Xəbərlər

Qutsal “Ata Günü” Törənindəki çıxışlar

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Qutsal “Ata Günü” Törənindəki çıxışlar

Ata-Ocaq Günsırası ilə 25 Ata Ayı, 40-cı ildə (sentyabr, 2018) Mütləqə İnam Ocağı Qutsal “Ata Günü” Törəni keçirdi. Ocaq Quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözə başladı: Qutsal Günümüzə başlayırıq. Asif Atanın Mütləqə İnam Ocağı “Ata Günü” törənini həyata keçirir. Törəndə söz deməzdən öncə Ataya səcdə qılıb Bayrağımızı öpürəm.

Uca anlamlı Günümüzdə ölənlərimizi – Sabahlını, Bağbanı, Amaltayı törənimizdə qəbul edirik. Onlar həmişəlik bizimlədir.

Ocağımızın anlamına, tələbinə uyğun davranırıq. Ocağımızın anlamına, tələbinə uyğun törənlərimizi həyata keçiririk. İllərdir yorulmadan, törənlərimizi də, Ocağımızın başqa tələblərini də gerçəkləşdirməkdəyik. Böyük hünər, qeyrət göstərməkdəyik. Bu yaşam nizamının özü, doğrudan da, çox böyük qeyrətdir. Milli qeyrətdir, insani qeyrətdir. Yəni biz, sadəcə olaraq, umacaqlı bir niyyət peşində deyilik, umacaqlı bir işi həyata keçirmirik. Biz qarşılıqsız, umacaqsız olaraq, yaşatdığımız ruhsal gələnəkləri öz ömrümüzün uyumu kimi, tələbi kimi gerçəkləşdirməkdəyik. Bu, olduqca böyük bir göstəricidir. İllər keçib Atanın adını anan, Atanın adını çəkən adamların içərisində sabit, dayanıqlı bir ortam yarandı. Bu ruhsal ortam özünün, demirəm, istəklərini, tələblərini tam həyata keçirir, gerçəkləşdirir, ancaq gələcək üçün də, çağımız üçün də, örnək olaraq, bir ölçüdür. Millətin gələcəkdə yaşam nizamını düşünənlər, yaşam nizamını, keçmişini, ruhsal gələnəklərini araşdıranlar bizim yaratdığımız ortamın ölçülərində, tələblərində Ocağı araşdıracaqlar. Xalqın içində son min ildə nə var idi? Son min ildə sufi məktəbləri vardı, Asif Ata Ocağı vardı. Onlar, necə ki, bu gün mən araşdırıram, dəyərləndirirəm, öyrənirəm, o cür araşdırılacaq, öyrəniləcək. Bunu xalqın yaşamında, bir nizam olaraq, gəlişdirməyə çalışacaqlar. Onu, insanlığın təkcə bir ulus üçün deyil, bütövlükdə bəşər üçün bir ölçüsü kimi dəyərləndirib öyrənməyə çalışacaqlar. Ona görə deyirəm, bu gün bizim bunu yaşatmağımız böyük qeyrət əməlidir. Söz yox, çabalar daha geniş qapsamda olmalıdır. Törənlərlə sınırlanmalı deyil. Törənlərlə sınırlansa, tükənmə yarana bilər. Çətinliklər yeriyibdir hər kəsin yaşamına. Çətinliklər əldən-ayaqdan dala dartır. Ancaq Ocaqçı özündə güc-təpər tapıb, onu bu işlərdən dala dartan çətinliklərə dur deməlidir. Bu bizim mənəviyatımızın ölçüsüdür, güzgüsüdür. Bunun əsasında öyrənmək, öyrətmək məsələsi durur. Ayrı şey yoxdur. Özün iki daşın arasında vaxt tapırsan, Atanı öyrənirsən, dünyanı öyrənirsən, dünyadan öyrəndiklərini Atanın ölçüsüylə öyrənirsən. Dünyada Atanı görürsən, Atanı tapırsan. Dünyanı öyrənməklə Atanı təsdiq edirsən. Atanın özünü ayrıca öyrənirsən, Atanı təsdiq edirsən. Öyrənmək budur. İkinci, öyrəndiklərini, bildiklərini məqam gözləmədən, fürsət gözləmədən hər yerdə deyirsən. Rast düşəndə deyirsən, məqsədyönlü deyirsən. Yəni bizim işimiz budur. Bir də, dediyim kimi, bizə bəlli olan şeylər: arxiv yaratmaq, qorumaq, onu sabaha çatdırmaq. Amalın ən adi sayılanını qoruyub sabaha çatdırmaq. Bu bizim yaşam nizamımızdır. Bunu hər zaman bütövləşdirməyə çalışmaq gərəkdir. Bizim ayrı yaşam nizamımız yoxdur. Biz mitinq adamı deyilik. Mitinq keçirmirik, insanları, yaraqlanıb ayağa durmağa çağırmırıq. İnsanların beynini ayağa durğuzuruq. Şüurunu ayağa durğuzuruq. O vaxta qədər ki, gediş özü, zaman özü insanı, tam olaraq, üzü üstə qoyacaq, onda xalqların ağlı başına gəlməyə başlayacaq, daha doğrusu, Asif Atanın işini anlamağa başlayacaq. O vaxta qədər biz gördüyümüz işi bütöv şəkildə həyata keçirməliyik. Bizim ayrı savaş yolumuz yoxdur. Döyüşümüzün ayrı çalarları var, onu da yetirmək gərək. O da, siyasi ortama etki göstərmək, bu ortamda olanları millətin qoruyucusuna çevirməkdir. Bunu da biz sözlə, düşüncəylə həyata keçiririk. Bu fonda ciddi yaşantılar olarsa, addımlar atılarsa, onda heç birinizə qəribə görünməyəcək, görəsən biz neyləyirik. Sizin qarşınıza elə bir sual çıxmayacaq. Ata ömrü bizim ağlımızda, şüurumuzda elə işıqlanıb, biz bunu insanlğın qurtuluşu kimi anlaya bilərik. Əgər bunu, doğrudan da, elə anlayıb dərk eləmişiksə, nədən biz bunu elə də anlatmayaq. Doğrudan da, Ata ömrü bizim şüurumuzda İnsanlığın qurtuluşudursa, Atanın ömrü deyəndə, onun ideyası, düşüncəsi, bütün prinsipləri gözə alınır. Bunu dərk eləyiriksə, biz onu hər yerdə, hər an anlatmağa borcluyuq. Əgər belə olmasa, onda biz öz gözümüzdə süniləşə, saxtalaşa bilərik. Deyərik, biz özümüzü yola veririk, aldadırıq. Bizim ömrümüz üçün, ömrümüzün təyinatı üçün ikiüzlülük olar, tərsinə olarsa. Ancaq heç kimə bunu zorla vermirik. Bunları daim Evlad öz halıyla, düşüncəsiylə canlandırmalıdır, dəyərləndirməlidir.

Getdikcə dünyada əyintilər çoxalır. Getdikcə dünyada pozuntular daha geniş, fəlakətli bir duruma gəlir. Bu da insan ömrünün, düşüncəsinin əyilməsi ilə bağlıdır. İnsan şüurunun pozuntuya uğramasıyla bağlıdır. İnsanın özü üçün qazdığı quyuya düşməsi kimi bir şeydir. Hər yerdə bu belədir. Biz bunları deyirik, bizə sadəlövh kimi baxa bilərlər. Bizə “zamandan dala qalıblar” deyə bilərlər. Buna da doğal yanaşmaq gərəkdir. Ən ağıllı, ən aktiv adamlar belə, dünaynın analitik gedişini öyrənə bilən adamlar belə, bizə o cür yanaşa bilərlər. Bununla da onlar, doğrudan da, şüurca bizdən çox geridə olduqlarını sübut etmiş olarlar. Şüurca niyə bizdən geridirlər? Hansısa elmləri onlardan çox öyrənmişik deyə yox, İnsanlığın tələbini öyrənmişik deyə. Hər kəs qurtuluşu indiki tendensiyaların genişlənməsində, gəlişməsində görür. Texnologiyalar gəlişir, bunda görür. Dünyanın aparıcı dövlətləri var. Onlara uyğun davranmaq gərəkdir deyirlər. Ancaq biz deyirik, özündə idrak tapıb demək gərəkdir, dünya, sənin gedişinə qadam. Sənin dövlətlərinin zorakı varlığına qadam. Onların yürütdüyü siyasətə qadam. Onların yürütdüyü siyasət səni məhv eləməkdir. Sən də durub onun tələblərinə boyun əyirsən. Mən onun tələblərinə boyun əyməməyə çağırıram, sən də mənə sadəlövh baxırsan. Ona görə bu paradoksal bir məsələni o kəslər anlaya bilər ki, onlar qurtuluşun təyinatını doğru bilirlər. Qurtuluşun təyinatını doğru bilən mənəm. Mən bilirəm, dünyanı əyən sənin mənəviyatsızlığındır. Sənin tamahındır. Mən bunlara qarşı dirənirəm. Bunlara qarşı ideya qoyuram ortaya. Bu ideyaya tapınmaqla özündə güc yaratmağı önərirəm sənə. Sən isə mənə deyirsən, bu gedişə boyun əy. Gedişə boyun əydirib nəyə çevirirsən toplumu?! – Ona görə deyirəm, Atanın işini, ömrünü ölçü kimi dərindən dərk eləmək, dərk elətdirmək gərəkdir. Atayla dünyanı öz ağlında, düşüncəndə, gerçək ortamlarda, dünyanın hər yerində qarşı-qarşıya qoymağı bacarmaq gərəkdir. O qədər güclü olmalısan ki, dünyanın azman ağırlığının altında Asif Atanı dik tuta biləsən. Söz yox, bunu ayrı-ayrı tədbirlərdə, konfranslarda söz güləşdirməklə eləmək olmur. Ortaya nəhəng təfəkkür örnəkləri qoymaqla olur. Bunu özün yaradıb, bunu öyrənib, mənimsəyib ortaya qoyursan. Olanı mənimsəyib ortaya qoyursan. Ona sarmaşırsan sarmaşıq kimi…

Mən hazırda “təsəvvüfün nurunun iki çırağı” adlı kitabı oxuyuram. Burda bir çox sufilərdən, onların yaradıcılığından bəhs olunur. Başlıca olaraq, Mənsur Həllacdan, Sərrac Tusidən söhbət gedir. Onlara mən başqa ədəbiyatlarda da rast gəlmişəm. Min il keçib bunların çalışmalarının üstündən. Tam olaraq min il. Hüseyn Həllacla bağlı min cür də fərqli düşüncələr sərgilənib, ancaq bunların hamısının içərisində Mənsur Həllacın yaşamıyla, ideyasıyla, mənəviyyatıyla bağlı danılmaz qırmızı xətt ortadan keçir, ona toxunmamaq mümkün deyil. Onun çevrəsində çox ziddiyyətli düşüncələr var. Ancaq H.M.Həllacın özünün yaratdığı ömür var. Hamı gəlir qırmıız xəttə çatanda onu poza bilmir. Elə bir şey görürəm mən onun ömründə, həyatında. Niyə, nədir onun gücü? Onun gücü insandır.

Könlümün gözüylə baxdım Rəbbimə
Sordum sən kimsən, dedi sən.

Bir kəlmədir bu. Bu bir kəlmənin çevrəsində onun ideyaları var, düşüncəsi var. Onun dərisini soyurlar.

Ancaq Allaha sevgi elan eləyən, eşq elan eləyən Rəbiyyə Əl Ədəviyyədə, o birilərdə Allaha münasibət tam olaraq vasitəsiz elan olunmur. Vasitəli eşq ideyası bütün baxışların zəif yeridir. Nədir o? Bir qismi deyir: Allaha sevgi ilə Allahdan qorxu vəhdətdə götürülməlidir. Onda Allah insanların mənəviyyatını üstələyə bilər. Bir qismi də deyir, Allaha vasitəsiz yanaşmaq gərəkdir. Vasitəsiz yanaşmaq istəyiblər. Edam olunublar. Vasitə də nədir? – Sevgi, qorxu. Allahı ona görə sevirlər, onun cənnəti var. O cənnət vəd edir. Cənnət vasitəsilə Allaha sevgi elan olunur. Cənnəti ortadan qaldırmaq gərəkdir. Cənnəti ortadan qaldıranda Allahla bir olursan. Allahla vəhdətdə olursan. Bu, Mənsur Həllacın axtarışlarıdır. Allahla bir olmaq gərək. Kitab da çəkir o yana, çəkir bu yana. Dəridən-qabıqdan çıxır ki, yox, H.Mənsur insanla Allahı heç vaxt eyniləşdirməyib. Adam Allahla vəhdət yaratmaq istəyir. Sən isə deyirsən, mütləq ortada vasitəçı olmalıdır. Sənin Allahla münasibətin cənnətdən keçməlidir. Sənin Allahla münasibətin cənnətdən keçirsə, onda nə baş verir? O baş verir ki, sən kamil ola bilmirsən, Mütləq ola bilmirsən. Sən Mütləqiliyini itirirsən. Cənnətdən keçir, deməli, Allahın nəyinəsə mütləq möhtac olmalısan. Mütləq bağımsız olmalı deyilsən. Möhtac olmaq. İnsanı möhtac eləyən şüur insanı gerçək həyata bağlayır. Onun tələblərindən açmır. İnsanı tamaha bağlayır. İnsanı köləliyə bağlayır. Bunu dərk eləmirlər. Asif Ata bunlardan yüksəyə qalxır. Asif Ata “Mütləq sənin mahiyyətindir” deyir. Ona qovuşmağın yolunu sənə bəlirləyir. Səni Mütləqləşməyə qadir olan bir varlıq kimi sunur. Səni Mütləqiliyə meyil eləyən bir varlıq kimi dərk etdirməyə çalışır. Bununla da səninlə Mütləq arasında umacaq ortadan qalxır. Möhtaclıq ortadan qalxır. Sən bağımsızlıq əldə edirsən. İçin bağımsızlaşır. İçində qıraqdan heç bir tələb olmur. İçin qırağa gözünü dikmir, özünə göz dikir. Özü olur, bütövləşir. Kamillik budur. Qıraqdan sənin asılılacağın varsa, onda sənin kamilləşməyin gedir qırağa. Bütövləşməyin gedir qırağa. Mütləq sənin hansısa nöqtədə ikiüzlülüyün qalır. Ata insanı hardan çəkib çıxarır, hardan qurtarır görün. Bu, böyük bir ideyadır. Bu, böyük bir nəzəriyyədir. Bu, böyük bir tələbdir. Bunu insana verərsənsə, onda ölçü mütləq olar, bütöv olar. Kim bu ölçü ilə yaşayar, yaşamaz, onun özü bilər. Ölçü nə qədər arı-duru olaraq ortaya gəlir, arı olaraq tanıdılır. Ona görə Asif Atanın ömrü, işi bizim üçün qurtarıcı bir məsələdir.

Bu gün dünyada insanların tapındığı dinlər var. Konkret olaraq, bizim ulusumuzun tapındığı İslam dini var. Ancaq İslam dinini qəbul edənlər ona Məhəmmədin dedikləri ilə deyil, sufilərin dedikləri ilə yanaşırlar. Bu da dinin adına çıxılır. Sufilər Məhəmmədin dediyini demir. Məhəmmədi öyəndə belə, tam olaraq, onun dediyini demirdilər. Ancaq Sufilərin arasında da nə qədər ziddiyyətli məqamlar olub. Sirləri gizlin deyiblər. Çəkinirdilər cəhalətdən. Cəhalət aman vermirdi. Ancaq dini yaşadan, qoruyan onların baxışları oldu. Mən tutuşdurmuşam, yazmışam. İslam dini vacibul-vücud fəlsəfəsiylə vəhdəti-vücud fəlsəfəsinin kombinasiyası kimi yaşayıb bu günə gəlib çıxıb. Yoxsa o, var ola bilməzdi.

Görün Asif Ata nə qədər yüksək ideya ortaya çıxarır. Onları biz bilirik, dərk eləyirik. Asif Atanın ortaya gətirdiyi məsələ vasitəsiz olaraq dərkdir, vasitəsiz olaraq ölçüdür, vasitəsiz olaraq kamilləşmədir, vasitəsiz olaraq qurtuluşdur. Kombinasiya olunmur, yamaq olunmur nəyəsə. Aldatmır insanı. Onun gözünü tam olaraq açmağa çalışır. Atanın ömrü, işi budur. Bizim törənləşdirdiyimiz bu məsələlərdir. Atanın atasına rəhmət olsun deyil törənimizin anlamı. Ona görə Ocağın törəniylə, işiylə qürur duymaq gərəkdir. Dolmaq gərəkdir. Başı göylərə dəymək gərəkdir. Toplumda bütün azarlar-bezarlar hamısı bu həqiqətdən uzaq olduğu üçündür. İnsan həqiqətdən uzaq olduğu üçün üstünə hər cür sorunlar yeriyir. Bu həqiqətləri hər gün öyrənmək, ona yiyə çıxmaq, onunla iç-içə bərkimək gərəkdir.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 

Göylü Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): Günümüz qutlu olsun. Bu gün təkcə Atanın yox, həm də bizim doğuluş günümüzdür. Atanın ruhundan doğulduğumuz gündür. Bu gün İnsanın yenidən qurulması, doğulması günüdür. Bu gün xalqların yenidən qurulmasının günüdür. Ata bir ölçü yaratdı – İnsanlıq ölçüsü, Mütləq ölçü. Bizim Evlad olaraq borcumuz bu ölçünü yaşatmaq, davam eləməkdir.

Mən bu günlərdə bir adamla görüşdüm. Ocağı yaxından-uzaqdan tanıyan bir adamdır. Təsadüfən görüşmüşdük. O, məndən son aylardakı durumumu soruşdu. Yaradıcılıqda, xalqlaşmada yeniliklərdən soruşdu. Düzdür, mən ona ümumi cavab verdim, ancaq içimdən çox ciddi bir utanc duyğusu keçdi. Konkret öz ömrümə baxdım, gördüm son 4-5 aydır, Göylü yox kimi bir şeydir. Burda bəhanələr də gətirə bilərəm, həyatımda dəyişikliklər oldu filan-filan. Ancaq bunlar doğrudan da bəhanədir. Ölçünü dərk edən, ölçünü yaşayan adam heç vaxt, nə olursa olsun, yerində durmur.

“Mütləqə İnam”ı oxumağa başladım. Yenə, yenə yolumu kəşf edirəm.

Soylu Atalı: Yəni hara gedirəmsə gedim, görürəm, mənim yolumdan işıqlı bir şey yoxdur. “Yetməli Olduğunuz” adlı Atanın bitiyi. Orda tələblər, dəyişikliklər… düşündükcə yetmək olur, tapmaq olur. İndi mən bunun ön sözünü yazmışam…

Ata Günü bayramdır. Bayramı necə ifadə edərlərsə, sözlə, əhvalla o cür də ifadə eləməliyik.

Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Bizim bir qonumuz var – Ata-Evlad münasibəti haqqında. Ata-Evlad münasibətinin təməlində İnam durur. Çünkü Ataya inanırsan, dərinləşirsən, oxuyursan, əməl görürsən, eləcə də özünə inanırsan, Yola inanırsan. Bu elə bir birlikdir, o inamda ömür qurulur, həm də sabah qurulur. O İnam artmadıqca, ömürdə azalmanı hiss edirəm. O İnam artdıqca Ocaqdakı hər bir əməl, hər bir addım o qədər məni özümə yaxınlaşdırır, o qədər də Ataya yaxınlaşdırır, Yola yaxınlaşdırır. Hər dəfə mən dərk edirəm hardayam. Çox qeyri-adi duyğudur ki, hər hansı Ocaq əməlini, Ocaq duyğusunu, Ocaqçıların, Soylu Atalının, ya Günevin əməlini, hünərini eşidəndə onda duyuram mən zamanın harasındayam, ilin harasındayam, dünyanın harasındayam, tarixin harasındayam. Hər bir şeydən yüksəkdə olmağı duyuram. Ocaq, Ataya inam, özünə inam, özünü yaratma hər bir şeydən yüksəkdə durur. Yüksəkdə olmağı duymaq çox qeyri-adi duyğudur. Öz üzərimdə belə üstün olmağımı görürəm. Onda duyuram xoşbəxtəm, bu duyğunu yaşamaq mənə nəsib olub, Atanın Yoluyla, Atanın köməyiylə. Ona görə yaşasın Ata, yaşasın Ocaq.

Atamız Var olsun!

Soylu Atalı: Müsəlman sevinci, Ocaqçı sevinci. Hər zaman bunu düşünüb açmaq gərəkdir. Fərqlərini bilmək gərəkdir, demək gərəkdir. Nə deməkdir bu?! Müsəlman Allaha ibadət edir, o dini quralları yerinə yetirir. O, başqasından fərqli, üstün olduğunu düşünür, sevinir. Ancaq onun başqasından üstünlüyü üzdəki (zahiri) məsələdir. Niyə? Ata-Evlad birliyindən danışırıq. Belə götürək. Müsəlman-Allah birliyi məsələsi. Müsəlman-Allah birliyi nədirsə, Ata-Evlad birliyi odursa, onu açmaq gərəkdir. Sən özünü müsəlman saymaya bilərsən. Ancaq sən durumunla, yaşamınla, halınla müsəlman olaraq qala bilərsən. Necə? Ata-Evlad birliyindən danışırıq. Ata-Evlad birliyi nə vaxt baş tutur? Kamillə qeyri-kamilin birliyi olmur. Sən kamil olursan, sən bütövləşirsən, yetkinləşirsən, Atayla bir olursan, birləşirsən. Əgər sən yetkin deyilsən, kamil deyilsən, aşağı səviyyəli birisənsə, sənin Atayla birliyindən danışmağının anlamı yoxdur. Sən Atanın Ocağında ola bilərsən, ona səcdə qıla bilərsən, bu, birlik anlamına gəlməz. Müsəlman Allahdan asılıdır, Allahdan qorxur, Allahın köləsidir, Allahın bəndəsidir, daim Allaha yalvarır. Nə qədər yaşayırsa, ölənə qədər də yalvarır. Allah da əlçatmazdır onun üçün. Sadəcə olaraq o düşünür, görəsən Allahın qarşısında günahları yuyuldumu? Cənnətin qapısını açacaq, açmayacaq. Allahla müsəlmanım durumu bundan o tərəfə getmir. Yəni Allahla müsəlmanın birliyindən danışmaq mümkün deyil. Uçurumdur, odla su kimi bir şeydir. Atayla Evladın birliyi də bu səviyyədə qalmalı deyil. Qalmaması üçün Evlad kamilləşməlidir. İdrak yetkinləşməlidir, mənəviyyat yetkinləşməlidir, iradə bütövləşməlidir. Bu zaman Atayla onun birliyi yarana bilər. Onda sənin qürururn, vüqarın, sevincin, fərəhin əsilləşər, onda sənin sevincin, fərəhin müsəlmandan artıq olacaq. Bu açıdan biz düşünməliyik. Mən Nurtəkinin vurğu elədiklərinə inanıram. Çünkü onun yaşantıları var. Onun düşüncəsi var, ağlının gəlişməsi var. Söz yox, onun sevincinin özülündə bu həqiqətlər durur. Ancaq müsəlmana sən bunu deyərsən, sən görərsən müsəlmanın sevincinin özülündə boş, anlamsız bir şeylər var. Mən Allaha ibadət edirəm, namaz qılıram, dualarımla onun qarşısında qulam – müsəlmanın dediyi budur. Sən müsəlman bunu edirsən, mən bunu eləmirəm. Bir başqa müsəlman olmayan bunu eləmir. Sənin ondan üstünlüyün, sadəcə olaraq, itaətdə bulunmağındır. İtaətdə bulunmağın isə sənin ömrünü işığa çıxarmır. Hətta sən fağır, sakit olsan belə, başqasına ziyan verməkdə bulunmasan belə, yenə də sənin sevincin doğru olmur. Çünkü fağır, mağmın birinin nə özünün ömrü işıqlı olur, nə də o, öz ömründən başqasına işıq salmır. Başqasının ömrünə işıq salmırsansa, sənin ömrünün varlığı ilə yoxluğu arasında fərq bilinmirsə, kiməsə etkin yoxdursa, sənin sevincin, sənin varlığın, ibadətin özülsüz şeylərdir. Ona görə bunları həmişə tutuşdurmalar gərək – tarix, mən; zaman, mən; gediş, mən; müsəlman, mən. Bunları hər zaman öz ağlınızda aydınlatmağa, işıqlandırmağa çalışın. Onda sən yaşadığıının fərqinə varacaqsan. Kimliyinin fərqinə varacaqsan.

Türkel Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Ata ilə ruhsal təmas məqamı olan Ata Günü törəni – sevgimizi, ürəyimizi, qutsallığa baxışımızı ucaldır. Mənim özümə, amala baxışım toplumdakıların özünə, həyata baxışından qat-qat yüksəkdir. Çünkü mən özümə, Amala idrakın gözüylə baxıram. Toplumun isə özü haqda, həyata yönəlik heç bir dərin təsəvvürü yoxdur. Din cəhaləti onun gözünü kor edib. Toplumda adamların bir-birinə münasibəti gündən-günə ölür. Ocaq mərasimində Ocaqçının Ataya bir addım yaxınlaşması Amaldaşın Amaldaşa münasibətinin yenilənməsi, duyğuların, heyrətin uca əməllərlə, tələblərlə birliyi.

“Şərqilik” bayramını kitablaşdırmağı əsasən iş növbəsində olarkən yazıram. Növbənin birində, gecə saat 3-4 arası, mənimlə bərabər oyaq olan 2 yoldaşa Ocaq Yükümlüsünün çıxışından 10 dəqiqə qulaq asdırdım. Sonra 1 saata yaxın ümumi söhbət elədik. Mənim ara-sıra fərqli söhbət eləmələrim, davranışım bir az da olsa təsəvvür yaradıb. Başqa bir növbə zamanı məhərrəmliklə bağlı söhbət gedirdi. Orda da yenə dinlə bağlı düşüncələrimi bölüşdüm. Başqa bir yoldaşa Atanın youtube saytında olan 2 görüntüsünün linkini atdım (baxması üçün). Ata haqda öncələr eşitdiyini, görüntünün gözəl etki bağışladığını dedi.

Özümü toplumdakılarla tutşdurmağıma görə arxayınçılıq olurdu içimdə. Biləndə ki, özünü Atayla, böyük ideallarla tutuşdurmaq gərəkdir, durğunluqla barışmamaq əhvalım yaranır. Atanın Ocaqçı qarşısında qoyduğu tələb: elə yaşa ki, Amaldan başqa həyatın olmasın. Ataya səcdəylə özünü ötmək – Amalın tələbinə layiq ömür yetirmək gərəkdir.

Atamız Var olsun!

Soylu Atalı: Ocaqlaşma budur. Addım-addım. Öz olduğun ortamda tələsmədən, yetirə-yetirə sözünü deyirsən. İçində tərpənişlər olanda onu qırağa çıxarmalısan. Qaçılmazdır. Bölüşürsən. Bölüşəndə də görürsən, uğurlu şeylər qarşına çıxır. Uğursuz nəsnələr də çıxa bilər.

Bu yaxşı haldır. Bu cür içdən Ocaqlaşma sonuc verir. İnsanların hamısının yaxşı sözə, yaxşı ideyaya ehtiyacı var. Qulağı səsdədir.

 

Güntay Atalı: Bayaq Soylu bəy dedi, dünyanın bundan gözəl günü ola bilməz. Ona görə mən də deyirəm dünyanın Ata Günü qutlu olsun. Mütləqə İnamın sədasını neçə illərə çatdıra bilməyimizdən asılı olmayaraq. Asif Atanın içi-yönü o dərəcədə gözəl izah olunur, insanın ağlında daim durulma, yenilənmə gedir. Asif Atanın işi, ideyası dünyanın qurtuluşudur. Soylu bəyin dediyi kimi, insanın araçsız olaraq birbaşa özüylə uğraşması, həyatın acımasız tələblərinə bəlli qədər baş əyməməsini anlayıram. Bayaq özüm haqda, hazırlıqlımı, hazırlıqsızmı olmağımı düşünürəm. Ata təlimi sistemdir. Ona hazırlaşmaq bir ayrı şeydir. Ancaq Ocaqla yaşamırsansa, Ocaqçı ömrü yaşamamısansa, sən hazırlıqsızsan. Törəndə düşüncəyə dayanan sözün söylənməsi Ocaqçı ömrünün təsdiqindən doğur. Soylu bəyin dediyi kimi, çəmənə suyu buraxarsan, onun sulandığını görməzsən. Ancaq bir də görərsən, hər yer sudur. Yəni iş içdən, altdan gedir.

Bir məqamı da xatırlatmaq istəyirəm. Bizdə işləyən bir yoldaş var. Youtube-da bir görüntüyə baxmışdım. Orda rəylər bölümünə girdim baxdım. Ataya qarşı bir şey də var idi. Aydın məsələdir, bu məni nə qorxudur, nə çəkindirir. İş yoldaşıma dedim, orda olan yazıları hansısa idrak yiyəsi yazmır. Sadəcə olaraq, müsəlmançılığı qorumaq məqsədilə nə desən yaza bilərlər. Ancaq Asif Atanın Ocaqçılarının bir ömrü var. O, mənim sözümü yarımçıq kəsdi, dedi örnək elə siz. Ocaqçının ömrü söz deyir. O görüntüyə baxanın özü mənə dedi, mən görürəm sən vətəni sevən, yaxşılıqlardan geri qalmayan birisən. Asif Atanın işi, yönü Evladların daim kamilləşməsindən asılıdır. Biz törənləri, bayramları keçiririk. Onlara qatılırıq. Ancaq bizim özümüzün də fərdi görüşlərimiz olmalıdır…

Ataya bir daha səcdə edirəm. Bayrağımızı öpürəm.

Soylu Atalı: Sizin aktivliyinizə bir az da çalar qatmağınız üçün saytlarımızda nəsnələri paylaşın. Həm özünüzü aktivləşdirin, görünün, həm də işi aparın.

Ulunur Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Bizim də işdə məhərrəmlikdə, qurbanlıqda din məsələsi ilə bağlı söhbətlər olur. Məsələn, deyirlər məhərrəmlikdə içki haramdır. “Quran” oxuyan biriylə söhbətim oldu. Ona sual verdim, Allah hər şeyi yaradanda hamısının sonunu bilib. Cəhənnəm əzabı, qır qazanını onda zövq üçün yaradıb. Bayaq Ocaq Yükümlüsünün dediyi kimi qorxduqlarına görədir əslində. Atanın Yolunu dərindən tanıtmaqla bu cür geriliklərdən toplumu qurtarmaq olar…

Soylu Atalı: Onlar deyir insan ruhu bədən kimi yaşama qayıdır. Yəni cisim olaraq. Yəni sən öləndən sonra ruhun cisim şəklinə düşür. O biri dünyada ya əzaba qatlaşır, ya da ödüllənir. Sadəlövh insanlar da buna inanırlar ki, gələcəkdə diriləcəklər. Çox böyük qəbahətdir, əslində insanlığın mənəviyyatlaşma yolunu bağlayan bir gerilikdir. Ona görə hər yerdə, səbrlə insanların ağlında cəhaləti döymək gərəkdir. Doğru düşünmədiyini ona anlatmaq gərəkdir. Öz ömrünü Ocağa layiq yetirmək gərəkdir. Öz ömründən həyata, həyatın nizamına qatqı vermək gərəkdir. Hər kəs öz ömründən həyata qatqı verir. Ancaq insan, ən çox, öz ömründən həyata pis qatqı verir. Özünün xarakterinə dayanan, kimliyinə dayanan dağıdıcı qatqılar verir. Asif Ata bizim qarşımızda “İnsanlaşma-İnsanlaşdırma” – kamilləşmə tələbi qoyub ki, biz həyata müsbət qatqılar verək. Öz yetkin xarakterimizə dayanıb, uca ömrə dayanıb müsbət qatqılar verək. Həyat onda dəyişəcək, dünya gözəlləşəcək. Çox sadə, anlaşılan bir şeydir. Düzdür, bunu həyata keçirmək sadə deyil. Ancaq anlamaq sadə məsələdir. Xarakter, ömür mənfi olursa, həyata verdiyin qatqı onu eybəcərləşdirir. Ona görə insan öz ömrüylə, düşüncəsiylə sorumluluq daşıyır. Bəzən yetkin ağıllı adamlar düşünür, bunlar boşuna enerji xərcləyirlər. Məsələ mənim dünyaya etki göstərib-göstərməməyimdə deyil. Mən deyirəm, insan oğlu İnsan kimi olsun. Axı bu mümkündür. Sən ölçünü ver ki, adam heyvana oxşamasın. İnsana oxşayanda dəyişir hər şey. Bu həm mənimlə bağlıdır, həm də yox. Yəni ölçünü, biçimi dəyişmək gərəkdir. Doğru anlam verməklə dəyişə bilərsən.

Qutsal törənimiz Atanın ömrünə, işinə yönəlik ifadəsiylə başa çatır. Günlərimiz məzmunca dolğun, zəngin olur. Törənlərimizdən od alaq, işıq alaq. Bununla da, Ata Günü törənimiz başa çatır. Hər kəsin günü qutlu olsun. Hər kəs “Ata Günü”ndən, Atadan işıq alsın. İşıqlansın, İşıqlandırsın.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Törən sona yetir.

Evladlıq Nişanələrini Ocaq Yükümlüsü Yol sözü ilə paylayır.

 

Xəzan Ayı, 40-cı il.

(oktyabr, 2018).

 

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir