Xəbərlər

Qutsal “Bəşərilik” Bayramı

Ocaq Günsırası ilə 12 Sərt Ayı, 44-cü il (dekabr, 2022) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Bəşərilik” Bayramını həyata keçirdi. Bayram quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözünə başladı: Bu gün Qutsal Bəşərilik Bayramını həyata keçiririk. Sabahlı, Bağban, Amaltay bizimlədir. Biz onların adlarını mərasimlərdə çəkirik. Gərəkdir elə bayramlarda da çəkək. Ailə Günlərində də çəkmək olar. Ocaqda ölənlərimiz sevgimizdə, sayğımızda yaşayırlar.
 Biz 25 ildir, Bəşərilik bayramını həyata keçiririk. Atanın ölümündən sonra başlamışıq bayramları keçirməyə. Bu bayramı keçirməyimizin anlamı nədir, niyə keçiririk?! Bu bayramları Ata necə bəlirləyib, necə hesablayıb bizə bəlli deyil. Ata niyə Bəşərilik Bayramını bu günə vurğulayıb, niyə İnsanilik Bayramını 14-nə, Xəlqilik Bayramını 13-nə yazmışdı. Mən bilmirəm. Bu bayramlar Atanın sağlığında gerçəkləşmədiyinə görə heç birimizin ağlına gəlməyib soruşaq. Bayramlar sənəddə var idi. Ata bayramların gələcəkdə keçirilməsi ilə bağlı ruhani sənəd yazmışdı. Ancaq soruşulmayıb ki, məsələn, Ata niyə İnsanilik Bayramını Babəkin öldüyü günə salıb. Babəkin ölüm gününü bilmirdimi Ata? Ya məsələn, bu günkü gün. Belə götürəndə kimsə deyə bilər, hansısa təqvimdə nələrisə axtarmalı olsaq, görərik hər ayda, hər gündə hansısa bədbəxt olay, hansısa faciə baş verib. Onda gərək bir çox günlərə nələrsə təyin etməyəsən. Məsələ bizim özümüzlə, Azərbaycanla bağlı olduğu üçün mən bunu vurğu edirəm. Deyək ki, Babəkin özünün varlığını İnsanilik bayramı kimi qəbul eləmək olar. Ancaq onun ölüm günü bir az uyğun gəlmir.  Mən də belə düşünürəm, çox ola bilər Ata Babəkin öldüyü günün 14 Günəş Ayında olduğunu bilmirdi. Ola bilər, Ata tarixçi deyil. Hər günü yadında saxlayası deyil ki. Bu Ataya gərək deyil. Deyək ki, Bəşərilik Bayramını 12-nə salması. 12-də Güney Azərbaycanda Milli hökümətin yarandığı vaxtdır. Dağıldığı tarix də dekabrdır. Bilmirəm neçəsi. Güney Azərbaycanda Milli hökümət devrilərkən çox acınacaqlı, ağlasığmayan olaylar baş verib. Bizim 25 min insanımız öldürülüb. Ayrı-ayrı edam formaları ilə ən ağır şəkildə onları öldürüblər. Bunları indi sadalamaq istəmirəm. Mən bu olayı  insanlığın ölümü kimi qiymətləndirirəm. İnsanı savaşda, üsyanda, inqilabda dövləti, milləti qorumaq üçün öldürərlər, ancaq azadlığına qovuşub hüzur içində yaşamaq istəyən bir topluma vəhşicəsinə işgəncələr vermək, onların başına min cür oyunlar açmaq insanlığa sığmayan məsələlərdir. Bu olaylar o çağ üçün əsrin faciəsidir. “Xocalı”dan daha betər faciədir. Dediyim odur, Ata bu günləri niyə seçib. Öncədən biz elə bilirdik hər ayın 15-ni seçib. Sonra ruhani sənəd əlimizə keçəndən sonra gördük fərqli günlərdədi. Bəlkə yenidən düşünüb axtarmalı olduq. Bəlkə hardasa Ata bir səbəb göstərib. Ancaq biz bu gün bu bayramı gerçəkləşdiririk, bununla bağlı düşüncələrimizi bölüşürük, söz deyirik. Biz bəşəriyyətin tarixini araşdıranda, səhifələyəndə qarşımıza çox qəribə mənzərələr çıxır. İnsanlığın dramını əks elətdirən səhnələr çıxır qarşımıza. Böyük faciəvi səhnələr çıxır qarşımıza. Tarix doğrudan da faciələrlə, fəlakətlərlə doludur. Tarixdə normal faktlar, normal gedişlər demək olar çox az var, yox kimidir. Onlar da əslində bu tarixə sığmır. Bununla belə o olayların özü bütün insanlıq tarixində, bəşər tarixində baş verən faciəvi olaylardan qat-qat yüksəkdə durur. Biz zaman-zaman bəşəriyyətin dəyərlərinin adını çəkirik, sayırıq. Bu dəyərlər, az da olsa, İnsanlıq tarixinin ən yüksək göstəriciləri, örnəkləridir.
Bayaq Nurtəkin “Ruh üstə İçsəs”i dedi. Deyir, “dünya hərcayidir sən hərcayi olma, dünya dağılsa da sən hərcayi olma. Dünya zora baş əyir, sən zora baş əymə. Dünya dağılsa da sən zora baş əymə”… Dünya dağılsa da sən bunları eləmə. Baxın, deyirik bəşər tarixində olmazın oyunlar gedir, olmazın olaylar baş verir. Bunları insan törədir. Deməli, insan olmazın oyunlar yaratmağa meyillidir. Deməli, insan faciələr törətməyə, fəlakətlər yaratmağa meyillidir. İnsanı bundan daşındırmaq gərəkdir. Ata ona görə çağırışda vurğu edir ki, dünya dağılsa da, sən o cür olma. Yəni səni inama çağırır, inanmağa çağırır. Səni özünə uyğun, özünə bərabər yaşamağa çağırır ki, sən eləmə. Biz hamımız özümüzdən qıraqdakıları görürük. Filankəs filankəsi məhv elədi, qəddarlıq elədi, alçaqlıq elədi. O bizim növümüzdəndir, bizlərdən biridir. Ata ona çağırır ki, bunlardan biri olmayın. Bu əslində peyğəmbərlərin çağırışıdır. Peyğəmbərlər deyiblər, pis iş görməyin, amansızlıq eləməyin, qəddarlıq eləməyin, mərhəmətsizlik eləməyin. Allaha üz tutun. Bu bir çağırışdır. Bu çağırışın bütün yönləri nə dərəcədə həqiqətə bağlıdır, ya bağlı deyil, məsələ bunda deyil. Biz dinləri qınayıb deyirik, insanı özündən qıraqdakı qüvvəyə tapınmağa çağırır, ona tapın, o da sənə kömək eləsin, sən də pis işlər görmə. Bizi nəyə çağırmağından asılı olmayaraq, yaxşı şeyə çağırır. Mücərrəd də olsa, nələrsə doğru olmasa da, bizi yaxşı şeylərə çağırır. Deməli, bu çağırışlar hamısı bəşəriyyəti qurtarmaq üçündür.
O başqa məsələ, bəşəriyyəti qurtarmaq üçün olan çağırışlar gəlib insanın üzərində fokuslananda, düşünməli oluruq. Bu çağırışlar nə vəd edir, nə deyir, nə göstərir, nə dərəcədə bütöv bir ölçü yarada bilir. Bilirsiniz, peyğəmbərlərin, böyük şəxsiyyətlərin, böyük filosofların dediklərinin gerçəklikdə nə dərəcədə əksi var, ya yoxdur, nə dərəcədə o alınır, ya alınmır, artıq bu müstəviyə keçiriksə, düşüncələrimizi ortaya qoyuruq. Deyir, filankəs məni yönləndirir, Allaha ibadət elə, Allahı sev, Allahın tələblərinə boyun əy, onda görəcəksən dünya yaxşı olur. Mən də Allahı axtarıram tapa bilmirəm ki, ona boyun əyim (tabe olum). Yəni Allahı mənə verə bilmir. Ona görə də görürük, dünya, bəşəriyyət aradabir yaxşı işlərə meyl edir, yaxşı işlər görür, ancaq bütöv mənada qlobal dəyişikliklər baş vermir. Bəlkə  də qlobal dəyişikliklər bizim arzuladığımız şəkildə baş verməyəcək. Yəni hamı ucdantutma bizim istədiyimiz şəkildə yaşamayacaq. Qlobal dəyişiklik bizim arzularımıza fərdi qaydada, fərdi ömürlərdə uyğun ola bilər. Biz topluma, genel anlamda, ölçü verə bilərik. Bu ölçü ilə davranarsa, yaşayarsa daha çox xeyir qalib olar, daha çox xeyir əməllər ortaya çıxar, daha çox mərhəmət olar, insanlığın başqa çalarları yaşamağa başlayar. Biz bunların gələcəkdə səviyyəsini ölçmədən (bu məsələlərin gəlcəkdə necə baş verəcəyindən gedir söhbət) öz işimizi görürük, öz çağrışımızı edirik, öz ömrümüzlə uğraşırıq. Öz ömrümüzlə uğraşmağın ünvanı Mütləqə İnam Ocağı adlanır. Öz ömrü ilə uğraşmağın doğru yolunu biz Mütləqə İnam Ocağına bağlayırıq, Mütləqə İnam Ocağı sayırıq. Az-çox yaşanmış, olmuş, ortalığa gəlmiş başqa ülvi dəyərlər olub, çağırışlar, ayrı-ayrı ideyalar, ölçülər olub, bunların hamısının yaxşı cəhətləri də olub, çatışmayan cəhətləri də. Nə olubsa olub. Biz bu olanların içərisində ən yaxşısını axtarmırıq. Məsələn, Asif Ata özünə qədərki yaranışların, özünə qədərki olmuşların ən yaxşısını axtarıb onun üzərində vurğu eləməyib, yenisini  yaradıb. Barışmayıb, deyib indiyə qədər olanların ən yaxşısı belə, məni qane eləmir. Hər bir olay, hər bir məsələ gəlir həyata, bəlli dövrü yaşayır, etkisini göstərir, ondan sonra o ölçü sıradan çıxır. Yenidən sıradan çıxmışları diriltmək özünü doğrultmur. Ona görə də Asif Ata yeni ölçü yaradıb yeni çağırış edir ki, öncəkilərdə yaxşı nə vardısa olsun, ancaq onları diriltmək artıq mümkün deyil. Ən yaxşı çağırışlar, ən yaxşı olaylar sufilik, hürufilik olub. Ancaq bu gün onların yaşamı, ölçüsü ilə bəşəriyyəti harasa, nəyəsə inandıra bilməyəcəyik. Artıq onlar tarixə çevrilib. Mütləqə İnam İnsanlığın ölçüsüdür, yaşamağın ölçüsüdür, yaşamaqda bununla nizam tapmalıyıq. Ona görə biz indiyə qədərki ölçünü, indiyə qədərki ölçü əsasında yaşamağın formasını dəyişməliyik. Bu çağa kimi bizim oxuduqlarımız, ya da bizdən qıraqdakıların oxuduqları sadəcə bizim düşüncəmizi dəyişir, biliyimizi artırır, zehni imkanlarımızı genişləndirir. Ancaq ruhaniyyat zehni, əqli inkişafla bağlı deyil. Ruhaniyyat ruhun kamilləşməsi, kamil əməl, kamil yaşamaq deməkdir. Bizim təkcə zehni imkanlarımız yox, həm də həyatımız dəyişməlidir. Əslində Asif Atanın çağırışları da budur. Həyatımız dəyişməlidir. Ona görə deyir, dünya dağılsa da filan şeyi eləmə ki, için dəyişsin, həyatın dəyişsin. Mən dəfələrlə demişəm, yazmışam, Asif Atanın adını tutanlar çoxdur. Asif Atanı davam edənlər  var. Bizdən qıraqda kimlərisə Atanı davam eləyən saymaq olar. Ancaq həmin kimlərsə, ən yaxşı halda, Asif Atanı əqli, zehni baxımdan davam edir. Ruhani baxımdan davam eləmir. Asif Atanı sadəcə təbliğ edirlər. Asif Atanın sadəcə təbliğ olunması işin çox az qismidir. Bu gün necə ki  Pişəvərini, demokratiyanı, başqa ölçünü təbliğ eləyirlər, eləcə də Asif Ata təbliğ olunur. Yəni təbliğat baxımından topluma sunulanlar arasında elə bir fərq yoxdur. Ancaq fərq olmalıdır ki, qlobal dəyişiklik olsun, həyat dəyişsin. Fərq odur, Ata çağırır, dünya zora, vara baş əyir, sən əymə, sən eləmə. Biz öz içimizi öyrənirik, öz üzümüzə öz içimizin qapılarını açıq saxlayırıq. Bu obrazlı məsələ deyil, gerçəkdən belədir. Öz içimizin qapısını açıq saxlayırıq ki, biz öz içimizə nəzarət edə bilək. Qıraqdan bizim içimizə nə dolur, nə etki göstərirsə onları bilməliyik, tanımalıyıq. Əgər bilməsək, tanımasaq, fərqinə varmasaq biz onların üstündə davranıb yaşayacağıq. Ayılanda söz deyəcəyik, belə olmamalıdır, filan şey yaxşıdır, filan şey pisdir, ancaq yeri gələndə yenə də öz içimizin ölçülərini özümüzə deyə bilməyəcəyik. Əslində bütün bəşəriyyət belədir. Sadə bir misal çəkim. Deyək ki, bir insan kiməsə qəzəblənir, elə aqressiv davranır ki, elə bil qarşısında ikiayaqlı insan deyil, dördayaqlı vəhşi heyvandır. Sonra bu acıq halı keçir, düşünür, peşman olur. Deyəsən, mən yaxşı davranmadım, filan şeyi düz demədim. Atalar da deyir, sonrakı peşmançılığın faydası yoxdur. Bəs biz nədən ayılıb gördük ki, ən pis addım atmışıq. Biz şüursuzluqdan ayıldıq. Deməli, bizim içimizdə acıq, kin, aqressiyanın başqa çalarları var, içimizə hakimdir. Şüursuz, ruhsuz davrananda onlar hərəkətə keçir, bizim varlığımız ona bərabər olur. Bu hərəkət varsa deməli, o hərəkət heç vaxt şüuru eşitmir. Biz aqressiyanın müstəvisinə keçəndə şüurdan ayrılırıq, şüursuz davranırıq. Şüursuz davrandığımıza görə də hər cür heyvanilik, aqressiya sərgiləyə bilirik, ağzımıza nə gəldi deyə bilirik. Öz eqomuzun dili ilə danışırıq. O bir yerə qədərdir, dedik bitdi. Bitəndən sonra şüur özümüzə qayıdır, anlayırıq ki, insanlıqdan çıxdıq. Deməli, şüursuz davranışlar, şüursuz əməllər var. Ona görə Ata deyir, dünya dağılsa da filan şey eləmə. Yəni öz içinə hakim ol, içinə belə şeyləri –  zoru, pisi, hərcayiliyi, filan şeyi buraxma. Onlar içinə hakim olmasın, sənin varlığını, mənliyini özünə tabe eləməsin. Onda görəcəksən ki, ruhun necə böyüyür. İnsan şüurlu davrananda onun ruhu inkişaf edir. Ruhani varlığa çevrilirsən, nə edirsənsə ruhun tələbi ilə edirsən. Asif Ataya görə bəşəriyyətin ölçüsünün dəyişməsi budur. Əslində Asif Ata öz içində, öz varlığında, öz düşüncəsində, öz ideyasında yaratdığı bu keyfiyyətləri bəşəriyyətə sunmaqla bəşəriyyəti olmağa çağırır. Bunu da ona görə bayram edir ki, bu keyfiyyətlər diri qalsın, ayaqda qalsın, xatırlansın, söylənsin, düşünülsün, yaşanılsın. Bizim bayramlarımızın məğzi, mahiyyəti budur. Bütünlüklə insana bağlı məsələlərdir. Bizi anlamayan, oxumayan, bilməyən qıraqdakı insanlar öyrənmədən, düşünmədən deyər ki, dünya məhv olub gedir. Bunlar da başlayırlar, biz İnsanlıq bayramı keçiririk, Bəşərilik bayramı keçiririk. Məsələnin içinə girən bizi anlayar.
Nə qədər ki bunlara dediyimiz şəkildə yanaşma yoxdur, nə edirsən et, bəşəriyyətdə heç bir dəyişiklik olmayacaq. Get nə edirsən et, biri sənin torpağını işğal edib, sən də et. Biri zavod tikir, sən də tik, başqa nəsə tik… Bunlar mövcudolma şərtləridir. Bunun insanlığın, bəşəriliyin dəyişilməsinə dəxli yoxdur. Sürüyə çevrilən bəşərdə, heyvana çevrilən bəşərdə, heyvani səviyyədə yaşayan bəşərdə sənin su elektrik stansiyası tikməyinlə heç nə dəyişilmir. Ona işıq verir, sadəcə olaraq evində işıq olur, evini qızdırır. İnsan adlanan bu heyvan isti bir yuvada yatır. Bu qədər. Bütün bunları düşünəndə görürsən ki, dünyanın indiki azğın, pozğun gedişində Atanın çağırışlarının anlamı nə qədər yüksəkdir, nə qədər böyükdür. Bir qom adam bir araya gəlirsən, bu həqiqətlə yaşayır, bu həqiqətlə dolursan, ömrünü həqiqətlə zənginləşdirirsən, ömrünü işığa çevirməyə çalışırsan, sözünü həqiqət ölçüsünə çevirməyə çalışırsan. Hər kəsin gözünün qarşısına dikilib İnsanlığın örnəyini verməyə, göstərməyə çalışırsan. Bunların hamısı ən gözəl, ən böyük qansız, qadasız mübarizədir. Heç kimin başını kəsməyə ehtiyac görmürsən. Heç kimi baş kəsməyə çağırmırıq. Belə bir ölçü ilə, belə bir ləyaqətlə yaşamağa çağırırıq ki, belə bir şey yaşasa görəcəksən nə qədər böyük dəyişikliklər gedir. Əslində Ataya qədərki ruhaniyyat tarixində də, bu səviyyədə olmasa belə, qansız-qadasız çağırışlar olub. Gərək istəyəsən eləyəsən, onda alınır. İstəməyəndə alınmır heç nə. Arzularımızı gerçəkləşdirsək, bizim yaşamağımız üçün ölçü yaradır. Bəşər övladı 99 faiz ölümlü şeylər arzulayır. Bəşər övladı ölümsüzlük arzulamır, həqiqətə uyğun bir şeylər axtarmır, xülyaya qapılır, xülyəvi arzular ortaya gətirir. Ona görə də nə onun öz ömründə dəyişiklik gedir, nə də onun ömründən başqasının ömrünə işıq düşür. Bizim diləyimiz, arzumuz nədir, necədir, daha çox bəşər övladı fəlakətlərdən qurtarsın, çıxsın. Düşüncələrimiz, arzularımız bu yöndə formalaşanda o həqiqətə uyğun olur, həqiqətə doğru olur. Əgər düşüncələrimiz, arzularımız fantastikaya uyğunlaşırsa, məsələn, kimsə gedib Amerikanın 47 ştatını gəzəcəm deyirsə, gedib gəzə də bilər. Ancaq sənin Amerikanı gəzməyinin bəşəriyyətə dəxli yoxdur. Deməli, söhbət insani arzulardan gedir. Söhbət insanı özünə dərk etdirən arzulardan gedir. Söhbət insanı düşdüyü fəlakətlərdən qurtaran arzulardan gedir. Mənəvi ölçü yaratmaq təşəbbüsündən gedir. Ona görə Atanın bayramları bəşər övladının düşdüyü durumdan qurtuluşuna çağırışdır, qurtuluşuna yönəlik ideya ortaya gətirmək, qurtuluşuna yönəlik ölçü vermək, dəyişiklik aparmaqdır. Atanın Bayramlarının anlamı budur. Bu açıdan mən də sizin bayramınızı qutlayıram. Hər birinizi bağrıma basıram. Belə bir dönəmdə Asif Atanın arxasında durmağınız, Asif Atanın arxasınca irəliləməyiniz özü ölümsüzlüyə doğru addımlamaqdır. Yaşamağın gözəlliyini, ölçüsünü yaratmaqdır.
Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Adamın əməli fəaliyyəti zəif olanda danışmağa da çətinlik çəkir. Ancaq düşüncələrimlə, amallaşma ilə daha çox uğraşıram. Bəşərilik bayramı ilə bağlı qısa düşüncələrimi deyim. Bayaq Soylu qardaşım bəşərdən başladı, millətə gəldi, axırda yenə də insanda dayandı. Başlanğıc insandı. Burda da Soylu qardaşımın ifadəsi ilə çox razıyam. İnsanın xeyir-şər yönündə fəaliyyəti onun düşüncəsindən gəlir. Birinci növbədə gərək bizim şüurumuzda, düşüncəmizdə amal yükü aparıcı yerdə olsun. Bu da var. Ancaq bunu sözlə ifadə eləmək bacarığı, ya da əmələ çevirmək bacarığı artıq bir növ düşüncəmizin yönündən asılı olur. İnsan, millət, bəşər dedik, bu ardıcıllıqla genişlənmə gedir. Bu yaxınlarda Soylu qardaşımla talış məsələsinə də toxunduq. Bu gün etniklər içərisində bəzi qüvvələrin pozucu əməlləri bizi təsirləndirir. Mən bu barədə də düşündüm. Doğrudur, biz öz həyat tərzimizlə nümunə göstərə bilirik. Onu da hansı dərəcədə alındıra bilirik, ya bilmirik, bu da sadə bir məsələ deyil. Talışın içində də nə qədər pozucu qüvvələr iş görür. Lənkərandakı talışlarla Lerikin özündəki talışlar demək olar birdirlər. Ancaq bunların düşüncə tərzində böyük yadlaşmalar yaradıblar, içlərində düşüncə ayrılığı yaratmağı bacarıblar. Adi bir qayda var, vəzifədə olan bir Leriklini çıxardır, yerinə Lənkəranlı qoyurlar. Onu elə yönəldirlər ki, bu vəzifəni bunun əlindən almaq üçün Lerikli özü çalışdı. Bir etnikin içində müxtəif parçalanmalar yaradırlar, müxtəlif qüvvələri üz-üzə qoymağı bacarırlar. Hələ bir etnikin içində bunu nizama salmaq bunun Azərbaycan səviyyəsində, millət səviyyəsində birliyini yaratmaq, bəşərə çıxmaq var. Mən çox düşünürəm, Asif Ata Ocağın əsasını qoyub. Bilirik ki, ancaq bunu genişləndirməklə nəyəsə nail olmaq olar. Bunu genişləndirmək də çox çətin bir proseslə gedir. Bayaq dediyimiz kimi, biz özümüz neçə illərdir Ocaqla uğraşırıq, amalla uğraşırıq. Artıq beynimizdə, düşüncəmizdə, ürəyimizdə amalın əsasları yaranıb. Qıraq tərəflər elə bizim öz fəaliyyətimizi xülya sayırlar, toplumdan qıraq bir şey sayırlar. Hansı gücün qarşısında biz duruş gətiririk, bunu başa salmağa çalışırıq. Ancaq həyat baxımından bunların bağlılığı o qədər geniş miqyaslıdır ki, bunu çatdırmaq o qədər də asan olmur. Özüylədöyüş nəhəng bir anlayışdır. İnsanın ən ağrılı yeridir. Müxtəlif olaylarla üzləşirik, bu olaylar qarşısında düşüncəmiz səfərbər olsa, biz öz içimizi orda nizamlaya  bilərik. Ancaq bədbəxtçilik ondadır ki, bir çox hallarda düşüncəmiz yaxasını qırağa çəkir, yaxamız qalır duyğularımızın əlində. Sonra da bəlli mənada onun peşmançılığını çəkirik. Məsələn, məndə belə hallar çox olub.
Qardaşımız Bəşərilik bayramının mənasını çox gözəl izah elədi, onunla razıyam. Çalışıram, mən də o yöndə öz fəaliyyətimi qura biləm. Bu işlərin içinə bu genişlikdə girə bilməmişəm.
Atamız Var olsun!

Elana: Ürəyinizdə Ata Günəşi olsun. Burda deyilənlər hamısı mənim də düşüncəmdədir. Ocaqsız yaşamaq çətindir. Dünyanın da, bəşərin  qurtuluşu həqiqətən budur. Bundan başqa bir yol düşünmürəm. Başqa cür yaşayaramsa çətin yaşayaram. Nəyə görəsə qıraqda olaramsa çətin olar. O çətinliyi də özümə rəva bilmərəm. Ən azından Ocaqsevər kimi ömrümü başa vuracam. Günevin Ocaqda həmişəki halına qayıtmasını çox arzulayıram. Ocağımıza da, Günevə də, sizə də uğurlar arzulayıram.
Atamız Var olsun.

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Bəşəriyyət böhranlı günlərini keçirməkdədir. 21 ci əsrdir, özünü bu inkişaf etmiş sayan bəşər edam kürsüləri, dar ağacları qurur. Heç bir günahı olmayan, mən insanam, mən bir xalqam, mənim dilim var, mən bu dildə danışmaq istəyirəm deməyi günah sayaraq insanların edam edildiyi bir dövrdür. Bu qədər inkişaf mərhələsi keçib, ancaq  bununla belə bəşəriyyət gəlib belə bir duruma düşüb. Yüz nəfərin başının bir gecədə kəsilməsi, 3 min insanın qətlə yetirilməsi bəşər üçün adi bir şeydir. Onu mətbuatda, televizorda heç nə olmayıbmış kimi danışırlar. Ona görə bəşərin sorunları getdikcə artmaqdadır. Niyə bəşər bəşər ola bilmir, ona görə ki, xalqlar xalq ola bilmir. Xalqlar da xalq ola bilmir, ona görə ki fərdlər fərd ola bilmir. Çünkü fərd özünü hər hansı bir amilin əlində əsir qoyub. İç gözəllikləri istəyir, ancaq özünə bir tikan batırmaq lazım gələndə, nəyisə qurban vermək gərək olanda ondan yan keçməyə çalışır. Ən sevdiyi bir məqamdan, sevdiyi yoldan, sevdiyi hərəkətdən yan keçməyə çalışır. Ancaq düşünəndə ki, etiqad adamı, düşüncə adamı elə qurban vermək üçündür, öz ömründən, öz məişətindən, balasından tutmuş bütün həyatı ondan əzab istəyir. Yoxsa nə böyüklər, nə peyğəmbərlər, müridlər, mürşüdlər ortaya çıxa bilərdi. Tarix boyu bəşərin gələcəyi, yeniliyi, xoş güzəranı naminə ən adi bir düşüncə adamları zülümlər çəkiblər. Budur bəşərin halı. Bəşər insandan daha çox içindəki heyvanlığın tələbləri ilə yaşamaqdadır. Yaşadıqca zülüm çəkir. Fərd həmin hallarda niyə ilişib qalır, çünkü yolunun gələcəyinə mütləq mənada inanmır. Özünü inandırmaq istəyir ki, inanıram  belədir. Ancaq ona mütləq mənada inanmaq, onun fərəhi ilə yaşamaq, onun fərəhi ilə hər an işıqlanmaq əhvalı yoxdur. Ona görə insanın həm özündə, həm hərəkətlərində bir ümidsizlik əhvalı özünə yer edir, onu çaşdırır.

Bəs bəşərin hansı xoş gününü bayram edirirk?! Heç bir xoş gününü bayram eləmirik. Sorunlarını dilə gətirmək, onu çözməyin yollarını haraylamaq fərəhli bir haldır. Fərəhli çağırışların, əməllərin bayramını yaradırıq. Bəşərilik bayramı münasibətilə hamınızı qutlayıram.
Atamız Var olsun.

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Bayramımız qutlu olsun. Düşüncələrimi yazmşam, onu oxumaq istəyirəm.
Hər bir şeyin özülü vardır. Özülsüz heç bir şey var olmur. Özülünə yüksəlir özülündən var olur. Bəşərin də yüksəlişi insandır. O insan ki yaradıcı da ola bilir, dağıdıcı da. O insan ki yaratdığı özünə qarşı çevrilir, dünyaya, həyata qarşı çevrilə bilir. Yaratdığı elm İnsanlığa qarşı çevrilir, İnsanlığa qulluq etmir. Yaratdığı din İnsanlığa qulluq etmir. Yaratdığı quruluş, sistem, texnika İnsanlığa qulluq etmir. Yaratdığının köləsi, əsiri olur, ondan asılı duruma düşür. O qədər alışır ki bu duruma, asılılıq özü nizama, ölçüyə çevrilir. Yalnız Təklər həqiqətin, ədalətin susmayan səsi, əbədi təsdiqi olur. Onlardan qalan bir söz, bir cümlə belə yüzillərdən gəlib bizi tapır, həqiqətin, ədalətin ölməzliyinə inandırır bizi. Bir həqiqətçinin ömrü milyonların ömründən üstün olur. Bir həqiqətçinin taleyi milyonların boşuna yaşadığını, olmalı olanı göstərir. Bizə göstərir ki, zamandan, şəraitdən, tarixdən üstün olmaq nə deməkdir. Seçimini doğru elə. Dahilər, qəhrəmanlar bizim seçimimizin ölçüsüdür. Biz Atanı seçdik. Atanı seçmək özünütəsdiqdir. Özü olmaq, özünü yaratmaq, özülünə qovuşmaq insanın haqqıdır. Çünkü həqiqi duyğu, həqiqi düşüncə insanı Mütləqə qovuşdurur. Əbədiliyə, kamilliyə qovuşdurur. İnsanlığa yetmək insanın haqqıdır. Bu haqqı qorumaq, ömürlərdə sabahı yetirmək gərəkdir. Özü olmaq millətin haqqıdır. Öz dilini, mədəniyyətini, milliliyini, gələnəklərini sabaha yetirmək millətin haqqıdır. İnsanlar arasındakı münasibəti, millətlər arasındakı münasibəti, ölkələr arasında münasibəti İnsanlıq əsasında yaradıb qurmaq bəşərin haqqıdır. Bu haqq bəşərin sabahıdır.
Bəşərilik haqqında düşünəndə insanın içində bir nikbinlik oluşur. Bəşərilik mənasının özü, mən özümü yaradıram, içimi yaradıram, içimdəki yüksək mənliyə qovuşuram. Ancaq mənim yüksək mənliyimin özünün millilik, bəşərilik mənası var. O da ona qovuşur. Mənanın daha da yüksəkliyi, əbədiliyi, sonsuzluğu içimdə bir nikbinlik yaradır. Bayramımız qutlu olsun!
Atamız Var olsun.

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Bayramımız qutlu olsun. Bəşərilik bayramı ilə bağlı düşüncələrimi yazmışam, onu oxuyacam.
“Bəşəri yaşadan insani dəyərlərin qorunmasıdır”.
Ümid sonda ölür deyirlər. İnsanı yaşadan ümiddir. Dünyanın ən qaranlıq çağında, özünün ən çətin, ən pis halında belə, insan ümidlə yaşayır, ayaqda qalır. İnsan yaşadıqca ümidi yaşadır. İnsan var, ömrü ilə ümid işığına çevrilir, ömürlərə işıq saçır, ömürlərdə yaşayır. Həyat qayğıları, çətinliklər nə qədər insanı yorsa da, həyatdan soyutsa da xeyirin işığı insandan yan keçmir. Ümid də o işıqda yaşayır. Bu onu sübut edir ki, dünya məhvə məhkum deyil, onu yaşadan nəsnələr var. Dünyanı xeyir yaşadır, dünya xeyirin işığı kimi meydana çıxan uca dəyərlərlə yaşayır.
Dünyada maddi olan hər şey dəyişir, müxtəlif sahələrdə gəlişmə baş verir. Bir-birindən fərqli, üstün olan düşüncələr ortaya çıxır. İnsan üçün maddi olan nə varsa əlçatmaz deyil. Ancaq insan xoşbəxtliyini, özünü tapırmı?! – Tapmır. İnsanın ruhu daim onun tələblərini ödəyənə, sakitləşdirənə, onu yaşadana can atır. Əslində isə İnsan insani dəyərlərlə yaşayır, var olur. Bəşər tarixində bir sıra dəyərlər yaranıb. Hər biri dünyaya, insana özünün müsbət yanları ilə yön verib. Bəziləri dəyərin qədrini bilən, dəyərə sahib çıxan ömürlərin sayəsində yaşadılıb, təkmilləşib. Bəziləri isə özünün müsbət yanları ilə bərabər tarixin arxivinə atılıb. Ancaq Həqiqət, Xeyir ölməzdir, yoxsa bəşərin əbədiliyinə də inanmaq olmazdı. Əbədilik, ölməzlik insan ömrünə köçəndə ömür dəyərə çevrilir. O ömürlər ki dünyanı yaşatmaq sorumluluğunu üzərlərinə almış olurlar. O ömürlər ki keçmişdən indiyə, indidən gələcəyə yol gedir. Əbədi yolda əbədi yolçuluq dəyərə çevrilənlərin yüküdür. Usanmadan, fərəhlə yaşanan bir yük. Ümidi, xeyiri özündə yaşadır bu Yol, bu Yolçuluq. Ata bizə bu yolu göstərdi. Yolun çətinliyini də, fərəhini öz ömrünə yükləyərək, öz ömrü ilə yaşayaraq ömrü ilə bizim üçün  dəyərə çevrildi. Ona görə Yaşasın Ata.
Atamız Var olsun!

Bilən Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Bu gün ölkədə, dünyada insan heyvani üsullarla idarə olunur. Ona uyğun yaşam tərzi olur, bayramları da ona uyğun olur. Bu bayramların da məzmunu, mənası olmur. Ölçü yaranmır. Görünən odur ki, bugünkü ruhaniyyatın özü də siyasətlə idarə olunur. Siyasətə tabe olduğu üçün insanın yaşamı, gedişi ona uyğun olur.
Bu bayramın fərqi odur ki, insan ruhani varlıqdır, onun ruhaniliyi hər şeydən, eləcə də siyasətdən çox yüksəkdədir. Biz bu yüksəkliyi bayram edirik. Bayramımız qutlu olsun.
Atamız Var olsun!

Soylu Atalı: Hər biriniz vurğu edirsiniz, insan nə yaradırsa özünə qarşı çevrilir. İstər özünün fərdi çevrəsində, düşüncəsində, istərsə də, daha geniş qapsamda, milli, bəşəri qapsamda nə yaradırsa sanki özünə qənim kəsilir. Buna görə insanın özünü yaratmaq gərəkdir, qarşımıza qoyulan tələb budur. İnsan hər şeyi yaratdı, özünü yaratmadı, hər şey onun özünə qarşı çevrildi. Əgər insan özünü yaradarsa, özündən qıraqda yaratdıqları da onun özüylə, özümlüyü ilə qanunauyğunluq, uyum, ahəng əmələ gətirər. Eyni halda insanın axtarışları, çalışmaları necədi, nədisə bununla qurtuluş ölçüsü yaradır. Qurtuluş ölçüsü də Allahı yaratmaqdır. Əslində insan həm də Allahı yaradır. Allahı sıfırdan yaratmır, Allahın obrazını yaradır, Allahın anlamını sunan ölçünü yaradır. Hər şeyi insan yaradır. Gərək elə Allah yaradasan ki, qayıdıb səni əzməyə, sənə qarşı olmaya. Allahı da insan üçün yaradırsan, qurtuluş üçün yaradırsan. İnsanı yaratmaq üçün yaradırsan. Allah insanı yaratmaq üçün bir ölçüdür. Onun üçün yaradırsan. Ən başlıca sorun da budur, insan Allahı düzgün yaratmır. Ruhaniyyat öz anlamına bərabər deyil, çünkü insan Allahı düzgün yaratmayıb. Bilən deyir, dinlə siyasətin arasında bir bərabərlik işarəsi var. Din elə siyasətdirsə, bu o deməkdir ki, Allahı düzgün yaratmamısan. Asif Ata Mütləq yaradır, yəni onun obrazını yaradır. Mütləqi elə yaradır ki, biz Mütləqlə üz-üzə otura bilək, ünsiyyətə girə bilək, doğmalaşa bilək, öyrənə bilək, dəyişilə bilək. Bizi müsbət yöndən dəyişməyən, bizim dəyişilməyimizə qulluq göstərməyən Allahı qırağa qoymaq gərəkdir. Biz də qoyuruq. Ona görə də biz dinlərin Allahını qəbul eləmirik. Deyək ki, bizim içimizdə hakim qüvvə olan müsəlmanlığın Allahını qəbul eləmirik. Deyirik ki, müsəlmanlığın Allahı bizi doğru yönləndirmir, bizim özümüzü qurmağımıza gərək olmur. Bizim öz anlamımızı bizə göstərən ölçüyə çevrilmir ki, biz öz anlamımıza uyğun özümüzü qura bilək. Bütün məsələ ondadır ki, gərək insanın hər şeyə baxışı dəyişsin. Asif Atanın yaratdığı Mütləqə İnam dünyagörüşü insanın, bəşər övladının bütövlükdə baxışını dəyişmək üçün ortaya çıxıb. Nələrisə qüvvədə saxlayıb nələrisə ortadan qaldırmaq üçün yox. Bütövlükdə hər şeyə yenidən yanaşmaq, yenidən baxmaq, yenidən qiymətləndirmək gərəkdiyini vurğulayır. Deyirsiz, elm insana qarşıdır. Atanın da Mütləqə İnamı deyir ki, elmə yenidən bax, yenidən dəyər ver, yenidən qiymətləndir. Din sənin arzularını, istəklərini ödəmir, ona yenidən bax, yenidən yarat, yenidən yapış. Sənin həyat şərtlərini ödəyən nəsnələr, texnologiyaların ayrı-ayrı sahələri yaranıb ortaya çıxıb, bunlara yenidən bax, yenidən qiymətləndir. Yenidən qiymətləndirib yenidən baxmaq o demək deyil, hər şeyi elə sıfır nöqtəsinə qaytarasan. Onun insan həyatında rolunu düzgün qiymətləndirməlisən, insan şüuruna etkisini doğru qiymətləndirməli, doğru yanaşmalısan. Bunun hamısının əsasında Mütləqə (Allah anlamına) yanaşma dayanır. Mütləqə yanaşma doğru deyilsə heç nə doğru deyil. Əgər Mütləq ölçüdürsə, ölçü də yanlışdırsa onda nəyə yanaşsan yanlış olacaq. Deməli, ölçüdən başlamaq gərəkdir. Ona görə biz bizi anlayan, insanı anlayan, bizim özümüz olmağımızı sağlayan Allah yaradırıq. Daha doğrusu, Mütləqi doğru obrazlaşdırırıq, doğru qiymətləndiririk, doğru göstərməyə çalışırıq ki, o anlanılsın, dərk olunsun. Allahı elə yaradarsan, elə verərsən dərk edə bilməzsən. Allahı elə yaratmalısan dərk olunsun. Dərk olunmayan Allah sənin həyatında rol oynamır. Dərk olunmayan Allah sənin həyatında inkişafa başlanğıc vermir. Ruhaniyyatın işi budur. Ruhaniyyatın işi böyük məsələdir, böyük ölçüdür. Onun da əsasında duran Allaha baxışdır. Ata da başlanğıcdan dedi, Allah yoxdur, Mütləq var. Toplumda da söz-söhbət dolaşdı ki, Asif Ata Allahsızdır. Asif Ata ateist deyil axı. Asif Ata dünyanı, kainatı bütövlükdə mövcudiyyata bərabər saymır, materiyanı Allah saymır. Allahı materiyadan yüksək olay kimi dəyərləndirir. Ancaq dinlərin dediyi, Asif Ataya verdiyi Allahı rədd edir. Yeni Allah yaradır. Necə Allahsızdır?! Gərək elə Məhəmmədin yaratdığını qəbul edə?! Özü yaradır, Mütləq olan, yaratdığı daha qüdrətlidir, daha gözəldir, daha doğrudur. Hər şeyin başında o gəlir. Din Allahı insan üçünmü yaratdı?! – Yox. İnsanı Allah üçün tərbiyə eləməyə çalışdı, alınmadı. Əgər istəyirsən dünya, bəşəriyyət dəyişsin, onda Allahı insan üçün yaratmalısan. Yox əgər dünyanın, insanın dəyişməsi baş verməyəcəksə, onda Allahı yaratmağa nə ehtiyac var. Elə Allah özü harda nədirsə qoy elə də qalsın. Onu yanlış obrazlaşdırıb üzə çıxarmağın bir mənası yoxdur. Əgər onu məni əzmək, geri oturtmaq üçün mənim qarşıma gətirirsənsə, onda qoy dursun imkanda, niyə aşkarlayırsan. Məsələn, Ata Enşteyni suçlayırdı ki, təbiətin sirrini bu dərəcədə kəşf eləməyə gərək yox idi ki, insan dünyanı qana qərq etsin, atom bombası hazırlasın. Durmuşdu da yerində. Olanı aşkarladın, dünyanı qana qərq elədin. Bunu ruhaniyyata da tətbiq eləmək olar. Allah var, ya yox, özü bilər. Niyə aşkarlayıb gətirirsən mənim qarşıma, məni əzmək, mənim mənəviyyatımı kiçiltmək üçün mənə ağa gətirirsən, insanın ağalığını ortadan qaldırıb Allahın ağalığını gətirirsən. Buna gərək yoxdur axı. Məsələ dəyişmir. Deyərsən o mücərrəddir, canlı deyil. Şüur məsələsi var axı, insanın şüurunu qatıb qarışdırırlar. Ona görə də Allahı yaratmaq, onu qiymətləndirmək, doğru tanıtmaq böyük şərtdir. İnsanlığın qurtuluşunun ilk açarıdır. İnsan o ölçü ilə özünə dəyər verir. O ölçü ilə özünü tutuşduraraq qabağa gedir, sabaha addım götürür. Özünü dəyişir, ömrünü dəyişir. Onu dərk edərək, ona güvənərək, ona inanaraq insan özündə güc tapır ki, özünü dəyişdirsin. Çünkü  Onu insan öz içində görür. Bizim bayramlarımızın məzmunu da, çağırışımızın yönü də bütünlüklə belə bir quruluculuğa, belə bir ucalığa, belə bir ucalıqdan çağırışa bağlıdır. Ona görə qutsaldır, dərindir, məzmunludur.
Biz bu gün bir araya gələ bildik. Bir-birimizin üzünü gördük. Hər bir üzün özündə bayram gözəlliyindən əlamətlər var. Hər bir üzdə Allahın gözəlliyindən əlamətlər var. Ona görə bu üzləri görmək özü bayramdır. Ona görə də hər bir bayramın, tədbirin məzmununda insanlarımızın özünün varlığında, düşüncəsində olan gözəlliklərin anlamı var. Ona görə bayram gözəldir, qutsaldır, bayram keçirməyin özü də gözəldir. Bayramımız qutlu olsun.

Bayramın quralları yerinə yetirildikdən sonra tədbir sona yetdi.

Qar Ayı, 44-cü il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir