Xəbərlər

Qutsal “Ruhani Səfər Günü” törəni

Asif Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 27 Sərt Ayı, 45-ci ildə (dekabr, 2023) Qutsal “Ruhani Səfər Günü” Mərasimini gerçəkləşdirdi. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: “Ruhani Səfər Günü” Mərasimimizdə  Ocaqda ölən amaldaşlarımızı – Sabahlını, Bağbanı, Amaltayı anırıq. Onları yanımızda, Ocağımızda qəbul edirik.
Ocağın bütün mərasimləri qutsaldır. Biz Ocaq mərasimlərini bir-birindən ayırmırıq, birini o birindən üstün saymırıq. Bəzən hansınınsa önəmini vurğu edirik. Əslində onun önəmini vurğu eləmək bütövlükdə Ocaq mərasimlərinin önəmini vurğu eləmək anlamı daşıyır.
Ata Günü Mərasimi Atanın adıyla bağlı olsa belə, Ocağın başqa  mərasimləri ilə bir çəkiyə, bir etkiyə xasdır. Ocağın bütün Mərasimlərinin hamısı elə Ata Günüdür, Asif Atanın yaratdığı Yolun məzmunudur. Ruhani Səfər Mərasimimiz də eləcə. Bu Mərasimin də özünəxaslığı haqqında danışa bilərik. Hər bir mərasimin özünəxaslığı var. Özəlliyi ondadır ki, Ocaqçı il boyu həyata keçirdiyi xalqlaşma əməlləriylə, ruhani səfərləriylə bağlı hesabatlar verir.
Asif Ata Ocağı yaradandan sonra mərasimləri aşama-aşama yaradıb. Yəni Ocağın yaşam biçimini hər yöndən işləyib bəlli bir şəklə salıb. Bizdə yaranan biçimləri məzmununa uyğun qoruyub davam edirik. Sadəcə işin yetərsizliyi ola bilər. O da nə ilə bağlıdır?! – Biz, Ocaq olaraq,bu gün davamlı səfərlər eləmirik. Buna səbəb yox deyil. Ancaq mənə elə gəlir, biz səbəbi özəl bir maneə kimi vurğulamalı deyilik. Səbəb nə olursa-olsun, Ocağın addımına mane olursa, mənə elə gəlir,o bəhanədir. Çünki biz Asif Atanın qarşısına keçib and içmişik, ona söz vermişik. Ömrümüzü ona vermişik. “Ömrüm sənindir Ata. Götür onu istədiyin kimi sərf elə. Ocağımızın Odu sönməzdir!”. Belə bir vəd vermişik biz. – Bu vəd o deməkdir ki, Atanın Çağırışında deyildiyi kimi, – “dünya hərcayidir, sən hərcayi olma. Dünya dağılsa da, sən hərcayi olma!” –  Dünya dağılsa da, sən Ocaqçılığından qırağa durma. Mən Ocaqçıları suçlamaq  üçün demirəm bunları. Bunları, sadəcə olaraq, bir həqiqət olaraq, bizim bilməli, görməli olduğumuz bir fakt olaraq deyirəm. Əgər biz Ocağı, Atanın Yolunu seçmişiksə, demək bizim əsas hədəfimiz, əsas prinsipimiz Ocaq olmalıdır. Yəni yerdə qalan məsələlər bizim üçün, doğrudan da, 3-5 faiz təşkil eləməlidir. Biz  Asif Atanın Ocağını dünyaya sunmaqla dünyada yeni Ruhsal düzənin yaranmasına söz vermişik. Baxmayaraq, bizim sayımız azdır, ancaq az sayla az sayın görə biləcəyi işləri görməliyik. Nə olursa-olsun. Ev, ailə, iş-güc, o biri, bu biri, heç biri səbəb deyil Ocaq işlərinin axsaması üçün. Daha doğrusu, səbəbi özəlləşdirsək, bu, Ocaqçının qarşıya gətirdiyi bəhanə anlamı daşıyar. Məsələ budur. Suçlansaq da, suçlanmasaq da, bacarsaq da, bacarmasaq da, məzmun budur, tələb budur. Biz tələbi bilməliyik. Ona əməl eləyib eləməməyimizdən asılı olmayaraq, yükümüzdən asılı olmayaraq tələbi bilməliyik. Məsələləri bundan sonra aydınlaşdıra bilərik özümüz üçün. Həqiqəti qismən deməklə, yarımçıq deməklə onun çəkisi, etkisi olmaz. Özümüzü aldatmış olarıq.
Asif Ata Ruhani Səfər Günü törənini ona görə yaratdı ki, dediyimiz kimi, hər bir Ocaqçı il içində gördüyü işlərin, atdığı addımların, elədiyi ruhani səfərlərin hesabatını versin. Həm Ocağın tarixinə yazılsın, həm Ocaqçılar bir-birindən bəhrələnsin, işi işə, əməyi əməyə söykənsin. Biz də hər il nə eləmişiksə, nə eləyə bilmişiksə onların hesabatını vermişik. Ancaq arxayınlaşmamışıq. Söz yox, ayrı-ayrı illərdə işlərimiz az olmayıb. İndiki yaşamaq, mövcud olmaq şərtləri içərisində atdığımız addımlar uğursuz olmayıb…

…Hər bir Mərasim Asif Atanın ruhani qarşısıdır (hüzurudur). Onun qarşısı bizim şəxsiyyət kimi qurulmağımızın məktəbidir. İnsanlığa qovuşduran, hünərlərə yetirən məktəbdir. Asif Atanın hüzuru rəsmiyyət hüzuru deyil, dövlət hüzuru deyil, mənəviyyat, ruhaniyyat hüzurudur. Ona görə biz onun hüzuru, meydanı ifadəsini qullanmaqdan çəkinmirik. Dünyanın hər yerində biz bunu cəsarətlə, ləyaqətlə söyləyə bilirik. Bizim davranışlarımız toplumda fərqli məzmun göstərə bilir.Hardasa qıcıq doğura bilir, hardasa asılılıq kimi görünə bilir. Zaman-zaman Ocaqla, Atayla bağlı epizodik videoçarxlar düzəldib yayıblar.Bunu din adamları da eləyib, “Batı uşaqları” da. Onlara görə 21-ci yüzildə biz uşaq kimi ayaq üstə durub, əlimiz ürəyimizin üstündə, Asif Ataya səcdə ifadə eləyirik. Buna onlar köhnəliyin qalığı kimi baxırlar, bəlkə də yeni texnologiyalar sivilizasiyasına qoşula bilməməyimizin sonucu kimi baxırlar. Kim nə cür baxır baxsın, özü bilər.Biz toplumun bütün qatlarından üstün düşünməyi bacara bilirik. Onlardan qat-qat yüksəkdə dayanan, dayanmağı bacaran qurumuq. Biz nə elədiyimizi anlayan, dərk eləyən Birliyik. İnsana yanaşma köhnəliyin deyil, gələcəyin tələbidir. Bu tələbdən qıraqda bəşəriyyət uçuruma gedir. Ona görə biz öz addımlarımızdan səksəkəyə düşmürük.Əgər düşəriksə axına qoşulmuş olarıq. Onda Ocaqlaşma baş tuta bilməz. Belə məsələlərdə biz toplumun baxışını hesaba almırıq, ala bilmərik. Toplumun baxışı harda bizə əngəl yaradırsa, orada toplumun baxışını rədd edirik. Toplumun baxışı hardakı xalqın uğurlu gələnəkləri ilə üst-üstə düşür, orada biz toplumun baxışını hesaba alırıq. Məsələn, əgər xalqın klassik gələnəklərinə yönəlik biz yanlış addım atarıqsa, toplum ona görə bizi qınayarsa, onu hesaba almalıyıq. Bəzən keçmiş Ocaqçılar elə davranırdı, danışırdı, sanki bütün dünya onlara borclu idi. Elə düşünmək də doğru deyil. Biz İnsanlığa üstdən aşağı baxmırıq, İnsanlığa qulluq edirik – İnsanlığa gərək olan dəyərləri yaradıb yaşatmaqla.Əgər biri deyirsə filan şeyi eləmək mənim fiziki varlığımla bağlıdır, bunun mənim ruhuma nə dəxli var. Əgər buna görə toplum səni qınayırsa, sən də toplumu saymırsansa, deməli, bu sənin əxlaqsızlığındır. Bu sənin Ocağa qarşı getməyindir, Ocağa qarşı yaşamağındır. Biz nə eləyirik, İnsanlıq üçün eləyirik, insanlıq harda yaşayır, – toplumda. Sən də ona qarşı həqarət işlət, bu necə olur?! Toplum əgər bizim inkişaf elətdirmək istədiyimiz gələnəkləri qoruyursa, sənin nə haqqın var ona qarşı gedəsən. Ancaq dediyim kimi, biz İnsanlığın gəlişməsi üçün ortaya bir yenilik gətirmişiksə, ucalıq gətirmişiksə, onu qoruyan bir mexanizm hazırlayırıqsa, bu mexanizmin özünün işlək prinsiplərini bəlirləyiriksə, onu biz qorumağa, yaşatmağa çalışırıqsa, bu yöndə də bizə qıraqdan ağız əyirlərsə, bizə əngəl olurlarsa, biz onu saymırıq, rədd edirik. Bax, bizim toplumla hesablaşmağımız, ya da hesablaşmamağımız bu şərtlər içində özünü doğruldur. Biz bunu bilən, tanıyan bir qurumuq. Ona görə Asif Atanın Ocağında atdığımız addımlardan, davranışlardan, toplumun yanlış baxışları qarşısında, çəkinməməliyik. Yenidir, bizdən başqa heç kimdə yoxdur, başqaları eləmir. Ona görə baxışlar bizə yönəlir, bəzilərində heyrətlə, bəzilərində rişxəndlə, belə şeylər Ocaqçını çəkindirməməlidir.Biz İnsanlaşmanın tələbindən yaranan Bayrağı başımızın üstünə qaldırırıqsa, o Bayrağı endirməyə çalışanları necə eşidə bilərik, onlara necə bac verə bilərik?! Atanın hüzuru, Ataya səcdə, Atanın əlini öpmək müqəddəs tələblərdir. Bu tələblərdən Ocaqçı bir addım belə dala qoymalı deyil…
Atamız Var olsun.

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.):  İlboyu etdiyim səfərlərlə bağlı qeydlər etmişəm. Ötən ilin Səfər Günü Mərasimindən üzü bu yana, 6 Günəş Ayında əslən Borçalıdan olan, hazırda Xızıda yaşayan Paşa adlı soydaşımızla Asif Ata haqqında, Ocaqla bağlı söhbət etmişəm. Səhəri ədəbiyyat apardım. Yenidən söhbətimizə davam etdik.
10 Günəş Ayı –ayrı-ayrı söhbətlər etmişəm. Ədəbiyyat bağışlamışam. Ədəbiyyat verdiyim bir həkimlə sonradan görüşəndə kitabları oxuduğunu bildirdi.
9 Çiçək Ayı – bir qrup adamlarla söhbətim yaxşı alınıb. 10-15 nəfər idilər, dəfələrlə görüşür, söhbətlər edirdik, suallar verirdilər. Burda söhbət elə yerə gəlib çatdı ki, bir dəfə İnsanlığın yolunda əngəl olan nəsnələrdən danışanda din və qismətçilik məsələsinə toxunduq. Orda etiraz başladı. Söz yox, mən bu cür etirazları çox gördüyümdən mənə adi bir hal kimi görünür. Gülümsəməklə qarşılayıram. Hətta mənə qarşı etiraz edən bir nəfərin öz oğlu ona qarşı çıxdı ki, nəyi düz demir, onu deynən. Əslində ordakıların heç biri deyə bilmirdi nəyi düz demirəm. Sadəcə dinə münasibət məsələsi var, mən buna gözüyumulu yanaşmıram.
Soylu Atalının izahları ilə zaman-zaman öyrəndim ki, insanların hər birinin özünün qəbul edəcəyi qədər yanaşmaq gərəkdir. Bundan artıq beyni yükləmək olmaz. Həm də onlarda illərlə oturuşmuş bir baxış var, ona ehtiyatla toxunmaq gərəkdir. Beləcə o aşama da keçilməli idi, keçildi də. Sonra həmin adamların mənə rəğbəti yarandı.
Keçmiş Ocaqçılardan birinin – Cəfərin (Ocaq adı Bütöv idi) anasının yas törənində, tərəddüd etsə də, söz demək istəyimi qəbul etdi. Mollasız məclis keçirməyimizə də etiraz etmədi. Ümumi söhbətdən, danışıqdan sonra yas qurallarını yerinə yetirdik. Bütün məclisdə olanların iştirakı ilə, sayğı duruşunda, Mütləqlə Təmas dinlənildi. Suallar verildi, cavablandırdım. Törən Masazırda olmuşdu.  Bir şeyi də vurğulayım, mənim üçün önəmli məsələdir. Elana da qonşu otaqda qadınlarla idi. Mən nəzərə aldım ki, yer var, xəbər etdim, onları da götürüb bu salona keçsinlər. Hamısı da gəldi. Mən Mütləqlə Təması deyəndə qadınların içindən birinci Elana qalxdı, qadınlar da ona baxıb hamısı qalxdılar. Kişilər də qalxdılar. Dinləyəndən sonra suallar verdilər.Bunu niyə xüsusi vurğuladım, qadına sərbəstlik verməyəndə hər hansı bir şeyi bacarmır. Səhv eləyəcəyindən də narahat olur. Ancaq əslində səhv eləməsə düzə gəlib çıxmayacaq. Ona o azadlığı, o sərbəstliyi verirsən, səninçün elə qürurverici hal yaradır, həmin məqamda özünü göylərdə hiss edirsən. Bu mənim həyatımda dəfələrlə olub. Belə olmalıdır, qadın hiss eləməlidir ki, mənim ona acığım tutmayacaq, onu nəzarətdə saxlamıram. Mən hər məsələdə ona gözümü ağartsaydım o bir şəxsiyyət kimi formalaşmazdı. Demirəm ha, o ömrünü tam əqidəyə verib. Çox məqamlarda mənə qarşı da gəlib. Ancaq ümumi götürəndə ağır günlərdə, çətin məqamlarda hünər göstərdi. Cəfərin anasının yasında bütün məclisi o əhvala yüksəldə bildi. Hələ o məqamda Cəfər yenə dedi ki, qardaş bəlkə bunu yığışdıraq. Mən ona fikrimi sərt dedim, sakitləşib oturdu. Çünkü o məqamın öz əhvalı var – irəli getmək.
Ümumiyyətlə, Masazırda çoxsaylı adamlarla Ocaqyönlü söhbətlərimiz çox olub. Bir dəfə Soylu qardaşımızı dəvət etdik. Gəldi, bir həyətdə oturdu, söhbət etdik. Orda çox adam vardı. Çünkü ora gedib gəlirdim, orda münasibətdə olduğum adamlarla düşüncələrimiz yayıldı. Orda çox ədəbiyyatlar payladım.
Şamaxılılar məskunlaşan Təzəkənd deyilən yerdə üç dəfə yas yerində oldum. Söhbətlərim gözəl dinlənildi, elə ona görə də mollanın qəzəbi ilə qarşılandı. Mən qoşulmadım, ancaq məclisdə olanların özləri onu sakitləşdirdi. Orda da yenə qismət məsələsi ilə bağlı söhbət olmuşdu. Deyirdi, hər kəsi Allah belə yaradıb, sən kimsən özünü yaratmaqdan danışırsan, sən kimsən nəyisə dəyişməkdən danışırsan. Onu orda sakitləşdirdilər.
Hökməli kəndində məni öncədən tanıyan şəxslərin suallarına cavab vermişəm, söhbət etmişəm.
Atagünə iki dəfə Soylu ilə səfərim olub. İkinci dəfə İnamlı ilə, Nurtəkin də bizimlə İnam Evini ziyarət etmiş, az sayda olsa da, adamlarla görüşmüşük.
Ocaqçılarla birlikdə Ağstafaya – Ata Sonevini ziyarətə getmişik. Yerli adamlar da qatılmışdılar.
Soylu, Yasin, Abil bəylərlə birlikdə Şabranda rəğbətçi Vaqif Ucatayın sonevini ziyarət etmiş, söz söyləmiş, Ocağın yas qurallarını yerinə yetirmişik.
Bir neçə yerdə yas yerlərində ciddi söz demişəm. Cismani qardaşımın sonevinin ziyarəti zamanı çox ciddi çıxış eləmişəm.Əslində məqam gəlir, ortam elə yaranır, söz gəlib mənim demək istədiklərimə çıxır. Soylu qardaşımın vurğuladığı kimi, biz özümüzün işimizi cəmiyyətin etirazına hesablaya bilmərik. Əslində bu dəfə çılğın demişdim, biz nə qədər çəkinərik, özümüzə qayıtmarıq, xalq kimi qurula bilmərik.
Xəstəxanada məni müalicə edən həkimlərlə söhbət edəndə, hadisələrə münasibət bildirəndə gördülər, yeni sözdür, yeni düşüncədir, yeni haldır. Maraq onları götürürdü, suallar verirdilər. Mən kimdən dərs almışam, onu demişəm, ədəbiyyat vermişəm…
Qonumuzla bağlı: “Adam İnsanlaşmalıdır ki, cəmiyyət İnsaniləşsin”. Bu bizim əlifbamızdır. Cəmiyyətin, xalqın, bəşərin insanlaşması insanın özündən başlayır, fərddən başlayır. Bu gün toplumun durumu tükürpədicidir. Təhsil bərbad, səhiyyə bərbad,iqtisadiyyat bərbad, dövlətçilik bərbad, mədəniyyət üfunətə doğru, incəsənət yanlış yolda, tarixi təhrif edirlər, musiqi siyasiləşib, adi münasibətlər belə təmənnalı yöndədir. Ən dəhşətli pozuntu insanı mat qoyan Tərtər hadisələri ölkəni iflic duruma salıb. Bütün bunların səbəbi, Soylu bəyin sözü ilə desək, insanın heyvana təslim olmasıdır. Hansı yöndən olur-olsun. Öz yerində olan bir kəsi heç bir səbəb tərpədə bilməz. Biri deyir əlacı yox idi, yuxarı belə dedi,elə dedi, biri deyir dolanmaq xatirinə edir. Onda cəllada da haqq qazandırmaq olar. O da balasını dolandırmaq xatirinə baş kəsir, qan tökür, dəri soyur, odda yandırır. Bu baxımdan insanı yerindən tərpədib cinayətlərə təslim eləmək olmaz. Axı bu qantökənlər öz insaniliyindən keçən, öz nəfsinin qurbanına çevrilənlərdir. Bunlar bu xalqın içindən çıxıblar, ən acınacaqlı hal budur. Biz Nəsimi verən bir xalqın oğullarıyıq. Bu cinayəti törədənlər, çox da ki əmri başqası verir, yad verir, insanlığı ayaqlayıb keçirlər. Adam düşünəndə başına hava gəlir. Bunu elə-belə deyib keçmək mümkün deyil. Adamın içini dağıdır, qanını qurudur. Bunlar hamısı cəmiyyətin pozuntularıdır. İnsan İnsaniləşmədiyindən cəmiyyət bu pozuntulara gəlib çıxıb. Ölkəni mənəvi xarabazarlığa çevirdilər. Əlac İnsanlıqdadır. Umud Ataya, onun Ocağınadır!
Atamız Var olsun.

Soylu Atalı: Toxunduğun məsələlər İnsanlığın sorunlarıdır. Çıxışında bir məqama toxundun, çox yerlərdə söhbət eləmisən. Hətta söhbət elədiyin ünvanlarda səni təhsilli elm adamı kimi, filosof kimi qəbul ediblər. Bunu da deyirsən, aldığınöyrəti (təlim) var. Əsas məsələ elə odur. Ocaqçı harda insanlarla ünsiyyətdə olursa, Ocaq söhbəti deyil, başqa yöndə danışanda belə, özünün öyrətisinin yaradıcısını nişan vermiş olur, onu tanıtmış olur. Üstün bir məktəb keçən gerçək bir öyrətmənə çevrilir. Bu hər bir Ocaqçının qarşısında duran ciddi məsələdir. Harda olursansa ol, Ocağı təmsil elədiyini bilirsən. Ata onu deyirdi, siz elə yaşamalısınız, elə yetişməlisiniz, sizi yerişinizdən, davranışınızdan, sözünüzdən bilsinlər ki, siz Ocaqçısınız.
Ocaqçı özünü ifadə edəndə daşıdığı yükün, yaşadığı Amalın ləyaqətini təsdiq  edir. Biz Ocağın ləyaqətini daşıyırıq. Böyük bir yük altında olan insanlarıq, bizim ləyaqətimizin adı odur. Öz ləyaqətini qorumaq Ocağı qorumaq deməkdir. Ləyaqətini ifadə eləmək Ocağı ifadə eləməkdir. Ləyaqətinə yüksəlmək Ocağa yüksəlməkdir. Bizim Ocaqlı varlığımız belə bir təsdiqdir.

Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Bu il mənim səfərlərim olub. Şölə Ayında, Soylu bəyin təklifi ilə, Yasinlə Ağstafaya getdik. “Ata Sonevini Ziyarət Günü” mərasiminə insanları dəvət etmək üçün oradan Qazax rayonuna getdik. İki gündə həm Ağstafada, həm Qazaxda Tarix-diyarşünaslıq muzeyində olduq. Ordakı əməkdaşlarla görüşdük, söhbətlər elədik, kitablar verdik. Qazaxda kitabxanaya kitab verdik. Qazaxda Qərb radiosunda söhbət elədik, ədəbiyyatlar verdik. Ağstafada rəğbətçi İsmayıl bəylə bağlantı qurduq. Məhsuldar bir səfər oldu, imkan içində çox insanlarla görüşdük.
Şölə Ayında Göytəkinlə Göyçay Tarix-diyarşünaslıq muzeyində olduq, orda söhbət etdik, ədəbiyyat verdik. Kitabxanada kitab qəbul etmədilər, onlara “Buraxılış” verdik. Sonra bir oxula getdik, söhbət edə bilmədik, ancaq “Buraxılış” verdik.
Keçən ay Beyləqana gedişimi də səfər saymaq olar. Yolda bir qadınla söhbət elədim.
Axırıncı dəfə, iki il öncə, Quba -Xaçmaz, Şabranda olmuşdum. Keçən il səfərim olmadı…
Xalqlaşmaya özümün daha çox ehtiyacım var, ona görə səfərlərimi sürdürəcəm.
Atamız Var olsun!

Bilən Atalı (Ataya səcdə edib, Bayrağı öpür N.A.): Mən ən çox öz üzərimdə çalışıram. Özümdə olan yanlışları özümdən uzaqlaşdırmağa çalışıram. Hər gün Ocaq düşüncəsində olan bir insanam. Ocağın işlərini həyata keçirməyə köklənmişəm. Yaxın aylarda bir çox məsələləri də yoluna qoyacam. Özüm söhbətlər edirəm…Səfərlər yenə olacaq. Ən çox aptekdə olduğum müddətdə insanlarla söhbət eləmişəm, bağlantılar qurmuşam. Ocağın işləri fərəh verir mənə…
Atamız Var olsun!

Soylu Atalı: Ayrı-ayrılıqda görülən işlər Ocağın yaşamasına bağlıdır. Mən bu ilin içində, bir neçə yol, bir neçə adamdan eşitmişəm ki, ayrı-ayrı tədbirlərdə Ocaq haqqında, daha doğrusu, Ata haqqında söhbətlər gedir. Deyirlər, bu cür toplantılarda Atanın, Ocağın adının hallandırılmasının başlıca nədəni sizsiniz. Sizin çalışmalarınızdır. Gerçəkdən siz varsınız ki, toplumda belə şeylər gündəmə gəlir. Bunu niyə xatırladıram?! Buna böyük bir məsələ kimi baxmıram, söz yox. Tutalım, kimsə durub Ocağın, Atanın adını çəksin, düşünək ki, demək nəsə var. Elə düşünmürəm. Hökm deyil, qıraqdan kimsə mənə nəsə desin. Sadəcə qıraqdan deyənlərin özlərinin xeyrinədir, deməli görürlər, toplumda hal yaranır. Yoxsa bizim işimizin uğuru, yönü bəlldidir. Atdığımız addımların heç biri boşuna deyil. O qədər adamlar mənə zəng ediblər, görüşmək istədiklərini yazıblar. Mən imtina etməmişəm. Bəziləri görüşüb, bəzilərinin başı qarışıb işinə, gücünə. Bəziləri üstündən aylar keçəndən sonra bir də görüşüb. Bu yaxınlarda bir jurnalist, deyəsən adı Ömər idi, Ocaqla, Atayla bağlı sənədli film hazırlamaq istədiyini dedi. Olanları göstərməyin özü də ləyaqət əməlidir. O yenidən mənə yazdı.Yəni toplumda ayrı-ayrı adamların Ocaqla bağlı arzuları var. Film eləsinlər, ya nəsə bir layihə üzərində işləsinlər. Bəlkə də bəzilərinin, maddi çətinlik üzündən, nələrisə gerçəkləşdirməyə imkanı olmur. Mən əminəm ki, həyat pisləşdikcə, ölkədə düşüncə anarxiyası böyüdükcə, toplumun tərbiyəsi pozulduqca, bir çox gələnəklərimiz sıradan çıxdıqca, Ocağa istək, meyil birə-beş artacaq. Ocaq xalqın içində yayılmalı, xalqınkına çevrilməlidir.

İndiyə kimi də Ocaqla bağlı sənədli film hazırlayanlar olub, müsahibə aparanlar, yazanlar olub. Ancaq biz davamlı olaraq, öz işimizi görməliyik.

Ocaqla bağlı heç vaxt bədbin ovqatda olmamışam. Bunu da sizə – Amaldaşlarıma həvəs vermək üçün demirəm. İçimdə yaşadığım bir halı dilə gətirirəm. Çünkü dünyanın bu çağa qədərki gedişinə bələdəm. Ayrı-ayrı dövrlərdə ayrı-ayrı sivilizasiyaların yaranma tarixinə az-çox bələdəm, araşdırmışam. Deməyin bizim sayımız azdır. İncini qum dənələrinin içinə səpərsən, yenə də öz inciliyini qoruyub saxlayar. İnci incidir. Hər yerdə incidir. Böyük qum topalarının içində də incidir, bir kasanın içində də incidir. Yetər ki, onun qədir-qiymətini bilən, görən olsun.
Biz deyirik, bu gün dünya çalxalanır. Dünya ona görə çalxalanır ki, insanlıq adlı ölçü yaşamda yoxdur. Bəşəriyyətin həyatında, varlığında yaşamında insanlıq qanunları, prinsipləri ölçü kimi özünü göstərmir. Ona görə də dünyanı antiinsani gedişlər çalxalayır. Çalxalandıqca ayaq altda qalanlar olur. Hətta çalxalayanların özləri belə zərər çəkir. Hətta çalxalayanların, özlərindən asılı olmayaraq, özləri belə çalxalanır. Yeni dünya düzəni yaradırlar. Yeni dünya düzənini köhnə dünyanın prinsipləri ilə, ölçüləri  ilə yaradırlar. Yəni siyasətlə yaradırlar. Ağalıq, birincilik yarışmaları ilə yaradırlar. Yəni dünyada hegemon gücə sahib olmaq istəyi ilə yaradırlar. Biz deyirik, bu gün buna gücümüz çatmasa da, sabah yeni dünya düzənini ruhaniyyat yaratmalıdır. Yeni sivilizasiyanı ruhaniyyat oluşdurmalıdır. (Yeni sivilizasiya başlayıb, bunun rüşeymləri var). Dünya düzənini siyasət yaratmalı deyil. Dünya düzənini siyasət yaratdığı dərəcədə dünya uçub-dağılır. Onu ruhaniyyat, İnsanlığın ölçüsü yaratmalıdır. Biz bunu bilirik, dərk edirik. Ona görə başımızın üstündən İnsanlığın Bayrağını asırıq. Ona görə çalışırıq. Biz dünya güclərini ölçü saymırıq, ötəri sayırıq.Üzdə nə qədər həşəmətli görünsələr belə, çox sönükdürlər. Çünkü mənəviyyatdan uzaqdırlar. Onlar nə qədər azğınlıq törədirlərsə, nə qədər dağıdırlarsa, nə qədər anarxiya yaradırlarsa, gərginlik yaradırlarsa, insanlığın dirçəlməsinə bir o qədər yol açırlar. Bəşər xalqları mütləq ayağa qalxacaqlar. O zaman Ocaq ölçü olacaq. Bəşər sıradan çıxmaq istəmiyəcək. Atanın prinsiplərinin oturuşmasına yönəlik çabalar göstərəcəklər. Söz yox, göstərirlər, bu artacaq. Biz Ocaq olaraq, davamlı öz işimizi görməliyik, öz addımlarımızı atmalıyıq. Toplumun içindən, səbrlə, axtarışda olan insanları tapmalıyıq, Ocağa cəlb etməliyik. İnsan özü yetişdikcə görəcək, Ocaqçılıq heç də onun düşündüyü kimi çətin deyil, yad bir şey deyil. Ocaqçılıq elə bir yükdür, o sənin ləyaqətini göyə qaldırır, ruhunu dirildir. Bunun üçün Ocaq yayılmalıdır, yeni ədəbiyyatları yaranmalıdır.
Atamız Var olsun!

Ocaq Yükümlüsü Evladlıq Nişanələrini Ocaqçılara Yol sözü ilə sundu.
“Ata Ruhunu Ürəyimdə aparıram!”, “Atamız Var olsun!” səcdəsilə Törən sona yetdi.

Sərt Ayı, 45-ci il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir