Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Qutsal “İnsanilik” Bayramındakı çıxışlar
Ocaq Günsırası ilə 15 Günəş Ayı, 40-cı ildə Asif Ata Ocağı “İnsanilik” Bayramını həyata keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Bizim bugünkü Gün`ümüz İnsanilik adlanır. İnsaniliyi bayram edirik. Bu gün 20 ildir, İnsanilik adına bir araya toplanırıq. İlk çağlar bu tədbiri təbiət qoynunda keçirmişik. 20 il bundan öncə biz bu bayramı Ceyranbatan gölünün qırağında yerləşən meşə zolağında keçirmişik. Böyüklü-kiçikli hamımız tonqalın başına toplandıq. Bayrağımızı asmaq üçün ağaclar kəsmişdik. Şəkillər də var. Olduqca həyəcanlıydım. Asif Atanın ideya kimi verdiyi tədbiri ilk yol gerçəkləşdirirdik. Asif Ata yalnız ideya yazıb. Onun qısa simgəsini bəlli eləyib. Necə olacaqdı, bəlli deyildi.
Hələ biz ildə dörd yol keçirilən bu bayramların hər birini ayın ortasında, yəni 15-də keçirməyi gözaltılamışdıq. Bir-iki yol elə keçirdik. Sonra, necəsə, Atanın əlyazısı tapıldı. Demə, bayramın konkret günləri varıymış. Onun konkret bir mənası yoxdur. Sadəcə olaraq, Ata özü elə yazmışdı. O günlərdən biri Günəş Ayının 14-ü idi. Biz illər sonra 14-ün yerinə 15-i seçdik. Mənə elə gəlir, burda elə bir yanlış yoxdur. Ata buna görə bizi qınamazdı. Düşünürəm, Atanın özü də belə edərdi. Nədən biz bunu dəyişdik? Dünən Böyük Babəkin edam olunduğu gün idi. (Mən yazılarımda da Böyük Babək deyirəm). Öncə götür-qoy elədim, Babəkin öldüyü gün qoy İnsanlığın qələbəsi kimi olsun. Ancaq buna çox çeşidli anlamlar verilə bilər. Subyektiv baxışlar sərgiləmək olar ayrı-ayrı. Ona görə Bayramın gününü 15-inə keçirdik. Qoy Babəkin Anım Günü ayrıca olsun. Dediyim kimi, bunun özəl bir anlamı yoxdur. Əsas məsələ odur, sən İnsanlıq adına ortaya gətirilən böyük bir dünyabaxışın böyük bayramlarını həyata keçirirsən.
Asif Atadan öncə olan dünyabaxışların hər birinin özünün bayramı var. Xristianlığın da, Buddizmin də, İudaizmin də, İslamın da. Biz bu bayramları çox öyrəndik, araşdırdıq. Düşündük, o bayramlarda gözə alınan məqamlar yox deyil. Nələrsə gözə alınıb. Yəni heç birini, pisdir, deyib yamanlamaq düzgün deyil. Ocağın ləyaqətinə uyğun da deyil. Ancaq onu deyə bilərəm, yalanlar, yanlışlar çoxdur, insana, daha çox, zərər verdi. O yanlışları zaman-zaman demişik, açmışıq. Bunu, Asif Atanın ideyasını, düşüncəsini qorumaq açısından yox, insanlığı qurtarmaq açısından eləmişik. Asif Atanın ideyalarını qoruyanda da, insanlığın yaşaması üçün eləyirik. İnsanlıq adına Dünyabaxış ortaya qoyursansa, hədəfin insanı qurtarmaqdırsa, onda qədimdən üzü bu yana insan ləyaqətinə əngəl olan nə varsa, onu tanımalısan. Tanımağa, eləcə də tanıtmağa borclusan. İnsanlığın yoluna hansısa əngəl olmamalıdır. Ancaq şüura etki göstərən əngəllər yetərincədir. Ona görə biz onları zaman-zaman açırıq, vurğulayırıq. Məsələn, istənilən bir bayramın yanlışı nədədir, biz onu aça bilərik. Xatırlayırsınızsa, ötən tədbirlərin birində, Qurban bayramı ilə bağlı, mən düşüncələrimi bildirmişdim. Qurban bayramı hansı dinindir, bəlli deyil. Qurban məsələsi hər bir dində var. Bəşəriyyətin ilkin çağlarından üzü bəri gələn bir məsələdir. Qurban nəyə görə kəsilir, kimə kəsilir, bununla bağlı tarixdə bilgilər də yetərincədir. Öncələr əcdadların adına qurbanlar kəsilərdi. Sonra, hansısa olaya görə. Tutalım, doğada fəlakətlər törədən olaya görə tanrıların adına kəsilirdi. Qurbanların kəsilməsində iki çalar var. Birincisi, insanın şüuru, düşüncəsi yetmədiyinə görə, düşünür, uca qüdrətə münasibət sərgiləmək gərəkdir. Sevgi, sayğı sərgiləmək gərəkdir. (Onu da bilirsiniz, insanlardan da qurbanlar olub. Bəşəriyyətin faciəli tarixi olub). Bu açıdan baxarsan, insan öz sevgisini bildirmək üçün qurban kəsməyi gərəkli sayıb. Bunu anlamaq olar bir yerə qədər. Ancaq getdikcə şüur, bilim, düşüncə gəlişib. Qurban kəsmək şüurundan çıxmaq gərək idi. Bu gündə də Allaha qurbanlar kəsmək olduqca bəsit düşüncədir. Hara qədər gedəcəksən? Bu Tanrı dediyinin, doğrudan da, qurbana ehtiyacı varmı?! Biz simgələrə qarşı deyilik. İnsan romantikadan uzaq, sentimental əhvallardan uzaq yaşaya da bilməz. İnsanda hardasa romantizm, duyğusallıq da olmalıdır. Həyatı yaşamağın incəliklərindən, gözəlliklərindən biri budur. Qaçılmazdır. Ancaq bunu ayrı cür ifadə eləmək olar. Asif Ataya görə insan öz mahiyyətinə qovuşmaqla, mahiyyəti üstə yaşamaqla, ona əməl eləməklə kamil olana, qutsal olana yanaşmanın doğruluğunu göstərmiş olur. İnsan öz içindəki gözəllikləri üzə çıxarmaqla, ya da içində gözəlliklər yaratmaqla qutsallığı təsdiq edir. Yoxsa, heyvanı boğazlamaqla heç nə dəyişməz. İçində bir sürü heyvan var, gedib qurban kəsirsən. Sonra gedib necə var elə yaşayırsan. Axı sənin ömründə, münasibətində, içində heç nə dəyişmir. Həmin adamsan. Ata deyir, insanın xislətində heyvanlıq var. Bu da insanın ikili olduğundan irəli gələn bir şeydir. İnsanda acıq, qəzəb duyğusu var. Qarşısıalınmazdır. Ancaq bu qəzəbi xeyirinmi başına çaxırsan, şərinmi?! İçində qüsur varsa, onun etkisində yaşayırsan. Bu qüsurlara qarşı biri qıraqdan irad bildirir. Sən ona qarşı hiddətlə münasibət sərgiləyirsən. O, bəlkə də, sağlam irad bildirir. Sən ona hiddətlə qayıdırsan. Niyə? İçində eqo deyilən mənəmlik var. İçin İnsanlıqla yüklü deyil. Mahiyyətin deyil, xislətin səsini eşidirsən. Ona görə qıraqdan irad deyiləndə mənəmliyə toxunur. Sən də ona kəskin qarşılıq verirsən. Hiddəti xeyirin başına çaxmaq budur. Bir də var, Dünyanı eybəcərlik bürüyüb. Sənin hiddətin buna qarşı döyüş əhvalı yarada bilər. Şəri Yer üzündən silmək uğrunda döyüşə qalxa bilərsən. Başqa faktlar da demək olar. Ancaq qurban kəsib pirlərə nəzir vermək məsələni həll eləmir. Gərək içində döyüşəsən. İçində döyüşərsənsə, içindəki heyvanı öldürərsənsə, nəzir verməyə gərəyin qalmaz, xeyirxahlığın oyana bilər. Başqalarına qarşı xeyirxah davrana bilərsən. Hökm deyil, onun ovcuna bir manat qoyasan. İçindəki heyvanla döyüşürsənsə, xeyirxahlıq dirilir. Məsələ budur, içindəki heyvanı boğazla, çölündəkini yox. İçindəki pislikləri xeyirə qurban ver. Baxın, bu olduqca gerçəkçi bir baxışdır. Burda hansısa bir yanlışdan, uydurmadan, idealizədən söz gedə bilməz. Asif Ata da bu gerçəkçi baxışın peşindədir. Baxın, təkcə bizim millətimiz deyil, bütövlükdə bəşəriyyət mənəvi böhran içindədir. Bu mənəvi böhranın qarşısını necə almaq olar? İnsanlarda inam yoxdur. Bunun qarşısını siyasi üsullarla da almaq mümkün deyil. Bunun qarşısını demokratik üsullarla almaq mümkün deyil. Niyə mümkün deyil? Demokratiya deyir, insanlara bir yerə toplaşmaq özgürlüyü ver. Bu qoy olsun. Ancaq mən niyə sərbəst toplaşmalıyam? Niyə mənim dövlətimin başında azğın oturmalıdır, mən də ona qarşı sərbəst toplaşım? Ya da, azğın özünə qarşı sərbəst toplaşmağa olanaq yaradacaqsa, niyə azğındır?! Demokratiya bunu həll eləmir. Bunu dünyabaxışın arılığı, Tanrısal sistemin yalanlardan qurtarılması həll eləyir. Çünkü insan ruhaniyyat əsasında yaşayır. Siyasət nədən yarandı – insanın öz içindəki heyvanla barışmasından. Yəni özüylə döyüşmədi. İçindəki heyvana güzəşt elədi, onu qorudu. Necə var elə qaldı. Necə var elə qalanda isə əyrilər toqquşur, bu əyriylə, o əyri döyüşür, mənafelər ortaya çıxır. Yəni siyasət mənafelər döyüşüdür. Mənim ən böyük mənafeyim İnsanilik olmalıdır. Mən insani yaşayaramsa, heç bir vaxt başqasını əzmərəm, başqasına qarşı vuruşmaram. Onu devirməyə, onun üzərində qələbə çalmağa çalışmaram. Ona görə Asif Ata deyir, ən böyük qələbə insanın öz üzərindəki qələbəsidir. İçindəki xudbinliklə döyüşürsən, onu yenirsən, sonra çölündəki xudbinliklə döyüşürsən. İçindəki rəzaləti yenirsən, toplumsal rəzalətlə döyüşürsən. İçində özgür olmasan, dışında döyüşə bilmirsən. Bir eybəcərliyi sən daşıyırsan, sənin daşıdığın eybəcərliyi o biri də daşıyır. Eybəcərlik eybəcərliklə döyüşsə də, qalib eybəcərlik olur. İnsanlıq qələbə çalmır. Ancaq bireyin öz üzərində qələbəsi böyük uğurlara yol aça bilir. Buna görədir Asif Atanın çağırışı: “İnsanlaşın – İnsanlaşdırın! Bəşərin nicatı İnsanlaşmaqdadır!”. Bir cümləyə sığan sözün hikməti mənim bayaqdan danışdıqlarımdır. Asif Atanın insan haqqında dediyi söz insanın mahiyyətinə güvənərək ortaya gəlmişdir. Asif Ata deyir, siz adamdakı insana inanmalısınız. Başqası özündə insan daşıdığına inanmaya bilər, ancaq sən bilirsən, onun mahiyyətində insan var, İnsanlıq anlamı daşıyır. İnsanlıq qıraqda deyil, onu götürüb içinə qoyasan. Asif Atanın İnsanlığa yönəlik çağırışı buna dayanır. Biz bunu bayram edirik. İnsanın içində tapdığımız gözəlliyi, anlamı – İnsanlıq adlı anlamı bayram edirik. Bütün bəşəriyyət ona qarşı yaşayanda belə biz onu bayram edirik.
Tolstoyun “Hərb və sülh” əsəri var. Oradan bir epizod xatırlatmaq istəyirəm sizə. Andrey obrazı var, zabitdir. Sterlinq döyüşlərində bərk yaralanır. Gecə arxası üstə sərili qalır. Birdən gözünü açır, göyü görür, bir an ağlına gələn bu olur, dünya nə gözəldir. Deyir başımı qaldırıb göyə baxmamışdım. Həyat o qədər qarışıq duruma düşüb, heç kim başını qaldırıb göylərə, gözəlliklərə baxmır. Səhərdən axşama kimi qayğılar-filan, məhv olub gedir insan. Ona görə bəşəriyyət mənəvi böhran keçirir. Bircə saat oturub dünyanı düşünmür, üz-üzə oturub insanın içinə girmir. Onun üzərindəki qayğıları, kədəri, nisgili, gözəlliyi anlamağa çalışmır, insanı sevməyi ağlına gətirmir. Asif Ata bu mənəvi böhrandan geri çağırır bəşəriyyəti. Bu tədbirləri ona görə keçiririk. İnsanlar özündən soraqsız yaşayır. Ancaq siz, Ocaq olaraq, var olsanız, onun harayını çəksəniz, günlərin bir günü, onun qulağı eşidəcək, ayılacaq. Din sənə cəhənnəm uydurur. Dünyadan soraqsız yaşamaqdan böyük cəhənnəm olmaz ki. Mənəviyyatın ölümündən böyük cəhənnəm olmaz.
Asif Ata bizi buna çağırır. Bu çağırış çox qətidir, ardıcıldır. Biz bunun niyəsini çox gözəl dərk eləyirik.
Yükümüzdən böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun! Bayrağımızı öpürəm.
Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): İl içində Asif Ata Ocağı 4 bayram keçirir. Birinci İnsanilikdən başlayır. Sonuncusu Bəşərilikdə qurtarır. Bəşəriliyə aparan yol da İnsanilikdən keçir. Ləyaqətli Bəşər insanlaşmadan başlayır. Böyük şəxsiyyətlər insanı aramırlar, İnsanı yaratmağa çalışırlar. Bax, o dahilikdir. Bu açıdan, bizə görə Asif Ata dahiliyin zirvəsidir. İnsanın qurtuluşunu uzaqlarda axtardılar, başqa amillərdə axtardılar. İnsanın qurtuluşu onun özündə idi, onu özüylə üz-üzə qoymaq gərək idi. Bəzən söhbətlərimdə deyirəm, bir Tarzan obrazı var. Bəlkə onun yaradıcısı onun fərqinə varmayıbdır. Tarzan dil bilmir, mədəniyyət bilmir. Vəhşilərin arasında öz içiylə üz-üzə qaldığından, içinin səsini eşitdiyindən orda necə bir ömür yaşayır, hamıya bəllidir. Yəni bu bəşərin axtardıqları idi, demək istədikləri idi. Niyə axtarıb tapa bilmirdilər, insan niyə bu günə düşüb? İnsana insanlıq tələblərini, ölçülərini, meydanını göstərə bilmədilər. Mən o insanlıq meydanında kim oluram? Onu yaşamaq mənə hansı fərəhi, hansı ləzzəti, fədakarlığı verir, mən öz gözümdə ilahiləşirəm? Asif Ata bizə bunu öyrədir.
İnsanlıq bayramı ilə bağlı artıq 20 ildir söz deyirik. Ona görə istəmirəm dediyim təkrarlansın. Məni formalaşdıran qarşıdurmalar oldu. Mənə qarşı hədsiz təpkilər oldu. O təpkilərdə mən yetişdim. O təpkilər mənə ləzzət verdi. İnsan dünyaya gəldiyinin fərəhiylə yaşayanda içdən gözəlləşir. Mən çox xoşbəxtəm sizinlə bu gün burda olduğuma görə. Bu gün 10 milyardlıq bəşəriyyətdə 10 adam bu düşüncəni daşıyırsa, nə xoşbəxtdir.
Atamız Var olsun!
Ağşın Ağkəmərli: Təbrik edirəm bayram münasibətilə.
Babəkin adını çəkdiniz, dünən onun edam olunmasının ildönümü idi. Bu məsələ insanlıq dramı idi. Eyni halda, bizim içimizdən gələn faciə idi. Ancaq bir məsələ var, Babəki yaradan Xürrəmdinlik məfkurəsi idi. Bir ideologiyanın ilk gələnəklərini yaratmaq ideologiyanı yaratmaq qədər çətindir. Burda bir kütlə var, bir də ziyalı təbəqəsi var. Sən hamını lider, hamını ziyalı eləyə bilməyəcəksən. Ancaq o ideolojinin əsasında, o kütləni, düşüncənin ardınca dartıb çəkə bilərsən. Asif Ata həmin işi görür. Şübhəsiz, biz həyat boyu öyrənə-öyrənə gəlirik. Ancaq təəssüflər olsun, hamımızda böyük iddialar da var. Bu iddiaların nəticəsində biz gördüyümüz qədər düşünürük. Ondan ötə keçmirik. Bunun səbəbi tənbəllikdən irəli gəlir. Deyir sən hazırla, mən yeyim. Bir məqama toxunum, sorun budur ki, oxumuruq. Mən fikirləşirəm, məclisdən məclisə görüşürük, oxuyuruq. Ocağın tədbirləri mənim üçün yetərlidir. Ancaq mən istəmirəm axı, təkcə məni yetişdirsin. Mən istəyirəm millət üçün yetərli olsun. Bunu zəncirvari aşılamalıyıq. Ona görə fikirləşirəm, oxumaq, öyrənmək əsas şərtlərdən biridir. Bunlar bizə sistem verir ki, düşündüyümüzü həm içimizdə yaşadaq, həm çevrəmizə aşılayaq.
Güntay Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T. A.): Öncə bayramınızı təbrik edirəm. Biz İnsaniliyi bayram edirik. İnsanda olan yüksək keyfiyyətlərə inanırıq. Bayramımızın mahiyyəti də odur ki, Azərbaycan insanını İnsanlıq halında tərbiyə eləyəcək. Ocaqçılar xilası bu yöndə görürlər. Bayaq Ağşın bəyin dediyi kimi, insanlar oxumurlar ki, burdan başlayan işığı başqa yerə yaysınlar. Texnologiyaların gəlişdiyi bir dövrdə yaşayırıq. İnsan başını qaldırıb insana baxmır, görmür. Hərənin özünün dar aləmi var. Görünsə də, görünməsə də, planlar hazırlanır, bu cür ölkələrə ixrac olunur ki, insan öz mahiyyətindən uzaq olsun.
Asif Ata heç kimə zorla yeritmir. Gözəlliyi görmək üçün öz içinə baxmağı deyir. Bir daha təbrik edirəm. Sağ olun.
Tural-Ruharar (Ataya səcdə edir – T. A.): Çıxış edən Ocaqçılar böyük məsələlərə toxundular. Bizə söz qoymadılar. Ən azından bilirəm ki, mənim üzərimə böyük sorumluluq düşür. Davranışlarımız insanlaşmağa qulluq eləməlidir. Güntay Atalının dediyi kimi, bu cür şeylərə dözümlülüyün əsasında cahillik, cəhalət, öyrənməmək dayanır. Burada mən özümə çox doğmalaşıram. Yadlaşmadan uzaqlaşıram. Bayramda bir-birimizi dinləməyin özü də insanlaşmanın etik səviyyəsini göstərir. Özümə inanıram. İnanmasam Ocaqçı ola bilməyəcəm. Ümid eləyirəm, nə vaxtsa Ocaqçı olsam, bu yolda əqidəmdən dönməyəcəm. Sağ olun.
Soylu Atalı: Sizinlə bir toplantıda olmaq, düşüncələri bölüşmək mənim üçün xoşdur, mənim üçün sevincli anlardır. Eyni halda, əgər mən evimdə də bu düşüncələrlə uğraşıramsa, Atanın sözüylə, ideyalarıyla, kitablarıyla dostluq eləyirəmsə, nəinki dostluq eləyirəm, onlara Evladlıq eləyirəm. Bu elə mənim insanlarla, doğmalarımla bir arada olmağım deməkdir. Çünkü insanlarla bir arada elə-belə olmurlar. İnsanlarla bir arada ürəklə, düşüncəylə bir olurlar. Düşüncə yoxdursa, deməli, biryerdəlik də yoxdur. Bizim biryerdəliyimizin anlamı da içimizdəki bir-birinə doğma olan düşüncələrdir. O doğmalığı yaradan böyük ideyadır. O ideyaya münasibətdir. Birimiz o ideyaya birbaşa yiyəlik eləyirik. Bir başqamız dost olaraq yiyəlik eləyirik. Bir sözlə, o ideya ürəklərimizi bir birinə bağlayır.
İndi sonlandırıcı söz demək istəyirəm. Birinci, hər zaman olduğu kimi, burdakı insanlarımıza ürək qızdırıb, doğmalıq göstərib ərk edirəm. Siz də Asif Atanı deyin. Demək üçün onu öyrənməyə çalışın. Asif Atanı demək yalnız bizim boynumuza biçilməyib. Millət olmaq istəyimizə görə Asif Atanı demək gərəkdir. Biz millət olmaq üçün, insan olmaq üçün Asif Atanı deyirik. Mən bir öyrətmənin öyrəncisi deyiləm, istəyim o deyil, bir öyrətmənə sığınam, onu təbliğ eləyəm. Heç vaxt belə istəkdə buluna bilmərəm. Asif Ata elə-belə öyrətmən deyil, Onu gündəliyə gətirəndə millətləşmə sürəci başlayır.
Ölkəmizdə dinə tapınanlar Asif Ataya çox ögey yanaşırlar. Yağı kimi yanaşırlar bəzən. Niyə? Sənin peyğəmbərinə mənim nə işim düşüb? Qana qərq olur yurdum. İnsanlığım, millətim, düşüncəm, ləyaqətim qana qərq olub. Mənə nə veribsən axı, ala bilmirsən? 1500 ildir sırıyıbsan mənə. Gözəllik nə vaxt yaranacaq bəs? Elə ancaq hədələyir. Nə vaxta qədər hədələyəcəksən? Axı mən simamı itirirəm. İnsan kimi də, millət kimi də simasızlaşıram. Yəni bu müsəlmandan soruş, niyə pis baxırsan? Niyə dirənirsən buna? Ən yaxşı halda, deyəcək, dinimizdə bütün gözəlliklərin hamısı var. Hanı? 1500 ildir bu gözəlliyi ortaya çıxara bilməyibsən. Kimi dindirirsən, deyir peyğəmbərimiz belə deməmişdi. Necə demişdi onu ortaya çıxart. Məni niyə hədələyirsən olmayan bir şey haqda. Dediyini ortaya çıxart, görək o mənim əlimdən tuta bilər, ya yox. Sənin ortaya qoyduğun Quranı oxuyuram. Görürəm, bu insana yanlışlar gətirir. Asif Atanın kitabını verirəm, oxu, ağlının gücü çatacaq qədər tənqid elə. Asif Atanı rədd elə, gücünü qoy ortaya. Görüm o gücün varmı? Yoxdur axı. Boş-boş təhqirlə, söyüşlə sosial şəbəkələrdə qaranlıq yaymaq olmaz axı. İnsanlığa yol açmaq gərəkdir. Sən bu meydanı qapayırsan, bu yolu bağlayırsan, idraka yasaq qoyursan. Mən dinlərin necə yarandığını, niyə yarandığını çox gözəl bilirəm. Əsaslı öyrənmişəm. İnsanlar bəzən acığa düşür, təhqir eləyir. Təhqir gücsüzlük əlamətidir. Sağlam olaraq ortaya qoy, niyə qəbul eləmirsən. Kitabını oxumuşam, görmüşəm. Bütün kitabı boyu insanı hədələyir, aşağılayır. Kitab Allahdan oyun-oyuncaq düzəldir, Allahı öldürür. Asif Ata o anlamı dirildir. Onun gözəlliklərini ortaya çıxardır. Sən Allahdan qəssab düzəldibsən. Allah asacaq, kəsəcək, huri-pəri verəcək. Belə şeylər insanlıqdan ayıbdır. Bunun eybəcərlik olduğunun fərqinə var. Mən Asif Atanı öyrənirəm, öyrənməkdə davam edirəm. Asif Atanın özünə şübhəli baxışla yanaşdığım vaxtlar olub. Ziddiyyətlər axtarmışam dönə-dönə. Bəzi ziddiyyətləri hələ də çözüb qurtarmamışam. Deyirəm ağlımın gücü çatmır bəlkə. Araşdırıram özüm üçün. Quran icazə verər, belə yanaşasan ona? Basıb gözünü deşər…
İdraka, düşüncəyə yasaq qoymaq olmaz. İdraka, düşüncəyə yasaq qoyursansa, insanı kor heyvan eləyirsən. Korla yol getmək olmur. Kor elədiyinə görə, sənin şüurunu məhv elədiyinə görə, ruhları işğal elədiyinə görə, mənəviyyatı çökdürdüyünə görə bəşəriyyət bu günə qalıb. Bizi yönətənlər, siyasətin başında duranlar onun yetirmələridir. Ona görə deyirəm, əgər doğrudan da, millətləşmə istəyiriksə, Asif Atanı öyrənib, demək gərəkdir. Özü də onu öyrənəndə adamın gücü artır. Əzbərləyəndə qorxa-qorxa deyirsən, demək istəmirsən. Bilməməzlik ən böyük qorxudur. Din, bilmədiyin üçün, qorxudur. Bilsən qorxmazsan. Ərəb dilində oxudur, nə oxudursa, qoymur biləsən. Bilmək insanda cəsarət, hünər, təpər yaradır. Asif Ata insanı şəxsiyyətə çevirir. Dönə-dönə yazmışam bunu. Din deyir, Allahın işinə qarışma. Asif Ata deyir Allahın işınə qarış. Nə deməkdir Allahın işinə qarışma, ya qarış? Dinin ortaya gətirdiyi Allah dərk olunmaz bir şeydir. Yəni konkret olaraq, Allah anlamına uyğun deyil. Adamabənzər bir qüvvədir. Bu adamabənzər qüvvəni dərk eləmək istəsən, gedib adama çıxacaqsan, sona çıxacaqsan. Ata deyir, Allahın işinə qarış, kainatın sirlərinə gir. Sirlərini öyrəndikcə sonsuzluq açılacaq qarşında. Cəsarətin, sorumluluğun artacaq. Onda Allah anlamına özgün olan bütün gözəllikləri öz ömründə gerçəkləşdirməyə çalışacaqsan. Ömründə ifadə eləməyə çalışacaqsan. Onda dünya gözəl olur. Fəzilətlərin hamısı insan ömrünə gələrsə, insan ləyaqətinə, əməlinə gələrsə, insanın insana, dünyaya yanaşması gözəl olar. Hədələməklə, səninlə mənim doğmalığım, birliyim yaranmır. Eyni yerdə oturub bir-birimizə yad baxırıq. Hər zaman demişəm, hər kəsin düşüncəsinə açıqdır bizim ortamımız. Yüksək biliklə, səviyyəylə məni ələşdir demişəm. Ola bilər nəyisə doğru deyərsən. Doğru dediyinə alqış. Doğru demədiyini isə, rədd edəcəm. Kor dindar bu dediklərimə qarşı çıxır. Dünyanın, insanlığın, millətin, vətəninin qarşısında sorumluluq daşımır. Körpə uşaq səndən özgürlük örnəyi götürməlidir. Sən ona kor zehin veribsən. Onun qarşısında sorumluluq daşımırsan. Ona görə asan davranırsan, asan danışırsan. Ona görə də Asif Atanı öyrənmək, demək gərəkdir. Mənim üçün yox. Hər zaman deyirəm, bu tədbir Soylu Atalının tədbiri deyil. Bu tədbirə gələndə içində sözlə, düşüncənlə, lap etirazla gəl. Sağlam gəl. Tədbirdə hər kəsin söz haqqı var. Ancaq heç kimin tədbiri bazara çevirməyə haqqı yoxdur. Özümüzün ləyaqətimizdən də, insanlıqdan da, Asif Atadan da ayıbdır.
Ağşın Ağkəmərli: Siz məni keçmişə qaytardınız. Mən bunu danmıram, birinci aşamada kommunist ideyasını daşıyan biri olmuşam. Biz gedərdik zavodda, fabrikdə insanların haqqını, hüququnu tanıdardıq. Deyərdilər biz sizinlə yoxuq. Deyərdim niyə yoxsuz? Deyərdilər siz deyirsiniz Allah yoxdur. Fars dilində “mist” yoxdur deməkdir, komon mist, yəni Allah yoxdur. Deyirdim axı uyğunluğu yoxdur, o başqa bir şeydir. Ümumiyyətlə götürürəm, bizim millətin savadı sıfırdır, dünyagörüşü yoxdur. Olmadığına görə biriləri gəlib bir təriqəti ortaya qoyub. Mütaliə olmadığına görə o təriqət xurafata çevrilibdir. Quranı müdafiə eləyən müsəlmanların çoxu, inandırım sizi, onun onda birini də oxumayıblar. Niyə? Biz həmişə düşünmüşük. Biri düşünür, o birisi alır. Bunu araşdırmırıq. Bu düşüncəylə, bu ideologiya ilə xalqı qurtarmağı düşünənlərin özləri mütaliə eləmirsə, bunların taleyi də, get-gedə o birilərin taleyi necə olubdur, elə olacaq. Məsələn, səfəvini, ya qızılbaşı sonradan bir termin kimi işlədirdilər. Özü də pis anlamda. Məsələnin bu tərəfini niyə mən vurğulayıram. Şübhəsiz, bilirsiniz ki, bizim o tayda özümüzə özgün olan dostlarımız var idi. Görüşürdük, söhbət eləyirdik. Sonradan bu dostlarımıza farsca kitablar gətirib verdik, oxusunlar. Bunlara o kitabları oxutdurandan sonra gördüm, ikinci dəfə bunlar mənə heç macal vermirlər.
Mütaliə bizim hər şeyimizi təşkil eləyən, hətta məsələni qavramaqda böyük rol oynayan məsələdir. Düşünürəm, biz doğrudan, gələcəyimizi düşünürüksə, milləti çəkib aparmağı düşünürüksə, həryönlü oxumaq gərəkdir. Ocaqda bir şeyə inandım – İnqilab küçələrdə olmur, Soylu bəyin vurğuladığı kimi, inqilab birinci düşüncədə olmalıdır.
Soylu Atalı: İnsanların başlıca sorunu nədir? Allah varmı, yoxmu? Əgər Allah varsa, ona yox deməklə yox olası deyil. Ya da yoxdursa, var deməklə var olası deyil. Allahın varlığı da, yoxluğu da sənə bağlıdır. Əgər sən öz insani ləyaqətin üstə, insani mahiyyət üstə yaşayırsansa, xeyirxahlıq, vicdan, ədalət əsasında yaşayırsansa, bəşərsevərlik, insansevərlik əsasında yaşayırsansa, deməli, Allah var. Allah, adını çəkdiyim anlamdır da. Bu o vaxt var, onu sən əməlində, içində yaşadırsan. Yaşatmırsansa yoxdur. Yəni kainatın anlamı İnsanda İnsanlıq kimi yaşayırsa, Həyatda Həyatlıq şəklində yaşayırsa, bu var. Ona görə bu anlamı yaşadarsan olar, yaşatmazsan olmaz.
Nəyin uğrunda bunlar qovğa aparırlar. Məsələn, bir qisim insanlar dinlərin təbliğ elədiyi Allahı yox sayırlar. Belə götürəndə düz deyirlər. Adamı qorxudan, peyğəmbərin arvad işlərini düzüb-qoşan Allah olmaz ki. Müsəlman da sübut eləyir, yox, o Allah var. Hürufilərimizin adını çəkdi qardaşımız. Hürufilər “Ənəlhəq” deyirdi. O dövrün insanları deyirdilər, insan necə Allah ola bilər? – Biz deyirik, İnsanlıq elə Allah anlamıdır da. Onu sən daşıyırsan özündə. İç-içəsən onunla. Ona çatırsansa, Allahlaşırsan da. Allahla, o qüdrətlə iç-içə olursan. İçindəki Allaha yetəndə onu inkar eləmirsən. Onu doğruldursan, təsdiq eləyirsən. İnsanın düşüncəsi haçağacan bəsitdir, bu cür anlamsız qovğalar gedəcək. Allah anlamı düzgün sunulmur. Nə yazıqlar, peyğəmbərlər Allah anlamına üz tutdular, ancaq onu uydurdular. Onu doğru vermədilər insana. Heç bir xalqda o anlam özünə bərabər deyil. Zevsdən, ya Yaqovadan Allah olar? Ondan yaxşı başkəsən sərkərdə olar. Buna görə də insan öz mahiyyətinə bərabər yaşamırsa, ona sunulan daşlaşmış, konservativ baxışı, cırmaqlaşa-cırmaqlaşa savunmağa çalışacaq. İnsani ləyaqətini ortaya qoy, insani mahiyyətinə uyğun yaşa, onda görəcəksən, insanlığını da təsdiq eləyirsən, böyük mənada Allahı da…
İndi Bayram hədiyyələrini verək. Bizim Yeni ilimiz Günəş Ayının (martın) 1-dən başlayır. Günsıra vizitlərimizi yeniləmişik. Bunlardan sizə verirəm.
Ocağın tədbirlərinin heç biri dörd divar arasında qalmır. Biz onu işləyirik, kitablaşdırırıq, diskləşdiririk, arxivə qoyuruq. Kasetlərin böyük bir hissəsini dövlət texniki arxivinə vermişik…
( Soylu Atalı hazırlanmış Bayram kitabını da bağışlayır – T. A.)
“İnsanilik Şərqisi” oxunur.
Günev Atalı İnsanilik üstə Mütlqlə Təması deyir.
Soylu Atalı: Atamızın hökmünü çatdırıram: İnsanlaşın, İnsanlaşdırın.
Hamı: İnsana and olsun, İnsaniliyə qulluq edəcəyəm.
Soylu Atalı: Sağ olun, Var olun. Bununla da mərasimimiz başa çatır.
Bayram – çay süfrəsi yörəsində doğmalaşmaqla başa çatır.
Çiçək Ayı, 40-cı il. Saray-Soylu.
(aprel, 2018).