Xəbərlər

Qutsal “Evlad Günü” Törəni

Ocaq Günsırası ilə 7 Od Ayı, 41-ci ildə Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Evlad Günü” Törəni keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı özünün 41-ci ilində Qutsal “Evlad Günü” törənini həyata keçirir. Törənimizdə ölənlərimizi anırıq: Sabahlı, Bağban, Amaltay bizimlədir. Onların adına ayağa dururuq. Öz Amaldaşlıq birliyimizi ifadə edirik.

Günün başlıca tələbi Evlad özünügörmənin, özünüqurmanın, özünüdərkin hesabatıdır. Hər zaman olduğu kimi, hər il Atanın hüzurunda, indi onun ruhsal anlamda qarşısında (Atanın ruhsal qarşısı Ocaqdır) Ocaqçı özünün ruhsal kimlik hesabatını verir. Mən də bu açıdan yanaşaraq, istəyirəm birinci belə bir tələbin ifadəsindən başlayım. Sonra isə törənin anlamı ilə bağlı, başqa sözlə, Evlad görümündə dünyaya, həyata, xalqa, vətənə baxışı ifadə eləyim. Birinci məsələ bizim, bir Evlad olaraq, üzərimizə düşən yükdür. İkinci, mənim Ocaq Yükümlüsü kimi Ata qarşısında, Ocaq qarşısında özümü ifadə eləməyimdir. Düşünürəm, bu mərasimdə belə bir ayrıcalıq (istisna) var. Çünkü biz Asif Atanın Evladıyıq. Asif Atanın Evladı kimi də onun Ocağının qarşısında həmişə hesabat verməyə borcluyuq. Mən bir Soylu olaraq, illər öncə bir söz demişdim: axır ki, Böyük Yolun başlanğıcına gəlib çıxdım. Mən bu gün ürəklə vurğu edirəm, axır Böyük Yola başladım. Nə deməkdir Böyük Yola başlamaq?! –  Atanın Ocağını yaratmasından üzü bu yana özünün dediyi, yazdığı, vurğuladığı, öyrətdiyi bir məsələ var. Dünya əyilib. Həyat çelişkilidir. İnsan qarışıqdır. Heç biri böyük məna tələbində deyil. Heç biri İnsanlıq anlamına layiq deyil. Buna görə mən Ocaq yaratmışam deyir Asif Ata. Həyat, dünya İnsana layiq deyil. Bəşər özü İnsana layiq deyil. Bəs necə eləyək layiq olsun? Dünyanın İnsana layiq olması nə deməkdir? Ya həyatın İnsana layiq olması nə deməkdir? Hər zaman mən bunu vurğu edirəm. Dünya münasibətlər nizamıdır. Yəni dünya bir maddi yaratıq olaraq, bir materiya olaraq deyil, onun gedişi münasibətlər nizamıdır, ya da nizamsızlığıdır. Bunu kim yaradır? – İnsan! Əgər insan özünü dərk etmirsə, tanımırsa, dünyanın gedişi normal nizamda olmayacaq. Necə ki, deyil. Bəs nə oldu? Ataya qədər də dünyanın nizamını qurmağa, qorumağa çalışanlar olub. Ataya qədər bu nizam ayrı-ayrı çağlarda qorunub, bəlli bir düzəydə bərpa olunub. Ancaq nizam yenə də İnsanlığa layiq olmayıb. Asif Ata nizama başlayıb. İndi biz deyirik, Asif Ata bunu az bir vaxtdır başlayıb. Ona görə biz bunu tutalqa edirik, dünyanın hələ, Asif Ata xəttində, nizama yüksəlməsi üçün erkəndir, tezdir. Çünkü Asif Ata bunu yeni başlayıb. İndi biz də bunu araşdırıb öyrənməliyik, dərk eləməliyk. Asif Ata bu Yolu yeni başlayıb, biz də ümid bəsləyirik, bu da hələ o birilər kimi bir xeyli yol getsin, onda dünya nizama düşəcək. Belə düşünürük. Bax, bütün məsələ də bundadır. Belə düşünürük. Bu düşüncəmizin arxasında dururuqmu? Bunun arxasında durmaq üçün nə gərəkdir? Biz topluma bəyan edə bilərik, bunun arxasında dururuq. Axı bunu deyəndə biz nə dərəcədə səmimiyik? Nə dərəcədə doğruçuyuq? Yalan demirik ki? Bunu necə bəlirləyirik bəs? – İlk olaraq öz içimizdə yəqinləyirik, biz Böyük Yola başlamışıq, başlamamışıq. Əgər Böyük Yola başlamışıqsa, ürəklə bunu deyə biliriksə, gücümüz çatırsa bunu deməyə doğrudan da, onda biz deyə bilərik, Asif Atanın başladığı bu Yol dünyanı nizama mindirəcək. Əgər biz bunu səmimi olaraq deyə bilmiriksə, onda dünyanın nizamı elə belə olacaq. Biz isə özümüzü aldatmış olacağıq. Bax, bu açıdan mən yanaşıram. Mən Soylu Atalı olaraq, nə dərəcədə deyə bilirəm, Asif Atanın başladığı iş dünyanın nizamını bərpa edəcək. Mən bunu araşdırıb öyrənirəm, sonra deyirəm, Böyük Yola başlamışam. Böyük Yola başlamışamsa, Asif Atanın Yolunun dünya düzəyində nizam yaradacağına içimdə inanmağa başlayıram.

Bizə deyirlər, sizin dedikləriniz hamısı gözəldir, ancaq bu mümkün deyil. Biz Ocaqçı olaraq, onların bu dediklərinə cəsarətlə deyə bilirikmi sən ona görə bunu mümkün saymırsan ki, sənin ömründə Ocağın, Asif Atanın dediyi nizam yoxdur. Bu nizamla uğraşmırsan. Ona görə sən inanmırsan ki, bizim dediyimiz yaxşı şeylər həyata keçə bilər. Yaxşı, bəs mən özüm inanırammı? Bax, bu suala Evlad özü cavab verməlidir. Mən buna inanırammı, inanmırammı? Mən Soylu olaraq, bu suala artıq cavab vermişəm. Demişəm, mən buna inanıram! Niyə inanıram? Çünkü mən Böyük Yola başlamışam. Böyük Yola başlamaq üçün mən çox böyük aşırımlar keçmişəm içimdə. Çölümdə də çox böyük aşırımlar keçmişəm. Keçməkdəyəm. Dönə-dönə özümü öldürüb diriltmişəm. Dönə-dönə özümə ağır hesabat vermişəm. Bunları mən gündəliklərimdə yazmışam. Bunları mən çalışmalarımda göstərmişəm. Bunları mən zehni, idraki çalışmalarımda da göstərmişəm, xalqyaratma çalışmalarımda da. Hər şeyi anlamaq, dərk eləmək məsələsi var. Bir var sözü demək, bir var deyilən sözü dərk eləmək. Dünyanın nizamı ona görə əyridir ki, insanlar dedidyi sözü dərk eləmirlər. Bilirlər, dərk eləmirlər. Bunu mən bir neçə yol demişəm törənlərimizdə. Bilməklə dərk eləmək eyni məsələ deyil. Dərk eləmək ömürə çevirməkdir. Onu içində, ömründə yaşamaqdır, yaşatmaqdır. Bilə-bilə yaşatmaqdır. Bilə-bilə yaşamaqdır. Bilmək, dərk eləmək. Əgər bilmək var, dərk yoxdursa, onda insan heç bir vaxt nizamlı davranmayacaq, nizamlı yaşamayacaq. Onun həyatı nizamlı olmayacaq. Dərk son aşamadır. Ondan sağ-sol bir şey yoxdur. Əgər dərk eləyirəmsə, demək bilirəm. Ancaq bunu bilirəmsə, dərk edirəm kimi ifadə eləmək mümkün deyil. Dərk edirəmsə, demək bilirəm. Ona görə dediyin sözü bilərsən, qulağın ona vərdiş eləyər, duyğuların ona vərdiş eləyər, ancaq taleyinə çevrilməz. Bax, mən bu anlamda sizə deyirəm, mən Asif Atanın dediyi heç bir sözü danışmaq vərdişinə uymamışam. Asif Atanın hər bir dediyini dərk etməyə çalışmışam. Böyük çoxluğunu isə, deyə bilərəm dərk etmişəm.

Bu gördüyünüz mənim suallar gündəliyimdir. O biri doldu, buna başlamışam. Mənim bu gündəliyim özümə suallar gündəliyim adlanır, ancaq təkcə özümə deyil, Asif Ataya suallar gündəliyimdir. Dünyaya, dünyadakılara suallar gündəliyimdir. Burdan bir sual oxuyacam. Görün o mənim özümə sualımdır, yoxsa Asif Ataya, bütövlükdə toplumamı sualdır?! –  “Bu gün üzdə olan hər kəs Yerin Günəşin çevrəsində fırlandığını bilsələr də, bu bilgi onlara dinin nələrdə yalan danışdığını öyrədə bilmir. Görəsən niyə?”. Baxın, “Ruhi, psixoloji pozuntu (xəstəlik) bədəndə pozuntulu xəstəlik dəyişikliyinə görədirsə, bu ruhun bədəndən asılılığı anlamına gəlirmi?”. Bu, Asif Ataya tuşlanmış sualdır. Tək özümə yox. Onun fəlsəfəsinə tuşlanmış sualdır… Ya da bədəndən asılılıq nə deməkdir? Bədən yoxdursa, ruh ifadə olunmur. Bədəndə kəskin xəstəlik dəyişikliyi gedərsə, insan ağlına gələni danışır, davranır. Bu nə deməkdir? Bu ruhun bədəndən asılılığı deməkdirmi? Bax, bu suala biz, bilgilərimizə, təcrübəmizə dayanıb cavab verə bilərik. Ancaq bu suala təcrübəyə, vərdişə dayanıb cavab vermək olmaz. Mənim özünə soru gündəliklərimdə yazdığım sualların heç birinə vərdişə, təcrübəyə dayanıb cavab vermək olmaz. Yaşama, ömrə dayanıb cavab vermək olar. Çünkü təcrübəyə dayanıb cavab versən, bu səmimiyyətsizlik olar. Bu nəyə gətirib çıxarda bilər? – “Mollanın dediyini elə, elədiyini eləmə”. Ona görə də mənim suallarım Asif Ataya yönəlib, dünyaya yönəlib. Səmimi olaraq mən Asif Atanın fəlsəfəsinə şübhəylə yanaşıram. Tam olaraq aydınlıq gətirəndən sonra, ağlımda oturandan sonra, sevgimdə, düşüncəmdə oturandan  sonra mənim içimdə əminlik yaranır, mən onu bilirəm. Mən Asif Atanı elə öyrənirəm. Musurman deyir, Quranda hər şey var. Elə Məhəmməd özü deyir Quranda hər şey var. Ancaq hər şey yoxdur. Məsələ burasındadır, onu elə deyiblər ki, ondan sonrakılar deyənlərin hamısı buna hərfi anlamda yanşır, əzbərləyib deyir. Süni şəkildə elm axtarırlar Quranda. Biologiya, təbabət axtarırlar. Hər şey axtarırlar, bu da var, o da var, o biri də var. Səmimiyyətsizlikdir bu. Biz deyirik, Asif Atanın dünyagörüşündə hər şey var. Ancaq biz də o cür hərfi anlamda yanaşsaq, səmimiyyətsiz olarıq. Deyərik, Asif Atanın fəlsəfəsində biologiya da var, anatomiya da var. Yoxdur axı. Anatomiyanın fəlsəfəsi var, özü yoxdur. Bəs niyə deyirik hər şey var? – Hər şey, bütün nizam, düzən mənəviyyata, ruhaniyyata bağlı olduğu üçün, ruhaniyyat nizamına bağlı olduğu üçün deyirik, burda hər şey var. Əgər burda ruhaniyyat, mənəviyyat nizam taparsa, onda həyatda, elmdə, ədəbiyyatda, fəlsəfədə, iqtisadiyyatda, hər şeydə nizam tapar. O açıdan yanaşırıq.

Asif Ata sazla bağlı görüşünü, baxışını yazıb. Mən onu sazın bütöv, yetgin fəlsəfəsi saymıram. Asif Ata sazın bütöv fəlsəfəsini yazmağa borclu deyil. Asif Ata filosof olaraq, dəyərlərimizdən biri olan saza öz baxışını sərgiləyib. Ancaq Asif Atanın sərgilədiyi baxışda sazın fəlsəfəsi qurtardı demək olmaz. Onlarca adam götürüb onun fəlsəfəsini yaza bilərlər. Söz yox, anlama dayanaraq. Kiminsə ağlına gələni yazmasından getmir söhbət, fəlsəfədən gedir. Burada sən deyə bilməzsən, Asif Ata yazıb da, qurtarıb. Belə yanaşmaq olmaz. “Asif Ata hər şeyi deyib qurtarıb” açısından yanaşmaq olmaz. Elmi inkar elə, o birini inkar elə ki, Asif Ata hər şeydir. Onda Asif Atanı verə bilməzsən. Biz Asif Atanın hər şey olduğuna onun ruhaniyyatının yetginliyinə görə yanaşırıq. İnsanlığı car elədiyinə görə, insanlığın fəlsəfəsini yaratdığına, öyrətdiyinə görə Asif Ata bizimçün hər şeydir. Çünkü hər şey İnsanlıqdan başlayır. Baş insanlıqdır, cövhər insanlıqdır. Asif Ata onun dünyabaxışını yaradıb. Ona İnam yaradıb. Onun fəlsəfəsini yaradıb.

İndi gəlirəm çıxıram sonsuzluqla bağlı bir məsələyə.

Bu gün deyək ki Batıda, Avropada, bir fəlsəfə, bir baxış uydurublar – kosmopolitizm. Bu bir siyasi qəsddir. Mən elə düşünürəm. Köklü, qədim xalqlara qarşı düşünülmüş siyasi qəsddir. Deyirlər hər kəsin öz düşüncəsi var. Hər şey əlvandır, rəngarəngdir. Bunu o qədər yaxşı işləyirlər, böyük xəlqi birliklərin qarşısını almaqdan ötrü. Buna tutarlı dəlillər gətirirlər. İnandırıcı arqumentlər qoyurlar ortaya. Onların o baxışıyla bağlı mən nə düşünürəm. O günü metrodan çıxırdım, baxışımı çəkən bir məsələni deyəcəm. Metrodan çıxanlar var, düşənlər var. İki adam tapmırsan ki, eyni cür geyinsin. İki adam yoxdur, onların üz cizgiləri eyni olsun. Bu, mənanın sonsuzluğundan irəli gəlir. Məna təkrar olunmur. Məna görsənişə gəlişində təzahürlərində təkrar olunmur. Yenilənir daim. Təzahürlərində yenilənir. Təzahürləri də fərqlidir. Yəni məna öz təzahürlərində heç vaxt təkrar olunmur. Əgər təkrar olunsaydı, onda Asif Atanın fəlsəfəsi anlamını itirərdi. Niyə? Çünkü məna təkrar olunursa, tükənir. Buna dayanıb deyirlər, düşüncələr də fərqlidir. Mən də bilirəm hər kəs fərqli düşünür. Heç kim də insanları eyni düşüncəyə dartmasın. Bunlar doğrudur. Ancaq mən o cür adamlardan soruşmaq istəyirəm. Yerdə oturan bir adama, iki ayrı-ayrı adam, biri uzanıb, biri də başı üstə durub deyə bilərmi? Oturan bir adam haqqında iki ayrı-ayrı adam deyə bilməz ki, biri deyə uzanıb, o biri də deyə başı üstədir. Ya ağ rəngə iki adamdan biri qara, biri yaşıl deyə bilməz. İkisi də ağ deyəcək də. İkisi də oturub deyəcək də. İkisi də vətənə vətən deyəcək. İkisi də deyəcək millət müqəddəsdir. İkisi də deyəcək dövlət qorunmalıdır. Nə düşünürsən düşün, hara gedirsən get, hansı zövqü daşıyırsan daşı, nə geyinirsən geyin, özün bilərsən, ancaq vətən, insan, millət məsələsində hərə bir hava çala bilməz, hərə bir söz deyə bilməz. Baxın, bizə bu gərəkdir, biz bunu deyirik. İnsanlar nə düşünürsə düşünsün, böyük prinsiplərə yönəlik heç kimin ağzına gələni danışmağa haqqı yoxdur. Bax, bu məsələ “Xəlqi birliyin” açarıdır. Xəlqi birliyi bu nöqtədən çoxsaylı bilgin adamları da qırmağa çalışır, ayrı-ayrı siyasi doktrinalar da bunu qırmağa çalışır, insani-xəlqi birliyin qarşısını almaq üçün. Asif Ata bunların qarşısına çıxıb “Xəlqi Birlik” (ruhani cəmiyyət) ideyası verib. Baxın, biz bu cür ideyanın daşıyıcısıyıq. Bu ideyanın arxasında dururuq. Bu ideyanın arxasında duran kimsə yaşamında lağlağı eləyə bilməz. Yaşamında oyun oynaya bilməz.

Din insanı hər addımda Allahla üz-üzə gətirir. İnsanın Allaha münasibətini formalaşdırmağa çalışır. İnsandan qıraqda olan, transendent olan, fövqəl olan Allaha, bir qüvvəyə münasibətini formalaşdırmağa çalışır. Din bunu eləyir. Yəni Allahla insanı üz-üzə qoyur. Asif Ata insanı insanla üz-üzə qoyur. İnsanın özünə münasibətinin nizamını yaradır. İnsanın öz (transendent olmayan, fövqəl olmayan) içində nizam yaradır. Deyir, bu nizam yaranarsa, bütöv bəşəriyyətin yaşamında, gedişində nizam oluşar. Asif Atanın Mütləqə İnamının canı budur. Transendentə inam deyil, insana, insanlığa inamdır. Fövqəl olana inam deyil. İnsanlar fövqəl olana daha çox meyilli olduqlarına görə, özünü dərk eləmədiyinə görə, özünü yaratmadığına görə, özünü içəridən tapmadığına görə fövqəl olana inanmağa daha çox meyillidir. Ona inanmaq asandır, “O göylərdədir, arıdır, durudur, məndən üstündür. Mən ona inanıram”. Qurtardı bunun işi. Ancaq özüylə üz-üzə qalanda insan sorumluluq qarşısında qalır. O içindəki əyintilərdən, əyrilərdən qurtarmaq tələbi qarşısında qalır. Ona görə buna inanmaq asan deyil, çətindir. Ancaq çətin də olsa, onun qurtuluşu bundadır. Biz onun qurtuluşunu hazırlayırıq, veririk. Bu, Asif Atanın “insan kamilliyi” dediyi ideyanın canıdır. Mütləqə İnamdan qaynaqlanır. Əgər Mütləqə İnam olmasaydı, yəni insanın gözünü uzaq göylərdən yığışdırıb özünə yönəltməsəydi, Asif Atanın İnamı, Onun Kamil İnsan ideyası qüvvəsini itirərdi. Ona görə dinin Kamil İnsan ideyası qüvvəsini itirir. Gözünü uzaq göylərə dikənin, transendentala meyil eləyənin, kamilləşməsi baş tutmaz. Göylərdəkinə inanıb ləliməklə, diz çöküb ibadət eləməklə insanın içi arılanmaz, idrakı kamilləşməz. Özünü dərk eləməz. Necə ki eləmir də. Baxın, Asif Atanın Mütləqə İnamı, Kamil İnsanı, Ruhani Cəmiyəti bir cövhərə bağlı olaraq belə bir anlam daşıyır. Belə bir anlam daşıdığına görə də insanın qarşısında qutsal bir tələb qoyur. Sənin, insan olaraq, özünü dərk etməyin üçün, kimliyini qorumağın üçün, düşüncəni formalaşdırmağın üçün, gözünü uzaqlardan yığdığın üçün bir yerə bağlamalısan. Üzünü uzaq göylərə tutmusan, axirət gözləyirsən. Sənin üçün vətən yoxdur. Gözlərini göylərdən özünə qaytarandan sonra, özünü içindən qurub yaradandan sonra sənin varlığını sürdürmək üçün bir zəmin gərəkdir. Bu zəmin Vətəndir. Qoruyursan, yaradırsan. Onun üçün yaradırsan. Dində vətən yoxdur. Asif Atanın Müstəqil Vətən ideyası İnsanlığın yaşaması anlamı daşıyır. Özgür, bağımsız, qüdrətli insanın ayağını qoymağa zəmin. Qutsal, kamil insanın yaşadığı coğrafiyanın öz adi mənasından yüksəyə qalxması, qutsallaşması – Vətən sayılması. O biri ideyaları bilirsiniz. Asif Ata özünün bu 4 ideyasını ona görə başlayıb ki, onlara dayanıb, bugünün insanı özünü elmin, texnikanın əsarətindən qurtarsın. Necə qurtarsın? Başa düşsün, böyük düşüncə, böyük təfəkkür, özünüdərk məsələsi daha çox Doğu coğrafiyasında yaşamışdır. Doğuda olan düşüncə, fəlsəfə, ruhaniyyat gəlişdirilməliydi. Özünün  kamil səviyyəsinə çatdırılmalıydı. Aradan qaldırılmalı deyildi. Batı özünün elmi-texniki gəlişməsiylə, yeni texnologiyalar yaratmasıyla Doğunun şüur, idrak gedişinin üstündən xətt çəkdi. Ancaq bunu gəlişdirmək gərək idi. Yeni aşamaya qaldırmaq gərək idi, dünyanı qurtarasan. Asif Ata ona görə “Özümlü Şərq” ideyasını bu dörd ideyaya qoşub. Olub 5 ideya. 6-cı ideyası sonucdur. O, bəşəriyyətin öz anlamına bərabər yaşamasını sağlayan bir sonucdur. O “Ləyaqətli Bəşər” ideyasıdır, beş ideyadan sonra özünü  doğruldan ideyadır, başqa sözlə, bunların özünü doğrultmasının sonucudur.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 

Günev Atalı (Ataya səcdə edib bayrağı öpür – G.A.): Evlad Günü mərasimində “kim idim, kim olmuşam?” sualına yönəlik bir neçə kəlmə demək istəyirəm. Bir olayla başlayıram yenə sözə. Asif Atanın evində idim, nə üçünsə, yadımda deyil. Ancaq çıxarkən Ata arxadan dedi, oğul, mərasimə hazırlaşmısanmı? Çöndüm, heç bilmədim nə cavab verəm. Dedi, mövzunu bilirsənmi gediş yazısında? Soruşduğu “Evlad Günü” mərasimi ilə bağlı idi. Duruxdum. Dedi, orda bir sual qoyulub: Kim idim, kim oldum? Məncə, bu səndə çox yaxşı alınacaq. Ata bu sözü dedi, güclü bir sorumluluq gəldi üstümə, mən buna ciddi hazırlaşmalıyam, yazmalıyam. Yazdım da. Arxivdə hardasa var. Hər bir Evladın aqibəti bir-birinə bənzədiyi kimi elə yaşamı, həyatı, Ocaqdan öncəki həyatı da bir-birinə bənzəyir. Həmin o bənzərlikdir Ocaqçını Ocağa gətirən. Vətənçi ola bilər, millətçi ola bilər, lap bəşərçi də ola bilər, İnamçı da ola bilər, Atanın cazibəsi də vardı, ancaq içdən səni çəkən qüvvə var, ruhaniyyat var, anlamırdım o nə idi. Ancaq o əsas idi Ocağa səni bağlayan. Asif Ataya bağlayan. Yaşamımda adi bir adam olmuşam. Savadsız, sıradan bir adam olmuşam. Ancaq bir az təzadlı olmuşam cəmiyyətlə. Heç vaxt cəmiyyətin dərinliklərində atkeçməz hallarını qəbul etməmişəm. Üzdən getmişəm onun arxasınca, ancaq qəbul eləməmişəm də hər şeyini. Sındırıb, sarsıdıb məni, əzib o hal məni. Bu xasiyyətimə görə də, orda işlətmişəm elə o cümləni, heç kəs məni özünə tay tutmurdu. Qaraqabaqlığım vardı, yovuşmazlığım vardı. Özündənrazılığım vardı. Guya mən özümdən Amerika kəşf edirəm. Çox şeylər qəbul eləmirəm. Ancaq əslində izah da edə bilmirəm. Niyə qəbul eləmirəm? Bilmirdim. İçimdə qatarlanan o suallara cavabım yox idi. Hardaydı məndə o hal anlayım. Hardasa ağlım deyirdi, elə sən də palaza bürün, elnən sürün. Sən də hamının biri ol. Zamanın nəbzini tut. Bunu mənə ağlım deyirdi. Tərsini deyən isə ruh idi, mənə deyirdi bu belə deyil. Ona görə də mən deyirəm, 12-ci ildə bu suala cavab vermişdim, ancaq bugünkü cavabım onunla yer-göy fərqi yaradır.

Öləzimiş bir çırağa neft tökülən kimi, Asif Atanın xəbərini o çağlar mən o cür qəbul elədim. Bir neçə Ocaqçı ilə təsadüfən rastlaşdıq, görüşdük, tanış olduq. Atanı gördüm. Atanı çox vaxt heç başa düşmürdüm də. Ancaq onun üzündəki hal məni çəkirdi. Dolurdu ürəyimə. Hətta özümü itirirdim də. Çıxanda ayağım ayağıma dolaşırdı az qala. Beləcə. Ocaqdan öncəki ömrüm çətin bir ömür olubdur. O dediyim suallara cavab tapmadığıma görə əzablı, çətin yaşayırdım. Ancaq Ocaqçılıq dövrümü də asan yaşamamışam. Buna da nə səbəb oldu? Sadəcə olaraq, gücüm çatmırdı. Birdən-birə sıfır vəziyyətindən belə bir yola üz tutasan, deyəsən mən Asif Atanın davamçısıyam, mən Mütləqçiyəm, Mütləqçi sözünü də tam dərk eləmirdim. Gücüm çatmırdı. Mənim büdrəmələrim oldu. Ancaq inamsız olmadım. İçimdə hardasa bir qüdrət, qüvvə mənə deyirdi, Asif Ata yoludur dünyanın xilası. Elə sənin də, millətinin də, bəşərin də.

Bir dəfə bir qəzetdə rast gəlmişdim, mövcud təlimlərlə bəşər idarə olunmur, yeni  bir dünyabaxış gərəkdir. Yeni bir peyğəmbər gərəkdir. Hətta orda yazılmışdı, bu Quzey Azərbaycandan gözlənilir. Ocaqdan öncə o cümləni bir yerdən oxumuşdum. O da çox güclü təkan vermişdi mənə, doğrudan da, eşitdiyimi, inandığımı, axtardığımı tapdım. Bəlli bu gün məsələsi. Mənim Asif Atadan sonra, dönə-dönə vurğulamışam, həm Amallaşmam, həm idrak səviyyəmin artması, Ocağı dərk eləməyim, Soylunun varlığı ilə oluşdu. Bu gün nəyin peşində olduğumu çox gözəl anlayıram. Bütün varlığımla, bütün qanımla, damarlarımla anlayıram, necə gözəl, necə qüdrətli, necə böyük, necə bəşər üçün gərəkli bir yolun peşindəyəm. Gücüm çatan səviyyədə. Bunu həmişə vurğulayıram, mən demirəm nələrsə yaradacam, ancaq gücüm çatanı eləyəcəm. Həm fiziki, həm idraki gücüm çatanı. Əngəl də həmişə var. Şəklini dəyişə-dəyişə. O əngəllər məni bərkidir, güc verir. O əngəllərin özündə böyüyürəm. Bəzən ürəyimin dərinliyində deyirəm, yaxşı ki, bu əngəllər var, məni daha da alovlandırır. Bir balaca sakit məqamımda əngəl məni yeni bir aşamaya çağırır.

Hardasa Ağcabədinin bir kəndində mənim kitabım keçib birinin əlinə. Oxuyub başlayıb axtarmağa. Düzdür, orda telefon da var. Deyiblər filan  kənddə bunun bir qohumu var. Gedib Sahibi tapıblar. Sahib də zəng edib, səninlə görüşmək istəyənlər var. Ziyalı adamlardır. Deyiblər, bu nə yazıdır, bu necə düşüncə tərzidir. Yaxında da oğlu toy eləmişdi, getməmişdim. Ancaq o cür çağırışlara uça-uça gəlirəm.

Özümü xoşbəxt, məmnun sayıram. Əminliklə bu işin nə ilə nəticələnəcəyini, hətta bizim fiziki ömrümüzün sonu təsəvvürümə gəlir, dərk edirəm. İnanıram da. Nə ilə onu hesablayıram? Az gəldiyimiz vaxtda nələr eləməmişik? Bu gedişlə getsək, daha da artacaq.

Bu gün də çox məmnunam sizinlə birlikdə olduğuma.

Atamız Var olsun!

 

Güntay Atalı (Ataya səcdə edib bayrağı öpür – G.A.): Əslinə qalsa mənim yerimə Günev qardaşımız ürəyimdən keçənləri dedi. Onu düzgün vurğuladı ki, Ocaqçıların taleyi bir-birinə bağlıdır. İstər Ocaqda olduqları, istər Ocaqdan qabaqkı. Mənəvi dünyanın axtarışında olan insanlar gəlib Asif Atanın Ocağında birləşirlər. Asif Atanın yükünə çiyin veriblər. Asif Atanın Ocağı mənəviyyat Ocağı olduğu üçündür.

Kim idim, kim oldum? Mən bu qonunu görməmişdən qabaq da duyğulanmışdım, xəyalımda canlandı, Ocağın gördüyü işlər, indən belə görəcəyi işlər. Asif Atanın Ocağı ilk öncə dəyərlərimizi mənə tanıtdı. Onu tanımaq, dərk eləmək mənim yaşamıma, ömrümə bağlıdır. Mən o dəyərlərin yiyəsi olmaq üçün iddiada bulundum. Mən bu dəyərlərin yiyəsi olmalıyam. Nəyə görə? Çünkü bu dəyərlər gördüyümüz, bildiyimiz kimi hər məqamda istər daxildə olanlar, istər xaricdə olanlar, böyük qüvvəıər tərəfindən bu dəyərlərin sıradan çıxarılması işlənilir, planı hazırlanır, həyata keçirilir. Bu yaşadığımız coğrafiyanın çox az bir hissəsində, haqq elədiyimiz ata-babadan qalan torpağımızın çox az bir hissəsində dövlət qurmuşuq. Bunu görən, bilən bunu dərk eləməlidir ki, bu xalqın dövlətinin məhviylə bağlı durmadan qıraqda işlər gedir. Bunu tarix səhnəsindən çıxartmaq üzrədirlər. Neçə yerə parçalanmaq olar? Neçə yerə yadlaşmaq olar? Ailələrin içində belə fərqli-fərqli ideyların daşıyıcıları var. Soylu bəyin dediyi kimi bunu normal bir hal kimi bizə sunurlar.

 

Soylu Atalı: Günev deyir bu ən asan qonudur. Bizim hər birimizin evində Ocağı tanıyana qədər bir kimsə idik, Ocağın içinə girəndən sonra başqa bir kimsə olmuşuq. Yəni bunu, bu fərqi biz hamımız görməliyik özümüz. Onu ifadə eləməyi bacarmalıyıq. Başqalarına göstərməliyik, həm ömrümüzlə, həm sözümüzlə başqalarına göstərməliyik, mən Ocağa qədər bu idim. Belə bir düşüncədə, belə bir cəsarətdə, belə bir xarakterdə. Ocaq mənə ayrı bir yön verdi. Ayrı tələb qoydu qarşıma. Ayrı bir hal yaratdı. O halı doğrudan da, biz deyə bilərik. Qabaq, Ocağa qədər, ən yaxşı halda, sən bir etirazçı idin. Pis şeyləri görürdün, etiraz edirdin. Sən etirazçılıqdan çıxmısan. Artıq üzdə gedən pis şeyləri deyil, içdə gedən pis şeylərə qarşı dirəniş ortamına girmisən. Bu dirəniş ortamında sənin düşüncən dərinləşir, ağlın böyüyür, mənəviyyatın ucalır. Yəni bunları sən özün görüb göstərməyi bacarmalısan. Bu açıdan doğrudan da, Evlad Günündə bu qonu çox uğurlu bur qonudur.

Güntay Atalı: Düz deyirsiniz. Görüb göstərməyi bacarmaq lazımdır. Mübarizənin yönü-yöntəmi də budur.

Soylu Atalı: Hər kəs olduğu ortamlarda qarşılaşdığımız situasiyalar var. Ona etirazlarımız var, dirənişimiz var, sözümüz var. Bunlar hər kəsimizdə var. Bunları ya düşəndən düşənə, yön gələndə eləyirik, ya məqsədyönlü gedib eləyirik də. Daha çox məqsədyönlü eləməyə meyilli olmalıyıq. Məqsədyönlü eləməyə meyilli olmağımızı da şərtləndirən nədir? Bizim mənəviyyatca, idrakca böyüməyimiz, artmağımız. Mənəviyyatca, idrakca böyüməyən adam, içində fərəhi çalxalanmayan adam gedib xalqın içində demir, sənə gözəlliklərdən soraq gətirmişəm. Bir var ortamda söz düşür, təcrübəmdən, biliyimdən çıxış edirəm, nələrsə deyirəm, etiraz edirəm. Bir də var qurucu iş aparıram. Biz o qurucu işə daha çox dartınmalıyıq. Hamının biri deyilik. Hamının biri olmaqdan çıxmışıq. İndi bu qırağa çıxmışlığımızı təsdiqə doğru getməliyik. Yaşamalıyıq. Evlad Gününün qonuları bunlardır.

Güntay Atalı: Demək istədiklərimi, ifadə edə bilmədiklərimi Soylu bəy daha yaxşı dedi.

Həqiqətən yaşasın Ata! Yaşasın Ocaq! Böyük bir mübarizəyə girişdi Ata. İnsanlıq harayı çəkmək dünyanın bu günündə! Dünyanın bu günündə, o günündə fərqi yoxdur, o zamana baxmır.

Soylu Atalı: Həm də baxır. Elə bir hala gəlib çıxmışıq , insanlığı öldürüb, üstündə də heç kim ağlamır. Ona görə Asif Ata öldürülən insanlığın üstündə haray çəkməyə başladı. Sizin öldürdüyünüz, öldürmək istədiyiniz İnsanlığın yiyəsi var. Mən sizə icazə verməyəcəm o ölsün.

Güntay Atalı: Bu yaxınlarda bir yoldaşla söhbət edəndə bu düşüncəyə gəldim. Ancaq düşünürəm türk etnosundan, elə bil irqlərin fərqli baxış açıları var dünyaya, konkret olaraq türklərin dünyaya sunduqları yol, yön başqaları tərəfindən vurulubdur, dışlanıbdır, cahil kütlənin hesabına zamanın bəlli aşamalarında durdurula bilibdir, qarşısı alına bilibdir. Zaman-zaman İnsanlıq üçün daha çox türk coğrafiyasında haray çəkənlərin aqibətləri yaxşı olmayıbdır. Həmişə dışlanıblar böyük imperiyalar tərəfindən, güclülər tərəfindən. Dışlanıblar, təqib olunublar, yandırılıblar, doğranılıblar, soyulublar. Bunları tarix bizə göstərdi. Görürəm bunlar elə türk kimliyindən çıxma, türk kimliyindən dünyaya baxış açısını dünyaya sunanlar olubdur. Bu açıdan cahilliklə mübarizə göründüyü, görünmədiyi qədər çox ağır bir mübarizədir. Cahillə mübarizəni gərək bir az özümçün müəyyənləşdirim.

Ataya qədər, Soylu bəy demişkən, ən yaxşı halda, etirazçıydım. İndi isə insana gərək olan, dərman olan, insana yön verən bir işin, gedişin yolçusuna çevrilmək şansım var. Sizlərlə bərabər Atanın Ocağındayam. Bunu daha idraklı şəkildə görürəm. Bu inamı ömürlə bütövləşdirmək lazımdır.

Atamız Var olsun! Bayrağımızı öpürəm!

Soylu Atalı: Cahilliklə döyüşün bir adı var: içində cahillikdən tam qurtarmaq. O doğrananlar, asılanlar, soyulanlar içlərindəki cahilliyi öldürdülər deyə çöllərində də onları öldürdülər. İçindəki cahilliyi öldürən dışındakı cahilliyə yenilməz. Qarşısından çəkilməz. Ona görə də böyüklərin yolunu biz tuturuq, onların yolunu doğrulduruq. Asif Atanın onların davamı deyilişi bir açıdan doğrudur. Bəşəriyyətin düşdüyü bəlaları görmək, insanlığı bu bəlalardan qurtarmaq istəyi. Bu istəklərdə Asif Ata onların davamıdır. Ancaq Asif Ata ideya olaraq, onların davamı deyil. Onların yenilənməsi, daha yüksək bir aşamaya keçməsidir. İstəklərdə, niyyətlərdə davamıdır.

 

Nurtəkin Atalı (Ataya səcdə edib bayrağı öpür – G.A.): Mən bu mərasimdə Ocağa gəlmişəm. 23 ildir mən Ocaqdayam. Atanı gördüm. Ancaq Atanı mən Ata olmayandan sonra dərk elədim. Soylu Atalının sayəsində. Dərk eləmək o zaman olur, Amalla yaşayırsan. Amalla bir olursan.

Kim idim, kim olmuşam? Buna cavab vermək çox çətindir. Çətin sorudur. Harda olursan ol, dünya səndə olur. Bir də var sən dünyanın axışındasan, gedişindəsən. O axışda, o gedişdə olanlardan biri idim. Axında ola-ola axında olduğumu bilmirdim. Bilə bilməzdim də. Ocaqdan da öncə həmişə bu sorular düşündürürdü məni. Niyə mən mənəm? Niyə o birisi deyiləm? Niyə görürəm, danışıram? Şüuraltı gəlirdi bu sorular. Ancaq məni Ataya doğru aparırdı hər şey. Cismani atamın ölümü, həyatdakıların vəfasızlığı, institut ortamındakı arzularımda kimi olmayan elm anlamı, elmdən ala bilməyəcəyim fərəh. Bunların hamısı məni Ataya doğru aparırdı. Ocağa yeni gələndə də demişdim. Ata mənim arzularımdan da gerçək, arzularımdan da böyük idi. Amallaşdıqca Amalın ömürdə nə dərəcədə gərəkliyini gördüm. İnsan ömrünün yüksək məqsədi gərəkdir. O zaman ömür də yüksək olur, ölümsüz olur. O zaman ömür də gərəkli olur. Zamanı amala xərclədikcə dəyərləndiyini gördüm. Həyat bizi elə xərcləyir. Toz edənə qədər də doymur. Zamanı Amala həsr etdikcə ömrünü zamanın əlindən alıb amala verirsən. Verirsən ki ömür də dəyərlənsin, Amal da yaşasın. Axında olanda heç kim fərqlənmir. Fərqliliyin nə demək olduğunu anladım Ocaqda. Öncə qorxurdum yörəmdəkilərdən, yaxınlarımdan. Sonra qorxmadım, qorxunu ötəndə anladım qorxusuzluğun fərəhini. Amalın mənə veridyi gücü, fərqlənməyin qürurunu indi yaşayıram. Doğmalığın anlamını anladım. Atanın dediyi kimi ruhsal doğmalarımı tapdım. Yüzillərin o tayında qalsa, da onları duydum. Yüzillərdən sonra doğmaların məni duyacaqlarına inamım yaransın. Sevindim. Savaş yalnız vətən uğrunda olmur. Özüylədöyüşün bütün döyüşlərdən ağır, çətin, qutsal olduğunu yaşadım. Qüsurlarımı ötdükcə özümə inamım yarandı. Qüsurlarımı ötdükcə özümü sevdim. Özümü yaratdıqca Ataya sevgimin qutsallığını anladım. Ataya heyrətimi yaşadım. Ataya heyrətim var idi, ancaq idrakım artdıqca heyrətim də, sevgim də dərinləşdi, əsilləşdi. Ocaq dünyasının nə demək olduğunu anladım. Ocaqçıların bir birinə doğmalağı, həyanlığı kədərə, dərdə şərik olmaları ayrıca bir olaydır. Çox böyük güc verir. Bir insan varlığının özü qədər bir fərəh güc verən ortamdır Ocaq. Çünkü hər kəs nə üçün yaşadığını, nə üçün savaşdığını anlayır, bilir. Bir insan ömrünün millətlə, bəşərlə tamlığını anladm Ocaqda. İnsan ömrünü yaratdıqca millətində bütünləşir. Millətinə gərək olur. Millətini yaşadır. Belə bir tamlığı yaşamaq da hər kəsə nəsib olmur. Ata bizə bu yolu yaratdı. Millətin bu günündə dərdləri ilə yaşamaq, sabahı haqqında düşünmək olanağı verdi Ata. Sabah Ocaqda yaranır. Bu sorumluluğu yaşamaq fərəhi verdi Ata. Atamız Var olsun!

Soylu Atalı: Atanın dönəmində ayrı-ayrı Evladlar özünün müsbət keyfiyyətlərindən də bəhs edərdilər. Ancaq o vaxt o deyilənlər məni indiki qədər inandırmırdı. Niyə inandırmırdı? Orada filan şeyi demək xatirinə də demək var idi. Ata bizə deyirdi, siz təkcə özünüzü tənqid etməyin. Həm də özünüzün artımlarınızdan danışın. O artımlardan da danışılanda Atanın dediyinə görə danışılırdı. O da utana-utana cəsarətsiz danışılırdı. Çünkü o artımlar sırf fiziki çalışmaların görsənişləri idi. İdraki, mənəvi gəlişmənin təsdiqi deyildi. İdraki, mənəvi gəlişmələr də yox deyildi. Ola bilməz Ocaqda olasan, dinləyəsən, Ocaqla bərabər yol gedəsən, o deyilənlərin bir hissəsi olmayasan. Vardı. Ancaq dediyim kimi, özünü o qədər də doğrultmurdu. Buna da doğal baxmaq olar.

Ulusəs Atalı (Ataya səcdə edib bayrağı öpür): Bizim ailə savadlı ailə sayılıb. Məclisdə filanda hamı bizə, diplomlu yox ha, savadlı ailə kimi baxırdı. Yəni öz üzərində işləyən filan. İndi mən baxıram, gör nə qədər avam imişəm. Tək mən özüm üçün demirəm bunu. Mən bütün cəmiyyət üçün deyirəm. Cəmiyyətdə savadlı sayılan insanlar Mənayla yaşamırlarsa onların savadlarının anlamı azalır. Yəni insan özünü tanımır. Avamlıq nədir? – İnsanın özünü tanımamağı. Bu gün cəmiyyətdə çoxluq özünü tanımır. Öz kimliyini tanımır. Dinə baş qoşur, tamam qıraq bir məsələylə məşğul olur, düşüncəsi, yönü tamam başqadır.

Kim idim, kim olmuşam? Sadəcə mən özümü tanımışam. Bu az deyil. Böyük bir şeydir. Özünü tanıyandan sonra yaşamaq boşuna olmur, mənaya üz tutursan deyə tanıyırsan. Ocaq insana çox şey verir, eyni zamanda bir şey verir: mənanı anlamaq. Məna da hər şeydir insan üçün.

Atamız Var olsun!

 Göylü Atalı (Ataya səcdə edib bayrağı öpür – G.A.): Mən bu gün danışmaq istəmirdim.

Əslində niyə danışmaq istəmirəm? Düzdür, Ailə Günü üçün xüsusi hazırlaşıram. Duyğularımı, etiraflarımı özümə, sizə deyəcəklərimi düşünürəm. Mərasim mövzusu olmadığına görə  demək istəmirdim. Qısaca olaraq, bəzi məqamları demək istəyirəm. Kim idim, kim olmuşam? Hər kəs həyatdan Amala dönüşünü qeyd edir. Həyatda kim idim, Amalda kim oldum? Mən hər zaman özümə qarşı tələbkar olmuşam. Amalda kim idim? Yeniyetməlikdən təzəcə çıxmışdım, ilk gənclik illərimdə yaşadıqlarım (Ocağı tapdığım o çağa düşür) sevgi dolu, vətən eşqiylə dolu, olduqca nikbin, olduqca mübariz bir insan, bu gün etiraf eləmək nə qədər ağır olsa da, həyatın yorduğu, ruhən tükənmiş halda. Bununla yetərlənməmək gərəkdir. Bunda ilişib daha da çöküşə meyil etməmək. Əksinə, qalxmaq, yenidən doğulmaq istəyi. Arınmaq, durulmaq istəyi. Olanlar, olacaqları göz önünə gətirirəm. Bircə şey ağlıma, iradəmə yönəlik özümə dediyimdir, fitrətimə güvənirəm. Fitrətim, Ocaqda yaşadığım ömür içimə nikbinlik gətirir. Söykəndiyim budur ki, Göylü yenidən doğulacaq. Ata qarşısında belə bir söz deyirəm.

Atamız Var olsun!

 

Soylu Atalı: Həyata təslim olmaq, özəllikcə Yol adamı üçün ölmək demək olar. Həyatın tələblərinə doğru getmək olmaz. Həyatın tələbləriylə uğraşmaq olmaz. Bundan da çıxmaq üçün yetəri qədər ruhsal təcrübə var. Səbəb var. Səbəbi görə bilmək var. İllər var. İllərlə bunu görə bilmək var. Səbəb də var, ruhani təcrübə də var. Qalır cəsarət, qalır ruhani təpər. Əlbəttə, çıxmaq gərəkdir. Adam bir yerdə, bir nədəsə yanıla bilər, sonra təkrar o yanlışın dalınca getməməlidir. O yanlışın dalınca bir dəfə, iki dəfə gedərsən, daha da səni uçuruma çəkər. Ona görə dayanaraq dirənmək gərəkdir. Mən Soylu Atalı olaraq, gözünüzün qabağında bir təcrübəyəm. Bunu mən sizə ürəklə cəsarətlə deyirəm, təvazökarlıq eləmirəm. Çünkü ortada bir səbəb var. Mən Asif Atanın Ocağını yaşadıram. Necə? Toz uda-uda yaşadıram. Böyük əməklə uğraşıram. Canım yorulur, belim ağrıyır, ancaq üzüm ağdır. Çünkü Asif Atanı yaşadıram. Asif Atanın dalınca gəlirsənsə, onu yaşatmaq gərəkdir. Onu yaşatdığında üzün ağdır, onu yaşatdığında uca olursan. Onu yaşatdığında dəyərə çevrilirsən. Ona görə Atanı yaşatmaq gərəkdir. Atanı yaşatmaq da bilirsiniz nə deməkdir. Bunu mən indiki Ocaq ortamımıza bir xəbərdarlıq kimi deyirəm. Bunu qınaq olaraq qəbul etməyin. Ocaqçılarımızın elə çağları olub, imkanlarından qat-qat yüksəyə qalxıblar. Tarixdə görünməyib belə şey. Mən buna xəbərdarlıq niyə deyirəm. Dünya getdikcə əyilib gedir. Ocağa tələbat getdikcə artır. Onun arxasında durmaq gərəkdir. Onun arxasında durun! Kim duracaq? Onun arxasında duran ömürlər qurur.

Burda belə bir qonu var ki, Evlad Günü mərasimi Evladın özünü ifadə eləməsi üçün bir oxuldur. Bu oxul özünü doğruldub. Bu oxulun öyrətməniyik, eyni zamanda öyrəncisiyik. Ancaq bu oxulun bizdən başqa öyrətməni yoxdur. Öyrənciləri çoxdur, ancaq öyrətməni yoxdur. Ona görə də bu oxulun öyrətməni olmaq ləyaqətini həmişə qorumaq gərəkdir.

Beləliklə də, biz bu gün Evlad Günü törənimizdə Evlad özünügörməsi, özünütanıması, özünüifadə eləməsi qonusuna baş vurduq. Yenidən Ocaqla idrakca iç-içə olduq, mənəviyyatca iç-içə olduq. Yenidən köklənirik. Yenidən Ocağı yaşatmaq, davam eləmək haqqında düşünürük. Belə bir çətin gedişdə bunu hər gün düşünmək, hər gün də çaba gösətrmək gərəkdir. Biz əməl adamlarıyıq. Ocaqçılar özlərini kökdə saxlamaları üçün hər gün Ataya səhər, günorta, axşam ricasını deməlidirlər. Özünü kökdə saxlamaq üçün, əmələ, düşüncəyə köklənmək üçün ricalar olduqca böyük məktəbdir.

Bununla da Evlad Günü törənimiz başa çatır. Ata qarşısında həmişə üzü ağ olmağa çalışaq. Olmağa çalışarıqsa, onda Asif Atanın ideyasını bəşər düzeyinə qaldıra bilərik.

Ocaq Yükümlüsü Atanın adından Evlad Nişanələrini sundu.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız var olsun!” Səcdəsiylə Gün başa çatır.

 

Qürub Ayı, 41-ci il. Sumqayıt.

(avqust, 2019).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir