Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Qutsal “İdrak Günü” törənində
deyilmiş fikirlər
Ocaq Günsırası ilə 25 Çiçək Ayı, 38-ci ildə (aprel, 2016) İnam Evində “İdrak Günü” törəni keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Müqəddəs Günümüzə başlayırıq, mərasimi başlamazdan öncə Ocaqda ölənlərimizi anırıq: Sabahlı, Bağban, Amaltay bizimlədir. Ocaq onların ruhsal varlığında həmişəlikdir.
Biz Ocağın bəxtiyarlarıyıq. Dünya nə qədər qarışırsa, həyat nə qədər əyilirsə, insan nə qədər kölələşirsə, ölkə nə qədər başqa əhvallarla dolursa, Ocaq, Ocaqçılar, bir qom adam milli-ruhsal kimliyini qoruyub saxlayır, ondan sağa-sola bir addım qoymur. Ona görə Ocaqçı İnsanlıq dünyasına bağlı olan bəxtiyardır. Bu bəxtiyarlıqla hər gün yaşamaq gərəkdir.
Ocağımızın fiziksəl gücü azdır. Ona görə iş də olmalıdan azdır, ancaq Ocağımız, Ocaqçılarımız öz üzərlərinə düşən görəvi çətinliklərin altında həyata keçirir. Əminliklə demək olar ki, Ocaqçıların ömrü Ocağa çevrilib. Bunu da bəxtiyarcasına yaşamaq və bundan bəxtiyarcasına fərəhlənmək gərəkdir. Dünya nə çağırır özü bilər, biz öz işimizin arxasındayıq, biz öz insani varlığımızın qiymətini bilirik.
Ocaqçıların mərasimlərdən bəzilərinə gələ bilməməyinə gəlincə, öncələr də demişəm, qəbul etmirəm, ancaq anlamaq zorundayam. Ailə Günlərinin çağını biz özümüz təyin edirik. Ocaq mərasimləri ay yarıma biri düşür. Nə olur olsun, biz öz işimizdən imkan götürməliyik. Çünkü Ocaq bizim gəlişimizlə yaşayır, olumumuzla yaşayır, mərasimlərlə yaşayır. Mərasimlər heç bir çağ dayanmamalıdır. Ailə Günləri dayanmamalıdır. Biz əbədi öyrəncilər və öyrətmənlərik. Öyrəncilərik ona görə ki, Ocağımıza həmişə Evlad gəlmək imkanı var. Biz Ocağın içində, bu gün və sabah olanlarla bir yerdə götürürəm, öyrəncilər və öyrətmənlərik. Bu oxul (məktəb) heç bir çağ öz işini “başa çatdırıb” deyilişinə yuvarlana bilməz.
Dünyanın gedişi bir daha göstərir ki, onun gələcəyi, sakitliyi, dincliyi insana bağlıdır. İnsan da o vaxt bu dincliyi yaradar ki, o, ruhsal idraka yetsin. Ruhsal idraka yetməyən cəmiyyət düşdüyü fəlakətlərin əlində həmişə məğlub duruma düşəcək. Həmişə heyvana uyğun yaşayacaq.
Bir sıra təşkilatlar, qurumlar var ki, onlar da özlərinin yerişini təmin etmək üçün, əməllərini genişləndirmək, yeniləmək üçün bir düşüncə sistemi yaradırlar. Bu, dövlətdə də var, orduda da. Orduda qərargah var. Qərargah hərbi qüvvənin çalışmalarını, hərəkətini, döyüşünü, hücumunu, qorunmasını, hər şeyini hazırlayır. Qərargah onu hazırlayır, baş işlədir. Bir var ön cəbhədə olan, bir də var mərkəzdə. Burda ön cəhbənin hərəkəti nizamlanır. Başqa qurumlar da elədir, təşkilatlar da elədir. Ocaqda bunun biçimcə bənzəri olsa da, bunlardan qat-qat dərindədir. Burda insan yaradıcılığından söhbət gedir. Ruhsal idraka yetmək, başqa qurumların düşüncə sistemlərindəki idraka yetməyin eyni deyil: bu, əbədiyyəti ölçən, insan ölməzliyini yetirən, insanı xalq səviyyəsinə, daha böyük anlamda bəşər səviyyəsinə qaldıran bir sistemdir. Hər şeyin anlamına girə bilirik. Dünya nədir, insan kimdir, vətən nədir, dövlət nədir, çalışmalar nədir, gəlim nədir, qalım nədir. Hamısını biz dərk edirik, nəyin hesabına – ruhsal idrakı yetirməyin hesabına.
Ocaqda həm də milli var olmanın əsasları öyrənilir. Bu, həm də ideoloji sistemdir. Baxmayaraq ki, Ocaq ruhaniyyat ortamıdır, ruhaniyyat olayıdır, ancaq o öz üzərinə həm də ideoloji bir sistemi yaratmaq, yaşatmaq sorumluluğu götürüb. Ona görə də bizim mərasimlərimiz, Ailə günlərimiz başqa tədbirlərdən çox qiymətlidir. Mən bunu biz və başqaları ayrılığını yaratmaq üçün demirəm. Mən bunu həqiqətin tələbi kimi deyirəm. Bunu sübut edirəm. Biz özümüzü qaldırıb başqalarını aşağılamaq üçün demirik. Biz bunu həqiqətimiz kimi deyirik. Milli düşüncə mərkəzləri yaradırlar. Milli düşüncə mərkəzlərinin tədbirinə qatıldım, gördüm ki, milli düşüncə mərkəzində özgəçiliyin xətti yürüdülür. Necə anlayaq milli düşüncə mərkəzini?! Milli düşüncə mərkəzi milləti təhdid eləyən təhlükələri araşdırmalıdır, öyrənməlidir. Ona qarşı dirəniş hazırlamalıdır. Ancaq onlarda tərsinədir. Milləti özgə xəttə çəkmək var. Millətin düşüncəsini özgəliyə kökləmək var. Bu, təhlükədir. Elə bilirlər ki, humanizmlə uğraşırlar. Elə bilirlər ki, bu yaxşı şeydir. Beynəlmiləlçilik yaxşı şey deyil. Kosmopolitizm yaxşı şey deyil. Kosmopolitizm, beynəlmiləlçilik balacaları əritmək üçündür. Böyük güclərin qalması üçündür, ağalığı üçündür, hökmü üçündür. Onun yönətməsi üçündür ki, o yönətmə həmişə davam eləsin. Bunun üçün balacaları beynəlmiləlçilik tərbiyəsinə, mən deyərdim, tərbiyəsizliyinə sürükləyirlər, kosmopolit əhvallara çağırırlar. Biz ona çağırmamışıq, həmişə onu vurmuşuq. Ancaq başqa xalqların haqqını gözümüzün ardına atmamışıq. Bunu hamımız bilirik.
Ocağın bənzəri yoxdu. Olmayacaq. Ocağı yaşadanlar ona görə bəxtiyardır. Bütün bəşəriyyətdə bənzəri olmayan bir olayı yaşatmaq bəxtiyarlıqdır. Ağılsızlar elə bilirlər ki, Ocaq özünə qapılan sufi oxuludur. Belə bir şey yoxdur, Ocağın ideyası, fikri, düşüncəsi min il bundan sonra da işləyəcək. Hara gedirsiniz, gedin, mən gördüm, bir daha görəni (şahidi) oldum. Ocaqdan qıraqda düşüncə o qədər bəsitdir ki. Ancaq hamısı cəmiyyətdə ad çıxarıb. Hamısı tanınır, hamısı məşhurdur. Ancaq düşüncəsi yoxdur, fikri yoxdur. Kaldır, boş-boş danqıldayır. Niyə, çünkü bir dəfə də olsun özüylə uğraşmayıb, düşüncəsiylə uğraşmayıb. Yığılırlar, söz yoxdur danışmağa. Çünkü düşüncə gücü yoxdur. Yığılırlar ora, boş-boş danışırlar bu tanınmışlar. Sən onunla tutuşdurmada çox az tanınmısan, ancaq sənin gördüyün işə bax. Bunun qədrini bilməyən elə o ağılsızların tayı olar. Atanın işinin miqyası çox böyükdür. Ağşın bəy həmişə eyni şeyi deyir: “Ocaqdan qıraqda fikir yox” – yorulmur təkrar deməkdən. Mən o gün o tədbirdə olanda başa düşdüm o niyə həmişə bunu deyir. O adam hər yerə gedir, əliboş çıxır. Hara gedir, bir daha qərara alır ki, Ocaqdan qıraqda heç nə yoxdur. Fikir, söz, düşüncə, əməl Ocaqdadır. Ocaqda nə qədər adam var? Barmaq sayda. Təsəvvür edin. Ata bizə həmişə deyirdi, özünüzün kimliyinizi dərk edin. Özünüzün gücünüzü dərk edin, onda olanaqlarınız (imkanlarınız) birə beş artacaq. Özünüzün kimliyinizin fərqinə varmırsınız deyirdi, bu doğrudan elə idi. Elə bilirsən ki, cəmiyyətdəkilərlə eyni işi görürsən, onlardan birisən. Onlardan biri deyilsən. Hər zaman bunu düşünmək gərəkdir. Əgər bunu düşünməsən, özünü cəmiyyətin içində, sıradan görəcəksən. Onda adiləşərsən, cəmiyyət necə dolanar, necə yeriyər, sən də elə edərsən. Ancaq içində dərk eləsən ki, sən cəmiyyətin içində sönməz işıqsan, onda sənin bütün ömrün fərqlənəcək. Yerişin, duruşun, baxışın, hər şeyin fərqlənəcək. Hər şeyin fərqlənəcək və oxula, örnəyə çevriləcək. Əməyə çevriləcək, yüz illərin işinə çevriləcək. Həqiqətdi bu.
Həmid bəy mənim iş yerimə gəlmişdi o gün, məndən xahiş edir ki, siyasi təşkilatların tədbirinə qatılım. “Buna böyük ehtiyac var. Sənin dediyini, düşüncəni heç yerdə demirlər, qoy ora toplananların rəhbəri ayılmasın, ancaq ora toplananlar ayılsın”. Mən inanıram ki, hər bir ağıllı adam, Həmidlə eyni fikirdədirlər. Siz arı-duru qızlar kimi Ocaqda yaşlanmısınız, Ulusəs o təşkilatlarda olub. Onların hər cür davranışlarını görüb. Ona görə Ocağın fərqini də əyani bilir. Siz də bilirsiniz Ocağın fərqini, ancaq tutuşdursanız, fərqinə varsanız görəcəksiniz ki, nə qədər üstünlükləri var Ocağın. Əlçatmazlıqlar var.
Ocaq nə öyrədir? Ocaq öyrədir ki, insanı heyvan yerinə qoymaq olmaz, heç kim dünyanın üzərində ağalıq edə bilməz. Bunu dərk eləmək üçün Ruhsal idraka yetmək gərəkdir. Ruhsal idrak İnsanlığın açarıdır. İnsanlığa yetmənin açarıdır. Hər kəsin içində İnam tələbi var. Hər kəs Ruhsal idraksız inanır inandığına, Ocaq Ruhsal idrakla inanır. Ona görə Ocağın İnamı da fərqlidir. Ocaqçının inanmağı da fərqlidir. Ocaqçı gözü ilə baxıb inanmır. Ocaqçı mənəviyyatının, idrakının tələbində yanaşıb inanır. Ona görə Ocaqçı inamı naşı inam deyil. Arı, duru olsa da, körpə deyil, yetkindir, müdrikdir. Mənim hər günüm bu həqiqəti dönə-dönə dərk eləməkdir. Ona görə hər günüm fərəhə bağlıdır. Mən həyata dönüb baxan kimi, fərəhimin gözünə qaranlıq dolur. Ruhaniyyat – insanı qurmaq deməkdir, insanlaşmaq deməkdir. Ruhaniyyatın başqa anlamı yoxdur. Dinlər deyir ki, ruhaniyyat Allaha tabe olmaqdır. Müti olmaqdır, dikbaş olmamaqdır Allahın qarşısında. Bu ruhaniyyat deyil. Asif Ata deyir, ruhaniyat – İnsanlaşmaq deməkdir, qüdrətli insan yaratmaq deməkdir. Ancaq Asif Atanın qüdrətli insan yaratmaq anlamı Nitşelərin fövqəlinsanı kimi deyil. Çünkü Asif Ata İnsanı Ruhsal idrakla yaradır. Nitşelər fövqəlinsanı ruhsal idrakla görmür, yaratmır, onlarda insan eqoizmə yuvarlanır. Oşonun “özünü sev” ideyası Nitşedən gəlir, o da fövqəlinsan anlamına gəlib dayanır, eqoizmə gəlib dayanır. Görün Asif Atanın bütün dünyadan fərqi nə qədər böyükdür. Əgər biz Asif Atanı ruhaniyyatdan ayırsaydıq, təkcə filosof kimi qəbul eləmiş olsaydıq, onda Asif Atanın özümləşən insan idealı, İnsanlaşma ideyası özünü doğrultmazdı. Mümkün deyil. Niyə biz ruhaniyyat yaradırıq, niyə biz Atanı peyğəmbər sayırıq, niyə biz ruhsal quruma çevrilirik, bunu anlamayanın ağlı yoxdur. İnsan orda yaranır, ordan qıraqda fövqəlinsan, ya da müti insan yaranır. İstəyirsən insan bu deyilənlər kimi olmasın, onda onu ruhaniyyatın içində yarat, Asif Ata ruhaniyyatının içində qur. Onda o, qüdrətli olacaq, heyvan kimi güclü olmayacaq. Güclü insan dağıdıcı insana çevrilir. Güc daha çox fiziksəl, siyasal iradəyə təkan verir. Ancaq ruhaniyyat insanı öz mahiyyətinə bərabər böyüdür, öz mahiyyətinə bərabər yaşadır. Ruhaniyyat bunu davamlı yetirir, qoruyur, təsdiq edir.
Nurtəkin Atalı (Ataya səcdə ilə sözünə başlayır – Ü.A.):
Millət nədir və milli şüur Ocaq baxışında nə deməkdir?
Millət – bugünündə qədimliyini qoruyan və sabahını dəyərləri, gələnəkləri, ruhu əsasında qura bilən bireylər birliyidir. Bugünkü çağda millət millət olaraq formalaşmayıb. Dünyada bəzi millətlər ağa, bəziləri əsarətdə olan millətlər kimi formalaşdırılır. Dünya gedişinə tabe elətdirilir, buna inandırılır. Dini və siyasal qismətlə damğalanmış millətlər taleyi ilə barışır, özünə yadlaşır. Özünə yadlaşdıqca qismətinə inanır, özünə inanmır. Ədalətə inanmır. Həqiqətə inanmır. Azadlığa inanmır. İnanmadığı üçün də bunların uğrunda döyüşmür. Millət o zaman ölmür ki, Ədalət, Həqiqət, Xeyir uğrunda savaşır. Millət o zaman ölmür ki, özümlüyünü qoruyur və yeni dəyərlərlə zənginləşdirir. Ölməz ideyalar uğrunda savaş aparır. Özünü özündə, özünü dünyada təsdiq edir ruhuyla. Asif Ata deyir ki, “Azadlığı sevmək – xəlqi birliyin ruhani mahiyyətini sevməkdir”. Xəlqi birlik yaranmasa, millətin sabahından danışmaq anlamsızdır. Xəlqi birlik isə bireylərin birliyi deməkdir. Bu gün mənəvi süqutu hər kəs görür. Hər kəs millətin bugünkü mütiliyindən, geriliyindən, bir ola bilməməsindən danışır. Hər kəs də qurtuluşu millətin özündən qıraqda görür. Hər kəs qurtuluşa sorumluluğu da özündə görmür. Yol isə sorumluluqdan başlayır. Gələcəyi necə görmək, gələcəyi necə qurmaq və ömrünü yüksək ideyalara bağlamaq sorumluluğundan. Ömrünü qurmaq millətə bağlıdır. Xəlqi inam bireysəl inamdan yaranır. Xəlqi İdrak, Mənəviyyat, İradə bireysəl İdrakdan, Mənəviyyatdan, İradədən yaranır və Milli ruhu yaradır. Milli ruhun yaranması millətin ölməzliyidir. Hər bir soy milli ruhu qorumağa köklənməlidir. Gələnək – soydan soya ötürülən ruhdur. O ruhda yaşamaq və yaşatmaq hər bireyin qutsal borcudur. Atamız Var olsun!
Göylü Atalı: Soylu, sənin özünə sorular gündəliyindən oxumuşam ki: dünyada iki cəhbə var, beynəlmiləlçilik-demokratiya-din və millətçilik. Ocaq bunları qəbul eləmir, bunlardan üstün olduğu halda gücsüz kimi görünür. Burada hansı addımlar atılmalıdır?
Soylu Atalı: Əslində atılan addımlar fərdin öz üzərində işləməsi ilə başlayır. Mən bütün Ocağın gözəllikləri ilə, fədakarlıqları ilə bir yerdə Ocaqçılarımızın öz üzərində güclü işləməmələrini görürəm. Hərəmizə bir şeylər əngəl olur. Mən etalon deyiləm, ancaq heç olmazsa, mənim kimi öz üzərində işləmək, öz ağlının, düşüncəsinin üzərində işləmək, öz iradəsinin üzərində işləmək Ocaqçılarda əsaslı xəttə çevrilməlidir. Onda mənə elə gəlir ki, qarşıda hansı addımların atılması aydınlaşacaq. Hər bir fərdin hansı yöndə olursa-olsun, danılmaz və güclü etki yaradan yaradıcılığı ortaya çıxacaq. Bu yaradıcılıq, həm yazarlıq kimi, həm ortaya ciddi düşüncə qoymaq şəklində də ola bilər. Məsələn, mən Oşonun adını çəkdim, o, ancaq şifahi danışıb. Düzdür, biz onun danışıqlarını doğru bir xətt hesab eləmirik, içində yaxşı şeylər də var, çatışmazlıqlar çoxdur. Sokratın, belə götürəndə, heç yazılı irsi olmayıb, ancaq onun nə qədər tələbələri olub, təbliğatı, sözü iş görüb. Yəni Ocaqçının bu işi də ola bilər. Məsələn, Ocaqçılar böyük Ocaq ədəbiyyatı yaradırlar, böyük arxiv yaradırlar, Tədbirlər kitabı hazırlanır. Bunlar mənə elə-belə gəlmir, bunun çox dərin etkisi, ciddi gələcəyi var. Biz həm tarix yaradırıq, həm də tarix yazırıq, həm də gerçək addımlar atırıq, gerçək işlər görürük. Bunlar elə-belə deyil. Görüşlər keçiririk, Mərasimləri yaşadırıq, Ailə günlərini yaşadırıq, ancaq onun içərisində Evlad yaradıcılığı, Evladın özünü yaradıcılığı zəifdir. Bax bu, güclənərsə, qüdrətli Ocaqçılarımız ortaya çıxarsa, bunlar bir-birinə söykənəcək və bunların etkisi daha böyük dalğalar əmələ gətirəcək. Daha yeni işlərə, çalışmalara təkan verəcək. Yeni dəyişikliklərə təkan verəcək. Mən əminəm ki, onda Ocaq daha çox diqqət mərkəzində olacaq. Daha çox meyil yaranacaq. Daha çox öyrənmək istəyi yaranacaq. Ocağın ideyalarından hamı bəhrələnsə də, bizim çalışmalarımızı dərindən izləmirlər, Ocaqçıların sarsıdıcı, silkələyici mənəvi qüdrəti ortada deyil, ona görə də başqaları bizi zəif görür. Meyil azalır, ümid hamılaşmır, şaxələnmir, genişlənmir. Bunun üçün, mən hesab edirəm ki, Atanın özüylədöyüş ideyası başlıca məsələdir. Onun içinə girmək, özünü ciddi dəyişmək, sarsılmaq gərəkdir. Mən nə qədər özümə demişəm mənim biliyim azdı. Bəzək üçün deməmişəm. Öncələr nə qədər demişəm balacayam. Demişəm, ancaq elə-belə deməmişəm ki, sənin-onun görkəminə, “afərin”inə deməmişəm, rahatsız olub demişəm. Sarsılmışam içimdə.
Göylü Atalı: Bilik azlığı fərəhsizliyə gətirib çıxarır?
Soylu Atalı: Fərəhə mane ola bilir. Bundan ötrü biliyi, mənəvi gücü artırmaq gərəkdir. Adam onda özünü yaxşı görür. Özünü aldatmır.
Göylü Atalı: Mən nəyi nəzərdə tuturam. Bir var insanın özünü tanımağı, insanı öyrənməyi, o bir şərtdirmi ki, insan bilikli olmalıdır?
Soylu Atalı: Ruhaniyyatçı kimi özünü təsdiq eləmək üçün hə. Mən dedim axı, ruhsal bilikdən gedir söhbət. Məsələn, başqa biliklər olmaya bilər, ancaq ruhsal bilik olmalıdır. Yəni sən özünü bildikcə dünyanı da bilirsən. Öz üzərində dünyanı öyrənirsən, bütün bəşəriyyəti öyrənirsən. Yetər ki, adam özünü gizləməsin özündən. Yetər ki, özünü aldatmasın. Bu, çox vacib məsələdir. Getmir insanlar ona, elə bil insan özünə inanmır. İnsan özünü gizləməməlidir, üzə çıxar nəyin var, bütün yaxşını-pisini. Pisindən, yaxşısından çəkinmək gərək deyil. Necə varsan, özünü bütöv tap. Ondan sonra ruhsal qayçı götürüb budamağa başla. İstəyirsən gözəl bağban olasan, gözəl bağ bəsləyəsən, mütləq əlində özünü budayan qayçın olmalıdır. Bundan qıraqda heç nə yoxdur. Bundan qıraqda bəşəriyyətin gələcəyi yoxdur, Ocaqçının da gələcəyi yoxdur. İnsanlığın qələbəsi də yoxdur. Hara gediriksə gedək, ondan qırağa çıxa bilməyəcəyik. Ondan sonra başlayır hər şey. O oxulu yaradandan sonra, o örnəyi yaradandan sonra, o eyitimi yaradandan sonra, məsələ gedib dövlətin başına da çıxır. Ondan sonra hər şey dəyişir. Dövlətin başına sənin istədiyin gəlir, bəlli bir zaman kəsiyindən sonra. Onda sənin oxulunda qayda-qanun yaranır, təhsilində, təbabətində, bütün sistemində. İnsanın gəlişməsi ilə bütün sistem dəyişir. Ya da sistemin dəyişməsi üçün zəmin hazırlanır. Bir insanın yaranmasıyla sistemin dəyişməsi üçün zəmin yaranır. Ciddi məsələdir bu.
Ulusəs Atalı: Soylu, siz Müsavatın qərargahında olmuşdunuz, mən istəyirəm ordakı ab-hava haqqında bir az ətraflı danışasan.
Soylu Atalı: Oraya Yadigar Türkelin hazırladığı kitabın təqdimatına getmişdik. Bunu mən mərasim qonusuna çevirmək istəmədim. Sənin zaman-zaman o təşkilatlarda izlədiyin, gördüyün durumdan üstün deyil. Elə bil ki, hamısı körpə qalıb. Heç bir yetkinliyə çatmayıblar, gəlişməyiblər. Mən o durumu izlədikcə orda bir fikir yazdım. “Siyasətçilər o qədər səslərini qısıblar ki, danışıqlarında anlam, məntiq qalmayıb”. Onlar o qədər səslərini qısırlar, dillərini gödək edirlər ki. Onlar nə düşünür?! Onlar heç nəyi xalqın gəlişməsinə hesablamır. Onlar hər şeyi ölkədə olan səfirliklərə hesablayırlar. Belə ki, elə danışım, səfirliklər deməsinlər ki, sabah bu millətçi ola bilər, öz xalqını düşünə bilər, bunu hakimiyyətə gətirmək olmaz. Yəni bizim siyasətçilər bir növ onun qorxusunu yaşayırlar.
Mən orda bir fikir dedim: bir var siyasətçi dili, bir də var aydın (ziyalı) dili. Siyasətçi dili gödək ola bilər, əyri-üyrü ola bilər, aydının haqqı yoxdur dili əyri-üyrü olsun. Aydın biranlamlı olaraq, xalqın həqiqətlərini deməlidir. Xalq mariflənməlidir, xalq bilməlidir. Deyə bilərsən ki, mən onu içimdə gizləyirəm, sonra üzə çıxarmaq üçün. Heç proqramda da yoxdur axı. Mən eşitmişəm ki, onlar proqramdan millətçilik sözünü də çıxarıblar. Onda sənin başına yığılan toplum sürüyə çevrilər ki. Özün necə düşünürsən, onu da elə kökləyirsən. Bunu da qıraqdan baxan bilir axı. Halbuki, o gələnlərin içində adamlar var, danışırsan, fərqli söz deyirsən, hamısı içində elə bil onu istəyir. Bizim mühitə çox böyük ehtiyac var, kütləni elə bil məngənəyə salıblar. Elə bil ki, onu qapalı bir yerə salıblar, əlləri-qolları bağlıdır.
Ulusəs Atalı: Onlar demirlər ki, biz aydınıq, deyirlər ki, biz siyasətçiyik.
Soylu Atalı: Mən aydın deyəndə onları demirəm ki. Orda, məsələn, bir qadın çıxış edir, deyir mən müəlliməm, o biri qadın çıxış edir, deyir mən yazıçıyam. Yəni mən danışanda siyasi qurumu təmsil eləmirəm, mən yazıçıyam, özümü təmsil edirəm. Mən də onu deyirəm ki, bir var siyasətçi dili, bir var aydın dili. Aydının biri də mənəm, burda çıxış edirəm. Mən gizlənə bilmərəm. Qorxa-qorxa danışa bilmərəm. Mən bütün həqiqətlərimi açıq, çılpaq deməliyəm. Xalqım bilməlidir ki, onun içində düşünən aydın nə deyir. Hamı dərinə ağıl işlətməklə uğraşmır ki. Aydın xalqın görən gözü, düşünən ağılıdır. Xalqın yerinə o düşünür.
Ulusəs Atalı: Soylu, onlar deyirlərmi ki, mən siyasətçiyəm, mən siyasi yolla gedirəm, ancaq Ocaq kimi bir qurum millətimizə, dövlətimizə, gələcəyimizə, həyatımıza gərək olan bir şeydir. Buna münasibətdə müsbət bir mövqe tutmaq, yəni qəbul eləmək içdə, görünürmü?
Soylu Atalı: Onu fərdi söhbətlərdə hamı deyir, hətta yadınızdadırmı, Çöhrəqanlı ilə danışanda deyirdi: “düşünürük ki, Azərbaycan Bütövləşərsə, hakimiyyətə milli qüvvələr gələrsə, onda Ocağın baxışları diqqətdən keçməlidir, onu qəbul eləmək gərəkdi”. Bunu neçələri deyib. Yəni bunu diplomatik dillə deyənlər də var, bəlkə də doğru düşünüb deyənlər də var. Yəni kim nə edir etsin, ortada böyük bir sistem var. Danılmaz bir sistem var. Sən istəyirsən gör, görmə. Ortada danılmaz sistem var ki, bunun bənzəri heç yerdə yoxdur. Kimin nə deyib, nə deməməyindən asılı olmayaraq, həqiqətdir bu.
Göylü Atalı: Bir də bir soru verim, deyirsən ki, mən dünyanı özülündən dəyişmək istəyirəm. Mevlanada bir şey oxumuşdum, deyir bir vaxt naşı idim, dünyanı dəyişmək istəyirdim, ağıllandım, özümü dəyişməyi düşündüm.
Soylu Atalı: Təbii ki, o sufi baxışı ilə deyir. Bir vaxt özümü dəyişmirəm, özümdən qıraqda dünyanı dəyişmək istəyirəm, indisə özümü dəyişirəm, əslində isə dünyanı özümdə dəyişmək istəyirəm. Biz mənəvi dəyişməni əsas götürürük. Hər şey onun üzərində qurulur. Biz siyasi düzəni dəyişmirik ki, bu gün biz idarə edəcəyik, sabah da Amerika idarə edəcək. Yəni türk imperiyası yaransın. Biz onu demirik. Yəni sırf insanı dəyişmək. Dünya elə insan deməkdir. İnsan dəyişirsə, onda dünyanın nizamı, gəlişi, gedişi, hər şey dəyişir. O ki qaldı Mevlana məsələsi, əlbəttə, Mevlana üslubundan daha yüksək üslubu var Ocağın, içsəl şərlə və ictimai şərlə döyüşmək üsulu var Ocağın. O fikir ona köklənmiş bir şeydir. İctimai şərlə döyüşmək gərəkdir. Sən özünlə döyüşdükcə görürsən ki, arılanırsan, ancaq səndən qıraqda görürsən ki, hər şey əyridir, sən ona dirəniş göstərirsən, yeni dünya yaratmaq istəyirsən, ona görə mübarizə aparırsan.
Nurtəkin Atalı: İndiki gedişlə Azərbaycanın gələcəyini necə görürsən?
Soylu Atalı: İndiki gedişdən biz Azərbaycanın gələcəyinə baxmırıq, baxsaq onda biz bədbinliyə qapıla bilərik. Biz Azərbaycanın gələcəyinə Ocağın ideyaları ilə baxırıq, ona görə Azərbaycanı dünyanın ruhaniyyat mərkəzi kimi görürük, bunu özümüzə də deyirik, hamıya da. Gerçəkliyin gözü ilə baxsaq, Azərbaycanın gələcəyi yoxdur. Mənəviyyat ölür, gənclik ölür, əxalq ölür, ailə ölür, vicdan ölür, ədalət yoxa çıxır, təhsil ölür, hər şey ölür. Bununla gələcək olmur. Ancaq biz insanı dəyişməklə, belə bir oxul yaratmaqla, qəti ölçü yaratmaqla düşünürük ki, sabah bizim sistemimiz insanı dəyişəcəksə, millətləşmə bərkiyəcək. Azərbaycanı dəyişən və gələcək quran insanlar haqqında düşünürük. Onu biz içimizdən başlamışıq.
Ulusəs Atalı: Biz deyirik bugünkü gedişlə getsək, Azərbaycanın gələcəyi yoxdur. Ancaq həmin gedişlə biz Batı ölkələrinə baxsaq, hamı deyir onların gələcəyi daha yaxşıdır, yəni qıraqdan baxanda elə görsənir.
Soylu Atalı: Ancaq həqiqət elədir ki, ona üzdən baxmaq olmur. Məsələn, mən baxıram Amerika getdikcə çöküşə gedir. Heç bir imperiya əbədi olmur, o insana qarşı, başqalarına qarşı güc tətbiq edir. Zor tətbiq etdiyinə görə ona qarşı güc tətbiq edilir, dirəniş formalaşır. Bunu devirən də devrim yolu ilə devirir, zor yolu ilə devirir, insani yolla devirmir, yəni yerdəyişmələr olur, azğınlıqları ifadə edənlərin yeri dəyişir. Azğınlığın biçimi dəyişir. Avropa birliyi dörd imperiyadan biridir. ABD, Avropa Birliyi, Çin, Rusiya. İran imperiyasının dünyada həlledici rolunu görmirəm. Ona görə adını çəkmirəm. Hamı ağa deyil ki. Dünya xalqlarının bir çoxu böyük güclərin basqısı altında inildəyir. Sıradan çıxardılır. Nə qədər olar, qırğınlar, fəlakətlər, bu ac qalır, o tox qalır, bunun yurdunda müharibə edir, terror edir… Bunun hamısını xalqlar düşünür, buna bir nizam, bir yön, bir sistem haqqında düşünür. Bütün dünya Asif Atanın sistemindən yapışacaq, çünkü dünyanı o qurtaracaq.
Göylü Atalı: İmperiya düşüncədir, yoxsa.. Yəni tutaq ki, bir dövlətin başqa xalqları əsarətə almağı, yoxsa ideoloji basqıdır.
Soylu Atalı: İmperiya quruluşdur. Onun içində hər şey var. İdeologiyayla imperiya qurulur. İdeologiya, ideya ortaya qoyur, bunu edəcəm, onu edəcəm, sonra da onu həyata keçirir.
Göylü Atalı: Tutalım ki, İngiltərənin real olaraq basqısı altında ikinci bir xalq varmı?
Soylu Atalı: Niyə yoxdur? Bütün dünyanın üzərində onların basqısı var. İngiltərə özünü bağımsız imperiya kimi aparmır. İngiltərə həm Avropa birliyinin yanındadır, həm Amerikanın yanındadır, hər yerdədir, özü sanki üzdə görünmür. Ən təhlükəlisi də elə odur. Dilidir, ideologiyasıdır, hər yerə yayılıb.
Siz nə qədər siyasi dünyanın gedişinə görə sual versəniz də, mənim cavabım gəlib çıxır ruhaniyyata, çünkü qurtuluş burdadır. Nə edirik edək, hər şeyin kökü Ocağa bağlıdır. Bu elə-belə deyil. Ata bütün bunları dərk elədi və dedi ki, Ocaq yolu tutduq. Hər şeyi düşündük, gördük ki, Ocaqdan qıraqda qurtuluş yoxdur. Ata bunu həvəslə deməyib, uşaq deyil, o, buna nə qədər ömür ayırıb.
Nə qədər düşünürəm, yenə həmin fikrin üzərinə gəlirəm.
Ulusəs Atalı: Mən belə düşünürəm ki, ingilis, fransız, hamısı oturub vicdanı ilə düşünsələr, ola bilər qəbul edələr ki, dünyanı Ocaq qurtaracaq, ancaq onların heç biri bu ideyanı qəbul eləməz, istəməz.
Soylu Atalı: Bu gün birdən-birə qəbul eləmək mən də fikirləşirəm ki, mümkün deyil. Təsəvvür elə ki, sən bir bina qurursan və gəlib araşdırırsan ki, bu bina düz qurulmayıb, hər şeyi dağıtmaq istəyirsən. Düşünənlər, ideoloqlar, ideya daşıyıcıları bunun içinə girib yavaş-yavaş öz fikrində bundan istifadə edəcək, bunu təbliğ edəcək, bunu araşdıracaq. Onu dövlətin başında duran eləmir. Heç kim dövlətin başında bu qənaətə gəlmir. Xalqların içərisində ayrı-ayrı sağlam baxışlı insanlar var, onu diqqətdən qıraqda saxlamayın. Onlar iş aparır, onlar da toplumun içində yayılır. Qabaqcıl insanlar heç bir vaxt bəşəriyyətin içərisində yoxa çıxmır. Ona görə qabaqcıl ideyalar da öz yerlərini tapır. Sadəcə buna zaman gərəkdir. Fikirləşməyin ki, ayrı-ayrı dövlətlərin siyasətləri fərqlidir, ona görə onlar sənin dediyini eşitməyəcək, dövlət düşünməyəcək, qabaqcıl insanlar düşünəcək. Əgər bu gün bizim qabaqcıl insanlara əlimiz çatsa, onları inandıra bilərik. Onların fikri dəyişə bilər, onları yönəldə bilərik. Bizim ədəbiyyatlarımız öz dilimizdədir. Atanın kitabını rusca çıxartmaq gərəkdir, ingilscə çıxartmaq gərəkdir. Öncə araşdırmaları çıxartmaq gərəkdir. Onlar düşünüb qaynağı axtarmalıdır. Çünkü Atanın kitablarını Atanın düşündüyü kimi çevirmək çevirəndən güc istəyir. Gərək Atanı mükəmməl öyrənən çevirici olsun, bilici olsun. Nə olsun ki, o dil bilir. Ona görə deyirəm ki, bizim araşdırmalarımız çevrilərsə, onda bir çox insanların beyni tərpənər, o qaynağı axtarar. Məsələn, Göylünün hazırladığı filmləri çevirən olsa, ciddi iş görər. Atamız Var olsun!
- İndi isə ruhsal hədiyyələrimizi dəyərləndirək:
“Ailə Kitabı” – Ocaqçıların düşüncəsi, varlığı, üzü, üzünün cizgisi, fərəhi, kədəri, nikbinliyi, həy şeyi var. Bu kitablar gələcək insanı oyrədir. Harda həvəsli olmalarımızı da öyrədir, harda qüdrətli olmalarımızı da öyrədir. Çox böyük olay sayıram. Burada mən (titul vərəqində) aydınlaşdırıcı söz yazmışam:
Kitab Asif Ata Ocağının ruhsal Ailə quruculuğunu uğurla aydınlaşdıran və öyrədən dəyərli bir ədəbiyyatdır. Türk ulusunun özünəxas ruhaniyyat sistemini biçimə salan və yadlığı dışlayan hünər faktıdır. Toy-vay törənlərində özünü tanımaq, ulusunu tanımaq, gələcəyini qorumaq istəyən milli düşünərlər üçün bir örnək, bütövlükdə toplumumuz üçün söyləmlər qaynağıdır.
“Mərasimlər kitabı”nda 37-ci ilin bütün mərasimləri yazılıb. Çox zəngin qaydalar formalaşıb burda, çox zəngin bir gələcək özülüdür. Biz nə qədər böyük işlər görürüksə, bunlar o işləri tarixləşdirən, faktlaşdıran, gələcəyə aparan olaylardır. Bu işdə də mən Nurtəkinin və Göylünün hünərini təqdir edirəm, onların yazısı ilə başa gələn kitablardır. Mənim Nurtəkinlə Göylüdən tələb elədiyim səviyyə daha böyükdür. Mən sizi inandırıram, başqa qurumlarda bu iki adamın işi bəsdir ki, desinlər sizin işiniz elə bu olsun, başqa iş görməyin. Bunun əvəzi yoxdur. Başqa qurumların gözü ilə baxanda bunların işi ayrıca çalışmadır.
İndi “Mərasimlər Kitabı”nın aydınlaşdırıcı sözünü oxuyuram:
Kitabı, Asif Ata Ocağının ruhsal gələnəkləri ilə, Ruhaniyyatlı xalq yaratmağın harayları kimi götürmək doğrudur. Ocaq mərasimləri özül dəyərlərin yaşadıldığı yerdir. Bu Yerdə insan Hünəri, quruculuq ərdəmliyi üzə çıxır. Ruhaniyyat səviyyəsində insan quruculuğunun, bütövlükdə xalq quruculuğunun yazıya çevrilib kitablaşdırılması – yeni minillikdə türk ulusu üçün varolma örnəyidir. Burada Türk ulusunun özünəxas ruhaniyyat sistemini biçimə salmaqla hər cür yadlığı dışlamaq gedişi hazırlanır.
Bu həm də toplumumuz üçün söyləmlər qaynağıdır.
“Bayramlar kitabı” onu göstərir, Ocaq elə bir sistemdir ki, orda xalqın mədəni, mənəvi yaşaması üçün gərəkən hər bir şey var. Fikir, düşüncə hamısı tarixləşdirilib.
Aydınlaşdırıcı sözü oxuyuram:
Asif Atanın (İnam Atanın) Ocağında keçirilən Bayramlar ulusal ruhun özümləşməsi yönündə atılan ciddi addımlardır. Ruhumuzu geriliyə bağlayan dini, siyasi bayramlar Ocaq bayramları ilə əvəzləndikcə Yurdumuzda ulusallığın, bütövlükdə İnsanlığın oturuşması da yeyinləşəcəkdi.
Ocaq toplumumuza örnək bayramlar sunur, öyrənmək və gerçəkləşdirmək gərəkir.
- Bu hünər, əməl quruculuğu ilə Ocağımızı qutlayıram, işin başında duranları təqdir edirəm, bunu hədiyyə olaraq sizə sunuram.
Beləliklə, bugünkü Qutsal İdrak Günü mərasimimiz sona çatır, qatılmayan Ocaqçılarımız gedişi izləsin, öyrənsin.
Ocaq Yükümlüsü ruhsal hədiyyələri Ocaqçılara paylayır. Sonra Evladlıq Nişanələrini yol sözü ilə Evladlara sunur.
Soylu Atalı: Gününüzə fərəh calansın, Ata işığı düşsün, yorulmayasınız, usanmayasınız. Doğmalığınız, insana gərəkliyiniz tükənməsin.
- “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Mərasim bitir.
İşıq Ayı, 38-ci il. Saray-Soylu.
(may, 2016.)