Xəbərlər

Qutsal “Evlad Günü” törəni

Ocaq günsırası ilə 7 Od Ayı 43-cü ildə (iyul, 2021) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal Ruhani Evlad Günü Törəni keçirdi. Ocaq Quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 43-cü ilin Evlad Günü törənini keçirir. Sabahlı, Bağban, Amaltay bizimlədir. Onları hər zaman Ocaqda bilirik, Ocaqda qəbul edirik (hamı ayağa durur).

Mərasimə söz deməzdən öncə bir neçə xatırlatmalar etmək istəyirəm. Bayaq vurğu elədim, biz “Ata Ruhuna Pənah gətirmişik” demədik. Onu Ailə Günlərində deyirik. Çünkü mərasimdə özümüzü Ata hüzurunda sayırıq, Ailəçilər özləri bir yerdə olurlar. Mərasim Atalıdır, Atanındır, Atanın baş olayıdır. Bu açıdan belə düşündük, mərasimlərdə bu ifadəni işlətməyək.

İkincisi, Ocaq mərasimlərini, bu günkü ya da bu gündən sonrakıları kim nizamlamaq istəyirsə, aparmaq istəyirsə, qabaqcadan desin. Həmin mərasimi gəlib o nizamlasın. Hər bir Ocaqçının Ocaq mərasimini keçirməyə, aparmağa haqq var. Mən bir neçə yol demişəm, yenə deyirəm. Kim istəyirsə, burda pis heç nə yoxdur, haqqı da var. Biz uzun çağlardır belə gəldik, tədbiri Ocaq Yükümlüsü aparır. Ancaq başqa Evladın mənəvi-ruhani boyu var, haqqı var.

Üçüncü bir xatırlatma, Mərasimdə söz deyiləndə şəkillərdə baxmışam, hər kəs başını aşağı dikir, yerə baxır. Yaxşı düşmür. Biz qürurlu insanlarıq, ancaq şəkillərdə bu görünmür.

İndi isə Gün`ümüzlə bağlı bir neçə ruhani söz deyim. Ondan sonra qonular üzrə hər kəs öz sözünü desin. Bilirsiniz, Asif Atanın Ruhani qanunlarına görə “Evlad Günü” Şölə Ayının 1-i keçirilirdi. Əslində bu günkü tarixdə “Ruhani Qurum” mərasimimiz vardı. Ata dedi, bunlar mahiyyətcə birdir, çox fərqlənmir. Mərasimlərin sayını çoxaltmayaq. Bu günkü tarixdə Ruhani Qurum mərasimini ortadan qaldırdı, Evlad Günü ilə birləşdirdi. Biz isə bunu tərsinə elədik. Evlad Gününün tarixini köhnə “Ruhani Qurum” mərasiminin tarixinə keçirdik. Bunu demişəm, bir daha xatırladıram. Atanın ölümü Şölə Ayının 5-nə düşdü. Ona görə düşündük, Şölə ayının 1-də Evlad Günü mərasimi keçir, 5-i Anma mərasimi keçir, Ağstafaya səfər edilir. Həm də 13-ü “Xəlqilik” Bayramı keçirilir. Bir-birinin ardınca üç tədbir olduqca sıxdır. Həm gəlmək, qatılmaq, söz demək də çətindir. Atanın ölümü Şölə Ayının 5-nə düşdü. Ona görə biz Evlad Gününü Od Ayının 7-nə keçirdik. Mənə elə gəlir, bunda da bir sorun yoxdur. Dediyim odur, “Evlad Günü” mərasiminin vaxtını dəyişməkdən qorxmaq gərək deyil. Bu artıq tarixə salınıb.

Bilirsiniz, Asif Atanın quralları aşama-aşama yaranıb. Birdən-birə yaranmayıb. Bunun adına Ruhani Quruculuq deyilir, bu bir gündə baş vermir. Aylarla, illərlə baş verib. İlk dəfə Ocağa Evlad gəlişi mərasimləşib, Ocaq mərasiminə çevrilib. Ruhani Evlad Günü olayı formalaşıb. Yenə Atanın sözünü sizə xatırladıram. Ata deyir, Ocaq üçün Ata sözündən sonra ən böyük söz Evlad sözüdür. Evlad sözü uşaq anlamına gəlmir. Evlad sözü Atanın müridi, davamçısı, şagirdi anlamında işlənən anlayışdır. Yüksək anlayışdır. Ataya Evlad olmaq bəşəriyyətə, xalqa öyrətmən olmaq anlamına gəlir. Ancaq əski Ocaqçıların iddiaları kimi yox. Ocağın qapısını açıb içəri girən kimi iddia edir, mən bəşəriyyətin öyrətməniyəm. Bəşəriyyətin öyrətməni olmaq gərəkdir. Bizim istəyimiz odur, hər bir Evlad bəşəriyyətin öyrətməni olsun. Ancaq sən qapını dünən açırsan, iki söz tanıyırsan, elə lovğalıq etmə. Anlamını bil, sən mənaca, mahiyyətcə xalqın mənəvi-ruhani öyrətmənisən. Bunu bil. Ora yüksəl. Yüksələndən sonra da bunu deməkdən qorxmaq gərək deyil.

Ocağın da hədəfi odur, Azərbaycan xalqının içərisindən, onun Evladlarının içərisindən bu xalqa ruhani öyrətmən hazırlasın. Xalqa ruhani öyrətmənliyi uzaq Ərəbistandan gəlib edirlər. Absurd öyrətmənlik edirlər. Onlar bizim ləyaqətimizi tanımırlar. Bizim ləyaqətimizi tanımayan, bizim mənəviyyatımızı tanımayan necə bizə öyrətmənlik edə bilər?! Onlar bizə öyrətmənlik deyil, ağalıq elədilər. Bizi işğal elədilər. İşğalçıdan öyrətmən olmaz. Biz bəşəriyyərin öyrətməni ola bilərik. Başqaları da ola bilər. Ancaq öyrətmən olmaq gərək, işğalçı olmaq yox, ağa olmaq yox. Bu gün işğalçıya qurtuluşçu (xilaskar) adı qoyurlar, zəbtçiyə öyrətmən adı qoyurlar. Biz bunları ortadan qaldırırıq. Öz içimizdən öz xalqımızın ruhani öyrətmənlərini hazırlayırıq. Bir daha vurğu edirəm, bu sözdən də qorxmaq gərək deyil. Əgər sən Asif Atanın yazdıqlarını, dediklərini ömrünə çevirərsənsə, yaşamına çevirərsənsə zaman-zaman sən görəcəksən, xalqın mənəvi öyrətmənisən. Asif Atanı xalqa öyrədən, Asif Atanın ideyasını, düşüncəsini, prinsiplərini, insanlaşma ölçüsünü xalqa öyrədən – xalqın mənəvi öyrətmənidir. Bu açıdan Evlad sözü böyük sözdür, uca sözdür, gərəkli sözdür. Bu ada layiq olmaq haqqında daim düşünürük. O ada layiq olmaqda davamlı olmaq, yaşamaq istəyirik. Bunun üçün nə gərəkdir, Ata bizə nə deyir?! – Deyir, özünüzü öyrənin, özünüzü toplumun (cəmiyyətin) yox, millətin evladı kimi öyrənin. Özünüzü Ocağın Evladı kimi öyrənin. İçinizi öyrənin, görün sizin içinizin gücü, qüdrəti hara qədərdir. Görün siz gerçəkdən xalqa mənəviyyat dərsi keçə bilərsinizmi?! Xalqa mənəviyyat dərsi keçmək üçün kamil mənəviyyat yiyəsi olmalısan. Kamil mənəviyyat yiyəsi olmaq üçün özünü tanımalısan, içini bilməlisən, özünü döyməlisən, təmizləməlisən. Böyük mənəviyyat yiyəsinə çevrilməlisən, böyük idrak yiyəsinə çevrilməlisən. Atanın dediyi mənəviyyatçılıq nədir – içindən yalanı sil at, şəri sil at, hər bir eybəcərliyi sil at. İçində saxlama. Yalan nə demək, yalana enmək nə demək?! Hər bir adam suç işlədir, öz suçunu gizləmək üçün yalan danışır, yalana enir. Ata deyir, istəyirsənsə yalançı olmayasan, doğruçu olasan, suç işlətmə. Yanlışın ola bilər, istənilən yanlış suç demək deyil. Ancaq onu suça endirmə. Yenə deyirəm, bütün yanlışlar suç demək deyil. Buna görə suçdan içini yu, arındır deyir. Ona görə deyir, yazdıqlarımı oxu, öyrən. Bizə Qutsal Onluq verib, Qutsal Onluğu ciddi öyrənməlisən deyir. Oxumaq yox, aparıb istənilən adama verərsən, hər adam oxuyar. Onu ciddi öyrənmək, Atanın yazdığı ilə idraklanmaq gərəkdir. Dünyada insana gərək olan çox az şey var. Dünyada çox kitab var, dünyada çox ideya var, dünyada çox söz var. Ancaq dünyada insana gərək olan çox az kitab var, çox az söz var, çox az ideya var. Bu azların başında Atanın dediyi dayanır. Atanın dediyini öyrənərsənsə, Atanın dediyi ilə idraklanarsansa, onda xalqa öyrətmən ola bilərsən. Atanın dediklərinə dayanıb mənəviyyatını qurarsansa, vicdana yetərsənsə, xalqa mənəvi-ruhani öyrətmənlik eləyə bilərsən. Əgər zamanın balacalığını anlayarsansa, zamanın keçiciliyini anlayarsansa, zamanın eybəcərliyinə boyun əyməzsənsə, yaxa verməzsənsə, o zaman xalqa ruhani-mənəvi öyrətmənlik eləyə bilərsən. Evladlıq belə bir olaydır, belə bir ucalıqdan görünür. Mən də bizim hər birimizə Atanın tələblərini xatırlatmaqla, belə bir ucalıqdan baxmaq, belə bir ucalıqda yaşamaq ərdəmliyi diləyirəm. Bir daha vurğu edirəm, gerçəkdən Evlad olmaq asan deyil. Asif Ataya Evlad olmaq çətindir. Asif Atanın Ocağının adsırasına (siyahısına) yazılmaq hələ onun Evladı olmaq demək deyil. Şəkil var, Atanın çağında, mərasim keçirilərkən, stolun qırağında səkkiz adam oturublar, Ata deyir, biz artacağıq, yüz olacağıq, min olacağıq, ancaq həmişə səkkiz olacağıq. Çünkü Atanın Evladı olmaq asan deyil. Özünü ötmək gərəkdir.

Həm toplum kimi olmaq, toplum necə düşünür, elə düşünmək, elə yaşamaq, həm də, Atanın Evladı olmaq kimi bir məsələ yoxdur. Toplumun (Cəmiyyətin) düşündüyünün tamam tərsini düşünürük, düşünməliyik. Toplumun yaşamının tamam o biri üzünü yaşayırıq, yaşamalıyıq. Hər dəfə vurğu edirəm, biz bu gün Azərbaycan xalqının içərisində, genelbəşər çapında götürəndə yenə də bir qom adam, “Ruhani Cəmiyyət”in (“Xəlqi Birlik”in) kiçik modelini yaşayırıq. Ortamımız odur. Ancaq hər birimizin səviyyəsi ona uyğundurmu?! – Olmalıdır! Yəni kef edə-edə, sağ-sol gedib özünü düşünən, evini, eşiyini düşünən (bunlar da gərəklidir. Ancaq bütün ömrünü ver ona, Ocaqdan heç sorağın olmasın, sonra da de, mən xalqın öyrətməniyəm, bu, yalandır) adamdan Ocaqçı alınmaz. Ona görə Atanın Evladı olmaq – xalqın öyrətməni olmaq asan deyil. Bu çətinliyi yaşayan, mən əminəm, fərəhlə dolur, fərəhsiz olmur. Toplumun həşiri ilə, tələbləri ilə Ocağın tələbləri arasında qalan insan üzülür. Ürəyinin gücü azalır. Bir ayağı orda, bir ayağı burda olan adam məhv olur. Bir gözü orda, bir gözü burda olan kor olur. “İki yana baxan çaş olar” – Atalar yanlış deməyib. Şüurun, mənliyin, varlığın Ocaqla olmalıdır. Əlin, əməyin məişətlə, evlə olmalıdır. Əgər deyilsə, heç vaxt demə, niyə Ocaq zəif yeriyir, niyə sürətli getmir. Daha sürətli getməsini istəyirsənsə, içinə dön bax. Sürətli getməsi üçün gərək sürəsən ki, gedə. Olduqca düşündürücü məsələdir. Mən də bu məsələni elə dərin düşündürücülük açısından vurğulayıram. O açıdan da yanaşmağınızı rica edirəm. Bu, Ocaqçının dəridən-qabıqdan çıxıb qaranəfəs yaşaması anlamına gəlməz. Ömürdə elə nizam yaradarsan, həm Ocağın fərəhini yaşayarsan, həm cismani yaşamını nizamlayarsan, qaranəfəs də getməzsən. Mən sizə niyə deyirəm, oxuyun, düşünün, yazın. Adam içdən qurulmalıdır. İdrak genişləndikcə, həqiqətlərə vardıqca o cür də yaşayırsan, o cür də ömür nizam tapır. Əgər ömür nizam tapmayacaqsa, biz məhv ola-ola, qaranəfəs Ocaqçılıq edəcəyiksə, onda Ocaqçılıq yaxşı şey deyilmiş ki. Ocaqçılıq gerçəkdən nizamla ömürləşən böyük fərəh olayıdır. Bunu edən, bunu axıra qədər yaşayan fərəhlə dolur. Qaranəfəs də yaşamır. Eləməyən günlərin bir günü deyər, Ocaq mənlik deyil, deyəsən heç Mütləq də yoxdur.

Mən də amaldaşlarıma hər zaman həqiqəti daha açıq vurğulamağa çalışıram, Ocaqçılıq bir yerə qədər – Ömürə çevirənə qədər çox çətindir. Ömürə çevirəndən sonra çox asandır. Mən heç bir vaxt ah-of eləmirəm. Mən bu boyda Ocaq işi görürəm, düşünürəm, yazıram, səfərə çıxıram, xalqın içinə çıxıram, evimlə də uğraşıram, ancaq bir dəfə ah-of eləmirəm. Tərsinə, içim fərəh seli ilə dolur. Çünkü yadınızdadırsa, mən Ocağın neçənci ilindəsə yazmışdım, “axır ki Böyük Yolun başlanğıcına gəlib çatdım”. Yol – Böyük Yolun başlanğıcına çatandan sonra başlayır. Ora qədər çətindir. Ora qədər hər kəs bəlli bir ömür yaşayır, topluma uyğun yaşayır. Sən birdən-birə topluma uyğunluqdan çıxırsan. Yavaş-yavaş artıq başqa cür oturuşmağa başlayırsan. Bu cür oturaşandan sonra hər şey çox sadə, gözəl olur. Hər birinizin ömrünüzdə dediyim məsələlərin çalarları, əlamətləri, biçimləri yox deyil. Tam da deyil. Tam olmaq gərəkdir.

“Ruhani Evlad Günü” mərasimi ilə bağlı genel vurğu edəcəyim məsələlər bunlardır. İndi istəyirəm, amaldaşlarım danışsın. Qonularla bağlı söz desin. Qonularla bağlı mən də söz deyəcəm.

Nurtəkin burada iki Ocaqçının adını yazıib. Gələnəksəl olaraq, Atanın sağlığında olan Ocaqçılar bilirlər, hər “Evlad Günü” mərasimində bir, ya iki Ocaqçı haqqında Amaldaşları söz deyirdi. Necə görürəm, necə tanıyıram, başlıca olaraq, onun Ocaqlaşma yönündə müsbət söz deyiblər. Mərasimdə tənqid yolverilməzdir. Uydurmadan, artırmadan, gerçəkdən gördüyümüz kimi, bildiyimiz kimi amaldaşımızın ömrü bizə nə deyir, onunla bağlı söz deyirik. Bu gün də Nurtəkinlə Günev haqqında söz deyilsin. Nurtəkinin Ocağa gəlişinin 25 illiyidir. Özəl bir gündür. Günev də Ocağın bir Evladıdır. Onlar haqqında sözümüzü deyək.

Birinci dediyim giriş sözünü Atanın adı ilə bitirmək istəyirəm.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Atamızın Bayrağını öpürəm.

Günev Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Ümumiyyətlə, Ocaq mərasimlərində mən elə əhvalda oluram, deyirəm, kaş mənə söz verməyələr. Duyğularım öz uyumunda qala, o duyğumda, o halımda yaşayam. Həmişə də bir sözü vurğulamışam, deyir, hansı dil gözəlliyin yanında lal olmamış?!

Soylu Atalı: Mərasimdə belə bir şey var, gözəl duyğuları yaradan, halları yaradan Ocaqçıların sözüdür. Biz səndə yaratdığımız kimi sən də bizdə yarat.

Günev Atalı: Özümdə olan halı deyirəm. Doğrudan da, məndə o duyğularımı nizamla ifadə edə bilməmək zəifliyi var.  Bu da söz kasadçılığından irəli gəlir yəqin.

Ocağın neçənci ili idisə, Nurtəkinin qoyduğu bu qonu qoyulmuşdu. Mən Atanın yanında idim. Ata dedi, oğul, mərasimdə qoyulan qonudan xəbərin varmı? Dedim, var. Dedi, mənə elə gəlir, bu səndə alınacaq. Atanın o vaxtkı münasibətini deyirəm. Bu mənim sorumluluğumu artırdı, Atanın ümidi var ki, qonu ilə bağlı məndə nəsə görür. Kim idim, kim oldum düşüncəsi ilə bağlı qonu idi. Orda bir cümlə vardı, yadımda qalıb. Çox şeyi naşı yazırdım, naşı deyirdim. Ata həmişə deyirdi, siz özünüzə inanmırsınız, Ata sizə inanır. Belə bir cümlə işlətdim, Ocağa gələndən sonra dünyanın halına ağlamaq qüdrəti duydum özümdə. Düzdür, Ocağa biz gələndə daha çox cazibəsinə gəlirdik. Atanın ömrünün bənzərsizliyinə gəlirdik, qeyri-adiliyinə gəlirdik. Dəhşətli maraq vardı, bir aşiqanəlik vardı Atada. İndiki ağlımla deyirəm, əslində heç vaxt nizamda olmayan, həm də getdikcə nizamı pozulan bəşərin halına ağlayan bir kişi çıxıb meydana. Oğulsan, buna biganə qal. Onda gərək bəri başdan, mənən özünə kəfən biçəsən, özünə deyəsən, mən ölüyəm. Atanı duymaq, Atanı dərk eləmək, Atanın ömrünü davam eləmək böyük sorumluluqdur. Asif Ata bəşər tarixində görünən bir ulduz idi. Ata adi parıldayıb sönən şəxsiyyət deyildi. Asif Ata bəşər tarixində uca bir şəxsiyyət idi. Bəşər tarixində olmayan idealı sənin dərk eləməyin nədir, səndən nələr tələb edirdi, necə bir sorumluluq tələb edirdi, onun yolunda yıxıla-dura, naşıcasına getmək nədir?! Mən özümdən danışıram, mən heç elə yaxşı dərk eləmirdim. Yük dəryasının dərinliyinə baş vurduqca bunun nə demək olduğunu anlamağa başladım. Elə bir dünyagörüşüm yox idi. Min illər boyunca özündən ayrı düşmüş bir xalqın sıradan bir övladı idim. Yüksək təhsilim yox idi. Ancaq hardasa bir duyğusallığım vardı. Keçmiş Ocaqçılardan biri, Özümlü, Ata ilə Beyləqana səfərə gəlmişdi, orda onunla rastlaşdım. Orda Atanı qorumaq üçün qıraqda adam qoymuşduq, tutarlar, məsuluyyətə cəlb edərlər. Şər içimizdən xəbər tutmamalı idi. Bu cür əhvallarla gəldim Ocağa. Adilikdən gəldim Ocağa. Gəlib Asif Atanı öyrəndikcə, Asif Atanı duyduqca, Asif Ataya olan yaxın təmasla elə bir hal yaranmışdı, bəzən içimdə də ifadə edə bilmədiyim bir əhvalda yaşamışam Evlad olaraq.

