Ocaq Günsırası ilə 7 Od Ayı, 46-cı ildə (iyul, 2024) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Evlad Günü” Törənini keçirdi. Törən quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Ocaqda ölənlərimizin adını anırıq, – Sabahlı, Bağban, Amaltay bizimlədir.
Mərasimlərdə Ocağa Evlad qəbulu, Ocaqçıların əməllərinin dəyərləndirilməsi (təqdir olunması), eləcə də Ocaqçılar üçün hazırlanmış ruhsal hədiyyələr – mərasimin özəl xassələridir. Onlardan biri də Ocaqda özünü doğrultmayanların Ocaqdan uzaqlaşdırılması olayıdır. Asif Ata Mərasimlərdə ciddi işimizi, əməlimizi, əməyimizi qiymətləndirirdi. Ancaq bəzən deyirdi, “Ata hərdən sizi elə görür, özünü tək hiss edir. Ancaq unutmayın, bilin, Ocaqda təkcə Ata qalsa da, Ocaq yaşayacaq”. Ona görə də Ata Ocağın özül məsələləri ilə bağlı heç kimə güzəşt eləməyi doğru saymırdı. Söz yox, Ocağa, mərasimlərə gəlməyənlər olurdu. Ata belə halda, istisna kimi, güzəşt edirdi, necə deyərlər, baltanı kökündən vurmurdu. Biz bir sıra məsələlərə dözümsüz yanaşırdıq, eləcə də mərasimə gəlməyənlərə. Mənim dəftərim vardı – qatılanlar, qatılmayanlar. O siyahını Ataya sunurdum. Mən elə bilirdim, Ata bu siyahıda olmayanları Ocaqdan uzaqlaşdıracaq. Ancaq heç nə eləmirdi. Niyə? – Dediyim kimi, istisnalar vardı. Bəlkə bir olay baş verib, bəlkə biri xəstələnib. Bəlkə birinin öləni-itəni var. Ata bunları gözə alırdı. Ancaq Atanın umduğu bir şey də vardı. Bu mərasimə gəlməyən adam növbəti mərasimdən qabaq Atanın yanına gedib səbəbi izah eləməliydi (Mərasimdən bir az öncə də ola bilərdi). Ya da ev telefonuyla zəng edib deməliydi səbəbi. Bu, Atanın doğru təyini idi. Sayından asılı olmayaraq, ruhani təşkilatıq.Təşkilatın öz prinsipləri var, olmalıdır. Bunlar işləməsə sən mövcud ola bilməzsən. Kim necə gəldi davranmalı deyil. Ata deyirdi: – Ocaqdan asılı olduğun dərəcədə müstəqil ol. Atadan asılı olduğun dərəcədə müstəqil ol. Atadan, Ocaqdan, heç nədən asılı deyilsən, bu, hərcayilikdir. Sən əgər yaxanı Ataya vermisənsə, bilməlisən, sənin müstəqilliyin Ocağa bağlı olduğun dərəcədə var. Sorumluluğu olmayan müstəqillik yoxdur. Sorumluluq olan yerdə nisbilik yoxdur. Bizim müstəqilliyimiz, azadlığımız sorumluluğa bağlıdır. Bunlar Ocaq anlayışları, tələbləridir. Necə gəldi davranmaq doğru deyil.
İkinci, hər birimiz istəyirik, Azərbaycanda Ocağın etkisi görünsün. Ancaq istəyiriksə, istəyimizin dalınca getməliyik. Ocağın Azərbaycanda görünməsi, bilinməsi üçün Ocağı Azərbaycana vermək, demək gərəkdir. Əgər vermirsən, demirsənsə, niyə toplum düzəlmir deyə, gileylənməyə də haqqın yoxdur. Əgər eləyirsən, toplum yenə düzəlmirsə, bunu deməyə yenə də haqqın yoxdur. Sən edirsən, zəmin hazırlayırsan, yaradırsan, qurursan, sözünü deyirsən. Sözü balta üsulu ilə verməzlər. Aqressiya üsulu ilə verməzlər. Elə mübarizə olmur. Dalaşmaqla, cırmaqlaşmaqla mübarizə etməzlər. Onu söy, bunu aşağıla, – bu Ocağın işi deyil. Belə mübarizə olmaz. Yeri gələndə Ocaq kimi ruhani qurumlar insana yalvarmaq üçündür, söymək üçün yox. Quruculuq odur. Çünkü heç kim şərdən oluşmayıb. İçində şər gəzdirir deyə, biz ona üstdən aşağı baxıb aşağılamalı deyilik. Belə mübarizə olmur. Belə ruhaniyyat olmur. Adamdakı insanı tanımalısan, tapmalısan, görməlisən, adamdakı insanı oyatmalısan. Yalvarmalısan adamdakı insana. Çağırmalısan onu. İki söz deyirsən, səni eşitmir, durub mübahisə edirsən. Sonra ağlına gələni, ağına-bozuna baxmadan, deyirsən. Bütün toplum çöküb, sən çökmə. Hamıya bənzəmək olmaz ki. Hamı hamıyla aqressiya diliylə danışır. Ocaqçı qoşulmamalıdır.
Dedik ki, Mərasimin gələnəklərindən biri Evladlıqda özünü doğrultmayanın Ocaqdan uzaqlaşdırılmasıdır. Bu gün acı hisslərlə belə bir addım atmaq zorundayıq:- Cavadova Leyla Mehman qızı Göylü yükündən azad olunur. Göylünün son davranışları Ocağa zərər verir. Ocaqla bağlı çaşqınlıq yaradır. Mənim üstümə çoxsaylı yazılar, zənglər-filan gəlir. Siz bilirsiniz mən nankor adam deyiləm. Göylünün Ocaqda böyük əməyi olub. Ocağın bir sıra işlərinin qurulmasında Göylünün əməyi danılmazdır. Ancaq heç kimin haqqı yoxdur, Ocağa əmək qoysun, sonra da Ocağa zərər versin. Ocağın boynunda bizim heç birimizin minnəti yoxdur. Əgər kimlərinsə Ocağın boynunda minnəti olsa, Ocaq xalqa gərək olmayacaq. Ocaq heç kimin iradəsini zorlamayıb ki, sən Ocaq üçün iş gör. Ocaq Asif Atanın soyu üçün deyil, özü üçün deyil. İnsanlıq üçündür, xalq üçündür, qurtuluş yoludur. Bəs Asif Ata kimin boynuna minnət qoysun, – hər şeyini qurban verdi. Hər kəsin Ocaqda nə əməyi varsa, Ocağın tarixində qalır.
Biz əlimizdən gələni Göylü üçün elədik. İmkan yaratdıq, şans verdik özünü doğrultmadı. Ona görə də Göylü yükündən azad olur. Gücü çatarsa, İnamçı olar. Ya da Ocağa rəğbətçi olar.
Ocağın qurtuluş olduğunu dünyaya, İnsanlığa sübut eləmək gərəkdir. Nə ilə? – Özünün müdrikliyi ilə, ağlın, düşüncənin kəskinliyi ilə, ləyaqətinlə, qanacağınla, davranışınla. Evlad olayı böyük olaydır. Bu, Atanın özünün verdiyi qiymətdir. Ocağın ruhani öyrətmənidir, İnsanlığın öyrətmənidir. Evladlığa yetmiş, yüksəlmiş insan. Sadəcə Evlad adlanan yox. Biz heç kimə üstdən aşağı baxmırıq. Üstdən aşağı baxmağa haqqımız yoxdur. Öyrətmənlik böyük olaydır. Öyrətmən necə öyrədir, öyrətməlidir – səbrlə, dözümlə, sevə-sevə öz bildiklərini ona verməklə. Təkcə öz bildiklərini vermir, həm də öz ləyaqətini köçürür, öyrədir. Ocaqçı odur, Evlad odur. Biz Ocaqda Evladlıq üslubuna tapınmış bir qurumuq. Bununla da biz qürur duyuruq. Asif Atanın Evladı olmağı özünün şərəfi bilməyən Evladın Ocaqda yeri yoxdur. Yadlar bizə atalıq eləmədi, yağılıq elədi. Yadlardan özümüzə ata düzəltdik, yetim qaldıq. Özümüzünkündən atamız yaranıbdır, ona tapınırıq. Ona görə də insanı yetimlikdən qurtarırıq…
Bu gün Nurtəkin haqqında Ocaqçı düşüncəsi istəmisiniz. Mən Nurtəkin haqqında həmişə yüksək söz demişəm. Bu gün də o düşüncəmdə qalıram. Ancaq Nurtəkinin passivliyi ilə barışmıram.Nurtəkinin ləyaqəti Ocaqda bitib. Onun müdrikliyi, fədarkarlığı bənzərsizdir. Yeri gəldikcə Nurtəkinin fədakarlığından mən də öyrənmişəm. Ancaq bunların heç biri səbəb vermir ki, getdikcə passivləşəsən. Ara-sıra sayta yazı qoymaq – Ocaq əməlinin kiçik bir addımıdır. Həm Ocaqçı olacam, həm də ömrümün böyük hissəsini həyata verəcəm. Bu,Ocaqçılıq deyil. İçində ikiliyə, zəifliyə yer saxlama. Bilirəm çətinliyi. Ocağın nə demək olduğunu bilə-bilə gəlib bu günə çatmışıq. Bizdən nə istəyir Ocaq? – Deyir ömrünü yarat, topluma ruhsal öyrətmənlik elə. Xalqlaşma işi çox azdı, nisbətən Günevlə məndə var. Göytəkinin yayıçılıq işi yüksək səviyyədədir. Saytları işlətmək, qruplarda paylaşmaq. Bunların hamısı yerindədir. Ancaq Amallaşma, Kamilləşmə, Xalqlaşma işi bütöv olmalıdır. “Asif Atadan kitab oxudum” – bu, Amallaşma hesabatı ola bilməz. Nə oxudum, nə anladım, nə düşündüm – bunları açmaq gərəkdir.“Başqa ədəbiyyat da oxudum” deyə adsıra vermək Amallaşma deyil. Amallaşma başqa ədəbiyyat oxumaq deyil. Başqa ədəbiyyat oxumaqla Asif Atanı necə öyrənmisənsə, onun hesabatını ver. Amallaşma Asif Atanı öyrənməkdir, Amallaşma Tolstoyu öyrənmək deyil. Mənim sevdiyim Tolstoyu, Taqoru öyrənmək deyil. Hüqonu öyrənmək deyil. Başqa ədəbiyyat oxuyursan, yaxşı edirsən.Başqa ədəbiyyat niyə oxuyursan? – İdrakın inkişaf eləsin. Asif Atanı yaxşı anlamaq üçün sənə yardımçı olsun.
Kamilləşmə hesabatı yoxdur, ya da heç onun adı tutulmur. Kamiləşməklə bağlı ayrıca hesabatlar olmalıdır. Necə döyüşürəm, qüsurum nədir, nəyə görə mən bu yanlışa yol verirəm? Bunların nədənini açmaq gərəkdir. Xalqlaşma – toplumla iş aparmaqdır. Atanın ideyalarını, harda imkan düşdü, demək gərəkdir. Onda adam özü həm içdən güc tapıb böyüyür, həm də ümidi artır. Xalqlaşma işinin də anlamı budur. Yoxsa Ocaqçıların saflığı, ləyaqəti, fədakarlığı bütövdür, – Ocaqdakı fədakarlığa heç bir yerdəki fədakarlıq çatmaz. Bu qədər umacaqsız davranışlar, umacaqsız addımlar – bunların əvəzi yoxdur. Eləcə də Nurtəkinin fədakarlığı. Hər fürsət düşəndə onun fədakarlığı azalmayıb, fədarkarlıq içində bitib, ancaq bitməyən şeylərdə var, o da adamı getdikcə passivləşdirir. Belə şeyləri düşünməyiniz gərəkdir. Bilənin fədakarlığına fədakarlıq çatmaz. Bu, Evladlığın bir cəhətidir. Ancaq həm də Bilən öyrətmənlik səviyyəsini hər addımda təsdiq eləməlidir. Ona görə də özünə gündə bir saat, iki saat vaxt ayırmaq, – oxumaq, düşünmək, yazmaq imkanı yaratmaq, bunu sistemə salmaq gərəkdir. Sistemə salmasan Evladlıq olayı arzuladığın biçimə düşməz.
Uğurlar diləyirəm.
Atamız Var olsun!
Günev Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Soylu Atalı öz sözünü deyir, mən ordan özümə aid nə varsa götürürəm, özü də çox ciddi götürürəm, əməlli-başlı köklənirəm, iradlardan çox sevinirəm. Böyüdür!
Mən öz düşüncələrimi deyim: Evladlığımdan razıyammı?! – Hər kəsin qarşısında duran sorudur bu. Özünə ünvanlanan bu soru tutarlı cavab istəyir. Heç kəsi özündən yaxşı heç kim bilə bilməz. Yetər ki, səmimiyyətlə özünü aça biləsən. Məsələyə bir az müqayisəli münasibət sərgiləyək. Fuad Asif Atanın cismani övladıdır, onun cismindən yaranmışdır. Günev isə Atanın ruhundan yoğrulmuşdur. Fuad adi, ötəri bir ömür yaşayır. Anasının ətəyindən yapışaraq ayaqda durdu. Ağlının kəsmədiyi dövrü anlamaq olar, yetkinlik yaşında hər şeyi gördü, bildi – Atanı, onun yolunu, Ocağını. Komfort həyatı seçdi, böyüklükdən qaçdı, Ata ruhuna yad yaşadı. Özü bilər. Bir də fərqli bir ömür var – Günev ömrü. Atanın ruhundan doğuldu. Doğmalaşdı əzəli, əbədi, sonsuz, kamil olana. İnam, idrak, mənəviyyat, iradə yoluyla qovuşdu Ataya. Ruhani davamçısı oldu Atanın.
Evlad olmağımdan tam mənada razıyam. Ancaq sonsuz bir yol yolçusunun mənzil başına çatdım deməsi nə demək olardı?! Ata demiş, necə varamsa azam. Daha yüksəklərə can atmaqdayam. Can atdığım dərəcədə razıyam. Yetmədiyim dərəcədə narazıyam. Xoşbəxtəm ki, belə bir aqibət qazanmışam. İki yüzə qədər Ata qarşısında söz verən, and içən olub. Bu gün az sayda Evlad Ata Ocağını yaşatmaqdadır. Bu niyə baş verdi?! Gedənlər özlərini xoşbəxt saymadılar. Yolun yoxuşunda yoruldular. Fərəhsiz yol getmək isə mümkün deyil. Ayrılmadan, özü ilə döyüşmədən kamillik xülyadır. Maddiyyata həsr olunmaqda xoşbəxtlik aranır. Əslində İnsanlığa yetdiyin dərəcədə xoşbəxtlik mümkündür. Əqidə adamları Amalı yolunda çəkdikləri bütün əzabları, çətinlikləri fərəhlə qəbul etmiş, hətta ölümqabağı vəcdə gələrək mahnı oxumuş, şeirlər demişlər. Budur xoşbəxtliyi tanımaq, sevmək. Əvvəl vurğuladım xoşbəxtəm ki, belə bir aqibət qazanmışam. İndi isə deyirəm, belə bir aqibətə yetdiyim üçün xoşbəxtəm.
Nurtəkin Atalı haqqında. Bir neçə dəfə demişəm, mən Nurtəkindən Ocaqçılıq, Evladlıq öyrənmişəm. Bunu gəlişi gözəl söz kimi demirəm, Nurtəkin sözü ağzında demir. Sinədən gələn səslə deyir. Ney səsinin akkordları kimi. Bülbül görünmür, səsi, nəğməsi bağı başına götürür. Bülbülü görmək gərəkdir. Nurtəkin gözə girmir. Əməlləri, əhvalı bütünlüklə Ocaqdır. Nurtəkini görmək gərəkdir. Keçdiyi Ocaqçılıq, Evladlıq yolu gələcək Evladlara örnəkdir. O, Ocağımızın fəxridir. Mənə desələr ki, kimi Ocağın birincisi, ikincisi sayardın?! Düşünmədən Soylu Atalı ilə onun adını birinci sayardım. Heç kəsin əməlini kölgələmək fikrində deyiləm, olmamışam da. Ancaq Mütləqçi etirafı da qutsal bir əməldir. Nurtəkini yekun bir sözlə öyərək, deyə bilərəm, Nurtəkinin Ocaqçılığı ağappaqdır.
Atamız Var olsun!
Soylu Atalı: Birincisi, Fuad haqqında dediyində bir qəbahət yoxdur. Mən bilirəm, sən burda nəyi nəzərdə tutursan, mən onu anlayıram. Sən burda Atanın Evladını nəzərdə tutursan. Öz övladını, başqasının övladını da nəzərdə tuta bilərdin, misal kimi. Burada Fuadı aşağılamaq deyə bir şey yoxdur.
Bir də umacaq məsələsi. Umacağında da qəbahət filan yoxdur. Mən Nurtəkinin müsbət cəhətlərini dedim, eyni zamanda passivləşməsini də dilə gətirdim. Çünkü mən Ocağı, Ata öləndən sonra, yaşadanda Nurtəkinlə yaşatmışam. Ona görə mənim də haqqım var, səndən umam. Sənin haqqın yoxdur, passivləşəsən. Yadınızdadırsa “Ata Timsalı” məsələsi olanda mən bunu bu cür nəzərdə tutmuşdum. Yiyəlik duyğusu, bir-biri ilə qovğa eləmədən, ayağından çəkmədən, bir-birinə əngəl olmadan. Ancaq Ocağın ləyaqətini qorumaq gərəkdir. Yiyə dur.
İnamlı Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Ocaq mənə nəfəs kimi gərəkdir. Ocaqdan qıraqdakı ömürün zərbələrini, ziyanlarını hər addımda görürəm. Ocaqdan qıraqda qalmasaydım, bu zərbələr də olmayacaqdı. Ocaqda söz deməyə özümü layiq bilmirəm. Pis çıxmasın, quruca bir ad Ocaqda olmaq yaxşı çıxmır, başqa cür nəfəs də ala bilmirəm. Sizsiz dayana bilmərəm, sizsiz dayanmaqdansa ömür tamamlansın. Ancaq bu cür dayanmaq da özümə pis gəlir. Mənim hamınıza xüsusi münasibətim var. Hər biriniz gözümdə uca bir dağsınız.
Nurtəkin haqqında qardaşımız dedi, mən bir şeyi əlavə edim – gözəl səmimiyyət, gözəl yanaşma, doğmalıq, – bunların hamısını Nurtəkində görürəm. Elə Göytəkin bacımızda da. Onların bir işi iki hesablanmalıdır. Çünkü kişi xeylağı ilə qadın arasında həyat baxımından böyük fərq var. O baxımdan onlar bu cür yaşayırlarsa, məndən böyükdülər…
Atamız Var olsun!
Soylu Atalı: Mən “Ruh-İntellekt” yazımda vurğulamışam: mən intellekti güclü olana yox, ruhu güclü olana güvənirəm. Ocaq kimi qurumlar yüksək elmi tutumları olanların işləri olmur, arı-duru insanların işi olur. Ruhaniyyat onlardadır. Yüksək elmlidə yüksək elmi danmırıq. Yüksək elmlidə ruh yoxdur, olsa nə gözəl. Ola da bilər, ancaq yoxdur. Ocağın ləyaqəti ruhani bütövlüyün üzərində yaşayır. Əgər o olmasaydı, az sayda adamlarla biz, Asif Atanın ölümündən sonra, 27 il Ocağı gətirib bura çıxara bilməzdik. Həmin ruhdur, içdəki səmimilikdir, doğruluqdur Nurtəkində gördüyünüz. Həmin təbiiliyi sevməkdir, təbiiliyə bağlı olmaqdır, ondan ilham almaqdır. Peşman olmursan, həvəsdən düşmürsən, səni ayaqda tutur. Təbiilik, doğmalıq, ülvilik, gözəllik insanın düşüncəsini, duyğularını ayaqda tutur, qoymur həvəsdən düşəsən. Bəzən gərgin anlarla üz-üzə qalırsan. Ancaq birdən-birə Ocağın gözəlliyini düşünürsən, Ocaqda nə qədər gözəl bir doğmalıq, gözəl bir təbiilik var. Bu mənim dünyamdır deyirsən, bunu düşünəndə səni qapsayan bütün o gərginliklər gedir. Nəfəs almaq odur. Qida odur – mənəvi qida.
Ulusəs Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Ocaqla nəfəs alıram sözünü mən nəzəri formada deyil, yeni formada demək istəyirəm. Bizim ailəyə fəlakət üz verəndən sonra, mənim bir bacım öldü, o biri bacım yatağa düşdü, yükü qaldıra bilmədilər, mən ayaqda qaldım. Mənim ayaqda qalmağım Ocaqda olmağımla bağlıdır. Ocağın insana nə dərəcədə təsir eləməyini mən real olaraq varlığımda hiss eləmişəm. Hərçənd o hadisədən sonra mənim Ocaq fəaliyyətim gün-gündən azaldı, ancaq yenə də məni ayaqda saxlayan Ocaqdır.
Mən Soylunu, Günevi dinləyirəm, sizin fəaliyyətinizi görürəm, Nurtəkin də onun kimi, – mən onlarla yaşayıram. Nəfəs almaqdan başqa bu mənim həyatımın səbəbidir. Elə düşünürəm fikrimi çatdıra bildim Ocaqdan bərk-bərk yapışmaq gərəkdir. Sən Ocağa verməsən də Ocaq sənə verir.
Soylu Atalı: Mən başlanğıcda dedim Ocağın boynunda heç kimin minnəti yoxdur, – bu onun təsdiqidir həm də. Yəni Ocağın boynunda heç kimin minnəti yoxdur. Deyir ki, sən Ocağa bir şey verməsən də, Ocaq sənə verir. Bu da onu təsdiq edir ki, Ocağın boynunda heç kimin minnəti yoxdur.
Mənim arxivimdə səslər var, onlardan biri də Bilənin səsidir. Sizin dediklərinizi deyir ki, Ocaq olmasaydı, mən bəlkə də yox idim həyatda.
Bilən Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Mən Ocaqla bağlı özümü belə ifadə eləmək istəyirəm. Ocağa gəlmədən öncə insanlardan ayrılmışdım, qapalı şəraitə düşmüşdüm. İnsanların davranışı, yaşam tərzi məni qane eləmədiyi üçün ayrılmışdım. Düşünürdüm, insan səhv edirsə uzaqlaşdırmaq lazımdır. Ocağa gələndən sonra, Ocaq ideyaları insanilik üstə qurulduğu üçün, xilası görə bildim. Mən sınır yaratmışdım insanlara qarşı. İnsanlardan uzaqlaşmaq yolunu tutmuşdum. Ocaq bunları yenidən düşünməyə qaytardı məni. Azərbaycanda yaşamaq, istər iş sistemi olsun, istər yaşayış, hər şey insana qarşıdır. Mən insanın insana yalanını, xəyanətini görmüşəm, çıxış yolum bu olub ki, qıraqda durum. Ata isə deyir: “İnsanlaşın – İnsanlaşdırın!” Ocağa gələndən sonra anladım ki, çıxış yolu bundadır.
Kiməsə yalan danışmaq, söz verib aldatmaq – mən həyatımda bunlarla bağlı mübarizə aparmışam, həm də anlamışam ki, insan düzəlməsə, ölkədə düzəlməz, xalq da düzəlməz…
Atamız Var olsun!
Göytəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Ataya Evlad olmağın xoşbəxtliyi və gərəkliyi.
İnsan dünyaya gəlib böyüyür, özü öz yolunu seçə biləcək yaşa çatır. Yürüdüyü yolda çətinliklərlə də üzləşir, büdrəyir də, yıxılır da, ucalır da. İstəklərinin, arzularının ötəsində olanları da əldə edə bilir. Qısacası, hər insan gerçəklik baxımından özünəxas yaşam sürdürür, ancaq hər insanın içində eyni bir doğru var – bu həsrətdir. İnsan arzulayır, arzusuna çatır, məqsəd qoyur, əldə edir, başarısının dalınca gedir. Ancaq yenə də içindəki həsrəti dindirə bilmir. Onun nə olduğunu da tam kəsdirə bilmir. Bir insan olaraq nə edir-etsin, hansı uğuru qazanır-qazansın, daim İnsanlığa yönəlik həsrətlə yaşayır. Bir insani duyğu, hansısa bir insani davranışın ifadəyə gəlməsi onun üçün gerçəklikdən yüksəkdə dayanır. İnsanda vicdanlı yaşamaq, ədalətli davranış, insani münasibət daim yüksəkdə dayanır. Ataya Evlad olmağın gərəkliyi ondadır ki, anlamadığı o duyğunu anlaya bilir. Ataya Evlad olmağın xoşbəxtliyi odur ki, o tələbatı ödəyən nə varsa, insan özündə yaratmağa başlayır. Onunla da tamlığın, bütövlüyün, xoşbəxtliyin nə olduğu bilinir. Özümlə bağlı hesabata gəlincə, onu deyə bilərəm ki, il içində özümə dəfələrlə tələb qoymağıma baxmayaraq, təkrarladığım yanlışlar da olub. Ancaq bu gün özümlə bağlı düşünəndə nikbinəm, çünkü nə olur-olsun, nə qədər yenilsəm də, sarsılsam da içimdə həmişə alınacağına inam olub. Özüm ilə döyüşdən heç əl götürməmişəm. Nə qədər yıxılmışam, sarsılmışam, ancaq qalxmaqda, davam etməkdə qərarlı olmuşam. Alınacağına inanmışam, alındırmaqdan başqa bir yol görməmişəm. Bu, özüylədöyüş haqqında məni hər an düşündürür. Özüylədöyüş mənə ilk növbədə usanmazlığı, təmkinli olmağı, irəliləməyi öyrədir.Çünkü insanın özünün-özünə söz keçirməsi çətindi.
Bəlkə də bəzi yanlışlar var ki, onları yenmək üçün aylar gərək olur. Sorunu həmişə özümdə axtarmışam. Özümlə bağlı ona görə nikbinəm. Baxıram, nə qədər yanlışım vardır, ancaq nə olur-olsun, yanlışların qurbanına çevrilməkdən qurtara bildim. Get-gedə özümdə yaratdıqlarımın əməl olaraq, düşüncə olaraq ortaya gəlməsi fərəhimi artırır. Yanlışlarımın hər birini gündəlikdə qeyd edirəm, heç birini qaçırmıram. Öz irəliləyişimi də ən çox ordan izləyirəm. Soylu bəyin işlətdiyi bir söz var – Ocağın içinə girmək, Ocaqda yanmaq gərəkdir. Soylu bəyin ömründə oxuduğumuz, özündən də eşitdiyimiz çətinliklər insana nikbinlik öyrədir. Belə bir inam mənim içimdə formalaşıb. Məni irəli aparacaq.
Atamız Var olsun!
Soylu Atalı: Əslində hər kəsin dediyində bu gün bir təsdiq var. Özün özünə deyə bilirsənsə, başqasına da deyə biləcəksən. Özün öz dediyini özün eşitmirsənsə, başqası niyə eşitsin, necə eşitsin – çox vacib məsələdir. Atanın özüylədöyüş məsələsi ona görə önəmlidir. Özün öz dediyini eşidirsənmi, özün öz dediyinə inanırsanmı?! Özün öz dediyini həyata keçirirsənmi, onun arxasında durursanmı?! – Sən öz dediyinin arxasında dur ki, başqası da gəlib sənə qoşula bilsin. Ocaqçı bir şeyi ciddi anlamalıdır.Biz burada yeddi adam oturmuşuq, hamı Ocağı, Ocağın gərəkliyini, Ocağa bağlılığını, sevgisini, Amaldaşına münasibətini yüksək fərəhlə vurğu edir. Mənə bir təşkilat göstərin ki, orda yeddi nəfər olsun, bir bütün əmələ gətirsin, yoxdur, heç iki nəfər də yoxdur. Bu bizdə alındı, diləyim odur, davamlı olsun. Mühitin gözəlliyi, saflığı, yetkinliyi çox iş görür. Uzağa getməyək, biz toparlanıb Asif Atanın sonevini, bu yaxınlarda, təmir etdik. Asif Atanın sonevini təmir etmək gerçək bir əməldir, özü də böyük əməldir. Mən hələ onun xərcini demirəm, bizə görə o xərc də böyükdür. Bu mühitdən qıraqda kimsə bunu edərdimi?! – Yox! Niyə, çünkü mühiti yoxdur. Sağlam mühiti yoxdur, sevdalı mühiti yoxdur, güvənmir. Gərək mühitindən də bir fərəh alasan, ilham alasan. Əməllərin üstünə yeriyəsən. Bunun özü çox vacib gərəkli məsələdir. Mühitinə hərə bir hava çalırsa bir-birinə ağız büzürsə, sevgi yoxdursa, onda hərəkət baş vermir. Söz yox, iş görməlisən, hətta tək olsan belə görməlisən. Bunun üçün gərək Atanın Ocağını dərk edəsən. Ancaq çoxluq nə düşünür, – nə üçün edirəm, kimdir qədrimi bilən, kimdir qəbul edən?! – Elə düşünürlər. Ata mütləq tələb qoyur: Özünlə barışma, mütləq tələbə yüksəl, yarat, sev. Gözün göylərdə olsun, yerlə əlləşmə.
Pozitiv düşüncənin özülü – özünü yaratmaqdır. Pozitivlik içəridən yaranır, qıraqdan gəlmir. Pozitivlik sözdən daha çox, əməldən qidalanır. Hər kəs cəmiyyətdə yer tutmağa çalışır. Oçaqçı cəmiyyətin fövqünə qalxır. Özünü Mütləqlə tutuşduran kəs cəmiyyət ölçüsünə enməz, cəmiyyətə sığmaz. Özünü yaradanda ömrün var olduğuna sevinirsən. Yaratmaq sevgidəndir. Yaşamaq sevgidəndir. Kimsə özünə ideal seçib ona can atır. Ata deyir, özünə Mütləqi ölçü (meyar) seç. Mütləqlə tutuşdur özünü. Bu, insanı irəliyə aparır. Özü olmanın yalnız bir yolu var – özüylədöyüş, özünü yaratma. Sabah haqqında düşünməsən, bu gününü də yaşaya bilməzsən. Ona görə bu gündə elə yaşamaq gərəkdir ki, sabah doğula bilsin, qurula bilsin. Ömür qurula bilsin. Bu qurulmanı gördükcə, təsdiq olunduqca inam da yaranır, güvən də, pozitivlik də.
Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Belə bir söz oxudum, yazarın sözüdür, – deyir yolla getmə, yolun özü ol. Ancaq necə yol olmalı?! Yol olmaq asandırmı?! Hər kəs o yolla yürüyə bilirmi?! Deyirlər, pozitiv düşünmək gərəkdir, onda hər şey yaxşı olacaq. Pozitivliyin kökü nədədir?! Onun da əsası olmalıdır axı. Deyirlər, keçmişdə qalma, gələcəyi düşünmə, bu gündə, bu anda qal. Hansı dəyərlə, qiymətlə anda qalmaq olar?! Özünü yaratmadan heç nə əldə etmək mümkün deyil. Özünü tanımadan heç nə əldə etmək mümkün deyil. Özünü yaradıb özünlə yol gedirsən. Özünü yoğurub, yapıb, özünlə doğmalaşaraq, yol gedirsən. Özünü tanıyaraq, Özünü dəyərləndirərək yol gedirsən. Ya mən özümü yaradıb adamlığımı yenməliyəm, ya da axınla gedib özümlə (əslində özgəliyimlə) barışmalıyam.
Evlad Günündə Ocağa gəlmişəm, – 28 ildir. Mənim haqqımda deyilən gözəl düşüncələri dinlədim. Onlarda sevgi görürəm, ancaq arxayınlaşmıram. Bu mənə böyük güc verir, sorumluluq verir. Yükümlü deyir, ən qorxulu şey vədçilikdir. Bu söz məni oyatdı.
Evlad Günü mərasimində bütün Evladlar bir-biri haqqında danışa bilər. Ona görə mən Göytəkin haqqında danışmaq istəyirəm. Çox böyük yük alıb çiyninə. Böyük fərəhlə, enerji ilə yaşayır onu. Ocaqla yaşayır, Ocaqla nəfəs alır, onun böyüməsi, onun Ocaqlaşması, Ocağa bağlanması mənə nikbinlik verir. Ocağın sabahını onda görürəm. O dərəcədə onun yaşamını, istəklərini görürəm. Ocaq əməllərində, hər bir düşüncəsində. Ona görə hər zaman Ocaqda var olmasını, daha da böyüməsini, daha da işıq saçmasını diləyirəm. Hər birinizi bağrıma basıram.
Atamız Var olsun!
Soylu Atalı: Biz Ocaqçıya qıraqdan süni həvəs vermirik. Ancaq hər kəsin də varlığını, əməyini görürük. Onu da qiymətləndirməməyimiz doğru olmaz. Ocaqda uydurma yoxdur. Ərklə, aşağılamadan, tənqid də ola bilər. Bu da çox istisna hallarda olur. Gələnəyə çevrilməməlidir. Biz Ocaqçını həvəsləndirmirik, ya da düşünmürük ki, sabah bu Ocaqçının işi dayanar, biz də dünən dediyimizə peşman olarıq. Elə bir şey də yoxdur, peşman da olmuruq. Hər kəs hara qədərsə əmək qoyur. O əmək iş görür. Onu biz danmırıq, dana da bilmərik. Ancaq dediyimiz odur ki, əgər Soylu Asif Atanın sağlığında ona qulluq göstərib, sonra da minnət qoyub deyirsə, mən bu qədər iş görmüşəm, bunu qəbul etmirik. Hər bir dönəmin özünün fəaliyyəti, özünün gərəyi var. O qırılmamalıdır. Nəinki qırılmamalıdır, inkişaf eləməlidir, artmalıdır, böyüməlidir. Ancaq bu da zorla deyil. Bunu hər kəs özü özündə bəsləməli, yetirməlidir. Hamımız eyni ideallara inanıb güvənirik. Çünkü eyni idealları Ocaq bizə tanıdır, sevdirir. Ona görə Ocağın bizə qoyduğu zəhmətə dəyər veririk. Ocaq bizə öyrədir, tanıdır, biz Ocağın tanıtdığını öyrətdiyini sevirik, onu ömrümüzə daşıyırıq. İnsan kimi necə yaşamalıyıqsa, necə olmalıyıqsa o oluruq, həm də İnsanlığa gərək oluruq. Ona görə nə Ocağın, nə də heç kimin boynunda minnətimiz yoxdur. Küçədən keçənə ideya öyrədirsən, zəhmət çəkib söz öyrədirsən, onun boynunda belə, minnətin yoxdur. Sən öz insani ləyaqətini ortaya qoyursan. Mən atdığım addımdan fərəh almışam, öz fərəhimə görə niyə başqasının boynuna minnət qoyum?! Bizə böyüklər gərəkdir, cılızlar, balacalar gərək deyil. Ocaq uşaq bağçası deyil…
Evlad Günümüz qutlu olsun!
“Evladlıq Nişanələri” Yol Sözü ilə Ocaqçılara sunuldu.
“Ata Ruhunu Ürəyimizdə aparırırq!”, “Atamız Var olsun!” səcdəsilə Törən sona yetdi.
Səsdən sözə çevirdi: Nurtəkin Atalı
Sərt Ayı, 46-cı il. Atakənd.