Ocaq Günsırası ilə 12 Yağış Ayı, 38-ci ildə (noyabr, 2016) İnam Evində qutsal “İnam Evi Günü” Törəni keçirildi. Törən quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Ataya səcdə ilə Bayrağımızı öpürəm. Ocağımızın bu günü “İnam Evi Günü” adlanır. “İnam Evi Günü”müz Ata-Ocaq günsırasının 13-nə düşür. Ancaq bu il, istisna hal kimi, 12-də keçiririk. Qardaşımız Günev Rusiyaya getdiyinə görə. Yəni onun bileti 13-nə olduğu üçün. Bununla bağlı onun rahatsızlığını gözə alıb bizimlə Törənə qatılmasını sağladıq.
Biz, Ocaq olaraq, Asif Atanın yaratdığı quralları onun buyurduğu kimi, buyurduğu günsıra günlərində həyata keçiririk. Ancaq bəzi olaylar toqquşduğuna görə, xırda biçim dəyişikliyi elədik. (Soylu Atalı bu dəyişikliklə bağlı ruhsal bəlgəni oxuyub aydınlaşdırır. – N.A.)
Asif Ata öləndən sonra evini əlimizdə saxlaya bilmədik. Çox çalışdıq, Atanın yaradıcılıq evi kimi, ya da Atanın ev muzeyi kimi, ən azından. Halbuki ora, məzmunca, bizim üçün məbəd idi. Çünkü biz orada yeni dünyabaxışın işığına toplaşdıq. Biz orada yeni dünyabaxışın yolunda ilk addımlarımızı atmağa başladıq. Biz orada özümüzün mənəvi-ruhani kimliyimizi tapdıq, adlarımızı aldıq. Ona görə də ora bizim üçün məbəd məzmunu daşıyırdı. Baxmayaraq ki, balaca otaq idi. Orada da biz tədbirlərimizi keçirə bilərdik. Bu, keçmiş bir tarixdir, bilgi üçün deyirəm.
Biz İnam Evi yaradırıq, İnam Evində tədbirlər keçiririk, bizi anlayan var, anlamayan var. Biz 38 ildir bu yolu gedirik. Kimlərsə 38 il Ocaqda olmasa da, iş özü 38 ildir davam edir. Mən 26 ildir bu yolu gedirəm. 38 ildir belə bir yol var, Asif Ata bu yolu başlayıb. Bu işi Asif Ata öz şöhrəti üçün başlamayıb. Şöhrətlənmək üçün, bilirsiniz ki, bəs qədər başqa yollar vardı. Asif Ata bu işi İnsanlığın qurtuluşu üçün düşünüb. İnsanlığı necə qurtarmaq? İnsanlığın, bizə bəlli olan tarixlərdə, ağır gedişlərini, yaşamlarını izləmişik, görmüşük. Nə qədər tarixdə böyük çabalar olmuş olsa da, ayrı-ayrı zəhmətlər olsa da (biz heç bir zəhməti gözardı eləmirik, hər kəsin zəhməti özü bir tarixdir), o zəhmətlər bəlli bir aşamaya gətirib çıxarır insanlığı. Biz onları gözardı eləmirik. Ancaq bir var, obrazlı desək, gündə bir çadır qurmaq, bir var ev tikmək. Biz gündə bir çadır qura bilmərik. Asif Ata düşündü ki, İnsanlığa ev tikmək gərəkdir. O evi nəylə tikmək olar, necə tikmək olar? İnsanlığı – ona zərər verən, ona kölgə salan baxışlardan, ideologiyalardan arındırmaqla. Ona görə də Asif Ata tarixi, dünyanı, gedişi öyrəndi, bəşəriyyətin atdığı addımlarda uğursuz nə varsa, onları dışladı. Uğurlu olanların uğurlarını alqışladı, onlardan bəhrələndi, ancaq onları təkrar eləmədi, qırağa qoydu. Niyə qırağa qoydu? Biz istəsək də, istəməsək də, qəbul elədiyimiz bir şeyi ya bütöv qəbul etməliyik, ya da qəbul etməməliyik. Bu, Asif Atanın Mütləqilik ölçüsüdür, – “ya hər şey, ya heç nə”. Bir var hansısa bir dəyərdən nəyisə götürüb mayana qoyasan. Bir var onu bütünlüklə rədd edəsən, bir var bütünlüklə qəbul edəsən. Bütünlüklə rədd eləmək mümkün deyil. Çünkü yol keçib. Çünkü bəşəriyyətə söz deyib, bəşəriyyətə nəsə verib. Ona görə bütünlüklə rədd eləmək mümkün deyil. Bütünlüklə qəbul eləmək də mümkün deyil. Çünkü bütünlüklə qəbul edəndə, onun özündə yüz illər daşıdığı köhnəlikləri də qəbul eləmək zorunda qalırsan. Köhnəlikləri də qəbul edəndə onunla sən gəlişməyə, tərəqqiyə girə bilmirsən. Ona görə onda olan yaxşı şeylərdən bəhrələnirsən və ona “dayan” deyirsən. Dayanmaq gərəkdir artıq. Sən bura qədər gəldin, yaxşı elədin, az elədin, çox elədin, sən dayanmalısan. İndi yenilik gərəkdir. Yenilik də özündə köhnəlik, gerilik daşımamalıdır. Bəşəriyyət nədənsə daşıdığı ideoloji, ya da mənəvi-ruhani baxışlarda geriliyi qoruyur. Sanki islahatla arası yoxdur. Düşünmür ki, bunun içində zərərli tendensiyalar var. Bunu qırağa qoymaq gərəkdir. Qırağa qoya bilmir. Mən qınamıram. Niyə qırağa qoya bilmir? Qırağa qoyanda gərək onda həyat nizamını tamam dəyişəsən. Məsələn, konkret olaraq, Asif Ata Mütləqə İnam Ocağı yaratdığına görə, biz onu tutuşdura bilərik dünyabaxışlarla, bu kontekstdən bu məsələlərə aydınlıq gətirə bilərik. Deyək ki, bizim həyatımıza girən İslam dünyabaxışı ilə bağlı məsələlərə. İslam dünyabaxışında, düşünək ki, yaxşı şeyləri götürək, qalanını qırağa qoyaq. Yaxşı şeylər nədir? Yaxşı şeylər, deyək ki, hansı nöqtədə bəşəriyyətə İnsanlıq işığı göstəribsə, onu alqışlayaq. Ancaq yerdə qalan nəsnələrini qırağa qoymaq gərəkdir. Biz niyə qırağa qoymaq zorunda qalırıq? Biz hər hansı bir olayın üzərində onun postulatlarına görə dəyişiklik eləmirik. Onun özülündəki yanlışlara görə dəyişiklik eləyirik. Postulatlar zərərli, yanlış ola bilər. Bu postulatları kimlərsə artırmış olar, kimlərsə sonradan gətirmiş olar. Ancaq özüldə duran prinsiplər var ki, o prinsiplər dünyabaxışı başlayanın özününküdür. O sonradan qondarma, artırma deyil. Özül prinsipləri də Asif Ata aydınlaşdırdı, gördü ki, zərər özül prinsiplərdədir. Özül prinsiplərdə zərər olduğuna görə onu qırağa qoymaq zorundayıq. Bunu qırağa qoymasan, insanın içində, şüurunda, düşüncəsində gerilik, köhnəlik ortadan qalxmayacaq, mümkün deyil. Çünkü özül prinsipin özü insanın birbaşa mayasına oturur. Min ildir bizim toplumumuzda bu prinsiplər oturubdur, bu günümüzə gəlir: – genlə gəlir, qanla gəlir, soyla gəlir, tarixlə gəlir, düşüncəylə gəlir, şüurla gəlir.
Özül prinsiplərlə bağlı bir neçə kəlmə söz demək istəyirəm. Bizi anlayan, anlamayan, anlamaq istəməyən insanlar (biz bunu ictimailəşdiririk) qoy bizi oxuya bilsinlər, düşünə bilsinlər. Qoy düşünsünlər ki, biz cırmaqlaşmaq niyyətiylə eləmirik. Bizim cırmaqlaşmaqdan xoşumuz gəlmir. Biz ateist düşüncəli qurum deyilik. Biz İnamıq, yeni İnam. Asif Ata deyir ki, İnam gərək yalansız olsun, bütöv olsun. Buna görə də, özünə qədərki baxışlarda özül prinsiplərə üz tutdu və yalanları ortaya çıxardı. Özül prinsiplərdəki yalanlar nədir?
1-ci. Dünyaya yanaşma. Dünya 6 gündə bir baxışla yaradılıb. 1-ci ideya budur. Araşdırdıq, düşündük, gördük ki, burada yalan var, idrak yoxdur. Bura elm də girmir, idrak da girmir. Necə yəni dünya olmayıb, heç nə olmayıb, sonra Allah onu əfsunladı, ismi-əzəm oxudu, dünya oldu, kainatın ünsürləri bir-bir yox yerdən oldu. Bu, ağıl kəsən bir şey deyil. Bunun üzərində qurursan axı sən dünyabaxışını. Belə bir yalanın üzərində. Bunun qarşısında Asif Ata nə dedi? Dedi ki, dünyanın olmayan vaxtı olmayıb, olmayan vaxtı olmayacaq. Dünya özündən, yəni özündən böyük olan Əzəli, Əbədi, Kamil, Sonsuz mahiyyətindən təcəlla tapır, ondan yaranır, ondan görünüşə gəlir. Onun təzahürüdür. Mütləq – təzahür edən, görünüşə gələndir, dünyanı bənna kimi quran, quraşdıran deyil. Göz ağartmaqla oluşduran deyil.
Baxın, din deyir, öncə dünya olmayıb, Allah olub. Axı Allah harda olub?! Dünya-Allah ayrılığı yaranır burda. Dünya ayrı şeydir, Allah ayrı şey. Dünyayla Allahın heç bir bağlantısı yoxdur. Allah dünyanı oyun-oyuncaq kimi yaradıb. Semit dünyabaxışları belə deyir, Allah dünyanı oyun-oyuncaq kimi yaradıb. Bir çağlar bu dünya yenidən olmayacaq. Oyun-oyuncaq yoxa çıxacaq. Hara yoxa çıxacaq, bilinmir. Bütöv dünya necə yoxa çıxacaq? Axı Mütləq yoxluq yoxdur. Əgər dünya yoxa çıxacaqsa, Allah nədən ötrüdür?! Bu, birinci yalandır.
İkinci yalan – o dünya-bu dünya ideyasıdır. Bu dünya oyun-oyuncaqdır, fanidir-filan. Asif Ata deyir, bu, türk ruhuna uyğun bir şey deyil. Türkdə Tanrı ideyası olub. Türkdə döyüşkən Allah ideyası olub. Zərdüştü danırlar, inkar edirlər, Zərdüştdə özünü göstərib döyüşkən Allah ideyası. Hürmüzd Əhrimənlə döyüşür, türk xarakteri var Hürmüzddə. Döyüşkənlik – arılıq uğrunda, ədalət uğrunda, azadlıq uğrunda daim döyüşür. Hürmüzd harda döyüşür? (Çox gözəl obraz, çox gözəl baxışdır). Harda döyüşür – insanda, dünyada, həyatda. İnsanda necə döyüşür? İnsanın üzündə döyüşür, imkan vermir Əhrimən, təkəbbür olaraq, insanın üzünə qonsun. Əlində döyüşür. İmkan vermir Əhrimən insanın əlində əyriliyə çevrilsin. Qəlbində döyüşür, imkan vermir Əhrimən insanın qəlbini qaranlığa qərq eləsin. Düşüncələrində, duyğularında döyüşür, təbiətdə döyüşür. İnsan üçün, İnsanlıq uğrunda döyüşür, İnsanın özündə döyüşür. Birinci “Ənəlhəq” ideyasıdır bu. Hürmüzd insanda döyüşür, insandadır. Sonrakı aşamalarda babalarımız bunu daha qabarıq dedilər. Babək sonradan dedi: – içimdə Şirvin gəzdirirəm, yenilmirəm, qüdrətliyəm, ölməzəm, sığmazam. Türk budur. İslamda itaətçilik var, ümmətçilik var, qorxaqlıq var. Türk xarakterinə uyğun deyil. Türk kimliyinə uyğun deyil. Ərəb öz kimliyini zorla türkün xarakterinə yeritdi və türkün xarakterini pozdu. Mən burda ərəb-türk ayrılığı ilə əksiklik-üstünlük yaratmıram. Ancaq bir fakt var ki, ərəbdən başlayan dünyabaxış budur, türkdən başlayan dünyabaxış ayrıdır. İslamda o dünya-bu dünya yalanı yarandı. Dünya insanın gözündən salındı. Guya deyir dünya malına göz dikmə, ancaq cənnətə göz dik. Cənnətdə hər şey var. Alma da var, altından gözəl bulaqlar axan bağlar var, gözəl zövcələr var. Huri-pərilər var orda. Hər şey var yeməli, içməli, gəzməli, kef eləməli. Ora göz dik. Şüura bax. Dünya malına göz dikmə, ora göz dik. Ora nədir bəs? Elə dünya malıdır da. Fantastik olaraq onu göyləşdirmisən. Yerdəkinin göydə prototipini yaratmısan. Bu türk ruhuna, mahiyyətinə uyğun deyil. Ümumiyyətlə, İnsanlığa uyğun deyil. O İnsanlıq ki, bəşəriyyət özündə daşıyır.
Burdan qaynaqlanan başqa məsələ çıxır ortaya. Dünyanın faniliyindən doğan vətənsizlik. Yalan söhbətdir, deyirlər din vətən uğrunda döyüş aşılayır, filan edir. Necə döyüşür vətən uğrunda, sən vətəni fani elan edirsən. Bu nə ziddiyyətdir, bu nə rikayarlıqdır?! Hansı vətən uğrunda döyüşüm, niyə sevim o vətəni ki, fanidir, puç olub gedəcək. Ona görə, bu gün sizin hamınızın izlədiyiniz, həmin düşüncəli insanların heç biri vətəni sevmir. “Nə vətən? Vətən anlayışı boş söhbətdir. Hamımız qardaşıq, erməni də qardaşdır, fars da qardaşdır”. Qardaş ol da, ancaq hamısı sənə yağı kəsilib. Yağı kəsilənə necə qardaş ola biləcəksən?! Yağı kəsilməsin, qardaş ol. Eyni halda bilməlisən ki, sən bir toplumsan. Sənin başın, ayağın bilinməlidir. Harda başlayıb harda dayanırsan? Kimsən, nəçisən? Bəzən deyirlər ki, hamı türkdür, elə ləzgi də türkdür, talış da türkdür, o biri də türkdür, bu biri də türkdür. Mən buna qarşı yazı yazmışam. Niyə türkdür? Türkün ehtiyacı yoxdur ləzgi dönüb türk olsun. Ya da ləzginin ehtiyacı yoxdur, türk olsun, olmamalıdır. Ləzgi ləzgi olsun, Türk elə özü olsun, bəsdir. Niyə hərənin özü olmasın ki?!… Fani dünya ideyasından fani vətən ideyası ortaya çıxır. Vətənsizlik törəyir bundan.
Cənnətə çağırışda millət yoxdur. Cənnətə ümmət çağırılır. Çünkü cənnətdə doğub-törəmə yoxdur. Çünkü cənnətdə qohum-qardaş yoxdur. Ata-ana yoxdur, oğul-qız yoxdur, dost yoxdur, sürü var. Sürüdən millət olmaz. Bəşər min illər yol keçdi. İcmadan dəyişə-dəyişə gəldi millətləşmə aşamasına çıxdı. Yenidən 7-ci yüzildə bizim şüurumuzu ümmətçiliyə qaytardılar. Biz də 7-ci yüzil şüuruyla yaşaya-yaşaya özümüzə yadlaşdıq, öz kimliyimizi unutduq. Etnik mahiyyətimizə soxuldular, etnik mahiyyətimizi zədələdilər.
Bundan ortaya gələn bir yalan da qismətçilikdir. Elmdə buna fatalizm deyirlər. Alın yazısı. İnsanın ömrü mexanizmləşdirilir. Alətləşir insan. Böyük düha olmaq imkanı olan insan. Təfəkkür imkanı olan insan. Böyük idrak imkanlarını aşkarlamalı olan insan. Mexanizmləşdirilir, ömrü proqramlaşdırılır. Din deyir hər şey öncədən proqramlaşdırılıb, sənin alnına yazılıb. Sən o proqram əsasında yaşayırsan, hərəkət edirsən. Düşünən haqqında da deyir ki, bunu dindirməyin, bunun qəlbi, qulağı möhürlənib. Nə deməkdir, qəlbi möhürlənib, qulağı möhürlənib?! Allahın nə haqqı var insanın qəlbini, ağlını möhürləsin?! Kim o ixtiyarı, haqqı ona verib? Yalandır bu.
Özül prinsiplərdəki yalanlar bunlardır. Bu yalanların üzərində necə millət olaq, gələcəyə gedək, gələcəkli olaq?! Ona görə Asif Ata Mütləqə İnam Dünyabaxışı yaratdı, onun ideyalarını yazdı. Bu ideyaları İnsanlığın qurtuluşu üçün yazdı. Onu bayraq edib başının üzərinə qaldırdı, harayını çəkdi – “İnsanlaşın, İnsanlaşdırın. Bəşərin qurtuluşu İnsanlaşmaqdadır”. Burdan başlayır hər şey. İnsanın mənəviyyatı çökdürülürsə, insanın şüuru pozulursa, milli kimliyi alt-üst olunursa, ondan quruculuq gözləmə, ondan gələcək gözləmə. Ondan İnsanlıq gözləmə. Mərifət, qanacaq gözləmə. Bütün nə deyirsən, boş laf olacaq. İnsanın şüurunu qapayırsan, bağlayırsan. Sonra da ondan hər şey umursan. Düşünmə deyirsən, sənin böyük məsələləri düşünməyə haqqın yoxdur, ağlının gücü çatmaz, bu sənlik deyil. Allah özü bilər deyirsən. Allah özü bilərsə, onda mən kiməm? Mən heç kiməm. Əgər mən heç nəyəmsə, məndən nə umursan? Dində kamil insan yoxdur. Çünkü bəndədən kamil olmaz. Bəndəlik – mütilik statusudur, köləlik statusudur. Ondan kamil olmaz.
Bütün düşüncələr, doktrinalar da burdan qaynaqlanır, burdan yaranır, burdan əyilir. Siyasət nədən başlayır? Təəssüf ki, nə qədər adamlıq var, siyasət var. Bizdən asılı deyil. Siyasət adamlıq səviyyəsindən yaranır. Siyasətdə səmimiyyət yoxdur, doğruluq yoxdur, alıb-aldatmalar var, oyunlar var çoxsaylı. Nədən yaranır bu? Ondan yaranır ki, insanın ləyaqəti yerində deyil. İnsanın qanacağı, səmimiyyəti yerində deyil. Kişiliyi, qadınlığı yerində deyil. Özünə sayğısı yerində deyil. Ona görə oyun oynayır. Kimin üçün oynayırsan? Nə üçün oynayırsan? – Dünya dağılsın, ancaq sən dağılma. Onda görəcəksən səndən nə qədər gözəl dünya qurulur.
Dünya dağılsın, sən dağılma. Sən dağılacaqsansa, dünya nəylə qurulacaq, sənin mənəviyyatın dağılacaqsa?! Bütün məsələlər burdan başlayır, ona görə də biz israrla Asif Atanın dünyabaxışını deyirik.
İkinci. Mənim əzizlərim, Asif Atanın dediyini savunmaq gərəkdir, qorumaq gərəkdir. Kim olursan ol, türk olma, talış ol, ləzgi ol, Asif Atanın dediyi sənin üçündür. Məhəmmədin dediyi sənin üçün deyil. Çünkü o səni ümmətə çevirir. Asif Ata səni millətə çevirir, insana çevirir, səni özünə qaytarır. Deyir hər bir xalq özü bir dünyadır, heç bir xalqın başqa xalqı əzməyə haqqı yoxdur, məhv eləməyə haqqı yoxdur. Sənin üçün deyir bunu. Onun arxasında möhtəşəm ideya durur, baxış sistemi durur. Ona görə Asif Atanı qorumaq gərəkdir. Onu öyrənmək gərəkdir, onu tutmaq gərəkdir. Biz bunun əsasında millət ola bilərik, bəşər ola bilərik.
Bizə deyirlər, Məhəmmədlə peyğəmbərlik qurtardı. Axı niyə qurtardı? Kim sənə haqq verib, bu hökmü verirsən?! Asif Ata Ərəbistana gedib Məhəmməddən icazə almalıdır ki, mən yeni inam yaratmaq istəyirəm, yeni ideya yaratmaq istəyirəm? Gərək ərəbdən icazə alasan? Azərbaycanda çalışmaq üçün Ədliyyə Nazirliyinin qeydiyyatından keçməlisən. Deməli, böyük ideyaları həyata keçirmək üçün də Ərəbistandan icazə almalıyıq. Siyasi məsələləri Amerikadan icazə almalıyıq, Rusiyadan icazə almalıyıq, ruhsal məsələləri də Ərəbistandan. Nə deməkdir bu? Belə sarsaq şeylər hardan bunların ağlına gəlir, bilmirəm. Bəşəriyyət qısırlaşdı, qurtardımı?
Deyirlər, Allah peyğəmbəri bədbəxt xalqlara göndərib ki, onlar adam olsun. Dini savunanlar belə deyir. Onlara sual vermək gərəkdir: əgər dini – vəhşi, çöldə qalmış ərəb üçün göndəribsə, bəs sən nə yapışmısan ondan, burax getsin öz işiylə məşğul olsun. Niyə sallaşmısan ondan? Yox, əgər Allah, peyğəmbər hamı üçündürsə, onda niyə mənim özümün baxışım olmasın?! Onda niyə mənim özümün dünyagörüşüm yaranmasın?! Niyə mənim özümün peyğəmbərim olmasın?! Sənə ixtiyarı kim verib ki, durub deyəsən, Allahın Cəbrayılı sifariş çatdırmadığı adam peyğəmbər ola bilməz. Asif Ata heç bir Cəbrayıllı Allahı dinləmir. Asif Ata robot deyil, kiminsə diktəsiylə söz söyləsin topluma. Öz içinin harayını çəkir. Öz içinin harayını çəkdiyi dərəcədə peyğəmbərdir. Yeni İnam yaratdığı dərəcədə peyğəmbərdir. Yeni Dünyabaxış sistemi yaratdığı dərəcədə peyğəmbərdir. Tanrısal sistemdə dəyişiklik elədiyinə görə peyğəmbərdir.
Tanrısal sistem əyridir. Allahı əyri veriblər, əyri qurublar şüurlarda. Allah Musanın qövmü üçün başladı. Allah Bibliyanın birinci hissəsində deyir ki, mən İsrail oğullarının Allahıyam. Ey İsrail oğulları, mən sizin atalarınızın Allahıyam. Yaqubun, İsrailin, o birinin. Sonra da gəlib Məhəmmədə deyir ki, mən sənin qövmünün Allahıyam. Bütün göstərişlərini ərəb üçün verib, bütün əmrlərini ərəb üçün verib. Öncə yəhudi üçün, sonra ərəb üçün. Bunun mənə nə dəxli var?! Allahı oyun-oyuncağa çeviriblər. Bir ağıllı adam yoxdur ki, soruşsun, bu sunduğun Allah nə deməkdir?! Allah Məhəmmədin ailə məsələlərini həll edir. Ayələr göndərir Məhəmmədin arvadlarını yola gətirmək üçün. Quran bunu deyir. Başa düşmürəm, bu nə Allahdır sən bunu sunursan? Belə Allah olar? Ağıl gərəkdir. Min ildir nağıla qulaq asırsan. Cəfəngiyyata qulaq asırsan. Ürəyin cəfəngləşibdir, düşüncən cəfəngləşibdir, mənəviyyatın heçə çevrilibdir.
Osmanlı hökmdarları Osmanlını yaradanda yenilməz idilər, əyilməz idilər, özlərinə sığmırdılar. Allah kimi idilər. Sonra ərəb dünyabaxışına uydular, xilafətləşdilər, hərəmxanalaşdılar, türkün ailəcanlılığı tamamilə aradan getdi. Min ildir əyri təbliğat gedir, uğurlu təbliğat getmir. Uğurlu təbliğat aparanların dərisini soydular, tonqalda yandırdılar, məhv elədilər. Ağacdan asdılar, başını kəsdilər. İmkan vermədilər ki, onlar Tanrısal sistemə, İnsani gedişə aydınlıq gətirsinlər. Ləyaqət örnəyi ortaya qoysunlar. Doğradılar, tökdülər hamısını. Gözünüzün qabağındadır, doğrayanların varisləridir bugünkülər, dünyanı qana qərq edirlər.
Deyirlər terror dinin dediyi deyil. Necə deyil, din bunun şüurunu məhv edib ki, terrorçuya çevrilib da.
Mən sizə bir soydaş olaraq ərk edirəm, içinizdə fəlakətlərin qaynağını yaxşı öyrənin. Hardan qaynaqlanır bu fəlakətlər? Nədən qaynaqlanır? Nədən zaman-zaman şəxsiyyətlərimizi bunlar məhv ediblər, Babəki, Nəimini, Nəsimini, hələ bizim adını bilmədiklərimizi?! Sonra ədəbiyyatçılarımız – Cəlilimiz, Sabirimiz, o birilər dışlanırdılar. Ona görə Asif Atanın başladığı iş çox böyük bir işdir, min il yol gedəcək bir prosesdir. Min il yol gedəcək, min il etki göstərəcək. Min il gərək olacaq. Onu qorumaq gərəkdir, yaymaq gərəkdir, onu deməkdən çəkinməmək gərəkdir. Cəsarətli olmaq gərəkdir. Cəsarətli olmaq üçün öyrənmək gərəkdir, bilmək gərəkdir. Yiyələnmək gərəkdir. Yiyələnəndən sonra insanda cəsarət də, ləyaqət də zirvədə olur, aşağıda olmur. Asif Ata onu mənim üçün yaratmayıb ki. Asif Ata onu xalqı üçün yaradıb, bəşər üçün yaradıb. Böyük fəxrdir, böyük qürurdur ki, sənin millətinin içindən zamanları aşan böyük bir düha çıxdı. Bundan böyük şərəf, qürur ola bilməz. Şərəflənmişik.
Bizim İnam Evinin məzmunu, qonusu belə bir işi oluşdurmaq üçündür. Belə bir işi genişləndirmək üçündür. Bunun arxasında dövlətləşmə durur, millətləşmə, bütövləşmə durur. Türkün böyük birliyi durur. Daha doğrusu, bunun davamında, prinsiplərində. Bütövlükdə dünyaya yeni sivilizasiya gəlişi durur. Heç kim bunun başqa cür olduğunu sübut edə bilməz. Əgər kimsə sübut etmək istəyərsə, mən onu dinləməyə hazıram.
Sizə, gəlişinizə görə, təşəkkür edirəm, məni dinlədiyinizə görə də ayrıca sayğımı bildirirəm. Atamızın adıyla sözümü bitirirəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Günev Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Bütün törənlərimiz kimi, “İnam Evi Günü”nün də əsas bilgisi – millətləşmənin, bəşərləşmənin nizamını öyrətməkdən gəlir. “İnam Evi Günü” törəni keçirə-keçirə, ürəklərimizdə İnam Evi yaratmaq istəyi ehtiraslı şəkildə üzə çıxdı. Soylu qardaşımız dedi, Beyləqanda İnam Evi tikilir. Hər birimizin uğuru bütünlüklə Ocağın uğurudur. Çünkü bizdə belə bir ruhsal birlik, belə aşiqanə fərəhlənmək, sevinmək, ondan güc almaq var. Çünkü içdə, ağılda, şüurda bitməyən heç bir iş əmələ gəlmir. Gərək o iş tamamilə özünü, yerini, yurdunu tapsın ki, üzə çıxsın və sunulsun.
Qonumuz var: “İnam Evinin varlığı – milli kimliyin təsdiqidir”. Bir millət kimi milli kimliyimizdən sonsuz olaraq gen düşmüşük. Novruzəli səviyyəsindən Abbasəli səviyyəsinə qalxmaqda elə bir fərq yoxdur. Bununla bağlı birbaşa xalqımızı qınamırıq. Birbaşa onun üstünə yeriyib demirik niyə bu durumdasan? Axı kim öyrədir bu xalqı? Məscidmi, Kilsəmi, Sinaqoqmu öyrədib? Oxullarmı öyrədib? Sovetliklər, idarələr… Heç biri öyrətməyib. Heç biri xalqa üzünü tutub deməyib ki, sən busan. Ancaq bu gün xalqa ərk eləməyimiz yerinə düşər, niyə qulağını tıxamısan? Niyə gözlərini yummusan? Asif Ata bu xalqın içindən çıxıb, qarşına gəlib, öyrədir. Asif Ata Azərbaycanın dəyərlərini sistemləşdirib xalqa öyrədir.
Heç yerdə Azərbaycan bütöv, heç yarımçıq da, izhar olunmayıb. Ancaq bu gün İnam Evləri yaranır, çətinliklə yaranır. Ən adicə təməl tökdük Amal Bağında. Ocaqçılar gəldi. Ulusəs, Göylü fiziki cəhətdən kömək edirdilər. Soylu, Güntay, Ağşın bəy işlədilər. Elin də içindən tək-tək çıxanlar olurdu. Təməltökmə tədbiri keçirdik. Kənddən 30-a qədər adam qatılmışdı. Sonradan, xeyir-dua verənlər, duyuq düşdülər ki, burda Zərdüşt adı çəkilir, Məhəmməd adı çəkilmir. Burda Nəsimi adı tutulur, Əlinin adı tutulmur. Sonra elə hal yarandı ki, ordakı daşları bir-bir yığıb geri gətirdim yaşadığım evin həyətinə. Ekskovator gətirib bünövrəni dağıtmaq istəyirdilər o çağlarda. Bir az dilə tutduq, kimliyini özünə göstərə-göstərə, yavaş-yavaş o aşamanı ötdük. İndi İnam Evi tikilib, üstü də bağlanıb. Heç kəsə acıq eləmədik ki, mən səndən ötrü bu əzabı çəkirəm, maddi məhrumiyyətlərə gedirəm. Sən də mənim basıb gözümü çıxarırsan. Bu gün isə fərəhlə bölüşürük ki, Asif Atanın ideyalarına cavab verəcək, memarlıq baxımdan da ideyaları əks etdirən İnam Evini gerçəkləşdirə bildik. Kütlə inad qarşısında heyrətə gəldi. (Ümumilikdə götürəndə heyrət var). Etiqadı üçün neyləyir bu adam. İndi əngəl yoxdur. Bilməyən də yoxdur, işin anlamını.
Soylu demiş, İnam Evi millətin üzünü özünə çevirmək üçün bir ünvandır. Öncə ürəkdə yaranır, sonra dam-divar şəklində biçimə düşür.
Qonu haqqında: “İnam Evi – yönümdür, yolumdur, həm də gəlişməmdir”. – Bu, həm millət olaraq belədir, həm də bəşər olaraq. Çünkü Asif Atanın yaratdığı Mütləqə İnam təlimi bəşəridir. Hər bir millət öz milli varlığını saxlamaqla Ata prinsiplərindən bəhrələnə bilər. Xalqların bir-birindən qarşılıqlı bəhrələnməsi labüddür.
Mən Mənsur Həllacdan bəhrənirəm. Fars övladıdır. Allahlıq anlamına yetmək məsələsidir Mənsur Həllacın halı. Sufilər ona “Mənsuriyyə” muğamını ithaf elədilər. Bəşərin nə gözəl şəxsiyyətləri var. Yan Qusu var, Bethoveni var, Brunosu var. Millətlərin qarşılıqlı bəhrələnməsi məsələsini vurğu edirəm. Bunun üçün də insanın təkcə məişət evi yox, düşüncə, duyğu Evi olmalıdır. İdraklanma Evi olmalıdır. 300 milyonluq türkün başını təpməyə Evi yoxdur. Bu gün İnam Evi deyərək, 300 milyonluq türk üçün, daşı daş üstünə qoyursan, ya da düşüncəni burda, bu otaqda deyirsən. Bu otağı verirsən ona. Nə böyük heyrətdir. Bunu harda görə bilərsiniz? Bu mühitin özü İnam Evidir. Bu ortama gəlib xoş əhvala dolub getmək, doğrudan da, əsil Evdən çıxmaqdır. Burda sən hara gedirsən, hara yüksəlirsən?! Özünə yetirsən, gəlişmən burda yaranır. Yönün, yolun burda yaranır. Milli kimliyin burda təsdiq olunur. Həyatda belə ortam yoxdur.
Atamı, anamı sevirəm, ancaq mən milli dəyərləri görmədim, duymadım onlarda. Asif Ataya qədər heç bilmirdim milli dəyərlər nədir. Nəsimiyə vurğunluğum vardı. Ancaq heç Nəsimini də qiymətləndirə bilmirdim. Asif Atanı tapandan sonra anladım. Heç kimin demədiyi bir ideya dedi: İnsan, sən içində Mütləq gəzdirirsən. Mütləqilik tələbi ilə yaşayırsan. Özünün qədrini bil. Babək özündə Şirvin gördüyü üçün Babək oldu. İçindəkini bilməsəydi, Babək ola bilməzdi. İçində Əzəli, Əbədi, Sonsuz, Kamil Mütləq gəzdirmək həqiqətini İnam Evində öyrənirik və öyrədirik.
Atamız Var olsun!
Soylu Atalı: Əslində İnam Evimiz oxuldur. Bizim hər birimiz bu oxulun həm öyrəncisiyik, həm öyrətməniyik. Hər birimiz Asif Atanın öyrəncisiyik, hər birimiz özümüzün və başqalarının öyrətməniyik.
Uzun illərdir, Asif Ataya özünün sayğısıyla, Asif bəy bizim tədbirlərə qatılır. Əslində bu tədbirlərin bir öyrəncisi, bəlli ölçüdə bir öyrətməni də Asif bəyi saymaq olar.
Asif Ozan: Təşəkkür edirəm. Birincisi, sizin hər birinizə bu yolda uğur arzulayıram. Bəllidir ki, bizim tariximizdə Asif Ata sayağı reallıqlarla döyüşən insanlar olubdur. Sonuncu aşama kimi Asif Atanı götürürük. Atadan sonra Türk Dünyasının içərisində dünyadakı naqisliklərlə döyüşən və döyüşəcək insanlar yenə yetişəcək. Çünkü bu, bizim genimizdə, milli-genetik bazamızda var. Biz özümüzə Novruzəli kimi baxmamalıyıq. Biz Novruzəlilər yetişdirməmişik, biz Babəklər yetişdirmişik. Biz Dədə Qorqudlar, Babəklər, Nəsimilər, Füzulilər, Alp Ər Tonqalar yetişdirmişik.
80-ci illərdə Asif Ata yetişməliydi. Azərbaycan xalqında 60-cı illərdən başlayaraq, milli mübarizə hərəkatının tendensiyası güclənmişdi. O dövrdə milli mücadilə üçün ayağa qalxan insanlar vardı. Həmin dövrdə Asif Atanın tutduğu yol, o birilərlə tutuşdurmada, daha geniş anlam daşıdı. Ona görə ki, fəlsəfi düşüncə hər cür ədəbi və elmi düşüncənin fövqündə durur. Təbiidir ki, elmi düşüncə insandan qıraqda olan gerçəkliyi öyrənirsə, fəlsəfi düşüncə bəşəriyyət üçün yeni dünyagörüş, ideya sistemi yaradır.
Bizdən öncə yaranan dəyərlər sisteminin daşıyıcıları olmuşuq. Bu dəyərlər sırasında İslam dəyərləri də var, Batıdan gələn dəyərlər də var, ən əsası, milli düşüncəmizə xas olan, milli məhsulumuz olan dəyərlər sistemi də var. Bir növ bəzən bunlar üzvi şəkildə birləşiblər. Ancaq fəlsəfənin iddiası yeni dünyagörüş, yeni ideya sistemi yaradıb. Toplumu yeni səviyyəyə qaldırmaqdan ibarət olub. Təbii ki, Asif Ata qarşısına çox ağır, sorumlu, tarixi bir missiya qoyub. Bu gün bu Ocağın varlığı, fəaliyyəti, mübarizəsi onu göstərir ki, deməli, Asif Ata zamanında, çağında düzgün yol seçib, onun düzgün yol seçməsinin sonucudur ki, bu gün həqiqətən də, Azərbaycanda bizə yad və yabançı olan dəyərlərlə mübaizə aparan dünyagörüş meydandadır. Bu, Mütləqə İnam dünyagörüşüdür. Mütləqə İnam dünyagörüşünü mənə sevdirən cəhətlərindən ilkin olanı odur ki, bu, milli özül üzərində qurulub. Bu dünyagörüşün söykəndiyi özül prinsiplərin hamısı milliliyə xas olandır. Nə ərəbdən, nə rusdan, nə Batıdan gəlir. Bizə xas olduğu üçün də doğmadır. Bu doğmalığı insanlara çatdırmaq missiyası var ki, bu missiya da ağırdır. Dünyada qlobal olanla milli olanın inteqrasiyası gedir. Bu ideoloji burulğanda insanlarımız boğulur. İnsanlarımızı bu ideoloji burulğandan xilas eləmək üçün yeni işıq, bələdçi gərəkdir. Mənim üçün Asif Atanın yaratdığı bu dünyagörüş bu burulğanda bizi xilas eləyə biləcək yeni bir ideologiyadır. İnam Evinin yaranması, Beyləqanda İnam Evinin tikilməsi Mütləqə İnam fəlsəfəsinin və ya Ocaqçılıq dünyagörüşünün tarixində yeni bir keyfiyyət aşaması açır. Bütün bəşəriyyətə xas olmaq iddiası ilə meydana çıxan dünyagörüşlər, istər buddizm, istər xristianlıq, istər İslam, istər Zərdüştlük, nəzəriyyədən praktikaya keçmək üçün özlərinin simgələrini yaradıblar. Bu simgənin olması onun mütləq tərkib hissəsidir. Bu günə qədər Mütləqə İnam ən çox nəzəri ideoloji səviyyədə fəaliyyət göstərib, mübarizə aparıb. Ancaq bu mübarizənin Məbədlə simgələşməsi, düşünürəm ki, bu təlimin, dünyagörüşün gəlişməsində yeni bir keyfiyyət aşaması yaradacaq. Bu yolda sizə uğur arzulayıram. İnanıram ki, bu əzmlə, bu istəklə mübarizə aparılsa, mücadilə olsa, İnam Evi gələnəyi artacaq, böyüyəcək. Düşünürəm ki, mili düşüncəmiz, milli dəyərlərimiz – qurulmuş bu Dünyagörüş Azərbaycanın indiki siyasi coğrafiyasından etnik coğrafiyasına qədər böyüyəcək. Çünkü bizim siyasi coğrafiyamız balacadır, etnik coğrafiyamız çox böyükdür. Etnik coğrafiyamızın içərisində Dərbənd də var, Borçalı da var, Batı Azərbaycan var, Kərkük-Mosulumuz var, Güneyimiz bizi gözləyir. Ona görə arzulayıram ki, bizim coğrafiyamız milli dəyərlərimiz üzərində formalaşmış mili dünyagörüşün daşıyıcısına çevrilsin.
Mütləqə İnamda millilik də var, dünyaçılıq, bəşərçilik də. Bu gün biz daha çox milli kimlik, milliləşmə ideologiyasına üstünlük verməliyik. Çünkü milliləşmədən, millətə çevrilmədən ümumbəşəri ideyalara iddia eləmək, məncə, bir yanlışlıq olar. Birinci aşamada biz milliliyimizi bərpa eləməliyik. Milliləşmə aşamasını tamamlamalıyıq ki, sonradan ümumbəşərilik ideyası uğrunda mübarizə gücümüz olsun. Qonu böyük və genişdir. Ancaq İnam Evi gələnəyi çox gözəl gələnəkdir. Yenə vurğu edirəm, sizdə nəzəri ideoloji aşamadan praktik və praqmatik aşamaya keçilib. Nəzəriyyədə eşidirsən, praktikada (İnam Evinin timsalında) həm də görürsən. Beyləqanda olmuşam, Günev bəyin fiziki, mənəvi əziyyətini görmüşəm. Soylu bəyə, Günev bəyə, bütün Ocaqçılara uğurlar arzulayıram.
Ayaz Şıxalıoğlu: Asif Ata mənim üçün təkcə türk harayı deyil. Asif Atanın yaratdığı dünyabaxış ruhsal bəşəri bir haraydır. Bütün bəşəriyyətin harayıdır. O bəşər ki, bu çağa qədər alçaldılıb, ləyaqəti ilə oynanılıb. Asif Atanın çəkdiyi haray ləyaqətin harayıdır. Mənlik harayıdır, şərəf harayıdır. Mən bu haraya qoşulmuşam. 95-ci ildə bütün şeirlərimi yandırdım, Babəkin üstə qayıtdım. Bir qəhrəman kimi yox, haray kimi. Bəşərin ləyaqəti üstə özünü şəhid edənlərdən biri Mənsur Həllacdırsa, Babək də var, Nəsimi də var. Bu gün Asif Atadır. Bu haraysız, bu ağrısız bəşər bəşər deyil. Ona görə biz bura yığışırıq. Ona görə var olsun Asif Ata.
(Ayaz bəy Babəklə bağlı şeirini dedi)
Türkel Atalı (Ataya səcdə edib bayrağı öpür): Oxulda oxuduğum illərdə məndən soruşanda ki, məsciddə olubsanmı? Aşura günüdə, filanda, hansısa sinif yoldaşım dəvət edəndə bəhanə uydurub deyirdim ki, başqa işim var. Ocaqçı ola-ola, üzərimdə, qıraqdakıların basqısından, mənə nə cür baxmağından çəkingənliyim vardı. Qorxu vardı ki, necə deyim mən oranı insana uyğun saymıram. Məscidə hər kəs, çəkinmədən, asanlıqla çağırırdı. Çünkü seçilmirdim, fərqlənmirdim. Mənim getməməyim cəsarətli olmağım demək deyildi.
İnam Evinə dəvət etmək, çağırmaq isə, doğrudan da, cəsarət tələb edir. İnam Evinə gəlişim ruhani bəxtiyarlığa qovuşmağımdır. Bunun nə demək olduğuna içimdə yetməliyəm, dərk etməliyəm. Burda amaldaşımın halı ilə tanlş oluram, yaşantılarını, axtarışlarını dinləyirəm. Fərəhini, kədərli məqamlarını görürəm. Sarsıntısını, zəif cəhəti ilə barışmamasını görürəm.
Gerçəkliyin əngəli ucbatından İnam Evinə gəlişim tədbirdən-tədbirə olur. Amallaşmağımla ruhsal yüksəlişim ancaq burda baş tutur. Tədbirlərdə ruhsal əhvalım, özüylədöyüşüm, şəxsiyyət kimi yaranmağım, hər tədbirdə Ataya bir addım da yaxınlaşmağım İnam Evinə gəlişimə bağlıdır.
Ocaq Yükümlüsü deyir ki, hər yerdə birey üzərində qələbə qazanmağa çalışırlar. Ona görə uzaq yol gedə bilmirlər. Ocaqda birey öz üzərində qələbə qazanır. Bu qələbəyə çatmaq, özünü təsdiq etmək istəyiylə.
Atamız Var olsun!
Amid bəy: Mən millətçi və Azərbaycançıyam. Elçibəyin təşkil etdiyi toplantılarda, Bütöv Azərbaycan Birliyinin, AXC-nin toplantılarında iştirak etmişəm. Tarixə marağım var, oxuyuram. Çalışıram Azərbaycanın bütövləşməsi uğrunda nəsə edim. Asif Ata haqqında ümumi səthi bilgim var. Ona görə suallarım var. Mən başa düşdüm ki, səmavi dinlər burda qəbul olunmur. Peyğəmbərlik anlayışı sizin baxışınızda fərqlidir. Mən bildiyimə görə peyğəmbər Allahın elçisi deməkdir və Allah tərəfindən göndərilib.
Dediniz ki, türkün dəyərlərindən biri Zərdüştçülükdür. Türkün dəyəri Zərdüştçülükdürmü, Tenqrizmdirmi? Zərdüştçülüyü farslar qəbul edib, Sasanilərin zamanında. Düzdür, Zərdüştçülük bizə aiddir.
Millətçilik dedikdə – Əli bəy Hüseynzadə, Ziya Göyalp – bunların fikirləri sizdə dəstəklənirmi?
Turançılıq ideyası sizdə varmı, yoxmu?
Milətçilikdə din gərəkdirmi? Bir millət olaraq formalaşmaqda din mütləqdirmi? Qaqauz türkləri xristiandır, digərləri buddistdir. Türk olaraq birləşmək üçün, Turanın coğrafi cəhətdən qurulması üçün vahid dinin olması mütləqdirmi, mütləq deyilmi?
Soylu Atalı: Üslub “Ailə Günü”nə xas olsa da, “İnam Evi Günü”ndə də suallara aydınlıq gətirmək istəyirəm.
Zərdüştçülük məsələsi ilə bağlı. Bizə, bu günə qədər, bütün dəyərlərimizi dandırmağa çalışıblar. Bu gün də belə bir tendensiya mövcuddur. Hətta Şah İsmayıla qarşı, Nəsimiyə qarşı, Babəkə qarşı gedirlər. Hətta Babəkin genetik kimliyi üzərində çoxsaylı mübahisələr yaradırlar. Bütün bunları niyə edirlər? Ona görə ki, bizə xas olan dəyərlərimizin hər biri bizi millət olaraq formalaşdırmağa qadirdir. Biz onlardan yapışarıqsa, biz onları bu günümüzə, bəlli çalarları ilə, yaşamımıza gətirəriksə, canlandırarıqsa, onda biz daha çox millətləşmə şüuruna yönələ bilərik. Bunun qarşısını almaq üçün bizə bizim dəyərlərimizi dandırırlar. Bizim dəyərləri inkar edirlər. Birini farsa özgün edirlər, birini kürdə özgün edirlər, birini bir başqasına. Bundan başqa onları ləkələyirlər. Ləkələmə çox qədimdən mövcuddur.
İndi Zərdüştlə bağlı bir şey deyim. Zərdüştün özünün sözü var. O deyir, mən ilk eyitimimi Xarranda İsmayıl bəydən aldım. Xarran Arandır, Azərbaycandır. Mən hələ bunun sosioloji yönünü götürürəm. Zərdüştçülükdə adları keçən yer adları var: Savalandır, Muğandır, Mildir – Türk yerləridir.
Zərdüştün ideyalarına diqqət yetirək. Birinci, döyüşkən Allah ideyası, ikinci, Od İşığı ideyası, üçüncü, mənəvi arılanma (təmizlənmə) ideyası var. Arı fikir, arı duyğu, arı əməl. Hər üçü türkə xas olan xarakterdir, keyfiyyətdir. Türkün içindən gələn bir məsələdir. O ki qaldı, Zərdüştçülüyü Sasanilərin qəbul eləməsi. Zərdüştçülüyü Sasanilər deyil, öncə Əhəmənilər qəbul ediblər. Heç kim bunu ciddi araşdırmır, İslamın, ərəb dünyabaxışının xeyrinə araşdırmırlar, sadəcə dışlayırlar. Əhəməni hökmdarı Arta Kseroksun, yanılmıramsa oğlu, öz bacısı ilə ailə qurmaq istəyib. Ancaq Zərdüştçülükdə ailə məsələsi olduqca yüksək qoyulduğuna görə ona yol vermirdi. Yol vermədiyinə görə Əhəməni hökmdarı Yasnalara müdaxilə eləyib. Ümumən Zərdüştçülüyü rəsmi dövlət dini kimi qəbul edəndən sonra çoxsaylı dəyişikliklər elədilər. Həmin dəyişikliklərlə bizə sunurlar Zərdüştçülüyü. Avestanı, Əhəməni eybəcərliyinin soxulduğu, dəyişikliklərlə bizə sunurlar. Bunu biranlamlı şəkildə deyirəm. Öyrənmişəm mən bunu.
Amid bəy: Mən Zərdüşçülüyü pisləmək anlamında demədim. Ümumiyyətlə, biz türk toplumu, türk coğrafiyası deyəndə Altaylardan Macarıstana qədər geniş bir coğrafiyanı nəzərdə tuturuq. Bu coğrafiyada tək Allahlıq kimi qəbul olunmuş Tenqrizm götürülür. Mən Zərdüştçülüyü ona görə Sasanilər götürüb dedim.
Soylu Atalı: Əslində Zərdüştçülük bütünlüklə Tanrıçılıq prinsipləri üzərində formalaşıb. Tenqrizm özü panteizm əsaslı bir dünyabaxışdır. Təbiətin özü ilahiləşdirilibdir Tanrıçılıqda. Burda gözəl cəhətlər var, ancaq eyni zamanda burda yanlış da var. Təbiətin özü deyil Tanrı, təbiətdən artıq olandır. Bu ayrı qonudur. Türkdə, Tenqrizmdə daha çox təbiətin özü götürülüb. Zərdüştdə də bu var. Bir fakt deyim. Tenqrizmdə təbiətin özü, dünyanın, kainatın qurulmasında iştirak edən ünsürlərin özü qutsal idi. Od qutsal idi, torpaq qutsal idi. Zərdüştdə Od İşığı ideyası var, Tenqrizmdən gəlir. Nə deyir? Deyir Od çirk götürmür. Bizim “Odlar Yurdu” adımız ordan gəlir, Zərdüştdən gəlir. “Odlar Yurdu” “Od İşığı” ideyasından gəlir. Deyir od çirk götürmür, çirki yandırır, həm də işıqlandırır. Mənəvi işıqçılıq ideyasıdır bu. Bu, Azərbaycanın ruhsal mahiyyətidir. Bu, biranlamlı şəkildə bizimdir, bununla belə, Asif Ata Zərdüştçü deyil. Asif Ata Tanrıçı da deyil. Ancaq Asif Atanın özünün dünyabaxışının mayasında Zərdüşt də var, Tanrıçılıq da var, Xürrəmdinlik də var, Hürufilik də var. Onların gözəllikləri var. Onların özünün bütöv sistemi yoxdur, təkrarı yoxdur.
Peyğəmbərlik məsələsi ilə bağlı. Peyğəmbər sözü fars sözüdür. Ərəbdə rəsuldur. Nəbi ideyası da var, bir az fərqli anlam daşıyır. Fars deyib, ərəb deyib, məsələyə dəxli yoxdur. Bu gün türk şüurunda dünyabaxış yaradıcısı peyğəmbər adıyla, peyğəmbər statusu ilə bəllidir. Peyğəmbər kimə deyirlər? Peyğəmbər sözünün hərfi anlamı var, elçi, soraq gətirən, soraq daşıyan. Bir də onun fəlsəfi anlamı var. Fəlsəfi anlamı odur ki, yeni dünyabaxış yaradıb, yeni inam yaradıb. Bu inam əsasında həyatın yeni əsasını yaradır, qurallarını qurur və yönəldir. Asif Ata bu baxımdan elçi deyil, sözün hərfi anlamını qəbul etmir, onun fəlsəfi anlamında peyğəmbərdir. Niyə peyğəmbər sözünü saxladı? Ata sözü yaranıb, Atalıq ideyası yaranıb. Atalıq ideyası Dədə Qorqudda da olub. O Dədə Qorqud ki, onun tarixi 3000 ildən çoxdur. Türkdə, ümumiyyətlə, Atalıq ideyası olub. Asif Ata Atadır, Atalıq ideyasına üz tutub. Ancaq bu toplumun ağlında, şüurunda Atalığın nə demək olduğunu vermək gərəkdir. Bu Atalıq o peyğəmbərliyin əvəzidir. Yeni Mütləqə İnam dünyabaxışı yaradıb. Bütöv sistemdir, həyat sistemi var bunun içində. Yaşam sistemi və nizam var. Bu, türkün xarakterindən gələn və mahiyyətindən doğan bir şeydir. Ona görə Asif Ata bu anlamda deyirdi peyğəmbərəm. O, özü deyirdi peyğəmbərəm. Mütləqə İnamın peyğəmbəriyəm, onun yaradıcısıyam. Ancaq göydən heç kim qulağıma heç nə pıçıldamır, Cəbrayıl mənə vəhy daşımır, bunlar nağıldır, əfsanədir…
Hələ mən demirəm ki, Cəbrayıl niyə sənə vəhy daşıyır?! Axı İslamda Allah deyir ki, mən sizə şah damarınızdan da yaxınam. Sənə şah damarından da yaxındırsa, daha göylərdən niyə fikir daşıyrsan? Ziddiyyətləri hələ mən açmıram. Əgər vəhy Cəbrayıl araçılığı ilə göndərilirsə, Allahın da burda sirləri, oyunları var. Cəbrayıla etibar eləmir, Məhəmmədin özünə merac təşkil edir. Hansısa sirlərini Cəbrayıldan göndərmir. Qəribə, ziddiyətli nağıllardır bunlar.
Peyğəmbərlik məsələsini Asif Ata əslində xilas elədi. Allahı oyunçuluqdan, oynadılmaqdan xilas eləyir. Mən deyirəm Tanrısal sistemə dəyişiklik, yenilik gətirib Asif Ata. Bizim düşüncəmizə görə bəşəriyyət ona görə əyri yaşayır ki, Tanrısal sistemi əyridir. Başlanğıcda Allah anlamına yanaşma əyridir.
Məhəmmədin Allahı Mütləq deyil. Niyə mütləq deyil?! Yenə deyirəm, Quranı oxumuşam, yazmışam da. Quran üç aşamaya bölünür.
Birinci hissə, 7-ci yüzil Quldarlığın son aşaması, erkən Feodalizm. Bu dövrdə ərəb icmasının, ərəb toplumunun yönətilməsi, sosial həyatının nizamlanması prinsiplərinə həsr olunub. Onu 21-ci yüzilə gətirib tətbiq edə bilməzsən.
İkinci hissə, Məhəmmədin şəxsi həyatının nizamı ilə bağlıdır. Məhəmmədin ailəsi ilə bağlı, qadınlarının qısqanclığı ilə bağlı və s. Qənimət surəsi – gəlirlərin bölüşdürülməsi.
Üçüncü hissə, Allah-insan bağlılığı bütünlüklə zədə götürür. Allah insan üzərində qorxulu bir qüvvə kimi canlanır. Qorxudan bir qüvvə kimi anlanır. Cənnətlə şirnikdirən, cəhənnəmlə qorxudan bir qüvvə kimi canlanır. Qorxu üzərində tərbiyəyə çağırır.
Tanrısal sistemi əyridir dinlərin. Ona görə bəşəriyyət düzəlmir. İnsanlaşma baş tutmur. Kamilləşmə baş tutmur. Asif Ata əslində bunları yeni bir hala gətirir. Ona idrakla yanaşır, elm qatır. Məsələn, din deyir, dünya bir baxışla yox yerdən yaranır. Asif Ata deyir, dünyanın olmayan vaxtı olmayıb. Dünyadakılar dəyişilir, təbiətdəkilər dəyişilir, dağ uçur, ayrısı yaranır, bulaq soğulur, başqası yaranır, insan ölür, o biri doğulur. Təbiətin yüksək qüdrətindən – Dünyalıqdan təcəllaya gəlir bunlar. Dünyadakılar dəyişilsə də, dünyanın olmayan vaxtı olmayacaq. Elm də deyir ki, enerji itmir, bir şəkildən başqa şəklə düşür. Bu düşüncənin elmi əsası var.
Asif Ata çox böyük türkçüdür. Ona sovet rejiminin vurduğu damğalardan biri də pantürkist idi. Ancaq Asif Atanın pantürkizmi “yaşasın türk, rədd olsun başqaları” anlamına gəlmir. Asif Ata deyir, hər bir millət özü bir dünyadır. Hər millət bəşərin bir çiçəyidir. Onun öz ətri, öz rəngi, öz xüsusiyyəti var. Ona qarşı çıxmaq olmaz, onu rədd etmək olmaz. Onun mədəniyyətini sıxışdırmaq olmaz, yerini dar eləmək olmaz. Onun etnik kimliyinə soxulmaq olmaz. Ərəb gəldi, mənim etnik kimliyimə soxuldu. Ərəb dili qaldı, bu gün dilimin 60-65%-i ərəb-fars sözləridir. Ərəb mədəniyyəti qaldı, ərəb kimliyi qaldı, mənim kimliyim itdi. Asif Ata deyir: bəşərilik millilikdən başlayır. Çünkü bəşər millətlərin birliyidir. Millətlərin yüksək birliyidir. Onların mədəni, mənəvi dəyərlərinin birliyidir. Sürülərin birliyi deyil. Necə ki, ailə bireylərdən əmələ gəlir, millət ailələrdən əmələ gəlir, bəşər də millətlərdən əmələ gəlir. Millətlərin birliyindən əmələ gəlir. Millət yoxdursa, millətin dəyəri, kimliyi yoxdursa, bəşər də yoxdur. Ona görə bəşər millilikdən başlayır. Asif Ata millilikdən bəşəriliyə üzünü tutmuş bir dəyər sistemidir.
Turançılıqla bağlı. Biz Turançılığı türk imperiyası zəminində götürmürük, qəbul eləmirik. İmperiyaçılığı rədd edirik. Biz türkün mənəvi Turan ideyasını qəbul edirik. Adriatikdən başlayıb Sibirə qədər olan yerlərdə türklərin birliyi olmalıdır. Bu birlik başqa xalqlara qarşı yönəlməməlidir. Burada iqtisadi, siyasi, hərbi, mənəvi, mədəni birlik olmalıdır. Birliyin bütün çalarları öz əksini tapmalıdır. Bayaq dediniz, Qaqauz məsələsi. Xristian türk var, buddist türk var, şamanist, müsəlman türk var. Bunun hərəsi bir mədəniyyətdir. Bu mədəniyyətlər hər bir türkü özünə doğru çəkir. Mərkəzdənqaçma prinsipi ilə onları yönətir. Hər birinin boğazında bir kəndir var, dartır o mədəniyyət. Bir-birinə birləşməyə, yaxınlaşmağa qoymur. Asif Ata deyir, türkün öz içindən yaranan milli və bəşəri ideyası olmalıdır ki, bunun əsasında vahid mədəniyyət formalaşsın, millətin birliyi formalaşsın. Bu İnam türkün birliyi üçün böyük bir zəmindir. Nə yazıqlar ki, bu gün millətimizin içərisində, ən çox da millətsevər gəncliyimizin içərisində (çoxluq baxımından), ağlında başqalarının yaratdığı türkçülük ideyası hökm sürür. Türkü istəməyənlərin ortaya atdığı ideyalar var. Batının, ya rusun, farsın fərq etməz. Gizli əllərin yaratdığı bir türkçülük var. Bu türkçülük Türk birliyinin yaranmasına qarşıdır. Məsələn, “Türkün türkdən başqa dostu yoxdur”. Bunu demək olmaz. Dostu yoxdur, yarat da. Türkün başqa dostu yoxdursa və olmayacaqsa, türk də yoxdur da. Türk təcrid olub yaşaya bilməz axı bəşəriyyətdə. Ermənini bizim ayağımıza dolaşdırırlar. Türkün hədəfi erməni deyil. 300 milyonluq türk üçün ayıbdır bapbalaca erməni ilə cırmaqlaşmaq. Dünya bunu istəyir. Dünya o həddə gətirib ki, sən erməni səviyyəsində qal, erməni ilə cırmaqlaş, gücün ona çatar.
Erməninin arxasında duran güclər var. Anqlosaks birliyi var. Rus var, ərəb var, fars var. Bunu düzgün təyin etmək, düzgün yönəltmək və onların məkrli oyunlarına qarşı çıxış eləmək gərəkdir ki, sən mənimlə düşmənçiliyini yığışdır. Ancaq bunu demirsən, siyasi oyunlar oynayırsan. Rusun adını çəkmirsən. Ona görə heç nəyi həll edə bilməyəcəksən. Məsələ öz çözümünü özüldə tapır. Özülə dəymirsən, üzdə durub güləşirsən. Ortaya atılan türkçülük ideyası ki var, o, bizim zərərimizədir. “Türkün türkdən başqa dostu yoxdur, Turan imperiyası olacaq, türk onu da əzəcək, bunu da əzəcək”, necə əzəcək, türk əzmək üçün deyil, qurmaq üçündür axı.
Vəhşi, canavar türk obrazını dirildirlər. Bu gün mən hətta boz qurdçuluğu yaşatmağı doğru saymıram. Qardaş, totemizm dövrü keçdi, qurtardı. Türkün idrak dönəmi başlayıb. İnam dönəmi başlayıb. Yeni sivilizasiya dönəmi başlayıb. Nə vaxta qədər dünyaya canavar şəkli göstərəcəksən?! Totemizm bizi xilas eləməyəcək. Bu aldadır bizi. Bir çağlar babalarımız qəbul ediblər, sayğı duyuruq. Bunu sürüyüb 21-ci yüzilə gəitrmək düzgün deyil axı.
Ziya Göyalp məsələsi. Asif Ata deyir ki, Türkçülüyün 3 aşaması var. Birinci, Ruhani türkçülük – ən çox Azərbaycançılıqda özünü göstərən; 2-ci, Tarixi türkçülük, ən çox Səlcuqlarda, Osmançılıqda özünü göstərən; 3-cü, İdeoloji türkçülük – Əlibəy Hüzeynzadədə, Ziya Göyalpda, M.Ə.Rəsulzadədə özünü göstərən. Sayğı duyuruq, sayğıyla yanaşırıq, o türkçülük öz dövründə gərəkli işlər görüb. Bu dövr üçün o türkçülük çox zəifdir, hətta zərərlidir. İndi türkçülüyün yeni aşaması başlayıb: İdrak türkçülüyü, İnam türkçülüyü, Mənəviyat türkçülüyü. Bunu Asif Ata başlayıbdır, bunu ciddi öyrənməyi tövsiyə edirəm. Hətta ərk edib qəbul eləməyi tövsiyə edirəm. Buna – sənindir, mənimdir prinsipi ilə yanaşmaq olmaz…
Millətçilikdə dinin olması mütləqdirmi? – Dinin yox, ancaq İnamın olması mütləqdir. Bir var din, bir var İnam. Din əsatirlər, mifoloji prinsiplər üzərində qurulan və nizamı ən çox xurafata bağlayan baxışdır. İnam – insanı həqiqətə yönəldən, dünyanın mahiyyətiylə görüşdürən, dünyanın mahiyyətini dərk etdirən, insanın kimliyini özünə tanıdan və dərk etdirən baxış sistemidir. İnamsız mümkün deyil. İnsan Tanrısal sistemin mahiyyətinə girməsə, dərk eləməsə, millət kimi formalaşa bilmir. Nə qədər istəsən deyək ki, türk böyük millətdir, qoçağıq, məğruruq, – bunlar anlamsız inaddan başqa bir şey deyil. Şüar quruculuq üçün zəmin deyil. Quruculuq üçün özül prinsiplər olmalıdır və bu prinsiplərdə yalan olmamalıdır. Hesab edirəm, dini qırağa qoymaq gərəkdir. İnamdan yapışmaq gərəkdir ki, onun əsasında biz ayağa duraq, həqiqəti tanıyaq, həqiqətə inanaq, onu millətləşmə gedişimizin nizamına gətirək. Bu, qaçılmazdır.
Asif Atanın adı yörəsində ziddiyyətli, qarışıq düşüncələr olsa da, Asif Atanın işi çox dərinliklərə işləyib. Dünyaya artıq yayılıb. Asif Ata tanınıb, necə deyərlər, oxunu atıb. Qəbul edən də, etməyən də bilir ki, Asif Ata yeni dünyabaxış yaradan peyğəmbərdir. Bu fakt artıq ortadadır. Bu fakt danılmazdır. Bu, getdikcə daha çox dərinliklərə işləyəcək, daha çox yayılmağa başlayacaq. Asif Atanın yörəsində yaranan çelişkili düşüncələr təbiidir. Asif Ata dünyabaxış kimi ortaya gəlib. Dünyanın bağrında oturub hökm edən dinlər var. Bu dinin başında, ayağında duran adamlar var. Bunlar təbii ki, Asif Atanın asanlıqla oturuşmasına yol verməyəcəklər. Təbii ki, asanlıqla bəşəriyyət bu köhnə, konservativ relsdən qırağa çıxa bilməyəcək. Ancaq zaman özü də ayrı şeylər diktə edir. Ona görə kimin qəbul edib-etməməsindən asılı olmayaraq, bu var.
Bəzən azərbaycanlılar Avropaya deyir ki, sənin tumançaq mədəniyyətini qəbul eləmirəm. Avropa deyir, qəbul eləmirsən eləmə, sənin içinə yeridirəm onu. Nəylə qəbul eləmirsən, nəylə dirənirsən? Dirənməyə bir şeyin yoxdur axı. Asif Ata isə dirənişdir. Bu yandan ərəbçiliyin, farsçılığın gəlişinə dirənişdir. Rusçuluğun, Qlobalizmin gəlişinə dirənişdir.
İstəyirsən Azərbaycanda 1 milyon adam desin ki, biz Asif Atanı qəbul eləmirik. Bu, çıxış yolu deyil. Onsuz da Asif Ata gəlir, qarşısıalınmazdır. Bu elə bir seldir ki, şüuru oyadıb gəlir. Düşüncə verə-verə, həqiqəti öyrədə-öyrədə gəlir. Asta gəlir, ancaq gəlir. Böyüklərin, nəhənglərin yerişi də asta olur. Bu türk millətinin içində yaranan, mahiyyətindən gələn böyük, dərin bir məsələdir. Bunun qarşısını almaq mümkün deyil. Toplumumuza onu məsləhət görürəm ki, buna anlamsız dirsək göstərməkdənsə, öyrənin, araşdırın. Zamanında qəbul edin. Mən bunu bir soydaş səmimiyyəti, sevgisi ilə deyirəm. Asif Atanın işi çox ciddi zəmin üzərindədir və ox yaydan çıxıb.
Bir daha hər birinizi burda görməkdən çox məmnunam. Hər birinizə böyük millətin böyük oğlu, qızı olmaq şərəfi diləyirəm. Onun arxasında durmaq, onu yaşatmaq ərdəmliyi diləyirəm.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Törən sona yetdi.
Çay süfrəsində doğmalaşmaqla isə söhbətlər davam elədi.
Yağış Ayı, 38-ci il. Atakənd.
(noyabr, 2016. Bakı.)