Xəbərlər

Qutsal “İnsanilik” Bayramı

Asif Atanın Mütləqə İnam Ocağı 15 Günəş Ayı, 45-ci ildə Qutsal “İnsanilik” Bayramını keçirdi. Bayram quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Bu gün Ocaq Günsırası ilə 45-ci ilsıramızda ruhsal “İnsanilik” Bayramını gerçəkləşdiririk. Ölən Ocaqçılarımızın adına ayağa duraq: Sabahlı, Bağban, Amaltay bizimlədir. Öncə bir neçə söz qurallarımızla bağlı demək istəyirəm.

Hər dəfə bayramın anlamına yönəlik söz demək gərəkdir. Bilirsiniz, xalqda böyük mədəniyyətlər var. Böyük mədəniyyətlərin biri ölügötürmə quralıdır. Ölügötürmədə hər zaman eyni şeylər oxunur, yeni şeylər oxunmur. Hansı dini baxışa özgün olursa olsun, ölügötürmədə eyni şeylər oxunur, eyni qurallar (ayinlər) yerinə yetirilir. Bu köklənmədir, bu xatırlanmadır, bu, insanın özüylə anlaşmasıdır. Özüylə üz-üzə qalmasıdır. Nəyi yaşayır, onun fərqinə varmasıdır. Ona görə bu cür məsələlər göz önünə gətirilir, səsləndirilir, deyilir. Bizim də “Ricalar”ımız var, sözümüzə Atanın adıyla başlayırıq. Bir də bu səcdə məsələsinə aydınlıq gətirmək istəyirəm. Çünkü çağdaş dünya daim yenilənmə peşindədir. Bu da qaçılmazdır. Buna da pis baxmırıq. Ancaq yenilənmə hansı özül üzərində baş verir? Yenilənmə hara çağırır, hara çəkir insanı?Elə əməl olar, ona yenilənmə adı qoyula bilər, siz deyə bilərsiniz, insana gərək olmayan yenilik yenilik deyil, onun adı köhnəlikdir, eybəcərlikdir. Hər halda bunu biz deyirik, başqaları bunu demir. İstənilən bir dəyişiklik yenilik sayılır. Ona görə deyirlər, köhnədə olan bir çox şeylərə yenidən baxaq. Yenidən dəyər verək, qiymət verək. Doğrudur, doğru deyil, gərəkdir, gərək deyil?! Sıradan çıxmalıdırmı, davam eləməlidirmi?! Bu kimi şeylərə aydınlıq gətirməli oluruq. Düşünürəm, insana münasibət məsələsi bəşəriyyətin düşüncə mərkəzində dayanmalıdır. Bunu min il bundan qabaq da elə düşünüblər, bu gün də elə düşünürlər. Mənəviyyat adamları, qabaqcıl düşüncəli, müdrik insanlar elə düşünüblər, insan bəşəriyyətin düşüncə mərkəzində durmalıdır. Çünkü dünya insanla şəklə düşür. Çünkü dünya insanla mənalanır, – insanın baxışına, düşüncəsinə görə. Ona görə insanın bu cür yanaşması, bu cür düşünməsi bir ölçüdür əslində. Biz insana münasibəti öz açımızdan dəyərləndiririk. Məsələn, bizim Asif Ataya münasibətimizin özünə də fərqli yanaşanlar var. Şəxsiyyətə pərəstiş adı qoyanlar var. Hamının ağzını bir yerə gətirə bilməzsən ki, elə demə, belə de. Yəni kimin nə deməyindən asılı olmayaraq, doğru bilinən, doğru olan, doğru düşünülən bir şeylər var, onlar qorunmalıdır. Mən özüm Asif Atanı tapana qədər xudbin bir adam olmuşam. Asif Atanın şəxsiyyətinə səcdəli münasibət bəsləyim-filan, belə şeylər mənə yad olub. Mən buna başlanğıcda məcbur olmuşam. Asif Ataya könülsüz səcdə qılmışam. Onu anlamırdım, dərk eləmirdim. Yavaş-yavaş vərdiş yarandı. Ancaq Asif Atanın ölümündən sonra mən bunların anlamına yetə bilmişəm. Bəs necə oldu bu vərdiş doğal bir şəklə düşdü?!Asif Atanın ölümündən sonra yazı yazmağa başaldım, qələm adamı deyildim. Yazı yazmağı da şöhrətə dartınma halından başladım. Sonra görüşlər keçirdim. Ayrı-ayrı bölgələrə, məktəblərə getdim. Hər dəfə mən söz deyəndə öz şöhrətimin pəncərəsindən söz deyirdim. Ancaq hər dəfə söz deyəndə mənim sorumluluğum birə- beş artırdı. Qorxuya düşməyə başlamışdım. Qarşıma bilgili adamlar çıxırdı, onlar suallar verirdilər, çaşırdım. Elə suallar verirdilər, bəzən uğurlu cavablandıra bilmirdim, getdikcə anlamağa başladım ki, mən niyə Asif Ataya səcdəli münasibət yaradıram. Adamın içi qurulanda buna gərək bilir. Böyüklüyə münasibət, dəyərə münasibət özəl məsələdir. İdeala nifrət eləməzlər ki. İdeala səcdəli münasibət bəsləyərlər. Bəs ideal nədir; Böyüklük nədir; Yaxşı olan nədir; Gözəl olan nədir?! – Bunlar mücərrəd şeylər deyil, nədirsə, konkret insanda özünü göstərir. Səndə, məndə, onda, o birində. Biz insana ülvi münasibətimizi nəyin əsasında qururuq?! – İnsanlar özlərində gözəl keyfiyyətlər daşıyırsa, yaşadırsa, biz onlara doğma, sevgili münasibət bəsləyirik, sevirik onları. Ancaq bir də özünü yaxşı aparmaqdan, tərbiyəli, mərifətli aparmaqdan daha yüksək keyfiyyətlər var axı. Bu keyfiyyətlər özündənkeçmədir. Fədakarlıqdır.Bizim hər birimizin axtardığımız idealların uğrunda fədakarlıq. O idealların gerçəkliyə gəlməsi, yaşaması, insanların varlığında özünü göstərməsi üçün ömrünü şam kimi əridənlər var. Tarixdə də olub, çağımızda da var. Biz ömrünü şam kimi əridənlərə qarşı xudbin duyğu daşımırıq özümüzdə. Demirik Nəsimi nəyimizə gərək, nə olsun özündən keçib. Heyrət edirik. Yüz illər öncə ölümün gözünün içinə dik baxasan, ölümlə öcəşəsən, dəyərlər uğrunda özündən keçəsən, sənə səcdəli münasibət bəsləyərlər, xudbin münasibət yox. Sevgi böyüyür, daha yüksək bir aşamada Səcdəyə çevrilir. Bəzən bu, körpə uşaqlara münasibətdə də özünü göstərir. Uşaq arılığı, duruluğu heç nəyə bulaşmayan qutsallıqdır. Onu necə yüksək bir ehtirasla sevirik, əlini-ayağını öpürük. Bu insanın içində yaranan ruhsal ehtiyacdır. Mənəvi özünütəsdiqdir, uşağa münasibətdə ortaya çıxır. Böyüklərə, dahilərə münasibətdə də qutsal bir hal kimi ortaya çıxır. Mənim içimdə elə başlamadı, ancaq elə formalaşdı. Mənim indi Asif Ataya səcdəli münasibətim qutsaldır, çünkü doğaldır. Asif Ata mənim öndərim deyil. Öndər balaca söhbətdir. Mənim ona münasibətim artıq ideala münasibətdir. Axtardığım ideala münasibətdir. Həyatda oluşmasını istədiyim, insanlarda yaşamasını istədiyim ideala münasibətdir.
İdealla şəxsiyyət arasında bərabərlik yaranır. Sufilər Allaha vurulublar, Allahı elə seviblər, Allahla bir olublar. (Düzdür, Allah olmayıblar. Ancaq hürufilər Allaha qovuşublar, Allah olublar). İnsanın varlığındandır Allah, ondan qıraqda deyil. İnsan onunla bir olanda birgəyaşayışın nizamı yaranır, gözəlliyi yaranır. Münasibət gözəlliyi yaranır.
Asif Ata mənim axtardığım idealla bir olub. İdealın özü olub. Mənim ona münasibətim ideala münasibətimdir.

Mən müsəlmanların peyğəmbərinə nifrət eləmirəm, ancaq səcdə də qılmıram. Ona səcdəni doğru saymıram. Mənim üçün Məhəmməd ideal deyil. İdeala nələrdəsə, hardasa doğmalığı var, ancaq idealın özü deyil. Mən ideala səcdə qılıram. Bu gün “İnsanilik” Bayramı keçiririk, bir qom adamla. Nəyə görə keçiririk bu bayramı?! Mən insana münasibətdən danışıram. Biz hamımız deyirik dünya əyridir. Eybəcərlik yaranıb. Deyirik insanlar acdır, yalavacdır, işsizdir. İnsanlararası münasibətlərdə təbəqələşmə var. İnsanlararası münasibətlərdə özgələşmə var, ayrılıq var. Bunları nə yaradır?! Deyək, bizim ölkəmizdə pis bir rejim var, o rejim yaradır bunları. Axı bu rejim niyə yaradır, rejimin başında duranın adı insandır. – Ona görə yaradır ki, ideallara arxa çevirib. Mən ideala səcdə qılıram, o, ideala tüpürür. Üstünlük kompleksi ilə yaşayır o. Özü üçün yaşayır. Atanın Ocağı isə məktəb yaratmağa çalışır. İstəyirik bu məktəbdə insan özünün düşüncələrini ortaya gətirsin, istəklərini dilə gətirsin. İnsani ölçünün yaranmasına qulluq göstərsin. Məktəbdə bunların yaranmasını istəyirik. İnsan özünün düşündüklərindən daha dərindədir. Nə qədər biz bir araya gəlsək də, toplantılar eləsək də, insanilik düşüncəsi tükənməyəcək. Çünkü insan düşüncələrindən dərindədir. O,axtarır, xoşbəxt olmaq istəyir, azad olmaq istəyir, bütövləşmək istəyir. Öz mənasına bərabər yaşamaq istəyir. Sən isə qoymursan. Qoymadığın üçün ölçüsüzlük yaranır. Gərək insanla ideal arasında doğmalıq yaradan məktəb olsun. İnsan məişəti uğrunda, iş uğrunda, aclığa qarşı mübarizə aparmasın. İdealların ortadan getməsinə qarşı mübarizə aparsın. Burda mənim dediyim o deyil ki, xalqın içində siyasi mübarizə getməsin. Buna çağırmıram. Biz idealların uğrunda mübarizə aparmalıyıq. Yerdə qalan mübarizələr ondan doğur. Əgər idealların uğrunda mübarizə aparmasaq, yalnız məişətimiz uğrunda, işsizlik uğrunda mübarizə aparsaq, başımızda duranlarla mübarizə aparacağıq. Sabah o biri gələcək, onunla mübarizə aparacağıq. Beləliklə, biz əbədi məişət mübarizələrində ölüb gedəcəyik. Heç nəyə yetmədən. Əgər ideal uğrunda mübarizə yoxdursa, xalqın içində birgəyaşayış ölçüsü formalaşmayıbsa, mənəviyyatsızlıq sınırı bəlirlənməyibsə, onda biz elə bir soydan o biri soya bəsit mübarizələr ötürməklə ölüb gedəcəyik. Heç nə oluşmayacaq. Heç nə yaranmayacaq. Xalqın içində İdeal uğrunda mübarizə şüuru formalaşmalıdır. İnsanın insana baxışı dəyişməlidir. İnsanın hər şeyə baxışı dəyişməlidir. Demokratiyada bu belə düşünür, o elə düşünür onda neyləyək yaxşı? Onun belə düşünmə haqqı var, o birinin də elə. Anarın 85 illiyidir. Anarı qutla, öy, bu da sənin haqqın olsun. Sən Anar adlı qəbristanlıq birliyini savunduqca, ona tapındıqca, bayağılıq ortadan qalxmayacaq. Demokratiyadır deyib mübarizənin yolunu kəsirlər. Onlara münasibət yaranır. Mənə münasibət yaranmır. Mən mübarizə aparıram xalq üçün, mənə nifrət formalaşır, ancaq o, hakimiyyətə yalmanır, hakimiyyətə qulluq edir, ona hörmət yaranır. Ölçüsüzlük budur. Nizamsızlıq budur. İnsan içində ikili xassəyə malikdir. Onun içində qarşıdurmalar var. Fərdin içində xeyir də var, şər də var. Bir də görərsən insan öz işində xeyiri səsləndirir, xeyirin çağırışlarını dilə gətirir. Xeyirin dalınca gedir. Gedir, gedir, günlərin bir günündə görərsən keçdi o biri yana. Siz də görürsünüz, toplumsal-siyasi mübarizələrdə adamlar öncə rejimə qarşı döyüşür, birdən keçir rejimin qulluğuna. Niyə?! İnsanın içində qarşıdurma var. İnsan öz içindəki qarşıdurmadan qurtulmalıdır. İnsan öz içindəki qarşıdurmadan qurtulmasa, toplumdakı qarşıdurmadan qurtula bilməyəcək. Asif Ata niyə ölçüsünü Mütləqə İnama bağlayır, “Mütləqilik”, “Mütləq olan” anlayışlarını əsas götürür?! Nisbini qəbul etmir.O deyir, fərd içində sabit olmasa, onun heç bir işinə etibar edə bilməyəcəksən. İnanmayacaqsan, görməyəcəksən onu. İnsan içində sabit olmalıdır. İçində sabit olmayan Yasəmən Qaraqoyunlular deyirlər, Asif Ata boşuna deyir Mütləq var. Mütləq yoxdur. Hər şey dəyişir. Hər şey nisbidir. Belə adamlardan nə gözləyirsən?!Hər şey nisbidirsə, sənin qeyrətin də nisbidir, namusun da nisbidir, vətənsevərliyin yalandır, bu gün vətənsevərlikdən danışırsan, sabah vətənə xəyanət edərsən, edirsən də. Bəs mən onda kimə güvənim, niyə güvənim?! Niyə sənin arxanca getməliyəm?! Sən mənim ideallarıma xəyanət edəcəksən. İstənilən vaxt yarı yolda qoyacaqsan. Ona görə Atanın fəlsəfəsi deyir, insan içində sabitləşməyincə, onun aparacağı mübarizəyə bel bağlama. Öncə mən görməliyəm içindəki qarşıdurmadan qurtulmusan. Asif Atanın çağırışını xatırladıram: – “İnsanlaşın – İnsanlaşdırın!. Bəşərin qurtuluşu İnsanlaşmaqdadır!” Asif Atanın çağırışı bu dediklərimiz mənanı daşıyır. Bizim keçirdiyimiz bayramın da anlamı odur, İnsanın içinin gözəlliyini, sabitliyini, mütləqliyini bayram edək. Onu ayaqda tutaq. Məktəbə çevrilək bayramı, əbədi olaraq insan bu məktəbdən Mütləqilik öyrənsin. İçindəki qarşıdurmadan qurtarmaq yolları öyrənsin. Sabitlik öyrənsin, içində sabitləşsin. Xalqına, dövlətinə, dostuna, ailəsinə, qonşusuna münasibətdə sabitləşsin. Sabit insanlar ölçü yaradır, sabit insanlar idealı gerçəkləşdirir. Sabit insanlar gözəl həyat qururlar. Sabit insanlar dünyanın mənasını gözəlləşdirirlər. Dəyişkən, ziddiyyətli, eybəcərliklə Allah arasında vurnuxan insanlar üçün dünyanın anlamı yoxdur. Gah elə, gah belə. Bu insanlarla yol getmək, bu insanlarla mübarizə aparmaq, bu insanlarla bir arada olmaq olumsuzdur. O insanlarla dost ola bilməzsən. Yol yoldaşı ola bilməzsən. Səfər yoldaşı ola bilməzsən. Aldadacaq səni. Satacaq səni. Oğurlayacaq səni. Ata ona görə deyir, ya hər şey, ya heç nə. Ona görə Atanın ölçüsünün adı Mütləqilikdir. Mütləqə İnam ideyası bütün bu dediyimiz məzmunların hamısını sistemləşdirir, toplumsal yaşam ölçüsünə gətirir.
Bizim xalqımızın Novruz bayramı var, qarşıdan gəlir. Bu bayram minilliklərdən üzü bu yana gəlir. Ancaq mən sizə deməliyəm, bu bayramda da məzmun qalmayıb. Şəkərbura, paxlava məzmun deyil. Süfrəni nə qədər bəzəyisən bəzə, məzmun deyil. Məzmun dediyimiz sözdür. Burdakı halımızdır. Burdakı həyəcanımızdır. Burdakı doğmalığımızdır. Ünsiyyətimizdir. Məzmun budur. Şəkərburanı, paxlavanı danmırıq. Tonqalı da danmırıq. Ancaq məzmun itib. Ona görə mən deyirəm, Asif Atanın İnsanilik bayramı, eləcə də o biri bayramlar xalqımızın varlığında ölçüyə çevrilməlidir. Yalnız ondan sonra biz xalq olaraq öz kimliyimizi biləcəyik. Yalnız ondan sonra biz xalq olaraq gələcəyimizi bəlirləyəcəyik. Yalnız ondan sonra biz xalq olaraq bütövləşəcəyik, ayağa dura biləcəyik. Bir ölçüyə tapınacağıq, bir olacağıq.
Atamız Var olsun!

Abil Ulusoy: İnsanlığın gəlişməsində milli şüur, təbii ki, gərəklidir. Niyə görə yad ideologiyalar Azərbaycanda meydan tapa bilirlər. Əslində cəmiyyətin özünün ideyası, ideologiyası olmadığındandır. Hakim zümrənin məgər Azərbaycanda ideologiyası varmı? Yoxdur. Olsaydı, cəmiyyət həmin ideologiynın tələblərinə uyğun olaraq yönətilərdi. Bu cəmiyyətdə hakim zümrənin, dövlətin, dövlət ideologiyasının olmaması yad ideologiyaların Azərbaycanda gəlişməsinə yardım edir. Son zamanlar dini ideologiya sahəsində, Azərbaycanın müstəqilliyinin bərpasının elanından sonra, xüsusilə ölkədə ölkə yönətimində, idarəçiliyində böyük boşluq yarandı. Həmin boşluqdan istifadə edən Quzey Azərbaycanın müstəqilliyini təhdid edərək, bizə qonşu İran Azərbaycanda şəbəkələr yaratmağa başladı. Mədəniyyət mərkəzi adıyla, İmam Xomeyni cəmiyyəti adıyla, insanların maddiyyata olan ehtiyacından istifadə elədilər, onları antiAzərbaycan fəaliyyətinə məcbur etdilər. Azərbaycanda olan insanların oturuşmuş halı olmadığına görə yad ideologiyaların təsirinə çox asanlıqla düşürdülər. Hətta burda mərasimlər keçirirdilər, istər yas, istər düyün, hesabat şəklində bunu qırağa göndərirdilər ki, bunların istəkləri burda gerçəkləşir. Dövlət yönətimi isə buna göz yumurdu. Dini qurumlarla iş üzrə dövlət komitəsi də yaratdılar. Azərbaycanın sovet dövründə olan məscidlərinin sayı hədsiz dərəcədə az idi, bunu hamı bilir. Müstəqilliyin bərpasının elanından sonra bunların sayları artmağa başladı. Deputat olmaq istəyirəm, məscid tikim. Rusiyada 5-3 manat qazanıbdı, sahibkar adamdı, öz kəndi üçün, obası üçün guya xeyir iş görmək istəyirdi. Hər tikilən məscidlə Azərbaycanın ərazisi işğal edilirdi. 2568 məscidi varsa, bunların hər birinin bəlli əraziləri varsa, o ərazi qədər işğala məruz qalıbdır. Təkcə ərazi işğalı deyil, mənəvi işğaldır. Torpağı 5-10-15 ildən sonra, yarım əsrdən sonra ərazi işğalından azad eləmək olar. Ancaq mənəvi işğaldan azad etmək çətindir. 1400 ildir ki, Azərbaycan, ərəblər getsələr də, ərəbçiliyin etkisi altındadır. Ərəbin mənəvi işğalı altındadır. İkinci bir tərəfdən rus məktəbləri, rus idarəçiliyi də olduğuna görə mənəvi cəhətdən Azərbaycan işğal edilibdir. Bu da ideologiyasızlıqdandır ki, həmin yadların gətirdiyinə qarşı təpki qoya bilmirik. Burda da oturuşmuş ideologiya olmadığından mübarizə getmir. Bura gətirilənlər də əl üstündə qəbul olunur ki, Amerikadan gəlir, Fransadan gəlir. Hamı da gətirdikləri yer haqqında bəh-bəhlə tərifləyirlər. Heç biri də özlərini Azərbaycanda milli ruhun daşıyıcıları kimi aparmırlar. Nə var ki, başqa dili öyrənməyə. Başqa bir şeyi öyrənməyə. Olursan özününkü ol. Dünya azərbaycanlıları deyilən bir konqres yaradıblar. Hər gələn öz ölkəsini tərifləyir. Azərbaycanı aşağılayır, yuxarıdan aşağı baxırlar.Sən demə, dünyada biz onların hamısından aşağıymışıq. Sən niyə iti-qurdu mənə tərifləyirsən. Özümüzü öyrənmirik. Özümüzü öyrənmədiyimizə görə də başqalarını boş alan görürlər, orda da öz işlərini qururlar. Zaman-zaman dövlətin yönətimində olan ayrı-ayrı qurumlar ölkənin müdafiə və təhlükəsizliyinə təhdid hesab edəndə bir qrup insanları cəzalandırırlar. O gün bir yazı yazdım:“Nəticə həbs olundu, səbəb yaşayır”. Əslində səbəb yaşamır, səbəbi yaşadırlar. Bunu yönətənlər yaşadırlar. 32 adamı tutublar, İran casusu kimi. Bunların sayı 32 deyil, hədsiz dərəcədə çoxdur. Azərbaycanın elə bir ilçəsi, qəsəbəsi, kəndi yoxdur ki, orda İranla bağlı olan insanlar olmasınlar. Kimi aşkar şəkildə, kimisi gizli şəkildə. Dövlətin özü də buna bəlli qədər yardımçı olur. Sən mən ziyalıya 5 azn vermək istəmirsən, Azərbaycanın təbliği, dünyada tanınması üçün, Azərbaycanda bir Azərbaycan qurulması üçün bunları eləmək istəmirsən, ancaq axund adıyla kiməsə 500 azn maaş bağlayırsan, maşın verirsən…
Zərdüştdən başlayıb Asif Ataya qədər gələn bir sistem var. Asif Atanın yaratdığı Azərbaycanımız – Azərbaycanlığımız dəyər sistemi əslində öyrənməli, öyrədilməli idi. İnsanlarımız öyrəndikcə, bunları öyrətdikcə yad ideologiyaları niyə uçurtsunlar? Sənin özündə var, yadda da daha yaxşıdır. Sənin özünü ifadə edir millət olaraq. Başqa yerə getmək olmaz. Ocaq yörəsində olan insanlarımız çəkinməsinlər. Ataya peyğəmbər deməkdən qorxmaq lazım deyil. Mən yazdıqca İnam peyğəmbəri, bəziləri deyirlər: Asif Ata bəlkə heç özünə peyğəmbər deməzdi sağ olsaydı. Deyirəm axı deyib. “Uluyurd Aqibəti – Bütöv Azərbaycan” kitabında da var. Yazılarda da var. Sən Atanın peyğəmbərliyini niyə danırsan ki. Çünkü bu ərəbin, ya kiminsə xoşuna gəlməyə bilər. Türk niyə öz peyğəmbərini yetirə bimir?! Ərəbdən, ya da başqasından əksikdirmi?! Var. Tapınmaq lazımdır sadəcə olaraq. Bundan çəkinmək lazım deyil. Atanın dediklərini sadəcə yaymaqla iş bitmir. Təbii ki, bunun dalınca da getmək lazımdır. Deyirsən bu mənəm, bu da mənim peyğəmbərimdir. Mən də onun dediklərini gətirmişəm sənin üçün. İzahını da verirsən. Ancaq özün də içəridən qurulmuş olmalısan. Çünkü sabah sənin sözünün arxasınca gələnlər, sənin sözünü dinləyən insanlar sənin başqa şeyləri qəbul elədiyini görəndə onlarda da fikir ayrılığı yaradır ki, həm bunu deyir, həm də başqasını. Bunun hansına inanım, bu dediyinə, yoxsa o biri dediyinə.
Biz bəşərə böyük dəyərlər vermişik. Buna yiyə durmalıyıq.
Dinlədiyinizə görə sağ olun. Hər birinizin bayramını təbrik edirəm.

İnamlı Atalı(Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Mən də “İnsanilik” Bayramınızı qutlayıram, hamınıza can sağlığı diləyirəm. Buraya hansı məqsədlə yığılmışıqsa, bu məqsədə uğurlar arzulayıram. Bu gün Azərbaycan mühitini təhlil edəndə pis hallarla üzləşirik. Bütövlükdə həm iqtisadiyyat açısından, həm ideloji gedişlər açısından tam çökmə səviyyəsindədir Azərbaycan. Qardaşımız Azərbaycan mühitinin təhlilini çox geniş miqyasda verdi. Məni düşündürən bir məsələ var ki, millətimizin şüurunda oturuşan (burda qoyulan qonularla da bağlıdır bu) bu ideyaların məzmunsuzluğu, gərəksizliyi özümüzə çatmalıdır. Eyni zamanda millətimizin şüuruna bunu necə çatdırmaq yollarını da biz bilməliyik. Biz islamı qəbul eləmirik ki, islam dini kökdən insana qarşıdır. İslamın cənnət-cəhənnəm ideyaları var, cənnət-cəhənnəmə inanan insan artıq həm faydaya inanır, həm də qorxuya inanır. Bütün idarəçilik bu iki ideya üstündə qurulubdur. Ruhani idarəçilik bu gün də birləşib siyasətlə, artıq eyni yolda gedirlər. Bütün bunlar ərəbin özü üçün də yararsız bir durumdadır. Necə olur ərəb bundan yapışdı, indi İran bundan yapışdı. Çünkü bu ideologiya insanlara mütilik gətirir, insanlara asılılıq gətirir. Bunlar da böyük dövlətlərə lazımdır. Oturuşmuş, bişmiş millətlərə lazımdır ki, xırda millətləri öz təpikləri altına ala bilsinlər. Ərəb bir millət kimi yox idi, Məhəmməd Peyğəmbər bu ideyanı qoydu ortaya, ərəbi birləşdirib zamanı üçün super dövlət yarada bildi. Çünkü bütün qarışıq tayfaların hamısının öz bütü vardı. Bir yöndə bunların ağzını yığa bildi. Dünyaya meydan oxuya bildi. Bu imperiyanı qurdu, başladı qəsbkarlığa, işğalçılığa. Gəlib Azərbaycana da çıxdı. Azərbaycanda qılınc gücünə qələbə çala bildilər. Babək 22 il o boyda başı-ayağı bilinməyən imperiyaya qarşı duruş gətirə bildi. Afşin olmasaydı Babək uduzmazdı. Türkün əliylə, onun sərkərdəlik bacarığı ilə Babəki yenə bildilər. Bu gün baxırıq, 1400 ildir Həcc, Kərbəla, Məşhəd kimi bölgələrə, oturduğu yerdə nə qədər maddi axınlar var. Millətin cibindən çıxır, yad millətin cibinə dolur. Öz pulumuzla özümüzə qarşı etki göstərirlər. Ancaq islamdan artıq doymuş kimidirlər. Bizim milli azadlıq, milli birləşmə duyğumuz ondan daha güclü səslənir bu gün üçün. İndi Mütləqə İnam ideyamıza üz tutmaq vaxtıdır. Azərbaycanın bəxti gətirdi ki, Asif Ata kimi bir fenomen ortaya çıxdı, bu ideyanı ortaya gətirdi. Biz bunu Azərbaycan mühitində Azərbaycan insanına hansı şəkildə verə bilərik. Özümüz öz içimizdə bunu tamamlamalıyıq. İnsanlıq üzə çıxmalıdır. Azərbaycan insanının şüuruna yeriməlidir. Bu yöndə hamınıza uğurlar diləyirəm.
Atamız Var olsun!

Camal (Rəğbətçi): Universitetə daxil olandan sonra mütaliəyə çox da vaxt ayıra bilmirəm. Ancaq müəyyən qədər özümü ifadə eləməyə çalışıram. Universitetdən çox sıxırlar, vaxt məhdudiyyəti var. Onunla belə çalışıram oxuyam. Bu gün müzakirə elədiyimiz mövzular həqiqətən də aktual olan mövzulardır. Burada mən gənc nəslin nümayəndəsiyəm, ona görə də məsələyə öz aspektimdən yanaşmağa çalışıram. Mən bu gün gəncliyə nəzər yetirdikdə, həqiqətən də görürəm ki, individuallığa rəğbət var. Hətta ifrat dərəcədədir. Bu gün ən çox eqoist olan, ən çox özünü düşünən, ən çox əməkdaşlıq eləməyən, ən çox həmrəylikdə bulunmayan daha çox marjinal hesab olunur. Böyük bir məziyyət kimi qiymətləndirilir. Kollektiv düşüncədən, eləcə də millətçilik düşüncəsindən çox uzaqdırlar. Əlavə olaraq qeyd elədik, daha çox dinin insanlar üzərindəki təsirindən danışırıq. Asif Atanın kitablarından da görürəm bu məsələni. Ancaq mən belə düşünürəm ki, gənclərimiz arasında din ciddi yeri tutmur. Ola bilsin bizdən bir-iki nəsil əvvəl dinin bir təsir gücü var idi, artıq bir növ sözün əsil mənasında vaxt keçirmək üçün vasitə, oyuncağa çevirirlər. Mən belə görürəm ki, dini  düşüncənin gənclər üzərində elə bir etkisi yoxdur. Nəyə görə gənclərə fokuslanıram?! Həm özüm də müşahidə edirəm, həm də gələcəyimizi formalaşdıran gənclərdir. Gəncliyin daha çox Qərb düşüncəsinə meyilliliyi var. Qərbdən xüsusən fərdiyyətçi düşüncələrin gətirilməsi, bu kimi məsələlər var. Gözünü açıb bu cür müxtəlif düşüncələrlə qarşı-qarşıya qalmış gəncliyə belə məsələləri anlatmaq, təbii ki, daha çətindir. Xüsusən bir müddət əvvəl məlumatlara əlçatımlıq daha az idi. Ancaq bu gün azyaşlı uşaq da istədiyi məlumatları əldə edə bilir. Dini, siyasi, fəlsəfi, ideoloji. Bu gün hər hansı bir rayonun kəndində oturub çox fərqli ideologiyalarla tanış ola bilərsən. Çox fərqli düşüncələrlə tanış ola bilərsən. Nəzər yetirəndə bizim gəncliyin içində olduğu internet mühiti görürəm, orda daha çox Qərb düşüncəsi var, dini düşüncə olsa da, çox məzmunsuzdur. Sadəcə olaraq, zahiri tərəflərinə, görünən hissələrinə çox meyillənirlər. Vasitəyə daha çox meyillilik var. Vasitənin məqsədə çevrilməsi, nə mənada. Deyək ki, dindar gənclik təbii ki var. Onların məqsədi dəyişib özlərini tapmaq olmalıdır, özlərinə yetmək olmalıdır. Dinin dediyi kimi desək, Allaha çatmaq olmalıdır. Onu tapmaq, onu dərk eləmək olmalıdır. Ancaq belə görünür, onlar məqsəddən daha çox Allaha yetəcəkləri vasitəyə daha çox vurulurlar. Məsələn, elə dinin özünə. Cəmiyyətdə istəyirlər bərabərlik olsun, ədalət olsun. Vurulurlar kommunizm vasitəsinə. Məsələn, mənim ətrafımda o cür insanlar da var. O cür deyəndə diskriminalist eləməyə çalışmıram. Sadəcə olaraq, qeyd eləməyə çalışıram, bir növ məzmunsuz düşüncələr olur, daha çox vasitəyə köklənirlər. Mən belə bir tendensiya görürəm.

Günev Atalı(Ataya səcdə edib, Bayrağı öpür – N.A.):  Bir millət olaraq bütün tarix boyu böyük düşüncə adamlarımızın, böyüklərimizin yaratdıqlarında biz insaniliyin başqa millətlərlə müqayisədə daha önə çəkildiyini görürük. Azərbaycanın bəşər mədəniyyətinə verdiyi dəyərlərin hər birində əslində o insani münasibətlərin fərqli, yaxşı cəhətlərini görürük. Ümümşərq sənəti olsa da, Azərbaycanın daha çox qatqısı olduğu və daha çox onun önə gətirdiyi muğam sənətini. Farslarda da muğama çox gözəl münasibət olubdur. Onların da Hafizi var, onların da Sədisi var. Muğamın Çahargahı. Pillə sənəti. İnsanın pillə-pillə yüksəlməsi. İnsanın Allaha qovuşması. Allah da insanın öz məzmunu, özüdür. İlahi harayın elə bir həddi gəlir çıxır Mayedən başlayır, dünyanın dərdinə qalırsan, öz dərdini bilirsən, İnsan əlac axtarır axı. Hər bir insan öz dərdinə əlac axtarmalıdır. Dünyanın dərdi mənim dərdimdirsə, mən onun dərdinə əlac axtarmalıyam. Yol. Maneə gəlir qarşıdan. Hər bir böyük fikir, hər bir dahilik, hər bir şəxsiyyət əməli mütləq maneə ilə rastlaşmalıdır. Çünkü mühit, zaman, şərait sən deyəni demir. Mühit,zaman, şərait bütün dövrlərdə… elə bir dövr olmayıb ki, o mühitdən, dövrdən, zamandan kimsə razı qalsın. Əgər razı qalmış olsaydı, heç dahilərin dedikləri bu günə gəlib çıxmazdı. O döyüşüb zamanla, mühitlə, dünya da elə ayaq üstədir, bu gün o dahilərin sayəsində. Muğamın o izhar hissəsi Mənsuriyyəyə qovuşur, o ehtizaz, o haray. İnsan özünə yer tapmır. İnsan yanırmı, alışırmı, tufanlara qarışırmı? İnsan özünə çatır. Kövrəklik gəlir ürəyə. Çünkü insan illərlə tanımadığı, bilmədiyi özünə qovuşur. Adi dillə desək, bir qohumdan illərlə uzaq düşmüsən, gələndə bir kövrəklik, gözlərin yaşarır. İllərlə xəbər tutmursan. Bu sufilərin daha çox yön verdiyi, sistemləşdirdiyi hissədir. Bir fars övladının dediyi “Mən Allahı o qədər sevdim ki, o oldum” sözü sufilərin diqqətini cəlb eləmişdi. Onu da o sözünə görə asıblar, dərisini soyublar. Ona ithaf olunubdur bu gözəllik. Çünkü Allaha münasibət nədirsə, insana münasibət də odur. Allahdan qorxurlar, insandan da qorxurlar. Dünya sanki qorxu üzərində bərpa olur. Hökumətdən çəkin, adi bir çiynində paqon olandan çəkin, çünkü durduğu yerdə səni şantaj edəcək. Muğamda insaniliyin hansı həddə sevildiyi vurğulanıbdı. Ancaq çox heyf ki, bütün bu tarix boyu bütün bu göstərilən çabalar heç vaxt insaniliyi tam bütöv, kamil şəkildə mütləq şəkildə özünə çatdıra bilməyibdir. Bunu bəyan edə bilməyibdir. Əgər həll etmiş olsaydı, Asif Ataya da ehtiyac qalmazdı. Bu açıdan Asif Ata Ocağı tariximiz boyu, bəşər tarixi boyu yaranan bütün gedişatlardan, bütün ideologiyalardan, şəxsiyyətlərdən… bütün o sintezi birləşdirdi hamısını. Ata deyir, hürufilərdən öyrəndim, sufilərdən öyrəndim, Məhəmmədin harayını eşitdim, Ata bütün dünyanı öyrənən bir şəxsiyyət kimi, bütün insanlıq yolunda olan çabaları sərf etməmək üçün… çünkü o böyük dahilərin çoxu qaş düzəltdiyi yerdə göz tökdü. İnsanı xilas eləmək niyyəti vardı. Ancaq insanı nəylə xilas elədi, qorxuyla. Qorxuyla yaranandan nə şəxsiyyət gözləyirsən? Azad şəxsiyyət özünə yetə bilər. Özgürlük əldə edə bilər. Özüylə məşğul ola bilər. Özünü təhlil edə bilər. Tanıya bilər, özünü təsdiq edə bilər.
Bugünkü bayramımız da nə xoş, nə gözəl ki, bu niyyətlə köklənib. İnsaniliyi önə gətirmək, bayraq edib başımızın üzərinə qaldırmaq. Bütün sevgilər, bütün istəklər buna yönəlik, bütün çabalar buna yönəlik, bütün yaradıcılığın özündən tutmuş, sənətin özündən tutmuş, münasibətlərdən tutmuş bütün mədəniyyətlər əgər insanı mərkəzə qoysaydılar ola bilməzdi ki, insan bir mərhələyə gəlib çıxardı. Bugünkü səviyyəsindən bir barmaq yuxarıda ola bilərdi. Tarix çox şeylər yaradıb, ancaq bizə görə, Asif Ataya görə, Asif Atanın Mütləqə İnam Ocağına görə tarix həm də çox az şeylər yaradıbdır. Əgər tarixdən bir boy yuxarı olmasan sən elə tarix dediyini deyəcəksən.
Bu cavanımız, bu igidimiz, Camal – mən sevinirəm bu gün gənclik içərisindən bir adam gəlib. Sənə az demirəm, sənə çox deyirəm. Bütün onların cəmindən artıq bir şəxsiyyət. Düşüncələrin də çox gözəldi, yaşına da uyğun deyil, o qədər sevinirəm heyrətdən gözüm yaşarır. Bir adam dünyanın bütün istiqamətini dəyişə bilir. Qığılcımdan od törəyir.
Atamız var olsun!

Soylu Atalı:Biz nə ediriksə edək, nə deyiriksə deyək, ən yüksək səviyyədə belə, heç bir vaxt bütövlükdə toplumun, nə də gəncliyin hamısının üzünü bir yönə çevirə bilmərik. Sual ola bilər, bəs onda bizim çabalarımız nə üçündür; əgər biz bütövlükdə toplumu, gəncliyi bir araya gətirmək yönündə düşünmürüksə, bəs onda nədir bizim işimizin adı?! İnsan idrakına yasaq qoymaq olmaz. Nə də insan idrakına hökm eləmək olmaz. Niyə yasaq qoymaq olmaz, həm də hökm eləmək olmaz?! Çünkü insanın ağlına təkcə yasaq yönündə hökm eləmirlər, lap insanın özünün xeyrinə olaraq onun idrakına hökm eləmək olar. Bu isə insanı mexanizm kimi yönətmək demək olar. İnsanın hərəkətlərini hansısa şəklə salmaq yerinə onun idrakını böyütmək gərək. Biz bunu bütövlükdə gəncliklə bağlaya bilərikmi?! Düşünmürəm ki, bağlaya bilərik. Bugün biz toplumun içindən, gəncliyin içindən bizim harayladığımız, çağırdığımız yöndə, istəklərimizə uyğun yöndə xalqımıza yiyə çıxmaq istəyənləri axtarırıq. Bizim işimiz, Asif Atanın sözü ilə desək, tilov atıb balıq tutmaqdır. Ancaq tilova bütün hallarda balıq düşməyə bilər. Bizim hədəfimiz tilov atıb balıq tutmaqdır. Buna görə biz bütün toplumun içərisində iş aparırıq, söz deyirik. Biz söz deyərkən heç vaxt gücə düşmürük, gücə düşmək istəmirik. Mən 10 adamın içində söz dedim, niyə 10 adamın 8-i üzünü o tərəfə tutdu. Belə düşünmək olmaz, qaçılmazdır bu. Bundan tıncıxmaq gərək deyil. Bundan rahatsız olmaq gərək deyil. Bu proses elə bir prosesdir ki, bu 10 illər, bəlkə də 100 illər gedəcək. Mən yazılarımda çox vurğu eləmişəm belə şeyləri ki, Musa söz dedi, İsa söz dedi, Məhəmməd söz dedi. İcazə verin mincə il də Asif Ata söz desin. Gəlin biz buna çalışaq. Asif Atanın söz deməsi üçün nə gərəkdir?! Asif Atanın min il söz deməsi üçün onun dediyi sözü mincə nəfər öyrənməlidir ki, görək bu nə deyir. Öyrənməliyik ki,  biz onun arxasında duraq min il söz desin.

Toplumda idraka yasaq qoymaq olmaz heç bir vaxt. Fərqli düşüncələr var. İnsanlar elə düşünürlər ki, biz düşüncə fərqliliyinə qarşıyıq. Düşüncə müxtəlifliyinə qarşıyıq. Biz qarşı deyilik. Biz düşüncə müxtəifliyinin hansı səviyyəsinə qarşıyıq?! – Xalq var, vətən var, dövlət var. Xalqın xalq olmasını sağlayan ölçülər var, dəyərlər var. Dövləti dövlət eləyən prinsiplər var. Milləti millət eləyən prinsiplər var. Milləti millət eləyən prinsiplər dildir, milli şüurdur – millətin özünün düşüncəsindən, gələnəklərindən, ruhundan formalaşan mədəniyyəti var. Bu məsələlərin yaranması, qurulması, oturuşması, işlədilməsi milləti millət eləyir. Bunlara biz biganə qalarıqsa, vecsiz yanaşarıqsa,millət anlayışı ortadan gedər. Onda ümumbəşər səviyyəsində sürü yaranır. İcma dövründən daha betər bir sürü. İcma dövründə qanunauyğunluqlar vardı. İndi bu gediş, millətlərin özünün sıradan çıxması yönündədir. Daha eybəcər bir sürü yaranır ki, bu sürüdə sən artıq icma prinsipləriylə də bir arada ola bilmirsən. Ona görə biz deyirik, sən fərdi estetika baxımından nə düşünürsən düşün, özün bilərsən. Ancaq insana, millətə, vətənə, dövlətə bu dörd məsələyə müxtəlif baxış ola bilməz. Bu məsələlərdən spektakl yaratmaq olmaz. Bu məsələdə çoxrənglilik keçmir. İki rəng var – ağ, qara. Ancaq bizim insanlarımız bu dörd məsələ qarışıq hər şeydə çoxrənglilik axtarırlar. Ağla qaradan başqa da rənglər var deyirlər. Mən də deyirəm, onda sənin üzün bəlli olmur. Sən üzünə boya sürtərsən, mən də sənin üzündə insan əlaməti tapa bilmərəm. Gəncliyə deyirəm, sənə hərcayilik öyrədirlər. Sən onu azadlıq deyə nuşcanlıqla başına çəkirsən. Azadlıq şərabı bilirsən hərcayilik şərabını. Bu, Özünü itirməkdir. Vətənini, millətini itirməkdir. Kimliyini itirməkdir. Ona görə bu məsələdə artıq sərbəstlik yoxdur. Orda mən sənə deyə bilmərəm ki, özün bil, nə düşünürsən, düşün. Nə düşünürsən yenə özün bil. Ancaq belə olanda səni mən həşərat da saymıram. Mən səni o vaxt üstün bir şey saya bilərəm ki, səndə insani keyfiyyətlər görüm, səndə insani çalarlar axtarım. İnsani çalarlar özünü nədə göstərir?! – Adını çəkdiyim məsələlərə doğru münasibətdə. İnsana, millətə, dövlətə, vətənə münasibətdə mən sənin bəlirliyini bilməliyəm. Onda mənim sənə münasibətim aydın olacaq. Çünkü səninlə mənim bir arada yaşamağımı sağlayan məsələlər bunlardır – insan, millət, vətən, dövlət. Bu anlayışların içində bir arada yaşaya bilirik. Bunların içində kişi oluruq. Bunların içində qadın oluruq. Bunların içində dost oluruq. Bunların içində qonşu oluruq. Bunların içində özümüz oluruq. Ona görə kimlərsə müxtəlif “izm”lərdən çox şey danışa bilər. Çox informasiyalar bilər. Mənim dediklərim telefonun içindəki informasiyalarda yoxdur. Telefonun içindəki informasiyalarda mənim dediklərimdən başqa hər şey var, o hər şey səni heç şey edir. Ona görə o informasiyalara bel bağlamaq olmaz. Hələ informasiya toplamaq insani sirlərə yetmək deyil. İnsani sirlər ayrı şeydir. Məsələ burasındadır. İnsani sirlərə yetmək üçün gərəkən şeylər var. Mənim danışdığım dil var. Mən bu dildə insanlığın sirlərinə vaqif oluram. Mən bu dildə insanlığımdan doğan keyfiyyətləri mədəniyyətə çevirirəm, ölçüyə çevirirəm. Bu şüurla onu həyata keçirirəm. Bu düşüncəylə, bu idrakla onu həyata keçirirəm. Ona görə də sözümün başlanğıcında bir söz dedim, istəyirik ki, toplantılarımızı məktəbə çevirək. İdraki gücümüzü artıraq. Çünkü xalqın xalq olması bizim dediyimiz ölçülər əsasında mümkündür. Başqa ölçülərlə xalq yaranmır. Gənclərə sunulan “izm”ləri bilirəm nə deməkdir. Mən bunları öyrənmiş adamam. Ömrümü yetirmiş adamam. Elə-belə informasiyayla ortaya çıxmış adam deyiləm. Əgər elə-belə informasiya məsələsinə qalsaydı, onda mən Asif Atanın Ocağını da gərəksiz sayardım. Ki, buna gərək yoxdur. Dünyada hər şey var, telefon var, internet var, informasiyalar var, onda Asif Atanın Ocağına nə gərək var. Belə bir məntiq(sizlik) yaranardı. Ancaq Asif Atanın Ocağının, Asif Atanın dediyinin, yaratdığının bənzəri, oxşarı qıraqda yoxdur. Asif Atanın yaratmaq istədikləri yoxdur qıraqda. Bu açıdan biz dəyərləri həm tanımalıyıq, həm də ona yiyə çıxmalıyıq. O dəyərləri yenidən qurmalıyıq. Bir var dəyərlərə yenidən baxmaq, bir var dəyərləri yenidən qurmaq. Bizə dəyərlərə yenidən baxmaq öyrədirlər. Kim öyrədir?! – Avropalılar, o birilər, bu birilər. Niyə? – Çünkü bizim xalq qədim xalqdır. Min illər tarixi olan xalqdır. Amerika dünən-srağagün yaranıb. Ancaq dünyaya ağalıq edir. Dünyaya necə ağalıq edir, mənim min illik mədəniyyətimi sıradan çıxararaq. Məni idarə eləmək gərəkdir axı. Məni necə idarə eləsin?! Böyük dəyərlərə sahib olan, böyük düşüncəyə, mədəniyyətə sahib olan toplumu idarə eləmək asan deyil. Onlara ağalıq eləmək asan deyil. Bir  misal çəkirəm. Hindlilər Mahatma Qandinin timsalında Uest İndia şirkətinə dirəniş göstərdilər. İngilislərin bütöv müstəmləkəçilik qəliblərini sındırdılar. Böyük ölçüdə. Ən adi oturaq aksiyalarla. Hindlilər minillik dəyəri olan, düşüncəsi olan, mədəniyyəti olan bir xalqdır. Əgər hindlilər bütövlükdə onları içlərinə buraxsalar, özləri onların mütisinə çevriləcəklər, hindlilərdən hindlilik qalmayacaq. Minillik dəyərlərin hamısı məhv olub gedəcək. Onlarda kütləvi şəkildə manqurtlaşma gedəcək. Eynilə bizim millətimiz. Bizim millətimiz min illər tarixi olan, dəyərlər yaratmış xalqıq. Məndən öyrənmək əvəzinə məni nəylə öyrədirsən. Amerika, İsveçrə, Hollandiya məni nəylə öyrədir?! Mən onların hüquqi baxımdan müsbət yanlarına toxunmuram. Onların müsbət cəhətləri ilə işim yoxdur. Ancaq söhbət milli, mənəvi, bəşəri yöndən gedir. Bəşəri məzmundan gedir. Bəşəri məzmun olaraq mənə nə verirsən?! – Mənə hüquq azadlığı verirsən, mənəvi kimliyimi sıradan çıxararaq. Mən sənin hüquqi azadlığına o vaxt ikiəlli yapışaram ki, mənim milli kimlyimi sıradan çıxartmayasan. Mənəvi dəyərlərimi sıradan çıxartmayasan. Sürüyə çevirməyəsən məni. Mənim hər şeyimi sıradan çıxarıb sürüyə çevirirsən, mən sənin hüquq azadlıqlarına ağız suyu axıdıram. Özüm heç oluram. Məsələ odur. Dünyada, hər yerdə yaxşı, gözəl nə varsa, onun yiyəsiyik. Özümüzü onun yiyəsi sayırıq. Ancaq yaxşı, gözəl şey bir əliylə mənə zəhər verib, bir əliylə mənə bal verməsin. Yaxşı, gözəl şeylər məni sıradan çıxarmasın. Bir misal çəkim. Bir insanı deputat təyin edirlər, eləmi? Gözəl maaşı var, televiziyada veriliş aparır, hər cür ortamı var. Hər şeyi var, bəs nəyi yoxdur, mənəviyyatı yoxdur, milləti yoxdur, vətəni yoxdur. Görün nələri əlindən alıb nələri verirsən ona. Ümumbəşər səviyyəsində millət də eləcə. Mənə hüquq azadlığı verib dəyərlərimi əlimdən alma. İstəmirəm. Ona görə biz ümumbəşər səviyyəsində bir çox şeyləri belə məsələlərə görə qəbul eləmirik. Yoxsa biz dəli-zad deyilik ki, kimsə bizə yaxşı şey göstərsin biz də deyək yox. Ölçü məsələsi var burda. Kimlik məsələsi var burda. Kimliyi qorumaq məsələsi var burda. Bunun sıradan çıxmaması məsələsi var. Bir daha sağ olun.


 “İnsanilik” Şərqisi, “İnsanilik Bayramı üstə Mütləq Təmas” deyildi.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə bayram sona yetdi.

Çay süfrəsi yörəsində doğmalaşma söhbəti isə davam etdi.

Səsdən sözə çevirdi: Nurtəkin Atalı.
İşıq Ayı, 45-ci il. Atakənd.
(may, 2023. Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir