Xəbərlər

Qutsal  “Bəşərilik” Bayramı

Ocaq Günsırası ilə 12 Sərt Ayı, 46-cı ildə Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Bəşərilik” Bayramını keçirdi. Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Sizin hər birinizi bu gün münasibətilə qutlayıram, hər birinizə Ocaq yönündən uğurlar, başarlar diləyirəm.

Bayramımızın məğzi ilə bağlı düşündüklərimizi dilə gətirməliyik. Hər bir toplantının özünə xas məzmunu olur. Bu məzmunu ifadə eləmək bizim qutsal görəvimizdir. Biz bəşəriyyətə söz demək istəyirik. Daha doğrusu, Asif Ata bəşəriyyətə söz demək istəyir. Bu sözün arxasında durmaq üçün onun sözünü özümüzə deməyi bacarmalıyıq. Özümüzə deməyi bacarmalıyıq ki, başqalarına da deməyi bacaraq. Biz düşünürük, Asif Atanın dünyagörüşü, bizim onu ifadə eləyib-eləməməyimizdən asılı olmayaraq, məzmunca dərindir, ideya baxımından qüdrətlidir. Bunu düşünürük, qəbul edirik, ancaq bunu düşünmək, qəbul eləmək işin bir cəhətidir. İşin başlıca cəhəti onu ifadə eləməyi,  izhar etməyi bacarmaqdır. Nəyə görə mən bunu hər toplantıda vurğu edirəm?! – Topluma söz demək olduqca çətindir. Toplumda oturuşmuş bir baxış var, oturuşmuş bir əxlaq var. Bunu dəyişmək gerçəkdən asan deyil. Asan olmayacaq da. Bəzən belə bir prosesi həyata keçirmək on illərin, ola bilər yüz illərin işi olsun. Bu işin neçə illərin işi olmasına baxmayaraq, bunun arxasında duran insanlar olduqca güclü olmalıdırlar. Güclü olmalıdırlar ki, ideya yerisin. Hər bir dünyabaxış ortaya çıxdığı çağdan etibarən, bəlli bir məqsədlər qarşısına qoyur, hədəflər bəlirləyir. Sözsüz, biz inam dünyabaxışından danışırıq, fəlsəfi dünyabaxışdan, mədəni sivilizasiyanın dəyişməsindən danışmırıq. Bunlar yeni dünyabaxışın çalarlarıdır. Yeni dünyabaxışın məqsədi dünyaya, insana, Allaha, həyata bəşəriyyətin düşüncəsini dəyişmək üçün ortaya çıxır. Dünyabaxış üçün insan kimdir, həyat nədir, dünya necədir, Allah varmı, yoxmu?! – Bu kimi sorulara əsaslı cavablar vermək gərəkir. Asif Ataya qədər göyel dinlər bu işləri üzərinə götürdülər, həyata keçirdilər, bəşəriyyətin baxışını dəyişdilər.  Bəşəriyyətdə zaman-zaman bu dünyabaxışlara, onların ayrı-ayrı çalarlarına, ya da bütövlükdə ideyanın özünə dirəniş göstərənlər oldu. Bu dirəniş göstərənlər doğru dirəniş göstərdilər, ya əyri, bu məsələnin bir yanı. Eyni halda, ortaya çıxan ideya, dünyabaxış əyridir, doğrudur, bu da ayrı bir məsələ. Niyə ayrı məsələ?! Bir halda ki, dünyabaxış özünü bəşəriyyətə verə bilirsə, qəbul etdirə bilirsə, toplumun da, bəşəriyyətin də düşüncəsi bu məsələnin üzərində fokuslanmalıdır. İkinci aşamada düşünürsən ki, bu səndə hansı əxlaqi dəyişikliklər yaradıb, sənin millət kimi formalaşmağında nə dərəcədə rolu olub. Ya da millət kimi sənin sıradan çıxarılmağında rolu olub. Bu məsələlər artıq düşünüləsi sonrakı məsələlərdir. Bəzən bu məsələlərin kökünü düşünmədən maneələr ortaya çıxır. Buna görə o maneələr yerimir, ciddi iş görmür. Belə maneələr çox aşağı etapda ortaya çıxır.
Biz müsəlman dünyabaxışını qəbul etmiş bir xalqıq. Ancaq zaman-zaman bu dünyabaxışın prinsiplərini öyrənib ona qarşı dirəniş göstərənlər olub. Onların dirənişi iş görüb, ancaq ciddi iş görməyib. Əsaslı dəyişiklik yarada bilməyib. Çox adamın nəzəri olaraq nəyisə qəbul etməsi ola bilər. Ancaq çox adamın belə bir məsələdə əxlaqını dəyişməsi, dünyaya baxışını dəyişməsi baş vermirsə, yəni ölçü dəyişmirsə maneələr əsaslı sayılmır. Ədəbiyyat sahəsində Cəlil Məmmədquluzadə, Sabir dirəniş göstəriblər, ancaq ciddi sonuclara vara bilməyiblər. Ədəbiyyat xəttində, sənət xəttində, eləcə də fəlsəfə xəttində dünyabaxış məsələsinə dirəniş göstərmək özünü doğrultmur. Bizim çağımızda da deyirlər, dinə, Allaha, peyğəmbərə ehtiyac yoxdur. Biz bunu doğrumu sayaq, əyrimi?! – Nə doğru saya bilirik, nə əyri. Deyirlər, dinə gərək yoxdur, biz də deyirik, dinə gərək yoxdur. Deyirlər, Allaha gərək yoxdur, biz də deyirik, yalançı Allaha gərək yoxdur. Deyirlər, peyğəmbərə gərək yoxdur, biz də deyirik, bizim içimizdə yalançı dünyabaxış yaradan peyğəmbərə gərək yoxdur. Bir var köklü şəkildə bu adı çəkilənləri rədd eləmək, bir var dəyişmək. Kökündən ləğv eləmək alınmaz. Bəşəriyyət bundan yan keçə bilməyəcək. Sənaye, texnologiya hara qədər inkişaf edirsə, etsin, bu məsələni şüurlardan qırağa qoymaq mümkün deyil. Ona görə Asif Ata dedi: – Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq. Asif Ata fəlsəfi yol tutmuşdu. Asif Ata ədəbiyyat yolu tutmuşdu, Asif Ata hətta siyasət yolu tutmuşdu. Xatırladıram sizə, Moskvadan qayıdarkən düşünmüşdü, biz yeni mənəvi prinsiplər bəlirləyib milli dövlət yaratmalıyıq. Ancaq Asif Ata gəlib o işə start verə bilmədi. (Söhbət siyasətdən gedir. Dövlət siyasi məsələdir). Milli dövləti qurmaq üçün millətin içində sağlam düşüncəli, güclü insanlar gərəkdir. Millətin dəyərini tanıyan, öyrənən, bilən millətin faciələrini, fəlakətlərini, özündən ayrılmasının nədənlərini bilən, öyrənən, əsaslandıran güclü şəxsiyyətlər gərəkdir. Asif Ata 70-ci illərdə bunu həyata keçirmək istəyəndə, ən qısa zamanda, təqiblər başladı, çevrəsində olanlar dağılışıb getdilər. Asif Ata ortada tək qaldı. Ona görə Ocaq yaratdı. “Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq” dedi. Ocaqlaşma yolu nə idi?! – Yurdumuzda insanın formalaşmasına, kamilləşməsinə, özünə bənzəməsinə, öz mahiyyəti üstə yaşamasına mane olanlar nədirsə, onu araşdırdı. Gördü ki, bu, ruhaniyyat məsələsidir. Yəni İnsani qanunlarla yaşamaq. Ancaq bizə yeridilən dinlər Allah-insan əlaqələrini uçuruma salıb yalançı ruhaniyyat öyrətdilər. Allah göylər hökmdarı kimi tanıdıldı, –  insana birbaşa nəzarət edən, insanın taleyi ilə uğraşan, ona alın yazısı yazan, ona ömür proqramı bəlirləyən qüvvə kimi yeridildi. Dünyanın dünyadan Böyük Mənasını bizə acıqlı qüvvə kimi sırıdılar. İnsanla əyləndi Allah. Mələklər ordusu yaratdı, insanı nəzarətə götürdü. İnsan qorxu-xof içində əxlaqi keyfiyyətlərini dəyişdi. Bunun adına deyirlər din əxlaqı. Allah yeri, göyü yaradandır, transsendentaldır, insanla yaxınlığı-filan yoxdur, göylərdədir. Cənnət, cəhənnəm həyatı gözləyir onu. Belə bir dairənin içərisinə alınan insanın əxlaqı din əxlaqıdır. İnsanın qul şüuruna köklənməsində insani əxlaqdan danışa bilməzsən. Dünya oyun-oyuncaqdır,  insan bu oyuncaq dünyada sınağa çəkilir, onunla pişik siçanla oynayan kimi oynayır sanki. Ortaya çıxan məğz budur. İndi bu əxlaqdan qurtarmaq gərəkdir insanı. Məsəl var deyirlər, “Quran oxumaqla donuz darıdan çıxmaz”. İnsanı qurtarmaq, şeir, roman yazmaqla alınmaz. Bunun üçün dünyabaxış gərəkdir. Kobud səslənsədə deməliyəm, mən kəndçiyəm, biz düyünlü odunları yaranda balta ilişib qalırdı. Onu pazla çıxarırdıq. Oradan belə bir deyim yaranıb,“pazı pazla çıxararlar”. Yararsız dünyabaxşı dünyabaxışla çıxarmaq olar insanın yaşamından. Ata ona görə dedi, düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq. Ocaqlaşma məsələsini sənin toplumun nə vaxt anlayacaq, gecmi anlayacaq, tezmi anlayacaq, bunun məsələyə dəxli yoxdur. Sənə min yerdən “mız” qoyacaqlar, qoyurlar da, – əşi, bu nəyə gərəkdir, indi bunun vaxtı deyil-filan. Bunu deyənlər heç nəyi əsaslı şəkildə təhlil etmirlər, İnsanlığın taleyini ciddi təhlil etmirlər, sənaye var, texnologiyalar inkişaf edib, qurtardı. Sənaye hər kəsə öz çıxarını düşünməyi öyrətdi. Yalnız özünü düşünənin əxlaqına necə bel bağlaya bilərsən?! Toplumda belə insanların davranışlarını izləyib söyürlər. Söymək çox asandır. Söyməkdə qurtuluş yoxdur. İnsanı faciənin içindən qurtarmaq gərəkdir. Ancaq necə, – din əxlaqı iləmi, sənaye əxlaqı iləmi?! – Sən başqasının yerinə davranış, düşüncə sərgiləyə bilməzsən. Başqasının yerinə ağıl işlədə bilməzsən. Ancaq sən başqasının düşüncə sərgiləməsi üçün, ağıl işlətməsi üçün, əxlaqi durumunu dəyişməsi üçün İnsanlığı Mütləqə İnam əxlaqına çağıra bilərsən. Ocaq ölçüsünü öyrədə bilərsən. Bu məsələləri çox soyuqqanlı, ciddi ağıl işlədərək İnsanlığa sunmağı bacarmaq gərəkdir. Bunu biz bacarmalıyıq, bizim yarağımız, sözdür, ideyadır. Bizim başqa yarağımız yoxdur,  olmayacaq.  Məhəmmədin əlindəki qılınc bizim əlimizdə olmayacaq. İnsana zor göstərib ona Mütləqə İnam əxlaqı vermək olmaz. Alınmaz!
Mən qayıdıram bu gün keçirdiyimiz Bəşərlik bayramının üzərinə. Bir neçə söz bayramın özü ilə bağlı demək istəyirəm, nə üçün Asif Ata bəşərilik məsələsi ilə bağlı bayram ideyası verdi?! Biz elə bir dövrdə yaşayırıq ki, milli prinsiplərin formalaşması gərəkdi. Xalqı belə qurtara bilərsən. Bunun adına türkçülük deyirik. Ancaq türkçülük hansı əxlaqla, hansı şüurla yürüdülür?!  Türkçü insanlar bozqurd ideyası ilə müsəlman əxlaqını birləşdirməyə çalışırlar. Hər ikisi də yanlışdır. Müsəlman əxlaqı türk insanını öz milli-mənəvi kimliyindən uzaqlaşdıran bir yöndür, bunu yuxarıda vurğuladıq.
“Bozqurd”la da millətləşmək olmaz, alınmaz. Bozqurdçuluq bəşəriyyətin min illər öncə olmuş totemizm dönəminin qalığıdır. Totemçiliklə millətləşmək olmaz. Bu bir müfik baxış olaraq, ədəbiyyata, sənətə, eyni halda ədəbiyyat, sənət vasitəsilə milli şüura etki göstərə bilər, hardasa, nədəsə. Ancaq xalqı formalaşdıra bilməz. İnsanlarımız hələ də elə düşünürlər, millətimiz bozqurdun mayasından, belindən törəyib. Bunu bayraq edib necə millətləşmək olar?! Millətin əxlaqını, mənəviyyatını bəlli edən dəyərlər var, şəxsiyyətlər var. Sən bunları tanımırsan, bunlara “mız” qoyursan, dəyərlərin üzərindən xətt çəkirsən. Ancaq gedirsən totemizm dövrünə. Totemizm məsələsinə söykəndikləri üçün insanlarımızın şürunda imperializm aqressiyası var. Çoxları elə düşünür ki, başqa millətlərin əzilməsi ilə, onların üzərində basqı yaratmaqla, susdurmaqla, onları yerində oturtmaqla öz millətini xoşbəxt edəcək. Bunun özü antiinsani, antimilli düşüncədir. Millətini hakim mövqeyə daşıma, özünəməxsus üstünlüyə daşı. Əxlaqi, mənəvi, insani dəyərlərin üstünlüyünə daşı.  O zaman sənin insanlığa münasibətin sağlam olacaq. Çünkü insanlıq təkcə sənin millətinin tərəzi daşı deyil, bütövlükdə bəşəriyyətin ölçüsüdür. Bütün başqa xalqlara imperiyaçılıq gözüylə baxmaq, onlara qarşı nifrətaşılayıcı davranışlarla yanaşmaq – sənin millətini var edə bilməz. Ona görə Asif Ata bəşəriliyi bayram edir. Sən millətləşməlisən. Ancaq bəşər xalqlarına arxa çevirməklə yox. Dediyimiz kimi, bu gün bir çox millətsevərlər sevgisini imperiyaçılıq çətiri altında görürlər. Çox böyük yanlış. Asif Atanın 6 ideyasının sonuncusu “Ləyaqətli Bəşər” adlanır. Asif Ata bu məzmunu bayram etməyimizi önərib. Biz də bu ləyaqəti doğrultmağa çalışırıq.
Bayramımız Qutlu olsun!
Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Xəlqiliyi qorumaq Bəşəriliyi qorumaqdır. Bəlli məsələdir ki, yalnız müstəqil xalqların birliyi bəşəriliyi ifadə edir. Xəlqi mahiyyətdən məhrum olan bəşəriyyət – mahiyyətini itirmiş insan yığınıdır. Burda insanilikdən çox heyvanilik psixologiyası hökm sürür. Bəşər həyatında baş verən bütün neqativ hallar bu səbəbdən baş verir. İnsani dəyərlər xalqın dərin qatlarından süzülüb, bir ömürdə təzahür edə bilən gözəl, ali, ülvi keyfiyyətlərin yaşamda öz əksini tapmasıdır. Bunun bəşər yaşamına öz etkisini göstərməsi – bəşəriliyin təsdiqidir. Dinlər bu yöndə ciddi çalışmalar ortaya çıxardı. Yəni bəşəriyyətə yeni yaşam yönü verməyə çalışdılar. Ancaq xəlqi yönü doğru bəlirləmədilər. Məsələn, İslam millətçiliyi ümmətçiliklə eyniləşdirdi. Bu günün özündə belə xalq, millət yerinə daşıdığı dinin adını göstərənlər var. Soruşursan ki, nə millətisən, deyir müsəlman.
Kommunizm düşüncəsi də millətləşməyə ağır zərbə vurmuşdur. İndinin özündə qloballaşma adı altında xəlqiliyi gerilik sayaraq gözdən salmağa çalışılır. Bəşəriyyət bu yadlıqlardan arınmasa, fəlakətli bir aqibət yaşamaqdan qurtula bilməyəcək. Bəşərin özülü fərdiyyətçilikdən, xalqçılıqdan ibarətdir. Azad fərdlərin birliyindən yaranan xalq bəşəri vəhdətə qovuşa bilər. Fərd özünü toplumun baxışlarına uyğun qurur. İçinin harayını eşitmək istəmir. Yaşamın bütün yönündə əsas istiqaməti cismaniyə xidmətdə görür. Xəlqi dəyərlər ağlının ucundan belə keçmir. Ruhani varlıq olduğunu unudur. Bu səbəbdən xalqın formalaşması əngəllənmiş olur.
Əzmə, sındırma, aşağılama dünyanı tutub, bütün münasibətlərin əsasında dayanır. Bəşərin qara günlərinin işıqlanması Asif Atanın Mütləqə İnam təlimindən keçir. Bəşər öz mahiyyətinə üz tutmadıqca, onun qurtuluşu olumsuzdur. Milli, insani dəyərlər bəşəriliyə aparan yoldur. Hədəf ləyaqətli bəşərdir. Özümün və amaldaşlarımın belə bir yükün altına çiynimizi verməyimizlə qürur duyuram. Hər biri gözümdə ilahi varlığa çevrilir. Hər biri haqqında ayrıca dönə-dönə düşünmüşəm. Ata sözü ilə desək, gərək Allah olasan ki, bəşərin ləyaqətə yetməsinə özünü həsr edəsən.
Sizinlə fəxr edirəm.Varlığınız ömrümə ömür çalayır, məni yeni hünərlərə səsləyir.
Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Mən də Bəşərlik bayramı münasibətilə amaldaşlarımı, xalqımızı qutlayıram. Bu yolda hamıya İnsanilik arzulayıram. İnsan, millət və bəşər. Bu ardıcıllıqda biz bilirik ki, insan ölçü vahididir. İnsan düzəlməsə, millətlər düzələ bilməz. Millət də düzəlməsə, bəşər yoxdur. Qardaşlarım vurğuladılar, dünyabaxış insanın körpəlikdən xarakterinə oturuşur. Xarakter başlanğıcını ailədən götürür, ailədə, sözsüz, dünyabaxış əsasında ilk təsirlərini uşağa ötürə bilir. Dünyabaxışlar da bilirik nisbidir, gedib dalana dirənir. Bizdə müsəlmançılıq ideyasıdır, bu ideyada insana qorxu və mənfəət öyrədir. Xarakter formalaşandan sonra (söznən) ha deynən düz ol, xarakter nədirsə, onu ifadə edir. Bu hesabda bəzən xarakter elə yön götürür ki, artıq onu yaradan xarakterin özü kölgədə qalır. Heç o yada düşmür. İndi xalqlar arasında, ya dövlət səviyyəsində münasibətlər ancaq iqtisadi mexanizm üzərində qurulub. İqtisadi mexanizm özünü rəqabətlə, münaqişələrlə, qan-qada ilə göstərir. Ona görə biz deyirik, yeganə çıxış yolu  Mütləqə İnamdır. Bunun məsuliyyətini biz başa düşürük. Bunun ağırlığını qəbul edirik. Könüllü olaraq bu yükün altına giririk. Bu yolda amaldaşlarıma uğur, özümə təpər arzulayıram.
Atamız Var olsun!

Göytəkin Atalı (Ataya Səcdə edib bayrağı öpür – N.A.): Gediş yazımızda belə bir qonu var: – Bəşərin sabahına təhlükə yaradan nədənlərə qarşı necə durmalı? – Sabaha təhlükə yaradan nədənlər haqqında çox danışmaq olar, istənilən qədər siyahını uzatmaq olar. Ancaq sabaha təhlükə yaradan nədənlərin arxasında duran bir səbəb var – bu da İnsanlıq sorunudur. İnsanların əyri yola əl atması, insanın inamının itməsi, insanlararası münasibətlərin pozulması bu səbəbdən doğur. “İnsanı necə xoşbəxt etmək olar, insanlararası münasibətləri necə yoluna qoymaq olar” sualları üzərindən müxtəlif baxışlar, ideyalar ortaya gəlib. Ancaq nə yazıqlar, bu baxışlar özünü doğrultmayıb. Çünkü insan özünə inanmayıb, özünə yadlaşıb. Bu artıq elə bir düzeyə çatıb ki, hər kəs bir-birinə şübhə ilə yanaşır. İnsanın düşdüyü bu durumun yaxşılaşmasını əsasən xarici amillərə bağlayırlar. Ancaq bu amillər az-çox ciddi olaraq, insanın yaşamında rol oynayır. Yenə də bu, məsələnin həlli yolu deyil. Atanın belə bir düşüncəsi var. Deyir ki, ictimai bərabərliklə mənəvi kamillik birləşəndə insan həyatı gözəl və ülvi olur. Bu bir deyimlə artıq insanın qurtuluşu üçün lazım olan nədirsə, Ata onu ortaya qoyur. İnsanlar arasında bərabərliyi pozan da laqeydlik, mərhəmətsizlik, ədalətsizlikdir. Bərabərliyi, haqqı, ədaləti bərpa etmək üçün bəlli qanunlar ortaya gətirirlər. İnsana cəza, işgəncə verməklə insanı tərbiyələndirəcəklərini düşünürlər. Ancaq bu cür cəza və işgəncələr daha çox kin, nifrət doğurur. Qanun əksər hallarda insanı daha da azğınlaşdırır. Cəmiyyəti pozan, pis örnək olan adamlar toplusu yaradır. Cinayət törədəni cinayət törətdiyinə görə suçlayırlar, ancaq onun ora qədərki yaşantılarına nəzər salanda görürük ki, onu cinayət səviyyəsinə çatdıran mühitdir. Onun insana inamını sarsıdan, insana qarşı kin, nifrət yaradan cəmiyyətin özüdür. Cəmiyyətin biganəliyidir, laqeydliyidir. Mən ən çox qıraq ədəbiyyat oxuyanda düşünürəm, insanın işlədiyi hər hansı bir suçdan çox o sucu törədənə qədərki yaşamı, duyğuları, mühitin, quruluşun təsiri məni maraqlandırır. İnsanları bu duruma gətirən, insanların inamını sarsıdan – onun çevrəsi olur. Cəmiyyətin bu xaosundan ayrılması üçün insan öncə düşüncələrini, idrakını gəlişdirməlidir. İnsanın düşüncələri nə qədər əsaslı olmalıdır ki, bütöv cəmiyyətə qarşı durmaq gücündə olsun. Bunun əsasını da yaradan  ideyadır. Doğru inam və ideyalar əsasında özünü yaradan insanlar cəmiyyəti dəyişmək gücü də əldə edirlər. Bu artıq sabah üçün təhlükəli olan nədənlərə qarşı dayanmaq deməkdir.

Atamız Var olsun!

Soylu Atalı: Biz bayaqdan Bəşərilik məzmunu üstündə düşüncələrimizi dilə gətiririk – bu çağa qədər düşündüklərimizi, öyrəndiklərimizi özümüzün analiz edə bildiklərimizi. Bu çağa qədər, eyni anda bu çağda. Bunlar hamısı qıraqdan dinləyənlər üçün bir çox sual yarada bilər. Bu çıxışların içərisində sual doğuran məqamlar az deyil. Bir də bu çıxışların içərisindən kiminsə ağlına gələr ki, bunlar hamısı nəzəri xarakter daşıyır. Bunu bütövlükdə xalqlar arasında necə ölçüyə çevirmək olar?! Deyilən məsələlərin hər birini doğru analiz edərsənsə, doğru dəyərləndirərsənsə, sualların cavabı çıxışların özündə var. Biz vurgu elədik ki, bu çağa qədər bizim içimizdə oturan, millətimizin içində oturan bəlli əxlaq norması, əxlaq davranışları var. Eyni halda vurğu edirik ki, əgər insanın şüurunda dəyişiklik gedərsə, ortaya çıxarılan ideyanı insan düşünərsə, onu analiz edərsə, onu daim vurğu edərsə, onun baxışı getdikcə dəyişilər. Bizim, burda olanların, nəzəri olsa belə, “Allah” ideyasına baxışımız dəyişilib. Asif Ata bunu dəyişib. Biz müsəlman kimi baxmırıq “Allah” ideyasına. Biz deyirik, Məhəmmədin Allahda obrazlaşdırdığı keyfiyyətlər, təyinat doğru deyil. Doğru olan Asif Atanın dediyidir. Bizim Mütləqlə, yəni Allah anlamıyla bağlı şüurumuz dəyişib, sözümüz dəyişib, baxışımız dəyişib. Eləcə də, bizim insanla bağlı düşüncəmiz dəyişib. Biz insana ya xristianların, ya müsəlmanların, ya buddistlərin, qeyrilərinin baxdığı kimi baxmırıq, fərqli baxırıq.  Məsələn, müsəlman dünyaya oyun-oyuncaq kimi baxır, biz Əzəli,Əbədi, Sonsuz, Kamil Məna daşıyıcısı kimi baxırıq. Dünya öləri deyil, dünyadakılar öləridir, ötəridir, dəyişir, ancaq özü mənaca əbədidir. Dünya yoxluqdan yaranmayıb, boşluqdan yaranmayıb, dünyanın olmayan vaxtı olmayıb. Müsəlman elə demir. Müsəlmanla bizim dünya baxışımız arasında kəskin fərq var, eləcə də insana baxışımız. Biz deyirik, insan özündə Mütləq gəzdirən, şəraitdən, zamandan, mühitdən üstün olan, Mütləqiliyə meyil edən, Mütləqləşməyə qadir olan Ruhani Varlıqdır, bioloji varlıq deyil. Bioloji insanın cismidir, insan cismi varlıq deyil. İnsan özündə cisimdən artıq məna daşıyır. İnsanı o bəlirləyir. Biz torpağa gömülən, çürüyən, həşəratlara yem olan bədən deyilik. Ondan artıq olan mənəvi, insani, ruhani keyfiyyət daşıyan varlığıq. Bədən ölsə də o keyfiyyətlərimiz ölmür. Xalq bizim əbədiliyimizdir. Biz xalqı davam edirik. Bizdən sonra gələnlər xalqı davam edəcəklər. Həm cismi varlıq olaraq davam edirik, həm də mənəvi dəyərlərin daşıyıcısıyıq. Onun birgə yaşayışının daşıyıcısıyıq. Onun keyfiyyətlərinin daşıyıcısıyıq. Xalq bizdə davam edir, bizim əxlaqi keyfiyyətlərimizlə davam edir, bizim yaratdığımız dəyərlərlə davam edir. Biz estafeti özümüzdən sonrakılara ötürürük. Bütün nəyimiz varsa, bizdən sonrakılarda yaşayır, davam edir. Bugünkü xalqı biz formalaşdırırıq. Əyri formalaşdırırıqsa əyriliyimizi ötürürük, yaxşı formalaşdırırıqsa yaxşılığınızı ötürürük. Hətta ən pis şəraitdə, gedişdə belə xalqı biz ləyaqətlə uğurla təmsil edir, belə bir ölçü yaradırıqsa, o keyfiyyətlərimizi ötürürük. Yəni xalq davam edir. Xalq davam edirsə,insana bioloji varlıq kimi baxmaq olmaz. Bioloji olaraq xalq dayanardı. Davam edə bilməzdi, məhv olardı. Ancaq xalq davam edir. Xalqın davamı təkcə cismani varlıq deyil, başlıca  olaraq, ruhani varlıqdır. Biz insanla bağlı belə bir düşüncədəyik. “İnsan öləndən sonra o biri dünyada onun üçün gözəl süfrələr açılacaq, əyləncələr olacaq” belə avantürist baxışlarla biz özümüzü aldatmırıq. Asif Atanın çevrəsində olan (sayından asılı olmayaraq) insanlar fərqli düşünürlər. Dünyaya, insana, həyata, dövlətə, millətə, bəşər anlayışına fərqli baxırıq. Bu, əslində nəzəriyyənin davranışa yansımasıdır. Münasibətə yeriməsidir. Nəzəriyyə olaraq qalmır. Biz təkcə Asif Ata belə deyir demirik, biz özümüz də belə deyirik. Nəzəriyyənin şüurlara oturması yeni əxlaq yönü, yeni davranış yönü yaradır. Düşüncələrdə oturuşduqca yenilik həyata keçir. Mütləqə İnamın sənin üzərində yaratdığı etkilərdən baxırsan hər şeyə.
Bu bəlli insanların içərisində oturuşandan sonra, getdikcə, onun sınırları genişlənməyə başlayır. Bütün dünyabaxışlar əyri, ya doğru belə formalaşır. Mütləqə İnam da öz xəttində belə formalaşır, fərdlərdən başlayaraq. Belə bir aşamadayıq.Yenilikdə yenilənmək diləyi ilə hər birinizə uğurlar, başarılar diləyirəm. Günümüz qutlu, uğurlu olsun.

Könül xanım: Hər birinizi salamlayıram. Aranızda olmağa çox məmnun oldum. Atanı 80-ci illərdən tanıyırdım. Çıxışlarını izləmişəm. Təsadüfən də yenə sizlərlə rastlaşdım. Düşüncələriniz mənə doğmadır. Bu günə qədər düşündüklərimi sanki yenidən dinlədim. Hər kəsə uğurlar diləyirəm.

Ocaq quralları ilə bayram sona yetdi.

Səsdən sözə çevirdi: Nurtəkin Atalı.
Qar Ayı, 46-cı il (yanvar, 2025).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir