Ocaq Günsırası ilə 30 Qar Ayı, 42-ci ildə Asif Atanın Mütləqə İnam Ocağı Qutsal Öyrənim Günü keçirdi. Ocaq Yükümlüsü Soylu Atalı: Biz belə danışmışıq, Qutsal Öyrənim Günlərini qeyri-rəsmi keçirək. Yəni Ocaq mərasimləri kimi keçirməyək. Doğmalaşma günü kimi, Atadan hansısa kəlamları öyrənirik, onu araşdırıb birgə dəyərləndiririk. Kimin qonu ilə bağlı sözü, sualı olarsa qatqı göstərib davam edə bilər. “Qutsal Öyrənim Günü”nün yönü budur, qonunu bəlirləyirik, Ocaqçılardan birinə tapşırırıq, bu qonuda sən danışacaqsan, sən aydınlaşdıracaqsan. Biz də dinləyib gərəkəndə sual verək, birgə aydınlaşdıraq. Bu qonunu Göytəkin qoyub, istəyir bu qonuda özü danışsın. Sonra kimin nə sualı olarsa, Göytəkinə verər, nə əlavəsi varsa edər. Buyur, Göytəkin.
Göytəkin Atalı: Ürəyinizdə Ata Günəşi olsun!
Bu günkü “Qutsal Öyrənim Günü”müzün qonusu Atanın “Görmək İnsaniliyi” kitabından “Mütləq Tələb” anlayışıdır. Atanın bu anlayışının üzərindən düşüncələrimi demək istəyirəm. Deyir, “Azadlıq, qardaşlıq, bərabərlik” şüarlarının heç biri həyata keçmədi. İndiki quruluş, toplum, ya da hər hansı bir ideologiyanı ortaya qoyub uyğulamağa çalışanlar hansısa azadlıqdan, bərabərlikdən, qardaşlıqdan danışırlar. Ancaq onların azadlıq dediyi nədir, insana hansı yöndən xeyir verir, ya da hansı sonuclara aparıb çıxarır. Bir az bunu ayrı-ayrı yönlərdən izah etmək istəyirəm. Məsələn, bu gün söz azadlığından bəhs edirlər. Düşünürəm, onların dedikləri söz azadlığı hay-həşirin artmasından başqa bir şey deyil. Söz azadlığı şüarını ortaya qoyurlar, ancaq insanın hər hansı bir yöndən haqqını tələb etməsini hər yöndən əngəlləyirlər. Yəni insanın heç bir haqqını ödəmirlərsə, hansı azadlıqdan söhbət gedə bilər?! Ya da azad seçki anlayışını ortaya gətirirlər, ancaq toplumun iradəsini yenə zorlayıb boyun əydirirlər, öz seçdiklərini ona seçdirirlər. Bu da başqa bir biçimdə əsarətin davam etməsi deməkdir. Bu, məsələnin bir yanıdır. Başqa yandan baxanda, Adamlıq səviyyəsində yaşayan birinin içində hər cür əyriliklər var. Belə birinin azadlıq haqqında anlamı necədir, genel olaraq onun azadlığı nə deməkdir, ya da ona azadlıq vermək hansı sonucları verə bilər. Yəni ona azadlıq vermək onun içindəki Adamlıq halına azadlıq vermək deməkdir. Bu, onun içindəki əyriliklərin daha da qabarmasına, artmasına səbəb olur. Çox qəribədir, insanın dərk etmədiyi bir şeyi uyğulamağa çalışırlar, insana müsbət sonucların olacağı ilə bağlı boşuna vədlər verirlər. Bu cür düşüncələrə Atanın bir cümləsi daha yaxşı aydınlıq gətirir. Deyir, “Hamının azad olması üçün hamının insan olması gərəkdir”.
İndi inqilab, intibah məsələsinə toxunmaq istəyirəm. Söhbət toplumsal inqilabdan gedirsə, bunu biz dəfələrlə söhbətlərimizdə vurğulamışıq, demişik, inqilab köklü bir dəyişiklik yaratmır. İnqilab birdən-birə gələn, qırıb-tökən, ancaq gərəkən dəyişikliklə sonuclanmayan bir prosesdir. Atanın bununla bağlı vurğuladığı bir söz var: “insanilik bayrağı altında antiinsanilik bərqərar olur”. Yəni ortaya qoyduqları hər hansı bir prosesi insana qurtuluş yolu olaraq göstərirlər. Bir anda nələrisə dəyişirlər, ancaq mahiyyətinə baxanda görürük, əsarət tam ortadan qalxmır, başqa şəkilə keçir. Atanın dediyi kimi, “öncə ictimai quruluş devrilir, mülkiyyət ümumiləşir, ancaq insanın qaranlıq iqbalına gün düşmür, istismarçı siniflər ləğv olur, yenə də insana bir xeyri olmur”. Biz quruluş dəyişikliyi ilə bağlı məsələlərə dəfələrcə aydınlıq gətirmişik, ancaq bu kitabda bəzi yazıları oxuyandan sonra quruluş dəyişikliyi ilə bağlı tam bir düşüncəm formalaşdı. Atanın dediyini belə anlayıram, öncələr kəndli adlı sinif vardı. O sinif kiminsə tabeliyində idi, öz haqqına tam sahib deyildi. Sonra yeni quruluş gələndə həmin sinif yarımçıq azadlıq əldə elədi. Ancaq yenə də onun aqibətində heç nə dəyişmədi. Yeni istismarçıların boyundruğunda oldu. Yəni əməkçi insan yenə öz zəhmətinin bəhrəsini əldə edə bilmədi. Əməkçinin aqibəti dəyişmədi. Yenə Atanın bir düşüncəsini deyəcəm, “Mülkədardan, kapitalistdən azad olmaq azadlıq deyildir, çünkü biz əsarətdən azad olmadıq”. Burada artıq inqilab yolu ilə baş verən dəyişikliyin insan üçün önəmi olmadığını görürük. Ruhani İntibah məsələsinə gəlincə, Atanın da vurğuladığı kimi, İntibah Yüksək Həyatdır. İntibah inqilabdan fərqli olaraq, birdən-birə baş verən dəyişiklik deyil. İntibah çətin irəliləyən prosesdir, içdən başlayan, köklü bir dəyişiklikdir. İnsan Ali həyata İntibahla yetir. Bunu hər yol vurğulayırıq, dəyişiklik insanın içindən başlamalıdır. Çox ilgincdir, dönə-dönə eşitdiyimiz, dediyimiz bir məsələ Atanın hər hansı bir yazısında tək bir cümlə ilə elə izah edilir, aydınlaşır, heyrətlənməmək mümkün deyil. Atanın “Görmək İnsaniliyi” kitabında belə bir düşüncə var: “İnsan insan olsaydı, quldarlıq istismarı olardımı? İnsan insan olsaydı, feodalizm istismarı olardımı?” Ardınca deyir, “Fatehlik ehtirası olmasaydı, quldarlıq yaşardımı? Ağalıq ehtirası olmasaydı, feodalizm yaşardımı?” Yəni insanın içində olan bu halların nələr yaratdığı, ortaya gətirdikləri aydınlaşır. Deməli, adam insanlıq səviyyəsinə ucalarsa, nələrə qadir olmaz.
Dində tez-tez təkrarlanan bir deyim var. “Allah hər şeyə qadirdir” – dini ibadətlə uğraşdığım çağlarda buna mənim tam inamım yaranmırdı. Çünkü Allah hər şeyə qadir idisə, nədən yaxşıya doğru nələrsə baş vermir, hər şey elə pisə doğru gedir. Ancaq indi deyəndə ki, İnsan hər şeyə qadirdir, buna tam şübhəsiz olaraq inanıram. Çünkü insanın içində olan ən xırda nöqsanların gətirib çıxardığı böyük sorunları Ata cümlə-cümlə elə izah edir, elə çatdırır, hər şeyin insandan asılı olmasına şübhə qalmır. İnsan yüksək Həyata yetmək yolunda içindəki nöqsanlardan qurtulduqca gözəlliyi içində var etməyə çalışır. Düşünürəm, o, içində addım-addım elə xoşbəxtliyi – cənnəti qurur. Qıraqda cənnət uydurmaq insanı xöşbəxtlikdən uzaqlaşdırmaqdır. İnsanı buna inandıra bilmirlər, cənnəti şirniyə çevirib başqa bir dünyada yaradırlar. Bunun üzərindən yalanlarla insana oyun oynayırlar. İnsan bütün ömrü boyu xoşbəxtliyin onun əlindən alındığından soraqsız yaşayır.
Beləcə, üzləşdiyimiz fəlakətlərin, sorunların hardan qaynaqlandığını düşündükcə, anladıqca Atanın “içdən dəyişən İnsan”ının nəyi dəyişdirəcəyi, nəyə səbəb olacağı mənim üçün daha da aydınlaşır. Bunu da anlayandan sonra “Mütləq tələb” anlayışı aydınlaşmağa başlayır. Yazıda Ata vurğu edir, “Bu tələbi həyata keçirmək üçün Müqəddəsləşmək gərəkdir. Bu baxımdan, Mütləq tələb həm də Müqəddəsləşmək tələbidir”. Yəni öncə dediyimiz kimi, insanın öz içindən başlayan dəyişiklik baş verməli, nöqsanlardan təmizlənməli, öz içində gözəllikləri var etməlidir. Bu da qıraqda dəyişikliklərə səbəb olacaq. Bununla da İnsandan başlayan dəyişikliyin bəşəriyyətin yaşamında yeni ölçü yaradacağına əmin oluruq.
Soylu Atalı: Sənin qoyduğun qonu, toxunduğun məsələlər, aydınlıq gətirmək istədiklərin nə deyir, nəyə toxundun?!
Yaşadığımız quruluşun, ya da quruluşların yoluna yönəlik düşüncələrini sərgiləməyə çalışdın. Nədir quruluşun halını yaradan, bunu vurğu etdin.
Quruluşun yaranmasında başlıca rolu olan inqilabdır. İnsanlar birgəyaşayışının nizamını yeniləmək üçün inqilablara əl atmalı olur. Dəyişikliyi inqilab yolu ilə həyata keçirir, bərpa edir. Sənin də aydınlaşdırmaq istədiyin odur, inqilab yolu ilə insanın birgəyaşayışını nizamlayanda tamam fərqli məsələlər ortaya çıxır. Yəni toplumsal azadlıq, ədalət bərqərar olmur. Ciddi irəliləyiş baş vermir. Bu açıdan onu qabartmağa çalışdın, toplumun birgəyaşayışının ən doğru nizamının formalaşması inqilabdan deyil, intibahdan keçir. Məsələ burasındadır, biz burada Göytəkindən toplumsal azadlığın yöntəmi ilə bağlı düşüncələri dinlədik. Onu da vurğuladı, gərək insanın içindən başlayan bir proses olsun, insanın içi dəyişsin, öz mahiyyətinə uyğun şəkillənsin, o zaman bu toplumsal azadlığın yaranmasına gətirib çıxara bilər. Gəlin qayıdaq bireysəl azadlıq məsələsinə. Çünkü intibah bireysəl azadlığın doğurduğu prosesdir. Ona görə bireysəl azadlıqla bağlı bir neçə söz deyim. Sonra suallarla qonunu genişləndirə bilərik. Ayrı-ayrı nöqtələrdə Göytəkin yaxşı vurğu elədi, bunları sistemləşdirək. Deyək, xəlqi azadlıq-bireysəl intibah, ya da bireysəl azadlıq-xəlqi intibah. Adi həyat-Yüksək (Ali) Həyat məsələsini vurğuladı, o da yerində idi, bunlar birbaşa intibah məsələsi ilə bağlı olan anlayışlardır. Biz ötən qonuların birində vurğu elədik, yaşadığımız həyat adi həyatdır, yüksək həyat deyil. Ata da bizə deyir, həyat öz mənasından çox aşağıdır. Bizə bu ideyanı ona görə verib, biz özümüzdə, öz yaşamımızda adi həyatı ötə bilək. Biz öz yaşamımızda ölçü tapa bilmədiyimizə görə, birey olaraq qurulmaqda, xəlqi yönə bağlanmaqda, daha böyük addımlara yetməkdə özümüz ola bilmirik. Xəlqi yönün qurulmasına qatqı verə bilmirik. Başqa sözlə, xəlqi yönü, bizim insan olaraq, qurula bilməməyimiz əyir. Çünkü bütövlükdə xalqın içində insanların uyumu, yaşamı, nizamı, gələnəkləri insanların özündə yaratdığı insani cəhətlərdən, keyfiyyətlərdən oluşur. Buna görə özümüzlə üz-üzə dayanıb içimizdə baş verən prosesləri aydınlaşdırmalıyıq – nə yaşayırıq, nəyi yaşayırıq, necə yaşayırıq. Bir sıra öyrətilər (təlimlər) deyirlər: “insanı ortam (şərait) formalaşdırır”. Ata buna qarşı təpki göstərir, bəs ortamı kim yaradır deyə sual verir. Bu öyrətilər sonucdan (nəticədən) səbəbə doğru gəlirlər. Halbuki səbəbdən başlayıb sonuca doğru getməlisən. Sonuc odur, əyri bir yaranıb. Dünyaya gələn insan həmin əyri ortamın etkilərində özündən ayrılır, həmin əyri ortamın yaşamasına, formalaşmasına, oturuşmasına qatqı göstərir. Halbuki insanın dünyaya gəlişi ortama qarşı olmalıdır, yəni mövcud əyri ortama qarşı. İnsanın dünyaya gəlişi, özünə çatması, yüksəlməsi yönündə məsələlər kökündən dəyişməlidir. Ata ona görə deyir, insana haqq tanımaq gərəkdir. İnsan özünə haqq tanımalıdır, onu əyən, əydirən, onu dəyişən, özündən uzağa sapdıran gedişlərə təpki göstəsin, onlara dirəniş göstərə bilsin, dur deyə bilsin. Harda dirəniş göstərsin, harda dur desin?! Ocaqdan qıraqda hər kəs deyir, küçədə. Ona görə qaçırlar mitinq keçirirlər. Asif Ata deyir, evdə, özündə, içində dur de. Sən özünü öyrən, araşdır. Sənin gözünün qabağında toplum var, toplumda hər bir neqativ halları, əyrilikləri görürsən. Sən qayıt özünə bax, gör özündə bunları görürsənmi? İnsan bunu özünə demir, başqasında görür, deyir, özünə demir. Toplumda bütün gördüklərinin hamısına qayıt öz içində bax. Yenə deyirəm, adama çətin gəlir, hamı toplumsal qınaqlarla danışır, hamı toplumda olan əskiklikləri deyir, vurur, baltalayır. Heç nə dəyişmir. Çünkü uzaqdan uzağa baltaladığının hamısı sənin içində sənin ömründə yaşayır. Baxın, biz dinlərə qarşı çıxırıq, deyirik, dinlər nəyimiz var hamısını bizdən qırağa – Allaha bağlayır. Axı biz də hər şeyi özümüzdən qıraqda tuturuq, özümüzdən qıraqda aydınlaşdırırıq, araşdırırıq. Məsələ budur. Ona görə Ata deyir, qıraqdan qayıt öz içinə. Öz içində onları ara, axtar, tap, bəlirlə, onda görərsən, toplumsal birgəyaşayışın nizamı nə deməkdir. Bu dediyim bireysəl intibahdır. Mən içimdə, bu dediyim, insana qarşı olan hər cür gedişləri tanıyıram, onu ömrümdən qırağa atıram. Ömrümdən sildikcə içimdə gözəlliklər oturuşur, içimdə insani keyfiyyətlər oturuşur, ədalət oturuşur. İçimdə xəlqi mənaya xas olan bütün tələblər oturur. İçimdə oturduğuna görə mən öz içimə sığmıram, xalqa çıxıram. Toplumsal döyüş bu deməkdir. İçimdə qurulduqca içimə sığmıram, içimdən qırağa çıxıram, içimdə yaratdıqlarımı işıq kimi vermək istəyirəm, səpmək istəyirəm aləmə. Bu, bireysəl intibahdan xəlqi intibaha gedən bir yoldur. Bu yolu biz Ocaqda yaradırıq, bu yolun tələblərini dərk edirik. Dərk elədiyimiz üçün də onu xəlqi yönə gətirməyə çalışırıq. Bütün məsələ budur. Ona görə də toplumsal intibah bireysəl intibahdan başlayır deyirik, ona görə də toplumsal azadlıq bireysəl azadlıqdan başlayır deyirik. Ona görə hər bir şeyin özülündə bireyi, insanı görürük. Ona görə Atanın “İnsanlaşın, İnsanlaşdırn. Bəşərin qurtuluşu İnsanlaşmaqdadır!” deyimini bayraq edib başımızın üzərinə qaldırırıq.
Atanın vurğuladığı, Göytəkinin də bizə anlatmaq istədiyi məsələ budur. Kimin sualı var versin. Kimin əlavəsi varsa desin, dinləyək.
Nurtəkin Atalı:
Göytəkin qonunu da özü qoymuşdu, izahı da qapsamlı idi. Soylu qardaş bayaq çıxışında deyir, insan özündə haqqı tanımalıdır, o, onu əyriliyə salan nəsnələrdən imtina edə bilsin. Bəzən də olur, haqqı tanımır, haqqı tanıtmaq istəsən də yenə də tanımır. Onda necə?
Günev Atalı: O zaman özümə haqq tanımaram, mən onun daşıyıcısı deyiləm, onu təsdiq etməmişəm. Bunu mən belə başa düşürəm.
Soylu Atalı: İnsan özündə haqq etməlidir, intibah yolu keçsin. Nəyi haqq etməlidir?! Biz deyirik, bizi toplumsal ortamın tələblərinə bağlayırlar. Toplumsal ortamı yaradan tələblər nədir?! – Başlıca olaraq, ruhaniyyat xəttində dinin ortaya gətirdiyi yaşam, münasibət nizamı. Eyni halda, quruluşun tələblərini həyata keçirən siyasi doktrinanın həyata keçirdiyi yaşam nizamı. Biz qarşımıza tələb kimi çıxan, istər dinin, istər siyasətin tələblərinə boyun əyirik. Biz xəlqi intibaha meyl etmirik. Biz özümüzdə haqq görmürük. Çünkü biz özümüzü dərk eləmirik, özümüzü küçümsəyirik, özümüzü artıq sayırıq. Siyasi doktrinaların avam yavrusu sayırıq. Dinin qorxudulmuş, hürküdülmüş yavrusu sayırıq özümüzü. Ona görə deyirik, mən kiməm, nə edə bilərəm axı. Haqqını burda itirirsən. Haqqını, səni cəhalət meydanına sürüyən tələblərin qarşısında itirirsən. Özünü görmürsən. Bu haqqı görmək, tanımaq üçün sənin qarşına dikilib səni çağıranların hara çağırdığını anlamalısan, fərqinə varmalısan. Aşağı-yuxarı bir il bundan öncə, Göytəkin Ocaqla bağlaşdı. Ondan sonra özünün üz tutduğu dini baxışa çox saylı sorğular yağdırdı, məni hara çağırırsan deyə. Ondan cavab aldıqca gördü, özündən uzaqlaşır, xalqından uzaqlaşır, dəyərlərindən uzaqlaşır, bəşəri varlığından uzaqlaşır, özü yox olur, əks-sədaya çevrilir, kölgəyə çevrilir. Bu zaman onun içində üsyan qalxdı. Üsyan dedi, mənim içimə bu cür əllərin uzanmasını istəmirəm. Məni məndən alan, çəkib qoparan hər bir gedişi rədd edirəm, ona dirəniş göstərəcəm. Necə? – Bütün insanı var edən tələbləri öyrənib, dərk eləməyə başlayaraq. Yəni Göytəkin özündə haqq gördü, haqq tapdı, onu əyən, döyən yadlıqlara sinə gərsin, onları rədd eləsin, özünün bireysəl, xəlqi ləyaqətini özünə deyə bilsin, onu yaşada bilsin. Özündə haqq görmək budur. İndi nə etməli sualına biz cavab veririk. Ancaq bizdən qıraqda olan hər bir gedişlərə boyun əyən şəxslər buna ciddi cəhdlə əngəl olmağa çalışırlar. Asif Ata belələrinin yalançı düşüncələrinə dirəniş göstərir. Bütün bunların ağzında, qulağında olan yalançı nə varsa, hamısını araşdırır, rədd edir. Rədd etməyi yüksək, insani, bəşəri ideallarla gerçəkləşdirir. Bu idealları bizə tanıdır, onlara da tanıdır, bütövlükdə bəşər övladına da. Tanıyan onun əlindən tutub öz içinə girir. Öz içində olan hər cür əyintini, balacalığı, eybəcərliyi qırağa qoyur. Özünün bireysəl azadlığına qovuşur, özünü insan kimi duyur, insan kimi dərk edir. Mən insanam, mən alət deyiləm. Bu vaxta qədər qarşıma çıxan nə varsa, hamısı məni özümdən ayırmağa çalışır, hamısı məni cahil saxlayır, balaca saxlayır. Ancaq boyunduruqda olan boyunlar içlərini qapayırlar Atanın çağırışının üzünə. Buna görə deyirəm, gərək biləsən nəyə dirəniş göstərirsən. Bizim fərqimiz də, ləyaqətimiz də içimizdə dirəniş göstərdiyimiz məsələlərlə ölçülür. Mən içimdə heyvanlığa dirəniş göstərirəm, sən içində insanlığa dirəniş göstərirsən. Sən tərəqqiyə, intibaha, azadlığa dirəniş göstərirsən. Ona görə için toza, dumana bürünüb. O toz-dumanda nə özünü görüb tanıyırsan, nə dünyanı dərk edirsən, nə azadlığı, nə də həqiqəti. Ancaq mən içimdə məni heyvana çevirən, alətə çevirən, həmin eybəcərliklərə dirəniş göstərirəm. Bizim Ocaq olaraq onlardan fərqimiz, üstünlüyümüz ölçümüzlə bağlıdır. Həqiqət ölçümüzlə bağlıdır. Kim nəyə həqiqət deyir?! Mən insanın ilahi başlanğıc olduğuna, onun dünyanın sirlərinə yetəcəyinə inanıram, ona bağlanıram. O biri də özündən qıraqda olan hər bir eybəcərliyə inanır, ona boyun əyir. Mən insanı sevirəm, o heyvanı sevir. Sözdə insana sevgi yazır, ancaq içində bütünlüklə heyvani münasibət var. Asif Atanın bizə sadə bilinən həqiqətləri topluma olumsuz görünür.
Biz bu dediklərimizlə yaraqlanıb toplumun qarşısına gedirik. Biz toplumun qarşısına gedəndə qarşımıza içində heyvan gəzdirən, yalançı elmi-tərəqqi gəzdirən, içində yalançı elmi biliklər gəzdirən zümrələr də çıxır. Onlar bizə öz səviyyələri ilə ağıl öyrətmək istəyirlər. İçindəki tozanaqla. Mən ona Asif Atanın içimdə yaratdığı yüksək insani qüdrətlə söz deməyə gedirəm. O isə mənə içindəki tozanaqla ağıl öyrədir. Bütün məsələ budur. Bizim insan dediyimiz, birey dediyimiz özündə sirlər, möcüzələr daşıyan ilahi başlanğıcdır. İnsanın ilahi başlanğıc olduğunu dərk eləmədən heç bir xəlqi intibah baş tutmaz, heç bir xəlqi yol yarana bilməz. Atanın öyrətdiyi həqiqətlər bunlardır…
İnamlı Atalı: Doğrudan da, insan haqqında başqa Ocaqçı bacı, qardaşım kimi düşünürəm, insan elə varlıqdır, o müstəqil, azad yaşaya bilmir. İnsan öncə ailə nəzarətində olur. Ailənin onu tərbiyə etdiyi düşüncələrlə formalaşır. Sonra məktəb həyatı gəlir, o da toplumsal həyatın qanunlarını insana yeridir. İnsan bu cür qurulur. Dinin, siyasətin, mühitin qurbanına çevrilmiş olur. Necə oldu, Asif Ata ortaya çıxdı, ya da orta yüzillərdə Nəsimi, Nəimi necə ortaya çıxdı, Babək necə ortaya çıxdı, Zərdüşt necə ortaya çıxdı?! Deməli, baxmayaraq, ortam insanı başlanğıcdan əyir, yanlış yönəldir, ancaq hər bir insanın içində bir işıq var. İnsan istəsə, onun içindən bu işıq üzə çıxa bilər. Bu günkü ortam elədir… sosializm ortamında yaşadıq. Hər cür eybəcərlik yarandı. Deyək, bizim əcdadlarımız Uzun Həsənlər, Qara Yusiflər, Şah İsmayıllar tayfaları birləşdirib millət, dövlət halına gətirdi. Biz yenidən ayrıldıq. Ata bizə yol, yön göstərdi. Bizə öz qədimliyimizin, öz kökümüzün üstündə ayaq üstə durmaq öyrətdi. Bu insanın özündən, bireydən başlamalıdır. Yuxarıdan gözləniləndə dəyişiklik alınmır. Tək çıxış yolu İntibah yoludur. Milləti qurtarmaq, bir olmaq istəyiriksə, Mütləqə İnam yolunu tutmalıyıq.
Azərbaycanda 52 partiya var. Partiyalarla dövləti, rejimi dəyişmək olumsuzdur. Belə götürəndə, partiyaların hərəsi bir yana dartır. Millətçiliyi təbliğ edənlər ayrı-ayrı partiyalarda birləşirlər, sonra bir-biriylə döyüşürlər, bir-birinin əlindən dartırlar. Bizim əlimizdə qədimliyimiz var. Biz də babalarımızın yolu ilə getməliyik. Bu gün Ocaqda sayımız az olsa da, bizim belə bir yolumuz var. Yüz il bundan qabaq Asif Ata dünyaya gəlsəydi, bu gün artıq genişlənmiş olardı. Bəlkə də, Azərbaycan xalqı indi ruhaniyyat mərkəzinə çevrilmişdi. Mən Mütləqə İnamda hər hansı yanlışlıq görmürəm, bütün varlığımla onu qəbul edirəm. Millət varidat uğrunda döyüşür, heç kim də həyatından razı deyil. Mən elə düşünürəm, qədimliyimizə, Asif Atanın sistemə saldığı Mütləqə İnama tapınsaq, hər şeyi içimizdə həll etsək, bütün qarşıdurmalar aradan gedəcək.
Özüylə döyüşlə bağlı bir münasibətimi bildirmək istəyirəm, mən içimdə paxıllıq, maddiyyatsevərlik axtarmıram. Mən gündəlik amallaşma ilə məşğulamsa, bacı qardaşlarımla danışıramsa, hər sözündə böyük bir sevinc görürəmsə, içimdəki şəri heç axtarmıram məndə var ya yox. O, məhəbbətlə, doğmalıqla, sevgi ilə əziləcək. Həmin bu keyfiyyətlərlə özümü tanıda bilərəm. Bu münasibətlə yüksələ bilərəm.
Soylu Atalı: İnamlı qardaşımızın toxunduğu məsələ ilə bağlı bir sual vermək istəyirəm. Məsələn, deyək, biz öz içimizdə Amallaşırıq, Atanı öyrənirik, Atanın düşüncələri ilə doluruq. Ağlımız Atanın düşüncələri ilə formalaşır, şüurumuza yeriyir. Məsələn, bənzəri şeylər çox olur, görürsən, bir insan yazır, yaradır, düşünür, bəlli bir həqiqətlərə gəlib çıxır. Günlərin bir günü onun içində tamam fərqli bir şey baş qaldırır, onun yönü dəyişir. Bir örnək göstərə bilərəm, Tolstoy çox güclü bir şəxs olub, yaradıcı insan kimi qələmi iti olub. Bu boyda böyük uğurlar əldə edəndən sonra, əlli yaşında yönü dəyişir. Ya da götürək Ocaqçılardan. Müşfiq Şükürov keçmiş Ötgün. O vaxtlar danışanda mən onun ağlına çox güvənirdim. Onun çox gözəl mütaliəsi olub, Şərq mədəniyyətini, Şərq dəyərlərini özünəxas öyrənə bilib. Günlərin bir günü bu adam Ocaqdan qırağa durdu. Getdi namaz qıldı. Başqa örnəklər də görürük, ədəbiyyat sahəsində də var. Dediyim kimi, Atanın əlini öpən, yaxşı şərh edən biri indi ayrı şeylər düşünür. Bunun səbəbi nədir, niyə belə şeylər baş verir? Tolstoy əlli yaşdan sonra dedi, mənim tapdıqlarım həqiqət deyil. Həqiqət ayrı şeydir. Müşfiq bəydə tərsinə, öncə həqiqətləri Atada tapıb, sonra geriyə qayıtdı. Kim cavab vermək istəyirsə buyursun.
İnamlı Atalı: Mən belə düşünürəm, insan hər hansı bir partiyaya filana qoşulur, yəqin, ora düşünülmüş bir məqsədlə qoşulur. Məsələn, partiyaya qoşulan quruluşdan, rejimdən, ortamdan inciyir, çıxış yolu tapa bilmir, gedir öz narahatçılığını orda ifadə etsin. Bu qurumlara qoşulanlar da çoxu hakimiyyət uğruna, şöhrət uğruna qoşulur. Ocağa da qoşulan Ocaqçılar yəqin, başlanğıcda bu məqsədləri güdürlər, ya şöhrətə görə gəlirlər, ya da nəyəsə görə gəlirlər. Deyək, o vaxtı Ocaqda qızlar vardı. Elə oldu, orda kimlərləsə tanış oldu, ailə qurdu, Ocaqdan getdilər. Olaylar oldu. Ya da, bir qardaşımız fəlsəfə ilə məşğul idi, o da getdi. O da ola bilər, şöhrət üçün, ya da nə üçün gəlmişdisə, onun da iç dünyası yaranmadı. Ocağa tam səmimi gələn, ürəyini Ocağa verən insan Amallaşdıqca eyni zamanda onun içsəl dünyası qurulur. İçindəki şər gedir, yeri Amalla dolur. Məqsədi, niyyəti öz millətini, xalqını azad görmək, yad etkilərdən, yad ideyalardan azad görmək olan, millətini böyük görmək istəyən insanın inanmıram sonradan bu boyda məqsədi, bu boyda niyyəti hansısa bir hərisliyə qurban gedə. Eləsi var, qurdu, yaratdı, bu adla tarixə düşdü. Başqalarının əlinə heç nə çatmadı, qurub-yaratdığını yandırmaqla tarixə düşdü. Ola bilsin niyyətləri məqsədi düzgün olmur, bu yoldan sapır. Necə ola bilər, Ocağa gələsən, görəsən ki, Mütləqə İnam ideyası bütün dinlərdən, ideyalardan üstündür, insanı yüksək varlıq kimi ortalığa qoyur, hər şeyi insanın əlinə tapşırır, insanın içsəl dünyasından tutmuş millətçiliyi, bəşəriliyi insanın özündə görür. Başlanğıcdan məqsədi, niyyəti arı olan adam inamıram, Amalı görə, bu cür ideyaların içinə girə, hansısa yaşında yolundan sapa.
Soylu Atalı: İnamlı qardaşımızın dediyi məsələlər işin bir cəhətidir, doğrudur. Bir-iki söz artırım. Mən deyirəm, necə olur, insanın içində tapdığı, ağlında doğru bildiyi bir həqiqət olur, sonradan onun baxışı dəyişir. Bizə qədər olub, bizdə də bundan sonra ola bilərmi?! Olarsa nə olar?! – Onun bir cəhətini qardaşımız dedi. Yəni adamlar harda, nə axtarırlar, nə tapırlar. Mən Tolstoy örnəyini deyim. O hər hansı bir qurumun üzvü deyildi, harasa getməmişdi. Sadəcə yaradıcı adam idi. Sonra bir də bunun başqa bir açısı, nədəni nə ola bilər?! Biz Asif Atanı öyrənirik, oxuyuruq. Onun dediyinin gözəlliklərində özümüzü görməyə çalışırıq. Onun dediklərində dünyanın həqiqətlərini dərk etməyə çalışırıq. İnamlı qardaşımız deyir, mən içimdə paxıllıq, qısqanclıq kimi duyğular axtarmıram, mən Asif Ata ilə Amallaşıram, doluram. Bunlar içimdən təmizlənir. Buna mən fərqli örnək göstərdim, deyək, Tolstoyun həyatını misal göstərdim, əlli yaşına qədər yazdı, yaratdı, əlli yaşından sonra dedi, bunların heç biri həqiqət deyil. Ya da məsələn, Şükürov Müşfiq – keçmiş Ötgün, Asif Atanın həqiqətlərini təbliğ edirdi, əlini öpürdü.
İnamlı qardaşımız deyir, insanlar özlərinin şöhrətinin, maddiyyatsevərliyinin, hakimiyyətsevərliyinin arxasınca düşüb gedir, bir şey əldə edə bilməyəndə başqa yerə gedir. Bir açıqlama gətirim, bu işin bir cəhəti üçün doğrudur. Fərqli örnək də var. Axı Tolstoy hakimiyyət dalınca getmirdi, varidat axtarmırdı, görəv axtarmırdı, gəlib belə bir varianta çıxdı. Bunun başqa bir variantı mənim ağlımda nədir?! Məsələn, biz Atanı oxumaqla kamilləşə bilərikmi?! Mənə elə gəlir, tam yox. Biz Atanı öyrəndikcə, oxuduqca, Atanın hikmətləri bizim biliyimizdə oturur. Bizim biliyimizdə oturması bəzən bizi aldada bilər. Biz elə bilərik, o bizim ömrümüzdə də oturub. Ancaq biz evimizdən çölə çıxarıq, toplumun içinə gedərik, başqa yerə gedərik, başqa nəsnələrlə üzləşərik, əməli olaraq görərik, içimizdə başqa bir əhval baş qaldırdı. Yəni bu olduqca gözlənilən bir məsələdir. Bu əhval tək-tək insanlarda baş qaldırmaya bilər. Ancaq genel götürək. Ona görə Ata bizim qarşımıza Amallaşma, Kamilləşmə, Xalqlaşma tələbi qoyur, yəni deyir, Atanı öyrən, Atadakı həqiqətlərlə dol, içində Atanın dediklərinə uyğun olan, olmayan nəsnələrin hamısını bəlirlə, gör Atanın dediyi nə dərəcədə sənin içində oturuşub?! Tutuşdur, içindəki ilə. Sonra bərkidikcə, öyrəndikcə, düşündükcə xalqın içinə çıx. Öyrəndiklərini, düşündüklərini insanlara de. Bu zaman insanlar sənin qarşına başqa arqumentlər çıxaracaq. Başqa düşüncələr sənin dediklərindən çox zəif olacaq, ancaq bəzən görəcəksən, belə deyək, natiqlik baxımından, gerçəkliyin məntiqi baxımından daha güclü görünə biləcək. Belə şeylərlə qarşı-qarşıya qalacaqsan. Onda gör sənin içində nə aşkarlanır. Biz ayrı-ayrı vaxtlarda ayrı-ayrı səfərlərdə olduq, görüşlər keçirdik, münasibətlər qurduq. Yanımızla gedən Ocaqçıların içərisində başqa şeylər qaynadı. Ancaq o elə bilir, onun içində hər şey yetkindir, onun içində qısqanclıqlar oynadı, onun içində başqa şeylər oynadı. Ona görə Ata deyir, içindəkiləri tanı. Bayaq vurğu elədiyim kimi, toplumda gördüyün nə varsa, öz içinlə tutuşdur, gör onlar sənin içində var, yoxsa yox. Tutuşdursan gördüyünü görəcəksən. Görmədiyini nə vaxt görəcəksən, xalqın içinə çıxanda. Çünkü xalqın içində sən sevgi ilə də qarşılaşacaqsan, təpki ilə də. O zaman sənin nəyə qadir olduğun, düşüncələrinin hansı durumda olduğu özünü göstərməyə başlayacaq. Ona görə Ata bu üç prinsipi Amallaşmanı, Kamilləşməni, Xalqlaşmanı bir-biri ilə bağlı götürür. İnsanın vətənini, xalqını sevməsini bilməsi üçün, öyrənməkdən başqa, xalqının içində olması gərəkdir. Xalqın içində olub xalqda özünü görməlidir. Xalqın yüksək, gözəl gələnəklərində özünü görə bilməlidir, xalqın çatışmayan keyfiyyətlərində özünü görməlidir. Özünü görərsə, onda onun içində özüylə döyüş prosesi gedər. Məsələnin əsas çalarlarından biri də budur.
Bir sual da vermək istəyirəm, bizdən qıraqda bir sıra yazarlar deyirlər: “indi xalqın keçmişində olan dəyərlərindən yapışıb durmaqla qabağa getmək olmur. Bunlar bu gün dünyanın çağdaş tələblərinə cavab vermir, dünyada gedən proseslər var, toplumsal dəyişikliklər var, yeniliklər var, texnologiyalar var”. Söz yox, bu texnologiyaların toplumsal həyatımıza tətbiqi var. Bunu biz qırağa qoya bilmirik, bilmərik də. Bu gün bizim bütün toplumsal həyatımızın nizamında nə varsa, hamısı yeni texnologiyaların etkisi ilə formalaşır. Xalq ona köklənir, xalq fiziki yaşamını onunla sürdürür. İnteqrasiya deyirlər, biraz ondan-bundan öyrənək, əməkdaşlıq edək deyirlər. Bunları da tətbiq edəndə kimlərinsə siyasi varlığını hesaba almaq zorundasan. Bu da gerçək bir faktdır. Ancaq biz deyirik, keçmişimiz var, böyük dəyərlərimiz var. Biz bunları dedikcə, deyirlər, nə yapışmısız min il bundan qabaq olanlardan. İndi bunların qarşısında bizim doğru dediyimiz nədir, doğru elədiyimiz nə?! Ya da bu məsələnin doğru yönü necə olmalıdır? Buyurun.
Günev Atalı: Söz yox, biz deyirik, Zərdüştümüz olub, Dədə Qorqudumuz o birilər. Onların özül dəyərlər olduğunu xalqa deyirik. Bu kimi dəyərləri çağımız üçün ölçü saymırıq. Bizim ortaya qoyduğumuz Asif Ata Ocağıdır, onun ideyaları, düşüncələridir. Biz demirik, düzü odur, qayıdaq Zərdüştə. Biz bu gün tamam başqa söz deyirik. Sadəcə xalqın zaman-zaman dəyər yaradıcılığını özünə xatırladırıq, Şərqin dəyərlərini özünə xatırladırıq. Sən Zərdüştü vermisən, Nəsimini vermisən, Babəki vermisən. Bu gün o potensiya sənin içində yaşayır.
İnamlı Atalı: Biz deyirik, dünyada, insanda Mütləqi görürük. O özünü ifadə etmək gücünə malikdir. Yeni şəhərlərin salınması, texnologiyanın inkişafı elmi axtrarışdır. Axı Mütləqilik, İnsanilik elmi kəşf deyil. Əgər doğrudan da, texnologiyanı öyrənmək istəyiriksə, bunun nəyi pisdi?! Bunu danmırıq. Ancaq insanın insana münasibətini deyirik. Mənə elə gəlir, bəşəri qüvvələri qoyaq bir qırağa, biz millət olaraq, öz içimizdə Atanın dediklərinə tapınsaq, bizdə texnologiya icad edənlər Batıdakılardan qat-qat üstün olar. Biz öz dəyərlərimizi qura bilsəydik, yaşada bilsəydik, o mühiti qura bilsəydik, gedib Amerikada nəsə icad eləməzdik. Onda onun icadı bizim içdəki münasibətlərimizin gözəlləşməsinə qulluq edərdi. Mütləqə İnam texnologiyaya qarşı deyil, burada insanın ağa-nökər halında olmasını qəbul eləmirik.
Nurtəkin Atalı: Bayaq biz insanın haqqını tanımaqdan danışdıq, insan əgər öz içində haqqını tanıyırsa, o millətin də haqqını tanıyır. Məncə bir-birinə tam bağlıdır. Bizim Xalqlaşmağımızın da anlamı odur, biz insan üçün haqq gördüyümüzü xalq üçün də görürük. Xalqı da o səviyyəyə çağırırıq.
Soylu Atalı: Sənin dediyin odur, insan öz içində yetkinləşdikcə, xalqın həqiqətləri ilə dolur, axı bizim dolduğumiz həqiqətlər xəlqidir, Mənadan gəlir. İnsan üçün məna xalqdır. Xalqdan gələn həqiqətlərlə insan dolduğu üçün, dola bildiyi üçün onu yenidən xalqa qaytarmağı həm özünə borc sayır, həm də haqq bilir. Xalqın içinə gedir, getməlidir. Öz içində yaratdıqlarını, kəşf etdiklərini xalqın özünə qaytarmalıdır. İçində kəşf eləmirsənsə, xalqın içinə gedə bilmirsən, özünə haqq verə bilmirsən. Özünü yaradırsan, kəşf edirsən, yetirsən həqiqətlərin gözəlliklərinə, onu xalqın özünə qaytarmaq üçün can atırsan.
Nurtəkin Atalı: Dəyərlərimizdən danışdıq, bizim dəyərlərimizdən Babəklik haqqında “indi qılınc zamanı deyil” deyə bilərlər. Elə Babəkin o azman döyüşə qarşı durmasının, xalqını da ona çağırmasının mahiyyətini deyirik, onu çatdırırıq. Bizim də döyüşümüz azmanladır. Naqisliklərə qarşı biz o anlamı gətiririk. Başqa dəyərlərimizi də elə səciyyələndirmək olar.
Soylu Atalı: Demək istəyirsən, biri var dağ, biri var dağdan başlayan çay, biri də var çayın tökülüb yaratdığı ümman. Biz xalq olaraq, millət olaraq axan çayıq. Gedirik, gələcəkdə ümmana çevrilirik. Dağdan başlayan çay gözəldir, təmizdir, ucalıqdan başlayır, mənadan başlayır, təbiətin gözəlliklərindən başlayır. Biz bu çayın içini bulayırıq, məhv edirik, yararsız hala salırıq. Asif Ata da deyir, çayın başladığı dağı gör, mənanı gör, bil ki, ümmanı əmələ gətirəcək bir şey həmin dağdan başlayır. Biz keçmişimizi görürük, anlayırıq, bilirik, keçmişimiz bizim üçün nə deməkdir. Keçmişimiz bizim üçün torpağa atdığımız toxumdur, o toxumun köküdür. Biz o toxumun kökünü anlamasaq, dərk eləməsək, qəbul eləməsək onda torpağa nə əkib, nə becərəcəyimizin, nə alacağımızın fərqinə vara bilmərik. Biz xalq olaraq keçmişimizi öyrəndikcə, bildikcə xalqımızın mahiyyətində nələrin olduğunu dərk edirik. Xalqımızın mahiyyətində hansı ucalıqların, hansı qəhrəmanlıqların, hansı gözəlliklərin olduğunu dərk elədikcə, onu özümüzdə yenidən kəşf edirik. Çünkü xalqımızın keçmişində olan, qədimliyində olan gözəllik, arılıq xalqın qan yaddaşı deyilənlə bizə ötürülür, bizə verilir, keçir. Biz onu özümüzdə kəşf etməliyik, dirçəltməliyik, öz gözəlliyinə qovuşdurmalıyıq, mahiyyətinə bərabər eləməliyik, gələcəyimiz şərəfli olsun.
Başqa sözünüz yoxdursa, məsələni qapayaq. Nurtəkinlə Göytəkinin birgə əməyini, ağlını alqışlayıram. Onlara var olun deyirəm, belə ruhani təşkilatçılığı qüvvədə saxlayırsınız, tədbirlərimizin keçirilməsini hazırlayırsınız. Davam edin. Tədbirlərin səsdən sözə çevrilməsini də bu iki Ocaqçımız edir. Göytəkin tədbirləri səsdən sözə çevirir, Nurtəkin də biçimə salıb mənə göndərir, mən də onu redaktə edirəm.
Bununla da Qutsal Öyrənim Günümüz başa çatır. Var olun!
Atamız Var olsun!
Səsdən sözə çevirdi: Göytəkin Atalı.
16 Köçəri Ayı, 42-ci il. Göyçay.