Ocaq Günsırası ilə 25 Çiçək Ayı, 43-cü ildə Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Ruhani İdrak Günü” Törənini keçirdi. Ocaq qurallarından sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözə başladı: “Bu gün Çiçək ayının 25-i “Qutsal Ruhani İdrak Günü” törənini gerçəkləşdiririk. Törəni başlayarkən Ocaqda ölənlərimizin adına ayağa dururuq. Sabahlı, Bağban, Amaltay bizimlədir – həmişəlik.
Günümüzün anlamı ilə bağlı bir neçə söz deyəcəm. Sonra sözü olanı dinləyib, sualı olanın sualına cavab verəcəyik. Sualı olanların sualına hökm deyil, mən cavab verim. Hər kəs cavab verə bilər.
Günümüzün anlamı ilə bağlı onu deyim, əslində “Ruhani İdrak Günü” mərasimi mənim istəyimlə yaranan bir mərasimdir. Atanın özü yaradıb. Nə üçün mənim istəyimlə yaradılan deyirəm, o vaxtlar bölgələrdə olan Ocaqçılarımız mərasimlərin birindən sonra belə bir məsələ qoydular, biz addımbaşı Atanın yanına gələ bilmirik. Ataya suallarımızı verə bilmirik, cavab ala bilmirik, hər bir mərasim öz məzmununa uyğun keçirilir. Mərasim başa çatandan sonra Ata gedir, biz də rayonlara qayıdırıq. Mən Ataya dedim, bəlkə bununla bağlı bir tədbir keçirək, ya da bir gün ayıraq, Ata rayondakıların suallarına cavab versin. O tədbir sırf suallara cavab tədbiri kimi keçirilsin. Ata bu önərimi alqışladı. Dedi, elə-belə keçirməyək, bunu mərasimləşdirək, gnünü, vaxtını düşün, mənə de.
Bizim bu ayda, yəni Çiçək Ayında öncələr bir mərasimimiz vardı. Çiçək Ayının 28-də “Yas Günü” mərasimi. Milli hökumətin devrilməsinə görə keçirilirdi. Sonra Ata bu mərasimi ortadan qaldırdı. Dedi, gərək deyil, Ocaq varsa, yas yoxdur. Bu mərasimi keçirməyək. Bu aydakı bu mərasim ortadan qaldırıldığına görə həmin günə yox, 25-nə təyin etdik. Aradan qaldırılan mərasimin də yeri doldurulmuş oldu hardasa. Ata qəbul elədi. O çağdan bu günə qədər “Ruhani İdrak Günü” mərasimi həyata keçirilir. Baxmayaraq, indi Ata aramızda yoxdur. Rayonda Ocaqçılarımız azdır, ümumi Ocaqçılarımız da azdır. Bunun həyata keçirilməsini dayandırmadıq. Düşünürəm, dayandırmağa gərək də yoxdur. Həmişəlik keçirmək gərəkdir, uğurlu mərasimdir. Keçirməmək üçün səbəb yoxdursa, davam eləmək gərəkdir.
“Ruhani İdrak Günü” mərasimi bizə nə öyrədir, nə deyir, ya da biz Ruhani İdrak mərasimində nə deyə bilərik, nəyi İdrak edə bilərik?! Bu gün bütün dünyada İnsanlığın etkisi yoxa çıxıb. Bu illərdir var, davam edir. Getdikcə fəlakətlər böyüyür, getdikcə insanın dəyəri, qiyməti azalır. Doğrudan da, özünüz də görürsünüz, insan istənilən başqa canlılardan heç də fərqləndirilmir, ona yüksək qiymət verilmir. Bu gün bir çox qabaqcıl sayılan ölkələrdə, o sıradan, Türkiyədə heyvanlara münasibət insanlara münasibətdən daha qabaqdadır. Hər kəs evində it, pişik saxlayır. Onlara ayrıca qayğı göstərirlər, qulluq edirlər. Onlara ayrıca həkim tuturlar, onların qidası üçün evin xərcindən ayrıca bir xərc tutumu ayırırlar. Heyvana münasibətə qarşı deyiləm. Yəni insanın heyvana insani münasibət göstərməsinə qarşı deyiləm. Ancaq heyvana o münasibət heç də insani münasibət deyil. İnsanın heyvana enməsi münasibətidir. Mən heyvanın evdə saxlanması, heyvanla birgə yaşamaq, ona ayrıca qayğı göstərmək yönündə atılan addımları heyvanlıq hesab edirəm. Ev heyvan üçün deyil, ev insan üçündür. Evdə insan böyüyür, insan tərbiyəsi yaranır. Heyvanı heyvan yerində saxlayarlar. Ev heyvanlarının öz yeri var, çöl heyvanlarının da yeri meşədir. Yəni, əslində insan həyatınının bu səviyyəyə gəlib çıxması insani ölçünün ortadan getməsinə görədir. Əgər insan evdə heyvana bu qədər qayğı göstərir, diqqət ayırırsa, mən onun normal övlad böyütməsinə inanmıram. Ana, ata, evin yiyəsi öz övladına elə qayğı, diqqət ayıra bilər, uşağının böyüməsi ilə uğraşa bilər. Onun tərbiyəsi ilə uğraşa bilər, heyvanla yox. Dediyim odur ki, insanla heyvanın bu cür qaynayıb-qarışması heç də inkişaf demək deyil. Yenə ayrıca vurğu edirəm, mənim düşüncələrimi başqaları yanlış anlamasın. Biz bunları yazıb ortaya çıxarırıq. Yiyəsiz heyvanlara dövlətin qayğı göstərməsinə qarşı deyiləm, hardasa bir heyvanxana düzəltsin, orda saxlasın. Kim istəyirsə ona da itdən, pişikdən versin ki, apar həyətində saxla. İt həyəti qorumaq, vəhşi heyvanlardan, oğrudan qorunmaq üçün düşünülüb. Heyvanla yaşamaq halları insan şüurunun xurafata enməsindən irəli gəlir. Biz xurafat deyəndə yalnız elə dinin yaratdığı geriliyi, cəhaləti göz önündə tutmuruq, bu cür yaşamın özü elə xurafatdır. İnsanın insana münasibəti – qayğısı, sevgisi, anlayışla yanaşması, doğmalaşması elə ortadan qalxır ki, o boşluğu heyvana münasibətlə doldururlar. Ona görə də getdikcə uçurum dərinləşir. Bütün dünyada belədir. Görürsünüz, yiyəsiz heyvanları yığırlar, ona yiyə dururlar, həkim tuturlar, dava-dərman edirlər. Bəs insana neynirlər, insana gözünün qabağında dava-dərman verib öldürürlər, insanı ac qoyurlar, insanı işsiz, yiyəsiz, kimsəsiz qoyurlar. Bütün bunların hamısı insanlıq ölçüsünün itməsinə görədir. Eləcə də müxtəlif yarışlara, idman yarışmalarına qayğı, diqqət göstərirlər, buna milyardlarla pullar ayrılır. Təkcə bizim ölkədə deyil, bütün dünyada buna pul ayırırlar. Bunun adına mədəniyyət deyirlər. Mən bunun adına mədəniyyətsizlik deyirəm. Kimsə düşünməsin, mən idmana qarşıyam, mən deyirəm, insanın ləyaqətini qorumadan, insanın yaşamını ödəmədən, onun sağlam insan kimi yaşamasını, dolanmasını düzənləmədən insandan qıraqda atılan hər cür addımı eybəcərlik sayıram, mədəniyyətsizlik sayıram. Mədəniyyət insandan başlayır axı. Başqa bir şey deyək, çoxsaylı dini məbədlər tikirlər, hər bir dinlə bağlı məbədlər tikilir. Lap deyək, bizim ölkəmizdə məscidlər tikilir. Məscidlərin sayı günü-gündən artır. Məscidlərin sayı sağlamlıq ocaqlarının sayından daha çoxdur. Məscidlərə çoxsaylı insanlar toplaşır. O insanlar nə ilə uğraşır, o insanların ora toplaşmasının anlamı nədir, nəyə qulluq göstərir?! İnsanlar məbədə toplanırsa, gərək bunların mədəniyyəti yaransın, gərək bunların insana münasibəti yaransın, gərək bunların insana doğmalığı yaransın. Tərbiyəli bir gediş olsun, millətləşmə baş versin, insanlaşma baş versin. Bu yoxdur. Bəs niyə toplanırlar?! Bunların hamısı bir-biri ilə bağlı məsələlərdir, insan həyatını qapsayır, insan həyatını əsarətə götürür. Allaha ibadət edirlər, mənə nə dəxli var sən Allaha ibadət edirsən, ya da Allaha nə dəxli var sən ona ibadət edirsən. Sənin ömründə balaca bir nizam yaranmırsa, sənin ömründə balaca bir insanlaşma prosesi başlamırsa, sənin ömründə ləyaqət dirilmirsə, gedib ibadət etməyinin dünyaya, insana, insanlığa, allahlığa dəxli yoxdur. Bəs bunun yanlış olduğunu insanlara kim öyrətməlidir, varmı elə bir qurum, elə bir mətbuat orqanı, varmı elə bir dövlət orqanı ki, bunların doğru olmadığını iinsanlara öyrətsin, aşılasın. Elə bir dövlət varmı bunu insana başa salsın ki, insan olmaq üçün filan şey gərəkdir, birgəyaşayışın nizamı üçün filan şey gərəkdir. Belə bir ölçü, belə bir maarifçilik ocağı yoxdur.
Ya da başqa çalarlara baxaq. Xalqlararası mübasibətləri götürək, dövlətlərarası münasibətləri götürək, amansız yağılıqlar, amansız nifrətlər baş verir. Biz Ocaq olaraq deyirik, bizim xalqlarla işimiz yoxdur, xalqları bəşər sayırıq. Axı bu xalqlar qurulmur. Xalqlar tərbiyələnmir, xalqların bir-birinə münasibəti gözəlləşmir, insanlaşmır, yüksək səviyyəyə qalxmır. Sonucda nə baş verir, xalqların bir-birinə nifrəti yaranır. Bu nifrəti ortadan qaldıra biləcək bir proses varmı, bir gediş varmı, bir təbliğat varmı, yoxdur. Hər şey dağınıqdır. Hətta yaxşı şeylər deyənlərin, rahatsız olanların da çağırışları, sözləri heç kimə çatmır, sanki heç bir iş görmür. Çünkü hər şey dağınıq durumdadır. Heç bir söz nizam tapmır, heç bir söz ölçüyə dayanmır. Toplumsal ölçü yoxdur. Bəşəri ölçü də yoxdur, ona dayanılsın. Hamı anlasın, bu nə demək istəyir. Belə bir şey yoxdur.
Bütün bu dediklərimizi, demədiklərimizi – hamısını ümümiləşdirib belə bir düşüncəyə gələ bilərik, dünya əyilir, əydirilir. İnsan sıradan çıxarılır, məhv edilir, düşüncə məhv edilir, münasibət məhv edilir. İnsan hara gedir, özü də bilmir. Kapitalizm quruluşu onu hara aparır, bilmir. O vaxt ayılacaqlar ki, artıq nizam mümkün deyil, indi də nizamlaya bilmirlər, indi də bu görünür. İnsanların həyatını nizamlaya bilmirlər, onlara dərman verir, iynə vurub öldürürlər, xəstələndirib öldürürlər, sıradan çıxarırlar, sayını azaldırlar. Bütün bunlar cinayətdir. Yəni bu gün dünya insana qarşı, insanlığa qarşı, yaşama qarşı cinayət törətməklə uğraşır. Belə bir gedişdə insanın ümidsizləşməsi, bədbinləşməsi, ovqatının aşağı duruma düşməsi qaçılmazdır. Bizim idrak elədiyimiz əslində budur, Asif Atanın böyüklüyü, gözəlliyi ondadır, o bəşəriyyətin bu uçuruma gedişini əlli il bundan qabaq, özü üçün bəlirlədi, bildi ki, bunun qarşısını almaq üçün hansı yollar gərəkdir, hansı üsullar gərəkdir. Asif Ata düşünürdü, tutalım ədəbiyyat tənqidçisi olum, ancaq nəyi tənqid edim, ədəbiyyatı, sənəti tənqid edim?! Ədəbiyyat sənət nədən yazsın?! Ədəbiyyat, sənət quruluşun etkisindədir, quruluşun içində yazıb-yaradır. Ədəbiyyat yazarı, ya da tənqidçi peyğəmbər deyil, Allah deyil ki, ölçü versin. O, ölçüyə dayanıb obrazlar yarada bilir, həyatı dəyişmir. Həyatı dəyişən böyük ölçüyə qulluq edir, anladır, yardımçı olur, ancaq özü bağımsız addım ata bilmir, ata da bilməz. Ona görə də düşünürdü, ədəbiyyat tənqidçisi olmayım, bəs nə olum?! Dedi, peyğəmbərlik gərəkdir. İnsanlar deyir, texnologiyalar gəlişdikcə, göylərdə gözə görünməyən insansız hava araçları, yerdə insanın başına od ələyir, məhv edir. Peyğəmbərliyə gərək yoxdur, indi onun dövrü deyil. İndi insansız hava araçları yaradıb yeri bombardman eləmək, insanları qanına qəltan eləmək çağıdır. İnsanlar arasında öncə düşmənçilik toxumu səp, vəhşət yarat. Sonra havadan onun başına bomba yağdır… Deyirlər onun çağıdır, peyğəmbərliyin çağı deyil. Asif Ata inadla, israrla dirəndi ki, peyğəmbərliyin zamanıdır. Onu da mən həyata keçirəcəm. İnsanı qurtarmaq üçün yol budur, başqa yol yoxdur. Biz bunu idrak edirik. İdrak günü bizə belə bir ləyaqət öyrədir. Biz də ona görə davamlı şəkildə bir araya gəlirik, xalqa, insanlara bacardığımız qədər həqiqətləri çatdırmağa çalışırıq, söz deyirik. Yazırıq, texnologiyaların olanaqlarından biz də yararlanırıq, mətbuatda yazılar yazırıq, deyirik, doğru bildiyimiz budur, doğru olan budur. Doğru bildiyimizə qulluq göstəririk, Doğru bildiyimizlə yaşayaraq. Özümüz özümüzü, anladığımız həqiqətlər düzəyində, bir insan kimi duymağa, dərk etməyə çalışırıq. Özümüz özümüzü ora gətiririk, ora kökləyirik. Əgər bu həqiqətlər olmasa, bu nizamı, ölçünü tanımasaq, biz də qaranlığa qərq olarıq, biz də bədbin bir duruma gələrik, heç olarıq… Heç olmuruq. Eyni halda, özümüzü də uydurmuruq, aldatmırıq. Dəfələrlə həqiqətlərimizin doğru olduğunu sübut edirik. Kimsə ayağa durub bizim həqiqət kimi ortaya gətirdiyimiz ölçünü yalanlaya bilməz. Deyə bilməz o doğru deyil. Birincisi, doğru deyilsə, doğru olanı gətir. İkincisi, doğru deyilsə, niyə doğru deyil?! Ən yaxşı halda deyərlər, bu yaxşıdır, ancaq mümkün deyil. Biz də deyirik, əgər yaxşıdırsa, mümkündür. Mümkün deyilsə, demək, yaxşı deyil…
Biz Ruhani İdrak Günümüzdə – dünyanın gedişində bu qırağa çıxmaları anlamaq, anlatmaq açısından düşüncələrimizi ortaya gətiririk.
Mən sözümü bitimək istəyirəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Atamızın bayrağını öpürəm.
İnamlı Atalı (Ataya səcdə edb Bayrağı öpür – G.A.): “Ruhani İdrak Günü” mərasimi çox gərəkli bir mərasimdir. Bütün mərasimlərimiz gərəklidir. Ancaq cəmiyyət içərisinə çıxanda ən çox sözümüzlə ona etki göstərmək istəyirik, sözümüzlə öz amalımızı anlatmaq istəyirik. Gərək elə yol tapaq, elə söz işlədək, qarşımızda olan insanların qəlbini etkiləyə bilək, onlara sözümüzü çatdıra bilək. Bütün dünyanın düzəni iqtisadiyyata doğrudur, istehsalata doğrudur, maddiyyata doğrudur. Mən deyərdim, dini də maddiyyata qurban edirlər. Din bir həşir kimi var, din bir o qədər də insanların qəlbini etkiləmir. Dindən də öz dolanışıqları üçün vasitə kimi istifadə edənlər var. Dindarların böyük çoxluğu belədir. Yenə əlli-altmış il bundan öncə normal dindarlara rast gəlmək olurdu, az-çox o yolun yolçusu olurdular. Ancaq indiki dindarlara mən heç inanmıram, hamısı öz gödəninin dalınca qaçır. Hamısının yönü öz bioloji, sosial tələblərini ödəmək üçündür. Cəmiyyət içində də hamı fərqli şəkildə, hansı vasitə ilə olur olsun, ya maddiyyatla, ya başqa nə iləsə üstün görünməyə çalışır. İnsanlığı pula qurban edirlər. Bu açıdan insanlara aşılamaq gərəkdir, vətən, xalq, insanlıq kimi şeylər də var. Bunlara gərək münasibət bildirəsən, insan özünün təsdiqi üçün vətən, insanlıq anlamına gəlməlidir. Bunlar olmasa, insanlığı fəlakətlər gözləyir.
Bayaq Soylu qardaşımın da dediyi kimi, bir saatın içində bir şəhəri bir bomba ilə batırırlar, buna gedirlər, həşirlə, küylə gedirlər. Böyük dövlətlər həmişə yan-yörələrindəki kiçik dövlətləri məhv eləmək istəyirlər, bəzi adamlar yörəsində olan adamların heysiyyatı ilə oynayırlar. Dünyanın düşüncə tərzi bu yönə köklənib. Bundan çıxmaq üçün də Ocağın boynunda böyük bir sorumluluq var. Bunun üçün biz özümüz artmalıyıq, sözümüzü deməyi bacarmalıyıq. Başqaları nə səviyyədə olurlarsa olsunlar, bu xalqın nümayəndələridirlər, bu elin balalarıdırlar. Xüsusən, mənim indiki gəncliyə çox yazığım gəlir, onlar hay-həşirə düşüblər, narkomaniya baş alıb gedir. Bunun başında da dövlət məmurları dayanır. Biz çox böyük bir güclə üz-üzə durmuşuq. Həmişə bu milləti, xalqı hansı səviyyədə olmasından asılı olmayaraq, özümüzünkü bilək. Onları düşdükləri bataqlıqdan çıxartmağı özümüzə borc bilək. Mənim sözüm bu qədər.
Atamız Var olsun!
Günev Atalı (Ataya səcdə edb Bayrağı öpür – G.A.): Bu gileyləndiyimiz məsələlər ki var, hamısının əsasında idraksızlıq dayanır. Dünyabaxışların əksəriyyətində idraka yasaq qoyulur. Sən yalnız sənə verilənə gözüyumulu inanmalısan. İslamda, Xristianlıqda elə yasaq qoyulur, başqa cür düşünənlərə cəzalar verilir – tonqalda yandırılır, dərisi soyurlur, daşqalaq olunur. Bütün bunlar hamısı idraka qoyulan yasaqdır. Sunulanı araşdırmağa onların ixtiyarı yox idi. Bu insanın insanlığını əlindən almaqdır. Fərdi düşüncə gərəkdir, idrakın söz deməsi gərəkdir, iradə ilə meydana çıxması gərəkdir. Onda bulanmış mühit durulmağa başlayar, qaranlıqlaşmış mühit işıqlana bilər. İnsanların bir-birinə insani duyğuları yaranar.
Bir dəfə krişnaçıların Bakıda yayıldığı vaxtlar idi, kitabsatanın biri çevrəsində bir neçə adamla söz güləşdirirdi. Onun dediyinə görə Həzrət Krişna beş yaşında meşənin qırağıında gəzirmiş. Çobanlar onun yanına yüyürüb ki, meşə yanır, onu söndür. Bu da bütün alovu içinə sümürüb, alovu söndürürb. Mən də yaxınlaşıb dedim, Krişna Allahdırsa, əzəlidir. Deyirsən beş yaşında imiş, beş yaşındadırsa, deməli, beş ildir doğulduğu. Deməli, əzəli deyil. Ora toplaşanlarla mən də Asif Atanın məntiqi ilə söhbət etdim. İnsanın hər hansı bir söz deməyə haqqı yoxdur, Allah cənnətdə buğda ağacı bitirib, sənin əzizlərin, peyğəmbərin ondan daddığına görə günahkar sayılıb. Yəni bir yandan şeytan insanları yoldan çıxardır, o şeytanı da Allah özü yaradıb, ona ölməzlik verib. Burda idrak yoxdur. Həyati məsələlərə naşı bir münasibət bəslənib. Bu da son olaraq bəşəriyyəti ora gətirib çıxardı ki, ancaq pozuntular baş alıb gedir.
İdrak odur ki, insan özünü dərk edir. Bu insanın kamil aşamasıdır. İnsan dünya ilə birdir. Dində Allahla İnsan arasında yerlə göy qədər fərq yaranıb. Allahla insanın birliyi yoxdur, insanın Allahla iç-içə olmağı yoxdur. Allahlıq münasibəti insandan gen düşüb, qutsallıq insandan gen düşüb. Ona görə həqiqətdən gen düşən insan özündən gen düşüb. Ona görə də yeganə yol Ruhsal idrakın bu səviyyəsinə insan yetdikcə bəşəriyyət özünü tapacaq, həqiqəti tapacaq. Özünü yaratmaq isə böyük fərəhdir. İnsan birinci növbədə öz gözündə ucalır, öz adiliyindən ayrılır, bir şəxsiyyət kimi özünü qəbul edir. Özü özünün tam həqiqətçi olduğunu qəbul edən insan həqiqətini də gözəl nitq ilə verə bilir. Bu da qəbul olunmaya bilməz. Çünkü insanlıq özü həqiqətdir. Sənin idrakla, ürəklə, fərəhlə verdiyini təbii, qəbul edəcək. Ona görə də Ata İdrakı insanlaşdırma yönümüzdür. Atamız Var olsun!
Soylu Atalı: Kimin sualı varsa, buyursun.
Göytəkin Atalı: (Ataya səcdə edb Bayrağı öpür – G.A.): Mənim “Təzahür-Məna” ilə bağlı bir sualım var. Biz deyirik, Həyatlıq, Dünyalıq, İnsanlıq Mənadır, Həyat, İnsan, Dünya Təzahürdür. Təzahür əbədi deyil, keçicidir, yəni hadisələr yaranır, sona çatır. Sonra deyirik, dünya əbədidir. Ya da Atanın belə bir sözünü oxudum: “Dünyadakılar, Həyatdakılar sona çatır, Dünya Həyat sona çatmır”. Dünyanı Təzahür kimi götürürük, sonra da Dünya əzəlidir, əbədidir deyirik. Bu mənim üçün tam aydın deyil.
İnamlı Atalı: Məna ilə Dünya ayrı-ayrılıqda mümkün deyil. Məna Dünyada aşkarlanır. Dünya, Həyat keçici olduğu üçün Məna bütövlükdə Dünyaya sığa bilməz. Çünkü əzəli, əbədi olan, sonlu, qeyri-kamil olana sığa bilməz. Ona görə Məna öz nişanələri ilə Dünyada, Həyatda, İnsanda gerçəkləşib. Məna hadisəsiz aşkarlana bilməz, hadisə də Mənasız ola bilməz. Mənanı şərti olaraq Dünyadan ayırsaq, o mümkün ola bilməz. Məna Dünya ilə eyni vaxtda var olur. Dünya yoxsa, Məna akarlana bilməz, ya da Dünya varsa, Mənası da vardır. Dünya Məna ilə birlikdə var olduğuna görə deyirik, Dünya əzəlidir, əbədidir. Dünyanın gedişi kamilliyə doğrudur, Dünya özü kamil deyil. Mən belə düşünürəm.
Soylu Atalı: Dünya-Dünyalıq məsələsi bizim amalımızın baş motividir. Yəni inamımızın baş anlayışıdır. Sənin sualın odur, Ata niyə deyir Dünya əzəlidir, niyə demir, Dünyalıq əzəlidir. Qardaşımız da vurğu elədi, Dünya ilə Dünyalıq ayrı-ayrılıqda deyil, Dünyalıq Dünyada olduğuna görə Ata deyir Dünya əzəlidir. Dünyanı Dünyalıqdan ayırıb demir. Bəzən deyir, dünya ötəridir, keçicidir, Dünyalıq əzəlidir, əbədidir. Sonra da deyir Dünya əbədidir. O Dünyaya əbədi deyəndə onu Məna ilə bütöv götürür, vəhdətdə götürür. Bunu insanın üzərində də misal edək. İnsan-İnsanlıq da bu açıdandır. İnsanlıq əzəlidir, əbədidir, insan ötəridir, keçicidir. İnsan, yəni fərd ötəridir, ölümlüdür, İnsan ümumi mənada əbədidir. Yəni mən ölməklə insan başa çatmır axı. Bu mənada insan əbədidir. Yəni mən ölməklə insan başa çatmır, fərd yox, insan. İnsan bizim ümumiləşmiş anlamımızdır. İnsan əzəlidir, əbədidir. İnsan İnsanlıqla bütöv götürülür. Yəni biri var insan Məna kimi götürülür, biri də var fərd kimi götürülür. Dünyanı da Məna ilə birlikdə götürəndə əbədidir. Dünyada olanlar başa çatır, məsələn, ağac quruyur, bu ağacın başa çatması demək deyil. Ümumiləşmiş ağac həmişə var. Ata da deyir, onun ağaclıq adlı bir mənası var, yaranış nizamında daim üzə çıxır. Yaranış-doğuluş nizamı var. İnsan fərd olaraq ölür, ümumi olaraq həmişə var. Yaranış prosesində dünyada olanlar həmişə var, davam edir. Məna yenidən görsənişə gəlir, təzahür edir, ardıcıl olaraq yaranış-doğuluş prosesi qırılmır. Bu qırılmazlıq özü əbədidir. Doğuluşun, yaranışın qırılmazlığı prosesi əzəlidir, əbədidir.
Göytəkin Atalı: Atanın bir düşüncəsini də soruşmaq istəyirəm. Deyir, “Hadisələr, zaman, şərait, mühit sonludur. Ancaq onların Mənası Mahiyyəti sonsuzdur”. Burada hadisələr sonludur məsələsi aydındır, bəs zaman sonludur nə deməkdir?
Günev Atalı: Atanın kitablarını oxuduqca sual doğuracaq məsələlərə çox rast gəlirik. Bunları biz özümüz düşünməliyik. Mən belə düşünürəm, hər hansı bir zaman səviyyəsində olan hadisənin sonu olur. Həmin hadisənin baş verdiyi zaman sonludur.
Soylu Atalı: Günevin izah etdiyi doğrudur. Sadəcə olaraq, bir məsələni dəqiqləşdirək. Biri var əbədiyyət, yəni sonsuzluq, biri də var, əbədiyyətin, yəni sonsuzluğun hansısa intervalı. Zaman əbədiyyətin intervalıdır. Bu intervalda hansısa hadisə ortaya gəlir, yoxa çıxır. Yaşam prosesində nəsə bir şey baş verir, yoxa çıxır. Əbədiyyətin hansısa zaman intervallarında baş verir bunlar. Zaman o intervallardır, əbədiyyətin özü deyil. Zaman əbədiyyətin qısa intervallarıdır, o intervallarda mövcudiyyat başa gəlir, yaşayır, sonra aradan gedir. Zaman o mənada nisbidir. Əbədiyyətin ayrı-ayrı intervallarında görünən ortaya çıxan məsələlər onların yaşayıb yox olmasına ayrılan vaxt nisbidir.
Göytəkin Atalı: Bayaq dedik, Məna var, bir də ondan doğan hadisə, yəni təzahür. Məsələn, İnsanlığı Məna, İnsanı isə ondan doğan təzahür olaraq götürürük. İnsanın özü olaydır, biri də var insanın yaşamı, davranışları, etdikləri, bunlar da olaydır. Bunu siz “ön söz”də olaydan doğan olay kimi izah etmisiniz. Yəni insan davranışları, etdikləri Mənadan doğan olay deyil. Atanın fəlsəfəsi ilə din arasında fərqlərdən biri də budur, din hər şeyin, insanın yaşamı boyu baş verən hadisələrin də, Allahdan olduğunu deyir (qismətçilik ideyası). Bəzən bizim yaşamımızda bizə elə gəlir, hadisələr bir-birindən asılı olaraq baş verir, sanki düzənlənib, bir hadisə baş verməsəydi, o biri də olmayacaqdı. Biz buna qismət demirik, onda bu nədir, təsadüfdürmü?
Soylu Atalı: Fəlsəfədə anlayışlar var, bunlara kateqoriyalar deyirlər. Deyək, Zərurət-təsadüf. Məsələn, insanın yaranışı, nəyinsə yaranması zərurətdən gəlir. Yəni yaranmaması mümkün deyil. Məna özü olaraq qala bilməz. Yaranış araçılığı ilə görsənişə gəlməlidir. Bu zərurətdən gəlir. Biri də var, yaranış əsasında bir adam doğuldu, böyüdü, hardasa qəza əsasında iki adamı vurub öldürdü. İki adamı vurub öldürmək zərurətdən gəlmir, yəni Məna tələbindən gəlmir. Təsadüfdür. Canlı insan davranır, bu davranışı qıraqdan heç kim yönətmir. Məna, dini anlayışla desək, Allah onu yönətmir ki, get bu iki adamı vur, öldür. Təsadüfən olur bu. Düzgün davranmır, gedir iki adamı vurur. Din fəlsəfə olmadığına görə, fəlsəfə ilə uğraşmadığına görə, ya da yaşamın fəlsəfəsi ilə uğraşmadığına görə hər şeyi iki rəngdə görür. Allah, bir də onun tabeliyində hərəkət edən hər şey.
Məsələ burasındadır, din təsadüfü heç dilə gətirmir, çünkü dilə gətirsə, özünün özül ideyasını danmış olur. Çünkü təsadüf deyə bir şey sübut edir, heç nə Allahın yönətməsindən asılı deyil, Allah heç də insanların alnına yazı yazmayıb. Yəni yazı əsasında baş vermir, təsadüf deyə bir şey var. Təsadüf birmənalı şəkildə alın yazısını rədd edir.
İnamlı Atalı: Xocalı hadisəsini təsadüf hesab etmək olar?
Soylu Atalı: Xocalı hadisəsi Məna-Gerçəklik açısından yanaşanda təsadüfdür. Ancaq insani münasibətlər açısından düşünəndə, düşünülmüş hərəkətdir. Məkrdir, adamların məqsədli şəkildə düşündüyü, həyata keçirdiyi məqsəddir. Bu da ümumi Məna-Təzahür açısından götürəndə təsadüfdür. İnsanların davranışından gəlir, Mənadan gəlmir. Yəni təsadüfən erməni yaranıb, təsadüfən erməninin ağlında eybəcərlik yaranıb, erməni insan kimi davrana bilmir, gedir qırğınlar, qətllər törədir. Yenə də həmin məsələdir. Fərqi yoxdur, qəza törədən bilərəkdən vurub, ya bilmədən vurub. Bilmədən vurubsa, bu insani münasibətlər açısından təsadüfdür. Məqsədli vurubsa, insani münasibətlər açısından təsadüf deyil. Ancaq Məna-Təzahür açısından yanaşanda təsadüfdür, alın yazısı deyil, zərurət deyil. Nə qədər ki insan kamilləşməyib, Mənasına bərabər yaşamır, adam səviyyəsində yaşayır, deməli, bu adamın davranışı təsadüfən olacaq. O ya içindəki adamlığından gələn heyvanlığı eşidib gedib birinin başını kəsəcək, ya da içindəki insanlığı eşidib insan kimi davranacaq, ona dəyməyəcək. Yəni bu insan təsadüfən heyvanlığın etkisinə düşür, çünkü içində o da var. Gedir hadisə törədir. Yəni insanın bilərəkdən törətdiyi şey onun içindəki xassədən, xislətdən asılıdır. O kamil insan deyil, adamdır. Onun içində adamlıq da var, insanlıq da. O təsadüfən adamlığın səsini eşidəcək, ya insanlığın səsini eşidəcək. Bilmirsən iblislik edəcək, ya adamlıq edəcək.
İnamlı Atalı: Biri var Məna-Təzahür baxımından yanaşaq, biri də var həyatda olan hadisələr. Bunlar artıq insanla bağlı olur, insanın öz içsəl dünyasına bağlı olur, Mənaya nə dərəcədə yetib yetməməyindən asılı olur.
Soylu Atalı: Doğrudur. Tam dediyin kimidir. Bir də bir şeyi deyim. Dinin insana yanaşmasından o qədər ziddiyyətlər doğulur ki, bu ziddiyyətlərdən də çoxsaylı suallar ortaya çıxır. Bayaq Günev Krişna ilə bağlı nələrsə deyirdi, onda sözünü kəsmədim. Bizim ilk əcdadımız Adəm sayılır. Adəm də buğda yediyinə görə cənnətdən qovulub. Deməli, buğda yemək günah sayılır. Bunun üçün də cənnətdən qovulub. İndi də yerdə Adəmin törəmələrinə deyir ki, Allaha ibadət edin, bəlkə Allah sizi cənnətə götütər. Bunu deyən qanmır ki, biz səhərdən axşama kimi buğda yeyib “günah işlədirik”. Adəmi bir buğdaya görə qovub. Biz bu qədər buğda yeyirik, bizi necə götürəcək cənnətə. Müsəlman özünə heç bir sual vermir.
Göytəkin, yenə sualın varsa, de.
Göytəkin Atalı: Verəcəyim sual sizin izahınızla demək olar ki, aydınlaşdı. Ancaq bir məsələni də dəqiqləşdirək. Bayaq izah etdiyiniz kimi biri var insanın adamlıq halından doğan hadisələr. Bu hadisələr Mənadan gəlmir. Biri də var bizim insani davranışlarımız, münasibətlərimiz. Bunları Mənadan gələn kimi qiymətləndirmək düzgündürmü?
Soylu Atalı: Hə, Mənada pis şeylər yoxdur. Pis şeylər xarakterdə, xislətdədir. Yaxşı şeylər Mənadır, Mənanın ifadasidir. Bu davranışlar İnsanlıqdan gəlir, İnsanlıq da Mənadır. Xeyirin mayasında pislik, şər deyə bir şey yoxur. Xeyirin mayasında ancaq arı olan var, gözəl olan var, ülvi olan var. Xeyirdən də gələn nə varsa, o Mənadan gələn bir şeydir.
Nurtəkin Atalı: Bir dənə siyasi gedişlə bağlı sual verim. Bayden sözdə soyqrımı tanıyıb. Bu məsələ haqqında düşüncələrinizi öyrənmək istəyirəm.
Soylu Atalı: Dünən Baydenin – Amerikanın padşahının Erməni Soyqırımını tanıması dilə gətirildi. Söz yox, Baydenin dilə gətirdiyi, erməni soyqırımını tanıması hələ dövlətin bunu təsdiq eləməsi anlamında deyil. Bunu təsdiq edəcəklər, ya etməyəcəklər, bu sonranın işidir. Erməni soyqırımını Amerikanın təsdiq etməsi üçün ikipalatalı senatın hər iki palatasında prezidentin dilə gətirdiyi məsələ gündəliyə gətirilməli, müzakirə olunmalıdır. Səs çoxluğu ilə ya qəbul, ya da rədd olunmalıdır. Başlıca olaraq, prezidentin dilindən gələn, ya da ölkənin hər hansı bir yüksək görəvli məmurunun dilindən səsləndirilən məsələlər bəzən ritorik xarakter daşıyır, kiməsə etki göstərmək yönündən dilə gətirilir. Onlar da bunu, mənə elə gəlir, Türkiyəyə etki göstərmək üçün edirlər. Prezident bunu dilə gətiribsə senat da qəbul edə bilər. Əgər senat Amerika dövlətinin mövqeyini təsdiq eləsə, Erməni soyqırımı tanınır, o zaman məsələni Amerikanın boyunduruğunda olan siyasi çevrələr yavaş-yavaş gündəliyə gətirə bilər. Türkiyəni ermənilərə təzminat ödəməyə zorlaya bilərlər.
Türkiyənin əl-qolunu bağlamağa çalışarlar. Bu cür şeyləri, yadınıza gəlirsə, zaman-zaman mətbuatda çox yazmışam. Hətta illər öncə “Amerikanizm hədyanlığı” adlı yazı da yazmışdım. Bu gün Türkiyə tamamilə qarışıq-dolaşıq bir durumdadır, hibrid mövqedir, bəlli deyil. Ərdoğanın siyasəti nala-mıxa vuran bir siyasətdir. Türkiyə həm guya demoktarik dünya ilə uzlaşmağa çalışır, həm də özü bir imperiya yaratmağa çalışır, Osmanlıçılığı bərpa etməyə çalışır. Ərdoğan belə bir hibrid oyun oynayır. Bu oyun isə dünya güclərinin diqqətindədir. Həm də bu oyun dünya güclərinə sərf eləyir. Niyə, çünkü bəlirsiz Türkiyəyə etki göstərmək daha rahat olur, nəinki bəlli nizamlı bir Türkiyəyə. Bütün toplumun istəyi üst-üstə düşər, Türkiyə vahid, monolit bir qüvvə kimi çıxış edər, bu da qarşısıalınmaz bir güc olar, nəinki onun içərisində düşüncə fərqliliyi, monolit olmayan gedişlər ola, Türkiyə özü bəlirsiz bir siyasət yürüdə.
Qabaqdan 2023-cü il gəlir, “Sevr bağlaşması”nın başa çatdığı ildir. Türkiyənin öhdəlik götürdüyü bir sıra şeylər – hansısa resurslardan yararlanmaq, hansısa yataqlardan qullanmamaq öhdəliyi olub, yüz il bundan öncə. Bu bağlaşma başa çatandan sonra Türkiyə hansı yönə yönələcək, hansı uğurlara imza atacaq, hansı uğurlar əldə edəcək bəlli deyil. Bunu da dünya izləyir, nəzarətdə saxlayır. Deyək ki, Türkiyənin özündə siyasi müxalifətlə iqtidarın münasibətləri nə dərəcədə yaxındır, ya uzaqdır, bu çəkişmələrdə kim udacaq, kim uduzacaq, kim hansı addımı atacaq, kim kimin yanında mövqe seçəcək, bütün bunlar hamısı dünya güclərinin diqqətindədir. Onlar da Türkiyənin 23-cü ildə atacağı addımlara görə öz siyasətlərini, addımlarını bəlirləməyə çalışırlar. Türkiyə böyük dövlətdir. Regionda böyük dövlət sayılır. Bu böyük dövləti Ərdoğan çox oynadır. Mən Ərdoğanın siyasətini, bilirsiniz, qəbul etmirəm. Nəinki qəbul etmirəm, iyrənirəm. Türkiyəni fəlakətlər qarşısına gətirib, gətirməkdə də davam edir. Ona görə Baydenin o cür jesti ona hesablanır, Türkiyəyə xəbərdarlıq mesajı verir ki, dövlətimiz soyqırımı tanımağın bir addımlığındadır, yəni özünü yığışdır, bağımsız addımlar atma, harda durursan, kimin yanında durursan, mövqeyini bəlli elə. Belə bir etki mexanizmidir. Bu analitik sualla bağlı onu da deyim, Türkiyə Qarabağ savaşında bir az aktivlik göstərdi, Güney Qafqaza girməyə çalışır. Güney Qafqazda Türkiyə yox idi, indi siyasi baxımdan ora girməyə çalışır. Bütün bunlar da onun mövqeyini bərkidə bilər, hansısa qüvvələrə yox deyə bilər, dirəniş göstərə bilər. Mən düşünürəm ki, Qarabağ savaşında bu cür canfəşanlıq ən çox Ərdoğanın xeyrinə oldu. Türkiyədə nala-mıxa vurmaqla öz nüfuzunu azaldan Ərdoğan Azərbaycanın yanında görünməklə bölgədə özünə nüfuz qazanmağa çalışdı. Hardasa yetdi də buna. Bunu qıraqdan izləyənlər də görür, hesaba alır. Ərdoğan taktik olaraq atacağı addımlar baxımından çox gözlənilməz adamdır, pis mənada gözlənilməz adamdır. Nə milli açıdan, nə də beynəlxalq siyasət yürütməsi açısından onun ipinin üstünə odun yığmaq mümkün deyil…
Başqa sözünüz yoxdursa, mərasimimizi başa çatdıraq. Hər kəsə uğurlar diləyirəm, hər kəsə fərəh yönü arzulayıram. Fərəh yönünü yetirmək gərəkdir – öz üzərində işləmələrlə, çalışmalarla, kitab oxumalarla, xalqa söz demələrlə.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə mərasim sona yetir.
Səsdən sözə çevirdi: Göytəkin Atalı.
İşıq Ayı, 43-cü il. Göyçay.