Ocaq Günsırası ilə 15 Günəş Ayı, 44-cü ildə (mart, 2022) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “İnsanilik” Bayramını gerçəkləşdirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “İnsanilik” Bayramını gerçəkləşdirir. Bayramın mərasim hissəsi var, bədii hissəsi var. Mərasim hissə İnsanilik üstə söz söyləməkdən oluşur. Öncəki bayram törənlərimizdə də vurğuladığımız kimi, bəşər İnsanlıq adlı həqiqəti, bu çağa qədər, bayram etməyib, nə də onu yaşam ölçüsünə çevirməyib. Ona görə bu bayramı keçirmək bizim üçün böyük fərəh qaynağıdır. İnsanilik – insanın heyvandan ayrılması üçün böyük bir sınırdır. Bəşər övladı doğulub dünyaya gələndən sonra bu sınırı keçmir, keçmək gərəkdiyi halda. Keçməsi üçün ciddi qapı da açılmır. Ona görə bəşəriyyət doğuluşa uyğun yaşayır, cismani, bioloji yaşayır. İnsan olaraq mahiyyətimizdə, əslində içimizdə İnsanlıqla-heyvanlıq arasında kəskin, ciddi bir sınır var. Asif Ata o sınırı insana tanıtmaq üçün, öyrətmək üçün Mütləqə İnam dünyagörüşünü yaradıb. Onun uğrunda ruhani döyüşə başlayıb. Bunun önəmini ciddi qəbul edirik,anlayırıq. Özümüz öz ömrümüzdə bu həqiqətləri işıqlandırmaqla, bu həqiqətləri var eləməyə çalışmaqla həm də bizdən qıraqda olan ortamlarda – dünyada, həyatda, xalqda Asif Atanın bu həqiqətlərini oluşdurmağa çalışırıq. Azərbaycanı qarış-qarış gəzib insanlığın həqiqətlərini anlatmağa çalışırıq. Bu bizim ruhani döyüş yönümüzdür, yolumuzdur. Həm də üslubumuzdur. Bəşəriyyətin bu həqiqətləri necə qarşılayacağından asılı olmayaraq, biz, addımı dala qoymuruq. İndiki çağda da çoxlu sayda işsiz olan var, ac olan var, ölümlə üz-üzə duran var. Biz də gedib onlara insanlığın həqiqətlərindən danışırıq. Onlar bundan çaşa bilər. Nə mənada çaşa bilər?! Onlar təəccüb edə bilər, acından ölənə bir tikə çörək yerinə İnsanlığın həqiqətlərindən danışırıq. Ancaq biz çaşa bilmərik, təəccüb edə bilmərik. Biz bundan ona görə çaşa bilmərik ki, ağzımız isti yerdə olub da bu həqiqətləri car çəkmirik. Bizim hər birimizin də özümüzə xas çətinliklərimiz olub, indi də var. Mən özümün çətinliklərimi heç bir vaxt toplumda görüntüləməyi doğru saymamışam. Günevin mübarizə çətinlikləri bir ayrı şeydir. Bir də yaşam çətinlikləri var, bunu hər birimiz yaşamışıq. Bunu da heç birimiz xalqda, toplumda dilə gətirməmişik. Gətirməyi də doğru saymırıq. Bir də vurğu edirəm, mən İnsanlığın qarşısında bu həqiqətləri, Atanın sözünü, həqiqətini deməkdən usanmamışam, çəkinməmişəm, çaşmamışam. Özüm ən ağır çətinliklər yaşamış bir adam olsam da. Mən ailə ilə 7 il kirayədə yaşamışam. Bu evi (indi yaşadığımız evi) iki dəfə tikmişəm. Bu evin kürsüsü yox idi, üstünü bağlamağa imkanım olmayıb. Tavanda istilik qatı olmadığı üçün, yatanda tavandan üstümüzə su tökülürdü. Döşəmə silənlə silirdim, az sonra yenə tökülürdü. Nəm olurdu hər yer. Mən o qazancı əldə edə bilməmişəm ki, birdən-birə özümə gözəl şərait quram. Mənim maaşım, aylığım həm evimin, həm də Ocağın yaşamasına bəs eləmirdi. O biri amaldaşlarım da işləmirdilər, Ocağa ciddi maddi kömək edə bilmirdilər. Hər kəsin öz qayğıları, öz sorunları vardı. Asif Atanın öldüyü gündən bu günə qədər hər şeyi dişlə-dırnaqla əldə eləmişik. Çörəyi də elə asan qazanmırıq. Ona görə biz utanmalı deyilik. İnsanlara həqiqəti danışanda düşünməli deyilik , ac olanlar var, biz də İnsanlıq həqiqətlərindən bəhs edirik. Ac olanları biz ac eləməmişik. Ac olanlara görə üzülürük. Ancaq ac olanlarla, başqaları ilə İnsanlıq həqiqətlərini danışmayanda onların aclığı ortadan qalxmır. Suç insanın özündədir də. Bu gün İnsanlığa üstdən aşağı münasibət bəsləyən, insanlığın gəlişməsinə əngəl olan biz deyilik. Toplumun özüdür, öz şüurudur. Dövlətidir, dövlətin başına gələnlərdir. Yerdə, göydə tikililər qururlar. Göylərdə öz sputniklərini qururlar. Doğanın yaratdıqlarının ortasına girirlər. Doğayla yarışa girirlər, özlərininkini düzəldib yaradırlar. Ancaq insan yerdə acından ölür. Bu sınırı keçmək gərəkdir. Yeri-göyü bəzəyib insanı ac qoymaq heyvandan ayrılmamağın görsənişidir. Yeri-göyü bəzəyirlər, insan ac qalır. Buna qarşı sənin şüurunu böyütməklə, ağlını böyütməklə mübarizə apara bilərəm. Durub çağıra bilmərəm, əlinə qılınc götür, gedək bunu edənlərin başını kəsək. Ona görə deyirəm, bu bir adamın, beş adamın yaratdığı sorun, sıradan çıxartdığı gediş deyil. Bu bütünlükdə bəşər övladının ağlının, şüurunun çökməsinin sonucudur. Fərq etməz, ya sən ol, ya da başqa dövlətin vətəndaşı olsun, insan acından ölür. Biz burada siyasi analizlər aparmırıq. Sənin dövlətin küçədə motor yüyürtdürür, yarışlar keçirir. Buna milyardlarla pul xərcləyir, sən acından ölürsən. Onlar motosiklet qaçırdır, sən acından ölürsən. Onlar zallarda insanları bir-birinə yumruqlatmaqla idman “mədəniyyəti” quraşdırırlar, yaşamda isə İnsanlıq çökür, çökdürülür. Onun üzərində vəhşi mədəniyyət yaradılır. Nəyimə gərəkdir, sənin mədəniyyətin?! Bu sorunların hamısının açarı İnsanlığın həqiqətlərini tanımaqdadır. Açar ordadır, başqa yerdə deyil ki, mən səni başqa yerə çağırım, gedib orda axtarış edəsən. Ona görə biz, doğru bildiyimizi həyata keçiririk, Asif Atanın tələblərini gerçəkləşdiririk. İnsanlaşın, İnsanlaşdırın! Bunu boşuna deməyib. Heyvandan ayrılın. Mənasız mədəniyyət yaradıcılığını, texnologiyalar yaratmağı mənim gözümə soxma. Nəyimə gərək sənin texnologiyaların, körpələr əyni-başı olmadan böyüyür, insanlar bir-birinin cibinə girir. Bunun hamısının səbəbi insanın özündədir. Onun şüurunun, mənəviyyatının, millətolma gedişinin aşağı olmasındadır, sıradan çıxmasındadır.
Biz də buna dirəniş göstərməyə çalışırıq. Bu xətdə dayanıb insanların düşünməsini sağlamağa çalışırıq ki, qurtuluş yaransın. Bundan da usanmırıq, yorulmuruq. Bizim çağırışımızın nə vaxt gerçəkləşəcəyindən asılı olmayaraq, qurtuluş insanın heyvandan ayrılmasındadır. İnsanın heyvandan ayrılması isə zorla, zorakılıqla, elmi inkişaf elətdirməklə yaranmır. İnsanların şüurunun, mənəviyyatının, baxışının dəyişməsində, yeniləşməsində, böyüməsində, insanlaşmasında yaranır, ortaya gəlir. Bu açıdan, bizim İnsanilik Bayramı keçirməyimiz olduqca ciddi, əsaslı bir məzmun daşıyır. İnsanlığın bütün bu deyilənlərdən qat-qat yüksəkdə durmasını görməyə, anlamağa çağırırıq. İnsanlığın mənasını göstərmək həqiqətini bayram edirik. İnsanlığın uca bir ölçü, uca bir gözəllik olduğunu anlatmağın mübarizəsini bayram edirik. Bu bayramı insanların şüuruna yeritməyə çalışırıq. Bayram da, törən də, başqa tədbirlər də hamısı insanın şüurunun oyanması, düşünməsi, mübarizə aparması üçündür. Öz növündən olanlarla anlaşması, doğmalaşması, bağlaşması üçündür. Hərə öz evinə, öz qapısının arxasına çəkilərsə, bu yöndə söhbətlər aparmazsa, düşüncələr ortaya gətirməzsə, bağlantılar qurmazsa elə bəsit şüurla yaşaya-yaşaya sınırdan aşağı, yəni heyvana doğru yuvarlanacaq. Biz o sınırları göstərmək çabaları göstəririk. Bütün işlərimizin, çağırışlarımızın məqsədi də budur, yönü də budur, ölçüsü də, nizamı da. Ona görə də bu həqiqəti deməyi özümüzə borc bilirik. Bunu İnsanlıq qarşısında ən böyük borcumuz sayırıq. Bu borcumuzu uğurlayıram, bu borcumuzu sunuram, onun qutlu olmasını diləyirəm. Sizin də Bayramınız, ömrünüz qutlu olsun, uğurlu olsun, gələcəkli olsun.
Bayrağımızı öpürəm. Atamız Var olsun!
Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A): Deyirik, toplumun keçirdiyi bayramların çoxu gərəksizlikdən başqa bir şey deyil. Niyə deyirik bunu?! Çünkü bu gərəklilik iki cəhətdən özünü göstərir. Birincisi, toplum nəyi, necə bayram edir?! Bu günlərdə keçirilən “8 Mart Qadınlar bayramı”nı deyək. Oğulları əlindən alınıb qəsdən törədilən qırğınlara verilən, sinəsinə dağlar çəkilən, müşküllərlə üz-üzə qalmış, nə ailədə, nə də toplumda düz əməlli yeri bilinməyən, dünyaya gəldiyinə peşman olan qadın nəyi, hansı gününü bayram kimi önə çəkir?! Bu təkcə Qadınlar gününə yox, bütün bayramlara aiddir. Bircə Novruzu, yeni ilin, yeni günün gəlişi ilə bağlı olduğu üçün, milli olduğu üçün istisna edirik. İkinci tərəfi odur ki, bu bayramlar necə keçirilir? Hədiyyə umacağı və süfrə ilə məhdudlaşan gedişatla. Əgər göstərilən müşkülləri törədən nədənlərin önə gətirilməsi, bu yöndə atılacaq addımların bəlirlənməsi bayram qonusu olsaydı, başa düşülən olardı. Bilirik, insanlar hansı durumdadır. Bu durumu yaradan məsələlərin əlacı önə gətirilsəydi, deyərdik, bu da bir bayramdır. Ancaq bu bayramların heç birində belə şeyləri görmürük. Bu səbəbdən Novruz istisna olmaqla, toplumun keçirdiyi bayramları inkar edirik. Dünyada baş verən çatışmazlıqların əsas səbəbi insanın qeyri-kamil olmasıdır. Bu gün İnsaniliyi bayram etməklə həmin ehtiyacın aradan qaldırılması yönündə düşüncələr bölüşürük. Kamillik insanın özünü təsdiqidir deyirik. Özünü təyin etməyən özünü təsdiq edə bilməz. Mənəvi, ruhani ölçülərlə vicdan nəzarətində yaşamaq özünü təsdiqdir. Burada ömrün dəyərə çevrilməsi yaranır, bu da milli insani yöndən oluşur. Gəldiyimiz sonuc, millət olaraq, bənzərsizliyimiz, ölümsüzlüyümüzdür ki, bunu bayram olaraq önə çəkir, fərəhimizi bölüşürük.
Ümumi mənada götürsək, doğru yolu, yönü olmayan bəşəriyyətin “İnsanilik” Bayramını qutlayıram. Qoy bəşər gözünü açsın, görsün, həqiqət yolunu bilsin. Asif Atanın Mütləqə İnam Yolu ilə yolsuzluqdan qurtulsun.
İnsanlığın böyük yol olduğunu bəşəriyyət görəcək, bayram edəcək. Ömrə necə xoşbəxtlik gəldiyini, üzə necə sevinc nişanələri qonduğunu, doğmalıq əhvalının fərəhini biləcək. Onda bəşəriyyət üçün arzuladığımız İnsanilik bayramı həyata keçəcək.
Atamız Var olsun!
Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A): Ocaqla yaşadığım daha bir il ömrümə yazılmış oldu. Bu biri il mənim üçün nə demək oldu?! Həmişə geridə qalan illərə boylananda bir il necə də tez keçdi deyərdim. Ancaq Ocağa bağlı olduğum il elə keçdi ki, bir ildə yaşananlara baxanda, bu bir ilə necə mənalı günlər yazıldı deyirəm.
Bu bir ildə sevincli, fərəhli, Amala doğma, amaldaşa sevgi dolu, heyrətli, həvəsli, eşqli bəzən gərgin, kədərli, həsrət dolu günlər bir-birini əvəz etdi.
Ocaqla yaşadığım bir ildə heyrətli hallarım çox olub. Atanı öyrəndikcə, amaldaşlarımla doğmalaşdıqca, özümlə bağlı nələrəsə yetdikcə sevincdən daha yüksək bir hal yaşamışam. Sözlə izah olunması çətin olan duyğular bircə sözə sığıb – “Heyrət” sözünə. Ocaqda məni heyrətə qovuşduran yollar sonsuzdur. Ən əsası məni addım-addım böyüdən dahiliyə heyrət edirəm.
Ocaqla yaşamaq ümidə qovuşdurdu məni. Bu günə baxıb heç bir fərqli dəyişiklik görməmək sabaha ümidsizlik yaradırdı məndə. Ocaq ümidimə çevrildi.
Üzüntülü hallar da olur. Həyatın qarşıya çıxardığı qaçılmaz qayğılar var. Ancaq bunlarla rastlaşanda bədbinliyə yuvarlanmadım. Ocağın sayəsində daim işığa doğru addımlayan kimi hiss etdim özümü. Bu yolda qarşıya çıxan hər hansı bir maneəni aşmaq da fərəh gətirdi mənə.
Gözəl əhvalda olanda belə, nəsə bir yarımçıqlıq, boşluq hiss edərdim. Çatışmayan nədirsə, onu tapmaq üçün çırpınardım. O boşluğu Ocağa bağlılığım, Ocağa vurğunluğum, Ocaq əməllərimin fərəhi doldurdu. Tamlıq, bütövlük, sonsuzluq, əbədilik anlayışlarını Ocaqda öyrənirəm.
Ocaqda olduğum bu bir ildə içi-dışı bir olmağı yaşamaq öyrəndim. Ancaq bəzən cəsarətsizliyim, susqunluğum, bəzən özümə inamsızlığım, lap başlanğıcda olan tərəddüdüm məni fərəh dünyasından uzaqlaşdıran maneəyə çevrilirdi. Xoşbəxtliyi ömür yoluna çevirmək irəli addım atmaqdan başlayır. Ocaq mənə bunu öyrətdi.
İçimdə azad bir dünya yaratmağı öyrətdi mənə Ocaq. Hər dəfə üz tutduğumda məni nikbinliyə qovuşduran bir dünya.
Ocağa bağlılığım möhkəmləndikcə özümü tanımağa başladım. Özümü tanıdıqca insanın sonsuz bir dərya olduğuna heyrət edirəm. Bitdi dediyim yerdə yeni başlanğıclar başladığını görürəm. Özümü tanıya bildiyim dərəcədə insana, həyata, olaylara münasibətim dəyişir. Hər dəfə bir-birindən fərqli uca duyğular bəxş edir Ocaq mənə. Heyrətim, Sevgim, Həsrətim hər günümdə bir fərqlilik yaradır. Bütün bunlar mənim içimdə bir həqiqəti aşkarlayır – İnsan doğrudan da, möcüzə bir varlıqdır.
Ocaqla yaşanan bir ili tam olaraq sözə sığdırmaq çətindir. Ancaq 43-cü ilimizə başlayanda özümə söz vermişdim ki, ömrümdə olan mənfi halları aradan qaldırım. Bəzilərini tam olaraq, bəzilərini qismən aradan qaldırmağa nail oldum. Ancaq 43-cü il mənim üçün sadəcə bundan ibarət olmadı. Hər günümdə heyrət, fərəh yaşadım. Bununla belə, dünənki yaşananlarla bu günkü yaşananlar heç vaxt eyni olmadı. Davamlı yaşantılarda həmişə bir fərqlilik, bir özəllik duydum. O fərqliliyin hesabına mənim sabahım bir möcüzə kimi göründü mənə. Hər günün başlanğıcında bu gün hansı duyğuları yaşayacam, nələr öyrənəcəm, nələrə yetəcəm deyə düşündüm. Yaşadığım hər günüm Ocağa bağlı olduğum, Ocağı düşündüyüm qədər, oxuyub öyrənə bildiyim qədər mənalandı. Ona görə deyirəm, hər günümdə yaşanan o fərqliliyi sözlə ifadə edə bilmirəm. Ancaq Ocaqda yaşadığım bir il haqqında soruşsalar, mən, bu bir ildə doğrudan da Yaşadım deyərdim.
Atamız Var olsun!
Soylu Atalı: Bu, özünlə bağlı hesabat xarakterli çıxışdır. Ancaq bunu Bayramın qonusuna yad saymırıq. Çünkü Bayram “İnsanilik” Bayramıdır. Söhbət insandan gedir, özünü dəyişməsindən gedir. Bu “Ailə Günü”nün qonusuna, məzmununa uyğun bir çıxış olsa da, Bayramın məzmununa yad deyil. Nəinki yad deyil, hətta çox doğmadır.
Bayaq mən vurğuladım, yerdə, göydə bəzək işləri aparılır. Bununla insanı xoşbəxt eləmirlər, insan ac qalır. Nəinki başqa insanları xoşbəxt eləmirlər, hətta ortam yaratdıqları adamları da xoşbəxt eləmirlər. Çoxlu pul qazanıb kefdə, əyləncədə bulunanlar belə, xoşbəxt deyil. Burada məsələnin olduqca önəmli bir çaları var. Mən onu sizinlə bölüşmək istəyirəm.
Ocağın gördüyü işlərin yayılmasının sonucu olaraq, bizi xalqın içindən bir gənc gəlib tapdı. İndi o gəncin adı Biləndir. Bizim dediyimiz həqiqətlərə inandı, onu doğru saydı. Ona görə də o, özündə cəsarət tapıb bu çağırışı, bu sözü öz ailəsində gerçəkləşdirdi. Öz qadınını bu işə qoşdu. Onların ortamında bu nə qədər çətin olsa da, cəsarət göstərib belə bir addım atdı. Bu addım nə demək oldu?! Belə götürəndə Bilənin normal işi var, ailəsi ac-susuz qalmır. Ancaq dəhşətli bir mənəvi boşluq vardı. Bu mənəvi boşluq ən çox onun həyatında özünü göstərirdi. Özünün dediyi kimi, böyük sarsıntılar içərisində yaşayırdı. Çöküş halı yaşayırdı, depressiya yaşayırdı. Axı adama deyərlər, çörəyin var, yeməyin, işin var, bəs niyə bu halları yaşayırsan?! Çünkü mənəvi boşluq var. Bəşəriyyəti uçuruma dirəyən mənəvi boşluq var ki, insan o boşluqda dayanıb nə qədər qazansa, nə qədər yeyib-içsə də özünü tapa bilmir, xoşbəxt edə bilmir.
Eləcə də Göytəkin, özünün bir çox uğurlarından danışır, Ocağı tapmaq sevincindən, fərəhindən danışır, özünün axtarış sevinclərindən danışır. Özündəki bir çox gəlişmələrin sevincindən danışır. Göytəkin Ocağı tapıncaya qədər İslam dininə bağlı idi. Evində də çörəyi, suyu var idi, ac deyildi. Ancaq mənəvi boşluq vardı, özünü tapmırdı, özünü qura bilmirdi, dirçələ bilmirdi. Yəni qıraqdan verilən, qıraqdan əldə olunan – insanın iç dünyasını əvəz eləmir, iç dünyasını qurmur. Bir evin içində adamın hər cür şəraitini yaradırsan, yeməyini, içməyini verirsən, ona evlad verirsən, bir sözlə,hər şey verirsən, ancaq onu xoşbəxt edə bilmirsən. Dövlət də, bu boyda quruculuq eləməyinə baxmayaraq, insanı xoşbəxt edə bilmir. Bütün məsələ ondadır ki, insan özünün insan olduğunu anlayandan sonra, özünün insan olduğunu yaşayayandan sonra xoşbəxtliyin nə demək olduğunu anlamağa başlayır. O anlyandan sonra öz xoşbəxtliyinin qiymətini bilməyə çalışır, öz xoşbəxtliyinin işığını artırıb hər kəsə sunmağa çalışır. Bizim Ocağımızın da istəyi odur. Ocaq öz içinə çağırdığı, öz sırasına çağırdığı insanlara yol göstərir, xoşbəxtliyi tanıdır, həqiqəti tanıdır, insanlığın gözəlliyini tanıdır. Bunu tanı, dərk elə, bununla yaşa, sonra da bunun uğrunda mübarizə apar. Biz, insanları avantüraya çağırmırıq, mitinqə çağıtmırıq ki, “gəl mənim üçün həşir sal. O həşirinə görə cəzalansan da, tutuqlansan da bunu özünün xoşbəxtliyin say. Çünkü sən cəsarət göstərirsən”. Biz, insanları belə şeylərə çağımırıq, çağırırıq ki, gəl, yaşa, sonra yaşat. Biz bunun uğrunda ruhani mübarizə aparırıq. Göytəkinin də çıxışının məğzi elə Asif Atanın bu həqiqətlərinə yetməkdir, bu həqiqətləri ifadə etməkdir. Hər dəfə bunu deyirik, bayramımızın biçimi bayrama oxşamasa da, məzmunu gözəl olur. Belə bir gedişdə, çətin dövrdə bir araya gəlməyimizin özü bir gözəllikdir. Bu gün bəşəriyyətin ağrısı ilə, İnsanlığın sorunları ilə bağlı iki adam bir araya gəlmir. Ancaq biz gəlirik. Bizdən qıraqda bir araya gələnlər başqa səbəblərlə gəlir, maddi açıdan nələrsə əldə eləməyə çalışırlar. Ancaq bizim bir-birimizə münasibətimiz tam umacaqsız münasibətdir. Bizim bir-birimizə bağlılığımız insani ehtiyacdan doğur. Ona görə bizim tədbirlərimizin məzmunu gözəldir. Neçə adam qatılması önəmli deyil. Önəmli olan məzmundur. Məzmun çox doğmadır, çox doğrudur, çox gərəklidir. O məzmunla biz, həmişə yaşayırıq. Ona görə Atanın Yolu gözəldir, Yolu gedənlər də gözəldir, getməyi bacarmaq da gözəldir.
Bayramla bağlı istəklərimizi dilə gətirdik, sözümüzü dedik. Bayramımız başa çatır.
Ata Ruhunu Ürəyimizdə aparırıq! Atamız Var olsun!
Səsdən sözə çevirdi: Göytəkin Atalı.
Çiçək Ayı, 44-cü il. Göyçay.
(aprel, 2022).