Ömrümlə bağlı onu deyim, ömrüm kölgəli keçdi. Parlaq bir Ocaqçı olmadım. Çünkü o çətinliyi dərk elədikcə sümüklərim şaqqıldayırdı. Axı bu yükü çəkmək gərəkdir. Elə sevirəm deməklə deyil ki. Mən bir kişinin arxasında dayanıram, bir kişinin davamçısıyam deyirəm, bir Ocağın Evladıyam deyirəm, bəşər tarixində olmayan bir olayın iştirakçısıyam deyirəm. Elə dindarın namaz qılıb borcundan çıxması kimi, borcumdan çıxım deməklə iş aşmır. Əməlsizlik, hünər azlığı həmin kölgəli əhvalı yaratdı. Mən bir müddət Ocaqdan qıraq qaldım. Sağ olsun, Soylu, Göylü, Nurtəkin köhnə dost kimi gəlib getdilər. Elə gözəl bir əhval gəlirdi, bu hal üçün onların əllərindən öpərəm. Burda qonuda baxıram, deyirəm nə xoşdur, mənim adım Nurtəkinin adı ilə yanaşı çəkilib. Nurtəkin, Göylü mənim gözümdə elə bir yüksəklikdir. Soylu elə bir ucalıqdır. Nurtəkin qədər duru bir Ocaqçılıq eləməmişəm. Nurtəkin kimi sabit, ardıcıl ola bilməmişəm. Ancaq Nurtəkinə olan heyrətim məni bu gün Günev elədi. Baxdım, yazarlığım yoxdur, Ocaq sinə dəftərliyim yoxdur. Bəs mən necə Ocaqçıyam, özümə Ataya verdiyim sözü xatırlatdım. Bir zaman demişdim (fəhlə işləyirdim), daş qaldıran bu əllərim kaş Ata Məbədini qaldırsın. Bunu da tam sorumluluğunu dərk etmədən demişdim. Ancaq Soylu tələbindən, Nurtəkin, Göylü, gəlişindən sonra mən artıq o yükü çiyinlərimə oturtmağa başladım. Nə xoşbəxtəm, Ocaqda bir üzə tutulası əməlin yiyəsi oldum. Evlad olmağımdan, o yükü çəkə bildiyimdən ürəyim sakitləşdi.

Soylu Atalı: Üzr istəyirəm, mən yenə müdaxilə edəcəm. Qardaş, təvəzökarlıq eləmə. Sən bölgədə böyük işlər gördün. Təkcə Beyləqan deyil, Ağcəbədidə, başqa yerlərdə sənin sorağın, səfərlərin, görüşlərin, apardığın işlər sıradan məsələlər deyil. Ona görə deyirəm, kim idim, kim olmuşam məsələsində çəkingən danışma.

Günev Atalı: Onları artıq sıradan əməllər hesab edirəm. Bəlkə də adiləşib artıq mənimçün. Bu gün Beyləqandan çıxandan bura gəlib çatana qədər Ocağı haraylamışam. Axırda su da verdilər, su iç, sonra danış. Bu mənim gündəlik həyatımın bir hissəsinə çevrilib. Soylu çox deyir, bu əməlləri yaz. Deyirəm, hər gün neçə nəfərlə görüşürəm, danışıram. Onların hamısını necə yazım. Bilirəm gərəkdir, əməlləri göyə sovurmaq olmaz.

Soylu Atalı: Hal məsələsi var. Atanın bir sözü var. Deyir, Ocaqda sıradan əməl yoxdur. Sizə ən adi görünən sıradan əməli belə yazın, sabaha çatdırın. Bunu boşuna demir. Bunu dəfələrlə izah eləmişəm, yazmışam. “Ata Yolu” qrupunda deyin. O işi gördüyünüz halla deyin. Amaldaşların bu hala ehtiyacı var. Bu əməli dinləməyə ehtiyacı var. Özünüzün gördüyünüz  fərəhli iş öz səsinizlə deyilsə, hamıya yaxşı etki göstərər. Bu bir tarixdir, bu bir yaradıcılıqdır, əməldir, əməkdir. Göytəkinə demişəm, Ocaq tarixini yaz. Kimin harda nə əməli var yaz.

Günev Atalı: Təkrarlandığına görə istəmirəm. Mən neçə ildir Məbədin işləri ilə uğraşıram. Hər gün xırda-xırda işi yazanda mənə elə gəlir, dağınıq bir şey yaranır. Onsuz da gələcək soylar hər şeyi axtarıb tapacaqlar. Sənin yazılarında tapacaqlar, Göytəkinin qeyd etdiyi tarixdə tapacaqlar.

Soylu Atalı: Hər biriniz gördüyünüz işləri deyin. Ocaq quruculuğu sizə adi gəlməsin. Mən bu gün İnamlı qardaşımla bizim evdə söhbət elədim. Dedim, Kürdəmirin, Masallının, Qazağın, Oğuzun xəbəri yoxdur, biz burda oturub söhbət edirik. Onların xəbəri yoxdur, ancaq biz onların gələcəyinin özülünü tökürük burda. Bunu sabaha çatdırmaq gərəkdir. Biz millət olaraq həmişə nədə axsamışıq, tariximizi yazmamaqda. Türk heç vaxt tarixini yazmayıb, gedib tarixini başqa yerdə axtarıb. Homerdən, Plutarxdan axtarıb. Biz öz tariximizi, işimizi yazmamışıq, dəyərləndirməmişik. Dəyərləndirmək gərəkdir, yazmaq gərəkdir. Xalq olmağın da, Ocaq olmağın da yolu budur. Sən bütün gördüyün işə bax, doğrudur, quş dimdiyində ot gətirə-gətirə yuva quran kimi eləmisən. Birinci otu qoyanda heç nə yox idi, ancaq indi yuva qurulub. Bunları vurğu eləmək gərəkdir. Məhəmmədin işinin önəmi nədə idi?! Ata niyə deyirdi, Quranda yaşayacaq tək şey Məhəmmədin haraylarıdır. Sizdən soruşuram, nə deməkdir Məhəmmədin harayları?

Göytəkin Atalı: “Allah birdir”.

Soylu Atalı: Doğru, Allah birdir. Min dəfə deyirdi, yeridirdi, Allah birdir. Atanın kitabını oxuyursunuz, Mənəviyyat, İdrak, İradə ilə bağlı yazılanlar adama təkrar kimi görünür. Vurğudur bu. Peyğəmbər işi vurğulardan oluşur. Mən Atanın dediklərini təkrar-təkrar görürəm, birində dərk edirəm, nə demək istəyirmiş.

Günev Atalı: Məhəmməddən qabaq da “Allah birdir” deyən olub. Musanın, İsanın da harayı o olub. Sadəcə olaraq, Musanın, İsanın da, Məhəmmədin də harayı bəşərin pozulmuş nizamına dözə bilməmək, buna çıxış yolu axtarmaq olub. Əsas haray bu idi.

Soylu Atalı: İsa İncildə Allah birdir deyə vurğu etməyib. Ancaq Məhəmməd vurğu edirdi, bütün Quranın başlanğıcından axırına qədər vurğu edir, “Allah birdir, Bütlər yoxdur”. Haray budur. Peyğəmbər işi vurğular deməkdir. Peyğəmbər işi vurğularla yeriyir beyinə, ürəyə, qana.

Günev Atalı: Bunu niyə dedim, bizim kənddə olanda Ataya Məhəmmədlə bağlı sual verdilər. Orda Ata Məhəmmədin harayı barədə dedi, mən dediyim formada demişdi. Məhəmməd dəvə karvanınn qabağında gedirdi, bəşərin viran qalmış halını görürdü. Buna çıxış yolu axtarırdı. Harayı Ata bu cür qiymətləndirdiyinə görə o sözü dedim.

Soylu Atalı: Çıxış yolu da o idi. Allah birdir harayı. Çünkü hər tayfanın bir bütü vardı. Heç kim bir araya gəlmirdi, heç kim bir bayrağın altına gəlmirdi. “Allah birdir”, yəni hamı bir araya gəlməlidir. Qurtuluş budur.

Günev Atalı: Atanın bütün Evladlıq tələblərinə qarşı həmişə özümü nəzarətdə saxlayıram. Həmişə nəzarətdə saxalayacağam, ölənə qədər. Çalışacam Evladlığıma zərrə də toz qonmasın. Çünkü kimin Evladı olmaq məsələsi var, hansı yükü daşımaq məsələsi var. Çox ağır sorumlu bir işdir. Camaatla təmasımda həmişə, hər vaxt Ata düşüncəsini ortaya çəkməyə çalışıram. Biri vətəndən danışır, ancaq vətənin nə olduğunu bilmir. Xalqdan danışır, bilmir xalq nədir. Atanın təyinləri ilə deyəndə göz kəlləyə çıxır yaxşı mənada. Yanaşırıq, deyirik, yeni duyğularla çevrəni kökləyirik. On gün bundan qabaq qonşu kənddən olanlarla geniş söhbət etmişik. Hər yanda, bütün kəndlərdə məscid tikildi. Bizim kənddə o həvəs silindi getdi. O vaxtı araşdıranlar dedilər, başqa kəndlərdə narkotik istifadəçiləri çoxdur, sizin kənddə azdır, sizin fəaliyətinizin sonucudur. Bu özü bir uğurdur.

Atamız Var olsun!

Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Xoş gəlmisiniz. Yenidən evimdə mərasim gerçəkləşdirilməsi mənim üçün özəl bir fərəhdir. Həm də hər bir Ocaqçını canlı görmək fərəhlidir. Bu gün həm də mənim günümdür. “Evlad Günü” mən Ocağa gələndə 1 Şölə Ayında keçirilirdi. Mən Atanı bir il görmüşəm, bütün mərasimlərdə bir dəfə olmuşam. Evlad Günü mərasimində iki dəfə oldum. Atanın hər mərasimi necə özünəxas keçirdiyini gördüm. Hər mərasimdə Ocaqçıların çıxışı, Ocaqçıların dəyişməsini, halını, əməllərini görmək, bunları yaşamaq xoşbəxtliyini qazandım. 25 ili həqiqətən bir yazıya sığdırmaq çətindir.

Həm Ocaq olaraq, həm də mənim özüm bir Ocaqçı olaraq, çox şeylər yaşadıq. Çox şeylərdən keçdik. Həm Atanın sağlığında, həm Atanın ölümündən sonra olaylar hər biri öz-özlüyündə bir aşama oldu, hər ilin özü bir aşama oldu. Hər yaşantının özü həm sarsıntı, həm fərəh oldu. Mən bu 25 ili Ocaqla olduğuma görə, Ocaqla birlikdə böyüdüyümə, yürüdüyümə görə özümü şanslı hesab edirəm. Nə yaxşı, o zaman mən Atanı tapdım. Çünkü Atanı tapmaq özünü tapmaqdır, özünü qurmaqdır, özünü yaratmaqdır. Atanı tapmaq – artıq yeni bir ömür deməkdir.

Düşüncələrimi qeyd etmişəm, onu oxumaq istəyirəm.

Yol gedənindir. Onu sevənindir. Ona özünü verənindir. Yol sənsən. Atdığın addım sənin cığırındır, səndən sonra gələcək olanların daha böyük yola çevirəcəkləri cığır. İlk cığır açanlar daha sorumlu, həm də daha fərəhlidirlər. Bu fərəh adamı başqa saxta fərəhlərdən qoruyur.  Bu fərəh adamı həyata enməyə qoymur. Çünkü bu fərəhdə Mütləqə qovuşursan. Atanın qarşısında üzüağ olduğunu özünə bir daha deyirsən. Dəyərini anlayırsan. Dünyaya niyə gəldiyini özünə təsdiqləyirsən. Var olduğun üçün sevinirsən. Çünkü Amalla bağlı əməl İnsanı Var edəndir.

Atanın  ölümündən bu yana çox yollar keçdik. Keçirik də. Hər dəfə dediyimiz, bölüşdüyümüz məqamlardır ömrümüzdə özəl yer tutan. Çünkü Atanın ölümü ilə Ocaq yaşamında, gedişində dəyişikliklər oldu. Çox şeylər yaşandı, sarsıldıq, fərəhləndik, kədərləndik, ancaq durulduq, doğrulduq, var olduq. Özümüzü var etdik, yolumuzu, yönümüzü var etdik.

Mən ömür yolumdan danışarkən, Soylu Atalını özəl olaraq vurğulamalıyam. Çünkü Nurtəkin Atalı ona görə var oldu ki, Soylu Atalının böyütməsi, yönətməsi, düşüncə bölüşmələri  oldu. Ən önəmlisi Soylu Atalının Atanın ölümündən sonra özünü yaratması oldu. Mən onu Atanın sağlığında da tanıyırdım. Atanın ölümündən sonra gündən-günə onun necə dəyişdiyinin görəni oldum. İndi də biz onun necə dəyişdiyini, getdikcə daha da yetkinləşdiyini görürük. Çalışmalarıyla, əməlləriylə, Amala çağırışlarıyla, diqqətiylə, sevgisiylə, sorumluluğu ilə o, bizi kökləyir, düşüncələriylə yeniləyir. Ruhsal döyüşçü kimi bir an da dayanmır, bizi də dayanmağa qoymur.

Nağıllarda deyilir, geriyə baxma, baxsan daşa dönərsən. Ocaqda da dayanmaq olmaz. Dayansan, daşa dönərsən. Dayansan həyat səni əngəlləyər, yoluna davam edə bilməzsən.

Mən son illərdə hesabat verməmişəm. Öncələr, hər il hesabat verirdim. Qabaqlar mənim ay içində çox əməllərim olurdu. Ancaq indi ay içində barmaqla sayılacaq əməllərim olub. Son bir neçə ildir, gərək olduğu kimi əməlçi, gərək olduğu kimi Ocaqçı kimi yaşamıram. Onun fərqindəyəm.  Heç bir şey, qayğılar bəhanə ola bilməz. Ocaqla bağlılıq mənim ömrümün sütunudur, özülüdür. Mənum güc aldığım Ocaqdır, Atadır, Ocaqçılardır, Soylu Atalıdır. Bu güc məni ayaqda saxlayır. Mən bilirəm, mən bu çətinliyi ötməliyəm, ötəcəm də. Başqa yolum da yoxdur. Doğrudan da, Ocaq fərəhi olmadan yaşamaq çətindir.

Soylu Atalı: Fərəhsiz toplumda fərəh olmasa, öz Yolunda fərəh ortamı olmasa Ocaqçı üçün yaşamaq cəhənnəm kimi bir şeydir.

Nurtəkin Atalı: Ona görə mən özüm haqqında bir şeyi deyə bilirəm, mən Nurtəkin Atalıyam, mən Ocaqda varam, mən Ocaqda var olacam. Bu var olmanı da hər dəfə təsdiqləməliyəm. Bundan artıq özüm haqqımda danışmaq istəmirəm.

Günev qardaş haqqında danışmaq istəyirəm. Günev qardaşı ilk dəfə Atanın sağlığında gördüm. Bir mərasim yetərdi, hər bir Ocaqçı çıxış edəndə onu görə bilirdin, həmin Ocaqçıya Atanın münasibəti görünürdü, Ocaqçının özünün səviyyəsini də görürdün. Mərasimdə başı dik, səbrlə, heyrətlə danışan Ocaqçı kimi qalmışdı yadımda. Bayaq Günev qardaş deyir, mən danışmaq istəmirəm. Ancaq Günev qardaş danışanda mən istəyirəm, o dayanmasın. Çünkü onun içdən danışması, duyğuları, aşiqliyi, heyrəti başqa bir güc verir şəxsən mənə.

Günev qardaş Atanın ölümündən sonrakı zamanlarda da yanımızda oldu. Bir ara Ocaqdan uzaq düşsə də, yenidən görüşdük. Beyləqanda bir oxulda görüş keçirməyə getmişdik. Günev qardaşımız da qatıldı. Bundan sonra başladı ordakı əməlləri. Atanın istəyi, qutsal diləyi olan Məbədin tikintisinə başladı, bitirdi. Eşqiylə, ürəyiylə. Sarsılmaz fədakarlığı ilə tikdi onu. Ocaqçı – getdiyi hər yerə işıq saçır. Onun varlığı yaşamındakı doğruluqlarıyla etkiləyir. Sevgisi, heyrəti, idrakı, iradəsi ilə etkiləyir. Günev qardaşın da ardıcıl xalqlaşması onun ruhunun yetkinliyindən, Ataya, Ocağa nə qədər bağlı olduğundan soraq verir.

Mənim bu dediklərim Günev qardaşı tam ifadə etmir. Ancaq ona sevgim, ona heyrətim sonsuzdur. Ocaqda onun varlığına hədsiz sevinirəm. Hər bir Ocaqçının varlığı ayrıca bir dəyərdir, ayrıca bir fərəhdir. Ona görə Var olun! Atamız Var olsun!

Günev Atalı: Var ol. Çox sağ ol, mənim ömür yoluma diqqət yetirdiyinə görə. Siz danışanda nəsə iş gördüyümü hiss edirəm. Mən özümü az əməlsiz sayıram. Qane olmuram içimdə özümlə. Ancaq doğrudan da, mənim anım Ocaqsız olmur. Kənd adamıyıq, hər an orda-burda, kənd içində kimlərləsə rastlaşırıq. Söhbətlər çox olur. Öncələr yazırdım. Gündəlik dəftərim də var. Sonra təkrar kimi göründü mənə, o da mənim çatışmazlığım oldu, davamlı yaza bilmədim. O barədə özümlə yaxşı döyüşmürəm. Bayaq mənimlə bağlı deyildi, xalqlaşma işi ilə bağlı, bölgədəki işlərim, yetərincə əməlim var. Ancaq yenə mənə boşluq kimi görünür, razılaşmıram.

Soylu Atalı: O yaxşı şeydir, özünlə barışmamaq, razılaşmamaq yaxşıdır. Özünlə barışsan dayanarsan. Barışmırsan, az sayırsan, ancaq heç saymamalısan.

İnamlı Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Mən Ocaqçılara baxıram, Günev bu qədər iş görüb. Belə deyirsə, mənim heç danışmağa haqqım yoxdur.

Günev Atalı: Ayaqda durmağının özü bir gözəllikdir. Elə bir söykəkdir, elə bil mənim hərəkətimə köməkdir.

İnamlı Atalı: O vaxt mən Ocağa böyük bir həvəslə gəlmişdim. Atanın cazibəsinə gəlmişdik. O vaxtlar cəbhədə döyüşlər gedən dönəmlər idi. Mənim də həftələrlə meydanda yatdığım olub. Elə olurdu, gedirdik rayona, yenə qayıdırdıq. Elə bir coşqulu bir dövr idi. O dövrdə Ata ilə Malik vasitəsilə tanış oldum. Yolunu da gördüm, inandım ki, yeganə yol budur, tam yoldur. Başqa yollar sonludur, axıra qədər deyil, həqiqəti tam ifadə edən yollar  deyil. Asif Atanı bütöv həqiqətçi kimi gördüm, Atanın cazibəsinə Ocağa gəldim. Böyük həvəslə, coşqu ilə gəldim. O vaxt bizdə Güney Ailəsində işlər gözəl gedirdi. Atanın ölümündən sonra olaylar başqa məcraya yönəldi. Bir növ küsdüm, acıdım, Ata ilə Ocaq da qutardı kimi düşündüm. Nə  yazıqlar, ayrıldım. Soylu haqqında başqa yanlış düşüncə formalaşmışdı, mən də o düşüncədə idim. Özümün də içimdə Soylu ilə barışmazlığım vardı. Ocağın parçalanmasına səbəb olması fikri var idi. Ancaq o biri ayrılanlara baxanda anlayıram, həqiqi, düz yolu tutan Soylu imiş. Mən o vaxtlar bunu anlamamışan. Soylu ilə təkrar qarşılaşana qədər bu düşüncədə də qalmışdım. Elə ki qarşılaşdım, Soylunun evində arxivi gördüm, siz bacı-qardaşlarım haqqında necə həvəslə, hansı duyğularla danışması mənim yenidən gözümü açdı. Elə bil yenidən doğuldum.

Özümün Ocaqdakı fəaliyyətim sizə baxanda çox zəifdir. Qaldı, qardaşımla bacım haqqında deyəcəyim sözə, tək onlar deyil, hamınız haqqında Soylu gözəl danışıb. Məsələn, Göylü haqqında Soylu elə danışıb, mən Göylünü o vaxtlar gördüyümü heç xatırlamıram. Sizin böyük, danılmaz əməlləriniz var.

Sizə heyrətim var. Siz mənim üçün, Soylu başda olmaqla, mayaksınız, örnəksiniz, yolsunuz. Atadan sonra elə bil Atanın boşluğunu doldurursunuz. Sizin əməllərinizə baxanda mən köklənirəm, sizinlə söhbət edəndə sanki yenidən doğuluram, yenidən meydana atılıram. Həyat məsələləri vaxtımı çox alır. Ancaq bunu da yoluna qoymaq gərəkdir, mənim yaşım elə yaşdır, artıq geri addım atmaq mənə yaraşmaz. Sizin haqqınızda özünüzdən eşitməmişəm. Ən çox Soyludan eşitmişəm, kitablarınızdan oxumuşam. Hətta bir dəfə Soylu ilə danışanda belə bir söhbət elədi. Dedi, siz harasa görüşə getmisiz, cibinizdə pulunuz olmayıb. Bir dönər almısınız, onu elə hansısa ağacın altında bölüb yemisiniz. O söhbəti eşidəndə dedim, bu nədir, bu insanlar hardan gəlib, bunlar bu Yer kürəsinin insanları deyil. Bunlar göydən gəlib. Adam həqiqətən baxır, görür, siz Ocağı necə yaşatmısınız. Elə Məbəd tikmək özü böyük məsələdir, müsəlmançılığın içində, bu qədər təzyiqlərin qarşısında bunu etmək çətindir. Biri ilə mən söhbət etdim, deyirəm, sən deyirsən, cənnət, cəhənnəm var. Lap deyək, var. Axı bunun əsası nədir?! Mənə ya ağılla, ya elmi yolla bir dəlil gətir. Dedi, Quran belə yazıb. Deyirəm, Quran da bir beynin məhsuludur, bu da bir insanın gətirdiyi bir düşüncədir, bir ideyadır. O elə hayqırdı mənim üstümə, bu Qurana inanmır, Əhli-beyti qəbul etmir. Allahı qəbul etmir. Bu cür çətinlikdə, bu cür mühitdə Məbəd tikmək necə böyük məsələdir. Mən deyirəm, nə qədər aciz olmuşam, adi sözün qarşısında aciz qalmışam. Bu kişi Məbəd tikib. Gör necə təzyiqlər olub orda, ancaq o geri addım atmayıb. Mən həqiqi sizə heyrət edirəm. Bacıma da bir daha çox sağ ol, deyirəm. Hamınıza var olun, deyirəm. Soylu qardaşımızla söhbət edəndə deyirəm, mənim böyük qardaşım zəhmli biri idi. Həmişə atamızdan çox ondan çəkinirdik. Biz artıq bəlli bir yaşa çatmışdıq. Bir dəfə bizdə oturub söhbət edirdik, yenə anlaşa bilmədik. Qalxdı ki, məni vura. Mən dedim, nə olsun sən məndən altı-yeddi il qabaq olmusan. Axı biz qardaşıq. Niyə biz qardaş kimi anlaşa bilmirik, sən ağa kimi davranırsan?! Ondan sonra o demişdi, sənin o sözün məni ayıltdı. İndi cəmiyyət də elə bir durumdadır. Azərbaycan xalqı bu dünyanın içərisində Çinə, başqalarına baxanda kiçik xalq olmasına baxmayaraq ayılmalıdır.

Biz ayılmalıyıq, bir ailə olmalıyıq. Biz onların bir tayfası qədərik. Bu düşüncədən sonra acığım gələnlərə qarşı da ürəyimdə məhəbbətim yarandı, mənə qarşı çıxanlara da ürəyimdə məhəbbətim yarandı. Hər kim olur olsun, mənim xalqımın nümayəndəsidir. Mənim şagirdimdir. Mən onu öyrətməliyəm. Mən öyrədə bilmirəmsə, doğru yönə çəkə bilmirəmsə bu mənim zəifliyim, acizliyimdir. Eyni zamanda mən özüm burda Ocaq bacı-qardaşımdan öyrənirəm. Bir daha var olun. Ocaq naminə çox yaşayın, bizim üçün örnək olun mayak olun. Atamız Var olsun!

Ulusəs Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Deyildiyi kimi, Ata sözündən sonra Evlad sözü qutsal sözdür. Yəni Olaydır. Evlad olayı doğrudan qeyri-adi olaydır. Ata təkdir, Evlad çox ola bilər. Soylu deyir, Nurtəkinlə Günev haqqında söz deyin. Ocaqda yüz nəfər Evlad olsaydı, mən ayrıca Günev haqqında söz deyə bilərdim. Ocaqda indi olanlar elə bil seçilmişlərdir. Heç birini bir-birindən ayırmaq olmur. Baxmayaraq, iki gənc təzə gəlib Ocağa. Onlar da gəldiyi andan özlərini əsil Ocaqçı kimi tanıtdırıblar. Ona görə kimisə kimdən üstün tuta bilmirəm. Bir neçə il bundan qabaq mən Evladlıq haqqında düşündüm, bir yazı da yazmışdım. Yazı yazmaq üçün nə qədər düşünmək gərəkdir, Evladlıq olayını düşünmək, anlamaq, mənasını başa düşmək gərək idi. Mən orda Günev, Nurtəkin, Göylü haqqında yazanda öyrəndim, onlar nə ediblər, Evlad olaraq nə iş görüblər, Evladlığı özlərinə sığışdıra biliblərmi, Evlad ola biliblərmi?! Evladlıq özü nə deməkdir, bu əməllər Evladlıq əməlləridirmi?! Çox uzun yazıdır. Günevin gördüyü işləri sadalamaq istəmirəm, işlərini davam elətdirir. Göylünün də işlərini hamı bilir. Nurtəkin mənim üçün daha özəl bir Evladdır. Çox danışmaq olar, bir şeyi demək istəyirəm, bəlkə də Ocaqçıları hansısa səbəblərlə Ocaqdan dartmaq, qopartmaq olar. Ancaq Günevlə Nurtəkini heç cür Ocaqdan qoparmaq olmaz. Evlad olmaq böyük xöşbəxtlikdir.

Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Bu gün yenə fərəhli, sevincli bir gün yaşayıram. Başlıca səbəbi sizlərlə yenə də canlı bir arada olmaqdır. Həm də az bir vaxt qalır, mənim də Ocağa gəlişimin bir ili tamam olacaq. Keçən il bu vaxtlar başlamışdım, tədbirlərə qoşulurdum. Bir ildə nə dəyişdi, nə əldə etdim, hardan hara gəldim?! Bunu özümə daha yaxşı aydınlaşdırmaq üçün bu yolla rastlaşana qədərki zamanları da düşündüm. Çünkü təxminən bir il bundan qabaq düşüncələrim o qədər qarışıq idi, bunu sözlə ifadə edəcək gücüm də yox idi. Bu gündən dayanıb baxanda o hallarımı daha yaxşı anlaya bilirəm. Bunu düşündüm, qeyd etdiklərimi oxumaq istəyirəm.

İçimdə dinlə bağlı sakit-sakit səslənən şübhələr son zamanlar sanki birdən-birə bağırmağa başlamışdı. İbadəti gah edirdim, gah etmirdim. Etmək də içimdən gəlmirdi. Heç bilmirdim, özümü aldadıram, ya Allahı. Ən pisi o idi ki, hərdən “görəsən varmı o” sualı qəfil içimdə baş qaldırırdı. Əgər vardısa, doğrudanmı bu ibadət məsələsini bizə o buyurdu, ya da əgər doğrudan da o vardısa, mənim içimdə olan bu qarışıqlığa, narahatlığa niyə bir aydınlıq gətirmir kimi düşüncələr də baş qaldırırdı içimdə. Bəs nədən bu yol işə yaramırdı?! İnsanlara nəzər yetirirdim, hər kəsin dilində Allah kəlməsi vardı. Ancaq onlar Allahlı idilərmi?! Yox! Bu yolda birinin insan olaraq yetişdiyini görə bilməmək ümidlərimi qırırdı, bu gündən sonra da yetişə biləcəyinə inamım yox idi. Hər şey yalnız cənnət-cəhənnəm mənasızlığından ibarət ola bilməzdi. Bu cür gözəl, sirlərlə dolu dünyada məndən – heç nə düşünmədən, heç nəyə yetmədən, heç nə dərk etmədən, cənnət naminə ibadətə həsr olunan bir ömür istəməyin özü ədalətsizlik deyildimi?! Əgər bu dünyada ədalətin olacağına ümid yoxdursa, günahsız uşaqlar aclıqdan, səfalətdən, əzabdan, azğınlıqlardan, müharibə dəhşətlərindən qurtula bilməyəcəkdisə, haqsızlıq, insanın insana vəhşicə davranışları, işgəncəsi bitməyəcəkdisə, onda bu yol nəyə gərək idi?! Mənim diz çöküb yalvarmalarım bunların hər hansı birini dəyişdirməyəcəkdisə, onda bu ibadətin özü nəyə gərək idi?! Dünya, həyat, yaşamaq belə mənasızlaşırdı gözümdə. Ümid verəcək nəsə vardımı?! Heç nəyi düşünmədən yaşamaq da mümkün deyildi. Axı mənim içimdə cəhənnəm qorxusu vardı, ölüm adlı kabus vardı, axı bu ömür gec-tez bitəcək. Geriyə nə qalacaq, bu gözəl dünyada azad, qorxusuz yaşamağımı seçim, yoxsa o biri dünyanın yarı inanıb, yarı inanmadığım cənnətinimi?! İnama gələnə qədər, o vaxtlar sözlə ifadə edə bilməsəm də, bu cür hallar yaşayırdım.

İnamla (Ocaqla) rastlaşandan sonra yaşadığım halları da düşündüm. Öncə Soylu bəyi dinlədim, suallar verdim. Bəzi yazıları oxuyanda elə bil yıxılmışdım içimdə. Heç qəbul edə bilmirdim bu çağa qədər böyük bir yalanın içərisində yaşadığımı. Ətrafıma baxanda məni pis  etkiləyirdi, heç kim belə bir yalanın içində yaşadığının fərqinə varmır, sorğulamır, axtarmırdı. Nəinki heç kim sorğulayıb axtarmırdı, bunu kiməsə desəydin heç dinləməzdi də, adama düşmən kəsilərdi. Mən də özümə qarşı inamsız, cəsarətsiz biri idim. Sanki iki yolun ayrıcında qalmışdım. Bir geri qayıtmaq vardı, bir də qarşımda yeni dünya açılmışdı, ora doğru addımlamaq vardı. O gücü özümdə tapa bilmirdim. İlk başlarda adam nə qədər anladım desə də, bu Yol – irəlilədikcə, oxuduqca, düşündükcə, yaşadıqca dərk olunur. Geriyə addımlamaq da mənim üçün ölümü qəbul etmək kimi bir şey idi. Ona görə sizlərin sevgisinə dayandım. Doğrudan da, mən Ocağın insanı addım-addım böyütməsini gördüm. Hər atdığım addımda, hər hansı bir kiçik əməlimdə mənə elə bir sevgi ilə yanaşdınız, elə təqdir etdiniz, mənim özümə inamım artdı. Anladım ki, insan özünü məişət həyatından nə qədər ayıra bilirsə, özü nələri dərk edir, nələrə yetirsə, o dərk etdikləridir, yetdikləridir onun ömrünün mənası. Ocağa gələndən sonrakı dönəmdə nələrin dəyişdiyini görmək üçün gündəliyimə təkrar nəzər saldım. Gündəliyi Ocağa gəlməmişdən beş-altı ay əvvəl yazmağa başlamışam. Hər gün yaşantılarımı yazmışam. Gündəlikdə özümlə səmimi olduğum anlar da olub, ancaq bu gündən baxanda görürəm, daha çox özünü gizləmə var. Onları gördükcə adam həm daha ciddi özünə yönəlir, həm də bir il içində özündə baş verən dəyişiklikləri görə bilir. Etiraf məsələsi çox ciddi məsələdir. Bu yaxında Soylu bəyin “İnam Sorağında” kitabını təkrar oxudum. Bu dəfə daha fərqli etkilədi məni. Onun özü ilə bağlı etiraflarını oxudum. Düşündüm, məndə də belə yanaşmalar, belə özünü gizləmələr olub. Adam özündəkini görə bilmir. Atanın bir deyimi var. İnsan olmaq çətin işdir. Bu cümlə öncə mənim üçün adi səslənmişdi, ancaq indi onun çətinliyini duyuram. Çünkü hər nə qədər özümə qarşı yönəlirəmsə, görürəm ki, bir şeylər qaçır. İnsanın özünü tamam nəzarətdə saxlaması, insanlarla münasibətlərdə  bütün duyğuları  tamam  ələ alması çox çətin işdir. Bu son zamanlar daha çox özümə yönəlirəm, özümlə döyüşü artırmışam. Ömür qurmaq bir anın içində baş verən şey deyil, davamlı olmağa çalışıram.

Nurtəkin bacı ilə bağlı bir neçə söz demək istəyirəm. Doğrudur, Ocaqda qadın, ya da kişi ayrılığı yoxdur. Ancaq Ocağa gələnə qədər bizim şüurumuzda formalaşmış düşüncələr vardı, qadının istənilən ortamda ola bilməməsi, qadının əqidə yolunda ola bilməməsi, sona qədər yol gedə bilməməsi kimi düşüncələr vardı məndə. Öncə o yöndən marağım yarandı, onunla əlaqə yaratdım. Öyrənmək istəyirdim, bir qadın üçün əqidə yolunda irəliləmək, sona qədər davamlı olmaq, usanmamaq nə deməkdir. Bizdə səfərdə olanda onunla daha ətraflı söhbət etdim, daha yaxşı tanıdım. Heyrət etdim, onun həyatında o cür çətinliklərə baxmayaraq, hamının ona qarşı olmasından belə yorulmamasına, usanmamasına, yıxılmamasına. Dediyim kimi, ilk başlarda cəsarətsizdim, Nurtəkin bacı ilə söhbətdən sonra sanki bir aşama irəli getdim.

Günev əmi ilə bağlı onu deyim, həmişə Günev əmi baradə düşünəndə onun zəhmətlə pillə-pillə bir tikilini qaldırması, çəkdiyi zəhmətə baxmayaraq, üzünün fərəhli, sevincli halı ilə canlanır xəyalımda. Hər zaman Ocaqçıların işləri ilə bağlı düşünəndə ilk ağlıma gələn Günev əminin dayanmadan Məbədin işləri ilə uğraşması olur. Hər an çalışması bizə də fərəh gətirir. Ocağa gəlməmişdən lap öncələr bir ömür yaşayıb bəlli bir yaşa çatmış insanlara fikir verirdim, yaşlandıqca ətrafındakıların gözündə sanki dəyərsiz birinə çevrilir, gənclik üçün də örnək ola bilmir. Onun ömründə gənclərə örnək olan bir şeylər də olmur. Elə adamlara baxanda içimdə qırılırdım ki, yaşamaq budurmu, bir vaxt gələcək mən də belələrindən biri olacam?! Ancaq bu gün baxıram, Günev əmiyə, eləcə də İnamlı əmiyə, nə gözəl onlar öz ömürlərində nələrəsə yetiblər, inama kökləniblər. Bu gün onların gəncliyə deyəcək sözləri var. Günev əminin ömrü həm gənclik üçün, həm millət üçün böyük örnəyə, dəyərə çevrilib. Bunun özü də məni yaşamağa bağlayır. Ona görə hər biriniz var olun.

Atamız Var olsun!

Soylu Atalı: Mən də gediş yazısında adları yazılan amaldaşlarımın haqqında bir neçə söz deməyə həm borcluyam, həm də gərəkli bilirəm. Öncə yenə bir xatırlatma eləmək istəyirəm sizə. Ocaqda heç kimi özəlləşdirmək gərək deyil. Özəlliyi, fərqliliyi Ocaqçı özü qazanır. Söz yox, biz amaldaşlarımızın hamısını sevirik. Ancaq Ocağı yaşayan Ocaqçı, Ocağı yaşadığı qədər, Ocağı yaşatdığı qədər fərqlidir, üstündür, özünəxasdır. Nə edirsən et, bunu dana bilmərik. Yenə vurğu edirəm, bunu Ocaqçı özü yaradır. Mən deyim, Günev üstündür. Günev üstünlüyü yaratmasa mənim dediyim işə keçmir axı. Üstünlüyü Günev özü yaradır, mən də onu görüb deyirəm. Sonra İnamlı qardaşımızın sözü ilə bağlı bir xatırlatma da edim. Xahiş edirəm, bunu tənqid kimi qəbul etməyin. Ocaqçıya qarşı qibtə sözü yoxdur, heyranlıq sözü var, heyrət var. Qibtə azdır. Çıxışlarımızda, söhbətlərimizdə nəzərə almaq üçün deyirəm. Ocağın özünün anlayışları var, Ocaq haqqında, Ata haqqında, Evlad haqqında işlədiləcək anlayışlar var.

Bir xatırlatma da edim, Ölügötürmə kurallarında bir şey yazmışam. Əgər söhbət Atadan gedirsə, ona rəhmət yerinə “Ocağı Var olsun” demək gərəkdir. O sözü düşünüb tapmışam. Biz belə tövsiyə edirik, belə  deyilsə, doğrudur. Bizə sayğı duyanlar da belə desin. Anlayışlar özümüzdəndir, özümüz işlədirik, yaşadırıq. Toplum da bizdən götürür, öyrənir. Toplum nə bilirdi, Evlad sözü nədir, Ocaq sözü nədir, Ruhani mərasim nədir. Biz deyirik, onlar da deyir, onların beyninə yazırıq bunu.

Ocaqçılar özəlləşdirilmir dedim. Hər Evlad Günü mərasimində bir, ya iki Evlad haqqında gediş yazısında məsələ qoyulur, onun haqqında söz deyilir.

Bu onun ayrılıb özəlləşdirilməsi anlamına gəlməz. Bu Evladların bir-birini tanıması üçündür. Bir Evladın, bacı-qardaşımızın başqası haqqında düşüncələrini bilməyimiz üçün gərəkli bir şeydir.

 

İndi bu iki amladaşım haqqında bir neçə söz deyim. Asif Atanın yaratdığı Ocaq, yaxşı bilirsiniz, qeyri-adi bir şeydir. Sovet dövründə durasan Ocaq yaradasan, yaxşı ki, Atanı asmayıblar. Bilə-bilə bu Ocaq dinə qarşıdır, Quruluşa qarşıdır, rejimə qarşıdır, yalançı dövlətə qarşıdır, Ocaq yaradıb ortaya gətirəsən. Heyrət doğuracaq məsələdir. Bəs Ocaq nəyə qarşı deyil?! – İnsana qarşı deyil, vətənə qarşı deyil, xalqa qarşı deyil, bəşərə qarşı deyil. Onları qorumaqdır. Necə qorumaqdır, dinə qarşı olmaq – insanı qorumaq üçündür, xalqı qorumaq üçündür. Quruluşa qarşı olmaq – yenə insanı, bəşəri qorumaq üçündür. Quruluş insanı basıb yeyir. Belə bir zamanda Ocaq yaradasan, deyəsən, axmaq Quruluş, mən səndən insanı qoruyacam, yalançı din, mən səndən insanı qoruyacam. Bunu yaradasan dilə gətirəsən, bu sıradan bir məsələ deyil.

Biz bunu deyirik ifadə edirik, içində yaşayırıq. Bəlli bir ortam yaranıb, oturuşma gedib. Bizə asan görünə bilər. Ancaq olduqca mürəkkəb, olduqca çətin bir məsələdir. Belə “qorxulu” bir işi yaradıb ortaya gətirəsən, bunun arxasınca düşəsən. Biz heç özümüz bilmirdik, Asif Ata nə deyir, düzmü deyir, əyrimi deyir, bizi hara çağırır. Ocağa gələndə mən düz-əməlli bimirdim, bu kişi məni hara aparır, heç sual vermək halında da deyildim. Ancaq onu o çağlarda dərindən bilsəydik, silkələnsəydik, ya içimizdə bir güc dillənib bizi Ocaqda oturdacaqdı, ya da deyəcəkdi, get işinlə uğraş, bu qorxulu bir işdir. O çağlar durum belə idi. Belə bir qorxulu işin arxasınca düşəsən, bunu yaşatmağa and içəsən, üzərinə götürəsən, sıradan bir məsələ deyil. Ocağın dəftərinə adını yazdırmaq hələ Ocaqçı olmaq deyil. Məktəbdə görüş keçirdiyimə görə 16-cı ildə məni “bandotdel”ə çağırdılar, sorğuya çəkdilər.  Keçmiş İşıqlı (Elçin Qaliboğlu) Ocağın adına olan saytı, özünün feysbuk səhifəsini bağladı, yoxa çıxdı. Yəni deyirəm, siyahıya yazılmaqla deyil, için olmalıdır, beynin olmalıdır, düşüncən olmalıdır, içsəl gücün, qüdrətin olmalıdır. Ocaqda dayanmaq, qalmaq, yaşamaq, yaratmaq sıradan insanın işi deyil. Qapını açıb Ocağa gəlmək bir şeydir, Ocaqçılıq səviyyəsinə yüksəlmək bir ayrı şeydir.

 

Ocağın siyahısına adını yazdırandan sonra o cür keşməkeşlər keçdi, yaşadı Günev. O cür keşməkeşlərin içində yenə halı, sağlıq durumu imkan vermədi, on il Ocaqdan qıraqda qaldı.

Ancaq ora qədər də Günev mənimçün dəyərli idi. Atanın ölüsünü ortadan qaldırdıq. Heç kim deməsin ki, o hünər hər kəsdə ola bilər. Hünər Günevdə vardı. Evindən götürdü Atanın meyidini. Apardıq, Günevin saldığı bağda torpağa qoyduq, Günev hər kəsə, hər şeyə sinə gərdi. Bu nə demək idi, İrana qarşı sinə gərmək idi, Ərəbistana qarşı sinə gərmək idi, Sovetizmə qarşı sinə gərmək idi, doktrinalara qarşı sinə gərmək idi. Sıradan bir adamı aparıb torpağın altına qoymursan, dünyaya söz deyən, dünyanı silkələyən bir insanı evində torpağa qoyursan. Özü də topluma ismarıc verdi, “Amal Bağı”nda imkan verməsələr otağımın döşəmə taxtasını sökəcəm, torpağı qazıb orada basdıracam dedi. Bu mənim evimdir, mənim haqqımdır. Heç kim mənim evimə burnunu soxa bilməz. Bunu hər oğul eləyə bilmir, deyə bilmir. Mən bilmirəm, Soylu olaraq, bu hünəri o vaxt göstərə bilərdimmi, ancaq Günev göstərdi. Ondan sonra bir az zəif düşdü, Ocaqdan qıraq qaldı. Bizi görəndən sonra yenidən başladı. Mən Günevi tanıyırdım, bilirdim. Onun içinə bələd idim, onun duyğularına bələd idim. O bizim kənddə atamın evində də olub. Ocağa ilk gəldiyi gündən Günev mənim ağlıma, ürəyimə yazıldı, həm amaldaş kimi, həm də dost kimi. Ocaqdan qırağa durdu, ancaq mənim içimdə dostluğumdan qırağa durmadı.

Nə demək istəyirəm, Günev bizi görəndə (məndən 10 yaş böyükdür) ağladı, göz yaşı tökdü. Yenidən Ocağın yükünün altına girdi. Söz yox, yenidən bu yükün altına girməsəydi, Məbəd tikilməyəcəkdi. Yenidən yükün altına girdi, yenidən haray çəkdi, yenidən başladı söz deməyə. Daha böyük cəsarətlə, daha böyük ümidlə sözünü dedi, Məbədi tikdi. Bu sözü dedikcə, Məbədi tikdikcə barmaq sayda amaldaşlarına güvəndi, onlara söykəndi, Atanın adına söykəndi, dirəndi. Onun üstünə gəldilər, yaxasını çəkdilər, əl qaldırdılar, dəfələrlə çevrəsində həşir yaratdılar. O həşirlərin hamısını öz qeyrəti ilə, ləyaqəti ilə Ocaqçılıq inamı ilə yendi, həşirlərin hamısını sayğıya, heyrətə, sevgiyə çevirdi. Mənim üçün Günev budur. Belə bir ömrü biz toplumumuza sunmalıyıq. Mənə deməyin, Azərbaycan çöküb, deməyin, Azərbaycanın qeyrəti susub, deməyin Azərbaycan ölüb. Azərbaycan on milyon cəmdək demək deyil, Azərbaycan Günev deməkdir. Azərbaycan necə ki Babək deməkdir, Azərbaycan necə ki Nəsimi deməkdir, Azərbaycan həm də Günevlər deməkdir. Mən onun ömrünü sizə yazıb verim, oxuyun. Onda görəcəksiniz Azərbaycan çökməyib, ölməyib. Babək ölməyib, Babək bu gün Günev adı ilə yaşayır. Ölməyib. Azərbaycana inanmaq istəyirsənsə, ümidlənmək istəyirsənsə, Asif Atanın Azərbaycanda oturuşmasına inanmaq istəyirsənsə, amaldaşının işinə, heyrətinə bax, eşqinə bax. Göydən zənbillə sallanmayıb, xalqın içindən çıxıb. Eyni halları mən Nurtəkin haqqında da deyə bilərəm.

Asif Ata Ocağının Yükümlüsü olaraq, mənim üçün Nurtəkin Azərbaycan qadınlığının simqəsi oldu. Bir sufi qadın olub, Əl-Rabiə adında. Mən onun haqqında özüm oxumuşam, düşünmüşəm, xırda qeydlərim, yazılarım da var. Allaha vurulmuşdu. Mənim çağımda, Asif Atanın çağında eləcə yüksək görürəm Nurtəkini. Ataya bağlılığı, vurğunluğu, xalqına, vətəninə bağlılığı, vurğunluğu elə Əl-Rabiəlikdir. Asif Ata başını torpağa qoyandan sonra Ocağın yaşaması ən çox bu iki Ocaqçının – Göylü ilə Nurtəkinin çiynində olub. Onlara mən güc verdim, həm də onlardan güc aldım. Bəlkə verdiyimdən də çox güc aldım. Biz səfərlər edirdik, görüşlər keçirirdik. Atanın bütün arxivini sistemli şəkildə yazırdıq. Bütün kitabların hamısını Göylü yazıb. Təkcə bu kitabları deyil, əlyazısı ilə, qələmlə Atanın, mənim, Safruhun kitablarını yazıb. Siyahılar yazıb, sistemləşdirib, mənim evimdə onun əl yazısı ilə çox şey var. Bu iş həm də Nurtəkinlə bağlı olan bir iş idi. Bunlarla bir yerdə Qutsal Onluğun Qəbul törəni yarandı, bayramlar keçirildi, səfərlər olundu, xalqa söz deyildi, yüzlərlə, minlərlə ədəbiyyatlar hazırlandı, bölgələrdə paylandı. Nə ilə oldu, qəpiklə. Bu iki dost elədi. Gedib gecə növbəsində yaşlı qadınlarla birgə boyaqçılıq edirdilər, corab boyayırdılar, ondan aldıqları pulu Asif Atanın Ocağının qurulmasına yönəldirdilər. Nurtəkinin atasının evinə DTK-dan gəliblər, polis gəlib. Nurtəkin ona sinə gərib. Nurtəkinin içində qadın zəifliyi ola bilərdi, qonşu, qohum hərəsi bir ad qoyurdu. Biri vəhabi deyirdi, biri allahsız deyirdi, qohumlar üz döndərirdi. Bütün bunların hamısına Nurtəkin sinə gərdi, ancaq heç birinə acıq, nifrət sərgiləmədi. Hamısını öz ömrü ilə inandırdı ki, Ocaq pis şey deyil. Belə bir ömür gerçəkdən Asif Atanın Ocağını, onun ölümündən 24 il sonraya – bu günə gətirib çıxartmalı idi. Gətirib çıxartdı da.

Onun ömründə çox acılar, ağrılar oldu, böhtanlar, şantajlar oldu. Anası gözünün qabağında mənən əridi. Ancaq anası həm də ona dayaq oldu. Çünkü qızının ləyaqətinə bələd idi. Anası oğluna inanmadı, qohumlarına inanmadı, qızına inandı. Çünkü qızının ləyaqətini bütöv gördü, ona  inandı. Belə bir ömür, belə bir ləyaqət Asif Atanın Ocağını, nizamını bu günə gətirib çıxartmalı idi, gətirib çıxardı da. Bunu biz görməliyik, göstərməliyik, tanıtmalıyıq. Bu gün Ocağa iki gəncimiz gəlib. Ocaq bir yandan boşalır, bir yandan dolur. Yenə də elə olacaq. Gücü çatmayan gedəcək işinin dalınca, yenisi gələcək. Yenisinin gücü hara qədər çatarsa gedəcək, çatmasa qırağa duracaq. Ocaq əbədi yoldur. Bilən Yardımlı kimi bir yerdən gəldi. Yardımlı mənim vətənimin bir parçasıdır, ancaq dini açıdan geri qalmış bir rayondur. O cür dəhşətli xürafatın içindən Bilən gəlib Asif Atanın Ocağını tapdı. Tapdığı gündən bəri addım-addım, pillə-pillə qalxır. Özü də böyük fədəakarlıqlarla. Ocaqda tək-tək adamların etdiyi fədakarlıqları edir. Bundan usanmır, fərəh alır. Öz həyat yoldaşını Asif Atanın Ocağına bağladı, bütün ailəsinin, elinin, obasının gözlənilə biləcək deyingənliyi qarşısında. İslam qapalılığı qarşısında öz ailəsinə azadlıq tanımaq ləyaqəti elə budur.

Biz nə istəyirik, bu dediklərimizi istəyirik. Ayrı bir şey istəmirik. Xalqa ləyaqət aşılayırıq, doğru yaşamaq budur, azadlıq budur, ləyaqət budur. Biz bunu öz ömrümüzdə yaradırıq. Xalqın da ömründə bunu yaratmasını istəyirik. Biz ayrı bir şey demirik. Görürsünüzmü, böyük azadlıq üçün, böyük ləyaqət üçün, böyük mənəviyyat üçün on minlik partiya olmağa gərək yoxdur. Azərbaycanda heç bir partiya – fədakarlıq baxımından, ideya açısından Asif Atanın Ocağının vergülü deyil. Bunu özünüz də düşünüb görə bilərsiniz, mən bunu uydurmuram. Bir Türkiyə filmində belə bir şey vardı. Biri baş qəhrəmana deyir, sənin çevrəndə olanlar təcrübəsiz adamlardır, xəfiyyəni bilmir, dövlət işlərini bilmir. O da deyir, mənim çevrəmdə olan adamların sadiqliyi o təcrübəlilərin gücündən qat-qat yüksəkdir. Mən də həmin düşüncədəyəm, Asif Atanın arı, sağlam düşüncəli insanları dünyanı zəkası ilə dingildədənlərdən yüksəkdə durur mənim üçün. Çünkü zəka dünyanı mənəviyyat üstdə dəyişmir. Dünyanı mənəviyyatlı, duyğulu, heyrətli, eşqli insanlar dəyişir. Asif Atanın Ocağının gözəlliyi, ortamı bu deməkdir. Bu dediklərim bu ortamda yaşayan insanların xöşbəxtliyidir. Bədbəxt o kəsdir, bu xoşbəxtliyin qədrini bilmir. Qarşısına bəlli çətinliklər çıxanda çaşır, sarsılır, addımı dala qoyur. Xoşbəxt o kəsdir çətinliyi taleyinin  gözəlliklərindən biri sayır. Qeyrət çətin gündə gərəkdir, mənəviyyat çətin gündə gərəkdir, ləyaqət çətin gündə gərəkdir. Qarşıma bir qab şorba qoysalar yeyəcəm, burda qeyrət gərək deyil. Qarşına çətinlik çıxır, sən də addımı dala qoyursan, hanı bəs qeyrət, hanı ləyaqət, hanı vüqar, hanı qürur?! Çətin günlər üçündür qürur, mənəviyyat, ləyaqət. Çətin günlərin dirənişidir, çətin günlərə sinə gərmək üçündür. Asan günlərdə gərək deyil. Biz dünyaya özümüzü təsdiq etməyə gəlmişik. İnsanlıqdır sənin özümlüyün. İnsanlığa yetmək üçün gəlmisən. Yet. İnsanlığın azadlıq, ləyaqət, idrak pillələri var. Bunların hamısını qalxmağın gərəkdir…

Mən Evlad Günü ilə bağlı sizin hər birinizi qutlayıram. Hər birinizə Asif Atanın yaratdığı xoşbəxtliyi yaşamaq qeyrəti, ərdəmliyi diləyirəm. Bu gün haqqında söz gedən amaldaşlarımı da bağrıma basıram. Həmişə var olun. Ocağı yaşadın.

Mərasimlə bağlı sözümüz bu qədər. Sonrakı mərasimlərimiz, sonrakı günlərimiz üçün yaşayaq. Özümüzdə güc tapaq. Atanın Ocağını yaşatmaq, yaşamaq xöşbəxtlikdir, ləyaqətdir. Biz də o xoşbəxtliyi özümüzdən əsirgəməyək. Bununla mərasimizi başa çatdıraq. Başa çatdırmazdan öncə, qurallarımıza uyğun olaraq, Atanın “Mütləqləşmək – Var olmaq” kitabını Ocağa bağışlamaq istəyirəm.

Atanın kitablarının çap olunması Ocaqçıların ləyaqətidir. Son zamanlar kitabların çap olunmasına Bilən daha çox maddi qatqı göstərir. Ocaqçıların ləyaqəti, mənəviyyatı, arılığı Asif Atanın Ocağını həm yaşadır, həm də onun içini qurur. Bunlar hamısı quruculuq işidir. Ocağın çap işləri də quruculuqdur, xalqda yayılması da quruculuqdur, Evladların mənəviyyatının yüksəlməsi də ruhani quruculuqdur. Qutlu olsun!

İnamlı Atalıya da Ocaq bayrağı bağışlayırıq. Bayrağın sizin evinizdə olmasının özəl anlamı var, içsəl gücünüzü yaradır. Qoy İnamlı qardaşımızın da evində olsun…

Evladlıq Nişanələrini Yol sözü ilə Ocaq Yükümlüsü Ocaqçılara sunur.

 “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Mərasim sona yetir.

Qürub Ayı, 43-cü il.
(avqust, 2021).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir