Xəbərlər

Qutsal “İnam Evi Günü” Törənində deyilmiş düşüncələr

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Qutsal “İnam Evi Günü” Törənində deyilmiş düşüncələr

Ocaq Günsırası ilə 13 Yağış Ayı, 39-cu ildə Mütləqə İnam Ocağı Qutsal “İnam Evi Günü” Törənini həyata keçirdi. Ocaq Quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözünə başladı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Qutsal Günümüzə başlayırıq. Asif Atanın Mütləqə İnam Ocağının “İnam Evi Günü” törənini həyata keçiririk. Bugünkü törənimizin anlamı haqda bir neçə söz demək istəyirəm. Tədbirimizin anlamı haqda elə danışacam, qonaqlarımız üçün də nələrsə aydın olsun.

Hələ sovetlər dönəmində Asif Ata ədəbiyyat yönündə çalışmalara başlamışdır. O çağlarda milli şüurun formalaşması, gəlişməsi onun çalışmasının başlıca hədəflərindən olub. Biz bütün bəşər xalqlarına sayğılıyıq. Bəşər xalqlarına qarşı bizim yanaşmamız insani yanaşmadır. Biz türkün türklüyünü şovinizm xəttində götürənləri qəbul etmirik. Nəinki qəbul etmirik, elələrini qınayırıq. Biz türklüyü ayrıca bir dəyər hesab eləyirik. Türk soyu başqa millətlər kimi millət anlamı daşısa da, türklük özü ayrıca bir dəyərdir. Asif Ata deyirdi, türk birüzlüdür, doğasevərdir, insansevərdir. Bunlar başqa xalqlarda da yox deyil. Ancaq bu, türkdə özəl bir keyfiyyətdir. Bunu biz bugünkü həyatımızda da görürük, izləyirik. Ona görə bu məsələ bir az ruhaniyyat anlamına girib. Yəni Türklük ruhaniyyat anlamına girib. Biz basqılar altında zaman-zaman bu keyfiyyətləri itirdik. İstər ruhaniyyat açısından, istər ideoloji açıdan biz daim assimilyasiyaya uğramışıq, buna dirəniş göstərə bilməmişik. Nədən göstərə bilməmişik? Ona görə göstərə bilməmişik, bu xalqın özünün söykənəcəyi, ayağını qoymağa zəmini olmayıb. Zəmin yaratmayıb. Bu zəmini ideyalardan, ideologiyadan yaratmaq olar, türk onlara sanki vecsiz yanaşıb. Çünkü türk daim döyüş xəttində olub, daim at belində olub, güc meydanlarında olub. Çox az hallarda idrak meydanında olub. İdrak meydanında olduğu hallarda da ona yiyə çıxmayıb. Asif Ata sovetlər çağında belə düşüncəyə gəlir, biz öz millətimizi yeni aşamaya keçirməliyik. Özümüzəxas ideoloji bazamız olmalıdır. Bir sözlə, milli strategiya formalaş­malıdır. Əgər milli strategiya yaradacağıqsa, millət olaraq, tarix səhnəsində qalacayıq. Başqa cür biz tarix səhnəsindən çıxırıq. Bu gün biz tarix səhnəsində özgələşmiş şəkildə varıq, özümüz olaraq yoxuq. Baxın, varlığı bəlli edən nədir? Bəlli edən dildir, tarixdir, mədəniyyətdir, dövlətdir (ideologiyadır), inanc məsələsidir. Dilimizin pis gündə olduğu bəlli, yəni ərəb-fars sözləri ilə dolu. Tariximiz qarışıq, mədəniyyətimiz özgəçiliklə dolu. İdeologiyamız demokratiya adlanır. Yəni Dövlətimiz yadideologiyalı, milli strategiyası da yox. İnancımız da göyel dinlər. Türk olaraq ya islamıq, ya xristianıq, fərq etməz. Biz bütün xətlərdə özgələşmişik, özəllikcə inam, ideologiya xəttində. Biz özgəçilik basqısı altına girmişik.

İnsanlıq toplum şəklinə düşəndən sonra zaman-zaman birgə yaşayışın üsulu düşünülmüşdür. Ayrı-ayrı bireylər birgə yaşamalıdır. Bu birgə yaşayışın da birgə quralları olmalıdır. Bəs birgə yaşayış necə təmin olunsun? – Düşünün, dövlət də birgə yaşayışı qorumaq üçün yarandı. Yasalar ortaya gətirir, qanunlar yazır. Bu qanunlarla birgə yaşayışı təmin eləyir. Ancaq bu qanunlar insanın birgə yaşayışını sürü şəklində həyata keçirə, qoruya bilir. Sürünün birgə yaşayışı təmin olunur əslində. Yəni insan öz kimliyini anlamır, qurmursa, yaratmırsa, öz gələnəklərini yaratmırsa, onun birgə yaşayışı sürü anlamına gələr. Ona görə, insanların ağlında, şüurunda ruhaniyyat məsələsi ortaya gəldi. Ruhaniyyat məsələsi də mahiyyətcə insanların birgə yaşayışını təmin eləmək üçündür. Daha yüksək səviyyədə, mənəviyyata, insanlığa, bəşəriliyə dayanaraq, təmin eləməkdir. Bu xətdə, bilirsiniz, lap qədim çağlardan dinlər formalaşmışdır. Animizm dövrü var. Bundan sonra tayfa dinləri yaranıb. Ondan üzü bu yana göyel dinlər yaranıb. Bunların hamısı, yenə deyirəm, birgə yaşayışı təmin eləmək üçün olub. Baxın, çağdaş nəzəriyyələr dinlərin yaranmasını insanın doğanı (təbiəti) anlamamasına daha çox bağlayırlar. Deyirlər, din ona görə yarandı, qədimdə insanlar doğa olayları qarşısında aciz idi. Doğada olaylar baş verir, dağıntı olur, şimşək çaxır, filan eləyir, insan aciz qalırdı. Çağdaş nəzəriyyələr bu günümüzə qədər belə biliblər. Bu var, danmırıq. Ancaq təkcə bu deyil. Təkcə bu olsaydı, yəni insan doğa olayları qarşısında acizlikdən dinə tapınsaydı, onda bu gün gərək dinlər olmayaydı, çünkü bilim yetərincə gəlişib, göylərə qalxıb. Ancaq İnama hər zaman gərək var. Bu gün də Allah anlamına ehtiyac var. Ruhaniyyata gərək var. Asif Ata ona görə ortaya gəldi. Dedi, insanlıq ruhaniyyat məsələsində çökür. Ruhaniyyat məsələsi əyilib, əydirilib. Bunu biz qədimdən üzü bu yana görürük. Bunu biz göyel dinlərdə daha çox görürük. Bunu biz “Tövrat”da görürük. “Tövrat”ın Allahı tayfa Allahıdır. “Tövrat”ın Allahı yəhudilərin baş qərargah rəisi kimi çıxış eləyir. Yəhudilərin hərbi baş biləni kimi çıxış eləyir. Onlara yol göstərir. “Babalarınıza filan torpaqları halal eləmişik, onları alın”. Ancaq bunu alarkən böyük qırğınlar törədib, başqa soyları qırırlar. Körpədən tutmuş qocaya qədər ki, bunlar qalarsa sabah sizin başınıza bəla aça bilər. Yəhudi xalqını pis-yaxşı Tövrat formalaşdırıb. Onların varlıqlarını qorumaları açısından bunu anlamaq olar. Ancaq bu davranışları Ruhaniyyat biçiminə salmaq olmaz. Ruhaniyyat kimi bəşərə sırımaq olmaz.

