Xəbərlər

Qutsal “Ata Günü” törənindəki çıxışlar

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Qutsal “Ata Günü” törənindəki çıxışlar

Ocaq Günsırası ilə 25 Ata Ayı, 39-cu ildə Mütləqə İnam Ocağı Qut­sal “Ata Günü” Törənini həyata keçirdi. Törən quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözü­nə başladı: Qutsal “Ata Günü” mərasimimizdə ölənlərimizi anırıq. Sabahlı, Bağban, Amaltay bizimlədir. Ocaqda olub Ocaqda ölənlərimiz həmişəlik Ocaqladır.
Törənimizin anlamı ilə bağlı söz deyəcəyik. Törənin anlamı Atanın işini, kimliyini ifadə edir. İdeya olaraq, Ölçü olaraq, Ata bizim üçün kimdir? Bu soruya cavab verərkən, Asif Atanın bioqrafiyasını sadalamırıq. Toplum üçün, basın üçün bioqrafiyanı da yazırıq, ancaq Törənin istəyi bu deyil.

Həyat öz anlamını itirib. Getdikcə insanın varlığı ilə yoxluğu arasında fərq aradan qalxır. Kainatda insan varmı, yoxmu? Var nədir, yox nədir? Əslində bizim dünyabaxışımız bu sorunu aydınlaşdırıb yol açmaq üçün yaranıb. Əgər bu fərq aradan qalxacaqsa, yoxluqla varlıq bilinməyəcəksə, onda təbii ki, həyatın məzmunu yox deməkdir. Biz də bilirik, bu çağa kimi həyatın məzmununu urvatlandıran, bütün bəşəriyyətin tarixində, çox az sayda adamlar olub. Bütövlükdə bəşərin həyatı nizam tapmayıb. Ona görə Ocağın belə böyük bir istəklə ortaya çıxması insanlarda əcaiblik etkisi doğurur. Düşünürlər: “Dünya belə gəlib, belə də gedir, belə də gedəcək. Ocaq da durub deyir, dünya dəyişməlidir”. Hətta birey olaraq, özümüzü kökləməyimizdən asılı olmayaraq, biz deyirik dünyanı dəyişmək istəyrik. Sən bunu böyük bir şövqlə deyə bilərsən, böyük bir sevgiylə deyə bilərsən. Ancaq sənin qarşındakı durub sənə lağ edər. Üzdə deməsə də, içində sənə lağ edər. Bu nə ağlına gələni danışır. Sən kimsən dünyanı dəyişəsən?! “Sən kimsən” sorusuna cavab verə bilirsənsə, sənin dünyanı dəyişmək iddian, qırımın sənin ömrünü işıqlandıracaq. Sənin üçün dünyanı aydınlaşdıracaq. Yox, əgər sən bir ideyanın məqsədinə dayanıb deyirsən dünyanı dəyişmək istəyirik, ancaq özünün içində dəyişiklik-filan yoxdursa, sənin dediyin söz nə özünü inandıracaq, nə də qarşındakını.
Mən Platonu oxuyuram. Platonun dialoqu var “Dövlət” əsərində. Qeyrətli dialoq aparır. Min illər öncə insanın, Allahın taleyi ilə bağlı söhbət edir. O çağlarda qıraqdan sadə adamlar onu dinləsəydi, deyərdi bunun ağlı çaşıb. Üstündən iki min il vaxt keçib. Ancaq heç kim demir Platonun ağlı çaşıb. Çağında deyərdi, bu gün heç kim demir. Tərsinə, bu gün hamı öyrənir. Sənin iddian, Platonun iddiası kimi dayanıqlı, dirənişli olarsa, sənin sözün özünü də inandırar, qarşındakını da. Ata ona görə gəlib, səni özünə tanıtsın, səni özünə inandırsın. Ata ona görə gəlib, Həyatın anlamı pozulub. Ata deyir həyatın mənası dəyişməlidir. Ata deyir, Allah dəyişməlidir, Allahın məzmunu dəyişməlidir. İnsanın məzmunu dəyişməlidir. Gəlib onu dəyişməyə. Platonun adını niyə çəkdim? Onu oxuduqca, heyrətlə, Atanın ideyalarını təsdiq edirəm. Platon deyir, nədən hər şeyin, yaxşının da, pisin də, Zevsdən törəndiyini düşünürsünüz. Zevs filankəsin qapısının ağzına pisliklər qoyacaq. O adam da ömrü boyu dirçələ bilməyəcək, yaşamı boyu pisliklərə yuvarlanacaq. Deyir, nədən belə deyirsiniz? Məgər Allah pis məqsədlərmi güdür? Pislikdənmi oluşubdur? O nə üçün insanı pisliyə yönəldir? Yaxşı bir şey pislik doğura bilərmi? Pis bir iş görə bilərmi? Pisliyə yönəldərmi? Dialoqda deyir bunu. Deyir, biz bir çox məsələləri insanlarımızın şüurundan çıxaraq. Bunu gəncliyimizin şüuruna yaxın buraxmayaq – bir çox yalanları. O yalanları bizim bir çox şairlərimiz deyib. Homer də yalan deyib. Homerin yallanlarını gəncliyin şüuruna yaxın qoymayaq. Onun şüuruna yaxın qoyursan, onda o, insan kimi formalaşa bilmir. Baxın, Asif Ata nə qədər zəngin ideyalar ortaya gətirir insanı qurtarmaq üçün.  İndi durub bizdən soruşarlar, siz deyirsiniz, həyat mənasına uyğun deyil, dünya əyridir-filan. Biz nə etməliyik. Belə suallar verirlər də. Mənim yadımdadır. Ataya, görüşdə, belə bir sual veriblər: Asif Ata, biz neyləyə bilərik? Ata sualı oxuyub vüqarla qabağa baxdı, dedi, gəlin Ocağa. Ocaqda biləcəksiniz neyləmək gərəkdir. Mən də deyərəm, gəlin Ocağa. Deyərəm, başlıcası Asif Atanın verdiyi ölçünü öyrən, tanı. Onda həyatın məzmunu dəyişəcək. Ata sənə Güntay adı verib (üzünü Güntaya tutur – T.A.). Deyir sənin ata-ananın verdiyi ad sənin mahiyyətini ifadə eləmir. Sənin bioloji kimliyini ifadə eləyir. Mənim verdiyim ad sənin kimliyini ifadə eləyir. O təkcə sənin adını dəyişmir, həm də sənin məzmununu dəyişir. Deyir sən özünlə uğraş, özünü öyrən, özünlə döyüş, bu ada uyğun ömür qur. Ata ona gəlib. Sənin adın dəyişir, sənin məzmunun dəyişir ki, sən insanlığın məzmununu dəyişəsən. Ona görə sənə bu yükü tapşırır. Həyatının məzmununu dəyiş. Deyir həyat əsasən biologiyaya yarayır, insanlığa yaramır. Həyatın məzmununu dəyiş, insanlığa yarasın. Həyatın məzmunu insanlıqdan oluşsun. Dünyanı dəyişmək bu deməkdir. Dünyanı dəyişmək səni dəyişmək deməkdir, səni dəyişməkdən başlamaq deməkdir. Ata Allahın adını dəyişib, necə ki Vüqarı Güntay edib. Eyni zamanda, Allahın məzmununu dəyişib. Əzəli, Əbədi, Kamil, Sonsuz məzmun verib ona. Allahın daşıdığı keyfiyyətləri rədd edib. Görürsünüzmü, Atanın gətirdiyi nizama baxın. Görün nə qədər dərin, böyük məzmunla ortaya gəlib. Nə qədər böyük, ciddi ideyayla ortaya gəlib. Bu ideyanı eşidən çoxdur, eşitdirən azdır. İndi gərək eşitdirmək ləyaqətinə böyüyə Ocaqçılar. Sən söz deyirsən, biri sənin qarşında ateist kimi dikilir. Biri Avropa dəyərləərinin daşıyıcısı kimi sənin qarşına dikilir. Sənə deyir, sənin dediyin bəsitdir, Avropa dediyi böyükdür, doğrudur. Ancaq sən öz mənəviyyatınla sübut edirsən, Avropanın da dediyi, filankəsin də dediyi insana yaramır. Mənim dediyim yarayır. Sən bunu böyük mənəviyyatla, ləyaqətinlə sübut edirsən. Ömründə qurduğun mənəvi prinsiplərlə. Ömrünə gətirdiyin Ölçünlə sübut edirsən. O ölçünün, o mənəvi gücün qarşısına ayrı şey qoymaq olmur. Ocaqçılıq budur. Ata bunu gətirib bizə. Kim nə istəyir desin. Ağzıyla quş tutsun, göylərə dırmaşsın. Sizin, mənim rastlaşdığımız balaca adamlar, balaca deyimlər, ideyalar, prinsiplər bütün çağlarda olub.
Bir var potensial güclü ideya, bir var gerçək güclü ideya. Bunlar nə deməkdir? Potensial güclü ideya o deməkdir ki, Asif Ata bu ideyanı yaradıb, ortaya qoyub. Bu ideyanın daşıyıcısı yoxdur. Bu ideyanı ömrünə çevirən, heyrətamiz ömür yaradan, böyük, ruhani aqibətə yüksələn yoxdur. O yoxdursa, Asif Atanın ideyasının gücü potensialdır. Əgər onu daşıyan güclü fərdlər varsa, o güclü fərdlər dünyanın qarşısına dikilib söz deyirsə, o ideyanı ucalıqda səsləndirə bilirsə, verə bilirsə, ömrüylə arxasında durursa, bu, ideyanın gerçəkliyə çevrilməsi anlamına gəlir. Bizim Ocaqçılarımız məsum adamlardır. Ancaq qüdrətli olmaqla uğraşmayan məsum adamlar. Qüdrətli olmaqla uğraşmaq gərəkdir. Başqa sözlə, güclü şəxsiyyətə çevrilmək gərəkdir. Biz uşaqcasına deyə bilmərik Asif Ata böyük insandır, filan şeyi nə gözəl deyib. O, bizim Atamızdır, bizim xalqın oğludur, ancaq onun qüdrətli ideyalarına qıraqdan baxıb təsəlli tapa bilmərik. Onun qüruru ilə, vüqarı ilə yaşaya bilərik. O ideyanı içimizdə əkərik, becərərik. O ideyadan böyük mənəviyyat bəhrələri yarana bilər. Biz onu səxavətlə dünyaya paylayarıq. Bunu az mənada edirik, çox mənada eləmək gərək. Başqa sözlə, mən özümü sizdən ayırmıram. Ancaq mən buna daha çox gedirəm, yetirəm. Ona görə özümü çox güclü sayıram. Sizə səmimi deyirəm, özümü çox yenilməz, güclü sayıram. Bilirəm, Asf Atanın ideyasıyla mən yaraqlanıb, meydana çıxmışam. Mən bilirəm, meydanda, mənim olduğum ortamda Asif Atanın gücünü yenə biləcək kimsə yoxdur, ideya yoxdur, birey də yoxdur. Mən bunu qətiyyətlə deyirəm.
Həyat balacadır. İnsanlarda da səmimiyyətin gücü yoxdur. Gələlər, Asif Ataya qulaq asalar, dinləyələr, Asif Atanın yükünü götürələr, qabağa duralar. Gücləri yoxdur. Eləyə bilmirlər, eləmək istəmirlər. Həyatın ona bağışladığı balaca ömürlə yetərlənirlər. Yetərlənmək olmaz.
Bir var lider, bir var mürşüd. Bizdən qıraqda adamlar liderə tapınırlar. Başlıcası, siyasi liderə tapınırlar. O siyasi lider ki, bütöv deyil, ziddiyyətlidir. Doğru deyil, əyridir. Lider güclü, birxətli, tapınılmalı deyil. Lideri siyasət belə də əyib, elə də əyib. Mənəviyyatı liderə tapşırmaq mümkün deyil. Mənəviyyatı mürşüdə tapşırmaq mümkündür. Mürşüd mənəviyyatı böyüdür, lider mənəviyyatı böyütmür. Lider səni dalınca çağırır, ən yaxşı halda deyir, gəl, dövlətimizin sükanını ələ keçirək. Lider sənə başqa şey vermir.
Bizim könlümüzün mürşüdü isə mürşüdlük səviyyəsindən yüksəyə qalxıb. Bəşər mənəviyyatının mürşüdü olub. Peyğəmbərlik bəşər mənəviyyatının mürşüdü deməkdir. Əski peyğəmbərlər bizim dediklərimizə, istəklərimizə uyğun deyil, bu ayrı məsələ. Bizim peyğəmbərimiz bəşər mənəviyyatının mürşüdüdür. Ona görə Asif Atanın kimliyi sorusuna cavab verəndə birinci, ümumi ideya açısından cavab verərik, Mütləqə İnam yaradıcısıdır, Mütləqə İnam peyğəmbəridir, bir də deyərik, Asif Ata bəşər mənəviyyatının mürşüdüdür. Bu çağa qədər bəşər mənəviyyatının mürşüdü bütöv olmayıb. Az olub, bütöv olmayıb. Onu dəyişə biləcək səviyyədə olmayıb, onu əzizləyəcək səviyyədə olub. Böyük sufilər olub. Sufilər bəşər mənəviyyatını əzizləyib, dəyişməyib. Asif Ata bəşər mənəviyyatını yaradır.
Heç kim özünü pis şeylərə yuvarlamaz. Heç kim özünü pis şeylərlə doldurmaz. Ancaq doldurur. Çünkü pisliyi tanımır. Bəzən pisliyin ayrı-ayrı elementlərini bilir, ancaq bütövlükdə pisliyi tanımır. Ona görə gedir pisliyə. Özünü pisliyə yuvarlayır. Özünü pisliyə yuvarlamamaq üçün nə gərəkdir? Ölçünü tanımaq gərəkdir. Ölçünü öyrənmək gərəkdir. Biz insanların Xeyiri tanıması üçün çalışırıq. Xeyiri nişan verən, tanıdan ölçünü öyrədirik. “İnsanlaşın – İnsanlaşdırın. Bəşərin nicatı İnsanlaşmaqdadır!” Bu o anlamı daşıyır. İnsanlığın ölçüsünü tanıtmaq, öyrətmək. Harda öyrədirik – toplumun içində. Heç kimlə mübahisəyə getmədən, qovğa etmədən sözünü deyirsən, harayını çəkirsən. Əriyəcək buzlar. Buzları çox az adam əridir. Gərək sənin mənəviyyatının hərarəti o qədər yüksək olsun, eşqinin hərarəti o qədər yüksək olsun ki, insanlığa zərər verən mənəviyyatsızlığı əridə biləsən, dağıda biləsən.
Biz Sabirabaddan gələndə döndük Güntayın keçmiş iş yoldaşının evinə, çay içdik, söhbət elədik. Deyir, mən sizə qulaq asıram, görürəm, mən danışanda mənəviyyatca çökmüş filankəsi misal çəkirəm. Niyə yaxşını misal çəkmirəm. Niyə yaxşını görmürəm, pis olanı görürəm, həyatı da onunla ölçürəm. İnsanlar bunu bilmir. Söhbət eləyib deyirsən, onun ağlının gözü açılır. Onun ürəyinin təpəri artır. Ümid verirsən ona. Ümid verirsən, sənin içində yatmış insanlıq var. Sənin yatmış idrakın var. Sənin görmək, böyümək imkanın var, dəyişmək imkanın var. Bunu hər yerdə deyirsən. Bizim işimiz odur.
Hərənin bir mühiti var. Hərənin mühitində, çevrəsində insanlar var. Hərə düşünür, mənim çevrəmdəki adamlar eybəcər adamlardır. Sanki başqa yerin insanları yüksəkdir. Hamısı bir şeydir da. Burda de, ya gedib başqa yerdə de, fərqi yoxdur. Sadəcə olaraq, niyə adam özü çevrələndiyi yerdə demir. Çünkü o çevrəndəki adam hər gün səni görür, ona sözü demək üçün gərək o sözü daşıya biləsən. Yiyəsi olasan, güclü olasan ki, onu ona deyə biləsən. O da qayıdıb deməyə, nəyə deyirsən. Sənin özün də busan. Ona görə adam fikirləşir, gedim başqa yerdə deyim sözümü. Başqa yerdə öyrəndiyin sözü deyirsən, burda isə yaşadığın sözü deyirsən. Yaşamını göstərirsən. İş yerimdə məni hamı tanıyır. Ancaq mən iş yerimdə çəkdiyim harayı başqa yerdəkindən daha yaxşı çəkirəm. Məni tanıyanların içində daha yaxşı çəkirəm. Gözü kor deyil, görür mənim yaşadığımı. Mən kiməm, nəylə nəfəs alıram, nəylə yaşayıram, hamısını görür. Bilirlər, mən onlara nağıl danışmıram. Hər şey gözünün qabağında. Adam bəzən düşünür bu işdən başım açılsaydı, gedib 3-5 adama Asif Atanın sözünü çatdırardım. Səni heç vaxt iş buraxmayacaq, gedib başqa yerdə davamlı iş aparasan. Öz çevrəndə de. Zaman keçdikcə bir adam çıxacaq onların içindən, deyəcək sən doğru deyirsən. Əgər sən orda deyirsənsə, gedib başqa yerdə də haray çəkməyə cəsarətin olacaq. Burda deyəcəksən, səni təmin eləməyəcək, az gələcək sənə burda deyilən. Bu mühitdən qırağa çıxacaqsan, qırağa çıxmaq istəyəcəksən. Əqidənin halı, tələbi budur. Adam öz mühitində söz deməyə niyə çəkinir? Durub səni topa-tüfəngə tutacaqlar? Məsələ onda deyil, sən durub öz mühitində deyəsən, din pis şeydir. Din pis şeydir elə bir vaxtda gəlib deyəcəksən, o mühit hazır olacaq. Heç dinin adını çəkmə. İnsanın gözəlliklərindən danış. Atanın dediyinin gözəlliklərindən danış.
Mən qədimliyi oxuduqca görürəm, onlar bənzəri aqibət yaşayıblar. Ona görə bilməyiniz gərək. Asif Atayla bir yerdə olmaq azdır. Atayla bir olmaq gərəkdir. Bir yerdə olarsan bir gün, beş gün. Asif Atayla bir mühitdə olmaq asan deyil. Asif Ata böyük mənəviyyat işığıdır. Bu işıqda, balaca olaraq, uzun müddət olmaq mümkün deyil. Bu işıqda böyüdükcə Asif Atanı dərk edirsən, işığın işığına qarışır, gücün gücünə qarışır. Ləyaqətin ləyaqətinə qarışır. Onunla bir olursan, bütövləşirsən. Onda şəxsiyyətin əmələ gəlir. Onda dünyanı dəyişmək sənə çətin görünmür. Nağıl kimi görünmür. Dünyanı dəyişmək, həyatı dəyişmək deyimi nağıllıqdan çıxır, sənin şüurunda mümkünsüzlük anlayışı doğurmur. Bu tələb əsasında Asif Atanı tanımaq mümkündür. Asif Atayla iç-içə yaşamadan, onun kim olduğunu, nə istədiyini bilmirsən. Məsələ elə məsələdir, Asif Atayla istər çağında olsun, istər indi olsun, iç-içə olmalısan. Asif Atanın çağında olmusan, tanımamısan. Üstündən min il keçir. Asif Atanı öyrənirlər, ağlı, düşüncəsi, idrakı olan adamlar Asif Ata idrakı ilə iç-içə olur. Onu tanıdır, adamlar da deyir, bu böyük adamdır. O demək deyil, adamlar Asif Ata ilə iç-içədir. Bilgi kimi artıq yayılır, böyükdür. Bir də var, Asif Ata ilə iç-içə yaşayasan, yaşam kimi onun böyüklüyünü ortaya çıxarasan. O böyüklük ki, o böyüklük təkcə bilikdən ibarət deyil. O, həm də yaşamdır. Yaşam dəyişilir. Biliklə yaşam birləşəndə dəyişiklik yaranır. Gərək biləsən, yaşayasan, yaşadasan. Mənim üçün Asif Atanın Günü də bu anlamdan ibarətdir. “Ata Günü” törəni bu məzmunu anlamaqdan, öyrətməkdən, dərk eləməkdən ibarətdir. Biz buna görə “Ata Günü”nü keçiririk. Asif Ata bu məzmunla bizim mənəviyyatımızın, ləyaqətimizin mürşüdüdür. “Ata Günü”müz qutlu olsun. Ona səcdə qılıram. Ona səcdə qıldıqca ürəyim böyüyür, böyüklüklə iç-içə oluram. Ataya səcdə ürəyi böyüdür.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

 Türkel Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Dində adam çətinliyə düşəndə, çıxılmaz vəziyyətdə olanda Allahdan kömək istəyir, maddiyyat umur. İnancını, ümidini, Allahın köməyiylə, istəklərinə yetəcəyinə görə qurur. Allahı ona görə böyük hesab eləyir. Onun indiki əyilən dünyanın düzəlməsinə, gözəlləşməsinə inamı yox, hər şeyin fani, boş olduğu inamsızlığı, yalanı var.
Hələ ki, özümdə belə bir çatışmazlığım var. Onu aradan qaldırmamışam. Nə vaxt ki, cəmiyyətin içində oluram, ya da gerçəkliklə bağlı nələrləsə qarşılaşıram, ümidsiz oluram. Ona görə ki, özüm də cəmiyyət yaşamıyla eyni səviyyədə oluram. Ayılanda bir anlıq düşünürəm. Ataya inamım, bağlılığım olmasaydı, bu cür yaşamla həyat məni yox eləyərdi. Mən bu mən olmazdım. Hər şeydən əli üzülmüş, bataqlıqda addımladıqca daha da batan, bədbinliklərdən çıxa bilməyən, İslamın dediyi Allahın zəlil, bədbəxt qulu. Ata ideyalarına söykənən, iç-içə olan şəxs heç vaxt gücsüz, balaca ola bilməz. Ata inamı təkcə bu iki dediyim məsələylə bağlı deyil. Bundan qat-qat yüksək, uca məsələlərə bağlıdır. Sadəcə, bu ikisini düşünüb vurğu elədim.
Dinçi türk ərəbin Allahına ibadətində, inamında müsəlmanlaşır, ərəbləşir, kimliyini itirir. Ərəbin böyüklərini öz böyüklərindən zirvədə görür. Ona görə ki, əslində böyüyünü tanımır, böyüklüyün nə olduğunu dərk eləmir. Ata inamı çox ciddi yaşam sistemidir. Bunları, bundan artığını düşünürəm, fərəhlə doluram həmin anda. Ataya inamım olmasaydı, hansı durumda olduğumu təsəvvür eləmək belə istəmirəm. Ola bilər, həyatın gedişində nələrdəsə çatışmazlıqlarım, əskikliklərim, kimlərdənsə, nələrdəsə geri qalmağım var. Ancaq əsil faciə mənim təsəvvür eləmək istəmədiyim cür olmağım olardı. Kimliyimi itirib ərəbləşməmişəm, başqa özgələrdən olmamışam. Ataya inamımda kim olduğumun fərqinə vardıqca, Atanın kim olduğunu daha dərindən dərk eləyirəm. Bu dərkdən sonra 25 Ata Ayını düşünürəm, içimin fərəhi yerə-görə sığmır. Bu təkcə mənim üçün yox, insanlıq üçün böyük bayramdır. Ocaq Yükümlüsünün dediyi kimi, Asif Atada insan amili əsas götürüldüyünə görə min illər yol gedəcək. Hesab eləyirəm, bu əbədi yolda bu bayram bütün bayramlardan zirvədə duran bayramdır. Bu bayram münasibətilə hər kəsi təbrik eləyirəm.
Atamız Var olsun!

Soylu Atalı: Türkelin öncəki çıxışları ilə indiki çıxışları arasındakı fərqi tutursunuzmu? Öncələr daha çox özünü qınayırdı, daha çox bədbinlik üstə çıxış edirdi. İndi dolur elə bil. O, təbii aşama idi.

 Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Atatürkün doğum günündə, ya da hər hansı xalqı üçün yaşamış, yaratmış insanın doğum günü olanda “nə yaxşı ki, doğuldu” deyə adamın içini həyəcan, sevinc bürüyür.  Çünkü gəlişilə, yaşamıyla, ideyasıyla bəşəri insanlıq, millilik yönündən bir addım önə aparmış insanların olması fərəhlidir, anılması da fərəhlidir, içində həm də sabaha ümid daşıyır. Dünyada şər qüvvələr bəzən öz istəyinə çatsa da, yenə də özündənkeçənlər, sabah üçün ömrünü verənlər var, olacaq da. Yüksək həyatın anlamı da budur. Olub, var, olacaq. Dünənlə bu günün, bu günlə sabahın birliyini öz ömründə yaşadanlar hər zaman sabaha inamı yaşadacaqlar. Onların anılması isə dəyərləşməsidir, sabahlaşmasıdır.
“Atalıq Xilqəti”ndə Atanın belə bir sözü var – “Dünyaya gəldiyimə görə hədsiz sevinirdim”. İnsan niyə gəlir dünyaya? Bəzən ortam, şərait elə olur, həyata niyə gəldiyinin belə fərqində olmur insan. Gəlib, özündən öncəkilər kimi yaşayacaq, ondan sonrakılar da yaşayacaq, belə davam edəcək. “Niyə, nə üçün” sorularını sormadan, cavablamadan belə bitir ömürlər. Həyatın, zamanın axını da öz istədiyi kimi gedir.
Ata zamanın, şəraitin axınına qarşı dayandı. Gəncliyində də, ailə həyatında da, işində də, Ocaqlı illərində də daim təqib olundu, tək qaldı, ancaq yaratdığı, ömrünü verdiyi İnamıyla bir oldu. Atanın peyğəmbərliyi ömrünün əzablarında, fərəhində, Ocağında, Mütləqliyində təsdiq olundu. Ata ömrü zənginliyiylə, dərinliyiylə, yüksəkliyiylə hər zaman heyrət yaradır. Zaman-zaman özümü yaratdıqca, idrakım artdıqca Atanı anladığım üçün, anlaya bildiyim üçün Ataya səcdəm də, sevgim də artır. Çünkü Atanı anladıqca həyatı, zamanı, ortamı, adamları anlayıram. Zamanın, həyatın tələblərini Ataya inamımla ötməyə çalışıram.
Bəzən internetdə, ya da elə həyatda adamların ömürlərini izləməli oluram. Qırılan, əyilən, sarsılan ömürləri görürəm. Özümü onların yerinə qoyuram. Kaş ki, özlərinə inamı yarada biləydilər deyə düşünürəm. Ocaqdan öncəki ömrümdə də necə yaşaya biləcəyim gözümün qarşısına gəlir. İnsanın özü olması üçün, öz ayaqları üzərində durması üçün, qarşısına çıxan çətinlikləri yenməsi üçün, həyata – var olmağa gəldiyi üçün özünü yaratmaq, içindəki Mütləqi aşkarlamaq tələbi var. O tələbi insan ödəyərsə, yaşamı da dəyişər, ömrü də mənalanar. Toplum zəiflərin qayğısına qalmır, toplum üçün çəkişmə var, çəkişmədə sağ qalmaq, yaxşı yaşamaq üçün başqasını əzmək istəyi var. Bu insansızlığın qarşısını İnsanlaşan ömürlərlə almaq olar.
Millət olaraq yaşadıqlarımız göz önündədir. Keçmişimizə, bu günümüzə necə yanaşmağımız fəlakətlərə sürüyür bizi. Ata İnamının Azərbaycanın gələcəyinin qurulması üçün gərəkliyi böyük qonudur. Açdıqca açılan. Bir millətin özünün varlığını sürdürə bilməsi üçün əsil İdeyaya, İnama, peyğəmbərə ehtiyac var. Bu ehtiyacı anlayan insanlar bu inamı məşəl kimi ömründə yandırıb millətin gələcəyinə işıq tuturlar. Ocaqçıların varlığı buna görə qutsaldır. Yolumuzda çətinliklərimiz olsa da, hər zaman Ocaq dünyasının varlığı üçün çalışmışıq, çalışırıq. Ata öldükdən sonra çoxsaylı Ocaq görüşləri, əməlləri millətimizin gələcəyi üçündür. Bu gün etdiklərimiz millət üçündür, bəşər üçündür. Ocaqçı bacı-qardaşlarımdan (eləcə də özümdən) daha çox çalışqanlıq umuram, daha çox doğmalıq umuram. Çünkü Yurdumuzun bugünkü günündə bizim birliyimizin, qüdrətimizin artması hər zamankından daha çox gərəkdir. Özümdən də, doğmalarımdan da umacaqlarım çoxdur. Bizim həyatdan, ayrı-ayrı yerlərdən qopub Ocağa gəlməyimiz ömrümüzü necə diriltdisə, yaratdısa, diriləcək, yaradılacaq, yaranacaq ömürlər var. Onlara Atanın harayının yetməsi üçün çalışmalıyıq. Ataya, Ocağa layiq olmaq üçün.
Atalı olmaq fərəhim – Ocaq düşüncələri, duyğuları, əməlləri ilə bağlıdır. Artdıqca artan.
Atamız Var olsun!

Soylu Atalı: İnsanlar bəzən elə bilirlər ciddi işlər görürlər. Ancaq dərinə getsən, ciddi iş gördüyünü sanan adam özünə inanmır. Üzdə olub iş görən görüntüsü yaradan adamların ömrünü ciddi araşdırsanız görərsiniz, onların bütün varlığı sanki tükdən asılıdr. Niyə? Məsələn, ədəbi bir tədbir keçirirlər. O tədbirdə gözləyirlər iki yüz adam yığışa, bunlar da orda nəsə söz deyələr. Birdən görələr, o iki yüz yerinə on iki adam gəlib. İnanın, dəli kimi olarlar. Özlərini yalqız duyub sarsılarlar. Niyə? Adamlar kütləvilik yaradanda güclü ortam kimi görünür. Kütləvilik yaranır, bir yerdə olurlar. Orda özlərini güclü sayırlar. Halbuki ora toplaşanların hamısının ağzı əyridir. Heç birinin yönü bütöv deyil, düz deyil. Heç biri əməl adamı deyil.
Bir var, biz Ocaq mərasimi keçiririk beş-üç Ocaqçıyla. Bir var, mən gedib görüş keçirirəm 50 öyrənciylə. O 50 öyrənci mənə heyranlıqla qulaq asar, ancaq mən o 50 öyrənciylə bir deyiləm. Mənim onlara dediyimin marağındadırlar sadəcə. Onlar mənim dediymi demir, yaşatdığımı yaşatmır. Ancaq mənim üçün önəmli olan mənim dediyimi deyən, yaşatdığımı yaşadandır. O çox olmur. Ona görə hər zaman olduğu kimi yenə o düşüncəyə gəlirəm, bizə quru say gərək deyil, Ürək gərəkdir. İdrak, mənəviyyat məktəbindən bəhrələnib ona qarışan gərəkdir. Atanın çağında da adamlar çox olub. Ocaq mərasiminə gah gəliblər, gah gəlməyiblər. Gah gəlib, gah gəlməməyi başa düşərik. Biz “Ata Günü” Mərasimini niyə bu günə saldıq? Ocaqçılar gələ bilmir. Yəni işdən icazə həmişə alırlar. İşdən icazə almaq olmur. İş yiyəsi kapitalistdir. Hamı öz işindən kapital toplamaq istəyir. Ona görə istisna eləmişik. Əgər Ocağın doğruçu sayı bir az çox olarsa, onda eybi yox, yarısı gələ bilməsə də, yarısı gələr. Mərasimi yenə çağında eləmək gərəkdir. Vaxtı dəyişmək ölçü deyil. Gələcəkdə belə hal gələnək halını almamalıdır. Belə bir ölçü yoxdur.
Doğrudan da, gərək Atanın ortamını dərk eləyən, yaşadan olsun. Atanın ortamına zərər verən, oyun oynayan olmasın. Neyləyirik 50 adamın oyununu. Bütün vaxtın gedər oyunlara, başın qarışar o 50 adamın oyununa. Özünü də, Atanı da, dünyanı da unudarsan. Bütün siyasi təşkilatların hamısı elədir. Onun içində olanlar özləri də deyirər.

Mənəviyyat ortamı kütləvi olmaz. 50 olanda belə fərdi olar. Çünkü bireysəl olmasa, kütləvi olsa, o ortam dedi-qodu ortamına çevrilir. O ortamdan mənəviyyat öyrənə bilməzsən. Ona görə Ocaq məsələsini ciddi öyrənmək gərəkdir. Onu yaxşı dərk eləmək gərəkdir. Ocağın qədrini bilmək, mənəviyyatın, idrakın qədrini bilmək gərəkdir. Ona görə Ocaq oxulundan bəhrələnmək, həm də Ocaq oxulunun ləyaqətini qorumaq. Ocağın oxulluğunu qorumaq gərəkdir. Hər kəsin burda qatqısı olmalıdır.

Ulusəs Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Ata Günümüz qutlu olsun. Soylu Atalı demişkən, tək demək ki, Ata böyük insandır, biz xoşbəxtik Atanı tapa bilmişik, bu Mütləqə İnamı doğrultmaz. Mən deməzdim, “biz dünyanı dəyişə bilərik” düşüncəsini yaşatmırıq. Ancaq hesab eləyirəm, biz yaşatdığımızı ifadə eləyə bilmirik. Qarşımızdakı insana çatdıra bilmirik. Mən deməzdim, biz tam dolmamışıq, ona görə danışa bilmirik. İçimizdə o qətiyyət, inam var. Mən demirəm, biz yüz faiz Atanı öyrənmişik. Hər halda böyük bir hissəsini bilirik. Ola bilsin, əhatə etdiyin ortama öz istəyini, inamını çatdırmaq üçün yenə də öyrənmək, Atayla, Ocaqla bir olmaq gərəkdir. Şəxsən öz ünvanıma deyərdim, bunun üzərində işləmək gərəkdir. Hərdən elə məqam gəlir, insan açılır, özündən asılı olmadan içindəkiləri verir. Doğrudan da, özünü inandırırsan, sən inanırsan, dünyanı dəyişə bilərsən. Ona görə də insanlarla görüşmək gərəkdir, təbii. Şəxsən mənim insanlarla görüşüm məhduddur. Az anlar olub mənim həyatımda. Bununla belə, o anlardan da insan qanadlanıb uçur. Doğrudan, o böyük bir xoşbəxtlikdir. Özümə arzulayıram, elə günlər tez-tez olsun. Mən, doğrudan da, qarşımdakı insanı, şəxsən özümü inandıra bilim. Öz sözlərimlə inandırım, doğrudan da, dünya dəyişilməlidir. Mən bunu eləmək istəyirəm. Ata qarşısında borcluyuq. Ata qarşısında səcdə qılıram.
Atamız Var olsun!

Soylu Atalı: Dünyanın dəyişməsi insanın gerçək, fiziki həyatına bağlı deyil. İnsan dünyanın dəyişməsində iştirak eləyə bilir. Yaşayanda da, öləndə də. Adamın ömrü elə qurulur, onun ömrü dünyanın dəyişməsində iş görür. Sağlığında özün insanlala üz-üzə gəlirsən, insanlara öyrətmənlik eləyirsən, öləndən sonra sənin yaratdığın ömür, mənəviyyat insanlara öyrətmənlik eləyir. Biz bu gün “Ata Günü” Mərasiminə yığışmışıq. Atanın ömrü iş görür. Atanın sağlığında fiziki ömrü iş görürdü, öləndə də yaratdığı, qurduğu ömür iş görür. İnsanın, ömrünü qurandan sonra, dünyanın nizamında, gedişində həmişə qatqısı ola bilər.

Göylü Atalı (Ataya səcdə edib. Bayrağı öpür – T. A.): Atanın varlığından duyduğum sevinci, səcdəni, doğrudan da, ifadə eləməyə sözümün gücü yetmir. Mən illərdir, hər dəfə mərasim gələndə, çalışıram Atanı ifadə edəcək söz deyim. Hər dəfə o gücü, tam olaraq, özümdə görə bilmirəm. Bəlkə də bəlli sözlərlə ifadə eləmək olar. Ancaq içimdəki o qürur var, onu, doğrudan da, sözlə ifadə eləyə bilmirəm. Ata Asif Atanı özü yaratdı. Həm də Asif Atanı yaratmaqla Atalıq ölçüsünü yaratdı. Atalıq nə deməkdir, nələri ifadə eləyir? Belə bir ölçü yaratdı, eyni zamanda Evladlıq ölçüsü yaratdı. Evlad kimdir, necə olmalıdır, nələrə qadir olmalıdır? Mən bu ölçünü dərk eləyirəm. Ancaq onu nə dərəcədə yaşadıram, bu məni qane eləmir. Məsələn, bir neçə il öncə Yolu indiki kimi dərk eləmirdim. Ancaq sevgi bir başqaydı. Bu gün ola bilər, idraki cəhətdən nələrisə daha çox dərk eləyirəm. Ancaq görürəm, o əzm azalıb, bəlli şeylər var, adiləşibdir həyatımda. Özümə inanmaq, güvənmək istəyirəm.
Atamız Var olsun!

Soylu Atalı: Söz-hünər-əməl birliyi. Bunu demək istəyirsən. Hünər sözlə əməlin arasında durur. Sözlə əməli birləşdirir. Sözlə əməli birləşdirən hünərə biz qüdrət deyirik. Ona görə sözü tanımaq gərək. Sözün arxasında durmaq, onu işə çevirmək gərək. Onu işə keçirə biləcək qüdrətə yetmək gərək. Bunun üzərində illərlə işləmək gərək.
Ocaq elə bir tarix yaradır, gələcək üçün öyrəniləsi, dərk olunası qapılar açır. Bu gün tədbir keçiririk. Bu tədbirdə elə məsələlərə toxunuruq. Bizi rahatsız eləyən, yönəldən, ayağa durğuzan məsələlərə toxunuruq. Sonra bunları biz yazırıq, yaradırıq, tarixə çeviririk, arxivə çeviririk. Çox böyük sorumluluq var burda. Çox böyük nizam var həm də. O nizamın arxasında duraraq, özünü onun yiyəsi kimi böyütmək gərəkdir. O nizamı tanımaq, bilmək, yaratmaq, qorumaq. Evladın öz üzərində işləməsi, özüylə döyüşməsi o xəttin üzərində yerləşir. Sənin böyük şəxsiyyət olmağın sənin özünün fərəhli yaşamağın üçün gərəkdir. İnsan olaraq varlığını təsdiq eləmək üçün gərəkdir. Eyni halda insanlıqdan ayrılmış həyatın ləyaqətini təsdiq eləmək üçün gərəkdir. Bundan böyük məna yoxdur yaşamaqda. Başqa cür yaşamaq biolojidir, heyvanidir. El arasında belə deyim var, “axşam axura, səhər naxıra” deyirlər. Ömürdə məzmun yaranmır. Gərək axur, naxır bizim, bioloji olaraq, mövcudluğumuzu qorumaq aracı olsun. Qalan ömrün bütün məzmunu böyük işlərə yönəlsin. Onu şəxs özü yönəldir. Mürşüd şəxsin ağlının gözünü açır, ürəyinə işıq salır. Özü o işıqda ömrünü yönləndirir. Heç kimi qıraqdan böyük eləmirlər. Qıraqdan ancaq yön verirlər. Onu bilərək, dərk eləyərək addımı atarsan, hədəfə qovuşarsan.
Atanı sevmək, Ataya səcdə eləmək bizim ürəyimizin, mənəviyyatımızın mürşüdə olan münasibətidir. O insana yaxşı bir hal verir. Mənə həmişə yüksək əhvallar bağışlayıb belə şeylər.

Ömürtay Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Hər dəfə tədbirdə iştirak elədikcə, kitab oxumaqdan daha yaxşı dərk eləyirəm Ocağı. Asif Ata haqqında nə qədər danışılsa da azdır. Gərək buna hazır olam.

Atamız Var olsun!

Soylu Atalı: Sənin ciddi bir saflığın var. Mənə elə gəlir, sənin saflığın böyük addımlar atmağına səbəb verə biləcək saflıqdır. Bəzən saf adamlar görürəm, həyatdan gələn. Bu azdır, çünkü bunda bir gözüyumululuq olur. Ancaq bir də var, düşünən, qanan saflıq. O etki göstərən saflıqdır. Bəzən bu olmur. Ancaq insanlarda yaxşı bir idrak imkanı olur. O idrak imkanları insanlara saflıq gətirir. Bir də var, saflıq özü idrak olanaqları açır. Belə hallar insanlarda fərqli cəhətlərdir. Ümumən adam özünün saflığıyla yüksək idraka yetirsə, onun böyük addımları başlaya bilir. Böyük addımlar da dünyanın dəyişməsinə girişməkdir. Dünyanın dəyişməsinə girişmək özünün dəyişməsinə başlamaqdır əslində. Ona görə bayaq vurğu elədim. Bir daha vurğu eləyirəm, Ata məzmunu dəyişməyə gəlib. Təkcə biçimi deyil. İnsanın, Allahın, həyatın məzmununu dəyişir.

Üstün Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Ata Günümüz qutlu olsun. Mərasim mənim üçün qutsal bir and yeridir. Bu gün bir az gecikdim, səbəb yas keçirən birinin mənə ehtiyacının olmasıdır. Hesab edirəm, bu da mərasimdən az məsələ deyil.
Yol boyu düşünürdüm. Ata haqqında, Atanın Yolu, kimliyi haqqında. Ata bizə elə bir inam verdi ki, o inamı daşıyan ürəklər heç vaxt susmamalıdır. Atanın ömrü haqqında, dedikləri haqqında düşünəndə baxıram, mənim dediklərim çox azdır. Ancaq istəyirəm Atanı dərindən öyrənim, Onun dərin qatlarına gedim. Bəzən xeyli oxuyuram, görürəm bir cümləni belə tutmamışam. Bəzən də iki cümlə oxuyuram, düşüncələr məni aparır. Yenə də Atanı dərk eləməyim özümün ruhsal halımla bağlı olan bir şeydir. Yəni mən halımı sabit saxlaya bilsəm, onda Üstünlüyümü qoruya biləcəm. Atamız Var olsun!

Soylu Atalı: Sən indiyə qədər mərasimlərə nə gecikməyibsən, nə də qalmayıbsan. Bu ciddi bir üstünlükdür. Ancaq nə vaxtsa, səndən asılı olmadan, mərasimə qatılmazsan, bu hər kəsin həyatında az olan bir şeydir. Ola bilər, bu hansısa məqamda olsun. Əlbəttə, biz o məqamı bilərək yetirmirik. Elə olur qaçılmaz olur. Ancaq bu sözünlə razılaşmıram ki, kiminsə sənə ehtiyacı var deyə mərasimə gecikəsən. Sənin Ocağa daha çox ehtiyacın var. Çünkü Ocaq bütün bəşəriyyətin ürəyinin ağrısını sağaldan bir oxuldur, təkcə yas keçirən bir adamın deyil. O adamla öncədən də görüşmək olardı. Bir adama təsəlli vermək Ocaq mərasimini kölgələməməlidir. İçində o hal yaranmamalıdır. Yenə deyirəm, hansısa bir qaçılmazlıqdan tədbirə gəlməmək halı yarana bilər. Ancaq mən istəmirəm sizin içinizdə elə düşüncə yaransın ki, filan iş daha önəmli idi. Asif Atanın mərasimindən daha önəmli bir şey yoxdur. Bu içinizdə tam oturmalıdır. Üstün bu vaxta qədər, ola bilər, hansısa tədbirə qatılmayıbdır. Mənim yadıma gəlmir. Gecikdiyini də xatırlamıram. Bu bir üstünlükdür. Ancaq bu üstünlük bütöv bir üstünlük deyil, təbiidir. Üstünlük daha böyük ruhsal qırım yaratmaqla artır. Hər kəsin ömründə hansısa bir üstünlüyün olması yaxşı şey olsa da, o yetərsiz sayılmalıdır. Əgər yetərsiz sayılmazsa, onda arxayınçılıq olar. Məsələn, elə bir sorumluluq Ocaqçılardan Nurtəkində var, Göylüdə, Ulusəsdə var. Bunlar yaxşı hallardır, ləyaqətli məsələlərdir. Ancaq daha böyük məsələlər var, o sizi böyük mübarizələrə çağırır. O məqamlarla bir olmaq gərəkdir, yetərlənməmək gərəkdir. Mən bu vaxta qədər Ocağın bir tədbirində olmamışam. Onda da fiziki cəhətdən özümdə olmamışam.

Nurtəkin Atalı: İki dəfə olmayıbsan. Bir Atanın dönəmində, bir də Atadan sonra.

Soylu Atalı: Mən o çağlar Atanı ağır xəstəlikdən qurtardım. Onun dalınca Ruhtayın ölümcül xəstəliyi başladı. Gecələr işləyirdim. Gündüzlər həm Ocaqla məşğul idim, həm də Ruhtayla. Bir həftə yalnız mürgülədim, yatmadım. Eyni zamanda bir həftə ancaq yavan çörəklə şirin çay içmişəm. Vaxt eləyib özümə bir tikə yemək hazırlamamışam. Mərasim günü Atanın evinə getdim. Dəhlizə girəndə gördüm başım möhkəm fırlandı. Dayanıqlığımı itirdim, yıxıldım. Fiziki gücüm qalmamışdı. Bir də ordan çıxandan sonra, xəstəxanıya gedəndə, gördüm artıq yeriyə bilmirəm. Birtəhər 5 saylı tramvayla özümü çatdırdım Gənclikdə qaldığım kirayə evə. Bir dəfə də gecə zəhərlənmişdim. Səhərə yaxın qonşu apardı xəstəxanaya. Sistem qoydular, dedilər, get uzan. Bu mənim qoçaqlığım, cəngavərliyim anlamına gəlmir. Bu o anlama gəlir ki, Ocaq ləyaqətini yaşatmaq, qorumaq, yaşamaq gərəkdir. Mən bununla nəfəs alıram.

Güntay Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Ocaq mərasimləri özünəxas bir ağırlıq duydurur. Düşüncəsini ifadə eləyə bilməyən adam üçün daha da ağır olur.
“Ata Günü” mərasimimiz qutlu olsun. Soylu bəyin danışığında özümə, ölçü olaraq, çox gözəl məqamları aydın elədim. Məsələn, Ata böyük şəxsiyyətdir, bizim bəxtimizə düşüb. Belə məsələlərdən daha çox, ciddi anlamda Atanı təqdim eləmək gərəkdir. Mən şəxsən çox sevinirəm, çox böyük qürur hissi keçirirəm, Ocağı tapdım. Çox sevinirəm Ocaq mənə Güntay adı verib, gələcəyin işıqlanmasında, qurulmasında iştirakçılardan biri eləyib Ocaq məni. İndi oxuldan öyrənib özümü böyütmək, özümü təsdiq eləmək, Ocaqçı kimi, mənim boynuma düşür. Gələcəyə əsaslı şəkildə ümidim var. Ümidim öz yurdumun işıqlanmasından başlayır. Yurdumu Ataya dayanaraq sabahlı görürəm. Ona görə dünyanın gələcəyinə böyük ümidim var. İnanıram, Ocaq öz təsdiqini tapacaq. Artıq Ocağın sorağı uzaqlardan duyulmaqdadır. Ocağın prinsiplərini dünyaya təqdim eləmək üçün öz yaşamımızı dəyişməliyik. Bu yolda irəliləyəcəyimə inanıram. Ona görə yaşasın Ata deyirəm.

Atamız Var olsun!

Soylu Atalı: Ruhsal idrak oxulu, doğrudan da, işıqlı gələcəyin açarını verir adamın əlinə. Həyata bac vermədən, onun məzmununu dəyişmək, özünün məzmununu dərk eləmək hər yerdə baş vermir. Onu ancaq ruhsal oxullarda öyrənmək mümkündür. Demirəm, başqa ruhsal oxullarda yaxşı şeylər olmayıb. Heç vaxt da deməmişəm. Hər oxulun özünəxaslığı olub. Özünün etkisi olub, bəlli bir yerə qədər də işini görüb, sözünü deyib. Bəs niyə ancaq Ata deyirik, Atanın ortamından bəhs eləyirik?! Çünkü zaman, yol, ortam Atanındır. Ata deyəndə Atadan öncəki yaxşı şeyləri inkar eləmirik. Bizdən öncəki ruhaniyyatlara çox aşağılayıcı səviyyədə yanaşanlar olur. Mən istəmirəm Ocağın içində elə əhvallar olsun. Mən öz dediyim sözün də sorumluluğuna girməyə çalışıram həmişə. Biz yaxşı şeyləri inkar eləmirik. İnkar olunası şeyləri inkar eləyirik. Bəşəriyyət təkcə Asif Atadan başlamayıb. Asif Ataya qədər də axtarışları olub. Ata özü də bəşəriyyətin axtarışlarından biridir. Yəni mütləq sonluq deyil. Düzdür Asif Atanın insanlaşma çağırışı var. Ölçü məsələsi var. Bu ölçü heç bir vaxt bəşəriyyətin ağlından, düşüncəsindən qırağa duran deyil. Atanın üstünlüyü də odur ki, insanlaşdırmaqdan yapışıb. Ölçü kimi insanlığı ortaya gətirib. O şey ki, dünyanın nizamı üçün açardır, onu ölçü kimi gətirib. Ancaq bu o anlama gəlmir ki, Asif Atadan sonra kimsə haray çəkməyəcək. Çəkəcək, ancaq bu ölçünü inkar eləməyəcək. Biz elə möhür vurmuruq. Asif Ata gəldi, hər şey qurtardı demirik. Tərsinə, biz deyirik, Asif Ata gəldi, hər şey bundan sonra başlayacaq. Əslində Asif Ata son deyil, başlanğıcdır. Əbədi yenilənmədir. Bunu dərk eləmək gərəkdir. Ona görə Asif Atanı inkarçılıq dəyənəyinə çevirmək yolverilməzdir. Bizim zərərimizə olar. Babəkin adını çəkirik. Məgər Babək bizim idealımızdırmı? İdealımız deyil axı. Ancaq biz Babəki inkar eləmirik. Nəinki inkar eləmirik, sevirik də. Ancaq Babək bizim ölçümüz deyil. Bizim ölçümüz Asif Atanın dediyidir. Ancaq Babək tarixdə söz deyib, möhürünü vurub. Asif Atanın başlaması üçün stimul verib. Ondan min il sonra Asif Ata başlayıb. Ya da o birilər. Təkcə Azərbaycana bağlı dəyərləri demirik, bəşər xalqlarına bağlı dəyərləri də deyirik. Asif Ata bəşəriyyətin keçdiyi yolu inkar eləmirdi. Buddanın yaxşı ideyalarından danışırdı. Ancaq bir də görürdün deyirdi, Budda yaramadı bəşəriyyətə. Niyə? Bu ziddiyyətdirmi? Deyil. O deyirdi, biz bəşəriyytin axtarışlarını inkar eləmirik. Ancaq bəşəriyyətin onda dayanmasını rədd eləyirik. O niyə birdən elə deyir? Anladır ki, o, Buddanın gözəlliklərindən danışanda sənin ağlın çaşmasın. Onu sənə ölçü kimi vermir, onu sənə bəşəriyyətin axtarışlarının tarixi xarakteri kimi verir. Biləsən ki, bəşəriyyət dünən yaranmayıb. Biləsən, bəşəriyyətin tarixinə biz göydən zənbillə düşmədik. Bəşəriyyətin axtarışlarının sonucunda ortaya çıxmışıq. Bu çox ciddi məsələdir. Ziddiyyətli deyil. Gərək ziddiyyətli görünən məqamların anlamını dərk eləyəsən. Mən də sizin haqqınızda danışıram. Ocaqçıların ləyaqətini, zəhmətlərini görürəm. Ancaq bir də görürsən Ocaqçıların ətalətini, geriləməsini, geri qalmasını vururam. Bu sənə haqq vermir, indiyə qədər yaxşı işlər görübsən, indi dayanasan. Mən sənin geriləmələrini həmişə döyəcəm. Ancaq sənin ləyaqətini heç vaxt unutmayacam. Bu ziddiyyət deyil. Mən səni vurmuram. Sənin geriləməyini vururam. Sənin ləyaqətini qoruyuram. Bax, bu Asif Atanın prinsiplərində başlıca öyrəniləsi cəhətlərdən biridir. Bu cəhətləri öyrənib, dərk eləyəndən sonra onu yaşatmaq daha rahat olur, gözəl olur. Çünkü nə qədər uca söz deyirsən de, o sənə fərəh verməyəcək. Fərəh nə vaxt ötəri olur, nə vaxt yaşarı olur? Fərəh o vaxt ötəri olur ki, sən onu söz kimi bir məqamda bilirsən, yadına düşür, deyirsən. Fərəhlənirsən, için sevinir ki, belə gözəl söz var, mən onu tanıdım. Fərəh o vaxt yaşarı olur ki, sən bu sözün hünəriylə, əməliylə yaşayırsan. Onda o sənin içində tükənməz bir fərəhə çevrilir. Daha doğrusu, fərəh axınına çevrilir, fərəh məqamına çevrilmir. Ona görə onu ömürə gətirmək ölçüsünü ciddi qəbul eləmək gərəkdir.
Həyat çətindir. Həyatı çətinləşdirənlər var. Süni çətinçilər var. O özünü zamanın məngənəsinə atanların işidir. Hər kəs özünü zamanın məngənəsinə atır. Günlərin bir günü zaman ona pis dərs verəcək. Elə dərs verəcək ki, sənin varlığını məhv eləyəcək. Asif Ata sənə gözəl dərs verir. Səni qurtarır. İnsan özünü zamanın məngənəsinə buraxmamalıdır. Biz çətinçilərin yaratdığı zaman məngənəsini rədd edirik. Özümüz öz ləyaqətimizin yönünü bəlli eləyirik. Bizim ləyaqətimizi yönəltmirlər. Onu biz yönəldirik, yetiririk. Biz həyatın tələblərini, ona boyun əyərək, ödəməməliyik. Həyatın tələblərini, onu yenərək, ödəməliyik. Biz kimdənsə asılı olaraq var ola bilmərik. Biz özümüzdən asılı olaraq var ola bilərik. Ona görə də hesab eləyirik ki, özümüzün ayaqda durmağımızı təmin eləyən bir maddi ortam da yaratmalıyıq. Günev ordan dişiylə, dırnağıyla məbədin işini görür. Ocağın məbədləri olmalıdır. Eyni zamanda, düşünürəm, siz maddi həyata yenilməməlisiniz. Ocaq yeriyə bilməlidir.

Ömürtay Atalı: Soylu bəy, bir sual vermək istəyirəm. Nə qədər cərəyan var. Bunların əsası, kökü nəyə dayanır? Biz Ocaq olaraq onlara necə münasibət bəsləməliyik?

Soylu Atalı: Biz Ocaq olaraq onların heç birini qəbul eləmirik. Əsasımız var qəbul eləməməyə. Deməli, İranda Babçılıq baxışı olub. Babçılıq Babın adı ilə bağlı olub. Onun hədəfi əslində yeni dindir. Bir az məzdəkiliyə dayanır, bir az xristianlıqdan, islamdan nələrsə olub. Yəni o özü müstəqil bir xətt deyil. Onlardan ayrı-ayrı çalarları birləşdirməyə çalışıbdır. Yeni bir baxış kimi ortaya çıxmağa çalışıb. Bəhaullah onun tələbələrindən biridir. Babdan sonra özü müstəqil bir hərəkat yaratmağa çalışdı. Onun da məqsədi bu dinləri barışdırmaqdır. Dinlərin barışdırılması üzərində guya bəşəriyyətə yeni bir ölçü verəcək. Ancaq bütövlükdə nə islamı, nə xristianlığı qəbul eləmirlər. Onları barışdırmaq, yəni bəşəriyyətin bir dini olar. Allah birdirsə, dinləri də bir olmalıdır. Bu da ayrı-ayrı dinləri barışdırmaqla mümkündür deyirlər. Ancaq bu, özünü doğruldan deyil. Yəni iki yalanın birləşməsi həqiqət ola bilməz.

Ömürtay Atalı: Səhv eləmirəmsə, Bəhaullahı axırıncı peyğəmbər kimi qəbul eləyirlər.

Soylu Atalı: Yeni peyğəmbərlərin yaranması çox olub. Ancaq bir var yeni ideya ilə gələn, bir var köhnə baxışlar üzərində oyunbazlıq açanlar. Onların sayı Məhəmməddən sonra çox olub. Bunların heç biri hansısa ideyaya dayanmayıb. Təbiidir ki, özünü uydurub. Belə adamlar çox olubdur. Bizim zamanımızda da olublar.
“Ata Günü” Mərasiminin məzmunuyla bağlı sözümüzü dedik. Atanı özümüzə anlatmağa çalışdıq. Hətta Ocaqçı özünün ruhsal aqibətindən danışanda belə Atadan danışır anlamına gəlir. Çünkü biz, Atanın Evladları olaraq, həm də Atanın əsərləriyik. Sənin özündən danışmağın əslində Atanın ruhsal əsərindən danışmaq anlamına gəlir. Özünün Ocaqçı olaraq kimliyindən danışmağın. Bu cəhətdən “Ata Günü”ndə Atadan danışmaq yalnız Onun şəxsiyyətinin böyüklündən birxətli olaraq danışmaq deyil, çox xətli danışmaq anlamı da daşıyır. Çox xətliliyini də dedim.
Nə etməli, Atanı sevməkdə, yaşatmaqda sarsılmamaq üçün? Məncə, hər bir fərd gündəlik az-çox anlamda mütaliyə etməlidir. Təkcə Atanı deyil, ayrı-ayrı çağların ləyaqətini ifadə eləyən böyük kitablardan da oxumaq olar. Oxuyub yazmaq gərək. Ocaqçılar arasında polemik söhbətlər aparmaq gərək. Polemika mədəniyyətini yaratmaq gərək. Hələ Ocaqçılar arasında polemika mədəniyyəti bütöv deyil. Məsələn, mən bilirəm, Ocaqçılar bəzən bir məsələni müzakirə edəndə mübahisə səviyyəsinə qalxırdı. Mənim dediyim doğrudur deyə israr var. Bir-birinin dediyini əsaslandırmağa çalışmaq, aydınlaşdırmağa çalışmaq gərək. Əsaslandıra bilməyəndə qovğa yaranır. Yəni polemika mədəniyyəti yaratmaq gərəkdir. Polemika mədəniyyəti yaxşı aydınlaşdırıcı, araşdırıcı olmaq tələb edir. Bəzən mən gündəliyimdən suallar oxuyuram, məqsədyönlü şəkildə sullar verib inkaredici mövqe yaradıram. Görürəm, əsaslandırma azdır. Özüm bilərəkdən qovğa yaradıram, əsaslandırmağınızı istəyirəm. Əsaslandırmaq gücü zəifdir. Bunu gərək boynumuza alaq.
Mərasimimizin sonuna gələk. “Ata Günü” mərasimimiz qutsaldır. Atanın ruhsal kimliyindən söz açırıq, onu özümüzə dönə-dönə deyirik, Atanın dediyinə özümüzü kökləyə bilək, Asif Atanın prinsipləriylə möhkəmlənə bilək. Eyni zamanda biz Asif Atanınn ruhsal əsəri olan Asif Ata Evladı haqqında da deyə bilərik, hər kəs özü haqqında da deyə bilər, özünün çatışanı, çatışmayanı, fərəhini-filan, bu da Asif Ata haqqında sözdür. Bu gün də bir az bənzəri oldu. Ancaq özünü qınamalar fəlsəfi anlamına yüksəlmir. Başqa sözlə desək, özüylədöyüş səviyəsinə yüksəlmir. Özüylədöyüş səviyyəsinə yüksəlməlidir. Fərəhli artımlar, böyümələr olmalıdır. Ocaqçı insanlarımız öz gözündə böyüməlidir, özünə inamı artmalıdır.
“Ata Günü” mərasiminin bizə dediyi ruhsal söz bu gün bundan ibarət olsun. Yeni-yeni düşüncələr diləyirəm sizə. Əsaslı düşünmək, əsaslı öyrənmək, doğrudan da, fərəhli ömür yaratmaq. Nə qədər çətinliklərlə çevrələnsəniz belə, ağlınızı, düşüncənizi həyatın çətinliklərinə tapşırmayın. Öz ixtiyarınızda saxlayın. Əliniz, əməyiniz qoy həyatın tələblərini ödəməklə məşğul olsun, ürəyiniz, ruhunuz Ocaqla məşğul olsun.

Ocaq Yükümlüsü Nişanələri Yol sözü ilə Ocaqçılara sundu.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Mərasim sona yetdi.

 Xəzan Ayı, 39-cu il.
(oktyabr, 2017).

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir