Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 44-cü ili
Qutsal “Evlad Günü” Törəni
Ocaq Günsırası ilə 7 Od Ayı, 44-cü ildə (iyul, 2022) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Evlad Günü” Törəni keçirdi. Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağı 44-cü ilin “Evlad Günü” Mərasimini keçirir. Ocaqda ölənlərimizin adını anırıq, onları öz yanımızda sayırıq – Sabahlı, Bağban, Amaltay bizimlədir.
Evlad Günü Mərasimi Ocaq Günsırasının 6-cı ilindən sonra yaranıb. Hər halda, Ocaq nə vaxtdan varsa, onun Mərasiminin ömrü də həmin andan hesablanır, dəyərləndirilir. Biz də düşünürük, 44 ildir Ocaq var, Ocağın Evladı var. Ocağın ilk gündən Evladı var, Evlad Günü Mərasimi gec başlasa da. Evladlıq olayı artıq 44 yaşını qeyd edir.
Ocaq çox olaylar yaşadı. Azərbaycan toplumunun içərisindən çox insanlar gəldi Ocağa, çox insanlar da getdi. Ocaq gəlimli-gedimli dünyadır. Belə olub, bu gündən sonra da belə olacaq. Ocağa gələnlər də olacaq, gedənlər də. Ocağa gələnlər sevinclə, fərəhlə gələcək. Gedəndə hansı əhvalla gedir, özü bilər, ancaq ağlında, düşüncəsində Ocaq biliyi aparır. Ocağa gəlmək elə-belə həyat qayğılarının biri deyil. Bəşər övladının mövcudolma şərtlərindən bəlkə də birincisidir. Çünkü quru, cansız mövcudolmanı insan heç vaxt əqidə saymayıb. Ya şüurlu, ya da şüuraltı onu həqiqət saymayıb. Mövcudolma həqiqət deyil. Çünkü mövcudolmanın arxasında ölməzlik durmasa, mövcudolmanın önəmi də qalmır. Çünkü insan düşünə bilər, nəyə gərəkdir, dünyaya gəldim, qısa arada mövcud oldum, sonra da yox oldum. Ona görə də deyirəm, bizim istəyimiz, Evladlaşma gedişimiz əslində mövcudolmanın arxasında olan ölümsüzlük həqiqətinə yetmək üçündür. Tarixdə bir sıra olaylar, “izm”lər olub. Bu genelbəşər axtarışının bir yönüdür, bir çalarıdır. Bu “izm”lər içərisində bəzi məsələlər birbaşa insan varlığına bağlı olduğuna görə, bütün dövrlərdə, bütün çağlarda bəşər övladını düşündürüb. Ondan yan keçməyib. Deizm, teizm, panteizm dünyabaxışları var. Bunlar bəşər övladının qarşısına çıxan suallara cavab vermək üçün axtarışların sonucudur.
Deizm indi də var. Bir çox adamlar özlərini bu dünyabaxışın daşıyıcısı sayırlar. Deizm vasitəsiz olaraq Allahı qəbul etməkdir. Deistlər üçün din yoxdur, vasitəyə gərək yoxdur, Allah var. Yəni dünyanı yaradan var. Deistlər belə düşünür.
Teizm vasitəli olaraq Allahla ünsiyyət məsələsidir. Vasitə də dini dünyagörüşlər olub.
Panteizm – Doğanın İlahi yaradıcı olması da axtarışlardan biridir.
Bir də bizim Mütləqə İnam dünyagörüşümüz var. Mən düşünürəm, Allahla, Allah anlamı ilə, Asif Atanın anlayışı ilə desək, Mütləq olanla bağlılıq, onunla ünsiyyət vasitəlimi olmalıdır, vasitəsizmi?! Mütləqlə ünsiyyətə vasitə gərək deyil, ancaq Mütləqi tanımağa, anlamağa vasitə, məktəb gərəkdir. Mürid-mürşüd məsələsi var, bu çox qədimdən bizə qədər uzanan qutsal olaydır. Hər kəs bağımsız şəkildə həqiqətə yetə bilmir, həqiqətlə ünsiyyətdə ola bilmir, həqiqəti anlaya bilmir. Ona öyrətmən gərək olur. Ona yol göstərən gərək olur. O yol göstərən də mürşüddür. Daha böyük mənada peyğəmbərdir. Peyğəmbər gərəkdir. Pəyğəmbərə gərəksiz olay kimi baxmaq olmaz. O başqa məsələdir, biz deyirik peyğəmbər Allahla oyun oynamamalıdır, ruhaniyyatdan əyləncə düzəltməməlidir. Biz bunu vurğulayırıq, haqlı olaraq qınayırıq. Ancaq mənaca, mahiyyətcə peyğəmbərlik böyük məsələdir. Peyğəmbərlik özəl bir haldır, özəl bir məqamdır. Doğrudan da o, öz içində Allahla ünsiyyətə girə bilir, yetə bilir. Allah deyəndə yəni Məna ilə, Mütləq ilə. Mən Allah sözünü işlədirəm, bizim yazılarımızı internetdən izləyənlər başa düşsün deyə. Əslində biz, Allah sözünü qəbul eləmirik, Allah anlamını qəbul edirik. Allah anlamı da Mütləq olan deməkdir. Bu açıdan bizim həmin anlamla – Mütləq olanla ünsiyyətimiz, təmasımız gərəkdir.
Dindarlar bu ünsiyyətdən məhrumdurlar. Onlar Allahla ünsiyyətdə deyillər. Dinə üz tutan insan Allahı, Allah anlamını öz içində tapa bilməlidir, onunla ünsiyyət qura bilməlidir. Ora qədər gərəkdir din. Ondan sonra din qarışmamalıdır, qarışanda insana əngəl olur. Ora qədər gərəkdir ki, insanı Mütləqlə görüşdürə bilsin, Mütləq olanı ona anlada, öyrədə bilsin. Mütləq olan da bizim baxışımıza, dünyagörüşümüzə görə bəllidir. Mütləq olan insanın özündədir. İnsanda İnsanlıq adlı Mənadır. İnsanda İnsanlıq Mənası – Dünyalığın insandakı varlığıdır, insandakı məzmunudur, anlamıdır. Əslində İnsanlıq Dünyalıq deməkdir. İkinci, üçüncü Məna deyil. Asif Ata Dünyalıq, Həyatlıq, İnsanlıq anlayışları işlədir. O demək deyil, üç Məna var. Məna Birdir, Dünyalıqdır. Həyatlıq həyatda Dünyalığın varlığıdır, Dünyalığın Həyatlıq adıyla varlığıdır. Dünyalıq insanda İnsanlıq adı ilə var. İnsanlıq anlamı, məzmunu ilə var. İnsanlıq böyük anlamda elə Dünyalıqdır. Dinlərdə yalan var, oyun var, ona görə qəbul etmirik. Ancaq İnamı qəbul edirik. Bunun üçün Asif Ata Ocaq adlı bir qurum da yaradıb ki, İnam yaşasın, var olsun, yaşadılsın. Bu cür baxış qurumda yaşaya, yaşadıla bilər. Hər bir fərdin ixtiyarına buraxsaq, fərd bir dəfə, iki dəfə edəcək. Üçüncü dəfə görəcəksən yadına da düşmür. Ona görə hər bir fərdin ömründə, şüurunda, varlığında inamın olması üçün belə bir quruma gərək var. İnsanı ayaqda tutsun, insanı daim kökdə saxlasın, düşüncədə saxlasın, öz içiylə ünsiyyətdə saxlasın. Ocaq adlı qurum ona görə gərəkdir. Bir an təsəvvür edin, Ocaq ayda bir dəfə keçirdiyi mərasimi keçirmir. Hər fərdin öz ixtiyarına buraxıb. Heç kəs Ocaq adlı həqiqəti yaşatmayacaq. Hər kəs gedib öz məişəti ilə uğraşacaq. Tək-tək milyonda bir insan olar ki, ömründə, içində bu həqiqəti nizamlı şəkildə yaşatsın. Ona görə də, Ocaq adlı qurum gərəkdir. Bütövlükdə götürəndə yalanla uğraşmasaydı, oyunu həqiqətin içinə qatmasaydı, dinlər gərək idi. Dinlər bəşəriyyətin var oluşunun nizamıdır. Daha doğrusu, nizamı olmalı idi. Ancaq olmadı. Ona görə İnam yarandı, Ocaq yarandı. Həm Ocaq olsun, həm din olsun demirik. Ocaq varsa artıq dinə gərək yoxdur. Ocağa qədər hardasa dinə gərək vardı. Ancaq Ocaq yaranandan sonra yoxdur. Ocaq oyunsuz İnamdır. Daha doğrusu, Oyunsuz İnamın ünvanıdır Ocaq. Bu açıdan bütün bəşəriyyət üçün gərəkli bir ünvandır. Bəşəriyyətə bunu nə vaxt verəcəyimizdən, nə vaxt qəbul elətdirəcəyimizdən asılı olmayaraq, Ocaq genelbəşər olaydır, bəşərin varlığı üçün önəmli bir məsələdir.
Ocaqda ayrı-ayrı olaylar var. O olaylardan biri, həm də başlıcası Evlad olayıdır. Asif Ata niyə Azərbaycan övladını , ya da fərqi yoxdur, hər hansı bir bəşər övladını Ocağına çağırır?! Baxın, dünya insanın gözündən düşüb, düşməkdədir. Həyat insanın gözündən düşüb, düşməkdədir. Bəşər övladı da insanın gözündən düşüb, düşməkdədir. Asif Ata dünyanı, həyatı, insanı insanın gözündə yenidən qaldırmaq istəyir. İnsanın gözünü qurtarmaq istəyir, dünyanın varlığını qurtarmaq (xilas eləmək) istəyir. Ona görə bəşər övladını çağırıb ona belə bir yükü tapşırır. Dünyanı öyrən, həyatı bil, dərk elə, özünü tanı, dərk elə. Dərk elə ki, heyvandan ayrılasan. Dərk elə ki, fəlakətdən çıxasan. Dərk elə ki, faciəvi gedişlərə son qoyasan. Ona görə çağırır. Asif Atanın Ocağına gələn özünün heyvandan üstün olmasını dərk eləməlidir. Deyə bilərsiz, başqa insanlar heyvandan üstün olmasını dərk eləmirmi?! Genelbəşər səviyyəsində özünün heyvandan ayrı olduğunu bilənlər var, ancaq dərk eləyənlər yoxdur. Bilik, bilmək azdır, dərk eləyənlər yoxdur. Dərk eləyənlər olsaydı, heç Ocaq yaranmayacaqdı. Heyvandan üstün olduğunu, fərqli olduğunu dərk eləmək gərəkdir. Dərk eləmək o deməkdir ki, ömründə əməlində yaşamında heyvanilik olmasın. Göstərin bir bəşər övladı onun davranışında, ömründə, dünyaya, həyata, insana, dövlətə, varlığa, başqa dövlətə, başqa millətə münasibətində heyvanilik olmasın. Eləsini göstərə bilməzsiniz. Mən bunu iddia eləmirəm, bu bir həqiqətdir. Anladığım üçün deyirəm. Bu təhqir deyil. Buna görə Asif Ata İnsanlığın yolunu bəlirləmək üçün bizi çağırıb Ocağına. Elə-belə ideyada, nəzəriyyədə, kitabda bəlirləmək yox, həyatın gedişində, ömrümüzdə bəlirləmək üçün çağırıb. Bizi çağırıb ki, ömrümüzdə İnsanlığın anlamını bəlirləyə bilsin. Bizə tapşırsın ki, sənə verdiyim həqiqəti ölçü götür, ona dayan, ömründə nə qədər heyvani çalarlar varsa, hamısını birər-birər təmizlə. Ayır, arala ömründən. Bununla insanlıq bəlirti tapacaq. İnsanlıq ayrı-ayrı fərdlərin ömründə bəlirti (müəyyənlik) tapmasa, genelbəşər səviyyəsində ölçüyə çevrilməyəcək. Bu həqiqəti öyrətmək üçün, vermək üçün bizi Ocağına çağırıb, bizə Evladım deyib. Deyib ki, mənim Evladım sayılmaq yox, mənim Evladım siyahısına yazılmaq yox, mənim Evladım olmaq – heyvandan ayrılmaq deməkdir. Mənim Evladım olmaq insanlığın ləyaqətini dərk eləmək deməkdir. Mənim Evladım olmaq, dünyanı dərk eləmək, dünyanı qurtarmaq deməkdir. Ona görə çağırıb, gəlin, görün özünüzdə güc tapa bilirsinizmi, heyvandan ayrıla bilirsinizmi, müqəddəsliyə qovuşa bilirsinizmi, ləyaqət üstə yaşaya bilirsinizmi? Gəlin, bunu mənim Ocağımda, İnsanlığın, Mütləqin (Allahın) qarşısında sübut edin.
Dindar ömrünün qapısını Allahın üzünə bağlayır, Allahı içinə buraxmır, Allahı məsafədə saxlayır, onunla ünsiyyətə, təmasa gəlmir. Ünsiyyətə gəlməsən, Mütləqin (yəni Allahın) gözəlliklərindən məhrum olacaqsan. Mütləqin gözəllikləri – Ədalət, vicdan, namus, şərəf, insansevərlik, həqiqətsevərlik kimi keyfiyyətlərdir. Allahla ünsiyyət bu keyfiyyətləri tanımaqdır, bu keyfiyyətləri ömrə gətirməkdir. İçinin qapısını onun üzünə açmaqdır. Ona görə bu həqiqəti öyrədirik. Cahil insan heç vaxt deməyəcək, bunlar nə ağıllı adamlardır. Deyəcək bunlar kafirdir. Bu gün din öz ağuşuna aldığı insanlara nə öyrədir?! Allahla ünsiyyətə gedən, Allahı içində tapan, kamilləşən insanı kafir saydırır. Din ağuşuna aldıqlarına öyrədir ki, Kamil insana kafir de, cahil insana mömin de. Bu da, atalarımızın dediyi kimi, atın qabağına ət qoyurlar, itin qabağına ot. Hər kəs bilir ki, atın qabağında ət var, itin qabağında ot. Hər kəs bilir, dərk eləmir. Ona görə heç kəs addım atıb atın qabağından əti, itin qabağından otu götürüb dəyişmir. Asif Atanın Ocağı hər şeyi öz yerinə qoymaq üçündür. Hər şeyi öz yerinə qoymağı bacaranlar yetişdirmək üçündür. Həyatda, ictimaiyyətdə, ailədə, dünyanın hər yerində doğrunu tanı, doğrunun yeri haradırsa, onu ora qoy. Bu da Asif Atanın Ocağında Evlad olayının əsas görəvidir. Evlad idraka, mənəviyyata yetməlidir. İdrakı, mənəviyyatı olmayanın Mütləqlə ünsiyyəti baş tutmaz. Mütləqi idrakda, mənəviyyatda görürsən, tapırsan. İdrak, mənəviyyat yoxdursa, deməli, sənin varlığında, sənin qarşında, sənin ünsiyyətində Mütləq də yoxdur. Mütləqlə görüşmək istəyirsənsə İdraklan, Mənəviyyatlan, İnamlan, İradələn. Asif Ata onu deyir. Mütləqlə görüşmək, ona yetmək istəyirsənsə, bunun yolları İnam, İdrak, Mənəviyyat, İradə ilə bağlıdır. Bunları kamilləşdirmək gərəkdir. Kamilləşdirməsən Mütləq haqqında bilik əldə edəcəksən, ancaq Mütləqlə görüşməyəcəksən.
Biz bilirik ki, doğanın hansısa bir dağının altında qiymətli filiz var, qızıl var. Ancaq o bizim əlimizdə deyil. Əlimizdə olması üçün gedib qazıb üzə çıxarmalıyıq. Mütləq haqqında biliklə Mütləqlə görüşməyin fərqi də belədir. Biri var, biləsən içində Mütləq gəzdirirsən, ancaq Mütləqlə heç vaxt ünsiyyətə girə bilmirsən. Mütləqlə ünsiyyəti yaradan ruhdur. Ruh vasitəsilə sən Mütləqlə ünsiyyətdə ola bilərsən. Sən də ruhunla məşğul olmursan, canınla, cisminlə məşğul olursan. Cisimlə, canla məşğul olan Mütləqlə görüşə bilməz. Ruhunu kamilləşdirən ömrünü vasitəyə qurban vermir. Cismanilik adlı vasitəyə, məişət adlı vasitəyə qurban vermir. Vasitəni vasitə yerində əldə edir. Ruhani kamilliklə uğraşır ki, Mütləqlə (Allahla) görüşsün. Allahla görüşməyən insan mömin ola bilməz. Yüz il ibadət et, yüz il namaz qıl, nə edirsən et, o Allahla görüş deyil. Allahı özünə xatırlatmaqdır. Allahı özünə xatırladarsan, onun var olduğunu bilərsən, ancaq onunla görüşə bilməzsən. Onunla görüşmək üçün kamil ruh gərəkdir, kamillik gərəkdir.
Evlad olayı bunca qutsal olaydır. Evlad olmağı bacarmaq gərəkdir. Asif Ataya Evlad olmaq – həyatda xoşbəxtliyi tapmaq deməkdir. Xoşbəxtliyi o dünyada axtarmırıq, Asif Ataya sağlam Evlad olmaqda axtarırıq. Çünkü Asif Ataya sağlam Evlad olmaq Mütləqlə görüş deməkdir. Buna görə də biz, Evlad olmaq qərarı vermişik. Ömrümüzü də bu yöndə, bu yolda qurmaqla uğraşırıq. Mən Atanın adıyla sözümü bitirirəm. Sözü sizə verirəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): 44-cü ilin Evlad Günü mərasimində bacı- qardaşlarımı səmimi qəlbdən təbrik edirəm, hamınıza can sağlığı, bu yolda uğurlar arzulayıram. Hamınızı çox sevirəm. Soylu qardaşım mənə ağsaqqal qardaşımız deyir. Ancaq mən sizin hamınızı özümə ağsaqqal bilirəm. Hər birinizdən gör-götürüm var. Baxmayaraq, yaşınız məndən çox azdır. Mən bir Evlad kimi Ocağa həvəslə gəlsəm də, özümü Evlad kimi təsdiq eləyə bilmədim. Ocaq Evladına küsüşmə yaraşmaz. Ancaq məndə küskünlük yarandı. Böyük bir ara verdim. Sağ olun ki, mənim həyatıma işıq saçdınız. Mən sanki təzədən doğuldum. Siz bacı-qardaşlarımı tanıdım, sizdəki səmimiyyəti, doğmalığı, ucalığı gördüm. Sanki yenidən böyük fərəhlə öz yoluma qayıtdım. Bir daha hamınızı qutlayıram. Ocağımızı dünyanın gözü hesab edirəm. Ola bilər, qıraq-bucaqda kimlərsə insanlıq açısından öz ləyaqətini qoruya bilər. Ancaq mənə bəlli olan Ocağımızdakı bacı-qardaşlarımdır. Onlar Amal səviyyəsində, Yol səviyyəsində, Dünyabaxış səviyyəsində insanlığın peşindədirlər. Sizin hər birinizlə fəxr edirəm.
İnsanın doğuluşu insandan asılı olmur. İnsan hansı ailədə dünyaya gələr, o ailənin məramı nə olar, maddiyyat üzərində qurulmuş ailə olar, ya da hardasa insanlıq üzərində qurulmuş ailə olar, bu doğulan insandan asılı deyil. Ancaq ailə fədakarlıq deməkdir, ailə özündənkeçmə deməkdir, hardasa başqasını özündə görmək, özünü başqasına həsr eləmək deməkdir. Ailə doğmalıq, səmimiyyət deməkdir. Ailə bu keyfiyyətlər üzərində qurulan bir qurumdur. Uşaq ailədə doğulur, bu keyfiyyətləri öncə ailə üzvlərində görür. Ata-anadan, bacı-qardaşdan gördükləri onun canına, qanına hopur. Ata-ana övladı nə üçün istəyir?! Övlad dünyaya gələcək, ata-ana qocalanda, əl-ayağı yer tutmayanda övladı onun köməyi olacaq. O keyfiyyətlər övlada necə ötürülübsə, eləcə də valideynlərə qayıdacaq. Bir növ indiki həyatda ailələrin hamısının düşüncə tərzi bu qaydadadır.
İnsan İnsanlıq adlı Mənadan doğulub. Yenə də insanın doğuluşu insandan asılı olmayıb. O, dünyaya gəlməli idi. Məna insan adlı bir varlığı dünyaya gətirməli idi. Obrazlı desək, doğduğu insandan nə umur – özündə cəmlənən keyfiyyətlərə uyğun yaşam tərzi.
Ən qatı dindarlarla görüşlərim olur. Bizim cənub zonası din üzərində qurulmuş zonadır. Qardaşımızın dediyi kimi, onlar Allahı dərk eləmirlər. Çünkü Allahlığı içlərində yaşatmırlar. Dindarlar belə bir durumdadır. Əksinə, bizi Allahsız adandırırlar. Hansı ki, biz Onu (Allahı) amal səviyyəsində, yol səviyyəsində dərk edirik, ona üz tutmuşuq. Ona yetmək üçün can atırıq. Yolumuz, ən böyük arzumuz, məqsədimiz budur. Taleyimizi bu yöndə kökləmək istəyirik. Ancaq ən qatı dindar belə gündəlik məişətini düşünür. Tək-tək insanlar içindəki insanlığın tələbi ilə düzgündürlər. Din insanların böyük əksəriyyətinin əlində dolanışıq üçün, məişət üçün araçdır. Ən qatı dindar da dəbdəbəli saray tikir. Mən düşünürəm, İnsanlıq adlı Mənadan insan doğulub. İnsan bu həyatda necə yaşamalıdır ki, deyə bilə ki, mən yaşadım. Çoxları özlərini maddiyyata həsr edirlər, əlində olan bütün imkanları çapıb-talamağa yönəldirlər. Əslində o cür qurulan ailələrin aqibəti acınacaqlı olur. Bunu həyatda da görürük, ədəbiyyatda da oxuyuruq, özüm də çox olayların şahidi olmuşam. Ancaq ibrət olmur ki olmur. İnsanlıq üzərində köklənməyən bir ailənin gələcəyi olmur, xoşbəxtliyi olmur. Asif Ata Ocaqlaşma, Ailələşmə yolu qoyub. Bu ən düzgün yoldur. Eyni zamanda, bizim Ailələşməyimiz bir dünyabaxış əsasında araya gəlir. Yolumuz var, bu yol əsasında bir araya gəlmişik. İnsanlıq adlı Məna bizi doğub, ona layiq ola bilsək yaşamış olarıq, layiq ola bilməsək yox.
İndi qonu ilə bağlı, yəni adı göstərilən Evladla bağlı bir-iki söz deyim: Mən Ocaq bacı-qardaşlarımı özüm üçün tapıntı sayıram, hamınız uğursunuz, yolsunuz, doğmasınız. Göytəkin bizim ən gənc bacımızdır. Onun yolu daha işıqlıdır. Soylu qardaşımın heç bir tərifə ehtiyacı yoxdur. Ancaq mən Soylunu Atanı yüksək səviyyədə təmsil eləyən bir qardaş kimi görürəm. Tamamlanmış bir Ocaq Evladıdır. Göytəkin gənc Ocaqçı olsa da, qarşısında Soylu kimi qardaşı var. Gör-götür eləməyini gördükcə çox sevinirik. Mən Göytəkində uğurlu bir gələcək görürəm. Çox qısa zamanda belə inkişaf eləmiş bir Evlad az-az olur. “Qaranlıqdan İşığa” kitabını mən dəfələrlə oxumuşam. O kitab mənim əlimdə bir əsasdır. Göytəkin Soylu Atalının düşüncələrini öz uğurlu sualları ilə kitaba çevirib. Çox şey öyrəndim bu kitabdan.
Gəncdir, Yolu da gözəldir. Gözəl də ailələri var. Bir-birlərinə gözəl yoldaşdırlar. Hər ikisinin bir-birindən gözəl üstünlükləri var. Biz də qardaş kimi onların yoluna işıq tutmağa özümüzü hazır bilirik.
Atamız Var olsun!
Ulusəs Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Hamınızın Evlad Gününü qutlayıram. O gün olsun, Evladların sayı artsın. Evladlıq olayı böyük məsələdir. Heç bir İnamda belə bir olay yoxdur. Ata-Evlad məsələsi Mütləqə İnam Ocağının uğurlu nizamıdır. Mən Evladlıq haqqında geniş yazı yazmışam, öz düşüncələrimi orda da demişəm. Arzu edirəm, Göytəkin kimi Evladlar Ocaqda həmişə olsun.
Atamız Var olsun!
Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Ortalama bir aydan sonra, Qürub Ayının 6-sında Ocağa gəlişimin iki ili tamam olur. Ona görə Ocaqda yaşanan iki ilin hesabatı kimidir deyəcəklərim. Bəlkə də Ocaq mənim çox suallarımı cavabladığı üçündür, ya da illərlə davam edən boşluğu doldurduğu üçündür, mənə elə gəlir, illərdir Ocaqdayam.
Ömür irəliləyir, insan yaşa dolur, arxada heç vaxt dönə bilməyəcəyi yollar buraxır. Yaşadığı ömrü təkrar yaşamaq şansı olmur. Yalnız dönüb baxmaq olur yaşadıqlarına.
Belə bir düşüncə var, deyirlər, ömür vəfasızdır, dünya etibarsızdır. Ancaq mən son iki ildə bu düşüncədən tamamilə uzaq yaşadım. Düşündüm ki, özüm nə dərəcədə doğru yanaşıram ömrümə, nə dərəcədə dəyər verirəm, qiymətləndirirəm, qurmağa çalışıram. İnsan ömrünü yola çevirə bilməyəndə dünyanı günahlandırır, dünyanı etibarsız sayır. Ancaq ömür yola çevriləndə, ya yola çevirmək üçün çalışanda keçirdiyin il, doğrudan da, çox mənalı keçir. Yola çevrilən ömürlər dünyaya işıq salır.
İnsan dünyaya sonsuz gözəlliklər gətirməyə qadirdir. Bəzən adam gözəl bir mənzərəyə baxanda, ya da təbiət qoynunda olanda çox gözəl duyğular oyanır adamın içində. O duyğuların ifadəsi insanın üzündə də görünür. Ancaq bu gözəlliyin içində birdən hansısa bir müharibə meydanını xəyal edəndə, axıdılan qanları, törədilən vəhşilikləri, çarəsiz uşaqları düşünəndə o gözəl duyğuların yerinə dəhşət bürüyür adamı. Yəni dünyada belə ziddiyyətləri düşünəndə adam, doğrudan da, qaranlıq əməllərin dünyanı qaranlığa bürüməsinə heç bir anlam verə bilmir. Biz bu cür ziddiyyətləri həyatda görürük, izləyirik. Ancaq mən bu iki ildə insanın iç dünyasında hansı ziddiyyətlər ola bilər, insanın iç dünyasında işıqlandıra bilmədiyi, aradan qaldıra bilmədiyi qaranlıqlar dünyanı hansı eybəcərliklərlə doldura bilər, fərqinə vardım. Özümdə bu cür halları aşkarlayıb aradan qaldırmağa çalışdım. Atanın Yolu mənə bunu öyrətdi – insanın içi qurulduqca dünyaya gözəllik verə bilir, mənəviyyatına işıq düşdükcə dünyanın gözəlliyini duya bilir. Qaranlığa bürünən könüllər dünyaya nə qədər eybəcərlik yaysa da, Yola çevrilən ömürlər var. Onlar daima dünyaya işıq saçır. Onlar ömürlərdə yaşayır. Bu gün içim fərəhlə doludur. Çünkü bu Yola düşməyimlə ömrümü mənalandıra, qurmağa çalışıram.
Qonuda sual qoyulub, “Evladlığım İnamın tələblərinə nə dərəcədə uyğundur”. Keçən il Evlad Günündə hesabat verəndə daha çox Ocağa qədər olan suallardan, sorunlardan danışmışdım. “Ocaq onları necə yoluna qoyub” sualına cavab verməyə çalışmışdım. Bu il “Ataya necə Evladam” sualını qoymuşam. Ötən il Nurtəkin bacının, öncələr yazdığı, gündəliyini oxumuşdum. Orada Soylu bəy üç sual vermişdi ki, bu suallar üzərində düşünün, izhar yazın. Suallar belə idi: “Mütləqə can atırsan — nədə? Mütləqə çatırsan — nədə? Mütləqiləşirsən — nədə?”. Son zamanlar daha çox bu üç sualı özümə verirəm. Bu üç suala cavab verməyə çalışdıqca bütün yarım qalanlar, aradan qaldıra bilmədiklərim, yetə bilmədiklərim aydınlığa çıxır. Ancaq buna baxmayaraq, bu gün Atanın qarşısına fərəhli gəlmişəm. Çünkü mənimçün həll edilməsi çətin görünən, hətta həll edilməsi mümkünsüz görünən sorunlar vardı, bu gün onları qırağa qoya bilmişəm. Ocaqda yaşadıqca bir nizam qurmuşam özümə. Hər günün məqsədi, az ya çox, oxumaq, öyrənmək, özümü sorğulamaq, Ocaq işi görmək. Nə dərəcədə zaman ayıra bilirəmsə, günüm o dərəcədə mənalı olur, ömrüm gözümdə o dərəcədə qiymətli, dəyərli olur.
Bayaq Soylu bəy mürşüd məsələsinə toxundu. Böyüklüyə münasibət məsələsi var. Atanın Yolu böyük Yoldur, doğru yolda irəlilədiyimdən əmin olmuşam. Ancaq deyim ki, məndə o əminliyi yaradan, kömək edən Soylu bəy olub. Öz nəsihətlərini əsirgəməyib. Onun danışdığı hər məsələdən, olaylara yanaşmasından örnək alınası nəsnələr olub mənimçün . Bayaq dediyim üç sualı düşünəndə gördüm ki, nə qədər ona inandığımı düşünsəm də, münasibətlərdə çaşdığım hallar da çox olub. Onun baxışını, yanaşmasını doğru saymadığım hallar da olub. Üzdə bildirməsəm də, içimdə dediyi hər hansı məsələ ilə razılaşmadığım çağlar olub. Ancaq yanlış düşündüyümü sonradan anlamışam. Sonradan ağlıma çatdı ki, bir şəxsi mürşüd kimi görmək – heç şübhə etmədən səni doğru yola çıxaracağından əmin olmaq deməkdir. İdrakına, ağlına hər mənada güvəndiyin insanı mürşüd hesab edirsən. Mən bəlkə də insanı sevgi ilə böyütmək məsələsinə üzdən yanaşmışam. Mürşüd məsələsini düşünəndə o deyimin hikməti aydınlaşdı mənim üçün. Mən nə qədər çaşsam da, büdrəsəm də məndən sevgisini əsirgəmədi. Çevrəmizdə belə insanlar olmur. İnsanların münasibətində, yanaşmasında çatışmazlıqlar, sevgini axıra qədər verə bilməməsi bizi doğru yoldan aralaya da bilir. İndi özümə verirəm o sualı, necə böyüdə bilərəm ümidi mənə bağlanan kimisə, ya da böyütməyi bacararammı?! Düşünürəm, bu, insandan həm mütləq cəsarət, həm idrak, həm səbr, həm də həqiqət üstə qurulmuş ömür istəyir. Bilmirəm, tam cavab verə bilmirəm bu suala. Hələ ki bir tamlıq, bütövlük axtarışım var, yetməmiş hesab edirəm özümü. Bəlkə də ona görə tam cavab verə bilmirəm. Ancaq özümə qarşı inamsız deyiləm.
Atamız Var olsun!
Soylu Atalı: Başqa heç kimin sözü yoxdursa, bir neçə sonlandıcı söz deyim. Biz Evladlıq olayı ilə bağlı düşüncələrimizi bölüşdük. Nə düşünürük, necə düşünürük, bizim üçün Evlad nə deməkdir, kimi Evlad saya bilərik, bu haqda az-çox təsəvvür yaratmışıq indiyə qədər. Bu gün də onu az-çox dilə gətirdik. Hər bir fərdin bir haqqı var, bir də öz haqqını tanımaq imkanı var. Biz Ocaq olaraq, hər hansı bir fərd öz haqqını tanımayanda, bilməyəndə belə, onun haqqını tanıyırıq, bilirik. Biz heç bir vaxt fərdin özünə də, onun öz gözü ilə baxmırıq. Bir fərd özünə aşağı yanaşar, yuxarı yanaşar özü bilər. Bizim ölçümüz bizə nə deyir, nə öyrədirsə elə baxırıq, elə baxmağa çalışırıq. İstər Ocağın içi olsun, istər Ocaqdan qıraqda olsun. Mənim işdə də münasibətim o cürdür. İş yerində hər evdən bir adam gəlir, başqa bölgələrdən gələnlər var. İki eyni tərbiyədə, eyni baxışda adam tapa bilməzsən. Hərənin fərqli baxışı, fərqli tərbiyəsi, fərqli yanaşmaları var. Bunlarla dil tapmaq, bir yerdə işləmək asan məsələ deyil. Ən çətin məsələ kollektivdə olmaq, kollektivlə birgə nəyisə yoluna qoymağa çalışmaqdır. Elə hallar olur, hər kəs düşünür, filankəs filan şeyi haqq eləmir, onun filan qüsurları var, davranışlarında qırağa çıxmaları var. Ancaq mən elə demirəm, çox adamın dediyinin tərsini deyirəm. Belə halda çox adam öz dediyini tutmur, mənim dediyimi tutur . Dəfələrlə belə olub. Bir yoldaş var, onunla bağlı hərənin ağzı bir hava çalırdı. Heç kim də yanlış demirdi. Baxmayaraq, o adamla bağlı düz danışırlar, ancaq o adamın haqqını görmürlər. O adam nəyisə düz eləməyə bilər, nədəsə düz davranmaya bilər, ancaq filan şey onun haqqıdır. İnsan haqqı o vaxt itirir, o, insana, vətənə, dövlətə qarşı cinayət işləmiş olur. Onda o haqqını itirir. Ancaq kiməsə qarşı yanlış davranmaq, kiminsə hardasa xətrinə dəymək, hardasa nəyisə düzgün etməmək o demək deyil ki, bu adam günorta yeməyi yeməməlidir. Misalçün deyirəm bunu. Bu adam nə edirsə etsin, günorta yeməyi yeməlidir. O haqqı bilmək üçün ədalətli olmaq gərəkdir. Mütləq Ədalətli olmağı da Asif Atanın Mütləqilik ölçüsü öyrədir.
İndi bir neçə söz Göytəkinlə bağlı demək istəyirəm. Bu çağa qədər sayca aşağı-yuxarı Asif Atanın Ocağına 300-ə yaxın adam üz tutub. Gəlib gediblər. Bir ruhaniyyat olayına bu qədər adamın üz tutması sıradan bir məsələ deyil. Az deyil, çoxdur. Bir var, bir ölçüdə yaşayan insanların hamısını ucdantutma müsəlman elan edəsən, bu ayrı şeydir. Biri də var, yeni başlayan bir olayın aparıcılıq yükünün altına insan gələ. Milyard yarım müsəlmanın, ondan daha çox xristianın olması o demək deyil ki, onlar hamısı yükün altındadır. Onlar yalnız ya müsəlman, ya da xristian sayılırlar. Ancaq Ocağın içinə gələn Ocaqçı statusu alır. Ocaqçı ola bilir ya bilmir, bu ayrı məsələdir. Ona görə 300 say böyük rəqəmdir. Bu 300 sayın içində Göytəkin birinci onluğun içərisində özünü göstərdi. Nə ilə göstərdi?! Birincisi, ciddi səmimiyyəti ilə. Sübut elədi ki, o, doğrudan da, Ocaqçı olmaq istəyir, Ocaq olmaq istəyir. Ocağa barmaqarası yanaşmadı. Həvəsə düşüb Ocağın siyahısına yazılmadı. Bu yolda fədakarlıqlar ortaya qoydu. Birinci məsələ – həvəsi ötmək, niyyətin sağlam olması, qəti olması. Niyyətin qəti olması böyük məsələdir. İkincisi, qəti niyyətin gerçəkləşməsi yolunda qəti fədakarlıqlar elədi. Üçüncüsü, qəti niyyətin təsdiqinə çalışmaq, bunun üçün özüylə uğraşmaq, idrakla uğraşmaq, bu qədər mütaliə eləmək, düşünmək, axtarmaq, sorğular-suallar filanlar. Bu üç məsələnin üçünə də girib addımlayır. Burada bir məsələni də deyim, mən Göytəkində özümün Ocaq gəncliyimin çalarlarını görürəm. Məsələn, məndə dəmiri isti-isti döymək var, bu günün işini sabaha saxlamamaq. Belə bir qəti inadım var. Bu, Göytəkində də var. Sonra gözlənilməzlik var. Ən çox, sıx işin içində birdən görürsən, gözləmədiyin bir şey iki günə hazır oldu, ortaya gəldi. Bu gözlənilməzlik Asif Atanın Ocaq üçün, Ocaqçı üçün verdiyi təyinlərdən biridir. Əsas məsələ öz inamına, öz Yoluna, öz doğru bildiyinə aşiqanə bir tövrlə, eşqli, həvəsdən artıq bir əhvalla yanaşmaq. Bu da, əqidəli olmaq yolunda başlıca koşullardan biridir. Aşiqanə tövr, oyun oynamamaq, özünün halıyla, əhvalıyla, getdiyi Yolla oyun oynamamaq, onu yola verməyə çalışmamaq böyük məsələdir. Gərək əqidənin yolunu yola verməyəsən. Gərək hər an əqidənin tələblərinə, ən adi görünən tələbinə belə cavab verməyə hazır olasan. Necə deyərlər, Ocağın uğurlu bir əsgəri olmağı bacarasan. Bu keyfiyyətlər Göytəkinə böyük bir gələcək vəd edir. Əgər özü ona yiyə olarsa, dayanmadan, usanmadan, sağa-sola baxmadan, düzünə baxaraq, gələcəyə baxaraq bu işləri öz ömründə yaşamaq, yaşatmaq istəyərsə. Belə bir gələcək çox nadir gələcəkdir. Çox nadir adamların gələcəyidir. Onun özü qədrini bilərsə (inanıram ki, bilər), tarixdə min illər üçün baş tutan bir olaya çevrilər. Mənim adını çəkdiyim keyfiyyətlər sıradan məsələlər deyil. Elə belə ötüb keçə bilməzsən, elə-belə baxa bilməzsən elə şeylərə. İnsanın varoluşunun başlıca hərəkətverici çalarlarıdır, adını çəkdiyim çalarlar. Qadın oldun, kişi oldun, fərqi yoxdur. Bu açıdan yanaşanda Asif Atanın Ocağını uğurlu bir olay kimi dəyərləndirmək, vurğulamaq yerinə düşər.
Fərdin uğuru Ocağın uğurudur əslində. Fərd öz uğurunu Ocaq uğuruna bağlayır. Özünün varlığını Ocağa calayır, əslində Ocaq olur. Ocağın Evladı o deməkdir əslində. Ocaq Evladı Ocağa çevrilə bilirsə, o həm Ocağın gələcəyini qurur, həm də özünün gələcəyini. Ona görə Ocağa çevrilmək, Ocaq olmaq gərəkdir. Bundan qorxmamaq gərəkdir. Bizim, Asif Atanın ölümündən sonra, bölünməyimizin bir səbəbi də bu idi. Ocaq olmağı qısqanırdılar. Bir adam iddia qoyurdu ortaya, Ocaq olmaq istəyirdi, onu qısqanırdılar. Dindəki kimi ancaq müti, kölə ola bilərsən. Hamının biri ola bilərsən, sənin Ocaq olmağa haqqın yoxdur. Elə düşüncələr vardı. Əslində Ocaq ayrı şeydir. Ocaq fərd deməkdir, insan deməkdir. Ocaq Evlad deməkdir. Ocaq mücərrəd bir şey deyil. Ocaq kitaba yazılan quru nəzəriyyə deyil. Evlad ömrü fərd deməkdir. Bunun yaranmasına mane olmaq küfrdür. Ocaqda hər hansı bir fərdin ömrünün gəlişməsi, Ocağa çevrilməsi ümumgələcək üçün böyük bir müjdədir. Qutsal bir müjdədir. Asif Ata başını torpağa qoyandan sonra hamı hamının ayağından çəkməyə çalışdı. Hamı hamını balaca görməyə çalışdı. Hamı bir bərabərdə durmalıdır, qabağa getməməlidir. Sürüləşmə psixologiyasını əsas götürdülər, ölçü götürdülər. Fərdləşməni çıxdanc elədilər. Ona görə parçalanma, bölünmə qaçılmaz şəkildə ortaya gəldi. O gün olmasaydı, başqa vaxt olacaqdı. Ya Ocaq dağılıb sıradan çıxacaqdı, ya da parçalanma olacaqdı. Ondan başqa variant yox idi. Bu gün bizim içərimizə xalqın içindən onun oğlu, qızı üz tutub gəlir. Biz onların yolunda əngəl olmaq əvəzinə işıq yandırmalıyıq. Onların qalxmasına ortam yaratmalıyıq. Onların ucalması yolunda ayaqlarının altına çiyin verməyi bacarmalıyıq. Əgər bunu bacararıqsa, onda ləyaqətimizi təsdiq etmiş olarıq. Onda Evladlıq ləyaqəti təsdiq olacaq, onda Evladlığın nə demək olması bütün bəşəriyyət üçün aydın olacaq, dərk olunan olacaq. Mən Ocağı belə bir ucalıqda dəyərləndirməyi doğru sayıram, qəbul edirəm. Sizin hər birinizə uğurlar, başarılar diləyirəm. Hər birinizin qutsal sözünüz, qutsal yerişiniz, qutsal davranışınız Ocaq deməkdir. Ocaq Evladlarının qutsal ömrü, qutsal fədakarlığı, qutsal düşüncəsi, mənəviyyatı Ocaq deməkdir. Ocaq öz Evladı deməkdir. Ocaqla Evlad arasında sınır yaratmaq olmaz. Ocaqla Evlad arasında vəhdət yaratmaq gərəkdir…
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Mərasim sona yetir.
İşlənildi: Ata Ayı, 44-cü il. Göyçay.