Xəbərlər

Qutsal “Bəşərilik” Bayramında deyilmiş fikirlər

Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

Qutsal “Bəşərilik” Bayramında deyilmiş fikirlər

 Ocaq Günsırası ilə 12 Sərt Ayı, 38-ci ildə (dekabr, 2016) İnam Evində qutsal “Bəşərilik” Bayramı keçirildi. Bayram quralları yerinə  yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözünə başladı: Müqəddəs Günümüzə başlayırıq. Asif Atanın Mütləqə İnam Ocağının ildə bir yol keçirdiyi Bəşərilik Bayramı üstə bir neçə kəlmə söz söyləmək istəyirəm. Söz deməzdən öncə Ataya səcdə qılıram (Ataya səcdə edib, Bayrağı öpür – T. A.). Bu tədbirimizə ilk yol qatılan qonaqlarımız var. İstəyirəm onlar üçün bəzi məqamları deyəm. Burada, yəni bugünkü tədbirdə Asif Atanın bütün ideyaları, təbii ki, açılmır. Yəni konkret olaraq, tədbirin özünə xas biçimi var, anlamı var. Ona görə şübhəsiz ki, suallar doğa bilər. Bu suallara söhbətimizin sonunda cavab verib düşüncələrimizi bölüşəcəyik.
Gələnəksəl tədbirlərdən fərqlidir bu tədbir. Çünkü biz konkret ideya üstə düşünürük, ideya üstə söz deyirik. Bununla bağlı mən sizə bir neçə kəlmə bilgi vermək istəyirəm. Ondan sonra tədbirin anlamına giriş eləyərik. Asif Ata “Düşündük, daşındıq, Ocaq Yolu tutduq” deyərək, öz Ocağını başlayanda, qarşısına qoyduğu bir sıra hədəflər oldu. Bu hədəflər sonradan yeni-yeni ideyalar doğurdu və o ideyalardan biri də Bayram ideyası oldu. İnamın öz bayramları var. Bu bayramlar bütövlükdə İnsanlığın, Bəşəriyyətin varlığını dərk eləmək xətti götürür. Həm varlığını dərk eləmək, həm də onun ləyaqətini, anlamını tanıyaraq sevmək, bayram eləmək səviyyəsinə gətirib çıxarır. Bəşərilik bir mənada İnsanlıq anlamıdır. Bir var bireysəl keyfiyyət kimi İnsanlıq, bir də var xalqların bəşəri anlamı kimi. Yəni İnsanlıq bireyə dayanıb qalmır. İnsanlıq bütövlükdə bəşəri keyfiyyət olduğuna görə Bəşəriliyin özünü də İnsanlıq adlandırırlar. Biz bunları ayrı-ayrılıqda bayram edirik. Həm İnsanilik Bayramı, həm Bəşərilik Bayramı keçiririk. Niyə keçiririk biz bu bayramı, nədir bu bayramın anlamı? Bunu deməzdən öncə bəzi çatışan, çatışmayan məqamlara diqqətinizi yönəltmək istəyirəm. Asif Ata İnsanın, İnsanlığın sorunlarını taktik məsələlərdə görmürdü və götürmürdü. O, bunları qlobal olaraq düşünürdü və qlobal olaraq da həll yolu axtarırdı. Necə eləyək ki, İnsanlığın xilasını hansısa bir sıfır nöqtəsindən tərpədə bilək? Bəzən biz bunları deyəndə bir sıra soydaşlarımız qəribə baxırlar. Deyirlər görəsən Asif Atanın sözünü deyən bir qom adam nəyə uğraşacaq? – Biz də deyirik, ideyanın gəlişini yəhudilərdən və ingilislərdən gözləməyin. Hökm deyil ki, ideyanı ancaq yəhudilər və ingilislər versin. İdeyanı bu millət öz içindən verməliydi, verdi də. Bu millətin ideya verməməyə haqqı yoxdur. Bu millətin ortaya gələn ideyanı götürməməyə də haqqı yoxdur.


Asif Ata deyir din insana qarşıdır. Bütün siyasi-ictimai doktrinalar insana qarşıdır. Asif Ata deyir, hətta çağdaş dövlət quruluşu insana qarşıdır. Yəni çağdaş dünyəvi dövlət insana qarşıdır. Niyə qarşıdır? Dövlət Quruluşun tələblərini həyata keçirir. Quruluş kapitalizmdir, pulçuluqdur. İnsanın varlığına münasibət pulla hesablanır və ölçü bütünlüklə pula dayanır. “Bacarana baş qurban” prinsipi yeriyir hər yerdə. Bir vaxtlar sovetlərdə bəzi üstünlüklər var idi. Başqa dövlətlərdə də var idi. Onu da artıq tam yerinə yetirmirlər. Yəni çolağa, əlilə, vətən uğrunda döyüşüb nələrinisə itirənə əl tutmalar yavaş-yavaş sıradan çıxarılır. Niyə? Quruluşun tələbi budur. Çox sürəkli olaraq təbəqəçilik əmələ gəlir. Təbəqəçilikdə biri asıllıq yaradır, biri asıllığa düşür. İnsana qarşı ən yüksək səviyyədə amansızlıq həyata keçirilir. İnsan hər şeyə qurban verilir. Heç bir dönəmdə sivilizasiya insana yardım eləmir. İnsan üzərindəki ağalığa yardım eləyir. Asif Atanın fəlsəfəsində demokatiyaya yönəlik fikirlər var. Çox insanlar bunu başa düşmürlər. Demokratiya çox insana şirin gəlir. Halbuki, demokratiya deyilən bir humanizm yoxdur. Avropa erasından öncə, Quldarlıq çağında, Afinada yaranan demokratiya nəydisə, bu gün də odur. O çağlarda demokratiya Quldarın mənafeyini, hüququnu qoruyurdu. İndi Kapitalistin hüququnu qoruyur. Dünyanın hər yerində belədir, ayrı-ayrı üzdəki parıltılar məni aldatmır şəxsən. Söz azadlığı yaxşı şeydir. Ancaq məsələ demokratiyanın ortaya atdığı söz azadlığıyla bitmir. Baxın görün, söz azadlığının arxasında nələr var? Söz azadlığının arxasında insan mənliyi formalaşmır. Hər kəsin hüququ bərabərləşdirilir sürü şəklində. İnsan maariflənmir, insan kimi özünü dərk eləmir, insana qayğı, diqqət ayrılmır. Ancaq insanın hüququ var. Hüquq quruca anlayışdır. Haqq deyil hüquq. Haqqın adı insanlıqdır. Dövlət quruluşu hüquq qanunları ilə yönətilir. Asif Ata deyir dövlət insani qanunlarla yönətilməlidir. (Asif Atanın Ruhani Dövlət ideyası var). Mən niyə bunu vurğu eləyirəm? Asif Ata sadəcə olaraq birtərəfli tənqid eləmir ki, bu yaxşı deyil, filan pisdir. Asif Ata ideya qoyub ortaya, sistem qoyub ortaya. Mən ona görə vurğu eləyirəm “Ruhani Dövlət” məsələsini. Ruhani Dövlət dini dövlət anlamına gəlmir. Ümumiyyətlə, ruhaniyyat məsələsi əslində dinin faktı deyil. Ruhaniyyat – həyatı insani qanunlarla nizamlamaq deməkdir. İnsanlığın bərqərar olduğu ortamdır Ruhaniyyat. Ruhaniyyat həyatı göylərə tapşırmaq deyil. Əgər dinin ixtiyarına verilibsə ruhaniyyat və din də bundan ehkam, cəhalət düzəldibsə, bu ayrı məsələdir. Asif Ata Ruhani Dövlətin bütün prinsiplərini yazıb da. Mən onları açmaq istəmirəm. Çünkü çox böyük vaxt tələb eləyir onlar. Sadəcə olaraq xatırlatmaq istəyirəm. Ümumən, Quruluş əslində insana gərək olan keyfiyyətlərin qənimidir və ölümüdür. Əgər biz Asif Atanın Ruhani Dövlət prinsiplərini açsaq, görərik ki, yeni sivilizasiya vəd eləyir.
Hər bir dövrün demokratiyası Quruluşa tabe olub, Quruluşun nəzəri ideolojisi olub. Quldarlıq demokratiyası olub, Feodalizm demokratiyası olub, Kapitalizm, Sosializm demokratiyası olub. Yəni Quruluşun nəzəri ideologiyası olub. Heç vaxt demokratiya deyilən anlayışdan sağlam humanizm gəlməyib yaşama. Bir daha vurğu eləmək istəyirəm, Asif Ata Ocağının mövqeyidir bu.
Söz azadlığı gözəl məsələdir. Ancaq insan söz azadlığının arxasınca gedib kamilliyə yetmir. İnsan mənəvi yetkinliyə çatmır, necə var elə qalır, elə saxlanılır, necə var elə qorunur. Hüquq budur. Vələdüznadır, onun da öz hüququ var. Yetkinindir, onun da öz hüququ var. Buradan sürü əmələ gəlir, millət əmələ gəlmir.
Bu gün informasiya dünyası var. O qədər informasiya bolluğu yaradıblar ki, kiməsə söz deyə bilmirsən. İnformasiyayla yüklənmiş adam özünü səndən ağıllı sayır. Deyir mən daha çox şey bilirəm. Əgər o hər an baş verən hadisələri – Sankt-Peterburqda kim kimin qarnına bıçaq soxdu, İstanbulda terrorda neçə adam öldü, Vaşinqtonda kim kimlə yarışıb qələbə çaldı, bunları bilirsə, deməli, o, böyük adamdır. Bu informasiya bolluğunun içərisində insani hikmət yerimir. İnsani hikmətin yeriməsinə çalışılmır da heç. Heç gərək bilinmir. Ancaq Asif Ata israrla, hələ sovetlərin dövründə, deyirdi ki, nəinki gərəkdir, onun uğrunda ciddi mübarizə getməlidir.
Dedik ki, dövlət quruluşu insana qarşıdır. Təkcə Azərbaycanı götürmürəm. Deyə bilərsiniz Azərbaycanda belədir,  başqa yerdə elə deyil. Heç kim mənə deyə bilməz ki, prezident hansısa ölkədə xalqın sevgisiylə seçilir və o, kapitalist deyil. Seçilən prezidentin milyardlarla pulu olmasa, ora seçilə bilmir. Gərək düzə-qoşa, komanda yarada, filan eləyə. Ona görə də Asif Atanın ideyası çox böyük üfüqlər açır insanın qarşısında. Dərk üfüqləri açır.
Asif Ata deyir din insana qarşıdır. Niyə qarşıdır? Bəşəriyyət inamsız yaşaya bilməz. Bu bəllidir. Ancaq inam gərək cəhalətlə yüklü olmasın, yalanla yüklü olmasın. İnam gərək həqiqətlə yüklü olsun. İnsan gərək özünü aldatmasın axı. Bunun da əsasında nə durur? Bunun əsasında birbaşa İnsan-Tanrı bağlantıları. Yalan bu münasibətlərdə oturur. İnsanla Tanrı arasında dəhşətli bir boşluq yaranır. Asılılıq yaranır. Tanrı İnsandan fövqəl yüksəkliyə qalxır. Ayrılır, uzaqlaşır İnsandan. İnsanın bənnası, ağası olur, sevdalısı olmur. İnsan ürəyini Tanrıya aça bilmir. Tanrıyla birlik yarada bilmir. Tanrı anlamından öz ömrünə mənəviyyat işığı götürə bilmir. Tanrı insana elə sunulur ki, insanın içi qaranlığa qərq olur. Ona görə Ata deyir ki, din İnsana qarşıdır. İnsana qarşı nə varsa, o aradan getməlidir. İnsanın yaşamından çıxmalıdır. Bilirsinizmi, bunu biz deyirik. Ola bilər ki, bizi eşidən insanlara bu bir fantaziya kimi görünsün, mümkünsüz görünsün. Ancaq Bəşər tarixində bu çağa qədər həyata keçirilən heç bir ideya boşdan yaranmayıb, təsadüfən olmayıb. Bəşəriyyətin həyatında dəyişiklik yarada biləcək ideyalar (hələ demirəm o ideya nə dərəcə qabaqcıldır, qabaqcıl deyil) bəşəriyyətin həyatında dəyişiklik yaradırsa, yaratmağa gəlirsə, o sıradan qəbul olunmur. Özü də böyük ideyalar bir ağılda yaranır, min ağılda yaranmır. Bəşəriyyətin həyatında dəyişikliyə səbəb ola biləcək ideya öncə bir ağılda yaranır və Bəşəriyyət öz həyatında dəyişiklik eləmək üçün o ideyalara üz tutur. Asif Atanın ideyası da odur. Bəşəriyyətin üz tutması üçündür. O demir ki, bütün dəyişiklikləri mən özüm eləyəcəm. O insana deyir ki, bu dəyişiklikləri sən eləyəcəksən. Bu ideyaları sənə ona görə verirəm.  Asif Ata sovetlər dönəmində bu ideyaları başlayanda hədsiz dərəcədə basqılara uğradı. Hələ indi durulmağa doğru gedir hər şey. Çox çətin olur. Nələr demədilər ona – dinsiz, imansız, hər şey. Asif Ata deyirdi, dinsizəm, ancaq inamsız deyiləm. Özü İnam yaradıb. O İnam ki, doğrudan da, insanı göylərə qaldırır. Bizim tariximizdə böyüklərimizin dediyi sözdən daha uca sözdür. Onların sintezini ortaya gətirdi. “Həqq” deyən insanlarımızın, böyüklərimizin zirvəsinə qaldırdı o ideyanı. İnsanda Allah var ideyasını arındırdı, durultdu. Məsələn, Asif Ata deyir “İnsan daxilində Mütləq gəzdirir”. Kimsə deyə bilər ki, Hürufilər də deyir İnsan daxilində Allah gəzdirir. Ata Allah sözünü Mütləq sözünə çevirib də. Burda fərqli nə var ki? – Elə deyil. Allah ideyasıyla Mütləq ideyası eyni deyil. Hətta Asif Ata öz fəlsəfəsində Mütləq ideyası öncəkilərdən necə fərqlənirsə, onu da açır. Deyirdi bu söz bizim söz deyil, bizdən öncə də olub. Ancaq bu sözün anlamı bizimdir. Hegelin, Platonun da Mütləq ideyası var. Ata bunlarla tutuşdurub izah eləyirdi öz Mütləqini.
İndi baxın, dinin bizə sunduğu Allah bizim təsəvvürümüzdə necə canlanır, necə obrazlaşdırılır? Konkret göyel (səmavi) dinlərin bizim şüurumuzda yaratdığı Allah. Musanın Rəbbi yəhudiləri yaradan bir Allahdır. Bizim millətin bu məsələnin fərqinə varmamasına diqqət yetirin. Bibliya deyir İsrailin, İbrahimin, Yaqubun Rəbbidir Allah. Allah “Tövrat”da bütünlüklə yəhudilər üçün çalışıb. Onları 40 il səhrada gəzdirib, çətinliklərdən çıxarıb, fironlardan xilas eləyib, gətirib bir millətə çevirib. Yaxşı, o vaxt türk yox idi? – Var idi. O çağlarda türklə bağlı bir kəlmə işlədirlərmi ki, Rəbb bir dəfə də dedi ki, türk, sən də gəl filan yerdən belə keç. Yoxdur elə şey. Ancaq yəhudilərlə bağlıdır hər şey. Sonralar Məhəmməd gəldi, həmin Allahı özünün Allahına çevirdi. Həmin Allah bütünlüklə ərəb qövmü üçün, toplumu üçün elədi nə elədisə. Axtarın görün orda türk var? Görün orada Bəşəriyyət var? Nə göstərişlər verilir, nə addımlar atılır – hamısı bütünlüklə ərəb üçün edilir. Ayrı-ayrı məqamlarda ki deyir bütün Bəşəriyyət mənim ümmətimdir, bu, məsələnin prinsipial, özül faktı deyil. Bizim təsəvvürümüzdə Allah budur. Özü də göylərin sultanıdır, hökmdarıdır. Yer padşahının prototipidir. Göylərdə əyanı var, vəkili, vəziri var. Mələklər ordusu var. Bizim təsəvvürümüzdə budur. Hürufilik çox böyük faktdır. Ancaq İslam dininin içindən çıxan bir təriqət idi. Onlar Allahı fərqli görsələr də, o bizim ağlımızda konkret canlanmır. O, Məhəmmədin ifadə elədiyi Allahı bəlli anlamda İnsanla birləşdirir. Asif Atanın Mütləqi həmin Allah deyil. Asif Atanın Mütləqi dünyanın içsəl qüdrətidir. Dünyanın özündən böyük Mənasıdır. O Məna ki insanda da təcəlla tapır, həyatda da. Ona görə Asif Ata deyir, İnsan daxilində Mütləq daşıyır. O Mütləq nədir? – İnsanlıq. İnsan Mütləqin ifadəsidir həm də, biçim olaraq, gerçək varlıq olaraq. Ona görə də insan özündə daşıdığı Mütləqə tən yaşamalıdır, ona yetməlidir, ona yüksəlməlidir. Asif Atanın tələbi budur. Nə qədər ki, insanı sən bəndə sayacaqsan, qismətçiliyə bağlayacaqsan, balaca sayacaqsan, bu insandan gözəlliklər yaradan qüdrət gözləmə. Bəndə sənə hünər göstərməyəcək, qüdrətli olmayacaq. Bəndə bəndəliyində, zarımasında məhv olacaq.
Dünyanın gözəlliyi də, nizamı da, ahəngi də, gedişi də İnsana bağlıdır. İnsanı balaca saymaqla dünyanın ahəngini nizamlamaq olmur. Nə qədər insan özündə gəzdirdiyi Mütləqi düşünmür, dərk eləmir və ona can atmır, onda elə dünya kapitalizm dünyası olacaq. Onda elə “bacarana baş qurban” prinsipiylə yaşayacaq dünya. Onda elə təbəqəçilik olacaq. Ayrı şey olmayacaq. Ona görə Ata deyir ki, din, quruluş, bütün siyasi-ictimai doktrinalar, çağdaş dövlət quruluşu insana qarşıdır. Baxın, nə qədər böyük sistem gətirir ortaya. Deyir, hər şey dəyişilməlidir. Bu çağa qədər Bəşəriyyətin keçdiyi yollarda yüksək nə varsa, onları dışlamır, onların üstündən xətt çəkmir. Ancaq deyir ki, bu çağa qədər hələ insan əsil qiymətini almayıb. Almalıdır.
Asif Ataya qədər elmdə antroposentrizm deyilən ideya olub. İnsanı mərkəzdə götürmək. Ancaq bu antroposentrizm hansı insanı mərkəzdə götürür? İnsanı bütünlüklə bioloji durumuyla bir yerdə, bütün temperamentlərin etkisində olmasıyla bir yerdə, psixologiyanın etkisiylə bir yerdə və i. a. İnsanı Ruhani xilqət kimi götürmürlər mərkəzdə. İnsanı Ruhani xilqət kimi kamil səviyyəyə qalxmasını sağlamırlar. İnsan özündən yüksəyə qalxmır. Necə var insanı o cür tanımalısan, qəbul eləməlisən, qorumalısan. Bütün doktrinalar əslində bu prinsipin yörəsində olur. Ancaq Asif Atada insan yeni aşamaya qalxır. Dediyim kimi, o, göründüyünə bərabər deyil. Özüylə döyüş əsasında özünü qurmalıdır. Nə qədər ki, insan özünü yaratmayıb, kamilləşməyib, onda dünyanın nizamı, ahəngi pozulacaq və indikindən qat-qat dala gedəcək.
Atanın insana bağlı dediyi bu ideya təkcə bir millət üçün deyil, bütövlükdə Bəşər xalqlarının hər birinə gərəkdir, özgündür. Ona görə biz Asif Atanın ideya kimi irəli sürdüyü Bəşərilik Bayramını həyata keçiririk. İnsan ildə bir yol Bəşərilik anlamıyla fərəhlənməlidir, onu bayram eləməlidir. İldə bir yol İnsaniliyi Bayram eləməlidir. Bu bayramda İnsan dönüb keçdiyi yola, öz varlığına, həyatına baxmalıdır. Orada İnsanlığa gərək olan, uca olan keyfiyyətlərini bayram eləməlidir, qiymətləndirməlidir. İnsanlara yubiley keçirirlər. Ancaq bu yubiley, təəssüf ki, insana bəsit, balaca bir təsəlli olub yalnız. İnsan öz ömrünün yönünü, qiymətini orda tapmır. Niyə yaşayıb, nə yaşayıb, nəyi bayram eləyir, bəlli deyil. “Filan qədər kitab yazıb” demək azdır. İnsan mənəviyyatında gəlişmələr görünmür, örnək sunulmur. Mən ondan nə öyrənim? İstedadı var, əsər yazır da. Mən bundan örnək götürüb əsər yaza bilmərəm axı. Mənim işim deyil əsər yazmaq. Bəs mən nə örnək götürüm ondan? Qabağa çıxmış kimsə ömründə elə dəyərlər yaratmalıdır ki, topluma örnək olsun, mən ondan bəhrələnim. Bayram odur əslində. Ömürdə qurduğun, yaratdığın keyfiyyətləri aşkarlayırsan, tanıyırsan, dərk eləyirsən, ona sevinirsən, onu bayram eləyirsən.
Bəşərilik, dediyim kimi, xəlqi məna daşıyır. İnsanlığın Bəşərilik zirvəsi. İnsanlığı insan öz ömründə yaradır, öyrənir, dərk eləyir və onu bir məqamda izhar eləyir. Biz də Asif Atanın yaratdığı Dünyabaxışı, onun doğurduğu İnsani dəyərləri, bu cür bayram keçirməklə, onun mənasını aydınlaşdırıb özümüzə deyirik, eşidənlərə deyirik, onu yaşayırıq və yaşadırıq.
Bizim keçirdiyimiz bayram fərqli biçimdə olur. Ən çox məna izharıdır bu bayram. Ancaq çalışırıq musiqisi, bədiiyyatı da olsun. Bunu bəzən daha geniş eləmişik, bəzən imkan olmayıb az eləmişik, bəzən sazlı-sözlü eləmişik. Ancaq hər halda, kiçik ortamda biz bunu həyata keçiririk, az sayda insanla eləyirik. Bunu təbiətin qoynunda da eləmişik. Qoy bədii hissə də olsun, eyni zamanda ağlımızı, düşüncəmizi yükləyək də. “İdrakı yükləməsən o böyümür” – deyirdi Asif Ata.  İdrakı nə qədər ətalətdə saxlayarsan,  bir o qədər o geri qalar, köhnə qalar.
Mən bununla söhbətimi bitirmək istəyirəm. İstəyirəm hər birinizin qonu yönündə fikirlərinizi dinləyək. Çay süfrəmizdə qonudan qırağa da çıxa bilərik.

 İlqar Türkoğlu: Qonuyla bağlı bir sual vermək istəyirəm. Dünən insan hüquqları günü idi. Bəşərilik Bayramı bu gündür, yoxsa hansısa tarixə təsadüf eləyir?

 Soylu Atalı: Çox sağ olun. Mən onu başlanğıcda deməliydim. Bəşərilik Bayramı üçün Asif Atanın qoyduğu tarix var – 12 Sərt Ayı. Sadəcə olaraq, biz bayramı bir gün qabağa çəkdik. İş günü olduğuna görə insanlarımızı toplaya bilmirik bir yerə. Ona görə, istisna hal kimi, bir gün önə çəkdik. Bu həmişəlik deyil. Atanın qoyduğu prinsipləri olduğu kimi yaşatmağa çalışırıq. O ki, qaldı dünənki gün, onunla heç bir bağlılığı yoxdur. Tamam ayrı şeydir. Özü də mən birinci dəfə eşidirəm belə bir günü. Ötən illərdə eşitməmişəm.
Mən sözümü Ataya səcdəylə bitirirəm.
Atamız Var olsun!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamızın Bayrağını öpürəm.

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür T. A. ): Bayramımız qutlu olsun!
Xalq adamların sadəcə bir yerdə yaşaması deyil, cəmi deyil, ruhsal birliyidir. İnsan özünü nə qədər aşkarlayırsa, nə qədər özünü yaradırsa, o qədər də özgün olduğu xalq anlamını ifadə etmiş olur. İnsan inamını yetkinləşdirdikcə, kamilləşdikcə, həm də xalqla mənəvi bağlılığını qurmuş olur. Ömür ölməz ideyalara həsr olunduqca, Ədalət, Həqiqət uğrunda döyüşdükcə, xalqın dəyərinə dəyər qatmış olur. Ata deyir ki, “Xeyir, ədalət ölməz olduğundan, onlara həsr olunan həyat da ölməzdir”. Bunu biz qəhrəmanların, kamillərin, İnam aşiqlərinin timsalında da görürük. İndiki zamanda, gedişdə həyat o qədər adiləşib, o qədər ağırlaşıb ki, xeyir, ədalət, həqiqət sözləri anlamını itirib. Anlamını itirdiyi üçün də onun yaşadılması yönündə addım atılmır. Nə ədalət, nə həqiqət qıraqdan gəlmir, qıraqdan verilmir. Gərək haqqını biləsən ki, ədalət uğrunda döyüşəsən. Gərək həqiqəti biləsən, həqiqətə vurulasan ki, yalanla döyüşəsən. Gərək bunların özülündə ömrün dayandığını biləsən ki, özündən başlayasan. Məndən başlanır, məndən asılıdır, mənim ömrümdən, əməllərimdən, özüylə döyüşümdən belə yaşamaq gərəkdir.
Biz bölgələrə səfərlər edəndə adamları ilgiləndirən əsas məsələ niyə umacaqsız çalışmağımızdır. İlk sorularından biri “sizi kim maliyyələşdirir” olur. Hər kəs istənilən əməlin arxasında mütləq bir umacağın olduğunu düşünür. Ona görə həqiqəti demək, ədalətin, xeyirin nə olduğunu anlatmaq, xalqın dəyərləri haqqında söhbət etmək üçün vaxtını, pulunu, ömrünü umacaqsız həsr edən Ocaqçıların məqsədini anlatmaq çətin olur. Çünkü adamlar öz sabahlarına belə ümidsiz baxırlar, xalqın sabahı isə elə qeyri-müəyyənləşib ki. Heç kim bu qeyri-müəyyənliyi həll etmək haqqında düşünmür. Heç kim özünü bunda sorumlu da görmür. Hərçənd ki, insan özü özünün yiyəsi olarsa, xalqının da yiyəsi olar. Xalqının yiyəsi olan bəşərə də gərək olar. Millətlə, bəşərlə bütünlüyü sözdə deməklə olmur, ruhunda, ömründə, məqsədində yaratmaq gərək.

xxx

Yan Artus Bertrand adlı fransız fotoqrafının “Ev” adlı sənədli filmini izləmişdim. Bu sənədli film dünyanın 36 ölkəsində qadağan olunub. “Vertolyot”la çəkmişdi  filmi. Dünyanın gerçək olaraq mənzərəsini, problemlərini özünəxas ustalıqla göstərə bilir. Dünyanın su problemindən tutmuş elektrik, neft, sənayenin gəlişməsinin gətirdiyi fəlakətlər, təbiətin necə məhv olduğu göstərilir. Birisi səhranın bir yanında puluyla gözəl bir bağ yaradır, ancaq səhranın başqa yanında aclıqdan və xəstəlikdən ölən afrikalılar var. Orda bir məqam mənim diqqətimi çəkdi. Kəbənin yörəsində dolanan və Fransada Roma Papasının gəlişinə toplaşan adamları göstərəndə deyir, mən onlara demək istəyirdim ki, niyə biz özümüzdə elə inam tapmayaq ki, həyatımız üçün gərək olan suyu, havanı, meşələri, okeanları qoruyaq. Mən elə başa düşdüm ki, o, indiyə qədər sorunların həllini inanclarda görmür. Dünyanın gerçək durumu bir az ağlı olan insanı düşündürür ki, bunlar niyə həll olmur. Din bunu həll etmək iqtidarında deyil. Təbiət məhv olur. Onu xilas etmək gərəkliyi yaranıb. Bu da artıq ağıllara çatmaqdadır.
Bu fəlakətlər, savaşlar ona görə doğur ki, insan nə insana, nə millətinə, nə təbiətə, nə bəşərə insançı yanaşmır. Faydalılıq prinsipinə əsaslanır. Bu da sonda onun da, millətin də, təbiətin də, bəşərin də fəlakətlərini yaradır, sabahını təhlükə qarşısında qoyur. Ona görə Ata deyir ki, “Bəşərin nicatı – İnsanlaşmaqdadır”. İnsan özümlüyünü yaratmadıqca, toplumdan seçilməyəcək. Xalq özümlüyünü yaratmadıqca, dünyada seçilməyəcək, sayılmayacaq. Kütlələşmə, qloballaşma axınında itəcək.  İtməmək üçün, yox olmamaq üçün insan öz ruhunu İnam, İdrak, Mənəviyyat, İradə birliyini yaratmalı, ruhsal azadlığına yetməlidir. Zamandan, ortamdan üstün olmalıdır. Ruhlu insanların birliyindən yaranan xalq özünün dəyərləri, xarakteri, gələnəkləri ilə dünyada öz varlığını təsdiq edəcək, gərəkliyini qoruyacaq. Biz buna inanırıq.
Bayramımız qutlu olsun!
Atamız Var olsun!

 Soylu Atalı: Çox gözəl. Bir dənə də çıxış dinləyək, sonra bədii hissəyə yer verək. İlqar bəyi  dinləyək.

 İlqar Türkoğlu: Təşəkkür eləyirəm. Qonu üstə bir neçə kəlmə demək istəyirəm. İslamdan öncə türkün özünün dəyərləri olub. Dədə Qorqud və neçə-neçə dastanlarımız, eposlarımız olub. Mən nəyi müşahidə elədim? Hətta sevgi dastanları var. Burda insanlar öz sevgilərinə çatmaq üçün mübarizə aparırlar. O istəyinə çatana kimi mübarizəsini davam etdirir. Ancaq bizim ilahiləşdirdiyimiz “Leyli və Məcnun”da görürük ki, miladdan öncə olan bizim dastanlarımızdakı mübarizlik Məcnunda yoxdur. Məcnun Leylini sevir, Leyli də qarşılıqlı olaraq onu sevir. Ancaq sonda Məcnun ondan inciyir, səhralara üz tutur. Yəni onun üçün sevgi önəmli deyil.

 Soylu Atalı: Sevgili önəmli deyil.

 İlqar Türkoğlu: İslamın türkün məişətinə girməsinə bağlı bəlli məqamlar yarandı ki, türk özü ola bilmədi. Miladdan öncə milli dəyərlərimiz, müxtəlif rituallarımız var, bayramlarımız var. Onlar İnsanlığa qulluq eləyən bayramlar idi. Bu günkü bayramları o qədər məhdudlaşdırırlar ki, İnsanlığı ifadə eləmir. “Bəşərilik”, adından da göründüyü kimi, Bəşərə, insanlığa qulluq eləyir.
3 bənd şeir demək istəyirəm (ancaq davamı var).

İnsanlığa işıq saçan Ulusdum,
Xəta oldu, bir ehkamla buluşdum…
Ürəyində Günəş olsun, a dostum!
Tanrı haqqı-məni-məndə saxlayır.

Əzəlidir, Əbədidir, Var Dünya,
Mütləqimə, İnamıma var, Dünya!
Qaranlığa daralsa da dar Dünya
Tanrı Türkü Göylə təndə saxlayır.

Məzhəbləri savaş qurub, qaldadır,
Qara çadra qaranlıqdan daldadır,
Min ildi ki, “nağılında” aldadır,
“O bir Allah” hələ bəndə saxlayır.

Soylu Atalı: Tutuşdurmaq, fərqi, üstünlüyü göstərmək, əlbəttə, şeiriyyətin özündə üstünlük xətti yarada bilər. O fərqi həmişə vurğu eləmək gərəkdir məncə.

 İlqar Türkoğlu: Uzun-uzadı romanlar, povestlər yazılır. Bugünkü durumda da çoxları onu oxumur. 3-5 bənd şeir yazırsan, onu oxumaq asandır. Həm də burda böyük mənaları ifadə eləmək istəyirəm. Yoxsa şairliyimiz yoxdur. Sözümüzü demək xatirinə nəyisə ifadə eləmək istəyirik.

 Soylu Atalı: Var olun.

 Elli Atayurd: (Ataya səcdə ilə sözünə başlayır – N.A.) Bəşərilik Bayramında sizi təbrik eləyirəm. Burda söylənən fikirlərlə paralel bir şeyi biz unuduruq. Sosial şəbəkələrdə Asifçilik, Mütləqçilik, məncə, çox azdır. Bununla bərabər biz dinlə döyüşürük. Din kiçik məsələdir. Mən Atanın şəxsi ünsiyyətimizdə olan sözünü deyirəm. Deyirdi, oğul, din kiçik məsələdir. Dindən böyük məsələlər var. Yəni güc baxımından. Deyirdi ki, dinlə döyüşən bugünkü sosializmlə, kapitalizmlə döyüşmürsə, deməli, döyüşmür. Bugünkü kapitalizmin özü, Amerikanın özü İslam dinindən daha təhlükəli qüvvədir. İnsan birinci növbədə azad olmalıdır. Azad olmaq üçün ruhuna etibar etməlidir. Ruh dedikdə isə biz, Mənəviyyat, İradə, İnam və İdrak birliyini başa düşürük. İnsanın azad olması üçün gərək birinci növbədə özündən azad ola. Mənəviyyatında olan mənfilikləri təmizləməlidir. Ata deyirdi bir Adamı İnsanlaşdırmaq bir şəhəri İnsanlaşdırmaqdan çətindir. Bugünkü Bəşəriyyət gözümüzün qabağındadır, görürük ki, uçuruma gedir. Bunun səbəblərindən biri də İnamsızlıqdır. Din İnamı insanın əlindən aldı. Demokratiya isə hamını aldadır. Deyir ki, çox adam düz deyir. Ancaq çoxluq düz deməyə də bilər.
Hal-hazırda Bəşəriyyətin ölçüsü dəyişməlidir. Bəşəriyyətin ölçüsü puldur. Yəni kapitalizmin əsas məsələsi, Allahı puldur. İnsan yoxdur orda. Allahın ilahiliyini anlamaq üçün Nəsimini oxumaq gərəkdir. Atanın belə bir fikrini demək istəyirəm: bugünkü Bəşəriyyəti xilas eləmək gərəkdir, özündən çox razı halda uçuruma gedir.
Elə bilir düzgün yoldadır. Çox çətindir. Çünkü biz zor tətbiq edə bilmirik. Zor olan yerdə həqiqət olmaz. Atanın dediyi kimi, hal-hal, hissə-hissə gəlməliyik. Nə zaman olar, bu, bizim gücümüzdən, insanların gücündən, zamandan asılıdır.
Dinlə paralel olaraq, biz kapitalizmlə də döyüşməliyik. Amerika dini yaşadır. Necə yaşadır? Deyir İslam dini sizi geriliyə aparır, mən sizə yenilik gətirmişəm. Ancaq, çox üzr istəyirəm, açıq-saçıqlıq gətirir. Bununla İslamı yaşadır. Yəni İslam da əks tərəfdən deyir ki, Amerika sizə açıq-saçıqlıq gətirir, mən sizə “namus-qeyrət” gətirirəm. Zahirən bunalr bir-birinə düşmən olsalar da, bir-birlərini yaşadırlar. Yaxın Doğuda ən güclü olan Türkiyəni mövhumata, dinə çəkirlər.
Atamız Var olsun!

Soylu Atalı: Mən sizə bir şeyi xatırlatmaq istəyirəm. Biz Asif Atanın yönündən danışırıq. Ancaq sizin içərinizdə fərqli düşüncələr ola bilər. Mən dinləməyə hazıram. Fərqli düşüncəni də dinləməkdən çəkinməyək. Biz yasaq qurumu deyilik. Biz dinləyəcəyik, sonda da öz mövqeyimizi deycəyik. Biz düşüncələrimizi zorla yeritmirik. Zaman baxımından balaca bir törəndə biz hər şeyi deyə bilmirik. Zaman-zaman nə deyiriksə, hamısını düşünmək üçün deyirik. Biz öz ulusumuzu da, bütövlükdə bəşəriyyəti də düşünməyə çağırırıq. Asif Atanın ideyalarını təkcə öz millətimizə deyil, bütöv bəşəriyyətə sunuruq. Nə qədər imkanınmız var internetlə ayrı-ayrı adamlara ədəbiyyatlarımızı göndəririk, qoy düşünsünlər, qoy bizimlə polemika müstəvisinə çıxsınlar. Mən sizə səmimiyyətlə deyirəm, sıradan adamları demirəm, ən yüksək səviyyədə, ən yüksək doktrinaların arxasında duran insanlarla polemikaya getməkdən çəkinmirik. Polemikaya gəlsinlər, onlarla anlaşaq. Asif Ata hansı yenilikləri gətirib? Bunların hamısını indi aça bilmərik. Bu, geniş bir məsələdir. Bir tədbirin qonusu da deyil. Ona görə siz sual da verə bilərsiniz, düşüncənizi də deyə bilərsiniz. Baxmayaraq ki, biz buranı İnam Evi, İnam Odası kimi qəbul edirik, ancaq insanların sözünə yasaq qoymuruq. Səmimiyyətlə bilmək istəyirəm ki, insanlarımız nə düşünür.

 Babək Muğanlı: Mən sizin məclisinizdə iştirak etmişəm, çox da zövq almışam. Biz Güney Azərbaycandanıq. Həm sual verəcəm, həm də balaca şeir oxuyacağam. Deyək ki, İbrahim, Musa, İsa, Məhəmməd bir-birindən doğula-doğula gəlib çıxıblar. Axırda Məhmmədə gəlib çıxanda deyir ki, bundan sonra kitab gəlməyəcək, olsa günahdır. Orda yekun vurur. Biz orada din mərkəzindən çıxmışıq, gecə-gündüz dini oxuyan bir ölkədə düşünə-düşünə çıxmışıq, orda da belə insanlar çoxdur. İslamiyyəti təmiz oxuyan. Bu Tayda elə təmiz oxuyan olduğunu bilmirəm. Orda dinin bütün kitablarını, əqidələrini, alimlərin kitablarını oxuyan və sonucda Asif Atanın yoluna yaxınlaşan, ancaq xəbərdar olmayan insanlar çoxdur. Asif Atanın gətirdiyi İnama bundan qabaq oxşar inam var idimi? Ondanmı doğuldu? Ya da, bu yenidir?
Balaca bir şeir oxuyum, sonra soruma cavab verin.

Deyirlər yağış yağır,
Yenə Allah ağlayır.
Sevgi ayaqlar altda,
Nifrət at belindədir.
Dünya əlindən çıxıb,
İndi it əlindədir.

Buludlar göz yaşındır,
Dumanlar ahın, Allah.
Yenə də tək qalıbsan,
Nədir günahın, Allah?

Bu dünya paka çıxmaz
Hey yağış yağa-yağa.
Qınamıram, ay Allah,
Haqqın var ağlamağa.

Soylu Atalı: Sizin sualınızın cavabı bir az geniş olacaq. Bundan öncə Qəzənfər bəyi dinləyək.

 Qəzənfər bəy: Təşəkkür edirəm. Açığı mən sizin çıxışınızı dinləyəndə o qədər həyəcanlandım ki, içimdə. Bilmirəm, sizin dedyiniz fikirlərə razılıq hissi idi, ya əks hisslər idi, içimdə böyük təlatüm yaşandı. İnsanın insanlaşması – təbii ki, Asif Atanın dediyi ilə heç kim razılaşmaya bilməz. İnsan insan olmalıdır ki, insani düşüncələrə, duyğulara malik olsun. İnsan olmasa ondan hansı fikirləri gözləmək olar? Hansı dünyəvi baxışları gözləmək olar? Bu, mümkün olan şey deyil.
“Dövlət İnsanlıq əleyhinədir. Din İnsanlıq əleyhinədir”. Dövlət də, din də insanlar üçün yaradılıb. İnsan faktorunu ortadan götürəndə orda dini, dövləti kim  üçün qurarsan? Kim üçün yaradarsan o dövləti? Əlbəttə, insanlar üçün olmalıdır. Ancaq hamı filosof olmaz ki. Hamı alim olmaz ki. Hamı şair olmaz ki. Biri nadan olmalıdır, biri cahil olmaldıır. Ancaq məqsəd cahilləri, nadanları da İnsanlığa çəkib gətirmək, başa salmaq olmalıdır. Çox danışmaq istəmirəm. Siyasətçi deyiləm, heç qarışmaq fikrim də yoxdur. Qələm adamı kimi bir şeir demək istəyirəm:

Çəkilir sınağa zəlil olanlar,
Mən koru körpüdən necə keçirim?
Suçlanır əlində dəlil olanlar,
Mən koru körpüdən necə keçirim?

Çoxalır kələkbaz, artır bicələk,
Harda qərar tutaq, harda dincələk?
Doğulan körpəyə bələnmir bələk,
Mən koru körpüdən necə keçirim?

 Bilinmir nadanmı, yoxsa naşımı,
Deyir, məsuliyyət hissi daşımır,
Kürəyi geyişir, özü qaşımır,
Mən koru körpüdən necə keçirim?

 Kimə qəfəs boyda dünyası vardır,
Kimə tikdirdiyi qəsri azardır,
Korlar inadkardır, körpülər dardır,
Mən koru körpüdən necə keçirim?

 Nə şaham, nə vəzir, nə də əsgərəm,
Nəyi əkmişəm ki, nəyi də dərəm,
Adicə, sadəcə bir Qəzənfərəm,
Mən koru körpüdən necə keçirim?

xxx

 Səcdə durub əlimizi açmışıq,
Çoxdur səndən təmənnamız, Allahım.
Əkib, doğub, peşmandır yazıqlar,
Həm atamız, həm anamız, Allahım.

Payımızı qıta-qıta verdilər,
Bir-birinə ata-ata verdilər.
Otu itə, əti ata verdilər,
Düzəlmədi zamanımız, Allahım.

 Bilən yoxdur, kim kimədir, nə nədir,
Oxumurlar haqq yazılan sənədi.
Bircə ümid yeri qalıb, sənədi,
İnamımız, gümanımız Allahım.

 Var qazandı ağaları qul ilə,
Alim oldu nadanları pul ilə.
Əyri başa çıxdı əyri yol ilə,
Düzəlmədi zamanamız, Allahım.

 Qəzənfərəm, bu siyasət tələdir,
Bic tülkülər yol göstərən lələdir.
Kafirlərə zülm edib mələdir
Yer kürəsin bu quranın, Allahım.

 (Yasin, İlqar bəy, Elli şeirə etiraz elədilər).

Soylu Atalı: İnsan Allah istəyir. Allah insanı istəyir-istəmir, bu, məsələnin başqa tərəfi. İnsan Allah anlamı istəyir, istəməlidir. O nədirsə, biz ona aydınlıq gətirəcəyik. Hər kəs düşündüyünü deməyə haqq edir.

Seyid Cəlil: Çox sağ olun, çox şad oldum. Çox sevindim ki, Azərbaycanda bu fikir yaranıbdır. Bu haqda mənə Babək bəy söhbət eləmişdi. Yəhudilərdə və ərəblərdə insanlar düşünüb, Allah yaratmaqla, o tələbə görə çalışıblar. Musanın Allahına baxanda, İsanın Allahına, Məhəmmədin Allahına, görürsən hər kəs öz qoluna qolay bir Allah yaradıb ki, onun fərmanında olsun. İslamda da var. Allahdan bəzi şeyləri istəyir, əncam versin. Allah da onun fərmanında olur. Biz gərək Allahı özümüzdə tapaq. İnsani dəyərlər əsasında bəşəriyyətə qulluq eləmək. Biz insani dəyərləri alandan sonra, zehnimiz insani dəyərlərə yüklənəndən sonra bəşəriyyətə xeyir verəcəyik. Bəşər ondan faydalanacaq. Gərək insani keyfiyyətləri alaq ki, insan olaq. Biz anadan doğulanda insan olmuruq. İnsani dəyərləri dində öz xeyirlərinə döndəriblər.
Əgər qadınlar peyğəmbər olsaydı, İslamda buyurulan kimi 40 arvad almağı caiz bilərdimi? Bilməzdi.


Asif Ata kimi böyük insan tapılıbsa, türkün qoluna qolay Allah yaradıb, bu gərəkdir. Bunlar bir yerdə durulacaq və insanların xeyrinə yaranacaq.

 Güntay Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Mən öncəliklə hamını qutlayıram. Ləyaqət göstərib gələnlərə təşəkkür edirəm. Soylu bəy bayaq vurğuladı ki, Asif Atanı bir tədbirdən öyrənmək olmur. Doğrudur. Ona görə zaman-zaman Asif Atanı oxusaq, bilsək, bir millət olaraq, ciddi sonuclar olar. Asif Ata millətimizin faciələrini görüb, bildirib. Bizim, bir ulus olaraq, ulusun övladları olaraq, türk olaraq boynumuzun görəvidir ki, Asif Ataya çöldən baxmayaq. Asif Atanın işi ilə məşğul olaq, fələfəsini götürək, onu dərk eləməyə çalışaq. Qardaşlarımız Güneydən gəliblər. Necə də həsrətliyik onlara. Biz beş yerə parçalanmış vətənimizin bir hissəsində dövlət qurmuşuq. Görün nə qədər çirkablar axıdılır bizim ölkəmizin içərisinə. İstər Türkiyə, istər Türkmənistan, hərəsinə bir cür cahillik yeridilir. Yadlıqlar yeriyir içimizə. Buna dirəniş olaraq Asif Atanı öyrənmək gərəkdir. Bunu gələnəyimizə çevirə bilərik. Bəşəriyyətdə öz sözümüz, öz üzümüz olar.


Bayaq Elli bəy vurğuladı ki, din balaca söhbətdir. Məncə, din böyük söhbətdir. Bütün qurulan ictimai-siyasi formasiyalar, doktrinalar inanc məsələsinin üzərində formalaşıb. Asifçilərin hədəfi dini içimizdən rədd eləməkdir. Dindən başlayır bütün əyri, neqativ düşüncələr. İnsanı insanlaşmağa qoymur. Soylu bəy onu açdı, onun əsəri də var “Təməl prinsiplərdə yalan olmamalıdır”.
Bayramımızı bir daha qutlayıram. Asif Atanın sunduğu bu bayramların xalqda oturuşacağına da inanıram. Biz bunu evlərimizdə də keçiririk, Ocaqçı olaraq. Evlərimizdə bu bayramı keçiririk, oturuşmasını da istəyirk. Gərək xalqın öz sözü, öz üzü olsun.
Atamız Var olsun!

 Soylu Atalı: Hər birinizə çıxışınıza, sözünüzə görə təşəkkür edirəm. Asif Atanın ünvanında ona dayaq olan söz demək, eləcə də, onu nədəsə anlamamaqdan sual doğursa yaxşıdır. Hətta tərsinə söz demək Asif Atanın zərərinə deyil. Qəbul edirəm. Mən həmişə soydaşlarımıza öz kitabımı verəndə xahiş edirəm ki, gedin məni tənqid edin. Mən bilim ki, sən bunu oxudun, orada sənin ağlına çatan, çatmayan məsələlər var. Mən bilim sən nə düşünürsən. Mən filan düşüncəni savunuram, bəs sən nə deyirsən? Yetər ki, Asif Ata toplumumuzda ciddi qonuya çevrilsin. Dartışılsın, çək-çevir olunsun, öyrənilsin, araşdırılsın, tənqid olunsun. Tənqidin eybi yoxdur, durulmalar gərəkdir. Xalq özünü axtarsın heç olmasa. Özünü Asif Atada axtarsın, başqasında axtarsın, ancaq axtarsın. Axtarıb həqiqətə gələcək. Deyilən fikirlərin, elə ola bilər ki, bir yanı doğru ola bilər, bir yanı qırağa çıxa bilər, onun da zərəri yoxdur. Mən toplantımıza qatılan və ya qatılmayan hər bir insanın düşüncələrini dirsəklə qarşılamıram. İnsan düşünür, nə deyir qoy desin. Qoy bir az da məni tənqid eləsin, eybi yoxdur. Ancaq bilim nə düşünür.
İndi qardaşımızın sözünə yönəlik mövqe bildirim Ellinin. Deməliyəm ki, bizim əsas hədəfimiz dindir.

Elli Atayurd: Mən o mənada demədim ki, din balaca söhbətdir, yəni dindən başqa da döyüşüləsi məsələ var.

Soylu Atalı: Anladım. Mən sadəcə açıqlama gətirirəm. Niyə hədəfimiz dindir? Kapitalimz-sosializm, ümumən Quruluş məsələsinə qarşı Asif Ata Ruhani Dövlətçilik ideyası verir ki, bu yeni bir siivilizasiya göstəricisidir. Mən onu araşdırmışam, yazmışam. Ancaq biz siyasi qüvvə deyilik. Elə şeylər var ki, ona siyasi ideologiyalar gərək olur ki, döyüşəsən. Asif Ata ona yön verə bilir, ancaq özü aparmır o işi. Konkret olaraq Asif Atanın “Uluyurd Hərəkatı” adlı bir ideyası var. Bu ideya Onun Ocaq ideyalarının biri deyil. Yəni Dünyabaxış sisteminə özgün olan ideyalarından biri deyil. O, ayrıca bir mübarizə xəttidir. O deyir ki, Azərbaycan bütöv olmalıdır. Yəni balaca bir Azərbaycan üzərində biz millət olaraq qurula bilmərik, formalaşa bilmərik. Bütövlüyün bərpası üçün siyasi mübarizə gərəkdir. O mübarizəni Asif Atanın qurumu apara bilməz. Bunun üçün Siyasi Hərəkat olmalıdır. Hər şeyi Asif Ata öz üzərinə götürmür.
Biz İnsanlığın yıxıldığı nöqtədən baxırıq məsələyə. İnsanlığın yıxıldığı nöqtə isə İnam məsələsidir. Bəşəriyyəti ayaqda tutan da, millətləri formalaşdıran da, əslində İnam məsələsidir. Tanrısal sistemdir. Bundan qıraqda deyil. Bütün hər nə varsa, bunun içindədir. İnsan burdan başlayır yanılmağa. Dünya-İnsan birliyi, xalqların birliyi, xalqların bir-birinə münasibəti, hamısının özülündə Tanrısal məsələ durur.
Asif Ata 70-ci illərdə deyirdi ki, biz hakimiyyətə gəlib öz dövlətimizi quracağıq. Özümüz istədiyimiz kimi onu yönətəcəyik (idarə edəcəyik). Ancaq təqib olunandan sonra onun yörəsində bir adam qalmadı. Onda o dedi: “düşündük, daşındıq Ocaqlaşma yolu tutduq”. Dedi mən anladım ki, xalqın indiki səviyyəsi ilə nəinki dövlət qurmaq, onu yönətmək olar, heç beş addım yol getmək olmaz. Ona görə xalqı içəridən qurmaq gərəkdir. Yeni İnsan gərəkdir, yeni Fəlsəfə gərəkdir, yeni İnam, yeni Düşüncə sistemi gərəkdir. Burada gərək qıraqdan qatqı olmasın, yadlıq girməsin ora. Ortaqlıq olmasın. Ortaqlıq olanda bizi dışlayır. Biz əsarətə götürülürük, özgələşirik. Ona görə Asif Atanın hədəfi konkret olaraq İnam məsələsinin, İnanc sisteminin üzərində dayanır. İndi bu məsələyə bir az aydınlıq gətirək. Hər bir insan içində Allah adlı qüdrət axtarır, ona üz tutmaq istəyir. Ancaq bu Allahı bizə düzgün verməyiblər axı. Allah sözünü qoyaq qırağa, Tanrı deyək. (Tanrı sözünün altında duran mənanı əsas götürürük, sözün özünü deyil). Sözün altında hansı məna gizlənir? Biz Tanrı məsələsinə üz tuturuq, ibadət edirik. Bütün dünya ibadət edir, ibadət eləyəcək də. Asif Ata heç bir an da ateist olmayıbdır. Ateizmi qəbul eləmir. Ateizmi pis şey hesab edir. Ateizm mütləq inamsızlıqdır, inkarçılıqdır. İnsan inamsız yaşaya bilməz. Ancaq gərək inamda yalan olmasın. İnamda yalan olanda, insan İnsanlığından sapır, insan İnsanlaşa bilmir. Özünü dərk edə bilmir. Əgər biz İnsanın özünü dərkdən söhbət ediriksə, gərək onun düşüncəsində yalan olmasın. İnsanın davranışında, məişətində yalan ola bilər, özü bilər. Ancaq böyük məsələlərdə İnsanın həyatına, düşüncəsinə yalan girməməlidir.


İndi gəlin görək biz necə ibadət edirik? Mən bununla bağlı yazı yazmışam, qısa şeylər demək istəyirəm. Bizim üz tutduğumuz Allah obrazı var. Konkret olaraq bu gün toplum, çoxluq olaraq, İslamın sunduğu Allaha ibadət edir. İslamın bizə sunduğu Allah nədir? Lap xristianlığın, yəhudliyin sunduğu Allah nədir? Onlar bir-birindən keyfiyyətlərinə görə az fərqlənir. Onlar bir xətt üzrə bir şeydir. Onlar Allahı bir görürlər… Rus öz Allahının adına Boq deyir. O Boqa özü anlam verir, xarakter verir. Boqa (Allaha) ibadət edəndə həmin keyfiyyətlər onun təsəvvüründə canlanır. O keyfiyətlər rusun özünə, düşüncəsinə qayıdır, onu tərbiyə edir. Onu milliləşdirir. Çünkü o, millətdən ona keyfiyyət veribdi. Hər bir doğulan, böyüyən rus da Boqa verilən keyfiyyətlərə üzünü tutur, onu tanıyır. O keyfiyyətlər də onun millətinin yüksək mənasının daşıyıcısıdır. Biz isə ərəblərin bizə sunduğu Allaha ibadət edirik. Gəlin görək müsəlman hansı Allahı təsəvür edir şüurunda, nəyi canlandırır? – Başlanğıcda dinin kitabı deyir ki, doğmayıb, doğulmayıb, ortağı yoxdur, laməkandır. Bütün bunların hamısının üstündən sonra xətt çəkir. Laməkan ideyasının özü sonradan yoxa çıxır. Allah onun şüurunda belə canlanır: cənnəti, cəhənnəmi olan, qorxudan, əzab verən ilahi bir Qüvvə. Bu Qüvvənin özünün də ordusu var, xəfiyyələri var, çiynində oturur. Lövhi məhfuzda hər şeyi yazıb hesabat verir Allaha. Allah xəfiyyələrlə insanı nəzarətdə saxlayır. Müsəlman türk ibadət edəndə təsəvvüründə o qorxunc Allah canlanır. O Allah ki, onun daşıdığı ərəbin verdiyi keyfiyyətlərdir, türkün şüurunda canlanır. Türk özündən o Allaha heç bir keyfiyyət verməyib ki, o keyfiyyət özünə, öz şüuruna qayıtsın, onu tərbiyə eləsin. Onu özünə qaytarsın, milliləşdirsin və türk qüvvətli bir varlığa çevrilsin. Demirəm ki, türk qüdrətli olsun, başqa xalqlara qarşı. – Yox. Mən millət olaraq qüdrətli olum, yəni özümü dərk edim. Öz kimliyimi, birliyimi, bütövlüyümü dərk edim. Allaha ibadət eləyəndə bunu ala bilmirəm. Ona görə Asif Ata deyir Tanrısal sistem əyilib, əyri qurulub, yalan qurulub. Yalan qurulduğuna görə insan orada özünü tapa bilmir. İnsanın içi böyümür. Kölələşir, heçə çevrilir. İnsanı heçə çevirməklə nəyə nail olacaqsan?! Ümmət ideyası da ordan gəldi. Bu düşünülmüş bir siyasət idi həm də – “hər bir millət mənim ümmətimdir”. Ancaq bu ümmətçilikdə ərəbin dili qalır, mədəniyyəti, keyfiyyətləri, hər şeyi qalır, səninki yoxdur. Sənin etnik kimliyinə müdaxilə edib birbaşa. Ulusal kimliyinə soxulub, sındırıb, sarsıdıb onu. Etnik kimliyimizdə sarsılmışıq. Ona görə toparlana bilmirik, millət ola bilmirik. Bütün məsələ, fəlakət ondadır. Yoxsa, Tanrı anlamını Asif Ata qırağa qoymur. O deyir ki, Mütləq o deyil. Mütləq insanı qorxudan deyil. Mütləq elə bir qüdrətdir ki, insan öz mənasına yüksələ bilir o qüdrətin etkisiylə. İçində onu tapır, onu dərk edir. Yenilməzlik, əyilməzlik, sığmazlıq keyfiyyətlərinin hamısı Mütləqə özgün olan məsələlərdir. Bu, insandadır, insandan qıraqda deyil.
Biz üz tuturuq Babəkimizə, Nəsimimizə, böyüklərimizə. Deyirik ki, bunlar xalqın kimliyini daşıyır özündə. Biz deyirk, Babək içində xalqın elə bir kimliyni daşıyırdı ki, onun harayının özündən bir birlik formalaşırdı. Bütün Azərbaycanın bölgələri Babək harayıyla bir yerə toplaşmışdı. Həmin harayla döyüşürdü. O deyirdi içimdə Allah daşıyıram. Şirvin deyirdi Allaha. Şirvin Doğuda Qüdrət Allahının adıdır. Əslində Babək deyirdi “Həq mənəm, həq məndədir”. Ənəlhəq ideyası ilk dəfə Babəkdə səslənib. Ondan sonra Hüseyn Mənsur Həllac dedi. Ondan sonra bizim hürufilərimiz dedi. Bibliyanın özündə də var, deyir insan Tanrıdan gəlir. Allah deyir biz Adəmi onun surətindən və öz surətimizdən yaratmışıq. Yəni insanda bədən də (özü də) var, mən də varam. Bunların da hamısı “Tanrıçılıq”dan gəlir.
Ancaq bunun arxasında durmur semit baxışı. Sonra deyir ki, insan bəndədir, Allahın nəinki əlavəsi deyil, heç kölgəsi də deyil. Allaha tabe olan, Allahdan asılı olan bir yaratıqdır. Allahla insan arasında birlik, bağlılıq yaranmır, asılılıq yaranır. Yerə-göyə sığmayan bir asılılıq. Bu asılılıqda insan heçə çevrilir. Bütün məsələ ondadır. Asif Ata bunu aradan qaldırır. Bu da türkün içində bəşəriyyətə ünvanlanan Asif Atanın Baxışıdır. Bu millətin mahiyyətindən gələn Baxışdır. Bəşəri məna daşıyır.
Mən Asif Atanı öyrənməyə başlayanda əsas bir cəhətə önəm verdim. Fikirləşdim ki, sabah bizim dilimiz gödək olmasın. Görək Asif Atanın ideyalarında başqa millətin etnik mahiyyətinə müdaxilə varmı? – Yoxdur. Onun ideyalarını araşdırın, öyrənin, görəcəksiniz ki, Asif Atada Ləyaqətli Bəşər ideyası var. Ləyaqətli Bəşər ideyası odur ki, hər bir xalq özü bir dünyadır. Heç bir xalq başqa xalqın haqqına girə bilməz. Heç bir xalq başqa xalqın yerini dar edə bilməz. Onun mədəniyyətini sıxışdıra bilmz. Onun kimliyinə müdaxilə edib assimilyasiya edə bilməz, özgələşdirə bilməz. Asif Atada xalq ümumbəşəri dəyərdir ki, onu yüksək bir səviyyəyə qaldırır. Bəşəriyyətdə indiyə qədər deyilmiş ən yüksək fikirlərdən yüksəyə qaldırır.
Bütün dühaların hamısını axtarın, öyrənin, görəcəksiniz ki, hamısında özünün milləti var. Buna təbii baxıram. Ancaq çoxu öz millətinə şovinistcəsinə gedib çıxır. Ədəbiyyat aləmində bu daha çoxdur. Asif Atada milli çağırış var, ancaq bu çağırışın özü bəşəridir. Asif Atanın baxışına görə rus qoy rusçu olsun. İmperiya olmasın, dağıdıcı olmasın. Mənə qarşı olmasın. Qoy ingilis ingilisçi olsun. Ancaq şovinist olmasın. Türk türkçü olsun, ancaq özünü başqalarına qarşı qoymasın. Onda millət böyüyür, bəşər səviyyəsinə qalxır. Asif Ataya görə bəşər millətlərin yüksək keyfiyyətinin birliyidir. Mücərrəd bəşər yoxdur. Hər bir millətdə uca nə varsa, onların bir araya gəlməsi, birləşməsi və böyük bir məzmuna çevrilməsi Bəşərilikdir. Xalqlar o vaxt bir-birinə doğma münasibət bəsləyəcək. Xalqlar o vaxt dağıdıcı siyasətlərdən əl çəkə bilər. Bu nağıl deyil ki?! Bu mücərrəd bir fikir deyil ki?!
İndi bir neçə kəlmə Babək bəyin dediyi məsələyə aydınlıq gətirək, yəni Asif Ata özündən öncəkilərdənmi doğub. Türkdə, bilirsiniz ki, 5-7-ci yüzillərdə, ərəblərin gəlişinə qədər, Tanrıçılıq mövcud olub. O cümlədən bizim bölgələrdə Tanrıçılıqdan gələn Zərdüştçülük dini də olub. Xürrəmdinlik olub Babəkin zamanında. Xürrəmdinlik 3-5 adamın inancı deyildi, bütöv bir toplumun inancı idi. O inanc da öz başlanğıcını Tanrıçılıqdan götürmüşdü. Mən sizin vaxtınızı alıb hər birini ayrı-ayrılıqda xırdalamaq istəmirəm. Eləcə də sonrakı dönəmlərdə bizim dühalarımızın axtarışı olub. Aşağı-yuxarı yarım minillik fərqlərlə Azərbaycandan böyük şəxsiyyətlər ortaya çıxıb. Bir az Zərdüştlə Babəkin arasında ara uzaqdır. Zərdüştdən sonra Babək gəldi, Babəkdən sonra Hürufilər, sonra Asif Ata gəlib. Haşiyə çıxım: Asif Ata bəşəriyyətə (haray çəkməyə) idrak yasağı qoymur, nöqtə qoymur. Bəşər idrakı qısır deyil, sonsuzdur. Ayrı-ayrı fərdlərin idrakı məhdud ola bilər, hardasa dayana bilər, bütövlükdə bəşər idrakı sonsuzdur. Bu sonsuzluğu bəşəriyyətə yasaq eləməyə heç kimin haqqı yozdur. Asif Ata bunu eləmir. Çünkü Asif Ata elə böyük şəxsiyyətdir ki, elə böyük düşüncə sistemi yaradıb və elə aşamalar keçib gəlib ki, o, belə bir yasağı qoymaz. Ancaq hesab edirəm ki, Asif Ata ortaya İnsan amilini qoyduğuna görə bu, min illər gedəcək bir məsələdir. İnsan məsələsi əsasdır. Ancaq İnsanlıq üzərində yeni haraylar çəkiləcək. Çünkü anadan heç kim kamil doğulmur. İnsan bir yeniliyi qəbul edəndən sonra zaman keçir, getdikcə azalma olur.
O ki qaldı İnamın öncəkilərlə bağlılığı məsələsi. Konkret Asif Ata özündən öncəkilərdən təkrar eləməli heç nə götürməyib. Hamısından bəhrələnib. Nəinki bizim öz xalqımızın mahiyyətindən gələn dəyərləri, dünyada, bütün bəşər həyatında formalaşan, yaranan ən uca məsələlərin hamısını Asif Ata öyrənib, hamısından bəhrələnibdir. Ancaq heç birini təkrar etməyib. Asif Ata özümüzünkülərin də ən yeni biçimdə, ən doğru səviyyədə sintezidir. Bir az obrazlı desək, zirvəsidir.
Mən bayaq vurğu elədim Hürufiliyi. Hürufilik böyük faktdır, başqa faktlarla tutuşdursaq. Ancaq Hürufilik özü İslam dininin içindən çıxıb. İslam dininin içindən çıxaraq da taktikalar yürüdüb. Yəni Allah anlamı hərflərdə, sözdə təcəlla tapıb. Bu, Hürufiliyin əsas keyfiyyətlərindən biridir. Bu keyfiyyətləri Asif Ata götürə bilməzdi. Hürufilikdən nə götürüb, nəyi əxz edib? İnsana yüksək qiymət verməyi. Məsələn, Zərdüştçülükdən nəyi əxz edibdir? Təmiz mənəviyat ideyasını, (mənəvi təmizlənmə). Babəkdən nəyi əxz edib? – Sığmazlığı. Babəkdə olan azadlıq istəyi, döyüşkənlik, insan yenilməzliyi, insan qüdrəti məsələsi. Bunlar hamısı Onun İnamının mayasında var. Ancaq dediyim kimi, təkrar deyil. Biz nə Babək dövrünə qayıda bilmərik, nə Zərdüştçü ola bilmərik.


Bunların hamısı bizə bir şeyi deyir ki, yeniliyin qarşısı alınmazdır. Kimsə deyir ki, Asif Atanın işi dayanacaqdır, qoy desin. Asif Atanın işi elə bir işdir ki, qarşısıalınmaz gedişdir, qarşısıalınmaz yenilikdir. Ox yaydan çıxıb, mümkün deyil bunu dayandırmaq. Ya gərək bəşəriyyət məhv olsun, ya da bundan qaçmaq mümkün olmayacaq. Mən bunu əmniyyətlə deyirəm, ayrıca yazmışam bununla bağlı. Mən inanmıram bəşəriyyət məhv olsun. Ona görə İnamın qaçılmazlığı var. İnsan bu cür yaşaya bilməz, sürü kimi. Bu cür, bizə bəlli olan doktrinalarla, yaşaya bilməz. İnsan ateizmlə də yaşaya bilməz. İnamsızlıq olanda insana münasibət ölür. İnam ki, aradan gedir, lağlağılıq səviyyəsinə enir bütün münasibətlər. Ateizmdə bütün münasibətlər gəlir-gəlir lağlağılıq səviyyəsinə çıxır. Axı mən insana lağ edə bilmərəm. Bu məndən az bilər, çox bilər, məndən mənəviyyatlı olar, mənəviyyatsız olar, keyfiyyətli olar, keyfiyyətsiz olar, məsələ onda deyil. Mənim nə haqqım var insana lağ edim. Mənim nə haqqım var insanın inancına lağ edim. Mən onu yanlış inancdan daşındıra bilərəm. Ona həqiqəti verə bilərəm, öyrədə bilərəm. Ancaq mən ona lağ edə bilmərəm. Asif Ata bizə elə ruhsal tərbiyə vermir ki, biz mənəviyyatımızı lağ üstə kökləyək.
Asif Atanın dünyabaxışı nəyi edirsə, onun arxasında ciddi durur. Onun arxasına öz imzasını qoyur. Heç kimə də bunu zorla vermir. Ancaq qıraqda qalmaq da olmaz. Mən səni eşitmirəm, sən məni eşitmirsən. Ortada həqiqət yiyəsizləşir. Əgər sən həqiqətə yiyəlik eləmək istəyərsənsə, mən həqiqətə yiyəlik eləmək istəyərəmsə, onda bizim qarşımıza yeni sorumluluq çıxır, yeni tələb çıxır. Oturub düşünməliyik. Nə doğrudur, nə əyri. Yox, istəmirsən düşünmək, get. Hara gedəcəksən? Azala-azala ölə-ölə hara gedəcəksən? Heç yerə gedə bilməyəcəksən. Mən sizə əminliklə deyirəm, heç kimin əməyini azaltmaq fikrim yoxdur. Heç kimin zəhmətinə kölgə salmaq, onu küçümsəmək fikrim yoxdur. Nə qədər ki, Asif Atanın ortaya qoyduğu 6 ideyaya insan üz tutmayıb, bəşəriyyət üz tutmayıb, insan üzü aşağı meyillənəcək. Dağıdıcılığa, məhv olmağa gedəcək. Ancaq inanıram, hansısa nöqtədə dayanıb da, düşünmək zorunda qalan qabaqcıl düşüncəli insanlar olacaq. İndi də yox deyil. Yetər ki, bir az bizi axtarıb eşitsinlər, bizim çabalarımızı, yalvarışlarımızı eşitsinlər. Mən sənə “İnsan ol” deyə yalvarıram, “millət ol” deyə yalvarıram. Mənim ayrı dərdim yoxdur. Hara gediriksə gedək, bizim qarşımızda duran bu tələbdən qaça bilməyəcəyik.
Bir də Allahdan istəmək məsələsi. Bayaq ibadət məsəlsini misal çəkdim. Təəssüf ki, müsəlmanlaşdırılmış ümmət elə zəlil günə qalır ki, azadlığını tanımır. Nə də azadlığı uğrunda mübarizə aparmır. Onu əzən, təbəqələrə bölən, məhv edən qüvvələrin də qarşısında əsir-yesir qalır. O, Allahdan daim maddiyyat dilənir. Ruzi-bərəkət dilənir. Əlini açır göylərə ki, Allah maddiyyat versin, ruzi-bərəkət versin. Allah sənə maddi bərəkət verməyəcək axı. Bunu istəyirsən məcazi mənada deyək, istəyirsən hərfi mənada deyək. Bunun məcazı da doğru deyil. Sən Allahdan mənəviyat istəməlisən. O Allah ki, sənin varlığınla iç-içədir. Mahiyyətcə sən özündən istəməlisən mənəviyatı. Özündə mənəviyyat yaratmalısan. Onda sən öz məişətinin də nizamını biləcəksən. Onda sən başına gələni də bəlli edə biləcəksən. Onda sən dövlətini də bəlli edə biəcəksən. Dövlət məsələsi də ondan asılıdır. Dövlət də qutsal olaydır. Asif Ata deyir “Dövləti olamyan xalq yetim xalqdır”. Ancaq dövlət öz qutsal görəvini daşımır axı. Dövlət əsir düşüb. Əsir düşüb kapitalistlərin əlinə. Onlar dövləti istədikləri kimi talayırlar. Dövlətdən – əzdikləri xalqa qarşı istifadə edirlər. Belə dövlət olmaz ki.
“Leyli və Məcnun” məsələsi. Ərəblərin içində yaranan, nə qədər bizimkilər onu qaldırmış olsalar da, bunun özü bir dəyərdir. Qardaşımız bir məqama toxundu. Niyə Məcnun çöllərə düşdü, niyə Leylidən ötrü alışıb yanan Leylidən qaçdı?

 İlqar Türkoğlu: Məcnun Romeodan fərqli olaraq, mübarizə aparmadı.

 

 Soylu Atalı: Füzulidə “Leyli və Məcnun” “Romeo və Cülyetta”dan çox fərqlidir. Qat-qat fərqlidir. Fərq nədədir? Burda məqsəd mübarizə deyil. Burda məqsəd Leyli adlanan bir canlıya qovuşmaq deyil. Asif Ata deyirdi ki, Məcnun Leylidə Mütləqi görürdü. O, öz Mütləqini axtarırdı əslində. Leyli atasının, anasının yavrusu kimi davrandı, Məcnun onda özünün divanəliyinə tən olan aşiqliyi görmədi, ona görə ondan imtina elədi – “get, sən o Leyli deyilsən”. Füzuli bunu çox gözəl işləyib. Bu, Füzuli təfəkkürünün məhsuludur. “Romeo və Cülyetta” sırf ailə faktıdır. Məcnunda məsələ ailə faktından çox yüksəyə qalxmışdı…

Bayram quralları yerinə yetirildikdən sonra çay süfrəsində doğmalaşmaqla söhbətlər davam etdi.  

Sərt Ayı, 38-ci il.
(dekabr, 2016.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir