Xəbərlər

Qutsal “İnam Evi Günü” törəni

Ocaq Günsırası ilə 13 Yağış Ayı, 45-ci ildə (noyabr,2023) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “İnam Evi Günü” törənini gerçəkləşdirdi. Törən quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Ocaqda ölənlərimizi anırıq, yanımızda bilirik: Sabahlı, Bağban, Amaltay bizimlədir.

Ocaqda ayrı-ayrı qurallar gerçəkləşdiririk. Bunların anlamı ilə bağlı dəfələrlə söz demişik. Yenə mən bir neçə söz demək istəyirəm. Öncə Atanın bir sözünü sizə xatırladıram. Ata deyirdi, Ataya səcdə şəri təqib deməkdir. Bu o vaxtlar idi ki, Azərbaycan toplumunda, daha doğrusu, rəsmi düzeylərdə, Yazıçılar Birliyində, başqa bu cür qurumlarda Asif Ata adına böhtanlar yağdırırdılar, ağız əyirdilər. Belə bir gedişdə Asif Ata çəkinmirdi, addımı dala qoymurdu. Addımı dala qoymağı Ocağın ortadan getməsinə nədən ola bilərdi. Bilirsinizmi, o qədər yanlış, əyri məntiqsizliklər ortaya gətirirlər ki, bu deyilişlərin içərisində sadə insanların belə, nə düşünmələri, necə düşünmələri özlərinə də bəlli olmur, – nə doğrudur nə əyridir. Əslində bunu mən doğal sayıram. Mən o vaxt Asif  Atanı tapana kimi ilk dəfə onun görüşündə oldum. Asif Ata danışanda demək olar, çox şeyi anlamırdım. Sonralar mən onun yanına gedib gəlməyə başladım. Onun Borçalıda görüşünü təşkil eləyəndə öz qohumlarım, ata-anam mənə qarşı çıxdılar ki, bu kişidən əl çək, bu bizlik deyil. Niyə bizlik deyil, çünki bu adam Azərbaycan hakimiyyətinə qarşı söz deyir, dinə qarşı söz deyir. Baxın, deməli, Asif Ata kim olmalı idi, hamının biranlamlı şəkildə qəbul edəcəyi, hamının halına, huyuna uyğun davranan biri. Onda hamı bir ağızdan deyəcəkdi Asif  Ata böyük adamdır. Bilirsiz, toplumu dəyişməyin bir yolu var – toplumu eşitməmək. Söz yox, biz əxlaq, mədəniyyət, tərbiyə baxımından topluma arxa çevirmirik, toplumun ləyaqətinə də göz yummuruq. Xalqın yüz illər öncədən gələn mədəniyyəti var, tərbiyə yönü var. Biz bunlara qarşı deyilik. Ancaq o şeylər ki, xalq üçün azdır, azı dəyişmək, böyütmək, artırmaq istəyirik. Tərbiyə ilə xalq xalq ola bilmir, tərbiyə azdır. Xalqın varlığını sürdürməsi üçün tərbiyədən artıq bir şeylər gərək olur. Xalq üstün olanı qəbul eləməyə hazır deyil. Biz Doğu xalqıyıq, bizdə duyğusallıq var, bizdə qutsal baxışlar, qutsallıq axtarışı var. Biz qutsal bildiyimiz nə varsa onları simqələşdiririk. Biz də Ocaq olaraq bu deyilənlərdən yan keçmirik. Məsələn, Bayrağımızın üzərində Asif Atanın şəkli var. Min yerdən başlayırlar ağız büzməyə. Niyə Asif Atanın şəkli bayraqdadır. Asif Ata balaca adam deyil, şəxsiyyətsiz adam deyil ki, deyəsən belə bir qüsurlu, nöqsanlı adamı niyə başının üstünə qaldırırsan. Şəxsiyyətdir, şəxsiyyəti adam başının üzərinə qaldırar. Burda nə var ki?! Əgər şəxsiyyəti başımın üzərinə qaldırıb özüm kiçilirəmsə,balacalaşıramsa, bir heç oluramsa onda sənin söz deməyə haqqın var. Biz neyləyək, hər yerdə insanı vururlar, hər yerdə insanı balacalaşdırırlar, hər yerdə insanı cılız saxlamağa çalışırlar. Biz də insanı böyütməyə çalışırıq.  Necə böyüdürük, onun haqqında yüksək düşüncələr gətiririk ortaya. Onu necə varsa az sayırıq, olmalını dilə gətiririk, onun harayını çəkirik. İnsanlığı bayraq edirik. Bayraqda İnsanlığın simgəsini hazırlayırıq. Asif Ata mənimçün İnsanlığın simgəsidir. İdmanda qol, baş hərəkət formasını düzəldirlər, vururlar bayrağa. Biz elə mücərrəd şeylər vura bilmərik Bayrağa. Niyə şəxsiyyətimizdən qaçmalıyıq?! Dəfələrlə bizə suallar veriblər ki, bu, şəxsiyyətə pərəstiş deyilmi?Az qala ideoloji anlayışa çevrilən “Şəxsiyyətə pərəstiş” ayrı şeydir, Asif Ataya səcdəli yanaşma ayrı. Atanın özünün sözü var, deyir ağaya pərəstiş eləməzlər, ağaya pərəstiş ölümdür. Ancaq Ataya pərəstiş edərlər. O, Ata olana qədər min dəfə ölüb dirilib. Min əzabın, min odun içindən keçib. Mən Soylu olaraq onun yaşadıqları çətinliklərin çox az bir hissəsini yaşamışam. Mən Asif Ata öləndən sonra on dəfədən çox hüquq-mühafizə orqanlarına çağrılmışam. Gözlədiblər, sorğu-sual ediblər, ancaq məni incitməyiblər. Atanı isə incidiblər, hədələyiblər, işdən çıxarıblar, hər cür psixoloji basqı göstəriblər, aşağılayıblar, ailəsini dağıdıblar. Çünkü dərdi  vətən idi, millət idi. Bu gün Azərbaycanda kimə ikiotaqlı bir ev verirlərsə, yüyürüb hakimiyyətin ayağının altına sərilir. Asif Ataya ikiotaqlı ev verməmişdilər, Mərkəzi Komitənin 3-cü katibi görəvi verirdilər, akademiyanın başçılığını verirdilər, hər şeydən imtina elədi. Bir dənə ödül götürmədi, ailəsiz qaldı, evsiz-eşiksiz qaldı, işsiz qaldı, ac qaldı, susuz qaldı. Niyə? – Xalq yaransın deyə.  Mübarizə belə olur, əlimizə balta götürəsi deyilik. Bizim silahımız sözdür. İnsanımızın qədir-qiymətini bilməkdir, yolumuzun, əqidəmizin qədir-qiymətini bilməkdir, ona dəyər verməkdir. Xalq pozulub, xalq yalan danışır. Kimə baxırsan yalan danışır, yalan, yalan…. Sözünün yiyəsi adam var? – Yoxdur. Barmaqla sayıb qurtararsan dəqiq adamları. Biz dəqiqlikdə cəmiyyətə oxşaya bilmərik. Əgər biz dəqiqliyə, yüksək ideallara çağırırıqsa, birinci özümüz onu yaşamalıyıq, özümüz onu həyata keçirməliyik. Baxın, biz dini qəbul eləmirik. Deyirik, din nə insanı özünə tanıda bildi, nə insan-Allah bağlılıqlarını qura bildi, nə də insanın mənəvi birgəyaşayışını nizamlaya bildi. Niyə qəbul edim, səndən umduqlarımı vermirsən. Toplumun da bizdən umduqları var. Topluma, bizdən umduqlarını öz ömrümüzlə, öz davranışımızla verə bilməsək biz də heç kimə gərək deyilik. Biz gərək olmaq istəyirik. Birinci özümüzə (mənəvi baxımdan) gərək olmalıyıq ki, başqasına da gərək olaq. Bizim mübarizəmizin yolu, canı budur. Belə bir çətin dönəmdə. Biz elə bir çətin dönəmdə yaşayırıq ki, hər şey lağlağıya çevrilib, hər şey zorun basqısı altına alınıb. Zor hər şeydir. İnsanlığı öldürürlər, kapitalizmi dirildirlər; mənəviyyatı  öldürürlər,maddiyyatçılığı dirildirlər; şüuru öldürürlər, inkişafdan danışırlar… Yəni hər şeyi məhv edirlər gözümüzün içinə baxa-baxa. Bizə deyirlər,bununla razılaşmalısan, qane olmalısan. Toplum da qane olur. Asif Ata qane olmadı. Ona görə də Ocaq yaratdı. Eybəcərliyə haqq verirlər, haqsızlığa haqq verirlər, ədalətsizliyə haqq verirlər. Biz belə bir dönəmdə yaşayırıq. Elə bir dönəmdə ki, biz doğrulardan danışırıq, həqiqətdən danışırıq, insanlıqdan danışırıq, onlar bizim mübarizəmizə yel dəyirmanı ilə döyüşən Don Kixot kimi baxırlar. Deyirlər, siz neyləyəcəksiniz ki?! Toplumda gedən bütün prosesləri diqqətlə analiz eləmək gərəkdir. Hamı deyir, tək mən düzəlsəm nə dəyişəcək. Adama deyən gərək, sən düzəl, gör nə dəyişəcək. Düzəlmirsən axı. Mən sənə deyirəm, heyvana enmək istəmirəm, özüm kimi olmaq istəyirəm. Burda nəyin dəyişməsini, düzəlməsini axtarırsan ki? Sənə deyirəm adam kimi yaşa, ədalətli ol, vicdanlı ol, ləyaqətli ol, heyvan kimi davranma, heyvana enmə, insana yüksəl, məzmuna, mənaya bərabər yaşa. Sən də deyirsən, onda nə olacaq?! Bütün məsələ odur ki, toplum öz avamlığından yorulmur, yorulmayacaq. Çünkü avamlıqdan çıxmaq qüdrət tələb edir. Toplum avamlıqdan  yorulmayacaq. Ancaq bunu dərk eləyən, anlayan insanlar da mübarizədən yorulmamalıdır.Fədakarlığın məzmunu çox dərindədir. Fədakarlığın məzmunu görünən səviyyədə deyil. Fədakarlıq təkcə nəyisə hədəf götürmək deyil, fədakarlıq həm də olmaqdır. Ata da deyir Olun. Məhəmmədin Allahı dünyaya dedi Ol, oldu. Məhəmmədin Allahı ismi-əzəmlə dünya “yaradır”. Asif Ata isə insana deyir Ol,  – özünlə döyüş, kamilləş, yetkinləş, toplumun gedişinə, nizamına etki göstər.

Bəşəriyyət dindən nə umdu?! Dedi,məbəd tikirsən, bu məbədlərdə qurtuluş yarat. Yaratmadı. Niyə yaratmadı, çünkü heç kim özünü yaratmadı. Məscidlərdə çoxsaylı insanlarla üz-üzə oturan dindar adamlar gərək bilgili, mənəviyyatlı olsun ki, ora gələnə nəsə öyrətsin. Onlara cəfəngiyat öyrədir, gələnləri həşirə salır. Həşirə salıb daha da cahilləşdirir, cahil olaraq qapıdan çölə buraxır. Eləcə də kilsə. İnsan-Allah bağlılığını ya kilsə, ya məscid öyrədə bilirmi?! Allahı, yəni Mütləq olanı. Mən bizim düşündüyümüz mənada işlədirəm “Allah” sözünü. Nəyi öyrədirlər,- ağa Allahı, insanı qorxudan Allahı. İnsanları məscidə, kilsəyə toplayırlar ki, onlardan müti düzəltsinlər. Toplamırlar, onlardan kamil düzəltsinlər. Heç yerdə kamilliklə uğraşmırlar. Məbəd insanın özünüdərk ünvanıdır, məbəd insanın idealı dərk, idealı tanıma ünvanıdır. İdealı tanıtmaq istəyən ideala qovuşmalıdır axı. İdealı tanıdan öyrətmənlər gərəkdir. Ata da Ocağı ona görə yaradıb. Deyir, siz bəşəriyyətin ruhani öyrətmənləri olmalısınız. Mahiyyətcə osunuz, ancaq ona çatmalısınız. Biz elə düşünməli deyilik, əgər Asif Atanın davamçıları sayılırıqsa hamıdan böyüyük. Belə absurd şeylərə qapıla bilmərik. Biz öyrətmənlik ləyaqətinə yüksəlməliyik. Hər yöndə Asif Atanı topluma öyrətmək – əslində insanı özünə tanıtmaq məzmunu daşıyır. Asif Atanı topluma öyrətmək Mütləqi insana tanıtmaq, özünü özünə öyrətmək deməkdir. Məbədlərin funksiyası odur. Bizim də bugünkü  günümüzün adı İnam Evi günüdür. Bizim İnam Evimiz, düşünürük,məscidlərin, kilsələrin, sinaqoqların, başqa məbədlərin eynisi olmamalıdır. İnam Evi bizə qədər olan məbədlərin eynisi olacaqsa, onda bizə gərək yoxdu. Var da onlar. Bizim üzərimizə çox böyük yük qoyub, böyük sorumluluq tələbi qoyub Asif Ata. Ona görə də bütün varlığımızla biz İnam Evini ruhaniyyat məktəbinə çevirməliyik. Bu gün bu toplandığımız ünvan, yer bizim üçün İnam Evi məzmunu daşıyır. Biz burada həmin o məzmunu ifadə edirik. Gec ya tez Bakıda bizim İnam Evimiz olacaq. Ancaq hələ biz bu işi öz ünvanlarımızda, evlərimizdə həyata keçiririk.Evlərimizdə həyata keçirilən iş, dediyimiz kimi, İnam Evi məzmunu daşıyır. Ona görə bu işin anlamına varmaq gərəkdir. Onu öyrənmək gərəkdir. Söz yox, Beyləqanda Ocağımızın İnam Evi var, özümüzün memarlıq istəklərimizə uyğun biçimdə. Biz istəyirik Bakıda da olsun.
Bu yaxınlarda biz Beyləqanda olduq. İnam Evinə əl gəzdirdik, silib süpürdük, söhbətləşdik. Mən hər dəfə o ünvana gedəndə içimdə dəyişiklik gedir, şüurumda  dəyişiklik gedir, hər dəfə özgüvənim bir az da artır, inanım biraz da artır.Mən İnamsız insan deyiləm, ancaq mənim inamımda pozitiv yeniliklər yaranır. Nəyə görə yaranır?! – Bu gün Azərbaycanda çoxsaylı məscidlər var. Bu məscidlərin hamısını dövlət tikib. Dövlət məscid tikir, bu məscidin heç biri insana çalışmır, xalqa çalışmır. Ancaq Azərbaycanın içindən bir adam qabağa durub  xalqın ruhaniyyat məbədini qurur. Bu ruhaniyyat məbədi insanlığa çağırış həyata keçirir. Dövlətin, heç kimin qatqısı yoxdur. Bir adamın dişi, dırnağı ilə yaratdığı bir ünvan. Bu əmək başqa dünyagörüşlərin minlərlə məbədlərindən çox dərində, çox yüksəkdə duran bir məzmun daşıyır. Bunu hansı yöndən deyirsiniz-deyin, əsaslandıra bilərik. Mənimdir deyib öymürük. Məscidin, kilsənin həyata keçirdikləri işlər də ortadadır, İnam Evinin məzmunu, onun barmaq sayda insanlarının ləyaqəti, zəhməti də.
Ötən söhbətlərimizdə demişəm, yenə xatırladıram. Bir macar alimi var, – Radi Fiş. Yazır ki, Konyada Şəms Təbrizi  ilə Mövlana Ruminin görüşü baş tutmasaydı bəşər mədəniyyəti min il dala qalardı. 13-cü yüzilin olayını 20-ci yüzildə belə dəyərləndirir. Qardaşımız soruşur, onların bəşər insanına nə kimi etkisi oldu ki, belə bir söz deyilsin. Baxın, Mövlanə Rumi ilə Şəms Təbrizi 13-cü yüzildə görüşüb Konyada. Yeddi yüz il sonra, az qala min ilə yaxın vaxtdan sonra Avropa ölkələrinin birində bir düşüncə adamı 13-cü yüzilə baxır, o görüşü dəyərləndirib deyir, bəşər mədəniyyəti bu deməkdir. Biz min ildir islam mədəniyyəti, xristianlıq mədəniyyəti deyilən bir şeylərə dönüb baxırıq. Söz yox ayrı-ayrı nəsnələr yox deyil. Ancaq biz insanın əbədiyyətə gedən bir yönünü tapa bilmirik. Özümüzdən öncəki yüzillərə baxırıq tapa bilmirik, doğrultmur özünü.
Bizim də istəyimiz odur ki, bu məsələ (insanın yön tapması) Asif Atanın Ocağında doğrulsun. Ocaqda çəkilən zəhmətlər var, bunu sayıb bitirə bilmərik. O qədər əməklər var. Bütün çabaların hamısı Asif Atanın işinin yayılmasına, yaşamasına qulluq edib.  Bəşər mədəniyyəti odur. Günev Atalını Soylu Atalıya qarşı  qaldıra bilmədilər. Onun ağlını oğurlaya bilmədilər. Bağlılığın, inamın, güvənin mütləq səviyyəsi budur. Bəşər mədəniyyəti budur. Fərd davranışı, mədəniyyəti var, bir də bəşər mədəniyyəti var. Fərd idrakı bizim hər birimizin öz yaşadığımız ömrün intervalında ifadə elədiyimiz idrakdır. İdrakın çatdığı, yetdiyidir. Sıfırdan başlayıb 70-80 ə qədər, hansı intervalda yaşayacaqsa, ora qədər bizim idrakımızın əldə etdikləri var. Bu fərd idrakıdır. Ancaq bəşər idrakı bizdən öncə, sonra olanların axtarışları, yaşantılarıdır, dayanmır. Bəşər idrakı daim həqiqətlərlə uğraşır, həqiqətlərin peşində olur, axtarışlar-filanlar, tapıntılar daha nələr nələr… O axtarışların içərisində özündən öncəkinin ona ötürdüyü, örnək kimi ötürdüyü ləyaqətlər var, yol açdığı, iz buraxdığı ləyaqətlər var. Hər bir ləyaqətli ömür izsiz qalmır, sabaha gedir. Heç bir ləyaqətli ömür itmir, iş görür. Ömür özü iş görür, hələ mən ideyanın gücünü demirəm. Yetər ki, o ömürlər o ideala, ideyaya doğma olsun. Belə ömürlər min il özündən sonra görünür, onlardan örnək götürülür, dəyərləndirilir, yenidən həyatda iş görür. Yenidən yaşanır, yenidən iş görür. Bu gün bizim çağırışımız, harayımız bizdən yüzillər öncəki böyüklərimizin çağırışları, haraylarıdır. Onlar susmayıb, o dalğalar qırılmayıb. Nəsiminin harayıdır, Babəkin, Nəiminin, Zərdüştün harayıdır. Bu gün Asif Atada o yenidən dalğalanır, yenidən canlanır, yenidən nəfəs alır, yaşayır, haraylanır. Biz belə bir yolu belə bir ləyaqəti yaşadırıq. Bu gedişdə çalışırıq ki, yolumuza yönəlik yanlışlara yol verməyək. Yolumuzda, əqidəmizdə İnsanlığın gələcəyini, ləyaqətini ölçü götürürük. İnam Evi Günümüzün məzmunu bu dediklərimizdən oluşur.  Sizin hər birinizi bugünkü günümüz münasibəti ilə qutlayıram, bağrıma basıram. Var olun, nə yaxşı ki, sizin Yol ləyaqətiniz var. O ləyaqət həm bizi yaşadır, həm də gələcəyə böyük mesajlar ötürür.
Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Qardaşım İnam Evinin mahiyyətini andatdı. Hər bir inancın özünün ünvanı olub. Buddistlərin məbədləri, zərdüşt məbədləri, sonra səmavi dinlərin məscidi, kilsəsi, sinaqoqu olub.  Bizə görə çatışmazlıqlar olub insana münasibət baxımından. Həqiqət nisbi mənada, ədalət nisbi mənada, azadlıq, vətən anlamı, İnsanlıq, ruhaniyyat nisbi mənada öyrədilib. Ata deyirdi bunlar bəşəriyyətin yarım işıqları idi gəlmişdilər. Ancaq səmavi dinlərin olduğu yerlərdə getdikcə qaranlıqlar artdı. İnsanı elə günə saldılar ki, bu gün insan mənəviyyatdan, müqəddəslikdən daha çox hərisliyə meyillidir. Fərasətli sözünü fırıldaqçı, rüşvətxor, nanəcib adamların ünvanına deyirlər. Ona görə Asif Ata mənəvi ehtiyacdan ortaya çıxdı. Asif Ata Ocağının bütün işlərini bu ehtiyacı ödəmək üçün qurdu: kitablarını, Evladlarını, İnam Evini. 11-ci il, Ata Ayının 27-də Ataya söz vermişdim. Bəlkə də fərqinə varmadan demişdim. Eləyə biləcəm, eləyə bilməyəcəm, axı buna güc çatmır. Adi bir kəndçi, minimal gəlir ilə dolanan bir şəxs sinəsinə döysün ki, mən bu işi görəcəm (İnam Evi tikəcəm). Ailəsi var, uşaqları var, onları dolandırmaq var. Ancaq o istək vardı. Ataya  söz vermişəm. Bir də ki, bu işin gərəkliliyi Ataya verdiyim sözdən az önəm daşımır. Sonradan mən bu işin gərəkliliyini bütün varlığımla dərk edirdim. O daşı daş üstə qoymaq, o divarları yaratmaq burda xüsusi söz deyəcək. Müxtəlif maneələr oldu. Bir-birinin ardınca çox maneələr yarandı bu işə qarşı. Ancaq döyüldükcə, söyüldükcə bərkidik. Bunun üstündə məni döyüblər də, kənddən çıxardıblar da. Ailəmin əlindən tutub çıxmışam, müəyyən dövr sonra yenə yavaş-yavaş qayıdıb davam eləmişəm. Axı qaçmaq olmaz düşüncənin arxasından. Dəqiq tarix yadımda deyil,toplumun (iyirmi, iyrimi beş adamla) qatqısı ilə (fotoları var) İnam Evinin özülünü tökdük. Kənd adamlarının qatqısı ilə oldu. Hamısı yox, rəğbətçilər gəlmişdi.  Sonra yenə dövr-dövr etirazlar başlayırdı, sonra onu sakitləşdirmək üçün müəyyən bir gediş edirdik, yenidən bir də başlayırdıq, bir də… Sonra elə oldu ki, adamlarda heyrət yarandı. Bizim kəndin dörd bir tərəfindəki kəndlərdə məscid inşa olunub. Hər axşam-səhər azan səsi qulaq deşir. Bizim kənddə o alınmadı. Dinçilər  çalışdılar, bütün gücü ilə çalışdılar, alınmadı. O heyrətin, İnam Evinin tikintisinin sonucu idi. İnam Evinin tikintisinə yönəlmiş inadımız iş gördü, bu inad heyrət yaratdı. Bu gün onların içində İnam Evini ziyarət eləmək istəyənlər var, bir-birindən ehtiyatlanırlar, gəlmirlər. Ancaq İnam Evinin həyətinə qızıl töksən bir nəfər ona yaxınlaşmaz. Həmin o etirazçılar, haray salanlar belə. Bunun hamısını sadalamağa gün çatmaz hansı aşamalardan, hansı narahatçılıqlardan keçdik. Ancaq hər biri yerişimizi deməzdim, uçuşumuzu yaratdı. Axına qarşı uçuş. Yerişimiz demək azdır. Bu gün, xırda işləri çıxsaq, İnam Evi hazırdır.
Yeri gəlmişkən bir məsələni də deyim, Elana ən çətin məqamlarda arxamda dayanıb, çiyin-çiyinə olub. Atanın torpağa qoyulduğu dönəmdə, bütün kəndin, qohum-qardaşın üstümüzə qalxdığı bir zamanda öz sözünü dedi, həmin söz dillərə düşdü. Atanın Amal Bağında basdırılmasına dirəniş göstərirdilər. Mən deyirdim, döşəməni söküb Atanı orda basdıracam. Elana da bu inadın arxasında duranda addımı dala qoydular. Ancaq onun bu işə qarşı bir boz baxışı məsələni başqa cür həll eləyə bilərdi…
 İnam Evinin anlamı nədir?! – Biri var ehkamla insanın beynini yükləmək, sənin xilasın göydəki gözə görünməzdədi, biri də var orda insanın özünü xilaskara çevirəsən, orda vətən anlamı öyrədilə. İnam Evi İnsanlığın ünvanıdır. Bu ünvanda insan özü ilə uğraşmalıdır, özünün yaradıcısı olmalıdır, bunun hesabatını verməlidir. Bu baxımdan İnam Evimizin Günü özəldir.
İnam Evinin özülü töküləndə Göylü, Nurtəkin zərif əlləri ilə daş tökürdülər. Bax, bu hünər, bu sevgi, bu inam İnam Evinin anlamını daha yaxşı anladır. Göylü Beyləqana görüş üçün getmişdi, görüşü baş tutmadı, gələndə (görüşə xərcləyəcəyi pula) 5 kisə sement alıb gətirdi. Belə yaranır, aqibətlər budur.
Bu gün hansı düşüncə ilə hər kəs evlərindən çıxıb bura gəliblər, -İnam Evi Gününü gerçəkləşdirməyə. Burada elə bir hal yaranıb ki, mən yaşadığımı düşünürəm. Yaşamaq mənim üçün bu deməkdir. Sizə sevgimi, sayğılarımı bildirirəm. Sizə İnsanlığın ən böyük neməti olan heyrət eləyirəm.
Atamız Var olsun!

Nurtəkin Atalı(Ataya səcdə edib, Bayrağı öpür – G.A.):İnam Evi Günümüz qutlu olsun.
Din millətlər üçün olanda zorla yayılmır, yayılmamalıydı. Hər kəs dinə inanmalıdırmı, ya da zorla yayılan dini qəbul edib soydan soya keçdikcə onu özününkü kimi qəbul etməlidirmi? Soylu Atalı ilə görüşlərin birində “sən mənim ata-babamın dininə qarşı çıxırsan” deyə təpgi göstərilmişdi. Sanki islam dinindən başlayır onun soyu. Bəs İslamdan öncəki babaların?! Onların inancının gələnəyini kim qoruyacaq? Hər torpağın, iqlimin etkilədiyi, yaratdığı xarakter var, gen var. Milli xarakter, milli gen də özündə dəyişməz bir şeylər daşıyır. Əgər o xarakter, o inanc uyum sağlayırsa , o inanc milli düşüncədən, ruhdan, gendən gəlirsə onun zəmini möhkəm olduğu kimi sabahı da möhkəm olacaq. Çünki öz ruhundan gəlməsi, özündə olması önəmlidir. Zəmin özümlü olmazsa hansı yüksəklərə çıxa bilər?! Qıraqdan verilən heç bir şey kökə çatmır, kök salmır. Kök salmadığı üçün də özü olmur, özümlü olmur. O inancla millət hara qədər gedə bilər, görünmür. Qaranlıq görünür. Bir insan ömrü millətlə dərin bağlıdır. Əgər bağlı deyilsə millətin sabahı yoxdur. Bu inancdır, dəyərlərini qorumaqdır, yaşamaq, yaşatmaqdır. Gələnəklərini yaşamaq, yaşatmaqdır, dilini, mədəniyyətini yaşamaq, yaşatmaqdır. Bu ciddi şəkildə aqibətini qurmaq, yaratmaq tələb edir. Asif Ata bizə bu ölçünü, bu yolu verir. İnam insanın özü ilə, özündəki Mütləqlə bağlıdır. Özündən qıraqda məchul bir şey deyil. İnsanın özünü yaratması, özüylə döyüşü, özünü yaratdıqca özüylə doğmalaşması, yaşamağı özünü sevdirir insana. Həm özün üçün, həm millətin üçün yaşamağın anlamını anlayırsan. Ömür sona yetəndə geridə özümdən sonra bir yol qoyuram deyə içində qürur yaranır. Daha özümlüyü olmayan biri kimi, toplumun istədiyi kimi yaşamırsan. İnsani qurallara, insani arzulara, niyyətlərə uyğun yaşayırsan. Yaşayırsan, bu yaşamın da ideyalarını, niyyətlərini, yolunu bölüşürsən. Bölüşəndə, doğurdan da, yaşamaq yaşatmaq nədir onun sirrinə, ucalığına heyran olursan. İnam Evi bu cür özünü yaradan, quran, yol gedən, yolu-ideyanı paylaşan insanların aqibətinin birliyi deməkdir. Bir Ocaqçı hara getsə içində bu ideyalarla İnam Evi daşıyır, onun anlamını daşıyır. İnam Evi bizim bu günümüz sabahımızdır, başlanan yolun davamıdır, sonsuzluğudur. Bir insan özünü yaradırsa, İnamı özündə yaşadırsa İnam Evinin anlamını yaşatmış olur. Bizim birliyimiz kökə bağlıdır, kökə doğmadır. Ocaqçıların birliyi, doğmalığı İnam Evinin varlığını həmişə yaşadacaq.
Atamız var olsun.

Elana İnamçı(Ataya səcdə edib, Bayrağı öpür – G.A.):Mən bir məsələyə toxunmaq istəyirəm. Ocağın Bayrağına irad tutanlar var. Bizim dövlət bayrağımız üçrənglidir. Hərəsi bir məna daşıyır. Başqa-başqa ideyaları süni şəkildə birləşdirib bayraq yaratmaq heç kimi rahatsız eləmir, ancaq Ocağın bayrağı rahatsız edir. Mənasızdır dövlət bayrağının boyaları, çünkü milliliyi bütöv şəkildə ifadə etmir. Ocağın Bayrağı  isə İnsanlaşmaya çağıran müqəddəsliyin rəmzidir.
Evdən çölə çıxırsan, hər yerdə bədbinlik görürsən, hamının üzündən ölüm oxunur. Ocağın gərəkliliyini görürsən. Evdə, çöldə, məktəbdə, hər yerdə Ocağa ehtiyac var. Bu ehtiyacları Ocaq bayrağı çox gözəl ifadə eləyir – İnsanlığa çağırışı ilə.
Mənim üçün Ocaqdan qıraqda həyat sönükdür. Mən həqiqətən ayrı cür düşünə bilmərəm. Ocaqçılığı çətin düşünmək gərək deyil, bu çətinliyi bizə ölkədə, dünyada həyatın durumu verir.Bu,Ocağın çətinliyi deyil, Ocağı başa düşməyənlərin bizə yaratdıqları çətinliklərdir.
İnam Evi Günümüz qutlu olsun. Mən Amal bağında tikilən İnam Evinin başqa yerlərdə də tikiləcəyinə inanıram. Çünki Ocağı sevməmək mümkün deyil. Bütün insanlara, bəşəriyyətə Ocaqlaşmaq, Ocağı başa düşmək arzulayıram. Ocaqçılıq gözəl yaşamdır, insan kimi yaşamaq istəyən hər kəsi buna çağırıram. Ocağımız var olsun.
Atamız Var olsun.

Soylu Atalı: Biri var dövlətin bayrağı, biri də var ruhaniyyatın bayrağı. Əlbəttə biz dövlətin bayrağına qarşı deyilik. Ancaq sənin dediyin kimi, dövlətin bayrağı gərək milli atributa çevrilə. Çoxrənglilik, çoxməzmunluluq, söz yox, bizim millət olaraq zərərimizədir. Elə dövlət olaraq da zərərimizədir. Biri də var ruhaniyyat bayrağı. Ruhaniyyat bayrağı ancaq məbədlərdə asılmaq, bizim başımızın üstündə olmaq üçündür. Onu küçələrdə asmağı düşünmürük. Ya da ölkənin hansısa yüksək dirəklərindən asılmasını istəmirik. Gərək yoxdur. Ona görə dövlətin bayrağı ilə ruhaniyatın bayrağı həmişə fərqli olacaq. Biz istəyirik dövlətin bayrağı xalqın özünün kimliyini ifadə eləsin, orda xalqın özünün məzmunu olsun.
Bir məsələni də sizin baxışınıza çatdırım. Bizim mərasimlərimiz, tədbirlərimiz çox özəl bir məna daşıyır. Biz bunu qorumuşuq, bundan sonra da qorumağımız gərəkdir. Biz başqa tədbirlərdə də oluruq. Mən hara getmişəmsə, söz verəndə danışmışam, sonra sakit oturub dinləmişəm. Mən tədbirlərdə çox səsi sevmirəm. Çoxsəslilikdə həqiqət ölür. Heç nəyi dinləmək, anlamaq olmur. Danışan da özünü ifadə edə bilmir. Ona görə belə bir hal yaratmışıq ki, mərasimin içində yerdən danışmalar, söz kəsmələr olmasın. Başqa tədbirlərdə, məsələn, Qutsal Öyrənim günlərimiz var, orda polemika eləmək olar, ayrı-ayrı düşüncə bölüşmələri aparmaq olar. Mərasimlərimizdə biz o gələnəyi özümüzə yasaq etmişik. Atadan gələn doğru bir quraldır. Ola bilər bizim tədbirimizə ilk dəfə gələn adam söhbətin ağırlığına dözməz. Sakit oturmaq onunçün gərginlik yarada bilər. Ancaq bu gələnəyin özü gerçəkdən gərəklidir. Bir-birinə sayğı var, sevgi var, dinləmək var. Söz, yox biz də çalışırıq,qonudan qırağa çıxıb dinləyicilərimizi yormayaq. Ancaq dinləmək ləyaqəti, işi biryerdə həyata keçirmək, məqsədə yetmək, – niyə gəlmişik biz bura, bu, quruculuq məsələsidir. Doğrudan da, bura bir məktəbdir, bu məktəbi hər birimiz öz davranışımızla yaradırıq, qoruyuruq.
Bizə, xalq olaraq, qıraqdan pis yasalar, pis vərdişlər gətirdilər. Hərcayililk gətirdilər, çığırtı-bağırtı, həşir gətirdilər. Toplantılarda bu özünü göstərir. Bizim tədbirimizə ayrı-ayrı adamlar də gəlirlər,onlar fərqli düşüncələr də deyə bilərlər, dünya da dağılmaz. Fərqli düşünür, qoy düşünsün. Dünya dağılmır ki. Borclu deyil, biz necə düşünürük o da elə düşünsün. Ancaq dinləmək gərək. Söz yox, onun  da düşüncələrində müsbət, üstün bir şeylər olarsa sağ olsun. Bizim düşüncələrimizə uyğun olmayanda isə, biz də öz düşüncəmizi bildirərik. Yəni hər kəs öz düşüncəsini azad şəkildə ifadə edə bilər. Ancaq bizə qıraq şeyləri öyrətmək üçün eləmək olmaz. Doğru olan, gözəl olan nə varsa Ocaqda var. Yəni insanların ağzından vurmuruq, içindən necə gəlir elə düşünmə demirik, ancaq elə mən fərqli düşünürəm deyib hərcayi danışmağa da yol verilmir. Fərqli danış, başqa cür danış, ancaq hərcayilik olmaz. Belə bir gələnəyi biz qorumuşuq, qoruyuruq, qorumalıyıq.
Siz televiziyalara, internetə, yutub kanallarına baxırsınız. Son vaxtlar bir sıra verlişlərdə qanacaq, qabiliyyət var. Biri danışır, o biri dinləyir. Qabaqlar bu da yox idi. Verlişi niyə verirsən biz qulaq asıb bir şey götürə bilmiriksə. Sonralar verliş hazırlayanlar başa düşdülər, cırmaqlaşmaqla sözü çatdırmaq alınmaz. Ancaq hərcayiliklər hələ də var. Televiziyada şou yaradırlar, mübahisə yaradırlar ki, maraq yaransın, pul qazansınlar. Bu verilişlərə bir yerə qədər hərcayi adamlar baxacaq. Sonra onlar da bezəcəklər. Danışıq (Nitq) mədəniyyəti deyilən bir şey var. Bu başlıca bir məsələdir, qorumaq gərəkdir.

Abil Ulusoy: İstanbulda bir kitab aldım. Dünyaya yön verən yüz filosof. Orda oxumaq imkanım olmadı. Bakıda onu kifayət qədər yaxşı incələdim. Hər biri haqqında bioqrafik məlumatlar var. Həmin filosofların dünyaya nəylə yön verməsi ilə bağlı xırda yazılar var. Həmin kitabda yazılanların dünyaya yön verməyi əslində qərbin dünyaya yön verməyidir. Qərb ağalığının özünü təsdiqi idi o filosofların timsalında. Şərq orda təmsil olunmamışdı. Dünyaya yön vermək isə, əslində dünyanın siyasi, ruhani mənzərəsini həmin filosoflar vasitəsilə çatdırırlar. Yəni dünyanı,həyatı, insanı dərk eləmək kitabda göstərilən yüz filosofun iradəsinin ifadəsi kimidir. Bunlar da hamısı qərbdən gələn bir iradədir. Qərb ağalığı, qərbin ruhani ağalığı, siyasi ağalığı və dünyanın insanın, nicatını tamamilə qərbə bağlayırlar. Mən bunu nəyə görə dedim, son vaxtlar Azərbaycanda ziyalı adlanan kəsimin də bəlli çıxışları olur. Filosof kimi təqdim olunanlar var. Hansı ki, fəlsəfədən, filosofluqdan tamamilə uzaq insanlardır. Ən son isə iki gün öncə Atatürk mərkəzinin rəhbəri akademik, deputat Nizami Cəfərovun bir çıxışı var idi, Şuşa ilə bağlı.  Şuşa  islam mədəniyyətinin incisidir deyir. Şuşanı islam dünyasının gənclər təşkilatının başkəndi elan ediblər. Bunu da Əkbər Qoşalı sevinclə paylaşmışdı. Burda zərərli cəhət nədir?! -Toplumda Nizami Cəfərovlar sevilən insanlardır. Çünki onların adlarının qabağında akademik sözü var, deputat sözü var. Üstəlik də Atatürkün adına olan bir mərkəzə başçılıq edir. Təəssüf ki, orda Atatürklə bağlı zərrə qədər iş görülmür. Orda ayrı-ayrı sıradan insanların yubileylərini keçirirlər, onların kitablarının təqdimatları olur. Nə şair kimi şairdirlər, nə alim kimi alim. Bununla da Atatürk mərkəzi öz işini bitmiş hesab edir.Zərərli cəhət odur ki,indi ziyalı kimi təqdim olunan, hökumətdən, hakimiyyətdən pay alan insanlar özlərindən sonrakı nəsillərin yetişməsinə mənfi təsir göstərirlər. Əslində mahiyyətcə Ocağa qarşı çıxırlar. Azərbaycanda elə bir gənclər yetişdirirlər ki, qeyri-hökumət təşkilatlar adında bunların sayları üç minə yaxındır. Məscidlər də bunlardan qidalanırlar. 2567 məscid Azərbaycanda var, qeydiyyatdan keçib. 2567 məscidin ərazisi qədər Azərbaycan işğal olunub. Bunların hamısı, həmin o ziyalı kəsim, titullar alanların hamısı birgə Azərbaycan xalqının ağlına söz deyirlər, yön verirlər.Azərbaycan insanı bunların saylarının çox olmağından, dövlətin bunlara yaratdığı imkanlardan yararlanırlar, adını çəkdiyimiz televiziyalar tamamilə antiazərbaycan fəaliyyəti ilə məşğul olurlar. Bunların yaratdığı qurumlar, elmlər Akademiyası olsun, ayrı-ayrı akademiyanın nəzdində olan institutlar-filan, mahiyyət etibarilə antiazərbaycan siyasəti yürüdürlər. Burda mənim dediklərim balta üsulu kimi qəbul olunmasın. Doğrudan da, olan budur. Bu gənclər Azərbaycan üçün bir növ itirilmiş gənclərdir. Qərbdən qidalanırlar, Qərbə sevgiləri var. Sevgiləri Azərbaycana deyil. Bu işdə ən çox lokomativ kimi Türkiyə götürülür. Halbuki çağdaş Türkiyə çox zəlil bir durumdadır. İllər öncə İstanbulun camilərinin içində tək-tək adamlar görünərdi. Həyətdə heç kim gözə dəymirdi. Artıq illər keçdikcə gedənlərin sayı çoxaldı. Axır vaxtlar camilərin həyətinə, sonra küçələrə çıxdılar. Ərəblərin sayının Türkiyədə 7-8 milyona çatması, onların öz təsir dairələrini genişləndirməsi Türkiyə üçün fəlakətdir. Azərbaycanda Türkiyəni örnək götürürlər, Türkiyənin əslində ruhani böyüklüyü yoxdur. Türkiyə ərəb ruhaniyyatını, ərəbin dinini Azərbaycanda yaymaqla məşğuldur. Türkiyəni ərəbçilik yenidən işğal edib.
Qarabağı ərazi baxımından işğaldan azad elədik. Ancaq Qarabağı işğaldan azad edib işğala verdik. Şuşanın 17 məhləsi var. Orda 17 məscid var idi. Biri də Gövhərağa məscidi idi. O vaxt məscid kimi fəaliyyət göstərmirdi. Heç bir məscid Şuşada fəaliyyət göstərmirdi. Gövhərağa məscidi isə muzey idi. Orda tar, qaval vardı, müxtəlif kitablar vardı, Cabbarla, Seyidlə bağlı. Kasıb bir muzey. Ancaq indi 18-ci bir məscid də tikilib Şuşada. Məscidlər də təmir olunur. Şuşa tamamilə ərəbləşdirilir. Mən də ona görə deyirəm, biz ərazi kimi Şuşanı işğaldan azad elədik, Şuşanı həm də mənəvi işğala məruz qoyuruq. Ərazi işğalı 30-40 il də çəkə bilər. Ölkə öz ərazisini işğaldan azad edə bilər. Ancaq 1500 ildir biz ərəb işğalından azad ola bilmirik. Nisbətən işğalda olan Qarabağ məscidsiz qalmışdı, təzədən oranı ərəbləşdiririk. Mən tamamilə əminəm, Qarabağda atılan addımlar, islamın Qarabağda dirçəldilməsi bütün Azərbaycana təsir edəcək. Ayrı-ayrı insanlarımızın münasibəti necədir islama, bu ancaq yas məclislərində görünür. Yas məclislərini çıxsaq onun inkişafı görünmür. Burda Ocağın boynuna da böyük yük düşür ki, islamın əlindən Azərbaycanı almaq gərəkdir. İnam Evinin yaranmasının ən böyük əhəmiyyəti odur ki, artıq mənim öz məbədim var. Azdır, ancaq həqiqəti deyir. Bütün başqa məbədlərə mesaj verir, – sən həqiqəti demirsən, yalana inandırırsan, mən isə həqiqəti deyirəm. Sənin dediklərin zamana bağlıdır, mənim dediklərim zamanüstüdür. Çünkü həqiqət zamana sığmır. Azərbaycanı bugünkü durumdan çıxarmaq üçün “İnam Ev”ləri gərəkdir. Həm də bunu təbliğ eləmək gərəkdir. Son zamanlar Ocaqla bağlı ən çox paylaşım edən Göytəkin xanımdır. Usanmadan, dayanmadan həm Atadan, həm Soylu Atalıdan paylaşım edir. Ardıcıl davamlı. Artıq bilirəm, izləyənlər, gözləyənlər var. Bunların hamısı sistemli şəkildə davam eləsə, toplumda çox gözəl bir hal yaranar. Atamız Var olsun.

Sevda Amanova: İlk öncə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Sizi, Ocağı, Asif Atanın ruhunu, Bayrağını sevgi, sayğı ilə anıram. Məni Asif Ataya bağlayan, sevdirən nədir?! Asif Atanın  bir cümləsini oxuyursan,  ilk cümlədə onu başa düşə bilmirsən. Sadəcə bir cümlə kimi oxuyursan. İkinci dəfə oxuyanda o cümlə gəlir beynində oturur. Üçüncü dəfə oxuyanda artıq o beyindən süzülür ürəyə, vicdana. Artıq sənin ruhunu səsləndirir ki, nə istəyir, nə deyir. Məni bağlayan, həm də sevdirən odur ki, mən türkçüyəm. Türkçülük ideyaları var onun fəlsəfi fikirlərində, əsərlərində, ruhunda. Türkçülüyü qoyuram bir tərəfə, bu insanda bəşəri dəyərlər var. Bayraq deyirsiz, bayrağa şəklini qoymaq məsələsini. Bayraq bəşəri dəyərdir bütün dünyada. Bayraq dövlətin, bəşəriyyətin atributlarından biridir.  Niyə bu insanın şəkli bayrağa qoyulmasın, ya özü bayraqla təmsil olunmasın. Bu insan bütün bəşəri dəyərləri göstərir. Məsələn, dövlətçiliyi, türkçülüyü, Azərbaycançılığı göstərir. Ən əsas bəşəriyyətin dəyəri insandır. İnsanlaşmağı, İnsanlığı bu dəyəri insanlara göstərir, deyir, anladır. Əgər insan olursa, insan olandan sonra bu dəyərləri  artıq oxuyacaq, öyrənəcək, təbliğ edəcək. Özündə bunların hamısını formalaşdıracaq. Mənə sevdirən budur, bağlayan budur. Ola bilsin mən sizin səviyyənizdə deyiləm, sizin səviyyənizə qədər çatmamışam, oxumamışam, öyrənməmişəm. Hələ gec deyil, insan hər yaşda öyrənə bilər. Bu hisslərdir məni bağlayan. Yəni mən belə çox pafoslu da danışa bilmirəm, sadəcə ürəyimdən keçənləri deyirəm. Məni ən çox da bir türkçü kimi bağlayan budur ki, burda bizim soykökümüzə, gələnəklərimizə bağlılıq var. Ən çox da bunu dəyərləndirirəm. Çünki o bütün hər şeyi əhatə edir. Türkçülüyü əhatə edir, Azərbaycançılığı əhatə edir, dövlətçiliyi, vətənə sevgini əhatə edir. Bütün bunları yaşatmaq üçün İnsanlaş. Bu qədər. Mən sizə təşəkkür edirəm, Asif Atanın ruhunu sayğı, sevgi ilə anıram.

Soylu Atalı: Mən Sevda xanımı sosial şəbəkələr üzərindən izləyirəm. Bir Azərbaycan insanı, qadını necə davranmalıdırsa, o cür davranır, o cür ləyaqət göstərir. İnsanlarla yazışmasında,yanlışlara etirazında etika var. Heç vaxt etikadan qırağa çıxmır, insanlarla  mənasız yerə cırmaqlaşmır. Sözünü deyir, tənqidi baxışlarını bildirir. Yəni əgər biz varıqsa, gözümüzün qarşısında yalan ayaq açıb yeriməməlidir. Belə bir ləyaqəti var, yüksək etika ilə həyata keçirir. Üstəlik də tanıdığım vaxtdan bu yana Ataya münasibəti ucadır, bu da bizə görə deyil. Atanı Azərbaycanla birbaşa bağlı götürdüyünə görə, türklə bağlı götürdüyünə görə, insançılıqla bağlı götürdüyünə görə özünün müstəqil baxşı var. Mən bu cür görmüşəm, ona görə Sevda xanımın səmimiyyətini tam qəbul edirəm, doğru sayıram. Həmişə də qapımız üzünüzə açıqdır. Biz də sizin ləyaqətinizdən, davranışınızdan, baxışınızdan fərəhlənirik.

İnamlı Atalı(Ataya səcdə edib, Bayrağı öpür – G.A.):Mən də Ocaqçı bacı-qardaşlarımı eyni zamanda bizi doğma sayıb gələn dostlarımızı bugünkü gün münasibətilə qutlayıram. Hamınıza can sağlığı arzulayıram. Bu gün İnam Evi Günüdür. Dönə-dönə aramızda bu cür söhbətlər olub. İnam öz dəqiq ünvanını tapa bilmədiyi üçün bu gün dünya, ölkəmiz, vətənimiz qarışıqlıq içərisindədir. İnam məsələsini dinlər üzərinə götürürlər. Belə düşünülür ki, bütün gözəlliklər də elə dini tələbatlarda reallaşır. Mən belə düşünürəm ki, bu gün Fələstinlə İsrail döyüşü gedir. Doğrudan da, əgər Fələstinin başında Məhəmməd peyğəmbər, İsrailin başında Musa peyğəmbər dursaydı bu gün, bəlkə də bu qırğın daha ağrılı, daha iri həcmdə ola bilərdi. Niyə belə düşünürəm, çünki onların özləri döyüşlərin özülünü qoyub. Dünyada Mütləq var, Mütləq dünyanın ahəngindədir, dünyanın nizamındadır, dünyanın qüdrətidir. İnsan bunu duyur,ona görə insan inamsız ola bilməz, Mütləqsiz yaşaya bilməz. Ancaq cənnət, cəhənnəm, cin-şeytan, nə bilim huri-pəri deyəndə, sadalayanda bunların nə əsası var ki, bugünkü gün sən bunlara inanırsan. Deyir, Quran belə deyir. Quran da bir beynin məhsuludur. Bir insan tərəfindən yaradılan ideyadır, baxışdır. Bu insan da yanıla bilər, onun dedikləri insanlıq üçün mütləq həqiqət deyil ki. Bunu bu günün insanı, hər şey insanla bağlı olduğu halda, necə qəbul edə bilər?! Çünkü bu günün insanı özünü təhlil eləyə bilmir, özünü görə bilmir, hardasa qeybdən gələn bir şeylərə inanır. İnandıqları da ən pis Cəmiyyətçilik qanunları quraşdırır. Bu gün cənnətə inanan heç zaman xeyirxah insan ola bilməz, heç zaman kamilləşə  bilməz. Cənnətə inanan kamil insan ola bilməz, çünki fayda düşkünüdür. Qorxu və fayda hər ikisi şərdir. İnsanı daxildən dala çəkən, insanı insanlaşmağa qoymayan amillərdir. Bu amillərin özündən qurtulmaq gərəkdir. Bu gün İnam Evi Günüdür. Biz ayın əvvəli İnam Evində olduq. Orda gözəl söhbətlərimiz oldu. Həvəslə təmizlik işləri gördük, halımızda həyatdan, cəmiyyətdən tam ayrılmış bir şəkildə… 
Bir daha hamınızı qutlayıram.
 Atamız Var olsun.

Soylu Atalı: Biz Asif Atanın arxasınca yerişə başlayanda çoxlarımız bilmirdik ki, Ata axıra qədər nə istəyir. Məsələn, belə götürəndə bəlkə də çoxlarımızın heç peyğəmbər sözünə də beynimiz yatmırdı. Psixoloji bir qıcıq-filan vardı, necə yəni indiki dövrdə peyğəmbər-filan. Elə bir hal var idi. Bu gün bizdən qıraqda belə bir hal var, ona doğal baxıram. Kimsə həqarətlə yanaşırsa onu qəbul eləmirəm, ancaq kimlərsə qəbul eləmir, anlamırsa, buna da doğal baxıram. Hamıya birdən-birə deyə bilmərik yeniliyi olduğu kimi qəbul edin. Düşünmədən eləmək olmur bunu. Axı biz özümüz Ocaq həqiqətlərinə birdən-birə gəlib çatmadıq. Niyə Asif Ata peyğəmbər?! Bir sıra anlayışlar var, onlardan həm əl çəkmək istəyirik, həm də əl çəkə bilmirik. Bunların hamısının ayrıca özəl məzmunu var, etkisi də var. Biz görürük, İnsanlığın qarşısında duran əngəllər var. Öncə onu deyim, bu əngəllər olduğuna görə Asif Ata belə bir Ocaq yaratdı. Yaratdı ki, dünyaya, həyata, insana münasibəti dəyişsin,baxışı dəyişsin. Elm, texnologiyalar hara qədər gedirsə getsin, inkişaf edirsə etsin, bu inkişaf tendensiyasının içində olan adamlar insana bizim düşündüyümüz kimi baxmırlar. Dini qəbul eləmirlər, ancaq bizim düşündüyümüz kimi də baxmırlar. İnsanı bütünlüklə sosiallaşdırırlar, sosial varlıq kimi götürürlər. Axı insanı sosial varlıq kimi götürməklə insanı tanımaq, böyütmək olumsuzdur. Çünki insan məhdudlaşdırılır. İnsanı öz mahiyyətinə bərabər götürməyəndə insan bilinmir, tanınmır, açılmır, sirr olaraq qalır. İnkişaf tendensiyasına bağlı olan insanlara sual ver ki, insan nədir, niyə yaşayır, niyə var. Heç biri düzgün cavab verə bilməyəcək. İnsana gərək olmayan bir cavab verəcək.

Biz dini suçladıq ki, din insana baxışı pis səviyyədə dəyişdi.  Din deyir, insan ilahi başlanğıcdır, yəni Allah onu yaradandan sonra özündən ona ruh verdi. Əgər Allah ona özündən ruh veribsə, sən niyə onu müti qəbul edirsən. Ona özündən ruh veribsə insan qoy o ruha  bərabər yaşasın.
Bizim düşüncəmizdə, təsəvvürümüzdə insanı yanlış obrazlaşdırdılar, balaca götürdülər, sürü götürdülər. O gün mənimlə debat aparan oğlanla danışanda, mən insanın fəlakətlərindən danışıram, sürüləşməsindən danışıram, adam deyir, elə insan odur da. İnsan odursa heyvan nədir onda. Mən sənə insandakı heyvanı göstərirəm ki, bu insan heyvanca davranır, heyvana enibdir. Sən də deyirsən insan elə o deməkdir. Bəs onda heyvan nə deməkdir?!- Dinin etkisindən çıxanlar deyirlər insan elə belə olmalıdır, onu tamam doğal bir gedişə buraxmaq gərəkdir. Onlar buna lağlağı baxırlar ki, insanı niyə dəyişməyə çalışırsan?! – İnsanı dəyişməyə çalışmıram, insanı heyvandan ayırmaq istəyirəm. Dəyişməyi özü bilər, onun şüurunu heyvandan ayırmaq istəyirəm. İnsana baxış dəyişməlidir. Asif Ata ona görə gəlir. Sənin Allahını-filanı qoy bir yana, insanın özünə baxış dəyişməlidir. İnsan bioloji varlıq deyil, insan sosial varlıq deyil. Biolojilik, sosiallıq insanın çox bəsit bir səviyyəsidir. İnsan bunlardan qat-qat yüksəkdə, dərində olan bir varlıqdır. Asif Ata İnsana, dünyaya baxışı dəyişmək üçün yaradıb Ocağı. Çünkü  dünyadan qıraqda insan var ola bilmir, bilməz də. Dünyanın anlamından, məzmunundan, qutsallığından qıraqda insan var ola bilmir. İnsan dünya ilə iç-içə olmasa, dünyanı anlamasa özünü qura bilmir, özünə baxışı dəyişə bilmir. Ona görə Ata dinlərin əlindən dünyanı alır. Dünya oyun-oyuncaq deyil, dünya fani deyil. Dünya özündə Mütləq gəzdirən, əzəli, əbədi bir nizamdır,  gedişdir. Dünya əbədilik gedişidir, necə yəni dünya oyun-oyuncaqdır, dünya fanidir.
Belə baxanda bir neçə cümlə içində böyük bir həqiqət var. Bizə elə-belə gəlməsin. Biri deyir, dünya oyun-oyuncaqdır,  Ata deyir özündə Mütləq gəzdirən bir olaydır.  Yerlə göy qədər arasında fərq var bunların. Biri dünyanı uçurur, heç edir, dünyanı olduğundan heçə çevirməyə çalışır, biri isə dünyanı olduğuna, olmalı olduğuna yüksəldir. Dinlə Atanın arasında yerlə göy qədər fərq var. Heç kim də qarşıya dikilib deməsin ki, Atadan öncə dünya haqqında, filan haqqında nəsə deyiblər. Nə deyiblər, fani deyiblər. Buddamı deyib?! – Fanilik ideyası elə Mayya ideyasıdır, Buddada olub. Hind ruhaniyyatında, krişnaizmdə var. Dünya fanidir. Dünya əzəli, əbədi, kamil, sonsuz mahiyyət daşıyan hadisədir demirlər. Mayyadan qutarmağa çalışırlar. Hind ruhaniyyatçılarının dediyinin canı odur. Bu Mayyadan qutarmaq, bu sansaradan çıxmaq gərəkdir. Necə çıxardacaq- dünyadan əl çəkməklə. Bayaq İnamlı belə bir ifadə işlətdi ki, insan belə bir məqamda həyatdan tamam ayrılır. Həyatdan ayrılır nə deməkdir, o demək deyil ki, mövcudluğunun üstündən bir xətt çəkir. Həyatda biz nə görürük, hansı davranışı görürük, hansı münasibəti görürük, – bəsit bir davranış, bəsit bir münasibət, heyvani bir gediş, heyvani bir ünsiyyət, heyvani bir münasibət.  Biz bunu görürük həyatda. İnamlı bundan çıxırsan deyir, uzaqlaşırsan. Bunun yerinə Asif Ata Yüksək (Ali) Həyat deyir. Yüksək Həyat nədir, – insanın öz mənasına bərabər yaşaması. İnsan öz mənasına bərabər yaşayırsa həyatı bəsitlikdən çıxardır, yüksəldir, Yüksək həyata qovuşdurur. Yəni bir az bundan qabaq insan heyvan kimi yaşayırdı, həyat heyvani münasibətlər ahənginə dönüşmüşdü. İndi insan öz mənasına bərabər yaşayır, həyat Yüksək Həyata yüksəlir, insanilik səviyyəsinə yüksəlir. Ata onu tələb edir, onu istəyir. Sənin mahiyyətin odur, sənin içində daşıdığın İnsanlıq adlı mahiyyət odur, ona bərabər yaşa deyir. Sənə olmayan bir şey vəd eləmir, səni olmayan bir şeyə çağırmır. Bu başlıca məsələdir. İnsana, dünyaya, həyata baxışı dəyişmək.  Asif Atanın başlıca görəvi budur. Bu baxış dəyişməsə insan özünü tanımayacaq, bu baxış dəyişməsə insan özünü dərk etməyəcək. Bu baxış dəyişməsə insan dünyanın gedişinə müqəddəslik gətirməyəcək. Təsdiq yoxdur, bu baxış dəyişməsə heç bir təsdiqdən danışa bilməzsən. Dünya elə bu qan-qadanın içində üzəcək.
Bəzi proseslər var, insanlara çox çətin görünür. Niyə, çünkü addım atmır.  O kəs ki özüyədöyüş məzmunundan uzaqdır, o adam dünyanın gözəl bir nizama, uyuma dönüşməsinə heç vaxt inanmayacaq. Ancaq öz içində balaca bir dəyişikliyə yol açan, yol tapan insanın ağlında, düşüncəsində hər şey aydınlığa çıxır. İnsan özündən qaça bilməz ki. Ocağın dediyinə gəlmək nədir, – insan özündən qaçmasın. Ocaq insanın özündən qaçmaması adlı hərəkatdır, belə deyə bilərik. Qoy bizdən qıraqda dünya qan havasına oynasın, biz müqəddəslik havasına yaşayaq, düşünək. Dünya öz tərsliyində olsun, biz öz inadımızda olaq. Dünyanın dediyini deməyək. Dünyanın nizamını, ahəngini, gedişini həmişə az-az adamlar dəyişib, sürü dəyişməyib ki. Az adamlar olsun, az adamlar yaransın. Özüylə barışmayan, özüylə döyüşən, özünü yetişdirən, yetkinləşdirən. O insanlar özləri həyatın gedişinə nizam olurlar –  ömrü, düşüncəsi, davranışı, varlığı, öyrətməsi ilə. Çağırmaqdan usanmamaq, yorulmamaq, yalvarmaqdan usanmamaq, yorulmamaq. Bizim işimiz yalvarmaqdır, bizim işimiz cırmaqlaşmaq deyil, yamanlamaq deyil. Başqasını söymək, yamanlamaq, aşağılamaq adlı ruhani döyüş yoxdur. Biz Ocaq olaraq insanları aşağılamaq üçün yaranmamışıq, insanlara yalvarmaq üçün yaranmışıq. Onun içini özünə göstərmək, özünü özüylə üz-üzə qoymaqdan ötrü yaranmışıq.
İnam Evi günümüz qutlu olsun. Hər birinizə bir daha sevgimi, sayğımı sunuram. Var olun. Zəhmət çəkdiniz, qatıldınız, dinlədiniz. Bu gün Asif Atanın ortaya gətirdiyi ideyaları yaşatmaqda addım atdınız, qərar verdiniz. Bunların hamısı quruculuq işləridir, heç biri boşuna deyil. Hər birinizi alqışlayıram. Bununla da Qutsal İnam Evi günümüz başa çatır.


“Atamız Var olsun!”, “Ata Ruhunu Ürəyimizdə aparırıq!” səcdəsilə törən başa çatır.

Yağış Ayı, 45-ci il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir