsi, təkcə Azərbaycanın yox, türk toplumunun. Günü gündən bizi əzməkdə davam edir imperialist qüvvələr. Yeganə dirəniş Mütləqə İnam fəlsəfəsidir. Bundan başqa yol yoxdur. Öncələr düşünürdüm, gərəkəndə zor tətbiq olunsun, ancaq anladım ki, bu məsələlər güclə alınmaz. Asif Atanın ideyasına ürəkdən sarılmaq gərək.
Atamız Var olsun!

Soylu Atalı: Bir-iki əlavə edim. İllər öncədən, bizim bağlantılarımızın başlanğıcından üzü bu yana, səndə gedən ən böyük dəyişiklik ideyanın üzərinə gəlməyindir. Özüyün dediyin kimi, öncələr düşüncələrin birbaşa siyasi məsələnin üzərində şəkillənirdi. Zaman-zaman anladın, böyük məsələlər siyasi gedişlə, siyasi etkilərlə, siyasi düzənlərin dəyişməsiylə doğrulmaz. Ruhani quruculuq gərəkdir. Ola bilər ifadəndə yerini dəyişik dedin, ailəçiliyin qurulması dövlətin qurulmasından sonra deyil, dövlətin qurulması ailəçiliyin qurulmasından sonra gəlir. Əgər İnsanlaşma baş verərsə, ailə özünə bənzəyərsə, o ailənin böyütdüyü insanlar dövlətin başını məhv eləməz. Onda dövlət ailələşəcək özü. Dövlət ailə statusunda olacaq. Ağa statusunu itirəcək.  Ailələrdə insan yetişməldir. Yeni ölçü yaranmalıdır. İnsan xalqının, vətəninin təmsilçisi kimi formalaşmalıdır. Onlar dövləti ailəyə bənzədəcək – öz tərbiyəsinə uyğun şəkildə. Nə qədər ki bu yoxdur, qalan şeylər düzələn deyil. Qalan şeylər də nə vaxt düzələcək, o vaxt düzələcək, özümüz düzələk. İnsanlara bu düzəlməyin önəmini anladaq. Ondan sonra ümid bəsləyə bilərik, xalqın içində sağlam toxum var. O toxum getdikcə özülə çevriləcək, getdikcə bütün yönlərdə müsbət dəyişikliklər eləyəcək. Ortada gərək insan olsun, fakt olsun ki, biz inanaq. Hələ ortada insan yoxdur, kütlə var.

Sonlandırıcı söz deyim. Bayaq Ulusəsin dediyi məsələyə toxunum. Biz nəyə qadirik, nəyə qadir ola bilərik?! Hər kəsimiz bu məsələni özümüz üçün yenidən çözək. Azadlıq radiosunda illər öncə çıxışımız vardı, Gəncalp, mən, Rəhim Əliyev. O söhbətə yenidən qulaq asdım. Rəhim Əliyev də deyir, Nəsiminin dərisi soyulmayıb. Bunu danırlar. Deyirlər, dərisi soyulan adam necə şeir deyə bilər?! Dünyanı dərk edən bir insanın xeyirə sevgisi, Şərə nifrəti elə bir güc yaradır, o, ölümü saymır. Bəs ölümü ötmək nə deməkdir?! Bəs ölümsüzlük nə deməkdir?!…
Yoq nəzəriyyəsi deyilən bir cərəyan var, onunla uğraşanlar bəzən közün üstündə yeriyirlər, şüşə qırıntılarının üstünə uzanırlar. Bu insan orqanizminin olanaqları deməkdir. Necə ola bilər, Nəsimi bu olanaqlara yetməyə, haqqı dərk eləyən bir qüdrət?!
Ata deyirdi, mən qəti əminəm, Yan Qus tonqalın içində mahnı oxuyurdu. İnsanın belə bir qüdrəti var. Buna Ocaqdan başqa heç kim inanmır. Ocaq da bunu uydurmur. Bayaq Ulusəs bir məsələyə toxundu. Onu yüngülcə təsvir elədi. O vaxt biz Yeni Günəşlinin dikdirləriylə sürüşə-sürüşə, onların evini axtarmışıq, tapa da bilmirdik, soruşa-soruşa, hardan gələk, filan şeyin yanında nə var, saatnan axtarmışıq. Bizi buna aparan inam idi. İnsan istəyəndə hər şey edir. Yetər ki, insanın içində, atdığı addıma, inam olsun. İnsan özünə inanarsa, içində Allah qüdrəti yaradar. Bizim hədəfimiz odur, bəşər övladı  bilsin, o heyvana bərabər deyil, Tanrıya bərabərdir, çox şeyə qadirdir. Qadirlik İnamı yaratmaq istəyirik. Asif Ata deyir, özündə Mütləq gəzdirirsən, sən osan. Gəncalplar deyir, adam necə Allah ola bilər?! Gəncalplar insanda sürü görürlər, özlərinin durumundan baxırlar. Asif Ata İnsanda Mütləqi görür, o da özünün durumundan baxır. Ona görə Asif Ata Xilaskardır.
Zevs Prometeyi Qaf dağında çarmıxa çəkmişdi. Çünkü Prometey Zevsdən odu oğurlayıb insanlara vermişdi ki, soyuqdan ölməsinlər. Zevs onların baş Allahıdır. Ən ağıllısı, ən kamili, ən böyüyü, ən yaxşısıdır. İndi necə olur, Prometey adlı ikinci dərəcəli Allah baş Allahdan daha mərhəmətli, daha ağıllı idimi?! Məsələ elə deyil. Burada məna odur, Zevs Prometeyi cəzalandırır, deyir sən kimsən, insanı arxayınlaşdırırsan?! Mən istəyirəm insan özü əldə eləsin, zəhmət çəksin. Özü böyüsün. Bu məzmun var onun arxasında. Yəni insanda Tanrı qadirlik aşkarlayır. İnsan Tanrıya bənzəməlidir. Belə misalları tarixdən çox çəkmək olar. Yəni Tanrılar insan kimidir, insanlar Tanrı kimi olmalıdırlar. Burada qırağa çıxmalar hədədir, harada özünü göstərir, bu ayrı məsələ. Bax, məsələnin ikinci yanını heç kim görmək istəmir. Birxətli yanaşırlar. Ən çox da müsəlman. Beyinlərinə yazıblar, əzbərləyiblər, Buddaçılar inəyə səcdə edir. Özlərindən soruşmurlar, Buddanın ağlı, düşüncəsi yox idi, inəyi bağlayıb ona səcdə etsin?! Hər bir xalqın özünün bəlli bir totemçilik dönəmi olub. Totemçiliyi biz Köhnəliyin qalığı sayırıq. Ancaq burada pozitiv şeylər də yox deyil, topluma hansısa yollarla nələrsə aşılanır, anlatılır. Yenə deyirəm, biz Mütləqə İnamçıyıq, məsələni bütöv götürürük. Ancaq qədimdə totemçiliyin də anlamı vardı. İnək nədir, məhsul verəndir, süd verəndir, bolluq-bərəkət simgəsidir. Sənin ulu baban canavarın (Bozqurdun) yalqızlığını, möhtəşəmliyini özünə simgə götürüb. Hindli də inəyin bərəkətliliyini, məhsul verməsini əsas götürüb. Ona görə bəşəriyyətin keçdiyi yolları doğru dəyərləndirmək gərəkdir ki, nəyi bugün üçün də doğru saymaq olar, nəyi tarixin arxivinə qoymaq olar. Bunları bilməsək, Asif Atanı da doğru anlada bilmərik. Mütləqçiliyimiz o demək deyil ki, elə hamısının üstündən xətt çəkəsən, Mütləqçilik hər şeyə doğru qiymət verməkdir. Ona görə yaşasın Ata!
Evladlıq Nişanələrini Yol Sözü ilə Ocaq Yükümlüsü Ocaqçılara sundu.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız var olsun” Səcdəsiylə Törən sona yetdi.

Səsdən sözə çevirdi: Nurtəkin Atalı.
Köçəri Ayı, 43-cü il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir