Xəbərlər

Qutsal “İnam Evi Günü” Törəni

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Yağış Ayı, 46-cı ildə (noyabr,2024) Qutsal “İnam Evi Günü” törənini gerçəkləşdirdi.

Qurallar yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: İnam Evi Günü ilə bağlı düşüncələrimizi bölüşək. Əslində çağımıza qədər İnam Evi Günü deyə bir məzmun olmayıb. Belə götürəndə, ruhaniyyat evlərinin hamısı bəşəriyyətin həyatında az ya çox dərəcədə rol oynayıb. Zamanında hamısı bəlli bir yerə qədər tərbiyəvi etki göstərib. Biz bunu danmırıq, dışlamırıq. Ancaq hesab edirik, İnsanlığın bütövləşməsi gərəkdir. Artıq bəşəriyyət elə bir aşamaya gəlib çıxıb ki, bundan sonra insanı, İnsanlığı aldatmaq dayanmalıdır. Bu çağacan ya qaçılmaz, ya da qaçılan, fərq eləməz, İnsanlığı aldadıblar, aldadırlar. Bəlkə də insanlara mücərrəd görünə bilər bizim dediklərimiz. Ona görə mücərrəd görünə bilər ki, biz yalansız bir ölçü istəyirik. İnsanların ağlına girmir ki, yalansız ölçü olar, yalansız həyat olar, yalansız insan olar, yalansız varlıq olar. O qədər deyirlər, yalansız olmaz, olmaz, yalan bəraət alır, yalan haqlı olur. Biz də bilirik, bütövlükdə bəşəriyyət yalansızlığa bürünə bilməz. Bu olduqca çətindir, anlayırıq. Asif Ataya görə şər – xeyirin yoxluğudur. Eyni halda, Atanın fəlsəfəsinə görə, həyat heç vaxt şərsiz olmayacaq. Ancaq həm də, ölçü yalansız olmalıdır deyir. Bir halda ki, şər – xeyirin yoxluğudur, – yəni şərin öz mahiyyəti yoxdur, nədən öz mahiyyəti olmayan yaşama hakim olmalıdır?! Xeyir özüldür, şərdə özül yoxdur. Əgər şərdə özül olsaydı, inkişaf baş tutmazdı. Yəni mayada şər yoxdur. Maya – mahiyyətdir, mənadır, məzmundur. Mənada şər yoxdur. Deməli, şər həyatda olur. Nəyə görə olur?! – Çünkü doğuluş, yaranış prosesi var. Yaranış, doğuluş prosesində daim qüsur olacaq. Prosesdə də qüsur olacaq, prosesin sonucunda da olacaq. İnsan dünyaya gələndə kamil gəlmir, böyüdükcə qüsurlar daşıyır. Qüsurlar yığılıb şər olur. Bu toplumsal bir məsələdir. Toplumda şər həmişə olacaq. Heç vaxt hamı birdən kamil olmayacaq. Ancaq toplum üçün kamil ölçü olacaq, insanlar onunla tutuşdurmalıdırlar özlərini. Nə qədər ki, insan öz ömrünü, əməlini, davranışını qonşusu ilə tutuşduracaq, yanındakı ilə tutuşduracaq, heç vaxt kamil əməl ortaya gəlməyəcək. Belə deyək, biz, fiziki olaraq özümüzü güzgü ilə tutuşdururuq, güzgüyə baxıb özümüzü görürük. Ancaq biz mənəvi cəhətdən özümüzü görmək üçün qonşumuza, yanımızdakına baxmalı deyilik. Yanımdakından nisbi üstünlüyüm ola bilər, az üstünlüyüm ola bilər, bəlkə də heç olmaz. Bəs nə ilə tutuşdurmalıyıq?! – Atanın fəlsəfəsinə görə biz özümüzü idealla tutuşdurmalıyıq. Yəni Mütləqlə tutuşdurmalıyıq.
Ömrünün sonuna qədər Mütləqə qovuşdun ya qovuşmadın, fərqi yoxdur, sən bütün davranışlarını, əməllərini Mütləqlə tutuşdurmalısan. Mütləq qüsursuzdur, idealdır. İdeal bizim üçün İnsanlıqdır. İnsanlıq qüsursuzdur, ləkəsizdir, arıdır, durudur. Onunla tutuşdurmalıyıq, bizim mənəvi güzgümüz odur. Ona görə ölçü yalansız olmalıdır. Nə qədər cəmiyyətdə yalan qalsa da, yaşasa da, ölçü yalansız olmalıdır ki, insan ideallara can atsın. İnkişaf getsin, toplumda arınma getsin. Şər genel anlamda toplumda yaşasa da, fərddə başa çatır. Kamilləşmə mücərrəd bir şey deyil. İnsan öz ömrünü, əməlini, davranışını Mütləqlə – İdealla tutuşdurur (müqayisə edir), onunla, ona uyğun ömrünü qurur, kamilləşir. Toplumda gördüyümüz, izlədiyimiz eybəcərliklər səngiyir, özül olmur, özülünü itirir. Özüldə gözəlliklər olur, insani əməllər olur. Bir insan ömründə, fərddə şər, pislik, eybəcərlik başa çatırsa toplumda dəyişikliklər gedir. Örnəklər yaranır, arınma gedir, – intibah baş verir. Asif Atanın dediyi odur.
“Mütləq yoxdur, mümkün deyil” deyənlər bu həqiqətləri ya düşünmürlər, ya da anlamırlar. Özlərində yaratmadıqları, görmədikləri üçün “mümkün deyil” sözünü əzbərləyirlər. Bəladır bu. Səhərdən axşama kimi sosial şəbəkələrdə qarşımıza çıxır, “mütləq olan yoxdur, hər şey nisbidir”-filan. Nisbidirsə, niyə həyat var, niyə ana var, – axı nisbi “yox” deməkdir. Dünyabaxışlar belə yalanların üzərindən gəlib bu günə düşdülər. Aldada-aldada, “mümkün deyil” deyə-deyə. Sən dünyabaxışsan, guya qurtuluş yolu yaradırsan, – xristianlıq, ya da islam, fərq eləməz, bizə xəbər verirlər (müjdələyirlər), “dünya dağılacaq” – Xristianlıqda “Apokalipsis”, İslamda “Qiyamət Günü”. “Dünya dağılacaq, hər şey məhv olacaq”. Mənə xeyir xəbər verirsən?! Onda sən nəyə gərəksən, dünya dağılacaqsa?! Sən ona görə gəlmisən ki, dünya dağılmasın, qurtuluş gətirməlisən. Ancaq sən mənə müjdə verirsən, qiyamət qopacaq, aləm qarışacaq. Qarışacaqsa sən gərək deyilsən. Bütün məsələ budur. Bizi aldadırlar, yalan deyirlər. Dünyanı gözdən salıb “axirət dünyası” uydurur, cənnət uydurur. Ölümdən sonrakı həyat ideyası cəfəngiyyatdır bunların baxışında. Ölümdən sonrakı həyat başqa şeydir, olduğu kimi fiziki davam eləmir. Onların yalanına görə ruh İnkir-Minkirin sorğusuna gedir. Sonra, əməli saleh olubsa, yaşamını fiziki olaraq davam edir. Ruh cismi mövcudluq deyil axı, cisimsiz varlıqdır. Səndə deyirsən kef-əyləncə içində yaşamını davam edəcək…


Asif Ata isə deyir, yaxşı olmağın üçün sənə heç nə vəd olunmur. Sən yaxşı kişisənsə sənə niyə ödül verilməlidir?!Yaxşılıqdan daha böyük ödül varmı?! Anasan ana ol, kişisən kişi ol, atasan ata ol, qadınsan qadın ol, dostsan dost ol. Bunlara görə qarşılıq umma. Sənin varlığının mənası budur, bu olmağındadır. Bu olarsansa həyat gözəl olar, dünya gözəl olar. Varlığın anlamını nə əvəz edə bilər, niyə etməlidir?!
Bütün bu umacaqların hamısı sonucda bugünkü həyatımıza gətirib çıxartdı. Yazıçılar Birliyi, medallar, adlar, ödüllər… Hamısı şirnikdirmələrdir, insanı aldatmalardır, cəhalətdir. Cəhalət təkcə dində deyil ki. İnsanı aldada-aldada, döşündən medal asa-asa şirnikdirirlər. Niyə aldadırsan, nədir sənin dərdin?! Asif Ata deyir, kişi ol, ancaq buna görə ödül istəmə. Gözəl ana olmağın özündən daha gözəl nə var, ödül ilə niyə onu öldürürsən, gözəlliyi niyə adiyə dəyişirsən?! Asif Ata insana ölümdən sonra bu cür ödüllər vəd eləmir, ölməzlik vəd edir. Ölməzlik nədir?! – Böyüklərimizin – Nəsiminin, Füzulinin, Babəkin yaşadıqları. Başqa xalqlarda başqalarının yaşadıqları.Heç birinin ödülü – medalı, titulu yoxdur. Asif Ata görüş keçirəndə bunu özəl vurğu edirdi, – əgər Nəsiminin adının qabağına “filoloji elmlər doktoru” yazsan, Nəsimi ölür, yoxdur Nəsimi. “Nəsimi” tək sözdür,  “Allah” sözü kimi. Tək sözlə, tək məzmunla, tək məna ilə dəyərlənmək, qiymətlənmək, onunla öyünmək, yaşamaq böyük ləyaqətdir. Asif Ata buna çağırır. Çox sadə anlaşılan bir şeyə çağırır. Heç kimin ağzını dağa-daşa salmır, heç kimə də vəd vermir sənə bunu verəcəm, onu verəcəm. Gözəlliyin yolunu göstərir, İnsanlığın sirlərini açıb qoyur qarşına. İnsan kimi dünyaya gəlmisən, Mənaya çatmaq, İnsanlığına qovuşmaq üçün yaşamalısan. Sən də durub soruşursan, “mən yaxşı kişi olsam mənə nə vəd edirsən”?! – Hüri, pəri əyləncə, kef?! Bundan böyük murdarlıq, əxlaqsızlıq yoxdur. Ona görə yarandı siyasət. Dinlər yalan qurduqları üçün insani münasibətlərə yalan yeridi. Siyasət nədir, – İnsanlığın qırıldığı nöqtə. Siyasət nədir, – mənafelər. Siyasət nədir,– aldatmalar, yalançı vədlərlə özünə boyun əydirmələr. Siyasət budur, ayrı bir şey deyil. Din məni aldatdığına görə, mənim içimdə başqalarını aldatma ehtiyacı yaratdı. Aldatma, aldatma, aldatma… Budur, yaşadığımız həyat, gözümüzün qabağındadır. Bizi necə aldadırlar, necə məhv edirlər, – heyvan sürüsünə çevirirlər. Çünkü ölçü yoxdur! Çünkü insanın şüuru dəyişməyib, şüurunda yalan oturub, şər, eybəcərlik oturub. Bu ya başqa şəkildə hər kəsin şüuruna yalan hakim olub. Yalançıdan ədalət umursan. Başına yalançını çıxarırsan, seçirsən, ondan xeyirxahlıq umursan. Yalançı sənə yalan ədalət verəcək, yalan xeyirxahlıq verəcək, nisbilik verəcək. Ən yaxşı halda balacasını verəcək, bütöv verməyəcək, səni qane eləməyəcək.
Heç bir din quruluşla döyüşmədi. Məhəmməd quldarlıqla, feodalizmlə döyüşmədi. Quldarlığın içində yaratdı nə yaratdısa. Feodalizmin içində yaratdı. İsa quldarlıqla döyüşmədi. Ata quruluşa qarşı çıxır. “Ruhani Cəmiyyət” ideyası var, quruluşu rədd edir. Nə kapitalizm, nə sosializm,“Ruhani Cəmiyyət”. Ayrı-ayrı adamlar bunun fərqinə varmırlar, Atanı İnam yaratdığına görə qınayırlar. Məsələn biri yazır ki, Asif Ata ədəbi tənqidçi kimi böyük alim idi. Bu yolu gərək yaratmayaydı, böyük alim idi, sovet imperiyası ondan qorxurdu… Mən yazmışam, get papağını qarşına qoy düşün. Gör sovet rejimi bundan niyə qorxurdu, ədəbiyyat tənqidçisindən sovet rejimi qorxardımı?! – Ədəbiyyat tənqidçisindən qorxmur, peyğəmbərdən qorxur. Yeni dünyabaxış, yeni sivilizasiya yaradandan qorxurdu, quruluşu devirmək istəyəndən qorxurdu. Yoxsa bir ədəbiyyat tənqidçisindən də quruluş qorxarmı?! Asif Ata Quruluşun eybəcərliyi ilə mübarizə aparmağa qalxıb. Sən onu eşidəcəksən-eşitməyəcəksən, dalınca gedəcəksən, ya getməyəcəksən, özün bilərsən. O sənə həqiqətin yolunu göstərir. “İnam Evi” bu həqiqətləri öyrədən məktəbdir. İnam Evi İnsanlığın məktəbidir. Bu gün Beyləqanda bir İnam Evimiz var. Bütün dünyada bircə dənə İnam Evi var, ancaq minlərlə başqa ruhaniyyat evləri – məscidlər, kilsələr, sinaqoqlar, paqodalar var. Ancaq şərin başından bir tük də düşmür, bu ruhaniyyat evlərində quruluşla mübarizə getmir, şərlə döyüş getmir. Onlar ictimai mübarizə aparmırlar. Biz həm mübarizəyə səsləyirik, həm mübarizə aparırıq. Bu gün bütöv bəşəriyyətdə bir İnam Evinin olması dönüş nöqtəsidir. Bunun fərqinə varmaya bilərlər. Ancaq bu dönüş nöqtəsidir, – İnsanlığın qurtuluşunu sıfır nöqtəsindən tərpədən.
İnam Evi Günümüz qutlu olsun. İnam Evinin gələcəyi var. Gələcək sevgisi ilə hər birinizə gözəl duyğularımı sunuram. Var olun, həmişə böyük sözləri eşidin, böyük sözləri deyin ki, ürəyiniz böyüklüklə zənginləşsin.
Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Belə bir qonumuz var: “üz tutulan qutsal məkanların dünyabaxışın oturuşmasında, İnsanlığın gəlişməsində rolu”. Buna bənzər sualı yadınızda varsa Hüriyyət Tv-yə  müsahibə verəndə də mənə ünvanlamışdılar. Bir az başqa biçimdə idi, “dünyabaxışların, ümumbəşər inancların İnsanlığın gəlişməsində rolu”. Ən yaxşı halda, inam evlərinə, deyək ki, hər bir dünyabaxışın ünvanına insanların münasibəti fərqli olub. İnsana çatıb ki, bu ünvanlar xeyirlidir. Ancaq nə yazıqlar ki, inam evləri deyilən ünvanlar xeyiri yaşada bilməyiblər. Nə qədər insanları yandırıblar. Bu əmrlər kilsələrdə, inam evi adlanan yerlərdə verilirdi. Ona görə indiyə qədər, Soylu qardaşımın vurğuladığı kimi, bir dənə İnam Evi olmayıb. Çünkü inamın özü olmayıb. Necə deyə bilərsən, necə inam olub, deyir, mənim alıma bu yazılıb, ya öldürməliyəm ya ölməliyəm. Necə inamdır, qanı qanla yuyasan, necə inamdır, qorxu ilə nizamlanır. Bəşər inkişaf elədikcə istənilən qədər belə şeylər ağıla gəlib, deyilib.
İnam evlərinin tarixi qədimdir. Min illərlə başa gələn evlər var. Uçqun bir evdə, sıldırım qaya üzərində, dağda… Ona toxunmurlar. Bu, sadə insanların, öz içinin səsini eşidən insanların həmin ünvana münasibətidir. Möhtəşəm inam evləri olub. Məsələn, mənim gördüklərimdən biri, Peterburqda “İsa sarayı”nı 40 ilə 6 ölkə tikib. Bütün dam qızıldandır. Eləcə də, Ayasofya məbədi. Bunlar dünyanın yaratdığı şedevrlərdir. Ancaq oralarda inam izhar olunmur. Elə məbədlər var ki,yüzillərə başa gəlir. Hindistanda bütöv bir dağ, bütöv bir qayadan ibarət tikili. O qaya yonularaq dəhlizlər, odalar düzəldilib, məbəd başa gəlib. İnsanların buna münasibəti var. Kimin əlində daha çox imkan olubsa daha çox edib. Eləsi də var, dörd divardan ibarət bir yerdir. Orada Budda oturub, kisədən paltar geyinib, bütün var-dövləti də rədd edib ki, bunların hamısı mənasız şeylərdir.
İndi yalana yer olmayan bir İnam Evindən danışırıq. Bu, Asif Atanın Mütləqə İnam dünyabaxışının İnam Evidir. Ona məbəd də deyirik. Bu tarixi bir sözdür. Budda məbədləri olub, Zərdüşt məbədləri olub, fərqli yönlər olubdur. Ata deyir, Zərdüşt, Budda dünyaya yarımişıq gətirdi, İsa, Məhəmməd, Musa qaranlıq gətirdi. Atanın İnam Evi İşıq gətirir. Burda insanın saflaşması var, insanın özü ilə üz-üzə gəlməsi var, qorxu yoxdur, molla yoxdur.
Bu yaxınlarda İnam Evində oldum, son tamamlama işlərini gördüm. Bircə fasadın rənglənməsi qalıb, İnam Evi tam hazırdır…
İnam Evinin ruhani anlamının ömürdə ifadəsi mənim üçün nə deməkdir?! – Bu İnama mənim ağlımın, ürəyimin qapısı açıq deyilsə, tam mənası ilə onları yaşamıramsa, dörd divarın heç bir rolu olmayacaq. Birinci İnam Evi mənim ürəyimdədir. Ondan sonra o içəridən gələn, görülən odur. İnam Evini qutsal ünvana çevirən ideyalarla yaşamıramsa, İnam Evinin də mənim üçün əhəmiyyəti ola bilməz. Ona görə də İnam Evi mənim həm də amallaşmamdır, eyni zamanda kamilləşməmdir, eyni zamanda xalqlaşmamdır. Hər üçü İnam Evinin yerinə yetirəcəyi anlamda işlərdir. Bu mənim özümdə olmalıdır. İnam Evi hadisəsini, bayaq İnamlı qardaşım da vurğuladı, belə bir mühitdə dirənəsən, araya gətirəsən, 2000-dən çox məscidə qarşı deyəsən, mən də bunu tikirəm, bunun üçün gərək ideya düşüncəndə otura.
Son gördüyümüz işlərdən biri də “Atagün” kitabının hazır olmasıdır. Bunun ortaya gəlməsində Soylu qardaşımızın, bacılarımın əməyi çox olub. Onlara minnətdarlığımı bildirirəm.
 Atamız Var olsun!

Soylu Atalı: İnam Evinin olması nə anlam daşıyır, bayaq biz ümumiləşdirib dedik. Baxın, bizim ləyaqətimizin gücü çatdı ki, Asif Atanın davamında onun ideyasının nəzəri olaraq qalmasına, dağılmasına imkan vermədik. İş olmalıdır, iş olmayanda insanlar inanmırlar. Nə qədər ki, nəzəriyyə var, iş yoxdur, deyirlər, nəzəri baxımdan hər şey olar. Belə bir psixologiya var, belə düşünürlər. Ancaq tək-tək ömürlər sübut elədi ki, Asif Atanın İnamı nəzəriyyə deyil, yeriyir, xalqın içinə çıxacaq. İşin içinə girməyən adamlar dərindən bilmirlər. Biz Atanın ölümündən sonra yüzlərlə səfərlər etmişik, minlərlə ədəbiyyat yaymışıq, ayrı-ayrı adda qəzet buraxılışları, kitablar, günsıra vizitləri hazırlayıb paylamışıq, kustar üsulla hazırladığımız dərgilər, disklər, səsyazı kasetləri, daha nələr paylamışıq. Atanın bütün kitablarını çap eləmişik. Özümüzün kitablarımızı çap elədik, fərdi görüşlər keçirdik, İnam Evi başa gəlib. Xalqın içində sübut edirik, bir millət olaraq, öz taleyimizə, gələcəyimizə kor deyilik. Başlıcası hər bir fərdin içində dəyişikliyin getməsi.
Bayaq dedik, dünyada minlərlə ayrı-ayrı baxışların minlərlə məbədləri var, adı nə olur, olsun. Onların arxasında dövlətlər durur, böyük pullar var. Ancaq içində tale yaranmır, İnsanlaşma, millətləşmə getmir, içində bəşərin gələcəyi müəyyənləşmir. Hamısı qızıldan, gümüşdən bəzənib. Ərəbistanda elə məscidlər var qızıllarla, zinət əşyaları ilə bəzənib. Bizim İnam Evimizin arxasında isə 3-5 yoxsul, ancaq böyük ruh insanları var, əməli işlərlə. Bax, bütün məsələ ondadır, ömür məsələsi var, yaranma məsələsi var. Əgər onu qıraqdan eləyirsənsə, içində İnsanlaşma getmirsə, elə məbədlərin varlığı zərərə işləyir, görüntü yaranır.
Ancaq bu gün Bilənlə Göytəkin Göyçaydan uşaqlarını qoyub gəliblər. Heç bir umacaq yox, xərc çəkirlər, Ocağın yaşaması üçün əllərindən gələni edirlər. Bu elə-belə məsələ deyil, ciddi bir göstəricidir. Eləcə də, Nurtəkinin səhər tezdən durub hazırlaşması, evində bu ortamı yaratması, burdakı insanların işini, gücünü qoyub bura gəlməsi xalqın içində başlayan quruculuq işləridir. Bu işləri həm özümüz ciddi anlamalıyıq, həm də anlatmalıyıq. Xalq belə formalaşır, xalqda iş belə gedir.

Sevda xanım: Hər şeyin başlanğıcında bir siyasət varsa, bu siyasət din üzərində qurulursa, əlbəttə, orada yalanlar olacaq. Ona görə də təmiz insanlar lazımdır. Təmiz insanlarda gərək ruh olsun. Bu ruh da inamdır, mənəviyyatdır. İnsanlar bir-birinə bağlanmalıdırlar, birlik yaranmalıdır. Bununla həyat gözəlləşə bilər, beləliklə yalana qalib gəlmək olar. Yoxsa başqa cür mübarizə yolumuz yoxdur. Asif Atanın ideyaları gözəldir, baxışları gözəldir, safdır, Mütləqə İnam – dünyaya inamdır, İnsanlaşmağa doğrudur. Bunlar bəşəri hisslərdir. Bəşəri hissləri olan insanlar dünyada ən saf insanlardır, ən ağıllı insanlardır, inamlı, mənəviyyatlı insanlardır, yalansız insanlardır. Bizə bunu təbliğ edir Asif Ata. Bu yolla insanlar getsə çox gözəl olar, həyat da gözəl olar, maraqlı olar.

Nurtəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.):Biz deyirik, – Dünyanın, həyatın mənası İnsandır. Necə yaşayır bugünkü insan, – nisbi, həyat tələbində, cəmiyyət tələbində. Ata deyir, həyata uymaq – həyatı uydurmaqdır. Cəmiyyətə, mühitə, topluma uyduqca həyat da uydurma olur. İnsani istəkləri deyil, cəmiyyət istəklərini doğruldanda həyat uydurma olur.
Aqibət qıraqdan verilmir, içəridən qurulur. Qıraqdakı hökmə, tələbə deyil, mahiyyətin hökmünə, tələbinə əməl edəndə aqibət yaranır. İndi özünü gəlişdirmə kitabları, təlimləri dəbə düşüb. Pozitiv düşüncədən danışırlar. Özüylədöyüş olmayınca, özünə inamı yaratmayınca pozitiv düşüncə özünü aldatmaqdan başqa bir şey deyil. Gələcəyin təməli özüylədöyüşlə qurulur. Özünü tanımaq, özünü dəyişmək – İçindəki Mütləqə yetmək. Özümlüyünə doğru yol getmək, – həqiqət budur. İnsanlığa qarşı nə varsa imtina etmək. Ömür qurulduqca həyat da dəyişilir. Çünkü ölçü dəyişir, baxış dəyişir, münasibət dəyişir. Özüylədöyüş – özünü yaratmağın, ömrü dəyişməyin, öz ömrünün hakimi olmağın təməlidir. Özünü quran, aqibətini yaradan insanların birliyi millətin gəlişməsində önəmli rol oynayır.
Din evlərinə gedirlər. O yerlər qutsal sayılır, orada dua edirlər, Allahla bir olurlar. Düşüncələri, inancları bir olan insanlar öz inanc birliklərini göstərmək üçün bir yerə cəmləşirlər. Bəziləri heç getmir, öz evində dua edir. Ancaq dini evlər inancın rəmzidir. Memarlıq baxımından da maddi dəyərə çevrilə bilirlər. Zaman keçdikcə bu dini evlər müxtəlif yollara əl atırlar. Vatikan dükanlarından, eləcə də İslam ziyarət yerlərindən hər il milyonlarla qazanc əldə edirlər. İnam evləri biznes evlərinə çevrilməməli idi, onların təməli insani, milli dəyərlərdir. İnsana, İnsanlığa, milliliyə, millətə verdiyi dəyərlə ölçülməlidir İnam Evi. İnsan orada qurulmalıdır. İnsan öz Amalı ilə, ölçüsü ilə ömrünü qoruyur, imtinasına sadiq qalır, İnam Evində insani, milli dəyərlər qorunur, qorunmalıdır. İnam Evi insanın özüylədöyüşü qədər ucadır, dəyərlidir. İnsanın millətinə qulluq etdiyi qədər ucadır, qutsaldır. Bəşəri ideyaları yaşatdığı qədər gələcəklidir. İnsanın özünü yaradılışı olmasa, İnam Evinin anlamı da yoxdur. Özül olaraq bu, insanın özünü yaratmasıdır, Amalına sədaqət ucalığında yaşamasıdır. Yalnız bu durum gələcəyə ümid yaradar. Yalnız bu durum soydan-soya ötürülə bilər. İnam Evi insanın İnamının, İdrakının, Mənəviyyatınını, İradəsinin – Ruhunun evidir. Ruhsal qurtuluş insandan başlayır, İnam Evində qorunur, sabaha ötürülür.
Biz bu yaxınlarda səfər edəndə radionu dinləyirdik. Deyir ki, Polşada bir radio sahibi jurnalistləri (orda işləyənlərin hamısını) işdən çıxarıb, süni intellektlə işləri aparmaq istəyir. Atanın bir sözü var, deyir, tərəqqinin təməli İnsanilikdir. İnam Evi bu qurulmanı, gəlişməni göstərən ünvandır. Siyasətin, Quruluşun vecinə də deyil insanlar işsiz qalıb. Süni intellektə, robotlara geniş meydan var. Soylu bəy tədbirlərdə dəfələrlə deyirdi, insanları robotlarla, texnika ilə əvəz edəcəklər. Kapitalizmin yetirdiyi bu gəlişmə insanları minimal güzaranından da məhrum edir. Bu insana qarşı olan gəlişmənin qarşısında İnsanilik ölçüsünü yaşadan bir məktəb, – İnam Evi qurulmalıdır.
Atamız Var olsun!

Soylu Atalı: İnsanlığa qarşı nə varsa ömürdə imtina etmək. Ancaq məsələ burasındadır ki, insanlar içindəki nəyin insana qarşı olub-olmadığını axıra qədər bilmirlər. Bunu bilmək üçün insan öz əməlini Mütləqlə – İdealla tutuşdurmalıdır. Onda biləcəksən, nə İnsanlığa qarşıdır, nə deyil. İnam Evi bunu öyrədən məktəbdir.
Atalar sözü boşuna yaranmayıb. Atalar deyir, heç kəs öz ayranına turş demir. Sən addım atırsan, elə bilirsən düzgün addım atırsan. Ancaq onu İdealla – Mütləqlə tutuşdursan görəcəksən, düzmü edirsən, yanlışmı. Bunun üçün gərək Mütləqi tanıyasan, İdealı biləsən. Bu məktəb insana onu tanıdır, həqiqətləri öyrədir.

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Cəmiyyətdə həmişə inama ehtiyac yaranıb. Cəmiyyət bu gün elə bir vəziyyətə gəlib çıxıb ki, dünya gərək dağıla, ya da insanlar gərək bunu başa düşə, bu gedişin qarşısını alan bir güc yarana. Şər qüvvələr bir yerə yığılıb iş görürlər. Güclü olanlar birləşir, bütün dünyanın iqtisadiyyatını ələ alır. İnsanlıq da gərək bunun qarşısını almaq üçün birləşməyi bacara. Bu bacarıq insanlarda var, ürəklərində haqqa, ədalətə meyil var. Xüsusən bizim millətimizdə. Ancaq şər dinlərin yalanı ilə kütləni asılı şəkildə saxlaya bilir.
Bu gün Azərbaycan mühitində heç ərəbə ehtiyac yoxdur. Artıq bizim özümüz İslamın yalanlarını ərəbin özündən daha yaxşı qorumaq peşindəyik. Milyonlarla pulu aparıb tökürlər ərəb məscidlərinə. Onlar artıq böyük bir cənnət yaradıblar özlərinə. İnamda yalan olanda insanın düzəlməyi çətin olur. Cənnətə inanan adam bu dünyada rastına çıxan heç bir nəşədən imtina etmir. Cənnət özü maddiyyata bağlılıqdır, vurğunluqdur. Cəhənnəm qorxusu da beləcə. İnsanın daxili aləmində qorxu yaşayarsa, bu dünyada bütün rəsmilərdən də qorxacaq. Özünü bir insan kimi tanıya bilməyəcək. Yalansız inam Mütləqə İnam dünyabaxşıdır. Özlüyümdə onu belə fikirləşirəm, mən bunu özümdə necə oturuşdura bilərəm. Birincisi, bu dünya təkcə görünən tərəfdən ibarət deyil, onun mənası var. Olmasaydı gözəlliklərə, həqiqət axtarışına insanın daxilində bir meyil də olmazdı. Məna var ki, insanda bu hal özünü göstərə bilir. İkincisi, insan düşünməlidir ki, cismani varlıq var, bir də ruhani varlıq var. Cismaniliyə tabe olmaq insanı var eləmir, yəni nizam pozulur.
Mütləqə İnam Ocağı öz fəaliyyətindədir. Mən Ocaqdan bir müddət aralanmışdım, Ocağa qayıtmaq meylim yox idi. Ocaqçıların yaşamı, gördükləri iş məni elə bir heyrətə saldı ki, Ocaqdan qıraqda qalmağıma peşiman oldum. Bir ömürdə bu boyda işləri necə görmək olar?! Elə bir heyrət duydum ki, İnamın hər şeyi dəyişəcəyinə zərrəcə şübhəm qalmadı. Ancaq çətinliklər çoxdur, adət-ənənələr var, dindən gələn təlqinlər var, hopub insanın beyninə. Bunu çıxartmaq böyük zəhmətlər tələb edir. Düşünürəm ki, İnam Evində bu zəhmətlər iş görür, bundan sonra da görəcək.
Atamız Var olsun!

Soylu Atalı: İnam məsələsi çox-çox önəmlidir. Məsələn, ayrı-ayrı dönəmlərdə (hələ mən Atanın ölümündən sonrakı dönəmi nəzərdə tuturam) Azərbaycanın toplumsal insanları bizim tədbirlərə qatılıblar. Məsələn, elə adamlar olub, 15 il bundan öncə tədbirdə olublar. Bağlantı da azalıb. Ancaq onlar özləriylə Asif Ata sorağı aparıblar. İllər keçir, biz o adamlarla rastlaşırıq. Baxırsan, ümid dolu duyğularla bizim qarşımıza gəlirlər. Yəni Atanın işi millətin içində yayılır. Biri var, daim Ocağın işini aparanlar, bir də var, Ocağın işığına toplaşan adamlar. Ocağın işığına toplaşan adamlar bütün tədbirlərə qatılmaya bilirlər, imkan olduqca qatılırlar. Ancaq onlar da Asif Atadan öyrənirlər. Öyrəndiklərini toplumun içinə daşıyırlar. Bu, bütövlükdə xalqlaşmanın yönüdür. Yəni təkcə Asif Atanın barmaq sayda Evladlarının üzərində olmur belə şeylər. Toplumun içində ayrı-ayrı insanlar buna dəstək olurlar.

Bilən Atalı: (Ataya səcdə edib, Bayrağı öpür – G.A.):  Asif Ata deyir, heç bir quruluş, heç bir cərəyan insanı fəlakətdən qurtarmır. Burda bir məsələ var, onu izah edir. Dinlər Allahı çeviriblər oyuna. Allah anlamı (əslində Mütləq) dünyanın nizamıdır, insanın özündədir. Bunu aşkarlamaq gərəkdir, oyuna çevirmək yox. İnsanı aldatmaq olmaz. Siyasəti ləyaqətin yerinə gətirmək olmaz. Bu baxımdan Asif Atanın Mütləqə İnam ideyasının ünvanı – İnam Evi insanı kamilləşdirmək, öz mahiyyətinə çatdırmaq, onu yalanlardan arındırmaq üçündür. İnam Evi insanı cəhalətdən, dünyanın bütün eybəcərliklərindən qurtarmaq ünvanıdır. Ona görə də müqəddəsdir. Bunu öyrəndikcə öz üzərində çalışmağa daha da ruhlanırsan.
İnam Evi Günümüz qutlu olsun.
Atamız Var olsun!

Soylu Atalı: Bir neçə il bundan qabaq Bilən qurtuluşu siyasətdə axtarırdı. Siyasətdəki adamların çıxışlarını izləyirdi. O çıxışlar da, siz də bilirsiniz, quru vədlərdir, yalanlardır, pafoslu, bəzəkli çıxışlardır. Bilən bunlarla birtəhər ayaqda dayanırdı. Ancaq həm də dayanmırdı, yalandan ümid bəsləyirdi, əlacı yox idi. Özü də sarsılırdı. Ocağı tapandan sonra anladı ki, qurtuluş onun ümid bəslədiyi yöndə deyil, Ocaqdadır. Ocaq insanı, həyatı yola vermək üçün deyil. Gerçəkdən insanı qurtuluşa çağırır. Özü də çox ləyaqətli addımlar atdı. Göyçayda çoxsaylı görüşlər keçirdi, Atanın kitablarının çapını gerçəkləşdirdi. Öz qadınını da Ocağa gətirdi. Özü Bilən, qadını Göytəkin adını alıb ciddi işlər gördülər, uğurlu addımlar atdılar. Göytəkin uğurlu yaradıcılıq işləri görür, eyni zamanda bu çağa kimi Ocağa gələn Ocaqçıların hamısından daha çox kitab oxuyub. Atanın, mənim kitablarımı oxuyub, Ocaqdışı ədəbiyyatlar oxuyub, bu gün də oxuyur. Onun ağlının, düşüncəsinin formalaşmasına bunların ciddi qatqısı olub. Bu, Ocaqçı üçün birinci şərtdir. Atanın sağlığından üzü bu yana Ocaqda əməli cəhətdən fəal Ocaqçılar olub. Onların içində iş getməyib. Getmədiyinə görə Ocaqdan gediblər. Hər kəs uğurlu addımlar ata bilər, ciddi əməli işlər görə bilər. Ancaq içində ruhani iş getməsə onun ömrü bir nöqtədə qırılır. Bu gənclərin bu cür başlamaları bizə ümid verir, onların ömrü qırılmayacaq.
Bu cür öz üzərində çalışma, Ocaqla bağlı çalışma quruculuq işləridir. Xalqın içindən axtarsan tapırsan. Xalqın içinə hər yerə çıxmırıq, çıxa bilmirik. İmkan olmur, çıxsaq taparıq. Həsrət, heyrət içində olanlar tapa bilərik. Atalar məsəli var, papaq altda yatan oğullar var.

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): İnsan həyatda Məna axtarır. Mənayə doğma olması yaxud ondan uzaqlaşması tutduğu yola, bu yol üstə yaşamını qurmasına bağlıdır. Sadəcə mövcudluğunu sürdürməkmi, yoxsa gerçəkdən yaşamaqmı?! Bu sualın cavabını aydınlaşdıran ömürdür. İnamın əsas məqsədi budur – nə olur, olsun, İnsanlığından vaz keçməyəcək qədər güclü olmağı öyrətmək, ömrü heçliyə deyil, Mənaya qovuşdurmaq!
Bütün insanlar məişətini təmin etmək çabası göstərir. Bunlar yaşamın doğal şərtləridir. Ancaq dünya, həyat təkcə bunlarla var olmur. Dünyanı, həyatı yaşadan, var edən qutsal duyğulardır. İnsan bunlara doğma olduqca həm özü yaşayır, həm də İnsanlığı yaşadır. Ədalət, sevgi, xeyirxahlıq, mərhəmət, fədakarlıq “Allah anlamı”nı yaşadır. Yaxşılıq etmək mümkündür, eləcə də, xeyirxahlıq, mərhəmət, fədakarlıq… Ancaq bunu insanlar arasında zorla oturuşdurmaq olumsuzdur. Bunu var etmək yalnız insana inam, sevgi əsasında mümkün olur. İnamın əsas məqsədi budur.
Pislik, ədalətsizlik insanlar arasında sürətlə yayılır. Kindən, intiqamdan doğan əməllər durmadan artır. Haqqı tapdalanan insanlar özlərində haqqı bərpa etmək gücü tapmadıqca haqsızlığı yaşadan insanların cərgəsinə qoşulur. Zülm, ədalətsizlik insanı qatilə də çevirə bilir. İnsanlar şəri pisləyirlər, qınayırlar. Ancaq necə etməli, axı şər həm də insanların içində yuva salıb ömürlərində yaşayır. İnamın məqsədi budur – İnsanın ruhunu şər qaranlığından qurtarmaq.
Ədalətsizliyə etinasız yanaşmaq, susmaq özbaşınalığı artırır. Pis niyyətlilərin öz vicdansız əməllərini ortaya qoyması üçün ortam yaranır. Əsassız səbəblərlə sürətli ört-basdır edilən haqsızlıq, ədalətsizlik bir neçə insana deyil, bütövlükdə İnsanlığa zərbə vurur. Beləcə, tarixin səhifələri qanlı olaylarla dolur. Tarix boyu işgəncələr, edamlar, ölümlər olub. Ancaq həqiqətlə bir olanlar onu bəyan etməkdən çəkinməyiblər. Edamlar, cəzalar, işgəncələr topluma nümayiş olunub. Ancaq bu insanların böyük bir qismini haqsızlıq, ədalətsizlik etməkdən, çox az qismini isə etiraz etməkdən, həqiqəti üzə çıxarmaqdan saxlamayıb. Çünkü insana bu cür vəhşicəsinə yanaşmanın əsasında elə ədalətsizliyin, haqsızlığın özü dayanıb. Bu ədalət üçün mübarizəyə qalxanları susdura bilməz. Haqsızlıq varsa etirazın olması mütləqdir. İnamın məqsədi budur – doğru mübarizə yönünü bəlirləmək.
Toplum istənilən düzənə uyğunlaşır. Bu bir axın kimidir. Bu axına kim necə ayaq uydura bilirsə, elə o cür də yaşayır. Axına uyğunlaşanlar arasında hər hansı fərqli düşüncə, yeni ideya etiraz doğurur. Nəyin həqiqət, nəyin yalan olduğu həmən ağıllara çatmasa da, etiraz mövqeyi tutanların belə həqiqət işığına yad olmadığı görünür. Mənəviyyatı sarsılmış, özünə yad yaşayanların içində İnsanlıqdan qorxu yaşayır. Özlərində olmayanın var olmasından vahimə duyurlar. Çünkü onların dünyasını yaşadan şərdir, qaranlıqdır. İnamın məqsədi – insanın içini qaranlıqdan qurtarmaqdır.
 İnsanın faciəsini bilmək – insanları bir-biri ilə birləşdirən əsas səbəb budur. Öz doğması, yaxını, milləti olmasa belə müharibənin dəhşətindən qaçan, müharibənin qurbanına çevrilən uşaqlara, insanlara acıyır insan. Axı acıdığımız bu insanları bu dəhşətə düçar edən də insandır. Ən böyük faciə öz növündən olanlara qarşı bu qədər amansız olmaqdır. Ancaq nə olur-olsun, mərhəmət ölmür. Zülmə, ədalətsizliyə düçar olan insanların haqq səsindən oluşan etiraz yaranır, dalğa-dalğa yayılır.
İstənilən dünyabaxış daşıyıcısının öz yolunu oturuşdurması onun özünün nə dərəcədə inanmasına bağlıdır. Tutduğu yol insanı nə dərəcədə dəyişdirib, hansı mənfi keyfiyyətləri aradan qaldırıb, İnsanlığa doğma olan nə yaradıb. İnsan qarşısındakını bununla inandıra bilir. Əslində inandıran ömürdür. Ömür o zaman işıqlanır ki, doğru prinsiplərə əsaslanan inam əsasında qurulur. Məkan o zaman qutsal olur ki, orada deyilənlərdən daha çox işıqlı ömürlər söz deyir, yol göstərir. İnam Məbədi öncə ürəklərdə qurulub ömürlər yaradır. Sonra məkan olaraq qurulur, ömürləri yaşadır. İnam Evi Günümüz qutlu olsun!
Atamız Var olsun!

Natiq bəy: Əsas məsələ İnamdır. İnsanlığa İnam. İnsanlığa İnam hər bir fərdin qəlbində yaşamalıdır. Onu üzə çıxartmaq lazımdır. İnam Evi bir məktəbdir. Gəlib orda oturasan, gələsən, gedəsən, püxtələşəsən. Özünü orda düzəldəsən.

 Günev Atalı: İnsan ən düzgün, ən dürüst, ən doğru bildiyinə özünü daha çox həsr edir. Əgər bu ömrə gəlirsə, məsələn, heyrət haqqında danışırıq. Adi bir qarışqa özündən 20 dəfə, bəzən 50 dəfə ağır bir yük aparır. Bu qarışqanın işidir. Baxıb görürük, Soylu Atalı, bir insan kimi, bacardığından qat-qat artıq yükü aparır. Deyirəm mən sənə heyrət edirəm. Bəs nəyə ömür həsr edə bilərəm ki, Soylu ilə yanaşı olmayam, ömrümü nəyə həsr eləyə bilərəm ki, Bilənlə yanaşı olmayam. Ömrümün qədrini bilməyəndə mən onu başqa şeylərə həsr edə bilərəm, onunla yanaşı ola bilmərəm. Bundan daha vacib, bundan daha yaxşı bildiyim şey varsa edərəm. İnsanın ömrünün qədrini bilməsi nədir, insan bir dəfə gəlir dünyaya, bir dəfə ömür yaşayırıq. Bir dəfə yaşayırıq deyəndə mövcudluğumuz bir ömürdədir. Bir ömür ki var, onu elə yaşaya bilərik ki, on ömrə bərabər olar. Ata deyir, Teymurun bir Səmərqəndindən artıq oldu Nəsiminin “ənəlhəqq”i. Yəni ömrü bəri başdan elə məqama kökləmək, elə yaşamaq gərəkdir, ömür sona yetəndə heyif sənə deyib dərindən köksümüzü ötürməyək. Hər kəsin mövcudluğunun bir sonu var. Bu haqda doğrudan da, düşünmək gərəkdir. Heç başqa şeyləri demirəm, ömrün qədrini bilmək gərəkdir. Elə yaşamaq ki, əbədi bir ömür qazanasan, xoşbəxt olasan. Hər kəs xoşbəxtlik istəyir, hər kəs şərdə, xeyirdə xoşbəxtlik arzulayır, ancaq o xoşbəxtlik maddi firavanlıqdan, məişət firavanlığından o yana keçmir. Xoşbəxtliyin ayrı bir mənası var, bu Amaldır. Amalsız ömür doğrudan da yarımçıqdır, balacadır. Mən Ocağa heyrət edənlərə də deyirəm bu sözü. Yasinə də deyirəm, sən Ocağı qəbul eləmisən. O inam var ki, səfərlər edirsən. Ancaq niyə  ömründə həm də bir yarımçıqlıq qoyur, onu ağlıma yerləşdirə bilmirəm.

Soylu Atalı: Sağ olun, var olun ki, gəldiniz. Bu gün gözəl bir “İnam Evi Günü” keçirdik, Atanın həqiqətlərini dilə gətirdik. Bu da bizim xəlqi dəyərləri yaşatmaq, oluşdurmaq istəyimizdən, meylimizdən, yaşamımızdan irəli gəlir. Əlimizdən gələni edirik ki, İnam Evi məktəb məbədə çevrilsin. Bunun üçün Atanı öyrədirik. Həm öyrənirik, həm öyrədirik. Belə bir məktəbin həm öyrətmənləriyik, həm də öyrənciləriyik. Atanı öyrəndiyimiz qədər öyrətməyə çalışırıq. Bu işi biz zor gücünə ayaqda tutmuruq. Artıq 28 ildir Asif Ata bizim aramızda yoxdur. Az bir vaxt deyil. Biz Asif Atanın Ocağını 28 ildir yaşadırıq. Ona görə yaşadırıq ki, öz içimizdə Ata obrazı yarada bildik. Öz içimizdə yaratdığımızla özümüzə Atalıq eləməyi bacardıq. İnsanın mənəviyyatına, ruhuna Atalıq gərəkdir. Bu Atalığı özü eləyir, ya da onun yaxa verdiyi mürşüd eləyir. İnsanın mənəviyyatına gərək olan atalıq – fiziki, cismi varlığa gərək olan atalıqdan qat-qat yüksək, həm də çətin anlam daşıyır. Çünki fiziki varlıq olaraq insanın ömrü bütöv başa çatar. Ancaq insan həyatını elə qurar ki, onun ömrü fiziki varlığının başa çatması ilə başa çatmaz, davam edər. Hər kəsi özü olmağa çağırırıq. Bu məktəbi xalqın içində yaşadarıqsa, özümüzdən sonrakılara verə biləriksə, xalqın gələcəyi olar. Xalqın gələcəyinə tələsə bilmərik, bu beş-üç günün söhbəti deyil. Çox böyük zamanlar gərəkdir. İnad varsa zamanlar yeniləcək! İnam Evi Günümüz qutlu olsun!

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Törən başa çatır.

Səsdən yazıya çevirdi: Göytəkin Atalı.
Yağış Ayı, 46-cı il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir