Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Qutsal “Evlad Günü” Törənində deyilmiş fikirlər
Ocaq Günsırası ilə 1 Şölə Ayı, 37-ci ildə Mütləqə İnam Ocağı Qutsal “Evlad Günü” Törənini həyata keçirdi. Törən quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Öncə ölənlərimizin adına ayağa dururuq: Sabahlı, Bağban, Amaltay bizimlədir.
Qutsal “Evlad Günü” törənimiz, bizim hər bir günümüz, başqa sözlə, törənləşən günlərimiz qutsaldır. Anlamca qutsaldır, tələbcə qutsaldır, yöncə qutsaldır, əməlcə də qutsaldır.
Ocağın anlamına özgün olan bir məsələdir Evladlıq olayı. Ruhani Evladlıq – Ocaq bu adın üzərində gəlişir, çünkü bu ad Asif Atanı yaşadan, onun ideyalarını gerşəkləşdirən, onu davam eləyən, özündə böyük bir etki daşıyan olaydır. Ona görə Ocaq o adın üzərində yaşayır, qurulur, gəlişir. Bunu biz gözə almalıyıq. Bu adla, bu sözlə heç bir anda zarafat eləmək heç kimin ağlına gəlməməlidir.
Dünya qələbəlik içində görünür, çox çalışqan görünür. Ancaq çalışqanlığı təkanlaşdıran gediş insanın ölümüdür. Harda nə addım atılırsa insana qarşı atılır, insanı, insanlığı öldürməyə qarşı atılır. Bax, dünyanın gedişatında belə bir “zəngin qələbəlik” var. Biz illərlə bir araya gəlib, bu odaya yığılıb bu gedişata qarşı sadəcə “yox” demirik. Bu gedişata qarşı sinəmizi gəririk, dirəniş göstəririk. Bu sinəgərmə, bu dirəniş üzdə görünmür. Həşirə həşirlə yanıt sağlanılmır. Ona görə üzdə görünmür. Ancaq bu böyük dirənişdir. Ağlı olan niyə böyük olduğunu kəsdirə bilər. Ağlı olan! Ağlı olmayanla işimiz yoxdur. Bizi sayca az sayıb etkisiz olduğumuzu düşünənlər var. Ancaq gəlin görək harda çox say var. Yaşamın qucağında, gedişatın içərisində harda birlik yaradan say var? Gəlin izləyək. Bəri başdan bildirirəm, heç yerdə böyük sayın birliyi yoxdur. Üzdə bir yerdə olanlar içdən ayrıdırlar. Bu məsələ bir yerə. İkinci, başqasının etkisində, başqasının buyruğunda olanların birliyinə inanmayın. Mən inanmıram, heç çağ inanmamışam, inanmayacam. Onların, o “birliyin” içərisində çox böyük xəyanət gizlənir. O “birliyin” içərisində çox böyük dağıdıcılıq gizlənir. İstər içəridəki dağıdıcı qüvvələrin, istərsə də dışarıdakı dağıdıcı qüvvələrin etkisində olan insanların birliyi tamamilə boşluğa dayanır. Hamını yaxşı izləsəniz, görəcəksiniz, hamı özü-özlüyündə təkdir.
Vəhabilərin “birliyi” qüdrətli birlik deyil, qorxulu birlik olmur. Yörəsi də qorxuludur, yaratdığı hal da qorxudur, qorxaqlıqdır. Bu qorxunun içərisində həqiqətə bircə addım belə yön- alma yoxdur. Başqa qüvvələrin üfürdüyü köpükdür. Onların içərisində vətəninə qarşı, millətinə qarşı, atasına qarşı, anasına qarşı xəyanət var. Onların beyninin içi götürülüb, ürəyinin içi götürülüb, atasının, anasının başını kəsdirməyə hazırdır. Belə birlik olmur. Ona görə Ocağın azca sayı sizi qayğılandırmamalıdır. Az sayı olsa da, böyük ideya gücü var, ərdəmlik gücü var, dünyanı öyrədə biləcək ərdəmlik gücü. Hər kəs bu ərdəmlikdən öyrənə bilər. Ayrı-ayrı qüsurlara baxmayaraq, özünü itirmə hallarına baxmayaraq. Ocağın içinə söykənən İnam var. Güc odur. Ayrı güc zordur, birlik deyil. Ruhani Evladlıq olayı bu baxımdan həryönlü öyrənilməyə, qurulmağa, sevilməyə layiqdir. Ocaqçılıqdan üstün heç nə yoxdur. Biz ona yetirik, yetməliyik.
