Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
Qutsal “İnsanilik” Bayramında deyilmiş fikirlər
Ocaq Günsırası ilə 15 Günəş Ayı, 38-ci ildə (mart, 2016) Qutsal “İnsanilik” Bayramı keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözünə başladı: Qutsal “İnsanilik” Bayramımız qutlu olsun! Bu gün biz İnsanilik bayrağı altında İnsanlığın bayramını keçiririk və üzümüzü insanlarımıza, soydaşlarımıza, Ocaqdaşlaırmıza tutub onları qutlayırıq. Əslində İnsanilik münasibətilə qutlamalarımız bizim üçün sadəcə bir təntənəli günün ifadəsi demək deyil. Bu, gələcəyi nişan verən, gələcəkdə bizim ulusal taleyimizi bəlirləyən və bunu özümüzə göstərən bir gündür. Bu gündə söz deməzdən öncə Ataya səcdə qılıb bayrağımızı öpürəm.
Bayramımız iki hissədən ibarət olacaq. Birinci hissədə bayramın anlamına uyğun söz deyəcəyik. İkinci isə bədii hissə olacaq. Bədii hissədə saz-söz sevgisi, eləcə də süfrə doğmalığı yaşanacaq. Biz Ocaq olaraq bayramlarımızı sizinlə belə bir yerdə keçiririk – ziyalı bir ailənin – Güntayın ailəsinin evində. Ayrı-ayrı çağlarda biz bayramlarımızı təbiət qoynunda da eləmişik.
İndi istəyirik bayramın anlamını özümüzə və bizi dinləyənlərə deyək. Eyni halda, təbii ki, fikir ağırlığını cilalamaq üçün saza, sözə də üz tutaq. Belə bir zənginlik, gələcəkdə, bir az da genişlənəcək.
Biz İnsanlığı bayram edirik, ancaq bu odadan qıraqda bütöv bəşəriyyət insanlığı tapdalamaqla məşğuldur.
Türkiyədə baş verən olaylar hər birimizin içində ağrılar yaradır. Bu, birinci olay deyil, dalbadal olan olaylardır dayanmır. Ona görə hüzür durumu elan eləmədim. Bu gün Türkiyədə də, dünyanın hər yerində də qanlar-qadalar insanlığı ayaqlayır. Bir daha deyirəm, biz isə burada insanlığın anlamını öyrənməklə uğraşırıq.
Asif Ata deyirdi ki, bəşəriyyət dairələr içinə düşüb. Bu dairələrin içindən onu çıxara biləcək qüdrətli ideya gərəkdir. Bəşər kapitalizm-sosializm dairəsinə düşüb. Bu dairədən çıxa bilmir. Sovet dövründə ən çox marksizm adlı ehkamın basqısı altındaydıq. O çağlar Asif Ata çalışırdı marksizmin içini açsın və ifşa eləsin. İnsanların ağlında marksizm deyilən bir ehkamın anlamını bütünlüklə bəlirləsin.
Deyirdi ki, bəşəriyyət bu dairənin içindədir. O çağ biz sosializmin içində yaşayırdıq, bizə elə gəlirdi ki, elə sosializmin içində də yaşayacağıq, mübarizəmiz də sosializmə qarşı olmalıdır. Ancaq üzdə sosializm dağıldı. Bizə elə gəldi ki, indi artıq kapitalizmlə döyüşməyə çağırmalıyıq. Əslində elə deyil. Sosializm üzdə dağılıb, ancaq sosializm qorxusu aradan qalxmayıb. Nə qədər ki, insan özgürlüyü təsdiqini tapmayıb, bəşəriyyət bu dairələrin içindən heç yana çıxa bilməyəcək. Bu gün də bütün diqqətimizi vermişik, kapitalizmin gətirdiyi fəsadları ifşa eləməyə.
Vaqif Ucatayın bir rəsmi var, Xocalı soyqırımı ilə bağlıdır. Körpə uşağın qarnına saplanan xəncər. Bu xəncər Kremlin əliylə saplanıb. O şəkil haqqında mənə demişdilər ki, daha sosializm yoxdur, Kreml yoxdur, bu nəyə gərəkdir. Dedim, yanılırsınız. Sosializm də var, Kreml də var, aradan qalxmayıb.
İkinci, Asif Ata deyirdi din və ateizm dairəsindən çıxa bilmir bəşəriyyət. Bu gün həm kütlə sürəkli şəkildə dinə qayıdır, həm də bəlli bir zümrə sürəkli şəkildə dini ifşa edir. Ancaq dinə gələnlə dinə qarşı gələn bir-birini nə üçün döyür, qınayır, nə üçün bir-biriylə mübarizə aparır? Axı dinlə ateizmin topluma mənfi etki göstərmək baxımından başlıca fərqi yoxdur. Əgər din inam yalanıdırsa, ateizm də inamsızlıq yalanıdır. Hər ikisinin özülündə yalan durur. Ona görə də insanlar özlərini aldadırlar. Dinçidirlər, ya dinçi deyillər. Bunu əqidə sayırlar. Bu, əqidə deyil. Bəzən görürsən ki, siyasi çevrələrdə də insanlar özlərini əqidə insanı sayırlar. Əqidə məsələsi çox prinsipial məsələdir. Əqidəli olmaq da çox prinsipial məsələdir. Əqidə insanı bəlli bir nöqtəyə aparıb çıxarır. Ciddi, əsaslı bir hədəfə aparıb çıxarır. Əgər ağlında, şüurunda, düşüncəndə, gözlərinin axarında o hədəf yoxdursa, əqidə də yoxdur. Ona görə din əqidə ola bilmədi. Nə də ateizm əqidə ola bilmədi.
Reallıq başqa şeydir deyirlər, bizi bütünlüklə gerçəkliyə bağlamaq və gerçəklikdə bizi tamamilə təbiət qanunlarına qaytarmaq hədəfi var. İnsan yaratdığı cəmiyyət qanunları ilə ədaləti bərpa edə bilmədi. Ona görə də sürəkli olaraq təbiət qanunlarına üz tutur.
Evlərdə heyvan bəsləyirlər. Analıqla məşğul olmalı olan qadınlar heyvanları evlərində bəsləyirlər, süd hazırlayıb verirlər ona. Bu, çox ciddi bir dalğadır, insanı heyvana qaytarırlar. İnsanın qədrini bilmir, ancaq eşşəyin balasının qədrini yaxşı bilir. Bu, heyvana qayıdışdır. Heyvana qayıdışın qarşısına sipər çəkən yoxdur, dirəniş yoxdur. Din ona dirəniş göstərə bilmir. Ateizm ona dirəniş göstərə bilmir. Kapitalizm toplumu ona alışdırır, bu gedişi körükləyir. Sosializm ona dirəniş göstərə bilmir. Ona görə Asif Ata “düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq” dedi.
Hələ də bizi qrup sayanlar var. Ayrı-ayrı yoldaşlar bəzən məndən soruşur ki, qrupunuz necədir. Bizim sayımız qrup sayı ola bilər, ancaq biz qrup deyilik. Biz bəşəriyyətə yeni İnam gətirmişik. Bəşəriyyətə yeni nəfəs gəlib. Ona görə Asif Atanın ideyalarını əsas götürüb onunla qürur duymaq, fəxr eləmək gərəkdir. Asif Atanın dediyiylə qürur duymayan Azərbaycanlı Azərbaycanın nə bugününü dərk edir, nə gələcəyini. Bunu mən təkcə bu otaqda demirəm, bütün yazılarımda vurğu edirəm. Mətbuatda deyirəm. Asif Atayla qürur duymayan Azərbaycanlı Azərbaycanın nə demək olduğunu bilmir.
Bu gün bəşəriyyəti həm heyvanat aləminə qaytarırlar, həm də bundan istifadə edib onun sayını azaltmağa çalışırlar. Qırırlar, məhv edirlər. Guya planetin qədrini bilirlər. Planetin gücü çatmayacaq insanları yedirtməyə, daşımağa.
Yalan söhbətdir! Təbiətin bu dərəcədə işinə qarışmaq Tanrısal məsələləri ayaqlamaqdır. Bu, Tanrısal məsələdir. Onu ayaqlamaq planeti məhv eləməkdir. Onu düşünüb də planeti məhv edirlər. Təbiət özü bilər, sabah o, necə nizamlayacaq. Təbiəti 7 milyarda yükləmə, 700 milyarda yüklə. Əgər təbiət o yükü götürə bilməyəcəksə, dözməyəcəksə təbii dağıntılarla insanların sayını azaldacaq. Qoy təbiət azaltsın. Sən kimsən qırğın silahlarıyla insanların sayını azaldırsan. Adını da qoyursan ki, planeti qoruyursan. Belə bir eybəcər aqibət hazırlayırlar.
Buradan nə hasil olur? Guya bizim insanlarımız din ehkamlarını qəbul etmirlər. Ən yaxşılarıyla belə söhbətdə görürəm ki, onun içində dinin etkisi aradan qalxmayıb. Dinə qarşı olan bir tanışımız mənə deyir ki, bəşəriyyətə elə bir aqibət hazırlayıblar ki, onsuz da bu, üzüaşağı gedir. Deyirəm, bu psixologiya hardandır səndə? Bunu sənə din deyib, bu şüuru din verib. Bu, fatalizmdir, qismətçilikdir. Sənin alnına tale yazıblar. Ömrünə proqram yazıblar. İndi sən həmin proqramı Allahın əlindən alıb yerdəki güclərə tapşırırsan. Nə fərqi var ki?!
O ki deyirlər ha, masonçuluq belə getdi və s. Bu, masonların özünün təbliğatıdır. Saqqız olaraq atıblar insanların ağzına ki, qoy çeynəsinlər, qoy dünya görsün ki, masonlar yenilməzdir, ölümsüzdür, onu dağıtmaq olmaz, yalnız ona tabe olmaq olar. Bunu təbliğ edirlər məqsədyönlü şəkildə. Yeni qismətçilikdir bu. Yeni fatalizmdir bu, hazırlayıblar bəşəriyyətə. Bu təbliğatı hamı aparır. Ancaq Asif Atanın Ocağı buna qarşı dirəniş göstərir. Cəfəng olduğunu dönə-dönə sübut edir. İnsana tale cızmaq cəfəngiyyatdır deyir. İnsanın taleyini əlindən almaq olmaz. Nə qədər ki, insanın taleyini əlindən alırlar, insan da buna biganə qalır, təbii ki, biz ehkamlardan çıxa bilməyəcəyik.
Mən çağırıram, çoxları elə bilir ki, mənim deyəcəklərimi bilir. Ancaq bilmir. Qulağı eşitdiyini belə dərk eləmir. Qulağı eşidib, elə bilir ki, bilir. O vaxt biləcəksən ki, sənin içində dinin etkisi olmasın.
Bütün dünya insanla oyun oynayır. Ancaq biz deyirik ki, yaxamızı almışıq dünyanın əlindən. Gecəmizi, gündüzümüzü buna qatmışıq. O, bizim içimizin azadlığından irəli gəlir. Biz Ocaq olaraq şərdən azad olmasaq, bu dərəcədə güclü olmazdıq. Dünyada sizin də eşitdikləriniz, bildikləriniz, bizim də bildiklərimiz nə qədər yaradıcı insanlar olub. Çalışıblar insanlıq uğrunda. İnsanlıq uğrunda çalışıblar, ancaq sonuc əldə edə bilməyiblər. Çünkü insanlıqla bağlı sonuc əldə eləmək ədib məsələsi deyil, incəsənət məsələsi deyil. Bu, Tanrısal məsələdir. Asif Ata ona görə Ocaq yaratdı. Asif Ata ona görə peyğəmbərlik edir. O, bəşəriyyətə xilas yolunu filosofluqla gətirə bilməzdi. Filosofluq gözəldir, yüksəkdir, ancaq azdır. Peyğəmbər harayı gərəkdir burda. Peyğəmbər ideyası gərəkdir. Təkcə gözün uzantılarına qədər baxmaq olmaz məsələlərə. Ruhun gözüylə, İçin gözüylə baxmaq gərəkdir. Onda insanın düşdüyü fəlakətin də dərinliyi aydın görünəcək, insanın xilasının işıqlı üfqləri də aydın görünəcək. Nə qədər ki, bu yoxdur, biz sadəcə qaranlıq boşluğuna baxan kimi görəcəyik toplumumuzu. Hamısı qaranlıq boşluğuna baxan kimi baxır.
Deyirlər ki, Asif Ataya niyə peyğəmbər deyirsiniz. Deyirlər ki, yeni din nəyə gərəkdir? (Yeni din deyirlər bizim İnamımıza.) İndi dünya ayrı bir məcraya yönəlib axı. İndi tamam başqa mənalar gərəkdir. Tamam başqa gerçəkliklər var.
Biz isə deyirik, tamam başqa deyil. Min il də ötəcək, elm ən yüksək pilləyə ayaq qoyacaq. Ancaq yenə də Tanrısal sistemin ehtiyacını ödəyə bilməyəcək. İnsanın içində qutsallığa ehtiyac var. Qutsallığı yalnız o sistem verir, o ödəyir. Elmi uğurların heç biri onu ödəmir. Elm deyə bilməz axı “İnsan içində Mütləq gəzdirən ruhani varlıqdır”…
Belə bir gündə ki, biz sizə zəhmət verib bura toplamışıq, çağırmışıq, siz də bizim xahişimizi yerə salmayıb gəlmisiniz, sağ olun. Məsələnin mahiyyətini bir yerdə anlamağımız gərəkdir. Biz bilirik Asif Atanın ideyası artıq nədir, yüz il onun dalıyca getməliyik. Getməsək, Məhəmmədə qalib gələ bilməyəcəksən. Getməsək, Batı dünyasının basqısına qalib gələ bilməyəcəksən. İçimiz bütövləşməlidir. Mən 26 ildir Asif Atanı araşdırıram, öyrənirəm, hələ də öyrənib qurtara bilmirəm. Çünkü Asif Ata insanlığın mahiyyəti qədər zəngindir. Çünkü onun İnamının adı İnsanilikdir. O bizə deyir ki, məni eşitməsəniz, onda aydın gələcək gözləməyin. Asif Atanın bütün çağırışları onu deyir. Asif Atanı eşitməyimiz gərəkdir. Onun dalınca getməyimiz gərəkdir. Onun bir daşını qaldırıb o biri daşının üstünə qoymağımız gərəkdir. Bu gün biz bu evdə, bu ailədə toplaşmışıq. Bu ev Asif Atanın tələblərinə, istəklərinə uyğun bir evdir. Ziyalı bir evdir. Bir həftədir ailə Asif Atanın İnsanilik bayramına hazırlaşır. Dünyada nə baş verir versin, mənim üçün bundan böyük qutsallıq yoxdur. İnsan öz içinə, öz içindəki ideya qüdrətinə dayanıb gələcəyə boylanır. Bundan böyük həqiqət ola bilməz. Artıq neçənci olaydır ki, biz bu evin araçılığıyla həyata keçiririk. Tofiq bəyin anası ölmüşdü. Biz burdan onların köyünə getdik – Ucara. Tofiq bəy orada ortam yaratdı, toplumun içərisində Ocaq quralıyla söz dedik, yas törəni keçirdik.
Asif Atanın 80 illiyini keçirdik burda. Necə də hazırlamışdılar, hazırlaşmışdılar ona. Eləcə də bu gün. Bu, Asif Atanın evlərimizə gəlişidir, evlərimizin işığına çevrilməsidir. Asif Ata deyirdi ki, ağac-ağac, fərd-fərd, hal-hal, ev-ev işıqlanacağıq, işıqlandıracağıq. Bu odur. Sizin hər birinizi Asif Atanın yüksək çağırışıyla – “İnsanlaşın, insanlaşdırın, bəşərin nicatı insanlaşmaqdadır!” çağırışıyla bir daha qutlayıram, İnsanilik bayramımız qutlu olsun. Hamınızın gözləriniz işıqlı, ürəyiniz qüdrətli olsun. Asif Ataya olan yanaşmanız, sevginiz, bağlılığınız davamlı olsun. Millətimizin, insanımızın gələcəyinə mayak olsun.
Aşıq İlqar sazda Urfan havası çalır.
Günev Atalı (Ataya səcdə edib Bayrağı öpür): Göründüyü kimi, bu bayram həm məzmun, həm də biçimcə nə qədər fərqlənir. Burda fikir verirəm, hər kəs sevincini üzə çıxarıb üzündə ifadə eləməkdən çox, öz içinə yenir. Dərinliklərə baş vurur. Bu dərinlikdə özünün illərlə həsrətində olduğu özüylə rastlaşır. Ən böyük sevincdir. Heyrətə layiq bir sevincdir. Heyrətə layiq haldır ki, insanın gözlərinə riqqət gəlir, yaşarır. Sevinc yaşlarıdır bu. Tofiq bəy burada bir cümlə işlətdi. Xanımı haqqında dedi ki, mən nəyə nail olmuşamsa, onun sayəsində nail olmuşam. Alqışlayıram mən bu sözü. O qədər sevindim ki, mənə ikiqat bayram əhvalı gətirir. Evdə, ailədə bu haldan gözəl nə var? Bir mağarada yaşayarsan, ancaq cənnət olar ora.
İnsanilik bayramı münasibətilə hər birinizi qutlayıram.
Tarixə üz tuturam, insanilik yönündə düşüncə yiyələrinin apardığı çabalar niyə sonucsuz qaldı? Əşrəf dedilər insana, insan üçün çalışdılar, vuruşdular, peyğəmbərlik gəldi Zərdüştün timsalında. Dünya əbədi xeyirlə şərin mübarizəsində, yerdə, göydə, insanın içsəl aləmində bu qədər vuruşlar, döyüşlər. Hürufilər gəldi, sufilər gəldi, Avropa filosofları gəldi, əziyyət çəkdilər, niyə sonucsuz qaldı? Niyə bir nəfərin gərəksiz iddiasıyla 70 milyon insan qırıldı “İkinci Dünya savaşı”nda? Tarix xəcalət çəkdi. Hələ onun 20 milyonunu gizləyirdilər. Bir quru iddiaya 70 milyon. Bu idi insanın gəldiyi yol. Qilyotinalar, krematoriyalar, bir gündə 50 milyon insanın başının divara hörülməsi. Hərəmxana eybəcərliyi, savaşlar, qanlar, qadalar. Bəşərin gəldiyi, keşdiyi yol utanc gətirdi bəşərə. Bütün bunları gənc Asif öz içində duya bildi. Onları öz dərdinə çevirə bildi. O, dərdlərə əlac axtarmalıydı. Axtardı və gerçəkləşdirdi bizim üçün o dərdin səbəblərini.
Baxmayaraq ki, insan Allahdır deyirdi hürufilər. Tarixdə ondan yüksək söz deyilməyib. Bəs niyə sonucsuz qaldı? Cismən onları məhv edirdilər, ancaq ideya ölməzdi. Yarımçıqlıq var idi. Onu axtarıb tapmaq gərək idi. İnsana böyük dedilər, ancaq İnsanlığa aparan yolun doğru ölçüsünü göstərə bilmədilər. İnsan içinə enməyənə qədər, özünü tanımayana qədər, özüylə döyüşməyənə qədər təsdiq edə bilməyəcək. Asif Atanın dediyi yol bu yoldur.
Burda biz öz kimliyimizi dərk edirik. Nəinki təkcə Ocaqçılar, insansevərlər. Bəşəri məzmunda bəlli qədər düşüncəsi olan hər bir kəs ayaq saxlayır. Sözü başa düşməsə də, çağırışlardakı titrəyişi anlayır. Çünkü adı insandır. Çünkü dərin qatlarında insanlıq var. Onu üzə çıxartmaq gərəkdir. Bu nə qədər əziyyət tələb eləsə də. İnsanın ağlında mərhəmətçilik duyğusunun oturması üçün 4 yüzil gərək oldu. Ancaq usanmadılar, gətirdilər, o, tarixin bir örnəyidir.
Biz tarixdəki İnsanlıq uğrunda gedən burulğanlı döyüşləri bildiyimizdən Asif Ata Ocağına inamımız hədsizdir. Sizi necə görürəmsə, o dərəcədə inanıram. Bunsuz bəşərin gələcəyi yoxdur. Bunun həyata keçməsi qaçılmazdır. Baxmayaraq ki, bu fikirlər yadlaşıb ona.
Bu gün Hindistanda iki itə toy elədilər. Belə bir səhnənin şahidi olmuşam. İnsan hara gəlib çıxıb? Özü də Hind ruhu.
Dünyada məşhur Notrdam kilsəsi Janna Dark’ın şərəfini ayaqlayandan sonra onu yandırdı. Hələ görünməyib ki, insanı elə-beləcə öldürsünlər. Həmişə böyük, duru düşüncə sahiblərini, içindən nida oyananları öldürürlər, asırlar, kəsirlər. Bu, nədəndir? – Dünyabaxışların boşluğu ona imkan verirdi. Xristianlıq tutalqa verirdi Cordano Bruno tonqalda yandırılsın. Əlində “Quran” olan Teymur, 50 min başı divara hörmək üçün İslam ona tutalqa verirdi. Asif Ata bu boşluqları aradan qaldırır, insana yeni düşüncə gətirir. Ona görə İnsanlığın bayram olunduğu bu gün qutsal bir gündür. Atamız Var olsun!
Ağşın Ağkəmərli: Mənim üçün bu gün ikiqat bayramdır. Bayramınızı təbrik edirəm. Dostlarla görüşəndə onların səmimi ürək sözlərini eşitmək, dinləmək bayramdır. Bu söhbətlər elə-belə deyil, milli düşüncələrdir. Milli taleyimizi düşünəndə keçilən tarixi yol gözümüzün qabağına gəlir. Zərdüştlükdə xeyir-şər, Hürufilikdə kamil insan-cahil insan, sufilikdə saflaşma bir yoldur. Ancaq yol tam olaraq gərək insana qurtuluş gətirsin. Bunların bəlli xətti artıq keçmişə bağlı olub, bizim gələcəyimizi oluşduran isə Asif Atanın 6 ideyasıdır. Bu düşüncənin, bu ideyanın özülündə insanlıq məsələsi var. Eyni halda, Asif Atanın fikrində, ideyasında milli kimliyimiz durur. Bu gün millətimiz neçə-neçə yerlərə bölünüb – istər fikir cəhətdən, istər ərazi cəhətdən parçalanmağımız Asif Atanın ideyasında öz həllini tapır. Asif Atanın düşüncəsi əsasında Uluyurd Hərəkatı ideyası bizi bütünləşdirən bir mübarizə yoludur. Bu yol bizi millətləşməyə aparır. Millətləşməməyin sonucudur ki, Türkiyədə də, Türk Dünyasında da ağır fəlakətlər yaşanır və bu hallar gələcəkdə də gözlənilir.
Bu gün Azərbaycanda baş verən olayların nədəni həm də bizim özümüzə bağlıdır. Bunlardan çıxış yolu millətləşməkdədir. Bu da Asif Atanın göstərdiyi səviyyədə mümkündür. Bu gün bu yolu biz getməsək, millət kimi formalaşmasaq, həm düşüncədə, həm də ərazidə yenə parçalana bilərik. Diqqətinizə görə minnətdaram.
Asif Ozan: Bu gün hamımız üçün əziz gündür. Əziz günün mahiyyəti ondan ibarətdir ki, bizim ovqatımız, ruhumuz bütövlükdə özümlüyümüzə köklənir. Bu bayramı keçirmək üçün əziyyətə qatlaşan Güntay bəyə və onun atası Tofiq bəyə, ailəsinə təşəkkür edirəm. Bu ailənin içərisində nə qədər milli qutsallıq var ki, bayramın bu evdə keçirilməsini istəyiblər.
Elə durum olur ki, orda mən özümü dünyanın ən bəxtəvər millətinin, qüdrətli millətinin övladı hesab edirəm. İndiki halda da həmin ovqatı yaşayıram. Bu, sadəcə mənim sentimental duyğularıma söykənən məsələ deyil, bu mənim gerçəkliyə söykənən düşüncəmdən doğur. Bu gün biz Asif Atanın, Ocaq fəlsəfəsinin mənəvi sütunlarından bir olan İnsanlıq ideyasına xas bir bayramı keçiririk. Çox maraqlıdır ki, bu gün yurdçuluq bayramı yox, Azərbaycançılıq, türkçülük bayramı yox, İnsanlıq bayramına toplaşmışıq. Görəsən dünyada ikinci bir millət varmı ki, 21-ci yüzildə dünyanın belə bir qarışıq dövründə bütöv bəşəriyyətin, insanlığın xilasını düşünsün, bunu da bayram kimi qeyd eləsin. Bu bayramın təsis olunması, yaranması məhz Azərbaycan xalqının yetişdirdiyi bir insanın ruhundan, düşüncəsindən, idrakından süzülüb gəlirsə, bu gün onun ardıcılları bu bayramı sevə-sevə yaşadırlarsa, deməli, bu xalq mənəvi cəhətdən qüdrətli xalqdır. Bu millət mənəvi cəhətdən yenilməz millətdir.
Bu İnsanlıq bayramının kökünü Azərbaycan düşünəri bir insan qoyubdur. Bu gün bu düşüncəni daşıyan, onu sevən, ona yandaş olan insanlar da burdadır və mən əminəm ki, Azərbaycanda yüzlərlə, minlərlə belə insanlar tapmaq mümkündür. Ona görə ki, islam dini ortaya gələndə, Türk dünyasına ayaq açdığı dövrdə, o zaman türk ruhunun, türk düşüncəsinin ən qaynar ocaqlarından biri olan Orta Asiyada böyük ərlər meydana çıxdı. Biri Xoca Əhməd Yasəvi. O, gördü ki, islam düşüncəsinin, olduğu kimi, qəbulu türk düşüncəsinin qəlibinə uyğun gəlmir, ona görə də Yasəvi hərəkatı yaratdı. İslamı türk ruhunun qəlibinə salaraq milliləşdirdi. Onun sonucu idi ki, sonra Bəktaşilik, Yunus Əmrə, dalınca sufi cərəyanları milli yöndə insanlara yeni dəyərləri çatdırmağa başladı. Bu gün biz sufiliyə nəzər salsaq görərik ki, sufilik türk ruhunun dinə qarşı mübarizəsindən doğan bir sistemdir. Bu sistemi, bəllidir ki, kimlər yaradıb. Bu sistemin kökündə hara getsən, türk mənşəli insanlar dayanıb. Fransada “Musulmanskaya sivilisaziya” adlı bir kitab buraxılıb. Bu günə qədər türk millətinə, ruhuna, kimliyinə qarşı yanaşan bir millətin hazırladığı bir ensiklopediyada İbn Sinanın haqqında deyir ki, türk mənşəli İran məmurunun oğludur. Fərabi haqqında deyir ki, türkdür, islam düşüncəsini qədim antik yunan fəlsəfəsi ilə sintez eləmiş bir nəhəngdir.
Başqa ərlər var ki, mən onlara könül ərləri deyirəm. Bu yöndə Asif Atanın yeri bəllidir. Mən dedim ki, sevinirəm qüdrətli xalqın övladıyam, ona görə ki, ən azından bu gün dünyada kürəsəlləşmə adı altında Avropalaşdırma, Amerikalaşdırma siyasətinin ideoloji basqısının qarşısında duran bir cəbhə var. O cəbhəni bu gün yaşadan Asif Atanın yandaşları, ardıcıllarıdır.
Mən sadə bir şey deyim. Dəli Domrulu oxuyanda heyran qaldım. “Dədə Qorqud”da Dəli Domrul Əzrayılla döyüşə çıxır ömrünü uzatmaq üçün. Əzrayıl ona deyir ki, başqa bir adam sənin yerinə canını versə, sənə dəyməyəcəm. Nə atası, nə anası canını vermir. Xanımına deyir ki, Əzrayıl mənim canımı almaq istəyir, bir can vermək gərəkdir mənim yerimə. Xanımı deyir ki, mən verərəm canımı. Allahdan soraq gəlir ki, onun xanımı ki, bu qədər fədakar və sadiqdir, onların ikisinə də əbədi ömür verdim. Bu, Türk düşüncəsindən qaynaqlanan bir ailə modeli deyilmi? Bu gün biz həmin ailə modelinin daşıyıcısı deyilikmi? Hansı millətdə öz yoldaşına bu qədər sədaqət, bu qədər fədakarlıq var? Bu gün Batının məqsədi bu ailə modelini dağıtmaqdır. Çünkü hər bir xalqı məhv etmək üçün onun mədəniyyətinin bir nüvəsi var, o nüvəni yaradan dəyərlər sistemini məhv edib, o millətdə mənəvi xaos yaradırlar. O xaos içində olan insanlara, “xilas” kimi yeni modellər təklif edirlər. Bu Batı standartıdır, bu kürəsəlləşdirmə standartıdır, bu standartlar bizim milli nüvəmizin dağıdılmasına yönəlmiş standartlardır. Bu gün bu nüvənin keşiyində duran ideya, fəlsəfi düşüncə İnam fəlsəfəsidir. Ona görə mən bu İnam fəlsəfəsinin keşiyində duran, onu bütün xalqın və bütün insanlığın ideyasına, dəyərinə çevirməyə çalışan insanlara – sizlərə böyük uğur diləyirəm. Bəzən belə düşünürəm ki, mənim yerimə də siz mübarizə aparırsınız. Bu 9 milyonun, 50 milyonun əvəzinə də siz mübarizə aparırsınız. Bəlkə də dərinə gedəndə 300 milyonluq Türk Dünyasının içərisində sırf milli ruhlu mübarizə səhifəsi açan sizsiniz. Ona görə də mən həmişə bu ordunun yanında durmaq arzusundayam. Bu gün ikiqat bayramdır. İkiqat bayram münasibəti ilə təbrik edirəm, həm ilaxır çərşənbədir, həm də İnsanlıq bayramıdır. Nə qədim yunan mədəniyyətində, nə Roma mədəniyyətində, antik mədəniyyət kontekstindən baxanda, nə xristianlıq, nə iudaizm çərçivəsində, Batı fəlsəfəsi kontekstində bütün insanlığı düşünə biləcək bir ideya ortaya qoyulmayıbdır. Bütün ideyalarda tərəfkeşlik var, qərəz var, etnik kimlik var və mənsubiyyət var. Ona görə də bugünkü bayramımız ümumbəşəri bayramdır. Bu tək Azərbaycan xalqının yox, bütün insanlığın bayramıdır. Yenə də İnsanlığın xilası, bir çox ideyalar kimi, Azərbaycandan başlaya bilər. Biz bu ideyanın Azərbaycandan başlaması üçün, monolit olaq, bir olaq.
İlqar Türkoğlu: Təşəkkürlər, mənim əzizlərim, bir daha xoş gördük hamınızı. İnsanlıq bayramınız qutlu olsun. Doğrudan da, Soylu bəy öz çıxışında gözəl məqamlara toxundu. Sadəcə olaraq, ateistlərə baxışı mən tuta bilmədim ki, bunlar nə eləməlidirlər. Dindarlar, bilirik ki, nə iş görməlidirlər, bu ateistlərin uzun illər öz baxışları var, öz düşüncə tərzləri var, onların əlinin altında bu gün insanlığa söykənəcək bir ideologiya olmayıb. Məsələn, Yaponiyada əhalinin 90 faizi ateistlərdir. Bir çox ölkələrdə heç dinlə maraqlananlar yoxdur.
Bu gün 1400 ildir bəhrələndikləri kitabla, Səudiyyə Ərəbistanında alimlər yığışıb sübut elədilər ki, qadınlar da məməlilər sinfinə aid imiş. Onlara da heyvanlara verilən hüquqlar verilməlidir, yəni 1400 ildə çox gəlişiblər.
Asif bəy gözəl bir məqama toxundu. Doğrudan da, təkcə bu milad dövründə deyil, miladdan öncəki minilliklərdə də türkün dəyərləri, əxlaqı bəşəriyyətə bəlli olmuşdu. Şumer mədəniyyətini bir az da dərindən araşdırsalar görəcəklər ki, bu mədəniyyətlərin hamısı türklərə aid olub. Bir çoxlarını barbarcasına dağıdıblar, bir çoxlarını özününküləşdiriblər. Türk heç vaxt deməyib ki, bu mənə xasdır. Türkün faciəsi ondan başladı ki, o yad bir ideologiyanın əsarətində qaldı.
Asif bəy bir məqama da toxundu ki, Yasəvilik orda islamı milli formaya saldı. Türkün nəyinə gərək idi ki, yad bir ideologiyanı qəbul edib hələ onu bir çərçivəyə də sala, bu absurd bir şeydir. Sonucu da göz qabağındadır ki, türkü məhv edən, ən böyük zərbə vuran islam baxışı oldu. Bu gün Şərqi Avropadan Sakit okeana kimi böyük bir arenada olan türklər pis bir durumda qalıb. Bu bəllidir ki, hardan qaynaqlanır.
Bizim dastanlarla bağlı, təbii ki, Dədə Qorquddan tutmuş, sonrakı dastanlarımıza qədər hamısını İslamlaşdırdılar. Başladılar Dədə Qorquda namaz qıldırmağa, İslam çalarlarının hamısını onların içinə gətirməyə çalışdılar. Əslində çox bərbad bir duruma saldılar. Bu gün oxuduğumuz dastanlarımız Türkə yad bir formaya salınıb. Bu gün Novruzun özündə olan personajlara baxırsan ki, kimləri ortaya qoydular. Əlinə torba alıb dilənməyi, qaraçılığı öyrədirlər millətə. Bu milləti aşağılamaq üçün bir şeydir. Novruz tamam başqa bir şeydir. Türkün təbiətin oyanışına, torpağın oyanmasına bir yanaşmasıdır bu. Həmişə Türkə qarşı patoloji bir nifrət sərgiləyirlər. Bu da ondan irəli gəlir ki, Türk hər zaman insanlığı təbliğ edir. Qeyri-insani ideologiyalara bu sərf eləmir. Amerika da çalışır ki, Türk meydanda öz sözünü deyə bilməsin. Bu gün Türklüyün yeriməsi üçün Atanın İnsanlıq ideyası çox gərəklidir. Təkcə türk üçün yox, bəşəriyyət üçün.
Türkdə ailə qurmaq arvad almaq mənası daşımayıb. Yuva qurmaq anlamı daşıyıb, heç bir millətdə bu yoxdu. Türkü türklüyündən salmaq üçün onun qadınını atın belindən qara çadralara bürüdülər, uşaq doğmaq üçün alətə çevirdilər. Mübarizə aparan qadın birdən-birə haqsızlaşdı, əşyalaşdı. Bu çox pis bir dönəm idi.
Şairə Fərqanə Mehdiyeva bir şeir yazmışdı, “Qızları qoymayın şeir yazmağa”. Mən ona bir cavab yazmışdım. “Qızlara şans verin”.
Qızlar bir yanadır, dunya bir yana,
Bu gün gəlin köçən sabah bir ana.
Gözəllik içində böyüyən sona.
Qızlara şans verin şeir yazmağa.
Hər xoş avazını bəstə duymuşuq,
Sözünü, səsini pəstə duymuşuq.
Sevib gözümüzün üstə qoymuşuq,
Qızlara şans verin şeir yazmağa.
Atıb söz oxunu, yayla danışar,
Gecələr yatmayıb Ayla danışar,
Sabah körpəsinə layla danışar,
Qızlara şans verin şeir yazmağa.
Gedərlər, ürəklər qızınsın deyə,
Bahar gətirməyə, yaz gətirməyə.
Qəlbindı qarışar nəğmə-nəğməyə…
Qızlara şans verin şeir yazmağa.
Qoy atsınlar, çəkib dara çadranı,
Getsin cəhənnəmə, gora çadranı,
Bircə bürünməsin qara çadranı,
Qızlara şans verin şeir yazmağa.
Uzaqda tutmayın, gendə olmasın,
Başları dumanda, çəndə olmasın,
Ərəb əxlaqına bəndə olmasın,
Qızlara şans verin şeir yazmağa.
Zərif duyğuların sərt işi olmaz,
Nə qədər yazsa da, vərdişi olmaz,
“Aslanın erkəyi dişisi olmaz”,
Qızlara şans verin şeir yazmağa.
Bir daha təşəkkür edirəm.
Vaqif Ucatay: Öncə mən də bayram münasibəti ilə hamını təbrik edirəm. Burda çox yaxşı fikirlər səslənir.
Mən Asif Atanı tanımamışdan qabaq da düşünmüşəm ki, necə olub, biz böyük millət ola-ola basqı altında olmuşuq. Kimin günahıdır bu? Cavabı odur ki, öz günahımız. Nə qədər bəşəriyyəti düşünsək də, son nəticədə uduzuruq. Ərəb öz yazısını qutsal kimi sırıyıb dünyaya. “Quran” dedi qurtardı, Məhəmməd dedi qurtardı. Ancaq biz həqiqətimizi deyə bilmirik, niyə? Qorxuruq “millətçiyəm” deməkdən. İstəmirəm mən ümumbəşəri olum. Mən millətçiyəm, əcəb də eləyirəm. Yəhudu millətçidir, kim ona nə deyir. Dünyanın əksər hissəsi yəhudinin, çinin əlindədir. Yəhudi bu dünyanın xalqlarının başına pis oyunlar açır. Dünyanın silahı da onda, varı-dövləti də, nə istəsən onda. İnsanlara sayğını da azaldan odur.
Məqamdır özümüzə qayıdaq. Asif Ata mənim üçün yazıb. Mən mən olandan sonar mənim sözüm keçəcək. O boyda Türkiyəni saymırlar. Kürd nə oyunlardan çıxır. Erməni nə oyunlardan çıxır.
Novruz bayramımızın adı nəyə görə farsca olmalıdır?! Çünkü biz elə ümumbəşəri deyib çəkilirik. Mədəniyyəti yaradırıq, sonra yiyə çıxmırıq. Özümüzdədir günah. Burda mən heç yaxamı qırağa çəkmirəm. Rəssam ideologiyayla silahlanır. Nə qədər ustalığa yiyələnsə də, heç nədir o ustalıq. Şəkil çəkməkdən o yana getmir. Mənim üçün natürmort çəkib baş girələmək sənət deyil. Onlar balaca işlərdir. Sən söz deməlisən. Xalqın bu gündədir.
Burda hamımız vətəni, xalqı düşünən insanlarıq. Çox sevindirici haldır ki, bu boyda bələnın qabağında bir qrup əsil insan durub. Asan məsələ deyil. Ağzı-burnu əyməklə deyil. Bir balaca kollektivin direktorunun qarşısında söz deməyə qorxurlar.
Asif Ata böyük olaydır. Biz gərək o ideyalardan bəhrələnək və Azərbaycan modelini yaradaq. Azərbaycan modelini biz yaradaq, ondan sonra deyək ki, biz yaratmışıq. Onda dünya bizim ayağımıza gələcək. Yoxsa dünyanı düzəltmək mümkün deyil. Bir Hitler kimisi çıxacaq təzədən, vurub dağıdacaq. Biz özümüzü düzəltməliyik, qüdrətlənməliyik. Həm elmi baxımdan, həm mənən, həm sənət baxımından.
Niyə Məkkə qutsal sayılmalıdır? Nə var orda? Nəyə görə bura olmasın qutsal yer? Onlar heçdən özləri üçün hər şey yaratdılar. Rəsmi bilgilərə görə Məkkəyə ildə 50 milyard pul gəlir. Keçən il kran aşırtdılar üstlərinə, adam saymadılar bunları. Buldozerlər meyitləri sürüdülər, heç üzr də istəmədilər. Dəhşətdir. Sən görmürsən ki, sənə yanaşma necədir? 21-ci yüzildə gedib şeytan daşlayır millətimizin övladları.
Nə yaxşı ki, Asif Ata gəldi ortaya çıxdı. Burda söykənəcəyimiz bir qüdrət var. Ona əsaslanaraq gərək hamımız o yöndə işimizi quraq. Bayramımıza da yiyə çıxaq, özümüzə də, genimizə də, hər şeyimizə də. Hamı millətçidir bizdən başqa. Qorxmayaq millətçi olmaqdan. Millətçilik çox gözəl şeydir. Millətçilik o demək deyil ki, mən gedirəm başqasını öldürməyə. Atamı sevirəm, qonşumu sevirəm, xalqımı sevirəm.
Bir daha hamınızı ürəkdən təbrik edirəm. Hamınızın əvəzinə sevinirəm. Yaxşı ki, belə sağlam, sırf Azərbaycana gərək olan, türkə gərək olan düşüncələr var. Mən həmişə həyəcan keçirirdim ki, millətimiz məhv olacaq. Ancaq Ocaqçılıq ideyamız varsa olmayacaq.
Aşıq İlqar: Mən Asif Atanın görüşlərində olmuşam. O zaman gənc öyrənci idim və yenicə saz çalmağa başlamışdım. Həmişə görüşlərdə istəyərdi ki, “İrfani” havası çalınsın. Görüşün sonunda ona həmişə sual verilərdi. Şairlər haqqında sual veriləndə qısa, lakonik bir cümlə ilə fikrini deyərdi. Bir dəfə S.Vurğun haqqında soruşanda dedi ki, o, mənim üçün Allahdır.
Mən Asif Atanın ruhu qarşısında baş əyirəm. Sevinirəm ki, Ocağın Evladları ilə yenidən görüşdüm.
Aşıq İlqar saz çalır.
Soylu Atalı: Əgər heç kimin sözü yoxdursa, İnsanilik bayramının mərasim hissəsinə sonlandırıcı söz deyim. Sonra isə süfrə doğmalaşması və bədii hissə davam edəcək.
Təbii ki, qoyulan məsələlərə, deyilən fikirlərə yönəlik bəzi aydınlıqlar gətirmək istəyirəm. İstəyirəm ki, dostlarımız, amaldaşlarım məni düzgün anlamağa çalışsınlar. Çağaşırı mən tədbirlərdə həmişə sonlandırıcı söz deyirəm, niyə? Burada hər cür fikir deyilir. Biz deyilən fikirlərə əngəl ola bilmərik. İnsan öz düşüncəsini sərgiləyir. Ancaq biz Ocaq açısını da ortaya qoyuruq ki, bilinsin biz necə düşünürük. Yəni bu tədbir burada qalmır, kitablaşır. Mənim evimdə bu tədbirlərdən hazırlanmış, üzlənmiş neçə-neçə kitablar var. Bugünkü tədbir həm də bugünə bağlı deyil, gələcəyə deyilən sözdür. Mən dönə-dönə tədbirlərimizdə vurğu eləmişəm ki, bizim yas yerlərimizdə ərəbyönlü hədislər danışılır. Ərəbin görkəmli insanlarından, imamlardan, imam övladlarından danışırlar ən çox. Mən deyirəm, zaman gələcək, bu millətin öz içində, yasında, xeyrində və s. onun hədis etməyə, deməyə sözü bunlar olacaq. Onun içində bulaq kimi qaynayan öz hikməti olacaq. Öz anasının dilində. Bu dilin arılığıyla, duruluğuyla yaratdığı dünyagörüşün bütün tələbləriylə insanlarımız (bu düşüncələrlə) həmişə dolacaq və o düşüncələri ifadə eləyəcəklər. Biz özümüzün sözünü yaradırıq, zaman-zaman öz qulağımızı doldurmağa və öz ürəyimizi sevindirməyə. Öz düşüncəmizi, öz fikrimizi yaradırıq. Öz böyüklərimizi tanıyırıq. Öz böyüklərimizi tanıdırıq.
Mən tədbirdə Asif Atanın açısını, ölçüsünü ortaya qoyuram. Necə düşünürük? Qardaşımız bir fikir dedi ki, Asif Ataya şairlərlə bağlı sual verdilər, o dedi ki, Səməd Vurğun mənim üçün Allahdır.
S.Vurğun haqqında Asif Ata Allahım deməz, qardaşımız görünür başqa şeylə qarışdırıb. S.Vurğunun istedadını yüksək qiymətləndirirdi Asif Ata. Ancaq S.Vurğun Allah ola bilməz. S.Vurğun imperiya şairiydi. Mən “Zamanın içində” adlı yazı yazmışam, ağlamışam S.Vurğunun boşuna getmiş istedadına.
Ona görə tədbirin sonunda sonlandırıcı söz deyirik ki, bizim mövqeyimiz bilinsin. İnsanlarımız çaşmasın, yanılmasın. Ola bilər insanlarımız bir məsələni belə eşidblər, bir məsələni elə eşidiblər, onlara qarşı deyilik.
Qardaşımız Günev deyir ki, bütün çabalar sonucsuz qaldı. Bu qədər dühalar gəldi, ancaq niyə sonucsuz qaldı? – O, özünün dayandığı nöqtədən baxıb deyir onu. Yəni Asif Atanın Amalından baxıb deyir. Asif Atanın prinsipi baxımından sonucsuz görünür. Ancaq ümumilikdə götürəndə, sonucsuz deyil. Dahilər bəşəriyyətə nələrsə verdi. Bəşəriyyət hər çağda özünün yetirdiyi dahinin işığında qabağa addım götürə bildi, yol gedə bildi. Bu da, bizim üçün, Asif Ataya qədər olan böyük şəxsiyyətləri danmağımız anlamına gəlməməlidir. Asif Atanın özünün bəhrələndiyi, yararlandığı dühalar olub. Söz yox ki, öyrənib, ancaq heç birini təkrar etməyib. Ata deyir ki, bir var kitab oxumaq, bir var kitabda özünü oxumaq. Bizə də həmişə deyirdi ki, çalışın kitabda özünüzü oxuyasınız. Niyə? Kitab çox zəngin bir şeydir. İndiki kitabları demirəm. Çox çəkici, həm də çox məchul bir uçurum var kitablarda. Bəzən sənin əlindən tutar, uçuruma sürükləyib atar. Ancaq bəzən də elə çalarlar var ki, adamın əlindən tutar, günəşli üfüqlərə ata bilər. İnsan qəlbini çağladan ideyalar ola bilər. O ideyalar insanı çağırar. İndiki insan öz çağında hansısa fikirlər eşidir, öz çağına uyğun. Buna da hayıl-mayıl olur. Halbuki biz onu yanlış saya bilərik. O dövrdə də onun kimi. Fikir, kitab bizə gəlir və bəzən kitabda elə fikirlər gələ bilər ki, o fikirlər bizi sürüyüb uçuruma atar cazibələriylə. Mən sizə fakt deyirəm. Nitşe kimi təfəkkür yiyəsi var. Mən oxumuşam Nitşenin kitabını. İlk baxışdan Nitşeni oxuyarsan, düşərsən onun etkisinə. Deyərsən ki, Nitşe doğru deyir.
Nitşe fövqəlinsan axtarır. Asif Ata isə deyir ki, Nitşenin fövqəlinsanı canavardır. Güclü insan axtarır o, kamil insan axtarmır. Baxın, görün harda biz çaşa bilərik.
Ya da Z.Freyd tibbi baxımdan əsaslandırır, sübut edir ki, insan varlığı bütövlükdə bir sistemin üzərində formalaşıb. Bu, libidodur. Yəni, üzr istəyirəm, insan cinsiyyətin məcmuyudur. İnsanda cinsiyyət enerjisi var. Bütün hər şey ondan təcəlla tapır. Mənəviyyat da ondan yaranır. Onu oxuyarsan, deyərsən düz deyir. O nöqtədə insanlığın şah damarını qırarsan. İnsanlıq məhv olar. Mən Z.Freydlə bağlı “Elm Şeyx Nəsrullahı, yaxud Xəstəlik nəzəriyyəsi” adlı yazı yazmışam…
S.Vurğunu ideal sayıb arxasınca düşərsən, gedib Kremlin ayaqları altına döşənərsən və olarsan heç. Millətin də olar bir heç.
Kimin arxasınca gedirsən, hansı çağırışın arxasınca gedirsən?! Biz ona görə deyirik ki, yurdumuza gələn, gətirilən böyük kitabları ziyalı oxusun. O kitabın soydaşına zərərini, xeyrini desin. Heç kimə kitab oxumağı yasaq edə bilməzsən. Ancaq kitabın zərərini öyrədə bilərsən.
Puşkinin Bakıda heykəlini qoydular, Tolstoyun heykəlini qoymadılar. Nizaminin Sankt-Peterburqda heykəlini qoydular, Füzulininkini qoymadılar. Çünkü Puşkin millətçi deyildi, şovinist idi. Millətçi başqa millətin yağısı olmur, başqa millətin sevdalısı olur. Puşkinin heykəlinin arxasınca rus mədəniyyətinin gözə görünməyən basqıları yeridi içimizə. Ayaqları altına aldı bizi. Füzulinin heykəlini qoymadı, çünkü Füzuli milli idi. Nizami daha çox bəşəridir. Bəşərinin heykəlini qoymağa nə var.
Belə məsələlər var. Onun arxasında nə durur? Nə gizlənir? Hara çağırır məni, nə verir mənə?
Biz böyük faciələrdən danışırıq. İnsan bunu elədi, baş kəsdi, fatehlik elədi və s. Sonra da deyirik ki, İnsanlığı bayram edirik. Niyə bayram edirik? Mən indi Hüqonun “Səfillər” əsəri üstə işləyirəm. İnsan dünyasının içinə adam girir, orda bütün bəşəriyyətin faciəsinin bir insanda təcəlla tapdığının şahidi olur. Bütün xoşbəxtliyin də bir insan obrazında təcəlla tapdığının şahidi olur. Bu o deməkdir ki, kainatın bütün anlamını daşıyan da insandır, kainata zərbəni vuran da insandır.
Mənim üçün bu divardan o yana böyük fəlakətlər, qırğınlar dalğaları gedir. Ancaq burada oturan Güntayın üzündəki heyrəti görəndə ürəyim coşur. Hardan gəlir bu sevgi, heyrət, vurğunluq. Naşıdırmı o, ağılsızdırmı o? Naşı deyil, heyrət naşı olmur. Naşı təəccüb olur. Heyrət işıqlı olur, çünkü inamdan gəlir. Biz onu bayram edirik. Bir insan qəlbində tapırıq bəşəriyyətin axtardığı qutsallıqları. Asif Ata Mütləqə üz tutanda deyir ki, dünyada yüksək, gözəl nə varsa hamısını – böyüklüyü, əzəliliyi, əbədiliyi, kamilliyi yığacam içimə və ondan daha böyük bir surət yaradacam içimdə. Ona səcdə qılacam. Hamısını yığacam içimə, qəlbimə, ondan Allah yaradacam, ona səcdə qılacam. Bir insanda yaradacaq onu. Bir insandan başlayır bütün bəşəriyyət. Bütün dövrlərin tarixini vərəq-vərəq səhifələsəniz görərsiniz ki, hər bir dövrün qüdrəti bir insan olub. Milyon olmayıb, milyard olmayıb. Biz yüzillərin tarixini səhifələsək, orda bizə gərək olan insanları axtarsaq, barmaq saydadır.
İlqar bəyin atezimə yanaşma ilə bağlı dediyi məsələ. Bir var Allah, bir var Allah anlamı. Asif Ata deyirdi ki, Məhəmmədin dinini qəbul eləməmək olar. Ancaq Məhəmmədi məğlub eləmək olmaz. Deyirdi ki, İsanın dinini qəbul eləməmək olar, ancaq İsanı məğlub eləmək olmaz. Məğlubedilməzlər adlı onun belə bir deyimi var. Biz Məhəmmədi qəbul eləmirik, bəlli səbəblərə görə. Ancaq Məhəmmədin çəkdiyi harayda elə bir ölməzlik var ki, o ölməzlik 1500 ildir yol gəlir. Onu məğlub edə bilmərik, gərək də deyil. O yaşayacaq və biz onu görməliyik. Biz onun yaratdığı fəlakəti də göstərməliyik, məğlubedilməzliyi nədədir, onu da. O, məğlubedilməzliyindən ayrıldı. Ayrılmamalıydı. Ayrıldı, fəlakətlər yarandı. Biz Allah sözünü qəbul eləmirik. Semitlərin Allahını da qəbul eləmirik. Konkret İsanın, Məhəmmədin, Musanın Allah anlayışlarını qəbul etmirik. Ancaq Allah anlamını qəbul edirik. Onun adına Asif Ata Mütləq deyir. Ancaq bu Mütləqlə Allah bir-birinin eyni deyil. Çünkü Allah deyəndə bizim təsəvvürümüzə göylərin sultanı gəlir. Varidatlı, hürülü-pərili, cənnətli-cəhənnəmli bir hökmdar gəlir bizim gözümüzün qabağına Allah deyəndə. O Allahla Mütləq bir ola bilməz. Ancaq Asif Ata bütün kainatın içsəl bir qüdrəti ki var, ona Mütləq deyir. O, əzəlidir, əbədidir, kamildir, sonsuzdur. O, dağılmazdır. Elə bir uyum var. Ona görə Asif Atanın haqqında düşüncələr çox yanlışlıqlara yuvarlanır. Asif Ataya nələr demədilər. Dinsiz, imansız, nələr. Asif Ata dinsizdir, ancaq inamsız deyil. Deyirdi ki, mən dinə inanmıram, ancaq İnamçıyam. Mənim inamımdan böyük inam yoxdur.
İndi gəlirəm inam məsələsinə. Bəşər övladı inamsız yaşaya bilməz. Allah anlamı bütün kainatın içsəl qüdrətidir. Bütün bəşəriyyət özünün özündən böyük anlamını axtarıb həmişə. Dünyanın dünyadan böyük mənasını axtarıb həmişə. Ona hərə bir ölçüylə yanaşıb. Misirlilər bir ölçüylə yanaşıb, romalılar bir ölçüylə, türklər Tanrıçılıqda başqa bir ölçüylə yanaşıblar, semitlər başqa bir ölçüylə yanaşıblar. Kim hansı ölçüylə yanaşır yanaşsın, Anlam axtarışı olub həmişə.
Biz Allah deyəndə, Allaha ibadət edəndə xəyalımızda canlanan ərəblərin təsəvvüründəki Allahdır. O ərəb təsəvvürüylə yaranan Allaha ki, biz ibadət edirik, o Allahda bizim kimliyimiz yoxdur. Biz özümüzdən o Allaha kimlik verməmişik, xarakter verməmişik. Ona görə biz ona ibadət edəndə mütiləşirik, ərəbin köləsinə çevrilirik. Rus “Boq” deyir Allaha. Ancaq rus ibadət edəndə, “Boq”a üzünü tutanda, rusun ona verdiyi xarakter özünə qayıdır, tərbiyə edir onun ruhunu. O, özünün kimliyini tapır, rus kimliyini. Mən tapmıram. Gərək mən Allaha üzümü tutanda, ibadət edəndə özümü tapım Allahda. Milli kimliymi tapım, insani kimliyimi tapım. O ibadət, mənəvi etki olaraq, qayıtsın mənim içimi tərbiyə eləsin. Mən yetkinləşim. Gərək olum insanıma, millətimə. Əgər mən mütiləşib millətimə gərək olmaycamsa, millətimin cəhalət bazarına çevriləcəmsə, onda ibadət kimin nəyinə gərəkdir ki?!
İbadət məsələsi, Allah anlamı dediyimiz məsələnin varlığına münasibət qarşısıalınmazdır. Ancaq bu danılmaz həqiqətə üztutma məsələsi var. Ona kim necə gəldi yanaşır. Öz ağlında, öz düşüncəndə ona mənasız xarakterlər vermə. Öz düşüncənə uyğunlaşdırma böyük mənanı. Özün onu anlamağa, ona uyğunlaşmağa cəhd elə. Onda sən qüdrətli olacaqsan.
Hər kəs Allahı özünün dayısı kimi təsəvvür edir. Əmisi oğlu kimi təsəvvür edir. Allahdan umduqlarına baxın. Biri o birinə deyir ki, Allah səni belə edər, filan edər. Bunun arxasında nə gizlənir? Hər kəs Allahı özünə uyğun şəkildə təsəvvür edir, bu o deməkdir. Acığını ifadə edir bir-birinə qarşı, Allahın adını çəkir, Allah səni belə edər. Allahı yanında görür, köməyinə çağırır. Allah bunun acığına qoşulur. Sənin acığına qoşulan Allah sənə güc-qüdrət verə bilməz, səni böyüdə bilməz, səni milllət edə bilməz.
Hər kəs bu anlamda çaşıb, yanılıb. Asif Ata yanılmayıb. Yanılmadığı üçün də bir ölçü, nizam verə bilib. Bu ölçüylə biz yaşayırıq. Bu ölçüylə mən yazmışam ki, bütün bəşəriyyət Allahsızdır məndən başqa. Çünkü bütün bəşəriyyət oğurluqla məşğuldur, əyriliklə, qan-qadayla məşğuldur. Mənsə onun qan-qadasını sevgimlə yumaqla məşğulam.
Asif Ataya Allahsız deyənlərin ağzı əyilər qulağının dibinə qədər. Allahı dərk eləməyənlər Asif Ataya Allahsız deyirlər. Asif Ata Məhəmmədin Allahsızıdır, ancaq Asif Ata Məna Allahsızı deyil. Bu anlam insanın varlığına bağlıdır…
Məhəmməd “Quran”da deyir ki, mən Adəmi həm onun surətində yaratdım, həm də kəndi surətimdə yaratdım. Mən Adəmi onun surətində, yəni bədən kimi, həm də öz surətimdə, yəni Allah kimi yaratdım. Yəni insanda Allah var. İnsanda qüdrət var, yenilməz məna var. O mənanı inkar eləmək mümkün deyil. Din bunun arxasında durmur, insanı günahkar bəndə elan edir. Ateizm də bunu inkar edir. Ateizm hər şeyi maddiyyatda görür. Dəhşətli bir boşluq yaradır. Qutsallıq yoxdur ateizmdə, hər şey qurudur, cansızdır. Asif Ata haqlı olaraq deyir ki, ateizm daha eybəcər dindir. İndi qayıdıram ateistlərin özünün durumuna. İlqar bəy sual verir ki, onlar neyləməlidirlər.
İlqar Türkoğlu: Mənim dediyimin canı oydu ki, zamanında Osmanlı imperiyası tarixə daxil oldu və öz sözünü dedi. İslamı Avropaya yayan və ayaqda saxlayan da Osmanlı oldu. Osmanlının türkə yad bir ideologiyanı təbliğ eləməsi, xristian türklərə – Balkanlardan tutmuş bir çox yerlərə qədər, Rusiya federasiyasındakı xristianlaşmış türklərə qarşı patoloji düşmənçilik yarandı. Bolqariyada, Macarıstanda və başqa yerlərdə insanlar var, onlar özlərini türk hesab edirlər. Dinləri nə olsun xristiandır. Onlara qarşı patoloji nifrət vardı Osmanlıda. Sözümün canı odur ki, bu gün Türk Dünyasında olan türklər içində atestlər də var. Onlara qarşı düşmənçilik obrazı yaratmaq, təpki göstərmək düzgün deyil. Bu gün Ata ideologiyası var, Mütləqə İnam fəlsəfəsi var, onu ateistlərə vermək gərəkdir ki, öz mövqelərində dəyişiklik eləsinlər.
Soylu Atalı: Bayaq siz Asif bəyin bir firinə təpki göstərdiniz ki, Yasəvi mənim nəyimə gərəkdir ki, İslam dinindən durub türk nəsnəsi yaratdı. Siz buna etiraz edirsiniz ki, mənə özümünkü gərəkdir. Mənə qondarma, yamanmış bir şeylər gərək deyil. Mən də o açıdan çıxış edirəm. Mən bir az da Atanın ölçüsündə qabağa gedirəm.
Vaqif bəy deyir ki, mən millətçiyəm, əcəb edirəm millətçiyəm.
Acıqla, əcəblə millətçilik olmur. Mən burdakı söhbətlərin məğzinə uyğun söz demək istəyirəm. Biz bu gün İnsanilik bayramı keçirdiyimiz halda, ən çox millətçilikdən, xəlqilikdən danışdıq. Biz, siz ya ateistlər acığa düşüb atesit olmaqla, ya onu istəmirəm, bunu istəyirəm, filan şeyi istəyirəm demələri ilə deyil ki. Təbii ki, biz heç kimin ağzını cıra bilmərik niyə belə istəyirsən. Bu gün vəhhabi, nurçu, çoxsaylı təriqətlər var, hərə bir şey istəyir. Biz kimin ağzını yumuruq ki, bunu istəmə, onu demə. Məsələ onda deyil. Biz də öz haqlı sözümüzü bildiririk. Etirazımızı deyirik ki, doğru deyil, ateizm yanlışdır. Nəyi yanlışdır – onu deyirik. Etiraz edirik. Bu etirazımızla əslində onların türk kimliyinə hücum eləmirik. Onların qafasında daşıdıqları yanlışlara hücum edirik. Bu hücum həmişə davam edəcək. Çünkü əgər biz istəyiriksə ki, Asif Ata bu xalqın şüuruna gəlsin, onda bu xalqın şüurunda Asif Atanın gəlişinə əngəl olan nəsnələrin hamısını qırağa qoymalıyıq. Onu qırağa qoymaq üçün sevgimizlə döyməliyik. Bunun ayrı bir variantı yoxdur. Biz burda ona güzəşt edirik, orda ona güzəşt edirik və 18-ci yüzilə, 16-cı yüzilə qayıdırıq. Biz arxaya qayıdırıq, irəli getmirik. Bu gün bütün dünyada insanlarımız səfərbər olmalıdır. Bir-birinin gözünü deşmədən, yaxasını cırmadan hər kəs həqiqəti anlamalı və anlatmalıdır. Anlatmalıdır, axır ki, biz dağınıqlıqdan çıxmaq üçün nə etməliyik. Dağınıqlıqdan çıxmağın yolu nədir? Çünkü siyasi dağınıqlıq, coğrafi dağınıqlıq, ideoloji dağınıqlıq, ruhsal dağınıqlıq hər cür dağınıqlıq bizim taleyimizə yeriyib. Bu dağınıqlıqların hamısından çıxmaq üçün məşğul olmalı məsələ Tanrısal sistemdir. İnsan öncə mənəvi cəhətdən işğal olunur, şüuru işğal olunur, ondan sonra onun yanlış düşüncəsi, psixologiyası formalaşır. Əyri yöndə siyasi-ideoloji baxışları formalaşır. Ancaq, dediyimiz kimi, öncə onun şüuru dəyişir, şüuru işğal olunur. Ona görə Asif Ata deyir ki, düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq. Biz də insanlarımıza üz tuturuq ki, doğrunu görüb göstərmək gərəkdir. Heç kimə demirik ki, hər kəs işini-gücünü atmalıdır, gəlib ancaq və ancaq Asif Atanın bayrağını qaldırmalıdır. Asif Atanın bayrağını qaldırmaq olduqca çətin məsələdir. O, təkcələrin işidir. Bunu qeyri-təvazökarlıq kimi qəbul eləməyin. Biz deyirik ki, Asif Atanın ruhsal baxışından qıraqda, yalnız ona dayanaraq başqa addımları da atmaq olar. Mən qıraqda deyəndə fiziki mənada qıraqda deyirəm, mənəvi anlamda qıraqda demirəm. Qıraqda, Ağşın bəyin adını çəkdiyi, Uluyurd Hərəkatı ideyası var. Yəni siyasətin başına bizim milli düşüncəli, şüuru talanmamış, şüuru işğal olunmamış insanlarımız gəlməlidir ki, biz onlara güvənək, onlar bizim siyasi yönəticilərimiz olsun. Bu, ayrı bir qonudur. Mən istəmirəm bu qonunu genişləndirəm. Bizim, üz tutduğumuz insanlarımıza, dediyimiz budur ki, insan filan şeydir, xalq filan şeydir. Millətləşmə filan cürdür. Ayrı cür, mən sübut edirəm ki, millətləşmə görmürəm. Ayrı cür millətləşmə şovinistləşmədir. Ayrı cür millətləşmə imperiyalaşmadır. Millətləşmənin konkret ölçüsü var. Nəyə dayanır – filan şeyə. O ideyaları ortaya gətiririk. Asif Atanın 6 ideyasının özülündə dayanır o istəklər, yönətim formaları, biçimləri.
Güntay Atalı: “Quran”da belə bir ayə var ki, mən Adəmi öz surətindən və kəndi surətimdən yaratdım. İdeyalar arasında doğma fikirlər olub. Bizə qarşı da bəzən deyirlər ki, Asif Ata dolayısıyla Məhəmməd deyəni deyir. Bu niyə sonuca varmadı bu ayə? Niyə təsdiq olunmadı? Ona aydınlıq gətirməyinizi xahiş edirəm. Niyə bəndələşdi insan?
İlqar Türkoğlu: Bütün dinlərdə belə müddəalar var. Türkün Tanrıçılıq dinindən köçürülmüş ana yazı kimi insanlığa söykənən müddəalar var.
Soylu Atalı: Bu, Vedalarda da var, Zərdüştdə də var, prinsiplərdə bir-birindən bəhrələnmələr var. Sadəcə bu məsələ ona necə çatıbsa, o da elə vurğu edib onu. Bu fikirləri Məhəmməd də deyə bilər, 1000 il Atadan sonrakı da deyə bilər.
Ata deyirdi ki, gərək peyğəmbər filosof olsun. Məhəmməd filosof deyildi. Filosof olmadığı üçün o anlamın içinə girə bilmədi. Qorxdu insana Allah deməyə. Qorxdu və dedi ki, insan bəndədir. İnsan Allahın yaratdığı köləsidir. Varlığa münasibət Adəm və Həvva məsələsindən gəlir. Bütün yanaşmalar varlığa münasibətdən əyilməyə başladı.
Son yazdığım əsərdən bir epizodu deyim. “Səfillər” əsərində Jan Valjan obrazı var. Jan Valjanın bacısının 7 yetimi acından ölür, bu da işsiz qalır. Yetimlərə isə çörək yedirtmək gərəkdir. Çörəyi isə heç yerdən əldə etmək mümkün deyil. O gedir oğurluq edir. Bu yetimləri necə başa salsın ki, sənin dövlətin, sənin qanunun sənin ac qalmağına hökm verib. O gedir, şüşəni sındırır, çörəyi oğurlayıb qaçır. Dalınca da çörəkçi onu yaxalayır, onu soxurlar katorqaya. Ordan da qaçmaq istəyir, cəzasını bir də artırırlar, bir də artırırlar, sonucda çıxır. Ancaq necə çıxır. İçində insanlığa patoloji nifrətlə. Öldürürlər içində hər şeyi. Elə çıxır. Cəmiyyətin içinə gedəndə görür ki, orada ona yer yoxdur. Öz cibinin puluyla bir tikə çörək vermirlər ona, acından taqəti qalmır. Soyuqdan qorunmaq üçün bir yer tapmır. Gedib xilası yenə də Tanrısal sistemdə tapır. Yepiskopun etkisiylə ümid, inam tapır. Adını dəyişir, Madlen olur, ixtira edir, maddi gəlir əldə edir. Onun içində mərhəmət duyğusu, fədakarlıq duyğusu Allah səviyəsinə yüksəlir. Ancaq o, yenə də qanundan gizlənir. Qanun onu hər yerdə təqib edir. Ona ömürlük katorqalı damğası vurulub, əbədi günahkardır. Hardan gəlir bu ideya? – Varlığa yanaşmadan. “Adəm və Həvva rəbbin buyruğuna əməl etmədi, cənnətdə buğda ağacından daddı, daddığına görə də ayıb yerləri göründü, rəbbin qəzəbinə səbəb oldu, rəbb də onları qovdu, rədd elədi”. O çağ bu çağ – bəşər övladı öz ulu babasıyla nənəsinin günahını üzərində daşıyır. İnsan özündə əzəli günahkarlıq anlamı daşıyır. Deməli, insan neyləyirsə eləsin, günahdan çıxa bilməyəcək. Onun şüurunda, psixologiyasında bunu elə oturdublar ki, o, cəmiyyət qanunlarında da bunu gerçəkləşdirir. Jan Valjan gedib nə qədər işlər görür, yenə də buna əbədi günahkar damğası vururlar. Həmin Tanrısal sistemə yanlış yanaşmadan gəlir. İnsan Tanrısal sistemdə yanılır, çaşır. Nə qədər ki, Allah anlamına, insana düzgün qiymət verə bilməyəcək, düzgün açıdan yanaşmayacaq, onun cəmiyyət qanunları bərbad olacaq. Onun dünyaya, insana, təbiətə, heyvana yanaşması bərbad olacaq. Asif Ata o sistemi xilas elədi əslində. Bununla da milli özünüqoruma sistemimizi bərpa elədi.
Tofiq bəy: Mənim aləmimdə xeyirxah filosoflar var, bədxah filosoflar var. İdeyası bəhrə vermiş filosoflar var və s. Hitlerin özündə də filosofluq var. Hər nəsə iddiası varsa, adamın nəzəriyyəsi var. Məhəmməd peyğəmbər, deyirsiniz ki, qorxdu insana Allah deməyə. Onlar qorxmayıblar, insanı sürü şəklinə salmaq üçün insanlıqdan uzaqlaşdırıblar. Ona görə ona insan deyiblər, Allah deməyiblər. Yoxsa idarə edə bilməzdi. Bu gün Məhəmməddən sonra onun trayektoriyasının içərisində olan kütləni çox “yaxşı” idarə eləyirlər. Bu gün Məhəmmədin şagirdlərri, davamçıları çox “yaxşı” idarə edirlər.
Soylu Atalı: Mənim öyrəndiyim odur ki, heç bir peyğəmbər pis niyyətlə ortaya çıxmayıb. Sadəcə, ideyanın axıra qədər içinə girə bilməyib, özü əyilib. Şəxsiyyətində də əyilib, ideyasında da əyilib. Ancaq heç şey pis məqsədlə ortaya çıxmayıb. Sınır var. O sınırı ayırd eləmək, düşünmək olduqca çətindir. Allah və insan, məna və vətən. Bunu ayırd eləmək olduqca çətindir. Sözə sığmayan hikmətdir bu. Bədən və məna sınırı. Onları ayıra bilməyiblər. Ya da onları vəhdətdə götürə bilməyiblər. Onlardan sonra vəhdəti-vücud fəlsəfəsi necə gəlişdi. Vəhdəti-vücud fəlsəfəçiləri onların baxışlarından nə qədər bəhrələndilər. Biz deyə bilmərik ki, peyğəmbərlərdə hər şey eybəcərdir. Elə məsələlər var ki, o məsələlərdə onlar səmimi idilər. Sadəcə olaraq, onlar o sınırı aça bilmədilər. O sirrə vaqif ola bilmədilər.
Tofiq bəy: Bir insan ki, dünyanı bu duruma gətirib çıxarıb. Onda hakimlik iddiası olub, sərkərdəlik iddiası olub.
Soylu Atalı: Mənim olanı qoyub olmazı deməyə haqqım yoxdur. Ağlımızın gördüyü, kəsdiyi dərəcədə mən həqiqəti deməyə çalışıram. Məhəmmədin Məkkə dövrü olub. Məkkədə özündən gedirdi, Allaha vurulmuşdu, bunu görməmək doğru deyil. Ancaq Allahı göydə axtarırdı, içində axtarmırdı, bu başqa məsələ. O sirrə girə bilməmişdi. Allahı göydə axtarırdı, dəli olurdu, dəhşətə gəlirdi. Üzünü göylərə tuturdu. Xəbəri yox idi ki, haray onun içindədir.
“Quran”da üç əsas cəhətə diqqət yetirmək gərəkdir. Sosial həyatla bağlı deyilən fikirlər, şəriət onun əsasında formalaşır, yaranır. İnsan-Tanrı münasibətilə bağlı deyilmiş fikirlər. Bir də Məhəmmədin şəxsi həyatıyla bağlı deyilmiş fikirlər. Mən Məhəmmədin müsbət nəyini tapıramsa, Allaha münasibətindəki ayələrində, mövqelərində tapıram. Onun sosial məsələlərlə bağlı ayələri sırf feodal təfəkküründən irəli gələn bir şeydir və o dövrə aiddir. Onun sosial baxışları bu gün üçün işlək deyil.
İlqar Türkoğlu: Siz inanırsınızmı ki, insanlığa söykənən ayələr Məhəmmədə məxsusdur?
Soylu Atalı: Bir xətt var. Bu xətt Məhəmmədin özünündür. Bu xətdə yerimək üçün o nələrdən bəhrələnibsə, bu, ayrı bir məsələdir. Sizin hər birinizlə oturum Asif Atanın fəlsəfəsini açım, ondan sonra da vəhdəti-vücud fəlsəfəsini açım. Siz deyəcəksiniz ki, Asif Ata vəhdət-vücuddan götürüb ki. Götürməyib, bəhrələnib. Bəşər təfəkkürünün məhsulu var ortada, tarixdə. Bundan bəhrələnməmək mümkün deyil. Məhəmməd təkcə Xədicənin atası Vərəqənin biliyindən bəhrələnməyib, o, sarvan idi. Doğunu gəzirdi, ipək daşıyırdı. Ayrı-ayrı bölgələrdə fikir adamları ilə ünsiyyətdə olurdu. Başqa dünyabaxışların fikirlərini dinləyirdi. Dolurdu, qayıdırdı. Bunun içində təbii bir təkmilləşmə gedirdi. Hər şey kopya şəklində deyil. Söz yox, təhrif şəklində də gələnlər var. Özündən öncəkiləri təhrif elədikləri də çoxdur. Ancaq bir xətt var ki, o xətt Məhəmmədin özünə xasdır. O özünə xas olanları görüb, onu deyirəm. Qıraqdan gələn qıraqdan gələnin suçudur. Mən özünün xəttində nə varsa, ondan yapışıram. Həmişə dostlarımız söhbət edəndə İranı misal çəkir. Mən İranı misal çəkmirəm. Mən Məhəmmədin dünyabaxışına İran mollalarının açısıyla baxmıram. Nə də Azərbaycan şiələrinin açısından baxmıram. “Quran”ın özünün təməl prinsiplərindən baxıram. “Quran”ın özünün də elə təməl prinsipləri var ki, mən izah edərəm siz görərsiniz ki, bu, üzdə bizə nağıl kimi, cəfəngiyyat kimi görünür, ancaq nəyisə vurğu eləmək istəyib. O vurğular var. Sadəcə olaraq o vurğuları həqiqət səviyyəsində bir məcraya salıb insanlığın həyat ölçüsünə çevirə bilməyib. Biz inkar edə bilmərik – Lailahəilləllah ideyasını. O ideyanı Asif Ata vurğulayırdı. Bütün bəşər övladına oxumaq üçün 25 kitabdan biri olaraq “Quran”da harayları oxumağı önərirdi Asif Ata. Allah birdir, Allahdan başqa Allah yoxdur. Bunun içində, doğrudan da, Məhəmmədin tapıntısı görünür. Onu inkar edə bilmərik. Mən sizin duyğularınızı, düşüncələrinizi anlayıram, başa düşürəm, mən də dostcasına, qardaşcasına ərk edib deyirəm ki, başqalarına qarşı patoloji nifrətlə dolub Asif Atanı təsdiq edə bilmərik. Asif Atadan qıraqdakıların paraca yaxşı cəhətini görməsək, demirəm ki, qəbul elə, onda biz onun zərərini bütünlüklə qırağa qoya bilmərik. Bir insanda gərək xeyirin də, şərin də özülünü düzgün bəlli edəsən ki, ya xilas edə biləsən, ya da yönləndirə biləsən.
Biz yeni Dünyabaxış sunuruq, bunun üçün öncəkilər haqqında aşırı ifadələr işlətmək, təhqir eləmək, ya necə gəldi inkar eləmək doğru olmaz. Belə əhvallar gücüzlükdən əmələ gəlir. Asif Atanın ideyalarına söykənə bilən adam gücsüz ola bilməz…
Diləyim odur ki, sonrakı Bayramlarımızda, hər birinin öz anlamı üstə söz deyək.
Bir daha Bayramımız qutlu olsun. İndi isə Bayram üstə qurallarımızı yerinə yetirib bədii hissəyə keçək.
Bayram quralları yerinə yetirildikdən sonra saz çalğısı və çay süfrəsi yörəsində doğmalaşma söhbətləri oldu.
Günəş Ayı, 38-ci il. Atakənd.
(mart, 2016. Bakı.)