Xəbərlər

Qutsal ”Inam Evi Günü” Törəni

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq İlsırasının 43-cü ili
”Qutsal İnam Evi Günü” Törəni

 Ocaq Günsırası ilə 13 Yağış Ayı, 43-cü ildə (noyabr 2021) Asif Atanın Mütləqə İnam Ocağı (Beyləqanda) İnam Evində ‘’Qutsal İnam Evi Günü’’ Törəni keçirdi. Öncə Asif Atanın ilk üz qoyduğu torpaq ziyarət olundu. Ziyarət üstə Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bilən bilir, bilməyənlər üçün, həm də tarix üçün deyək. 1997-ci ildə Asif Ata öldü, illər öncə sonərkdə bulunduğu (vəsiyyət etdiyi) üzərəbu torpağa basdırıldı. Ocaq tarixinin 12-ci ilində Günev qardaşımız Asif Atadan soruşmuşdu: – Asif Ata öləndə hansı qayda ilə basdırılmasını istəyərdi?!Onda Ocağın “ölügötürmə” qaydası yazılmamışdı. Ata cavab vermişdi, özünüz biləcəksiniz, ona kimi hər şeyimiz hazır olacaq. Ancaq harada basdırılmasını (ölümündən 7 il öncə) demişdi, mən öləndə Amal Bağında torpağa qoyun. Bu gördüyünüz bağ Amal Bağıdır. Günev qardaşımız bu torpağı 90-cı illərdə aldı, ağaclar əkdi, adına “Amal Bağı” dedi. O çağlar burada evlər də çox deyildi.


Biz hər şeyi Atanın istəklərinə uyğun elədik. Ata öləndə İlahiyyat universitetinin rektoru hacı Sabirdən soruşmuşdular, Asif Ata öz istəyi ilə Beyləqanda,özlərinin Amal Bağında torpağa qoyuldu, nədən dinçilər qarşı çıxdılar, bu onun insani haqqı deyildimi? O da ağlına gələn bir cavab verib demişdi, ölümqabağı insanlar normal durumda olmurlar, sayıqlayırlar. Baxın, necə don geyindirirlər. Ölümqabağı nədir?!Asif Ata bu istəyini ölümündən 7 il qabaq dilə gətirmişdi. Əlimizdə kaset var, fakt var.
Biz onu gətirib bu torpağa qoyduq. Ancaq dinçilər, İranın buyruğunda olanlar həşir yaratdılar, hüquq-qoruma sistemi işə qarışıb, bir gün sonra, qəbri açdılar. Asif Atanın cismi ata-anasının uyuduğu Ağstafa sonevliyinə (qəbirstanlığına) köçürüldü. Ancaq mənim üçün bu torpaq qutsaldır. Bura qiblədir. Min ildir, biz ölümüzü yad qibləyə basdırırıq, yad qibləyəüzümüzü tuturuq. Biz içimizdə millətləşmirik, var olmuruq. İçimizdə öz kimliyimizi, dəyərlərimizi yaratmırıq, dərk eləmirik. Biz hər il bura gəldik, bu torpağı ziyarət elədik. İki adam gəldik, üç adam gəldik, ancaq gəldik. İllər öncə biz bu tikilinin (İnam Evini göstərir – G.A.) özülünü qoyanda Günev qardaşımız dedi, keşkə sağlığımda məbədimizi tikə biləydim. Dedim, biz başlayaq, bizdən sonrakı soylar davam edəcək. Ancaq bu kişinin fədakarlığı ilə İnam Evimizin tikintisi öz sağlığımızda başa gəldi. Bizim maddi olanaqlarımız yoxdur. Ona görə düşünmürdük, iri çapda pul tələb edən işlər həyata keçirə bilərik. Fədakarlıq iş gördü.


Azərbaycanda ayrı-ayrı adamlar elə başa düşürdülər, Asif müəllim Azərbaycanın filosoflarından biridir. Biz də onun öyrənciləriyik. Ona görə biz öz öyrətmənimizə sayğı göstərib bu addımları atırıq. Asif Ata mənim nə öyrətmənim deyil, nə də, mən Asif Atanı 90-cı illərə qədər tanımamışam. Nə də yeddi arxa dönənimdəonunla heç bir qohumluğum yoxdur. Biz Asif Atanın arxasına düşdük, öyrəndik, dərk elədik, bu adam nə istəyir. Asif Ata bizi millət olmağa çağırdı, insan olmağa çağırdı. Bizi dövlət olmağa çağırdı. O, Moskva Ədəbiyyat İnstitutunu bitirib Bakıya gələndə deyib, biz özümüz hakimiyyətə gəlib istədiyimiz milli dövləti quracağıq. Ancaq DTK-nın təqibləri başlayandan sonra Asif Atanın çevrəsində olanlar (adlarını çəkmirəm, bu gün üzdə olanlardan da var) qaçıb dağıldı. Asif Ata tək qaldı. O zaman dedi,  biz hakimiyyətə gəlmək istəyimizdən daşındıq. Çünkü xalqımızı elə bir duruma çatdırıblar, qorxaqlıq, satqınlıq, yaltaqlıq bu xalqın xarakterinə yeridilib, yeriyib. Xalqın indiki durumu ilə milli hakimiyyət qurmaq olumsuzdur. Ona görə dedi, düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq. Ocaqlaşma nədir – İnsanlaşma, Millətləşmə, Şərqləşmə, Bəşərləşmə. Bütün gücünü ortaya qoydu, hər şeyindən imtina elədi. Həyatını qoydu ortaya Asif Ata. İdeyasını, İnamını ortaya gətirdi. Onun fəlsəfəsini yazdı. Bu dünyabaxışın bütövlükdə yolunu, qaydalarını işlədi, hazırladı. Bizə dedi, sizə tapşırdığım ideallar – Adamı İnsan eləmək, toplumu, kütləni xalq eləmək üçündür. Biz bunun üçün mübarizə aparırıq, bunun üçün yaşayırıq. Sizin əbədiliyiniz buna bağlıdır. Sizin əbədiliyiniz beş günlük fiziki ömrünüzə bağlı deyil. Əgər xalq olarsınızsa, sizin əbədiliyiniz var. Siz öz əbədiliyinizi təsdiq eləmək üçün dünyaya gəlmisiniz. Bizə bu çağırışı elədi. Dedi, mənim idealım İnsandır. Bütün bəşər tarixində insanı daim küçümsəyiblər, balaca sayıblar. Ya da, ziddiyyətli deyiblər insan haqqında. Ancaq Asif Ata insan haqqında uca söz deyib. Hürufilərdən də uca söz söyləyib. İnsan zamandan, ortamdan, gedişdən üstündür mahiyyətcə. Çünkü o, özündə Mütləq gəzdirir, İnsanilik adlı Məna daşıyır. İnsanın dünyaya gəlişinin hədəfi, səbəbi odur, mənasına bərabər yaşasın, ona çatsın. Onda dünya gözəlləşəcək. Dünya fani deyil. Dünya mənaca əzəlidir, əbədidir. Bizim üçün, bütün bəşəriyyət üçün böyük bir nikbinlik məktəbi yaratdı Asif Ata. Göyel dinlər dedilər, dünya fanidir, heçdir, puçdur. Qiyamət qopacaq. Yalnız axirət dünyası həqiqi dünyadır. Asif ata dedi, axirət dünyası yoxdur. Dünya özü əzəlidir, əbədidir. Dünyanın gedişi pozulub. Çünkü insanın insana, öz növündən olanlara münasibəti pozulub. Millətə, bəşərə münasibəti pozulub. Əgər insan öz Mənasına bərabər yaşayarsa, münasibəti insani olacaq. Onda insan var olacaq. Onda millət var olacaq. Ona görə də bütün doktrinaların hamısını bir qırağa qoydu. Dedi, dünyanı öyrəndim – fəlsəfəni öyrəndim, dinləri öyrəndim, mifologiyanı öyrəndim, tarixi öyrəndim, gördüm, heç biri insana gərək deyil. Çünkü hamısı insanı aşağılayır. Hamısı insanı sürüyə çevirir. İnsanı sürüyə çevirmək küfrdür, günahdır, vəhşətdir. İnsan öz Mənasına bərabər yaşamasa, dünyada ədalət gözləmə.
Asif Atanın ölçüsü Mütləqilikdir. Yalnız Mütləq olan həqiqiqdir. Bir sıra üzdə olan, fəlsəfə kafedrasının diplom alimləri deyirlər, heç nə mütləq deyil, hər şey nisbidir. Mən də deyirəm, onda sizin qeyrətiniz də nisbidir, onda sizin ləyaqətiniz də nisbidir, onda sizin mənliyiniz də nisbidir… Nisbi olan çox şeylər var. Ancaq ölçü Mütləqdir. Asif Ata deyir, İnsanlıq nisbi deyil. Əgər nisbi olacaqsa, sən niyə mübarizə aparırsan?! Niyə ədalət axtarırsan?! Elə nisbi ədalət var da. Niyə həqiqət axtarırsan?! Bütün bəşəriyyətə dərs verə biləcək ideya gətirib ortaya. Bütün bəşəriyyətə örnək olacaq prinsiplər yazıb ortaya qoyub. Bunu bizim xalqımızın içindən çıxan bir ər eləyib. Ona görə Asif Ata mənim üçün sıradan bir müəllimdeyil, sıradan filosof deyil. Asif Ata yeni dünyabaxış yaradıcısıdır. Yeni yol yaradıcısıdır. Yeni sivilizasiya yaradıcısıdır. Dayanmalıdır, qurtarmalıdır bundan öncəki antiinsani sivilizasiyalar. İndi İnsanlaşma erası başlamalıdır. Asif Atanın ortaya gətirdiyi çağdan İnsanlaşma erası başlayıb. İnsanilik sivilizasiyası başlayıb. Yəni ox atılıb, yaydan çıxıb. Yüz dəfələrlə dedilər, Asif Ata öldü, hər şey bitdi. Qurtarmadı, qurtarmayacaq. Çünkü bəşəriyyət məhv olası deyil, öləsi deyil. İnsan ölə bilməz. Bəşəriyyət tükənə bilməz, dayana bilməz. Xalq qısır deyil, sonsuz deyil.
Bu Günümüz“İnam Evi Günü” adlanır. Gördüyünüz bu tikilinin adı da İnam Evidir – Türkün ilk İnam Evi… Biz millətçiyik, ancaq bizimmillətçiliyimiz imperiya siyasəti yürüdənlərin millətçiliyinə bənzəməz. Bizim aramızda başqa etniklərdən olan qardaşlarımız var, bundan sonra da olacaqdır. Bizim üçün etnik ayrılığı, ayrıcılığı, bölücülüyü yoxdur. Bizim üçün baş ölçü İnsanlaşmadır. Baxmayaraq, biz millətçiyik, millət olmaq istəyirik. Ancaq millət olmaq başqa xalqları, başqa etnikləri sıradan çıxartmaq anlamına gəlməz.  Nə də, onları kölgələmək anlamına gəlməz. Hər kəsin öz haqqı var, o haqqı Asif Ata öz dünyagörüşündə, fəlsəfəsində daha geniş mənalandırıb…
Mən bura çox gəlmişəm. Asif Ata öləndən sonra burada Ocağın Ailəsini yaratdıq. Ona Atagün Ailəsi dedik. Ailənin Yükümlüsü Günev oldu. Mən hər aybir dəfə bura gəlmişəm, Ailə Günü keçirmişik. İllərlə ayda bir yol bura gəlmişəm. Bu torpaq mənim üçün, bir daha vurğu edirəm, qiblədir. Asif Atanın üz qoyduğu torpaq mənimvətənimdir. Çünkü Asif Atanın bütün varlığı, bütün yaratdığı Azərbaycan deməkdir. Ona görə biz başımızın üzərinə İnsanlığın bayrağını asmışıq. Bizə sual verirlər, niyə Asif Atanın şəkli bayrağın üzərindədir?! Bəlkə sizin də ilginizi çəkir, niyə?! Bəşəriyyət zaman-zaman atın, itin, qarğanın, siçanın, pişiyin, dananın şəklini bayraq edib başının üzərinə qaldırıb. Asif Atanın ölçüsü İnsandır. Bizim üçün də mücərrəd insan yoxdur, idman simgəsi kimi. Bizim üçün xalqımızın dəyərlərini qoruyan, gəlişdirən kamil bir şəxsiyyət var. O da Asif Atadır. Onun da şəklini bayrağa işlətmişik. Ancaq biz Asif Ata var, heç kim yoxdur prinsipi ilə yanaşmırıq insana. Asif Atanın çabaları onun üçündür ki, xalq öz milli kimliyini dərk eləsin, özünü təsdiq eləsin. Asif Ata böyükdür, yerdə qalanlar kiçikdir, belə bir prinsipimiz yoxdur. Asif Ata böyükdür, böyük xalqın böyük oğludur.
İndi gəlin, içəri keçək, Törənimizi içəridə davam edək.
Daha sonra Törən İnam Evində davam etdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaqda ölənlərimizin adları çəkilib xatirələri anıldı: Sabahlı, Bağban, Amaltay bizimlədir.

Aşıq İman Sazda ‘’Ruhani’’ havası səsləndirdi.

 Soylu Atalı sözünə davam elədi: Öncə qatılanların hər birinə, zəhmət çəkib bizimlə buraya gəldiklərinə görə sayğılarımı sunuram. Var olun. Hər birinizin gəlişinizin özəl mənası var. Bura gəliş sıradan bir gəliş deyil. Azərbaycanın uzaq diyarlarından biri, uzaq kənd torpaqlarından biri bu gün ziyarət olunur. Bu, Azərbaycanın ziyarətidir. İlk dəfədir, biz, bu millətin öz bağrından qopan bir ərin yaratdığı ruhaniyyat ölçüsüylə səfər edib bu xalqın öz torpağını ziyarət edirik. Öz torpağımızı öpürük. Vurğu edirəm, biz heç bir xalqa qarşı deyilik. Dünyanın yaxşı-yaman dəyərləri var. Bizim xalqımız min ildir, yad torpaqları ziyarət edir, özgə torpaqlarda dizin-dizin sürünür. Ona görə xalq bölünmüş, parçalanmış, dağılmış durumdadır. Xalqın ruhaniyyatı yoxdursa, ruhu bütöv deyilsə, o xalq heç bir zaman toparlana bilmir.  Sayca, mədəniyyətcə balaca xalqlar başqa xalqların mədəniyyətini qəbul edə bilər, başqa xalqların dəyərini qəbul edə bilər. Ancaq dəyər yaradan, bəşəriyyətə söz deyən bir xalqın başqa xalqların qoltuğuna qısılması – onun kiçilməsi deməkdir, onun aşağılanması deməkdir. Ona görə bizim bu gəlişimiz özəl bir məna daşıyır. Öz torpağımızın qədrini bilməyə başlamışıq, dəyərini tanımağa başlamışıq, dəyərini yaratmağa başlamışıq. Bu millət tarixdə azman imperiyalar qurub, o imperiyalardan heç nə qalmayıb. Bu gün türkçülük, millətçilik deyə ortaya çıxan insanlarımızın çoxu Turan imperiyasından danışır, türk imperiyalarından danışıb öyünürlər. Mən qürur duymuram. Mən imperiyanı qəbul eləmirəm. Mən Nəsimi ilə, Babəklə, Dədə Qorqudla öyünürəm. Mənim xalqımın ruhunun yaradıcısı, qurucusu onlardır. Biz dövləti, dövlətçiliyi sevirik. Bu çağa qədər də dövlətçilik tariximizi yaradanlara sayğı duyuruq. Şah İsmayılımıza, o birilərinə var olun  deyirik. Ancaq xalqımızın idrak dövrü, mənəviyyat dövrü başlamalıdır. Biz mənəviyyatsız xalq olmamışıq, ancaq idrak işlətməmişik.  Bunu boynumuza almalıyıq. Qolumuz bir yerə qədər işlədi, möhtəşəm səltənətlər yaratdıq, heç nə qalmadı. Xalq ruhaniyyatla var olur. Xalq qılıncla, topla, tüfənglə var olmur, sınırlarınıqoruyur, Milli kimliyini təsdiq eləmir, yaratmır. Ona görə də Asif Atanın gəlişi xalqın özünə dönüşü, qayıdışı dönəmidir.  Kim nə düşünür, necə düşünür özü bilər. Həqiqət budur, yol budur.  Bu proses geriyə dönməz posesdir,  bu proses başlayıb. Mən qəti bilirəm, min il bu iş gedəcək, bu sivilizasiya gəlişib gələcəyə gedəcək. Bu açıdan deyirəm, bura gəlişimiz sıradan gəliş deyil, tarixi bir gəlişdir. Ocağın tarixi xalqın ən qutsal tarixi olacaq.


İnam Evinin anlamına yönəlik bir neçə söz də deyim, sonra qatılanlarımızı dinləyəcik. Asif Ata 1979-cu ildə Ocağı başladı. Söz yox, ayrı-ayrı qaydaları bir günün içində işləməyib. Bunun üçün çox zaman gərək olub.Onun istəklərindən biri də o idi, hər bir dünyabaxışın olduğu kimi, bu millətin özünün bir ruhaniyyat ünvanı – İnam Evi (Məbədi) olsun. Bayaq da vurğuladım, çox böyük çətinliklərlə başa gəlmiş bir ünvandır. Biz Bakıda öz ünvanlarımızda tədbirlər keçiririk. İstəyimiz odur, gələcəkdə Bakıda da belə bir ünvan yaradaq. Biz hər zaman xalqın içindəyik, xalqın yönünü, üzünü özünə çevirməklə uğraşırıq. Bizə ərəb qılınc çaldı, qarşımızda şərtlər qoydu, namusumuza təcavüz etdi, hər şey elədi. Özümüzə yadlaşdıq. Özümləşmə yolu zordan keçmir. Özümləşmə yolu Sevgidən, İnamdan keçir. Birinci şərt İnamdır. İnamı da öyrətmək üçün Evi olmalıdır. Asif Ata dedi, çalışın, özünüz düşünün. Bizə heç kim minnət qoymasın.
İndi Asif Atanın dönəmindən bu çağa kimi keçdiyimiz aşamaları qısaca deyim. Bu çağa qədər biz, yüzlərlə görüş keçirmişik, əlliyə qədər rayonda olmuşuq, kəndlərdə olmuşuq. Hamısını öz balalarımızın boğazından kəsib eləmişik. Heç kimin boynuna da minnət qoymuruq. Xalqa minnət qoymağı ayıb sayırıq. Bu gün ayrı-ayrı qələm adamları bir kitab çıxaran kimi, xalqın boynuna minnət qoyurlar – “bu xalq məni görmədi, məni sevmədi, məni göylərə qaldırmadı” deyə şöhrət umurlar. Bizim işimiz şöhrət deyil. Xalq qurulmalıdır. Bunun üçün fədakar oğullara, qızlara gərək var.  Bunun  üçün xalqın içində Asif Atanı eşidən ləyaqətli insanlara gərək var.
Biz Asif Atanın ölümündən üzü bu yana iyirmi yeddi adda kitab çap etmişik. Son il yarımda Asif Atanın yeddi kitabı çap olunub. İki dənə də başqa kitab çap olunub. Göyçaydan Bilən fədakarlıq etdi, o kitabların çap olunması ən çox onun yatırımı ilə başa gəldi. İxtisasca həkimdir, apteki var.Biz elə bilirdik, Asif Atanın ölümündən sonra təklənəcəyik. Ancaq elə deyil. Hər dönəmdə xalqın içindən bu cür qeyrətli oğullar, qızlar çıxır. Ocağa da gəlirlər, Ocağın çevrəsində də olurlar. Ancaq bu, kütləvi deyil, nə də, yox deyil. Xalqın öz ruhaniyyat gedişi qarışqa yerişi ilə oluşur, çox yavaş-yavaş olur.
Nə qədər tədbirlər keçirmişik. İldə doqquz mərasimimiz var. “Ailə Günləri”, “Amallaşma-doğmalaşma Günləri” keçiririk. “Qutsal Öyrənim günləri” keçirmişik. Asif Atanın ideya, prinsiplərini birgə öyrənirik. İldə dörd bayram keçiririk. Əslində bu günkü gün özü də bir bayramdır. İnam Evi bayramıdır, açılışıdır. Baxın, Asif Ata öləndən bəri, yəni 24 ildə 700-ə qədər tədbir keçirmişik. Arxivimiz, ədəbiyyatlarımız yaranıb. Tədbirlərin hamısı səsdən sözə çevrilib, kitablaşdırılıb. Onun böyük hissəsini dövlətin arxivinə vermişik. Kitabları, Asif Atanın əlyazılarını, nə qədər səs yazılarını, görüntü disklərini dövlət arxivinə vermişik. Bir neçə nüsxəsini özümüzdə saxlamışıq. Bunların hamısı Asif Atanın nə yaradıb nə etdiyinin əyani göstəriciləridir.  Bu günə kimi beləcə davam edib, bundan sonra da davam edəcək.
Nə yazıqlar, bəzən bir çox məsələlər insanlarımıza sonradan çatır. Azərbaycanda yəhudinin sinoqoqu var, ərəbin, farsın, az qala məktəblərin sayından çox, məscidləri var, nə qədər kilsələr var. Ancaq bu xalqın özünün yaratdığı, mənəviyyatının, ruhaniyyatının bir dənə Evi yoxdur. Birinci Evi budur. Min ildir, Zərdüşt atəşgahlarından sonra, bu xalqın özünün Məbədi yaranmayıb. Bu Məbədin içində xalqın milli kimliyi öyrədilməyib. Xalqın içinə çağırış olunmayıb. Xalqın ruhaniyyatı öyrədilməyib. Xalqın ruhaniyyatı heç yaranmayıb da. Xalqın böyük dəyərləri yaranmayıb. Bunu siz də bilirsiniz, xalqın içində nə yaranıbsa, biz onu da görürük. Mədəniyyətinin ayrı-ayrı cəhətlərini. Ancaq biz böyük prinsiplərdən danışırıq. Bununla biz ağlaşma da qurmuruq. Deyirik, Asif Ata yaradıb bunu. Bura qədər bu xalqın ruhaniyyatı, ruhaniyyatının evi olmayıb. Bütün adını çəkdiyim sinaqoqlar, məscidlər, kilsələr bizim xalqımızın ruhaniyyatının evi deyil. Alban kilsələri də öz ruhaniyyatının evi deyil. Hər hansı bir kilsəyə, ya məscidə gedin, bu xalqın dəyərlərindən, şəxsiyyətindən, böyüklərindən söz açıldığının tanıqı olmayacaqsınız. Ancaq farsdan, ərəbdən danışılır. Mənə nə dəxli var, yeddinci yüzildə kimlər hökm edib, kimlər hara yürüş edib, kimlər haranı tutub, özü yerləşib, imperiyasını yaradıb?! Başlayanda Asif Atanın bir çağırışını dedim: Yatanlar ayılın! Min ildir, yuxudayıq.
Burada gördüyünüz ədəbiyyatları sizə bağışlayacam. Eyni zamanda qəzet buraxılışları çap edirik. Hər il gördüyünüz “Günsıra vizitləri”ni hazırlayırıq. Bir üzündə milli abedir, bir üzündə Günsıra. Bizim Yeni İlimiz Mart ayından başlayır. Mart ayından başlayaraq, Asif Ata bütün ayların adını, həftənin günlərinin adını özü qoyub. Ayları təbiətin məzmununa uyğun adlandırıb. Həftənin günlərinin adını insan halına uyğun qoyub. İnsana yad, təbiətə yad heç nə yoxdur Asif Atada. Heç bir allerqoriya, heç bir fantastika tapa bilməzsiniz onda. Heç bir mifologiyanı bayraq edib qaldırmayıb. Hər şey gerçəkdir, hər şey insana bağlıdır, millətə bağlıdır, vətənə bağlıdır, bəşəriyyətə bağlıdır, Mənaya bağlıdır.
Aylar: Günəş Ayı, Çiçək Ayı, İşıq Ayı, Şölə Ayı, Od Ayı, Qürub Ayı, Ata Ayı, Xəzan Ayı, Yağış Ayı, Sərt Ayı, Qar Ayı, Köçəri Ayı.
Həftənin günləri: birinci gün – Arzu Günü. Asif Ata deyir, hər bir insan həftəsinə başlayanda arzu ilə başlayır. Sonra arzusunun gerçəkləşməsinə ümid edir – Ümid Günü. Ümidinin gerçəkləşməsində dözüm göstərir – Dözüm günü. Dözümü gerçəkləşdirərkən duyğuları, halı mərhəmləşir – Mərhəm günü. Sonra Qismət günü. Sonra murad hasil olur – Murad Günü. Yeddinci gün həftəsini inamla başa vurur – İnam günü. Bu, Asif Atanın yaratdığı milli günsıradır. Yaratdığımız milli abe (əlifba) Orxon-Yenisey abe-si əsasındadır.
Bu yaxınlarda tatar türklərinin bir yazısını oxudum. Onların gözəl axtarışları var. Bir millətin millət olmasını şərtləndirən nələrdir, millət olaraq, türk olaraq  bu şərtlərin hansı bizim üçün ödənilib?! Mən qardaşımız Əlisafa bəyə sayğılarımı sunuram, onu bizim türkcəmizə uyğunlaşdırıb yayımlamışdı. Mən də ordan oxudum. Bunlar hamısı milli əməldir. O yazıdakı axtarışların hamısını Asif Ata daha əsaslı, daha fundamental şəkildə yazıb, yaradıb sunur. Ağlımız varsa götürək, həyatımıza gətirək.
Günev qardaşımla Qobustan rayonuna səfər etdik. Orada Gənclər Təşkilatının üzvləri ilə söhbət etdik. Mən deyirəm, bizim xalqımız dəyər yaradır, ancaq dəyərlərinə yiyə çıxmır. Onlar başladılar, yox, prezidentimiz muğam üçün filan ortam yaratdı, Nəsimi ili elan elədi, nə bilim nə. Nəsimi ili elan olundu, nə olsun?! Nəsimi sənin varlığında varmı?! Dəyəri yaşatmaq, qorumaq üçün adı çəkilən dəyərin mahiyyətini, məğzini həyat tərzinə çevirməlisən, yaşamına gətirməlisən. Yoxsa, ona nə qədər istəyirsən yubiley keçir.Heç nə dəyişməyəcək. Sən şəhidə yubiley keçirə bilərsən. Şəhid erməni ilə döyüşüb, o buna, bu da ona güllə atıb, şəhid olub. Onun həyatda ən böyük işi odur. Ərdəmli işdir, ancaq dəyər yaradıcılığı deyil. Ona görə ona yubiley keçirmək olar. Nəsimiyə necə yubiley keçirmək olar?! Nəsiminin dediyini həyat tərzinə çevirməlisən. Xalqının yaşamına gətirməlisən. Nəsimi ili elan edirlər, başlayırlar Nəsimini mollalaşdırırlar, nə bilim  nə edirlər. Hər şey olur Nəsimi, Nəsimidən başqa. Xalqın dəyərləri gerçəkdən öz məzmununa uyğun tanınmalıdır, öyrədilməlidir. Ona görə Asif Ata deyir, ölçü Mütləqilik olmalıdır. Nisbi nə varsa boş şeydir. Nisbi dostluq olarsa, sənin içində əyri olar, mənim içimdə əyri olar,günlərin bir günü düşmən kəsilərik bir-birimizə. Nisbi məhəbbət nifrət deməkdir. Nisbilik özünü doğrultmur. Nisbini pislə tutuşdurursan. Bu biraz yaxşıdır, o biri daha pisdir. Asif Ata deyir, Mütləqlə tutuşdur. Allahla tutuşdur. Allah qüsursuzdur. Onda sən ədaləti tapacaqsan, onda sən həqiqəti tapacaqsan, onda sən həqiqətə qovuşacaqsan. Onda sən biləcəksən yaxşı nədir, yaman nədir…
Yükümüzdən Böyük Fərəhimiz yoxdur! Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Öncə hər kəsi bu gün münasibətilə qutlayıram. İnam Evi nədir, niyə onu bu qədər gərəkli hesab edirik?! İnam Evi hər bir fərdin düşüncəsinin qəlb evidir. Əgər fərdin ürəyi İnam Evi olmursa, onun üçün bu divarların da elə bir önəmi yoxdur. İnam Evinə üz tutan hər kəs ağlının, ürəyinin qapılarını həqiqətin üzünə açmaq üçün gəlməlidir. Toplumda baş verən əyriliklərin əlacını tapmaq ümüdü ilə gəlməlidir. Hamı bir-birini aldadır. Bir-birinə içindəki insandan daha çox heyvanlığın tələbləri ilə yanaşır. Umacaq, mənfəət dalınca sürünmək – xırda məhəlli münaqişələrdən iri miqyaslı müharibələrə qədər genişlənərək dünyanı qapsadı. Siyasi yönlər yalana, zora tapındı. Özünü ruhaniyyat kimi qələmə verən dinlər də onun kimi. Zor dünyaya hakim oldu. Bəşəri nizam pozuldu. O nizam ki, heç öncədən də doğru, düzgün bir yol tapmamışdı. Nisbi, natam nizamın hər məqamda çökmə imkanı olub. Cəhdlər, çabalar tarix boyu düzgün sonuclar doğurmayıb. İnsan isə daim  axtarmaq, ümüd etmək istəyi ilə müxtəlif vasitələrə əl ataraq, bu çatışmazlıqları yoluna qoymaq istəyib. Müxtəlif inanclar, dünyabaxışlar düşünüb. Məbədlər, kilsələr, sinaqoqlar, məscidlər inşa edib. Üz tutub, qoruyub, ümüdlə yanaşıb. Görürsən, bir dağ zirvəsində, bir meşənin çevrəsində, yüz illəri adlayıb bu günə qədər gələn, həmin məbədlərin qalıqları qalmaqdadır. Üstündən min illər keçsə də, onlara həqarətli münasibətlər çox az olub. Ya da heç olmayıb.Bəs nədən xilas yolu öz həllini tapmayıb?! Səbəb həmin inancların mayasında olan yalanların inamsızlıqla sonuclanması idi. Gözünü yum, ağlının qapısını bağlayıb inan, qanı qanla yu, insanlığın bir çaları ilə kifayətlən, qorxu ilə nizamlan, ağlını, başını düşüncədən qıraqda, başına gələnlə, taleyinlə barış, Allahın qisməti say. Bu kimi düşüncələr elə bir həddə gəldi ki, olumla ölüm qarşısında qaldı bəşəriyyət. Heç bir dünyabaxış – İnam, heç bir ev – İnam Evi ola bilmədi. Bu mənəvi boşluqdan bəşəri qurtara biləcək Mütləq bir qüdrət tələbi dururdu qarşıda. Min qola parçalanmış bəşəri düşüncələri doğru yönəldə biləcək bir qüdrət! Tarixin bir çox dönəmlərində olduğu kimi, yenə də Azərbaycan xilas yolunu Asif Atanın Mütləqə İnam dünyabaxışı ilə bəyan etdi. Dünyanın gedişinə asan yolla etki göstərmək istəyi olduqca yanlış yol olardı. Bu günkü asan yollar fəlakətli sonuca aparan yollardır əslində. Söz deyənlərin əsaslı çatışmazlığı insana münasibətin yarıtmazlığında idi. İnsan özündən qıraq qüvvələrin icraçısı, qulu, bəndəsi idi. Kodlaşdırılmış həyat yaşayır, özü ilə uğraşmır, öz taleyinin sahibi olmur.Qəlbimin dərin qatlarında başqa havalar, fərqli istəklər təlatümü baş qaldırırdı. Nəsiminin sözü ilə desək “Tazə gülüstan tələbi ilə cikkə çəkirdim”. Bu tələblə Mütləqə İnam dünyabaxışının gerçəkləşməsində əsaslı əməllərdən biri olan İnam Məbədi yarandı.


İndi İnam Evinin araya gəlməsi ilə bağlı bir neçə söz demək istəyirəm: Ocaq İlsırası ilə 11-ci ildə “Ata Günü” mərasimində söz demişdim. Sorumluluğunu elədə dərk etmədən məbəd tikmək istəyimi dilə gətirmişdim. Sovetlər dağılır, ölkə müharibəyə sürüklənirdi. Adamlar çaşqın durumda idi, ən sadə yaşamın belə mümkünsüz dönəmində bu istək baş tuta bilməzdi. Gerçəkləşməsi çətin idi. İllər ötdü. Ataya, Ocağa verdiyim söz öz yerini çox sonra aldı. Ocaq Yükümlüsü Soylu Atalının cəhdi ilə bəlli maneələri aşaraq, arınmış, durulmuş Ocağın yeni aşamasında gerçəkləşməolanağı tapdı. 31-ci il, Şölə Ayında sadəcə dörd divardan oluşmuş İnam Evini Ocaq Törənlə qəbul elədi. Həmin törəndən ilhamlanaraq  Ata-Ocaq ideyalarını özündə əks etdirən bu günkü Məbədin əsasını qoymağın gərəkliyi yarandı.  Ocaq Yükümlüsü, olanaqları gözə almaqla, layihəni hazırladı. 32-ci il, Köçəri Ayında kənd sakinlərinin qatqısı ilə təməltökmə günü keçirdik. Beləcə,sayı 300 milyonu ötmüş bir etnosun, eləcə dəbütün bəşərin ilk, əsil ruhaniyyat Evinin özülü qoyuldu.
İnam evini Ocağa söykənərək qurdum. Hamının  qatqısı var. Təpərlənirdim, işimizin necə gərəkli olduğunu dərk edirdim. İşə ürəklə girişirdim. Etirazlar da ara vermir, şər əl-ayağa düşür, hər vasitəyə əl atır, ailəmə, qohumlarıma etki göstərir, mane olmaq üçün min oyundan çıxırdı. Mənim isə fərəhim yerə-göyə sığmırdı. Necə gözəl olurmuş təkin çoxlarla döyüşü. Axı bölgədə tək idim. Elə oldu, etirazları səngitmək üçün daşları yığıb evimin həyətinə daşıdım. Camaatla təmasım artdıqca yumşalmalar başladı. Rəğbətçilərlə ailəmin müsbət münasibəti öz etkisini göstərdi. Atanın burada gömülməsi, dəfələrlə inzibati orqanlara çağrılmağım, evimdən Ocaq ədəbiyyatlarının götürülməsi (müsadirəsi), araşdırmalar, hamısında da bir-birindən arı-duru sonuclar. Ən diqqət çəkən isə əqidəyə bu qədər bağlı olmağım, dönməz, usanmaz, ardıcıl mücadilə indiki zamanda maraq doğurmaya bilməzdi. Elə olurdu, bir ilə bütün gücümü qoyub bir maşın daş ala bilirdim. Maddi imkanlar yox dərəcəsində idi. İşci tutmaq mümkünsüz idi. Bütün işləri özüm görürdüm. Maneələr isə yeni biçimdə məndən asılırdı.
Son olaraq deyim, kimin görməyindən asılı olmayaraq,  bütün işlər Asif Ata Ocağının uğurlarıdır. Bu gün İnam Məbədinin fərəhli günüdür. Sizinlə birlikdə bu tarixi olayın ilk görənləri, ilk ziyarətçiləri oluruq. Günümüz Qutlu olsun!
Atamız Var olsun!

 

Abil Ulusoy: Günaydın, hamınız xoş gəlmisiniz. Öncə Günev qardaşımıza bu Məbədi tikib başa gətirdiyinə görə təşəkkür edirəm. Təkin çoxluq üzərində qələbəsi əsil qələbədir. Həm də bu binanın özü əslində təkin çoxluğa qarşı savaşıdır. Azərbaycanda 2500 dən çox məscid var. Ancaq Azərbaycanda türkün bir ruhaniyyat Ocağı var, bir İnam Evi var. Bu İnam Evinin 2500məscidə qarşı savaşıdır. Mən inanıram, İnam Evinin qələbəsi mütləqdir. Bu belə də olmalıdır. Bayaq Soylu bəy də ərəbçilikdən, başqa təlimlərdən danışdı. Bu gün Azərbaycanda gedən proseslər də  yenəhər birimizi yad etkilərə, yad təlimlərə qarşı savaşa səsləyir. İşğaldan azad olunmuş torpaqlarımızda,  Ağdamda, Şuşada insanları bilərəkdən məscidlərə yönləndirirlər. Biz elə bildik, torpaqlarımızı işğaldan azad elədik, azad olduq.Əslində biz yenə əsarət dalınca yüyürürük. Ağdama gedənlərı aparırlar 18-ci yüzilin sonlarında tikilmiş məscidə. Elə bil Ağdamı elə bu məscid təmsil edir. Ya da Şuşadakı Gövhərağa məscidinə aparırlar. Uşaq vaxtı biz ora muzey kimi baxırdıq.
Ərəb getsə də, ərəbçilik Azərbaycanda qaldı. Bu gün də siyasi hakimiyyət, Azərbaycan insanları həmin yad təlimlərin dalınca yüyürürlər. Əslində belə olmamalı idi. Azadlığı ona görə əldə etmədik ki, ərəbçiliyi yayaq. İlk dəfə Hürufilik – Nəiminin  yaratdığı fəlsəfə  insana bəşər tarixində ən yüksək qiymət vermişdi. Ona qədər başqa fəlsəfələr olsa da, insana bu cür ləyaqətlə qiymət verilməyib. Asif Ata Azərbaycan tarixində yaranmış bütün dəyərləri sistemləşdirib Azərbaycanımız- Azərbaycanlığımız adı altında izhar elədi. Nə varsa, hamısının məğzi Ocaqda öz əksini tapdı. Asif Atanın bu əməyi ilə Azərbaycan dünyanın ruhaniyyat mərkəzinə çevrildi. Mən həmişə qürurla deyirəm, Azərbaycan dünyanın Ruhani dəyərlər mərkəzidir. Dünyada heç bir xalq bəşər tarixinə bizim qədər dəyərlər verməyib.
Bu günə qədər Ocaqda olanlar, Ocaqdan getmişlər, Ocaqda qalanlar, Ocağa az da olsa töhvə verənlərin hamısı nəsə işlər görüblər. Ancaq son illərdə Ocaqda ən böyük işlər görülüb. Ən böyük işlərdən biri Ocaq ədəbiyyatının arxivləşdirilməsi, dünyalaşdırılması, kitabxanalara verilməsi, həmin kitabxanaların bu kitablardan, əməkdaşlıq etdiyi, kitabxanalara verməsi, beləcə dünyada yayılması, səslərin köçürülməsi işləri görüldü. Bu çox çətin prosesdir. Asif Ata deyirdi, zaman gələcək, kitablarımız hamısı çap olunacaq. Özü görmədi, ancaq indi kitabların hamısı əlimizdədir. İndi qalır Asif Ata təlimini oxuyub öyrənmək, öyrətmək. Bu, Asif Atanı öyrənənlərin Azərbaycan xalqına, bütövlükdə türk dünyasına, bəşəriyyətə verdiyi töhvə olacaqdır. Bir daha hər birinizi bu günkü bayram münasibətilə qutlayıram. Var olun.

 

Asif Ozan: Soylu bəy, təşəkkür edirəm. Bu gün Azərbaycan xalqının mənəviyyat tarixində tarixi bir gündür. Bu tarixi günün əsasını Ocaqçılar qoyur. Bu işdə zəhməti keçən bütün Ocaqçılara təşəkkür edirəm. Hesab edirəm, bu gün sizin ən gözəl bayramlarınızdan biridir. Ona görə bayramınızdır ki, illərdir, milli dəyərlər üzərində yaradılan bir dünyagörüşün, bir təlimin nəhayət praktiki müstəviyə keçməsinə nail olmaqdasınız. Çünkü istənilən təlim nəzəri səviyyədə yarana bilər, fəaliyyət göstərə bilər, uzaqbaşı bir şəxsin simasında bir doktrina kimi formalaşa bilər. Ancaq o bir millətin özünüdərk təliminə çevrilməyə bilər. Bir ideyanın,  ideologiyanın,  düşüncə sisteminin bütün millətin özünüdərk sisteminə çevrilməsi üçün o, mütləq nəzəri səviyyədən praktiki səviyyəyə keçməlidir. Mütləqə İnam fəlsəfəsinin tarixində, Ocaq fəaliyyətinin tarixində, bütövlükdə Azərbaycan xalqının yaratdığı yeni dünyagörüşün tarixində bu gün yeni səhifə açılır.
Bizim bəlamız odur ki, ərəblərin işğalından sonra milli özünüdərkimiz, demək olar, ictimai şüurdan sıxışdırılıb çıxarılıb. Uzun illər biz özümüzü müsəlman obrazında qəbul etmişik. Hətta milli kimliyimiz unudulub. Soruşanda demişik, müsəlmansanmı yoxsa xristiansanmı? Bu gündə bəzi bölgələrimizdə azərbaycanlısanmı sözünün əvəzinə müsəlmansanmı deyə soruşulur. Ərəbbaşlılıq bizi elə işğal elədi, biz uzun yüzilliklər boyu milli kimliyimizdən qıraqda qaldıq. Bizim başqa bəlalı tərəfimiz odur, bizim özümüzün başqa bir xalqın üzərində qurduğumuz hakimiyyət belə, bizim zərərimizə işlədi. Biz o millətin dəyərlərini qəbul edib özümüzü ona qurban verdik. Məsələn, bu gün Azərbaycanda farsbaşlar da kifayət qədər çoxdur. Sonuncu işğalımız ruslar tərindən aparılıb. Bu gün Azərbaycan cəmiyyətində ərəbbaşlılar, farsbaşlılar və rusbaşlılarmeydan sulayır, türkbaşlıları tapmaq çox çətindir. Bu gün sizin zəhmət çəkib çiyninizdə apardığınız bu ideya, ideologiya Azərbaycan xalqının tarixən yaratdığı milli dəyərlərin üzərində qurulub. Bu sütünların hamısı millidir. Ona görə mən əminəm, sizin bu gün kiçik bir dairədə yaratdığınız, davam elətdirdiyiniz bu Ocaqçılıq, bu təlim haçansa yalnız Azərbaycan sərhədlərində yox, digər coğrafiyalarda da yayılmaq gücünə, potensialına malikdir. Çünkü istənilən ideya yarananda həmişə sıxışdırılır. Belə götürək, tarixə baxsaq, xristianlıq Fələstində doğuldu, bir qrup məzlum, yoxsul insan tərəfindən qəbul olundu. Sonradan o dünya dininə, dünya dünyagörüşünə, hətta bir sivilizasiya faktoruna çevrildi. İslam da eyni yolu keçdi. Demək olar, bütün dünya dinləri, hətta milli dinlər belə, eyni prosesi keçib. Öncə çox kiçik bir qrup tərəfindən qəbul olunub, sonra öz coğrafiyasını böyüdüb. Bu həmin ideyanın, ideologiyanın,  doktrinanın, dünyagörüşün həmişə mənəvi potensialından asılı olur. Əgər onun mənəvi potensialı güclüdürsə, o yaşamaq haqqı qazanır, bir və ya birneçə millətin ideologiyasına çevrilir. Mən hesab edirəm, Mütləqə İnam fəlsəfi təlimi çox ciddi, mənəvi sütünlara, dəyərlərə söykənir, həm də millidir. O sütünların sahibi də bizik. Çox arzulayıram, bu günkü tarix Azərbaycan xalqının mənəviyyat tarixində, dövlətçilik tarixində, bütövlükdə onun taleyində bir uğur gününə çevrilsin. Sizin bayramınızdır, sizi qutlayıram.

Əlisafa Mehdi:Bəxtiyar Vahabzadənin bir şeirində deyilir:

İnsan, təpədən dırnağa sən arzu, diləksən,
Nəfsində duyumsuz, fəqət eşqində mələksən
.

Asif Atanın dediyi – həmin bu mələklə şərin arasındakı konkret həddi göstərməkdir. Mütləq İnsanlığa çatmağı, biolojiliklə ideolojilik arasını dəqiqliklə göstərmək var. Nə etməli, Tanrı bizi,həm də, heyvani – biolji yaradıb. Heyvanlar kimi biz də yeməliyik. Temperaturumuz normal olmalıdır ki, beyin işləsin. Ehtiyacdan sürülər halında yaşayan insan, elə ki, bir dövlət quruluşuna, idarəçiliyə keçdi, quldarlığı yaratdı. İnsan insanın paklığını dağıtdı.  O vaxtdan bu günə qədər insan bu cəmiyyəti yumşalda- yumsalda, humanistləşdirə-humanistləşdirə gəlir. Bu yollarda, ərəblərin dediyi kimi, 124 min peyğəmbər, 125 min filosof, alim, 126 min başı dar ağacı kötüyünün üstünə qoyulan, ideya dalınca gedən başlar hamısı onun üçün idi ki, bu fəlsəfə ortaya qoyula bilsin. Bütün bunların sintezi Asif Ata yaradıcılığında özünü ifadə edir. Mütləq İnsan adlı dəyərə çatmaq, yəni özünün mahiyyəti ilə yaşamaq fəlsəfəsini ortaya qoyur. Azərbaycan xalqı Qafqazda həm Qafqaz xarakteri, həm türk kafası ilə bir simbioz millət kimi formalaşıb. Bu fəlsəfə məhz burda mümkündür, ayaq açsın, özünü sunsun. Bəlkə bu yerindədir, bu, Azərbaycanda olmalı imiş. Çünkü dörd okean arasında nəhəng bir türk okeanını yaradan dədələrimiz döyüş meydanlarında qılınclarını sıyırdılar. Oturaq əhali üçün, mədəniyyətlər üçün, ədəbiyyatlar üçün, ideallar üçün, dinlər üçün heç vaxt qılınc çəkmədilər. Hamısına tolerant oldular. Ədalətli oldular. Bir də baxdıq, gördük, bu bəşəriyyətə əminlik vermişik, onlar özlərinə xas mədəniyyətlərini inkişaf elətdirirlər. Özlərinə məxsus yollarını tutub gedirlər. Bəs biz hardayıq, biz kimik?! İçindəədaləti gəzdirən, qanla barışın arasını axtaran dədələrimiz niyə özlərinə belə bir Ocağı yarada bilmədilər?! Bu ritorikanın on kitablıq cavabı var, Asif Atanın müəllifliyi ilə. Burada mən sözümü bitirirəm. Deyirəm,Asif Atanın kitablarında siz hər sualın cavabını sonunacan tapacaqsınız. Oxuyun, o həddi tutun. O hədd gerçəkdən İnsanlığın Mütləq həddidir. Mən onu oxudum, bu gün də çox xoşbəxtəm. Sizə də o həddi arzulayıram. Sağ olun.

Aşıq İman Sazda ‘’Baş dübeyti’’ havası çalır.

 İnamlı Atalı ( Ataya səcdə edib, Bayrağı öpür – G.A): Ocağa ilk gəldiyim illərdə toplumdan, şəraitdən çox gileyli idim. Hər şey məni sıxırdı. Gedişlər, qanunsuzluqlar məni açmırdı. Asif Atanın çağında “özüylə döyüş gündəliyi” yazardıq. Həmin gündəlikdə toplumdan gileylənərdim, Asif Atanın cavabı bu oldu ki, sən özünlə döyüş. Sənin özünlə döyüşünün səviyyəsi toplumu yaradacaq. Ətrafının səviyyəsini yaradacaq. Bu söz mənə öncə çatmadı. Necə yəni özünlə döyüş, özümlə döyüşməyimin topluma nə dəxli var? Tutaq ki, mən düzəldim, toplum harda, necə düzələcək?! Sonra Asif Atanın həyatını, qardaşlarımın, bacılarımın həyatını gördükcə anladım, onlar toplumun qanunları ilə yaşamırlar. Asif Ata böyük istedad idi. Əgər o istəsəydi, istədiyi rütbə sahibi ola bilərdi. Toplumun dediyi pul idi, vəzifə idi, saraylar tikmək idi. Asif Ata bunların heç birini qəbul etmədi. Hamı qınadı, qohum-əqrabanın qınağı gəldi, heç birinə baxmadı. Belə bir ideyanı işləməklə çox böyük bir iş gördü. Elə bir ideya qoydu ortalığa, bunun əsasında cəmiyyət düzələ bilər.


Nisbi heç nəyi dəyişdirə bilmir, irəliləmir, dağılır. Bu gün Avropanın texnologiyası, texnikasının inkişafı gənclərin gözünü qamaşdırır. Ancaq onlar hara qədər gedəcək, nə verəcək bəşəriyyətə?! Ekologiya korlanır, iqlim dəyişilmələri əmələ gəlir. Bundan da əlavə qutsal olan hər şey məhv olur. Ən böyük qutsallıq ailəçilikdir, orda da elə şeylər baş verir, adam iyrənir bu cür eybəcərliklərdən. Budurmu bizim gözümüzü qamaşdıran?! Texnologiyanın inkişafı hardasa divara dirənəcək, bitəcək. Ancaq mənəviyyat, əxlaq, azadlıq insanı da xoşbəxt edə bilər, milləti də, bəşəriyyəti də. Asif Ata Ocağını bu gün münasibətilə qutlayıram. Xalqımızı, millətimizi qutlayıram. Arzu edirəm, bu Məbəd Azərbaycan xalqınin hər bir fərdinin ürəyində qurulsun.
Atamız Var olsun!

Xaqani İsmayil:  Mən danışanları da dinlədim. Özüm də o zamanlar Ocağa gedirdim, qatılırdım, dinləyirdim. Asif Atanın orijinal yanaşması var idi. Nəyə görə, şəxsiyyətin verdikləri zamandan sonra yeni bilgilər yaranır insanda. Mən bu nəzəriyyəni nəzərdə tutmuram. Bu nəzəriyyənin müsbət cəhətləri çoxdur. Ancaq o zamanda gördüyümüzdən başqa, bu gün də bu nəzəriyyə yenidən incələnib dönə-dönə baxılmalıdır. İndiki dönəmdə bizdə dəyərlər sisteminə yenidən baxılmalıdır. Axtarsan ərəbin, yəhudinin adına çıxan kitabların bir çoxu türkün özündən gəlir. Qaynağı türkdür. Ona görə onların özündə müsbət şeylər çoxdur. Bayaq ağsaqqalımız da vurğuladı evlilik məsləsini. Dövlətin təməli ailədir. Ailə institutu hazırda bizdə daha çox zərbə altına alınıb. O baxımdan götürəndə Torada (Tövratda) deyilir, evlilikdə qızın təmizliyi önə çəkilir. Bəylə xanım arasında doğru, saf münasibət önə çəkilir. Birinin ailəsinin başqası ilə təması, uyğun olmayan ilişkiləri hələ o dövrdə daş-qalaq olunurdu. Çox pis cəzalandırılırdı. Yəni əxlaq birinci sırada dayanır. Ailənin saf başlanğıcı bir binanın təməli kimidir. Təməl güclü, sağlam olarsa, bina möhkəm olar. Çoxlu nəzəriyyələr var, ailə institutunu dağıtmaq istəyir. Avropada baxırsan, gənclərin bir-biri ilə ilişkisi var, uşaqları da olur. Bəs niyə ailə qurmurlar, risk eləmirlər. Artıq ailə institutu hədəfdədir. Demək istəyirəm ki, millilik, inanc məsələsi, bir də dilimizin təmizlənməsi özümüzə qayıdış baxımından önəmlidir. Bu haqda verliş də hazırlayarıq. Bilən qardaşımıza da ayrıca təşəkkür etməliyik kitablara görə. Bu bir nüvədir, bütün təşkilatların sağlam qüvvələri bununla birləşsə genişlənmə gedəcək. Çünkü həm tələb var, həm də potensiya var. Bu nəzəriyyənin üzərində yeni addımlar atılarsa, türkçülüyə böyük xeyir olacağı görünür. Bu nəzəriyyədən  istifadə edərək, sizə qulaq asmaq istəməyənə də bunu yeridə bilərsiniz. Bu baxımdan sizi qutlayıram. Arzumuz, niyyətimiz birdir. Çox sağ olun.

Xaliq Rəhimli: Belə bir düşüncə var, dünyanı gözəllik xilas edəcək.Fərqli düşüncələr var. Ancaq mənə elə gəlir, dünyanı kamillik xilas edəcək. İnsan kamilləşəndə dünya tamam başqa cür görünəcək. Asif Atanın bu təlimi, konsepsiyası kamil insana xidmət edir. Bu o deməkdir, insan verilən şüurdan, zəkadan, idrakdan yararlanmalıdır. Bir çox hallarda bunlardan yararlanmırıq. Yatırıq, qalırıq, gözləyirik, nə necə olacaq deyə. Ancaq hər bir insan özünü dərk eləsə artıq cəmiyyətə də yansıyacaq. Özünü dərk edənlərin sayı çoxalanda özünü dərk edənlərin cəmiyyəti yaranacaq. Asif Atanın da təlimi buna xidmət edir, şüurun, idrakın inkişafına. İnsan özünü tanımalıdır. Bu bəşəri bir ideyadır, təkcə millət üçün deyil. Yəni sənin öz milli şüurun olandan sonra bəşəriyyətə çıxa biləcəksən. Bayaq da dedik, Avropada texnologiya inkişaf edir, ancaq onların mənəviyyatı, mədəniyyətləri milli yarış kimi gedir.
Ən ali bir konsepsiyadır Asif Atanın təlimi. Onu oxuduqca, dərk elədikcə görürsən, işıqlı bir yola gedirsən. Hamının qəlbində azadlığa, gözəlliyə, bərabərliyə can atmaq var. Ancaq bütün bunlara qovuşmaq bəzən bir yuxu kimi görünür. Bu konsepsiya o reallığa aparır insanları. Hamınıza təşəkkür edirəm.

İlqar Tağı:Hamınızı salamlayıram. Rafiqin adını çəkdiniz. Onu deyim, Rafiqin həyatı, yaradıcılığı da elə millətə xidmət idi.
Sizi qutlayıram. Mən arzu edərdim, bu, şaxələnsin bütün Azərbaycanda. Belə İnam Evləri iri şəhərlərimizdə, Bakıda açılsın. Çünkü buna çox böyük ehtiyac var. Son illər yad dinlərin, ideologiyaların Azərbaycanda yayılmasını, eyni zamanda onların fəsadlarını da görürük. Yad ideologiyaların arxasında siyasət durur. Bu da mənəvi yüksəlişdən çox istila  məqsədi güdür. Tarixdən də bunun fəsadlarını görürük. Üzü Nəimidən bu yana, Axundova, Rafiq Tağıya qədər sadalaya bilərik. Asif Ata təlimini həmişə niyə təqdir edirəm, çünkü sırf millidir. İnsanları özlərinə qayıtmağa sövq edir, düşünməyə sövq edir. Asif Atanın mühazirələrini dinlədikcə, oxuduqca görürəm, vəcdli deyir. Bəlkə də bu vəcdi sadə insanlarımız başa düşmür. İstərdim, bu təlim incələnsin. Sadə insanlar səviyyəsində olsun. İnsanlaşma deyəndə sadə insanlar deyirlər, bu nə deməkdir, bunu necə başa düşək. Necə ki, başqa dinlərdə şəriət qanunları var, yemək, içmək, əl yumaq necə olmalıdır. Dinlər sadə insanları öz tərəflərinə çəkmək üçün hətta o həddə qədər gediblər. O baxımdan deyirəm, Asif Ata təlimi vəcd təlimidir. Tarixdən, lap qədimdən gələn təlimdir. Bunu insanlara incələmək gərəkdir. O gün muğam haqqında  Asif Atanın bir saatlıq verilişinə baxdım. Cahargah muğamını şöbə-şöbə anladırdı. Zalda oturanlar necə şövqlə baxırdılar, dinləyirdilər. İstəyirdilər, maqnit kimi sorsunlar onun dediklərini. Yəni təkcə muğamı bu cür incələyirdi. Təklif edirəm, davamçıları tərəfindən bu təlim xırdalığına kimi incələnib çatdırılsın. Eyni zamanda, mən istərdim, Ocaq rəsmi qeydiyyatdan keçsin. Bu tələbi qoyaq. Niyə də olmasın. Bakıda krişnaçıların var, o birinin, bu birinin var. Hansına gedirsən rəsmi kağızları var, divardan asıblar. Sizdə də bunun olması vacibdir. Məscidlərin sayını qat-qat artırmaq məsələləri artıq sıradan çıxmalıdır. Məsələn, krişna təlimi ekzotika baxımından pis deyil, onlarda hətta bizim milli, mənəvi dəyərlərimizə bənzər şeylər də var. Onlar ekzotika baxımından saxlanılsa da olar. Bakıda üç-beş kilsə qalsa da olar. Onlara da səcdə qılanlar var, onların da hüququnu tapdalamaq olmaz. Ancaq biz axı türkük. Bizdə bu cür İnam Evləri çox olmalıdır. Asif Ata təliminə çox böyük önəm verirəm. Hamınıza minnətdaram. İşiniz davamlı olsun. Bir daha qutlayıram.

Əhməd Fərhad:Çox sağ olun, məni dəvət etdiyinizə görə. O vaxtlar atamgil dağdan arana köçərdi. Bir dəfə bir ocağın yanından keçəndə maşınlar saxladı. Hamı düşüb ocağa səcdə edir, daşları öpürdülər. Mənə nə qədər dedilər, düşmədim. Hətta anam məni vurdu, dedim, mən heç vaxt o daşları öpməyəcəm. Mən o daşları öpməkdə heç nə görmürəm. Sonra mən böyüdükcə, məndən qabaq Bakıdan gələn tələbələrin içindən bir nəfər dedi,  Bakıda bir nəfər var. Adı Asif Atadır. O bir çox dinlərə qarşı çıxışlar edir, Azərbaycanı öz mənliyinə çağırır, özünə qayıtmağa çağırır. Mən çox istədim onunla görüşüm. Ancaq olmadı. Mən Gəncəyə getdim, tələbəlik illərimi Gəncədə keçirdim. Asif Atanı görə bilmədim. İndi Asif Atanın belə bir Ocağı yaradılıb.
Bir dəfə, bir söhbətə görə, az qalmışdı məni balta ilə çapsınlar. Mən özümüzü tanımaqdan ötrü, ən birinci, ərəblərdən gələn bütün adət-ənənələrə nifrət edirəm. Hətta bütün qohum-əqrəbalarıma tapşırmışam, mən öləndə üstümdə ərəbcə bir dənə söz deyilməsin. O mənim təhqirimdir. İndi mən nəyi arzulayıram, Ocağın bütün üzvləri ilə, Azərbaycan xalqının özünü tanımasından ötrü, bizə daxil olmuş yad ənənələrə qarşı mübarizə aparmalıyıq. Özü də qorxmadan, çəkinmədən mübarizə aparmalıyıq. Mən Ocaq üzvlərindən onu istəyirəm, bu mübarizəni genişləndirək. Özümüzü tanıyaq.

Fərman Hökməli: İlk öncə Ocaqçılara təşəkkür edirəm. Qonaqlara təşəkkür edirəm, bu Evin açılışına bir vətəndaş olaraq qatılırlar. İlk dəfə Nurtəkin xanım mənə Asif Ata Ocağı barədə demişdi. Azdan-çoxdan eşitmişdim, ancaq tam bələd deyildim. Arada tədbirlərə qatıldım, məndə belə bir təəssüratlar yarandı. İnsanların çoxu müxtəlif təşkilatlara meyl edirlər, maraq göstərirlər. Nə yazıqlar, gizli təşkilatlara əl atırlar, Azərbaycançılığa zidd gedən təşkilatlara qoşulurlar, başqa təriqətlərə üz tuturlar. Sonucda Azərbaycan xalqına qarşı düşmən mövqe sərgiləyirlər. Baxırsınız, Suriyada iki nəfər azərbaycanlı, biri sünnüdür, biri şiədir, bir-birinə silah çevirir.
Niyə Azərbaycanın özünün bir modeli olmasın, niyə Asif Atanın yaratdığı model nümunəvi bir model kimi tətbiq olunmasın?! Nurçuluq gəlir, vəhhabilik gəlir, İrandan şiəlik gəlir, buddizm gəlir, başqaları gəlir. Gənclərimiz hərəsi bir yerə yönəlir. Nə qədər bölünməliyik hansısa məzhəblərə, təriqətlərə, siyasi düşüncələrə?! İndi özümüzün modelimiz var. Yaxşı olar, maariflənmə işi davam etsin. Gənclər bu məktəbi mənimsəsinlər, millətimizə, Azərbaycançılığımıza xidmət etsinlər. Bu işinizdə sizə uğurlar arzulayıram. Sayınız artsın. Lap Ocaqdan qıraqda da olsa, Ocağın ideyalarını yayanlar olsun. Mariflənmə işləri daha da genişlənsin. Təşəkkür edirəm.

 

Aşıq İmanın Sazı dinlənilir.

 Yasin Türksoy: Asif Atanın cismani yoxluğundan sonra Ocağın yükü iki şəxsin üzərinə düşdü. Biri Soylu Atalı, o biri  Günev Atalı. Bu işi davam elətdirmək, bu işi  aparmaq, Ocağı yarı yolda qoymamaq, Asif Atanın ideyalarını gerçəkləşdirmək gərək idi. Bu gün İnam Evi Günü törəninə yığışmışıq. İnam Evinin mahiyyəti, məqsədi Mütləqə İnamı xalqa yaymaqdır. İnsanlar arasında yaymaqdır. Bu gün bu bölgədə İnam Evinə  toplaşmağımızın səbəbkarı Günev Atalıdır. Onun davamlı inamı, iradəsi, əzmi sayəsində bu İnam məbədi yarandı. Davamlı olaraq qovuldu, söyüldü, qohum-əqraba, yaxınlar, qonşular tərəfindən.

Ancaq inadından dönmədi, əzm göstərdi, yarı yolda qoymadı, Ocağa sadiq qaldı. Bu günkü aşamaya qədər gəlib çıxdı. İndi onu bölgədə məclislərə, yas mərasimlərinə çağırırlar ki, gəl, inam, fəlsəfə, ruhaniyyət açısından söz de. Bizim, bu gün burda, bu tədbiri keçirməyimizə səbəb Günev Atalı oldu. Atanın ona verdiyi Günev adını doğrultdu. Var olasınız. Bu gün bəlkə çoxları tam anlamır bu tədbirin mahiyyətini. Ancaq illər keçəcək, bu, Ocağın tarixində, Azərbaycanın tarixində, Azərbaycanın ruhaniyyat tarixində ilk olay kimi dəyərləndiriləcək.  Bölgədə, yeni yaranan bir İnamın Məbədi tikilir, orada Törən keçirilir. Mənim üçün özəl bir olaydır. Gününüz xoş olsun!
Atamız Var olsun!

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür): Mən Asif Atanı tələbə vaxtı tanımışam. 22 yaşım vardı. O çağa qədər Nəsimiyə, tarixin böyük qəhrəmanlarına heyrət edirdim. Çox böyük əzab sayırdım onların əzablarını. Mən Asif Atanı tapandan sonra gördüm, Asif Atanın əzabı da, onun ideyası da qat-qat üstündür. Mənim arzularımdan, istəyimdən, heyrətimdən çox böyükdür. Mən Ocağa gələndən bir il sonra Asif Atanı itirdik. Mən yenicə anlamağa başlayırdım Atanı. İtirdikdə çox sarsıldım. Atanı bura dəfn olunmağa gətirdik. Onda burada kənd camaatı İran mollasının qızışdırmaları ilə ayağa qalxdı. Bura Günev Atalının öz şəxsi torpağıdır. Burda dəfn mərasimində kənd camaatı ona qarşı çıxanda Günev Atalının necə dayandığını gördüm. Mən o çağa qədər görməmişdim, insan nəyəsəqarşı belə inadla dayana bilər. Tədbirlərə gəlirdim, Atanı dinləyirdim, ancaq bir insanın necə belə döyüşkən olmasını onda gördüm. Əslində Günev Atalı dünyaya qarşı idi, təkcə kənd camaatına qarşı deyildi. O çağlar onun bu halı mənə güc verdi. Atanın ölümündən sonra Soylu Atalı ilə başladıq bölgələri, məktəbləri gəzməyə. Sonra Soylu Atalı dedi, siz özünüz də görüşlər keçirin. Üz-üzə durur, çarpışırdıq. Yüz qapı döyürdük, beşini açırdılar. Biz, Ocaqçılar o cür döyüşə-döyüşə döyüşkən olduq. Soylu Atalıdan, Günev Atalıdan öyrəndik. Bu gün olduğumuz bu məkan sadəcə dörd divardan ibarət deyil. Əslində bu tədbir də Atanın çəkdiyi haraydır, Atadan sonra çəkilən haraydır, Ocaqçıların ömründən gələn haraydır. Bu İnam Evini Günev Atalı öz ürəyi ilə tikdi. Çox məhdud bir maddiyyatla, ancaq ürəklə.Ata deyirdi, Fərhad ürəyi ilə çapırdı qayaları. Günev də elə etdi. Bu gün bizim dəyərlərimizə hər tərəfdən hücum var. Hər tərəfdə xalqın dəyərlərini gözdən salanlar var. Gözdən salırlar ki, xalq özü öz gözündə kiçilsin. Asif Ata Ocağı, İnam Evi ona qulluq edir ki, o dəyərlər itməsin. Dəyərlərimiz yaşasın. Ömürlərdə yaşasın. Biz bunu ömrümüzdə yaşadırıq, yaşadacağıq. Bu bizə hər zaman güc verib, verəcək də. Ona görə də Ocaqçıların hamısını qutlayıram. Əslində Azərbaycanı qutlamaq gərəkdir, belə bir İnam Evi qurulduğuna görə. Gəldiyiniz üçün var olun.
Atamız Var olsun!

Soylu Atalı: Bir neçə sözlə tədbirimizi başa çatdıraq. Heç kimin düşüncəsinə təzyiq göstərmək üçün demirəm. Ancaq bir məsələyə aydınlıq gətirmək istəyirəm. Öz düşüncələrimizi, doğru bildiyimizi hər zaman dilə gətiririk. Şəxsiyyət məsələsi ilə bağlı demək istəyirəm. Bizə çox deyənlər olub, bu gün də deyənlər tapılır ki, biz Asif Atanı bütləşdiririk. Bu şəxsiyyətə pərəstişdir. Qardaşlar, Stalinin ünvanına yaradılan pərəstişlə Asif Atanın ünvanına yaradılan səcdə eyni bir şey deyil. Eyni anlam daşımır. Biz sizə Asif Atanın keçdiyi yoldan qısaca bəhs elədik. Odun, alovun içindən keçib. Stalin odun, alovun içinə atıb, Asif Ata odun, alovun içindən keçib. Stalin hər şey idi, millət, insanlar heç nə idi. Ancaq Asif Ata bütün insanların hər şey olması üçün ömrünü fəda etdi. Asif Ataya tapınmağın anlamı odur. Çünkü ideya quru nəzəriyyə ilə olmur. İdeyanı kim yaradıb, nəzəriyyəni kim yaradıb,  –  insan yaradıb. İnsana tapınmayacağıqsa, böyük isanlara, şəxsiyyətlərə tapınıb  onlardan öyrənməyəcəyiksə, onlarda özümüzü görməyəcəyiksə, onda nə insanlaşma bir anlam daşımaz, nə millətləşmə. Biz körpə uşaqları, balaları köksümüzə sıxırıq, ayağından, əlindan öpürük. O, səcdəli münasibətdir. O uşağa sevgimizi başqa cür ifadə edə bilmirik. O, sevginin ifadəsidir. Mənə nə yaradıb nə vermisən?! Mən sizin hər birinizi sevirəm, sevməyə ürəyimin gücü var. Hər birinizin ayağınızın altına verməyə çiynim var. Mənim əlimdən tutub göylərə qaldıran, mənim əlimdən tutub insan olmağa, millət olmağa aparan bir əli mən öpürəm. O əli öpməyə  gücüm var. O əlin nə yaratdığını dərk edirəm. Ona görə  əlini öpürəm. Sevinirəm ki, mənim dodağım o əli öpməyə layiq olub. İnsanın özünü başqasında görməsi, başqasında tapması nə deməkdir, nə arzulayıramsa, nə istəyirəmsə onda görürəm, heyrət edirəm. Sevirəm, səcdəli münasibət yaranır içimdə, vəcdli münasibət yaranır içimdə, ilahi münasibət yaranır içimdə. Mən göylərdə, transsendental olana, mücərrəd olana, fövqəl olana pərəstiş etməklə insanlaşa bilmirəm, özüm ola bilmirəm. Mən qorxuram, kiçilirəm, balacalaşıram. Ancaq mən böyük şəxsiyyəti görürəm, hansı yolları keçib, necə içində arınıb-durulub,  bütün içindəki eybəcərlikləri silib, dupduru bulaq suyu kimi olub. Onu  başıma çəkirəm. Bulaq suyunu içmək anlamı daşıyır o. Ona görə biz Asif Atanın bayrağını öpürük. Çünkü onun üzərində Atanın çağırışı var. “İnsanlaşın, İnsanlaşdırın. Bəşərin nicatı İnsanlaşmaqdadır!”. Yenə deyirəm, biz demirik, Asif Ata hər şeydir, yerdə qalan heç nədir. Biz elə bir düşüncədə deyilik. Asif Ata böyük oduğu üçün İnsanlıq gərəkdir. Demək, insanın böyük olma olanağı var. Mənim üçün bir örnəkdir, ölçüdür. Mən çevrəyə baxanda, boylananda özümü müxənnətlərlə, xainlərlə, dönüklərlə tutuşdurmuram ki, mən onlardan yaxşıyam.  Mən özümü əlçatmaz dühalarla Nəsimilərlə, Fizulilərlə, Babəklərlə, Brunolarla, Yan Quslarla, Buddalarla tutuşdurmaq istəyirəm. Onda kimliyimi dərk edə bilərəm, böyüyə bilərəm. Ata deyir, özünüzü Mütləqlə tutuşdurun. Onda gücünüz artacaq, onda özünüzə bənzəyəcəksiniz. Özünüzü başqası ilə naqislərlə tutuşdurmayın. Onda nisbi böyük olacaqsınız,  balaca olacaqsınız. Bu günkü İnam Evi Gününün məzmunu budur. İnsan öz mahiyyətinə bərabər olmalıdır. Ata deyir, “Kitablarımı yazdım, istədim ki, İnsan yaşasın, var olsun”. Biz də bu günkü düşüncəmizin sonunu  belə başa çatdırırıq. Biz də çalışırıq, çabalayırıq, insanın ruhaniliyinə üz tuturuq. Onun mənəvi varlığını öz sevgimizdə, öz varlığımızda, düşüncəmizdə yaradırıq, yaşadırıq ki, insan var olsun, yaşasın. Ona görə deyirik, Atamız Var olsun. Bu, əslində “İnsan var olsun, İnsanlıq var olsun” anlamı daşıyır.
Beləcə, təbrimizi sona çatdırırıq. Bir daha gəldiyinizə görə sizə sayğılarımızı sunuruq. Kim hansı düşüncənin yiyəsi olursa olsun, biz onun düşüncəsini zorlamırıq. Zəhmət çəkib bura gəlibsə, zəhmətini yüksək dəyərləndiririk. Var olun!

Torəndə Ruhsal bağışlamalar (hədiyyələr) oldu.

 ‘’Ata Ruhunu Ürəyimizdə aparırıq!’’, ‘’Atamız Var olsun!’’ Səcdəsiylə Törən sona çatır.

Səsdən sözə çevirdi: Göytəkin Atalı.
Qar Ayı, 43-cü il. Göyçay.
(yanvar, 2022).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir