Xəbərlər

Qutsal “Ruhani Səfər Günü” Mərasimində deyilmiş fikirlər

Sefer Gunu merasimiAsif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

Qutsal “Ruhani Səfər Günü”
Mərasimində deyilmiş fikirlər

Ocaq Günsırası ilə 27 Sərt Ayı, 36-cı ildə Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Ruhani Səfər Günü” Mərasimini həyata keçirdi. Mərasim quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: Günümüzə səfərlərimizin hünər örnəklərini qiymətləndirməklə davam edirik. İnamlının səfər təşkilatçılığını və Ocağın Azərbaycan öyrənciləri arasında yayılmasını – həm fikir, ideya baxımından, həm də ədəbiyyat paylamaq baxımından yayılmasını təşkil etmək əməlini təqdir edirik, Ocaq ləyaqəti üstə öz varlığını təsdiq etməsini diləyirik.

Üstünün bölgələrə başlayan səfərləri – Ocaq sorağını Azərbaycanın eşitməyən insanlarına çatdırdı, ədəbiyyatlarını oxutdurdu, bilənlərə bir daha Atanın adını, işini və Ocağını nişan verdi, eşitməyənlərin də qulağını doldurdu. Hünər hesab edirəm, Atanın qarşısında atılan hünər əməlidir və təqdir edirik.

Güntayın görüş təşkilatçılığını, “Fikir Evi” təşkilatçılığını, Atamızın ideyalarını fərəhlə, sevgiylə həm yörəsindəkilərə, həm də Azərbaycan gəncliyinə çatdırmaq əməlini hünər sayırıq və təqdir edirik. Qardaşımızdan daha böyük özünü təsdiq ləyaqəti gözləyirik.

Mən əsasən səfərlərlə bağlı addımları dəyərləndirdim. Ancaq Ocağın başqa əməlləri çoxdur. Özü də düşündüyümüzdən də çoxdur. Bu işləri davamlı şəkildə görən Nurtəkin və Göylüdür, onların da əməli həmişə təqdirəlayiqdir.

Ocaq ayrı-ayrı fərdlərin hünəri, ləyaqəti üstə yaşayır, qabağa gedir. Günevin uğurlu səfərləri oldu, uğurlu xalqlaşma işləri oldu Elanamızla birlikdə. Biz onların bölgədə davamlı olaraq Ata işini yaymalarını, yaşatmalarını təqdir edirik.

Ocağımızın hər bir fərdinin Ocağa qatqısı var, daha çox özünü təsdiq istəyirik. Özünü aldatmaq olmaz. Böyük əməllər, böyük hünərlər yaşadır Ocağı. Balaca, epizodik addımlarla yetərlənməməli, bu addımlar Türkeldə də var, Ulusəsdə də var. Ulusəsdə başqa bir biçimdir, təbii ki, biz bunu demişik. Bunun özü Ocaq tarixində bir səhifədir. Ancaq bununla yetərlənməli olsaydıq…Əlbəttə, Ulusəsin üzləşdiyi aqibəti Ocağımız üçün itki hesab edirik.

Bütövlikdə “Ruhani Səfər Günü” Mərasimi il ərzində – ötən 35-ci ilin Səfər günündən bu günə qədər çox ciddi uğurlar sərgiləyib. Ocaq bundan da artıq, fiziki mənada, nələrsə çatdıra bilməz. Say məsələsi əsas deyil. Əsas Ürək məsələsidir. Əmələ ürək verməni say əmələ gətirmir. Əmələ ürək verməni hünər əmələ gətirir və ruhani keyfiyyət əmələ gətirir. Biz də həmişə həmin əməlin, həmin keyfiyyətin arxasındayıq.

Sefer Gunu merasimi

Bu qədər böyük hadisənin dalındayıq ki, bunu bu gün bizim özümüzdən, öz qiymətləndirdiyimizdən daha çox, gələcək qiymətləndirəcək. Biz utanırıq, təvazökarlıq edirik. Öz əməllərimizin miqyasını dilə gətirə bilmirik. Bəzən ehtiyat edirik. Belə ki, işimizin daha dərin, daha geniş ifadəsi sanki bu gündə özünü göstərməməlidir. Belə bir hal var. Ancaq “Sabah” bizim işimizi daha ciddi qiymətləndirəcək. Çünki “Sabah” bizim işlərimizə hərtərəfli baxacaq. Hərtərəfli yanaşacaq və çətinliyin qucağında atılan addımlara baxacaq. Elə bir zamandır ki, belə bir hadisəni yaşatmaq başqa hadisələri yaşatmaqdan qat-qat çətindir, qat-qat böyük qüvvə tələb edir. Biz heç bir qüvvənin eyni deyilik. Biz hamıdan biri deyilik. Əgər sizin yanınızda desələr ki, Azərbaycanda fəaliyyət göstərən milli hadisələrdən biri də Asif Atanın Ocağıdır, özünüzdə haqq görüb incə şəkildə etiraz edin ki, yox, biz hamının biri deyilik. Güclüyükmü, gücsüzükmü sizin nəzərinizdə, təsirliyikmi, təsirsizikmi sizin nəzərinizdə, bu ayrı. Biz özümüz bilirik nəyik. Amma sizin nəzərinizdə Asif Atanın Ocağı nədir, nə deyil, ondan asılı olmayaraq, Asif Atanın Ocağı mövcud hadisələrdən biri deyil. Onlardan qat-qat yüksəkdir. Kim istəyir gəlsin sübut edim. Burada iynənin ucu boyda umacaq axtarın, görüm tapacaqsınızmı?! Ocaqçının kamilik səviyyəsi nədir, nə deyil, bundan asılı olmayaraq, bircə nəfərin Ocaqda atdığı addımda umacaq göstərin mənə. – Göstərə bilməyəcəksiniz. Bircə addım özünü reklam göstərin. – Göstərə bilməyəcəksiniz. Ancaq bizdən qıraqdakı hadisələrin hamısını silkələsən, başdan-ayağa özünü reklamdır, təmənnadır. Ayr-ayrı qüvvələrə bağlıdır. Mən deyəndə ağzıgöyçəklərin acığı tutur. Mən deyəndə ki, Azərbaycanda üzə çıxan ayrı-ayrı fərdlər xarici qüvvələrin, səfirliklərin buyruğunda çalışır. Ocaqdan başqa mənə göstərin ki, kimsə və ya kimsələrsə başqa qüvvələrin tabeliyində, buyru­ğunda deyil. Göstərə bilməyəcəksiniz. Hamısı xarici qüvvəyə güvənir. Azərbaycanda söz cəsarəti, hünər siyasi elitaya bağlıdır. Siyasi elita da Batıdır, Avropadır. Cəsarət ora bağlıdır. Onların buyruğundan qırağa çıxanın görün cəsarətini mənə göstərə biləcəksinizmi? Gedib Avropanın ortasında oturub, Azərbaycan iqtidarını söyməyi hünər sayırlar. Hünər deyil o. Biz canavarla üz-üzə durub, odun içində dayanıb, cəsarət göstəririk. Odun içindəyik biz. İran kimi canavar qulağımızın dibindədir. Baş kəsir, terror törədir. Onun tapındığı, özünün dayağı saydığı dini rədd edirik, özü də ateistcəsinə yox, kökündən, yüksək təfəkkürlə, yüksək idrakilik səviyyəsi ilə rədd edirik. Zarafat deyil bu. Eləcə də siyasi hakimiyyətin yurda, millətə qarşı atdığı bütün yanlış addımların hamısını zaman-zaman tənqid eləmişik, ifşa eləmişik. Öz ləyaqətimizə söykənmişik, özümüzün milli sevgimizə söykənmişik. Bundan böyük hadisə ola bilməz axı. Bundan böyük ləyaqət ola bilməz axı. Ona görə də Ocaq hamısının biri deyil. Ocaq hamısından çox-çox yüksəkdir. Ona görə, hər zaman dediyim kimi, bir-birinizin qədrini bilin. Giley­lənməyin (gileylənmirsiniz, izah üçün deyirəm), biri-birinizin ürəyinizi yormayın. Bir-birinizi arayın-axtarın, görüşün. Çünki sizdən qıraqda sizə gərək olan nə hadisə var, nə insan var. Biz heç kimə üstdən aşağı baxmırıq. Heç kimlə də münasibəti dışlamırıq. Biz burda Ocağın içində Asif Atanın adıyla, Asif Atanın etkisiylə, Asif Atanın ideyalarıyla özümüzü tərbiyə edirik, böyüdürük, millət səviyyəsinə qaldırırq. Vətən səviyyəsinə, şəxsiyyət səviyyyəsinə qaldırırıq. Münasibətimiz ordan yaranır. Yoxsa biz süni şəkildə özümüzü heç kimdən təcrid eləmirik. Bizim məqsədimiz insanların bir-birinə xəstə münasibətinin sağalmasıdır. Görün az sayda insan bu boyda planetin ortasında nə qədər böyük hünərlər göstərir. Əməllərin irili-xırdalı olmasından asılı olmayaraq, hamısı böyük ləyaqətə bağlıdır. Çünki burda təmənna yoxdur. Burada oyun, quraşdırma yoxdur. Ocağımızın qədrini bilin. Ancaq bütün bunlarla yanaşı Ocaqçıların xalqlaşma əməli bu ləyaqətin fonunda zəifdir. Fərd-fərd işləmək lazımdır. Hər kəsimiz dolanmaq üçün hardasa işləyir. İş vaxt, imkan verməyəcək. İşi qabağa maneə kimi qoymaq olmaz. Demirəm ki, özünüzü həlak edin, yox. Amma baxın. Üç gündür mən demək olar ki, yatmıram. Ancaq ortaya çox böyük işlər qoymuşam. Çünki o işlər mənim üstümə gəlir. Demirəm yuxusuz qalın. Ancaq işlərə doğmalaşın. Daha dərindən, daha əhatəli. Çünki o işlər, o əməllər, çətinliklər adamı şəxsiyyətə çevirir. Öz-özünə şəxsiyyət yaranmır. Fasilələr verilərsə, ara verilərsə, onda şəxsiyyət qurulmaz. İdrak hər gün döyülməlidir, hər saat. Onda o, aliləşəcək. İdrak hər gün qurulmalıdır. Mənəviyyat hər saat qurulmalıdır. İradə hər saat bərkiməlidir. Böyük yükün altındayıq. Böyük idealların peşindəyik. Böyük məqsədlər daşıyırıq. Özümüz özümüzün işimizinn miqyasını hər gün dərk eləməliyik. Həyat olduqca azdır. Getdikcə də quruyur. Münasibətlər də quruyur, ürəklər də quruyur. Quru ürəklərdə gözəl, ülvi münasibətlər bəslənilmir. Ona görə də hər gün, hər saat Ocaqlaşmaq lazımdır.

DSCN2027

Mən 24 ildə bircə dəfə mərasimdən qalmışam. 22 il öncə. Yıxılmışam, o qədər yorğun olmuşam ki, yatmışam, xəbərim olmayıb. Hər birinizi anlayıram, iş-filan. Əgər işdən 2-3 saatı alıb qurban verməsən, bir dəfə yeniləcəksən, iki dəfə, beş dəfə. Yenilmək olmaz. Mənim “Üç oğluma məktub” əsərimi ayda bir dəfə oxumaq lazımdır. Elə şeylər var ki, onları təkrar oxumaq lazımdır. Hərçənd mən Ocaq ideyaları ilə yüklüyəm, ancaq mən qayıdıb çox şeyləri oxuyuram.

Bizim işimizin bundan sonra da davamlı, uğurlu olması sizin hər birinizdən asılıdır. Bir-birinə münasibəti, ümumiyyətlə, insani münasibəti ciddi öyrənmək lazımdır. İnsana münasibət başlıca məsələdir. Hər şeydən yüksəkdə durur və hər şeyin həlli insana münasibət məsələsidir. Bunu yaxşı öyrənmək lazımdır. Vaxt tapmaq, fərd-fərd insanları cəlb eləmək, söhbət aparmaq, məşğul olmaq, böyütmək, Ocağa Evlad hazırlamaq lazımdır. Hər kəsin müəyyən qatqısı, cazibəsi olsun. Sadə insanların içərisində var eqoist olmayan. Fikirləşər ki, elə Ocaq mənim yerimdir. Gedişat ayrı hava çalır. İnsanları öyrətmək lazımdır ki, çalınan havaya oynamayın. Qolun-qabırğan yorulub sınacaq. Çağırın, qoyun Ocağın havasına oynasın.

Dişimizlə, dırnağımızla Ocağı qoruduq, yaşatdıq. Bundan sonranı ciddi düşünmək lazımdlır. Hər kəs düşünsün. Arxayınlaşmayın, xahiş edirəm. Mənim üzərimə atmayın məsuliyyəti. Ocaq mənim şəxsi məsələm deyil axı. Ocaq bəşəriyyətin məsələsidir. Ocaq hər birinizin ölməzliyinizin, əbədiliyinizin məsələsidir… Uğurlu işlər çoxdur, ancaq xalqyaratma məsələsi azdır. Uğurlu işlər ölçüyəgəlməz dərəcədə çoxdur.

Asif Ata “Ruhani Səfər Günü” mərasimini sovet ideologiyası dövrəsində başladı, həyata keçirdi. İlk Ocaqçılar, indi Ocaqda olmasalar da, Günevdən başqa, mən onların o dövrkü əməllərini ciddi qiymətləndirirəm. Mən istəyirəm ki, Ocaqçı bir məsələni ciddi dərk eləsin. Yasaq olunmuş dövrdə adam balaca bir addım atır, o addım böyük uğura çevrilir. Çünki yasaq olunmuş dövrdür. Başqa zamanda böyük addım atırsan, o balaca addım  kimi görünür. Bu psixologiyadan çıxmaq lazımdır. Hər kəs özünü yasaq dövrünün içində görsün. Orda fəaliyyət göstərsin. Ocağın ruhani əlifbasını öyrətməyi böyük hadisə saymaq lazımdır. “Ruhani Səfər Günü” mərasimi hər bir Evladın xalqın içində olaraq xalqa verdiyi soraq, xalqdan götürdüyü soraqdır. Ona görə də hər kəs özünün ömründə, əməlində xəlqi yöndən uğurlarını ümumiləşdirib həmişə hesabat verməlidir. Tarixdir bu. Ocaq tarixi, hesabatlardan götürülüb yazılacaq, həm də müqayisələr aparılacaq.

 Mən sözümü bitirmirəm, sözümü axırda bitirəcəm, mərasimlə halallaşmıram hələ, sizi dinləmək istəyirəm,“Ruhani Səfər Günü”nə sözünüzü.

Nurtekin Atali

Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Keçən ilin “Səfər Günü” Mərasimindən sonra bir çox səfərlər həyata keçirilmişdir:

Qar Ayında Ocaq Yükümlüsü Soylu Atalının və Göylü Atalının Gəncə bölgəsinə səfəri olmuşdur. Orada orta məktəbdə 50-yə qədər öyrənci və öyrətmənlərlə görüş keçirilmiş, görüşdən sonra Ocaq ədəbiyyatları paylanmışdır. Sonra Ocaq ədəbiyyatları mərkəzi kitabxanaya təqdim edilmiş və burda da ciddi söhbətlər aparılmışdır. Asif Atanın kimliyi, məqsədi, irsinin önəmi söhbətin gedişində hərtərəfli izah edilmişdir. Sonrakı görüş “Kamil Vətəndaş” mədəni-maarif birliyində davam etmiş, gəncləri doğru yönəltməyin gərəkliyinə bağlı fikir bölüşmələri olmuş­dur. Ayrı-ayrı insanlarla da fərdi söhbətlər olmuş, onlara Ocaq ədəbiyyatları bağışlan­mışdır.

Sonra Soylu Atalının “Kəpəz” televiziyasında bir verilişdə iştirakı olmuşdur. Bu verilişdə Asif Atanın ömrü, yaratdığı milli-bəşəri yolu, ideya hədəfləri əhatəli və dolğun şəkildə ifadə olunmuşdur.

6 Köçəri Ayında Göylü və İnamlı Atalıların təşkilatçılığı ilə Bakı şəhərində Orta məktəblərdə Soylu Atalının görüşləri keçirilmişdir.

17 Köçəri Ayında Soylu Atalı İnamlı Atalı ilə Bakıda çoxsaylı ünvanlara “İnam Səfəri” etmiş, fərdi və kütləvi görüşlər keçirmişlər. 40 nəfərə qədər gənclə görüşdə Azərbaycançılıq məzmununda söhbət edilmiş, Azərbaycanın mənəvi-ruhani obrazı Asif Atanın meyarı əsasında qiymətləndirilərək izhar edilmişdir.

6 Günəş Ayında yenə də Soylu Atalı İnamlı Atalı ilə birgə çoxsaylı gənclərlə görüşlər keçirmişdir. Qaradağ rayonu ərazisində (üç ünvanda) 70-ə qədər öyrəncilərdən və öyrətmənlərdən ibarət soydaşlarımıza Amal sorağı vermişdir.

Görüşlərin sonunda görüş iştirakçılarına çoxsaylı ədəbiyyatlar da hədiyyə edilmişdir.

15 Günəş Ayında Soylu Atalı İnamlı Atalı ilə birlikdə Qaradağ rayon mərkəzində gənclərlə görüş keçirmişdir. 30-a yaxın öyrəncilərə Azərbaycanın mənəvi-ruhani dəyərləri haqqında bilgi verilmiş, Asif Atanın yaratdığı İnsanilik təliminin, ruhaniyyat sisteminin milli varlığımızın qurulması və qorunması baxımından önəmi izah edilmişdir. Gənclərə çoxsaylı Ocaq ədəbiyyatları pay verilmişdir. Soylu Atalı və İnamlı Atalı rayon mərkəzi kitabxanasında və rayon mədəniyyət evində də olmuş, bu ünvanlarda da Ocaq ədəbiyyatları hədiyyə etmişlər.

22 Günəş Ayında Günev Atalının evinə Qutsal Onluğun qəbul törəni keçirilmişdir.

24 -25 İşıq Ayında Ocaq Yükümlüsü Soylu Atalı Güntay Atalı ilə birlikdə dəvətə görə “İncə günü – İncə gülü” saz-söz şöləninə qatılmışdır. Tədbirdə Soylu Atalı sazın türk ruhunu yaşamasındakı önəmli rolunu dinləyicilərə çatdırıb. Şölənə qatılan ayrı-ayrı insanlara da Ocaq ədəbiyyatları pay verilmişdir. Həmin tədbirdən bir gün öncə Tovuz rayon mərkəzində olmuşlar. Həftənin 6-cı günü olduğuna görə məktəblərdə kütləvi görüşlər keçirmək baş tutmasa da, məktəbin öyrətmənləri ilə, eləcə də rayon mədəniyyət evinin müdiri ilə Asif Atanın işi, Amalı haqqında söhbətlər edilmişdir. Həm məktəbə, həm mədəniyyət evinə Ocaq ədəbiyyatları hədiyyə edilmiş və rayon mərkəzi kitab evinə kitablar və qəzet biçimində (özəl buraxılış) ədəbiyyatlar bağışlanmışdır…

Qürub Ayında Günev Atalının anasına yas mərasimi keçirilib.

Qürub Ayında Güntay Atalının evində “Fikir Evi” həyata keçmişdir. Güntay Atalının qohum, qonşu və dostlarının iştirakı ilə keçən görüşdə Soylu Atalı Ata haqqında, Ata təlimi haqqında bilgi verib, dinləyicilərin suallarını cavablandırıb. Görüşdən sonra onlara ədəbiyyatlar bağışlanıb.

24 Ata Ayı, 36-il tarixində (24 sentyabr) Bakının kitab evlərinin birində Soylu Atalının görüşü keçirilmişdir. Üstün Atalının təşəbbüsü və təşkilatçılığı sayəsində “Kitab Evi”nin işçiləri ilə keçən görüşdə Asif Atanın ömrü, ideyaları deyilmiş, Azərbaycan haqqında Onun yaratdığı Dəyər Sistemi izhar edilmişdir. Soylu Atalı görüş iştirakçılarının suallarını cavablandırmış və onlara Asif Atanı ciddi oxuyub öyrənməyi tövsiyə etmişdir.

Od-Qürub Aylarında (iyul, avqust) Üstün Atalının Siyəzən, Şabran, Saatlı, İmişli, Gədəbəy, Sabirabad, Oğuz, Qax, Şəki bölgələrinə səfərləri olub. Bu səfərlər zamanı kitab evlərində, mədəniyyət evlərində, gənclik mərkəzlərində olub, söhbətlər aparıb, ədəbiyyatlar bağışlayıb.

6 Yağış Ayında Bakıda İnamlı Atalının təşkilatçılığı ilə Soylu Atalının görüşü keçirilmişdir.

20 Yağış Ayında Bakıxanov qəsəbəsində Güntay və İnamlı Atalıların təşkilatçılığı ilə Ocaq Yükümlüsünün görüşü keçirilmişdir.

Güntay Atalının başqa çoxsaylı görüş təşkil etmək cəhdləri olub, getdiyi yerlərdə uğurlu söhbətlər edib.

Günev qardaşımızın Beyləqan rayonundakı fəaliyyəti də gündən-günə genişlənir. Ağcabədi, İmişli bölgələrində Elana bacımızla birgə görüşlər keçirir. Atanın çap olunmuş kitablarını rayonların kitab evlərinə təqdim edib söhbətlər aparır.

Asif Atanın “İnam və Şübhə” kitabı Göylü Atalı tərəfindən yeni variantda latın qrafikalı Azərbaycan abesində və Ocaq-türk abesində yazılıb Ocağa təqdim olundu və elektron mətbuatda yayımlandı. “Ata Səsi” kitabı hazırlanmışdı, yenidən o ikinci dəfə işlənildi və Ocağa təqdim olunaraq hər bir Ocaqçıya pay verildi.

“Türkdən başlayan Yeni Bəşər İnamı” çap olundu. Asif Atanın 3 Bitiyi (kitablar toplusu) çap olundu: “İçdən Yaran­ma”, “Hüquqdan Haqqa” və “Özüllər Özülü”. Bu kitablar çapdan çıxandan sonra kitab evlərinə təqdim olundu, rayonlara getdi, Azərbaycanın sınırından da qırağa çıxdı – Türkiyəyə, Rusiyaya, qismən də Avropaya (poçt vasitəsilə ayrı-ayrı insanlara).

Hər bir tədbir səsdən yazıya çevrilib, kitab şəklində təqdim olunub. Bu əməldə Ocaqçıların hamısının zəhməti var, Ocaq Yükümlüsünün yükü və zəhməti hər kəsdən artıqdır. Belə ki, redaktə işi, kitabların, tədbirlərin tam hazırlanması onun özü tərəfindən və nəzarəti altında bitkin bir şəkildə başa çatıb.

“Atagün” Ailəsinin Ailə günləri hər ay keçirilib, Ocaq Yükümlüsü və ayrı-ayrı Ocaqçılar da oraya gedirlər. Bu, özü səfərdir, hər dəfə yeni hallar, yeni əməllər olur.

Soylu Atalı: Məncə, bir-iki əlavə eləmək də olar. Mərasimə hədiyyə təqdimi hissəsində xüsusi vurğu edəcəyik, ancaq ümumi əməl hesabatı ki veririk, Nurtəkinin kitabının işıq üzü görməsi və Günevin kitabının hazır şəklə gətirilməsi, doğrudur, bunlar bir-iki cümləyə sığan hadisə deyil, çox ciddi əmək var, iş var, vaxt var. Yaxud da Atagünə səfər. Atagünə səfər – neçə ildir davamlı şəkildə hər ay Atagünə səfər olunur, bu səfər də elə-belə məsələ deyil. Ciddi zəhmətdir, diqqətdir, xərcdir, böyük əməkdir. Davamlı şəkildə, yorulmadan, usanmadan. Mən başlanğıcda deyəndə ki, Ocağa bərabər hadisə yoxdur, bu hesabatla sübut elədin ki, yoxdur. Bu boyda işlərə bərabər işlər tapa bilərsənmi? Deyərsən, hansısa təşkilat haqqında, filankəs filan təşkilatın sədri ilə əməkdaşlıq imzaladı. Rayon şöbəsinə göstəriş verildi. Ocaqda isə nəhəng quruculuq var.

Nurtəkin Atalı: Mən özüm də hesabatı hazırlayanda görürəm ki, yazanda ki, o görüş olub, bu görüş olub, görürsən ki, il zəngin olub və bəzən biz səfər edirik və ya mərasim keçiririk, həmin gün o fərəhi yaşayrııq, ancaq toplu şəkildə olanda onun dəyərini daha yaxşı anlayıram.

Soylu Atalı: Toplu halında olanda dağa dönür.

Nurtəkin Atalı: Ata deyir ki, İnsanın fərəhləri – İnam fərəhi, İdrak fərəhi, Mənəviyyat fərəhi, İradə fərəhi var. Səfər bu fərəhləri yaradandır. İnsanın öz içində bu sevincləri kəşf etmək – səfərdir. Bu sevinclərlə yaşamaq – səfərdir. Bu sevincləri bölüşmək səfərdir. Çünki səfər yeni hallar, duyğular, düşüncələr kəşfi deməkdir. Səfər daim ruhani əhvalı ruhani kökdə saxlamaq deməkdir.

Öz dərdini millətin dərdinin içində əritməkdir səfər.

Öz ağrılarını unudub millətin dərdinə yanmaqdır səfər.

Öz ömrünü millətinin sabahına həsr etməkdir səfər. Belə bir aqibət yaşamaq yolu yaradıb bizə Ata.

Evladına “Səfərə yaraqlan!” hökmü verib Ata. Yaraqlanmaq döyüşə hazırlaşmaq deməkdir. Özündəki şərlə döyüş, həyatdakı şərlə döyüş. Şər həmişə var, ayıqdır, hücumdadır.  Sonuca – azadlığa, fərəhə, Mütləq İnama, İdraka, Mənəviyyata, İradəyə qovuşmaq üçün döyüşmək gərək!

Atanı öyrənmək – Atalığı öyrənməkdir, Evladlığı öyrənməkdir. Dünəni bilmək, bu günü yaşamaq, sabahı yaratmaqdır. Sabahı bu gündən görməkdir, görə bilməkdir. Atanı öyrənmək – Ataya qovuşmaqdır – duyğuda, düşüncədə, əhvalda Ata ilə dolmaqdır. Atanı öyrənmək – Atalığı, Evladlığı öyrətməkdir. Səfər bu əməlin gerçəkləşməsidir. Evlad aqibətinin yaranması, Amala sadiqliyinin təsdiqidir.

İnamsızlar arasında İnamlı olmağın fərəhini yaşamaqdır səfər.

İdraksızlar arasında İdraklı olmağın fərəhini yaşamaqdır səfər.

Mənəviyyatsızlar arasında Mənəviyyatlı olmağın fərəhini yaşamaqdır səfər.

İradəsizlər arasında İradəli olmağın fərəhini yaşamaqdır səfər.

Bu fərəh özü qədər yük qoyur çiynimizə, bərkidir, mətinləşdirir, qanadlandırır, ruhlandırır – İnamsızları inama yetirmək, idraksızları İdraka yetirmək, Mənəviyyatsızları Mənəviyyata yetirmək, İradəsizləri iradəyə yetirmək sorumluluğuna yüksəldir.

Sefer Gunu merasimi

Soylu Atalı: Hesabatını yetkin saymaq olar. Bilirsiniz, mən deyəndə ki, Ocağı hansısa bir hadisəylə, faktla müqayisə eləməyə yol vermək olmaz. Bu boyda hadisələr saydın, bunların zəhmətini bir-bir ifadə eləsən, eşidənlərin gözü kəlləsinə çıxar. Böyük zəhmətlərdir bunlar. Yaxud da xərclər. Gəl görək Göylü hər ayda nə qədər xərc ortaya qoyur. O, hardan əmələ gəlir?! Hər tədbirə, bayrama diqqət ayırır. Güntay nə qədər məsələlərə xərclər qoydu, hardandır bu? Güntay, Göylü bunun qarşısında nə alıb? Ulusəsin ləyaqəti, Ocaq burda davamlı şəkildə iş görür, sözünü deyir. Ona kim nə qədər vəsait ayırır, verir?!. Nədir onun umacağı burda? Göstərin buna bərabər hadisəni. Üstün bu qədər rayonlara səfərlər elədi. Xərcdi. İki ayda on rayona getmək asan məsələ deyil. İndiki vaxtda bu, asan məsələ deyil. Üstəlik Ocağın qayğılarına da Amal borcu verib. Bu qədər kitablar çap olunub, bunlar zəhmətdir, xərcdir. Bu zarafat məsələ deyil. Biz kimlərik? Hansı xüsusi gəlir yerlərimiz var. Ona görə də mən deyəndə uydurmuram ki. Mən deyəndə ki, Ocağı heç nə ilə müqayisə eləmək mümkün deyil. Ürəklərdə olan gücə bax! Ürəklərdə olan qüvvətə bax! Minlərlə üzvü olan partiyanın gücündən qat-qat yüksəkdə durur 5-10 nəfərin ürəyinin gücü. Bunu qiymətləndirmək lazımdır, təhlil eləmək lazımdır. Misli görünməyib belə bir şeyin. Bilirsiniz, mən Ruhaniyyat tarixini ən qədim dövrdən üzü bu yana oxumuşam. Başqa hadisələrin də tarixini oxumuşam, bilirəm. Mən deyrəm ki, Asif Atanın Ocağı tarixi ötüb. Mənim hər saniyəm Ocaqdır. Bilirəm Ocaq nədir, o biriləri də bilirəm. Bunu öyrənib, bilib fəxr eləmək lazımdır. Bunu bilib, nəinki Ocaqla, bütövlükdə Azərbaycanla fəxr eləmək olar. Dünya çapında bəşəriyyətin ortasında Azərbaycanla fəxr eləmək olar. Bu dağılmış Azərbaycanın içindən gör necə qüvvətli ürəklər çıxıb ortaya. Mən sizi əmin edirəm, kitabalr yazılacaq. Şirnikdirmək üçün demirəm, ktablar yazılacaq nə qədər sayda, yenə də yazıb qurtara bilməyəcəklər. Mən əlimə qələm alan adamam, yazının nə demək olduğunu bilirəm. Cild-cild kitablar yazılsa da, yenə ifadə eləyib qurtara bilməyəcəklər Asif Atanın, Onun Ocağının işini. Sözə sığmayan ləyaqət. Bundan qırağa durmaq olar? Bir adi iş deyilmədi burda, hamısı xalq yaratma işidir. Özünü göstərmə işi deyil bu. Görürsünüz hara gəlib çıxmışıq, illərimizi boşuna xərcləməmişik. Hər kəsin Ocaqdakı işinin müqəddəsliyi var, gözəlliyi var. İncidir bu. Mütləqdir. Heç bir şey sözə sığmır. Hələ ayrı-ayrı qüsurlarla bir yerdə. Ayrı-ayrı qırağaçıxmalarla bir yerdə. Onlar olmasaydı gör nə olardı. Ayrı-ayrı qırağaçıxma məqamlar, balaca hallar, qüsurlar olmasaydı gör Ocaq nə olardı.

Mən sizə deyəndə ki, ömrünüzü sistemləşdirin, düşüncənizi sistemləşdirin, ki, büdrəməyə­siniz, çaşmayasınız, usanmayasınız, yorulmayasınız, ondan ötrü deyirəm. Bu boyda yaratdığın zənginliyi heç eləmə, heç eləyərsən ömrünün hansısa bir məqamında. Adam var ki, yaxşı işlər görür, yaxşı işlərlə ölmür, o böyük işəri alt-üst edib elə ölür. Sənin böyük işlərinin çoxu tarixdə olar, ancaq sənin o işləri heç eləməyin də tarixdə olar. O iş qalar, sən heç olarsan. Ancaq işlə sənin birliyin, vəhdətin olar, zamanlara, tarixə işıq salarsan. Bütün sevgilərə işıq salarsan, on illərlə, yüz illərlə…

Ustun Atali

Üstün Atalı Ataya səcdə ilə sözünə başladı: Nədən yaranır səfər? Cəmiyyət insanın qarşısında iki seçim qoyur: ya canını qoru, ya da ruhunu. Canını qorumaq istəsən, ruhunu əlindən alırlar. Əslində üzdən azad görünürsən. Ancaq kiminsə aləti olursan, buyruqçusu olursan. Onların dediyi qaydalarla yaşayırsan, elə canını onlara tapşırırsan. Ruhunu qorumaq istəyirsən, cəmiyyətin çirkabından uzaq olursan. Burada məsələ təkcə yalanı görmək və uzaq olmaq deyil, həm də onu ifşa etməkdir. Cəmiyyətin qurtardığı yedə ruhaniyyatı bitirirsən. Ədalətin yox olduğu yerdə ədaləti bitirirsən. Vətənsevərliyin qurtardığı yerdə vətən eşqi yaradırsan. Amalın bunu tələb edir. Bəs bu necə keçir həyata?- Ocağın bütün tədbirləriylə, o cümlədən Ruhani Səfərlə. Hər bir səfər daxildə yetdiyin yolun güzgüsüdür. Özünə inama nə dərəcədə yetmisənsə, onu vermək eşqinə də elə yetirsən. İçindəki qorxunu ötmüsənsə öz halınla, cəsarətinlə, sevginlə ömürlərə daxil olursan. Əgər bilmək istəyirsən ki, hünərlisən, səfərə çıx. Onda hər bir şeylə adam üz-üzə gəlir. İstər suallarla, istər hallarla. Əgər bilmək istəyirsən ki, cəsarətlisən, onda səfərə çıx. Əgər bilmək istəyirsən ki, inamlısan, sevgilisən, əgər bilmək istəyirsən ki, içində vətən eşqi var, doğrudan da, sənin içində xalqa yanmaq var, səfərə çıx. Səfərə çıxanda hər şey aydın olur. Yol gedəndə, insanlarla söhbət edəndə, halları görəndə, qarşına suallar çıxanda, onda sənin için özünə aydın olur. Özünü tanımaq istəyirsənsə, səfərə çıx. Bu arzuyla, niyyətlə özümün səfərlərimi yeniləmək əzmindəyəm.

Uluses Atali

Ulusəs Atalı Ataya Səcdə ilə sözünə başladı: Hamının Müqəddəs Səfər Günü qutlu olsun! Ocağın bütün Mərasimləri Bayram səviyyəsində olan hadisədir. Bu, gələcəyə açılan bayram­lardır. Səfər bir neçə yöndə gedir. İnsanın özünün içinə etdiyi səfər, xalqın içinə etdiyi səfər, biri də var Ocaqçının kitabıyla etdiyi səfər, kitab yazıb səfər edir. Mən Nurtəkinin bugünkü kitabıyla, fəaliyyəti ilə bağlı təbrik edirəm. Arzu edirəm ki, başqa Ocaqçılar da belə kitab səfərləri etsinlər. Dünən mən Soylu Atalı ilə bir söhbət elədim və ağlımda vərəqləndi bu söhbət. Soylu Atalı deyirdi ki, kitab üçün material var, bir az da işləmək olar. Mən bir şey anlamırdım, dünən anladım, Ocaq Yükümlüsü deyir ki, bir var mən yazım, yaxud Nurtəkin yazsın, bir də var sənin kimi yaşlı adamın Ocaq yönündən kitab təqdim etməyi – bu, Atanın təsdiqidir. Bu yaşda adam Mütləqə İnamı qəbul edib, hətta ortaya kitab qoyub, bu, böyük hadisədir.

Soylu Atalı: Bəli, Atanın Mütləqə İnamı, yaşından asılı olmayaraq, insanın içini aşkarlayır, günlərin bir günü ortaya bir dəyər çıxarır. Bu elə Ata məktəbinin gücünün təsdiqidir.

Ulusəs Atalı: … Sonra Soylu Atalı bir fikir də işlətdi, mən onu dəqiqliklə deyə bilmərəm,  belə fikir idi ki, uzun müddət ağır aqibətlə yaşayan adamın bir gün içi açıla bilər.

Soylu Atalı: Əzab açır, mən buna inanıram… Çətinlik insanının içini açır. Çünki yaradıcılıq kefdən doğulmur. Yaradıcılıq əzabdan, çətinlikdən doğulur.

Ulusəs Atalı: Soylu Atalının dedikləri ruhaniyyatdan gəlir, Mütləqçilikdən gəlir. Bu öz təsdi­qini tapmalıdır, tapacaq da. Hamını Səfər Günü ilə təbrik edirəm.

Goylu Atali

Göylü Atalı sözünə Ataya səcdə ilə başladı: Mən bu günlərdə sayt üçün film hazırlayırdım, Atanın səfər haqqında dediklərindən istifadə etmişəm. Mərasim üçün müəyyən şeylər düşün­müşdüm danışmağa, amma o tələbləri oxuyandan sonra deyəcəklərimdən daşındım. Mən Atanın o tələblərini oxudum və həqiqətən xəcalət çəkdim. O tələblərin qarşısında mənim aqibətim, durumum, düşüncə tərzim cavab vermir. Ona görə də məhz səfər məsələsində üzümü ağartma­lıyam.

Soylu Atalı: Səfər məsələsində təməlin var, üzün ağdır.

Nə çətinliyimiz olursa olsun, nə ağrı-acımız olursa olsun, onun fövqündə durmalıdır bizim şəxsiyyətimiz. Şəxsiyyəti yarat. Heç nə şəxsiyyəti yaratmağa əngəl ola bilməz.

Guntay Atali

Güntay Atalı Ataya səcdə ilə sözünə başladı: Bütün mərasimlər məndən ötrü ilk olduğu üçün onun mahiyyətini hələ tam dərk etməmişəm. Dərk etdikcə özüm üçün nələrsə aydınlaşır…

 Texnologiya nə qədər inkişaf etsə də, səfərin yerini heç nə vermir. Canlı ünsiyyət, üz-üzə durmaq, söz demək məsələsi. Görüşdə Soylu bəyin danışmağını görmüşəm, o halları insana çatdırmaq… O halları görən insan üçün canlı ünsiyyət əvəzsizdir. Atanın ideyasının yayılması görülən işlərdən, ayrıca da səfərlərdən asılıdır. Səfərlərə də hazırlaşmaq gərəkdir. Onda söz deyiləcək. Söz yerə düşməyəcək, söz yarıda qalmayacaq, söz ünvanına çatacaq. Özünü hazırlamalısan buna görə. Hər dəfə Atanı oxuduqca o qədər yarımçıqları tamamlayırsan ki. Özüm üçün təyin eləmişəm ki, Ocaq əvəzsiz, dünyada tayı-bərabəri olmayan bir qurumdur. Ocaqda hər gün yenilik var. Amma dünən dediyimiz bu günə baxanda köhnəlmir. Ocağın sirri elə bundadır. Hansı yazını götürüb oxuyursan yenidir, lazımlıdır. O sarıdan Ocaq çox əvəzsizdir. Ocağın qiyməti yoxdur mənim üçün. Atamız Var olsun!

Turkel Atali

Türkel Atalı Ataya səcdə ilə sözünə başladı: Ruhani səfərlərdə biz Amallaşırıq, Kamilləşirik, Xalqlaşırıq. Mənim Ruhani səfərim olmadığına görə səfər halını Amaldaşlarımdan duyuram. Əslində yaşamaq duymaqdan daha önəmlidir. Nurtəkin Atalı “Heyrətimin inciləri” kitabında yazır ki, günlər, hadisələr, adamlar dəyişməyəcək ömrün dəyişməyincə. Ömrün dəyişincə, günəş bir başqa cür doğacaq.

Mən “Atagün” Ailəsinin tədbirlərinin bir neçəsinin səsdən sözə çevrilməsində, ya da bilgisa­yarda düzəldilməsində iştirak etmişəm. Ocaq Yükümlüsü Atagün Elinə səfərlər edir, orada Ailə Günləri keçirirlər, Ailə günlərində hesabatları ilə bir-birinin içinə səfərlər edirlər. Bu səfərlər yurdu və insanı dəyişmək, yaratmaq üçün edilir. Günev və Elana Atalıların ömürləri dəyişdiyinə görə onlar üçün Günəş bir başqa cür doğur. Bu Günəş Atagünü qaranlıqların təsirindən qorumaq üçün var.

 Nurtəkin bacımın kitabı onun əlçatmaz hünərini, heyrətini anladır mənə. Baxmayaraq ki, nəinki bu kitabın, Ocaq kitabının dərinliklərinə varmaq üçün fərd kimi formalaşmağım lazımdır. Fərdin ömrü sözə, kitaba sığmır. Amaldaşımın ömrünü, kitabını təbrik edirəm.

DSCN2076

Soylu Atalı: Mərasimə ruhani hədiyyələr qəbul edək. “Ata Səsi” kitabı ikinci dəfə təqdim olunur. Bir dəfə yalnız Ocaq üçün bir ədəd təqdim olunub. Bu kitabda tədbirlərin kitablaş­dırılmasında, səsdən sözə çevrilməsində burdakıların hamısı iştirak edib. Kitabda çox böyük ləyaqət var, sevgi var. Bu kitab hər kəsə təqdim olunur, hər kəs dərk eləsin ki, nə cür zəhmətlər var. Güntay Atalı hər birimizdə bu kitabın olmasını arzuladı və arzunu həyata keçirmək üçün maddi cəhətdən dayaq oldu, ikimiz bu işin öhdəsindən gəldik.

DSCN2098

İkinci hədiyyə, Amaldaşımız Nurtəkinin kitabı. Kitab bir çox cəhətdən təsdiqdir, Ata məktəbi­nin gücünün təsdiqidir, Evlad ləyaqətinin qurulmasının təsdiqidir. Ata sözünü xalqa çatdırmağın təsdiqidir. (Kitab Ocaqçılara təqdim olunur – Ü.A.)

Göylü, gün o gün olsun ki, sənin kitabın ərsəyə gəlisn, bir neçə cəhətdən sən bunu haqq edir­sən və borclusan.

Üstün Atalı: Bacımı təbrik edirəm, Ömrün və kitabın qutlu olsun. (Hər kəs bir-bir Nurtəkini təbrik elədi – Ü.A.)

Nurtəkin Atalı: Ocaqda bir çox əməllər Soylunun ruhani inadı ilə həyata keçirilir. Bu kitab da elə Soylunun inadı nəticəsində yarandı. Burda İnamlının və Günevin olmasını çox istəyərdim.

Bu kitab əlimə gələndə mən iki adama həsrət çəkdim – bir Asif Ataya, bir də anama. İstəyər­dim ki, onlar da görsün.

Soylu Atalı: Mən də istəyərdim Asif Ata görsün, anan görsün, amma neyləyək, xalq görəcək. Ucalığa təqdim olnunan hər şey elə Asif Atanın da anaların da diqqəti deməkdir. Mənim kitablarımı atam da gördü, anam da, amma nə oldu?!

 Biz bütün nəslimizin ləyaqətini təsdiq edirik. Bu gün onlar bunu bilmir, biz bunu bilirik.

DSCN2090

Nurtəkin Atalı: Kitab çıxanda hər bir Amaldaşım mənə zəng edib təbrik etdi, bu mənə dayaqdır. Mənim cismanilərim bəlkə də bunu öz yaxınlarına təqdim etməyəcək, amma mən bilirəm ki, bu kitaba qiymət verən Amaldaşlarım olacaq. Mən bu kitabın yaranmasında bənzərsiz zəhməti olan Soylu Atalıya dərin təşəkkürümü bildirirəm.

Soylu Atalı: Təbrik edirəm. Mən Amaldaşlarıma güvənirəm. Ruhaniyyat sənin ömrünə daxil olub. Ruhaniyyatçısan və bunu heç nə və heç kim inkar edə bilməyəcək. Asif Ata Ocağında elə hadisələr var ki, onu bütün dünya heç nüvə silahı ilə də inkar edə bilməz.

Kitablarınız çıxsın və bunu bayram edin. “Ömür kitabının bayramı” – bir dəfə bayram eləmək olar.

Üçüncü hədiyyəmiz mərasimlərin, tədbirlərin diskidir, Nurtəkin hazırlayıb. Ocağın elektron arxivinin yaranması. Ata qarşısında həmişə üzü ağ olsun.

Müqəddəs Gün`ümüz, Ata hüzuruna gəlişimiz, Ata hüzuruna sözümüz sona çatır, Atanın adına, tələbinə layiq Evlad hünəri ortaya qoyulur. Bu şərəf qutlu olsun, bu şərəf hər zaman alqışa layıq olsun. Mərasim insanlığın ən böyük qiymətidir.

 Nişanələrimizi Atanın adından təqdim edirik və qəbul edirik:

-Nurtəkin, əməllərin, hünərlərin qutlu olsun və ömrün qutlu olsun. Mərasimləşdi ömrün də, ləyaqətin də, yaradıcılığın da. Ata qarşısında həmişə başın uca olsun. Heç vaxt arxayınlaşma və özünün kamil şəxsiyyətini Ataya təqdim elə. Xoşbəxt ol. (Evladlıq Nişanəsini Nurtəkinə təqdim edir – Ü.A.)

-Ulusəsi təbrik edirəm Səfər Günü münasibətilə, Amaldaşlarına olan sevgi və etibarı, doğmalığı münasibətilə. Bundan sonra da Ata qarşısındakı məsuliyyət və Ata qarşısındakı fərəh onun ömrünü tərk eləməsin. (Evladlıq Nişanəsini təqdim edir – Ü.A.)

-Üstün, ara vermə. Elə elə ki, şəxsiyyətin Ataya təqdim oluna bilsin. Səni bugünkü Səfər Günü mərasimi münasibətilə qutlayıram. Özün də, fərəhin də, bir neçə cəhətdən sevincin də ömrünə yar olsun və tükənməsin. (Evladlıq Nişanəsini təqdim edir – Ü.A.)

-Göylü, bənzərsiz hünərlərini bərpa elə. Ömrün təzələnsin hünərlərində, təzələnsizn Ataya layiq uçmağında.

Göylünün fərqli bir cəhəti var. Göylüdə əməl bir anda doğulur. Hünər bir anda doğulur. Maraqlıdır, hünər bir anda doğulur, özü isə sanki bir süfrədə sakit oturub çay içir. Bu, ciddi göstəricidir. Belə cəhətləri mən ayrı-ayrı obrazlarda oxumuşam. Böyük ədəbiyyatların obraz­ların­da. Bu günlərdə mənə zəng edib nələrsə soruşur, “Səfər Günü” ilə bağlı musiqi altında şəkillərdən ibarət nəsə hazırlayır. Bu özü yaradıcılıqdır. Ancaq çox azdır.

Ataya şəxsiyyətini təqdim elə. (Evladlıq Nişanəsini təqdim edir – Ü.A.)

-Türkel, aşkarla özünü, qədrini bil və ruhani gücünü üzə çıxart. Səfər Günü münasibətilə təbrik edirəm. Həmişə ucalığa bax. Ruhun göyə yüksəlsin. (Evladlıq Nişanəsini təqdim edir – Ü.A.)

-Ulunuru böyütmək lazımdır. Ulunur aşağıdan müəyyən keyfiyyətlərlə qalxdı, sonra şərait, gedişat bir az çağdaş gəncliyə bənzətdi onu. Ancaq üzünü Ocağa tutsa, öz şəxsiyyətini yarada biləcək. Ocaq adlı xoşbəxlik arzulayıram. Başqa xoşbəxtlik tanımıram. Hamıya o xoşbəxtliyi arzulayıram.

-Dünən İnamlı səhər-səhər mənə zəng elədi ki, vaxtın varsa, məktəblərə gedək. Onda da, yaxşı anlamda, qəribəliklər, gözlənilməzliklər var. Dedim, mən ona hazır deyiləm, Günevin kitabını işləyirəm, yuxusuzam həm də. Saat 6-ya kimi işləmişəm, saat yarım yatıb durmuşam. Günorta görüşəndə dedi ki, getmişdim filan, filan yerlərə görüş təşkil eləməyə. Yaxşı hallardır, gözlənilməz cəhdlərdir. Ocaq üçün gərəkli keyfiyyətlərdir, bunu böyütmək lazımdır. İnamlını bu mərasim münasibətilə təbrik edirəm.

-Güntay, bu gün münasibətilə səni təbrik edirəm. Atanın qarşısında yeni bir səhifə açacağına inanıram və gözləyirəm. Həmin səhifədə ciddi ruhani səviyyə təqdim eləməlisən ləyaqətinə bərabər. Ruhani ləyaqətinə bərabər yaradıcılığını ortaya qoymalısan. Fitrətində var ruhaniyyat, onu böyütmək lazımdır. Ən yüksək səviyyəyə çıxmaq lazımdır. Xoşbaxt ol. (Evladlıq Nişanəsini təqdim edir – Ü.A.)

Nurtəkin Soylu Atalıya Evladlıq Nişanəsini təqdim edir: Mərasimini qutlayırıq. Sənə qanad olmaq istəyiylə!

Soylu Atalı: Biz hər birimiz Atanın hüzurundayıq. Biz hamımız bir yerdə Atanın diqqətiyik, Atanın qulağıyıq. Mən deyəndə ki, Atanı soraqlayıram, əslində mən Atanın Evladları vasitəsilə Atanı soraqlayıram.

Böyük bir gün keçirdik. Bu böyük gün bizim ruhani ləyaqətimizin həm ifadəsi oldu, həm də təsdiqi. Ataya uyğun gün keçirdik və Ata tələbinə uyğun yaşadıq. Bir addım qabağa getdik. Mərasimimiz bizim işimizi göyləşdirdi. Bununla da Müqəddəs günümüzü sonlaşdırırıq və yeni işlərimizə, əməllərimizə doğru irəli addım götürürük.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!” səcdəsilə Mərasim sona yetdi.

 

Sərt Ayı, 36-cı il. Atakənd.

(dekabr, 2014. Bakı.)

 

 

 

 

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir