Asif Atanın Mütləqə İnam Ocağı 15 Günəş Ayı, 46-cı ildə (Mart 2024) Qutsal “İnsanilik” Bayramını gerçəkləşdirdi. Bayram quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Öncə Ocaqda ölənlərimizin adını anırıq, Sabahlı, Bağban, Amaltay bizimlədir.
Ocağımızın İnsanilik Bayramı Ocaq Günsırası ilə 20-ci ildən (1998-ci il) həyata keçirilir. 26 ildir Asif Atanın yaratdığı, prinsiplərini işləyib hazırladığı İnsanilik bayramını gerçəkləşdiririk. Ən çox bu bayramı mərasim səviyyəsində keçirmişik. Bizim bu bayramları həmişə bayramsayağı keçirməyə olanağımız azdır. Bunan üçün həmin gün hər kəs işdən azad olmalıdır, uyğun bir təbiət qoynu seçilməlidir. Orada biz, yarım saat içində bayramın məzmununu, yəni mərasim hissəsini ifadə eləməliyik. Sonra isə bayramın bədii hissəsi olmalıdır. Bədii hissədə musiqi, milli rəqs sərgilənə, ayrı-ayrı poeziya örnəkləri dilə gətirilə bilər. Yəni bayramlarda həyata keçirilən uğurlu biçimlər nədirsə, onları yığcam düşünüb gerçəkləşdirə bilərik. Ancaq dediyim kimi, bu gün biçimi hələ tam oluşdura bilmədiyimizə görə daha çox məzmunla yetərlənməli oluruq. Biz həm biçimi işləyib ortaya gətirməliyik, həm də məzmunla biçimi birləşdirməliyik. Ancaq hələ mərasim kimi də davam eləmək olar.
Bu gün dünyada nə qədər doktrinalar çalışır. Hər bir doktrinanın arxasında qurumlar, qüvvələr var. Biz Ocaqdan qıraqda çalışanların işlərini az-çox izləyirik. Çalışanların müsbət yöndə əməklərini qiymətləndiririk də. Ancaq biz özümüzün ortaya qoyduğumuz baxışın prinsiplərini önə çəkirik, insanları da ona çağırırıq. Baxın bu boyda gəlişmələr görünür üzdə. Bizim çağırışımız, sözümüz onlardan çox fərqlidir. Biz İnsanlaşma Ocağıyıq. İnsanlaşmanı əsas yön sayırıq. Buna əngəl olan gedişlər var. Bunlardan biri quruluşdur. Ocaq Quruluşa qarşıdır. İndiyə qədər heç bir dünyagörüş quruluşla mübarizə aparmayıb. Bu məsələ olduqca önəmli məsələdir. Asif Ata quruluşla mübarizə aparır. Məsələn, Asif Atanın “Ruhani cəmiyyət”, ya da “Xəlqi birlik”ideyası var, altı ideyasından biridir. Asif Ata deyir, nə kapitalizm, nə sosializm. Hər ikisi insana qarşıdır. Deməli, sən kapitalizm, ya da sosializm quruluşunun içində, qəlibində yaşayıb İnsanlaşma yarada bilməzsən. Gərək bu quruluşun özünü dışlayasan, bu quruluşun içindən qırağa çıxasan. Mən bunu dəfələrlə demişəm də, yazmışam da. Məhəmmədin dinində insanı Allahın bəndəsi saymaq var, bəndə də bilirsiniz qul deməkdir. Nəyə görə, çünkü Məhəmmədin dinini yaratdığı, ortaya gətirdiyi dönəm quldarlığın son aşamaları idi. Yəni quruluşun içində idi. Ona görə insanı Allahın qulu elan elədi. O, Quruluşun qəlibində insana xoşbəxtlik vəd elədi, Quruluşun içində insanı müqəddəsliyə çağırdı. Quldarlıq quruluşu antimüqəddəslikdir, antiinsanidir. Onun içində sən insana necə xoşbəxtlik vəd edə bilərsən, sən onu necə müqəddəsliyə çağıra bilərsən?!
Ona görə Asif Atanın ideyalarından biri “Ruhani Cəmiyyət” ideyasıdır, yəni Xəlqilik. Nə kapitalizm, nə də sosializm. Ola bilər bizim düşüncəmiz ümumbəşər çapında çox çək-çevir olunsun. Kimə deyərsən, deyər quruluşu ləğv eləmək olar?!– Ləğv eləmirsən, onda heç nədən danışma, İnsanlığa heç nə vəd eləmə. Sənin boş vədlərinin dalınca heç kim getməyə borclu deyil.
Baxın, Quruluş məsələsi çox önəmlidir. Ocaq elan edib ki, yeni sivilizasiya başlayır, əslində yeni quruluş başlayır. Biz demokratiyanı niyə cəfəngiyyat sayırıq, – çünkü anarxiya yaradır. Demokratiya quruluşun ideologiyasıdır, bütün dönəmlərdə quruluşun ideologiyası kimi çıxış edib. Quldarlıq demokratiyası, feodalizm demokratiyası, kapitalizm demokratiyası, sosializm demokratiyası var. Quruluşun insaniliyi yoxdur. İnsanilik quruluşdan yüksəkdə durur. Ona görə də Asif Atanın baxışı bu gün qəbul olunacaq, 50 ildən sonra qəbul olunacaq, 100 ildən sonra qəbul olunacaq, – bu ayrı məsələdir. Biz bəşəriyyəti aldada bilmərik, özümüzü aldada bilmərik. Quruluşun içində insana özümləşmə vəd eləmirik, quruluşun içində insana gələcək vəd eləmirik, xoşbəxtlik vəd eləmirik. Quruluşun içində İnsanlik ölçüsü ilə yaşamağın mümkünlüyünü uydurmuruq. Deyirik mümkün deyil. Bu bizim İnsanlaşma Ocağımızın, İnsanilik çağırışımızın başlıca özül prinsipidir. Bu baxımdan biz İnsanlik bayramı keçirəndə, İnsanlığa çatdıracağımız məzmun odur ki, İnsaniliyin hər şeydən yüksəkdə durmasını, quruluşdan qıraqda olmasını öyrədək.
Ayrı-ayrı vaxtlarda ayrı-ayrı insanlarla siz də görüşürsünüz, mən də görüşürəm, ünsiyyətdə oluruq, söhbətlər edirik. İnsanlar hər yerdə tələsirlər. Mən anlayıram, çünkü indiki gediş dözülməz gedişdir, həm də sosial baxımından olduqca ağırdır. İnsanlar iş yeri tapa bilmir, normal yaşayış qura bilmir. Ona görə də normal dolanışığa can atır, tələsirlər. Tələsmək də nəyin üzərində qurulur, məsələn, bizim ölkəmizdə bu baxışlar, düşüncələr fokuslanır hakimiyyətin dəyişməsinə. Mən bunu dönə-dönə demişəm, mən də bunu istəyirəm. Ancaq elə-belə istəməklə olmur, gərək kimlərsə bu işlə doğruçu yöndə uğraşsın,Ocağın işi o deyil. Ocağın işi taktika vermək deyil, taktika dəyişmək deyil, sosial sorunlarda qısaçağlı dəyişikliklər (islahatlar)aparmaq deyil. Onu da deyim ki, islahat heç də yaradıcılıq, quruculuq deyil. İslahat ayrı-ayrı məsələlərə yamaq vurmaqdır. Əməkhaqqı azdır, hakimiyyət dəyişdi 5% əməkhaqqı artdı, budur. Biz söz deyəndə insanlar bu kimi suallara cavab verməyimizi, aydınlıq gətirməyimizi istəyirlər. Biz insanlara anlatmalıyıq ki, biz sizə ötəri vədlər vermək üçün ortada deyilik. Biz qısaçağlı sosial dəyişikliklər yaratmaq üçün ortada deyilik. Biz köklü şəkildə İnsanlığın sorununu ortaya qoymuşuq. Bəşəriyyət məhv olub gedir. Nə sayırsan say, deyirsən ümumbəşər səviyyəsində, İnsanlıq çapında götürəndə hüquq bütöv deyil, ədalət bütöv deyil, səhiyyə bütöv deyil, xəstəliklərlə qırırlar bəşəriyyəti. Deyirsən təhsil bütöv deyil, lap təhsildə rüşvəti, əyintiləri ortadan qaldırdın, axı təhsil adama riyaziyyatdan başqa heç nə öyrətmirsə, o təhsil deyil ki. Öyrəncinin eyitimlənməsi ona ixtisas öyrətmək deyil təkcə. Sonra, səhiyyə belə, sosial həyatın başqa çalarları hamısı belə. Yəni heç nə uğurlu deyil, yerində deyil. Bunun hamısının kökündə quruluş durur, quruluşun antiinsani qanunları durur, kökündə insana, millətə, dövlətə münasibətin əyri olması durur. Bunların heç biri sağlam deyil, yerində deyil. Bunlar dəyişməsə, hansısa taktik dəyişikliklər insana xoşbəxtlik gətirə bilməz. Biz Ocaq olaraq, nəyin kökündən qurulmasının gərəkliyini gündəmə gətiririk, öyrədirik. Üzdə hansısa bir dəyişikliklər eləmək istəyənlərə də əngəl olmuruq. Eləyə bilirsiniz çox yaxşı.
Bir daha vurğu edirəm, biz deyirik, İnsanlığın sorunu üzdə göründüyünə bərabər deyil, dərinlikdədir. Əgər sən dünyada quruluşu dəyişmək istəyirsənsə, onda insanı dəyiş. Əgər sən sosial problemləri çözmək istəyirsənsə, insanı dəyiş. Əgən sən ədaləti bərpa etmək istəyirsənsə, insanı dəyiş. Bunu insan eləyəcək. Kitaba, sənədə yazmaqla bunlar öz həllini tapmır axı. Bunlar insan mənəviyyatında həllini tapır, insan mənəviyyatını yarat. Bax, Asif Atanın ideyaları bunları deyir, bu günkü məzmun da buna yönəlikdir. Bunun adına Asif Ata İnsanilik bayramı deyir. Əslində İnsaniliyin, İnsanlaşmanın başlanğıc məqamları olur. İdeya kimi, prinsip kimi ayrı-ayrı fərdlərin ömründə ortaya gəldiyi aşama var. Biz o aşamanı bayram edirik, o aşamanı məzmunlaşdırırıq, o aşamanı izhar edirik. Biz o aşamadan çağırırıq toplumu. İnsanlaşma erası başlayıb deyirik. Sən bunu qəbul eləsən də, eləməsən də, əməl eləsən də eləməsən də, bu başlayıb, buna çağırış var, buna uyğun yaşamaq var, buna uyğun davranmaq var. Bizim bütün işlərimizin, əməllərimizin başında, özülündə bu məzmun durur. Biz topluma çoxlu əməllər göstərməklə yetərlənmirik. Dediyimiz prinsiplərlə yaşayırıq, yaşamağa çağırırıq. Heç kimə göstərmək üçün əməllər seriyası icad etmirik. Bizim əməllərimiz yaşantılarımızdan doğur, yaşantılarımızın görsənişi kimi, ifadəsi, təsdiqi kimi ortaya gəlir. Yoxsa elə biz də din olarıq. Bu Ocaqçının düşüncəsində duran bir məsələdir, bunu biz bayramlaşdırılıb izhar edirik. Mənim sizə deyəcəyim bu qədər, hər birinizə işıqlı gələcək, işıqlı ömür diləyirəm. İnsanilik bayramınız qutlu olsun!
Atamız Var olsun!
Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A):Asif Ata Ocağının İnsanilik bayramı münasibətilə hamınızı qutlayıram. Xoş bir gündür. Bayramın məzmunu ilə bağlı qardaşımız geniş izah verdi. Var olsun. Mən də Gediş Yazısında qoyulan qonulara münasibətimi bildirmək istəyirəm.
Mütləq – əbədi, əzəli, sonsuz, kamil olandır. Mütləqə qovuşmaq Mütləq olmaqdır. Burda ömür əbədiləşir, qeyri-adiləşir, məzmunlaşır. Söz yox, cismin Mütləqiliyindən getmir söhbət. Mütləqə qovuşmaq – Mütləq tələblərlə yaşamaqdır. İnsanilik adlanan Məna ilə yaşamaqdır.
Bu günümüzdəki insansızlığın səbəbləri sonsuzdur, çoxçeşidlidir. Başlıca nədəni cismin tələbləri ilə yaşamaqdır. Cismin tələbləri heyvanlığa gedən yolun cığırlarıdır. Ağıl bu cığırları daim genişləndirir. İnsan ağılla nəfsinə qulluq edir. Bir xalq deyimini burda xatırlamaq yerinə düşər. Əmir Teymur məclisə gəlir, hamı ayağa durub baş əyir, tək bir nəfərdən başqa. Teymur onun bərabərinə gəlir, niyə durmadığını soruşur. O deyir, mən niyə durum qulumun qulunun ayağına. Teymur bunun mənasını soruşanda deyir, səndə də, məndə də onun bir adı var – nəfs. Mən o nəfsin ağasıyam, sən isə onun qulusan… Teymurların ağlı nəfsə yeni-yeni imkanlar açırdı, insana qayğının gözlərini kor eləyirdi. O qayğı İnsanlığın birinci şərtidir. Heç bir canlının öz həmcinsinə etmədiyi məşəqqətlər törədirdi, kəllələrdən divarlar hördürürdü. Viranələr, kor edilmiş bütöv bir şəhər sakinləri…. Şahidi olduğum bir olayı deyim, ac itin qarşısına quzu cəsədi atdım, yemədi, əlini əlinin üstünə qoyub qəmli görkəmdə uzun müddət, quzunun ölüsünə baxdığını görmüşəm. Bu kimi olayları hər kəs youtube səhifələrində də izləmiş olar. Bir körpə ceyran balasını şir yemir, hətta onu qoruyurda. Ancaq Qarabağ olaylarında ananın bətninini yarıb körpəsini nizənin ucuna taxan vəhşiləri də görmüşük, bu nə deməkdir?! Demək, ağlıyla ən vəhşi heyvanı belə ötərək bizi mat qoyur bugünkü insan. Ona sosial həyat yaratmaqla dəyişəcəkmi?! – Əlbəttə yox. Yol birdir, – İnsanlaşmaq! Asif Atanın Mütləqə İnam Yolu! İnsanilik bayramımız qutlu olsun!
Atamız Var olsun!
Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A):İnsanlik bayramımız qutlu olsun! Gediş yazısında qoyulan qonulardan birinə münasibətimi bildirmək istəyirəm: “Bu günümüzdə insansızlığın səbəbləri və qurtuluş yolu”. Günümüzdəki İnsanlıq sorunlarından danışdıqca danışmaq olar, bu siyahını istənilən qədər uzatmaq olar. Başlıca səbəb, həmişə vurğuladığımız kimi, elə insanın özüdür, ömrünü boşa verməsidir. Ayrı-ayrı fərdlərdən başlayıb yaranan böyük fəlakətlər, sorunlar elə ayrı-ayrı fərdlərin özümləşməsi ilə də həllini tapa bilər. İnsanlar artıq öz növündən olanlarda mərhəmət, saflıq, dürüstlük kimi mənəvi keyfiyyətləri görə bilmir, nə etməli olduğunu da çaşır. Artıq son dönəmlər elə bir durum yaranıb ki, mənəvi, insani keyfiyyətləri kimsə kimdəsə görəndə şübhə eləyir, onu ikiüzlülükdən ayıra bilmir. Bu keyfiyyətin arxasında nəyinsə gizləndiyini düşünür. Tolstyun “Dirilmə” əsərində buna bənzər bir hadisə var. Əsərin qəhrəmanı ömrünün bir məqamında“mən kiməm” sualı ilə üz-üzə qalır. Böyük sarsıntılar yaşayır, indiyə qədər yanlış olan nələri varsa hamısından imtina eləməyə başlayır. Öz malını, mülkünü, torpaqlarını işlətdiyi kəndlilərə bağışlamaq qərarına gəlir. Bir hissəsini satmağı düşünür, elə eləmək istəyir ki, bu onların xeyrinə olsun. Ancaq kəndlilərin içində onun səmimiyyətinə inanan tapılmır. Zülmə məruz qalan, çəkdikləri zəhmətin qarşılığında çox az əmək haqqı alan, zorla dolanan bu insanlar torpaq yiyəsinin bu davranışının arxasında nəyinsə gizləndiyini, öz xeyri üçün çalışdığını düşünürlər. Deməli, davamlı qarşılaşdıqları haqsızlıq, zülm, ağaların ədalətsizliyi insanları bu dərəcədə bir-birinə yadlaşdırır, inamsızlaşdırır. Bu gün mənim öz çevrəmdən tez-tez eşitdiyim bir düşüncə var, “heç kimə inanma, indi heç kimə inam yoxdur”. Bunu xüsusi bir təlaşla təkrarlayan insanlar yaşadıqları ömür boyu öz yan-yörəsində olanlardan o qədər ədalətsizlik görüb sarsılıblar ki, bu düşüncə yaranıb, ehkamlaşıb. Bunun tərsini onlara başa salmaq çox çətindir. Artıq onların üzlərində, gözlərində inamsızlığın, şübhənin ifadəsi formalaşıb. Ona görə gördükləri hansısa mənəvi davranışları şübhəylə qarşılayırlar. Çoxları, öz şübhələrinin doğruluğunu isbatlamaq üçün, sənin yaxşılıq etdiyin adamdan sənə pislik gəlməsini gözləyir. Beləcə insan xaosun içərisinə düşür. Əgər insanın inamı, Yolu olmasa qarışıqlığın içində daim başını itirəcək. Ancaq insanın özünə, İnsanlığa inamından güc, əzəmət doğulur. Getdikcə aydın olur ki, sənin inadla, heç kimi umursamadan atdığın doğru addımlar o şübhələri heyrətlə əvəz edir, şübhəni inamla ortadan qaldırır. Üzlər xeyirin qələbəsinə inamla işıqlanır. Yəni fərddən başlayan fəlakətlər elə fərdin özüylə də aradan qalxa bilər. Gərək insan “mən kiməm” sualı ilə, səmimi olaraq, üz-üzə dayansın, özünü insan olaraq yetişdirə bilsin. İnsanın özündə yaratdığı nədirsə, onun çevrəsində yaratdığı dəyişikliklər də ondan ibarət olur. Bu bayramımız mənim üçün bu anlamı daşıyır. Bayramımız qutlu olsun!
Atamız Var olsun!
İlahə Ucaruh:Hamınızı bu bayram münasibətilə təbrik edirəm. Mərasimlərdə, bayramlarda daha çox uşaqları gömək istəyərdim. Çünkü bizdən sonra kimsə davam eləməlidir. Nəvələrimizə, övladlarımıza ötürməliyik ki, onlar davam eləsinlər. Mənim iki uşağım var. Biri Asif Atanın kitabını inglis dilinə tərcümə edir. Biri ilə də sürəkli danışıram, bölüşürəm, göstərirəm. Uşaqlarımıza öyrətsək, onlar da gələcəkdə öz uşaqlarını öyrədər. Bir məsəldə deyilir, yaxşı şeyi düşməndən də öyrənmək lazımdır. Ancaq pis şeyi öz valideynindən də götürməməlisən.
Altay bəy: Mən də sizi bu bayram münasibətilə qutlayıram. Çox sağ olun ki, belə bir bir ortamda görüşdük. Belə görüşlərdən zövq alıram. Sağ olsun, Nurtəkin xanım məni bu tədbirə dəvət etdi, çox xoş oldu. Bundan sonra da tədbirlərdə iştirak etməyə çalışacam.
Soylu Atalı: İlahənin vurğuladığı məsələ odur ki, Ocaq tədbirlərinin davam eləməsi, yaşaması üçün gənclərin yetişməsi gərəkdir. Bununla bağlı mən də öz düşüncələrimi bölüşüm, həm də bayramla bağlı sonlandırıcı söz deyim.
Söz yox, hər bir prosesin, olayın davamı olmalıdır. Davamın olmaması ciddi bir problemdir, bir az da sərt desək, fəlakətdir. Nəyə görə, məsələn, bu gün Asif Ata varsa, onun Ocağı yaşayırsa, bu, hardasa Nəsimiliyin davamıdır. Ondan yarım min il sonra Asif Ata gəldi, onun fəlsəfəsi, istəkləri, niyyətləri yeni bir biçimdə, yeni bir məzmunda, yeni bir səviyyədə yenidən xalqın baxışına sunulmağa başladı. Söz yox, mən də istəmərəm, Asif Atanın da gedişi hardasa qırılsın, ondan yüz il, min il sonra kimsə yenidən gəlib yeni bir şey başlasın. Biz həmişə yenidən başlamışıq, davam eləyə bilməmişik dəyərlərimizi. Üzü Zərdüştdən bu yana düşünməli olsaq, bunu görərik. Yiyəlik eləmədiyimizə görə hər şeyimiz ya dəyişdirilir (təhrif olunur), ya da sıradan çıxır. İndi vay o gündən ki, Asif Atanın Ocağı da həmin taleni yaşaya. Bu xalq hər şeyi təkrar-təkrar sıfır nöqtəsindən başlamalı deyil ki. Tam sıfır nöqtəsindən olmasa da, hardasa ona yaxın bir dönəmdən. Bunların olmaması üçün dəyərlərimizi xalqa verməliyik, xalqa tanıtmalıyıq, ancaq zorla yox, anladaraq, öyrədərək, sevdirərək. Bu xalq onu qəbul eləyərsə, onda bizim də sorunumuz olmaz, bizdən sonra da ara verməz, davam eliyər. Biz buna çalışırıq.
İnamlı Atalı(Ataya səcdə edib, Bayrağı öpür – G.A): Mən də Ocaqçı bacı-qardaşlarımızı İnsanilik bayramı münasibətilə qutlayıram, hamınıza can sağlığı, uğurlar arzulayıram. Elə ciddi hazırlığım olmasa da, biz bu Yoldayıq, bu ideyanın içindəyik. Gündəlik düşüncələrimiz Mütləqə İnamla bağlı olur.
Ümumiyyətlə Mütləqə İnam dünyabaxışı, onun xalqda yayılması ilə bağlı düşünürəm ki, Mütləqə İnamı həyat tərzində görmək istəyən insan gərək dünyanın mənalı olduğuna, insanın ruhani varlıq olduğuna inansın. Bu iki prinsipi mən özüm üçün əsas tuturam. Ardıcıl olmasa da ara-sıra xalqlaşma əməlim olur. Bunları deyirəm.
Bu gün insanlar çox ağır bir durum içindədirlər. Bütün zamanlarda insan elə bu durumda olub. Bu gün inandırmaq yolu ilə insanları dünyabaxışa cəlb eləmək çətin olur. Çünkü sadə kütlə özünü əzilmiş, ziyan görmüş sayır. Ona görə onlar azadlıqdan çox qisas ruhu ilə düşünürlər. Bu hal toplumun həqiqətləri anlamasına çox mane olur. Bununla belə, bu cür ideyaları sadə insanların arasında demək daha uğurludur. Bizə qədər bütün baxışlar topluma zorakılıqla gəlib. Ona görə insanın qurtuluşu yetirilməyib…
Bayramımız qutlu olsun.
Atamız Var olsun!
Soylu Atalı: Biz bir şeyi ciddi əsaslandırmağı bacarmalıyıq. O şey ki, əslində həm İnsanlığın, həm də milliliyin birbaşa formalaşmasını təmin eləyən məsələdir. O nədir?! – Ailələr niyə alınmır?! Ata bəşəriyyət səviyyəsində götürərək deyir, ailə janrı, nə yazıqlar ki, hələ özünü doğrultmur. Bunun özünü doğrultmamağının birinci nədəni insanın özünüdərk prosesindən qıraqda qalmasıdır. Mən o məsələni genişləndirmədən demək istədiyim bir məntiqin üzərinə gəlmək istəyirəm. Ailələr uşağın tərbiyəsi ilə düzgün davranmır. Uşaqları, körpə yaşlarından başlayaraq, hansısa doktrina, hansısa dünyagörüş üçün yetişdirirlər, əyri ya düz. Xristiandırsa, uşağın dili söz tutandan başlayır onu xristianlıq üçün yetişdirməyə. Müsəlmandırsa, müsəlmanlıq üçün yetişdirməyə. Deyək ki, heç dini dünyagörüş deyil, başqa doktorinalar olsun, uşağı ona yetişdirirlər. Ancaq heç kim fərqinə varmır ki, görəsən bu uşağın içində buna meyl, həvəs, istək var, ya yox. Sabah bunun taleyi mənim yönləndirməyimlə necə olacaq, uğurlu olacaq, uğursuz olacaq, alınacaq, alınmayacaq. Mənim ixtisasımı atam seçmişdi. Məni inşaat mühəndisi görmək istəyirdi, çünkü bu ixtisasda qazanc vardı, dolanışıq vardı. Günlərin bir günü gəlib Asif Atanı tapdım, inşaat mühəndisliyi-filan da getdi öz işinin dalınca. Atam qohumların yanında acı-acı deyirdi, mənim etimadımı doğrultmadı, gedib vecsiz adamlara qoşuldu-filan. Baxın, mənim atam öz arzularına, istəklərinə uyğun davrandı, mənim isə içim oyanandan sonra başqa səmtə getdim. Atam, hamı öz övladına baxan kimi, mənə mexanizm kimi baxmışdı, mövcud gələnəklərə uyğun davranmışdı. Mən gələnəklərdən qırağa çıxdım, bu ona pis gəldi.
Uşağı yönləndirmək olar,ancaq öz istəklərinə tabe eləmək olmaz. Uşağı tərbiyə eləmək, yaxşı şeylərə, pozitiv şeylərə yönləndirmək bir yerə qədərdi. Yaşı çatanda, ağlı böyüyəndə seçimini özü eləməlidir. Bu gün bizim ən böyük sonunlarımızdan biri odur. Bu gün biz Azərbaycan insanlarının arasından Asif Ataya Evlad gətirə bilmirik. Bu da onun bir nədənidir. Yəni ailə onu qəlibə salıb. Onu başqa doktrinalar, başqa baxışlar üçün yetişdirib. Bizim üçün necə deyərlər, xammal saxlamırlar. Biz dişlə, dırnaqla bu xammalı əldə eləməliyik. Tapmalıyıq, min adamın içinə çıxmalıyıq ki, bir adam tapa bilək.
İlahə Ucaruh: Ona görə mən deyirəm xammalı evimizdən tapmalıyıq, evimizdən başlamalıyıq.
Soylu Atalı: Elə evimizdəkini də deyirəm. Evimizdəkini də istəmirəm, körpə yaşından basqı göstərib, Asif Atanın çətinliyinə salasan. Bəri başdan, düşünməyə başlayacaq yaşa qədər uşağın beynini öz istəklərimizlə yükləməli deyilik. Öz istəklərimizlə yükləsək, sabah onun fərqli istəyi yaransa, sənin vermək istədiklərini atacaq. Bizim istəklərimizə heç cavab verməyəcək. Biz uşağı sadəcə pozitiv yönləndirə bilərik ki, gedib axmaq işlərə qoşulmasın. Ancaq nələrləsə onu bəri başdan yükləmək doğru deyil. Biz onu Asif Ata ilə yükləməli deyilik, biz ona Asif Ata ilə yaşadığımız ömrü göstərməliyik. O zaman uşağın beyininə, mənliyinə yansıyacaq bizim yaşantımız. Atası, anası hələlik onun idealıdır, başqa idealı tanımır. Uşaq öz idealında (ata-anada) nə görürsə, onunla formalaşa bilər. Pis formalaşdırırsan çətin olur, sonra başlamalısan sıfır nöqtəsindən, bu uşaq imtina eləməlidir, neyləməlidir. Bu asan deyil. Ona görə biz yolu, ölçünü düzgün bəlirləməliyik, düzgün yönləndirməliyik ki, xalqın içində ölçü yaransın. Biz bilirik, hamı kamil insan olmayacaq. Ancaq kamil insanlar yetişməlidir ki, xalqın içində vahid, bütöv bir ölçü olsun. Bütün məsələ odur.
Biz ailələrlə uşağa münasibətdə doğru yön seçmirik. Bəri başdan uşağın beyinini ya Asif Ata ilə, ya müsəlmanlıqla, xristianlıqla, fərqi yoxdur, yükləyirik, doldururuq, düşünməyə yer saxlamırıq. Onun beynində bir ağ yer saxlamırıq ki, sabah onun özü də bir qatqı göstərsin, bir düşüncəsi olsun. Biz ailənin özülünü bəlkə də elə buradan uçururuq. Ona görə ailə janrı alınmır. Uşağa özgürlük vermək gərəkdir, yenə deyirəm, uşağı pozitiv yönləndirməklə, düşüncəsinə ömrümüzlə yön verməklə. Sözümüzü beyninə doldurub yükləməklə yox. Hər şeyi arzularla doldurmaq doğru deyil. Arzuları qırağa qoymaq gərəkdir. Sınırsız arzularla yaşamaq olmaz, arzu maneədir. Bütün arzuları gerçəkləşdirə bilməzsən. Çox az arzular var ki, sənin hədəfindir. Yerdə qalanlar maneədir. Biz arzularla özümüzü o qədər yükləyirik, düşüncə adamı ola bilirik. Mənasız arzularla yüklənib altında qırılırıq, tükənirik, gərəkənləri gerçəkləşdirə bilmirik. Tükənməz arzular ömrün qurulmasına əngəl olur. Özəllikcə həyati arzular, özəllikcə sosial arzular, özəllikcə bioloji arzular. Dediyim kimi, adam idealı tanımağa cəhd eləməlidir, idealı tanımağı arzulamalı deyil. Baxın biz nə edirik, insan özünün durumundan (ya bilərəkdən ya bilməyərəkdən) razı deyil. İnsan yaxşı olmaq istəyir, ancaq ola bilmir. Niyə?! –Çünkü yaxşı olmağın yolunda əngəllər var, onu tanımır. Yaxşı olmaq üçün öncə yaxşılığa əngəl olan nələr varsa, onu tanımalısan. İçində eybəcərlik var, kin-küdurət var, xudbinlik var, xainlik, maddiyyatsevərlik, şöhrətsevərlik var. Bunların hamısı insan olmağa əngəl olur. Bunların heç birini tanımırsan, özünü gizləyirsən, aldadırsan. Özünlə üz-üzə oturub demirsən bu var, o var. Ancaq yaxşı olmaq istəyirsən. Sonucda sadəcə arzuladığın kimi görünməyə çalışırsan. Yaxşılığı təqlid edirsən, yamsılayırsan, göstərirsən, Olmursan. Ömür dəyişmir, yamsılamalarla xarakter formalaşır. Qıraqdan baxanda tərbiyəli görsənirsən. Ancaq ömür dəyişmədiyi üçün, bu tərbiyə özündə pislik imkanı daşıyır. Biz kiminsə xoşuna gəlmək üçün filan addımı dala qoyuruq, birdən bizi sevməzlər. Bu hesablama çox pis bir şeydir. Günlərin bir günü imkanda gizlənən pisliklər üzə çıxacaq, ayağından tutub özünə doğru dartacaq.
Baxın, bütün məsələ odur ki, biz özümüzü tanımadan, idealı tanımadan nəsə olmağa dartınırıq. Sonucda ola bilmirik, çünkü içimizdə maneələr var, maneələri tanımırıq, qırağa qoymuruq. Olduğumuz kimi görünmürük, olmaq istədiyimiz kimi görünürük. Bu yaşamaq deyil, bu yamsılamaqdır. Hamı danışanda elə danışır, sanki yerin-göyün ədaləti, gözəllikləri bundadır. Həqiqətdə isə içini gizləyir, özü ilə üz-üzə oturmur. Özünü özündən gizləyən adamdan nə gözləyə bilərsən?! Asif Atanın fəlsəfəsinin dediyi odur ki, özünü tanı, içində sənə əngəl olan nə varsa hamısını tanı, onlardan qurtul. Onda görəcəksən hər şey necə yaxşı olur. Sən yaxşı görünməyə zorlanma, sadəcə pislikləri eləmə. Biz onu eləmirik. Övladlarımıza da yaxşı görünmək, yamsılamaq aşılayırıq. Sonucda toplumsal anarxiya yaranır. Bu gün gördüyümüz həyat oluşur.
Biz də Ocaq olaraq, yaxşı danışmaq, yaxşı görünmək yerinə içimizdə qurulmağı öyrənirik. Ata niyə deyir etiraf, etiraf, özüylə döyüş…Biz Tolstoyu müzakirə etmişik dəfələrlə. Tolstoyun böyüklüyünü nə yaratdı, – etiraf, özünütanıma. Etiraflar eləməklə, özünü tanımaqla gəlib dünya mənəviyyatına dərs deyən öyrətmənlərdən biri oldu. Bu məsələ bizim üçün olduqca önəmlidir.
Əgər biz Atanın dediyi kimi yaşasaq, ömrümüz bizdən sonra da Ocağı qırılmağa qoymayacaq. Mən bilirəm nə deyirəm, bilirəm çox çətindir. Bu gün biz də sosial sorunların, ayrı-ayrı basqıların altında yaşayırıq. Ancaq ayrı yol yoxdur. Atanın dediyi yol budur. Atanın dediyinə başqa don geyindirə bilmərik, yox Ata bunu da deyib, onu da deyib, bunlar Ocağın zərərinə olan çabalardır. Atanın fəlsəfəsi mənim dediyim kimidir. Sevə-sevə, öyrənə-öyrənə, anlaya-anlaya oluşmaq. Ruhani mənada sarsıla-sarsıla böyümək. Bizim sarsıntılarımız mənəvi oluşumumuzun sarsıntısı deyil ki. İçimizdəki balacalıqların sarsılmasıdır. Biz hansısa anda sarsılırıqsa, deməli, içimizdəki cılızlıq sarsılır. Cılızlığı sarsıtmaqdan qorxmamalıyıq, geri durmamalıyıq. Yol, yön budur. Ona görə yaşasın Ata! Bayramımız Qutlu olsun, var olun!
Bayram quralları yerinə yetirilir.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə İnsanilik Bayramı sona çatır.
Günəş Ayı, 46-cı il.