Xəbərlər

Qutsal “İnam Evi Günü” törənində deyilmiş sözlər

Ocaq Günsırası ilə 13 Yağış Ayı, 41-ci ildə (noyabr, 2019) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “İnam Evi Günü” Törəni keçirdi. Ocaq Quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Öncə Günümüzün anlamı ilə bağlı bir neçə söz deyim. Sonra Gediş Yazımıza uyğun şəkildə söhbətimizi davam eləyək. Burada bizim yeni qonaqlarımız var. Ona görə qısa bilgi verməyə gərək var. Eyni halda, bizim yeni Ocaqçımız da ilk dəfədi bu tədbirə qatılır. Onun üçün də törən fərqli anlam daşıyır.

60-cı illərdə Asif Ata yüksək oxulu bitirəndən sonra Azərbaycanda ədəbiyyatşünas kimi çalışmağa başlayıb. Onun çalışmaları özündə yeni çalarlar daşıyırdı. O, Azərbaycanda, dünyada gedən prosesləri dərindən öyrənmişdi, Azərbaycanın durumunu dərindən öyrənmişdi. Sözsüz, Azərbaycanın durumu onu qane eləmirdi. Qane eləməmək bir ayrı, qane eləmək üçün nə etməli olduğunu da düşünüb ortaya gətirmək bir ayrı şey. O, ədəbiyyatşünas kimi elə ədəbiyyatdan başlayır, çünkü ədəbiyyat insan həyatında rol oynayan başlıca faktlardan biridir. Bəlli oxucu məsələsi var. Hər kəs yüksək oxula getmək üçün orta oxulda da istər-istəməz ədəbiyyatla uğraşır, öyrənir. Ona görə ədəbiyyat məsələsində olan yanlışları ortadan qaldırmaq gərəkliliyini düşünürdü. Düşünürdü, ədəbiyyatın obrazları, düşüncə yönü insanları doğru yönləndirmir. Onlar üçün ölkəni, insanı, vətəni doğru bəlirləmir. Yəni Asif Atanın düşüncəsinə görə dövlətə də, insana da münasibət dəyişməlidir. Vətənə, elmə münasibət dəyişməlidir. Hər şey baş-ayaq gedir. Bunu qəbul eləmədiyi üçün də çalışmaları o yöndə aparırdı. Ancaq ədəbiyyatla istəklərini gerçəkləşdirə bilməyin olumsuz olduğunu düşündüyündən başqa addımlar atmağı gözə aldı. Onun hədəflərində daha böyük məsələlər vardı. Onu necə eləmək, necə gerçəkləşdirmək olar?! Azərbaycan insanının səviyyəsi, ona üz tutmaq üçün, yetərsiz idi. Sovet DTK-sı ilə mübarizə apara-apara bu qərara gəlib dedi, düşündük, daşındıq, Ocaqlaşma Yolu tutduq. Bu sonuca varmanı söhbətimizin gedişində aydınlaşdırmağa çalışacam. İnam Evi məsələsi “düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq” istəyinin həyata keçməsi üçün bir ünvandır. Neyləyək, necə eləyək? Necə onu formalaşdıraq, insanın insani, milli şüurunu dəyişdirək? Ata bunları düşünə-düşünə illərlə öz prinsiplərinin üzərində işlədi, öz ideya zəminini hazırladı.

Öncə qəbul törənimizi həyata keçirək. Ocaq rəsmi bir qurum deyil. Rəsmi qurum olmasını istəmirik. Dünyabaxışdır, insani sivilizasiyanı başlayan bir qurumdur. Bu qurumun nümayəndələri var. Asif Ata onlara Evlad deyir. Çünkü Ocaq Atalıq-Evladlıq prinsipinə dayanır. Yəni ruhani-mənəvi Atalıq, Evladlıq prinsipinə dayanır. Əski dillə mürid, mürşüd ideyası kimi başa düşmək olar. Ya Apostol (həvari) ilə onun atası kimi. Yəni bu quruluş dünyabaxışın özünün bir nizam şəkilidir. Bu da Ocaqda münasibətin yaranması, bəlirlənməsi üçün düşünülüb. Məsələn, Ocaqçılararası münasibət necə olmalıdır, Ocaqçının həyata münasibəti necə olmalıdır. Ocaqçının dünyaya, vətənə, millətə, bəşərə münasibəti necə olmalıdır?! – Bunların hamısı prinsip olaraq işlənib, hazırlanıb, ortaya gətirilib.

Ocağa Evlad qəbulunu, əslində Ocağın mərasimlərində həyata keçiririk. Bu da (qonaqlarımız olsa da) Ocağın mərasimidir. Qardaşımız Göyçaydan gəlibdir. Vətənini, millətini, İnsanlığı düşündüyü üçün Asif Atanın yaratdığı Mütləqə İnam adlanan hərəkata qoşulmağı özü üçün bir yol hesab eləyib gəlib. İndi Bayrağımızın qarşısında ricasını oxusun, dinləyək. Biz onu bu gün Ocağa təqdim eləyirik.

Bilən Atalı: …Teyyubov Elnur Fəxrəddin oğlu, 10.10.1985-ci ildə Yardımlı rayonunda anadan olmuşam. Mənim Ocağı seçməyimin səbəbi ondan ibarətdir ki, türkçülüyümü, milli, insani kimliyimi, bəşəri dəyərləri tapıram. Mən ölkəmin gələcəyini, bütövlüyünü bu Yolda görürəm. Mənim peyğəmbərim gerçək və insani dəyərləri üstün tutduğu üçün bu yolu seçirəm və özümə şərəf bilirəm.

Soylu Atalı: “Ata andı”nı, “Bayaq andı”nı iç. Sonra adının anlamını deyəcəm.

(Bilən Atalı “Ata andı”nı və “Bayraq andı”nı içir – T. A.)

Soylu Atalı: İndi səni Ocağımıza təqdim eləmək üçün sənin Ocaq adını, onun anlamını bildirmək istəyirəm.

Mütləqim, Müqəddəsim, peyğəmbərim Asif Ataya-İnam Ataya ali səcdəylə.

Ruhsal Bəlgə

Asif Ata Evladı Bilənə!

Zamanı İnsanlığa qarşı kökləyirlər. Bunu bilməyin, bildirməyin gərəkdir.
Xalqı özünə qarşı kökləyirlər. Bunu bilməyin, bildirməyin gərəkdir.
İnsanı varlığa qarşı kökləyirlər. Bunu bilməyin, bildirməyin gərəkdir.
Həyat yalana bürünüb – dinlərin mömünlük yalanına, siyasətin patriotçuluq yalanına, pulçuların millətsevərlik yalanına. Bu yalanlara qarşı durmaq – insana İnam Bayrağını başı üzərinə qaldırmağı tələb eləyir. Ocağımızdan Od al, İnsanlığın hikmətini öyrən, bil. Bildirdiklərini öyrət, bildir.
Bilən adını sənə halal eləyirik, adına layiq ol.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

Bizim hər birimizi Asif Ata Ocağa qəbul eləyəndə adımızın anlamını ruhani sənədlə təsdiq eləyib. Onu yazıb verib. Mən özümün “İnamçı Harayı” kitabıma Asif Atanın əlyazısını salmışam. O mənim üçün ömrümün mənasını bildirən, yönləndirən bir dəyərdir, sənəddir. Bu sənəd qorunur, sabaha çatır. Bu sənin adının, ömrünün yönünü bəlirləyən bir sənəddir. Bu rəsmi bir şey deyil. Ancaq bunun insani, milli anlamı var. Bizim ruhani varlığımızı ifadə eləyir. Bununla da, sən Ocağımızın Evladlarından biri olursan. İndiyə qədər də ömrün arı olub. Özün mübarizə adamısan. Atanı da artıq bilirsən. Ona görə də sənə Bilən adı veririk. Atan, anan, qohumun, qardaşın üçün Elnursan. Ancaq Ocaq üçün Bilənsən. Bizim hər birimizdə olduğu kimi. Bu bizim ruhsal, mənəvi kimliyimizi bəlirləyir. Bu bizim, belə deyək, əbədi bir yönümüzdür. Səni təbrik eləyirəm. Ocaqçılardan birisən, axırıncı deyilsən. Ocaqda təbəqə, rütbə böyüklüyü, kiçikliyi yoxdur. İnsanlaşma, İnsanlaşdırma var. Bu yolu seçdiyin üçün səni qutlayıram. İnanıram, sən doğrudan da, milli, mənəvi, insani mübarizə apara biləcəksən.

Biz özümüzdə belə bir Nişanə gəzdiririk. Evladlıq Nişanəsi. Rəsmi sənədimiz var. Biz dövlətin qanunları ilə dolansaq da, İnsanlığın qanunları ilə yaşayırıq. Bu Nişanə rəmzdir, ruhani kimliyini ifadə eləyən rəmzdir. Buyur, bu da sənin Evladlıq Nişanən. Ocağın mərasimlərinə gətirirsən. Qalan vaxtlar evində qoruyursan. O bizim üçün qutsal bir rəmzi dəyərdir.

İndi bir neçə kəlmə törənlə bağlı deyim. Sonra sizin düşüncələrinizi dinləyəcəyik.

Mən Tolstoyun bir kitabını yeni oxuyub bitirmişəm. Tolstoyla ünsiyyətdə Asif Atanı yenidən öyrənirəm. Olduqca ciddi dəyər sayıram Tolstoyu. Onu mən ədib hesab etmirəm, ruhaniyyatçı sayıram. İnsanlığa, Bəşəriliyə münasibəti olduqca sağlamdır. Mən yazıram, Asif Ata deyirdi, sufilərlə Hürufilərin arasında bir addım yol var. Ancaq bu bir addım min ilə bərabər oldu. İndi mən də deyirəm, Tolstoyla Asif Atanın arasında bir addım yol var. Ancaq bu bir addım min ilə bərabər oldu. Nə deməkdir bir addım, min il? Tolstoy öyrənir, aydınlaşdırır. Hakimiyyətlərin insana münasibətinə o qədər dərin aydınlıq gətirir, niyə insanlar buna boyun əyə bilirlər; niyə insanlar daha çox heyvani həyat sürürlər, mənəviyyatdan ayrıla bilirlər; ayrılmağı görə bilmirlər, ayrılmağı özlərinə sığışdıra bilirlər?! Bütün bunları o qədər gözəl aydınlaşdırır. Sonra deyir, mən hesab eləyirəm, bütün bunların hamısının formalaşmasında Xristianlığı kilsənin mənimsəməsinin böyük rolu var. O, əsil xristianlığı İsanın öz varlığına bağlayır. Xristianlığı kilsə ruhaniləri sonradan oyunlara çevirir deyir. Kilsələrdə baş verən əyintilərə, eybəcərliklərə qarşı çıxır, ifşa eləyir. Ancaq deyir, əsil xristian olmaq bunları ötmək tələb eləyir. Sonra deyir, mənim inancım, demirəm ki, ən yaxşısıdır. Ancaq deyirəm, mənim inancımdan daha sadəsi yoxdur. Əgər bundan daha yaxşısı olsa, mən böyük məmnuniyyətlə onu qəbul eləyərəm. Deməli, o özünə qədərki əski inancların içərisində ən yaxşı bildiyini, doğru bildiyini seçib onda dayanır. İnsanlığın qurtuluşunu orda axtarır, özü ora qatqı göstərir. Özü orada xristianlığın insana münasibətinə yeni yön verir, çalarlar verir. Eyni halda, deyir, əgər başqalarının sənə qarşı doğru eləmədiyini görmək istəmirsənsə, onda sən də başqalarına qarşı onu eləmə. Bax, insan sevgisi burdan doğur. Ona görə xristianlığın insan sevgisinə dayanıb bir çox düşüncə adamları deyirlər, dünyanı sevgi qurtaracaq. Elə deyim var. Mən də deyirəm, “dünyanı sevgi qurtaracaq” bir şüardır. Nə deməkdir? Bax, burda mən Tolstoya üz tutub deyirəm: sən xristianlıqda insan sevgisinə dayanırsan, düz eləyirsən. Ancaq mən deyirəm, bu sevginin əsası yoxdur. Xristianlıq insanı sevmək üçün səbəb vermir. Niyə vermir? İnsanı balaca, cılız sayır. İnsanı Allahın qoyunu sayır. Cılız, balaca saydığın, əzəli günahkar olan Adəmlə Həvvanın törəməsi saydığın insanı niyə sevim axı? Sən mənə səbəb vermirsən. Ona görə xristianlığın öyrətdiyi sevgi dünyanı qurtara bilməz. Çünkü sevginin dünyanın qurtarması üçün sevgidən daha ötə bir şeylər gərəkdir. Daha uca bir şeylər gərəkdir. O nədir? Asif Ata deyir, o insana inamdır. Öncə insana inam yaranmalıdır. İnsanı özünə tanıtmaq gərəkdir. İnsanın böyüklüyünü ona göstərmək gərəkdir. İnsan içində Mütləq gəzdirir. İnsanlıq adlı məna daşıyır. İnsan dünyaya ona görə gəlir, o mənaya çatsın, qovuşsun. O mənaya qovuşan insan, o məna tələbiylə yaşayan insan əyri, oğru olmaz. Quldur, başkəsən olmaz, müharibə törətməz. Dünyada xristianlığı qəbul eləmiş nəhənglər var, Amerika var. Amerikanın başında duranlar hamısı pulçudur. Hamısı kapitalistdir. Pulçu – insan sevgisinə yaddır. İnsan böyüklüyünə yaddır. Əgər o insan böyüklüyünü görsəydi, insanı basıb əzməzdi. İnsan ilahi başlanğıcdır özü. Əgər bunu bilsəydi, insanı basıb əzməzdi. Dünya qana bürünməzdi. Ona görə Asif Ata deyir, 20-ci yüzilin bayquşları İnsana inam bayrağını ayaqlar altına aldı, tapdaladı. Ancaq biz onu yenidən başımızın üzərinə qaldırırıq. Bax, bu bayraq İnsanlığın bayrağıdır. Orada yazılıb: İnsanlaşın – İnsanlaşdırırn. Biz o bayrağın altına gəldik. O bayrağın asıldığı yer, insana inamın yarandığı yer – bizim İnam Evimiz adlanır. Düzdür, hələ İnam Evimiz təkcə Beyləqanda var. Günev Atalı Beyləqanda öz layihəmizlə məbəd tikibdir. O bizim ünvanımızdır. Ancaq Bakıda törənlərimizi öz evlərimizdə keçiririk. Biz Azərbaycanın fərqli bölgələrində olmuş, çoxsaylı oxullarda görüşlər keçirmişik indiyə qədər. Bu ayrı şeydir. Ancaq bir də var bizim özümüzün öz evlərimizdə keçirdiyimiz yığcam törənlər, mərasimlər. Bizim evimizi, bu mərasimləri keçirdiyimiz üçün, rəmzi olaraq, İnam Evi saymaq olar. Ancaq bu həm də mənim məişət evimdir. Ona görə bizim ayrıca müstəqil İnam Evimiz olmalıdır. Biz İnam Evinin anlamını törənləşdiririk. Ata sağlığında bizə deyirdi Ocağın Evi olmalıdır. Biz orada tədbirlərimizi keçirək, düşüncələrimizi deyə bilək. İnsanlarımıza ruhsal boy verə bilək…

Bax, mən indi qayıdıram, o məsələyə, Asif Atayla Tolstoyun arasında bir addım yol min ilə bərabərdir. Tolstoy özünə qədərki dünyabaxışlardan birində dayanıb onun ehkamlarını həyata keçirməyin doğru olduğunu söylədi. Onun tələbləriylə yaşamağın doğru olduğunu söylədi. Ancaq Asif Atanı bunlar qane eləmədi. İnsana münasibət əyridir dedi. Ona görə özü “Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq” deyə öz dünyabaxışını yaradıb ortaya gətirdi. Bundan ötrü nə qədər əngəllər aşdı. Nə qədər əngəllərə sinə gərdi. Sinə gərdi, öz düşüncələrini, prinsiplərini həyata keçirə bilsin. Onu insanlarına verə bilsin, insan özünün kim olduğunu dərk eləməyə başlasın. Əgər insan özünü dərk eləməyəcəksə, öz böyüklüyünə qayıtmayacaqsa, necə var elə qalacaqsa, onda bizim yaşamımız heyvanat aləminə bərabər olacaq. Heyvandan, biologiyadan ayrılmayacağıq. Gərək bioloji gedişdən ayrılmağın üçün insana, doğrudan da, inanasan. Biləsən, o gözlə görünənə bərabər deyil. Ata deyir, İnsan daxilində Mütləq gəzdirən, şəraitdən, zamandan, mühitdən üstün olan, Mütləqiliyə meyl eləyən və Mütləqləşməyə qadir olan Ruhani Varlıqdır. Asif Ata insana belə tərif verir. Allahın qoyunu demir. Müti, bəndə, qul demir. İndi insan özü ona can atmır, ortam ona olanaq vermir i.a. bu ayrı. Ancaq bu ortamı kim yaradır? Yenə insan. Sorun insanın özündədir. Ata deyir dünya pisdir, günahkar insandır. Cəmiyyət pisdir, mədəniyyət çöküb, günahkar insandır. Ancaq qurtuluş da İnsandadır. İnsanın yerinə heyvan gəlib bunları yaratmayacaq. Bax ona görə də deyir, “Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq. İnsanlaşın-İnsanlaşdırın. Bəşərin nicatı insanlaşmaqdadır”. Baxın, Asif Atanın “İnam Evi Günü”nün anlamı budur. İnsana İnam. İnsana İnam Dünyaya inama dayanır. Dünyanı fani sayırlar. Deyirəm bu küfrdür. Mən dünyanı əzəli, əbədi sayıram. Bunun əzəli, əbədi olduğunu dərk eləyirəm. Əgər dünya fanidirsə, onda heç nəyə gərək qalmır. Əgər dünya fanidirsə, vətən, insan, həyat fanidir – hər şey fanidir. Allah da gərəksiz olur. Hər şey fanidir, yoxdur, heçdir. Əgər insan, həyat fanidirsə onda Allah nəyə gərəkdir?

İnsan heyvan kimi yaşaya bilməz. Heyvan özünə bərabər yaşaya bilər. Heyvanın işi odur. İnsan özündən aşağı enərsə, onda onun varlığı heç olar. O heyvana enəndə bataqlıqdan çıxmayacaq. Ona görə insan heyvana enməməlidir. Özü olmalıdır. Bioloji həyat yaşamamalıdır. Bütün dünya o durumdadır. Bu gün Avropa belə getdi, Avropada insan haqları belə getdi filan. Boş-boş sözlərdir hamısı. Mənə insani ortam göstərin dünyada. Heç bir ölkədə yoxdur. Aropanın özündə xüsusi qruplar var. Dövlətlərinə qarşı etiraz eləyirlər ağılla, başla. “Sən mənə təminat verirsən, ancaq bu təminat oğurluqdur” deyirlər. Mən yazmışam dönə-dönə, Avropa sömürgəçidir. Orta Doğunu sömürür. Azərbaycan kimi balaca ölkələri sömürür, daşıyır, aparır. Daşıdığı, sömürdüyü varidatla öz xəzinəsini, cibini zənginləşdirir. Ölkənin gəlirini də əhalinin rifahına xərcləyir. Camaat da elə bilir Avropada hər şey yaxşıdır. Avropanın əlindən al, sömürə bilməsin məni.  Hamısı kapitalistdir onlar. Onda xalqın firavanlığına ayırdığı pulun bir hissəsini mənimsəyəcək də, talayacaq da. Yalançı effektlər yaradırlar. Heç biri doğru deyil. Bütün dünyada budur durum. Ona görə biz, Asif Atanın Ocağı olaraq, dünyadakılara ağız suyu axıtmırıq. Yalançı üstünlükləri biz də görürük. Yeri gələndə əlacsızlıqdan bundansa, o yaxşıdır deyə bilərsən. Bu hakimiyyətdənsə, başqa hakimiyyət yaxşıdır. Deyə bilərsən bunu. Ancaq bilirik, bu əlacsızlıqdandır. Bu biryolluq qurtuluş deyil. Həqiqət səviyyəsində deyil. Ona görə biz Asif Atanın yolunu, sözünü tutduq. Dedik, qurtuluş Asif Atanın ideyalarında yaşayır. Mənim birinci sözüm bu qədər.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Atamızın Bayrağını öpürəm.

 

Günev Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.):  Bu günün önəmi bir az da dərindən qabarır. Çünkü qardaşımız Göyçay bölgəsindən belə bir ağır yükün altına çiyin vermək üçün gəlib. Cavandır, hələ onun həyatı irəlidədir. Sən dünyanın, millətin, bəşərin dərdini öz dərdin bilməsən, bu Yolda bir addım ata bilməzsən. Ancaq bəşərin dərdini öz dərdin biləndə dahilik yaranır. Bəşərin dərdi tək Azərbaycanın deyil. Çünkü bütün dünyanın nizamı pozulub. Buna peyğəmbər ideyasıyla etki göstərmək olar. Dünya bu günə qədər o cür şəxsiyyətlərin əməyi sonucunda bu günə gəlib çıxıb. Bu gün elmi-texniki tərəqqinin bu dərəcədə gəlişməsi qarşısında insanlığın bu dərəcədə ayaqlar altına düşməsi, qutsallığın az qala rişxənd səviyyəsində qəbul olunması dönəmini yaşayırıq. Mən qardaşımı qutlayıram, bağrıma basıram, çox sevinirəm, həm də güvənirəm. Biz Asif Atanın ideyalarından yapışıb xalqımızın içindən çıxan belə aydınlara güvənərək, inanaraq mitinq keçirmirik. Sözümüzü beş adama deyirik. O beş adamın doğruçu etkisi daha uzağa gedə bilir. Bayaq qardaşlarla söhbət eləyirdik, 30 il bundan öncəki Azərbayanla bugünkü Azərbaycan arasında çox böyük fərq var. Onu biz daha yaxşı görürük. Çünkü bizim məşğul olduğumuz məsələlərdir.

Bu gün İnam Evi günüdür. İnam Evi Günü mərasimlərdə önə çəkilməsəydi, haraylanmasaydı İnam Evi yaranmazdı. Hər dünyabaxışın öz ünvanı olur. Sineqoqu olur yəhudilərin, xristianların kilsəsi var, müsəlmanların məscidi var – filan. Bunlar hamısı həmin dünyabaxışların evləridir. Baxın görün hansında yarım insan yetişib? Hamısı bayaq saydığımız yönlərdədir. Qopartmaq, əlindən almaq, bir-birinə qeyri-insani, daha doğrusu, heyvani davranış. Bir-birinin əlindən qapmalar müharibələr törədib. Quldarlıq dövrü keçdi, kapitalist dövrü keçdi. Hamısında insan öz qüsurlarını bu quruluşdan o quruluşa ötürə-ötürə gətirdi. Çünkü İnsanlaşma olmadı. Bütün sorunların əsasında insanlığın əksilməsi dayanır. Əlac insandadır. Kim deməyib, insanlıq gözəl şeydir. Ancaq insanlığa aparan yolu kim İnama çevirib? Məscidmi, kilsəmi? Kilsələr Janna Darkların ləyaqətini ayaqladılar. Cordano Brunoları tonqallarda yandırdı. Düşüncə yiyələrini məhv elədi. Heç bir filosof dinçinin üzünə belə üfürməyibdir. Dinçilər filosoflara, düşüncə yiyələrinə divan tutdular. Rahatsız idilər bu gedişdən. Bilirdilər, bu gediş uzaq sürə bilməz.  İnam Evi həmin sorunlara qarşı insani ideyaları haraylayan ünvandır. Bu boyda millətin tarix boyu 4 divarı olmayıbdır. Görürsən professordur, elmlər namizədidir, özünü dahi sayır. İlqar Fəhmi var, qələm adamıdır, deyir, İslam bizim milli, mənəvi dəyərimizdir. Əgər İslam sənin milli-mənəvi dəyərindirsə, ərəb nə yaradıb? Bunu adi bir adam desə, keçmək olar. Bunu bilərəkdən vəzifəsindənmi, mövqeyindənmi ehtiyatlanan alimlər deyəndə tükürpədici duyğu yaranır içdə, bu millətin gələcəyi hara gedir? Bilə-bilə deyirlər. Mən inanmıram, o bilməyə İslam bunun mənəvi dəyəri deyil.

30 il bundan öncə Ocağa gələndə, Ata Günü mərasimi idi, fikrim varıydı, İnam Evi məbədini yaratmaq. Çünkü bir az ustalıqdan bilirəm. Bu söz mənim ağlımdan keçmişdi, dilimə gəlmişdi. Heç bir qıraq yardım olmadan başladım, nə qədər təpkilərə baxmayaraq 3 daş, 5 daş yaratmağa. Ocaq orda mərasim keçirtdi. Sonra etirazlar başladı. O daşı yenidən yığdırdılar mənə. Gətirtdilər yaşadığım evə. Yəni orda tamamilə silinsin o düşüncə deyə. Ancaq Ocağın öz gedişi var idi. O cür kütlənin mübarizəsi əslində mübarizə deyildi. Hardasa içindəki anlaşılmazlığı bəlli bir dövr ovutmaq üçün. Davamlı mübarizəsi olmur elələrinin. Bəlli etap keçdi. O daşı yenidən qaytardım. Bir az yenə etirazlar başladı. Ancaq indi o bölgədə həmin ünvana çox gözəl münasibət var. Bunu mən elə-belə demirəm. Demirəm hamı gəlir dinləyir, yazır, gedir. Ancaq oranın özünə elə gözəl münasibət var. Demək ki, 30 il boşuna getmir. Bunu gərək ömrünlə göstərəsən. Ata Ocağa gələndə mənə dedi, sənə ağır, mənalı ömür arzulayıram. O sözü mən Bilənə arzulayıram. Şərəfli ömür. Ancaq o ağırlıq Məlikməmmədin “ay yandım, çəkin” deməsinə qədər olur. O aşamanı keçəndən sonra Məlikməmməd olur qəhrəman. Bu boyda bəşəriyyətin içindən onun pozulmuş nizamına qarşı, Soylu demiş, tək əlin barmağı sayda adama arxalanaraq ayağa durmuşamsa, Göyçaydan bura gəlirəmsə, deməli, mən xoşbəxtəm. Mən xoşbəxtəm, dünyanın halına ağlamaq qüdrəti duyuram özümdə. İnsan öz gözündə ucalanda çox uzağa gedir. Ata deyir, dünyanın gözündən düşüb yaşamaq olar, ancaq öz gözündən düşüb yaşamaq olmur. Var olun. Sizinlə burda olmağımdan çox böyük qürur duyuram. Uçmağa qanadım yoxdur. Bayrağımızı öpürəm.

Asif bəy: Xanımları, bəyləri alqışlaryıram. Belə gözəl tədbirə məni dəvət elədiyinə görə Soylu bəyə təşəkkür edirəm. Sizin hər bir məclisinizə məzmun verən bir sıra göstəricilər var. Ocaqçılar bir araya gələndə hansısa yaxın hədəfə hesablanmış iddialar irəli sürmürlər. Bayaq mitinq haqqında söhbət getdi. Mitinqə çıxanlar hansısa yaxın hədəfi göstərən sosial tələblər və ya iqtisadi məsələlər qoyurlar. Bunların hər ikisi yaxın hədəfdir. Sosial ehtiyac təmin olunursa, iddia aradan qaldırılır. Ya da siyasi iddiaya çatırsansa, həmin iddia ortadan qalxır. Ancaq Ocaqçılar bir yerə toplaşanda onların ortaya qoyduğu iddia onillərə, yüzillərə, hətta mübaliğəsiz min illərə hesablanmış iddiadır. Ona görə ki, əgər biz 21-ci yüzildə 11-ci yüzildə yaşamış Xoca Əhməd Yasəvinin ideyalarını özümüzün təməlimizdə duran milli prinsip kimi, doktrina kimi qəbul ediriksə, mən hesab edirəm, bizim milli ruhumuzun, milli dəyərələrimizin reallığından doğan bir doktrina, düşüncə sisteminin özü də illər sonra mənim xalqımın, mənim millətimin mənəvi söykənəcəyi, mənəvi dəstəyi, mənəvi dirəyi ola bilər. Bu gün bu ağır missiyanı çiyinlərinizdə siz daşıyırsınız. Ona görə mən sizinlə bir yerdəyəm. Mən sizin daşıdığınız missiyanın tarixi sorumluluğunu, tarixi yükünü, çəkisini anlayıram. Buna da sevinirəm. Ona görə bu gün kürəsəlləşmə (qloballaşma) dediyimiz bir proses əslində bizə fərqli bir formada sunulsa da, obyektiv bir proses kimi sunulsa da, əslində elə deyil. Mən əminəm hər bir Ocaqçı, Ocaq ideyalarını sevən hər kəs elə bir idrak səviyyəsinə çatıb, gözəl anlayır, Batının bir çox strateji düşüncə mərkəzlərinin dünyanın, insanların düşüncəsinin yeni formada işğalına hesablanıbdır. Bu insanların fiziki cəhətdən işğalı yox, intellektual, ruhsal cəhətdən mənəvi işğalına hesablanıbdır. Belə br məqamda biz durub Batı düşüncə mərkəzlərinin xalqımızın, millətimizin yüzillərlə, minillərlə formalaşmış, bizi bu günə gətirib çıxarmış həmin dəyərlərə hücumlarına seyrçi kimi qalmalıyıqmı? Əlbəttə, yox. Bu gün mən də o seyrçilərdən deyiləm. Mən də həmin milli cəbhədə döyüşən, savaşan bir düşüncə insanıyam. Ona görə də bu savaşda artıq bir düşüncə mərkəzi yaratmış, bütün varlığıyla milli olan bu düşüncə yiyələrini təqdir edirəm, bəyənirəm, qəbul edirəm, ona görə də bir yerdəyik. Mən bu gün xeyli fərəhliyəm. Soylu bəy bir tutuşdurma apardı. Lev Tolstoyun sonuncu əsəri “Günümüzdəki köləlik”. Mən ona görə fərəhliyəm, Asif Atanın yaratdığı İnam fəlsəfəsinin içərisində Azərbaycançılıq var, türkçülük var, yurdçuluq var. Türkçülük deyəndə tarixi müstəvidə bütün türk xalqlarının yaratdığı bütün dəyərlər sisteminin özünü ehtiva edir. Dünən Türkiyənin prezidenti Amerika prezidenti ilə danışıqları, onların sonucları ilə bağlı bəlli bilgilər əldə elədim, hər halda sevindim, Türkiyənin hər bir uğuru mənim üçün həm Azərbaycanın uğurudur, həm də bütün Türk Dünyasının uğurudur. Türkiyənin regional gücə çevrilməsi, sözünü deyən dövlətə çevrilməsi, həm də Azərbaycanın gələcəkdə, bütövlükdə qlobal problemlərinin həllində dəstək olacağını düşünrəm. Batıda yetərincə sosial kulturoloji nəzəriyyələr, düşüncə sistemi var. Məsələ burasındadır, onlar Batı dünyasının, Batı xalqlarının dirçəlməsinə, ayaqda durmasına qulluq edən düşüncə sistemləridir. Ona görə onların olduğu kimi Azərabycana transfer olunması, təbii, bizi düşüncə köləsinə çevirir. Ona görə onların qarşısında duruş gətirəcək, özümüzün ruhumuzdan cücərən, boy verən bir düşüncə sisteminə ehtiyac var. Nə yaxşı ki, 20-ci yüzilin 60-cı illərində bizim mütəfəkkirlərimiz milli düşüncəyə, milli ideyaya söykənən bir hərəkat başladılar. Mən o sırada Asif Atanı tək görmürəm. Düzdür, Asif Ata kimi sistem yaratmasalar da, həmin dövrdə milli kimliyimizin formalaşması yönündə ideoloji, ədəbi mübarizə cəbhəsi sözünü deyib. Sadəcə olaraq, bu mübarizə cəbhəsi fəlsəfəyə və elmi müstəviyə keçirilməmişdi. Asif Atanın simasında bu mübarizə milli müstəviyə keçirildi. Bu gün Ocaqçılar həmin müstəvidə mübarizə aparırlar. Bayaq Günev bəy çox yaxşı düşüncə söylədi, mən onunla tam razıyam. İudaizm, əgər sinaqoqlar olmasa, yaşaya bilməzdi. Xristianlıq, kilsələr olmasa, yaşaya bilməzdi. İslam da məscidlərin hesabına öz varlığını qoruyub saxladı. Mən hesab edirəm bu düşüncə sisteminin ömrünü uzatmaq, daha uzaq gələcəyə yönəltmək üçün İnam Evləri, Ocaq Evləri, məbədlərin olması gərəklidir. Mən Beyləqanda olanda Soylu bəy dedi, biz İnam Evinin layihəsini çalışmışıq İnam fəlsəfəsinin sütunları, yəni baza prinsiplərinə uyğun verək. Çox gözəl ideyadır. Mən çox istəyirəm, bizim milli ruhumuza söykənən milli düşüncə milli çərçivədən çıxıb qlobal çərçivəyə keçməyi bacarsın. O anlamda sizin hər biriniz fədakarsınız.

Bu gün mən Bilən bəyə də uğur arzulayıram. Bilən bəy, Günev bəyin dediyi kimi, bu yol ağır yoldur, çətin yoldur, şərəfli yoldur. Bütün tarix boyu  bizi özümüzdə saxlayan, Azərbaycançılıq, türkçülük dediyimiz bu düşüncə sistemini, bu dəyərlər sistemini qoruyub saxlayan bir ovuc insan olub. Bütün millət qoşulub onunla mübarizə aparmayıb. Ancaq bu bir ovuc insanın sayəsində millət həmişə ayaq üstə olub. Mən hesab edirəm, bu gün millətimi ayaq üstə saxlamaq əzmiylə yaşayan Ocaqçılardır. Bu yolda sizə uğurlar arzulayıram. Mən bilirəm, Asif Atanın yaratdığı fəlsəfi sistem, düşüncə sistemi, İnam fəlsəfəsi bizim milli ruhumuza çox qidalar bəxş edibdir. Ən azından bu dünyaya bizim yiyə olmaq haqqımızı hayıqırıbdır. Bu hayqırtıda dünyaya yiyə olun çağırışı var. Sizə yiyə olmasınlar çağırışı var. Onun bu nidasında milli ruhumuzu ifadə eləmək gücü var. Sən yabançı, yad ruhlara təslim olma, baş əymə. Sənin ruhun onlardan böyükdür. Ən azından bizim çıxa biləcəyimiz milli zirvəni göstərib. Sən o milli zirvəyə çıxmalısan. Milli zirvəyə çıxmasan, sənin mövcud olmaq olanaqların, şərtlərin silinə bilər. Bütövlükdə bəşəri kontekstdə götürəndə bəşəriyyətin çıxa biləcəyi ən ali zirvəni axtarıb, bütün dünyanı bu axtarışa səsləyib. Millilikdən bəşəriliyə gedən yolun prinsiplərinin, şərtlərinin düsturunu verib. Onun formulunu qoyub ortaya. İnsanın aliliyini, onun ilahi məzmununu əlindən alan prinsiplərə qarşı bir mübarizə cəbhəsi yaradıbdır. O mübairzənin mükəmməl doktrinasını yaradıb qoyub. Bu da İnam fəlsəfəsidir. Bu haqda çox danışmaq olar təbii. Bütün bu dəyərlərin qiymətini bildiyimə görə bu düşüncə sisteminə həmişə böyük sayğıyla yanaşıram. Ocaqçıları bu yolda dəstəkləyirəm, onlara uğur arzulayıram. Bugünkü İnam Evi Günümüz, bayramımız qutlu olsun!

İnqilab bəy: Asif bəy çox geniş danışdı. Düşüncələrimiz eynidir. Birinci səfərdir bu tədbirdə oluram. Çox sevinirəm İnam Evi var. Mən də o sözü deyirəm, nəyi başlayırıqsa, onun mütləq evi olmalıdır. Bakıda da yaransın, başqa yerdə də yaransın. Bunu da gənclər yaradacaq. İndiki dövrdə öncə millətçi olanlar yaşlanır. Mənim də gənclik dövrüm siyasətlə keçdi. 60-70-ci illərin gənclərinin ideologiyaları yaxşı idi. O zaman Avropaya getmirdilər, getsələr Rusiyaya gedirdilər. O zamankı tələbə hərəkatına rəhbərlik edən Xosrov adında biri var idi. Mən eşitmişdim Leninqradda oxuyub gəlmişdi. Əsas güc düşürdü tarixçilərimizə. Tarix çox zəif idi. Tarixdən heç nə vermirdilər. Azərbaycan tarixi ümumiyyətlə, yox idi. Ədəbiyyatda dilçilik tarixini öyrənəndə dilçilik türkün qədimliyinə gedib çıxırdı. Türk abidələri və s. O saat düşünürdün ki, bizim dilimiz gedib çıxıb Orta Asiyaya. Niyə Çindən başlasın? O zamanlar coğrafiyaya həvəsim vardı. Baxırdım xəritədə Çində Ağsu var. Ağsu orda şəhərdir. O zamanlar ədəbiyyatda B.Vahabzadə idi, Xəlil Rza, X.Məmmədov idi və digər şəxsiyyətlər idi. Onlar çalışırdılar həmin gəncləri yörələrinə toplasınlar. Mən təkcə onlarla bərabər böyük ziyalılıq görmüşəm. O zamanlar tələbə hərəkatında çoxusunu tutdular, başlarına oyun da gətirdilər, çox gəncləri şərlədilər. Həyat belədir, siyasət də belədir, iqlim dəyişə bilir. Yəqin xəbəri eşitdiniz Slavyan universitetinin rektoru erməni çıxdı. İçərişəhərdə satılan miniatür hədiyyələrdə Azərbaycanın xəritəsi Qarabağsız göstərilib. Sonradan hansısa vətənpərvər yazandan sonra yığışdırdılar guya. Onlar bacarırlar, elədiklərini eləyirlər. Ancaq biz eləyə bilmirik, gücümüz yoxdur. Qarabağ savaşında bizim çox fədakar gənclərimiz vuruşurdular. Bir adam qabağa çıxanda başqaları öz canından da keçir, ona inanır.

Mən bura gəlirəm, təzələnirəm. Rahatlıq tapıram. Çünkü duyuram bunun gələcəyi var. Biz türk xalqları millətini sevən olub, öz canından da keçiblər. İnam çatmır. Bu fəlsəfəyə inanmaq gərəkdir ki, siyasəti yönəldə bilək. Mən hər birinizi alqışlayıram, çox şad oluram.

 

Güntay Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Öncə bu gün münasibətilə hamımızı təbrik edirəm. Bilən, qutlu olsun! Çox ləyaqətli bir addım atmısan, ola bilər, bəlkə də atdığın addımı tamlığı ilə içinə çevirməmisən, ancaq gələcəkdə inanıram, sən bu yolu seçdiyindən dolayı özünü fərqli bir yöndə görəcəksən. Özün özünü qiymətləndirəcəksən. Sən ömrünə yiyə çıxmısan. Ömrünə yiyəliyin başlayıb sənin. Eyni zamanda millətinə yiyəliyin başlayıb. İnam Evi Günü törəni keçiririk. Öncə də vurğulandı, İnam məsələsi həm fərqli məsələdir, həm də olduqca gərəkli məsələdir. Niyə gərəkli məsələdir? Tarixə ekskursiya etsək, Məhəmmədin, Musanın dövrünə, görərik, Musanın inamı olmasaydı bu gün İsrail oğulları deyilən bir millət formalaşıb bəşər səhnəsində yerini almayacaqdı. Musanın İnamı nə dərəcədə bəşəridir, o məsələnin bir tərəfi. Ya da ərəb yarımadasının yeddinci yüzilini xatırlayaq, biz bu gün ərəb yarımadasında yaşayanlardan nə ilə fərqlənirik. Ərəb yarımadasında da 360 adda Allah vardı. Bu qədər bütə sitayiş edən soylar, qəbilələr, ailələr vardı. Atanın bir sözü vardı: Çox ideyalılıq əslində ideyanın yoxluğudur. Orda çoxlu ideya vardı, əslində ideyanın yoxluğu vardı. O dövrdə Məhəmməd öz xalqının qurtarıcısına çevrildi. O gördü basqılarla, güclənməkdə olan yəhudiliklə, güclənməkdə olan xristianlıq artıq onun millətini əridib yoxa çevirəcək. Bu dağılmış milləti cürbəcür ideologiyaların axıb gəldiyi, özlərinin bilərəkdən, bilməyərəkdən əyri-düz yaratdıqları ideologiyalar bunu qurtarmır, çünkü bunun sistemli şəkildə nə yası, nə bayramı var. Nə ayinləri düz gəlir. Məhəmmədin evində olan qardaşların özləri fərqli-fərqli ideyanın daşıyıcıları idi. Onun əmiləri vardı hələ. Bunların hamısının ağzını bir yerə yığmaq üçün belə bir ideya çox vacib idi. Mən istəməzdim öz millətimi ərəb yarımadasında yaşayan millətin 7-cü yüzili ilə tutuşdurum. Ancaq təəssüf, bu gün bizdə sünnülüyün 5 cür növü var burda, şiəliyin 10 cür növü var. Cürbəcür ideologiyalar, cürbəcür nələr, nələr axıb gəlib. Gələnlərin heç biri ona görə gəlməyib, bu milləti bütövləşdirsin. Güclü bir millət eləsin. Xalq eləyib ortaya çıxarsın bəşər səhnəsində. O ideyaların yaradıcıları gəliblər öz varlıqlarını təmin eləmək üçün, sənin yoxluğunu həyata keçirirlər ki, öz varlıqlarını təmin edə bilsinlər. Bu gün bizim torpaqlarımızı 7 yerə parçalayıblar. O 7 yerin 3-də arıtq bizim millət yaşamır. Bizim Borçalımızı qoparıblar, Dərbəndimiz bizdə deyil, Qarabağımız bizdə deyil. Güney Azərbaycan elə, Quzey Azərbaycanda dövlət qurmuşuq. Azərbaycanda yaşayan türklər o dərəcədə böyük bir mədəniyyət daşıyıcısıdır, bunun dövlətini bəlli bir vaxt vurub sıradan çıxartsalar, başqa bir zaman kəsimində başqa cür təzahür edib ortaya çıxır. Azərbaycan dövlətini qura bilir, yarada bilir. Çünkü mədəniyyət daşıyıcısıdır. Asif Ataya qədər, təbii, düşünərlər olub. Anadolu torpaqlarında yaşayan Xoca Əhməd Yasəvi, bizim etnosun yetirməsidir. Yunus Əmrə, Pir Sultan Abdal, bunlar hamısı bəlli düşüncələr veriblər. Ancaq işğala qarşı heç kim sistem ortaya qoya bilməyib. Zatən sistem qoymaq onların işi də deyil. Sistem ortaya qoymaq qüdrəti nə gözəl bizim yaşadığımız çağda, bizim yurddaşımıza qismət olub. O təpər Asif Atada təcəlla tapıbdır. Bu gün bizim borcumuzdur,  bu sistemə yiyə çıxaq… Bayaq dedyim kimi, Məhəmməd sistem qurdu. Musa sistem qurdu. Öz xalqını onun yörəsində birləşdirə bildi. Bu gün bizi də tarix səhnəsindən silib çıxarmağa qoymayan Asif Atadır. Bayaq Adif bəy düzgün vurğuladı. Qoy sənə yiyə olmasınlar, sən yiyə ol. Mən belə deyirəm, sənə yiyə olub səni sümürməsinlər. Sən yiyə ol, onları insanlaşdır. Sən yiyə ol, onlara mənəviyyat dərsi keç. Asif Ata bu gün bizim milləti millətlərin öyrətməni səviyyəsində təsdiq edibdir. Bizim inamımız budur, biz çatacağıq. İşimizdən, gücümüzdən, həyat qayğılamızdan aralanıb buna vaxt ayıra bilirik. Asif Atanın qədrini bilmək, Asif Atanın yükünün altına çiyin vermək, həqiqətən ləyaqət işidir. Təşəkkür edirəm bizim törənimizə qatılan yoldaşların hamısına, bağırıma basıram. Bu gün münasibətilə hamını qutlayıram. Bilən, səni bir daha qutlayıram. Xoş gəldin!

Atamız var olsun!

Soylu Atalı: Atanın xətti, yönü də budur. Dünyanın nızamında qatqısı olan istənilən böyük adamların, tarixi şəxsiyyətlərin üstündən xətt çəkmir, kölgələmir, kölgələmək doğru deyil. Hər kəsin özünəxas yönü, yöntəmi, qatqısı olub. Asif Atanın prinsipi belədir – ya hər şey, ya heç nə. Çünkü onun ölçüsü Mütləqilikdir. O demir bir günün, 5 günün içində hamı kamil olmalıdır, qurdla quzu yanaşı otlamalıdır. Belə bir iddiası yoxdur. Qurdla quzu yanaşı otlamayacaq. Ancaq Asif Ata İnsanlığa Mütləqilik ölçüsüylə yanaşır. Nisbiyə deyil, yüksək olana, Mütləq olana can atır. Gəlişmə də onun əsasında baş verir. İnsan nə dərəcədə öz ömründə ona yetə bilir, yetə bilmir, o ayrı məsələ. Yüksək ölçü gərəkdir, nisbi ölçü yox. Nisbi ölçüylə gedərsən, dayanarsan. Yüksək ölçüylə daim qabağa gedirsən. Qarşında yeni üfüqlər açılır, gedirsən.

Türklərdə Tanrıçılıq ideyası var. Tanrıçılığımıza sayğımız var. Ancaq Tanrıçı deyilik. Niyə deyilik? Bu əski baxışların özündə yüksək çalarları nə  varsa, onlar çağımızda bizim dəyərlərimizin doğmasıdır, onun insana baxışını, üstün keyfiyyətlərini gözardı edə bilmərik. Ancaq onları biz yaşamımızda ölçüyə çevirə bilmirik. Yaşam sistemimizə çevirə bilmirik. Niyə çevirə bilmirik? Hər bir baxış özündə həm ideya daşıyır, həm də gələnəklər daşıyır. İdeyada müsbət, yaxşı çalarlar var, ancaq əski baxışlarda gələnəklər köhnə olaraq qalır. Gələnəklər çağımıza cavab vermir. O gələnəklər də o çağlarda silinib. Ancaq təbiətə münasibət, ucalığa münasibət, insanın doğada qutlsallarla ünsiyyətində var olması. Doğaya sevgisində, doğanın gözəlliyinə vurulmasında, onu qorumasında var olması, bu bizim üçün həmişə seviləsi baxışdır. Ancaq biz başlıca semit dinlərinin adını çəkirik. Semit baxışları dünyada daha geniş yayılıb. Biz ona görə görüşümüzü, baxışımızı onun üzərində vurğulayırıq. Bəzən düşünərlər, bizim ayrı dərdimiz yoxdurmu, nə istəyirik semit baxışlarından? Get mübarizəni apar, hakimiyyətini qur, belə deyərlər. Belə düşünə bilərlər. Ancaq biz deyirik, nə qədər insan içində dəyişməyib, onun şüuru dəyişməyib, mənəviyyatı köklənməyib, onunla sən bir addım belə gedə bilməzsən, nə dövlət qura bilərsən, nə vətən qura bilərsən. Biz deyirik, konkret olaraq, xristian türklər var, müsəlman türklər var. Azərbaycan olaraq biz müsəlmanıq. İslam mədəniyyətinin etkisi altındayıq. Niyə dirəniş göstəririk axı buna? Niyə istəmirik? Bizə tarixi öyrətmirlər. Nə də qoymurlar bu gün, nə orta oxullarda dərsliyə salırlar, nə yüksək oxullarda, elm ocaqlarında heç yerdə öyrətmirlər. Qaragüruhdan qorxurlar. Avam, cahil zümrədən qorxurlar. 1989-cu ildə Bibliya 1928 dilə çevrilmiş, bu günə qədər də çevrilməkdə davam edir. Quranı da tərcümə ediblər, Ziya Bünyadov, Vasim Məmmədəliyev. Deyirlər onun Qurana dəxli yoxdur. Əsil İslam o deyil. Niyə mənə ərəb dilində oxudursan, niyə məni ərəb mədəniyyətiylə basqı altında saxlayırsan? Mənim etiraz eləməyə haqqım var. Anamı mən ortadan ərəb dilində qaldırıram. Molla mənim anlamadığım, qanmadığım bir dildə gəlib ölümün üstündə oxuyur. Axı bu məni assimilyasiya edir. Axı bu mənim milli kimlyimi vurub sıradan çıxarır. Şüurumu məhv edir axı. Qoy çevrilsin, qanılsın də. Ayın 30-u anamın iliydi. İnsanlar durub qovğa edirlər. Nəyin üstündə – ölüyə Quran xətmi filan qədər olmalıdır. Gör nəyin üstündə mübahisə edirlər. Mən misal çəkirəm Əl-əhzab surəsindən, Əl-Nəbə surəsindən, bir sıra surələrdən misal çəkirəm. Deyirlər Quran 7 dəfə bir ölünün üstündə oxunub qurtarılmalıdır. A bala, 7 dəfə bu surələri mənim ölümün üstündə niyə oxuyursan? Özü də qanmadığın bir dildə. 7-ci yüzildə ərəb mənim içimə necə gəldi? Niyə gizləyirsən bu tarixi? 7-ci yüzildə ərəb mənim içimə namusuma təcavüz edə-edə, qız-gəlinimə təcavüz edə-edə girib. Abbasilərin başında duran xəlifə göstəriş vermişdi, hər bir ərəb əsgərini bir azərbaycan ailəsi 1 gecə-gündüz evində saxlamalıdır. Çox üzr istəyirəm, ədəbsiz şeylərdir, adam dilinə gətirmək istəmir, təmin eləməlisən ərəb əsgərini. Ona görə qəbul eləyibdir bunu. Azərbaycan türkləri bu baxışı namusa görə qəbul elədi, ancaq təcavüz ortadan qalxmadı, harda imkan düşdü Azərbycan qız-gəlininə təcavüz elədilər. Onlardan uşaqlar əmələ gətirirdilər, Azərbaycan kimi çox iqlimli, verimli torpaq yaxın 20 ildə ərəb feodallarının əlinə keçsin deyə. Buna qarşı davranan insanı məhv edirdilər, öldürürdülər, özü də 5 can alırdılar. Gedin babalarınızdan soruşun, “ərəb öldü, qan düşdü” deyimi hardan əmələ gəlib? Mənim tanrıçılıq dünyagörüşüm bundan qat-qat yüksək idi.

Mən buna etiraz edirəm, ərəb mənim içimə gəldi, mənim ləyaqətimi aşağıladı, öz dinini sırıdı, öz mədəniyyətini sırıdı, öz kimliyini sırıdı, dilimin 70-80 faizi ərəb-fars sözləridir. Bəs mən nə zaman millət olacam? Bəs nə vaxt mən doğduğuma ad qoyacam? Burda bir adamın adı özününkü deyil. Hamısı ərəb-fars adıdır. Nə zaman çıxacam bundan? Mən ərəbin-farsın əlavəsiyəm, ya ingilisin əlavəsi. Haçana qədər olacam? Bundan necə çıxaq? Ona görə “Düşündük, daşındıq Ocaqlaşma yolu tutduq”. Ocaqlaşma həm insanlaşmadan başlayır, həm millətləşmədən, həm də bəşərləşmədən. Mənim ərəb millətiylə heç bir düşmənçiliyim yoxdur. Ya fars millətiylə. İranda 13-14 milyon fars var. 40 milyon da türk var. Mənim farsla millət olaraq düşmənçiliyim yoxdur… Firdovsinin “Şahnamə”si türk etnosunu, türk şahlarını aşağılayan bir əsərdir, farsın tör-tüküntüsü sayır türkü. Səni azəri tayfası sayır. Sonradan dilin dönüb türk olub deyir. Elmlər Akademiyasında, Bakı Dövlət Universitetində, ayrı-ayrı təhsil müəssisələrində, mədəniyyət evlərində, kitab evlərində ədəbiyyatlar var, təbliğat var. Sən türk deyilsən. Bunu sənin millətinin içində yeridir. Bir ovuc fars. Mən buna dirənirəm. Nə vaxta qədər ki biz bu şüurdan çıxa bilmirik, çıxa bilməyəcəyik, biz millət olaraq formalaşmayacayıq. İt unu kimi dağınıq durumda, birinin sözü o birinin boğazından keçmir, biri o birinin bayrağının altına gəlmir. Çünkü şüurumuz min yerə parçalanıb.

Asif Ata xalqlara düşmənçilik elan eləmir, Asif Atanın 6 ideyasından biri Ləyaqətli Bəşər ideyasıdır. İngilis xalqına düşmənçilik elan eləməyib. Rus xalqına düşmənçilik elan eləməyib. Deyirlər, Tolstoy çuvaş türklərindəndir, lap olmasa belə, mən Tolstoyu Asif Atadan sonra özümün öyrətmənim sayıram. Mən rus xalqına nifrət eləmirəm. Mən rus imperializminə nifrət edirəm. Rus siyasətinə nifrət edirəm. İngilis murdarlığına, eybəcərliyinə, harınlığına, imperializminə nifrət edirəm. Xalqlarla Asif Atanın işi yoxdur. Ərəb hərcayiliyinə nifrət edirəm, ərəb xalqıyla işim yoxdur. Fars şovinizminə nifrət edirəm, fars xalqıyla işim yoxdur. Xalqın şüurunda daşıdığı şovinizmə nifrət edirəm. Bundan çıx, özün ol, millət ol. İnsan ol. İnsanlaşın – İnsanlaşdırın. Bəşərin nicatı İnsanlaşmaqdadır. Atamız Var olsun!

 Sonda çay süfrəsində doğmalaşma söhbətləri davam elədi.

 

Yağış Ayı, 41-ci il.

(noyabr, 2019.)

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir