Xəbərlər

Qutsal “Ata Günü” törəni

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 25 Ata Ayı, 46-cı ildə (sentyabr,2026) Qutsal “Ata Günü” Törənini keçirdi.
Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Gün`ümüzə başlayırıq. Sabahlı, Bağban, Amaltay bizimlədir,ölənlərimizin adına ayağa dururuq.
Həm Gün`ümüzün özəlliyi haqqında, həm də Ata haqqında söz demək istəyirəm. Niyə deyirəm Gün`ün özəlliyi, bir də Ata haqqında?!  Elə Gün`ün özəlliyi Ata haqqında söz deyilmi?! Əslində odur, ancaq ayrıntılar da var, o ayrıntıları mən dilə gətirmək istəyirəm. Öncə onu deyim, nəyə görə “Ata Günü” mərasimi yaranıb?! – Belə götürəndə “Ata Günü” mərasimi Atanın haqqında söz deməkdir. Ata nəyə görə belə bir günü düşünüb, doğrudanmı Atanın özünü öydürmək kimi bir istəyi olub. Əslində bunu qıraqdan belə görürlər. İllər öncə Azərbaycan mətbuatında bir proses başlamışdılar, “Sevgililər günü” deyə. “Sevgililər günü”nü 20 yanvar olaylarında ölən sevgililərin – İlhamla Fərizənin xatirələrinə həsr etmişdilər. Əslində onlar bir araç idi. 14 fevral “Valentin günü”nün yerinə yaratmışdılar. O vaxt məndən bununla bağlı yazı istəmişdilər, mən də yazıda vurğu eləmişdim ki, bu nəyə gərəkdir, bu Avropadan gələn bir xəstəlikdir, qadınlar günü, kişilər günü, uşaqlar günü… Hətta parodiya eləmişdim ki, “ilin çox süd verən inəyi”-filan. Qəzeti təmsil eləyənlərdən biri də götürüb “Ata Günü”nə ilişmişdi. Bilirsiniz, toplumda gerçəkdən anlamayanlar çoxdur, “Ata Günü” “Sevgililər günü”, ya da “Valentin günü” kimi bir şey deyil. Özü də onlar qələm adamlarıdır, toplumsal ortamda az-çox tanınmışlardır. Ağıl işlətmirlər, kapitalizm demokratiyasının həşirinə düşüblər. “Ata Günü” ilə “Valentin günü”nü eyniləşdirmək çox aşağı səviyyədir. “Ata Günü” Ocağın mərasimidir, Asif Atanı öyrənmək, tanımaq üçündür. Asif Atanı tanımaq, onun bioqrafiyasını sadalamaq anlamına gəlmir. Asif Atanın kimliyi onun ortaya gətirdiyi dünyagörüşü, “İnam sistemi”, İnam fəlsəfəsi ilə bağlıdır. “Ata Günü”nün mahiyyəti odur. Deməli, burada günün özəlliyi odur ki, biz Atanı tanıyaq. Ata haqqında gərəkən yöndə qonuşmaq gərəkdir bəlağətdən, öygüdən (tərifdən) uzaq, bioqrafiya sadalamaqdan uzaq. Bu dediklərimizə uyğun Atanın ruhani kimliyi haqqında hər birimiz bildiyimiz, bacardığımız məzmunu dilə gətirməliyik. Asif Atanın meydana çıxması ilə nə yarandı?! Azərbaycanın, bütövlükdə türk dünyasının həyatında yeni bir dönəm başladı. Yəni mənəvi, ruhani bir dönəm başladı. Biz minillərdir ocağı söndürülmüş xalqıq. Bizim ocağımız olub, onu söndürüblər. Qaranlığa düşmüşük, obrazlı desək, üşümüşük, yolumuzdan sapmışıq. Sönmüş, söndürülmüş Ocağımızı yenidən qaladı Asif Ata. Bununla da xalqın həyatına yeni bir nizam gətirməyin sorağını verdi. Bu millətin hər şeyə yenidən baxmasını önərdi. Uzun yüzillər, minillərdir başımızı qaldırıb göylərə baxa bilmirik, baxsaq belə göyləri görmürük. Göylərə öz gözümüzlə baxmırıq.Göylər haqqında öz düşüncəmizi irəli sürmürük. Göyün ənginliyi, gözəlliyi, sonsuzluğu haqqında düşüncə sərgiləyə bilmirik. Başımızın üstünə yadlığın əliylə boyanmış “ruhaniyyat çətiri” tutublar, biz o ruhaniyyat çətirini görürük, o ruhaniyyat çətirindən baxırıq. Ona görə göyləri görmürük.
Bilirsiniz göyləri görmək nə deməkdir?! – Göyləri görmək Mütləqi tanımaq deməkdir, göyləri görmək insanı tanımaq deməkdir, insanı dərk eləmək deməkdir. İnsan yerlə göyün Birliyi (vəhdəti) deməkdir. Bu gün biz Asif Atanın ölçüsü ilə göylərə baxırıq, yerlə göyün bağlılığını (əlaqəsini) dərk edirik, insanın kimliyini anlayırıq. İnsana yenidən qiymət vermiş oluruq, göylərə yenidən qiymət vermiş oluruq, Allah anlamına (Mütləqə) yenidən qiymət vermiş oluruq. Bununla da həyata baxışımız dəyişir. Həyata baxışımız, indiyə kimi, bizə yanlış öyrədilən biçim idi, məzmun idi. Asif Ata bizə həyata yenidən baxmaq qapısı açdı. Bu açı bütövlükdə bəşər məzmunu daşıyır. Hər bir xalqın həyatına, düşüncəsinə gələn yenilik, ümumbəşər ailəsində bir yenilikdir. Bizim, millət olaraq, həyatımızda yeni bir dönəm başlayıb. Biz bu yeni dönəmin sorağını çatdırırıq bəşəriyyətə. Bəşəriyyət bunu qəbul edəcək, ya etməyəcək, özü bilər, bu iş bütövlükdə bəşər məzmunu daşıyır. Məsələn, deyək ki, buddizmi biz qəbul etməmişik. Ancaq buddizm hind xalqının içərisində yeni bir bəşər məzmunu, yeni bir bəşər səhifəsi idi. Bu gün də bəşəriyyət onu öyrənir. Asif Ata da eləcə bütöv bəşər xalqları üçün yeni bir səhifə açıb, yeni bir məzmun gətirib. Asif Atanın “Günü”nü araşdıranda, qiymətləndirəndə onun nə yaratdığının fərqinə varırıq, nə gətirdiyini öyrənmiş oluruq. Asif Atanın İnamı bizə deyir, göylərə yenidən baxmaq gərəkdir, Allah anlamına baxışın dəyişməlidir, insana, vətənə, dövlətə, elmə baxışın dəyişməlidir. Atanın “Yetməli Olduğunuz” bitiyində bir məzmun var, Dövlətlə bağlı deyir, dövlət rəiyyətdən xalq yaratmır, xalqı rəiyyətə çevirir. Yəni dövlətin elə cəhətlərinə toxunur ki, qıraqdan baxanda elə düşünürlər, Asif Ata dövlət anlayışını rədd edir. Ancaq bilirik ki, Asif Atanın özünün dövlət modeli var. Asif Ata deyir, dövlət öz görəvini, öz funksiyasını yerinə yetirmir. Dövlət tamam özünə yad biçimdə çalışır (fəaliyyət göstərir). Ona görə də yeni dövlət modelini önərir. Yeni dövlət modelini ona görə önərir ki, onun insana baxışı, insanla bağlı baxışı doğrulsun. Vətənlə bağlı, xalqla bağlı, bəşərlə bağlı, göylə bağlı, yerlə bağlı baxışları doğrulsun. Çünkü dövlət öz görəvini yerinə yetirməsə, Asif Atanın xalqa öyrətdiyi bu baxışın işə keçməsi alınmaz. İndiki dövlət biçimində, modelində Asif Atanın istəkləri özünü doğrultmur. Ona görə də insana deyir, fərd-fərd, hal-hal, ağac-ağac dəyişməlisən. Dəyişəndən sonra sənin ruhani birliyin formalaşacaq. O zaman sən dövlət modelini dəyişməlisən ki, yaratdığın ruhani birlik, xəlqi birlik (ruhani cəmiyyət) qorunsun. Onun qorunmasının qarantı dövlət olmalıdır. Baxın, dinlərin heç birinin dövlət ilə işi olmadı, heç birinin quruluşla işi olmadı. Məhəmmədin dini quldarlığın son aşamasında, feodalizmin başlanğıcında dururdu, onun içində yaradırdı, onun içində deyirdi hər şeyi. İsanınkı, Musanınkı onun kimi. Asif Ata quruluşu rədd edir. “Ruhani cəmiyyət” ideyası quruluşu rədd etməkdir. Bu quruluşda İnsanilik ölçüsü özünü doğrultmur, bu quruluşun içində kamil insan yaşaya bilməz. Asif Atanın “nə kapitalizm nə sosializm” çağırışının anlamı odur. Quruluşların məzmununa uyğun da dövlətləri olur. Dövlətin yönətimi, qanunlar-filan, hamısı yaxşıdır, ancaq heç birinin yerişi olmur. Çünkü qanunu icra eləyənin, qanunun başında duranın heç biri Asif Atanın dediyi insan deyil. Yalandan qanunu qəbul eləyəcəksən, onu yerinə yetirməyəcəklər. Qanunu yerinə yetirmək üçün yeni ölçü ilə yaşayan insanlar gərəkdir, dəyişən insanlar gərəkdir. Ona görə Ata hər şeyə baxışı dəyişir.
Deyirik, Ata yeni sivilizasiya başlayır. Nədir onun sivilizasiyasının adı?!  – İnsanlaşma. Yeni era başlayır, İnsanilik erası. Niyə deyirik bunu, İnsanilik erası nə ilə yenidir, nəyi ilə insanidir?! – Hər şeyə baxışı İnsanlığa gərəklilik düzeyində dəyişməklə. Atadan öncə gələnlər də baxışı dəyişdilər, ancaq nisbi dəyişdilər. İnsana münasibət nisbi oldu, yenə də qul psixologiyası qaldı. Bir az islahatlar getdi, bir az yaxşılaşma getdi. Ancaq bütövlükdə Quruluşa qarşı dayanma olmadı, dövlət modeli İnsanlığa yönəlik dəyişmədi.
İndi Asif Ata bir proses başlayıb, min il bəşəriyyəti qabağa aparmaq üçün. Bu prosesi həyata keçirmək üçün sən kim olmalısan?! Ona görə deyirəm, bu kimlik Atanı tanımaqdan keçir. Tanıyasan, biləsən nə istəyir, nə gətirir ortaya, onun arxasında dura bilərəm, bilmərəm. Tamam bəlirləməlisən səviyyəni, olanaqlarını. Atanın yaratdığı sıradan bir olay deyil ki, onu kimlər istəsə yürüdə bilsinlər.
Bu çağa kimi bizim öyrəndiyimiz dühalar var. Bu gün də onları oxuyuruq, bəhrələnirik. Həm də biz onları oxumaqla Atanı bir daha tanımış oluruq, Atanı bir daha dərindən dərk edə bilirik. Heç bir dühanın, heç bir bəşər böyüyünün, şəxsiyyətinin yaratdıqlarını, dedikləri yüksək məsələləri, yüksək idealları gözardı eləmirik. Biz bu çağa kimi bəhrələndik, öyrəndik, ancaq dəyişmədik. Onları öyrənməyimiz, bilməyimiz, sevməyimiz, xalq olaraq, bizi dəyişmədi. Bizə yeni ölçü vermədi, bizi yönləndirmədi. İndi bu dühaların içindən bizi yönləndirəni tanıyırıq. O Asif Atadır. Çünkü o bizim içimizdən çıxıb. Onun göstərdiyi yol bu xalqı gələcəyə apara bilər. Onun yaratdığı yaşam sistemiylə biz oluşa bilərik, yön tapa bilərik. O birilərlə ola bilmədik. Çünkü o birilər gəlib bizim içimizdə iş aparmadı. O birilər uzaqdan-uzağa bizə salam verdi, bizə yaxşı şeylər söylədi. Sayğı duyuruq. Ancaq bizi içimizdən çağırmadılar, yönləndirmədilər, bizi dəyişmək məqsədi qoymadılar qarşılarına. Asif Ata,dediyim kimi, bizim içimizdə yaranıb, bizim içimizdən başlayıb, bizi yönləndirmək üçün ortaya çıxıb. Biz onu eşitməliyik. Topluma da bunu anlatmalıyıq. Demirsiniz, Asif Atanın dediyində filankəsin dediyi var. Çox gözəl, doğmadı  onunla?! Olsun. Lap deyək ki, xəlqi ayrıntını izah edirik, gəlin, izah eləməyi bir qırağa qoyaq. Ancaq sən filankəsin dediyi ilə xalq ola bildinmi, olmadın. Asif Ata yaşam  sistemi yaradır, səni xalq eləmək istəyir. Sənin əlidən tutub gələcəyə aparır. Asif Atadan öncəkilərlə savadını artırdın, biliyini çoxaltdın, yaxşı elədin. Yaxşı şeir yazdın, yaxşı nəsr yazdın, yaxşı elədin. Ancaq yaxşı xalq olmadın. Bax,“Ata Günü” mərasiminin anlamı bizi xalq kimi yenidən yaratmağın yollarını bəlirləmək, öyrətməkdir. Bunu anlayıb dərk etmək gərəkdir…
Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Öncə Ata haqqında əsasən bu günə qədər oturuşmuş düşüncəmi izhar edim. Ata mənim üçün kimdir, Ataya vurğunluğumun əsasında nə durur?! – Keçdiyi, tükürpədəcək qədər uzun, tarixi yola, etdiyi saysız-hesabsız cəhdlərə baxmayaraq, hətta bir çox nailiyyətləri ilə insanı heyrətə gətirən bəşər övladının yaşamında əsaslı çatışmazlığın, durmadan mənəvi, ruhani geriləmənin səbəbini, əlacını bəyan edən, çiynini belə bir möhtəşəm yükün altına verən, bu yolda olmazın əzablara, məhrumiyyətlərə sinə gərən, peyğəmbərlik missiyasının ən yüksək məqamına yüksələn, inamının, ömrünün, kitablarının, bayrağının, Ocağının yaradıcısı Asif Ata mənim üçün Mütləqləşən şəxsiyyətdir. Ataya inandım, İnamına tapındım. Yıxıldım, durdum, ömrümü İnamla qurdum. Özümdə və toplumda gözlə görüləcək dərəcədə dəyişiklikləri Ocaqçı ömrümdə, bəlağətsiz desək, görməkdəyəm. Yəni bu dəyişikliyi mən hiss edirəm, görürəm, həm özümdə, həm də cəmiyyətdə. Bunu ətrafımın şəxsimə olan münasibətindən də hiss edirəm. Əyani olaraq bir misal çəkim. Bu günlərdə “Atagün Eli”nə getmişdim. Adamların münasibətində heyrət hiss elədim. Görüşmələri, dəvət etmələri… Hər kəs evinə dəvət edirdi. Ancaq vaxt var idi, hər kəs üzünü çevirirdi məndən. Sorğu-sualları yeniləşən əhvaldan xəbər verirdi. Bir az da həsrət yaranmışdı. Vaxtaşırı toplantılarda mənim sözüm olurdu, o söz müzakirə qonusuna çevrilirdi. Bəzən onu çək-çevir edirdilər. Ancaq həmişə ona, yaxşı mənada, münasibət bildirilirdi. Öncələr yığışdığımız söhbətləşmə yerinə də vaxt tapıb getdim. Söhbətləşdiyimiz yerə həmişə gedirdim, orada cavanlar da olurdu. Ancaq əsasən ora söz eşitmək qabiliyyəti olan adamlar yığışırdı. Söz dürüstlükdən, ona necə yetməkdən düşmüşdü. Qonuya hərə öz yanlış münasibətini bildirirdi. Mən də dürüstlüyün ağırlığını, ağır yük olduğunu, qaldıra bilənin çətinlik çəkdiyini, qaldıra bilməyənin isə bu yükün altında əzildiyinin fəlsəfəsini açdım. Sözün sonunda özüylədöyüşün prinsiplərini, özünü tanımanın, özünü təyinin, özünütəsdiqin, var olmağın əsaslarını vurğuladım. Heyrətlənmişdilər. Niyə burdan getdin dedilər. Mən hiss elədim ki, mənim ordan gəlməyim təəssüf doğurub. Bir növ küsmüş kimi idilər. Bunu küçədə rast gələndə də deyirdilər. Ancaq o söhbət yerimizdə də yaxşı bir münasibət hiss elədim ki, niyə burdan getdin, bizi bu söhbətlərdən, yeni düşüncələrdən məhrum elədin. Mən də öz növbəmdə onlara dedim ki, mən sizə İnam Evi tikmişəm. İstəsəniz dəvətinizlə vaxtaşırı orada xüsusi gün keçirə bilərik, istənilən vaxt gələ bilərəm. Bütün bu kimi münasibətlər İnamın toplumda yaratdığı dəyişikliklərdir desək yəqin ki, yanılmarıq…
Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Ata Günü mərasimində söz yox, biz Asif Atanın həyatını izhar eləməliyik. Öz izharlarında qardaşlarım geniş, gözəl izhar elədilər. Ata yoluna, Atanın şəxsi həyatına, bioqrafiyasına, qardaşımızın dediyi kimi, amalımıza sevgi, inam ürəkdəndir, səmimidir. Həm insanımızı, həm millətimizi, həm bəşəri bu ağrı-acıdan, keçmişdən bu günə gəlib çıxan zalımlıqdan, zülümdən ancaq Ata Yolu qurtara bilər. Qardaşımızın dediyi kimi, çox sözlər deyilib. Ancaq cəmiyyəti dəyişən, bəşəri dəyişən, insanı dəyişən elə bir yol qoyulmayıb. Asif Ata millət içində də, bəşər içində də Ailələşmə, millətləşmə, xalqlaşma yolu qoyur, bu yolda insan dəyişir. Eyni zamanda insanın dəyişməsi ilə cəmiyyət də dəyişir, dövlət də dəyişir, bəşər də dəyişir. Biz Ocaqçılar kimik?! Ani olaraq ağlıma belə bir fikir gəldi ki, biz sanki Adəmlə Həvvayıq. Bizim bu dünya ilə, cəmiyyətin bugünkü günü ilə daxilən heç bir bağlılığımız yoxdur. Adəmlə Həvvadan qabaqda dünya olmayıb, onlar bəşərin ilkinləri olub. Biz də yeni sivilizasiya qururuq, yeni zaman qururuq, yeni gələcək qururuq. Bu sivilizasiyanın, bu gələcəyin ilkinləriyik. Mən belə düşündüm ki, sanki göydən mələk gəlir, bu mələyin bəşərin sorunları ilə heç bir əlaqəsi, bağlılığı yoxdur. Özü öz yolu ilə, özü öz baxşı ilə yeni bir dünya qurmaq istəyir. Bizim istəyimiz odur.
Mən də camaat arasında oluram, görüşlərim olur. Sözün açığı bir az bunları kiçik bilirəm, özümə balaca görünür. Ancaq çox gözəl söhbətlərimiz alınır. Dinləyirlər, qəbul da edirlər. Ancaq düşünən başlar, düşüncəsi olan insanlar, az-çox millətlə, vətənlə bağlı olan insanlar qəbul edirlər, bizə sayğıları olur, baxışlarımıza müsbət etki ilə yanaşırlar. Asif Atanın millətə baxışına gəlincə, mən milləti də özlüyümdə götür-qoy etmişəm. Biz millət olaraq kimik?! Bu günümüz hamımızın gözümüzün qabağındadır. Hamımızda bu milləti görürük. Məni ən çox etkiləndirən millətimizin 44 günlük müharibədə üzə çıxan potensiyası oldu. Mən gördüm ki, bu millətin içində nələr yatırmış. Hələ baxmayaraq ki, döyüş satqınlıqları, nələr vardı. Ancaq bununla belə bizim millətdə elə bir ailə birliyi yarandı, elə bir güc yarandı ki, bu güc ola bilməz insanların qəlbində öz bəhrəsini verməsin. Deməli, bu millət bu vaxta kimi nə qədər sıxıntılar içində, nə qədər yad baxışlar altında yaşasa da, onun potensiyasında böyüklük yatıb qalır. Bu bir vulkandır. Sadəcə olaraq biz o vulkanı oyatmalıyıq. Sanki özü-özünü yuxuya vermiş bir millətdir. Ən adi bir savadı olana da bugünkü vəziyyətlə bağlı bir sual verəndə adamın özündən qat-qat yüksək nöqtələrə toxunur. Ona görə bilməməzlik söhbəti yoxdur. Ancaq bu milləti yuxuda saxlayan məsələlər var, bu məsələlərlə uğraşıram. İstəyirəm onları üzə çıxarım, özüm üçün də aydınlaşdırım. Bizim Ataya baxışımız, insana baxışımız aydındır. Atada ailəyə baxış, cəmiyyətə baxış aydındır, dövlətə baxış aydındır. Qardaşımız onları çox gözəl izhar elədi. (Nə vaxt izhar edirsə deyirəm bundan gözəl olmayacaq. Bir də görürsən bir izhar edir, bu hamısını üstələyir). Mən onu da hiss edirəm ki, bu millətdə qarşımızda əngəl olan hallar ki var, bu halları aradan qaldırmaq bizim borcumuzdur.
Atamız Var olsun!

Elana (Ataya səcdə edib, Bayrağı öpür – G.A): Atadan danışmaq mənim üçün çox çətindir, Atadan danışmaq həm də gözəldir. O, dünyanın Atasıdır, Ocağımızın Atasıdır. Atadan danışanda onunla olan günlər yadıma düşür. Xatırlayıram, çox gözəl günlər idi, Ocaqla bağlı olduğumuz, Atanın Evladları ilə olduğu günlər. Ataya Evlad olmaq – Ocaqçı olmaq bu qədər müqəddəsdir. Beyləqanda olanda Ata bizə gəlmişdi. Çöldə stol qoyulmuşdu, orda oturmuşdu. Görüş olacaqdı, ona hazırlaşırdı, yazı yazırdı. Anam bizdən gedəndən sonra dedi ki, elə düz Atanın yanından keçib getdim. O keçən yerə yaxın çəpərimiz vardı. Deyir, Atanın yanından keçəndə lap çəpərə sürtünə-sürtünə keçib getdim. Sonra dedi ki, mən o kişinin sifətinə baxdım, elə bildim Allahı görürəm. İstədim ki, lap bir az da aralı qaçam keçib gedəm. Atanı görən hər kəsin xatirəsində Ata Allah kimidir, müqəddəsdir.
Atamız Var olsun!

Soylu Atalı: Deyirsən, anam Atanın yanından keçəndə çəpərə qısnandı ki, elə bil Allahın yanından keçirəm. Əslində o ananın şüurunda Atanın Allahlığını siz yaratmışdınız, sizin münasibətiniz yaratmışdı. Siz Atanın haqqında o qədər yüksək, ideal səviyyəsində düşünüb təqdim eləmisiniz ki, onlar Atanı görəndə sizin Ata haqqında dediklərinizi onun üzündə görürdülər, onun yerişində görürdülər, onu Allah sayırdılar. Bizim hər birimizin düşüncəmiz, sözümüz toplumda Atanın peyğəmbər olduğunu, qutsal olduğunu nişan verməlidir. Biz elə yaşamalıyıq, elə izhar eləməliyik ki, toplum anlamalıdır, Asif Ata deyəsən insandan yuxarıdır. (Asif Atanı söz yox, süni idealizə eləməyə gərək yoxdur). Onda Atanın yaratdıqları toplumun şüuruna daha yaxşı yeriyir, artıq toplum qarşısında idealın olduğunu görür, düşünməyə başlayır. Deməli, ideal var, o ideal mənim dönəmimdə var, mənim çağımda var, mənimlə üz-üzə var. Deməli, həyatımı qurmaq üçün mənəviyyat güzgüm var, ölçüm var. Toplumun ağlında bunu yaratmalıyıq. Bu çox önəmli məsələdir. Onu hər dəfə özümüzə desək, özümüzdə bu halı yaratsaq, o cür yaşayacağıq, o cür olacağıq. O cür yaşadığımız üçün davranışımızda, yaşamımızda, danışığımızda, Asif Atanı ideal olaraq görəcəklər, o ideala can atacaqlar.

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A): Atanın kimliyini dərk etmək özünü yaratmaqdan başlayır. Özümü qurduqca, həyata, dünyaya, insana Atanın gözüylə baxmağa başladım. Həyatın çətinliklərini gördükcə Amalın hər şeydən uca olduğunun fərqinə varıram. İki yol var – ya gedişə tabe olmalıyam, ya da döyüşməliyəm. Döyüşərkən fərəhə, özümlüyə yetmək mümkündür, tabeçilikdə yox olmaq, yoxluğa çevrilmək var. Bunu adi gözlə görmək olmur. Hər günün, hər ayın dəyəri döyüşdüyüm anlara bağlıdır.
İnsan ömründə iki dəfə doğulur – dünyaya gələndə, yolunu seçəndə. İkinci dəfə doğulmaq hər kəsə nəsib olmaya bilir. Bir var sənə necə yaşamaq ölçüsünü verirlər, bir də var ölçünü, yolunu, yönünü özün bəlirləyirsən. Döyüş burdan başlayır. İnsan Mütləqə doğru yüksəlmirsə, zamanın önəmi yoxdur. Yerində saymaq – zaman keçsə belə, məkan dəyişsə belə, özümlüyə doğru addım atmamaq – geriyə qayıtmaqdır. Mütləqə qovuşmaq – ardıcıl, aramsız inam, döyüş tələb eləyir.
 Atanın belə bir sözü var, deyir, “Özümlük olmayan yerdə Birlik yoxdur”. Əslində Atanın bu sözü indiyə qədərki birliklərə, tarixi olaylara, inqilablara qiymətdir. Özümləşməyiblər, ona görə birlik yaranmayıb. Ocaqda isə ona görə birlik var ki, özümlüyə doğru yol var, yön var. İnamlı qardaş Soylu bəyin hər hansı bir düşüncəsinə heyrətlənir. Biz Mənanı bilirik, həqiqəti bilirik. Tutaq ki, hər hansı bir Ocaq əməlini eşidəndə ona heyrətlənirik, fərəhlənirik. Eləcə də, istər Soylu bəyin, istərsə də, başqa bir Ocaqçının düşüncəsinin dərinliyinə vuruluruq. O heyrət əksilmir, o heyrət yenilənir. Düşüncə dərinləşdikcə heyrət də yenilənir, münasibət də yenilənir. Ocağın özəlliyi, Ocağın fərqi odur. Onu Ata yaradıb. Həqiqətən də Mütləqə doğru yerimək ömürləri dəyişdirir, həm də ömürlərin bir-biri ilə bağlılığını heyrətli bir şəkildə yaradır. Biz həmişə deyirik – Ata canlı Mütləqdir. Bunu görə bilməyin özü xoşbəxtlikdir. Ata necə canlı Mütləq ola bilib – onun ömür yolu, düşüncələri, əzabları, ömrü, kitabları bir insan ömrünə həm sığan, həm də sığmayan olaylardır. Düşündükcə heyrət bürüyür. Mən Soylu Atalının düşüncəsinin dərinliyinə Ocaqçıların, hansısa düşüncələri ilə, fərəhli qarşılıq vermələrini anlayıram. Çünkü hər Ocaq əməli, düşüncəsi Mütləqlə görüşdür, Ataya ucalmaqdır…
Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A):Dünya, həyat nədir, insan necə yaşamalıdır, insanın dünyayla, həyatla, insanla, təbiətlə bağlılığı nədir?! Təbiətlə insan arasında sirli bir doğmalıq var, təbiətdə baş verən olaylarda, yağışda, günəşin doğmasında, qürub etməsində insanı düşündürən, özünə səsləyən möcüzə var. Fırtınadan, güclü yağışdan sonra gözəlliklər necə yaranırsa, kədərdə, əzabda da insan beləcə dəyişilir, böyüyür, gözəlliklərə doğma olur, yenilənir. İnsan sevilir, sevir, yaşamağın, həyatın mənasını anladıqca yaşamağı da sevir. İnsanı dünyaya bağlayan bu sevgi həm də dünyanı var edir. Bəs insanın axtardığı nədir, bu qədər gözəlliyi özündə yaşadan dünya ilə insan arasında bağ niyə qırılır?! İnsanı dünyaya yad edən səbəblər nədir?! Yaşamaqla ölüm arasında olan zaman kəsiyində insan nə üçün doğru yol tapmadan həyatdan gedir?! – İnsan əsasən həyatla, dünyayla, yaranışla bağlı sualların cavabını Allaha bağlayır. Hər şey Allahın iradəsinə tabedir, hətta özünün həyatı da. Belə düşünmək – dərk etmək yolunu bağlayır. Sonucda özünə yadlaşmış, həyatı, dünyanı dərk etməyən insanlar birliyi yaranır. İnsan özünü özündə çirkinliyi, eybəcərliyi yaşadan cəmiyyətin ixtiyarına verir. Cəmiyyət özünə uyğunlaşanı alqışlayır, dəstəkləyir, özünə tərs yaşayanları isə dışlayır. Yalan, oğurluq, ədalətsizlik əslində cəmiyyətin özünə bəraətidir, onu yaşadır.
Belə yaşamaq, özünü bütövlükdə cismani tələbatlara həsr etmək insanın ömrünü heçə çevirir, insan bunların ölümlü olduğunu anlasa da, yaşamı dəyişmək, mənalandırmaq yolunu tapa bilmir. Bəs çıxış yolu nədir?! İnsan olmaq çətin peşədir deyir Asif Ata. Bu yol keçilməsi çətin və əzablı olsa da sonucu fərəhdir, yaşamaqdır. İnsan özünü sorğuladıqca, yanlışlardan arınmağa çalışdıqca, imtinalarla üz-üzə qaldıqca çətinlik yaşayır. Həyat şərtləri ən böyük maneə kimi qarşıda dayanır. Əslində çətinliyin nə olduğu bilinir. Ancaq insan inadla çaba göstərdikcə xoşbəxtliyə yetir. Özünü şərə təslim etmiş insanlar isə daxili əzabdan xəbərsiz halda insanların həyatını qana qərq edir, dünyanı qaranlığa bürüyür. Çətinliyi özü ilə uğraşmaqla, özünü yaratmaqla yaşayanlar isə insanların ömrünə işıq salır, gələcəyə yol alırlar. Bu çətinlikdə insanın içini tərk etməyəcək ümid və nikbinlik yaşayır. İnsan özünü necə yaşayıram, yaşamım İnsanlığın tələblərinə uyğundurmu sualları ilə üz-üzə qoyanda belə bir ömür yaşayır. Həyat o zaman insan üçün mənalı olur ki, ölümsüzlüyün, sonsuzluğun nə demək olduğunu dərk etməyə başlayır. Fiziki ölüm qaçılmazdır, ancaq bu qaçılmazlıq son deyil, maneə deyil. Çünkü yaşamaq və var olmaq yolu həyatdan keçir. Ömür bu həyatı ədalətli yaşadıqca Mənaya qovuşur. Atanın çağırışı insanı bu yolla ölümsüzlüyə qovuşdurur. “İnsanlaşın, İnsanlaşdırın! Bəşərin nicatı İnsanlaşmaqdadır!”
“Ata Günü”müz qutlu olsun!
Atamız var olsun!

Bilən Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A): Bu gün bəşəriyyətin bu gündə olmasının səbəbi siyasi güclərin, insanı əyən ideyaların dünyanı əsarətdə saxlamasıdır. Dünya, ölkələr bu ideyaların əsarətindədir. Asif Ata, özünün dediyi kimi, dünyanın demədiyini dedi. Bütün bu əyri ideyalara qarşı yeni ideya yaratdı. Bu ideya insanı qurtarmaq anlamı daşıyır. İnsanı qutarmaqdan müqəddəs, ali heç bir şey ola bilməz. İnsanı əsarətdən çıxarmaq, onu yüksəklərə qaldırmaq. Bu baxımdan çıxış yolunu, həmişə olduğu kimi, bu ideyada görürəm, Asif Atanın dünyabaxışında görürəm. Bundan başqa yol yoxdur. Çünkü tarixi araşdıranda da görünür ki, inqilablar insanı dəyişməyib. Daha da insanı yırtıcılaşdırıb, daha da əsarətə salıb, kölələşdirib. Adını müasir dövr qoymuşuq, əslində insanlıqdan bir əsər-əlamət qalmayıb.  Tülkülük, heyvani xüsusiyyətlər daha da artıb. Demək olar ki, insana uyğun yaşayış çox acınacaqlı vəziyyətdədir. Ona görə Asif Atanın yaratdığı bu ideya, bu yol təkcə türk dünyasını yox, bütövlükdə dünyanı qurtaracaq.
Asif Atanın yaratdığı dünyabaxışı bəziləri bəyənmir. Siyasi quruluşlar tarixən insanı aldada-aldada gəliblər. Onların baxışından belə çıxır ki, dünya maraqlara uyğun idarə olunmalıdır. Ancaq bu baxış insanlığa uğurlu gələcək vəd eləmir. Yalnız Atanın dediyini demək gərəkdir.
Atamız var olsun!

Soylu Atalı: “Ata Günü” ilə bağlı daha uca sözlər deyə bilərik, deməliyik. Bunu demək üçün Atanın kitablarına üz tutmaq gərəkdir. Qarşıdan Atanın 90 illiyi gəlir. Bununla bağlı əsas sözü Ocaq deməlidir, öygüdən uzaq. Ocağın mahiyyəti açılmalıdır, ideyanın, anlaşılan bir biçimdə, məzmunu açılmalıdır. Çağırdığımız adamların hər birinə ən yüksək söz deyilməlidir. Ən yüksək söz Asif Atanı öyrədən sözdür. Bizim mərasimlərin də canı odur ki, Ocağın mahiyyətini aça bilək. Hansı mərasimin məzmunu bizi hansı yönə çağırırsa, o yöndə məzmunu açmalıyıq. Mərasim adlı günümüzlə ömrümüzü doldurmalıyıq, eləcə də, ömrümüz mərasim adlı günümüzü doldurmalıdır. Onda gələcəyə aydın baxış yaranacaq…

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Törən sona yetir.

Səsdən yazıya çevirdi: Göytəkin Atalı.
Ata Ayı, 46-cı il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir