Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 44-cü ili
Qutsal “İnam Evi Günü” Törəni
Ocaq Günsırası ilə 13 Yağış Ayı, 44-cü ildə (noyabr, 2022) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “İnam Evi Günü” tədbirini gerçəkləşdirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Bu gün qutsal günümüzdür, Ocaqda ölənlərimizi anırıq: Sabahlı, Bağban, Amaltay bizimlədir. İldə bir yol “İnam Evi Günü”müz olur. Keçən il sizin də qatqınızla Beyləqanda – İnam Evində törən keçirdik. İndi İnam Evinin mahiyyəti ilə bağlı qısaca söz deyək. İnam Evi Günü həm törəndir, həm bayramdır hardasa. Nəyə görə bayram sayırıq?! – Yurdumuzda İnsanlığın özünə xas bir ünvanı yaranıb. Bu ünvan öncə nəzəri olaraq, ideya baxımından yaranıb. Sonra da onun məbədi yaranıb. Keçən il getdiyimiz ünvanda məbədimizi gördünüz. O məbəd ağır, çətin bir durumda böyük zəhmətlərlə yaranıb. Minimal maddi imkanla yaranıb. Ocaq illərlə ortadadır. Ancaq onun hələ Bakıda bəlli bir ünvanı yoxdur. Ona görə Ocaq tədbirlərini şəxsi ünvanlarımızda keçiririk. Bu bizim üçün olduqca ciddi məzmun daşıyan bir məsələdir. Söz yox, fərdi evlərin olanaqları məhduddur. Ona görə az sayda insanlarımızla toplaşıb bir araya gəlirik. Bəzən onların bir çoxu imkan tapıb gələ bilmir. Bu gün elə neçə adam zəng edib gələ bilməyəcəklərini dedilər.
İnam Evinin ünvanı onun məzmunu qədər önəmlidir. Bəşər tarixinin ayrı-ayrı aşamaları var. Hər birinizin oxuduğunuz, eşitdikləriniz, bildikləriniz bu aşamalar insanlığın fəlakəti sayıla bilər. Çünkü insan hər şeyə vaxt tapır, ancaq özünün insani oluşumuna vaxt tapa bilmir, imkan tapa bilmir, ünvan tapa bilmir. Bu olduqca düşündürücü bir məsələdir. Bir az öncə ayrı-ayrı axtarışlardan söhbət elədik. İnsanlığın taleyi ilə bağlı yazanlar var, rahatsız olanlar var. Bəzilərinin baxışlarına görə tərəqqini qəddarlıq yaradıb. Engelqardt adlı araşdırıcı bunu əsaslandırıb faktlar göstərir. Deyir, ayrı-ayrı dönəmlərə baxın, istər Avropa olsun, istər Orta Doğu, istər Hindistan, fərqi yoxdur, dünyanın harasını araşdırırsan araşdır, görəcəksən tarix başdan-ayağa hərb tarixidir. Qanlılıq tarixidir. Bu qanlılıq tarixi insanlığın üzərində əməlli-başlı vəhşi bir gediş qurub, faciə yaradıb. Bizim bildiyimiz, bilmədiyimiz məsələlər var. İnsanlara hansı işgəncələr verilməyib tarixdə? Edam ediblər, dərisini soyublar, sümük-sümük doğrayıblar, gözünü ovub qurğuşunla doldurublar, odda yandırıblar. Birdən-birə öldürməyiblər, asta-asta öldürüblər vəhşicəsinə. Hətta bundan ləzzət alıblar. Əyləncəyə çeviriblər bunu. Tarixdə qladiatorluq dövrü olubdur. Qıraqda taxt qurub tamaşa ediblər, insanları bir-biriylə döyüşdürüb əyləniblər. Özləri qıraqda yeyib-içirlər, bunlar bir-birinin ətini yeyirlər. Vəhşi heyvanları buraxırlar insanların üstünə, canını qurtara bilirsən, qurtar. Parça-parça elətdiriblər insanları. Özəllikcə vəhşi itlər saxlayıblar. Boyun əyməyənləri, acıqlarına tuş gələnləri itlərin qabağına atıb parça-parça etdiriblər. O qədər belə faktlar yazırlar, sonra da deyirlər, bu elə insanlıqdır. İnsanlığı birbaşa buna bağlayırlar. Bizim tarixdən bildiyimiz insanlıq örnəklərini ötəri fraqmentlər sayırlar. Misal çəkirlər, heyvan heyvanın üzərində elə əyləncə qurmur. Güclü heyvan gücsüz heyvanı parçalayıb yeyir, ancaq eyni növdən olanlar bir-birilərini parçalayıb yemirlər. Təbiətdə olan situasiyaları, hadisələri qarşılaşdırırlar, sonra bunları insanlıqla tutuşdururlar. Deyirlər tərəqqini elə qəddarlıq yaradıb. Sivilizasiyalar olubdu, quldarlıqdan sonra ayrısı gəlib. Neolit dövründən üzü bu yana çoxsaylı dəyişikliklər. Sonra filan aşama gəlib. Hamısında da insan vəhşətlərlə üz-üzə qalıb. Hamısını bu cür əsaslandırıb deyirlər. Bunlar faktdır, bu faktları biz dana bilmərik. Mən düşünürəm, bunu yazanlar elə-belə adamlar deyillər. Onlar təfəkkür adamlarıdır. Onlar zəka adamlarıdır. Bu tarixdə bizim də oxuduqlarımızın, eşitdiklərimizin, bildiklərimizin qat-qat artığını, daha da incəliklərinə qədər araşdırıb bizə sunurlar. İndi mən üzümü onlara tutub soruşuram, yaxşı, nə təklif edirsiniz, bəs nə eləyək? Davammı eləyək bunu, beləmi olmalıdır? Ölçü verin, nizam verin, neyləyək, yaxşı? Özü də Batı düşüncəsində belə şeylər daha çoxdur, İnsanlığın qarşısında dəhşətli bir ümidsizlik uçurumu açırlar. Bu ümidsizlik uçurumundan o yanda insan qurtuluş-filan görmür. Elə biz də elə dövrdə yaşayırıq. Texnologiyaların gəlişməsi, sivilizasiya belə getdi, inkişaf elə getdi-filan. Ortada nə var, yenə də acından ölənlər var, yenə də işsizlər var, ölkədən qaçanlar var. Deyirlər, Avropada yaxşıdır. Yaxşı deyil, orda bizdən yaxşıdır. İnsan əsil qiymətini heç yerdə tapmayıb. Avropada da tapmır.
Hansısa bir işə görə insanı oğurlayıb aparırlar, elə işgəncə verirlər ki. Guya dünyanın bir çox ölkələrində ölüm hökmü ortadan qalxıb. Ancaq elə işgəncələr var, ölümdən daha acınacaqlıdır. Bu gün İranda, bilirsiniz, insanlara necə işgəncə verirlər. Uşaq demir, qadın demir, qız demir, necə işgəncə verirlər, bütün bunların hamısı zaman-zaman olub. Bəs bunlar niyə var?! Siz də bilirsiniz, tarixdə böyük şəxsiyyətlər olub. Peyğəmbərlər olub, filosoflar olub, düşüncə adamları olub, alimlər olub. Bunlar insanın qarşısında yaranan uçurumları doldurmağa çalışıblar. Nəylə doldursunlar, necə doldursunlar ki, bəşəriyyət rahat nəfəs ala bilsin. İnsanlıq özünə bənzəsin, dünyanın mənası dərk olunsun. Dünya nə deməkdir, həyat nə deməkdir, yaşamaq nə deməkdir, ölmək nə deməkdir?! Bunlar bilinsin, dərk olunsun. Bunların heç biri haqqında insan oturub düşünə bilmir. Ona görə də ayrı-ayrı düşüncə adamları müxtəlif yollar axtarıblar, insanlara təqdim ediblər, belə olsan yaxşı olar, elə olsan yaxşı olar. Hər dönəmdə də çox uğurlu çalışmalar olub. Uğurlu çalışmalar da hardasa görürsən gedir, ancaq sonra sanki dayanıb yerində sayır. Biz qədim məbədlərdə olan ibadətləri, söhbətləri, maarifləndirmələri-filan, bunları bilirik. Budda məbədləri Paqodalardır (peyğəmbərlərin yaratdığı məbədləri deyirəm, başlıca olaraq), yəhudilərin sinaqoqlarıdır, xristiyan dünyasında kilsələrdir, müsəlman dünyasında məscidlərdir. Zərdüşt atəşgahlarıdır, filandır. İnsanı hara çağırıblar, insana hansı yönü veriblər, insanı necə yönləndiriblər? – Bütün bunların hamısını öyrənirik, araşdırırıq, görürük zəhmətlər böyükdür. Bəs niyə arzu olunacaq düzəydə qurtuluş yoxdur?! Zərdüşt deyir, dünya Xeyirlə Şərin döyüşündən oluşub. Xeyirlə Şərə daha konkret ad verib, bunlar Tanrılardır. Xeyir Hürmüzd tanrısıdır, şər də Əhriməndir. Bu tanrıların arasında döyüş gedir. Tanrılar təbiətin hər yerində döyüşür, insanın varlığında döyüşür. Bu tanrıların döyüşünün adı nədir, yönü nədir?! İnsanın içində qarşıdurmalar var, xeyirlə şərin qarşıdurması var. Xeyirin təmsil elədiyi xeyirxahlıqdır, ədalətdir, səmimiyyətdir, doğmalıqdır, doğruluqdur, şərin təmsil elədiyi riyakarlıqdır, qəddarlıqdır, paxıllıqdır… İnsan varlığında bu duyğuların qarşıdurması gedir. Döyüş gedir İnsanın içində. Burada başlıca olaraq, gec, ya tez, Zərdüştün düşüncəsinə görə, Hürmüzd – Xeyir qələbə çalır. Bu da onda özünü göstərir ki, insan həyatını ətalətə bağlamır, geriliyə bağlamır, zəhmətkeş olur, əkir, səpir, inkişaf tendensiyası oluşdurur. Ancaq bu qarşıdurma başa çatmır. Heç bireydə belə başa çatmır. Tək-tək bireylərdə, o kəslər ki kamilləşir, onlarda başa çatır. Budda insanın baxışını özünün sağlam mövcudluğuna kökləyir. İnsan bütün diqqətini, baxışını özünün necə olacağına fokuslamalıdır ki, ağrıdan, acıdan uzaq olsun, başqalarına da zərər verməsin. Ruhi sakitlik yaransın. Görürsən, yaxşı ideyadır. Bu da ayrı-ayrı bireylərdə başa gəlir, ancaq bütövlükdə bəşəriyyət bir yana çıxa bilmir. O birilər onun kimi. Musa bir qövmü – yəhudiləri qurtarıb. Bu qurtuluş toplumsal qurtuluşdur. Başqa sözlə, toplumun başqalarının əsarətindən qurtuluşudur, İnsanlığın qurtuluşu deyil. Xristianlıqda söz yox, ayrı-ayrı çalarlar var. Bayaq ki sayırdıq, insanın üzərində olmazın dəhşətlər, vəhşətlər, qırğınlar olub. İnsan da bunlardan qurtulmaq üçün bu cür ideyalara, bu cür biryerdəliyə ehtiyac duyub. Başqa yerdə nicat yoxdur. İmperiyalar yaranır. İmperiyalar bunların qayğısına qalmır axı. İmperiyalar bəlli bir qüvvəni, bəlli bir təbəqənin hökmranlığını, ağalığını sürdürür. Ona görə də insanlar qurtuluş yolu axtarıb üz tuturlar belə ideyalara. Ya da islamda olduğu kimi… Demək istədiyim məsələ nədir?! İnsan amansız, qəddar ola bilir. Daşürəkli olur, məhv edə bilir, işgəncə verə bilir-filan. Bunlardan qorunmağa çalışan da insandır. İnsan məhv edir, həm də qorunmağa çalışır. Qorunmağa çalışır, üz tutur bu cür ruhani ideyalara. Niyə ruhani ideyalara üz tutur?! Deyir, əgər ruhani ideyalara üz tutmasam, ruhani tələblərlə yaşamasam, onda heyvancasına məhv olub gedəcəm. Heyvancasına bir-birini məhv edəcək. İnsanda ikilik var, ziddiyyət var. Əgər o ruhaniliyə üz tutmasa, heyvaniliyə üz tutacaq, heyvan kimi yaşayıb məhv olacaq. İnsan ruhsuz, şüursuz canlı deyil ki, elə o cür yaşamaq zorunda qala. İnsanın seçmək imkanı var, şüurlu davranıb ruhaniyyatı seçər, heyvanatı yox. Bəşəriyyət min illərdir ki, bütün ideyalarını, düşüncələrini buna görə ortaya gətirir ki, insanı heyvanatdan ayıra bilsin.
Bu çabaların içərisində doğru xətlər də var, yanlış xətlər də. Bəşər varlığının gəlişməsində heç kimin zəhmətinin üzərindən xətt çəkmək istəmirik. Ancaq görünən odur, bu gün xristianlıq da, müsəlmanlıq da sırf siyasətdir. Ruhaniyyat yoxdur. Özləri səbəb veriblər buna. İdeyaların quruluşuna görə səbəb veriblər, toplumu yönləndirmək üçün, yalana meyil etdikləri üçün səbəb veriblər. Əgər ruhaniyyat sistemində yalan varsa, o, ruhaniyyat olmayacaq, siyasət olacaq. Yalan olan yerdə siyasət var, ruhaniyyat yoxdur. Ona görə də ruhaniyyatı bütöv şəkildə ortaya gətirmək gərəkdir. Bu bir yaşam etalonudur, buna toxunmaq olmaz. Bunu oyuna çevirmək olmaz. Buna oyun qatmaq olmaz. Bir vedrə suya bir damcı çirkli su atarsan, o su içməli olmur. Ruhaniyyat odur. Bir vedrə arı-duru sudur. Bir şey qatdınsa, o artıq içilməli deyil, tullantıdır. Ona görə də Asif Ata dedi: “Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq”. Bu Ocaqlaşma yolunun həqiqəti nədir? – “İnsanlaşın, İnsanlaşdırın! Bəşərin qurtuluşu İnsanlaşmaqdadır”. Bu ideyanı ortaya gətirir. Necə gətirir, – deyir İnsan özündə Mütləq gəzdirir. Baxın, desən insanın içində özündən yekə iblis oturub, hamı əla inanır. Ancaq deyirsən içində Mütləq var, Allah var, inanmır. “Hardadır o? Aç göstər görüm hardadır?”.
Bu yaxınlarda söhbət edirdik, mənə sual verdilər. Mən də dedim, siz bilirsiniz, biz dinin Allah obrazlarını doğru saymırıq. Bizə sunulan obrazları yanlış sayırıq. Ancaq biz Allah məzmunundan imtina etmirik. Asif Atanın Mütləqi elə Allah anlamıdır. Deyir hardadır? Mən də ondan soruşdum, necə yəni hardadır? O cismi varlıq deyil ki, mən tutub sənə göstərim. Dedim, tibb elmi cərrahiyyə əməliyyatı ilə mənə sübut edə bilərmi, sevinc, ya kədər duyğusu bədənimizin harasındadır? Tapa bilməzsən onun yerini. Bəs onu necə bilirik var?! Onu biz təzahürləriylə bilirik var. Görsənişə gəlməyi ilə bilirik var. Kədər özünü göstərir üzdə. Göz yaşı kədərdən gəlir. Biz sevinəndə sevinc duyğusu üzdə özünü göstərir. Allah kainatda – kədər cisimdə olduğu kimidir. Bütün kainatdakılar biçimində təzahür edir, görsənişə gəlir. Həm də özü olaraq qalır. Asif Atanın yaratdığı ölçü budur. Kədər yoxa çıxmır. Kədər olaraq qalır. Yenə kədər gələcək. Kədər çevrilib göz yaşı olmur. Əgər hər dəfə kədər çevrilib göz yaşı olarsa, elə bir çevrilmə gedərsə, o qısa bir müddətdə tükənər. Ata deyir, Mütləq dünyada ayrı-ayrı əlamətləriylə, nişanələriylə görsənişə gəlir. Əbədi sabahda bütöv varlığı ilə ortaya çıxır. Bütün çalarlarda özünü göstərir. Ona görə deyir, insan özündə Mütləq gəzdirir. Ancaq insanın içində bir münaqişə var, qarşıdurma, çəkişmə var. Bir yanda xeyirxahlıq, mərhəmət, ədalət, vicdan durur. Bu biri yanda haqsızlıq, məkr, hiylə, xəyanət, qəddarlıq, vicdansızlıq durur. İnsanın içində beləcə bir qarşıdurma var. İnsan bəzən xeyirxah olur, bəzən acımasız olur. İnsanın iradəsi içindəki qarşıdurmada (bir az obrazlı desək) nəyin yanındadırsa, insan onu gerçəkləşdirir, onu həyata keçirir: – Xeyirxahlığın yanındadırsa, xeyirxahlığı, əclaflığın yanındadırsa əclaflığı. Dərketmənin mahiyyəti odur ki, insan bilə özünün mahiyyətini, özünü xeyirxahlığın yanında göstərə, xeyirxahlığın yanında dura. Belə bir şey insanın qarşısında duran başlıca bir çağırışdır.
Deyirlər Zərdüştdə iki Allah var. Əslində elə deyil. Şər Allah deyil. Nəyə görə Allah qismində onu sunur, ona görə ki, insanın iradəsi şərin tabeliyində olur. Şər insana əslində Allahlıq edir, əslində insana öz içindəki Xeyir Allahlıq eləməli idi. İnsan öz içindəki Mütləqi yaşatmalı idi, üzə çıxartmalı idi, göstərməli idi. Ancaq o nəyi üzə çıxardır? Şəri üzə çıxardır, onun iradəsinə, varlığına hökm edən şərdir, Allahlıq edən şərdir. Şər süni Allahdır. Şər qondarma Allahdır. Əhrimən qondarma Allahdır. Əsil Allah nədir? – Əsil Allah xeyirxahlıqdır. Yəni Mütləq olandır. Mütləqdə Şər yoxdur, Xeyirxahlıq var. Bu xeyirxahlıq da insanda yaşayarsa, var olarsa, bir Allah olur elə. Elə əslində öz içindəki Mütləqə tən yaşayar. Onun tələbləri ilə yaşayar.
Müsəlmanlıqda hamı səhərdən-axşama salavat çevirir, Allahu əkbər deyir. Ancaq heç birinin əməlində, canında, varlığında deyilənlər var olmur. Allahı (Mütləqi) yaşatmaq ortamı yaratmırsan içində. Çıxdanc edirsən, onu öldürürsən.
Allah hardadır? Kainatda bir qüdrət var. O qüdrət hər yerdə var. Qədim yunanlar deyirdilər, hər yerdə Allah var. Hər yerdə Allah var, yəni Allah çoxdur. Bu, Politeizmdir. Bir də var, deyəsən Allah hər yerdə var. Hürufilərimiz də deyirdilər: Həqq mənəm, Həqq məndədir. Yəni Allah hər yerdə var, məndə də var. O məndə aktiv şəkildə yaşayacaqsa, xeyirxahlıq, vicdançılıq, vətənsevərlik, doğruçuluq kimi görsənəcəkdir. Bu deyilənləri özümdə yaşadıramsa, Allahlı oluram. Yaşatmıramsa, Allahsızam. Bəşəriyyət Allahsız yaşayır. Çünkü dinlər siyasətə çevrilib. Allah siyasət alətinə çevirib. Avropa bilgini Nitşe deyir, Allah ölüb. Bəs nə etməli?! Asif Ata da deyir Allahı diriltmək gərəkdir. “İnsanlaşın, İnsanlaşdırın. Bəşərin nicatı İnsanlaşmaqdadır”. Sən içindəki Mütləqi tanımalısan, dərk eləməlisən, öyrənməlisən, bilməlisən. Buna əngəl olan cəhətləri etiraf etmək, demək gərəkdir. Aşamalarla etiraf etməlisən, içindəki Mütləqə yetməlisən. Özüylə döyüş bunun üçündür. Ata deyir, özüylədöyüş gündəliyi yazın. Bizə deyir, özgəylə döyüşməyin. Pisliyi, qüsuru başqasında görürsən, öz içini görmürsən. Hər kəs başqasında görür, öz içində görmür. Ancaq sənin başqası ilə döyüşməyinə gərək yoxdur. Sən içində həqiqətə yetirsənsə, özüylədöyüşlə kamilləşirsənsə, toplumsal şəri də yenəcəksən. Sən başqasını hədəf götürəndə o da səni hədəf götürür. Səndə özünəbənzərlik tapır. Səndə özünəbənzər cılızlıq tapır. Sevinir. Deyir, sənin məndən heç bir fərqin yoxdur. Böyük şəxsiyyətlər, müdrik insanlar buna səbəb verməyiblər. Onların ömrü bütöv olub. Onların səmimiyyəti, ləyaqəti bütöv olub. Sən durub onlarda heç nə axtara bilmirsən. Sən onlara baxıb özünü tutuşduranda özünün içində nələr olduğunu görürsən, özününün harda olduğunun fərqinə varırsan. Özüylədöyüş çox prinsipial məsələdir. Toplumsal şərlə döyüş də özüylə döyüşdən keçir. İçində toplumsal şərin əlaməti varsa, sən toplumsal şərlə döyüşə bilməyəcəksən. Çünkü toplumsal şərin havadarı var içində. O sənin ayağından dala çəkir.
Mən bu məqamlara özüm incə toxundum. Əslində Asif Ata olduqca gerçək danışır. Olduqca real danışır, mücərrəd danışmır. Mümkünsüz bir şeylər demir, vəd eləmir. İnsana ölümdən sonrakı həyat vəd eləmir. Cənnət vəd eləmir. Cəhənnəmlə qorxutmur. Ən böyük cəhənnəm sənin öz içindəki mənandan ayrılmağındır. İçindəki mənandan, içindəki Allahdan, qüdrətdən ayrılmısan. Ən böyük cəhənnəm budur. Sən faciə içərisində yaşayırsan. Bütün əməllərin hamısı pisdir. Vəhşi kimi yaşayırsan. Paxıllıq içində yaşayırsan. Qəddarlıq içində yaşayırsan. Bundan böyük cəhənnəm yoxdur. Sən mənəvi dünyanı məhv edirsən. Mənəvi varlığı məhv edirsən. İçində faciəvi bir ağrı yaşayırsan. Gərək hökmən adamı aparıb qır qazanının içinə atasan?! Asif Ata deyir, sən insansan. Özündə Mütləq gəzdirirsən. Mütləqin əlamətləri var, adı var, görsənən keyfiyyətləri var: atasansa atalığını elə, anasansa analığını elə, dostsan dostluğunu elə, həqiqi dostluğa yet, həqiqi analığa, atalığa yet. Həqiqi qardaşlığa, bacılığa yet. Həqiqi soydaşlığa yet. Bu keyfiyyətlərində bütövləş, Mütləqləş. Deyirlər Mütləqilik mümkün deyil. Bütövləşmək mümkün olmayacaqsa, onda insan elə heyvana bərabər yaşamalıdır?! Elə deyil. Bütövləşmək, Mütləqləşmək olumludur. Sən buna yetə bilərsən, yetməlisən. Bunun üçün sənə nə vəd eləməliyəm? Niyə vəd eləməliyəm?! Deyirəm, qadınsan qadınlığını yaşa. Kişisən kişi kimi yaşa. Sənin mahiyyətinin tələbi budur. Normal atalıq edəcəksənsə, mən sənə niyə ödül verməliyəm?! Bundan böyük şərəfmi var, bundan böyük fərəhmi var, sevincmi var, cənnətmi var, mən sənə bunun qarşılığında ödül vəd edim?! Necə olmalısansa onu yaşa. Adamlar özlərinin içinin cılızlığından çıxış edirlər, deyirlər Mütləq yoxdur, mümkün deyil. Ad çəkmək istəmirəm. Facebookda deyiblər elə. Burda söhbəti adiləşdirmək istəmirəm. Şair, fəlsəfə alimi Mütləqləşmək mümkün deyil deyirlər. Mən də onlardan soruşuram, sizin qeyrətiniz varmı?! – Mən də sizin qeyrətinizə inanmıram, sizin qeyrətiniz də nisbidir. Vətən sevginiz də nisbidir. Mən sənə niyə inanım onda?! Hər şeyin yarımçıqdır, nisbidir, mütləq deyil. Hər şey yarımçıqsa, Mütləq yoxdursa, deməli, sənin qeyrətin də yarımçıqdır, ləyaqətin də yarımçıqdır. Analığın da yarımçıqdır. Vətən sevgin də yarımçıqdır. Millət sevgin də yarımçıqdır. Oyun oynayırsan. Onda bəs mən sənə niyə inanım?! Asandır demək Mütləq yoxdur. Zatən ona görə bu durumdasan. Atalığın nisbi olduğuna görə, analığın nisbi olduğuna görə, ləyaqətin nisbi olduğuna görə, qeyrətin, vətənsevərliyin nisbi olduğuna görə, insansevərliyin nisbi olduğuna görə, xalqsevərliyin, dövlətsevərliyin nisbi olduğuna görə bu gündəsən. Yarımçıqlıqdan hər şey gözləyin. Atalar elə-belə deməyib, – dad yarımçıq əlindən. Yarımçıq adamlıqdan hər şey gözlə. Kamil İnsandan onları gözləmirsən. Güvən yaranır. Güvənirsən. İnsanın ləyaqəti bütövləşəndə, onun vətən sevgisi bütövləşəndə, onun qeyrəti bütövləşəndə sən ona güvənirsən, ortada bir güvənc var, inam var. Sən inanmırsan o sənə xəyanət edə bilər. İnanmırsan o sənin vətənini satar. İnanmırsan o sənin dövlətini məhv edər. Güvənc yaranır. Ölçü budur. Bu ölçünü verir Ata. Bu cür olacaqsansa, sənin insani gələcəyin var. Ata buna inanır, buna inandırır bizi. Buna çağırır, bunu öyrədir. Bizim də İnam Evimizin, bu məktəbin hədəfləri bunlardır. Biz deyirik, heç bir məbəddə, Atanın məbədindən qıraqda, İnsanlığın söhbəti getmir. Vətən söhbəti getmir. Mənəviyyatın söhbəti getmir. Oyunlar söhbəti gedir. İstər kilsə olsun, istər məscid olsun, fərq eləməz. Hamısında siyasət, oyun, əllaməçilik, şarlatanlıq. Özünü göstərmək, iyerarxiya yaratmaq. Baş molla, ayaq molla, baş keşiş, ayaq keşiş, bu yekə, bu hamısından ağıllıdır, ona pərəstiş elə, ortada da heç nə yoxdur. Atanın İnam Evində bunlara gərək yoxdur. “Ocaq Yükümlüsü” də vəzifə deyil, sorumluluqdur. Ailə təmsilçisi var, ruhani ailəni təmsil edən, – vəzifə deyil. Yükdür, sorumluluqdur. İnam Evinin baş kahini olmur, bunu yaratmaq günahdır.
Bəşəriyyətin başqa məbədlərinin işi başa çatıb. Asif Atanın məbədinin işi başlayıb. Biz ona yiyə çıxmalıyıq. Hər birinizi qutlayıram, bağrıma basıram.
Atamız Var olsun!
İnamlı Atalı (Ataya səcdə edərək Bayrağı öpür – N.A.): Bəri başdan mən də hamınızı qutlayıram. Millət, vətən duyğusu aşıb-daşanda insanlar bir-birinə ehtiyac duyurlar, bir-birini axtarırlar. Burda da bir-birimizi axtarıb gözəl bir gündə toplaşa bilmişik. Qardaşıma da təşəkkür edirəm, bir şey qalmadı biz danışaq. Soylu qardaşım hərtərəfli açıqlamalar verdi. Biz də bəhrələndik onun bu gözəl izharından. Bu yaxınlarda sosial şəbəkələrdən birində bir fotoşopla rastlaşdım: Qəzəbli insan və qəzəbli canavar sifəti. Üzün mimikaları hər ikisində eyni idi. Dişlərdə bir az fərq vardı. Sonra insanın qanadlı mələk şəklində təsvirləri yadıma düşdü. Simurq quşunun insanın köməyinə yetməsi, nağıllardakı təsvirlər yadıma düşdü. Qardaşımızın dediyi qaydada, ikili xarakter, həm o yan, həm bu yanlıq. Bu yanda Əhrimən – daxili şər, bir yanda Hürmüzd – daxili xeyir. Dünyanın bugünkü təsvirini də qardaşımız gözəl verdi. Dünya hansı qəddarlıq üstündə qədimdən indiki dövrə qədər gəlib. Qəddarlığın növləri incələşib. İndi insanları diri-diri divara hörmürlər, ancaq elə incə üsullarla öldürürlər. Pambıqla baş kəsirlər, tayfanın, millətin gözünün odunu alırlar, heç kəs onların şərinə qarşı durmasın. Heç kəs insanın böyüklüyünü göstərə bilməsin. Qəddarlıq görünməz tellərlə haşiyələnib, vəssəlam. Həmin qəddarlıq öz yerindədir, gücündədir, qüvvəsindədir. Bu, toplumun bugünkü təsviri. Bəs necə edək ki, hamı üçün yaxşı olsun. Hamı gözəl yaşaya bilsin. Hamı öz ruhani imkanlarını gerçəkləşdirə bilsin. O qədər işıqlı beyinlər var ki. Qəlblərində o qədər gözəl duyğular yaşayır. O qədər gözəl düşüncələr beyinlərindən keçir. Bir də gördün ömrü tamamlandı getdi. Hər şeyi də özüylə apardı. Mən bir düşüncəmi də söyləyim ki, yaşlı adam öləndə toy-bayram kimi keçirilir. Körpə uşaq öləndə onun üçün böyük bir məclis qururlar. Qoca artıq tamamlanıb, nə vardısa üzə çıxdı. Ancaq uşaqda bilinmədi imkanında nələr yatıb. Onlar özüylə gömüldü torpağa getdi. Bu mənada insan daxilində böyük imkanlar gəzdirir. Bu imkanları ictimai şərin ucbatından insan gerçəkləşdirə bilmir. Həyata keçirə bilmir. Bu yaxınlarda mən özüm üçün düşünürdüm, insana qədərki dünyanı, sözsüz ki, kainat genişdir, sonsuzdur, hardasa, başqa planetdə ola bilsin həyat olsun. Bugünkü insana bəlli olmayan bir işdir. Ancaq Yer kürəsi sanki bir tapıntıdır. Canlı varlığın həyatı üçün imkan yaranıb. Mənim danışdıqlarım Yer kürəsindəki həyatla bağlıdır. İnsana qədərki dünya öz təbii axarıyla gəlib, davam edib. Təbiət öz gözəlliyini çağırıb, bülbül öz nəğməsini oxuyub. Tovuz quşu öz gözəlliyi ilə fəxarət duyan bir görkəm alıb. Təbiətdəki bu gözəlliklər təbii şəkildə, öz-özünə ortaya çıxıb. İnsanın yaranışıyla sanki təbiət öz gücünü dayandırmış olur, təbiətin yaradıcılıq gücü keçib insana. İnsanda artıq ruh var, düşüncə, ağıl var, duyğuları var. İnsana qədərki dünya vəhşi aləmin dünyasıdır. Nə qədər qəddarlıq da olsa, canavar dedik, şir dedik, bunlar qarın doyması ilə yetərləniblər. Təbiətin hamısının məhvi mümkünsüz olub onlar üçün. O vəhşiliyə bəraət də qazandırırlar. Deyirlər, canavar sürünü qovub xəstəsini yeyir, xəstəliklərin də qabağını alır. Vəhşiliyin bəraəti kimi də çıxır. İnsana gələndə isə, gör Ukraynanın şəhərlərini Putin necə dağıdır. Gör necə vəhşiləşiblər, insanlıqdan çıxıblar. Dünyanın gözünü də qorxudurlar. Bir bədəndir, yeməyin olsun, geyimin olsun, sarayın da olsa bir otaqda yatacaqsan, bunun üçün milyardlar yığmağa gərəkmi var? Niyə belə olub? Bugünkü təsvirlər budur. Toplumun, dünyanın təsviri budur. İnsandan sonrakı həyatda hansı eybəcərliklər çıxıb?! İnsan təbii axarı ilə getsəydi, gör necə gözəl harmoniya yaranardı. 124 min peyğəmbərin hamısını yığ bir kəndə gör orda necə gözəl bir həyat, necə gözəl bir harmoniya yaranar. İnsanlar bir-birinin qədrini necə bilər, qayğı necə olar, sayğı necə olar, bir-birinin əlindən tutmaq necə olar?! Dostluq necə olar, mərhəmət necə olar, insaf necə olar. İnsan budur da. Bunlar insanı ilhamdan, ehtizazdan ayırıblar, insanın öz düşüncəsində dünya nədir, həyat nədir, insan nədir, dünya, insan necə olmalıdır suallarının heç aydın cavabı yoxdur. Qardaşımız bunların çox gözəl izahını verdi. Dinlərin hamısı siyasətlə məşğuldur. Ən yaxşısı, ideyaların içində, dinlərdir. Din insanla uğraşır, insan mənəviyyatı, əxlaqı deyir. Bunu söz kimi deyir. Baxmayaraq insanın Mütləqilik tələbindən doğub ortalığa çıxıb. Ancaq bu Mütləqilik tələbinə yalan qatıldı. O yalan hardasa müəyyən mərhələdə siyasətə döndü. Artıq məbədlər, kilsələr şöhrət üstündə qurulub, maddiyyat, mənfəət üstündə qurulub. Cəmiyyət yaşamı ilə dini qurumların yaşamı arasındakı fərq çox azdır. Ancaq Dünyada böyüyüb artmaq xətti gözə görükür. Dünya ucalığa doğru meyillidir. O qədər zərbələr o meyilin qarşısını ala bilməyib. İnsan öz ruhunun gücüylə nəyəsə təsir etsəydi, gözəlliklər artardı, incəliklər artardı, təbiətə əlavələr olardı. İnsan oturub təbiəti vəsf edir, onu daha da gözəlləşdirir. Ev tikir, şəhər salır. Deyirlər insanın heyvandan fərqi odur ki, insan evdə yaşayır, heyvan evdə yaşamır. İnsan pul yığır, heyvan onu yığmır. Bu yığım, bu yaşam vəhşiliklə sonuclanırsa, vəhşilik hesabına başa gələcəksə, insan heyvana qayıtmaqda davam edər. Ocaq da deyir, insan heyvana qayıtmalı yox, özümlüyünə yüksəlməlidir. Qardaşımızın dediyi kimi, Ocaq heç kimə vəd eləmir. İnsan kimi yaşayırsan, daxili dünyada o rahatlığı, o cənnəti qurursan. İnsanın şərdən istifadə etmək imkanı əlindən alınsa, gör idrakın gücü hara gedib çatar. Elə bir məqam gəlib çatıb, biz gərək bilək, biz necə olmalıyıq. Ocaq ideyalarımız qurtuluş ideyalarıdır. Bunca dəyərləri olan millətimiz bunu ciddi düşünməlidir. 44 günlük müharibədə heyran qaldım bu millətin gücünə, bu milətin vətənsevərliyinə. Əsgəri bağrına basırdılar. Necə gözəl bir harmoniya yaranmışdı. Həmin o torpaqları qanı bahasına alan əsgərlər indi küçələrdə gəzir. Biz yenə az-çox özümüzü təmin edirik. Zibil yeşiklərində çörək axtaran insanları görmüşəm. Bu nə deməkdir?! Deməyim odur, bu insanlar da aşağı kütlədən çıxmışdılar. İndi ümid aşağı təbəqəyədir. Yuxarıdakılar artıq korlanmış insanlardır. Bu gün necə eləmək olar sabah bütün xalqımız üçün gözəl olsun. Hamı üçün yaxşı olsun.
İnsanlığın tələbi ilə yaşamaq. Bunu sunur Asif Ata, Ocaq verir millətimizə, xalqımıza. Bu gün bura yığılmışıqsa, belə düşüncələr yürüdürüksə, axtarışlar aparırıqsa, bu da millətimizin böyüklüyünü üzə çıxaran bir tələbdir. Bu Ocağa onlarla adam gəlib gedib, minlərlə adam dinləyib. Bu gediş inkişaf etməlidir, xalq Ocağın dəyərini bilməlidir. Bir daha hamınızı qutlayıram.
Atamız Var olsun!
Xaliq bəy: Təşəkkür edirəm. Söhbət olduqca genişdir. Məzmun olduqca dərindir. Bəşər yaranandan xeyirlə şərin mübarizəsi gedib. Sadəcə dövrlərə görə, sistemə görə dəyişir. Məzmun qalır, forma dəyişir. Ocağın məqsədi kamil insan yetişdirməkdir. Əslində insanı özünə qaytarmaq, onu özünə bərpa eləməkdir. Yaradanın verdiyi düşüncəni, iradəni müsbət insani keyfiyyətlərdən istədiyi qədər lazımınca istifadə etmək bacarığına gətirməkdir. Yəni cəmiyyətlə inteqrasiya qurmaq. İçində yalan gəzdirirsən. Yalan, riyakarlıq, antiinsani keyfiyyətlər daha çox yer tutur. İnsan yaranır ağlı kəsəndən sonra cəmiyyətə inteqrasiya edir, bəlkə də ilk dəfə eşitdiyi anı xatırlayır, riyakarlıq gördüyü anı xatırlayır, görür ki, şər qüvvvələr daha çoxdur. Özündə immunitet yaratmaq gücünə malik olmalıdır. İnsanın həm fiziki cəhətdən immuniteti güclü olmalıdır, həm ruhaniyyat cəhətcə. İmmuniteti güclü olmaq üçün sənin ətrafında yetərli qədər güclü insanlar olmalıdır. Keyfiyyətli insanlar olmalıdır, içindəki müsbət insani keyfiyyətləri mübadilə edə biləsən, ondan zövq alasan. Çox təəssüf, insanlar yeniyetmə vaxtına çatanda ata-ananın narazılığı, qayğısı, antiinsani keyfiyyətlər haqqında danışmağı, ziddiyyətlər uşaqda qəribə hisslər yaradır. Buna yoluxur uşaq. Hardasa bir yalan danışmaq məqamı gəlir, danışır. Bir riyakarlıq, bir fırıldaqçılıq, mənsəbə çatmaq üçün cəmiyyətdə elə hal yaranır ki, sən ona yalanla çatasan. Gücünlə, qüvvətinlə, qabiliyyətinlə, bacarığınla da o yeri tuta bilərsən. Ancaq o uşaq o yeri tutmaq üçün o keyfiyyətlərdən məhrum olur. Onda qorxaqlıq, gözüqıpıqlıq yaranır, hardasa zorla qarşılaşır. Səni döyərəm, get belə de. Gedib belə desə, yalandır. Deməsən də, sənin işin düzəlməyəcək. Özün bil. Bütün bu məsələlər kompleks xarakter daşıyır. Hardasa bir adamın üzərinə yıxmaq o qədər də düzgün deyil. Deyir, uşaqlar valideynlərini çox istəyirlər, ancaq anasına oxşayırlar. “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Biz deyirik bu olmaz. İndi vəziyyət elə yaranıb, olar-olmaz var. Olmazların sayı həndəsi sislsilə ilə artıb. Qoy “olar” olsun da. Olar, bu düz deyir. Bunun gələcəyi var. Bu səpkidə, bu səviyyədə insanların şüurunu, zəkasını hardan alacağıq. Birinin ağlı azdır, birinin ağlı çox. Belə ifadə var, ağlı azıb, ağlını çaşdırıblar. Ağıla qarşı gedən axın da var. Bəzən olur, ağıllıydı, gəlib dəli vəziyyətinə çıxdı. Bunu da insanlar edir.
Ocağın fəlsəfəsi kamil insan yetişdirməkdir, bu çox uğurludur. Kamillik bəşəriyyətdə müharibəni rədd edir. Silaha xərcləməni rədd edir. Bizdə 1 milyarddan çox hərbə pul xərclənib, balaca bir ölkədə. İndi də Ukrayna filan. Müharibələr kamil insana qarşı yönəlib. Təkcə torpaq deyil burda. Putinə torpaqmı lazımdır?! Adamın işğalçılıq instinkti var. Antiinsani keyfiyyətlərə doğru yönəlib. Siz yaxşı dediniz, əylənirlər bunlar. Çox deyirdilər bəşəriyyəti necə azaldaq. Xəstəliklə azaltdılar. Mənim dinlərlə işim yoxdur. Dinləri insanlar özləri yaradıblar. Onları yığaq bir yerə – Ocaq dindən çox yuxarıdır. Mənim təsəvvürümdə Ocaq ideyası onlardan daha yüksək dayanır. Müxtəlif ölkələrdə nisbət var. Qərb ölkələrində demokratiya-filan, ancaq ümumilikdə Ocaq bəşəriyyətin çıxış yolunun konsepsiyasıdır, proqramıdır. Bəşəriyyətin çıxış yolu konseptini də dinlərdə yox, bu Yolda görürəm. Dinlərdən yüksək bir ideyadır. Tək Azərbaycan üçün yox, bütün dünya üçün şərəfli bir ideyadır. Doğrudur, uzun yoldur. Ancaq bunun genişlənməsi gərəkdir, məktəblərdə keçiləsi bir təlimdir. Uşaqların beyninə yeridilməlidir. Olduqca geniş bir təbliğat işi görmək lazımdır. Təşəkkür edirəm.
Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Hər bir ideya yaxşı niyyətlərlə başlayır. Ya da yaxşı niyyət adı ilə başlayır. Çağdaş dünyada savaşın da adı azadlıq gətirməkdir. Rusiya bizə “azadlıq” gətirmədimi? Hətta o azadlığı, əslində işğal gününü illərlə qeyd etdik. Çağdaş dünyada yardımın da adı işğaldır. Elə yardım edilir ki, asılı duruma düşürsən. Xəstəliklə elə mübarizə edir ki, sağlamlığını itirir, yenə də asılı duruma düşürsən. Mədəniyyət adı altında da işğal gəlir, qida adı altında da işğal gəlir. Bu işğallar adamın həyatında nəinki fiziksəl, ruhsal dəyişikliklər yaradır. Sunulan, gətirilən, verilən heç bir şey özümlü olmadığına görə nə qədər qəbul edirsənsə, o qədər özündən, özümlüyündən uzaq düşürsən. Soyundan, keçmişindən, gələcəyindən imtina durumuna gəlirsən. Ən böyük uğur maddi rifah durumuna gəlib. Maddi zənginlik ən böyük özünütəsdiq olub. Bu özündənayrılma zamanında insan, doğrudan da, çaşıb. Yalan nədir, həqiqət nədir, bunları axtarmamaq üçün “hər kəsin öz həqiqəti var” deyimi ölçüyə çevrilib. Dünyaya ağalıq etmək istəyənlər bu yalana inandıra bilirlər, çünkü istəkləri həyata keçir. Ədalət, Həqiqət onların planladığı, düşündüyü kimi qəbul edilir. Adamların, millətlərin “gerçək olan doğru olandır” prinsipi ilə həyatları qurulur.
Dinlər də gözəl niyyətlərlə başladı. Elə bir xilas kimi gəldi ki, adamlar düşündülər, nəfəs ala bilərlər. Ədalət də öz yerini tutacaq, Həqiqət də. İşıq kimi düşünüldü, nə yazıqlar, beyinlərə qaranlıq yaydılar. Sözün müqəddəsliyi, ömrün müqəddəsliyi yayılmalı idi dünyaya.
İnsanın insana münasibəti
Din savaşları ortadan qaldırmadı, özünün yayılması, öz qaydalarının yaşaması üçün savaşları yenilədi bir növ. Savaş varsa, insanın insana münasibəti tam deyil, qutsal deyil. Əgər dinlər insan üçündürsə, savaş bitməli idi. İnsan insana qənim kimi baxırsa, doğma deyil, yad kimi görürsə, özünə tabe etdirməyə çalışırsa, dünya necə düzələcək?!
İnsan üçün olan, əslində İnsanın İnamına qarşıdır. Allaha inan, günahlarının bağışlanması üçün yalvar, sonunda səni mükafatlandıracam. Din başçıları isə özlərini çoxdan bu dünyada mükafatlandırıblar. Dindən fayda da götürüblər, yararlanıblar, siyasətə alət də ediblər. İstədikləri kimi sadə adamlara sunurlar, istədikləri kimi yaşadırlar.
İnsan üçün olan din İnsana güvənmir, insanı saymır, insanı görmür, insanı eşitmir. İnsan özü üçün deyil, Allah üçün yaşayır. Öz mənliyi, vicdanı qarşısında deyil, Allah qarşısında hesabat verir. İnsan İnsana inanmır, dünyaya inanmır. Dünyaya inanmadığı üçün də onu qorumur. Dünya insana yaddır, çünkü onun əsas dünyası bu deyil, cənnətdir. Dünya o qədər yadlaşıb ki, insan dünyanı çapıb-talayır, torpaq işğalını özünün başarısı görür, millətləri tabe etdirməyi özünün haqqı sayır. Doğa da doğalığından çıxıb. Su suya bənzəmir, hava havaya, bitki bitkiyə, heyvan heyvana. İnsanın dünyaya münasibəti faydaçılıqdan o tərəfə getmədi. Elə bil bu gün yaşayacaq. Bəs sabah?! Bəs sənin soyun, millətin?!
Hər il yer üzündə neçə xalqın dili yoxa çıxır, mədəniyyəti yoxa çıxır. Kiçik millətlər böyük millətlərə qarışır. Dünyanın rəngarəngliyi itir. Həm də bu başqa insanları, millətləri rahatsız etmir. Laqeydlik normal bir hala çevrilib. Dünyanın necə bir bütöv anlam daşıdığını, hər bir şeyin ona necə anlam qatdığını insanlar anlasaydı, dünya da bu günə gəlib düşməzdi. İnsan özünü tanıyanda dünya gözəlləşir. İnsan insanı anlayanda, insan insana doğma olanda, İnsan insana səcdə qılanda dünya gözəlləşir. Bu günə kimi nə qədər insan gəlib gedib bu dünyadan. Bir-birinə heyrət edənlər, ideala aşiq olanlar, İnsani, milli ideyanı həyata keçirənlər qalıb. Qaranlıq dünyaya işıq salıblar. Dünyanı dəyişmək – insanın özünü başqasında tapmasıdır. Nəimi-Nəsimi münasibəti, Şəms-Rumi münasibəti, İdeala vurulanlar, azadlıq aşiqləri, tarix, zaman nə qədər insana qarşı olsa da, yenə Günəş kimi işıq olublar İnsanlıq tarixində. İnam Evi bu münasibətlərin ünvanıdır, bu münasibətlərin evidir, qoruyanıdır.
İnsan aqibətini öz əlinə alanda dəyişir dünya. Atanın “özüylədöyüş” ideyası bəşərə hava, su kimi gərəklidir. Maddi firavanlığa çata bilərsən, zəngin ola bilərsən, ancaq həyatı bununla dəyişə bilməzsən. Ata deyir, İnsan həyatının mənası maddinin ruhaniləşməsidir. İnsan öz müqəddəs Mənasına bərabər yaşamalıdır. İçindəki gözəlliklərin mütləq səviyyəsinə çatmalıdır. İnsanın içindəki Xeyirlə Şərin döyüşündə Xeyir qələbə çalanda dünya dəyişəcək. İnsanın içindəki Xeyir Dünyadakı Xeyirə qovuşacaq. İnsan həyatının anlamı budur. İnsanın insana münasibəti, Millətinə münasibəti, Bəşərə münasibəti onun İnam Evidir. Ömürdə qurulursa, bəşərdə də qurulur. Ömrü qurur, sonra da dünyanı qurur.
Bilinməyən, görünməyən dünyaya inanma, yaşadığın dünyanı dəyiş, sev, qoru. Öz millətinə yad olma. Millətin – sənin keçmişin, bugünün, gələcəyindir. Səni özgələşdirən gəlişmələrə özünü bağla. Özünü qur, özünlə doğmalaş, millətinlə doğmalaş. Sənin kökün də odur, özümlüyün də. İnam Evi bu bağların ünvanıdır. İnsanın özünə, millətinə, bəşərə doğmalıq, birlik ünvanıdır İnam Evi. Ədalətin, Həqiqətin var olduğu ünvandır. Ədalət, Həqiqət yalnız bir fərdə özgün deyil, yalnız bir millətin dediyi deyil, İnsanlığa özgün, milliliyə özgün, bəşəriliyə özgündür. Ədalət, Həqiqət İnsanlığa, İnsana İnamı yaşadır. İnam Evi bu inamı qoruyan ünvandır.
Atamız Var olsun!
Soylu Atalı: Deyirsən, insan Allah üçün yaşayır, özü üçün yaşamır. Əslində insan elə Allah üçün yaşamalıdır. Elə Allah üçün yaşaması özü üçün yaşaması anlamına gəlir. Məsələ burasındadır ki, insanla Allah arasında bir ayrılıq yaradıblar. “Öz” məsələsi, “özüm” məsələsi anlamını itirib. Bayaq dedik, insanın içində Mütləq var. İnsan öz içindəki Mütləqi aşkarladıqca onu yaşadıqca, yaşatdıqca yetkinləşir, bütövləşir, kamilləşir. Əslində öz içindəki üçün yaşayır. Məsələ burasındadır ki, dinlər Allahla insan arasında bir ayrılıq yaradırlar. Allahı insandan qat-qat uzaqda, fövqəl qüvvə kimi sunurlar. Ona görə də insan özündən qıraqdakı üçün yaşamalı olur. Bu doğru deyil. Allah-insan vəhdəti olduqca önəmli məsələdir. Bəşəriyyətin yıxıldığı, qırıldığı, ruhaniyyatdan ayrıldığı nöqtədir. Əgər insan bu vəhdəti yaradarsa, insana bu vəhdətin mahiyyəti öyrədilərsə, insana bu vəhdətin əsasında yaşamaq aşılanarsa, o zaman insanın Allah üçün yaşaması özü üçün yaşaması demək olar. Biz dinlərdə fərqli situasiyalar görürük, ona görə barışmırıq. Bizim ölkəmizə hakim olan islam dinində insan namaz qılır. Namaz nə deməkdir, namaz Allahın qarşısında tam olaraq itaət durumuna gəlməkdir. Axı Allah səndən qıraqda deyil sən onun qarşısında tam itaət göstərəsən. Allah sənin içindədir. Kainatdakı bütöv Məna (biz onun adına Dünyalıq deyirik) İnsanlıq adı ilə sənin içindədir. İnsan öz içinə üz tutarsa, öz içinə münasibət yaradarsa onun özündən qıraqdakı bir qüvvənin qarşısında əyilməsinə, itaət göstərməsinə gərək qalmaz. Özündən qıraqdakına itaət göstərmək sənin azadlığını məhdudlaşdırır. Səni mütiləşdirir. Pis psixologiya yaradır, pis şüur formalaşdırır. Başqasından asılılıq, başqasına tabe olmaq, başqasına itaət göstərmək insan şüurunda, varlığında oturduğuna görə insan gerçək yaşamında da həmin psixologiya ilə yaşamalı olur. Necə ki özündən qıraqdakı gücün qarşısında itaət göstərir, eləcə də ölkənin başında duran, onu yönətən, ondan güclü olanın qarşısında eləcə itaət göstərməli olur. Həmin şüurdur. Buna görə təsadüfi deyil, min illərdən gələn bir məsələdir, deyirlər, “göydə Allah, yerdə hökmdar”. Bunu elə-belə yaratmadılar. Hökmdar göydəkinin nümayəndəsidir. Xristianlıqda istər şərqi, istər qərbi Roma imperiyasında nə baş verirdi, imperatorları Allah kimi qəbul eləmirdilər. Ona görə qırırdılar, cəzalandırırdılar adamları. İmperatoru Allah yerində görmürdülər, qəbul eləmirdilər. Hökmdar deyirdi, mən onun nümayəndəsiyəm, onu təmsil edirəm, həm də hardasa mən oyam. Belə şeylər yarandı. Bu gün də bənzəri şeylər yox deyil. Bu gün də dini yaşadan hökmdarlar, dövlət başçıları dini mütiliyə, itaətə, geriliyə, cahilliyə qapı açırlar, çünkü hakimiyyətin özü məsələsi var burda. Onlara müti insanlar gərəkdir. Nə qədər ki, insanlar daha çox itaət göstərirlər, daha çox müti olurlar, bir o qədər hökmdarı da Allahın yerdəki kölgəsi sayarlar. Bu gün dediyimiz kimi, dinlər siyasətə dönüşdüyünə görə orda başqa oyunlar gedir. Artıq din daşıyıcıları hökmdara boyun əymir, hökmdarın hökmdarlığını əlindən almaq istəyir. Çünkü siyasətdir. Hərə bir vasitə ilə hakimiyyəti qamarlamaq istəyir, hakimiyyətdən qamarlamaq istəyir. Onlar da din vasitəsilə edirlər. Ona görə də insan Allah üçün yaşayır, özündən qıraqdakı üçün yaşayır, heç nədən ayrılmır. Özündən qıraqda, olmayan mücərrəd bir şey üçün yaşayırsan, heç nə əldə eləmirsən. Sadəcə olaraq xəyallar qurmaqla həyat olmaz ki. Hardasa bir alma, bir üzüm təsəvvür et, onun xəyallarıyla yaşa, bu təxminən ona bənzəyir. O nemət sənin əlinə çatmır, onun yerini bilmirsən dadmırsan, görmürsən, götürmürsən. Sadəcə olaraq xəyal edirsən.
Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Qonumuzla bağlı düşüncələrimi bölüşmək istəyirəm. “Dünyanın bu günü – İnamsızlığın yaratdığı. Dünyanın sabahı – İnamın quracağı”. Düşünürəm ki, bunu deyəndə təkcə ayrı-ayrı ölkələrin siyasi durumundan, ortaya çıxan pozuntulardan söhbət getmir. Söhbət ümumilikdə İnsanın, İnsanlığın hansı böyük fəlakətlərlə üz-üzə olmasından gedir. Ancaq bu ümumi yanaşmanın içərisində mənim bildiyim bir həqiqət var, hər şey insanla bağlıdır, dünyanın halını oluşduran insandır.
İnsanlar sanki iki yerə ayrılıb. İdarə edən, çapan, talayan şəri yaşadanlar, ikincisi isə ayaqda qalmaq üçün boyun əyməyə məcbur qalanlar. İnsan niyə çapmaq, talamaq, dünyanı qana boyamaqda bu qədər israrlıdır?! İnsan niyə kölə olur, boyun əyir? – Bu sualların cavabı olaraq bildiyim bir həqiqət var, insan İnamsızdır.
Suallarıma qısa aydınlıq gətirmək istəyirəm. Bu dünyada yaşayan hər bir insanın özünəxas tipi, xarakteri var. İstər mənfi, istərsə də müsbət yöndən özünü göstərən duyğuları var. Ancaq bütün insanlarda doğma olan bir şey var. Hər insanın içində qutsallığa can atmaq, ona qovuşmaq tələbi yaşayır, buna nə dərəcədə yetib-yetməməyindən asılı olmayaraq. İnsan müqəddəsliyə bağlanmayanda özündən ayrılır, özünə yadlaşır. Mən elə özümdən götürürəm, kiçik yanlışda özümə güzəşt elədikdə ardınca bir neçə yanlışa yol açılır. İnsan paxıllığını, ağalığını, eqoizmini, qisas hissini, nifrətini yenməyəndə dünyanı qana boyayacaq qədər azğınlaşır.
Soylu bəyin “Ölüm Mütləq Yoxluq deyil” yazısını oxuduqca düşünmüşəm, dünya heç vaxt şərə bərabər olmayıb. Çünkü insan yaranandan bura axtarışları var. Yanlış sonuca varsa da, xurafat olsa da, yarımçıq olsa da bu axtarışlar var. Bu axtarışlar əsasında ideyalar, düşüncələr arasında zaman çox olsa da, yenə ayrı-ayrı dövrlərdə ortaya çıxan xeyir örnəkləri var. Bu örnəklər şəri ölümsüzlüklə sarsıdır. Harda, necə ifadə olunmasından asılı olmayaraq kilsədə, məsciddə, başqa məkanda insan həqiqəti axtarmaqdan vaz keçməyib. Bəs həqiqət nədir, onu harda axtarmalı, hansı yolu tutmalı ki, insan işığı tapa bilsin. İnsan özünəmi üz tutsun, ya qırağamı?! Bunun üçün hansısa bir məkana, müqəddəs sayılan bir yerəmi üz tutulmalıdır?! İnsanların çoxu üz tutduğu müqəddəs yerlərdən möcüzə umur. Ancaq, məncə, həqiqət məkanlardan öncə insan varlığında yaranmalıdır, insanın yaşantılarında ifadə olunmalıdır. Çünkü insanın insana münasibəti də, həyata münasibəti də, vətəninə münasibəti də burdan başlayır. İnsanın üz tutduğu yer də bu müqəddəsliyi anladan, insana dünyanı sevdirən, insanı özüylə üz-üzə qoyan bir yer olmalıdır. Bu açıdan yanaşanda Ocağın İnam Evinin mahiyyəti mənim üçün aydınlaşır.
Bizim üçün bir araya gəlməyimiz də, tədbirlərimiz də, söhbətlərimiz də qutsaldır. Çünkü bunu ürəyimizdə qura bilmişik, bir-birimizə münasibətimizdə yarada bilmişik. İnam Evi mənim üçün müqəddəsdir, çünkü onun araya gəlməsində fədakarlığı bilirəm. İnamın insanın içində yaratdığı qüdrətin sonucudur ki, bütün zorluqlara baxmayaraq, bu iş araya gəlib. İnsanın içində bu qüdrət yarananda bütün sorunlara qalib gəlməyi bacaracaq. Asif Ata bizim qarşımızda öncə yaranmaq tələbi qoyur. İnsanların, məkan olaraq üz tutduğu yerdə, yaranan ömürləri söz deyəcək.
Atamız Var olsun!
Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Bəşəriyyət yarandığı gündən bu günə qədər həqiqət axtarışında olub. Öz nizamını tam bəlirləyə bilməyib. Müxtəlif dinlər, fəlsəfələr, təriqətlər, müxtəlif çabalar olub ki, yaşam nizamını yaratsınlar. Tək-tək fərdlərin yaşamında o nizam öz həllini tapıb. Ancaq ümumilikdə toplumda, xalqda, bəşəriyyətdə o nizam tapılmayıb. İnsan elə bil unudub əsil nizamı. Əsil nizam onun özü ilə doğulmuşdu, bunu Asif Atanın kəşfində gördük. Heç bir dünyabaxış deməyib ki, insan öz insanlığıyla uğraşmasın, öz insanlığına yetməsin, kamilləşməsin. Ona qarşı heç bir mənfi söz deyilməyib. Ancaq niyə bu məsələ həllini tapmayıb?! Çünkü insanın özünü yarada bilməsi üçün Mütləq ölçü yaranmadı. Təbiətdə yaranan bütün canlılar öz nizamını, öz yaşamını qurur, təbiətin verdiyiylə kifayətlənib nizamlayıb. Şir şir kimi, qoyun qoyun kimi, başqa heyvanlar da onun kimi. Bəs bu qədər zəka sahibi, gözəlliklər yaradan insan bəyəm papağını qabağına qoyub düşünməyib?! – Düşünüb. Çox cəhdlər edib, başını kötüyün üstünə qoyub. Doğranıb, yandırılıb, zülümlər çəkib. Ancaq nizam yenə də həllini tapmadı. Bəşər tarixində bir çox xalqlar var ki, buna yönəlik çabalarda xüsusi məqamlar yaşayıblar, xüsusi dövrlər keçiblər. Bunun da biri Azərbaycandır, türkdür. Ata deyir, dünya mədəniyyətindən Azərbaycan dəyərlərini çıxsan dünya çılpaq qalar, cılız qalar.
Bayaq dediyim kimi, “insanlıq yaxşı şey deyil” deyən olmayıb, bəs insanlığa yetmək yolu hansı aşamalardan keçir. Qardaşımız vurğuladı, tanımaq, təhlil eləmək, yetmək. İnsan özünü tanımayana qədər hər şeyi özündən qıraqda axtarır. Allahlarda, dinlərdə, fəlsəfələrdə başqa düşüncələrdə axtarır. Mütləqi özündən qıraqda axtardı, yalanlara, uydurmalara tapındı. Onunla nizam axtardı. Toplumun boyun əydiklərini həqiqət saydı. Ancaq Asif Ata insanın özünü hədəf seçdi. Hər şeyin insanın özündən başladığını vurğu elədi. Mən 33 ildir Ocaqla təmasdayam, Ocaqla bir yerdəyəm. Mənim Ocağa gəlmə səbəblərim nə idi, mən eşitmişdim ki, dünya heç bir mövcud təlimlərlə öz nizamını saxlaya bilmir. Yeni bir bəşəri təlim gərəkdir. Bu isə peyğəmbərlikdir. Bu adi bir filosofun yaratdığı, hansısa bir toplumun yaratdığı, hansısa bir savadlının yaratdığı bir şey deyildi. Bu artıq bəşərə yön verəcək böyük bir şəxsiyyətin işi idi. Bu mənim beynimdə, ağlımda vardı. Asif Atanın yaratdığını, düşüncələrini eşidəndən sonra mənə elə gəldi ki, bunlar axtardıqlarım imiş. Həvəslə gəldim Ocağa. Aşamalar keçdim, toplum mənə qarşı çıxdı. Ciddi büdrəmələrim oldu, Ocaqdan qırağa durdum. Düzdür, düşüncəmdən qırağa durmadım, döyüşün özündə Ocaqla iç-içə oldum. Ocağa aşiqliyim artdı, Ocağa vuruldum, Ocaqçıların dərdlərinə vuruldum. Dünyanın halına ağlamaq hər adamın işi deyil. Bir düşüncə mənim beynimdə yer elədi ki, dünyanın halına yanmaq adilərin işi deyil. Bir xalqın bir düşüncə adamı, bir filosofu ola bilərsən. Ancaq böyük nizam yaratmaq istəyi insandan daha böyük keyfiyyətlər, fədakarlıqlar istəyir. Bu işə Asif Ata girişdi.
Bir az da İnam Evi ilə bağlı danışım. Mən Ocağa gələndə İnam Evi tikmək qərarına gəlmişdim. Ancaq (bunu bir neçə dəfə vurğulamışam) tam sorumluluğunu dərk edərək deməmişəm. Həvəs kimi demişəm. Sonralar öncə torpaq sahəsi aldım, nəsə iş görmək istədim. Bir dəfə Asif Atadan müsahibə götürəndə suallardan biri bu idi ki, Ata öləndə onu necə, harda gömək?! Asif Ata demişdi ki, o vaxta qədər Bakıda torpağımız olarsa orda, olmasa Qədimyurdda (Örənqaladakı) İnam həyətində (o vaxtlar Ocaq həyəti də deyirdik). Çünkü özümüzəxas məkanda olmalıyıq. Doğrudur, toplumun, dövlətin basqısı ilə Asif Ata ata-anasının uyuduğu sonevlikdə gömüldü, ancaq o düşüncə qaldı ki, burda Asif Ata ilə bağlı nəsə yaradaq. Düşündük, daşındıq, orda İnam Evinin təməlini tökdük. Elə bil bir-birinə səs verən bayquşlar kimi şər bir-birinə səs verdi. Bu səfər bütün hücumlar İnam Məbədinə yönəldi. Biz deyirdik, dönə-dönə başa salırdıq, bu yurdda sinaqoq da tikirlər, bu yurdda məscid də tikirlər, kilsə də tikirlər. Hər cür yadlıqlar var bu ölkədə. Bəs bir millətin özünü təsdiq edən dörd divarına niyə imkan vermirsən tikməyə. Niyə imkan vermirsən bu dörd divarı qaralayaq, bu da sənin sabahın olsun. Bunu deyirdik, sanki qulaqlar belə şeylərə min illərdir yadlaşmışdı. Hər kəs özünün qərəzli niyyətini ortaya qoyurdu, hətta səndə bir yaxşı gözəllik görürlərsə, o gözəlliyə qarşı çıxırlar. Çünkü özündə o yoxdur. Onda özünün qüsuru daha qabarıq şəkildə görünür. Beləcə silsilə əngəllər yarandı. Ordakı daşı yığıb geri daşımalı oldum. Həşiri yatırmaq üçün addımı dala qoymalı oldum. Heç olmasa şər bir az da dərinə getməsin. Ordakı bünövrəni də qazmaq istəyirdilər, ora biz lövhə də qoymuşduq, onun da səsi yayılmışdı. Sonra zaman keçdikcə yavaş-yavaş onları yumşalda bildik, başlara ağıl qoya bildik, yenidən başladıq. Bu gün İnam Evinin bəzi işləri qalsa da, var. Tam biz dediyimiz kimi deyil hələ. Ancaq var. İnam Evi başa gələndən sonra heç gözləmədiyim səmtdən yeni küləklər əsməyə başladı. Düzdü, tam açıqlamıram, gərək də deyil. Demək olar, bu küləklər səngiməkdə, sakitləşməkdədir. Çünkü İnam Evinin hansı dərəcədə gərəkliyini açmağa çalışdım, açdım da. İndi əngəllər bir az yumşalıb, ümidverici münasibət var.
Bu gün sizinlə bir yerdə olmaqdan qürur duyuram. Dövrün, zamanın bu gedişində öz şəxsi işlərindən ayrılıb bəşərin sabahı üçün bir addım atan hər kəs mənim doğmamdır, gözümün işığıdır. Ata deyir ki, vətən üçün yaşamaq vətən üçün ölməkdən çətindir. Belə götürəndə üç min insan vətən üçün öldü. Ancaq görürsünüz beş adam tapmaq olmur ki, vətən üçün yaşasın. Vətən üçün yaşamaq nə qədər çətin məsələdir. Bəşərin sabahı üçün, daha böyük addım atmaq üçün yaşamaq, həmin amallar uğrunda yaşamaq, onun uğrunda mübarizə aparmaq deməkdir. Əgər mübarizən varsa, yaşayırsan. Mübarizə insanın var olmasıdır. Atamız Var olsun!
Camal bəy: Birinci dəfədir bu toplantıda iştirak edirəm. Çox şadam ki, iştirak edə bildim. Nəyə görə bura gəlmişəm, açığı, mən az sayılmayacaq müddətdə dindar həyat sürmüşəm. Düzdür, 17 yaşım var, nə deyə bilərik bu barədə, sadəcə olaraq, yeni-yeni özümü kəşf etməyə başlayanda müsəlman idim. Qatı olmasa da, tam bir dindar olmağa çalışırdım. Ancaq mənəvi sakitlik tapa bilməmişdim. Bir dəfə elə gətirdi ki, mən özüm Sabirabad rayonundanam, ordan bir nəfərlə tanış oldum. Məndən iki yaş kiçikdir. Onu tanıdıqdan sonra elə bil dostluğu kəşf elədim. Mənim 15-16 yaşım vardı onda. Bu mənim üçün böyük bir tapıntı idi. Mən onda müqəddəsliyi duydum elə bil. Yəni insani keyfiyyətlərin altında necə bir müqəddəslik yatır. Uzun zaman keçdi. Bir şeyi başa düşdüm ki, mənim dostluğu kəşf eləməyim özümləşməyimdə böyük əhəmiyyətə malik oldu. Özüm də bu prosesə, özümü dərk eləməyimə özümləşmə dedim özlüyümdə. Daha sonra internetdə Asif Atanın ideyaları ilə tanış oldum. O zaman artıq dindən bir az uzaqlaşmışdım, fəlsəfə ilə tanış olmuşdum. Xüsusən bizim nəslimizdə qərb meyilli fəlsəfələrlə də o mənəvi sakitliyi tapmaq olmur. Ancaq Asif Atanın ideyaları ilə tanış olandan sonra bu ideyalarla ruhani bağlılıq hiss edirsən. Ocaqdan xəbərim yox idi, sonradan Ocağın var olduğunu bildim. Çox istəyirdim ki, gəlib iştirak edəm, həqiqətən çox şad oldum burda olduğum üçün.
Soylu Atalı: Böyük bir uğurdur. Həm özünün içində gedən belə bir çəkişmə, belə bir tapıntı, axtarış həm də bu yaşda. Qutlayıram. O ki qaldı Ocaqla ünsiyyət, Ocaq ədəbiyyatlarından bağışlaya bilərik, telefon nömrələri götürə bilərsən. Vaxtın olanda səhifələyib oxuyarsan, düşüncələrini bölüşərsən. Özün öz içində özünü axıracan tapmaq fürsətin var. Özün axtarırsan, gözəl şeydir. İnsan səmimi olaraq, özünü axtarmağa başlayırsa, bu artıq onun xoşbəxtliyinin başlanğıcıdır. İnsan kortəbii yaşamalı, gözüyumulu yaşamalı deyil. Qutlayıram. Çox gözəl, axtarışınla sevindirdin məni. Axtarışın gözəldir. İmkan olduqca bağlantılar qur. Düşüncələrini inkişaf etdir, özünü, öz yönünü bəlirlə. O zaman içində xalq, millət, dövlət, vətən anlayışlarının hamısının anlamı getdikcə daha aydın şəklə düşəcək.
Əslində İnam Evi Günü tədbiri, mərasimlər hamısı bir məktəbdir. Bu məktəbdə öyrətmən də özümüzük, öyrənən də özümüzük. Öyrənirik, nə qədər öyrənmişiksə az sayırıq. Daim öyrənirik. Öyrənməklə də dayanmırıq, toplumun içinə çıxırıq. İşimizlə, sözümüzlə, yaradıcılığımızla, kitabımızla çıxırıq. Qabaqlar məktəblərdə çox görüşlərimiz olurdu. Son illərdə bu məhdudlaşıb, məktəblərə qoymurlar. Bu da ölkədə olan rejimlə bağlıdır, məktəblərə gedə bilmirik. Ocağın işi ünsiyyətdir, təmasdır, insanlarla bir arada olmaqdır. Uğurlu insanları axtarıb onlarla doğlmalaşmaqdır. Belə insanlar Azərbaycanda yox deyil.
Bir neçə söz deyim, tədbirimizin mərasim hissəsini başa çatdıraq. Asif Ataya qədər olan dünyabaxışlar, lap elə fəlsəfi baxışlar da, dedilər, dünyanı sevgi qurtaracaq, dünyanı zəka qurtaracaq, dünyanı iradə qurtaracaq. Bu cür fəlsəfələr yarandı. “Sevgi qurtaracaq” fəlsəfəsi xristianlığın məzmunundan gəlir. Zəka qurtaracaq rassionalist baxışdan gəlir. İradə qurtaracaq, volyuntarizm deyilən bir fəlsəfi cərəyandan gəlir. Asif Ata deyir, dünyanı İnam qurtaracaq. Asif Ata doğru deyir. Xristianlıq bizə sevgi yolu göstərir ki, insanı sevmək gərəkdir. Sevin insanı. Gözəl deyir, demirəm pis deyir. Ancaq bu insanı niyə sevim, səbəb vermir. Axı bu insan əyridir, bu insan günahkardır. Mən dinin özünün tələbi ilə deyirəm. Demirsən insan Allahın qoyunudur. Mən axı bu qoyunu niyə sevim, səbəb yoxdur axı. Asif Ata isə deyir, insan içində Mütləq gəzdirir, qoyun deyil. O ruhani varlıqdır. Onun içində gəzdirdiyi Mütləqi kəşf elə, dərk elə, öyrən, ona inan. İnsana inanarsansa, onda onunla sənin birliyin yaranar, doğmalığın yaranar. Gücün yaranar, özünü onda taparsan. Başqalaşma deyimi var Asif Atada. Yəni özünü başqasında görmə, tapma. Özündə olanı, yüksək keyfiyyətləri başqasında görürsən. Səni bağlayır o, doğmalaşırsan. Özündəki ali, uca keyfiyyətləri başqasında görə bilməsən onunla dost ola bilmirsən, doğmalaşa bilmirsən axı. Onu yarat, inan. İnan, yarat. İnanarsansa, sənin sevgin yaranacaq, əsilləşəcək. Ona görə də insanın özündə daşıdığına, insanın özündən yüksək olması həqiqətinə ali eşq gərəkdir. İnam varsa, Eşq var. İnam varsa, İradə var. İnam varsa, Mənəviyyat da var. Ata deyir, hər şey İnamdan başlayır. Ancaq bu İnam yerində durmur. Ocağa çox adamlar gəlib gedib. Sayca 200-ə yaxın adam gəlib gedib. Bunların hər biri Asif Ataya, onun dediklərinə inanıb gəliblər. Elə-belə gəlməyiblər. Asif Atanı dinləyiblər, görüblər yaxşı danışır, yaxşı sözlər deyir. Ancaq Asif Atanın dediklərinin içinə girməyiblər. Ağılları, idrakları böyüməyib. Ona görə ilkin İnamlarında qalıblar. Günlərin bir günü həyat qayğıları onu üstələyib, İlkin İnam da çıxıb gedib işinin dalınca. Gərək içinə girəsən, öyrənəsən, biləsən, inamını qoruyasan. İnamı necə qoruyursan, tapdığını öyrən, gör bu nədi. Biz onun peşindəyik, insanlar Asif Atanın yoluna gözüyumulu “hə” deməsinlər. O xatadır. Xata ilə yol getmək olmaz. Öyrənmək, dərk eləmək gərəkdir. Atanı öyrənərsən, dərk eləyərsənsə, İnamın dayanıqlı olar. Sən özün örnək olarsan, qurtuluş olarsan, xilaskar olarsan. Yoxsa elə-belə quru-quru inanmaqla, dayanmaqla iş aşmaz. Ona görə insanlarımıza ədəbiyyatlar bağışlayırıq öyrənsinlər, bizimlə münasibətlər qursunlar, bizimlə polemika aparsınlar. Söhbətlər edək, birgə dərk edək, birgə öyrənək. Din öyrətmədi, din qəbul etdirdi. Yaxşısı, yamanı öz yerində. Din zorladı, qəbul etməlisən, inanmalısan. Zorla inana bilmərəm axı mən. Qanmasam inana bilmərəm axı. İnanıram, sənin Allahın qüdrətlidir. Ancaq imkan ver qanım sənin Allahın nədir, anlayım onu. Öyrənmək gərəkdir. Öyrənib dərk eləməsən zavallı inam içində qalırsan, naşı inama tuş olursan. Naşı inamla da yol getmək olmaz. Atanın anlayışı ilə deyirəm. Ata belə deyirdi, biri var naşı inam, biri var müdrik inam. Biri var naşı şübhə, biri var müdrik şübhə. Ata müdrik şübhəyə qarşı da deyildi. Asif Ataya şübhə elə. Ancaq müdrik şübhə elə. Çünkü dərk eləmək üçün oxumalısan. Ancaq müdrik şübhə, öyrədən şübhə, inkar edən şübhə yox, danan şübhə yox. Şübhə eləmək gərəkdir, ancaq həm də ədalətli olmaq gərəkdir. Omu düz demir, yoxsa mənmi düz qanmıram? Çox böyük önəmi var bunun. Atamı düz demir, yoxsa mənmi? O qədər Ataya şübhə eləmişəm. Atanın kitablarına ön söz yazmışam, məndən çox, bəlkə də, Atanı araşdıran, oxuyan olmayıb. Hər dəfə də mən özümə suallar yazmışam. Mənim özümə suallar gündəliyim var. İki minə yaxın cavabsız suallar yazmışam gündəliyimə. Hələ yazmadığım suallar ondan beş-altı dəfə çox olub. Suallarla yanaşmışam, Asif Ataya suallar vermişəm. Asif Ata torpağın altındadır, ona suallar vermişəm, o suallara da cavabı özüm axtarmışam. Atanın fəlsəfəsindən, Atanın ideyasından, düşüncəsindən axtarmışam. Ocaq tədbirləri ondan ötrüdür, belə bir məktəbdir. Bu məktəbdə tədbirin təyinatına uyğun olaraq biz başqa qonulara da giririk. Ölkədə, dünyada gedən proseslərə də biz, Asif Atanın ölçüsündən, açısından yanaşaraq, baxış sərgiləyirik, düşüncələrimizi deyirik, bölüşürük. Biz dərviş deyilik, guşənişin deyilik. Biz mübarizə insanlarıyıq. Söz yox, bizim öz mübarizəmiz var, biz ruhani mübarizə aparırıq. Başqa siyasi mübarizələr filanlar da olsun, onlara da uğurlar diləyirik. Gərək sağlam olsun. Ancaq biz ruhani mübarizlərik, biz öz işimizi yürütməliyik. Çünkü bu iş onillərə, hətta yüzillərə bərabər işdir.
Bir daha var olun, bizi dinlədiniz.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə tədbir sona yetir.