Onun dalınca gələn İslam dinindəki Allah elə həmin Allahdır. Quranın ayələrini oxuyun, baxın, deyir, ya peyğəmbər, toplumuna de, İsrail oğullarının başına gətirdiklərimizdən örnək götürsünlər. Həmin Allahdır danışan. Bu dəfə ərəblərin Allahı kimi çıxış eləyir. Sanki bəşəriyyətdə başqa xalqlar yoxdur… Ona görə də Asif Ata düşündü, daşındı, Ocaqlaşma yönü tutdu. Dedi, ruhaniyyat əyilib, onu düzəltmək gərəkdir. Allah anlamı əyilib. Allah oyuna çevrilib. Onu oyundan qurtarmaq gərəkdir. Necə qurtarmaq? – Mütləqə İnam sistemi yaratdı. Bu gün ruhaniyat məscidlərdə, kilsələrdə, sinaqoqlarda, hind məbədlərində, Misir məbədlərində, Çin məbədlərində əyri ruhaniyyat öyrədir, doğru ruhaniyyat öyrətmir. Milyonlarla kilsələr var. Ancaq heç birində yarım insan əmələ gəlmir, çünkü İnsanlıq təlimi keçirilmir. İnsandan qıraqdakı qüvvəyə pərəstiş öyrədirlər. O qüvvə insanüstüdür, İnsanla bir deyil. İnsanlıq ömründə, yaşamında deyil. Asif Atanın İnam Evi ruhaniyyat öyrədən, insanlığı düzəldən bir ünvandır. İnsanlığın təlimini öyrədən bir ünvandır. Biz “İnam Evi Günü” deyə belə bir tədbir həyata keçiririk. İnsanlığın ünvanını yaradırıq türkün içində. Az sayda adamlarla. Baxın, çox sayda çalışmalar, nəzəriyyələr, təşkilatlar var. Mən heç bir sağlam yönə, çalışmaya vecsiz deyiləm, sayğı duyuram. Gərəkli bilirəm, heç birini dışlamıram. Demirəm, Asif Ata var, qalan heç nə yoxdur. Ancaq deyirəm, ruhaniyyatın anlamı, yönü düzəlməyincə qalan şeylər heç düzəlməyəcək.

Bir neçə kəlmə qonaqlarımız üçün. Asif Ata Qorki adına Mosva Ədəbiyyat İnstitutunu bitirib. O bu instututda ədəbiyyat ələşdiricisi (tənqidçisi) kimi ixtisaslaşıb. Ancaq o çağlarda Moskvada eyitim alarkən özü özüylə ciddi uğraşıb. Dünyanın ədəbiyyatını, musiqisini, dinini, tarixini, mifologiyasını, fəlsəfəsini öyrənib. O deyirdi, mən dünya tarixini oxudum, ancaq o tarixdə öz millətimin adına rast gəlmədim. Bu, bir türk olaraq, onun heysiyyatına toxunur, heç yerdə Azərbaycanın adı yoxdur. Axı niyə?! Bax, bu “niyə” sorusuna cavab tapmaq üçün Azərbaycanı öyrənməyə başlayır. Görsün, Azərbaycanın adı niyə yoxdur heç yerdə?! Çox çətin idi onun üçün. Çünkü o çağlar yazılı tarix bəlli deyildi, ciddi ədəbiyyatlar yox idi. Ancaq axtarışlarının sonucunda Azərbaycanla bağlı gərəkən bilgi əldə eləyib öyrənir, Azərbaycan dünyaya çox böyük dəyərlər verib. Çox böyük özülü olan xalqdır. Bu xalq, doğrudan da, tarix səhnəsində baş rollarda gedə bilib. Ancaq bu millət 7-ci yüzildən ərəb basqılarına uğrayıb, assimilyasiya edilib. Dünyagörüşü dəyişdirilib, Tanrıçılığın yerinə Allahçılıq verilib. Bilirsiniz, az qala 300 il rusların əsarətində olub. Nə qədər ruslardan bəlli gəlişmə etkisi götürsə də, hər halda, bu özgələşdirmədir, özgələşmədir, özümləşmə deyil. Bu baxımdan da, Asif Ata düşünüb, Azərbaycana dönmək, yeni dünyabaxış yaratmaq, yeni fəlsəfə, yön yaratmaq, yeni ideya, düşüncə yaratmaq sonucda yeni insan yaratmaq gərəkdir, Azərbaycan o nöqtədən başlayaraq özümləşmə xətti götürsün. Burada çalışmalarına ədəbiyyat ələşdiricisi kimi başlayıb. O çağlar yazırdı, ələşdirmənin (tənqidin) əsas canı budur, Azərbaycan ədəbiyyatı çox aşağı səviyyədədir, burda milli özəlliklər öz əksini tapmır. Burada milli şüurun gəlişməsi üçün başlıca çalarlar, ideya-məzmunlar yoxdur.

Asif Ata bu milləti basqı altına alan, özgələşdirən, milli şüurunun gəlişməsinə əngəl olan nədənlərdən biri kimi Kommunizmi sayır. Ona görə Kommunizmə, Marksizmə qarşı olub. Asif Ataya bir neçə damğa vurulub. O damğalar belədir: antimarksist, antisosialist, antikommunist, pantürkist. Faşist də deyiblər. Ona görə deyiblər, Asif Atanın bir ideyası var, dövlət ruhaniləşməlidir. Atanı anlamamaqdan irəli gəlirdi. Bu ayrı qonudur.

Elə bir ortamda Asif Ata çalışmalarını sürürdü. Təbii olaraq izlənilib, sıxışdırılıb, sovetlərin DTK-sı onu çox basqılara uğradıb. Qohumlarına basqı göstəriblər. Hansısa görəvdə olanlarını işdən çıxarıblar. Soraq yayıblar – “Asif Atanı öldürüblər, meyidi morqdadır”. Qohumlar hamısı tökülüb Bakıya gəlib… Yəni mənəvi, psixoloji basqılar çox olub Ataya qarşı. Ona görə də belə qərara gəlib, DTK- nı necəsə aldatsın. Elmi iş götürüb, dissertasiya yazıb, elmi dərəcə alıb. Dövlət müəssisələrində işləyib. Məsələn, o vaxt Bakı Dövlət Universitetində etikadan, estetikadan dərs deyib. Sonra gizli çalışmaya keçib. 1990-cı ildə sovetlər dağıldı. Ondan sonra üzə çıxıb, çalışmalarını gizlilikdən çıxarıb. Asif Ata 70-ci illərdə deyirdi, biz özümüz hakimiyyətə gələcəyik, istədiyimiz kimi dövlətimizi quracağıq. İstədiyimiz kimi xalqımızı formalaşdıracağıq. Ancaq sovet DTK-sı Asif Atanı izləməyə başlayandan sonra, onun böyür-başında olan insanlar dağılıblar. Anlayıb, Azərbaycan xalqının indiki səviyyəsi çox aşağıdır. Assimilyasiyanın sonucu olaraq, Azərbaycan xalqı bu duruma gətirilib. Ona görə deyir: “Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq”. Yəni yeni dünyabaxış yaradır. Bunun əsasında bizim milli kimliyimiz formalaşır, düşüncə sistemimiz yaranır, ədəbiyyatımız, poeziyamız dəyişir, yeni dünyabaxış əsasında. Bu Dünyabaxışın adına Mütləqə İnam deyir. Mütləqə İnam özündə 6 ideya daşıyır. Onlardan birincisinin adı Mütləqə İnamdır. Qısa deyim. Asif Ata bizə sırınan Allahı qəbul etmir. Yəni yeri-göyü yaradan, hurili-pərili, cənnətli-cəhənnəmli Allahı rədd edir. Belə Allah olmaz. Allah anlamını isə qəbul edir. Bu Anlam əzəlidir, əbədidir, kamildir, sonsuzdur. Bu qüdrətdir, qüvvə deyil. Yazılarımdan birində yazmışam: deyirlər Allah qüvvədir, ilahi enerjidir. Deyirəm, Allah qüvvə deyil. Çünkü qüvvə fiziki vahiddir. Onun ölçü vahidi var. Enerji fiziki anlayışdır, o da ölçülür. Allah Anlamı ölçülmür, çəkilmir. Bu bir qüdrətdir. Asif Ata  bu Anlamı doğrulaşdırır, ona görə bu ideyanı yaradıb.

İkinci, Kamil İnsan. Kamil insan Asif Ataya qədər deyilmiş bir sözdür. Kamil İnsan insanın, özüylədöyüş əsasında, özünü yaratmasıdır. Öz mahiyyətinə çatması anlamıdır.  Qonaqlarımızın durumunu gözə alıb, olduqca, qısa deyirəm.

Üçüncü ideyasının adı Ruhani Cəmiyyət, ya da Xəlqi Birlikdir. Asif Ata nə sosializmi, nə də kapitalizmi qəbul eləmir. Quruluşu insana qarşı hesab eləyir.

Dördüncü ideyasının adı – Müstəqil Vətən. Bağımsız siyasəti, mədəniyyəti, iqtisadiyyatı olan vətən. Belə yazır: “aldığın qədər verməlisən, verdiyin qədər almalısan”. Vətən o vaxt bağımsız olur, onun bağımsız vətəndaşı olur. İçdən bağımsız olur, milli şüura bağlı olur, öz xalqının gələnəklərinə bağlı olur i.a. Onun əsasında milli mədəniyyət, milli iqtisadiyyat fomalaşır.

Beşinci ideyası Özümlü Şərq adlanır. Asif Ata belə düşünür. Dünyanı bölmürük Doğuya, Batıya. Ancaq siyasət dünyanı Doğuya, Batıya bölüb. Doğu dəyərləri ilə Batı dəyərlərini bir yerdə götürür. Ancaq ən çox üstünlük verir Doğu dəyərlərinə. Çünkü peyğəmbərlik, böyük poeziya, böyük ədəbiyyat Doğudan başlayıb. Batıda əsasən texnika, elm gəlişdi. Ancaq insanın gəlişməsinə bağlı olan məsələlər Doğuda formalaşıb. Ona görə, Asif Atanın düşüncəsinə görə, Doğu özünə qayıtmalıdır. Demir, 500-cü ildə necəydi elə olmalıdır. Deyir, özünün dəyər yaratma keyfiyyətlərini bərpa etməlidir. Özünün klassik dəyərləri üzərində gəlişməlidir. Bax, bunlar Asif Atanın inanc sisteminə girir.

Sonuncu ideyasının adı – Ləyaqətli Bəşər. Asif Ata çox böyük millətçidir, ancaq eyni halda bəşərçidir. Yəni onun millətçiliyi bəşəriliyinə qarşı deyil. Nə də bəşəriliyi millətçiliyinə qarşı deyil. Hər bir xalq özü bir dünyadır. Hər bir xalq özü, bağımsız olaraq, milli kimliyini irəli sürməlidir. Heç bir xalqın onun milli kimliyinə, mənəvi kimliyinə, siyasi kimliyinə soxulmağa haqqı yoxdur. Bax, Asif Atanın dünyabaxışı bu ideyalardır.

Qonaq öz düşüncələrini bölüşdü. (T.A.)

 

Soylu Atalı: Bizim durumumuz budur, hər zaman vurğu elədiyimiz kimi, ruhumuz işğal olunub, inanc sistemimiz işğal olunub. İkinci, bizim milli strategiyamız ləğv edilib, dövlət ideologiyamız işğal olunub. Biz dövlət yaratmaq istəyirik, dövləti kiminlə yaradaq?! Bu şüuru insana verməyincə, bu şüurda insan yaratmayınca, bu toplumun içində, topluma yiyə çıxan, insan yaratmayınca, hansı dövləti yönətəcəksən?! Birinci aşamada ideya sistemi ortada olmalıdır, bir baxış sistemi ortada olmalıdır, ondan sonra biz düşünməliyik dövlətimizi quraq, dövlətimiz bunun əsasında formalaşsın. İndiki dövlətimiz çox kiçikdir, parça-parçadır.

Bütün türklərin içində hər kəs istəyir Türk birliyi yaratsın, türk ayılsın, dirilsin, filan olsun. Necə? Mən də deyirəm şüur fərqlidir, düşüncə fərqlidir. Xristian türk var, müsəlman türk var, buddist türk var, musəvi türk var. Bu hələ inanc sistemində olan fərqdir. Bunların hər biri özünəxas mədəniyyət formalaşdırıb. Mən islam şüuru daşıyıram, saxalar xristian şüuru daşıyır, bir başqası buddist. Bu türklərlə hansı xətdə anlaşmalıyam. Ortaq dil yaradıram. Bu ortaq dildə hansı mədəniyyəti qonuşacam səninlə?! Hansı ülkünü, hansı dünyabaxışı qonuşacam səninlə?! Nə qonuşacam, islamın gətirdiyini, ya xristianlığın gətirdiyini?! Üstəgəl ideoloji xətdə götürək. Bugün NATO-nun içində Türkiyə, bu gün Avropa meyilli türk, bu gün Avrasiya İttifaqında olan türk, i.a. Yəni siyasi açıdan da bunlar tamam param-parça durumdadır. Bəs bunu biz necə ortadan qaldıracağıq?! – Bizim dediyimiz şüura yiyə olan insanlarla. Vahid milli şüura yiyə olan insanlarla. Əgər vahid milli şüura yiyə olan insan yetişdirə bilmirsənsə, ağzınla quş tut, heç nəyə yetə bilməyəcəksən. Məndən soruşurlar, bunlar nə vaxt olacaq, deyirəm, bilmirəm, 50 ilə, 500 ilə.

Qardaş aydınlaşdırır bizim genetikamız dəyişib (Tatarstandan gələn qonağı deyir – T.A.). Bu şüuru dəyşmək, genetikanı qaytarmaq sadə bir proses deyil. Biz milli şüurun, milli düşüncənin etkisinə nədən başlamalıyıq –  Ruhani işğalımızı aradan qaldırmaqla. İç dünyam işğal olunub, dağıdılıb. Ordan başalyırıq.

Ömürtay Atalı: Biz deyirik xalqdan başlayaq, mən bəyin danışığından belə başa düşdüm, bəy deyir gərək yuxarıdan başlayasan.

Soylu Atalı: Mən anladım nə demək istədiyini. Asif Atanın ideyası daha sistemlidir. O ki qaldı, aşağıdan yuxarıya, ya yuxarıdan aşağıya, mən sizə deyirəm, unudun yuxarıdan aşağını. Bugün, bütün dünya çapında, yuxarı təyin olunur, yuxarıdakını başa xalq gətirmir. Xalq heç vaxt da yuxarını gətirməyəcək. O yuxarıdakılar da zatən xalqa gərək olan insanlar deyil. Hamısı satılmış, alınmış adamlardır. Bundan sonra da satılmış, alınmış adamlar olacaq. Çünkü onların bazası qıraqdadır. Onların dayağı qıraqdadır, içində deyil. İç – xalq deməkdir. Bu xalqı yaratmaq gərəkdir. Xalqı küçümsəməyək. Xalqın şüuru dəyişməlidir. Xalqın şüurunun dəyişilməsi üçün kim üzdə hansı uğurlu diplomatik addımlar atır, siyasət qurur, filan edir, buna qarşı deyiləm. Ancaq yenə vurğu edirəm, insanın içində dəyişiklik olmayacaqsa, xalqın ağlına öz kimliyini verə blməyəcəksənsə, onu yaza bilməyəcəksənsə, o xalqa etibar eləməyəcəksən. Mən vurğu elədim, Asif Ata dedi: “Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq”. 1970-ci illərdə Asif Atanın yörəsində minlərlə adam vardı. Bu gün siyasi hərəkata dırmaşan, adını çəkmək istəmirəm, siyasi hərəkatda olanların neçələri Asif Atanın yan-yörəsində idi. Ancaq DTK izləyən kimi hamısı qaçıb gizləndi. Asif Ata qaldı tək. Tək qaldı, hər şeyini qurban verdi, ancaq əqidə döyüşündən geri durmadı. Onda dedi, “Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq”. Sənin, mənim şüurum ona hazır deyilsə, biz heç nə edə bilməyəcəyik. Biz milli şüura yüksəlməyəcəyiksə, bu xalqın içindən kadr yarada bilməyəcəyiksə, heç nə edə bilməyəcəyik. Kadr havadan yaranmır ki. Birdən-birə hazır kadr hardan alıb dövlətin başına qoyaq?! O dövlətin başına qoyduğumuz kimə dayansın?!

Xalqın içində missionerlər gəlib təbliğat aparır. Deyir filankəs məhvə məhkumdur, biz də durub onu məhv edirik… Şüurun formalaşması xalqın içində getməlidir. Xalqın içində bu şüur formalaşacaqsa, kadrı onun içində yaranacaqsa, dövlətin başına bu kadrlardan gətirəcəksən. Bir çağlar Hindistanda olduğu kimi. Yaxşı baxın Hindistandakı Qandi dövrünə. Qandi nələr yaratmadı. Kiminlə yaratdı, – xalqla. İngilisə xalqla dirəniş göstərdi. Hələ bununla belə ingilisin yarımmüstəmləkəsi səviyyəsində qaldı. Əzizlərim, qıraqda demokratiyanın başında ayağında duranlarla eləmədi bunu. Qıraqda ingilislə, fransızla eləmədi bunu.

Xanəmir bəy: Soylu bəy, siz düz deyirsiniz. Zinnur bəyin metod, konsepsiyası var. O, öz formulunu qoyur, siz öz formulunuzu qoyursunuz, bir başqası özününkünü. Burda xalqı inkar etmək yoxdur. Biz də xalqın içindən çıxmışıq. Belə söhbətlər min il də davam edə bilər. Ancaq metod ortaya qoyulanda… Azərbaycan Cümhuriyyəti qurulanda türkçü tezis vardı – “İşdə, düşüncədə birlik”. Bu, az rol oynamadı. Bu, az şey deyildi. Minlərlə kitablar yazıldı, adamlar qırıldı, savaşdı, xalqın içindən çıxmış adamlar idi hamısı. Siz bu işlərin içindəsiniz. Sizin gördüyünüz işlər, düşüncələr çox gözəldir, mükəmməldir. Zinnur bəyin metodu, konsepsiyası zəif ola blər, mübahisəli ola bilər, o demək deyil, bu qəbul olunsun. Öz tərəfimdən düşünürəm, bu cür şeylərin olması daha çox gərəkdir. Çünkü belə şeylər dalğalanma yaradır.

Soylu Atalı: Mən söhbətin bir yerində dedim, polemika üçün ciddi səbəblər var. Mən polemikaya açıq adamam. Mən Zinnur bəy kimi, Rafael bəy Bezertinov kimi insanların milli yöndən düşüncələrini izləyirəm,  sayğı duyuram. Bir var, millətin formalaşmasında ruhaniyyat sistemi, bir də var, deyək, mədəniyyət sistemi. Bir var siyasət sistemi, bir də var, yönətmə (idarəetmə) məsələsi. Bunların hər birinin özünəxas olaraq, üslubu var. Yəni bunların hamısı eyni bir şey deyil. Ancaq hamısı eyni bir məqsədə doğrudur. Elə şeylər ola bilər, diplomatiya xəttində, mənə qarşı yönələ bilər. Ya da o xətdə elə şeylər ola bilər, mən ona qarşı yönələ bilərəm. Biz məsələni yetərincə açıq qoyuruq. Nələrə qarşıyıq, nələri istəyirik. Bu zaman bir çox insanlarımız deyir, Asif Ata filan şeyləri gözə almır, axı dünya həmin dünya deyil, filan şeyin çağı deyil. Asif Ata isə qətiyyətlə deyir, elə filan şeylərin çağıdır. O deyir, biz bir millət olaraq, filan şüurdan ayrılmalıyıq. Bu şüurdan ayrılmaq üçün bu şüuru bütöv tanıtmalıyıq. Bunu bütöv göstərməliyik. Bunun bugün çağı deyil, dünən də çağı deyildi, min il bundan qabaq da çağı deyildi, min il bundan sonra da çağı olmayacaq. Bəs haçağ çağı olacaq?! Bu türlü yanaşmalarla çağı olmayacaq. Zinnur bəy deyir insan xatalıdır. Mən soruşuram, bəs siz xatalı insanla nə yaratmaq istəyirsiniz?! Xatalı insan necə xatasız ideya verə bilər?! Verə bilərsə, bu ideyanı kim gerçəkləşdirəcək – xatalı insanmı?! Bax, görürsünüz, hər kəs özünü doğru sayır, başqasını əyri. Bəs bir araya gəlmək, Birlik necə yaranacaq?! Asif Atanı, simgəsəl olaraq, günəş simgəsinin içində görüb deyir, insan xatalıdır, yəni insana tapınmaq olmaz. Bax, Asif atanın üstünlüyü, fərqi bundadır, O, insana inanır, başqaları inanmır. Hələ üstəlik də deyir, bizim brahmanlarımız yoxdur. Hardan alacaqsan brahmanlarını, əgər insan xatalıdırsa…

Mən siyasətə qarışmıram. Mən ruhaniyyat xəttində durmuş insanam, mən diplomatiya işlədə bilmərəm. Mən bu topluma həqiqəti, anladığım qədər, bütöv göstərməliyəm. Onu bu şüura yiyələnməyə açıq çağırmalıyam. O bu şüura yiyələnəcəkmi, yiyələnməyəcəkmi?! 10 il sonra yiyələnəcək, 100 il sonra, o artıq məsələnin ayrı yönü. Ancaq mən ona deyirəm, sən göyə də çıxsan, yerə də düşsən sənin qurtuluşun ruhaniyyat məsələsindədir. Sənin ruhaniyyatın işğal olunub. İşğal olunmuş ruhaniyyat məsələsində Asif Ata onlara dirəniş göstərən bir sistem verir. Dini qəbul eləmir, dinin yerinə bir sistem verir. Bu sistemi götür, bununla dirəniş göstər. Bu sistem hər anlamda millətin içini qapsayır. Bunu anlamayan adamların çalışmaları bir heçdir.

Hətta Asif Ata siyasi xətdə bir ideya verib. Kitabı var: “Uluyurd Hərəkatı – Bütöv Azərbaycan aqibəti” adlanır. Orda ideya-sürəcləri bəlli edib bu hərəkatın baş tutması üçün, yaranması üçün. Bu açıdan dediyim odur, bir soydaş olaraq, millətdaş olaraq tövsiyəm odur, Asif Atanı öyrənək.

Xanəmir bəy: Mən çalışacam bağlantı quraq.

(Qonaqlar, başqa toplantıya söz verdikləri üçün üzrxahlıq edib tez çıxdılar – T.A.)

 Ağşın bəy: Bizim problemlərimiz dünənki, bugünkü deyil. Ancaq bunların bir çoxu fantaziyadır, reallıqdan uzaqdır. Biz bu gün Asif Ataya üzümüzü tuturuq, Asif Ata bu məsələni süzgəcdən keçirib, yeni bir sistem yaradıbdır. Təkcə dərdi demək asan deyil. Onun  dərmanı, onun  həlli o dərdin özündən önəmlidir. Ola bilsin, düşüncələrimiz doğmadır, eyni rahatsızlıqları, eyni dərdi daşıyırıq, ancaq bu məsələnin həlli Asif Atanın dediyidir. Məsələnin həlli həqiqətən millətin kökündən gəlir. Bu gün görürük, yox bir şeydən İzrail dövləti uğurlarını qazanlıb. O bir millət kimi formalaşıbdır. Bir millət kimi istəyini ortaya qoyub. Deməli, bu bir həqiqətdir, millət kimi formalaşıb, uğurları da ortadadır. Baxmayaraq, Türkiyənin özü bir dövlətdir, Türkiyənin özündə elə bir özül yoxdur. Soylu bəylə dəfələrlə söhbətlərdə demişik, Türkiyənin özündə Türkiyəçilik var. Türkiyənin özündə millətləşmə bir o qədər yoxdur. Bu gün Türk dünyasının içində… bu bizim ümumi dərdimizdir, bu Azərbaycandan, Türkiyədən asılı deyil, bu ayrı məsələ. Biz millətləşməyə doğru getməliyik. Millətləşmədən heç bir iş görə bilmərik. Mən getdikcə bunun gərəkliyini daha da çox duyuram. Bu gün millətləşməyə getmək üçün Asif Atanın Yolundan başqa yol yoxdur. Fantaziyadan çıxmaq gərəkdir. Gerçəkliyə gəlmək gərəkdir. Biz İslamla bir yerə çıxa bilməyəcəyik. Zinnur bəyin bölüşdüyü düşüncələrlə də bir yerə gedə bilmyəcəyik. Məsələnin həlli kökə qayıdır.

Avropada Renesans dönəmi başlandı, eyni şeyin bənzərini Şah İsmayıl burda elədi. Düzdür, onun kökləri də vardı. Sonuc bu oldu – dövləti təslim elədilər farsa. Asif Atanın ideyalarını ortaya qoyanda biz düşünə bilirik. Düşüncə müstəmləkəçiliyindən çıxmaq gərəkdir. Ona doğru getmək gərəkdir. Qonağın düşüncələrində bizim üçün yeni heç nə yox idi, sorunları sadalayır, brahmanımız olmalıdır deyir. Axı kim verəcək bizə brahmanı?! Asif Ata yaradır da bunları…

Mübariz bəy: Biz onlardan 30-40 il, siyasal proses açısından, qabağıq. Bizim getdiyimiz yolu başlayıblar, ola bilər təbii baxmaq gərəkdir.

Nurtəkin Atalı (Ataya səcdə edib bayrağı öpür – N.A.): “İnam Evi Günü” önəmli bir gündür. Biz düşünürük, hər bir millətin İnam Evi olmalıdır. Mən hər gün işdən gələndə avtobusla vəhhabi məscidinin yanından keçib gəlirəm. Çağdan asılı olaraq, bəzən onları məsciddə namaz qılan yerdə, bəzən namzadan sonra görürəm. Avtobusa minəndə də əllərində telefonda Quran ayələri oxuyurlar. Bəziləri ərəb abesində, bəziləri latın qrafikalı Azərbaycan abesində. Namaz qıldıqları hallarına baxıram. Yəqin özlərinin arasında birlik var. Ancaq nə o çağlarında, nə də avtobusda, yanımda duraraq kitab oxuyanda, onunla özüm arasında dəhşətli yadlıq duyuram. O, mənim millətimdəndir, ancaq hər açıdan mənə yaddır. Mən onunla bir ola bilmərəm, doğma ola bilmərəm. Bir ola bilməməyin özü məndə ağrı yaradır. İnanc, düşüncə elə bir şeydir, beyin, şüur dəyişilirsə, sənin millətindən olsa belə sənə yaddır. O, ərəb olsaydı, inanc ona yaraşardı, inancı ərəb yaradıb (inancın doğruluğunu, doğru olmadığını bir qırağa qoyuram), bu inanc onun özünəxaslığından yaranıb. Hərçənd ərəbə də, bir millət olaraq, ziyan verir.

Mən, bir türk olaraq, nə qədər özüməxasam, nə qədər dəyərlərimə xasam?! Nə qədər özüm özümü, bir millət olaraq, ifadə edirəm?! Bu sorulara cavab axtarılsa, bəlli olar, İnam Evi çox böyük məsələdir. Atanı dərk elədikcə İnam Evi anlamını daha dərindən dərk edirəm. İnam Evində o düşüncələr özümləşdikcə, milliləşdikcə birlik formalaşır. O birlik doğmalaşdırır. Birliyin özü bir-birinə qarşı münasibəti, doğmalığı, sayğını, sevgini, hər bir şeyi dəyişir. Ona görə çox böyük bir Yoldayıq, üzərimizdə çox böyük bir yük, qarşımızda böyük sorumluluq var. İnam Evi öncə bizim beynimizdə, ürəyimizdə oturmalıdır, Ata ideyası bizim ömrümüzə doğmalaşmalıdır, ömrümüzdə oturmalıdır. Özümüz olduqca, özümləşdikcə, gələcəyimizi qurmuş oluruq…

Duyğusal bir yazı yazmışam, onu oxumaq istəyirəm:

Yollar bizimdir. Yol gedərkən göy də bizimdir, quşların səsi də bizimdir, ağacların yarpaqlarının xışıltısı da bizimdir, otların yellənməsi də bizimdir, çayın səsi də bizimdir, yer də bizimdir, ayağımıza dəyən daş da bizimdir. Yolla gedərkən özümüz oluruq, çünkü geridə buraxdığımız addımlarımız xatirəyə çevrilir, irəlidə diləklərimiz gerçəkləşir. Yol bizimdir, çünkü dayanmağı sevmirik, əngəlləri saymırıq, ürək ürəyə, əl-ələ, addım-addıma gedirik. Yollarda aşınırıq, duruluruq, yetkinləşirik. Yetkinləşdikcə hər şey yenilənir. Göyün ucalığı da, doğanın gözəlliyi də, ruhumuz da, bir-birimizə doğmalığımız, sayğımız, sevgimiz də. Yol bizimdir, çünkü gələcək bizimdir. Gələcək sabahımızdır – Yollarda qurulan, Yolları quran.

Atamız Var olsun!

Soylu Atalı: Konkret budur. Məsələn, Asif Atada abstraksiya görmək naşılıqdır. Asif Atanın düşüncəsi yetərincə konkretdir. Adam deyir insan özünəxas davranmır. İnsani xassələrindən uzaqlaşır, keyfiyyətini itirib, sürüyə çevrilib. Bu sürüdən çıxmayınca, ayrılmayınca, özünə qovuşmayınca, nə millət olacaq, nə bəşər olacaq. Anlamıram. Burda abstraksiya nə var. Belə olmalı deyilmi?! Bəs necə olmalıdır?! Məsələ konkretdir. İnsan öz üzərində işləməklə öz mənəvi keyfiyyətlərini üzə çıxarırsa, ona qovuşursa, bu, abstraksiya deyil axı. Mən nəyə abstraksiya deyərəm. Əslində sənə yar olan insan yoxdur. Bilmirsən, 5 dəqiqədən sonra, bu insan sənə dönük çıxacaq, çıxmayacaq. Sənə xəyanət edəcək, eləməyəcək. Bilmirsən. Ancaq bu insandan durub dövlət xadimi düzəltmək istəyirsən. Abstraksiya budur da. Bu abstraksiya cəfəngləşən abstraksiyadır. İçində dönüklük daşıyan, içində balacalıq daşıyan, içində millət sevgisi daşımayan, insan sevgisi daşımayan birisindən sən dövlət xadimi qayırırsan. O sənə necə yar olacaq, necə sənin istəklərini doğruldacaq?! – Doğrultmayacaq. Bütün məsələ odur. Mənə insan gərəkdir, gərək insandan başlayım hər şeyi. Asif Ata insandan başlayır, insanı başlayır.

Yaxşı, Turandan danışırsan. Turan nə deməkdir, kiminlə quracaqsan Turanı?! Genetik dəyişikliklərə uğramış adamla Turan quracaqsan?! Bəs o adamı necə dəyişmək istəyirsən, bəlkə Tanrıçılığa çağırmaqla dəyişirsən?! Tanrıçılıq qurtarıb. Ona görə mən deyirəm Asif Ata Yolu qədər aydın bir həqiqət qoyuruq ortaya. İdeyasıyla, düşüncə sistemiylə bir yerdə. Niyə bunu öyrənmirsiniz, niyə araşdırmırsınız, niyə onun konkretliyini öyrənib aydınlaşdırmırsınız?! Görün nə qədər konkretdir. Nurtəkin deyir, yolla gələndə görürəm biri saqqal buraxıb, namaz qılır. Bunların heç biri sənə uyğun deyil. Sənin mənəviyyatına uyğun deyil. Sənin kimliyinə uyğun deyil. Sən bununla üz-üzəsən. Bununla üz-üzə sənin həyatın qorxu altındadır…

Ağşın bəy: Üzr istəyirəm, biz bu gün  içimizdə olan dərdlərimizi düşünəndə Turançılıq bizi özümüzdən uzaqlaşdırmaq deməkdir. Sənin o boyda Təbriz dərdin var, Borçalı dərdin var, Dərbənd dərdin var. Bu gün sənin o qədər sorunların var. Bu gün Turançılıqdan söhbət açmaq səni özündən uzaqlaşdırmaqdır.

Soylu Atalı: Doğrudur, baş qatmaqdır, ağılları mücərrəd şeylərə bağlamaqdır, öz içində sorunları çözmək istəklərindən uzaqlaşırsan. Bunu yapırlar, bilərəkdən, ya bilməyərəkdən, fərq etməz.

Mən söhbətimizin başlanğıcında dediyim bir-iki məqamı davam eləmək istəyirəm. Zinnur bəygil məndən xahiş elədilər, davam edə bilmədim. Əslində bizim bir millət kimi formalaşmağımız, bəlli bir şəklə düşməyimiz üçün  adını çəkdiyim məsələlər var. Onlardan biri İnam məsələsidir, bir də ideologiya məsələsidir. İdeologiyamızın adı demokratiyadır. İnamımızın adı İslamdır. Hər ikisi özgələşdirən. Bizim insanlarımız milli xassələrimizə özgün olan az-çox nəyimiz varsa, onları demokratiya sözünün altında paylayırlar. Deyirlər bu, demokratiyadır. Ancaq əslində onun adı demokratiya deyil. O keyfiyyətlər bizim özümüzü ifadə edən özümüzə xas cəhətlərimizdir. Bunun adını öz adıyla demək gərəkir. Bunun öz adını demək üçünsə, cəsarət, qeyrət gərəkdir. Həm də bilik gərəkdir. Zəngin ruhsal bilik gərəkdir bunu cəsarətlə demək üçün. İkinci din məsələsi. Bizim insana münasibətimiz, millətə münasibətimiz, dövlətə münasibətimiz, bəşərə münasibətimiz, dünya xalqlarına münasibətimiz, heyvana, doğaya münasibətimiz din sistemində formalaşır. Formalaşıb. Hara necə münasibət bəsləyiriksə, həmin din şüurunda münasibət bəsləyirik. Bizə verilən din şüurunda. Bu din şüurunu bizə niyə verirlər?! Başlanğıcdan bu din şüurunu babalarımıza, ulu keçmişimizə verəndə hamısında ikrah doğurub, tarixdən öyrəndiyimizə görə. Hamısı adi baxıb. Ulularımız da, bunlar nağıl danışırlar deyiblər. Ona nağıl kimi baxan babalarımızın başını kəsib qılıncdan keçiriblər, o birinin gözünü qorxudublar. Dışında qəbul edib, içində qəbul eləməyiblər. Çox illər keçəndən sonra artıq çağdaş insanlar babalarımızın nağıl kimi baxdıqlarına gerçək həqiqət kimi baxıblar. İdrak geriləyib, onların nağıllarına ağızlarını açıb heyranlıqla qulaq asıblar. Bu halı harda öyrədirlər, necə verirlər?! Bayaq dediyim kimi, kilsələrdə, sinaqoqlarda, məbədlərdə, məscidlərdə… O adını çəkdiyim məbədlərdə, səni bi millət kimi sıradan çıxaran, eyitim verirlər. Bunun qarşısını nəylə alaq, necə alaq, hansı ideyanı gətirək?! – Asif Atanın düşüncəsində İnam Evi var. İnam Evi millətin işğal olunmuş ruhunu, şüurunu özünə qaytarmaq ünvanıdır. Bunun yeriməsinin astagəlliyindəbn, bərk getməsindən asılı olmayaraq. Nə vaxt yeyin gedər, – onun bireyləri aktiv çalışarsa, işin aktiv gedər, daha çox yayılar, daha çox etki göstərər. Nə qədər az çalışarsan, o qədər ideya, daha çox, ideya kimi qalar. Bu istəyin yeriməsi, gerçəkləşməsi bizdən asılıdır. Bizdən, yəni təkcə Asif Atanın davamçısı olan 3-5 Ocaqçıdan yox, hər bir Azərbaycansevər, Atasevər insanlardan asılıdır. Hər kəsin öhdəsinə düşən bir addımı atmasından asılıdır. Bu sözü deməsindən, bu sözlə bağlı hərəkəti eləməsindən asılıdır. Nə qədər bunu çox etsək, nə qədər Asif Atanı daha çox tutsaq daha çox yayacağıq, daha çox öyrənəcəyik, bir o qədər bizim ruhaniyyat eyitimi ünvanlarımız yaranacaq. İnam Evlərimiz yaranacaq. Bu İnam Evlərini yaratmaq gərəkdir. Millət olmaq istəyiriksə, bunu yaratmaq gərəkdir. İnam Evi mənim, sənin evinin içi də ola bilər. Ayrıca düşünülmüş, inşa edilmiş bir ünvan da ola bilər. Ancaq eyni halda, sənin, mənim evim də ola bilər.

Mən bura gələnə qədər bacımın evinə dəydim. Onun evində iki qadın vardı, ərinin qohumları. Yeri gəldi, bir neçə kəlmə söhbət elədik. Bu söhbətləri mən elədim. Əsasən Allah-din qonusunda söhbət elədim. Mənim bacımın telefonu isə, o yanda, ərəbcə azan oxuyurdu… Bu şüurdan qurtulmaq gərəkdir. Bacım çadraya bükülüb ərəbin işğalını mənim boynuma yükləməməlidir. Məni eşitməlidir – qardaşını. Evimizin içində məni eşidərlərsə, yəni Asif Atanın eyitim sisteminə yiyə çıxan birini, mənim evim İnam Evi olar. Səni o açıdan eşidərsə, sənin evin İnam Evi olar. Biz bunu yaratmalıyıq, mücərrəd bir şeyi deyil bu dediklərim. Bu, evlərimizdə olacaq. Qohum­larımızda, getdiyimiz ünvanlarda olacaq. Davasız, şavasız sözünü deyirsən.

Bu toplantılar ondan ötrü olmalıdır. Bu toplantıdan ağzıbağlı çıxmayın. 3-5 adamın yanında burdan eşitdiklərinizi deyin. Belə-belə, yavaş-yavaş xalqın içində sürəc getsin. Qoy bu iş uzansın, illərlə getsin, ancaq getsin. Gerçək olan budur. Yalandan millət-millət deməklə deyil. Heç nə edə bilməyəcəyik içimiz yaranmasa, içimizdə yaratmalıyıq. Millət formalaşmaldıır. Bunu biz nə qədər gözləsək, addım atmasaq, bir o qədər bu sürəc bizə uzaq görünəcək. Bu deyilənlərə doğru nə qədər  çox addım atarıqsa, özümüz işin içində duraruqsa, bir o qədər biz bu sürəclərin gerçəkləşməsinə yaxın olacağıq. Bir o qədər bizi fərəhləndirəcək. Bir o qədər bizi inandıracaq. Passiv şəkildə qalacağıqsa, özümüz öz dediyimizə inanmayacağıq. Asif Atanın dediyinə inan­mayacağıq. Düşünmürük, oxumuruq, öyrənmirik, demiriksə, bu elə passivlikdir. Bir az öyrən, bir az de, ancaq davamlı şəkildə öyrən, de. Onda görəcəksən, bu bir azlar böyüyür, əməlli-başlı çevrələr yaradır. Biz buna getməliyik.

Mən İnam Evi Günümüzdə sizinlə belə bir qonuda ürəkləşməkdən sevinc duyuram, sizin hər birinizi bu gün münasibətilə qutlayıram, hər birinizə gəlişiniz üçün təşəkkür edirəm. Var olun.

 “Ata Ruhunu Ürəyimizdə aparırıq!” səcdəsilə Törən sona yetdi. Çay süfrəsi yörəsində doğmalaşmaqla söhbətlər davam etdi.

Sərt Ayı, 39-cu il.
(dekabr, 2017.)

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir