Xəbərlər

Qutsal “İnsanilik” Bayramı

Ocaq Günsırası ilə 15 Günəş Ayı, 43-cü ildə Mütləqə İnam Ocağı Qutsal “İnsanilik” Bayramını keçirdi. Ocaq Yükümlüsü Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Bu gün Asif Atanın – İnam Atanın “Mütləqə İnam” Ocağı “İnsanilik” Bayramını keçirir. “İnsanilik” Bayramı özü bir törəndir. Ona görə də törəni Atanın, bayrağımızın qarşısında keçiririk.
Bayram deyəndə belə düşünülür, bayram süfrə ilə olmalıdır, çal-çağır olmalıdır. Bunlara qarşı deyiləm, ancaq həm də düşünürəm, bayram elə mərasim olmalıdır. Biz bayramı mərasim kimi keçiririk. Nə üçün biz bayramı mərasim kimi keçiririk, nəyi bayram edirik, niyə bayram edirik?! – Bununla bağlı düşüncələrimi demək istəyirəm. İnsanı hansı duruma gətiriblər, öncə ona yönəlik söz demək istəyirəm. Bilirsiniz, bütün çabalar, bütün çalışmalar insanı tabeçilik şüuruna bağlamaq üçündür. Dövlətin bütün qanunları da ondan ötrüdür, doktrinalar, dinlər də ondan ötrüdür. Belə baxanda, birgəyaşayışın nizamı üçün, bunu hardasa anlamaq olar. Yəni əgər insan tabelik göstərməzsə anarxiya baş verər, özbaşınalıqlar baş alıb gedər. Elə bir çətinlik yaranar, insanın birgəyaşayışını nizamda saxlamaq olmaz. Ona görə belə deyim, bütün çabaları insanın birgə yaşayışını nizamlamağa yönəldirlər, bunun üçün insanı tabelik şüuruna  kökləyirlər. Ancaq insanı necə tabeçilik şüuruna kökləyirlər?! İnsanı təbəqələrə bölürlər – hakim təbəqəyə, bir də zəif, məzlum təbəqəyə. Hakim təbəqə məzlum təbəqəyə deyir, əgər sən tabe olmasan özbaşınalıqlar artsa, onda birgəyaşayış baş tutmayacaq. Sən gərək mənə tabe olasan, hakim təbəqəyə. Əslində qanuna tabe olmaq adı altında hakim təbəqəyə tabe olmaq gedişi yaradırlar. Bu isə sonucda insanı kiçik saxlamaqdır, cılız saxlamaqdır, insanı özündən ayırıb yönətməkdir (idarə etməkdir). Hakim təbəqə qanunu ortaya gətirməklə ikinci təbəqəyə başa salır, sən mənə tabe olmasan, sizi bir-birinizdən qoruya bilmərəm. Mənim bütün cəhdlərim sizi bir-birinizdən qorumaqdır, ona görə siz mənə tabe olmalısınız. Bu tabelik şüurunu öncədən dinlər yaradıblar. İsa insanı günahkar elan edəndə fərqinə varmadı ki, günahkar elan elədiyi insanı güclü təbəqə qarşısında aciz duruma salır. Güclü təbəqə günahkarlıq ideyasından yararlanıb insana qarşı hər cür addımlar ata bilər. Atdı da, atır da. İnsanı cəzalandırır. Sən özbaşınalıq edirsən, tabelik göstərmirsən, mən də səni cəzalandırıram. Göydə Allah, yerdə hökmdar, Allahın elçisi, Allahın nümayəndəsi ideyası ortaya gətirdilər ki, insan  hakim təbəqəyə boyun əysin. Ancaq hakim təbəqənin insandan başqa bir tələbi də var. Mən nə edirəm edim, səni  qorumaq üçün edirəm, sənin birgəyaşamağın üçün edirəm. Ona görə məni sorğulamağa sənin haqqın yoxdur… Biz tarixən, qədimdən insanı belə bir durumda görürük. Dinlərin yaratdığı hal bu idi. Lap elə İslam dinində də eyni hal yaranıb. Əslində Məhəmməd ərəb toplumunu özünə tabe eləmək üçün addımlar atırdı. Allaha tabe eləmək adı altında özünə tabe edirdi. Göydə Allah hər şeyi görəndir, hər şeyi biləndir, ona tabe olun. Əslində ona tabe olmaq yerdə Allahın nümayəndəsinə tabe olmaq – Məhəmmədə tabe olmaq demək idi. Yeddinci yüzil ərəb toplumu üçün bəlkə də keçərli bir tələb idi. Yəni siyasi baxımdan keçərli idi. O dövrdə özbaşına, bütsevər, dağınıq ərəbləri bir bayraq altında birləşdirsin, özünə tabe eləsin, birgəyaşayışın nizamını yaratsın. Bu bir siyasi tələbdir, siyasi gedişdir. Əslində göydə Allah ideyasını ortaya gətirmək, insanı ona tabe olmağa çağırmaq siyasi gedişdir, ruhani, mənəvi gediş deyil. Günahkarlıq ideyasını ortaya gətirəndən sonra bütün toplumu günahkar elan edirlər, ancaq Musanı, İsanı, Məhəmmədi qutsal sayırlar. Onlar günahkarların arasında müqəddəsdirlər. “Günahkarlar”dan üstün sayılırsan, göstərilirsən ki, müqəddəs adlandırılasan. Sən insani kamillik yaratdığın üçün müqəddəs sayılmırsan axı. İnsani kamillik yaratmadın. İnsani kamilliyi Allaha tabe olmaqda gördülər. O dünyaya hazırlayırlar insanı. İnsanı kamilliyə çağırmaq – insanı o dünyaya hazırlamaqdır. Bu dünyadan əlini üzməkdir. İnsanın üzərində tarixən belə bir şey yaradıblar. Bütün bunların hamısı insanı istədikləri kimi yönətmək üçün idi. Guya birgəyaşayışın nizamını yaratdılar, anarxiya olmasın, özbaşınalıq olmasın, toplum bir-birinin ətini yeməsin, heyvan kimi dolanmasın deyə. Əslində isə insanı heyvan saxlayırlar. Necə ki, heyvanı meşədən tutub əhilləşdirirsən, qəfəsə salırsan, qabağına yem atıb yönətirsən, insanın da şüurunu, mənliyini qəfəsə salırsan, əsarətə götürüb yönətirsən. İnsanı heyvandan yüksəyə qalxmağa qoymamaqdır bu. Buna qarşı ayrı-ayrı səsini çıxardanlar olub, dava açanlar olub. Bu günlərdə mən Nitsşenin “Antixrist” əsərini oxumuşam. Nitsşe xristianlığa qarşı çıxır. Deyir, xristianlıq Tanrının mənasını dəyişdi (Tanrı anlamını təhrif elədi). Bunu mən də yazmışam, Nitşeni oxumamışdan qabaq, Allah anlamını dinlər, peyğəmbərlər dəyişdiriblər. Asif Ata isə Allah anlamını dirildir, doğruldur. Bəs Allah Nitsşe üçün nədir?! – İaqovadır. Yəhudilərin başını bir yerə yığan, onları gücləndirən, güclü edən, yəni Nitsşeyə görə, insanın gücü kimi çıxış edən İaqovadır. Öncə Allah İaqova kimi (Yəhudilərin Allahı kimi) özünü göstərirdi, yəhudilərə göstəriş verirdi, güclü ol deyirdi, get as-kəs, öldür, özünü təsdiq elə deyirdi. İsa gəldi, başqa bir (mərhəmət edən) Allah obrazı yaratdı. Ona görə Nitsşe xristianlığı ifşa edir, inkar edir. Biz də dinləri danırıq. Ancaq kimsə durub deyə bilməz, Nitsşe bizim dediyimizi deyir, biz də Nitsşenin dediyini deyirik. Biz ayrı şeylər deyirik. Nitsşe güclü insan axtarır, biz insanı mənəvi, ruhani qanunlarla yaşamağa çağırırıq. Din deyir, insan Allaha qul olmalıdır, bu da deyir güclü olmalıdır. Əslində nə xristianlıqda, nə də Nitsşedə insan özü olmur, ayrı şey olur. İnsanı hər şey edirlər, insandan başqa. İnsan öz mahiyyətinə bərabər yaşamalıdır. Sən isə onu güclü edib heyvana bənzədirsən. Bəlkə insandan pələng, şir düzəldəsən. Ya da bəlkə bir dovşan düzəldəsən, qul bəndə kimi. İnsandan hər şey düzəldirsən, insan düzəltmirsən.

Dini bayramlar nə üçün yarandı?! Ondan ötrü yarandı, insana Allahın, onun elçisinin xoşbəxtliyini bayram elətdirsinlər. Mənə nə dəxli var, Allahın, elçisinin xoşbəxtliyinin?! Oruc, Qurban hamısı Allahın xoşbəxtliyinin, Allahın böyüklüyünün bayram olunmasıdır, Allahın hər şey olmasının bayram olunmasıdır. Bunun insana dəxli yoxdur. Asif Ata deyir, insan özündə Mütləq gəzdirir, o mənaca, mahiyyətcə ortamdan, zamandan üstündür. Onun Mənası, Mahiyyəti kamildir, öz kamil mahiyyətinə qovuşmalıdır, ona can atmalıdır, onu təsdiq etməlidir. Onu təsdiq etdiyi halda bunu bayram etməlidir. Təsdiqini, yetdiyini, kamilliyini bayram eləməlidir. İnsani kamilliyini bayram etməlidir, sevinməlidir. Biz İnsaniliyi, insanın yetməli olduğunu, insanın mahiyyətiylə bir olduğunu bayram edirik. Biz insana  deyirik, sən öz ağgünlüyünü qur, buna yetərsənsə, onda sən özünü insan kimi apararsan. Onda sən birgəyaşayışın nizamını taparsan, onu qoruyarsan. İnsana içsəl azadlığını vermək gərəkdir, insana mənəviyyat vermək gərəkdir, insana insan olmaq həqiqətini öyrətmək gərəkdir. İnsana insani kimlik həqiqətlərini öyrətmək gərəkdir.

Nitsşe əxlaqa qarşı çıxır, deyir, Tanrının anlamı təhrif olunub. Bəs təhrif olunmayan nədir?! Biri var, Nitsşe din kahinlərinin əxlaqsızlığına qarşı döyüşə, onların mənəviyyatsızlığına qarşı çıxa, biri də var, əxlaqın, mənəviyyatın özü ilə döyüşə. Deyir, mənəviyyat insanın güclü olmasına mane olur. Yaxşı, deyirsən insan güclü olmalıdır, bəs bu güclülüyü əldə etmək üçün insan hansı addımı atmalıdır, güclülüyə necə yetməlidir, güclü olmağın yolu nədir, kiminlə, nə ilə mübarizə aparsın, güclü olsun?! Bir-birinin ətini yeyib güclü olacaq, zəifin üzərində güclü olacaq. Ona görə bütün doktrinalar, bütün baxışlar insanı yönətmək üçün ideya verirlər, insanı azad eləmək üçün yox. İnsana azadlıq ver, ölçü ver, qoy o özü-özünü yönəltsin. Bütün məsələ budur. Dünyada olanlardan fərqli olaraq, biz Asif Atanın ortaya gətirdiyi bir ideyanı – İnsanilik adlı ideyanı bayram edirik. Görürsünüzmü, Atanın dediyinin nə qədər böyük üstünlüyü var. Biz bunu bayram eləməkdə haqlıyıq, doğruyuq. Baxın, bir araya gəlirik, pandemiya qadağalarından da qaçırıq, internet üzərindən bir araya gəlirik, bu həqiqətləri demək üçün, bu həqiqətləri ömrümüzə gətirmək üçün, fərəhimizi bildirmək üçün, bu həqiqətləri bayram eləmək üçün. Ona görə deyirəm, bizim verdiyimiz ölçü başqalarının verdiyi ölçü ilə eyni deyil. Ata kiminsə dediyini deyir deyə bir şey yoxdur ortada. Üzdə olanlarla tutuşdurmaq olmaz. Yenə misal çəkirəm, Nitsşe də deyir Tanrının təhrif olunmağını, biz də. Ancaq bizim hədəfimiz nədir, onun hədəfi nə?! O deyir, İsa yəhudilərin güclü Allahının obrazını dəyişdi, mərhəmətli Allah yaratdı. Biz də deyirik, sənin Allahın insanın üzərində oyun oynayır, insana qarşı əyləncə yaradır. Ona görə Atanın “İnsanlaşın, İnsanlaşdırın” çağırışının mənası ucadır, böyükdür. Ona yetmək, onunla qürur duymaq, öyünmək gərəkdir. Baş ucalığıdır. Həqiqətləri başı uca olanlar görər, ucabaşlılar görər. Həqiqəti zavallılar, miskinlər görməz. İnsana kamillik vəd edirsən, ancaq miskinləşdirirsən. İnsana azadlıq vəd edirsən, əsarətə salırsan. Çünkü azadlığın ölçüsünü düzgün vermirlər, çünkü azadlıq-insan bağlılığını dərk eləmir, bu bağlılığı doğru bəlirləmirlər. Bu bağlılığı qırıb insanı özündən ayırırlar.

Belə bir məzmunun bayram olunduğu gün, doğrudan da, qutsal gündür. Bu gün tarixdə Babəkin sümük-sümük doğrandığı gündür. Babəkin öldürüldüyü gündə biz İnsanlıq harayı çəkirik. Bu gözəldir, qutsaldır. Xalqa insanlığın həqiqətlərindən soraq veririk. Bu əslində Babəki diriltməkdir. Bu Babəki xalqın şüuruna qaytarmaqdır. Babək azadlıq carçısı idi, azadlıq həqiqətçisi idi. Bununla belə, biz bu günü Babəklə bağlı keçirmirik, “İnsanilik” Bayramını keçiririk.

Belə bir qutsal gündə, belə bir mərasimdə sizin hər birinizi qutlayıram, uğurlar, başarılar diləyirəm. Ocaqda olduğunuz üçün, Ocaqla olduğunuz üçün başınız uca olsun. Xoşbəxt olun, bunu dərk edin, hər gün də özünüzə deyin.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun! Bayrağımızı öpürəm.

Günev Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): Hər birinizin “İnsanilik” Bayramını qutlayıram. Tədbirimizin adı “İnsanilik” olduğundan bütün söhbətlərimiz İnsanlıq yönündə, İnsanlığın yoluna əngəl olan səbəblər, ondan qurtuluş yolu yöndə olur. Mən də düşüncələrimi demək istəyirəm. Həmişə vurğulamışıq, bütün pisliklər insani əsarətdən yaranır, insanın qeyri-kamilliyindən yaranır.  İnsanın özünə yetməməsindən, özünü təsdiq etməməsindən, özünü kamil səviyyədə tapa biməməyindən törəyir.

Yaranmış bəşəri təlimlər nə qədər fərqlənsələr də, bəzilərində yaxşı cəhətlər olsa da, ancaq əsaslı çatışmazlıqlar olub. İnsanın iç səsi deyilən bir şeyi, insanın harayını boğublar. Allah-bəndə münasibəti yaranıb, ağa-nökər münasibəti yaranıb, qurduğu cəmiyyətdə özünü itirməsi yaranıb. Həmin təlimlər əslində bəlli zaman kəsiyində balaca nizam yaratsa da, böyük mənada  həmin nizamı pozmuşlar. Ona görə də insan tam mənası ilə özünü yenidən qurmalıdır. Bunu da irəli sürən Asif Atanın “Mütləqə İnam” fəlsəfəsidir. Bayaq dediyim kimi, Allah-bəndə münasibəti yarandı, insan özündən ayrıldı, daha dərin uçuruma düşdü. Dövlət qurdu, alətə çevrildi. Öz istəyinə uyğun həyat yarada bilmədi, çünkü özünü dərk edə bilmədi. İnsan Nisbidə təzahür edən Mütləqdir əslində. Bunu anlamalıdır insan. Özü üzərində qələbə çalmalı, Mütləq mənəviyyata, Mütləq İdraka, Mütləq İradəyə sahib olmalıdır. Özünü təsdiqlə sonuclanan böyük yolda hər kəsə uğurlar diləyirəm. Belə bir zamanda Asif Ata Yolu insanlığa işıq tutan bir qurtuluş yoludur. Bəşəriyyətə söz deyir. Çünkü bəşəriyyətin dərdini öz dərdinə çevirir. Atamız Var olsun!

 Göytəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.):  İnsanın özünü təsdiqi onun öz mənasına yetməsidir. Bunun üçün Asif Ata, insanın kamilləşməsi yolu kimi, “özüylədöyüş” ideyasını irəli sürüb. İnsan özü ilə bacarmayanda özündən yüksəyə qalxa bilmir. Belə olan halda həyatdakı eybəcərliklərlə barışır. Həyatda eybəcərliklərin yaşaması, insanın bu eybəcərlikləri içindən qırağa qoya bilməməsinə görədir. Öz içində yüksəlməyən insanın həyata nələrsə verməsi mümkün olmur.

Bu günlərdə Frans Kafkanın “Çevrilmə” əsərini oxudum. Əsərin əsas qonusu – hər gün işləyən, ailəsinin borclarını, gündəlik məişət qayğılarını ödəmək üçün fədakarlıq göstərən bir gəncin – Qreqorun həşərata çevrilməsidir. Kafka qəhrəmanını həşərata çevirsə də, onun, olanları qıraqdan izləmək bacarığını saxlayır. Yəni “həşərat adam” heç nəyə qarışa bilməsə də, ona olan münasibətləri izləyə bilir. Atası, anası ona oğulları olaraq yanaşa bilmirlər, ona qarşı qorxunc – heyvana, həşərata qarşı necə yanaşmaq gərəkdirsə, elə bir münasibət sərgiləyirlər. Bu, onu çox incidir.

Həşərata çevrilməsindən öncəki həyatına baxanda aydın olur ki, gəncin yaşamı əslində heyvan səviyyəsində yaşamdan çox da fərqlənməyib. Özünün, ailəsinin mövcudluğunu sürdürməsi üçün mübarizə aparır. Ailəsi də ona daha çox məişət təminatçısı kimi baxıbdır. Nə yazıqlar, yaşamın çətinliyi insanı elə bir duruma gətirir, bütün düşüncə mövcudolmaya yönəlir, başqa heç nə düşünə bilmir. İnsanın insana münasibəti də sıradan çıxır. Ən yüksək İnsani duyğular, insanlararası sevgi, doğmalıq halları, demək olar, yaşanmır. Bütün bunların yerini qazanc-gəlir, məişət qayğıları tutur. İnsan bu həyatda nə üçün var olduğunu, niyə yaşadığını belə düşünə bilmir. Bu əsərdə də, ailəni, bir övladın taleyinin faciəyə dönüşməsi deyil,  borclarını ödəyə bilməmək qayğısı rahatsız edir. Hətta onun həşərata çevrilməsini ailəyə dönüklük kimi qiymətləndirirlər. Ən etkili hal, onun, otağında tənha olaraq qalıb unudulması, öz gərəksizliyinin acıları ilə ölməsidir. Yaxınlarının isə, belə bir varlığı görməyiblərmiş  kimi, yaşamlarını sürdürməsidir.

İnsan öz ömrünün dəyərini anlamadan, özünü tanımadan yaşayır. Həyat insanın ömrünü alır, əvəzində ona heç nə vermir. Çünkü insan özü həyata həyatdan artıq bir şeylər verə bilmir, başqa sözlə, insanca yaşamını qura bilmir. Öz içində həqiqəti tapmayan ömrün dəyərini anlamadan yaşayır. Asif Atanın fəlsəfi baxışıyla desək, əslində mövcud olur, yaşamır. ” Həyat insanı yaratmır, İnsan həyatı yaradır” deyir Asif Ata. İnsan özünə bərabər yaşamalıdır ki, həyat onu həşərata çevirməsin, o, həyatı ideala yaxınlaşdırsın.

Atamız Var olsun!

Soylu Atalı: Sənin Kafkanın əsəri ilə bağlı dediyinə bir əlavə də edim, onu da diqqətində saxlayasan. Deyək, hər hansı bir ailəyə yemək gətirən, qazanc gətirən, ona qida gətirən birinin bu ya başqa səbəbdən dayanması, artıq heç bir işə yaramaması açısından həmin şəxs önəmini itirir deyirsən.  Ancaq başqa bir anlam da görmək olar. Heç kim həşəratı, heyvanlığı sevmir. Doğanın yaratdığı heyvana normal yanaşmaq olar. Ancaq adamın heyvan olmasına heç kim yaxşı baxmır. Deməli, onların oğlunun da həşərat ömrü yaşaması sevilmir, yaxşı qarşılanmır, qəbul olunmur. Deməli, heyvanlaşmaq yox, insanlaşmaq gərəkdir. Nə edirsən et, özün xarakterik olaraq heyvansansa, xarakterik olaraq həşəratsansa, sənin qazancın da heç bir iş görmür, heç bir insani önəm daşımır. Əsərdən bunu da götürmək olar.

Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.):
Bayramımız qutlu olsun!
Dünya hər zaman öz qaydaları, qanunları ilə yaşayır. İnsanlar da bu qanunlara uyur. Yalnız təklər dünyada öz dünyalarını yaradır – Mütləqə, İnsanlığa yetməklə.
Nə zaman, nə ortam, nə həyat qanunlarına sığmayan ömür yaratdılar. Bir ömrün yaranması millətin ömrünün, sabahının yönünü dəyişir, dəyişmək gücündə olur. Babək ömrünü fəda etdi, ancaq yüzillərdir bizə döyüşkənliyi, qorxmazlığı, dəyişməzliyi, əqidəçiliyi ilə hələ də öyrədir. Ömrünü elə qurdu ki, ömrünə də sığmır, yüzillərə də.
Nəimimiz-Nəsimimiz – heç nəyə sığmayan, heç bir qanuna uymayan ömürləri ilə hələ də öyrədirlər. Eləcə də başqa dəyərlərimiz. Budur təsdiq. Budur ölümdən sonra yaşamaq, öyrətmək. Bu cür ömürlər təsdiq edir ki, dünya, həyat insana nə verirsə azdır. İnsan özümlüyünü yaratdıqca, Mütləqə yetdikcə daha çox şey verir həyata, dünyaya. Bununla da həyatı, dünyanı dəyişir. Nə zaman həyatla barışırsan, özünlə də barışırsan, ya tərsinə. Özünlə barışmayanda həyatla da barışmırsan. Özünü dəyişdirəndə həyatı da dəyişdirməyə gücünün yetəcəyinə inanırsan.
Tək-tək insanlar xalq ruhunu yaradır. Yüzildən yüzilə ömür ömürə calanır, yollar yollara calanır. Bu gündən dünənə, dünəndən bu günə işıq axır, ümid, arzu axır.
“Amaldan başqa heç nəyim yoxdur” deyənlər yaradır milləti. “Millətin bugünündən böyük dərdim yoxdur” deyənlər yaradır milləti.
Millətin ölməzliyi qəhrəmanların, dahilərin ölməzliyidir. Ona görə ciddi ömürlər yaranmalıdır.
Atadan öncəkilər nə yaratdılarsa, verdilər bu xalqa. Atadan sonra onun davamçıları – bizlər yaratmalıyıq.
Atamız Var olsun!

Soylu Atalı: Hər zaman vurğu elədiyimiz məsələ, İnsanlığın eləcə də Xəlqiliyin, Bəşəriliyin anlamını dərk etməyə çalışmağımız, dərk etdirməyə çalışmağımız, onun sorağını verməyimiz, onun harayını çəkməyimiz – gerçəkdən bir nizam yaradır. Bizim varlığımızda, birliyimizdə bir nizam yaradır. Bu nizam da iş görür. Bunu mən internet üzərindən bağlantılarıma görə deyirəm. İnsanlar bizi izləyirlər. Bəlkə də düşünürlər, hara qədərsə biz də bu inamla gedib hardasa dayanacağıq. Ancaq bizim dayanmadığımızı görürlər, bunların bəzilərinin ağlına bizim dayanmamağımız, vurğu elədiyimiz, davamlı şəkildə dediyimiz çatır. Gerçəkdən də söhbət damcı-qaya məsələsinə gəlib çıxır. Gerçəkdən də insanlar qıraqdan gördükcə, izlədikcə heyrət içinə düşürlər. Onlarda maraq daha da genişlənir, daha da böyüyür. Bizə sayğı da artır. Mən bunu münasibətlərdə, danışıqlarda görürəm. Doğrudan da, Asif Atanın davamında az sayda insanların eyni sözü, eyni məsələni davamlı şəkildə vurğu etmələri, gəlişdirməyə çalışmaları, çabalar göstərmələri heyrət doğuracaq bir şeylərdir. Bu, həvəs deyil. Doğrudan da yaşamdır, yaşama çevrilməkdir. Ona görə bizim hər bir işimizin öz içimizdə uğuru artdıqca, təsdiq olunduqca onun etkisi qırağa da dalğa-dalğa ötürülməyə başlayır. Bu Ocağın uğurudur. Ocağın bu uğurlarını sevmək, qorumaq, yaşatmaq gərəkdir. Bu bizim bugünkü bayram tədbirimizin də, bundan öncəki mərasimimizin də, bundan sonra keçirəcəyimiz tədbirlərimizin də əsas qayəsini əmələ gətirir. Usanmazlıq qayəsi birinci şərtdir. Çünkü usanmazlığın əsasında inam dayanır. İnamın da arxasında anlam dayanır, anlamaq dayanır, idrak dayanır. Çünkü elə-belə inam olmur. Həvəskar inam bir yerdə dayana bilər, gücdən düşə bilər. Bizim içimizin, şəxsimizin gücünün azalmaması, mənəviyyatca, idrakca, inamca yenilənməyimiz, öz işimizin uğurlarına inanmağımız, onu gəlişdirməyimiz – Ocaq adlı bir həqiqəti gələcəyə daşıyır. Başlıca olaraq, qədimliyə sevgi, gələcəyə ümid yaradır. Biz özümüz keçmişimizi anladıqca, dərk elədikcə, gələcəyə ümidlə baxdıqca bizim halımız, varlığımız qıraqda da bəlli bir etkiyə çevrilir. Bunu unutmamaq gərəkdir. Buna dayanmaq gərəkdir.

İnamlı Atalı (Ataya səcdə edib Bayrağı öpür – G.A.): İlk növbədə bacı-qardaşlarımı bu günkü “İnsanilik” Bayramı münasibətilə qutlayıram. Can sağlığı, böyük uğurlar arzulayıram. İnsanlıq yolunda olan uğur heç bir uğurla ölçüyəgəlməz dərəcədə böyük, yüksəkdir, qüdrətlidir. Ata “Bəşərin nicatı İnsanlaşmaqdadır. İnsanlaşın, İnsanlaşdırın!” çağırışı ilə səslənir. Azərbaycan çapında düşünəndə biz görürük, dış düşmənlərimiz fürsət gözləyir, millətimizi tapdalasınılar. Belə bir ağır zamanda dünyaya, özəllikcə Azərbaycan xalqına Ata yolu – İnam yolu çox gərəklidir. Bayaq Günev qardaşımla biraz danışdım. Bundan öncə də düşündüm, insan niyə içsəl imkanlarından xəbər tutmadan dünyadan gedir. İnsan ən çox yalana, harama tapınır. Yalan da gedir harama dirənir. Yəni gödənçilik, sosial çıxarlar daha da mənasızlığa aparıb çıxarır, gözü doymamazlığa gətirib çıxarır. Düşündüm, bunu yazı formasında necə yazmaq olar, belə bir məsələni: insan komaya düşəndə onun həyatı gözləri önündən keçir. Görür, çox mənasız, ləyaqətsiz bir həyat yaşayıb. Öz yaşadığı həyatdan xəcalət çəkir. Öz-özünə deyir, sənin bu durumun vicdanının susmasından, itməsindən yaranıb. Əlinə bir çomaq alır, düşür yol qırağına, vicdanım harda yatıbsa, mən onu tapacam deyir. Vicdanını kolun dibində yatmış tapır, başlayır onu döyəcləməyə. Vicdan yarıyuxulu deyir, məni oyatma. Oyatsan, bu, sənin komadan ayılmağına səbəb olacaq. Belə bir şey istəyirəm yazam. Vicdan oyanandan sonra insan həyatına nifrətlə yanaşır. Yeni bir həyat, yeni yaşam tərzi insana sanki yenidən verilir. Vicdanla yaşayanda da zülümlərlə qarşılaşır, böyük təhdidlərlə, əcaib olaylarla üzləşir. Vicdanla yaşamaq ona əzablar bahasına başa gəlir. Ancaq içsəl dünyasında özünü qınamır, bütün duyğularına baxır, vicdanlı yaşamaq ona daha rahat, daha uyğun gəlir. Asif Atanın ən başlıca şərtlərindən biri vicdanlı yaşamaqdır. İnsanlara vicdanlı yaşamaq arzu edirəm.

Atamız Var olsun!

Soylu Atalı: Var ol, qardaş. Uğurlar diləyirəm. Qələmin iti, kəsərli olsun. Ancaq istəyirəm bir-iki düşüncə artıram. Yazını işləyəndə, söz yox, bunları gözə alacaqsan. Əslində vicdan, Asif Atanın ortaya gətirdiyi düşüncəyə görə, mənəviyyatın cəhətlərindən biridir. Deməli, vicdanlı yaşamaq üçün insanın inamı doğrulmalıdır. Başlıca məsələ, insanın yıxıldığı nöqtə İnam məsələsidir. İnsan həqiqətə deyil, həqiqətsizliyə inandığı üçün, yalanlara tapındığı üçün onun vicdanı yuxuya dalır. Yəni vicdan inamsızlıqdan yuxuya dalır. Ona görə də öncə insanın inamını doğrultması gərək, sonra vicdan əsasında özünə hakim olmaq, öz növündən olanlara da elə bir mənəviyyatla, elə bir ləyaqətlə yanaşmalıdır.

Yazmaq ideyası doğru ideyadır. Ocaqçı üçün bir savaş yönüdür həm də. Çünkü bizim ən böyük yarağımız sözdür, qələmdir, ideyadır. Onu gerçəkləşdirmək gərəkdir. Yazıları saytlarımızda yayımlayaq, sonra kitablarımızda ortaya gəlsin. Bunların hamısı təkcə bu gün üçün deyil, həm də sabah üçün hesablanmış bir şeylərdir. Gələcəyə də bir soraqdır. Belə addımları Ocaq üçün uğurlu sayıram. Göytəkinin də bayaqkı qeydləri uğurludur, dediyim məsələni də artırsın, saytlarda verək.

Başqa sözünüz yoxdursa, bayram mərasimimizi sonlandırmazdan öncə bir neçə cümlə deyim.

Bu gün istər Azərbaycan toplumunda, istərsə də dünya çapında izləyəniniz izləyir, görəniniz görür, çoxsaylı çabalar var. Ortaya ideya gətirmək istəyənlər var. Özü də özəl bir inamla. Təsəvvür edin, dünya çapında o qədər həlməşik bir gediş var, sanki yağış yağıb, sel gəlib hər yerdə göbələklər ortaya çıxmağa başlayıb. Bizim səsimiz, sorağımız çox da geniş yayılmır. Maddi-fiziki olanağımız bunun genişlənməsi üçün yetərsizdir. Məsələn, məndən saytın reklamını istəyirlər, mən eləyə bilmirəm. Bundan başqa bölgələrə, ayrı-ayrı yerlərə, lap başqa ölkələrə səfərlər etməyimiz, ünsiyyətlər qurmağımız hamısı maddi-fiziki olanaqlara bağlı şeylərdir. Bununla belə, gücümüzü toparlayıb xeyli iş görürük. Çox deyil, az iş də görmürük. Ancaq dünyada maddi-fiziki olanaqları çox olanlar var, onlar daha çox meydana girirlər, daha çox görünürlər. Bir həşir yaranır. Çünkü maddi-fiziki olanaqlarla ortaya gələn ideyaların, ya insanların deyək, hərəkətlərin, qurumların çoxu içdən çox yoxsuldurlar. Gözə tutulacaq ideyaları yoxdur. Məsələn, mən izləyirəm ideya yoxdur, insanların şüuru dərin deyil, düşüncəsi mətin deyil, ağılları geniş deyil, işləmir. Ancaq meydandadırlar. İnanın, sizə səmimi deyirəm, onların hamısı bizim kimi dərin ideya daşıyıcıları deyil. “Mütləqə İnam” kimi dərin ideya obrazlı desək, bir üfürümlə onların hamısını meydandan qırağa tullayar. Ancaq dediyim kimi, bizim maddi-fiziki olanaqlarımız o deyil. Bizim içsəl zənginliyimiz, ideya zənginliyimiz var. Hər birinə yerini göstərmək, sən insanla oyun oynayırsan, ləyaqətlə oyun oynayırsan, sən meydana girməli deyilsən. Meydanda Asif Atanın yaratdığı baxış oturmalıdır. Çünkü insana gərək olan budur, insana doğru olanı deyən budur. İnsana həqiqətləri öyrədən budur, insana ölçünü verən budur. Asif Atanın gücünü küçümsəyən adam Asif Atadan uzağa düşür, hər şeyi itirir. Onlara yeri gələndə ərk edib doğmacasına, dostcasına demək gərəkdir. Sadə insanlar bunu bilmirlər, dərk eləmirlər. Az-çox anlayanların da, düşünənlərin də qapıları bağlıdır.

Ancaq bilmək gərək, Asif Atanı ideya baxımından qırağa itələmək istəyən, gücünü küçümsəyən uduzar. Bunu Ocaq olaraq dərk eləməyimiz, öyrənməyimiz, bunun dərinliklərinə getməyimiz gərəkdir…

“Bayram üstə Mütləqlə Təmas”ı Günev Atalı deyir.

Soylu Atalı Ata hökmünü çatdırır: “İnsanlaşın, İnsanlaşdırın!”

Hamı: “İnsana and olsun İnsanlığa qulluq edəcəyəm” deyir.

“Ata Ruhunu Ürəyimdə aparıram!”, “Atamız Var olsun!” səcdəsilə Bayram sona yetir.

Üzü yazıldı: Günəş Ayı, 43-cü il. Göyçay.
(mart, 2021).

 

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir