Ocaq Günsırası ilə 25 Ata Ayı, 41-ci ildə (sentyabr, 2019) Asif Atanın Mütləqə İnam Ocağı qutsal “Ata Günü” Törənini həyata keçirdi. Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlamazdan öncə bayrağımızı öpürəm. Ocaqda ölənlərimizin adını anırıq: Sabahlı, Bağban, Amaltay bizimlədir.
Günümüz qutsal gündür. Bu, Atanın Günüdür. Bütövlükdə İnsanlığın Günüdür. Biz Atanı İnsanlığın ideya memarı sayırıq. Ona görə də İnsanlığın Günüdür. Bu gün insan üçün özünügörmə, özünütanıma günü olmalıdır həm də. İnama üz tutacaq hər bir insan, İnamla öz yaşamını sürdürəcək insan hər ilin bu günündə özünə hesabat verməlidir. İnsanlığa uyğun yaşadımmı, İnsanlığa uyğun yaşatdımmı, insanlığın ləyaqətini qorudummu? Biz illərlə bu hesabatı veririk, illərlə də verəcəyik. Biz Ata Günü deyə qutsal bir gün tanıyırıq. O günü hər zaman özümüzün ləyaqətimizə bağlayırıq. Daha doğrusu, ömrümüzü Günə bağlayırıq. Bu gün üçün insanlığın həqiqətlərini öyrənirik, izhar edirik. Atanın adına bağlı olaraq. Biz Ata haqqında söz deməliyik. Ancaq Ata haqqında bioqrafik söz deməli deyilik. Ata haqqında ideya sözü deməliyik. İdeya məsələsi çox önəmli bir məsələdir. Ata elə bir ömür yaşayıb, bu ömür min il insanı öyrədəcək bir ömürdür. Hər kəs Atanın çağdaşları haqqında hər şey deyə bilər. Məsələn, filankəslər haqqında deyə bilərlər, onlar xəyanət elədi Azərbaycana. Ancaq heç kim Asif Atanı suçlaya bilməz, vətəninə, millətinə dönük oldu deyə bilməz. Asif Ata elə bir ömür yaradıb, qoyub ortaya. Bu ideya məsələsidir. Ömürün idealılığı məsələsidir. Niyə? Baxın, Atatürklə bağlı da qınayıcı söz deyirlər. Bəlkə nələrisə doğru deyirlər. İndi bu doğru faktdan kimsə məkrli qullanır, o başqa məsələ. Məsələn, Atatürk, Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy, Heydər Əliyev (adları bir yerdə çəkməyim onların bir çəkidə olması anlamına gəlmir, sözümü aydınlaşdırmaq üçün belə bir paralellik aparıram) i.a. bunlar insanın yönəticiləri idi. Asif Ata insanın yaradıcısıdır. Onlar millətin yönəticiləri idilər. Asif Ata millətin yaradıcısıdır. Onlar dövlət yaradır. Asif Ata millət yaradır. Ona görə onlar dövlət yaradanda çox yanlışlara gedirlər, gedə də bilərlər. Asif Ata millət, insan yaradıcılığında yanlışlara getmədi. Gedə bilməzdi. Asif Atanın yönü ideyadır, yaradıcılıqdır, quruculuqdur. Onlar vətənin qoruyucularıdır, Asif Ata vətənin qurucusudur. Qurucu ilə qoruyucu eyni anlam daşımır. Ona görə biz bütün məsələlərə bu açıdan yanaşıb həm Asif Atanın üstünlüklərini görə bilirik, həm də biz özümüzün üstünlüklərimizi dərk edirik. Biz nəyə ömür veririk, nəyin uğrunda döyüşürük? Biz vəzifə, hakimiyyət uğrunda döyüşmədik. Asif Ata bizə belə bir şey öyrətmədi. Biz insanlıq uğrunda döyüşürük. Bizim döyüşümüz insanlığın döyüşüdür, uğurudur. Sözümüzü deyirik, işimizi ortaya qoyuruq. Heç nə ummadan. Heç bir lokal sonuclar gözləmədən. Bütün əməllərimizin, işlərimizin hamısı sonuc olub.
Dünyanın heç yerində Asif Atanın işi qədər araşdırılası, öyrəniləsi, doğruluğuna tanıq olunası olay yoxdur. Məhəmməd də, din yaratmasına baxmayaraq, dövlət adamı idi. Məhəmməd də dövlət başında yanlışlar eləyib. Asif Ata dövlət başına gəlmədi. Gəlmək istəmədi. Gəlsəydi, o da yanlışlar eləyəcəkdi. Həm peyğəmbərlik, həm yanlışlar. Asif Ata ona getmədi. O özünün idealını qorudu. O bildi, hakimiyyət onun yeri deyil. Hakimiyyətə tamahlanmadı. Atdığı addımın ləyaqətini qorudu. Çünkü dərk eləyirdi. Ona görə Asif Atanı nədəsə suçlamaq düzgün deyil. Uzaqbaşı deyəcəklər, ardıcıllarını yetirə bilmədi. Bəs biz nəyik? Biz öz ardıcıllarımızı yetirə biləcəyik, bilməyəcəyik, bu ayrı məsələdir. Asif Atanı nədə suçlaya bilərlər? – Özünü peyğəmbər elan elədi. Bütün məsələ budur. Asif Atanı doğru olan addımında suçlaya bilərlər.
İsanı da suçlaya bilərlər. İsa da Allahla, insanla oyun oynadı. Musa Allahla daha betər oyun oynadı. Asif Atanın ideyasında yanlış axtararlar, ancaq tapa bilməzlər. Əgər Asif Atanın ideyasında yanlış tapacaqsansa, onda dünyanın üstündən bir xətt çək. Əgər insanlığın var oluşunu sağlayan bir ideya yiyəsini suçalayacaqsansa, onda bütövlükdə bəşəriyyətin üstündən bir xətt çək… Görün Asif Atanın işi nə qədər arı, duru, doğruçudur. Ona görə insanlıq bu Günü bayram eləyə bilər. Məhəmmədin doğulduğu günü bayram eləyə bilməzsən. Yenə deyirəm, Məhəmməd hökmdar idi. Qan töküb, baş kəsib, savaşlara qatılıb birbaşa. Onun gününü qutsal saya bilməzsən. Qanlı gün qutsal ola bilməz. Ancaq insanlıq üçün qutsal gündür onun ideya memarı Asif Atanın günü.
Arxivimizi işlədik. İstəyirəm, onu gələn ay fonda verək. Mən Atanın əlyazılarının içinə öz arxivimdən kitablar seçmişəm. Bax bu hazırladıqlarınız tədbirlər kitablarının hərəsindən bir nüsxə Asif Atanın əlyazılarının içində onun arxiv nömrəsinə qatdırmaq istəyirəm. Düşünürdüm, milli kitabxanaya verim. Sonra düşündüm, arxivə vermək doğrudur. Çünkü onlar min il boyunca araşdırma sənədləridir. Orada Asif Atanın dalınca gedən insanların böyük əməyi, düşüncəsi, çabaları var. Bunların hamısı öyrənilməyə layiqdir. Sabah qoy onu öyrənsinlər. Örnəkdir bu. Biri var gəncliyə təkcə söz deyəsən, bir də var gerçək, real örnək göstərəsən. Milli düzəydə olan insanın ömründə gözəl, arı, yüksək nə varsa, onlar öz toplumuna tanıdılmalıdır. Onun özünü qurması, qoruması üçün. İnsanlığın fəlsəfəsi gözəldir. Dərk eləyəndə lap gözəldir. Ancaq insanlığın fəlsəfəsini insanlara nə qədər istəyirsən danış, ona insanlığın örnəklərində gerçək bir fakt göstərirsən, əməl göstərirsən, o onun ağlına daha böyük etki göstərir, yazılır. Ona görə deyirəm, elə məsələlər var onlar gənclik üçün, gələcək üçün örnəkdir. O örnəkləri biz yaratmışıq, yaşatmışıq, qorumuşuq, indi də verməliyik. Bizim hər birimiz ayrı-ayrı çətinliklər, sıxıntılar yaşadıq. Bir az gerçək, fiziki gücümüz azaldı. Ancaq bizim bu çağa qədərki ortaya qoyduğumuz olanaqlar heç nəylə ölçülə bilməyən, heç bir tərəzidə çəkilməyən məsələlərdir. O qədər zəngindir, böyükdür.
Biz bu gün bir araya gəlmişik. Əslində bu, indiyə qədər ortaya qoyduğumuz böyük örnəklərə yiyə çıxmağımızdır, arxasında durmağımızdır. Atanın günündə verilən hesabat budur: Səndən sonra sənin Ocağın yaşadı, var oldu. Sənə yubiley keçirərəm, haqqında o qədər bəzəkli söz deyərəm, onu mətbuatda da yazdıraram, bu adi bir məsələdir. Ancaq mən deyirəm, sənin Ocağın yaşayır, yaşadılır. Ən böyük fakt budur. Bir insan, yazar bir kitab yazır. O kitabının üstündə əsir, görəsən o sabaha gedəcəkmi? Asif Ata bu boyda Ocaq yaratdı. Bu boyda ideyalar yaratdı. Onu biz yaşatdıq. Asif Ataya, dediyim kimi, veriləsi ən böyük hesabat budur. Elə bir ortam yaranır, aşama gəlib çatır. Mən bir aydır çiynimə daş qaldırıb daşıyıram. Ancaq biz elə bir aşamaya gəlib çatdıq, indiyə qədər gördüyümüz işlərin özü iş görür. İşimizin sorağı iş görür. Bax, bu ləyaqəti biz yaşayırıq. Azərbaycanda, yəqin ki, 25-30 Beşikbaşı mərasimləri keçirtmişik. Görün o nə deməkdir. Asif Atanın Mütləqə İnam Ocağının bağışladığı beşikdə körpə böyüyür. Bu körpənin şüurundan, beynindən, yaddaşından yan keçməyəcək, mən Asif Atanın Mütləqə İnam Ocağının verdiyi beşikdə böyümüşəm. Günev bayaq deyir, yas yerində söhbət eləyirəm, insanlar heyranlıqla dinləyirlər, sonra yenə hərə öz işində. Deyirəm qardaş, 50 yaşında insanları sənin, Soylunun söhbətləri o anda dəyişməyəcək. Sən əslində onlardan sonra gələn gəncliyə mesaj verirsən. Sən bunların qulağını doldurursan. Bunların sözü, söhbəti evində, gənclikdə əks-səda doğuracaq. İş belə olur. Yoxsa 5 yasda söz dedik, bununla da dünya düzələcək, belə bir şey yoxdur. Sonuc gözləməli deyilik. Yenə deyirəm, bizim əməllərimiz özü sonucdur. Çünkü Asif Atanın ideya prinsiplərinin toplumda qəbul olunması 5 ilin söhbəti deyil. Tələsmək olmaz. Ümidini itirmək olmaz. Nə bilirsən əks-səda doğurmur? Toplumun içində Ocaq yönündən özüllü iş gedir. Asif Atanın verdiyi şüurlar yetirdi Bağımsızlığı. Bu gün Azərbaycanda oyaq şüurlar var. Ocağın etkisi yoxdurmu orda? Bəs biz hansı sonucu istəyirik? Ölkənin başında duranlar talançıdır, işsizlikdir filan. Bunları aradan qaldırmaq bizim birbaşa görəvimiz deyil. Biz şüur yaradırıq. İnsanlığın ləyaqətini yaradırıq. Bu on illər gedəcək. Yenə deyirəm bizim ortaya ləyaqət qoymağımız, çaba göstərməyimiz sonucdur. Addımı dala qoymamağımız, usanmamağımız sonucdur. Bundan böyük sonuc olar? Bu boyda ideyanın arxasınca gəlirsən, usanmırsan, tükənmirsən. Sevgin, istəyin tükənmir. Ona görə də, biz Asif Atanın arxasınca gedərkən nəyin nə olduğunu, niyə olduğunu çox dərindən düşünməliyik. Biz siyasi hakimiyyət deyilik, bizdən nəsə istəyəsən. Deyəsən ki, maaşı qaldır, ya da məhkəmə sistemi qoy ədalətli işləsin. Bunu bizdən istəyə bilməzsən. Deyə bilməzsən ki, hanı sizin çabalarınızın sonucu, məhkəmə yaxşı işləmir. Biz min illərə bərabər olan böyük bir işin özülünü tökürük. Sən durub mənə deyə bilməzsən ki, təhsil belə getdi, o biri belə getdi. Çox dərindən, ağıllı düşünmək gərəkdir. Atanın Ocağının işinin mahiyyətini bu açıdan çox dərindən dərk eləmək gərəkdir.
Mənim Ata Günündə deyəcəyim sözüm budur. Atanın qarşısında, Onun Ocağının qarşısında hesabatımdır, sözümdür. Atamızın Bayrağını öpürəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Hər kəs həqiqəti görə bilmir. Hər kəs həqiqətə ömrünü vermir. Hər kəs həqiqət uğrunda döyüşmür. Təklər edir bunu. Ayrılır, seçilir kütlənin içindən. Yol yaradır, keçmişdən bu günə, bu gündən gələcəyə yol çəkir Ata kimi. Bu gün nə yaranırsa, dünənə qarşı yaranır. Bu gün nə yaranırsa, sabahı qaranlığa aparır. Gələcəyi bəlirsiz, bu günü qarışıq bir durumdayıq.
Ata haqqında düşündükcə ağıla sığmaz bir ömrü, zamana sığmayan bir olayı görürəm. Yaratdığı Ocaqla elə bir özül qoydu, bu özül sabahın özülüdür. Millətin, bəşərin özülüdür. Yaşadığı çətinliklərlə elə bir örnək oldu, bu örnək zamana, ortama sığmır.
Atanın “Olan-Olmayan” kitabından
Ata adına xristian kahinləri layiq deyil.
Çünki xristianlıqda Yalan Var.
Ata adına cəmiyyət başçıları layiq deyil.
Çünki cəmiyyət başçılığında Yalan Var.
Ata adına müasir ailə sahibləri layiq deyil.
Çünki müasir ailə sahibliyində Yalan Var.
xxx
Ata adına – Müqəddəs İnamlı İnsan layiqdir.
Ata adına – Müqəddəs İdraklı İnsan layiqdir.
Ata adına – Müqəddəs İradəli İnsan layiqdir.
xxx
Atalıq – Müqəddəs Bəxtiyarlıqdır!
Ona Müqəddəs İnsan layiqdir!
Ocağın yarandığı ilk günlərdən bu günə qədər nə qədər fərqli bir olay olduğunu görürəm. Hər cür basqıya baxmayaraq, yaşadı Ocaq. Ocaq ona görə var oldu, Ata vardı, Evladlar vardı. Atanın hər cür basqılara, təhlükələrə sinə gərən əzmi, eşqi, ideyası vardı. Evladların gördüyü əməllər, fədakarlıqla başa gələn işlər vardı. Ata öldü, ancaq Ocaq yaşayır. Yenə də Atalı, Evladlı yaşayır. Yaşayacağına da inanıram.
Atalı illərin mərasimlərini xatırlayıram. Tam başqa bir ortam vardı. Atalı olmağın sehrində, möcüzəsində, xoş ortamında yaşayırdıq. Şəxsən öz adıma deyirəm, böyük bir sorumluluq duymurdum, sadəcə ortam gözəl idi. Bu ortamda özümü yaxşı hiss edirdim. Heyrətim, fərəhim məni duyğulandırırdı. Ciddi bir təpki ilə də üzləşmirdim.
Atanın ölümündən sonra isə Atanın yoxluğu ilə yanaşı Ocaq qarşısında böyük sorumluluq duydum. Təkbaşıma duymadım. Soylu Atalının Atanı, Ocağı yaşatma çabaları ilə, bizi əməllərə yönəltməsilə, Soylu Atalının görüşlər keçirməsilə Ocağı yaşatmaq, Atanı yaşatmaq sorumluluğunu anladım. Bu əməllərə qatıldıqca, təpkilərlə üzləşdim. Atanın dediyi kimi, “Şərə ziyan verməsən, Xeyirə xeyir verə bilmərsən”.
Doğmalığın əsil anlamını anladım. Amalı dərk etdikcə, Amalla birikdikcə, Amallı ömürlərin vəhdət oluşdurğunu yaşadım.
Soylu Atalının təkidi ilə görüşlər keçirəndə qorxumu ötdüm. Addım atmasaydım, addım atmanın önəmini də bilməzdim. Addımın davamı da gəlməzdi.
Özümü gördükcə, özümü dəyişdikcə Ataya heyrətim yenilənir. Atanın, Atalığın təsdiqi yenilənir içimdə.
Atanın böyüklüyünü yalnız dünya dahilərini oxumaqla görmürəm. Onları fərqləndirməklə görmürəm. Atanın böyüklüyünü ömrüm dəyişdikcə görürəm. Atanın böyüklüyünü Evladlarında, Ocaqda görürəm.
Günlər sənə doğru dəyişir. Aylarım, illərim də sənə doğrudur. Mən sənə doğru gedirəm. Məni tək qoymayacağına inanıram. Sənli olduqca güclü olduğumu görürəm. Səninlə özüməm, səninlə sabahlıyam. Sənli olmağın möcüzəsini yaşayıram. Səninlə olmağın möcüzəsini yaşadacam, Atam! Ömründən heç nə itməyəcək, Ocaqda, Evladlarında yaşayacaq. Ömrümüzdən heç nə itməyəcək, Ocaqda, sabahda yaşayacaq.
Soylu Atalı: Hər bir addım, əməl özündən sonrakı atılacaq addımlara bir başlanğıcdır. Biz hər bir gördüyümüz işi özümüz üçün bağlanğıc sayırıq. Əgər biz hər bir addımı, əməli, çabamızı başlanğıc saymasaydıq, onda inadla irəliləyə bilməzdik. Bilirsinizmi, partiyalar, təşkilatlar, qurumlar nə vaxt dayanır? O vaxt dayanır, onlar öz addımlarından sonuc gözləyirlər, ala bilmirlər. Biz isə öz addımlarımızı başlanğıc sayırıq. Onlar başlanğıc saymadığı üçün (saya da bilməzlər) tükənirlər. Davamı gəlmir. Ocağın bir üstünlüyü, fərqi də odur. Ocaqda nə iş görürsən gör, o başlanğıcdır.
Göylü Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Mənim üçün bu gün söz demək çətindir. Günün sorumluluğunu bütünlüklə dərk eləyirəm, onu yaşayıram. Atalığın, Evladlığın sorumluluğunu. Çiynimdə hansı yükün olduğunun, o şərəfin, ləyaqətin fərqindəyəm. Bir şeyin də fərqindəyəm, Atanın yolunun müqəddəsliyi. Ömrün harasından başlayırsan başla, onu sıfır nöqtəsi kimi qəbul eləsən də, ömrü hər an yenidən başlamağı düşünürəm. Yaşadığın ömür itmir, əlbəttə. Varlığının bir parçasıdır. Ömründə nə yaşayırsansa, tarixə yazılır. Ancaq həm də bir özgüvən məsələsi var. Yəni yenidən başlamaq. O inamla da elə bilirəm başlayıram. Yeni bir aşama gözləyirəm ömrümdən. Bir də bir şey deyim. Bəlkə də yeri deyil. Ocaqla bir çağlar ilişkisi olmuş Vurğun bəyin ölümüylə bağlı ayrı-ayrı münasibətlər sərgiləndi sosial şəbəkədə. Ataya bağlılıq cəhətdən deyirəm ki, insanların alt şüurunda bir inam var ki, bunun varlığına Ocaq etki göstərib. Ocaqdan gözləntilər var.
Soylu Atalı: O cəhətdən razıyam, Vurğun bəy ləyaqət göstərmiş bir adam idi. Hər zaman ondan müsahibə götürəndə ilk sözü Asif Ata olub ki, məni Asif Ata yönəltdi, Onun yanında oldum. O cəhətdən ləyaqəti var. O ləyaqət başqalarına söz deyir.
Göylü Atalı: Yəni bunun mənim ömrümdə qoyduğu sorumluluq odur ki, başqaları görür ömrümüzü, işimizi. Ona görə ömrün hər aşamasını bütün aydınlığıyla görmək, doğru yaşamaq gərəkdir. Yəni Amalın, əqidənin tələb elədiyi səviyyədə yaşamaq.
Atamız Var olsun!
Soylu Atalı: Adam var ki, ölür, toplum duymur. Baş sağlığı verdi, getdi. Adam var ki, ölümüylə sanki toplumun bütün düşüncəsini, diqqətini özünə çəkir. Elə adamların ləyaqəti də toplum üçün örnək olaraq nəsə deyir.
Türkel Atalı: Peyğəmbərliyin yaranması haqqında düşündüm. Peyğəmbərlik – içində həqiqəti tapmaqdır, həqiqətlə bir olmaqdır, onun uğrunda mübarizə aparmaqdır. Özünü yalana, zamana, cəmiyyətə qarşı qoymaqdır. İndiki adamların peyğəmbərlik haqqında düşüncəsi, bilgisi 7-ci yüzildəki adamların düşüncəsindən o qədər də fərqlənmir. Bu səbəbdən indiki adamların idrakı Ata peyğəmbərliyini, qutsallığını anlamağa yetmir. Ataya qədərki peyğəmbərlərin elədikləri insanı özündən uzaqlaşdırdı. Atanın bizim qarşımızda qoyduğu tələb ki, hər bir Ocaqçı özünü ötməlidir. İnsana münasibət indi varlı-yoxsul təbəqəsinə bölünərək dəyərləndirilir. Bununla da insanın ruhunu, mənliyini öldürürlər. Atanın ömrü, işi, indiki dövrün əyintilərindən, pozuntularından asılı olmayaraq, bütün dövrlər üçün gərəkdir. Çünkü insanlıq üçün yaşam sistemidir. Ocaqçılığım boyu bəlli özüylədöyüşümlə özümü görməyə çalışıram. Bu özünü görmə özünü Atayla müqayisə edəndə həqiqi, mütləq olur. Atanı oxumaq, bilmək, görməklə özünü görməyim doğru təsdiqini tapır. Çünkü Atanı oxumaqla ağlım işıqlanır, ürəyim qüvvətlənir, iradəm qətiyyətlənir. Mərasim Ataya səcdəmdir. Bu səcdədə böyüyüb, ucalıb Ataya layiq evlad olmaq.
Atamız Var olsun!
Soylu Atalı: Yaxşı məsələdir, özümü Atayla tutuşdururam (müqayisə eləyirəm). Onda qiymət doğru olur. Bu çağa qədər bəşər həyatında özünü Allahla tutuşduranlar oldu. Məsələn, deyək, sufilərdə Həllac, Hürufilər, Nəsimi. Özlərini Allahla tutuşdurdular, onları öldürdülər. Bu nadanları başa salan olmadı ki, ay axmaq sürüsü, insan özünü Allahla tutuşduranda böyüklük ortaya çıxacaq da, İblislə tutuşduranda yox ki. Nəinki Allahla, heç qoymurdular ki, Məhəmmədlə tutuşdursun kimsə özünü. Əgər Məhəmməd böyükdürsə, insan özünü qoy onunla tutuşdursun da. Balacayla tutuşdurmaq olmaz ki. Balacayla tutuşduranda bunun kimliyi ortaya çıxmır axı. Böyüklə tutuşduranda sən özünü görürsən hardasan. Sən hardasan, kimsən, sənin kiçikliyin nə qədərdir? Bu yaxşı bir məsələdir.
Ulusəs Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Bayaq Soylu Atalı soruşdu ki, neçə ildir Ocaqdasan. Mənə elə gəlir, mən həmişə Ocaqda olmuşam. Ancaq Ocaqdan almışam. Ocağa verməmişəm. Ocaq məni yaşadıb. Ocaqdan qabaqkı yaşamımı saymıram. Bir şeyi demək istəyirəm, sayıla bilər ki, mən Ocaq üçün yoxam. Ancaq mənə elə gəlir, mən Ocaq üçün ölməmişəm. O ümidlə yaşayıram, yenə Ocağa istədiyimi verim, Ocaqdan istədiyimi ala bilim. Yaşım çox olsa da, fiziki cəhətdən problemlərim olsa da, yenə ümidim var ki, mən Ocaqla yaşayacam. Mən Ocaq üçün yaşayacam. Buna əminəm.
Soylu Atalı: Ocaqdan almışam, Ocağa verməmişəm. Bunu anlayıram. Sən maddi cəhətdən Ocağa veribsən. Bizim hər birimiz öz ömrümüzü verməliyik. Ömrümüzü qurmaqla verməliyik. Örnək ömür, örnək yaradıcılıqlar verməklə, örnək söz deməklə, bu açıdan sən deyirsən. Maddi cəhətdən onsuz da həmişə veribsiniz. Ruhani açıdan vermək gərəkdir. Çünkü Ocaq ortamı sağlam, səmimi, doğruçu, gərəkli ortamdır. Adam bütün dünyada öz ümidini itirər. Ancaq Ocaq insanın ümidini yaşadır. Hər zaman bilirsən, insanlıq ölməyib. Sənin dünyan var. Bu ümid özü adamın əlindən tutub qaldıra bilər.
Ulusəs Atalı: Mənim baxışım Ocaqdan aldığım baxışdır. Başqa baxışım yoxdur. Ona görə Ocaqlı ömrümü var sayıram. Əlbəttə, Ocaqla çox yaşamaq istəyirəm.
Soylu Atalı: Beləcə hər kəs öz içini dedi, ifadə elədi Atanın qarşısında Ataya sevgisiylə. Bizim ləyaqətimiz, doğruluğumuz, doğmalığımız budur. Özümüzü səmimi olaraq demək. Dünyaya, vətənə, millətə özümüzdən baxmaq. Biz buna yetmişik. Ona görə biz varıq, usanmırıq, səmimiyik. Böyük uğurdur, biz hər birimiz Ocaq açısından dünyaya, insana, vətənə, dövlətə baxa bilirik. Atanın uğuru da budur. Bizə bunu verə bilib. Bizi buna böyüdə bilib. Beləliklə, qutsal Ata Günü törənimiz başa çatır.
Atamızın qarşısında Ocaqçıların yeni bir ləyaqətinin “bağışlama” (hədiyyə) məsələsinin görsənişini də vurğulayaq. Ondan sonra nişanələrimizi götürək. Bayaq dedim kitabla bağlı. Ocaqda hamımızdan daha çox Türkelin üstünlüyü var. O Ocaq kitablarını həmişə oxuyur. Bunu oxumağımız gərəkdir. Yaşadıqlarımızı yenidən yaşamaq, anlatmaq üçün gərəklidir. Bu kitabda (Ocaq Yükümlüsü Göylünün hazırladığı Bayramlar kitabını göstərir – T.A.) bizim dörd bayramımız əksini tapıb. Çox gözəl işlərimiz var. O işlər də çox gözəl yaşadılır, sabaha örnək kimi verilir. Bunu biz Atamızın qarşısında qəbul eləyirik. Hər birinizə bağışlayıram…
İkinci bağışlama, Nurtəkinin gələnəksəl ləyaqətidir. Kitab Göylünün ləyaqətidir. Nurtəkin törənlərimizin üzünü artırır, disklərdə qoruyub saxlayır. Ata Sonevini ziyarət günü, Ruhani Evlad Günü, Uluyol-Hünər Ailə Günü diskləri. Bunların da bir nüsxəsini arxivə göndərəcəm. Bu bağışlanmaların bir üstünlüyü də odur (mən bu ləyaqətin dəyərinin qədrini hər kəsdən yaxşı bilirəm), nə Göylünün maddi durumu bunu hazırlamağa yetərli deyil, nə də Nurtəkinin. Ancaq onlar bunu eləyiblər. Bax bu özü gələcəyə bir mesajdır, örnəkdir. Bayaqdan haqqında danışdığım əməllər, hünərlər bunlardır. Usanmamaq. Ona görə də Ata olsaydı, deyərdi, üzünüz ağ olsun. İndi isə Atamızın adından Evladlıq Nişanələrini götürək.
Ulusəs, Ata Günün qutlu olsun. Atanın Günü qutsal gündür, bizim hamımızın günüdür. Həm bizim, Evlad olaraq şərəfləndiyimiz Gündür. Yolumuzun ləyaqətini anladığımız gündür. Ona görə bu günlə öyünmək gərəkdir doğurdan da. Günün qutlu olsun.
Nurtəkin, sənin də Ata Günün qutlu olsun. Qürur duyacağın bir gündür. Atanın qarşısında əqidə adamı olduğunu sübut eləmisən. Bunun özü bir şərəfdir.
Göylü, sənin də Ata Günün qutlu olsun. İndiyə qədərki ömrünü yeni aşamaya keçirmək istəyirsən. Düz eləyirsən. Topluma böyük örnəkləri təkcə kişilər göstərmir. Ocaq qadını sübut eləməlidir ki, topluma ruhani örnəkləri həm də qadın göstərir.
Türkel, günün qutlu olsun, uğurlu olsun. Özün də əqidədə bərkimisən. Sənin başqa cür düşüncən yoxdur. Neçə ildir Ocaq düşüncəsiylə dolubsan. Harda olursan ol, sənin deyəcəyin insanlıq düşüncəsindən gələn hikmət olacaq. Bunu artır. Bundan böyük xoşbəxtlik yoxdur. Yaradacılığa qovuşdurar bu adamı. Qoy ömründən yarpaqlar qalsın…
Günümüzün uğurlarını yaşadıq. Bundan sonra yeni addımlar, yeni düşüncələr, yeni çalışmalar peşində olmaq gərəkdir. Ürəyimiz güclü olsun ki, Ocağın odundan təntiməyək. Ocaq alovdur. Alov nəyisə gözləmir. Ömür də nəyisə gözləmir. Biz bu ömrü yaşayırıq, yaşamaqdayıq, yaşayacağıq.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Törən sona yetir.
Xəzan Ayı, 41-ci il. Saray-Soylu.
(oktyabr, 2019.)