Bu gün Azərbaycanın ağrıları, acıları ilə dilə gətirilən sözlər, deyilən fikirlər hamısı siyasi manevrlər üçün düşünülən sözlərdir. Siyasi manevr üçün! Bu əslində xalqa kələk gəlməkdir. Hansısa anda Güney Azərbaycanın adını çəkmək, Qarabağın adını hallandırmaq, şəhidlərin adını çəkmək, dövlətçilik məsələsini qabartmaq, hamısı bir andır, heç birində ərdəmlik yoxdur. Heç birində yaşamaq yanğısı yoxdur. Heç birinin içəridə savaşmaq meyli, istəyi yoxdur. Gündəmə gətirilir, gündəmdən çıxarılır, bu ərdəmsizlikdir, xəyanətdir. Bu, xalqa kələk gəlməkdir. Ona görə azca sayın dayanıqlı, davamlı yaşaması, bütün sorunları davamlı şəkildə ortada saxlaması, onunla uğraşması, bundan böyük ərdəmlik yoxdur. Bunu ancaq Ocaq eləyir. Ocaqdan qıraqda heç bir qüvvə eləmir. Çabalayırlar, seçkilərlə bağlı hansı şüarlar səsləndiriləcək? Baş sındırırlar buna. Budur çalışma. Ancaq Ocağınkı o kitablardır. Törənlər kitabı, Ailə kitabı. O kitablarda nə qədər dərin çalışmalar var, fikir var, ərdəmlik var, sevgi var. Tutuşdurmaq mümkün deyil Ocaqçı ilə başqa birini. Bütün bunları gözə alaraq hər bir Ocaqçı bilməlidir, niyə biz illərlə çalışırıq, insanları çağırırıq az gəlirlər, bəzən gəlmirlər. Çünkü sənin kimi olmaq çətindir. Hər gün ərdəmli olmaq, qeyrətli olmaq. Vətəni sevmək, ulusu sevmək. Hər an. Bir gün qeyrətli olmaq, bir gün qeyrətsiz, nə demək?! İkinci bir cəhət, ayrı-ayrı arı adamlar yaşamın basqısı altındadır. Demirəm, başqaları basqı altındadır, biz yox. Biz də altındayıq, ancaq başqalarının aldığı güc yoxdur. Biz Atadan güc alırıq, Ocaqdan güc alırıq. Ocağın tədbirinə eyni adamları çağırırsınız, gəlmirlər, rahatsız olursunuz. Niyə eyni adamları çağırırsınız? Oçaqçılığın birinci əsas qoşulu xalqlaşmadır. Xalqın içinə çıxmaq, söz demək, fərdi söhbətlər, fərdi görüşlər, onların içindən günlərin bir günü fərqli bir adam çağırmaq. Hər dəfə qoy fərqli adamlar gəlsin. Əgər xalqlaşma işi fərəhli şəkildə, özündənkeçmə səviyyəsində olursa, heç bir sorun yorucu olmaz. Xalqlaşma işini anlamalıyıq, əgər anlamasaq, onda Ocaq Yükünün altında uzun illər addımlamaq çətin olar. Əgər Ocağın toplantısına qatılırsan, ordan çıxandan sonra hər şeyi unudursansa, çalışmaların başqa bir gərəksiz yönə bağlanacaq. Hər şeyin 4 divar arasında qalarsa, onda çətin olar. Ən azı utanc duyğusu sənin ayaqlarına buxov olacaq. Yerində saymağın, geriləməyin, hamısı ayağına buxov olacaq. Nizam tapmaq, onu qorumaq gərəkdir. Aylıq qazanc işinə görə Ocaqçılarımız bəzi toplantılara qatıla bilmir, başa düşürəm, ancaq elə nizamlamaq gərəkdir, bizim işimiz Ocağı üstələməsin. Yoxsa yaşam bizə “tapşırıq” verəcək, alışqanlıq yaranacaq. Çağ tapmaq gərək, özünə, Ocağına.
Biz Atanın sağlığında hər il “Ruhani Evlad Günü” törəni keçirəndə bir Evlad haqqında danışırdıq. Hər kəs öz baxışını ortaya qoyurdu, onu necə dəyərləndirir, onda hansı üstün cəhətləri görür?! Bu gün hər kəs özü haqda hesabat verə bilər. Özünün gəldiyi yönlə bağlı. Ocaqda addımlamaq onu hara aparıb çıxarır. Bunu açıq demək olar. Örnək kimi, çəkinmədən. Ən çox üstün cəhətlərə diqqət ayırmaq gərək. Bu günkü gün özüylədöyüşün özünütənqid yönünü demək gərək deyil. Hara gəlib çıxmışam? Üstün cəhətləri deyə bilərsiniz. Ocaq mənə nə verdi? Qoy istəyənlər də öyrənsin. Ola bilməz Ocaq bu qədər çağda Evladına heç nə verməsin. Bu gün Evlad Günüdür, hər kəs özünün istəklərini, düşüncələrini bölüşə bilər.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Nurtəkin Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdə ilə!
Günlər dəyişir, aylar, illər dəyişir, dəyişməyən yolum oldu, yönüm (qibləm) oldu, səcdəgahım oldu. Günlər məni dəyişmədi, mən günləri yaratdım, illər məni dəyişmədi, mən illəri qurdum. Qurduqca da quruldum.
Dünənim necə idi? Hər kəsdə olduğu kimi. Toplumdakılar bir-birindən, böyük mənada götürsək, çox az fərqlənirlər. Ümumi anlamda eynidirlər. Çünkü yolsuz, məqsədsiz, özü üçün yaşayan, həyatın axarına qoşulan adamlar bir-birindən nə ilə fərqlənə bilərlər?
Mənim fərqim millətimi sevgimdə, tarixi qəhrəmanlara heyrət duyğumda idi. O çağlarda Ocaqçı olmuş bir qıza deyəndə, mən Nəsimiyə heyrət edirəm, o dedi, Atanın əzabları Nəsimidən artıqdır. Onun bu sözü məni uzun çağlar məşğul etdi, çünkü mənim üçün Nəsimi əzabın yüksək pilləsinə çatmış şəxs idi. Mən Atanın əzablarını da, fərəhini də çox sonralar dərk etdim. Öncə Atanın başqalarından fərqini hiss edirdim, Atanın fərəhini görürdüm, anlamasam da. Atanın kədəri, ağrıları da duyğularıma çatırdı. Mən heç bilmirdim, Ocağa gəlib nə edəcəm, sadəcə ruhani bir doğmalıq, heyrət, milli təəssübkeşlik duyğuları ilə, fərəhi ilə dolmuşdum.
İnsan özünü yarada-yarada, qura-qura gərəkliyini, dəyərini anlayır. Hardayam, hansı haldayam, hansı aşamadayam rahatsızlığı, harda olmalıyam sorumluluğu ilə ömrünü qurur.
Özümə inamımdan başqasına işıq düşürmü? İdrakım kiməsə yön, yol verirmi? Mənəviyyatım hansı səviyyədədir? İradəm özümlüyümü təsdiq edirmi? Bu sorularla yaşamaq ömrü qurur. Bu sorulara cavab tapmaq niyyətiylə atılan addımlar, əməllər ömrü qurur. Bu sorular indi mənim üçün daha da aydınlaşır. Mənim ömrümdə birinci yerdə əməllər oldu. Əməlləri yerinə yetirə-yetirə, onun gərəkliyini anladım, əməllərimi dərk edərək Ocağı dərk etdim.
Mən Atanı öləndən sonra da dərk etməmişdim. Atanın ölümüylə sarsıldım. Ancaq Ocaqdan ayrılmadım. Soylu Atalı olmasaydı, ayrılacaqdım yəqin ki. Soylunun varlığında, onun Atanı yaşatmağında, Ocağı yaşatmağında özümün varlığımı tapdım. Doğrudan da, Soylu Atalıya qanad olmaq istəyərək, onun Ocaq yönlü əməllərini yerinə yetirərək, yetirdim özümü.
Nəsimi Nəimi haqqında qəzəllər yazırdı, onun şeirlərindəki bütün gözəl sözlər Nəimiyə özgündür. Şəms-Rumi münasibətində – ya Şəms Rumini özünün öyrətməni adlandırırdı, ya da Rumi Şəmsi. Bu, sevginin, münasibətin ucalığından, heyrətin sığmazlığından soraq verir. Nə qədər desən də azdır, bir insanın o biri insanın ömründəki yerindən.
Mənim peyğəmbərim Asif Atadır, məni quran, böyüdən, öyrətmənim Soylu Atalıdır. Asif Ata ilə Soylu Atalı arasında bir ruhani bağlılıq var, qovuşma var. Mənim ömrümdəki mayak, işıq, yön onların arasındakı Atalıq-Evladlıq birliyindən doğur.
Mənim bugünüm dünənimdən fərqlidir, ucadır, yetkindir. Ancaq bugünümlə yetərlənmirəm. Oğlum Uluyol ömrümü alır, əsəblərimi alır. Bu gün yetməli olduğumdan aşağıdayam. Doğrudur, Ocaq əməllərim var, daha çox ola bilərdi, özünü yaratmam daha artıq ola bilərdi. Xalqlaşmam azdır. Bu gün bunlar mənim qayğılarımdır.
Hər an Atanı oxuyanda yenilənirəm, hər Ocaq əməlimdə yenilənirəm, fərəhlənirəm. Hər əməl, düşüncə məni Mütləqə yaxınlaşdırır. Bu hal məni fərəhləndirir, ona qovuşma zəruriliyini artırır. Mütləqə mütləq qovuşmadığıma görə fərəhli, həsrətli, ümidli, kədərli hal yaşayıram. Bu halda fərəhli duyğularım arılır, durulur, nəyə yetdiyimi bir daha dərk edirəm. Bu halda kədərli duyğularım arılır, durulur, nəyə həsrət çəkdiyimi daha aydın görürəm. Kədər fərəhi yetkinləşdirir, fərəh də kədəri.
İnsan ömrünün ruhani anlamda iki yönü var – ya irəli, ya geri. Əgər özüylədöyüş, özünü-qurma yoxdursa, mütləq geriləmə olacaq. Ocaq – ömürləri irəliyə aparan yoldur, işığa çıxaran, yaşarıya yetirən, fərəhə çatdıran yol.
İnsanı Yola bağlayan – duyğularının, düşüncələrinin Yolda qurulmasıdır. Yolda qurulan ömür Yola sadiq qalır. Yolda qurulan ömür Yolu qoruyur. Yolçu odur, o daim yoldadır. Dayansa, artıq yolçu olmayacaq. Dayansa, artıq yol da olmayacaq. Yolçu dayanmamalı, Yol bitməməli. Yolçu özü yola çevrilməlidir Yol itməsin. Yolçunun varlığı Yoldadır, Yolun varlığı Yolçuda. Bu birlik ilkin, yaşarı yolçuluq yaradır, yollar yaradır. Yolçuluq var olduqca yol da var olur.
Mən belə xoşbəxtlərdənəm. Yolda olan, Yolu olan Yolçu kimi.
Göylü Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdə ilə!
“Dünənim necə idi, bu günüm necədir, sabahım necə olmalıdır?”
Kim idim? Mən evin sonuncu uşağı olmuşam. Bir az ərköyün, bir az arı, bir az cəsarətli… Qürurlu idim, sədaqətli idim, ədalətli idim, doğrunun yanında idim. Bəs bunlar vardısa, məni Ocağa gətirən nə idi? İş burasında, mən bütün bunları, nisbi olanları var sayırdım, Olmayanı Olan bilirdim.
Özəl bir istedadım olmayıb, indi də yoxdur. Ancaq içimdə, fitrətdən gələn qutsallıq aclığı vardı. Yüksək duyğulara tələb içimdə həmişə olub. Elə o tələblə də Ocağı tapdım.
Ocaq mənə nə verdi? Ocaq yaşam ölçülərimi dəyişdi. Yaşamağın, sevməyin əsilliyini öyrətdi.
O çağa kimi Vətəni sevməyi öyrətmişdilər mənə, Vətəni qurmağı öyrətməmişdilər. Xeyirxah olmağı aşılamışdılar, fədakarlığı öyrətməmişdilər.
Həmişə başqalarını qınayırdım, Ocaq özümü qınamağı öyrətdi. Ocaq mənə vicdan, həqiqət, fədakarlıq, özündənkeçmə sözlərini öyrətdi. Sözlərin anlamına yetdim.
Kim idim? Özünü tanımayan, insanlığı dəyərləndirən, ancaq dərk etməyən.
Kiməm? Özümü görməyi bacarıram, özümə qarşı səmimi olmağa ağlımın, ürəyimin gücü yaranıb.
Kim olmalıyam? Özümü ötməliyəm! Zamanı ötməliyəm!
Soylu Atalı: Ocaq böyük hünər deməkdir? Ocaq arı, duru, məsum bir qızcığazı – Göylü elədi. Eyni sözü mən Nurtəkin haqqında da deyə bilərəm. Elə bir şəkildə, elə bir yöndə, Asif Ata öləndən sonra, onun ölçüyəgəlməz yükünün yerdə qalmamasına çiyin verdilər. Atanın işi, yükü hər kəsin ürəyinin, ağlının gücünün çatmayacağı bir məsələdir. Xalq olmanın, bəşər olmanın yönünü bəlli etmək, onu anlamaq hər kəsin gücünə sığan məsələ deyil, ancaq o tələbləri gerçəkləşdirmək, yaşama gətirmək, xalqa gətirmək – bu, ondan sonrakıların işidir. Ocağın bu qızları bu gücü özlərində tapdılar. Atanın Ocağını sönməyə qoymamaq böyük hünərdir. O bir cümlədə görünən məsələ deyil. Gör kim olmalısan. Bir var elə-belə təcrübə əsasında, vərdiş əsasında Ocaqçılıq eləyəsən, bir də var qayğılar yaşaya-yaşaya, ağrı yaşaya-yaşa, çətinlik yaşaya-yaşaya. Bu böyük hünərdir, ulusal ərdəmlikdir. Bəşəri ərdəmlikdir. Bəşəriyyətə yön verənlər, tarixdəkilər beləcə insanlar olublar. Heç birində özəl, fərqli nəsnələr olmayıb. Heç birində boy-buxun gedib buluda dirənməyib. Hamısı elə arıq-uruq, cansız adamlar olub. Tarixin böyük gələnəyi yeni bir aşamada bu gün üzə çıxdı. Bunu yaşadan adam bəxtiyardır. Bunu yaşadan adam öz bəxtiyarlığını dərk eləməlidir. Bu, hər gün olan məsələ deyil. Bunun dəyərini bilmək gərəkdir.
Üstün Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdə ilə!
Soylu Atalı çıxışında belə bir fikir dedi, Ocaq bizə uğurlu ruhani keyfiyyətlər verib. Bəli, Ocaq bizə gözəl keyfiyyətlər verdi, yanlış gedişlərdən qorudu. Bir bağban kimi qüsurlarımızı budadı, uğurlara doğru yönəltdi.
Ocaq mənim xoşbəxtlik yerimdir. Bu xoşbəxtliyimlə ulusumun sabahına qulluq edirəm. Xalqın qeyrəti, arılığı, mərdliyi harda özünü aşkarlayacaq – mənim ömrümdə. Xalqın fədakarlığı harda aşkarlanacaq – mənim ömrümdə. Mənim ömrümdə aşkarlandıqca özümləşirəm, xalqıma gərək oluram. Bununla Ocağıma layiq oluram.
Bu günə kimi çox sözlər demişəm, artıq bunu daha ciddi, əməli şəkildə, xalqlaşma yönündən gerçəkləşdirmək niyyətindəyəm. Özümü buna kökləyirəm. Hamımızın Evlad Günü qutlu olsun.
Soylu Atalı: Ocaq elə böyük ortamdır, doğrudan da, bütün yüksək istəklərin hamısını yaşama keçirmək olar. Balaca istəklərdən arınmaq, böyük istəkləri gerçəkləşdirmək. Ocaq bunun üçündür. Ocaq adini yüksək edir, qorxağı cəsarətli edir, düşünməzi düşünər edir. Çox böyük ortamdır. Kim özünün ölməzliyini düşünə bilirsə, Ocağın içinə girməlidir tamam. Ocaq elə bir qapı açır, o qapıdan keçən ölməzliyə çatır. Yaradıcı insan olmaq, qurucu insan olmaq, ən böyük anlamda kamil insan olmaq.
18 il öncə, Atanın ölümündən sonra, gözünüzün qabağına gətirin bizim dördümüzü. Dörd idik, ancaq necə böyük işlər görürdük. Elə eşqli idik, qaynayırdıq, özümüzü oda-közə vururduq. Əslində ruhaniyyat elə odur. Ağıl bir az çəkinir, çünkü çətinliyi görür. Ağılın yaşam görümünü qırağa qoyanda gedə bilirsən.
Dörd idik, eşqli, vəcdli, elə bil min idik. O çağlarda qıraqdakılara sayımızı deyəndə heyrət edirdilər. 4 adamın gördüyü iş, eşidəni, biləni heyrətə salırdı, bunların arxasında güc yox, kimsə yox. Bu halı Ocağın İnamı yaratmışdı. Öncə biz Ataya inanırdıq. Atanın dediyi hər şeyə inanırdıq, ona görə deyə bilirdik bu iş gələcəklidir. Elə indi də inanırıq. Ancaq Atanın ölümündən sonra bunları düşünmək, demək çətin idi. Deyə bildik. Bənzərsiz bir işdir. Gedirdik Ağstafaya, əlimizdə məşəl tututrduq, elə bil böyük bir ordunun qarşısındayıq. Hərə əlində bir məşəl haraylayırdıq. Odur ruhaniyyat. Ruhaniyyat içəridəki gücdür, qüdrətdir. Ona heç nə ilə qarşılıq vermək olası iş deyil. Çağ keçdikcə onun üzərinə idrakilik gəldi, yaradıcılıq gəldi, kitablar yazıldı, böyük arxivlər, ədəbiyyatlar hazırlandı, səfərlər, görüşlər keçirildi, yetkinləşdi. Bunlar hamısı o eşqin, o heyrətin üzərinə gəldi, artırdı, daha da böyütdü bizi. İçəridən də böyüdük, sayımız da artdı.
Türkel Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdə ilə!
Yaşamdakılardan fərqli olaraq, Evlad ömrü bənzərsizdir. Çünkü Amal üstə yaşayır.
Amal üstə düşüncəmlə əməlimi birgə araşdıranda “kim olmuşam” sualına cavab tapıram. Ailə Günlərində özümü ifadədə xeyli çatışmazlıqların olduğunu görürəm. Onun əsasında ay içində sönük halımın olması dayanır. Ancaq son çağlar halım, demək olar, nikbindir. Baxmayaraq ayrı-ayrı anlarda əsəbi, gərgin hallarım qaçılmaz olur. Ancaq zəif səviyyədə olur, halımda dərin etki buraxmır. Düşünürəm, hansısa yaşadığım ayımın, günümün zəif olması bütövlükdə ömrümün zəif olması deyil. Bir anı bütöv ömrə bərabər tutmaq olmaz. Mən də toplum adamları kimi yaşamda özümə “yer” tapıb qərarlaşa bilmirəm. Yalan, biclik, pul üzərində qurulan adi yaşamda özünü görmək tamamilə yanlışdır. Evlad özünü, xalqı ruhaniyyatda görür, tanıyır. Bu səbəbdən içindəki inamıyla, Ataya səcdəsiylə Evlad ömrünün bənzərsizliyi təsdiq olunur.
Qayıdıram yenə öz düşüncəmə. Gərgin hala qapıldıqca fiziki yoruluram, umudlu olanda içdən güclü oluram. Fikirləşirəm, Ailə Günlərində ifadə elədiyim yaşantıları dilə gətirməsəm daha doğru olar. Əgər deyirəmsə, ötəri bir şey kimi vurğulamaq gərəkdir. Gərgin, bədbin halım yazıqlıq, gücsüzlük sərgiləyir əslində. Nikbinlik isə zəif, balaca yaşamı qətiyyətlə deməyə, ötməyə olanaq yaradır. Ona görə yaşamından utanmırsan, əksildiyini hesab eləmirsən. Ancaq həm də barışmırsan.
Atamız Var olsun! Bayrağımızı öpürəm.
Soylu Atalı: Adam yaşamdan istəyəndə az şeyə yetir, Ocaqdan istəyəndə çox şeyə. Bütün maddi, ruhani istəklərin hamısı Ocağı istəyəndə doğrulur. Sən çalışsan, Ocaq da sənə geniş idraki olanaqlar açacaq. Bunu hər an düşünəndə içində tələblər yaranır.
Bir yaxşı cəhətini görürəm Türkelin, həmişə oxuyur, düşünür, tədbirə bir-iki gün qalmış yenə oxuyur, düşünür. Bu ruhani sorumluluq deməkdir, onu artırmaq, böyütmək gərəkdir. Yaş artdıqca, gərək duyğular artıb ruhaniləşsin, istəklər artıb ruhaniləşsin. Çünkü Ocağın gələcəyi bunu deyir. Ocağın gələcəyi də bizim gələcəyimiz deməkdir. Biz özümüzün maddi firavanlığımızdan çox millətin mənəvi varlığını düşünən insanlarıq. Çünkü millətin mənəvi var olması bizim kimi insanların gələcəkdə kor kimi yaşamasının qarşısını alacaq. Mənəvi yaşam fiziki yaşamla gərək birləşsin. Mənəvilik etkisi altında birləşsin. Onda hər şey insanlığa uyğun olacaq. Ocaq ona görə yarandı.
İnamlı Atalı: Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim Asif Ataya – İnam Ataya ali səcdə ilə!
Mən həmişə Atanı böyük olaylarla tutuşdururam, toplumdakı olaylarla yox. Bu fikir məndə oturuşub. Son zamanlar gəldiyim bir qənaəti demək istəyirəm, 10-15 gün qabaq Evladlıq olayı ilə bağlı düşündüm, özümü Məhəmmədin, Musanın, İsanın Evladları ilə tutuşdurdum. İşimizin önəmini, uğurunu anladım. Soylu Atalı belə bir cümlə işlətdi: “Ata millətin mənəvi varlığını istəyir, Məhəmməd insanın fiziki qırılmağını. Axirət dünyasına çağırmaq, insanın yaşadığımız dünyadan əl çəkməsi anlamındadır”. Göylü də yaxşı cümlə işlətdi: “bizə oxulda vətəni sevməyi öyrətdilər, qurmağı yox. Özümüzdən keçməyi, vətəni qurmağı bizə öyrətməmişdilər”.
Ata insana elə bir qapı açdı, bu qapıdan keçən insan milləti sevməyi, yurdu sevməyi, insanlığı sevməyi, ananı sevməyi, qardaşı sevməyi, indikilərdən fərqli olaraq, ruhani yöndən öyrənir. Özünü qurmalısan, onda qarşındakını da quracaqsan, onu sevəcəksən. Öncə özün qurulmalısan, yurdunu qurmaq üçün. Özünü qurmadan qarşındakını qura bilməzsən.
Ata özümüzdən başlamağı tələb elədi, ancaq bizdən qıraqda hamı yanındakılardan tələb edir. Evladı olaraq Ata mənim üzərimə bu yükü qoydu. Atanı görməsəm də, onun yükünün ağırlığını anlayıram.
Mütləqə İnamın yolundayam, ancaq ona nə dərəcədə yetmişəm, bunu ürəkli deyə bilmirəm. Bununla belə, inamım bütövdür. Ən qorxulu məsələ insanın İnamına qarşı şübhəli olmasıdır. O cəhətdən mən xoşbəxtəm. İnamımda bütövəm.
Ocağa qədər mən çox dağınıq olmuşam. Heç bir şeyi də qəbul eləməmişəm, hər bir şeyə qarşı qıcıqlı davranmışam. Məni bu dağınıq durumdan Atanın varlığı çıxardır, Yolu çıxardır.
Dünən mən çox adi idim, dünyadan soraqsız. Öyrənmək istədiyimi heç yerdə tapa bilməmişdim. Nəyi necə, hardan başlamağı bilmirdim. Bunu mənə Ata öyrətdi. Ocaq mənə xurafatı, yalanı üzə çıxartmaqda kömək elədi. Özüm üçün bütün cərəyanların puç olduğunu üzə çıxartdım. Çox sevinirəm, bu dünyada yalan kölgəsi altında ömrümü başa vurmadım. Həqiqəti tapa bildim, ona görə də Ataya borcluyam. Ata gözlərimi həqiqətə açdı. Özümü ona görə bəxtəvər hesab eləyirəm. Bu gün İnamlı Atalıyam. Mənim hədəfim Ataya layiq, Ocağa layiq bir Evlad olmaqdır.
Hamının Qutsal Evladlıq Gününü qutlayıram. Atamız Var olsun!
(Ulusəs Atalı hamını Qutsal Evlad Günü ilə bağlı qutladı.)
Soylu Atalı: Hər bir Ocaqçının ağlına çatır, onun yaşadığı, yaşatdığı Ocaq öyrətmənlik yeridir. Burada bizim hamımızın öyrətməni Atadır. Dünyada yaxşı şeylər tapırıq, oxuyuruq, öyrənirik. Yaxşı şeyləri öyrənirik. Ancaq bir var nəyisə öyrənmək, bir də var nədənsə oyrənmək. İki yana baxan çaş qalar deyiblər. Əgər biz Atanı böyük olaylarla paralelləşdirsək, biz iki yana baxacağıq. İnamlı dedi axtardığımız hər şey Atada var. Onu da biz başqa elementləri danmadan deyirik. Müsəlman kimi demirik, fizika da Qurandadır, kimya da Qurandadır. Elə deyil, elə demirik. Mənəvi varlığa, ruhani varlığa bağlı nə varsa, o Atanın İnamında var. Atanın İnamından qaynaqlanmalıdır yaşamın bütün çalarları. Hər kəsə, hər şeyə doğru ölçü gərəkdir. Ölçü də Ruhaniyyatdır, mənəviyyatdır. Bu fikrə xudbinlik kimi baxanların ağlı yoxdur. Biz demirik, fizika gərək deyil, biz deyirik fizikanın insana gərəkliyi üçün Ata var.
Hər bir adam oxula gedir, sonra yüksək oxula. Onun bir qismi olur öyrətmən. Gedir oxulda nə öyrədir – fizika, kimya, coğrafiya… Olur bir sinfin öyrətməni. Asif Atanın ruhani oxulunda eyitim alan adam bəşəriyyətin öyrətməni olur. O, mənəviyyat öyrədir, ruhaniyyat öyrədir. Ocağa gələn insan oxula gəlir əslində. Ruhaniyyat oxuluna gəlir. Bəşəriyyətə öyrətmənlik üçün gəlir. Bəşəriyyətə öyrətmənlik eləməkdə qazanc yoxdur. Ancaq orta, yüksək oxullarda qazanc var. Ona görə də insanlar oraya sırf qulluq göstərmək üçün getmirlər. Yaşamaq, dolanmaq istəyi ilə gedirlər. “Həm ticarət, həm ziyarət”. Burada isə yalnız, umacaqsız olaraq, bəşəriyyətə öyrətmənlik eləmək var. Onu seçən adam yüksək keyfiyyətlərin daşıyıcısıdır.
Ocağın Evladı sıradan deyil. Gərək Ocaqçılığı seçə biləsən, özündən keçə biləsən. Özündən keçməsən, yəni fədakar olmasan, özümlüyündən keçəcəksən. Çağırış budur. Özümlük ölməzlik deməkdir. Özün gerçək deməksən, olan deməksən, yaşayan deməksən. Özündən, yəni ötəriliyindən keçirsən ölməzliyə yetirsən. Hamı kimi belə bir saray peşində deyilsən. Hamı kimi maddi-fiziki firavanlıq peşində deyilsən. Bundan böyük özündənkeçmə yoxdur.
Ölməzlik istəyənə dəli deyirlər. Biz dəliyik, çünkü ölməzlik istəyirik. Bizim dəliliyimiz bizim aşiqliyimizdir. Aşiqlər isə ölmür.
Ocağımızın çox böyük işləri olub, olmaqda davam edir, usanmayın, doymayın, özünüzə qarşı olmayın. Mən bu qədər çətinliyə girirəm, gərginliyə girirəm, heç nə mənim beyin qatımda Ocağın ortamına girmir…
Ocaq Ata sonevinin ziyarətinə hazırlaşır. Bu bir şərəfdir Ocaq üçün. Bu şərəfi daşımaq gərəkdir. Burada hər kəs öz varlığını ifadə eləyir. Bu bütün tarixə yazılan bir tarixdir.
(Bundan sonra Soylu Atalı ruhani hədiyyələri sundu. Hədiyyələr Ocaq tədbirlərinin görüntü diskləri, 36-cı ilin “Bayramlar, Törənlər” kitabı, “Atagün” Ailəsinin “Ailə Günü” kitabları idi – Ü.A.)
Bugünkü hədiyyələr zəngin oldu, çalışaq “Ata Günü”nün hədiyyəsi bundan zəngin olsun.
Hər birinizə Ocaq yolunda yorulmazlıq, usanmazlıq, özünüyaratma ucalığı diləyirəm. İndi Atamızın adından Evladlıq Nişanələrini sunaq.
(Soylu Atalı Yol sözü ilə Nişanələri Ocaqçılara verdi – Ü.A)
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Törən sona yetdi.
Şölə Ayı, 37-ci il. Atakənd.
(iyun, 2015.Bakı.)