Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Qutsal “Ata Günü” Törənində deyilmiş fikirlər
Ocaq Günsırası ilə 25 Ata Ayı, 38-ci ildə (sentyabr, 2016) İnam Evində qutsal “Ata Günü” Törəni keçirildi. Törən quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Bu gün 38-ci ilmizin qutsal “Ata Günü” törənini həyata keçiririk. Törənə söz deməzdən öncə Ataya səcdə edib bayrağımızı öpürəm (Ataya səcdə edib bayrağı öpür – N.A.). Qutsal günümüzdə Ocaqçı olub ölənlərimizi – Sabahlını, Bağbanı, Amaltayı anırıq, onların adına ayağa dururuq, onların həmişəlik Atanın Ocağında olduqlarını bildiririk.
Bir neçə söz Atanın ruhsal hüzuruna, – Ocaqla bağlı, Ocaqçılıqla bağlı. Ata 90-cı illərdə (ölkənin bağımsızlıq əldə etdiyi dönəmlərdə) deyirdi ki, dünya din həşirinə yüyürür, Ocaq İnam yaradır.
Dünya demokratiya həşirinə yüyürür, Ocaq İnam yaradır.
Dünya təbəqələşmə həşirinə yüyürür, Ocaq İnam yaradır.
Ocaq öz yerişini yeriyir. Bu gün də Atanın dediyi davam eləyir. Dünya elə adını çəkdiymiz gedişlərin içinə yüyürür, ancaq Ocaq İnam yaradır. Ocaq davamlı şəkildə bir xətt götürüb, o xətti ləyaqətlə qoruyur. Dünyaya qatılımır, bundan sonra da qatılmayacaq. Ocaq dünyaya qatıldığı anda öləcək. İdeya qalacaq, Ocaq, yəni qurum öləcək. Ocağın bu çağa qədər, özünəxas olaraq, gəlib çıxması bəzən aktiv, bəzən passiv olsa da, burda olan Ocaqçıların birgə Ocaqçılığı əsasında baş tutub. Birgə Ocaqçılıq, birgə İnamçılıq, birgə özündənkeçmə. Birgə Ataya sədaqət, birgə Atanın ideallarına bağlılıq. Birgə xalqa yüksək münasibətin içəridə qorunması. Birgə bəşərilik anlamına, ləyaqətinə ümidlə, inamla sadiq qalmaq. Bunlar Ocaqçıların taleyində ciddi birlik yaratdı, dayanıqlıq yaratdı. Biz Ocağı enməkdən, qarışmaqdan, qatılmaqdan qoruduq. Ona görə də mən Atanın Günündə onun Evladlarını təqdir edirəm və hesab edirəm ki, Ocaqçıların özünəxas çalışmaları Ocağı, Atanın istəklərini bu günə gətirib çıxarıb, yaşadıb. Bu, zarafat məsələ deyil.
Mən istəyirəm Ocaqçılar öz ləyaqətlərinin qədrini, urvatını ifadə eləmək üçün bir-bir Ataya səcdə eləsinlər.
Ocaqçılar Ataya səcdə edib bayrağı öpürlər.
Soylu Atalı (davam edir):
Bu gün insan yolçuluğu yoxdur, Ocaqdan başqa.
Bu gün millət yolçuluğu yoxdur, Ocaqdan başqa.
Bu gün bəşər yolçuluğu yoxdur, Ocaqdan başqa.
Din insan yolçuluğu ola bilmədi. Din nəinki millət yolçuluğu oldu, antimillət yolçuluğu oldu.
Din nəinki bəşər yolçuluğu oldu, antibəşər yolçuluğu oldu.
Siyasət antimillət yolçuluğudur. Siyasət millətin formalaşmasına qarşı olan bir gedişdir.
Siyasət antibəşər yolçuluğudur.
Cəmiyyətçilik antiinsanilik gedişləridir. Ona görə də yaxşı düşünmək gərəkdir.
Ocaq qatılmadı, qapılmadı, başqa sözlə, antiinsan yolçusu olmadı, antimillət yolçusu olmadı, antibəşər yolçusu olmadı.
Ocaq siyasətə qatılmadı, qapılmadı. Ona görə də antiinsan yolçusu olmadı, antimillət, antibəşər yolçusu olmadı. Ocaq cəmiyyətçiliyə bulaşmadı, antiinsançılıq, antimillətçilik, antibəşərçilik gedişlərindən yüksəkdə dayandı. Bunu istəyirəm hər biriniz yaxşı qiymətləndirəsiniz. Əgər cəmiyyət getdikcə qaranlığa batırsa, bu, bizim haya-həşirə düşməyimizə nədən olmur, çünkü biz cəmiyyətçiliyin içində deyilik. Biz də insanıq, bizim də məişətimiz var, həyatımız var, bizim də evimiz-eşiyimiz var. Ancaq cəmiyyət kimi həşirə düşmürük, düşməyəcəyik. Çünkü heç kimlə yarışmırıq. Heç kimlə tutuşdurmuruq ömrümüzü, məişətimizi. Filan qabağa getdi, mən dala qaldım demirik. Filanın evi ikiqatdır, mənimki birqatdır demirik. Filanın sərvəti çoxdur, mənimki azdır demirik. Filan maşınla gəzir, mən ayaqla gəzirəm demirik, deməyəcəyik, deməməliyik. Çünkü Ocağıq. Ocaq işıq deməkdir. Ocaq hünər, ləyaqət deməkdir. Ocaq qeyrət, namus deməkdir. Ocaq vicdan, ədalət deməkdir. Bunlarla yaşayan adamın cəmiyyətdən umacağı, küsəcəyi olmamalıdır. Çalışırıq, çabalayırıq, əyər-əskiklərimizi düzəltmək istəyirik, ancaq ölmürük, ölməyəcəyik, ölməməliyik. Atanın yanında durmaq elə-belə məsələ deyil. Atanın yanında durmaq hünər tələb edir. Atanın yanında durmaq qeyrət tələb edir. Atanın yanında duranlar insanlığın yolunu axıra çatdıracaqlar.
Əgər hansısa bir Ocaqçıyla mənim münasibətimdə dala-qabağa getmələr olsa, fikirləşin bu, niyədir? O anda fikirləşin ki, dala qalmısınız. Dala qalanda yalnız belə olur. Birgə gedəndə belə olmur.
Cəmiyyətlə bizim münasibətmiz tutmur. Cəmiyyətlə doğmalaşa bilmirik, çünkü cəmiyyət dərədədir, sən dağdasan. Dağla dərə bir yerdə ola bilmir. Cəmiyyətdəkilər insançılığından, millətçiliyindən, bəşərçiliyindən dala qalır. Sən qabağa gedirsən. Sən bil ki, qabağa getdikcə cəmiyyətdən ayrılacaqsan. Cəmiyyətçilikdən yox, elə cəmiyyətdən ayrılacaqsan. Cəmiyyət istəməyəcək sənə baxsın, sənə diqqət ayırsın. Çünkü səni yüksəkdə görüb, özünü aşağıda görə bilmir. Ona görə cəmiyyətlə arada fərq yaranan kimi, nəinki fərq, təzad, uçurum yaranan kimi Ocaqçı çaşmamalıdır. Ocaqçı bilməlidir ki, bu halı yaradan Ocaqdır. Ocaq bizi cəmiyyətdən uzaqlaşdırır. Düz eləyir. Cəmiyyətin içində cəmiyyət səviyyəsində qalıb insançılıq yolçusu olmaq mümkün deyil. Cəmiyyətə xeyir vermək mümkün deyil. Millətə gərək olmaq mümkün deyil. Ona görə mən deyirəm ki, bir qom Ocaqçı bir-birindən pir deyib tutmalıdır. Çünkü sənin burdan qıraqda ruhuna doğma bir kimsə yoxdur.
Bir çağlar Asif Atanın ünvanına deyirdilər, özünü çəkir, heç kimi saymır, yekəxanadır. Göydə duran necə yekəxana ola bilər?! Göydə duran böyük olar, yekəxana ola bilməz. Böyüklüyün özüdür. Ona görə cəmiyyətdən ayrılırdı, cəmiyyət də həzm edə bilmirdi onu. Sənin nəyini saysın? Bataqlığın, qaranlığın nəyini saysın? Qaranlığı işıq saysın? Bataqlığı ülviyyət saysın? Özünə qəsd eləsin, insanlığa xəyanət eləsin, işığa xəyanət eləsin ki, qaranlığı da işıq saysın?! Asif Atanın cəmiyyətdən ayrılmasının səbəbi nədən oluşurdu? Onun kökündə nələr dururdu? – Ocaq. Biz Asif Atanın dalınca gedirik. Asif Atanın dalınca gedirsənsə, bilməlisən ki, sən təcrid olacaqsan. Bir qom adam bir yerdə tənhasan. Ya tənhalıq meyini başına çəkib böyük ləyaqət göstəriciləriylə yaşayacaqsan, ya da qayıdacaqsan cəmiyyətin içinə, bulaşacaqsan və heçə çevriləcəksən. Ocağın ayrı məntiqi yoxdur. Cəmiyyətin içində üzdə tanınmışlar bir-birini bağrına basır, ancaq ürəkləri bir-biriylə deyil. Heç kim heç kimin ürəyinə girə bilmir. Təsəlli verirlər özlərinə, bir-birlərinin üzünə gülümsəməklə. Onu siz hər gün görürsünüz. Səmimiyyət yoxdur, çünkü hünər yoxdur. Əsil deyillər, qeyri-əsildirlər. Hər şey saxtadır. Doğmalıq da saxtadır, münasibət də saxtadır, təbəssüm də saxtadır… Biz saxtalıqdan ayrılmışıq. Qayıda bilmərik saxtalığa. Qayıtdığın gün özünü çırpmalısan divara. Hara qayıtdım, hardan hara döndüm? Mən sizə Atanın ömründən danışıram, Atanın ömrünün örnək olmasından, Atanın ömrünün bizdə davam eləməsindən danışıram. Bundan böyük nə həqiqət ola bilər, nə gözəllik. Nə sevinc ola bilər, nə sevgi, nə doğmalıq. Doğmalıq istəyirsən əsil ol. Cəmiyyətdə doğma tapa bilmirsən, özünə doğma ol, amaldaşına doğma ol. Cəmiyyətdə sən doğma tapa bilməyəcəksən. Biz cəmiyyətdəkinə ağız büzmürük, biz onları böyütməliyik. Onlardan yüksək olub onları böyütmək olar. Onlarla qovğaya getmirik. Ancaq daim onların ağlını insançılıq sevgimizlə döyürük, döyməliyik.
Ocağımızın işi çətindir. Bizim hər birimiz haqqında deyəcəklər, yəqin deyirlər də. Bunlar qaynayıb-qarışmır, bunlar özlərini çəkirlər, özlərini uydururlar, filan. Yəqin ki, deyirlər inanmıram ki, deməsinlər. Ancaq az-çox, bunların içində ağlı olanlar yəqin ki, heyrət də edirlər. Bunlar öz yollarına nə qədər sadiqdirlər, nə qədər Atalarına sadiqdirlər, nə qədər Atalarına bənzəyirlər. Ağlı olan elə düşünür. Elələri də var. Dünya xali deyil belə şeydən. Ancaq ataları Məhəmməd olanların, Məhəmmədə bənzəyənlərin səndən haçağsa xoşu gələcək, gözləmə. Corclara bənzəyənlərin səndən xoşu gələcək, gözləmə. Yalançıların, yaltaqların, yalmançıların səndən xoşu gələcək, səni qiymətləndirəcək, gözləmə. Ata haqqında yaxşı bir söz deyəndə Ata deyirdi, görünür Atanın nəsə qüsuru var ki, onlar Ata haqqında yaxşı söz deyir. Balacaların Ata haqqında böyük söz deməsi Ataya gülünc görünürdü. Hürküdürdü, qorxudurdu Atanı. Özünə dönüb baxırdı ki, görən mənim nə qüsurum var? Onlar məndə hansı qüsuru görüblər ki, özlərinə bənzədiblər. Səni özlərinə bənzədəndə sənə müsbət qiymət verəcəklər. Nə qədər ki, onlara bənzəmirsən, sənə pis qiymət verəcəklər. Nə qədər ki, onlara bənzəyirsən, bir o qədər sənə yaxşı qiymət verəcəklər. Budur onların ölçüsü. Ona görə cəmiyyətdə sənin haqqında yaxşı şey danışacaqlarsa, daşıdığın ideya, ömür, ləyaqət haqqında öygü deyəcəklərsə, deməli, onlara bənzəməyin var. Bu, həqiqətdir, bunun ayrı anlamı yoxdur. Ona görə də mən gözləmirəm. Mən həmişə kitabımı kiməsə verəndə deyirəm ki, get bizi tənqid elə. Əgər ağlının gücü varsa, o, həqiqəti deyə biləcəksə heyrətlənəcək, ayrılacaq, ayılacaq həşirdən.
O kəs ki, bizim haqqımızda doğru söz deyir, onu öyrənmək gərəkdir, görünür onun ləyaqəti cəmiyyətdən ayrılıb. Ləyaqəti olan adam nəsə deyə bilər. Əgər o, cəmiyyətçidirsə, onda onun yaxşı sözü bizim üçün mənfi qiymətdir. Cəmiyyətdən yüksək yaşayan adamın qiyməti doğru qiymətdir. Cəmiyyət səviyyəsində olanların qiyməti mənfi deməkdir.
Baxmayaraq ki, cəmiyyətdə ayrı-ayrı yaxşı adamlar var, təmiz adamlar var, ən yaxşısı belə Ocağın yanında çox aşağıdır. Ən mübarizi belə Ocaq mübarizindən çox balacadır. Ən çətin mübarizə Ocağın mübarizəsidir. Ən yüksək mübarizə Ocağın mübarizəsidir. Ən şərəfli mübarizə Ocağın mübarizəsidir. Ata belə bir şərəfli yol yaradıb, ona görə biz də deyirik ki, “Ata yolu sabahlı olmaq yolçuluğudur”. Bu elə-belə gəlişi yaxşı söz deyil. Doğrudan da sabahlı olmaqdır. Əgər sabahını düşünürsənsə, sabahlı olmaq haqqında düşünürsənsə, onda gərək həmişə ürəyin Ocaq üstə döyünsün.
Ocaq məndə hər gün fərəh yaradır. Söz yox, mənim fərəhimin bəlli bir hissəsini də siz yaradırsınız. Ocaqçıların, amaldaşlarıın arılığı, duruluğu, fədakarlığı, bəzən hünərləri. Bundan sonra çalışmaq gərəkdir ki, xalqlaşma işini genişləndirək. Xalqın içinə çıxmaq gərəkdir. Oxullara, cəmiyyətin içinə. Biz cəmiyyətçiliyi aşağı sayırıq, ancaq cəmiyyəti böyütmək istəyirik. Onun içinə gedirik. Onun içinə özümüzə qiymət axtarmağa getmirik, onu böyütməyə gedirik. Xalqlaşma işində ciddi cəhdlər eləmək gərəkdir. Ocaq tədbirlərindən sonra gedib passivləşmək olmaz. Bu, böyük zərərdir, qüsurdur Ocaqçının varlığına qarşı. Nə qədər çətinlik çoxalacaqsa, çoxalsın. Biz o çətinliyin içində həmişə mənəviyyatımızı, hünərimizi işıq eləməyə çalışacağıq. Ürək böyük olanda hər şey alınır. Hər şey ürəyin böyüklüyünün qarşısında aciz olur.
Sizə mən xalqlaşma xoşbəxtliyi diləyirəm. Sizə mən cəmiyyətçilikdən yüksəkdə dayanmaqdan usanmamaq, daha da yüksəyə qalxmaq diləyirəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Nurtəkin Atalı (Ataya səcdə edib bayrağı öpür – Ü.A.): Ocağın bütün törənləri sorumluluqdur. Ancaq iki törən xüsusilə sorumluluqdur. Bir “Ata Günü”, bir də “Evlad Günü” törənləri. Çünkü hər ikisində Evlad özünü necə görür və Atanı necə görür – hesabat verir, verməlidir. Mən nə qədər özümdən razı qalmasam da, 38-ci il “Ata Günü” törənində Ocaqçılarla bir yerdə olduğum üçün özümü xoşbəxt sayıram. Özümdən gözləntilərim var, tələblərim var, onları gerçəkləşdirmək istəyim var, buna ruhsal ehtiyacım var. Mən fərəhliyəm. Bu fərəh nə qədər bölüşülürsə, o qədər artır. Xoşbəxtlik nə qədər paylaşılırsa, o qədər artır. “Mən xoşbəxtəm” deməklə ucalığa yetmək olmur. O ruhsal ehtiyacdan dolayı özümdən razı deyiləm, çünkü Atanı təsdiq, ya Evladın özünü görümü yalnız Atanın kitabları ilə bitmir, o, Evladın əməllərində, əsasən də xalqlaşmada bilinir. Atanın hər bir tələbi önəmlidir, ancaq xalqlaşmada mən Atanı verə bilirəm. İndiki gedişdə Atanın gərəkliyi o qədər hiss olunur ki, verməməkdə mən sorumluyam. Özümdən gözlədiklərim var, bunu da Ata qarşısında deyirəm. Bunu gerçəkləşdirəcəm, çünkü başqa yolum yoxdur, başqa cür mən Nurtəkin ola bilmirəm.
Bu gün Üstünün Ocağa gəldiyi gündür. Üstünü qutlayıram və ona Ataya, Ocağa daim layiq olmaq arzulayıram. Hər zaman o fərəhi, xoşbəxtliyi duymaq diləyirəm. Atamız Var olsun!
Göylü Atalı (Ataya səcdə ilə sözünə başlayır – Ü.A.): Mən Soyluya söz vermişdim ki, Mərasimə hesabatla gələcəm, bu gün sözümün üstündə dura bilmədim.
Soylu Atalı: Ona görə də Soyluya yox, Ataya söz vermək gərəkdir.
Göylü Atalı: Son bir aydır “Rəmzlər” və “Həqiqətlər” kitabı əsasında (video) görüntü işləyirəm, demək olar başa çatır. Mən “Rəmzləri” oxumuşam. Ancaq incəliklərə varmaqla Atanı daha yaxşı gördüm, belə ki, Atanın idrak yetkinliyi, Atanın cəsarəti, təpəri böyük ləyaqətdir. İstər fərd anlamında, istər bəşəri anlamda götürsək, doğrudan da, böyük bir xəzinənin yiyəsiyik. Bunun qədrini bilmək gərək, bu özümüzdən asılı olan bir şeydir. Mən Ataya hesabatla gəlmədim, sözdən daha çox əməlimlə Ataya hesabat vermək istəyirəm, ona görə də yeni dərs ilindən etibarən səfərlərə çıxmaq istəyirəm. Ümid edirəm ki, bu ləyaqəti, o gücü özümdə yetirəcəm.
Atamız Var olsun!
Üstün Atalı (Ataya səcdə edib bayrağı öpür): Hər birimizin Ata Günü qutlu olsun! Düşünürəm Atanın kimliyini Ocaqda olan Evladladan başqa daha dərin, daha dəqiq, yazan və deyən olmayacaq. Bunu yazmaq, çap elətdirmək gərəkdir. Bizdən sonra da yazan olacaq, əsas görən bizik, əsas yazan bizik. Özümü qınadım, nəyə görə bu illərdə bir söz yazmamışam. 19 ilimi fikirləşəndə uzaqbaşı bir ilimi, iki ilimi xatırlaya bilərəm. Keçən ilki “Ata Günü”nü, keçən ilki səfərləri xatırlaya bilirəm, ancaq Göylünün hazırladığı lentə baxanda, xüsusən də səfərlərlə bağlı şəkilli lentə baxanda 19 ilim tam yadıma düşür. Bütün əzablar, bütün fərəhlər yadıma düşür. Bütün bunları yazmaq gərəkdir. Mən onu eləməmişəm. Bir onu bilirəm ki, həyat hər tərəfdən adamın üstünə gəlir, evin içində də üstünə gəlir, işdə də gəlir, hər yerdə öndə həyatdır. Sanki Ocaqçı bir qala kimi özünü qorumalıdır. Qorumasan elə bu həyatın da içində itib batacaqsan.
Neçə illərdir Ocaqdakı bu dayanıqlığımı tək öz gücüm saymıram. Əgər mənim gücümə qalsaydı mən də hardasa itib batacaqdım. Bu tədbirlərin özü, bacı-qardaşların bir-birinə dayaq olması gətirib bizi bu günə çıxardı. Bayaq Soylu Atalı da öz çıxışında bunu vurğuladı. Bunu davam eləmək, bundan daha yaxşı demək gərəkdir. Atanı oxuyuram, orda fikirlər ağlıma çatanda həm sevinirəm, həm kədərlənirəm. Niyə? Kədərlənirəm ki, bunu mən niyə indiyəcən oxumamışam. Fərəhliyəm, bu gün burda olduğum üçün, sizinlə bir yerdə olduğum üçün. Atanın hüzurunda daha böyük işlər, uğurlar qazanmaq gərəkdir. Bunu gözləyirəm özümdən. İnanıram ki, özümü buna kökləyəcəm.
Atamız Var olsun!
Soylu Atalı: Sənin, təbii ki, özünü ifadən məni qane eləmir, gərək bir az dərinlərə enəydin, çünkü 19 il az vaxt deyil. Özünün uğurlarını, qalxışını, enişini, harda zəiflədin, harda gücləndin, nədə dayaq tapdın, nədə büdrəyə bildin, bunların hamısını yazmaq gərəkdir. Burdan gedəndən sonra otur yaz, Ailə Günündə təqdim elə.
Belə yanaşmayın, açın ömrünüzü. Bütün cəhətləri açın, o sizin xoşbəxtliyiniz olacaq. Həm də o sizin ömrünüzün təqdimi olacaq. Mənim vaxtım yoxdur sizin haqqınızda yazım, siz özünüz eləyin onu. Ocağın işini yazsan bir addım qabağa gedəcəksən. Hesab edirəm ki, bütün ağırlıqları ilə bir yerdə, hünərlərilə bir yerdə bu yaşam, bu ömür qiymətlidir, dəyərlidir. Bu, partiya ömrü deyil, məişət ömrü deyil, deyəsən hamı yaşayır mən də yaşayıram. Bu, fərqli bir ömürdür. Bunun qədrini bilmək gərəkdir. Qədrini bilməsən, daha böyüklərinə can atmayacaqsan. Onu urvatlandırmasan, daha qabağa can atmayacaqsan. Görmək gərəkdir. Fikir verin, bizdən qıraqda adamlar var, kimi dindirirsən deyir, nəysə buna həvəsim yoxdu, nəysə bu mənim içimdən gəlmir. İçindən nə gəlir bəs, həvəsindən nə gəlir bəs?! Onu göstər görüm, axı heç nə gəlmir. Sən içində yaratmalısan da bunu, deməklə deyil axı. Gərək yaradasan. Asif Ata özünü təbii gedişin ixtiyarına buraxsaydı, Ata olmayacaqdı. Sənin içində cəmiyyət var, böyük məsələlərə həvəslənməyə qoymur səni. İçində onu dağıt. Onda görəcəksən ki, necə başqa bir aşamaya addım qoyursan. Bunu bizdən qıraqda eləmirlər, Ocaq bunu eləməlidir. Bunu yaza bilirəmmi, yazmalıyam, deyə bilirəmmi, deməliyəm. Bir az yaxanızdan möhkəm tutun. Qıraqdan tələb eləməklə deyil. Özün-özündən tələb eləməsən, uğur olmur. Uğur öz əlindədir. Belə bir şeylə bağlı ciddi düşünmək gərək, yeni bir aşamaya keçəsən. Bu hər kəsə özgündür. Qoy zəif alınsın. Dəftəri yaz doldur. Gedin mənim ilk dəftərimi oxuyun. Mən özüm oxuyanda gülməyim gəlir, o qədər primitivdir. Ancaq o məni gətirdi bura çıxardı. Siz yazın. Cümlələrin qoy baş-ayaq gəlsin, sonra düzəldərsən. Özünə qarşı tələbkar olmaq gərəkdir. Başqa şeylərə az vaxt ayırın. Buna çox diqqət ayırın. Başqa şeylər adamı passivliyə çəkir, geriyə çəkir, yorğunluğa çəkir. Buna daha çox vaxt ayırın. Heç kimin işi mənim işimdən çox deyil. Məndə alınır və çox fərəhli alınır.
Bu 19 illik Ocaqçılıq ömründə, mən əsasən Üstünün uğurlarını öz ağlımda canlandırıram, zəiflikləri onun öz ixtiyarına buraxıram, bizim ağlımızda onun uğurları önəmlidir. Bizim sözümüzün doğrusu da onun uğurlarıdır. “Üstün” sözü orda var. Zəifliklərdə “Üstün” sözü yoxdur.
Daim Ataya layiq olan, Ocağa layiq olan, özünə layiq olan bir Üstün hünərçiliyi, xoşbəxtliyi diləyirəm. Ömrün qutlu olsun, Ocağa daim gərək ol ki, özünə də gərək olasan.
Ulusəs Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): “Ata Günü” törəni bir az fərqlidir, ona görə ki, Ocaq mərasimlərinin yaradıcısından söhbət gedir. Həmin gündə biz “Ata kimdir” sorusuna cavab versək, bu törənin önəminin nə dərəcədə böyük olduğunu anlaya bilərik. Mənim düşüncəmdə Asif Ata bizi irəliyə aparan bir Məbəddir.
Ata yolu mənə nə verdi? Arxaya baxanda görürəm ki, çox yol keçmişəm. Cəmiyyətçilikdən ayrılmışam. Qabağa baxıram, görürəm ki, ondan da böyük yol var, keçməliyəm. Ata çağırır, aşama-aşama özünü ötməyə yetirir. Mən o yolu görürəm, keçdiyim yolu da görürəm, qabağa gedəcək yolu da görürəm. Həyat, cəmiyyət əngəl kimi qarşımıza durur. Güc, qüdrət gərəkdir ki, o yolu aşasan, davam eləyəsən.
Üstünün 19 ilini qutlayıram. Üstün bu yola çox cəsarətlə başlayıb. Mən diləyirəm ki, 19 il öncə Üstün bu yolu necə cəsarətlə, heyrətlə, həvəslə, istəklə başlayıbsa, onu davam eləsin.
Hamını Ata Günü münasibətiylə qutlayıram.
Güntay Atalı (Ataya səcdə edib bayrağı öpür): Ata Günü törənimiz qutlu olsun. Ata qarşsıında söz demək çox çətindir. Atanın kimliyinə bir az bələd olan üçün çətindir. Bir az da etriaf edim ki, Ocaqçı özüylə tam məşğul olmursa, bu çətinlik daha da dərinləşməkdə olacaq.
Atanın ömrü bənzərsiz bir ömürdür, örnəkdir. Bənzərsizliyi ömrünə sahib çıxmasında idi. Ömrünə sahib çıxması onu Ata elədi. Ata qarşısında şəxsən mənim öhdəçiliyim çox böyükdür. Atanın yolunda, Atanın dünyaya açılan fəlsəfəsinin yarandığı yurdda elə bir oyunlar gedir ki, bizim bu yolda ləngiməyə, vaxt keçirməyə mənəvi haqqımız yoxdur. Hətta bu, insanlığa qarşı bir cinayətdir. Elə işlər baş verir ki, bilavasitə insanlığa qarşı, dünyaya qarşı, insana qarşı. Bu cinayətlərə dirəniş Atanın fəlsəfəsidir, yoludur. Bu haray çəkilməlidir. Soylu qardaşın vurğuladığı kimi, xalqlaşma işini genişləndirmək gərəkdir. Özümə deyirəm bu sözü.
Atamız Var olsun!
Soylu Atalı: Ataya baxmaq çətinliyi var. Günəşə baxmaq çətinliyi qədərdir Ataya baxmaq. Doğrudan da, adam günəşə baxa bilmir, ancaq həm də baxmaq istəyirsən. Çünkü günəş gözəldir. Gözəllik çağırır, mənə bax deyir. Ata ömrü elədir. Günəş kimi işıqlıdır, aydındır, arıdır. Atanın ömrünə baxmaq istəyir adam. Bunun üçün də gərək aydın, işıqlı gözümüz və idrakımız olsun. Sönük idrakın işi deyil Ataya baxıb qiymətləndirsin. Sönük idraklar Atada insanlığın ölçüsünü görə bilmir. Ona baxa bilmir yarasa günəşə baxa bilməyən kimi. Atanın kimliyi haqqında biz düşünürük, danışırq. Ocaqçılardan kimsə deyə bilər ki, Atanın kimliyini bilmək istəyirsənsə, onun Ocağına bax, onun ideyalarına, kitablarına bax. Bu da doğrudur. İndi Atanın Evladı var, kitabı var, Ocağı var, ideyaları, yaşam sistemi var. Bunları ayrı-ayrılıqda təhlil eləmək, açmaq olar. Onun Ocağı, kitabları, ömrü, bayrağı nəyi ifadə edir, hansı örnəkləri vəd edir – bunları deməklə özümüzdə dolğun bir düşüncə formalaşdırırıq. Zaman-zaman formalaşdırmışıq. Bunu ideya, ideal olaraq formalaşdırmışıq. Bunu söz olaraq dilə gətirməyimiz üçün ömrümüzə baxmağımız gərəkdir. Biz necə Evlad olduq, bayrağı necə qaldırdıq, bizim üçün nə demək oldu. Bizə necə yol göstərdi, bizi necə böyütdü, qaldırdı. Hünərə səslədi, özündənkeçməyə səslədi. Bunları birər-birər ifadəyə, yazıya gətirsək, bu, Ata haqqında, ölçü haqqında dolğun bir obraz cızmış olur. Onda qıraqdan izləyənlər görəcəklər, başlarını qaldırıb bir dəfə də olsun günəşə baxmadıqlarının fərqində olacaqlar. Doğrudan da, insanlar başıaşağı yaşayırlar. Başıaşağı yaşamaq vüqarsız, kor yaşamaqdır. Göyləri görməyənin, günəşi görməyənin nə gözündə işıq ola bilər, nə mənəviyyatında. Ata elə bir ölçüdür ki, bu ölçüyə baxanda biz həqiqətlə qarşı-qarşıya gəlirik.
Türkel Atalı (Ataya səcdə edib Bayrağı öpür): Ata mənim üçün belə bir yön, inam verib ki, həyatda yerimi müəyyən eləyə bilim.
Atanın gözlərinin işığını, səsinin harayını, ömrünün, yolunun qutsallığını Ocaqdan duyuram. Bu duyumumla özümü aşkarlayıb böyüyürəm. Atanın kitabını oxuduğum hər bir məqamda işıqlı dünyaya, ruh dünyasına qovuşduğumu hiss eləyirəm. Ataya inamımla ömrümdə, ciddi şəkildə olmasa da, müəyyən imtinalara yetmişəm. Bu imtinamda, Atanı oxumağımda fərəhli əhvalda oluram. Ata yolu mənə içimdəki sirləri açmağı, ruhsal tələb üstə yaşamağı, mütləq doğmalıq əsasında Amaldaşlarımla münasibəti yaratdı. Ataya bağlılığımda xalqa, əbədiliyə qulluq etmiş oluram. Atanın qarşımızda qoyduğu tələb budur: istəyirsiniz dünya dəyişsin, özünüzü dəyişin.
Ruhsal keyfiyyətləri aşkarladıqca cəmiyyətçilikdən ayrılıram. Gerçəklikdən üstün olduğumu görürəm. Özümü qüdrətli Evlad kimi yetirib Ataya layiq olmağa çalışıram.
Üstün bacımızı ruhsal doğum günü münasibətiylə qutlayıram. Cismani yaş, insanın nə qədər çox enerjili vaxtı olsa da, özünü yetirmək sarıdan, formalaşmaq sarıdan hələ çox azdır. Həyatda ciddi formalaşmaq, ciddi ağıl yiyəsi olmaq olmur. Həyatda 19 yaş ağlın hələ tam yetişməmiş çağdır. Ancaq Ocaqda 19 ilin hər bir ili insanı dəfələrlə ucalığa qaldırır.
Ocaq Yükümlüsünün belə sözü var ki, yüyürdücü kitabların arxasınca yox, düşündürücü kitabların arxasınca getmək gərəkdir. Əgər Amallaşmaq yoxdursa, onda hər dəfə özünü təkrarlayırsan, qabağa getmirsən. Atanı oxumaq amallaşmamda mənim uğurlarımdan biridir. Ocaqda olmağımızın özü bir xoşbəxtlikdir. Amal üstə yaşayıb o xoşbəxtliyi doğrultmaq gərəkdir. Üstün bacımıza elə bir xoşbəxtlik arzulayıram. Ata deyir ki, özünə çatmaq üçün özündən yüksək yaşamaq gərəkdir. Sənə Ocaq üstə yaşamaq, özündən üstün yaşamaq arzu edirəm.
Atamız Var olsun!
Güntay və Göylü Atalılar Üstünü ruhsal doğum günü münasibətiylə qutladılar.
Soylu Atalı: Hər birinizin ömrünüzdə artıq Ocağın tarixinə yazılmış ciddi səhifələr var. Bu səhifələr çox illər oxunacaq. Ancaq bu səhifələrin oxunub örnək olması üçün, başqalarına fərəh verməsi üçün, öz ulusunun, soyunun içində ölçü tapmaları üçün bu səhifələri daha da işıqlandırmalı, gözəlləşdirməli, daha da yaşarı etməliyik. Hər bir Ocaqçının ömründə elə çalarlar var, onun qədrini bilmək gərəkdir. Onun sorumluluğunu Ocaqçı özü daşımasa, sabahkı üçün o, kəsərli olmaya bilər. Gərək sən özün onun üstündə əsəsən. Onun qiymətini, qədrini biləsən. Onun ləyaqətini sabaha çatdırasan. Biz Ocağa ömrümüzdən nə veririksə, Ocaq onu bir şərtlə sabaha çatdırır, biz Ocağın tələblərinə yaşarı olaraq sadiq qalaq. Onda Ocaq onu sabaha çatdırır. Əgər biz onun sorumluluğu arxasında dayana bilmiriksə, onda Ocaq bizə deyir: mən sizi unuduram, çünkü sizin bir çağlar dolu olmuş ömrünüzün indi boşaldığının izləyicisiyəm. Öncədən belə olmusan deyə mən onu topluma suna bilmərəm. Ocağın qarşımızda elə tələbi var. Ona görə deyirəm ki, onun qədrini, qiymətini Ocaqçı bilməlidir. Qorumalıdır, artırmalıdır, arxasında durmalıdır. Arxasında durmaq ləyaqət üstə yaşamaq deməkdir. Hünər, özündənkeçmə, Ataya sədaqət üstə yaşamaq deməkdir.
İndi isə bir neçə kəlmə yeni qurallarımızla bağlı deyəcəm. Mən sizdən bir şeyi rica eləmək istəyirəm. Ayrı-ayr çağlarda biz Ocaqla bağlı hansı önərilərdə bulunmuşuq, onları bir araya yığaq, əsasən Nurtəkin, Göylü, Üstün Atalılar. Sonra kitabça hazırlayaq – Ocaq quralları adlı. Bütün qurallar hamısı bir yerdə sabahkıların əlinin altında olsun. Dağınıq olmasın. Biz bilirik, sabahkı bunu bilmir.
Mütləqə İnam Ruhaniyyatının ilsırasında önəmli bir gəlişmə
Asif Atanın ölümündən sonra Ocaq toplantılarına 2 törən, 4 bayram-törən artırılıb. Törənlərdən biri Atanın ölüm günü ilə bağlıdır – “Ata Sonevini Ziyarət Günü”. O birisi ilk İnam Evnin hazırlanıb Ocağa qəbul olunması ilə bağlıdır – İnam Evi (Məbəd) Günü Törəni.
4 bayram – hər fəsildə biri olmaqla, İnsanilik, Xəlqilik, Şərqlik, Bəşərilik adlanır.
Beləliklə, ildə 9 Ocaq törəni, 4 Ocaq Bayramı, 12 Ailə Günü toplantısı, bir neçə yol Qutsal Öyrənim Günü toplantısı keçirilir. Bu isə olduqca çox toplantı deməkdir. Ocaqçılar getdikcə çətinləşən yaşam üzərində ağır Ocaq toplantıları ilə yüklənir. Düşünməyə, özləri ilə uğraşmağa, xalqlaşmağa, üstəlik ev qayğılarını yoluna qoymağa çağları qalmır. Belə davam edərsə, Ocaqçılar bireysəl özgürlüklərini itirər, ruhaniyyatçılıq gücləri azalar. İnsan fiziksəl olaraq bunca qayğıların öhdəsindən gəlməyə tablamaz. Obrazlı desək, qırılar. Ocaq yaşamalıdır. Ocaqçı isə təntiməməlidir. Bütün bunları gözə alıb, Amaldaşlarımla, dəyişiklik etmək yönündə düşüncələrimi bölüşdüm. Hər kəs qərarın doğruluğunu təsdiq elədi. Yalnız Amaldaşım Göylü Atalı törənlərdən birinin birləşdirilməsini, birinin yerinin dəyişdirilməsi ideyasının gerçəkləşdirilməsini istəmədi. O öz sözünü Ocaq tələbinə toxunmağın doğru olmadığı baxımından dəyərləndirdi. Amaldaşımın bu qoruculuq ərdəmliyini təqdir edirəm. Ancaq Ocağın bu gününü yaşatmaq və gələcəkdə (çətinliyə tab gətirməyənlərin əliylə) nələrinsə silinməsinin qarşısını almaq üçün qərarı doğru sayıram və gerçəkləşməsini sağlayıram.
Beləliklə, 25 Ata Ayı 38-ci ildən başlayaraq, Günəş Ayının biri “Yeni İl” Törəni; Günəş Ayının 15-i “İnsanilik” Bayramı; Çiçək Ayınını 25-i “Ruhsal İdrak Günü” Törəni; Şölə Ayının 5-i “Ata Sonevinin Ziyarət Günü” Törəni; Şölə Ayının 13-ü “Xəlqilik” Bayramı; Od Ayının 7-si “Ruhsal Evlad Günü” Törəni (Atanın çağında bu günsırada (təqvimdə) “Ruhani Qurum Mərasimi” keçirilirdi. Ata bunu 1 Şölə Ayı “Ruhsal Evlad Günü” mərasimi ilə birləşdirdi. İndi Atanın ölüm günü Şölə Ayının 5-nə düşdüyünə görə “Ruhsal Evlad Günü”nü 7 Od Ayına qaytarırıq. Şölə Ayında tədbirlər çoxdur, bunlar da Ocaqçını yükləyir. Həm söz deməlisən, həm səfər etməlisən, səfərdə söz deməlisən, bir də bayramda söz deməlisən. Bu, başa düşürəm ki, ağırdır, yüklüdür. Biz burada Atanın prinsiplərinə dəymədən bu günsıranı dəyişirik. Mən sizi əmin edirəm, Ata da belə edərdi. Çünkü Şölə Ayınnı 5-i ilə 1-i arasında çox az ara var. Buna bu gün biz özümüzü zorlayırıq, əməl edirik, sabahkılar eləməyə bilər, qırıla bilər, yorula bilər).
(1 Qürub Ayı “Ata Evini Ziyarət Günü” Törəni keçirilirdi. İnam Evi elə Atanın evidir, İnamın evidir. Atanın evi əlimizdən çıxdığına görə anlamını qoruduq, bu gün onu “İnam Evi Günü” ilə birləşdiririk.
Ata öləndə hamı istəyirdi ki, bu mərasim ləğv olunsun. Mən qoymadım. Dedim ki, ev əlimizdən çıxsa da, bunu yaşatmalıyıq. O vaxt indiki düşüncəm olsaydı, ordakılara əsaslandırardım, bir vaxt gələcək, biz İnam Evi yaradacağıq. Atanın evi əlimizdən çıxsa da, Məbəddə Atanı ziyarətmiz olacaq. Atanın evi Məbəddir. Ata evini ziyarət İnam Evini ziyarət anlamına gəlir. Bu törəni 13 Yağış Ayı keçirdiyimiz “İnam Evi (Məbəd) Günü” ilə birləşdiririk).
12 Ata Ayı “Şərqilik” Bayramı; 25 Ata Ayı “Ata Günü” Törəni; 13 Yağış Ayı “İnam Evi Günü” Törəni (“Məbəd Günü” Törəni); 12 Sərt Ayı “Bəşərilik” Bayramı; 27 Sərt Ayı “Ruhsal Səfər Günü” törəni; 6 Köçəri Ayı “Ruhsal Ailə Günü” törəni keçirilir.
Bayramların keçirildiyi aylarda (Günəş, Şölə, Ata, Sərt) toplantı sıxlığına görə Ailə Günü toplantıları keçirilmir. Törən olmayan boş aylarda (İşıq, Qürub, Xəzan, Qar) Qutsal Öyrənim Günü keçirilə bilər. Bu toplantının keçirilməsi qaçılmaz deyil. Bu aylar başqa qayğılarla yüklənərsə (səfərlər, görüşlər…), “Qutsal Öyrənim Günü” keçirilmir. Hal, həvəs, istək əl verərsə, səfərlərə baxmayaraq, keçirmək olar.
Beləliklə, il içində qaçılmaz toplantılar: 8 Ocaq Törəni, 4 Bayram, 8 Ailə Günü. Bundan sonra Ocaq üçün bu nizam gözlənilməli və qorunmalıdır.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
25 Ata Ayı, 38-ci il.
Bunu yazın, əldə olsun, arxivə qoyun. Bu çağa qədər olan dəyişikliklər, yenilikləri bir kitab şəklinə salaq və gələcəkdəkilərə də söz deyək.
Ata Günümüz qutlu olsun. Atanın yolunda olmaq xoşbəxtliyini heç vaxt unutmamaq gərəkdir. Hər gün onu özünə demək, hər gün yaşamaq gərəkdir. Cəmiyyətin uçurulması, dağıdılması, getdikcə özündən ayrılması, cəmiyyətin bizim ideallarımıza tərs gəlməsi, böyük insan yaratmaq, böyük xalq yaratmaq istəklərimizə uyğun gəlməməsi Ocaqçıları usandırmasın. Onları yormasın. Böyük bir işin peşində olduğunuzun heç vaxt anlamından uzaqda dayanmayın. Bu mənim sizə Amaldaşlıq ərkimdir, Ocaqçılıq sorumluluğumdur və tələbimdir. Adi səviyyədə Ocaqçılıq olmur. Özünüzə qarşı tələbkar və sorumlu olun. Ocağın ləyaqətini hər kəs qorusun. Hər kəs özünü onun yiyəsi bilsin.
Ata qarşısında böyük bir aşamaya addım qoyduğumuzun fərqindəyik. Onu bəyan edirik, elan edirik. Öz işimizi ləyaqət və şərəflə yaşadacağımıza əminlik yaradırıq.
Bununla da Qutsal Ata Günü törənimiz başa çatır.
Ruhsal bağışlamalar – Göylü Atalının 2 abedə (Ocaq-türk abesi və latın abesi) hazırladığı “Mütləqə İnam” kitabları və Güntay Atalının Ocaq bayrağını, ipək parça formasında, bağışlaması qəbul edildi. Güntay Atalı Üstün Atalıya ruhsal hədiyyə kimi, ömrünü yazması üçün rəmzi olaraq, dəftər bağışladı.
Ocaq Yükümlüsü Evladlara Evladlıq Nişanələrini yol sözü ilə sundu.
Nurtəkin Atalı Soylu Atalıya Evladlıq Nişanəsini Ata Günü qutlaması ilə verdi.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız var olsun!” səcdəsilə Törən sona yetdi.
Sentyabr, 38-ci il. Atakənd.
(Ata Ayı, 2016. Bakı).