Xəbərlər

Qutsal “İnam Evi” Günü Törəni

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı

Qutsal “İnam Evi” Günü Törəni

Ocaq Günsırası ilə 13 Yağış Ayı, 40-cı ildə (noyabr, 2018) Asif Atanın Mütləqə İnam Ocağı “İnam Evi Günü” törəni keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Törənə başlamazdan öncə Ocaqda ölənlərimizi özümüzlə birgə sanırıq. Onların adını xatırlayırıq. Sabahlı, Bağban, Amaltay həmişə bizimlədir.

İnam Evi qutsal bir ünvandır. Qutsal bir ünvan olduğu üçün də onun günü qutsal bir gündür. Niyə qutsal ünvandır? İnsanı düşündürən, yaşadan, var edən keyfiyyət gerçəklikdən artlq bir şeydir. Əslində məişətdən artıq bir şeydir. Varoluşun, yəni mövcudluğun qorunmasından artıq bir şeydir. İnsanın varoluşunun özülündə də insanın varlığının anlamı durur. Biz o anlam əsasında, o anlam ilə özümüzü dərk edirik. O anlam ilə həyatda öz varlığımızı sürdürürük. O anlam ilə biz insanı tanıyırıq, insanlığı tanıyırıq. Ona görə İnam Evi Günü qutsal gündür, toplumun özünəxaslığını yaşadan ünvandır. Hər bir insan harda düşüncəsinin yönünü tapa bilirsə, harda yaşamaq üçün mənəviyyat ölçüsünü tapa bilirsə, harda insana münasibətin gözəlliklərinə aydın baxa bilirsə, onu aydın anlaya, görə bilirsə, onun üçün ora qutsal ünvandır. Biz də bu ünvanı İnam Evi sayırıq. Başqa evlər bizim düşüncəmizə işıq tutmur. Məscid adlanan “islam evi” bizim düşüncəmizə işıq tutmur. Bizim milli kimliyimizə işıq tutmur. Bizim milli var olmağımıza işıq tutmur. Nəinki işıq tutmur, bizim varlığımızı qaranlığa bürüyür. Ona görə bizim üçün qutsal sayıla bilməz. Yüzillərdir siz bunu izləyirsiniz, oxuyursunuz, siz bunun sonuclarını görürsünüz. Görürsünüz, bizim milli, insani varlığımız yaşanmır, zədə götürür. Onun sonucudur, bu gün toplumumuz ağır durumdadır, assimilyasiya olunur. Düşüncəsinin yönünü bəlirləyə bilmir.

Bu qədər toplumsal tədbirlər həyata keçirirlər, bir araya gəlirlər. Bunların hamısı nədir, nədən ötrüdür?  – Bunların hamısı insanın düşüncəsinin yönünü bəlli etməkdən ötrüdür. İnsan öz evinin içində bunlarla uğraşa bilmir. İnsan öz evinin içində varoluşunu sürdürür, məişətini qurur, ancaq birgəyaşayışını sürdürmək üçün o, başqa bireylərlə bir araya gəlir, düşüncələrini bölüşür, nəyin doğru, nəyin əyri olduğunu bəlirləməyə çalışır. Varlığını sürdürməyin doğru yolunu bulmağa çalışır. İnsanlar ona görə bir araya gəlirlər. Ancaq gəlin baxaq, insanlar milli-mənəvi varlıqlarını sürdürmək üçün harda bir araya gəlirlər? Siyasi baxışını sürdürmək üçün yox. Siyasi baxışını sürdürmək üçün bir araya gəliş ayrı bir məna daşıyır. Siyasi varlığını sürdürmək üçün bir araya gəliş görürsən praktik anlam daşıyır. Ona görə də insanın düşüncəsinin, varlığının özülü siyasi toplantılarda yox, mənəvi-ruhani toplantılarda bəlirlənir. Mənəvi ruhani toplantılar xalqın yönünü bəlirləyir. Ruhani-mənəvi toplantılar xalqa yön verir. Xalqın siyasi həyatı da əslində ruhani baxışının əsasında formalaşmalıdır. Dövləti də ruhani baxışının, düşüncəsinin, mənəvi varlığının əsasında qurulmalıdır, formalaşmalıdır. Yoxsa dövlət dövlətə bənzəməz. Bizim dövlətimiz bu gün işğal olunub. Bizim dövlətimiz bu gün xalqa doğru olanı eləmir, xalqa doğru olanı vermir. Xalqı xalq eləmir, tanımır, tanımaq istəmir. Niyə? Axı siyasi təşkilatlar yetərincə var. Siyasi ölçülər yetərincə var. Bəs niyə? Çünkü insanın mənəviyyatı kaldır. Yenə deyirəm, hamısı onun üzərində olur. Mənəvi yoxsulluğun üzərində oluşur çöküş, ölüm, uçurum. Bax, ona görə xalq, başlıca olaraq, mənəvi-ruhani ölçüsünü tapmalıdır. Mənəvi-ruhani yönünü bəlirlə­məlidir. Mənəvi-ruhani Evini qurmalıdır. O mənəvi-ruhani Evini qurandan sonra dövlətini də quracaq. Çünkü mənəvi-ruhani ev xalqa ölçü verir. Xalqın düşüncəsini aydınlaşdırır. Xalqı birləşdirir. Bir araya gətirir. Ondan sonra xalqın siyasi gedişi, siyasi nizamı başlayır yaranmağa. Ancaq mənəvi cəhətdən çökmüş bir toplumun dövləti heç bir vaxt özünəxas olaraq onun qulluğunda durmayacaq, onun qeydinə qalmayacaq. Ona gərək olmayacaq. Baxın, ona görə İnam Evi məsələsi çox önəmli bir məsələdir. Bunu biz qururuq. Bunu biz oluşdurmağa çalışırıq. Buna biz yiyə durmağa çalışırıq. 5-10 adam, biz çalışırıq. Bu 5-10 adamın da səsinə səs verən bir 5-10 adam, yəni bu toplumun içində biz 50 adamı da bir araya gətirsək, yenə 5-10 adam deməkdir. Az say deməkdir. Ancaq az say olsa belə, bu az say o iradəni, o inadı ortaya qoymalıdır. Onu yaşatmalıdır, onu qorumalıdır. Gələcəyimiz buna bağlıdır. Əgər yenə deyirəm, bizim İnam Evlərimiz yaranmasa, bizim ruhani-milli-mənəvi varlığımız qurulmasa, qorunmasa, bizim üçün, doğrudan, gələcək çətindir.

Ərəb dünyabaxışı bizi qoruya bilmir. O biri baxışlar da qoruya bilmir. Yenə deyirəm, hər şeyin özülündə ruhsal baxış durur. Mənəvi olanaqlar durur. İdeoloji məsələlər əslində dövləti qorumaq üçündür. Siyasi gediş dövləti qorumaq üçündür. Dövləti, vətəni dışarıdan qorumaq üçündür. Bunu kim həyata keçirir? İnsan! İnsan harda qurulur, harda oluşur? Ruhaniyyat, mənəviyyat Evində. Ona görə çox önəmlidir. Bunu zaman-zaman düşünmək, düşünmək, bir də düşünmək gərəkdir. Dərk eləmək gərəkdir. Ağlına, beyninə, düşüncəsinə yazmaq gərəkdir. Ayrı cür varoluşu qorumaq olası deyil. Nə qədər çabalar göstəririk? Bax, 20 ildən çoxdur dövlət işğal olunub. 20 ildən çoxdur orda-burda, mətbuatda, hər yerdə yazılır, deyilir, etiraz olunur. İndi etiraz edən adamlar içərisində sağlam adamlar da var, demirəm, yoxdur. Ancaq bu etirazlar iş görmür. Niyə görmür? Çünkü xalq bütöv, birlik deyil. Bir deyil. Xalq acından ölür. Ancaq bir araya gəlmir. Bir araya niyə gəlmir? Çünkü inanmır, güvənmir. Bir araya gəlmir. Niyə gəlmir? Güvəndiyi, inandığı öndər yoxdur, qurum yoxdur, sistem yoxdur, olsa gələr. Olsa xalqın da mənəvi olanaqları böyüyər, üzə çıxar. Bax, bütün bunların hamısının əsasında Ruhaniyyat məsələsi, mənəviyyat məsələsi durur. Ruhaniyyat, mənəviyyat məsələsi xalqın içində ölçüyə çevrilərsə, xalqın içindən öndərlər çıxar, insanlar yetişər. O insanlar xalqa dönüklük eləməz. Xalqın güvənini qırmaz, itirməz, satmaz. Satılmaz bu hakimiyyətə, satılmaz dış dövlətlərə, satılmaz başqa şeyə, başqa yerə. Onda birlik yaranar. Bilirsinizmi, xalq öndərini qorumaq üçün ölümə də getməyi bacarır. Bunu zaman sübut eləyib. Ayrı-ayrı tarixdə bunlar sübut olunub. Öndərini qorumaq üçün ölümə gedənlər olub xalqın içində. Bütün hər şeyin özülündə xalqın mənəvi-ruhani ölçüləri dayanır. Ona görə ciddi düşünün. Ciddi iş görmək gərəkdir. Hər yerdə söz demək gərəkdir. Hər yerdə iş aparmaq gərəkdir. Etirazla qarşılansan belə, iş aparmaq gərəkdir. Beyinlər, qulaqlar, düşüncələr yüklənməli, dolmalıdır. Xalqın içində kadrlar yetişməlidir. Kadrları yetişdirən mənəviyyat ünvanlarıdır. Başqa ünvanlarda birey biclik öyrənir, kələk öyrənir. Sonra asanlıqla satılır. Ancaq sağlam insan siyasətin başına gələndə belə ölçüsü yenə mənəviyyat olur. Xalqı tanıyır, sevir, arxasında durur, xalqı arxasında görür. Böyük bir birlik formalaşır. Baxın, İnam Evinin önəmi budur. Azərbaycanda minlərlə məscid var. Gəncliyin, böyüyün, kiçiyin şüurunu məhv edir. Ərəbcə yası yola verməkdən ayrı şüur vermir bu millətə İslam. Asif Atanın ruhaniyyatı verəcəkdir. Asif Atanın ruhaniyyatını yaşatmaq gərək, onu gəlişdirmək gərəkdir ki, versin. Toplum sürüləşdikcə, avamlaşdıqca qorxmamalısınız, çəkinməməlisiniz, addımı dala qoymamalısınız. İrəli qoymalısınız. Mənim bu otağıma adamlar yerləşmirdilər. Bu evə anamın yasına yığılmışdılar. Mənim anamın yası yox idi orda. Xalq var idi. Anama yas törəni keçirdik, dalınca ideoloji söz deyildi, Milli söz deyildi. Ortam yaradırıq. Gedib yas yerlərində ərəbin böyüyünü, kiçiyini öymürsən, ərəbin qızını, oğlunu qonuna gətirmirsən? Gətir öz xalqınkını. İnam Evi məsələsi ona görə çox önəmli məsələdir. Böyük şüur yaradırıq. Böyük dirəniş yaradırıq. Bircə adam çox iş görə bilər. Mən Borçalıda neçə yol iradə göstərmişəm. Günev bütün Aran Qarabağ bölgəsində iradə qoyur ortaya. Artıq insanlar özləri çağırırlar, özləri sual verirlər, özləri istəyirlər o danışsın. Mollanın danışmasından çox onun danışmasını istəyirlər. Ortaya iradə, düşüncə, mənəviyyat qoymaq gərərkdir. Toplumun durumuy­la barışmamaq, zəiflik eləməmək. Səbrlə, davasız-şavasız öz iradəni qoy ortaya. O deyir belə edək, sən denən belə edək. Niyə onun dediyi olmalıdır. Niyə on avamın dediyi olmalıdır, bir müdrik düşünənin dediyi olmamalıdır? Onların dediyi elə şeylər var, birdəfəyə qabağını ala bilmirsən. Ancaq ayrı-ayrı aşamalarda, ayrı-ayrı məsələlərdə sənin dediyin olmalıdır. Sənin ölkənin içində nə qədər fərqli toplantılar keçirilir, nə qədər addımlar atılır, türkçülük adına, millətçilik adına, olsun, qarşı deyiləm, onların içində az-çox sağlam adamlar da var. Ancaq onlar sistem deyil. Sistem ruhaniyyatdır. Hamısı etiraz edir, deyirlər-deyirlər, ortaya heç nə çıxmır. İslam pis şeydir deməklə nəsə alınmaz, nə yaxşı şeydir bəs? Deynən Asif Atanın düşüncələri gərəkdir. Onu çıxart da ortaya. Nyə qorxursunuz? Pisdir, niyə pisdir? Gəl mənimlə söhbət elə görüm nəyi pisdir, nəyi doğru deyil? Gəl mənə izah elə, filan şey əyridir. Yox, əyri deyilsə, razılaşırsansa, barışırsansa, niyə çıxartmırsan? Pisin yerinə yaxşını qoy da. Bax, bütün məsələ odur, milli söz deyilir, ancaq milli iradə qoyulmur ortaya. Milli mənəviyyat ölçüsü yaşadılmır ortada.  Bunu dərk eləmək gərəkdir.

Ocaq çox böyük olanaqdır, ələ düşüb. Bütün hər şeyi sistemdir. Yaranıb, ortaya gəlib, qullanmaq istəyən yoxdur. Zarafat deyil, xalqın ölüsünün götürülməsi, ailəsinin qurulması, birgəyaşayışının təmin olunması, dövlətinin qurulması, bunların hamısı yüzillər tələb eləyən vaxtdır. Yüzillərlə sistemləşə-sistemləşə, formalaşa-formalaşa gəlməli bir işdir. Halbuki toplam 40 il keçib üstündən, hər şey sistem şəklində ortada hazırdır. Yaşadılır, həyata keçirilir. İki gənc ailə qurur, Beşikbaşı Mərasimi keçiririk, adam ölür, ortadan türk dilində, türk ruhaniyyatıyla qaldırırıq, bu böyük məsələdir. Görün nə qədər yasları biz yanaşı eləmişik. Qarışmışıq ərəbcələşmiş gələnəklərə. Nə qədər toylara milli açıdan qarışmışıq. Bunun hamısı İnam Evində şəklə düşür. İnamın Evi yaranır, yaranmalıdır. İnamın Evində şəxsiyyət qurulur, düşüncə qurulur, ölçü qurulur. Mən sizin hər birinizi iradə göstərməyə, qeyrət göstərməyə çağırıram. Yorulmayın, usanmayın, aktiv olun. Nə qədər usanmaz, aktiv olacaqsınızsa, bir o qədər qeyrət göstərəcəksiniz. Mən sizi Mənəvi olanaqlarımızı ortaya qoymağa çağırıram. Millət olun. Böyük mənəviyyat insanları olmalıdır, döyüşsün. Dönük, satqın, mənəviyyatsız olmayan insanlar gərəkdir, döyüşsün, dirənsin. Mən sözümü bitirirəm. Sizə uğurlar, başarılar diləyirəm. Burda olan, olmayan amaldaşlarımıza, burda olmayan dostlarımıza başarılar diləyirəm, İnam Evi Günü münasibətiylə hər kəsi qutlayıram.

Atamız Var olsun! Bayrağımızı öpürəm.

 

Nurtəkin Atalı (Ataya səcdə edib bayrağı öpür – G.A.): İnam Evi Günümüz qutlu olsun. İnam Evi ona görə var ki, ömürlər var, ömrünü ideyaya həsr edən aqibətlər qurulur. İnam Evi həm bizim, həm də millətin qibləsi deməkdir.

 

Soylu Atalı: Qiblə deyirsən, yadıma düşür, kənddə ölünü fırfıra kimi fırlayırlar belə-belə, qiblə hansı yandadır. Biri deyir bu yandadır, o biri deyir bircə addım bu yana döndər, o yana döndər. Bu nə deməkdir? Nəfəsim çatmır düşünməyə, boğuluram. Bir adama anlada bilmirsən, bu ölünü niyə fırfıra kimi fırlayırsan. Ərəbin ayağının altına çevirirsən bu adamın üzünü. Sənin içində qiblən niyə olmasın? Qutsal yönün niyə olmasın? Qiblə sözünün yerinə YÖN demək gərək.

Nurtəkin Atalı: Yüzillərdir xalqımız özü nə istəyib yaşamayıb, ondan nə istəyiblərsə onu yaşayıbdır. Yəni ona nə təlqin edilib, onun içinə nə gətirilib, sürgünlə, işğalla, nəylə, o yöndə yaşaya-yaşaya da qibləsizləşib. İnam Evi elə yönünün bəlli olması deməkdir. Ata deyirdi, Nəiminin, Babəkin arxasınca gedilmədi. Ona görə gedilmədi, elə o İnam Evi olmadı. O məktəb olmadı. İndi Bakıda bizim İnam Evimiz yoxdur. Ancaq İnam Evi bizim ömrümüzdədir. Örənqalada Atagün Elində İnam Evi tikilir. O İnam Evi ürəklə tikilir. Yəni maddiyyatla tikilmir, ürəklə tikilir, aqibətlə tikilir. Günevin ömrüdür, eşqidir əslində. Bakıda, əminəm, ömrümüz çatacaq onun gerçəkləşməsini görməyə. Ona görə də İnam Evinin varlığı ilə bağlı o yöndə əməllər görmək gərəkdir. Bunu anlayıram. Nə qədər xalqa tərəf gedirsən, xalq da sənə tərəf elə gələcək. Bu haqda düşünürəm. Mən xalqa tərəf getməyincə, xalq da mənə tərəf gəlməyəcək. Anlatmayınca xalq da anlamayacaq. Ona görə də elə İnam Evi eşqiylə, ürəyimizdə Amal eşqiylə işlər, əməllər, işlər görməliyik.

Atamız Var olsun!

Göylü Atalı (Ataya səcdə edib bayrağı öpür – G.A.): İnam Evinin qutsal mahiyyəti hamımıza bəllidir. Onun  gerçəkləşməsini ən çox istəyənlərdən biri mən olmuşam. Bilmirəm, ömrüm yetər onu gerçəkləşdirməyə, bəlkə də yetmədi, hər halda istər biçim olaraq, istər ruhani anlamı baxımından İnam Evi varlığının nə demək olduğu aqibətimə yazılıbdır. İnanıram Bakıda nə vaxtsa onun gerçəkləşməsini görəcəm, özümün də birbaşa qatqım olacaq bu işdə.

Bu il Yağış Ayının 8-i mənim Ocağa gəlişimin 20 ili tamam oldu. Ruhaniyyatda 20 il yol gəlmək ruhaniyyatın da ucalığını göstərir, fərdin ləyaqətinin də. Məni Ocağa gətirən hər şeydən öncə fitrətim oldu. Uşaqlığım, yeniyetməliyim elə bir dövrə düşdü ki, xalqda milli duyğular oyaq idi. Vətənsevər ruhda böyüyürdük. İnsanlar ölçü axtarışındaydı. Din xəttimi tutsun, demokratiya xəttinimi, millətçilik xəttinimi, bu cür axtarışlar gedirdi. Əslində mənim axtarışlarım yeniyetməlikdən yeni çıxdığım, ilk gənclik dövrüm idi. Yaşıma, başıma görə çox da böyük ulusal axtarışlar deyildi. Sadəcə özünüifadənin formasını arayırdım. Bu axtarışla da təsadüf idimi, ya zərurət idimi, Ötgünün araçılığıyla Ocağı tapdım. Ötgün mənə ruhaniyyatın gözəl bir şey olduğunu göstərdi. Ancaq ruhaniyyat uğrunda ruhsal savaş aparmaq gərəkliyini mən Soylu Atalıdan öyrəndim. Ömrü bir var dolu yaşamaq, bir də var ölü yaşamaq. İnsan var həyatı boşa yaşayır, hədəfsiz, amacsız, idealsız, yolsuz. Elə bilir yaşayır.

Mən bir epizod kimi deyim, dünən bir söhbət oldu. Həqiqətən dəhşətə gəlirəm. İnsan qarğanın ömrünə həsəd apara, bu nə deməkdir? Nə var nə var, o 300 il yaşayır, insan 70-80 il ömür sürür. Adama deyən gərəkdir, 300 yox, lap 500 il yaşa, sən bu ömrü yaşamayandan sonra ha 70 yaşadın, ha 300 yaşadın. Niyə yaşadığını, necə yaşadığını, necə yaşamalı olduğunu dərk eləmədən heyvani bir ömür sürmək, bunu həyat saymaq, doğrudan da, fəlakətdir. Bireyin fəlakətidir.

Ocağa gəldim. Qısa bir zamandan sonra Ocaq bölünmələr yaşadı. Heç birində çaşmadım, yolumdan sapmadım. Çünkü bütün gedişlərin gəldi-gedər, Ocağın, İdeyanın əbədi olduğunu dərk eləmişdim ilk gündən. Ocaqda aqibətim aşiqlik üstə kökləndi. Hara gedirdim uçurdum. Fərəhlə, əzmlə, cəsarətlə addım atırdım. Təmkinimi pozmadan edirdim. Ailə, toplum, heç bir qıraq etki halımı pozmadı. Ta ki, başqa yöndə özüm özümü buxovlayanadək. Maddi risklərə getdim. Fiziksəl-ruhsal, hərtərəfli özümün ruhuma yağı kəsildim. Atanın sözü var, özüylədöyüş qurtaran yerdə Ocaqçılıq qurtarır. Bu deyimi elə o vaxt anladım. Doğrudan da, özüylədöyüş qurtaran yerdə ümid də qurtarır, fərəh də, döyüş də, ideal da, ideala münasibət də. Bunun ardınca yalan gəlir, utanc gəlir, həsəd gəlir, ləyaqət zədə götürür. Ancaq bütün hallarda Ocağın varlığını arxamda duydum. Gücü Ocaqdan aldım. Güc aldıqca da o duyğulardan arınmağa çalışdım, bu gün də bu xətdəyəm. Bilirəm ki, Ocaqdan qopmaq intihardır, ruhun ölümüdür.

20 ildə, son illəri çıxsam, bu da yenə deyirəm ruhun xəsarət almasıdır, ondan çıxmağa, sağalmağa çalışır ruhum. Bu dəqiqə o əhvaldayam. Ancaq bütöv ömrə baxanda bilirəm, Göylü bir olaydır. Ocağın tarixində də, xalqın tarixində də. Onun kök atması, bitməsi, bundan sonrakı aqibətimdən asılıdır. Küləkdən yıxılarmı, yoxsa kök atıb bitərmi, bu tamamilə mənim özümdən asılı olan bir şeydir. Ataya Evlad olmaqdan, həqiqəti dərk eləməkdən heç vaxt peşman olmadım. Tərsinə, həmişə qürur duydum. Yenə deyirəm, ailənin, toplumun tənələri, hər söz deyildi, hər cür çamur atıldı, ancaq ayaqda qaldım. Çünkü yenə başa dönəcəm, Həqiqəti dərk eləmişəm. Bütün ruhumla, qanımıla, canımla həqiqət mənim içimə hopubdur. Bundan sonrakı taleyim Atanı öyrənmək, ideyaların içinə tamamilə girməkdir. Özüylədöyüşdə bütövləşməkdir, sonucda, xalqda təsdiqini tapmaqdır. Bu ömrün varlığı görünməlidir. Atamız Var olsun!

Bayrağımızı öpürəm.

Güntay Atalı (Ataya səcdə edib bayrağı öpür – G.A.): İnam Evi Günümüz qutlu olsun! Ocağın tədbirləri aydın məsələdir, həmişə vurğu eləmişik, bütün qurumların tədbirlərindən yerlə göy qədər fərqlənir. İnam Evinin gərəkliyindən Soylu bəy o qədər aydın, gözəl danışdı ki, insan sanki bu ideyanın gərəkliyinə Ocağın gərəkliyinə bir daha içində inamı yenilənir. Soylu bəyin tələblərini mən doğal olaraq qəbul edirəm. Bu tələblər, Ocağa, xalqa bağlılıqdan, Ocaqçıya inamından doğan tələblərdir. SSRİ dönəmində elmi ateizm dərsi keçirdilər ali məktəblərdə. Ateizm, demək olar, hakim idi. Ancaq bununla belə, heç kim Qazax-Tovuz zonasında mən inanmıram, ölüsünü sazla uğurlayan olaydı. Tərsinə, istəsəydilər, hökümət də şərait yaradardı. Son zamanlar siz də görmüsünüz, sosial şəbəkələrdə 2-3 belə görüntüyə rast gəlmişəm. Ölünü sazla götürürlər. Saza niyə qayıdır bu millət? Bunun da 20-ci yüzildə Asif Atadan başqa örnəyi yoxdur, sazı ruhani mahiyyətimiz adlandırsın, sazı təbliğ eləsin. Görüşlərdə xalqa çatdırsın. Yəni “əkilən toxum mütləq cücərir” anlamı oturub beynimdə. Ona görə Asif Atanın ideyalarını yaymaqda üzərimə düşən görəvi anlayıram mən. Aqibətimi, ömrümü bu yöndə quracağıma söz verirəm. Çünkü xalqın xalq olmasını istəyənlərik biz. İnsanın insan olmasını istəyənlərik. Vətənimin vətənə bənzəməsini istəyənlərik.

Ataya bir daha səcdə edirəm. Bayrağımızı öpürəm!

Atamız Var olsun!

 

Soylu Atalı: Bir var, toplumda belə düşünürlər də, demokratiyadır, hər kəs istədiyi kimi düşünə, yaşaya bilər, hər kəs istədiyi addımı ata bilər. Bir çox adamlar var düşünər, toplumda o da var, bu da var, Ocaq da var. Bu maraqdan irəli gələn bir şeylər… Ocaqdan da bir şey var. İstəsən də, istəməsən də belə bir şey də var. Bir onların da mövqeyini soruşaq, onların da düşüncəsini qəzetimizdə yayımlayaq, internetdə yayımlayaq, yəni belə-belə şeylər dünyanın hər yerində olur. Bir də olur sağlam insanların, millətini, gələcəyini düşünən insanların axtarması. Onlar ona görə axtarmır, hə, demokratiyadır, onlar axtarır ki, toplum məhv olur. Bunların, yəni Ocağın çalışmaları da göz qabağındadır. Bunlar toplumu qurtaranlardır (xilas edənlərdir). Bunların ideyası qurtarıcı ideyadır. Bir bunlara üz tutaq, bunları aktuallaşdıraq. Aktivləşdirək, gündəliyə gətirək. Bir də var belə. Bax, ola bilər, Ocaqla bağlı məsələlər hələ birinci yönlüdür. Ancaq mən inanıram, təkcə bizim yurdumuzda deyil, yurdumuzdan qıraqda da Ocağı, doğrudan axtaracaqlar. Doğrudan axtaracaqlar, bu qurtarıcı ideyadır. Bu ideyanı tərpətmək, öyrənmək gərəkdir. Öyrənək bunu, bundan bəhrələnək. Doğrudan da, yapışa bilək. O aşama başlayacaq. Mən hər zaman sizə demişəm, o aşamaya hazır olun.

Bütün bəşər tarixində, siz bilirsiniz, mən böyük oxucuyam, bu cür ruhaniyyat, mənəviyyat olaylarını mən axtarıram, öyrənirəm. Onların necə yaşaması, necə minillikləri adlayıb bura gəlməsi, mənə bəllidir. Elə şeylər var min illəri adlayıb gəlir. Necə gəlir? Elə-belə gəlməz ki. Bəzi şeylərdə ya toplumun səviyyəsində dəyişiklik olmur, gerilik olur, bu gerilikdə gerilik də gəlir. Bəzən olur, gözəl ab-hava olur, gözəl ideya olur, gözəl baxışlar olur. Bütün çağlarda onların sorağı doğur. Belə şeylər olur. Ona görə mən bilirəm, ruhaniyyat olayı, mənəviyyat olayı hansı yüzillərə etki göstərə bilir. Haralara onun əli çatır. Mən bunu çox gözəl bilirəm. Bu gün mən burda oturub Asif Atanın əlinin hara çatdığını da gözəl dərk edirəm. Asif Atanın hansı yüzillərə etki göstərə biləcəyini dərk edirəm. Çünkü bu ideya boşuna ideya deyil. Həvəslə ortaya gələn məsələ deyil. Bütün dünyanın böyük ruhsal anlamının ümumiləşmiş, sintez olunmuş bir yönüdür.

Elçin: Yadıma düşdü deyirəm, siz deyirsiniz ideyayla bağlı. Mən belə düşünürəm, sistem dəyişməyincə, rejim dəyişməyincə pozğunluq olacaq. Özbaşınalıqlar o qədər çoxdur, elə bir şərait məncə yaranacaq, televiziyayla, mətbuat yoluyla. Onun üçün də ayaqda durmağımız gərəkdir. Bu qədər getməyəcək axı. Bunun da bir sonu var. Onda bizim üçün, mən özümü də nəzərdə tutub deyirəm, şərait yaranacaq. Necə Asif Ata o vaxt 80-90-cı illərdə ətrafına minlərlə insan gətirdi, niyə qalmadı, o başqa bir məsələdir. Elə bir şərait, mən də hiss edirəm, yenə yaranacaq. Sadəcə o şəraitdən yaxşı yararlanmaq gərəkdir. Mən sizə bir şey deyim. O qədər narazılıqlar var, nə olsun, dünən bir adam ölmüşdü, təsəvvür edin, yerdən götürməyə adamı yox, pulu yox, zəng elədilər, getdik kömək elədik. Durum çox gərgindir. Camaat axır bu haqq yoluna gələcək. Hamı bilir bu düz yoldur. Ancaq deyirsiniz, onu yönəltmək, insanın beyni var da, bunun ardınca getmək gərəkdir. Ola bilər insanı yönəldirlər. İnsanın özünün də düşüncəsi olmalıdır. Çoxu da durumu lap yaxşı bilir. Kimin kim olduğunu bilir. Ancaq öz marağının dalınca, yaşamaq üçün yaltaqlıq edir, yanlış yola gedirlər. Elə bil bilərəkdən gedirlər. Bilirlər sən haqlısan. Haqlı olduğunu bilə-bilə, bir az keçəndən sonra deyirlər yox, belə getsəm, bəlkə hardansa beş manat pul qazandım. Mən ona görə deyirəm, elə bil sistem dəyişiləndən sonra, məncə, bizə daha rahat olacaq. Demokratik şərait yaranacaq. Biz də öz ideyamızı, gücümüzü ortaya qoyacağıq.  Məncə, İnam Evləri yaranacaq. Xalqın özündə tələbat yaranacaq buna.

Soylu Atalı: Ona görə deyirəm, çox güclü, ciddi mənəviyyat insanları yetişməlidir. Asif Atadan ləyaqətlə bəhrələnən, onu düşünən insanlar gərəkdir, onun ideya-prinsiplərini öyrənsin, bəhrələnsinlər. Yoxsa biz, doğrudan, xalqa gərək olan insanlar tapa bilməyəcəyik. Sovet dönəmində böyük bir sistem vardı. Böyük bir imperiyada sistem vardı. Bu sistemdə sənin də dediyin kimi, ateizm ideolojisi vardı. Ateizm bu xalqı dindən ayıra bilmədi. O boyda quruluş, imperiya bu xalqı dindın ayıra bilmədi. Daha betər qayıtdılar geriliyə. Niyə? Çünkü ateizm insan ruhuna yaddır. İnsanın milli düşüncəsinə də yaddır. Ancaq Asif Ata təkcə türk insanına yox, bütövlükdə insan ruhuna yad deyil. Nəinki yad deyil, insan ruhunu dirildir. Hər bir insanda milli ruhu dirildir. Ona görə bu baxış bütün ideologiyalardan bizə daha çox gərəkdir. Daha şox yaşadılmağa layiq bir ideyadır.

Göylü 20 il öncə Ocağa gəldi. Özünün yaşamıyla bağlı çox üzdən, dərinə enmədən, yüngül bir hesabat sərgilədi. Bunu mən istəmişdim. Ayrıca Göylünün Ocağa gəlməsinin 20 illiyini qeyd eləmək gərək idi. Amaldaşlarıyla, olarsa Ocaq dostlarıyla bir yerdə. Göylü mürəkkəb bir tale yaşadı. Söz yox, onun taleyinin qırmızı xətti Ocaq üstədir. Ocaqdır. Ancaq çox qırağa çıxmaları da oldu. Geriləmələr oldu. Göylünün geriləmələri olmamalı idi. Çünkü o elə bir eşqlə, həvəslə başlamışdı, ondan ancaq yüksək şeylər gözləmək olası idi. Hər zaman deyirəm, vurğu edirəm, bizim işimiz ruhsal bağbanlıqdır. Ancaq ruhsal bağbanlıq sadəcə bağbanlıqla sınırlanmamalıdır. Düşüncə çox önəmlidir. Ocağın içində filosof olmalısan. Çox düşünməlisən. Yaradıcılıq üstə yaşamalısan. Başqa cür olanda, nə qədər gözəl fədakarlıqların, əməyin, cəfan olursa olsun, düşüncədə dərin, davamlı iş getməsə, o cür bağbanlıq işi zəifləyə bilir, hətta geriliyə bilir. İnsanın əlində, əməyində gedən işdən daha dərin içində, düşüncəsində iş getməlidir. Düşüncədə, içdə dərin iş getməyəndə adam əməyində, əməyinin nizamında dayana bilir. Hətta yoldan qırağa da dura bilir. Bunu tarix də sübut edib, Ocaq tarixi də sübut edib. Ona görə sizin hər birinizə mənim dediyim, əgər Ocaqda əbədi var olmaq istəyirsinizsə, dərin düşüncələrlə uğraşın. Dərin oxu işləriylə uğraşın. Bilirəm, həyat nədir, çətinlik-filan. Bax, əlimin gününə baxın, ancaq kitab əlimdən düşmür. Dünən səhərdən-axşama bacımın evində çalışmışam. Əlimdə laqonda, atfyorka, çəkic, Soylunun işi deyil. Bacımın evində iş görmüşəm. Öz evimdə iş görmüşəm. Kənddə iş görmüşəm. İş yerində iş görmüşəm. Ancaq kitab-qələm əlimdən düşmür. Düşüncə məni tərk eləmir. Bunu niyə deyirəm sizə ha, ona görə deyirəm, həyatın işinin çox olmasını, çətinliklərini bəhanə gətirməli deyilik. Buna haqqımız yoxdur. Əgər tutuşdursanız, baxsanız görərsiniz, sizin fiziki işlərinizdən mənim fiziki işim daha çoxdur. Özü də bir yönə deyil, bir neçə yönədir. Bunun qarşısında, görürsünüz, ortaya nə qədər ideya, düşüncə qoyuram. Baxın, bir var zəifləmə, bir var geriləmə. Zəifləmə ola bilər. Məndə də zəifləmə olub ayrı-ayrı vaxtlarda. Ancaq geriləmə olmayıb. Geriləmə olmamalıdır. Geriləmə oldusa sürüşürsən sıfır nöqətsinə. Bax, bu məsələ olduqca önəmlidir. Ancaq yenə deyirəm, Ocağın tarixində hünər baxımından, onun yaşamasında Göylü imzası var. Bu imzanı heç nə, heç kim pozmayacaq tarixdən. Ancaq tarixdən pozmayacaq, özün istəsən elə yaşayarsan, gələcək tarix də pozmasın onu. Gələcəyin pozmaması səndən asılıdır. Tarixin pozmaması, o da səndən asılıdır. Çünkü tarixə imzanı qoymusan artıq. O pozulmayacaq. Gələcəyə imzanı qoymusanmı? Gələcəyə imza qoymaq gərəkdir. Gələcəyə imza qoymaq, geriləməmək, davamlı olmaq. Gələcək üçün ayağa durmaq. Gələcək üçün gələcəyin görsənişinə yüksəlmək, qalxmaq gərəkdir. Ona görə istəyirəm biləsiniz, həm tarixə imza qoyun, həm də gələcəyə. Bu ikisini birləşdirin. Onda gələcəyə bir ömür yolu salacaqsınız – qırılmayan, tükənməyən.

Ocağın yaşamasında, qurulmasında Göylü imzası var. Ocağın gələcəyə gedişində, gələcəyə etki görsənişində, gələcəyin işığına çevrilməsində Göylü imzası varmı, olacaqmı, bunu düşünməyin gərəkdir. Günəş Ayının 1-nə qədər sən 20 illik keçirə bilərsən. Eynən Ocaq tədbirlərindən biri kimi keçirə bilərsən. Onun altında cızıq çəkib imza qoymaq gərəkdir. Ortada böyük hünərlər oldu.

Həmişə Ocaqda qüdrətli, hünərli olmaq gərəkdir. Xalqın içində özünü, xalqı ifadə eləmək gərəkdir. Bunu unutmayın.

Burda olmayan amaldaşlarımız da qoy bu tədbirin yazısını oxusunlar. Onlar da bilsinlər, onlar da düşünsünlər.

 

“Ata Ruhunu Ürəyimizdə Aparırıq!”, “Atamız var olsun!” Səcdəsiylə tədbir başa çatır.

 

Sərt Ayı, 40-cı il. Atakənd.

(dekabr, 2018. Bakı).

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir