Xəbərlər

Qutsal “Ruhani Səfər Günü” Törənində deyilmiş fikirlər

Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

 Qutsal “Ruhani Səfər Günü” Törənində deyilmiş fikirlər

Ocaq Günsırası ilə 27 Sərt Ayı, 38-ci ildə (dekabr, 2016) İnam Evində qutsal “Ruhani Səfər Günü” Törəni keçirildi. Törən quralları yerinə yetirildikdən sonra Ocaq Yükümlüsü Soylu Atalı sözünə başladı: Qutsal Günümüzə başlayırıq. Mütləqə İnam Ocağı 38-ci ilin “Ruhsal Səfər Günü” törənini həyata keçirir. Törənə söz deməzdən öncə Ataya səcdə qılıram (Ataya səcdə edib, Bayrağı öpür – T. A.).
Törənimizdə Ocaqçılarımızın, Ocaqda olanlarımızın – Sabahlının, Bağbanın, Amaltayın adına ayağa dururuq. Onları özümüzlə Ocaqda hesab edirik həmişəlik.


Günümüzə Ocaqçılarımızdan qatılmayanlarımız var. Ulunur qulluqdadır, Türkel işindən qopa bilmədi, Güntayın yoldaşına hazırda cərrah əməliyyatı keçirilir, ona görə gəlib qatıla bilmədi. Anlaşılandır. Buna baxmayaraq, Ocaqda həmişəki kimi əhval bütövlüyü, söz bütövlüyü, səcdə bütövlüyü həyata keçirilir.
Törənimizlə bağlı bir neçə kəlmə söz demək istəyirəm. Bilirsiniz, “Ruhsal Səfər Günü” Mərasimini Asif Ata ilk dəfə Evlad səfərinin – xalqın içinə çıxmasının bayramlaşması, törənləşməsi ilə bağlıdır. Ocaqda bu cür önəmli olaylar oldu və bu olayları Ata özəl bir biçimə saldı. Özəl bir anlamla həyata keçirilməsi gözə alındı. Niyə? Çünkü Ocaqçının Ocaqla bağlanması, birikməsi və möhkəmlənməsi ancaq bu cür özəl olaylarımızla bağlı ola bilərdi. Yəni “Ruhsal Səfər Günü”, “Ailə Günü”, “Evlad Günü”, “Ata Günü”… Bu cür olaylar olmasaydı, Ocaqda mərasim keçirmək yalnız bir anlamda olardı – Ocağın mənasını açmaq və bu mənanı açarkən də bütün məsələlərin hamısını bir yerə yığmaq. Ata bu günlərin hər birini ayrı-ayrılıqda özəl olaraq mərasimləşdirdiyinə görə Ocaqçı ömründə, hesabatında, Ocaqçılığında çox önəmli bir fakt oldu. Ocaq mərasimlərinə gələndə şəxsən mənim içimdə ayrı bir əhval olur. Ayrı bir sorumluluq olur, sevinc olur, həyəcan olur. Mərasimin Ocaqçıya dediyi söz var, əhval var, həm də yön var. Bunlar tamamilə fərqlidir. Mərasim, bilirsən ki, Ocağın içidir, içi üçündür. Bəlkə də buna görədir o sorumluluq, o həyəcan. Biz Ailə Günü keçiririk, ora başqalarını da çağırırıq. Başqalarıyla bir yerdə olmaqla özüylə bir yerdə olmaq arasında fərq, elə bil ki, Ocaqçının ağlına çatır. Mərasimin elə bir özəlliyi var. Asif Ata Ocağı başlayanda bu mərasimlərin hamısı yox idi. Zaman-zaman yarandı. Asif Ata mərasimi üç-dörd adamla keçirirdi. O vaxta qədər ki, (illər keçdikcə) Ocağa axın başladı. O gələnlər Asif Atanı, necə deyərlər, ayrıca bir hala qaldırmırdı. Asif Atanın halı üç-beş adamla nə idisə, otuz-qırx adamla da həmin idi. Söz yox, sözü xalqa demək baxımdan, çatdırmaq baxımdan sayın rolu var. Ancaq Asif Atanın halına onun özgünlüyü yox idi. Niyə yox idi? – Asif Atanın Ocağında üç-beş adam var idi. O çağlarda ki, onda insanlar Ocağa, Asif Atanın yanına gəlməkdən çəkinirdilər. Çünkü Asif Ata təqib olunurdu. Asif Ata təqib olunanda üç-beş adam özündə bir az cəsarət tapırdı, gəlirdi. Ancaq çoxluq gəlmirdi. Elə ki basqılar üzdə aradan qalxdı, ondan sonra Asif Atanın Ocağına axın başladı. O axın, mən sizi əmin edirəm ki, cəsarətdən, anlamdan deyildi. Bir həvəs idi. On illər bizim ölkəmiz totalitar rejimin içində olub. Birdən-birə rejim, bəlli səbəbə, elə bil ki, sındırıldı və insanlar qorxu altından çıxdı. Ona görə meyil elədi. Ancaq elə ki, bir balaca ayrı-ayrı hallarda sıxma olurdu, azalma da olurdu. Bundan sonra da belə olacaq. Bu yaxınlarda bir neçə adamla söhbət eləmişəm. Biz çağırdıq, tədbirə gəlmədilər. Niyə gəlmədilər? Çünkü hakimiyyət orqanlarının adamları ayağını yerə döydü. Eşitdilər ki, bizi çağırıblar, cəsarət etmədilər. Bu, xalqın durumunu göstərir. Mən bir daha əmin oldum ki, Asif Ata niyə deyirdi – “Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq”. Niyə deyirdi – “İçəridən xalqı böyütmədən, onun səviyyəsini qaldırmadan, xalqı nəyəsə çağıra bilməyəcəyik. Nəyəsə nail ola bilməyəcəyik”. Azadlıq deyirik. Bunlar elə-belə əmələ gəlmir. Ona görə deyirdi ki, azadlıq fərdin içindən başlayır. Fərd azad olmayınca, nə eləyirsən elə, xalq əmələ gətirə bilməyəcəksən. İndi bu gün sizin də izlədiyiniz, mənim də gördüyüm səviyyə var. Bu səviyyə nədən oluşubdur? Hamı sosial şəbəkələrdədir. Sosial şəbəkə qəhrəman­lığı var, hünəri var. Elementar bir şey deyim. Bir neçə gün elan elədilər ki, sosial şəbəkələrdə artıq-əskik danışanlar, təhqir eləyənlər məsuliyyətə cəlb olunacaqlar. Mən gördüm ki, paylaşma­lar azaldı. Son vaxtlar mən də sosial şəbəkələrdə oluram, öz sözümlə qatılıram. Sabah qəti addım atılsa ki, bir də hakimiyyətin adını tutan araşdırılıb, məsuliyyətə cəlb olunacaq, görün necə qırağa çəkiləcəklər. Bu, ümumi kütlənin içində baş verən gedişdir. Çoxluğun içində hamı cəsarətli görünür. Ancaq cəsarət kütlənin içində olmur, tənhalarda olur. O cəsarət bütün hallarda başlanğıcda nədirsə, axıra qədər də odur. Biz onu yetiririk, yaradırıq. İnsanlar elə bilir ki, biz onlarla eyni yolu gedir, eyni şeyi danışırıq. Onlara demək gərək: sizlə bizim dağ-dərə qədər fərqimiz var. Bu fərqi sən anlamırsan, bilmirsən. Mən anlayıram. Sən bu fərqi bir halda görə bilərsən ki, bu fərqin görünməsini təşkil eləyən təhlükə olsun. Onda sən görəcəksən ki, fərq var. Ancaq elə ki, təhlükə yoxdur, hamı elə hamıdır onu nə sən görmürsən, nə başqası görmür. Ancaq mən yenə görürəm, məsələ bundadır. Ona görə Ocağın gördüyü iş, mərasimi bütün dünyada keçirilən tədbirlərdən fərqlidir. Doğrudan da, burada insan ən sorumlu sözü söyləməli olur. Ən sorumlu sözün arxasında durmalı olur. Bu olmayanda onda adamın içi böyümür, idrak böyümür. İdrak da böyümürsə, duyğular asanlıqda özünü göstərəcək, çətinlikdə yox olacaq. Cəsarət, sevgi duyğusu asanlıqda özünü göstərəcək, ancaq çətinlikdə yox olacaq. Vətən belə gəldi, filan belə gəldi. Hamısı həşirin içində var. Hamısı kütləvi xarakter daşıyır. Ona görə mən deyirəm ki, Ocağın işi, ləyaqəti, tədbiri tamam ayrı bir şeydir. Bunu hər an düşünmək gərəkdir, dərk eləməyə çalışmaq gərəkdir və özünün fərqini görmək gərəkdir.
Mən bu kağızda Ocaq əməlləri adlı bir siyahı yazmışam. Bunu sizə verəcəm. Ocaqçı daim Ocaq işiylə uğraşmalıdır, təkcə ona iş buyrulanda yox. Hər gün heç olmasa sənin ömrünün 2 saatı Ocağa ayrılmalıdır. Ya oxumalısan, ya düşünməlisən, ya iş görməlisən, ya xalqlaşmalısan, ya səfər etməlisən. Səfər məsələmiz gündəlikdən çıxmır. Dişlə-dırnaqla mən o səfəri həyata keçirməliyəm. Bölgələrə səfər məsələsi. Məni çağırdılar, dedilər ki, sən filan şeyi niyə təbliğ eləyibsən? Dedim yaxşı eləmişəm. Əsaslandırdım niyə eləmişəm. Bundan sonra yenə eləyəcəm. Yəni bu elə məsələdir ki, bizim taleyimizə çevrilib. Biz bilirik xalq nədir, xalqın qurulması nədir, gələcək nədir. Bizi üzdəki həşirlər aldatmır. Bizim ləyaqətimiz o həşirdən çox yüksəkdə durur. Biz bunu dərk eləməliyik. Bizə mərasimlər bunu deyir. Bizim ağlımızı, duyğularımızı mərasim­lər ayaqda saxlayır. Özümüzü özümüzə göstərir, Amalımızı özümüzə göstərir, gələcəyimizi, sorunlarımızı özümüzə göstərir. Mərasimin çox böyük rolu var, çox böyük ləyaqəti var. Ona görə də mən sizə daim özünü görmək, özünü anlamaq cəsarəti, ləyaqəti, hünəri arzulayıram. Bundan bir an da olsun, addımı geri qoymayın. Bundan ötrü mən nə düşünürəm? Asif Ata yazıb (“Ruhani Hökmlər” kitabında da var, “Sədaqət” kitabında da var) Səfər nə deyən şeydir. Yadınıza salın. Deyir, bölgədən-bölgəyə səfər, evdən-evə səfər, özünə səfər. Özünə səfər, yəni özüylə üz-üzə qalmaq, öyrənmək, tanımaq. Özünə səfər həm də amaldaşıyla ünsiyyətdir. Ocaqçının Ocaqçıya meyil etməsi, görüşməsidir. Ünsiyyətdə bir-birini yaxşı tanıyacaq, bir-birindən hünər götürəcəksən, enerji, döyüşkənlik ərdəmliyi götürəcəksən. Bir-birini kökləyə­cək­sən, yetirəcəksən. Bir-birində özünü görəcəksən.
Bir-biriylə ünsiyyət qurmayıb kimlə ünsiyyət quracaqsan? Mən bilirəm ki, Günevin orda bağrı yarılır. Ünsiyyət quracağı adamlar yoxdur. Burda da beş-üç Ocaqçı var. Bunlar bir-biriylə bağlantı qurmalıdır. Bu bağlantı, dediyim kimi, Ocağın qurulmasına qulluq göstərməlidir. “Ruhani Səfər Günü” mərasiminin özündə daşıdığı anlam budur. Ruhani Səfər hesabatımız olacaq. 38-ci ildə boş qalmamışıq. Çox sanballı, uğurlu işlər görmüşük. Bu işlər, ya bölgəyə səfər anlamında olsun, ya hansısa görüş keçirmək anlamında olsun, ya da ki, Ocağın içəridən qurulmağı anlamında olsun. Ocağın içəridən qurulmasıyla səfər tamamilə birlikdədir. Səfər eləyən içəridən təpərlənir. Ocaq işi görən, gördüyü işin anlamını xalqa çatdırmağa köklənir. Ona görə deyirəm, bunlar bir-biriylə çox sıx bağlıdır. İndi mən, səfər hesabatını dinləməzdən öncə, bunu istəyirəm sizə oxuyam. Günevgilə kağızı verə bilmirik. Onlar da eşitsin.

“Daim görülməli Ocaq əməlləri”:

  1. “Ata əlyazmalarının üzlənməsi”.
    Hamısı mənim evimdədir, bilirsiniz. Bunları biz vərəqlər şəklində üzləməliyik. Onu qorumalıyıq. Bilirsiniz ki, əlyazmaların əsas orijinalını dövlət arxivinə vermişik. Ancaq verməzdən öncə, sizin qatqınızla, onun hamısının bir-bir üzünü çıxartmışıq. Onları cildləyib öz evimizdə saxlamalıyıq. Cildlənməsə, itib-batır. Mən bilirəm ki, bu iş vaxt da tələb eləyir, xərc də.
  1. “Ocaq tədbirlərinin görüntü və yazılarının bir diskə toplanması”.
    Bunu mən oxuyandan sonra hər kəs özünə iş bölgüsü götürməlidir. Hər kəsin Ocaq işlərində qatqısı olmalıdır.
  1. “Atadan sonrakı dönəmdə audio, video kassetlərin yazılması, dövlət arxivinə verilməsi”.
    Mən diskə köçürməyi nəzərdə tuturam. Orda çox böyük tarix var, çox böyük arxiv var. Həm də özümüzdə qalsın, qalanını dövlət arxivinə verək.
  1. “İldə bir, ya iki dəfə tədbirlərin kitablaşdırılıb üzlənməsi”.
    Bunu da eləyirsiniz. Ən çox məsuliyyəti Nurtəkin daşıyır.
  1. “Tədbirlər keçirildikcə səsdən sözə çevrilməsi, yayımlanması”.
    Gördüyümüz işdir. Sadəcə olaraq mən iş planı kimi yazmışam.
  1. “Gərəkdikcə Ocağa disklərin alınması”.
  2. “Tədbirlərin görüntü, səs, yazı şəklində disklərə yazılıb qorunması”.
    Bunu da Nurtəkin həyata keçirir ən çox.
  1. “Gərəkən çıxışların kəsilib youtub-a qoyulması”.
    Çünkü bizi son vaxtlar izləməyə başlayıblar. Bu da xalqlaşmanın bir cəhətidir.
  1. “Çağaşırı saytlarımıza yazılar qoymaq. İşlək durumda saxlamaq”.
  2. “Saytların çağaşırı yayımlanıb, təbliğ olunması”.
    Gündəlikdə saxlayın bunu.
  1. “Ocaq səhifəsində (yəni feysbukda) yazıların yayımlanması”.
    Nurtəkin də eləyir, mən də eləyirəm.
  1. “Ocağın bireysəl, toplumçu (yəni kütləvi) görüşlərini çağaşırı təbliğ eləmək”.
  2. “Çap olunan özəl buraxılışların yayımlanması”.
    Mən bireysəl qaydada verirəm. Söhbətlərdə Özəl buraxılışları hədiyyə eləyin, yayın. Davam eləmək gərəkdir.
  1. “Yeni özəl buraxılışların çap olunub, yayımlanması”.
    Əlimizdə olanlar azalanda qonuları yazıb, hazırlayacam.
  1. “Günsıra vizitlərinin hazırlanması, yayılması”.
  2. “Ocaq kitablarını, imkan düşdükcə, çap eləmək”.
  3. “Jurnalın yeni saylarının buraxılmasını davam eləmək”.
    Ən azı bundan sonra 2-3 say buraxmalıyıq. Qoy arxivləşsin.
  1. “Tədbirlərin Gediş Yazılarını vaxtında yazıb Evladlara çatdırmaq, saytda yayımlamaq”.
    Gediş yazılarının qəbul olunmasını Atanın dönəmində olduğu qaydada həyata keçirməliyik. Onu əlyazı şəklində sunmalıyıq. Gediş Yazısını kim yazırsa, Ocaqçılara çatdırılmasını təmin eləməlidir. Vərəq şəklində də, hər birinizin evinizdə, onu arxivləşdirməyi davam eləyin.
  1. “Tədbirlərin təşkil olunması”.
    Onu yaxşı hazırlamaq gərəkdir. Daha çox mən ona diqqət ayırıram. Qutsal olaydır Ocaq. Qutsal olay üçün hər şeyi eləmək gərəkdir. Atanın çağında nələr varsa, heç biri diqqətdən yayınmasın.
  1. “Ailə Günlərinin yüksək səviyyədə keçirilməsi, ciddi Evlad hesabatı”.
  2. “Tədbirlərə çağırışlar etmək, yeni adamlar yönəltmək”.
  3. “Bayramlarda Ocaq hədiyyələrinin sunulmasını bərpa etmək”.
    Bir vaxtlar yaxşı gələnək idi. İndi hesab eləməyin ki, internet var. Ancaq yenə də kitabdır, diskdir, qoy evlərə getsin. Ən azı on nəfərə versən, onun üçü-beşi evlərdə qalacaq. Bu saxlanmalıdır, qorunmalıdır evlərdə. 20 il üstündən keçibdir, bir Güneyli gətirib bizə disk verir ki, mən saxlamışam. Yəni belə şeylər görürsən evlərdə qalır, bir də görürsən illər sonra ortaya çıxır. Hətta sabah biz çatdırıb ortaya çıxarda bilmədiyimiz şeyləri ortaya çıxaracaqlar. Biz çalışdıqca, Ocağı yaşatdıqca qıraqdan onun ayrı-ayrı elementlərinə, detallarına yiyə çıxanlar ortaya gəlir. Xalqda o gələnək tarix boyu həmişə olub.
  1. “Atanı oxuyub, öyrənmək. Bununla bağlı hesabat vermək”.
    Bu çox önəmlidir. Ocaqçı idrakının artması, böyüməsi gərəkdir. Daim dayanmadan idrak eşqi olmalıdır. Ocağı ümumi bilirsiniz. Ancaq ciddi təhlillər hələ yetkin deyil.
  1. “Gündə ricaları demək, özünü Amal üstə kökləmək”.
    Ricaları, məncə, demirsiniz. Mən deyirəm, Günev deyir, bir də son vaxtlar Güntay deyir. Ricaları demək gərəkdir. Rica çox mühümdür. Özünü kökləmək, ruhani tərbiyə üçün olduqca önəmlidir. Ata onu elə-belə fikirləşməyib.
    Namaz nə qədər bizim üçün qəbul olunmaz olsa da, müsəlmanları İslama bağlayan cəhətlərdən biridir. Kortəbii də olsa bağlayır. Bizi rica kortəbii bağlamır. Çünkü onun anlamı ağlımıza çatır.
  1. “”Qutsal Bitiqlərin Qəbul Törəni”ni davam etmək”.
    Nurtəkinə demişəm, çatışmayan kitablarını hazırla, evinə “Qutsal Bitiqlərin Qəbul Törəni”ni həyata keçir.
  1. “Ocaq səfərlərini həyata keçirməyi yetirmək”.
    Fərdi, kütləvi, necəsə yetirmək. İndi bizə oxuldan icazə vermirlər. Verməyəcəklər verməsinlər. Təkcə oxulda deyil Azərbaycan xalqı.
  1. “Bitiqlərə parçadan üzlüklər tikmək”.
  2. “Toy, yas törənlərinə qarışmaq üçün yollar axtarmaq”.
    Bunu Günev, burda olanda, yaxşı eləyir.
  1. “Katricləri doldurmaq, çap qurğularını hazır saxlamaq. Biz Atanın kitablarını, tədbirlərini daim çap eləməliyik”.
  2. “Yaranan şəkilləri, yazıları Ocağın arxiv odalarına qoymaq”.

Bunlar, mənim Ocaq əməlləri üçün təxmin etdiyim, əməl planıdır. Həmişə elədiklərimiz var burda. Bəziləri var, əməl olunmur. Onları bərpa eləmək gərək. Əsasən elədiklərimizi diqqətdə saxlamaq gərəkdir. Mənim yadımdan çıxan bir şey olarsa, kimin ağlına gəlsə, təşəbbüsü olsa, onları da bu adsıraya artırmaq olar, qoy hər kəsin əlində olsun.
Mən Səfər Günü ilə bağlı sözümün birinci hissəsini bununla bitirmək istəyirəm. İndi istəyirəm öncə Ocağın səfər hesabatını dinləyək, sonra hər biriniz sözünüzü deyin.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Atamızın Bayrağını öpürəm.

Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür T. A.): 38-ci ilin Səfər hesabatı. Bu ilimizdə səfərlərimiz də olub, bireysəl görüşlərimiz də. Çətinliklər hər zaman olub, olacaq da. Önəmlisi bizim Yola, Ocağa davam etməyimizdir. Yola davam etmək əməllər zənginliyidir.

  • Bu ilimizin Günəş Ayında “Ata Yolu” özəl buraxılışı çap olunub. Bu buraxılış Atanın və Ocaqçıların yazıları ilə hazırlanıb. Görüşlərimizdə sunulmaq üçün dəyərli bilgidir.
  • Çiçək Ayında Göylü Atalı Hacıqabul bölgəsinə səfər edib. 30-a yaxın oxul öyrəncilərilə görüşüb. Onlara milli-insani dəyərlərimizdən danışıb, Mütləqə İnam Dünyabaxışından soraq verib və görüşün sonunda Ocaq ədəbiyyatları paylayıb.
  • Çiçək Ayında mənim (Nurtəkin Atalının) təşkilatçılığıyla Bakıda liseydə Soylu Atalının görüşü keçirilib. 60-a qədər öyrənci və öyrətmənlərlə görüşdə Soylu Atalı İnsanlaşma, millətləşmə və vətənləşmə çağırıb. Görüşün sonunda gəncləri düşündürən çoxsaylı suallara cavab verildi və onlara, eləcə də öyrətmənlərə ayrı-ayrı Ocaq ədəbiyyatları bağışlandı.
  • İşıq Ayında mənimlə (Nurtəkin Atalı ilə) Soylu Atalının Sumqayıta səfərimiz olub. Oxullarda görüşə icazə verilmədikdə Soylu Atalının təşəbbüsü ilə, mənim, öyrənci çağımda oxuduğum və işlədiyim Sumqayıt institutuna getdik. Orda keçmiş öyrətmənlərimlə, qrup yoldaşlarımla görüşmüş, Ocaq haqqında bilikləri yeniləmiş, qarşıma çıxan öyrəncilərə Ocaq buraxılışı və kitabları bağışlamış və Ocaq sorağı vermişdim.
  • İşıq Ayında Günev Atalı Elana Atalı ilə Füzuli rayonunun Mahmudlu, Əhmədbəyli, Horadiz köylərinə iki günlük səfər edib. Onlar bu səfərdə ayrı-ayrı ünvanlara gedib, soydaşlarımızla söhbət aparıblar. Ocağın ideyalarını, istəklərini izhar edərək, onlara Ocaq ədəbiyyatı bağışlayıblar. Günev Atalı yaşadığı bölgədə adamlarla söhbətini daim Ocaq üstə qurur, Ata Amalından soraq verir.
  • İnam Evinin tikilməsi isə ayrıca bir Ocaq əməli və özündənkeçmədir. Hər zaman ilgi yaradacaq və cəlb edəcəkdir.
  • İşıq Ayında Soylu Atalı beş günlük Borçalıda olmuş, ayrı-ayrı soydaşlarımızla ünsiyyət qurub, söhbətlər aparmışdır. Eləcə də orta oxullarda olub, vətənsevərlik yönündə fikirlərini bölüşmüş, öyrətmənlərə Ocaq ədəbiyyatı bağışlamışdır.
  • İşıq Ayında Bakıdakı liseydə Dövlətçilik bayramı ilə bağlı Soylu Atalının çıxışı olub. Yenə də orda olan öyrəncilərə və öyrətmənlərə Ocaq ədəbiyyatı bağışlanmışdır.
  • Şölə Ayında Göylü Atalı Qobustan bölgəsinə səfər etmiş, oxullarda olmuş, 50-yə yaxın öyrətmənlərlə və öyrəncilərlə görüş keçirmiş, bir sıra Ocaq ədəbiyyatları vermişdir.
  • Od Ayında Üstün Qusar rayonuna səfər etmiş, Qusar aydınlarıyla görüşmüş, onlara Ocaq sorağı vermişdir. Qusar rayon Mərkəzi kitab evində, Tarix və Diyarşünaslıq muzeyində də Asif Ata Amalından, Onun yaşam nizamından danışmış, Ocağın özəl buraxılışlarından hədiyyə etmişdir.
  • Qürub Ayında Üstün öyrətmənlərlə Soylu Atalının görüşünü təşkil etmişdir. İnam Evində baş tutan bu görüşdə Ata Amalından danışılmış, Ocaq ədəbiyyatları bağışlan­mışdır.
  • Xəzan Ayında Soylu Atalı amaldaşı Göylü Atalının təşkilatçılığıyla oxulda 100-ə yaxın öyrənci və öyrətmənlərlə söhbətlər aparıb. Görüşün sonunda gənclərə və öyrətmənlərə Ocaq ədəbiyyatı bağışlayıb.
  • Bundan başqa mən Soylu Atalının ayrı-ayrı adamlarla görüşünü təşkil etmişəm. İnam Evində keçirilən bu görüşlərdə Mütləqə İnam Dünyabaxışının prinsipləri, quralları izah edilib, Ocaq ədəbiyyatları bağışlanmışdır.
  • Eyni zamanda İnam Evində Soylu Atalının çoxsaylı bireysəl görüşləri olub.

Qısa Ocaq əməlləri bu qədər.
Bir neçə ümumi söz deyim. Ümumiyyətlə, Ocağın hər bir mərasimi, özünün qonusuna görə, sorumluluq yükü gətirir. Mərasimdən öncə və sonra. Bu mərasim də eləcə. Mənim keçən ilə baxdıqda, bu il səfərlərim, görüşlərim daha çox olub. Ancaq Ocaqçılıq onu tələb eləyir ki, bu səfərlər ildən-ilə deyil, aydan-aya çoxalmalıdır. Bu tələbi özümün qarşımda duyuram. Bu tələblə özümə yanaşıram. Özümdən tələbim var ki, gələn ay görüşləri artırım, ən önəmlisi, Ocağa Evlad gətirmək istəyimi gerçəkləşdirim.
Bu gün həm də Soylu Atalının Ocağa gəlişinin 26 illiyidir. Ümumiyyətlə, həm mərasim haqqında düşünəndə, həm Soylu Atalının Ocağa gəlişinin 26 ilini düşünəndə, Ocağın bu günə qədər gəlişini düşünəndə görürsən ki, bunların hamısı bir-birinə çox bağlıdır. Soylunun ömrü, Ocağın ömrü bizim (mənim, Göylünün, Üstünün, Güntayın) böyüməyimiz, hamısı bir-birinə o qədər bağlıdır ki, doğrudan da, ayırmaq mümkün deyil. Yəni Ocağın bugünkü durumunda bunun olduqca böyük önəmi var, dəyəri var. Öncələr məni etkiləyə bilərdi ki, Ocaqçıların sayı azdır. Ancaq bu gün mən onu hiss eləmirəm.
Sözüm azdır, ancaq ürəyim çox doludur. Mən Ocaq tələbinə tam cavab verməsəm də, o sorumluluq içimə dolub və mən bilirəm ki, o sorumluluqdan doğan fərəh bir çox əməlləri gerçəkləşdirəcək.
Yadımdadır, illər öncə Göylü Atalıyla Bilik Cəmiyyətində Soylu Atalının görüşünü təşkil eləmişdik. Çox yerlərə getmişdik. Orda görüşə cəmi iki adamı gətirə bilmişdik. Ancaq orda Soylu çağlayırdı. Soylu üçün zal görünmürdü. Eləcə də, bu çağacan, nə qədər dolan zallarda görüşlərimiz olub. Yenə də o Soylunun halına, fərəhinə, eşqinə etki göstərməyib. Hər zaman çağırıb və yenə də çağırmaqdadır. Bu gün mənim halımı yeniləyən nədir? Mən hər zaman Soylu Atalıdan yeni soraqlar, fikirlər eşidirəm. Məni ciddi kökdə saxlayır. Eləcə də mən, təbii ki, başqa Ocaqçılardan da soraqlar alıram. Ancaq bu gün Ocaq Soylu Atalının varlığında, eləcə də mənim ömrümdə elə birikib, çox inanıram Ocağın gələcəyinə, çox nikbinəm, çox fərəhliyəm. Sadəcə bu fərəhimi bölüşürəm. Atamız Var olsun!

Günev Atalı: Sözümə Atanın adına səcdə ilə başlayıram, Bayrağımızı öpürəm (Ataya səcdə edir – T.A.).
Mən bəlli bir uzaqlıqdan danışıram. Düşünürəm ki, insanlar texniki tərəqqi ilə bu səviyyəyə yetiblər, öz insanlıqlarında da belə yüksək səviyyəyə yetəcəklər. Bunun üçün Asif Ata Ocağının önəmi böyük olacaq bütün bəşəriyyət üçün. Sizinlə təmas məni bu gün özəl olaraq fərəhləndirir. Çünkü mən fiziksəl olaraq qıraqdayam, ruhən həmişə Ocaqlayam. Sizinlə üz-üzə, göz-gözə təmas, səsimizin bir-birimizə çatması mənim üçün xüsusi bir əhval yaradır. (Günev və Elana Atalılar Rusiyada olduqları üçün Törənə skaypla qoşulublar – T. A.).
“Səfər Günü” ilə bağlı öz münasibətimi demək istəyirəm. Özüm haqqında bir az danışım. Bütün ömrüm səfərdir. Heç yerə getməyəndə, hətta məişət qayğıları görəndə belə, öz cismani sağlığımın dalınca gedəndə belə, özümü Amal üçün yaşatmaq istəyirəm. Bütün gördüyüm işlərin əsas hissəsi birbaşa Amala dayanır. Buna görə də çox qürur duyuram belə bir ömürlə. Biz səfərlərdə olanda bəzən deyirlər ki, siz həqiqət carçısısınız. Açıq görünür. Ancaq çox insanlar öz həqiqətlərini deyəndə sizin qədər səmimi, sevgili, yanğılı olmurlar. Həqiqəti bu qədər aşiqanə demək sizə qarşı maraq oyadır. Mən deyirəm ki, həqiqətlə iç-içə olmaq, həqiqətə yetmək insanı belə aşiqə çevirir, alova çevirir. Hətta savadı olmayan belə, mütaliəsi az olan belə, o ahəngi verə bilir.
Gəlmişik Rusiyaya. Burda olayları mətbuat, televiziya deyir. Səsləndirilir ki, dünya artıq  dəyişməlidir. Bir neçə il bundan qabaq Rusiyanın mədəniyyət naziri də bu sözü demişdi: “mövcud təlimlər insanları qane eləmir”. Dünyabaxış dəyişməlidir. Burda televiziyanı izləyirəm. Deyirlər ki, dünya necədirsə, Avropa odur. Bu baxımdan mən də yörəmdə olanlara çatdırıram ki, insan insanlığını bütünlüklə unudub. İnsan ancaq qamarlamaq, başqa-başqa istəklərini ödəmək üçün çalışır.
Həmişə dəyişikliyi qıraqdan gözləyirik. Özündən başlamamaqdan dolayı irəli gəlir dünyanın belə pozulması. Dünyada ruhsal hal, müqəddəslik qıtlığı yaranıbdır. İnsan kimdir, yeri, mövqeyi nədir dünyada? Dünya nədir onun üçün? Bax, insan bunu özünə bəlli etmədiyindən tamamilə yolunu azıb. Buna da münasibətimizi bildirəndə, qıraqdan Asif Ata Ocağına heyrətamiz baxış duyuruq.
Səfər nədir? – Birinci növbədə insan qurulur. Necə qurulur? – Səfər təkcə hansısa kəndə getməklə olmur. Qurulmaq – bir yerdə oturursan, düşünürsən. Böyük məsələlərin anlamına girirsən. Bəşərin anlamına səfər eləyirsən, dərinliklərə düşürsən. Həmin dərinliyi ifadə eləmək halı yaşayırsan. Bunu da başqasına deyirsən. Aqibət qurulur. Amal – içində köklü ağac kimi bitir və boy verir. Bu boy sənin boyun olur.
Mənim səfərsiz anım olmur. Mənim yuxum da Amal, Ocaq üstə köklənir. Yatanda yuxumda belə mən hardasa deyirəm, haraylayıram. Əgər olanaq vermirlərsə, içimdə o tilsimi sındırmaq gücü bitib əməlli-başlı. Növbəti məqam gələndə mənim üçün artıq o əngəl yoxdur.
Bu baxımdan tarixdə heç bir dünyabaxışa bənzəməyən mühitmiz var. Mən ömrümün bir anını belə Ocaqsız təsəvvür eləmirəm.
Elanadan da danışım. Elana günü-gündən, özü də duymadan, artır. Bəzən deyir, mənim əməlim yoxdur, formal Ocaqçıyam. Bax, bu rahatsızlığının özü onu tərpədir. Görürəm ki, öncəki Elana deyil. Bu da mənim üçün fərəhli bir məsələdir.
Yurdumuz, ulusumuz görür, bir kişinin ideyalarının arxasında barmaq sayda adamların necə ürəklə, yanğıyla, sevgiylə durmasını, yaşamasını. Yaşamımız – Atanın ideyalarının, Yolunun təsdiqlənməsidir.
Sözümü bitirirəm. Atamız Var olsun!

Göylü Atalı (Ataya səcdə edib, Bayrağı öpür T. A.): İçimdə Ata qarşısında suçluluq duyğusu var. Fizki rahatsızlıqdan dolayı Ocaqdan ayrı olma sorunlarım var. Bəlkə də anlamaq olar, ancaq qəbul eləmək mümkün deyil. Mən özümün yaratdığım sorunları çözməliyəm. Bunu eləmək zorundayam. Ancaq hara getsəm də, nə eləsəm də, bütün hallarda Ocaq mənim içimdədir, mənimlədir. Harda olsam, mən Ocaqçıyam.
Atamız Var olsun!

Soylu Atalı: Ocaq səni qıraqda daha çox yükləyəcək.

Üstün Atalı (Ataya səcdə edib Bayrağı öpür T. A.): Hər birimizin “Ruhsal Səfər Günü” qutlu olsun. Qardaşımızın sözünə tam olaraq qatılıram ki, İnam Evinə gələndə, mühitə girəndə mərasim əhval yaradır mənim içimdə. Bu, məni yaxşı kökləyir.
Qonumuz var ki, Ruhsal aqibət ruhani səfərlərlə qurulur. Riyaziyyatda belə bir şey var – isbatsız aksiom. Bunu isbat eləməyə ehtiyac yoxdur. Əgər aqibətinin qurulmasını istəyirsənsə, mütləq səfər olmalıdır. Bunu hər birimiz bilirik. Çünkü ən yaxşı təcrübəni, əhvalı, ən gözəl duyğuları, həyəcanı səfərdə yaşamaq, qazanmaq olur.
Evdən çıxmasan, onu yaşamaq mümkün deyil.
Soylu qardaşımızın 26 ili oldu. Mən düşünürəm ki, Soylunun hər bir ili bir neçə ilə bərabərdir. Onun  hər günü, anı ruhani mənada sanballı olur. Qardaşıma bu sanballa Ocağı yaşatmaq ömrü diləyirəm. Nə yaxşı ki varsan, nə yaxşı Ata nəfəsini insanlara çatdırırsan. Atamız Var olsun!

Soylu Atalı: Var ol.
Ocaqçının sözü olmayanda demir, olanda deyir. Ancaq sözü olmağa çalışmaq gərəkdir. Ona görə həm sözü olmağa çalışmaq gərəkdir, həm də arada özünü ifadə eləmək gərəkdir. Özünü ifadə olmayanda adamın içində fərəhin soğulması da olur.

Ulusəs Atalı (Ataya səcdə edib Bayrağı öpür T. A.): Bayaq Səfər Günü ilə bağlı 6 il bundan qabaq yazdığım yazını oxuyurdum. İnsan qatılmayanda, söz deməyəndə, elə bil ki, aralanır, özünü yad hesab eləyir. Ancaq sanballı söz demək üçün öz üzərində işləmək gərəkdir. Söz demək üçün sözün yiyəsi olmalısan. Günev qardaşımızın uzaqda olması özü də bir səfərdir. Harda olsa, insan kimisə tapır, ünsiyyət qurur.
Soylu Atalının 26 ili. 20-ci ilində Soylu haqqında yazdığım düşüncələrimi oxuyuram. Soylu haqqında “Xural” qəzetində çıxan yazım da bunu mənim yadıma saldı. Soyluya qiymət vermək üçün gərək yüksək idrakın olsun. Qiymət vermk özü də səviyyədir.
Soylu Atalı günü-gündən artır. Əsil qiyməti verə bilmərəm Soylu Atalının Ocaq aparıcılığına, Evladlığına, Ataçılığına, Mütləqçiliyinə. O səviyyədə qiymət verə bilməsəm də, hər halda gözümün qabağındadır bunların hamısı. Soylu bizə deyir ki, heç olmasa 2 saat məşğul olaq Ocaqla. Özü isə günün 22 saatını eləyir. Günevin dediyi olmasın, yuxusunda da Ocaqla təmasda olur.
Mən bir məqamı yadıma salmaq istəyirəm. Üstün deyir ki, səfərdə insan özünü tanıyır, fərəhlənir. Bir məqam yadıma düşdü. Tək-tək insanlarla söhbətlər aparmışam. Özümdən razı qalan səviyyədə aparmışam. Bir də görürsən sənə elə fərəh gəlir, sözünü gözəl səviyyədə çatdıra bilirsən. Bu, az hallarda olur. Ən çox orta səviyyədə olur. Bir dəfə Tovuz rayon Kitab Evinə getmişdik. Onda Nəsibə bacımın çalışmaları yaxşı idi. O, bütün işçiləri yığdı kitabxanaya, məni sundu – bu adam Ocaqçıdır. Mən heç bilmirdim nə danışacam. İndi yadıma düşür. Deyirəm bu niyə bir dəfə olub? Üstünün dediyi kimi, bu çox olmalıdır. Doğrudan da, fərələnirsən ki, sən Ocağı dedin, izah elədin. Özünü təsdiq elədin. Bundan geri qalmaq, bunu davam eləməmək yolverilməzdir.

Nurtəkin Atalı: Olub ki, Ata Sonevini ziyarət mərasimindən qabaq Nəsibə xanımla, sənlə Qazağa getmişik, Tovuza getmişik. Bunlar yaxşı səfərlər idi. Yəni ayrı-ayrı vaxtlarda olub.

Ulusəs Atalı: Orada mən nəinki insanların, öz halımı dəyişmişəm. Ancaq təəssüflər ki, az bir hal kimi. Bir daha hamını qutlayıram Səfər Günü münasibətilə. Atamız Var olsun!

Soylu Atalı: Var ol. Mən düşünürəm ki, dünya nə qədər əyri görünsə də, cəmiyyət əyri görünsə də, cəmiyyət bizim üçün üz tutacaq səfər mühiti kimi görünməsə də, bilmək gərək ki, o bizim üçün səfər ünvanıdır. Ona görə düşünürəm ki, hər biriniz ayrı-ayrı vaxtlarda iki adamla, beş adamla görüşüb ciddi söhbət eləyə bilərsiniz. Çantana buraxılış qoy, onu ver və söhbət eləməyə səbəb tap. Beş-üç kəlmə söz de: Görürsünüzmü dünya necədir, yaşam necə pis hala gətirilib? Bunu deyib, giriş eləmək olar. Çox demirəm 7 dəqiqə, 10 dəqiqə söhbət elə. Hökm deyil, sən orda saat yarım danışasan. Gözün tutan adama buraxılış verəndə de ki, Azərbaycanda Asif Ata Ocağı var. Biz çalışırıq, zamanın bizim qarşımıza çıxardığı çətinlikləri dərk eləyirik və insanlarımıza çağırış edirik. Bunu səbəb tapıb söhbət eləyə bilərsən. Görəcəksən ki, sən iş görürsən. Bu hər kəsə özgündür. Bu olur səfər. İlgilənən ilgilənəcək. İlgilənməyən özü bilər. Ən azı soraq aparar. İlgilənən, bir də görərsən, sual verər.
Bunlar səfər məsələsi üçün çox önəmlidir. Hər yerdə bunu eləmək mümkündür. Mən eləyirəm.

Elana Atalı (Ataya səcdə edir N.A.): Ocaqçı bacı-qardaşlarımı görmək mənim üçün çox fərəhli oldu. Çox sevinirəm. Hər kəsin ürəyində Ata Günəşi olsun. Ata Günəşi olmalıdır hər kəsin ürəyində. Soz deməkdə çətinlik çəksəm də, ürəyim doludur. Bu rahatsız dünyada ürəyi dolu olmamaq mümkün deyil. Ancaq fikrimi deməyə çətinliyim var. Ancaq bu boyda dünyanın dərdini yaşayan Ocaqçı bacı-qardaşlarımı görmək, onları başa düşmək fərəhlidir. Yəqin mənim özümdə yaxşı hal var ki, onları başa düşürəm.
Soylu qardaşımı, əzizimi 26 illiyi münasibətiylə qutlayıram. Var olsun.

Soylu Atalı: Mərasimimizə sonlandırcıı söz demək istəyirəm. Doğrudan da, Atanın dönəmində olduğu kimi, Ocağın çox gözəl bir ləyaqəti var. O ləyaqət nədə özünü göstərir? Nə qədər ki, Ata sağ idi, Atanın sağlığında olan Ocaqçılar ölçü kimi Atanı götürürdülər, özlərini yığışdırırdılar. Bir az sözünün yerini bilirdi, bir az münasibətinin yerini bilirdi. Ancaq Ata olmayandan sonra bu ölçü, sanki, bir ara itdi. Ocaqçıların bir-birinə münasibəti də nizamını itirdi, Ocağa münasibəti də nizamını itirdi. Çox şeylər özünü itirdi. Ancaq zaman-zaman biz, özümüzün üzərimizdə işləməklə, ləyaqətimizi yaratmağımızla həmin o ilkinliyi bərpa elədik. Bu gün yenə o ilkinlik özünü göstərir. Yenə biz Atanın çevrəsindəyik. Ocağa münasibətimizin qədrini bilirik. Yüksək səviyyədə o münasibəti tuturuq. Ocaqçıların bir-birinə münasibəti yenə o uca səviyyədə özünü göstərir. Ocaqçıların bir-birini anlaması. O çağlarda Atanın sağlığında Ocaqçıların bir az idrak kasadlığı da vardı. Ocaqçılardan biri bir addım atanda başqasının gözündə səhv görünürdüsə, o saat üstünə cumurdu.  O saat özünü ağıllı göstərirdi, ağıl nümayiş etdirirdi. Belə şeylər zaman-zaman bizim münasibətimizdən və mühitimizdən çıxıb getdi. Bu nəyə görə baş verdi? – İlkinlik var içimizdə. Atanın sağlığında içimizdə oturuşmuş ilkinlik var, onun etkisi var. O bu gün içimizdə həm ağlımızla, düşüncəmizlə böyüyüb artıb, həm də Ocağın bir tələbi olaraq bizim ləyaqətimizdə yaşayır. Ona görə Ocağın hər bir tədbirində bu hallar genişlənir. Hallar daha gözəl özünü göstərir. Bunu hər bir fərdin özünə xatırlatması gərəkdir. Bir var elə-belə, biz bu halları yaşayırıq, bəzən yaşadığımızın fərqinə varmırıq. Onu sözlə ifadə edəndə fərqinə varmış olursan. Dilə gətirmək gərəkdir. Dilə gətriməkdən də çəkinmək gərək deyil. Mən Ocağımızın “Ruhani Səfər Günü”ndə bir daha toparlanacağına əminəm. Bir daha eşqlə, sevgiylə qabağa getməsinə əminəm. Hər bir Ocaqçının Ocaq işində bu və başqa şəkildə özünün qarşısında tələb qoyacağına əminəm. Eyni zamanda bir-birinin qarşısında o tələbi görmələrinə, göstərmələrinə əminəm. Bir-birindən ruhsal ummaq gərəkdir. Umacaq gərəkdir. Bir-birindən ummaqdan inciməmək gərəkdir, küsməmək gərəkdir. Bir-birini sıxışdırmamaq, ancaq bir-birindən ummaq gərəkdir. Bu, Ocağın ləyaqətidir. Söz deyərəm, birdən bunun xətrinə dəyər. Dəyməsin xətrinə. O söz ki, sənə başqa məqsədlə deyilmir, o söz səni incitmək üçün deyilmir, rahasızlıqdan, sevgidən deyilir, onu qəbul eləmək gərəkdir. Onda münasibət göylərə qalxacaq. Onda doğmalıq öz ruhsal anlamına gəlib yetəcək, təsdiq olunacaq. Bunun da Ocaqçılar arasında yaşamasını, yaşadılaraq gəlişməsini istəyirəm.
Ocağımızın bütün işləri Ocağın qurulmasına qulluq edir. Səfər – Ocağın xalqlaşmasını yaradır. Xalqlaşma olmadan Ocaqçı boyunun görünməsi çətindir. Biz xalqlaşdıqca çətinlikləri aşırıq, fərəhlərə yetirik. Fərəh dediyimiz böyük kəlmə, böyük söz heç vaxt çətinlik olmadan bizi tapmır, daha doğrusu, biz ona yetmirik. Çünkü onunla bizim aramızda əngəllər var. O əngəlləri biz aşmalıyıq, aşdıqca fərəhə yetəcəyik. Bunu indiki çağda, indiki çətin zamanda özəllikcə özünə demək gərəkdir. Dolanışıq çətindir, düşüncələr yoxdur, insanlararası münasibətlər boşluğa düşüb. İnsanların bir-birinə sayğısı az qala yoxa çıxır, duyğular korşalır. Hamı əsəb xəstəliyinə tutulub. Hamı gərgin yaşayır. Hamı həssas yaşayır. Belə durumda yaşayırıq. İnsanlığın böyük sorunlar qarşısına gətirildiyinin fərqinə varmalıyıq. Biz özümüz bundan ayrılmalıyıq, bundan qorunmalıyıq. Bunlardan biri olmağa, çaşıb, meydan verməməliyik, olanaq verməmliyik. Ləyaqət ondan ötrüdür ki, özünü qoruyasan və cəmiyyətin durumunu dərk edəsən. Hər an üzləşdikcə cəmiyyətin durumunu anlamağa çalışmalısan. İnsanlığın problemi olaraq anlamağa çalışmalısan. İnsanlığın problemlərini kim həll edəcək? Asif Ata deyir, suç da insanda, qurtuluş da insanda. Suçu daşıyan insan qurtuluşunu bilmir, Ocaq ondan ötrüdür ki, bilsin. Öncə Ocaq özü bilir O, qurtuluşdur. Öncə Ocaq özü bilir O, suçdan ayrılan bir ortamdır. Ondan sonra o, dünyaya, topluma etki göstərə bilir. Bu, olduqca önəmlidir. Bunu hər gün düşünmək gərəkdir. Bunu da hər gün düşünmək üçün, ağlında saxlamaq üçün, ömründə yaşatmaq üçün Ricaları demək gərəkdir. Ricaları dedikcə, bunlar sənin ağlına oturacaq. Ricaları dedikcə bunlar sənin ləyaqətini böyüdəcək. Çünkü ləyaqət sorun qarşısındadır. O, sorunu ötməli, sorunu çözməlidir. Sorunu ötmək istəyənin, çözmək istəyənin ləyaqəti böyüyər. Sorunla üz-üzə gəlməyən ləyaqət sakitdir, etkisizdir. Onun varlığı-yoxluğu bilinmir. Buna görə də mənim Ocqçılardan istəyim odur ki, Atanın Ocaqçı qarşısında qoyduğu təyinləri həmişə özünə deyə bilsin. Rica deyəndə bir az da bununla bağlı düşün, gözünün qabağından keçir. Gündə 2 saat özünə vaxt ayır, qoy onun 15 dəqiqəsi bu olsun. Gözünün qabağından lent kimi keçir bu məsələləri. Bu, bizim üçün olçüdür, yaşam nizamıdır. Mübarizə ölçüsüdür. Bu nizamla yaşayanda, əminəm ki, bizim gücümüz artacaqdır. Bizim mübarizə eşqimiz də böyüyəcəkdir. Biz dəyişmək üçün yaşayırıq. Biz öz ömrümüzdən başlayan böyük bir dəyişiklik gətirmək istəyirik cəmiyyətə və dünyaya.  Buna köklənmək gərəkdir. Hər dəfə bir-birinizlə canlı görüşün, telefon bağlantısı qurun. Məişət görüşünə getməyin, qohumluq görüşünə getməyin, amaldaşlıq görüşünə gedin. Amaldaşlıq qayğılarınızı bölüşün. Onda arxalı, dayaqlı, ürəkli olacaqsan, cəsarətli, mübariz olacaqsan, ruhlu olacaqsan və Atalı olacaqsan.
Hər birimiz Atanı ömrümüzdə daşıyırıq. Atayla ünsiyyət bir-birimizlə ünsiyyət anlamı daşıyır. Bir-birinlə görüşməsən, doğmalaşmasan, böyüməsən Atayla ünsiyyətdən təcrid olacaq­san. Hərəmiz bir qədər Atanı özümüzdə daşıyırıq, yaşadırıq. Hərəmiz bir qədər içimizdə Atalıyıq. Ona görə də bir-biriylə ünsiyyət bəhrələnmə etkisi yaradır. Bunu da “Ruhsal Səfər Günü”nün son sözü olaraq bildirmək istəyirəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

Evladlıq Nişanələrini Yol sözü ilə Ocaq Yükümlüsü Ocaqçılara sundu.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Törən sona yetdi.

 Sərt Ayı, 38-ci il. Atakənd.
(dekabr, 2016. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir