Xəbərlər

Qutsal “Ruhani Səfər Günü” Törənində deyilmiş düşüncələr

Ocaq Günsırası ilə 27 Sərt Ayı, 43-cü ildə (dekabr, 2022) Asif Atanın Mütləqə İnam Ocağı Qutsal “Ruhani Səfər Günü” Törənini gerçəkləşdirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ocağın Yükümlüsü Soylu Atalı Ataya səcdə edərək, sözünə başladı: Ruhani Səfər Günü Asif Atanın Ocağın ilk illərində yaratdığı mərasimlərdən biridir. Bu mərasimimizin anlamı ilə bağlı bir neçə söz deyək. Amaldaşlarımızın səfər əməlləri varsa, mərasimə suna bilərlər. Ocaqda hər bir mərasimin həm genel, həm də bireysəl anlamı var. Mərasimin genel anlamı odur, Ocaq Ruhsal qurumdur. Bu qurumu yaşatmaq, ifadə etmək üçün ayrı-ayrı mərasimlər, toplantılar keçirilir, onların anlamına dayanıb öz sözünü deyir. Bireysəl anlamı odur, Ocaq elə bir olaydır, daha çox qurucu, yaradıcı işin başındadır. O olayçılığın arxasınca getmir. Ona görə atdığı addımın məzmununu, mənasını ifadə etməlidir. Səfər Günü mərasimində Ocağın ən böyük əməllərindən biri olan Xalqlaşma işinin gerçəkləşməsi, bununla bağlı gerçəkləşdirənin söz deməsi, ifadə eləməsi mərasimin məzmununu əmələ gətirir. Yəni bu günkü mərasimin məzmununu səfər olayı oluşdurur. Asif Ata Ocağı yaradandan sonra onun xalqda oluşmasını, xalqda yayılmasını gerçəkləşdirmək üçün “Səfər əməli” biçimini düşünüb yaratdı. Səfər əməli də odur, hər bir Ocaqçı xalqın içinə çıxmalıdır. Bunu öz elində də edə bilər, başqa bölgələrə də gedə bilər. Evdən eşiyə çıxarkən Asif Atanın ideya sorağını çatdırdınsa bu elə səfər deməkdir. Hər bireyin özünü qurması da səfər əməlidir. Ona görə Atanın, evdən-evə səfər, eldən-elə səfər, özünə səfər, qonşusuna səfər, qohumuna səfər kimi anlayışları vardı. Hər yerdə Asif Atanın həqiqətləri söylənilir, onun ideyaları topluma öyrədilir. Bunun adına Ruhsal Səfər deyirik.
Bu gün Ocaqla dünyanın halı arasında böyük bir təzad var. Bu təzadı dünyanın gedişindəki əyintilərlə Ocağın məzmunundakı quruculuqlar əmələ gətirir. Bir-birinə tərs olan məsələlərdir.
Dünyada dağıntılar gedir. Ocaq isə bu dağıntıların qarşısını almaq üçün quruculuq işləri həyata keçirmək istəyir. Hər kəs dağıntılarla yarışa girir. Dağıntı əmələ gətirənlərlə yarışır, sonucda qırğınlar törədir. Bu qırğınlarla qalib olanları öyürlər, ödülləndirirlər. Onları sevirlər, başa çəkirlər. Ancaq insanın var olmasını gerçəkləşdirən, buna ömür ayıran insanlara isə ögey münasibət bəsləyirlər. O insanları gözümçıxdıya salırlar, təqib edirlər. Görün, məsələ nə qədər mürəkkəbdir. İnsanı öldürənləri öyürlər, insanı yaşatmaq istəyənləri gözümçıxdıya salırlar. Təzad bu münasibətdən yaranır. Ona görə biz öyrədirik, dünyanı əyənlər nə ilə uğraşır, Ocaq ona qarşı hansı düşüncəni sərgiləyir. Bunu topluma bildirmək istəyirik, yəni bildiklərimizi öyrətmək istəyirik.
Bizdən qıraqda heç bir şey umacaqsız əmələ gəlmir. Toplumda orta səviyyəli bir şairə münasibət sərgiləyirlər. Bu münasibətin arxasında umacaq dayanır. Ya da hansısa bir iş adamına, görəv adamına münasibət sərgilənir, onun arxasında yenə də bir umacaq durur. Heç kim umacaqsız addım atmır, söz demir. Hətta birinə əl çalmağı belə umacaqsız eləmirlər. Kimlərisə öyürlər, böyük kimi göstərirlər ki, özləri də öyülsünlər. Borc verirlər. Öydüklərini, böyük kimi sırıdıqlarını borclandırırlar, özlərinə qarşı borclu edirlər. Necə deyərlər, “borclu borclunun sağlığını istər”. Gediş o qədər əyridir, gediş o qədər qırağa çıxıb, burada heç bir insani hal görə bilmirsən.
Biz nə edək?! Dünyaya meydan oxuyanlar var (böyük qüvvələr), dünyadan küsənlər var, bir də dünyanı qurmaq istəyənlər var. Biz dünyaya meydan oxuyanlardan deyilik, onları alqışlamırıq. Dünyadan küsənlərin də sırasında deyilik. Biz dünyanın nizamını, gedişini uyumunu qurmaq istəyirik. Adlarını çəkdiklərim də bizim yanımızda deyil. Ona görə də dünyanın gedişində çox qəribə bir hal yaranır, orta məktəb dərsliyində olduğu kimi:“balıq- ördək-xərçəng” məsələsi. Hərə dünyanın gedişini bir yana çəkir. Zaman-zaman hansı istək güclü olacaqsa, dünyanın gediş, uyum ölçüsünü o yaradacaq. Bizdən qıraqda olanların heç birinin halı, gücü, gedişi sabit deyil, davamlı deyil, əbədi deyil. Ancaq bizimki əbədidir. Çünkü ideyamız əbədidir. Əbədi ideya özünə əbədi daşıyıcılar, əbədi qurucular çağırır. Ona görə də, bizim ideya gücümüz yerdə qalanların hamısından daha qutsaldır, daha böyükdür. Ancaq bizim ideya gücümüz qovhaqov, qaçaqaç deyil. Böyük ideyaları ortaya gətirəndə, çox vaxt o ideyanın ilk daşıyıcıları çaşırlar. Məsələn, böyük ideyanın ilkin daşıyıcısı ideyanı səsləndirir, hardasa onu təbliğ edir, deyir. Gözləyir ki, bu ideyanı səsləndirən kimi, onu eşidənlər ondan yapışacaqlar. Elə ki, görür yapışmadılar, küsür. Sənin ideyan necə böyükdür ki, ortaya gətirən kimi ondan yapışalar. Elə böyük ideya olmur. Böyük ideya onu dinləyən adamda təəccüb yaratmırsa, sarsıntı yaratmırsa, çaşdırmırsa, o, böyük ideya deyil. Böyük ideya onu ilk görənlərin gərək ağlını çaşdırsın. Gərək inanmasın, desin, bu nə cəfəngiyyatdır?! Sənin gətirdiyin ideya kütlənin şüuruna, səviyyəsinə uyğun deyil axı. Kütlənin şüuruna səviyyəsinə uyğun olan ideyalardan kütlə dördəlli yapışır. Onun səviyyəsinə uyğun olmayana üz tutmur, ona cəfəngiyyat deyir, onu yalan sayır. Ona görə sənin dilindən çıxan böyük həqiqətlərə kimlərsə yaxın gəlmirsə, bu, səni çaşdırmamalıdır. Bu, səni sevindirməlidir.
Sənin dediklərin iki halda dışlanar, rədd edilər. Birincisi, dediyin, doğrudan da, cəfəngiyyat olar, ağlı kəsənlər onu dışlayar. İkincisi, dediyin o qədər qüdrətli olar, onu hər adamın görmək, anlamaq, götürmək gücü olmaz. Biz də uzun çağlardır, öyrənirik, görürük, bizim ideyamız, dediklərimiz insana bağlı həqiqətlərdir. Ona görə biz bu ideyanı dilə gətirəndə kimlərsə alqılaya bilmirsə, görə, götürə bilmirsə, biz çaşmamalıyıq. Biz çaşdırmalıyıq, çaşmamalıyıq. Gediş insani gediş deyil, heyvani gedişdir. Heyvani gedişdə insani qüdrət, gərəkən ideya sunursan. Gedişin içində ilan var. İlandan ədalət ummaq olarmı?! Gedişin içində tülkü var. Tülküdən sədaqət ummaq olarmı?! Gedişin içində canavar var. Canavardan mərhəmət ummaq olarmı?! Olmaz axı. Deməli, gedişin içindəki ilanın başı əzilməlidir, ədalət dirilsin. Tülkünün başı əzililmədir, sədaqət dirilsin. Canavarın başı əzilməlidir, mərhəmət dirilsin. Biz bunları diriltmək üçün varıq. Biz elə hər yerdə hər şeyi deyəcəyik, dinləyənlər bir anda bizi alqışlayacaqlar, başlarının üzərinə qaldıracaq, öpüb gözlərinin üstünə qoyacaqlar kimi düşünmək yanlışdır.O başqa məsələ, bunun on illərlə, yüz illərlə davam etməməsi bizim insani gücümüzdən, qüdrətimizdən asılıdır. İdeyamızın gücü var, özümüzün ideyanı vermək davamlılığımız, gücümüz də yetərli olmalıdır. Biz öz varlığımızda, yaradıcılığımızda, içimizdə, düşüncəmizdə hansı yerişlə irəliləyəriksə, ideyamız da həmin yerişilə xalqın içinə yeriyəcək. Ona görə Asif Ata səfər ideyasını, səfər olayını ortaya gətirdi. Dedi, Ocaqçı səfərə hazır olmalıdır. Ocağı öyrənməlidir, Amaldaşı ilə doğmalaşmalıdır, ağlını böyük ideyalarla yükləməlidr, doldurmalıdır, xalqın içinə çıxmalıdır. Böyük cəsarətlə, böyük fərəhlə, böyük hünərlə, böyük sevgi ilə, böyük İnamla. Səfərə çıxmağın birinci şərti İnamdır. Özünə İnam, apardığı, daşıdığı ideyaya İnam, ideyasını verəcəyi İnsanlığa İnam, bəşəriyyətin mahiyyətinə inam. Bunların əsasında Ocaqçı səfərlər edir. Həm qurur, həm qurulur. Səfər ən çox özünü qurmaqdır. Səfərdə qarşına hər cür çətinliklər çıxır.Səfər boran, tufan deməkdir, dağlar aşmaq deməkdir. Səfər kef demək deyil. Səfər köçəri quşların uçuşu deyil – burda soyuqdur, gedim başqa tropik ölkələrdə qızınım. Ya da, burdan tərpənib gedim, filan bölgədə hektarlarla torpaqda biznes qurum, topluma qida satım. Bunların heç biri səfər deyil. Səfər quruculuq məsələsidir. Buradan durub Məkkəyə getmək, başını, üzünü ərəb torpağına sürtmək səfər deyil. O, özünə, xalqına xəyanətdir, İnsanlığa xəyanətdir, vətənin qutsallığına xəyanətdir. Xəyanətdən səfər olmaz. Səfər sədaqətdən olar, ədalətdən, vicdandan, məhəbbətdən olar. İnsana məhəbbətdən, İnsanlığa, Həqiqətə, Mütləqə məhəbbətdən yarana bilərsəfər. Mütləqi tanıyan adam səfər edə bilər. Mütləqi sevən adam Mütləqi tanıtmaq üçün səfər edə bilər. Səfər məsələsi olduqca önəmli məsələdir.
Bu günkülərin halını bilirik. Bayaq vurğu elədim, bu günkülərin orta səviyyəli bir şairə sevgisi daha çoxdur, nəinki Asif Ataya. Niyə?! Orta səviyyəli şairin çəkisi, yükü o qədər azdır, onu istənilən ürəyə yükləmək olur. Asif Atanın ləyaqət yükü o qədər böyükdür, onu istənilən ürəyə yükləmək olmur. Ona görə ürəklər yaranmalıdır, beyinlər yaranmalıdır, şəxsiyyətlər yaranmalıdır ki, Asif Atanı onun sevgisinə suna biləsən. Onun üçün toplumun içində davamlı haray çəkmək gərəkdir.
Bu günkülərin səviyyəsi olduqca aşağıdır. Ona görə Asif Ata deyərdi, bu günkülərdən olmayın, bu günkülərə bənzəməyin, sabaha bənzəyin. Onda ölməzlərlə doğmalaşacaqsınız, ölməzliyi yaşayacaqsınız.
Səfər Günümüzü qutlayıram. Hər birinizi bağrıma basıram. Hər biriniz Asif Atanın arxasınca addım atırsınız. Addım atarkən hərəniz özünüzə xas çətinliklərlə üzləşirsiniz. Ancaq Asif Ataya məhəbbətinizdən dönmürsünüz. Çünkü İnsanlığın gələcəyinə İnamdan dönmürsünüz.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur! Atamız Var olsun!
Atamızın bayrağını öpürəm.

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Səfər Günümüz qutlu olsun! Səfər fərdin özündən başlayır. Öz insani Həqiqətini dərk edən, təyin edən, təsdiq edən, özündəki şərdən, nisbiliklərdən arınan, həqiqətə yetən, yetdikcə fərəhin gözəlliyini duyan, vəcdə gələn fərdin gözündə həyatın müşküllərinin nədəni də, əlacı da tam mənası ilə aydın görünür. İçdən Yol başlayır. Bu Yola qarşı gələn əngəlləri aşdıqca nurlu sonuclar ömürə fərəh gətirir. Şəxsiyyətə çevrilirsən, ardınca kamillik, dahilik ucalığı. Kamillik özünü bəşər qarşısında sorumlu saymaqdır. Ömrə əqidə gəlir, Amalın bəlli olur. Amal – həm Ali məqsəd həm də, məqsədə doğru getdiyin yoldur. Ardınca Səfər əhvalı doğur. Həqiqəti demək, çağırmaq, haraylamaq istəyi yaranır. Bir zaman özündə rastlaşdığın qüsurların toplumda daha qabarıq şəkildə təzahürünü görürsən. Dostluğun, sədaqətin kölgəli münasibətə çevrildiyini görürsən. Səfərlərinlə Dünya, Həyat, İnsan haqqında düzgün təsəvvürlər yaradırsan. Mövcudluq nədir, var olmaq nədir, vətən, xalq, fərd anlamı aşılayırsan. İnsani keyfiyyətlərin, məhəbbətin, fədakarlığın, qəhrəmanlığın mütləq yönünü göstərirsən. Mənəviyyat, ruhaniyyat ucalığını anladırsan. Təbiətə münasibət, qutsallığın əvəzsiz ucalığı, nicat yolunun mümkünlüyü, ailə qüdsiyyəti, ədalət, xeyirin məqsədi, həqiqət, aşiqlik haqqında, mahiyyət, təzahür, cəfakeşlik haqqında yaratdığın təsəvvürlər etkisiz qala bilməz. Bunun üçün gərək sözünün yiyəsi olasan. Yaşamınla öz sözünün təsdiqi olasan.
Ünvanlara səfərim:
Toplum içində ardıcıl söhbətlər aparmışam. Fərdi görüşlərimdə, etki göstərmək baxımından, öncəki illərə nisbətən irəliləyişim olub. Bunu toplumun münasibətinin yaxşılaşmasına əsaslanıb deyirəm.
Beyləqanda, Cəlilabadda, Atakənddə, Qobustanda Amal sorağı ilə səfərlərdə olmuşuq.
Yas toplantılarında, məqamı gəldikdə, çıxışlar eləmişəm. Çevrənin sayğılı münasibətini Ocağımızın, səfərlərimizin uğuru sayıram.
Soylu qardaşımın istəyi ilə, son çağlar bir neçə dəfə aydınlardan sayılan, elm ortamının adamları ilə görüşmüşəm. Əsaslı bir çatışmazlıq müşahidə etmişəm. Onların çoxluğunun öyrənməyi, bilməyi, deməyi, yazmağı özlərinin dolanışığını təmin etmək üçündür. Sanki  onların yaşama, insanlara heç bir etkisi yoxdur. Onlar heç bu haqda düşünmürlər də, bu, heç onlara gərək də deyil. Hər məqamda yadlıq, istər toy-vay yerlərində, istər başqa məsələlərdə çox adidirlər. Onların yazdığının, dediyinin etkisi olacağına inanmıram. Nə qədər ki, sözün arxasında onu deyənin özünün yaşamı yoxdur, onun sözünün heç bir önəmi yoxdur. Çünkü örnək ola bilmir, sözü deyir, çıxıb gedir. Sən özün onu yaşaya bilmirsənsə, səni dinləyənin nəyinə gərək olur sənin dediyin. Bu açıdan gördüm ki, Ocaq hansı ucalıqdadır. Ocaqçılıq hansı ucalıqdadır. Təkcə görməklə, deməklə iş olmur.
Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.):

43-сü ilin səfər hesabatı
43-cü ilimizdə bir çox görüşlərimiz, səfərlərimiz olmuşdur.
26 Qar Ayı, 42-ci ildə Soylu Atalının Göyçay səfəri baş tutmuşdur. Bilən Atalının təşkilatçılığı ilə iki kənddə, eləcə də rayonun özündə görüşlər keçirilmişdir. Onlara Ocaq yönündən söz deyilmiş, Ocaq ədəbiyyatları bağışlanmışdır.
7 Köçəri Ayı, 42-ci ildə Göytəkin Atalı yeni söhbətə başladığı gənc bir xanımla öz evlərində gorüşmüş, Ocaq yönündə söhbət etmişdir.
16 Günəş Ayı, 43-cü ildə Nurtəkin Atalı Türkiyəli qonaqla görüşmüş, Ocaq yönündən söhbət etmiş, Ocaq ədəbiyyatı vermişdir.
2 Çiçək Ayında İnamlı Atalı öz evində ixtisasca həkim olan qonağı ilə Ocaq yönündən söhbət aparmışdır.
4 Çiçək Ayında Bilən Atalı Soylu Atalının evində olmuş, qurucu söhbət etmişlər. Birlikdə Güntayın evinə getmiş, atasının ölümü ilə bağlı ona başsağlığı vermişlər. Daha sonra Bilən Atalının təşkilatçılığı ilə Maştağada bir neçə adamla söhbət baş tutmuşdur. Onlara ədəbiyyatlar verilmişdir.
9 Çiçək Ayında Günev Atalı yaşadığı köyə qonşu Bolsulu kəndində ayrı-ayrı şəxslərlə görüşüb geniş söhbətlər aparmış, Ocaq sorağı vermişdir.
Göytəkin Atalı qonşuluqdakı xanımla yenidən görüşmüş, uğurlu söhbət etmişdir.
19 İşıq Ayında Soylu Atalı bir fəlsəfəçi gəncin Asif Atanın yazıları üzərindən şərhlərini izləmiş, onunla qurub söhbətləşmiş, suallarına cavab vermişdir. Ona Ocaq ədəbiyyatları bağışlamışdır.
11 İşıq Ayında Nurtəkin Atalı bağlantısı olan tələbə ilə yenidən görüşmüş, onunla Ocaq açısından, milli yöndən söhbətini davam etdirmişdir. Ona Ocaq ədəbiyyatı, günsıra viziti vermişdir.
Həmin gün Soylu Atalı öz evində bir neçə şəxslə ciddi söhbətlər aparmış, ədəbiyyatlar vermişdir.
13 İşıq Ayında İnamlı Atalı qardaşı oğlunun yas törəninə gələn insanlarla söhbətlər aparmışdır.
16 Şölə Ayında Soylu Atalı 9 şəxslə Ocaq yönündən, Atanı anlatmaq yönündən söhbət aparmışdır. Görüşdə iştirak edənlər qədim inanclar, Atanın müxtəlif məsələlərə yanaşması ilə, eləcə də Ocaqla bağlı müxtəlif suallar vermişlər. Özləri də Ocağın gərəkliyinə yönəlik yüksək düşüncədə olduqlarını dilə gətirmişlər.
24 Şölə Ayı, 43-cü ildə Soylu Atalı yaxın qohumunun yas məclisində 13 adamla dinin  xalqa, insana gətirdiyi ağrı-acılar, yalanlar, dünyaya münasibətin fəlakətlərini doğuran səbəblər, bu fəlakətlərdən dərs götürmək, qırağa durmaq, habelə başqa qonular üzərindən uğurlu söhbət aparmışdır.
Günev Atalı kəndlərində yas yerində olmuş, Ocaqla bağlı bilgi vermiş, Ocağın gərəkliyi, Ocağa dayanaraq atılan addımların uğur gətirəcəyi, xalq olaraq bir araya gəlmək, birləşmək yolları qonusunda söhbət aparmışdır. Elana xanım da həmin yas məclisində qadınlar arasında dini rituallar, onların keçiriməsinin gərəksizliyi haqqında söhbət etmişdir.
Göytəkin Atalı rəfiqəsi ilə görüşüb söhbət etmiş, sonra onun Soylu Atalı ilə görüntülü söhbətləşməsini təşkil etmişdir. Onun sualları əsasında söhbət bir saata yaxın davam etmişdir.
Soylu Atalı qonşuları ilə bir araya gəlmiş, milli-dini yöndən söhbətlər etmişdir.
5 Qürub Ayında Soylu Atalı yazıçı Rafiq Tağının anma toplantısına qatılmış, söz söyləmişdir. Toplantı başa çatdıqdan sonra qatılanlarla Ocaq ədəbiyyatları bağışlamışdır.
6 Qürub Ayında Günev Atalının yaşadığı kənddə bir qrup adamlarla söhbəti olmuş, Ocaq sorağı vermişdir.
6 Qürub Ayında Soylu Atalı öz evində Üzeyir bəylə gələn televiziya işçisi ilə milli-insani yöndə söhbət etmişdir. Qonşularından bir neçə adam da söhbəti dinləmişdir.
11 Qürub Ayında Soylu Atalı iş yerinə,praktika keçmək üçün, göndərilmiş 20-yə qədər öyrənci ilə milli-insani yöndən söhbət aparmışdır.
13 Qürub Ayında Soylu Atalı Göyçaya səfər etmiş, yolboyu sürücü ilə, başqa sərnişinlərlə Ocaq söhbətləri etmiş, onların müxtəlif qonularda suallarını cavablandırmışdır.
14 Qürub Ayında Soylu Atalı Bilən Atalının təşkilatçılığı ilə Yardımlıya səfər etmişdir. Yardımlıda iki görüş baş tutmuşdur. Görüşdəkilərə Ocaq ədəbiyyatları bağışlanmışdır.
Günev Atalı yaşadığı köydə Ocaq söhbətləri etmişdir.
3 Ata Ayı, Soylu Atalı Cəlilabad rayonuna səfər etmiş, amaldaşı İnamlının evində 3 gənclə görüşüb söhbət etmişdir. Ocaq yönlü, dərin məzmunlu söhbətlərdən sonra Ocaq ədəbiyyatları bağışlanmışdır.
12 Ata Ayında“Şərqilik” bayramından sonra Bilənin təşkilatçılığı ilə Soylu Atalı Səyavuş adlı şəxslə görüşmüş, söhbətlər etmişlər. Bir-birinə ədəbiyyatlar bağışlamışlar.
16 Ata Ayı, Soylu Atalı İsa Mehdioğlunun yas yerində ayrı-ayrı adamlarla bağlantı qurmuşdur.
9 Xəzan Ayı, 43-cü ildə Soylu Atalı amaldaşları Günev, Nurtəkin Atalılarla Cəlilabad rayonuna Ocaq səfəri etmişdir. İnamlı Atalının təşkilatçılığı ilə onun evində gənclərlə görüş keçirmişdir. Görüşün davamı kimi rayon mərkəzində bir qrup şəxslərlə söhbət etmiş, Ocaq ədəbiyyatları vermişdir. Bu Ocaq səfəri ilə bağlı bilgi basında yayınlanmışdır.
29 Xəzan Ayında Soylu Atalı amaldaşı Günev Atalı ilə “Qobustan Gənclər təşkilatı”nda görüş keçirmişdir, görüşə qatılanlara Ocaq ədəbiyyatları sunmuşlar.
2 Yağış Ayı, 43-cü ildə Göytəkin Atalı Aidə adlı xanımla görüşüb söhbət etmiş, ona Ocaq ədəbiyyatları bağışlamışdır.
13 Yağış Ayı, 43-cü ildə Ocaqsevərlərlə Beyləqana səfər edilmiş, İnam Evində “İnam Evi Günü” keçirilmişdir.
18 Yağış Ayı, Soylu Atalı, Günev, Nurtəkin Atalılar internet televiziyada“Milli İnanc sorunlarımız, Asif Ata Yolu” qonusunda veriliş aparmışlar.
Yağış Ayında Nurtəkin 2 adamla Ocaq söhbəti aparmış, ədəbiyyat bağışlamışdır.
25 Yağış Ayı, 43-cü ildə Goytəkin Atalının Beyləqandan olan qızla (Şahanə) Ocaq yönündə söhbətləri davam etmişdir.
26 Yağış Ayı, Soylu, Günev Atalılar Soylu Atalını axtaran Rafiq bəylə görüşmüş, onun suallarını cavablandırmışlar, ona Ocaq ədəbiyyatları bağışlamışlar.
1 Sərt Ayı, 43-cü ildə İnamlı Atalı Cəlilabaddan Bakıya gedərkən yolda, taksidə onunla gedənlərlə Ocaq yönündə söhbət etmişdir.
21 Sərt Ayı, 43-cü ildə Soylu Atalı amaldaşı Günev Atalı ilə Azərkitabda olmuş,Ocaq ədəbiyyatı vermişlər. Azərkitabdan ayrıldıqdan sonra Ocaqsevər aydınlarla görüşüb söhbət etmişlər.
Bilən Atalı işlədiyi müəssisədə ardıcıl söhbətlər edir, Ocaq sorağı verir.
Sosial şəbəkələrdən Soylu Atalıya daim suallar verilir, onun yazıları izlənilir, qoyulan qonular maraq doğurur.
Ocağın sorağı bizim ömrümüzdən, əməllərimizdən, yazılarımızdan yayılır. Hər soraq yolumuzu işıqlandırır…

İndi Səfər məsələsi ilə bağlı düşüncələrimi bölüşmək istəyirəm. Mənim geniş Xalqlaşmam, səfərlərim, demək olar, azdır. Ancaq fərdi görüşlərim olur. Ocağa gələnə qədər hansısa yöndən axtarışlarım olub. Ancaq nəyəsə dirəniş göstərmək, hansısa yöndən mübarizə aparmaq, hansısa Yolda irəliləmək, çəkinmədən fərqli bir düşüncə ortaya qoymaq gücüm olmayıb. Ocaqla rastlaşdım, çox sualıma cavab tapdım. Öncələr mübarizə, onun yaratdığı dəyişikliklər deyəndə mən də hamı kimi düşünürdüm. Elə bilirdim, mübarizəyə başlayan kimi dəyişikliklər görməliyik. Soylu bəylə söhbətə başlayanda ağlıma çatmırdı, Ocağın apardığı mübarizə hansı yöndən dəyişiklik yaradacaq, bu nə zaman baş verəcək?! Soylu bəyə sual verirdim, bəs dəyişiklik nədə olacaq, təhsildə nə vaxt irəliləyiş olacaq, bu çətinliklər nə vaxt bitəcək, rüşvət nə vaxt aradan qalxacaq b.k. Həmişə deyirdi, bu gündə gördüyün əyriliklərlə barışmırsan, görmək istəmirsən, ancaq həm də mübarizə aparmaq istəmirsən. Bəs necə olsun?! Buna görə ümidsizləşək, bədbinləşəkmi?! Bir yerdən başlamaq, addım atmaq, mübarizə aparmaq gərəkdir. Bu cür söhbətlər məni Ocağa daha da yaxınlaşdırdı. Ocaqla bağlaşdım, Ocaqçı olmaq mənim üzərimə bir sorumluluq qoydu.
Ocaqçının qarşısında Amallaşma, Kamilləşmə, Xalqlaşma tələbləri dayanır. Xalqlaşma tələbi mənə çox çətin bir şey kimi görünürdü. Düşünürdüm, mütləq mən çıxıb kiminsə qarşısında nəyisə deməliyəmmi, ya da mənim bunu deməyim nəyi dəyişəcək?! Kimsə məni anlayacaqmı, anlamayana söz deməyə nə gərək var?! O qədər dar düşünürdüm, elə bilirdim, bütün dünya elə mənim çevrəmdə olan, məni anlamayacaq insanlardan ibarətdir. Ancaq üzərimə sorumluluq düşəndən sonra toparlandım, amaldaşlarımın ömrünə, əməllərinə baxdım, cəsarətləndim. Çox balaca addımlarla başladım Xalqlaşma əməlinə. Bəzən bir kəlməyə etirazla, bəzən çox qısa sürən bir söhbətlə. Ancaq hər dəfə, kiçik də olsa, atdığım hər addımın məndə yaratdığı dəyişikliyi gördüm. Xalqlaşmanın necə böyük önəmi olduğunu anladım. Hər dəfə həqiqəti bölüşmək açısından kiməsə üz tutduqca, kiməsə nəyisə anlatdıqca öz içimin necə dəyişdiyini görürdüm. Dəyişiklikləri izlədikcə Ocağın mübarizəsinin nəyə qadir olduğu, nəyi dəyişə biləcəyi suallarına cavab tapırdım. Bu gün də beləcə davam edir. Bir neçə gün bundan öncə evdə qonağım vardı, 18-19 yaşında gənc bir qızdır. Onunla yaxşı söhbətimiz alındı. Məni dinlədi, ilginc bir hal ilə dedi, nə yaxşı dinlə bağlı düşüncələrini açıq şəkildə deyə bilirsən. Onun elə deməsindən sonra, iki il bundan öncəki hallarımı düşündüm. O çağlar kiminsə qarşısına keçib dirəniş göstərmək, nələrisə demək mənə necə mümkünsüz görünürdü. Xalqlaşma məsələsi çox ciddi məsələdir, doğrudan da, insanın cəsarətini addım-addım böyüdürmüş. Eyni zamanda xalqın içinə addım atmaqla anladım ki, çoxları bizim düşüncələrimizi qəbul etməyən kimi görünsələr belə, Ocaq olaraq, hardasa onların ümidinə çevrilirik. Onlarda tərpəniş yarada bilirik. Bunları izlədikcə düşünürəm, bu sorumluluğu üzərimə götürmüşəmsə, Ocağın yardımı ilə kimdəsə dəyişiklik yarada bilmişəmsə, kiməsə ümid verə bilmişəmsə, deməli, daha ciddi öyrənməliyəm, daha çox iş görməliyəm.
Atamız Var olsun!

İnamlı Atalı(Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Qardaş-bacılarımn hesabatı elə mənim həyatımda baş verənlərin hesabatı oldu. Mənim iç dünyama səfərim tez-tez olur. Amal yolu mənim üçün aydındır. Böyük bir Yoldur, bu Yoldan başqa, İnsan üçün, Bəşər üçün həqiqəti deyəcək başqa yol görmürəm. Soylu qardaşımın hesabatında toplumun iç üzü gözəl aydınlaşdı. Dünya, doğrudan da, dağıntılara uğrayıb, Ocağa böyük bir ehtiyac duyulur. Bu açıdan Ocaq Xalqlaşma yönündə öz sözünü demək qüdrətinə malikdir, bunu etməlidir.
Mənim də xalqın içinə səfərlərim olur. Öncədən planlaşdırdığım səfərlər də olur. Daha çox təsadüfi səfərlərim olur. Hər dəfə Ocağın həqiqətini çatdırıram.
Günev qardaşımın sözü doğrudur. Az-çox anlayan adamların içində Ocaq söhbəti edirsən, baxırsan, Ocağı, informasiya kimi də olsa, qəbul edirlər. Ancaq elə adamalar da var, baxırsan, sanki uşaqdır, ya da idrakca elə zəifdir, düşünürsən, mən buna nə deyim. Ancaq bilirəm, söz deyilməlidir. Soylu qardaşım həmişə deyir, söz deyilməlidir, o, öz etkisini mütləq göstərəcəkdir. Baxmayaraq, təmasda olduğumuz azyaşlıdır, filandır, ancaq deyilən söz etkisini göstərir, ən azından onların daşlaşmış düşüncələrini yeni söz tərpədir. Etirazlar da olur. Ancaq etirazlar üzərindən izahlar verdikcə, onun daxili dünyasında yeni bir yön açılır.
Hər tərəfdən dinin etkiləri, ayrı-ayrı yarımçıq dünyabaxışlarlarla insanın qarşısına sədd çəkirlər. Hər birimizə dinin zərərli tərəfləri bəllidir, sadalamaq istəmirəm. Bu gün yüngülməcazlığa, əyləncəyə, rahatlığa daha çox meyil edirlər. İstər yaşlılar, istər cavanlar arasında bu belədir. Yaşlıların burnunun ucu köhnə imperiyanın varlığı üçün göynəyir. Doğrudur, böyük imperiya idi, insanı qul kimi işlədirdilər. Ancaq az-çox rahatlıq da vardı. İndiki cavanlar da keçmiş sovet imperiyasının, sosializmin üstünlüklərindən dəm vururlar. Bu zaman insanın öz ləyaqəti, böyüklüyü, mənliyi yaddan çıxır, millət kimi varlığı yaddan çıxır. Qədim adət-ənənələrimiz, özünəməxsusluğumuz aradan qalxır. Dünya xalqlarının imzaları sırasında bizim xalqımızın imzasının olmaması çoxlarını heç rahatsız eləmir. Onların düşüncələrini harasa yönəltmək də olmur. Ancaq Soylu qardaşımızın dediyi kimi, bu cür çətinlikləri gözə alırıq, bu bizim halımıza etki göstərmir. Yenə də sözümüzü deyirik, səfərlərimizi edirik.
Ən böyük səfər özümüzü qurmaqdır. Mənim bu yöndə çətinliklərim çoxdur. Tam köklənə bilmirəm. Çox istəyirəm, Ocaqçı bacı-qardaşlarımla davamlı bir arada olum, onlarla birgə çalışım.
Atamız Var olsun!

Soylu Atalı: Sonda Ocaqçılara yüngülcə xatırlatma etmək istəyirəm. Hər birinizdə Bayraq var. Çalışmaq gərəkdir, mərasimlərdə Bayrağın qarşısında oturulsun. Bayraq arxa fonda görünsə yaxşıdır. Mərasimi ciddiyə almaq gərəkdir. Mərasim başladısa, hər şeyi dayandırmaq gərəkdir. Bu, mütləq sorumluluq deməkdir. Hər Ocaqçı özündə Mərasimə qatılmaq, Mərasimi aparmaq sorumluluğu yaratmayacaqsa, onda onun, toplumun gəlişməsinə, dirçəlməsinə umacağı özünü doğrultmayacaq. Ona görə Ocağın içində Ocağın prinsiplərinə tam sorumluluqla əməl etmək, qorumaq gərəkdir. Ocağın hər bir anının qorunması Ocaqçılardan böyük bir sorumluluq tələb edir. Bu olarsa, Ocaq uzaq hədəflərə yetəcək.
Mənim zamanla bağlı belə bir yazım, açıqlamam vardı. Zaman – əbədiyyət intervallarıdır. Əbədiyyətin hər bir intervalında, yəni zaman kəsiyində çoxsaylı olaylar doğulub başa çatır. Hər şey o intervallarda görünür, mövcud olur, yox olur. İnsan o intervallarla yetərlənmir, ora yerləşmir, yerləşmək istəmir. O intervallardan qırağa çıxır, onu ötür. Asif Atanın “zamanı ötün” dediyi odur. O intervallara sığışma, o intervallarla yetərlənmə. Əgər o intervallara sığmasan, yetərlənməsən, ölməzliyini quracaqsan. O kəs ölməzliyə yetir, zaman intervalında özünü sonlandırmır. Zaman gedişindən qırağa çıxmaq – özünə insan olduğunu anlatmaqdır, özünün insan olduğunun fərqinə varmaqdır. Söhbətin başlanğıcında vurğu elədim, hər kəs hər şeyə yürüyür, heç kim özünə doğru yürümür. Özünə doğru yürüməmək qəbahəti yaşayır insan. Ona görə yox olur. İnsan olduğunun fərqinə varmaq – Ocaq yoludur. Ocaq öz insanına anladır, sən başqa canlılardan fərqli olaraq, varlığa qulluq göstərirsən, varlığı qoruyursan. Heyvan varlığı qorumur. Nə də bitkilər, başqa ünsürlər, başqa yaratıqlar varlığı qorumur. İnsan varlığı qoruyur. Hər bir Mərasim bizə insan olduğumuzu öyrədir, xatırladır, insan olduğumuzun fərqinə vardırır. Bu açıdan bizim toplumda apardığımız iş bu məzmundan qaynaqlanır. Ona görə biz toplumun içinə çıxırıq, ona görə iş aparırıq, ona görə xalqa söz deyirik, biz insanıq. Xalqa da deyirik, insan olduğunun fərqinə var. Heyvanat dünyasının sakini olma, onu öt,İnsanlığın həqiqətinə yet. Bizim mərasimlərin anlamı budur. Bizi daha böyük məqsədlərə çağırır, bizə daha böyük mətləbləri anladır. Ona görə mərasimlərimizə olduqca ciddi yanaşmaq gərəkdir. Mərasimdə insanın həm fərəhi yaranır, həm düşüncəsi böyüyür, həm ürəyi böyüyür. Ocağa, amaldaşlarına, Ataya doğmalığı daha da artır. Ona görə mərasim uca olaydır. Sizə həmişə Mərasimdə olmaq gözəlliyi, fərəhi diləyirəm.
Bizim yaşamağımız Ocağa bağlıdır. Bizim maddi həyatımız hədəfimiz, məqsədimiz deyil. Çünkü bilirik, maddi-məişət həyatı insanı aşağı pillədə saxlayır, insanı yuxarı qalxmağa, böyüməyə qoymur. Ona görə biz onu ömrümüzün hədəfi saymırıq. Bəzən biz deyirik, bunun üçün həyatla mübarizə gərəkdir. Ocaqdan qıraqdakılar düşünə bilər, həyatla mübarizə olarmı?! Həyatla mübarizə həyatı ortadan qaldırmaq anlamına gəlmir. Biz intihara-filana getmirik. Həyatla mübarizə – həyatın ömrümüzdə, üzərimizdə bəsit etkisinin olmadığını sübut eləməkdir. Bizim etkimiz həyatın üzərindədir. Əqidə adamı həmişə ağılla mübarizə aparır. Ağılla mübarizə aparmaq – dəli olmaq demək deyil. Ağılla mübarizə aparmaq – dəliliyin qaynağının ağıl olduğunu sübut etməkdir. Ağıla çox küsənən, ağıla çox dayanan, ağıla çox meydan verən adam dəlidir əslində. Çünkü ağıl adi həyat nizamıdır. Ağıl mövcudiyyat istəyir, mövcudiyyata qulluq istəyir. Ağıl ayrı şey istəmir. Ağıl bioloji, heyvani varlığı sağlayır, ondan qabağa getmir. Ondan qabağa gedən ağıl deyil, zəkadır, idrakdır, ruhdur. Ağılla mübarizə aparırıq ki, ağıl bizi aşağıya, həyata – biolojiyə çəkməsin. Həyatla mübarizə aparırıq ki, bizi amaldan uzaqlaşdırmasın. Bizim mübarizəmizin yönü buna köklənməkdir.
Mərasimimizi başa çatdırırıq. Hər birinizə uğurlar, Ocağın ləyaqətini qorumaq, yaşatmaq diləyirəm.
Evladlıq Nişanələrini Ocağın Yükümlüsü Yol sözü ilə Ocaqçılara qaytardı.

 “Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” Səcdəsilə Törən sona yetdi.

Səsdən sözə çevirdi: Göytəkin Atalı.
Köçəri Ayı, 43-cü il. Göyçay.

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir