Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 25 Çiçək Ayı, 44-cü ildə Qutsal “Ruhani İdrak Günü” Törəni keçirmişdir. Ocaq quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı:
Qutsal Günümüzə başlayırıq – “Ruhani İdrak Günü” mərasimini keçiririk. Ocaq mərasimləri Ocağın yüksək Orqanıdır. Ailə Günlərində, başqa tədbirlərdə biz, bütün Ocaqçıların hamısının toplantıda olmasını hökm kimi qoymuruq. Asif Ata çox istiyərdi, mərasimlərə mümkün olduğu qədər hər kəs qatılsın.
İndi Ocaqda ölənlərimizin adını anırıq: Sabahlı, Bağban, Amaltay bizimlədir, onların adına ayağa qalxırıq. Onları öz yanımızda bilirik, həmişəlik.
Mərasimimizin nədən yarandığını bilirsiniz. Ancaq hər mərasimdə onu yenidən xatırlatmağımız doğru olar. Uzaqda olan Ocaqçılar, Bakıda yaşayan Ocaqçılar qədər, Atayla görüşə bilmədiklərinə görə, bu mərasimi yaratdıq ki, Ata hər kəsin toplanmış işlərinə qiymət, yığılmış suallarına cavab versin. Belə götürəndə biz, Asif Atanın çağında “Ata Evinin Ziyarəti Günü” mərasimini də yaratmışdıq, 1 Qürub Ayında. Onu ortadan qaldırdıq, İnam Evi Günü ilə birləşdirdik. Yəni Yağış Ayının 13-nə keçirdik. O vaxtlar Bakıda İnam Evi olsaydı, bəlkə elə bəri başdan “İnam Evi Günü” kimi qəbul olunardı, “Ata Evinin Ziyarəti Günü” kimi qəbul eləməyə gərək qalmazdı. Çünkü Ata evində mərasim keçirilirdi, Atayla ünsiyyətlər Atanın evində gerçəkləşirdi. Ocaqçılar Mütləqə İnam Dünyagörüşünü Atanın evində tanıyırdılar, anlayırdılar, öyrənirdilər. Bu mərasim də Ata evində keçirilirdi. Ailələr bir-bir Atanın görüşünə gəlirdilər. O da mənim planım əsasında oldu. Atadan soruşmuşdum, belə bir plan gerçəkləşdirsək, Atanı yormarıq ki?! Dedi, yox, yorulmarıq. Hər bir Ailə ayrı-ayrılıqda Atanın evinə gəlirdi. Növbələşdirirdik. Filan Ailə filan saatda gəlsin, gəlib həyətdə gözləməsin. Saatlarla Atanın evində olurdum. İlk qəbul saat 10-dan başlayırdı. Səhər saat 9-dan axşam saat 9-a kimi Atanın evində olurdum. Bütün Ailələri qarşılayırdım. Hamısının gedişini
səsyazanla yazırdım, şəkillər çəkirdim. Təmsil elədiyim Uluyol Ailəsinin də.
Atanın ölümündən sonra evini də əlimizdən aldılar, ancaq bizim üçün önəmli məzmundur, biçim deyil. Ona görə o mərasimi birləşdirdik “İnam Evi Günü”nə, Yağış Ayının 13-nə. Yəni tam ləğv eləmədik. Məzmunu saxladıq. Sonra, “Evlad Günü” mərasiminin vaxtını Od Ayının 7-nə dəyişdik. Vaxtilə Od Ayının 7-də “Ruhani Qurum Mərasimi” vardı. Ata özü demişdi, Ruhani Qurum Mərasimini ləğv edirik, çünkü məzmun birdir, onu “Evlad Günü” mərasimi ilə birləşdiririk. Şölə Ayının 1-ində keçirməyə başladıq. Biz isə bu mərasimi yenidən “Ruhani Qurum” mərasiminin keçirildiyi tarixə qaytardıq. Çünkü Ata Şölə Ayının 5-də öldüyünə görə Ağstafaya səfər edirik, mərasim keçiririk. Ayın 1-i Evlad Günü mərasimi idi, 4 gün sonra da Ağstafaya getmək, Ocaqçıların bunu çatdırması gərəkirdi, yorucu idi. Ancaq Atanın ölüm günü də Ocaqda tarixləşməliydi. Ona görə vaxtı dəyişməli olduq.
Ata aramızda yoxdur, ancaq “Ruhani İdrak Günü” mərasimi var. Mərasimsiz də bir-birimizlə bağlantılar qururuq, söhbətlərimiz olur. Yeri gələndə telefonla da bir-birimizin sulallarına cavab verə bilərik. Ancaq bununla belə, düşündüm, biz bu mərasimi dayandırmayaq. Mərasim gözəl, məzmunlu mərasimdir. Suallar, axtarışlar, yaxşı bir inkişaf səbəbidir.
Bir neçə söz də idrak məsələsiylə bağlı deyim. Bütün bəşər tarixi boyu, fəlsəfə tarixi boyu idrak məsələsi böyük düşüncə adamlarının bir nömrəli məsələsi olub. Buna fəlsəfi anlamda qneseologiya deyirlər. Sonralar 19-cu yüzildə bunun adına epistomologiya da dedilər. Epistomologiya, qneseologiya elə birdir. Yəni idrak nəzəriyyəsi. Ən çox epistomologiya anlayışı işlənir. Bu çox çeşidli axtarışlardır. İdrakın əsas məqsədi nədir sualına cavab verməyə çalışıblar. Ona görə nəzəriyyələrin bir-birindən fərqli baxışlar ortaya qoyması ən çox idrak nəzəriyyəsinə yanaşmanın fərqiylə bağlı olub. Ata da idrak məsələsinə özünəxas yanaşırdı. Məsələn, idrakın əsas mahiyyəti haqqında danışılır, bir də idrakın məqsədi, yönü haqqında danışılır. Nədir axı idrakın mahiyyəti?! İdrakın əsas mahiyyəti dünya haqqında, gerçəklik haqqında, yaşamın bütün çalarları haqqında gərəkən biliklərin toplanması, analiz olunması, eləcə də onun sintez olunmasıdır. Bəs məqsədi nədir? İdrakın Məqsədi – dünyanı dərk eləməkdir. Mən bu yanaşmaları yanlış saymıram, doğru sayıram. Ancaq dünyanı dərk məsələsinə gəlincə, görürük ki, fərqli baxşlar ortaya çıxır. İdrak dünyanı dərk edə bilər. Burda da idrak dünyanı dərk edə bilər deyirlər, bunun üçün bir obyekt, subyekt anlayışı ortaya gətirirlər. Obyektiv aləm var, bir də subyektiv. İdrak daşıyıcısı subyekt sayılır. Ondan qıraqda nə varsa, obyekt sayılır. Bunların bir-birinə qarşılıqlı etkisi var. Dünyada obyekt-subyekt arasında qarşılıqlı etki var, o etki olarsa, onda obyekti dərk eləməyi mümkündür. Nələrisə dərk eləməyi mümkündür. Yox, qarşılıqlı etkisi olmursa, onda subyektlə idrak dərk edə bilmir. Buradan nə çıxır ortaya? Axı dünya göründüyünə bərabər deyil. Asif Ata belə deyir, Dünya göründüyündən artıqdır. İndi biz nə deyək?! Dünyanın Dünyalıq adlı mənası – Mütləq olan, artıq obyekt deyil, Subyektdir. Məndən qıraqda deyil. Əgər Dünyanın Dünyalıq adlı mənası varsa, İnsanlıq da Dünyanın bir cəhətidir, çalarıdır. Dünyalıq həm də məndə var. İnsanlıq Dünyalığın İnsanda yaşayan anlamıdır. Həyatlıq Dünyalığın Həyatda yaşayan anlamıdır. Deyək, Dağlıq Dünyalığın Dağda yaşayan anlamıdır…
Asif Ata deyir, dünya dərk olunandır. Əgər dünya dərk olunmaz olsaydı, onda insanla dünyanın qutsal bağlantılarının olmasından danışmağa yer qalmazdı. Çünkü dünyanın halı birbaşa insanla bağlıdır. Ona görə deyir, dünyanın halını yaradan insandırsa, onda insan yaratdığı halı dərk eləyə bilər. Biz dünyada bolluca materiallar görürük. Gördüyünüz bu materialların hər biri sadəcə material olaraq dərk olunmur. Sadəcə material olaraq dərk olunması da gərəksiz bir məsələdir. Mən daşı necə dərk edim, nə deməkdir daş?! Ağac, ya başqa şeyi necə dərk edim?! İdrakın əsas xassəsi Dərk məsələsidir. Mən Atanın fəlsəfəsini izah edəndə bunları birləşdirmişəm. Dünyanı dərk əslində özünü dərkdir. Özünü dərk həm də dünyanı dərkdir. Dünya insan bağlantısı.
Məndə məndən yüksək olan Mütləq Məna. Bu, Dünyada dünyadan yüksək olan Mütləq mənadır. Özünü dərk elə dünyanı dərkdir. Özündəki yüksək olanı dərkdir. Dünyanı dərk bir az da fərdiləşdirsək, dünyadakıları dərk deyil. Dünyadakıların daşıdığı məzmuna yetməkdir. Daş adi daş deyil. Gözün gördüyü kimi deyil. Yəni materiya deyil. Bizim gözümüzün gördüyündən artıq olan bir şey var. Biz, onu dərk edirik. Onu dərk elədiyimiz üçün dünyanın gedişini müqəddəsləşdirə bilirik. İnsani gedişlər əsasında dünyanın gedişini müqəddəsləşdirə bilirik. Ahəng yaradırıq, gözəlliklər yaradırıq. Əgər hər şey göründüyünə bərabər olsaydı, hər şey materiya olsaydı, onda biz, dünyaya qutsal uyum verə bilməzdik. Biz təbiətdə nə görürüksə, hamısını canlandırırıq, məna veririk, məzmun veririk, gözəlləşdiririk, həm də özünü dərkə, dünyanı dərkə hazırlayırıq. Biz görürük ki, təbiətdə nə qədər seyr elədiyin gözəlliklər var. Onlara o qədər dərin məzmunlar verirsən ki, verdiyin məzmun özü sənin içində yenilənir, yeni bir hal yaradır. Yeni bir məzmun yaradır. Sən özün təkcə canlı olmaqdan qırağa çıxırsan. Doğrudan da, görünən deyilsən. Əgər insan görünən deyil, görünəndən artıqdırsa, deməli, dünyada gördüyün nə varsa, görünəndən artıqdır. Biz, belə sübut edirik, İnsanın özüylə. İnsan göründüyünə bərabər deyil. Onda bu cür gözəl duyğular var, ülvi çalarlar var, çoxsaylı gözəlliklər var. Bunu görürük insanda. Özümüzdə olduğunu gördüyümüz üçün, dərk elədiyimiz üçün dünyada, təbiətdə olanları da özümüzdən olan yanaşma ilə mənalandırırıq, onu gözəlləşdiririk. İdrak bu cür məsələləri hazırlayır. İnsanın qavraması, dərk eləməsi üçün hazırlayır. Bütövlükdə insanın buna yetməsi üçün hazırlayır. Bütün bunların hamısı insanda göründüyündən artığına yetmək səviyyəsinin göstəriciləridir. Dərk məsələsində biz deyirik, Ata fərqli yanaşır. Ata seçir, təsnifatlaşdırır. Bilirsiniz, Atanın təcrübi idrak, elmi idrak, ruhani idrak deyə bölgüsü var. Ata deyir, idrak ruhun bir çalarıdır. Ruh – İnam, İdrak, Mənəviyyat, İradə birliyidir. Bu dörd cəhətdən biridir idrak. Bunların hər biri prinsipial çalardır, sıradan bir şey deyil. Ruhun ümumi xassəsi deyil. Ruhun varlığının cövhəridir. Bunların hər biri cövhər yaradır. Belə olduğu halda, bəs təcrübi idrak, elmi idrak nə deməkdir?! Deməli, ruhun təcrübiliyi, elmiliyi də var. Bir də idrak ruhun bir cəhətidirsə, nə üçün Asif Ata mərasimin adına “Ruhani İdrak Günü” mərasimi deyir?! Mənim düşüncəmə görə, Ata İdrakın imkanlarının genişliyinə işarə verir. İdrakın qatıldığı proseslər var, həyatın, mövcud olmanın şərtlərinin oluşmasında iştirak edir İdrak. Həm də gerçəkliklə insan bağlantılarının öyrənilməsində iştirak edir, elmi idrak, təcrübi idrak, sırf həyati açıdan, insanın öz yaşamını qurması, nizamlaması açısından iştirak edən çalardır. Bir də var, İnsanın bu deyilənlərdən üstün varlıq olduğunu təsdiq etmək. İnsan mövcudluğunu sürdürməlidir. Bunun üçün əmək çəkməlidir, çabalar göstərməlidir, yaratmalıdır, qurmalıdır, filan. Başqa cür olanda mövcudluğunu sürdürmək olmur. Bunun üçün də biz, idrakı mövcudolmanın şərtlərini oluşdurmağa yönəldirik. Elə ki idrak mövcudolmanın şərtlərini oluşdurur, bizim məişət həyatımızı qurmağımız üçün iştirak edir. Öz-özünə, quru-qurusuna ruh olmur. İdrak mövcud olmağa qatıldığı dərəcədə təcrübiləşir. Təcrübi səviyyədə işlərlə məşğul olur. Sonra bağlantılar, filan, mövcudolma lapatka düzəltməklə başa çatmır, elm var. Deməli, burda da ruhun imkanları bu prosesə qatılır. Bu da olur elmi idrak, elmi səviyyəsi. Bir də var, insan görünəndən artıq varlıqdır, ruhani varlıqdır, ruhani varlıq olduğunu sürdürməli, burda isə idrak bütöv şəkildə ruhun əsas gözü kimi, əsas etkisi kimi çıxış edir. Bunun adı olur ruhani idrak. Məncə, idrak ruhun bir cəhəti olmasa, elə deyər ki, İdrak Günü mərasimidir. İdrak ruhun bir cəhətidir. Məncə, Ata elə öz təsnifatlaşdırdıqlarından fərqləndirmək üçün ruhani idrak mərasimi deyir. Bu, elmi idrak mərasimi deyil. Təcrübi idrak mərasimi deyil.
Bu dediklərimiz bugünkü mərasimimizin bir az fəlsəfi, elmi izahı, filanıdır. Başlıca məsələ isə, dediyim kimi, işin ruhani cəhətidir. İdrakın insanın ruhani varlıq olduğunu sübut etməsidir. Bugünkü mərasimimizin mahiyyəti də əslində odur. İnsan ruhani varlıqdır. Bunu dönə-dönə dəfələrlə özümüzə aydınlaşdırırıq, izah edirik, sübut edirik, təsdiq edirik. İdrakın əsas işi insanın ruhani varlıq olduğunu təsdiq eləməkdir. İnsan ruhani varlıq olduğunu bilərsə, idrak birbaşa özünüdərk prosesi yetirir. Biz özünüdərk prosesinə qoşuluruq. Niyə gəlmişik dünyaya?! Dünya nə deməkdir?! Dünyada kimik?! Dünya ilə bizim əlaqələrimiz hansı səviyyədədir?! Bütün sualların hamısına insan özünüdərkdə cavab tapır. Atamız Var olsun!
Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Soylu qardaşımız idrakın çalarlarını çox gözəl izah elədi. Elmi idrak, təcrübi idrak, ruhani idrak. Əsas da mövcudolma ilə bağlı elmi idrakın, təcrübi idrakın bəlli rolları var. İnsanın yaranmasında, insanın doğaya, həyata, insanlara, özünə qarşı münasibətində ruhani idrak əsaslı məsələdir.
Eynşteynlər gəldi, getdi. Lütfi Zadələr gəldi getdi. Bunların zəkaları dünyanı titrədirdi. Bu cür idraklı insanların yaratdıqları yaxşı bir işə yönəlmək əvəzinə qlobal dağıntılara gətirib çıxardı. Eynşteynin atom icadı. Təbiətin gizlətdiyini üzə çıxarmaq. Bu enerji qeyri-kamil insan əlində hansı faciələrə gətirib çıxartdı?! Bəlkə də bəlli bir aşamadan sonra o kəşf xeyir verə bilərdi. İndi də xeyir verir. Ancaq verdiyindən çox dağıntılar, faciələr yaradır. İnsanın kamillik dövründə Lütfi Zadənin kəşfləri doğrudan da, insanların əlindən tuta bilərdi. Ancaq elə duruma gətirib çıxardı ki, səfalət yaratdı. O boyda idrak sahibi, o boyda dühanın düşüncələri səfalət gətirdi, işsizlik ordusu yarandı. Dünyada biabırçılıq səviyyəsi yaşanır. Bu da elmi idrakın sonucu.
Ruhani idrak insanın sırf özüylə bağlıdır. İnsan istər dünyaya, istər doğaya, istər özünə münasibətdə birinci növbədə özüylə üz-üzə qalmalıdır, özünü tanımalıdır. Özündə vüqarı olmayan dağları duymaz. Özündə axarı olmayan çayları hiss eləməz. Özündə şəfqət olmayan şəfqəti hiss eləməz. İnsan doğada, dünyada özünün bu mövqeyi ilə o qədər sarsılır, cavab tapmadığı sualların qarşısında aciz qalır ki. İnsan içinə enir, öz içində qorxu görür, həsəd görür, cahillik görür, paxıllıq görür. Nə qədər heyvani xislətlər görür. Ancaq insan özü də bilir o deyil. İnsan bunlardan necə xilas olmağını təyin edir. Biz Atanı öyrənəndən sonra bunu təyin elədik. Dünyanı tanımaq üçün, təbiəti tanımaq üçün, siyasətə qiymət vermək üçün, topluma qiymət vermək üçün, öz fikrimin, sözümün olmaq üçün öncə özümü yaratmalıyam. Təhlil eləməliyəm. Kiməm mən? Təyin eləməliyəm – mən necə olmalıyam? İnsan nə deməkdir?! Mən dünyaya niyə gəlmişəm?! Mənim bu dünyada yaşamımın mənası nədədir?! İnsan bütün bunları bilərək, özüylədöyüşlə özünü təsdiqə yetir. Bütün həyatımız bu amal üzərində köklənib. Özümüzü var sayırıq, Asif Atanın ideyalarının peşində olmağımızla. Bu elə bizim özünü dərkimizdir. Özünü təsdiqimizdir. Yaşamımızın da, var olmağımızın da əsasıdır.
Atamız Var olsun!
Soylu Atalı: Dünyanın mənası, dünyanın halı, bir də dünyanın gedişi nə deməkdir?! Mən bayaq qonular oxudum, onları gücüm çatsa yazmaq istəyirəm. Onlardan biri anlayışların məzmuna uyğunluğudur. Biz, Atanı ifadə edəndə ən çox anlayışların doğru işlənilməsinə, doğru mənalandırılmasına baxış sərgiləməliyik. Bunu izah etmək üçün bir sual vermək istəyirəm. Bütün baxışlar deyir, ruh ölməzdir. Asif Ata deyir, İnsanın ruhunu – İnam, İdrak, İradə, Mənəviyyat ifadə edir. Ruhla Mənanın fərqi nədir? Bəzən Məna elə izah olunur, gəlib çıxır ruha. Bəzən ruh elə izah olunur, Məna ilə eyniləşdirilir. Bir çox hallarda anlayışlar ifadə etdiyi məzmunu başqa bir məzmunla eyniləşdirir. Biz, bunlardan yayınmalıyıq. Mənim vurğuladığım odur, anlayışlar məzmunu doğru ifadə etməlidir. İndi gəlirəm dünyanın Mənası Dünyanın halı, bir də Dünyanın gedişi məsələsinə. İnamlı qardaşımız “Dünyalıq halı”, “Dünyalıq mənası” deyir. Bunlar ayrı-ayrılıqda nədir?…
Günev Atalı: Dünyanın Mənası Mütləqdir. Dünyanın halı isə bu günkü gedişidir.
Soylu Atalı: Axı qardaşımız deyir, Dünyalıq halı insandan asılı olmadan var. Onda o nə deməkdir?! Buna bir az yön verək. Dünyanın gedişi dünyada nə görürüksə, onların varolma, gerçəkləşmə, görünüşə gəlmə şərtləridir. Burada insan da doğulur, ağac da əmələ gəlir, su da yaranır, çay da yaranır. Bir də var, Dünyanın dəyişməyən Mənası. Bu dediyimiz oluşumları səbəbləndirən Mənası. Bir də var Dünyanın halı. Yəni həyatda, yaşamda ortaya çıxan davranışlar, münasibətlər, eləcə də doğal gedişlər.
Göytəkin Atalı: Sırf insana bağlıdırmı?
Soylu Atalı: Dünyanın halı insana bağlıdır, ancaq doğal gedişlərə də bağlıdır. Dünyanın halı pisdir. Çünkü insani münasibətlər pisdir, gediş pisdir. Əsasən hamısı hallardır. Eyni zamanda insanda hallar var. Məsələn, təkəbbürlülük, təbəssümlülük, acıq, qəzəb. Bunlar hər biri haldır. Bunlar hər biri ayrıca bir anlayışdır. İfadəyə gələn insan hallarıdır.
Bir də elmi idrak, təcrübi idrak məsələsi ilə bağlı bir neçə söz demək istəyirəm. Təcrübi idrak yalnız siyasi mənfəətpərəstlik deyil. Məsələn, yer belləmək, ağac əkmək, ev tikmək gərəkdir. Bu işlər bizə təcrübi yollarla ötürülür. Onu o cür şüurlu şəkildə davam etdiririk. Şüurlu şəkildə bizə ötürülən gələnəklər ki var, onlar təcrübi idrakdır. İnsan təcrübi idrakda məhdudlaşırsa, sırf mövcudolma şərtləri ilə uğraşırsa, bundan qabağa getmirsə, onun öz mövcudluğunu qorumaq üçün atacağı addımlar qırağa çıxacaq. Münaqişələr yaranacaq. Bu da həyat uğrunda mübarizənin çalarlarına gətirib çıxarır.
Elmi idrak xurafatı ortadan qaldırdımı?! – Qaldırmadı. Düzdür, elmi idrak da elmlə uğraşanların uğraşdığı məsələlərlə məhdudlaşmır. Elmi idrak bütöv bir məna kəsb edir. Gerçəkliklə bizim əlaqələrimiz, gerçəkliyi anlamağımız, gerçəkliyi müşahidə etmələrimiz, bundan baş çıxarmağımız, davranmağımız da elə elmi idraka aid bir şeydir. Elm xurafatla bağlı dedi ki, cin, şeytan gözə görünmür, bunlar yoxdur. Elm bizim beş lamisə üzvümüzə dayandı, onların bəlirlədiyindən qırağa çıxmadı. O şey ki, lamisə üzvlərimizin bəlirləyə bilmədiyi şeydir, elm deyir, boş şeydir. Belə götürəndə Allahı da (əslində Mütləqi) lamisə üzvlərimizlə duya bilmirik. Nə görə bilirik, nə eşidə bilirik. Buna görə elm əslində xurafatı ortadan qaldıra bilmədi. Çünkü elm hər şeyi gerçəkliklə məhdudlaşdırdı. Bəzən də özünə aid olmayan məsələlərə də əl atdı. Elm gerçək olanı göstərir, bunu deyir. Bundan ötəsini, bunun məzmununu elm demir. Bu məzmunu fəlsəfə deyir. Ona görə elmi sahədə çox çelişkilər olmayıb. Ancaq fəlsəfi sahədə var. Çünkü elə şeylər var, təcrübə ilə öyrənilməsi mümkündür. Elə şeylər də var, təcrübə ilə öyrənilməsi mümkün olmayan(apriori) şeylərdir. Buna görə elm ruhaniyyatda olan məsələləri materialistcəsinə, ateistcəsinə dışladı. Buna görə xurafatı ortadan qaldırmadı. Çünkü insanın ehtiyacı olan müqəddəsliyi elm araşdırıb öyrənmir. İnsanın müqəddəsliyə ehtiyacı var. Elm ən yaxşı halda deyir, bu mənlik deyil. Elm buna girişməyə bilər, ancaq üstündən xətt çəkməli deyil. Burda artıq fəlsəfi idrak, ruhani idrak rol oynayır. Çünkü fəlsəfi, ruhani baxış olmayanda Mütləqi aydınlaşdırmaq, öyrənmək, tanımaq mümkün deyil. Bütün başsındırmalar hamısı sırf fəlsəfi mühakimələrin üzərində quruldu. Orada döyüşlər, çəkişmələr də belə başladı.
Materializm deyir, hər şey dünyanın özündədir. Ata da deyir, dünyadakılar dünyanın özündən əmələ gəlir. Panteizm də deyir, hər şey Doğanın özündən əmələ gəlir. Ortaq nöqtələrə gəlib çıxırıq. Bu ortaq nöqtələr bu baxışları birləşdirirmi?! – Birləşdirmir. Niyə birləşdirmədiyi Mütləqə İnamın verəcəyi cavablardır, buna çox izahlar vermişik. Bu da bizim üçün səbəb verir, bu məsələlərin hamısına verdiyimiz məzmunu doğru bəlirləyək, doğru ifadə edək. Anlayışla məzmunun uyğunluğu deyəndə bunu nəzərdə tuturam. İstənilən bir məsələ ilə bağlı çıxış edəndə, mühakimə yürüdəndə onlara daha çox diqqət yetirməliyik ki, qıraqdakıları çaşdırmayaq. Elə izah etməliyik, deməsinlər bunu filankəs də belə deyib. Başqaları dediyi şeylər ola bilər. Məsələn, Atanın dediyi “cismimdən heç nə itməyəcək, gözlərim birinə, əllərim birinə qismət olacaq” məsələsini hürufilər də deyirdi. Biri var mərkəzi prinsiplər, biri də var, bu prinsipdən doğan yanaşmalar, düşüncələr. Hürufilər deyir, insan fiziki olaraq tam itmir. Düz deyiləni inkar edə bilmərik. Nə deyilməyibsə, Asif Ata inkişaf elətdirib. Biz də dünyaya sağlam insani baxış gətirməyə çalışırıq.
Platon deyir, ideyalar bizim ağlımızdan, düşüncəmizdən asılı olmadan mövcuddur. Ata deyir, Mütləq bizim ağlımızdan, düşüncəmizdən asılı olmayaraq mövcuddur. Burda fərq həmin anlayışların məzmuna uyğun olub-olmamasından yaranır. Biz də deyirik, sənin dediyin ideya məsələsi kainatın səbəbi deyil. Əslində ümumi məzmunu düz deyir, anlayışı düz demir. Anlayış düz deyilmədiyi üçün düşüncə onun dalınca sapmağa başlayır. Bizə qədər olan anlayışların çoxuna Asif Ata yeni məzmun verib. Onları da bilmək gərəkdir. Ata deyir, ruhani idrak dərk edir, qovuşdurur. Ataya qədər baş sındıranlar da deyir, idrak özü özünü dərk edə bilməz. Çünkü idrak subyektdir. Subyekt subyekti dərk edə bilməz. Onun obyektlə qarşılıqlı etkisi olmalıdır. Bayaq vurğu elədim, mənim içimdə nəsə var. Ancaq içimdə olan təbiətdə olanın etkisi sonucunda üzə çıxır. Fərqlər yenə var. Atadan öncəkilərin çoxu deyir, insanın içində üzə çıxan duyğuları, düşüncəsi nəyi varsa, hamısı obyektiv aləmin ondakı inkasıdır.
İmamlı Atalı: Materialistlər də elə deyir.
Soylu Atalı: Onlar materiyanın inkasıdır deyir. İdealistlər obyektiv aləm deyir. Obyektiv aləm materiyadan fərqli bir şeylərdir.
Doğrudan da burda otururam, heç bir şey yoxdur. Gedirsən təbiət qoynuna. Qeyri-adi bir şey yaranır. Yaranan onun inkasıdırmı?! Burada Mənanın ruh araçılığı ilə ifadə olunması var. Bunu da Asif Ata deyir…
Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Mənim bir neçə sualım var, onları soruşmaq istəyirəm.
V.Hüqo “Səfillər” əsərində deyir: “Yoxsulluq özü çətin bir sınaqdır. Zəiflər bu sınaqdan namusunu itirərək çıxır, güclülər isə əzəmət əldə edərək çıxır”. Əsərin yoxsulluqla mübarizə edən iki qəhrəmanı var. Biri Fantinadır, o biri Marius. Marius nə qədər çətinlik qarşısında qalsa da yenilmədi. Üzü ağ çıxa bildi yoxsulluq sınağından. Ancaq Fantinada bu alınmadı. Onların ikisinin yoxsulluqla mübarizəsini müqayisə edəndə Fantinada fərqli bir durum var. Çünkü Fantinada məsələ tək özü deyildi, o həm də qızını yaşatmalı idi. İnsan gerçək həyatda da bu cür çıxılmaz durumlarla üz-üzə qalır. Yoxsulluqla mübarizə aparsa da söz qonusu tək özü olmur. Ondan asılı olan, yaşatmalı olduğu bir can olur. Belə bir durumda insan hansı yolu seçməlidir? Doğrudur, əsərdə Fantinanı məcburiyyət üzündən düşdüyü yol mənfi qiymətləndirilmir. Belə durum yaranada da mənəviyyat hər şeydən önə keçməlidir deyə bilərikmi?
Soylu Atalı: Sualı axıra qədər dinlədim. Onun içindən həyati bir məsələ çıxardı. Əgər sırf əsərlə bağlı olsaydı, deyərdim bu sualı sonraya saxlayaq.
İnamlı Atalı: Mən də bu istiqamətdə düşünmüşəm. Mənim üçün də maraqlıdır. Belə bir şey düşünmüşdüm. Məsələn, Asif Atanın övladı ondan xahiş etməmişdi ki, onu dünyaya gətirsin. Axı o uşaq da ondan asılı idi, o uşağın da ehtiyacı var idi. Doğrudur, Ata elə bir şəxsiyyətdir ki, özü də həmişə deyərdi, öz ömrümü heç bir Ocaqçıya rəva görmürəm. Bu, Atada müstəsna bir hal idi.
Soylu Atalı: Bunu sırf ailəsinin dağılması ilə bağlı deyib. Ancaq rəva görməsə də, onun ömründə olan ayrı-ayrı fəlakətləri Ocaqçılar da yaşayıblar. Qaçılmaz olub bizim üçün.
İnamlı Atalı: Şərq dünyasında ailə məsələsi çox önəmlidir. Qocanın da ehtiyacı var övlada. Bəzən görürük, oğul-qız yaşaya-yaşaya aparıb atanı, ananı qocalar evinə verirlər. Bunu da qəbul etmək olmur. Eyni zamanda, övlad dünyaya gətirirsənsə, onun ehtiyaclarını ödəməlisən. Atalıq borcudur bu. Atalıq borcu yerinə yetirilmirsə, bu nə dərəcədə doğrudur?
Soylu Atalı: Axı Fantina başlanğıcdan pis yola düşməmişdi. O gənclərlə gəzməyə gedib, birini sevib, aldanıb. Konkret olaraq, hansısa bir ailənin, ya da bir fərdin üzərində məsələni heç vaxt doğru izah eləmək mümkün deyil. Fantinanın yaşadığı dövrdə cəmiyyət antiinsani cəmiyyət idi. Antiinsani bir gediş vardı. Antiinsani gedişdə, antiinsani cəmiyyətdə o cür fəlakətlər həmişə olub. Olması da qaçılmazdır. Ata da ona görə insanlaşın, insanlaşdırın deyir ki, o cür fəlakətlər olmasın. Lap olsun Asif Atanın oğlu məsələsi. Biz elə bir toplumda yaşayırıq ki, hər şey bizim istəklərimiz əsasında olmur. Ona görə də, həyatda rastlaşdığımız fəlakətlər qarşısında neyləyim sualı vermə, İnsanlaş. Sən bu gün bu fəlakətdən qaça bilmirsən. İnsanlaş, sonrakı soylarda bu fəlakətlər aradan qalxsın. İnsan məsələsini, İnsanlaşma ideyasını əsas götürürük ki, bəşəriyyət bu faciədən qurtulsun. İnsana hər yerdə heyvan kimi yanaşırlar. Bir şəxsi yox, bəşəriyyəti bu bəladan qurtarmaq gərəkdir. Bəşəriyyəti də qurtarmaq üçün İnsanlaşmaq gərəkdir.
Günev Atalı: Ocaq açısından yanaşanda Fantinanı qınamalıyıq? Bənzər olay sabah mənim başıma gələcəksə, mən hər hansı bir yolla oda düşən balamı xilas etməyə çalışacamsa günahkar sayılırammı?
Soylu Atalı: Sən yenə bir fərdin üzərində dayanırsan. Mən niyə səni ya da başqasını günahlandırmalıyam?! (Mən Ocaq baxışını deyirəm). Mən niyə qınamalıyam?! – Mən dövlətin başında durub zülüm edəni qınaya bilərəm. Təsadüfi adamları qınamaqla nəyə nail olacam?! Mən özümü qınayıram. Özüylə döyüş ideyası yenə burda ortaya çıxır. Bu ideya əsasında İnsanlaşma prosesi getməlidir ki, bəşəriyyət bu fəlakətdən qurtarsın.
İnamlının o gün dediyi məsələyə yenidən qayıdıram. Sual verdi ki, ilahi ədalətin bərpa olması necə olsun? Biri o birinin haqqını yeyir, ölür, cəzasız qalır. Burda ilahi ədalət pozulur. Din deyir, bunun cəzasını Allah o dünyada verəcək. Mən də deyirəm, bir fərdin üzərində məsələni qurma. Niyə başqası sənin haqqını yeməlidir?! Zəhmət çək İnsanlaş, kimsə haqqını yeməsin. Onlara meydan vermə, səni basıb qarışqa kimi əzməsinlər. Yenə də gəlib ora çıxır, sən İnsanlaşma prosesi keçməlisən, bəşəriyyəti qurtarmalısan. Mən fərdin üzərində qura bilmərəm məsələni. Zamanı da suçlayıram, dövləti də suçlayıram, dövlətin başında duranı da suçlayıram. Nə əldə edirəm?! – Bu çıxış yolu deyil. Gəlin, məsələyə bir qədər də geniş baxaq.
Mən Tolstoyun “Anna Karenina” əsəri ilə bağlı izah vermişəm. Bütün baxış ona yönəldi ki, Anna Karenina xəyanət elədi. Bəs yaxşı Anna Kareninanın xəyanətinin səbəbini niyə görmürsən?! O dövrün rus cəmiyyətinə bu sualı verirəm. Sənsən bu xəyanəti törədən. Bu insandır, o dövrün pis qaydaları, qanunları ilə davranırsan. Sən heç istəyini soruşmadan qızı varlı bir məmura ərə verirsən. Heç soruşmadın qız onu sevirmi, istəyirmi?! Varına susayıb verdin, o da sevməmişdi. Sadəcə olaraq, dövrün tələblərinə, dinin qanunlarına boyun əyib gedib. Günlərin bir günü onun içərisində boğulmuş azadlıq ortaya çıxır. Birini görür, ona vurulur. Aleksey Aleksandroviç quru adamdır. Anna romantikdir, romantika istəyir. Bunu istəməyə haqqı da var. Onun istəkləri ödənmir, bütün arzuları içində boğulur. Günlərin bir günü onun ayağından kəndir açılan kimi baltanı götürüb hamının təpəsinə çırpır. Xəyanət budur. O xəyanəti doğuran səbəb var. Sən onu o cür zəlil duruma salmasaydın, o qayıdıb sənin başına balta çalmazdı. Bütün məsələ budur. Ona görə Ata deyir, bəşərin qurtuluşu İnsanlaşmaqdadır. Hər şeyin qaynağı gəlib çıxır ora. Mən Hüqonun “Səfillər” əsəri ilə bağlı yazımda yazmışam. Jan Valjan katorqadan buraxılır, hamı ondan qaçır. Niyə qaçır, – Tanrısal sistemin pozulmasına görə. Din insana əzəli günahkar damğası vurdu. Ulu babası Adəm günah işlətdi, günahkar ata-ananın övladları da özlərində Adəmlə Həvvanın günahını daşıyır. Ömrü boyu çalış, yalvar, görək Allah rəhmə gələcəkmi. Həmin şüurdur, yaşamda özünü göstərir. Bu katorqaya düşübsə qurtardı. Deməli əzəli günahkardır, katorqalı damğası daşıyır.
İnamlı Atalı: Hər millətin öz qaydaları, adətləri də var. Bizim qadınlar olub, cavan vaxtı həyat yoldaşı müharibədə ölüb. Bir uşaqla axıra qədər dirəniş göstərib. Bəs onun duyğusu yox idi?
Soylu Atalı: Buna qısaca aydınlıq gətirək. Hər millətin özəllikləri öz yerində. Hər bir fərdin özəllikləri var. Hərəmizin özümüzəxaslığımız var. Ancaq hərəmizin özümüzəxaslığmız o demək deyil ki, kimin ağlına nə gəldisə olsun. Qaydaları, xalqın adət-ənənəsini yaradan nə idi?! O dövrün dini, ictimai, siyasi baxışı idi. O ənənə özü nə dərəcədə xəlqi, insani məna daşıyırdı?! – Ənənələrin zahiri tərəflərini qırağa qoyaq. Ənənələr mahiyyətcə nəyə qulluq edir, nəyi ifadə edir, ənənə hansı prinsiplərdən gəlir?! İnsanlıq bütün millətlər üçün eynidir, Məna birdir. Mən də deyirəm, mənim nənəm ərinə sədaqətini göstərib. Bu yaxşıdır. Söhbət mənim nənəmin, ya babamın münasibətindən getmir. Söhbət burda fərdin istəklərinin arzularının zorlanmasından gedir. Nənəmin də istəkləri zorlanıb, ancaq onun içərisində elə bir iradə olmayıb, içində bir şey aşkarlanmayıb, o dövrün ictimai, siyasi qanunlarına boyun əyib. İstənilən halda, insanın içi sıxışdırılıbsa, azadlığı boğulubsa günlərin bir günü o etiraz edəcək. Ya yaxşı yöndən, ya da pis yöndən. İnsanın baxışını dövr, zaman deyil, Azadlıq bəlirləməlidir. Savaşda əri ölmüş cavan bir qadın, balası ilə birlikdə qəbul olunursa, sonradan ərə də gedə bilər, dul da qala bilər. Onun ərə getməsini xəyanət kimi, dul qalmasını sədaqət kimi qiymətləndirmək yanlışdır.
İnamlı Atalı: Deyək ki, cəmiyyətin, dövlətin öz qaydaları var. Axı hamısı pis deyil. Hərcayi yolu qınayırıq axı.
Soylu Atalı: Yaxşı ənənələrə heç nə demirik. Ancaq mənim azadlığımı boğub məni hərcayi yola itələmə. Məni qatil eləmə. Mənim hu gün iradəmin gücü çatmır sənə etiraz edim. Bu gün məni sıxışdırırsan. Sənin qarşında iradəm çatmır. Sən nə deyirsən, zorən edirəm, ancaq içimdə onu istəmirəm. Mən də deyirəm, mənim içimə zor göstərmə, mən insanam. Azad düşüncəmə, azad istəklərimə zor göstərmə. Konkret olaraq, sevgi məsələsini mənim ixtiyarıma burax. Qoy mən sevdiyimlə ailə qurum. Sabah bir şey olanda sorumluluğu mən daşıyım. Sən niyə mənim əvəzimə sorumluluğu öz üzərinə götürməlisən?!
İnamlı Atalı: Öz ixtiyarına buraxılanda da belə yanlış hallar olur.
Soylu Atalı: Bu halları kimlər yaradıb?! Cəmiyyətin, ata-ananın tərbiyə verdikləridi. Hər şey yanlışdı. Ona görə də insanlardan da yanlış nələrsə gözləmək olur. Mən də deyirəm ki, ata, ana, sevgi məsələsini həqiqiləşdir, insaniliyi həqiqiləşdir, məni özümün ixtiyarıma burax. Azad şəkildə öz mənəviyyatımı qurum, məşğul olum, sevim, öyüm. Mən edim, mənim əvəzimə sən düşünmə, mənim əvəzimə sən mübahisə eləmə, mənim əvəzimə mübarizə aparma. Qoy mən edim. Mənim əvəzimə edirsən, sonra deyirsən səhv elədin.
İnamlı Atalı: Bəs böyüklərin yol göstərməyi, təcrübəsindən istifadə edib ona yol göstərməsi necə?
Soylu Atalı: Bunlar tərbiyədir. Tərbiyə olmalıdır. Sən mənə yol göstərə bilərsən, filan şey gözəldir, yaxşıdır deyə bilərsən. Ancaq onu eləməkdə mənə zor göstərməməlisən. Yol göstər, hara qədər mənim ehtiyacım varsa, ora qədər yol göstər. Yol göstərəndə də özün yol göstərdiyinə əməl elə. Mən səndə sağlam bir şeylər görəcəm, götürəcəm, ancaq addımı özüm atacam.
Sən dövrdən, zamandan çıxış edirsən. Mən isə olmalıdan çıxış edirəm. Demirəm ki, atanın, ananın rolu sıfıra ensin. Hər şey uçub dağılır. Söhbət insana kömək eləməkdən deyil, onun iradəsini zorlamaqdan gedir.
Göytəkin Atalı: Bu sualı bizim bir rəğbətçimiz də soruşmuşdu. Möcüzə nədir, nəyi möcüzə hesab etmək olar?
Bir də nəyi soruşmaq istəyirəm, hər hansı bir qaçılmaz durum qarşısında, hansı dini qəbul etməsindən asılı olmayaraq, insan bir anlıq ilahi möcüzəyə ümid bağlayır. Tolstoyun “Anna Karenina” əsərində Levin obrazı var. Heç bir dini baxışı qəbul etmədiyini düşünür. Ancaq çətin durumla üz-üzə qalanda özü də bilmədən Allaha yönəlir, ona ümid bağlayır. Bu ehtiyac nədir insanın içində?
Soylu Atalı: Biz, Ocaq olaraq, insanın özünü dəyişdirməsini, kamilləşdirməsini, dünənki qüsurlarından heç nə saxlamamasını möcüzə hesab edirik. Məsələn, Mariya adlı yüngül həyat keçirən bir qadın, İsanın etkisi ilə ömrünü dəyişdi, müqəddəs bir qadın kimi qəbul olundu. Möcüzə budur. Bəzən deyirlər, uçurumdan düşdüyü yerdə bir anda qurtuldu, bunu Allahın möcüzəsi adlandırırlar. Bu möcüzə deyil, təsadüfdür. Təsadüflərdən möcüzə olmaz. Möcüzə quruculuğun, yaradıcılığın, axtarışın uğurla ortaya çıxartdığı müqəddəsliklərdir, ortaya çıxartdığı parlaq həqiqətlərdir ki, biz onu gözləmirdik. Gözləmədən oldu, ortaya çıxarıldı.
Günev Atalı: Bir dəfə Ataya sual vermişdik, Atanın möcüzəyə münasibəti necədir? Ata demişdi, hər ağlasığmayan, heç kəsin bacarmadığı, bəzən insan qüvvsinin yetmədiyi hesab olunan bir şeyi kiminsə bacarması, həyata keçirməsi.
Soylu Atalı: Həmin şeydir. Bu artıq təsadüf deyil, burda artıq məqsəd var, quruculuq var.
O ki qaldı özündən qıraqdakı bir gücə, qüvvəyə bel bağlamaq məsələsi. Bu, insan iradəsinin zəifliyi deməkdir. Özünə inamın zəifiyi deməkdir. Bir də insanda barışmazlıq var. İnsan heç vaxt yenilməklə barışmaq istəmir. Ona görə də axıra qədər ümid bəşləyir. Bu da insanın özünün içindəki potensiyadır, ümid imkanıdır. Bu insanın xarakterindən, mahiyyətindən irəli gəlir. Tutaq ki, insan suya düşüb, çıxılmaz durumdadır. İnanır ki, batacaq, ancaq yenə təslim olmaq istəmir, çabalayır. Bu, insanın özünün mahiyyətindən irəli gələn bir şeydir. Ümid də insanın mahiyyətinə bağlı bir şeydir, insan son ana qədər ümid bəsləyir. Gerçək olaraq gücün çatmasa, bir sonuc alınmasa belə o inam yanlış deyil. Ümid doğrudur, doğrula da bilər.
Göytəkin Atalı: Atanın bir fikri var, mənə tam aydın olmadı. “Xeyirdən fayda götürmək şərdir. Müasir dünya xeyirdən fayda götürür. Bu səbəbdən dünya şərlə doludur”.
Soylu Atalı: Xeyirdən mənfəətlənmək nəyə gərəkdir, xeyirin özü bəs deyilmi? Xeyir iş görmək, qarşılıq almaq. Yəni umacaq məsələsi gözdə tutulur.
Nurtəkin Atalı: Məsələn, İnsan Haqları institutu var. Adı yaxşıdır, guya məqsəd də odur. Ancaq o ad altında fayda götürürlər.
Göytəkin Atalı: Yenə Atanın bir fikrini soruşacam. “Qələbəsiz sülh siyasəti davam etdikcə sülh olmayacaq. Sülhün bir yolu var – Düşmən üzərində qələbə”. Zərurət yarananda müharibə qaçılmazdırmı? Biz deyirik, Atanın İnamı türklərin birləşməsi üçündür. Türk Birliyi yaransa belə, yenə hər hansı bir hücumdan özünü qorumalıdır. Həm də deyirik, Atanın İnamı bəşəridir. Yəni İnsanlıq yolu bütün bəşəriyyətdə oturuşarsa, deyə bilərikmi ordu, hərb sisteminə ehtiyac olmayacaq?
Soylu Atalı: Bunu bir daha sizə xatırlatmaq istəyirəm, Asif Atanın İnamı, Asif Atanın baxışı o demək deyil ki, bu baxış oturuşanda qurdla quzu yanaşı otlayacaq. Axı doğuluş var, yaranış var. Bəşər övladı anadan kamil doğulmur, qüsurlarla doğulur. Sabah azğınlar da çıxa bilər, lap hakimiyyətə də gələ bilər, müharibə də istəyər. Bunlar qaçılmazdır. Asif Ata ümumi bəşəri ölçü yaradır. Bu gün kapitalist ölçüsü yaranıb, ümumi ölçü pulçuluq ölçüsüdür. İnsan insanın qədrini bilmir, insan insanı əzir. Bunlar olmasın. Ölçü insanilik olanda aparıcı, hərəkətverici bir şeylər insanlığa uyğun olacaq. Yanlışlar yenə olacaq, yenə hansısa biri cinayət edəcək. Onun üçün də dövlət var, qanunla, qayda ilə cəzasını alacaq. Söz yox, ümumi ölçü qalib gələrsə, oturuşacaqsa, indiki kimi bəşəriyyəti hərbiləşdirmə, silahlaşdırma başqa şeylərlə əvəz olunar. Böyük mədəniyyətlər inkişaf edər. Məqsəd dünyanı zəbt eləmək olmasa, onda hərbiləşdirməyə ehtiyac olmaz. Bu gün məqsəd dünyanı zəbt eləməkdir, daha çox qamarlamaq, hakim olmaq, ağa olmaqdır. Hədəf budur. Ancaq hədəf insan olarsa, bu dediklərimiz artıq öz əhəmiyyətini itirər.
Göytəkin Atalı: “Cəmiyyətin təməli İnsanilik olsa istehsalatın inkişafı ləngiyər. Bəşər bu geriliyə dözə bilməsə məhv olacaq”.
Soylu Atalı: Cəmiyyətin təməli İnsanilik olsa nə deməkdir?! Biz hər şeyi ruhani əsaslara bağlasaq da, hər şeydə ruhaniyyat olmalıdır desək də, hamı elə ibadətlə uğraşmalıdır, heç kim kənd təsərrüfatı ilə uğraşmamalıdır demirik. Yəqin ki, Ata bunu hansısa “izm”lərə qarşılıq olaraq deyib. Məsələn, Buddaçılıqda deyilir, sevinc, xoşbəxtlik insanı həyəcanlandırır, bu da insanı narahat edir, xəstəliklərin qaynağıdır. Bunlar hamısı aradan qalxmalıdır. Yəni Nirvana ideyası. Ata da deyir, hər şey aradan qalxanda həyat olmur. Cəmiyyətin varlığında sırf ruhaniyyat olsun, ancaq əmək olmasa, onda bəşəriyyətin varlığından danışmaq mümkün olmaz. Sadəcə hər şey İnsanilik qanunları əsasında oluşmalıdır. Ədaləti təmin edən insani qanunlardır. İnsani qanunlar odur ki, hər kəs bir-birinə qarşı ədalətli olsun, heç kim kimisə basıb əzməsin.
İnamı Atalı: Halal əmək özü də ruhaniyyatdandır. İndiki kimi iqtisadiyyatın tüğyanı üçün çalışmayacaq toplum. Zəruri olanla kifayətlənəcək. Bir raketin hazırlanmasına bir şəhərin bir illik yeməyi sərf olunur. Bunların qarşısı alınar.
Soylu Atalı: Bir də belə nəzərdə tutula bilər, əgər cəmiyyət İnsaniləşərsə, İnsani qanunlar hökm sürərsə, onda sənayenin inkişafı ləngiyər, indiki ağıl ona dözməz.
Göytəkin Atalı: Suallarım bunlar idi.
Atamız Var olsun!
Soylu Atalı: “Anna Karenina” əsəri ilə bağlı yazdığımdan bir şeyi sizə xatırlatmaq istəyirəm. Sizə elə gəlir ki, orada Annanın hərəkətlərinə haqq verirəm. Mən Annanın xəyanətinə haqq vermirəm. Mənim dediklərimin içinə girmək gərəkdir. Mən yazmışam, filan şeylər oldu, ona görə xəyanət baş verdi. Mən demirəm, xəyanət yoxdur orda. Mən deyirəm, xəyanət niyə baş verdi?! – Axı bütün baxışımızı Annanın üzərində fokuslaşdırsaq ki, Anna xəyanət elədi, onda biz ona dini mövqedən yanaşmış oluruq. Daş-qalaq elə getsin. Din özündə günah axtarmır, deyir daş-qalaq elə. Mən də deyirəm, sən cəmiyyət özündə günah axtarmırsan, deyirsən xəyanət elədi. Xəyanəti doğuran səbəb var. Bunu xəyanətin bəraəti üçün demirəm, məsələyə insani yanaşmaq üçün deyirəm. Sənin yaratdığın cəmiyyət budur, Annanın bütün imkanları məhdudlaşdırılıb. Annadan çoxdu Azərbaycanda. İmkanlar məhdudlaşdırılıb, adam xəyanət edir. Azərbaycan qızlarının çoxunun ailəsi dağılır. Bunların səbəbi var. Fərdin özündə məhdudlaşmır axı bu xəyanət. Sənin xalqın günahkardır, düşüncən günahkardır, ideyan günahkardır, hər şeyin günahkardır. Sən bu insanlara normal ortam vermirsən axı. Onun ağlının gücü ora qədərdir. Ailə tərbiyə vermir, dövlət tərbiyə vermir, düşüncə tərbiyə vermir, ziyalı tərbiyə vermir, filosof tərbiyə vermir. Hamı antiinsani gedişlərə qulluq edir. Antiinsani gedişlərə qulluq elənən bir mühitdə, azyaşlının yolunu azmasından sonra niyə onun başını kəsirsən?! Sən səbəbi axtar, səbəblə döyüş, səbəbin başını kəs. Yoxsa onun başını kəsməklə məsələ həll olmur. Pisin başını kəsməklə məsələ həll olmur. Pisliyi ortadan qaldırmaq, onun uğrunda mübarizə aparmaq gərəkdir…
Törənə Ruhsal bağışlanmalar sunulur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Mərasim sona çatır.
Üzü yazıldı Od Ayı, 44-cü il. Göyçay.