Ocaq Günsırası ilə Asif Atanın Mütləqə İnam Ocağı 12 Sərt Ayı, 42-ci ildə (dekabr, 2020) Qutsal “Bəşərilik” Bayramını keçirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: Bu gün Ocağımızın qutsal günlərindən biridir. Asif Atanın ölümündən sonra biz bu bayramları davamlı olaraq gerçəkləşdiririk. Bayramları, Asif Atanın sağlığında yazdığı ideyalar əsasında, sonradan biz gerçəkləşdirdik. Biçimini, hər dəfə dediyimiz kimi, tam oturuşdura bilmədiyimiz üçün mərasim kimi keçiririk. Az-az hallarda insanlarla birgə təbiət qoynunda, musiqili, bədii çalarlarla keçirmişik. Ancaq ev mühitində keçirəndə bəzən musiqi, bədii hissələr ya olmayıb, ya zəif olub. Bəzi hallarda onu məzmununa uyğunlaşdırırıq, bəzi hallarda mərasim kimi keçiririk. Olsun, indi də biz bunu mərasim kimi keçiririk. Mərasim kimi keçirməyimizin də başlıca nədəni bəllidir. İndi dünyada pandemiya deyilən bir şey var. İnsanların canlı üz-üzə gəlməsi böyük bir sorun əmələ gətirir. Bir yerə gəlmək imkanı yoxdur. Ona görə də biz çalışdıq, bu tədbirimizi heç keçirməməkdənsə, heç olmasa, internet üzərindən olsa da, gerçəkləşdirə bilək. Çünkü Ocaq siyasi bir təşkilat deyil, ya da başqa bir ideoloji qurum deyil, deyəsən, biz dövrə, zamana uyğun, tələblərə uyğun şəkildə addımlar ataq, addımlarımızı da dövrə uyğun hesablayaq. Yəni Ocağın ən azından bəlli bir işləri dayansa da, bəlli bir işləri ayaqda olmalıdır, yeriməlidir. Başlıcası, Ocaqçının Ocaqlaşması, özüylə üz-üzə qalması, Ocağı öyrənməsi, öyrətməsi prinsip olaraq ayaqda durmalıdır, davamlı şəkildə həyata keçirilməlidir.
Bayram tədbirimizin məzmununa uyğun söz deyirik. Düşüncələrimizi ifadə eləyirik. Nədir bəşərilik məsələsi? Bəşəriliyi niyə bayram edirik? Mən elə sizə giriş üçün səhər saat ondan üçün yarısına kimi mənim bu otağımda qonağım oldu. Bu söhbətlərimin bəlli bir çalarlarına dayanıb Bəşərilik məzmununa yaxınlaşmaq istəyirəm. Bu adamla biz bir neçə aylar öncə Sumqayıtda yas mərasimində görüşdük. Bu oğlan yas mərasimində oturduğumuz çevrədə etiraz eləmişdi, molla niyə ərəbcə oxuyur deyə. Mən də ona səbəb gətirmişdim, izah eləmişdim, niyə görə ərəbcə oxuyur, bunun bizə zərəri nədir… Elə orada tanış olmuşduq. Telefon nömrəmi almışdı. Dünən zəng elədi, bu gün görüşdük. Adam axtarışdadır, necə eləyək toplumumuzu qabağa aparaq, necə eləyək bu toplumumuzu problemlərdən çıxara bilək? Bu öz-özlüyündə yaxşı bir rahatsızlıqdır, qayğıdır. Ancaq eləmək istədiklərini tamamilə əski bir baxışa dayanaraq eləmək istəyir. Mən izah elədim, toplumun dəyişilib qabağa getməsi üçün bir sistem yaratmışıq, bir ideya qurumu yaratmışıq, bir ideya sistemi oluşdurmuşuq. Bunları öyrənib də anlamaq, dərk eləmək gərəkdir. Ondan sonra aydın olar toplumu necə qabağa aparmaq mümkündür. Hər şey burada var. Deyirəm, bura qədər bizi araşdırıb öyrənməmisiniz. Öyrənmədiyiniz üçün də başqa yerdə axtarırsınız, toplumu necə qabağa aparaq. Hazır sistem yaradıb ortaya gətirmişik, toplumu durduğu sıfır nöqtəsindən tərpədib qabağa aparmaq şansı yaratmışıq. Yəni toplumsal, insani gəlişməni təmin eləyə biləcək bir Yoldayıq. Biz dəfələrlə vurğu eləmişik, demişik. Bu gün də mən vurğu eləyib deyim. Bu gün bütün gəlişmələrin hamısı əslində insandan qıraqda baş verir. İnsana bağlı bir gəlişmə həyata keçirilmir. Niyə yoxdur? Çünkü insan doğru öyrənilmir, doğru dərk olunmur, doğru qiymətləndirilmir. Nə edirlərsə, insandan qıraqda edirlər. O oğlanın danışığı da o qaydadadır. O da deyir, eybi yoxdur, insanı aldadaq, insanı qorxudaq. Qoy qorxsun, nədənsə çəkinsin, təki qabağa getsin. Axı sən içində azad olmasan, sən qorxudan ayrılmasan necə gəlişmə yarada bilərsən. Həm deyirsən gəlişək, həm də deyirsən, qorxudaq. Əzizim, qorxu gəlişməyə qarşıdır, gəlişmənin ölümüdür. Məni nədən çəkindirəcəksən? Mən körpə uşaq deyiləm axı mənə deyəsən, əlini toka vurma, cızdı. Mənim şüurum var. Mənum şüurumu təmizlə, böyüt, artır. Gəlişmə ondan sonra baş verəcək. Dünən bir yazı yazmışdım bununla bağlı. Bəşərilik bayramının halına uyğun olaraq bir məsələni qeyd eləmişdim. Bu məsələ elə insan məsələsidir. Bəşərilik, yəni insanlıq. İnsanlıq olmayan yerdə bəşərilik yoxdur. İnsanlıq olmayan yerdə millət yoxdur. İndi bayaqkı dostumuzla bağlı məsələnin detallarını vurğulamaq istəyirəm. Milləti qurtarmaq istəyirsən, İnsanlıqla işin yoxdur. Onda milləti düşdüyü bəladan necə qurtaracaqsan? Axı düşdüyü bəlaların kökü insanın içindədir. Sən İnsanın içinə əl uzatmırsan, onun qırağında nələrsə eləmək istəyirsən. Milləti qurtarmaq istəyirsənsə, millətin xilas yönü insanlıqdır. İnsanlıq nədir – bəşərilik. Deyir, Türkçülük baş tutmayacaq. Bu əslində toplumun baxışıdır. Bir nəfərin söhbətini mən burada qonuya çevirmək istəmirəm. Toplumun bütövlükdə oturuşmuş qonusu budur. Deyir, Türkçülük necə baş tuta bilər? Burada talış da var, ləzgi də var, o biri, bu biri də var. Millətçilik məsələsi toplumda düzgün qoyulmadığı üçün, düzgün öyrənilmədiyi üçün çoxsaylı, fərqli baxışlar yaranıb. Biri deyir millətçilik türkçülük olmalıdır, gözəl şeydir. Biri deyir elə eləmək olar, biri deyir belə eləmək olar. Bir qərar yoxdur. Tək, bütöv bir düşüncə yoxdur. Çünkü insanlaşma yoxdur. İnsanlaşmanı dərk eləmək yoxdur. İnsanlaşma varsa, Türkçülük ideyasından talış, ləzgi, o biri qorxmayacaq. İnsanlaşma varsa alman qorxmayacaq, inglis qorxmayacaq. Söhbətin məğzində, mahiyyətində insanlaşma durur. İnsanlaşma milləti yaradır. Millətləşmə insanlaşma əsasında oluşa bilər. Millətləşməni bizdən qıraqda, yəni Asif Atanın Ocağından qıraqda siyasi ideologiyalar əsasında gəlişdirməyə çalışırlar. İdeya üzərində yox, ideologiyalar üzərində. İdeologiya siyasi nizam yaratmaq üçün düşünülmüş doktrinadır. Siyasi nizam üçün düşünülmüş doktrina ilə millət yarada bilməzsən. Milləti başqasına qarşı qoya bilərsən. Ancaq insanlaşma ilə milləti özünə bənzədərsən, başqa millətlərlə, başqa etniklərlə doğmalaşdırarsan, onları iç-içə bağlayarsan. Asif Atanın Ocağının dediyi budur. Dünənki məsələ ilə bağlı vurğulamaq istəyirəm. Biz ortaya ruhaniyyat məsələsini gətiririk. Deyirik, qurtuluş ruhaniyyat məsələsindədir. Bəşəriyyət ona görə bu günə qalıb, bəşəriyyət ona görə savaşlardan, qandan, qadadan, qurtula bilmir ki, ruhaniyyat əyilib, ruhaniyyat nisbidir. Ruhaniyyat qurtarmalıdır, əsilləşməlidir, özümləşməlidir.
Sizə bəzi misallar çəkmək istəyirəm. Mən yazdığım qonudan çıxış edərək deyim sizə, bir var toplumda ruhi sorunları olan adamlar, yəni ruhi xəstə olan adamlar. Onlara psixi xəstə deyirlər, dəli deyirlər. Niyə elə deyirlər, çünkü onların psixikasında pozuntu var. Ancaq biz deyirik, bütövlükdə toplumun ruhu xəstədir. Ya da, bir az yumşaq deyək, toplumda ruh nisbidir, bütöv deyil, mütləq deyil. Ruhu nisbi olduğuna görə inamı, idrakı, mənəviyyatı, iradəsi nisbidir. Eybəcərliklərlə barışır, eybəcərliklərlə mübarizə aparmır. Görürsünüzmü, deyir, eybi yoxdur, insanı qurtarmaq üçün onu qorxudaq. Nisbilikdir bu. Bu nisbi ruhaniyyatdır, nisbi yanaşmadır. Nisbi ruh mütləq olmadığı üçün, bütöv olmadığı üçün savaşlar yaradır, qırğınlar insanı əyir, öz növündən olanları işğal edir, istismar edir. Deməli, toplumun bütün sorunu, dünyanın sorunu ruh məsələsidir. Ruhun da yaranması ruhaniyyat əsasında yaşamağa gətirib çıxaran bir məsələdir. Deməli, toplum, bəşəriyyət ruhaniyyat əsasında insanlaşır. Başqa sözlə, insanlaşmaq elə ruhaniyyat yaratamaq deməkdir. Ruhaniyyatı bərqərar eləmək deməkdir. Ona görə də, nə qədər ki, dediyim kimi, toplumda bu məsələ düzgün dərk olunmayacaq, toplum bioloji qanunlarla yaşayacaq, ruhaniyyatı əsilləşdirməyəcək, ruhunu qurtarmayacaq, onda toplumda hər cür naqisliklərlə üz-üzə qalacaqsan, hər gün neqativ halları görüb yaşayacaqsan. Deməli, bunun üçün biz deyirik, qurtuluş ruhaniyyat məsələsindədir. Bunun üçün biz deyirik, ruhaniyyat məsələsini insanlaşmanın öçüsü kimi təsbit eləmək gərəkdir. Yenə dünənki yazıdan bir məqamı baxışınıza çatdırmaq istəyirəm. Mən deyirəm, ruhi xəstə ilə nisbi ruhlu adam arasında bir addım var. Ruhi sorunu olan adama dəli deyirlər, ancaq ədalətsiz adama dəli demirlər. Ruhu yarımçıq adam – nisbi ruhlu adam vicdansız olur, pulgir olur, antiinsani yaşayır. Bununla həmin o ruhi sorunu olan arasında fərqi mənə göstərin. O ruhi, psixi sorunu olan dəli kimi davranıb özünə zərər verir. Sayıqlayır, ağlına gələni danışır, özünə ziyan verir. Ancaq nisbi ruhlu olan toplumun yaşam nizamını pozur. Ədalətsizliklə, vicdansızlıqla, qamarlamaqla, rüşvətxorluqla toplumun yaşam nizamını pozur. Ona görə insanlaşma əsas şərtdir. Böyük məsələdir, insanın ruhu yaranmalıdır, kamilləşməlidir, insanlaşma ölçüyə çevrilməlidir. İnsanlaşma ölçüyə çevriləndən sonra biz demirik, qurdla quzu yanaşı otlayacaq. Ancaq ümumbəşər səviyyəsində ölçü, nizam dəyişəcək. Bir az obrazlı deyək, bu gün doxsan faiz əyridir, on faiz normaldır. Biz istəyirik, heç olmasa doxsan faiz normal insan insanlığı düşünən olsun, on faizi əyri olsun, eybi yoxdur. Doxsan faiz olarsa, toplumda nizam da gözəlləşər. Bəşərilik deyəndə biz bunu gözə alırıq. Başqa xalqlara bizim sağlam münasibətimiz var. Başqa xalqlarla, başqa insanlarla bizim bağlılığımız olduğu qədərdir. Biz tərki-dünya olub, toplumdan ayrılıb (təcrid olub) yaşaya bilmərik, nə də yaşamırıq, elə bir şey düşünmürük. Biz insanlarla birgə yaşadığımız kimi, insanlarla bir olduğumuz kimi, xalqlarla da birik. Xalqlarla birgə yaşayırıq. Xalqlarla birgə yaşamağı qutsal nemət sayırıq. Çünkü xalqların hər birinin özünə xaslıqları var, bunun adı bəşərilikdir. Mədəniyyət özünəxaslıqları var, davranış özünəxaslıqları var, gələnək-görənək özünəxaslıqları var, dil özünəxaslıqları var, tarix özünəxaslıqları var. Doğada məskunlaşma, formalaşma özünəxaslıqları var. Hər bir xalqın bu cür özünəxaslıqları var. Biz bu keyfiyyətlərlə iç-içəyik, doğmayıq. Ona görə bəşər xalqlarının Asif Atanın dediyi Mütləqə İnama tapınmasını istəyirik. Bəşər xalqlarının içərisində bu ideyanın yeriməsini istəyirik. İnsanlaşmanın ölçüyə çevrilməsini istəyirik. Ona görə də biz bu qonunu bayram eləyirik. Bu qonunu biz Ocağımızın əsas bayram tədbirlərindən birinə çeviririk. Zaman-zaman biz bəşəriliyin başqa çalarları ilə bağlı çox söz demişik. Mən onları təkrar eləmək istəmirəm. Hesab edirəm, mənim bu vurğum elə özü Ocağın “Bəşərilik” haqda düşüncəsini hardasa çatdıra bilir. Atamız Var olsun! Bayrağımızı öpürəm.
Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Bayramımız qutlu olsun! Yenə də hamınızı bir arada görmək çox xoşdur. Nə qədər texniki qüsurlar olsa da, hər birinizin səsini eşitmək, üzünü görmək çox böyük güc verir mənə.
Ata deyir, xalqsız bəşər yoxdur. Xalq necə var olmalıdır? Xalqın varlığı insanın varlığına bağlıdır. İnsan varsa, xalq var, millət var. Xalq varsa, bəşər var. İnsan doğulandan savaş verir. Yaşamaq uğrunda savaşır, özünü təsdiq etmək üçün savaşır. Bu, ömrü boyu davam edir. Ancaq onun o savaşı həm də, insanlığı təsdiq etmək yönündə, milli yöndə, bəşəri yöndə olanda elə onun mahiyyətini təsdiq etmiş olur. Atanın ideyaları “Kamil İnsan”dan başlayır, “Ləyaqətli Bəşər”də bitir, onu təsdiq edir. İnsandan başlayır hər şey, “Ləyaqətli Bəşər”də bitir. Yəni hər şeyin özülü İnsandır. İnsanın özünü təsdiq etməsi üçün Atanın “özüylədöyüş” ideyası var. Ancaq indiki dünyamızda, ya da bizə qədərki yaşamda dünyanı, insanı din, siyasət yönətir. Bunlar ikisi bir yerdə yönətir. Nə qədər, insan öz taleyini öz əlinə almır, eləcə də xalq öz taleyini əlinə almır, İnsan öz taleyini Allaha tapşırır, xalqlar da öz taleyini siyasətin əlinə tapşırır, özünün aqibətini həll eləyə bilmir, mütləq başqa bir ağa, başqa bir qüvvə onun həyatını, onun yaşamını yönətəcək. İnsan niyə kamilləşməlidir? Özünü anlamaq üçün, dünyaya niyə gəldiyini anlamaq üçün, nəyə gərək olduğunu anlamaq üçün, millətinin gələcəyinə, sabahına yararlılığını, gərəkliyini anlamaq üçün. Bu sorumluluğu anlayanda o, öz ömrünü qura bilir. Bir insan olaraq da qura bilir, bir millət olaraq da. Onda o Allahın da ağalığını qəbul eləmir, siyasətin də. İnsan kimi öz aqibətinin yiyəsi olmaq, milət olaraq öz aqibətinin yiyəsi olmaq – bunlar əslində qutsal savaşdır insan ömründə. Qutsal savaş qapsamalıdır. Deyək, türk millətinin Asif Atası var. Bu yolu bizə Ata qoyub. Bu əslində həm də dünyaya çatdırılmalıdır, insan dindən, siyasət asılılğından arınsın, durulsun, özünə yiyə dursun, millətinə yiyə dursun, bəşərə yiyə dursun. Təbii, Vətən anlamı da çox böyükdür. Vətənini sevən bəşəri sevmiş olur. Vətəni qoruyan bəşəri qorumuş olur. Ona görə də bu qutsal savaşda uğurlar arzulayıram hər birimizə. Atamız Var olsun!
Yurdtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Mən əslində hazır deyildim bayramla bağlı. Aşağı-yuxarı bir saat bundan qabaq Nurtəkin mənə zəng elədi. Bizim aramızda telefon söhbəti oldu. Söhbət edəndə dedim, qocalmışam. O da zarafatla dedi, qocalığı bəhanə edib yaxanı qırağa çəkmək doğru deyil. O söz, doğrudan da, çox düzgün sözdür. Bəşəriliklə bağlı həm Soylu qardaşımın, həm də bacımızın izharı ilə tam ortağam. O mənada ki, insandan qıraqda heç bir gəlişmə yoxdur. Ailədən, millətdən, bəşəriyyətdən tutmuş hamısının düzəlməsi üçün insan düzəlməlidir. Belə düşünürəm, bəşəriyyətin düzəlməsi üçün bu gərəkdir. Bəşəriyyətin əsası insandır. İnsan düzəlməsə ailə düzəlməz, insan düzəlməsə millət düzəlməz, insan düzəlməsə bəşəriyyət düzəlməz. İnsanın da düzəlməsi üçün insanlıq olmalıdır. Onun da olması üçün Asif Ata ən güclü tapıntıdır. Həm Asif Atanın başqa ideyaları, həm də onun “özüylə döyüş” ideyası. İnsanın düzəlməsi üçün onun özüylə döyüşü gərəkdir. Gərək insan tarixi şəri də düzgün qiymətləndirə bilə. Bu gün Azərbaycan Ermənistanla müharibə aparır. Zor göstərir. Biz bilirik, zor şərin əlamətidir. Ancaq burda Azərbaycanın göstərdiyi güc şərə deyil, bir millət kimi ləyaqətini, şəxsiyyətini, kimliyini, qədimliyini qoruması üçün göstərdiyi zordur. Ona görə mən bu zoru həqiqət kimi qəbul edirəm. Ancaq ümumən zor işlədirsə, insanlığa qarşı, insan ləyaqətinə qarşı güc işlədirsə, burada bunu biz şər əlaməti kimi qiymətləndirmirik. Çünkü erməninin əməllərinin bəşəriliyə dəxli yoxdur. Sözümü bitirirəm. Atamız Var olsun!
Göytəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Mən öncə hər birinizin bayramını qutlayıram.
Atanın belə bir sözü var. “Millətçi olmasan bəşərçi olmazsan”. Bəşərin uğurlu gələcəyinə gedən yolda, bəşərin uğurlu sabahının qurulmasında bizim bir millət kimi formalaşmağımızın rolu önəmlidir. Bu gün bu yöndə bir çox mübarizə üsulları qoyulur qarşımıza. Əslində üzdən baxanda hər kəs uğurlu gələcəyin qurulması yönündə mübarizə aprarırmış kimi görünür. Ancaq qarşımıza nə qədər mübarizə üsulları qoyulsa da, biz bunların heç birində uğurlu sonuc görə bilmirik. Bayaq Soylu bəy bunu daha yaxşı açıqladı, toplumda dəyişiklik insanın içindən başlamır, insandan qıraqda baş verir, ona görə müsbət sonuclar əldə olunmur. Mən Atanın Yolu, ideyaları ilə tanış olmamışdan qabaq bir çox mübarizə usulları ilə bağlı düşünürdüm, millətin, xalqın bir nümayəndəsi olaraq bizdən nə tələb olunur. Məni ən çox düşündürən suallardan biri bu idi. Mübarizə dedikləri yolda onlar da sonuc olaraq ədalətdən danışırlar, hansısa müsbət dəyişikliklərdən danışırlar. Ancaq nəyə görə onların ədalətə aparan yolları zordan, çığır-bağırdan, hay-həşirdən keçməlidir? Bu cür dəyişikliklərin getməsi bizim həyatımızda nəyi dəyişdirə bilər, bizi hansı müsbət sonuclara götürə bilər. Ədalətin bərqarar olunmasına apara bilərmi? Soylu Atalının kitabından bir yazı oxumuşdum. İdeya nədir, şüar nədir? O yazı mənimçün bir çox şeyi aydınlaşdırdı. Yəni çoxunun bizə dediyi mübarizə bir şüar üzərində yola çıxmaq üsuludur. Əslində nədən başlayıb nə sonuca gəlinəcəyi haqqında sistemləşdirilmiş bir ideya yoxdur ortalıqda. Atada isə mübarizə insanın özündən başlayır. Öncə inamın bizi nəyə yetirəcəyi, hara götürəcəyi, nə ilə sonuclanacağı bəlli olur bizə. Bu gün din, siyasət hərəsi bir yandan zərər verir insana. Daha çox çaşqınlıq yaranır. Əslində bizi doğru yola götürən inam olmalıdır. Öncələr mən Allahın bizə tanıdılan obrazının böyüklüyünə heyrət edirdim. Onun bu dünyanı yönətməsi haqqında düşünəndə yaranan heyrətim nə qədər böyük olurdusa, özüm bir insan olaraq öz gözümdə bir o qədər kiçik görünürdüm. İndi anlaya-anlaya yanaşdıqca Atanın Yolunun nələrə qarşı dayandığına, nə ilə sonuclanacağına heyrət edirəm. Həm də insan olaraq öz rolum, Allahın uydurulmuş böyüklüyü deyil, insanın böyüklüyü, insanın nələri qurmağa, dəyişməyə qadir olduğuna inanmağım daha böyük heyrət yaradır. Mən Bəşəriliyi bu açıdan dəyərləndirməyə çalışıram. Atamız Var olsun!
Soylu Atalı: Toxunduğun məsələnin əsas önəmli bir çalarını deyim. Bu yaxşı bir məsələdir. Əslində Allahlıq anlamı deyə bir şey var. Ata da onu danmır. Yəni Mütləq olan var, kainatın bir Mütləq nizamı var, bir Mütləq qüdrəti var. Ateizm nə qədər çalışdısa da, bunu ortadan qaldıra bilmədi. Çünkü qaldırılması mümkün deyil. Ancaq o Mütləq olanı insana necə vermək məsələsi var. Mütləqi insana elə verərsən insan kiçilər, yox olar. Mütləqi insana elə tanıdarsan, insan böyük olar, qüdrətli olar, dünyanın əyintilərini düzəltməyə çalışar. Nə yazıqlar, dünyagörüşlərdən gələn etkilər bizi öz gözümüzdə kiçik düşürür. Bizi öz gözümüzdə suçlu göstərir. Allahın qorxunc qarşısında gözü kölgəli bir şeyə çevirir. Ona görə də dünya əyildikcə əyilir. Ancaq Mütləq olanı, Allahlıq anlamını insana elə sevdirər, elə verə bilərsən, insan ona dayanıb öz insani mahiyyətinə yüksələ bilər. Öz ömrünü üzə çıxarar, aşkarlaya bilər. Dünyaya da, özünə də gərək ola bilər. Bu gərəklik məsələsi böyük məsələdir, o insanların şüurunda, başlıca olaraq, müsəlmanların şüurunda yerimir. Mən nə karəyəm, kiməm axı deyir. Bunu ona dedirdən dünyabaxışlardır. İnsana dedirtmək olmaz, mən nə karəyəm, neyniyə bilərəm. Axı dünyanı əyən də insandır, düzəldən də. Dünyanın bu günə düşməsinin səbəbi insandır. Kim olur olsun, fərq eləməz. Dünyanı əyən insandır. Dünyanı əyən, dünyanın mahiyyətinə qarşı siyasət formalaşdıran, gediş şəkilləndirən insandır. Bu gedişdən, bu eybəcərlikdən utanan da insandır, buna dirəniş göstərməli olan da insandır. Yenə fərqi yoxdur, hansı adı, soyadı daşıyır. İnsandır. Bizim faktımız insandır. Ona görə Asif Ata deyir, “İnsanlaşın İnsanlaşdırın. Bəşərin qurtuluşu İnsanlaşmaqdadır!”. İnsana öz kimliyini dərk elətdirməsən, insan özünü anlamasa, dünyanı dərk eləməsə, Mütləqi dərk eləməsə onda dünya əyridən də əyri olacaq. İnsan düzəlməyincə dünya düzəlməyəcək. Bu böyük bir məsələdir. Bunu da Ata elə-belə bir söz kimi ortaya atmır. Ağlını, düşüncəni böyütmək üçün buna zəmin verir, ortam yaradır, ideya verir, prinsip verir, hərəkət verir, səbəb verir, güc verir. Sən onlara dayanıb içində böyük bir imkan aşkarlayırsan, ona dayanıb öz sözünü deyirsən, yaşamını qurursan. Bəşər xalqlarına Asif Atanın ismarıcı budur.
Bəşər xalqlarına bunu ismarıc verir, nə qədər ki, öz murdar, eybəcər siyasətinizlə, dini doktrinalarınızla, əyri doktrinalarınızla bəşər övladını balaca saxlayacaqsınız, cılız saxlayacaqsınız, onun özünə inamını ortadan qaldıracaqsınız, onun böyük düşüncələrinə yasaq qoyacaqsınız, dirəniş göstərəcəksiniz, bəşəriyyət daim ağrılar, acılar içində çabalayacaq. Heç bir xoşbəxtliyə çıxa bilməyəcək, böyük gözəlliklər də yarada bilməyəcək. Ən yaxşısı bugünkü Suriya kimi, bu günkü Qarabağ kimi olacaq. Ən yaxşı halda bu olacaq. Qorxulu, ağrılı, acılı olacaq. Asif Ata bəşəriyyəti belə ağrılardan, acılardan qurtarmaq üçün onun başına ağıl qoyur, onu köksünə ürək qoyur. Vuran ürək, düşünən ürək, ideyaya yüksələn, ideyaya böyüyən ürək. Ona görə biz ürəklə deyə bilərik ki, Asif Ata bütün doktrinalardan yüksəkdə durur, bizə Doğru bir yol göstərir. Biz də onun peşindəyik, ondan usanmırıq, ondan doymuruq.
Yasin: Hər kəsin ürəyində Ata Günəşi olsun. Çoxdandır bir-birimizi görmürük, ilətişim qura bilmirik. Xoş gördük hər birinizi. Soylu bəy, din-inanc məsələsində mənim də qayğılarım var. Türk toplumu hal-hazırda böyük bir inanc sistemi içindədir. İslamın təriqətləri, qolları, Avropadakı türklərdə xristianlıq var, Qazaxıstan türklərinin bir başqa yanaşması var. Böyük bir inanc çoxluğunun içərisində parçalanmaqdadır. Azərbaycanın özündə fərqli bölünmələr – sünni, şiə, Türkiyədə saysız-hesabsız əşirətlər deyirlər, təriqətlər var. Hansısa bir atanın bir ocağı, bir dini qurumu var. Türk dövlətləri hal-hazırda bu qarışıq inancların içində çalxalanır. Gələcək gündəmdə olan, Türk Dünyasını düşündürən qayğılardan biri Türk dövlətlərinin birliyidir, ortaq türkcədir. Özlərini müdafiə eləmək, gələcək hədəflərini, qayğılarını birgə həll eləmək üçün Türk dövlətlərinin birliyi qaçılmazdır. Bu, hər birinin ölüm-qalım məsələsidir. Bu Türk birliyi qurularsa, sorunlardan qurtuluş başlayar. Sorunlu məsələlərdən biri ortaq türkcədir, bir də inanc məsələsidir. Burda dartışmalar çox olacaqdır. Biri Türkiyə türkcəsini, biri Azərbaycan türkcəsini, Orta Asiyadakı Türk dövlətləri öz türkcələrinin gərəkliyini irəli sürəcək. Bir də inanc sistemində. Bu gün Azərbaycanın özündə az öncə dediyim kimi, fərqli yanaşmalar var. İslamın özündə islam təriqətləri içində şiə, vəhhabi parçalanmaları, Türkiyənin özündə, Güneydəki soydaşlarımızda fərqli yanaşmalar var. Bu bizə çətinlik yaradacaq. İçimizdə ən ayıq Qazaxıstan türkləridir ki, onlarda millətçilik dini inancı üstələyib. Burda sorunlar yaranacaq, ancaq Ocaq üçün də qapılar açılacaq. Yeni baxışlar Ocağa dikiləcək. Burda Ocağın yönü, yeri, mövqeyi bilinəcək. Biz buna özümüzü hazırlamalıyıq. İstərdim, Ocaq bu yöndə bəlli mövqe sərgiləsin, sorun olarsa, nə təklif edəcəyik. Ölkəmizin içində qlobal pandemiya deyilən məsələ bir yandan, karantin rejimi bir yandan davam edir, bizi evə qapadıblar. Savaş rejimi bir yandan davam edir. Bir də ölkəmizin içində insanlarımızın sosial durumu, sosial təminatı, sosial qayğıları da həll olunmayınca inanc sisteminin belə dayanıb qalması bir müddət belə olacaq. Çünkü sosial təminatı olmayan bir insanın gündəlik qidası, dolanışığı olmayan bir insanın durub bəşəri problemləri araşdırmağa nə vaxtı, imkanı, nə də həvəsi olacaq. Bunu həll etməyincə, ölümüzü ərəbcə basdırır, üzü başqa millətin qibləsinə doğru gömürük, başqa millətin dilində danışırıq – bu məsələ düzəlməyəcək. Ölkənin içində müharibə dönəmidi. Müharibə dönəmindən də öncə hakimiyyət, dövlət bir iş görmədi. Məncə, güclü dövlət, güclü hakimiyyət qurulmasa, inanc sistemi də düzəlməyəcək. İnanc sisteminə baxış da düzəlməyəcək. Toplumumuzun içərisində toplumun bir hissəsi nə tələb edir, nə düşünür, fərqli düşüncə varmı ölkəmizdə, inanc sisteminin dəyişilməsi uğrunda fərqli bir düşüncə söylənsin. Bu məsələləri, məncə, hələ araşdırmayacaqlar. Bu məsələlər, ölkəmizin hazırlıqsızlığı məni qayğılandırır. Hazırlıqsızlıq olduğundan ölkəmizdə sərbəst düşünən insanların meydana çıxması, bunlara ortam yaradılmaması beləcə qalır. Məncə, dövlətin başında duranlar yavaş-yavaş milliləşdikcə, türkləşdikcə, yeni baxış sisteminə tələbatı olan insanlar yaranacaq. O zaman Ocağa qapılar açılacaq.
Ancaq yenə, bayaq vurğuladım, gələcəkdə Türk dövlətlərinin fikir haçalanması, parçalanması olanda Ocağın mövqeyinin nə olacağını bilmək istəyirəm. Soylu bəy, imkan varsa ya indi, ya da gələn görüşlərdə bunun haqqında söz deyəsiniz. Sözüm bu qədər.
Soylu Atalı: Aydındır. Təbii, vurğuladığın məsələlərin hər biri önəmli məsələlərdir. Ancaq nə yazıqlar, biz Ocaq olaraq, bu məsələlərin önünə keçə bilmirik. Bizim, belə deyək, nə fiziki, nə maddi imkanlarımız o deyil, bu məsələlərin önünə keçək, aktiv söz deyək, aktiv iş görək, aktiv etkilər yaradaq. Məsələlərlə bağlı rahatsızlıqların doğrudur. Mən də bu rahatsızlıqları yaşayan adamam. Ancaq elə məsələlər var, bu gün Ocaq onlara etki göstərmək olanaqlarında deyil. Ona görə əsasən biz özünü yaratma, Ocağı yaratma, söz demə, ruhaniyyata çağırış, ruhaniyyatın doğruluğunu anlatmağa çağırış, insanlaşmanın gərəkliyini anlatmağa çağırış yönündən çalışmalarımızı sürdürürük. Əslində düz eləyirik, bizim başqa yöndə etki göstərmək gücümüz hələ ortalıqda yoxdur. Özümüzü aldatmırıq. Ancaq yenə deyirəm, mən də istəyirəm, Ocaq aktiv şəkildə toplumsal-siyasal gedişlərə ruhsal etkilər göstərə bilsin. Bizim indi ruhsal etkilərimiz sadəcə mətbuat üzərindən, sosial şəbəkələr üzərindəndir. İnternet üzərindəndir. Biz hələ toplumu hazırlama, toplumu böyütmə yönündən Ocaq sözü deyirik. Görüşlərlə, səfərlərlə bunları deyirik, ədəbiyyatlarımızı çap eləyirik, ədəbiyyatlarımızı yayırıq, veririk ki, insanlar daha çox Ocaqdan bilgi əldə eləsinlər. Ocaq həqiqətləri ilə tanış olsunlar, Ocaq həqiqətlərini öyrənsinlər. Asif Ata sağ olsaydı, bəlkə də məsələlər başqa cür olardı. O bilərdi ki, Asif Atanın etkisilə hansısa bir toplumsal-siyasal proseslərə daha aktiv etki göstərmək mümkün olardı. Buna inanıram. Bizim bu işdə gecikməyimizin nədənləri var. Asif Atanın ölümünə biz hazır deyildik. Baxmayaraq, Atanın ölümündən illər keçir, bu elə-belə zarafat məsələ deyil. Asif Atanın ölümündən sonra hələ iki onillikdə biz özümüzü bərpa eləyib toparlana bilmişiksə, bunun özü də böyük işdir. Biz Atanın ölümündən sonra Ocaq olaraq bölündük, parçalandıq, sarsıldıq, kiçildik, toparlana bilmədik. Ağlımızın gücü yox idi, ortam yox idi, təcrübə yox idi, Ocaq kimi böyük, bəşəri, insani qurumu necə yaşadaq, necə davam eləyək. Ağlımızın, sözümüzün kəsəri o deyildi. Ocağı yaşatmaq sadə məsələ deyil. Siyasi partiya yaratmağa nə var. Ancaq Ocaq kimi ruhani bir qurumu, böyük bir qurumu həm yenidən yarat, həm də yönəlt, qoru, bunun üçün bizdə ağır bir dönəm başladı. Çox ağır idi. Yenə deyirəm, ağlımızın gücü o deyildi. Bunun üçün, mənə şəxsən Soylu olaraq, Ocağı qorumaq, Ocağı yaşatmaq üçün illər gərək oldu. İndi başqa Ocaqçıların da özünü qurması gərəkir, buna da zaman gərək olur. Bu açıdan deyirəm, Atanın ölümündən sonra biz sarsıldıq. Gücümüz tamam sıfıra düşdü. Sonra toparlandıq. Bundan sonra yavaş-yavaş Ocağın etkisi mənə elə gəlir ki, genişlənir. Sənin özünün də vurğuladığın kimi, ona ehtiyac yaranır, zərurət yaranır. Razıyam dediklərinlə, başqa ölkələrdə də onun qapısını döyən olacaq . Buna da biz yavaş-yavaş özümüzü hazırlayırıq, düşünürük. Əgər bizim Ocaq olaraq müəllimliyimizə gərək olacaqsa, biz onu əsirgəməyəcəyik. Bizim ideya vericiliyimizə gərək olacaqsa, biz onu da əsirgəməyəcəyik. Yəni biz əlimizdən gələni eləyəcəyik, eləməyə bu gün hazırıq.
Ancaq bu günkü dünyanın gedişi, siyasi gediş elə bir məcraya yönəlib, Ocaq hələ indikindən daha aktiv etki göstərə bilmir. Əlimizdən gələni eləyirik, eləməliyik. Daha çox çalışmalıyıq. Bilirəm, dolanışıq var, çətinliklər var. Ancaq hər birimiz öz çevrəmizdə öz etkilərimizi böyütməliyik, artırmalıyıq. Sənin sözünə cavab olaraq bunu deyə bilərəm. Əslində sizin hər biriniz gənc adamlarsınız, həm də sağlam mənəviyyatlı, saf adamlarsınız. Sizin saflığınıza bərabər toplumda saflıqlar çox azdır. Bir az da belə deyim yox kimidir. Onunla belə sizin də hələ böyüməyinizə, düşüncələrinizin böyüməsinə, daha kamil səviyyəyə yetməsinə gərəklik var. Yaradıcılığınızı ortaya qoymağa gərəklik var. Ocaq insanı topluma, bəşəriyyətə sözlə, ideya ilə etki göstərə bilər, idraki gücü ilə etki göstərə bilər. O da hələ yetərli deyilsə, onda Ocağın etkisi toplumda az hiss olunacaq. Ona görə hər bir Ocaqçı öz üzərində daha çox işləməlidir. Bu gün öz üzərində ən aktiv işləyən Göytəkindir. Hər bir Ocaqçı öz üzərində daha çox işləməlidir, ideyavericilik qabiliyyətini ortaya çıxarmalıdır. Düşüncələrini yaradıcılıq səviyyəsində ya yazı şəklində, ya görüşlərdə, söhbətlərdə özünü ifadə eləməlidir. Bütün bunların hamısı zaman-zaman Ocağın yeni aşamalara keçməsini təmin eləyəcək. Buna inanıram. Ancaq eyni zamanda arxayınlaşmamaq, qabağa getmək gərəkdir. Ocaq ideyaları o qədər zəngin ideyalardır ki, bundan sonra da hər biriniz ayrı-ayrı vaxtlarda, içinə girdikcə onun nə demək olduğunu görürsünüz, görəcəksiniz. Buna görə də insanlara bunu anlatmaq, öyrətmək, yeritmək, qüdrətinə yetməliyik. Asan deyil. Toplum Ocağı asan götürməyəcək. Toplum bu saat real məqamlarla hesablaşır. Toplum hər şeyin hazırını istəyir, o da yoxdur. Ona görə də Ocağın dediyi yaxşı şeydir, ancaq hələ bunun vaxtı deyil deyəcək. Buna biz hazır olmalıyıq. Ona görə də biz Ocaq olaraq İnsanlaşma, Xalqlaşma, Bəşərləşmə yolu tutmuşuq. Xalqımızın içində nə qədər çox görünəriksə, nə qədər çox aktiv etki göstərəriksə, səsimiz, sorağımız başqa xalqların içinə də gedib çıxar. Bəşəriyyətin içində dalğa-dalğa artar, böyüyər. Bunun üçün hər bir Ocaq fərdi özünü ötməlidir, ən yüksək səviyyələrə yetməlidir. Öz içini aşkarlamalıdır. Bu, üç günəmi olacaq, üç ay sonramı, üç il sonramı olacaq. Bundan sonra keçərli olur Ocağın işi, etkisi. Ancaq onu deyim, mən pessimist deyiləm, heç vaxt da olmamışam. Çünkü Ocağı biz hansı durumlardan hansı duruma gətirib çıxartdıq, necə qoruduq, bunu mən bilirəm, yaşamışam. Ancaq bundan sonra uğurları haqqında, uğurları yetirmək haqqında düşünək. Heç bir vaxt özünüzə gücsüz baxmayın. Biz azıq, neyləyə bilərik deməyin. Başqa baxışlar bizi öz gözümüzdə küçümsəsə də, Asif Ata bizi öz gözümüzdə böyüdür. Bundan geri durmayaq, özümüzü məhrum eləməyək. Böyüklük məsələsi bizdən qıraqda deyil. Göylərdə deyil, başqa xalqlarda deyil, siyasətdə deyil, dövlətlərin başında deyil. Dövlətlərin başında duranların çoxu sizin hər birinizdən mənəviyyatca qat-qat aşağıdır. Yəni məsələ onda deyil…
“Bəşərilik” Bayramı üstə Mütləqlə Təmas deyildi.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Bayram sona yetdi.
Üzü köçürüldü: Sərt Ayı, 42-ci il. Göyçay.
(dekabr, 2020).