Xəbərlər

Qutsal “Ata Günü” Törəni

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 44-cü ili
Qutsal “Ata Günü” Törəni

Ocaq Günsırası ilə 25 Ata Ayı, 44-cü ildə (sentyabr, 2022) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Ata Günü” Törənini keçirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə edərək sözünə başladı: Sabahlı, Bağban, Amaltay bizimlədir!
İllər öncə, Ocağın yeni yarandığı çağlarda, mərasimlərə gələndə Ata deyirdi, biz artacağıq, çoxalacağıq, 50 olacağıq, 100 olacağıq, ancaq həmişə 6 olacağıq. Bunu Ata 6 adam olanda deyib. Niyə deyirdi Ata? –  İnsanlar əqidə məsələsinin, məncə, tam anlamına varmayıblar. Mən özüm də düşünürdüm, nə dərəcədə Atanın dediklərini özüm üçün aydınlaşdırmışam, dərk eləmişəm. Günlərin bir günü belə bir sonuca gəldim ki, hələ Asif Atanı bütöv bilmək üçün ciddi çabalar göstərməliyəm. Adam zaman-zaman öz yaşadığı ömrü araşdırmalı, fərqinə varmalıdır hansı ömrü yaşayıram. Gəlin açıq boynumuza alaq. Biz hələ də özümüzün çevrəmizi daha çox düşünürük. Bu o deməkdir ki, toplumdan dala qalmamaq istəyi var. Evimi-eşiyimi, hər şeyimi toplumla tutuşdururam. Buna özəl diqqət ayırıram. Əslində evin qayğılarını biz dışlamırıq. Ancaq əgər toplumdan dala qalmamaq mənə ağır başa gəlirsə, deməli, mən Ocağın tələblərini Asif Atanın istədiyi biçimdə gerçəkləşdirə bilməyəcəm. Yaşadığımız dövr olduqca bərbad gündədir. Elə bir dövrdə yaşayırıq ki, bu dövrdə toplumla ayaqlaşmaq istəsək, əqidə adamı ola bilmərik. Aclıq, fəlakət, filan-filan. Söz yox, biz ailəyə bir tikə çörək qazanmağa borcluyuq, ancaq həyatın bütün tələblərində uğurlar əldə eləməyə canatmalar əqidəni formal duruma salmaqla başa gələ bilər. Keçmiş amaldaşlarımızı görürük, özlərinə karyera qurmaq üçün nələrə gedirlər. Məsələn, birinin oğlu filan yerdə işləyir, ona görə dilini dinc saxlayır, qorxur, gedişə qarşı söz demir. Bunların hamısı  ona gətirib çıxarır ki, toplumla sənin həyatın, yaşamın arasında təzad olmur. Asif Ata deyirdi, siz elə yaşayacaqsınız ki, toplumla sizin aranızda təzad əmələ gələcək. Bu təzada nə qədər adam hazırdır?! Bu təzadı nə qədər adam sinirə bilirsə, olacaq əqidə adamı. Olacaq Ocaq. Ona görə Asif Ata deyirdi artacağıq, 100 olacağıq, yenə altı olacağıq. Bu elə bir məsələdir ki, kimin hara qədər nəfəsinin gücü çatırsa, ora qədər gedir, sonra dayanır. Ondan sonra Yol başqası ilə, başqaları ilə gedilir. Bu günə kimi aşağı-yuxarı 200-ə qədərdir Ocağa gəlib-gedənlər. Bunlar gəlir, bəlli bir yerə qədər həvəslə, özü də elə bilir əqidə adamıdır, doğrudan əqidəni dərk edir. Əqidəni yaşayır, yaşadır. Bir yerə qədər gedir, görür heç nə dəyişmir. Çünkü onun özü heç dəyişmir. Onun özünün ömründə heç nə dəyişmir. Dəyişiklik öz-özünə olmur, dəyişikliyi sən edirsən. Qıraqdan dəyişiklik yaranmır. Hürufiliyin tarixini oxumasanız da, film var, Nəsimi filmində hamı sanki arı şirəsinə toplaşıb. Hamı bilir zaman pisdir, acınacaqlıdır, aclıq, işsizlikdir. Nəimi hərəkatına bel bağlayırlar. Heç kim başa düşmür, Nəimi bu işi əqidə yoluyla yoluna qoya bilməz, inqilab edib yoluna qoya bilər. Ruhaniyyat da inqilab demək deyil. Deyir, sən taxta qılınc bağlamısan, sən dəmir qılınc bağlamalısan, baş kəsməlisən. Bu gün də bizə qoşulanların çoxu onu umur. Demir, ancaq umur ki, Ocaq çox sayda olmalıdır, minlərlə adam olmalıdır, ayağa durmalıdır, meydana çıxmalıdır, əslində baş kəsməlidir, qılınc işlətməlidir. Bunu insanlar dərk eləmir. Bunu biz tarixdən öyrənirik, tarixdən dərs götürürük. Babək bir ayrı hərəkat idi. Babək Asif Ata kimi İnam Dünyagörüşü deyildi. Xürrəmilik dünyabaxışın uzantısı idi. Yeni dünyabaxış ölçüsü Zərdüşt idi, eşitmədilər. Yeni dünyabaxış sistemi olmasa da ona yaxın bir şey Nəimi idi, eşitmədilər. İndi Asif Atadır. Asif Atanı da uzun müddət eşitməyəcəklər. Çünkü biz, hürufilər kimi belimizə taxta, ya da inqilablar kimi dəmir qılınc bağlayıb meydana çıxmırıq. Biz ulusal ruhani idrak ortamı yaradırıq. Ruhani idrak ortamı yaradırıqsa, gedib mitinqə qoşulmağa, çığır-bağır salmağa gərək yoxdur. Hazırlıqsız gedib zindanlarda oturmağa gərək yoxdur. Mənasız şeydir. Otura bilərəm, doğrudan da, Ocağın etkiləri o qədər artar, genişlənər, onda məni aparıb oturdarlar orda. Ancaq belimə qılınc bağlamağa görə məni aparıb orda oturtmalarına, bir sonuca varmadan məhv etmələrinə, qurban getməyə dəyməz. Hürufiləri qılıncdan keçirdilər, məhv elədilər. Ona görə hürufilik yarı yolda qaldı. Asif Ata da belinə qılınc bağlasa, yarı yolda qalar. Yox, Asif Ata nəhəng ruhani idrak ortamı yaradacaqsa, bu sistemlə də illərlə, onilliklərlə dəyişikliyini həyata keçirməyə çalışacaqsa, onda bu dünyabaxış bəşəriyyətin qurtuluşuna çevriləcək.


Mən yenə bir epizodun üzərinə qayıdıram, bu gün mənim içimdə bir rəvanlıq var, bir sakitlik var. Bu gün Asif Atanı qıraqda-bucaqda eşidən var, ancaq hər kəs gəlib Asif Atanın hərəkatına qoşulmaq istəmir. Niyə, çünkü o aydın görür, mən inqilabçı deyiləm, mən hakimiyyət uğrunda mübarizə aparmıram. O yaxşı görür, mən hakimiyyət uğrunda mübarizə aparıb ona heç nə verməyəcəm, ona görə gəlmir. Ona görə bu əladır, nə özünü aldadır, nə məni aldadır. Ağlına, istəyinə görə hesablayır, beş günə bunun əli bir şeyə çatacaqmı, çatmayacaqmı, görür çatmayacaq. Ona görə uzaq durur. Elə siyasi partiyalardan da qopurlar, çünkü qısa zamanda heç nə əldə edə bilmirlər. Bu gün söz gəzir, partiyalar yenidən gözdən keçirilməlidir, on min üzvü olmayan partiya ədliyyənin qeydindən keçməsin. Halbuki bütün partiyaları bir yerə yığsan 10 min üzvü yoxdu. Axı bir vaxtlar vardı. Bəs indi niyə yoxdu?! – Partiyaya üzv olan gəlib deyir, bu rejim, bu hakimiyyət başda olanda mənim əlimə heç nə çatmır. Gedim bu partiyaya qoşulum, hakimiyyət başına keçəndə mənim əlimə də bir şey çatsın. Sonra görür ki, illər keçir, hakimiyyət də dəyişmir, bu partiya da buna heç nə vermir. Sonra hərə gedib öz işi ilə uğraşır. Baxın, toplumda hər şey bu günə hesablanıb. Hər şey cismani mövcudolmanın olanaqlarına, onun yaxşılaşmasına hesablanıb. İnsan olmağa, öz növündən olanlarla dil tapıb İnsanlıq qatında birgə yaşamağa hesablanmayıb. Ocaq isə dünyaya qlobal dəyişiklik gətirmək istəyir. Biz dünyaya yeni sivilizasiya gətirmək istəyirik. Biz bir ölkəyə hakimiyyət dəyişikliyi gətirmirik. Hakimiyyətin dəyişməsini istəsək də, bu bizim hədəfimiz deyil. Çünkü heç bir insan indiki kapitalizm quruluşunun içərisində öz xalqı üçün, toplumu üçün onun arzularını ödəməyəcək. Məni bu gün gətir Azərbaycanın başına qoy, mən sənin toplumunun arzularını ödəyə bilməyəcəm. Bu mümkün deyil. Ayrı-ayrı nəsnələr olacaq, addımlar atacam, ancaq mən sənin toplumunun arzularını ödəmək üçün zarafat edə bilmərəm. Böyük dəyişiklik gərəkdir, quruluş dəyişməlidir. Mən Azərbaycanda quruluş dəyişə biləcəmmi, kapitalizm olmasın, başqa şey olsun. Canavarların çevrəsində mən kim olum, nə olum, necə olum?! Baxın, bütün bunlar bizə nə vəd edir, toplumla ayaqlaşmaq haqqında düşünməyək, sadəcə olaraq, özümüzün mövcud olmağımızı ilkin təbii şərtlərlə ödəyək, Asif Atanın tələbləri ilə yaşayaq. Asif Atanın tələbləri ilə yaşayanda ölçülü-biçili, gələcəkli, ruhaniyyatlı böyük bir sistem oluşdururuq. Bu sistemdə özümüz özümüzün kim olduğumuzu dərk edirik. Özümüzü ayrıldığımız kimliyimizə qovuşdururuq. Özümüzü heyvanat aləmindən ayırırıq, özünə yadlaşma faciəsindən qurtarırıq. Demirik, mən yeyim, ayaq üstə qalım, mənim nəyimə gərəkdir, şərait belə getdi, filan oldu. Çünkü insan olduğumuzun fərqinə varırıq. Çünkü biz insan olanda fərəhli yaşayırıq. Burda yazılıb: “Atalıyıq, Amallıyıq, fərəhli Yolçularıq”. Niyə fərəhli yolçusan, toplumun biri olduğun üçünmü fərəhlisən?! Yox, toplumdan fərqli olduğun üçün, öz insani mahiyyətinə bərabər yaşadığın üçün, Yol getdiyin üçün, içindən rahat olduğun üçün fərəhlisən. Bilirsən ki içində vələddüznalıq, əclaflıq, satqınlıq, xəyanət, kin, paxıllıq yoxdur. Bilirsən ki, içini darmadağın edən heç nə yoxdur. İçini gözəlləşdirən, fərəhlə dolduran nəsnələr var. Ömür qurulur, ömür yaranır. Biz bunun fərqindəyik. Ömrümüzü istədiyimiz kimi qururuq, ömrümüzün ixtiyarını əlimizə alıb özümüz qururuq, başqalarına verib ömrümüzdən üfunət yaratdırmırıq. Ona görə də, Asif Atanın əlindən, ətəyindən tutmuşuq.  Bu günkü günümüz “Ata Günü” törəni adlanır. Atanın dünyaya gəldiyi gün bizim üçün Mütləqə İnamın yarandığı gün deməkdir. Atanın dünyaya gəldiyi gün bizim üçün İnsanlığın yeni sivilizasiyanın başlamasının doğumu anlamına gəlir. Bu günü onun ad günü kimi keçirmirik. Biz onun yaratdıqlarının ləyaqətini ifadə edirik, onun yaratdıqlarının gözəlliyini, ucalığını anlayırıq, onu bayram edirik. Onun həyata doğulmasıyla nələrin yaranmasını, nələrin ortaya gəlməsini bayram edirik. Mən ötənlərdə balaca bir yazı yazmışdım, “Asif Atanın əməyi ilə Azərbaycanda nə yaranıb”. Asif Atanın əməyi ilə özünü içəridən qura bilən ruhaniyyat Ocağı yarandı. Onun ruhaniyyatının ölçüsü olan İnsanlaşma ideyası Bayrağa çevrilib başımızın üzərinə qalxdı. İnsanlığın Bayrağı yarandı, İnam evi yarandı. Min illərdir, bu xalqın inamının evi yoxdur. Bu xalqın gözü yadların yurduna boylanır.  Bu xalqın gözünü yadlıqdan yığışdırmaq gələnəyi yarandı. Onun əsası qoyuldu. Bu xalqın ruhaniyyat kitabı yarandı. Bu xalqın özünün “Quranı” yazıldı, yarandı. Bu xalqın mənəviyyatının ölçüsü yarandı. Bu xalqın milli kimlik şüurunun gəlişməsinin yolları yarandı, ideyaları yarandı. Bu xalqın içində min illiklərə dərs deyə biləcək yeni tarix yarandı, günsıra, ilsıra yarandı. Bu xalqın içində başını dik tutan bu boyda gələnəklər zarafat deyil. Günsıra – aylar, günlər bu xalqın öz ləyaqətinin, mənliyinin ifadəsi olaraq yarandı. Onun özünün mahiyyətindən doğub ortaya çıxdı. Evlad yarandı.


O Evlad ki, dünyaya dərs deyə biləcək bir ortamda yaranır. Dünyaya örnək ola biləcək ömürlərin açarı tapıldı, sirləri kəşf olundu. Atalıq yarandı, ölçü, nizam yarandı. Başqalarının yarım mənəviyyatlı-yarımmənəviyyatsız, yarımallahlı-yarımallahsız şəxsiyyətlərinin qəhrəmanlığından, atalığından, ağalığından xilas olur. İçində öz mənəviyyatının Atası yarandı. Bunlar hamısı böyük bir aşamadır, böyük bir gələnəkdir, gələcəkdir. Biz bunları bilirik, öyrənirik, öyrədirik, yaşadırıq. Biz Asif Atanın 80 illiyini keçirmişdik, orda söz demişdik, hesabat vermişdik. O hesabat bizim həm ləyaqətimizin hesabatı idi, həm də gördüyümüz işlərin hesabatı idi. Olduqca ciddi işlər görülüb, onları orada vurğu elədik. Təsəvvür edin, o işlər dayanmır, ildən-ilə çoxalır. Bu gün də Asif Atanın 87-ci ilinə əliboş gəlmədik. 80-ci ildən bu yana nə qədər iş görülüb, xalqın içində olmuşuq, görüşlər keçirmişik. Atanın bütün kitabları çap olundu. Qəzetlər çap elədik. Ocağa Evlad gətirdik, onun ləyaqəti gözümüzün qabağındadır. Bütün bunların hamısı xalqın içində özünəxaslığın, özümlüyün, İnsanlığın yollarının tam açığa çıxması demək oldu. Elə bir şey yaranıb ki, bundan sonra da yaradıcılıq davam edəcək. Ancaq o işi yaşayan gərəkdir. Biz bu gün sıfır nöqtəsində deyilik. Ata öləndə belə biz sıfır nöqtəsindən çox uzaqlaşmamışdıq. Ən başlıcası,  Ata öləndə Ocağın bizi uzaqlaşdırdığı sıfır nöqtəsinə elə bil geri qayıtmışdıq. Sıfır nöqtəsində dağılırdıq, məhv olurduq, irs itirdi, arxiv itirdi. Hər şey dağınıq, bəlirsiz durumda idi. Bundan sonra biz dünyaya deyə bilərik bizim nəyimiz var. Bizim bunları deməyə cəsarətimiz var. Ola bilər, bunu deyəndə kimlərəsə qəribə gələ bilər, nə olsun kitab çıxarmısınız, onu-bunu eləmisiniz. Mən onda deyərəm, bu gün dünya hansı dünyabaxışın etkisi ilə yaşayır –  xristianlığın. Xristianlıq necə başladı, nə ilə başladı – sözlə başladı. Sözdən başqa onların bizim adını çəkdiyimiz yaradıcılıqları yox idi. Ancaq bu gün dünya xristianlığın etkisindədir. Yəni dünyanın mənəviyyatı əyri ya düz, pis-yaxşı onun etkisindədir. Bu gedişlərin, bu yaradıcılıqların hamısı əslində bəşəriyyətin həyatında iki min illik bir nizam yaradıb, bir sistem ortaya qoyub, yaxşı-pis. Yəni bu nizam bizim arzularımıza tam uyğun olan bir nizam olmasa da, yeni quruluş oldu, yeni sivilizasiya oldu. İndi Asif Atanın yaratdığı da, gec gerçəkləşə, gec oturuşa bilər, ancaq heç kim bununla zarafat edə bilməz. Burada axtarmaq gərək deyil ki, görüm dünyanın hansı tanınmış adamları bu işin içindədir. Görüm dünyanın hansı diplomlu adamı bu işin içindədir. İnandırım sizi, bəlkə ən tanınmışları, diplomluları bu işin içində olsaydı, bu iş sıfır nöqtəsindən tərpənməzdi. Bu işi dünyanın tanınmışları aparmır qabağa. Bunu gözəl ürəklər, sağlam duyğular aparır, sağlam ürəklər aparır. Bunu möhtəşəm diplomlu zəkalar eləmir. Möhtəşəm diplomlu zəkalar nə edirsə özü üçün edir, özünün mənəmliyi üçün edir. Ruhaniyyat onların içində otura bilmir. Onların içindəki azman bir istedad, ruhaniyyatın onların içində oturmağına mane olur. Bu da insanın bir qəribəliyidir. Ona görə də yaşasın Ata! İçimdə olduqca bir yəqinlik, bir sevinc var. Hara gedirik müəyyənlik var, nə edirik müəyyənlik var.
Biz  Ocaq olaraq, milyonlardan qüdrətliyik. Çünkü nə istədiyimizi bilirik, nə elədiyimizi bilirik. Müəyyənlik var, onun peşindəyik. Siyasi fəaliyyətlər təşkilatlananda uğurlar əldə edirlər. Təşkilatlanır, müəyyənlik yaradır, nə istədiyini bilir, hədəfinin dalınca gedir. Onda özünəxas uğurlar əldə edir. Əgər təşkilatlanmışlıq yoxdursa, müəyyənlik yoxdursa, ortada ideya yoxdursa ideologiya yoxdursa, bəlli bir plan, strategiya yoxdursa, dağınıq durumda heç kimi ayağa qaldırmaq olmaz. Ona görə məsələlər olduqca düşündürücüdür.
Amala Sevgi qüdrət deməkdir. “Ata Günü”müz qutlu olsun, Atanın ömrü qutlu olsun.
Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Ata Günü münasibətilə hamını qutlayıram. Atalı ömrün dəyəri məsələsi ilə bağlı onu deyim, öncə mənim üçün Ocaq  Ata kimliyindən başlayır. Ataya olan sevgim Atanın Amalına olan sevgimdir, onun ideyalarına,  düşüncəsinə, onun dərdinə olan sevgimdir. Özümü dərd ortağı bilmişəm Ataya. Ona görə Atanın Yolu ilə gedirəm.
Baxmayaraq ki, Mütləqçiyə yaraşmır yıxıla-dura sözünü işlətmək, ancaq mənim ömrümdə çox rahatsızlıqlar olub. Amallı ömrüm məni yıxıla-dura səviyyəsinə gətirib çıxarıb həmişə. Yəqin mənim özümün  qüsurum var ki, o səviyyə Mütləqçilik səviyyəsi olmayıb. Ata dünyanın düşüncələrinin tükəndiyi bir zamanda gəldi. İnsan çabalayırdı, tarixdə dahilər insanın qayğılarının  həllinə yönəlik baş sındırırdılar. Elə bir dövr gəlib çıxdı, artıq o dövr yox dərəcəsində idi, sona çatmışdı. İri miqyaslı müharibələr başlayırdı. Birinci, ikinci dünya müharibəsi gedirdi. Belə bir dönəmdə İnsanlıqla, onun qayğıları, nizamı ilə bağlı Asif Ata o boşluğu doldurdu, öz düşüncələri, ideyaları ilə. Mən özüm də bir fərd olaraq, anladım, duydum, Asif Atanın Yolu dünyanı qurtara bilər. Buna heç bir şübhəm olmadı. Atalı ömrün dəyəri nədir sualına cavab versəm elə burda dayanaram. Heç bir  şübhəm olmadan Asif Atanın yolunu tutdum, onun Yolunda bacardığım qədər addımladım. Bu addımlar davam edir. Bu gün səhhətimdə, həyatımda  baş verən rahatsızlıq etki göstərsə də, yenə də bütün gücümü Asif Atanın Yolunda addımlamağa vermişəm. Bunu etməyəndə rahatsızlığım bir az da artır.  Ancaq buna nə dərəcədə yetmişəm?! Etiraf edirəm, Mütləqçi səviyyəsinə yetməmişəm. Buna savadsızlıq deyimmi, istedadsızlıqmı, deyə bilmərəm, ancaq öz Ocaqçılığımdan həmişə narazı qalmışam. Bu gün də o narazılıq var. Mən bu suala belə cavab verə bilirəm. Əgər başqa cür cavab vermiş olsaydım, hardasa yalan demiş olardım. Ata Yolu mənim üçün ömrümün ən üzə tutulası, gözəl məqamlarıdır. Bəlkə də mənim səhhətimin bu durumunda mən çoxdan həyatdan getmiş olardım. Məni saxlayan Ocaqçılıq fərəhim olub. Atanı duyan, Atanı bilən beş-on nəfərdən biri də mənəm. Ata xalqımızın, bəşərin quruluşuna yönəlik böyük bir düşüncə, Amal ortaya qoyub. Ataya olan münasibətim, Ocağımıza, Amalımıza olan sevgim, Yolun gərəkliliyinə olan istəyim elədir ki, çətin də olsa bu Yolu addımlayıram. Çalışıram qüsurlarımdan uzaqlaşım, nisbilik səviyyəsindən çıxım.
Atamız Var olsun!

Soylu Atalı: Mən ötən dəfə kamillik məsələsi ilə bağlı söhbət elədim ki, adamlar kamilliyi standart, sxematik bir şey kimi başa düşür. Mən burada Günevin qəlbinə dəyməsə deyərəm ki, Günev də sanki elə yanaşdı. Deyir, mən olmadım, ola bilmədim. Əslində bu özünə qarşı haqsızlıqdır. Bu gün Günevin səhhətində sorun yaranıb, bu sorun imkan vermir, Günev həmişə atdığı kimi addımlar atsın. Bu sağlamlıqla bağlı yaranan ötəri bir şeydir. Ancaq bir az öncələrə baxaraq dəyərləndirmək gərəkdir. Günev imkansızlıqdan imkan yaradan bir adam olub. Bəzən olmalıdan artıq addımlar atıb, zaman-zaman bölgəsində o kənddən bu kəndə, bu rayondan o rayona öz sınıq-salxaq maşını ilə, Elananı yanına alıb səfərlər edib. Bəzən elə yerlərə səfər edib, heç bilməyib orda onun üzünə qapı açılacaqmı. Özünün xalq sevgisi, amal sevgisi ilə insanların evinə gedib. Bunu dəfələrlə vurğulamışıq, Məbəd imkansızlıqdan yarandı, Məbəd beş qəpiklə yarandı. Açıq deyəcəm, ailənin narazılığının etkisi, basqısı altında yarandı. Bunu dəyərləndirmək gərəkdir. Bu elə Mütləqçilikdir, nisbiçilik deyil. Ona görə deyirəm Kamillik məsələsi doğru anlaşılmalıdır. Kamillik məsələsi standart sxem deyil. Onu səhhətinlə bağlamaq doğru deyil. Səhhət sən deyilsən, bədən sən deyilsən. Bədənin olanaqları sənin Mütləqçiliyinin olanaqları deyil. Bədənin olanaqları ayrı şeydir. Ona görə sənin bu çağa qədərki fəaliyyətindən, çalışmalarından, zəhmətindən, fədakarlıqlarından Ata narazı deyil. Ata ilə Ocaq bir şeydir.
O günlər ki, onları mən bilirəm, bəlkə də başqaları bilmir. Adam səhər-axşam keçi otara-otara, ona qulluq edə-edə İnam Evi tikirdi, görüşlər keçirirdi, ədəbiyyatlar verirdi. Öz bölgəsində edirdi. Bakıda olanda da Bakıda edir. Günevin ürəyində ruhani qırım, ruhani təpər var. Həm də o qırımın arxasında duran ruhani iradə var, qeyrət var. O vaxta qədər heç bir işindən, heç bir məsələsindən qırağa durmadı. Sağlıq durumunun imkan verməməsi geri durmaq anlamına gəlməz. Xəstəliyi mən də keçirə bilərəm. Əgər mən yatağa düşüb hansısa bir yaradıcılıqla uğraşmıramsa, o demək deyil ki, mən Soyluluğu itirdim. O anlama gəlməz. Ona görə səhhətinlə bağlı özünü suçlamaların doğru deyil. Bədənin imkanları bizdən asılı olmaya da bilir axı. Yaş məsələsi də var, bədən getdikcə qocalır. Bu açıdan sənin bundan sonra görəcəyin işlərin həcmi azala bilər. Bu sənin amaldan qırağa durmağın ya da amalı bacarmamağın anlamına gəlməz. Elədiyini edirsən, eləmədiyini sözünlə, sevginlə amaldaşlarına verirsən. Bunun özü bir yaradıcılıqdır. Gənclər enerjili olur, güclü olur.
Bir vaxtlar Nurtəkinlə Göylünün gördüyü işlər var idi. İndi həm yaş var, həm qayğılar artıb. Bu gün Göytəkin ən aktiv işlər görür. Deyə bilmərik ki, əlli yaşında da həmin işləri görəcək. Bir sözlə, biz Ocaqçılardan, 60-80 yaşında, 30 yaşındakı təpəri nə ummuruq, nə də tələb eləmirik.

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Bu gün Ata Günü mərasiminə yığılmışıq. Bu gün Ata yanımızda yoxdur. Ancaq onun Ocağı var. Qardaşımın dediyi kimi, Ata elə Ocaqdır. Ona görə sözümə başlamamışdan öncə istəyirəm Ocaq bacı-qardaşlarıma ürəyimdə olanları deyim. Soyludan başlayım, mən Soylu qardaşla saatlarla danışıram, düşüncə bölüşmələrimiz olur. Biz tamamilə rəsmiyyətdən uzaq oluruq. Necə var, necə düşünürüksə, həyat, dünya, insanla bağlı məsələləri özümüz üçün incəliklərinə qədər aydınlaşdırmağa çalışırıq. Adətən sualları mən verirəm, izahları Soylu qardaşım verir. Mən də düşüncələrimi deyirəm.
Günev qardaşım da mənim üçün bir etalondur. Soylu qardaşımın da izah etdiyi kimi sənin daxili dünyan qabaqkından da alovludur, ilhamlıdır, qanadlıdır. Fiziki baxımdan bəlli hərəkətlərində geriləmələr sənin daxili dünyanı etkiləmir. Sən həmişə Günev olaraq ürəyimizdə varsan.

Soylu Atalı: Sözünə qüvvət, bu xəstə halı ilə bu yaxınlarda neçə dənə görüş keçirib Günev.

İnamlı Atalı: Nurtəkin bacımızı özüylə döyüşün qaydaları üçün bir etolon kimi görürəm. Bu cavan ailə isə mənim ən böyük ümid yerimdir. Çox gözəl bir ailə alınıb, çox gözəl bir harmoniya yaranıb. Bunlar bir-birini tamamlayırlar. Ən böyük arzum odur, onlar o körpələrin yetişməsində səhvə yol verməsinlər. Ailədə həmişə Ocaq söhbəti, Amal söhbəti getsə o ailədə böyüyən uşaqların aqibəti necə olar, onu təsəvvür edirəm.
Biz dəfələrlə aramızda bu söhbətləri etmişik. Bu vaxta qədər olan tarix yanlış yazılıb. Tarix hansısa fatehlərin, qəsbkarların qəhrəman kimi sunulması olub toplum üçün. Tarix mədəniyyətlərin tarixi kimi yazılmalıdır, intibahın tarixi kim yazılmalıdır. İnsanlığa hansı ölkə, hansı millət, hansı əsrdə nəyi verib. Soylu qardaşın ermənilərlə bağlı belə bir düşüncəsi var, erməni dünya tarixinə heç bir dəyər verməyib. O millət kimi yoxdur. Ancaq bizim xalqımız çox uca dəyərlər verib. Hətta onun dəyərlərini başqa millət oğurlayıb öz adına çıxır. Kim nə oğurlayır oğurlasın, bu millətdən heç nə əskilmir. Asif Ata ilə yeni bir era başlanıb. Bu bir fərddən başlayıb, millətdən başlayıb, bəşərdən başlayıb, fərq eləməz, hamısının qurtuluşu Amaldadır.
Hər bir fərd öz başlanğıcını necə götürür?! İnsan elə bir varlıqdır ki, başqa canlılardan fərqli olaraq dünyaya gələndən sonra öz ayağı üstə qala bilmir. Ona qayğı gərəkdir, dəstək gərəkdir. Bu qayğı, dəstək də ailədən gəlir. Əgər ailənin amaldan xəbəri yoxdursa, sözsüz ki, atada ağalıq ehtirası ola bilər, anada xanımlıq ehtirası ola bilər, ailədə tənbəllik, xudbinlik ola bilər. Bunların hər biri uşağın taleyində böyük bir travma, bir boşluq yaradar. Bu boşluq sonradan onun alt şüuruna keçir. Mən belə deyərdim uşaq atasından, ailədən, Allahdan yarımasa, bəsit anlamda həyatdan yarıyar. Ata birinci növbədə uşağın sağlamlığının sorumluluğunu daşıyır. İkinci növbədə mənəvi, əxlaqi, ruhani baxımından uşaq üçün mürşüd rolunu oynamalıdır. Onun özünün insanlıqdan xəbəri yoxdursa, əyyaşlıq edirsə, toplumun həşirinə uyub rəqabətə, yadlığa, yağılığa gedirsə, bunların ailədə təbliğatı varsa, bunlar övladın şüuruna, ruhuna köçür. Bir misal var, insanın mənəvi dünyası beş yaşına qədər tamamlanır. Doğrudur, bu mənə tam çatmır, ancaq alt şüurdan söhbət gedir. Nələrsə daşlaşmış bir sistem kimi orda qalır, sonra toplumun həşiri onu bir qədər də artırır. Allahdan yarımamaq deyəndə onu nəzərdə tuturam, bizim çox gənclərimiz bu gün xalqımızın, millətimizin ümid yeridir. Hansı ki, bu gün yanlış yoldadırlar. Bilmədən, ağılları çatmadan partiyalara qoşulurlar, dindən umacaq umurlar, Avropanın texnologiyası gözlərini qamaşdırır. Bunlar, sözsüz, yanlış bir yoldur, bunu çox gözəl anlayırıq. Belə gedişatın axırı yoxdur. Nə insan kimi, nə millət kimi. İnsan, millət düzəlməsə, bəşər də çaxnaşma içində qalacaq. Peyğəmbərləri müstəsna insan kimi hesab edirəm. Hər min ildən bir tapıntıdır, hansı millətin bəxtinə bu düşübsə. Ancaq bütün inamlar nisbi olub. İnsan hardasa dalana dirənib. Ona görə bütün dinlərdə təriqətlər yaranıb. Nədən irəli gəlir – boşluqlardan. İnamın özünə etiraz kimi, əlavələr kimi. Biz Mütləqə İnamı qurtuluş kimi görürük, çünkü insana bağlıdır, İnsanlıqla bağlıdır, İnsanlığa inam verir. Nə xoş ki, biz Atanın davamçılarıyıq. Ancaq özümüz gərək bu yolda bütövləşək. Mən belə düşünürəm, biz dünyabaxışı toplumdan, ailədən, qohum əqrəbadan, evdən-eşikdən çox düşünmürük. İnsanlıq deyiriksə, bu, öz-özünə ortalığa çıxmır. İnsanlıq bizim dünyaya münasibətimizdə ortalığa çıxır. Həyata münasibətimizdə ortalığa çıxır. İnsanlara münasibətimizdə ortalığa çıxır. Ona görə yaşamımızı, Amalımıza uyğun, elə qurmalıyıq ki, Amalımıza mane olmasın. Asif Ata hər şeydən imtina elədi. O, çox qüdrətli idi. Asif Ata içəridən böyük bir enerji mənbəyi idi. Onun üçün Amal hər şeydən yüksəkdə dururdu. O içindəki enerjini millətin xeyrinə, bəşərin gələcəyinə yönəltdi. Soylu qardaşımız da ömrünü o səviyyəyə uyğun qura bilib. Dolanışığı ilə işi elə gözəl harmoniya yaradıb ki. Soylu qardaşıma heyrət edirəm. Ancaq mənim üçün açılmalı sorular var, biz Amal deyəndə rahiblər kimi çəkilmirik guşənişinliyə. Amal insanlarla münasibətdə qurulmalıdır. Mənim içimdə hansı hisslər var, onu necə aşkarlaya bilirəm. Mən həyatda kimə qoşulmuşam, yanılmışam. Yeganə qoşulacağım Ocağım var. Yol getməyə Ocağım var. Yaşasın Ocağımız. Bizim ayrı yolumuz yoxdur.
Atamız Var olsun!

Soylu Atalı: Ata deyir, imkandan artıq imkana yetin. İmkansızlıqdan imkan yaradın. Bunu Amal üçün deyir. Ancaq bu, həyat üçün özünü doğrultmur. Biz həyatda imkansızlıqdan imkan yarada bilmirik. Həyat üçün edə bilmirik. Həyat üçün imkan nə qədərdirsə, o qədər edirik. Ondan artıq çalışanda Amalı qurban verirsən.

Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Ata Günümüz qutlu olsun! Mən cismani atamı itirənə qədər başqa biri idim, saf bir uşaq kimi dünyaya, insanlara inanırdım. Cismani atamı itirdikdən sonra adamların münasibətinin faydaçılıq əsasında qurulduğunu gördüm, inamımı itirdim. Həyata da, adamlara da. Asif Atanı tapandan sonra isə insanlara inanmağa başladım. Atanı canlı bir il izləsəm də, Atanı dərk eləməmişdim. Öləndən sonra Atanı dərk elədim, Soylu Atalının köməkliyi, araçılığı ilə. Atanı tapmasaydım həyatın axarı ilə gedəcək, özümdən başqa hər kəsi suçlu biləcəkdim.
İndi çox fəlsəfələr, baxışlar deyir, özünü sev, özünə dəyər ver. Kişisəl gəlişim adında ayrı-ayrı baxışlar. Ata isə öyrədir özünə necə dəyər verməyi. Dünya pisdir, səbəb insandır. Həyat pisdir, səbəb insandır. Ancaq adamlar quruluşu, zamanı, hər şeyi günahkar bilir. Çünkü sorumluluq ağırdır. Özündən başlamaq gərəkdir. Özünü dəyişmək gərəkdir. Hər tərəf qaranlıq, sənsə işıq olmalısan. O gücü hardan almaq gərək?! – Deməklə olmur.
Ocaqdan öncə tarixi şəxsiyyətlərə çox heyrət edirdim. Atanı tapanda da heyrət edirdim. Dərk etməmək ona gətirib çıxara bilərdi ki, elə tarix kitablarındakı kimi, Ataya heyrət edib yaşaya bilərdim. Sonra da Ocaqdan uzaqlaşa bilərdim. Dərk başqa bir yöndür. İnsanın özünü yaratması, dəyişməsi ilə olur. Ata deyir, dost xəyanət edir, dostluğa inamını itirmə. Bu necə gücdür?! Dünyanın da, həyatın da, zamanın da, özünün də fövqünə qalxmalısan. Əzəli, əbədi, sonsuz, kamil Məna ilə bir olmalısan ki, heç bir fırtına, külək səni yerindən oynada bilməsin. O gücü aşkarladı Ata içimizdə. Fərəhlənirsən, fərəhin daha böyük mənasının fərqinə varırsan. Duyğulanırsan, duyğunun daha böyük mənasının fərqinə varırsan. Düşüncənin sonsuzluğuna, ucalığına varırsan. Ömrün mənasının ömürdən böyük olduğunu görürsən. Yolun bütün qutsallığını, sorumluluğunu anlayırsan. Ocaq yolunu getdikcə əməllərimizdə bunu yaşadıq. İnsan özüylə döyüşəndə əslində zamanla da döyüşür, şəraitlə də, quruluşla da. Özüylə barışanda hər şeylə barışır. Özünü tanıyanda dünyanı tanıyır, özünü sevəndə dünyanı sevir. Özünü dəyişəndə hər şeyi dəyişir. Hər şeyin mənbəyi insandır. Özündən yüksəyə qalx deyir Ata. Bir dəfə Ata evində olanda demişdi ki, mən gəzəndə də bilirəm dünyadan böyüyəm. Mən bu sözə elə heyrətlənmişdim ki. Ataya inanırdım, sonradan dərk elədim o sözün mənasını. Mütləqə İnamın mənə, xalqıma, bəşərə gərəkliyini, Atanın özündən keçməsinin millətə, bəşərə olan sevgi boyda olduğunu. Bu aqibəti Ata özü yaratdı. Daim ucaqlıqda yaşamaq mümkünlüyünü göstərdi. Bizə də yol çizdi. 
“Ata Günü” törənində Atadan danışmalıyıq. Atanın yaratdığı hər şeydən yüksəkdə durur. Bəzən Atadan danışanda mənə deyirlər, qaynaq göstər. Mən deyirəm, Atanı oxuyun, dərk edin, o zaman anlayacaqsınız Yolun böyüklüyünü.
Ata Azərbaycana inanırdı, bəşərə inanırdı ki, Ocaq yaratdı, Ata haqqında danışanda mütləq Ata-Evlad bütünlüyü haqqında demək gərəkdir. Çünkü Ocaq ona görə var ki, Ata-Evlad ruhunun birliyi var. Bu birlik yaşadıqca, Ocaq timsalında bu birlik, əməllərimizlə, törənlərimizdə, ömrümüzdə davam elədikcə Yol da davam edəcək. Ocaq sabahlaşacaq. Bu bizim fərəhimizdir.
Atamız Var olsun!

Soylu Atalı: Bayaq mən deyən də odur. Deyirsən, toplum qaranlıq olanda sən işıq olmalısan. Mənim dediyim odur ki, toplumla ayaqlaşmaq haqqında düşünmürük. Toplumla ayaqlaşmaq haqqında düşünməməliyik. Onunla ayaqlaşmaq haqqında düşündükcə onun dalınca gedirsən, qaranlığa doğru gedirsən. İşıq olmursan. Onun üçün deyirəm, həyatda, məişətdə gücün, imkanın nə qədərdirsə, öz mövcudolma quruluşunu yaradırsan. Ondan artığına can atdınsa, işıq ola bilmirsən. Heç bu haqda düşünmürsən, işıq olmağa çalışmırsan, toplumdan biri olmağa çalışırsan. İşıq olmaq üçün, Ata həmişə deyir, özündən yüksəyə qalx. Bizim qurtuluşumuz ondadır, topluma enməyən insanlar gərəkdir ki, onlar bütövlükdə toplumun işığı olsun.
Deyirsən, mən Atanı gəlib tapanda insanlara inanmağa başladım. Niyə inandın insanlara?! Ata göydən düşməyib ki. İnsanların içindən çıxıb. Ataya inandın, sonra insanlara inandın ki, insan göründüyünə bərabər deyil. İnsana inanmaq olarmış. Bizim yanımızla gedən, qarşımızdan gedən, qonşuda yaşayan insan bizim inamımızı, etimadımızı doğrultmur. O demək deyil, bütün varlıq ona bərabərdir. İnsan özünü ötə bilər. Özünü ötmək üçün onun ağlı böyüməlidir. Ötməyə inanmalıdır. İndi insanı nəyə kökləyirlər?! – Toplum necədirsə, quruluş necədirsə, ona. İnsan başını qaldırıb ondan başqa bir şey görmür axı. Düşünmür, gedişlə barışmamaq da ola bilərmiş. Özün olmalısan ki, başqası səndə özünü görsün. Hər kəs onu düşünməlidir – Özüm olmalıyam ki, başqası məndə özünü görsün. Mən də başqasında özümü görüm. Başqalaşma ideyasıdır – ölçünü yaradan. Hər bir ömür örnək ola bilər. Hər bir ömür yol göstərə bilər. Hər bir ömür qurtuluşa yön verə bilər. Hökm deyil, onun əlindən tutub sən qurtarasan. Hər adamın ağlına hər şey gəlmir ki. Sənin ağlına gələnləri ver. Ömrünə gələnləri, ömründə yaşadıqlarını ver. Ver, qoy yaşasın, özündən sonra bir şey qalsın. Ocaq ondan ötrü yaranıb. Ocaq ondan ötrü yaranmayıb biz elə qonşumuzda, çevrəmizdə, orda-burda gördüklərimizi pisləyə-pisləyə qalaq. Ondan ötrü yaranıb ki, biz o pisliyi görüb ölçü götürək. Dayanmadan həqiqətlərin yolunu öyrət, ömrünlə örnək ver, sözünlə örnək ver, axırda alınacaqdır. Ocağın işi budur, yolu budur. Kimisə vurmaqla, beynini dağıtmaqla qurtuluş ola bilməz axı. Bütün bəşəriyyət o yöndədir. Sən bir-bir durub hamının beynini dağıtmaqla məşğul olacaqsan?! O pisdir, bu pisdir deməklə deyil. Bax, gör, niyə pisdir?! – Çünkü Ölçü yoxdur, ona görə pisdir. Örnək yoxdur, ona görə pisdir. İnsanı bəlaya salıblar – Quruluş bəlasına, Yalan bəlasına, həşir bəlasına. Hamı da inkubator kimi olur. Asif Ata ona görə ortaya çıxdı ki, insanı düşdüyü inkubator gedişindən qurtarasan. Ocaq qurtuluş deməkdir.

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Qonuda soru qoyulub, ömrüm İnamın tələblərinə nə dərəcədə cavab verir. Düşünürəm, mənim ömrüm İnamın tələblərinə mütləq cavab vermir. Bunu hər anıma, hər hərəkətimə, hər duyğuma, düşüncəmə nəzər saldıqca görürəm. Atanı yeni oxumağa başlayanda onun bir deyiminin üzərində çox dayanmışdım. Üzdən baxanda çox sadə görünürdü. Bu deyimi heç cür anlaya bilmirdim – “İnsan olmaq çətin peşədir”. Bu  bir cümlənin arxasında hansı çətinlik dayanır, hansı tələbləri qoyur bu cümlə bizim qarşımıza. Zaman keçdikcə, özüylə döyüşdükcə bu cümləni daha da anlamağa başladım. Doğrudan da, anlamaq üçün yaşamaq gərək imiş. Atanı tanıyandan bəri heyrət etmişəm. Ancaq onun yazdıqlarından, əsərlərindən daha çox yaşadığı ömrə heyrət eləmişəm. Bir insanın qarşısında nə qədər çətinliklər açıla bilər. Bir insanın üzərində nə qədər qadağalar qoyula bilər. Bütün dünya insana qarşı gəlsə belə, insanın gücünün tükənməməsinə heyrət eləmişəm. Bu mənim ağlımda qəti bir fikir formalaşdırıb ki, doğrudan da, xeyrə qovuşmaq, xeyrin özü qədər yenilməz olmaq mümkündür. Çox dərin, önəmli sorular var  hansı ki, onlara cavab vermək gərəkdir. Bu suallara ömrü ilə cavab verə biləcək bir örnək var qarşımızda. Xeyri, Ədaləti ömürdə var etmək mümkünsüz bir şey deyil. Əgər insan özünü yaradarsa, şərin saysız-hesabsız çabaları qarşısında ölməzliyi, yenilməzliyi qoruyub saxlayacaq. Atanın ömründə olduğu kimi. Şərin çabaları artdıqca Xeyirin varlığını bir daha təsdiqləmiş olacaq.
 Atanı təkcə kitab kimi oxumaqla deyil, həm də ömrə gətirməklə, yaşamaqla anlamaq olur. Əvvəllər bir sualı özümə çox verirdim. Məni Ocağa bağlayan nədir – Ataya heyrət, mürşüdə heyrət, Amaldaşa heyrət, yoxsa həvəs?! Bəs Vətən, millət sevgisi bunun harasında dayanır?! Sanki bir məhdudluq vardı. Ancaq zaman keçdikcə bir şeyi anladım, əslində Ataya heyrət, mürşüdə, Amaldaşa heyrət mənə müqəddəsliyi tanıdır. Müqəddəsliyə qovuşmaq yolunu anladır. Vətənin, milətin dərdi ilə bərabər insana sevgini də ürəyə yükləmək öyrədir. Müqəddəsliyi tanıdıqca anladım ki, insana mübarizə gücünü verən, insanı ayaqda tutan, insanı yenilməz edən elə odur. Nə qədər sorunların basqısı ilə üzləşsən də, içində bir ümid işığı var. İnsan qurtuluş yolunu tapır – öz içində tapır, eyni zamanda onun ömrü qurtuluş yoluna çevrilir.
Atamız Var olsun!

Bilən Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.):Tarixən biz görmüşük ki, Azərbaycana qarşı həmişə işğalçı siyasət yürüdüblər. Azərbaycanı bir millət olaraq sıradan çıxarmağa çalışıblar. Tariximizdə şəxsiyyətlərimiz olub, ancaq biz onlara dayanıb özümüzə qayıda bilməmişik. Ruhaniyyat yolumuz, ölçümüz olmayıb. Asif Ata deyir, Dünyadan Üstün olmaq gərəkdir. Bunu dərk eləmirdim, Dünyadan üstün nə deməkdir?! Zaman-zaman anladım ki, insanı demokratiya adı altında, siyasət, din, xurafat adı altında məhv eləməyə çalışırlar. Asif Ata dünyanı əyən insanın yönünü dəyişir. Bizim beynimizi daim dini, siyasi xurafatın qaranlıqları ilə doldurublar. Asif Ata şəxsən məni bu qaranlıqlardan, bu xurafatdan ayırdı. Əsil peyğəmbərlik elə budur – insanı, bəşəri özünə qaytarır, onun həyatına nizam verir. Peyğəmbər işini sıradan bir adam görə bilməz. Ona görə biz xalqdan öz peyğəmbərini eşitməsini umuruq. Qurtuluşumuz öz içimizdədir.
Atamız Var olsun!

Soylu Atalı: Biz Atanın həm yoluna, həm də dünyabaxışıyla vəhdətdə olan şəxsiyyətinə yönəlik gücümüz çatan sözü dilə gətirdik. Bizim üçün burda ən önəmli olan məsələ həm də Ocaqçıların özünün taleyi ilə bağlı olan məsələlərdir. Ocaqçılar kimin haqqında söz deyir, bu, qıraqdan baxan adam üçün ola bilər bəsit görünsün. Düşünərlər, Ocaqçılar Asif Atadan başqa bir şey demirlər. Doğrudan da, qıraqdan baxan üçün bəsit görünə bilər. Gəlin baxaq, biz toplumun yaşamındakı məsələləri necə görürük, necə qiymətləndiririk. Toplum yığıncaqlar keçirir, ayrı-ayrı şəxsiyyətlər haqqında söz deyilir, gəlin görək, nə deyilir. Qatıldığımız toplantılar da olub, mətbuatdan, televiziyadan izlədiklərimiz də. Şəxsiyyətlər haqqında söz deyəndə olduqca çətinliyə düşürlər. Bizim Asif Atanı öyməyimizlə, onların hər hansı yubileyi olan bir şəxsi öymələri, üzdən baxanda, bənzəyə bilər. Məsələ onda deyil, sən harda nə deyirsən (yəni yubiley keçirirsən, kiminsə işlərindən danışırsan). Məsələ ondadır ki, sən kimin haqqında söz deyirsən, nə deyirsən. Hər kəs haqqında olduqca üzdən deyirlər. Niyə üzdən deyirlər, çünkü haqqında danışdıqları adamın ortada ciddi ömrü yoxdur. Yaradıcılıq haqqında danışa bilər, filan əsəri yazıb, filan qədər məqalə yazıb, filan elmi diplomu var… bunu sadalayarlar. Ödüllərini sadalamaq olar. Bunların hamısı bir köpük yaradır. Nə deməkdir ödül?! Kim asıb onu döşündən?! – Kimə qulluq edibsə o asıb. Mənim öygümdən medal gəlmir. Atanı araşdırırsan, görürsən, onun ömrü yüksək ideallara qulluq edib. Filankəsin ömrünü araşdırırsan, görürsən rejimə, hakimiyyətə qulluq edib. Qulluq elədiyin obyekt nədirsə, ömrünün dəyəri odur. Qulluq elədiyin obyekt yaradır sənin ömrünün dəyərini, ömrün dəyərini də o obyektlə ifadə edib açırsan. Biz də Asif Atanı yaratdıqlarıyla dəyərləndiririk. Biz Asif Atanın yaratdığı ömrü açırıq, deyirik, onun yaratdığı ömür özünün çıxarlarına hesablanmış, özünün məncilliyinin təsdiqinə yönəlmiş ömür deyil.
Ömrünü xalqın yağılarının yanında quranları toplumdan kimlərsə toplanıb öyür. O da şirin məmnunluq hisləri yaşayır. Bu, yalanı yola verməkdir. Onlar səni öyəndə gərək öz gözündən düşəydin. 
Bir dəfə Ocaqçılardan biri mərasimdə fəxrlə danışırdı, filan professor Asif Ata haqqında yaxşı söz dedi. Ata hiddətləndi, görünür Atanın qüsuru var ki, onun haqqında yaxşı söz deyib. O, böyüklük haqqında söz deyə bilməz axı. Balaca balacalığı öyməyə çalışar, böyüklükdən qorxur, böyüklüyü göstərmir. Çünkü böyüklüyü göstərsə, özü əzilər. Özünü əzər…  Ömrü sunmaq olduqca sorumlu bir işdir.
Asif Atanın dəyəri mənim ruhumun sevgisindədir. Qiyməti mənim ruhumun varlığındadır. Mənim ruhumun üzü, yönü gələcəyədir. Onun qiyməti gələcəkdədir. Əbədi gələcəkdə. Zamandan üstünlükdədir. İndiki çağdan üstünlükdədir, yüksəklikdədir. Onu görmək istəyirsənsə, çağından yüksək ol. Asif Atanı görmək istəyən gərək bu mühitdən yuxarı qalxa. Yuxarı qalxmasan, Asif Atanı görməyəcəksən. Dəyərləndirməyəcəksən. Bunu görə biliriksə, bu bizim ləyaqətimizin bu mühitdən, bu toplumdan üstünlüyünü göstərir. Asif Atanı, onun yaratdıqlarını görə bildiyimiz qədər, ləyaqətini görə bildiyimiz, yaşadığımız qədər toplumdan üstünük. Gedişdən üstünük. O üstünlük özü elə toplumun, gedişin yaradıcılığıdır. Ata deyir ki, toplumu kamilləşdirmək üçün toplumdan üstün olmalısan. Çox sadə bir şeydir. Beş adama dərs demək üçün ondan üstün bilməlisən. Ondan üstün bilməlisən ki, ona bir şey öyrədəsən. Toplumdan biri olub toplumu qura bilməzsən. Bunu kimsə xudbinlik kimi qiymətləndirsə, o həqiqəti anlaya bilməz. Bunu mümkünsüz saymaq balacalıqdır. Mümkün deyilsə, heyvanatdan yüksək toplum yoxdur. Heyvanatdan yüksək həqiqət varsa, onda Mütləq var. Onda hər şey nisbi deyil. Atanın ömrünün dəyəri, yaratdığının dəyəri, Ocağın dəyəri belə bir yüksək ideallardadır, yüksək həqiqətdədir. Ona görə Ata Günümüz qutlu olsun.

Ocaq Yükümlüsü Yol Sözü ilə Evladlıq Nişanələrini Ocaqçılara sundu.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Törən sona yetdi.

Yağış Ayı, 44-cü il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir